Blog

  • Moskvada Müslüm Maqomayevə həsr olunmuş təntənəli gecə təşkil edilib

    Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

    Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər. Onlar Azərbaycan xalqının görkəmli övladı Müslüm Maqomayevə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, onun dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş edən nəhəng şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.

    Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb.

    Mənbə: https://azertag.az/

  • “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi keçiriləcək

    Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunur.

    Şirkətlər qrupundan AZƏRTAC-a bildirilib ki, sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70 faizi “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara çatacaq.

    Sərgi çərçivəsində 3 nominasiyada müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və “YAŞAT” Fondunun imzası olan diplomlar təqdim olunacaq.

    Əsərlərin mövzusu sərbəstdir. Təqdim olunan əsərlər tanınmış rəssam heyəti tərəfindən qiymətləndiriləcək.

    Qiymətləndirməyə təqdim etmək istədiyiniz əsərin fotosunu qayidisdesteksergisi@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.

    Sərgi Müasir İncəsənət Mərkəzində 2021-ci il 5-11 noyabr tarixlərində keçiriləcək.

    Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.

    Mənbə: https://azertag.az/

  • Rəşad Mehdiyev Füzuli şəhərinin mərkəzində yaradılacaq “44” monumenti haqqında danışıb

    İşğaldan azad edilmiş Füzuli şəhərində ucaldılacaq Zəfər abidəsi azadlıq uğrunda 44 günlük Vətən müharibəsinin rəmzi olacaq.

    Möhtəşəm sütunlar üzərində yaradılacaq bu monumental kompozisiya 44 günlük Vətən müharibəsinin rəmzi olacaq və Füzulinin azad edilməsi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə həsr ediləcək.

    Əsərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyev AZƏRTAC-a müsahibəsində bu kompozisiyasının yaradılması ideyası və onun xüsusiyyətləri barədə söhbət açıb.

    “Monument üç hissədən – podium, lövhə və sütunlardan ibarətdir. “44” simvolu 44 sütundan ibarət olacaq. Bu sütunların hər biri müharibənin bir günündə Azərbaycan Ordusunun qazandığı qələbələrin rəmzi olacaq.

    Memorial lövhədə Füzulinin azad edilməsi uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş döyüşçülərin adları lazer üsulu ilə yazılacaq. Kompozisiyanın hər bir elementində tətbiq ediləcək texnoloji yeniliklər bu monumentin ideyasını daha da gücləndirəcək”, – deyən Rəşad Mehdiyev bildirib ki, monumentin betondan hazırlanacaq sütunları Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələbəsinin fundamentallığının rəmzi olacaq.

    R.Mehdiyev vurğulayıb: “Mən əlimdən gələni edəcəyəm ki, yaradacağım bu monument rəşadətli əsgər və zabitlərimizin xatirəsini əbədiləşdirsin, Ali Baş Komandan, qələbələrimizin ilhamvericisi İlham Əliyev başda olmaqla Azərbaycanın tarixi qələbəsinin təcəssümü olsun. Mənim əsərimi yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdaram və gələcək nəsillər üçün tarixi informasiya daşıyan layiqli iş yaratmağı vəd edirəm”.

    Mənbə: https://azertag.az/

  • Zəfər gününə həsr olunmuş konsert təqdim ediləcək

    Noyabrın 3-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Zəfər günün mübarək” adlı konsert təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər Validə Cəfərova), Respublika və Beynəlxalq müsabiqələrin qalibləri, həmçinin prezident təqaüdçüləri çıxış edəcəklər. Repertuarda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

    Konsert Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə keçiriləcək.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Çexiyada konsert

    Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, ölkənin mədəniyyət abidəsi sayılan Luçerna Sarayında baş tutan tədbirdə, Çexiya Xarici İşlər Nazirliyi və parlamentin nümayəndələri, bir sıra xarici ölkələrin Çexiyada akkreditə olunmuş səfirləri və diplomatları, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi böyük siyasi və iqtisadi uğurlardan bəhs edib. Eyni zamanda, A.Məmmədov regionda lider ölkəyə çevrilən Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rolu diqqətə çatdıraraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti barədə danışıb.

    Azərbaycanda formalaşmış multikultural dəyərlərdən söz açan səfir, ölkəmizin özünün tolerantlıq modelini, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdırıb.

    Həmçinin bildirilib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni salnaməsini yazmış Rəşadətli Ordumuzun sayəsində Azərbaycan xalqı, 30 ildən sonra bu bayramı tam fərqli şəkildə – ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

    Konsertdə Plzen Konservatoriyasında təhsil alan, bir sıra musiqi müsabiqələrinin qalibi, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli və çex pianoçu Roman Fedçukun ifasında Azərbaycan, Çexiya və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən nümunələr səslənib.

    Pərvanə Qarayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Praqa

    Mənbə: https://azertag.az/

  • Gənc vokalçılar üçün ustad dərsi

    Noyabrın 2-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilk dəfə gənc vokalçılar üçün ustad dərsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, dərsi Xalq artisti, Manhaym Dövlət Opera Teatrının aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə aparacaq.

    Mənbə: https://azertag.az/

  • “Big Idea Challenge” müsabiqəsinin qalibləri ilə görüş

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində hər il nazirliyin dəstəyi ilə keçirilən “Big Idea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.

    Əvvəlcə qonaqları salamlayan Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəfəqiyyətlə keçərək qalib olanları təbrik edib. Nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb və bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd edib. Aparat rəhbəri həmçinin Mədəniyyət Nazirliyi və Britaniya Şurası arasında olan münasibətlərə də toxunaraq bu qurumların mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirdikləri birgə layihələri yüksək qiymətləndirib.

    Britaniya Şurasının nümayəndəsi Nigar Baimova da öz növbəsində Mədəniyyət Nazirliyinin “Big Idea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

    Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevə də yer alıb.

    Sonda qaliblərə xüsusi hədiyyələr təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı müasir incəsənətə həsr ediləcək

    “YARAT Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı təşkil olunacaq.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 25-də reallaşacaq debatın moderatoru Fərid Abdullayev, rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov və Faiq Əhməd ilə Azərbaycanda müasir incəsənətin 2011-2021-ci illərdə inkişafını müzakirə edəcəklər.

    Qeyd edək ki, sessiyanın növbəti debatlarında xarici ekspertlərin də çox maraqlı müzakirələri gözlənilir.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan filmi Polşada beynəlxalq “EnergaCAMERIMAGE” festivalında

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

    C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival noyabrın 13-dən 20-dək Polşanın Torun şəhərində keçiriləcək.

    “EnergaCAMERIMAGE” Sənədli Qısametrajlılar kateqoriyasında Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “ACADEMY AWARD” kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”də müvafiq bölmədə Qızıl Qurbağa mükafatçıları, akademiya qaydalarına uyğun olması şərti ilə, illik Akademiya Mükafatlarında nəzərdən keçiriləcək.

    Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

    Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

    “Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda, Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.

    Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

    Mənbə: https://azertag.az/

  • Arzu ÇİNGİZQIZI.”Şəhid ömrü-örnək həyat”

                               Şəhid ömrü – örnək həyat

                Şəhidlik ən ali məqamdır. Şəhid bilərəkdən, şüurlu şəkildə özünü millətinə və vətəninə qurban edən şəxsdir. Qürur duyuruq ki, bizim də ölkəmizdə özünü vətənə qurban edən və hər an qurban olmağa hazır olan oğullar var. Şuşa, eləcə də 30 ilə yaxındır, erməni işğalı altında olan torpaqlarımız məhz bu oğulların sayəsində öz azadlığına qovuşdu.

              Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə və eləcə də yeniyetmələrə və şagirdlərimizə  bir  örnəkdir. Onların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin, xüsusən də biz müəllimlərin vətəndaşlıq borcudur. Dövlətimizin gələcək  taleyini müəyyən edən bu günki uşaqlarda vətənpərvərlik hislərinin tərbiyəsi vacib və önəmlidir.  Əlbəttə vətənpərvərlik hissi, azərbaycançılıq ideyası ilk öncə ailədən başlamalıdır. Biz müəlimlərin başlıca vəzifəsi şagirdlərdə vətənpərvərlik hislərini doğru tərəfə yönəltmək və  daha da möhkəmləndirməkdir.  Çünki  vətənpərvərlik hissi olmayan insan nəinki vətənə, hətta öz ailəsinə belə heç bir halda faydalı ola bilməz. Hələ qədim zamanlardan yazıçıların, şairlərin əsərlərindən süzülüb gələn dövlətçilik ənənələrini, vətənpərvərlik hissini uşaqlara aşılamaq  özü qürurvericidir.  Salyan rayonunda doğulub-böyüyən və hazırda ölkəmizin ünlü şairlərindən olan Namiq Hacıheydərli  “Gərək” adlı şeirində yazır:

                      İnsan ömrü qasırğada, tufanlarda keçsin gərək,

                      Hər vətəndaş bu dünyadan şəhid kimi köçsün gərək.

          Şair bu misraları ilə şəhidliyin təkcə səngərdə olmadığını deyir və hər bir insanın bu dünyadan şəhid ucalığı ilə köçə biləcəyini aşılayır. Bundan ötrü hər kəs öz sahəsində vətəninə və millətinə ləyaqətlə xidmət etməlidir. Ömrünü halallıqla, yurdunun yüksəlişi uğrunda durmadan çalışmaqla başa vurmalıdır. Bu halda hər vətəndaş dünyadan şəhid kimi müqəddəs olaraq köç etmək şansı qazanır. Bu baxımdan bizim üçün ən yaxşı örnək vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımızın həyat yoludur.

         Bu hisləri şagirlərə ötürə bilmək üçün gərək müəllim özü də vətənpərvərlik duyğularına malik olsun. Məktəbdə keçirilən bütün fənlər elmi biliklər verməklə yanaşı həm də şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq mənim üzərimə də böyük bir vəzifə düşdüyünü yaxşı anlayıram.  Şagirdlərə ədəbiyyatda  ulu keçmişimizi əks etdirən əsərləri, yaxud, Azərbaycan dili fənnindən dil qaydalarını başa salmaqla yanaşı həm də vətən,vətəndaşlıq anlayışları haqqında məlumat verirəm. Bu gün məktəbimizdə hər bir sinfə ayrı-ayrı  şəhidlərimizin adı verilib.  İndi şagirdlərimiz çox böyük qürur hissi ilə şəhidlərimizin adına layiq olmağa çalışırlar. Bu gün onların əksəriyyəti hərbçi olmaq, əsgər olmaq arzusu ilə yaşayır. Onlar çox xoşbəxtdir, çünki bu günki şagirdlər  müasir şanlı tarixin yalnız oxucusu deyil, həm də şahidləri və gərək olarsa, arxa cəbhənin kiçik qəhrəmanlarıdır.  Məktəbdə keçirilən tədbirlərdə onların hər biri şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında  şeir demək üçün can atırlar. Bəziləri hətta bu hissi qələmə alıb, özləri də  şeirlər  yazır. “Müəllim, mən şəhidlər haqqında şeir yazmışam, deyim?”, “Müəllim, mən şəhidlər haqqında inşa yazmışam, oxuyum?”- kimi şagirdlər tərəfindən bizə ünvanlanan suallarla tez-tez rastlaşırıq.  Hətta bəziləri şeiri deyərkən göz yaşlarına belə hakim ola bilmir. Bütün bunların şahidi olmaq, şagirdləri vətəninə, millətinə, şəhidlərimizə sevgi ruhunda böyüdüyünü görmək bizim üçün  izaholunmaz dərəcədə gözəl bir hissdir.

          Nə mutlu belə oğulları olan yurda!

          Nə mutlu belə oğulları böyüdən valideynə və tərbiyə edən müəllimə!

                                                               Arzu Çingizqızı

                                                     Salyan rayonu Pambıqkənd orta məktəbinin  

                                                     Ana dili və ədəbiyyat müəllimi

  • Aynur QAFARLI.Yeni şeirlər (2021) II hissə

    İstəmirəm bu yuxudan oyanım

    Üzülübdür, nə əl qalıb, nə ətək,

    Necə dözsün qarlı qışa bir çiçək.

    Çıxıb getdin, məni qoydun tənha, tək,

    Həsrətinə indi necə dayanım?!

    Sənli günlər bir-birindən boyatda,

    Unudulmaz, o yaddadır, bu yadda.

    Səndən özgə kimim var ki, həyatda,

    Bilirsənmi, təkcə sənsən həyanım?!

    Gözlərimi bənzədərdin ülkərə,

    İnanmırsan, yaddaşını silkələ.

    Heç ürəyin sızlamırmı bir kərə?

    Məni məndən gözəl bilib duyanım.

    Qoy uyusun xatirələr, ayıltma,

    Məni bir də nəfəsində bayıltma.

    Daha gecdir, istəmirəm, qayıtma,

    Məni qoyub başqasına uyanım.

    Sanırdım ki, hər günümüz özəldir,

    Baxdım, gördüm payız gəlib, xəzəldir.

    Eşqin elə yuxu kimi gözəldir,

    İstəmirəm, bu yuxudan oyanım.

    *Ayrılığın sobasında yanmışam*

    Qaralmışam, seçilmirəm kömürdən,

    Məhəbbətin tavasında yanmışam.

    Qışda məni dondurubdur qar-sazaq,

    Yayın isti havasında yanmışam.

    Həyatımda rahat ömür sürmədim,

    Bir bağ saldım, meyvəsini dərmədim.

    Sevdim, seçdim, səfasını görmədim,

    Nakam eşqin cəfasında yanmışam.

    Bu fələyin hiyləsinə aldanıb,

    Əl uzatdım qanqallara, gül sanıb.

    Mən bir eşqin həsrətiylə odlanıb,

    Ayrılığın sobasında yanmışam.

    Açılmayıb nə səhərim, nə danım,

    Axıb gedib bir su kimi hey, qanım.

    Elə dərdə tuş olub ki, bu canım,

    Dərmanında, davasında yanmışam.

    Harda olsam məhəbbətim seçilib,

    Eşq yolunda şirin candan keçilib,

    Yurdum-yuvam, ev-eşiyim kiçilib,

    Sanki bir quş yuvasında yanmışam.

    Nə gün doğar, nə də ki, dan sökülər,

    Yerin dizi, Göyün beli bükülər.

    Görmüşük ki, davada qan tökülər,

    Mən bu sevgi davasında yanmışam.

  • Aynur QAFARLI.Yeni şeirlər (2021) I hissə

    Taleyimi gözlərimdən oxu, bil,

    İçimdəki qüssə-qəmi soruşma.

    Niyə belə tez saraldı baharda,

    Nəyə görə, yaşıl zəmi? Soruşma!

    İndi daha dərddən-qəmdən gözüm tox,

    Dərd quyusu çox dərindir, bəyim, çox,

    O çağların dönməyinə ümid yox,

    Getdi ömrün gözəl dəmi, soruşma.

    Bəxt yoluma işığını salmadı,

    Ağız büzdü, salam verdim, almadı,

    Ürəyimdə tək biri də qalmadı,

    Arzuların öldü cəmi, soruşma.

    Rəvadırmı hər kim olsa, yarışsın?

    Aynur gərək taleyiylə barışsın.

    Qoy payızın leysanına qarışsın,

    Gözlərimi tutan nəmi, soruşma.

    Dəniz

    Sular körpə kimi atılıb-düşür

    ayın işığında.

    Nağıl pıçıldayır dəniz qağayılara.

    Bu sirli gecələrdə

    dəniz başqa cür olur –

    Ləpələr bir-birini əzizləyir,

    öpür hey…

    Üzür xəyallarım da

    qoşulub qayıqlara…

    Uzaqda bir şam yanır.

    Bəlkə də, su pərisi məni qonaq çağırır

    doğma bacılığıtək

    öz dəniz vətəninə.

    Bu sirli qaranlığı boğur hıçqırıqları

    ağlayan buludların…

  • Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Vahid ƏZİZ.”DOYMURAM GECƏNİN QARANLIĞINDAN…”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    Doymuram gecənin qaranlığından,

    saçların qoynuma tökülü qalır,

    yastığı o qədər qucaqlayıram,

    çırpırlar,yenə də bükülü qalır,

    Yer soyuq–atılmış bir qucaq kimi,

    zülm olmaz bu,olmuş olacaq kimi!

    göz yaşı söndürmüş bir ocaq kimi,

    ürək həm közərir,həm külü qalır,

    İllər yaşatdığı gerçəyə baxır;

    ağarmış saqqala,birçəyə baxır,

    gülüm,bu özü də çiçəyə baxır–

    ya dönür xəzələ,ya gülü qalır,

    Gözümə bənzəməz nə çeşmə,nə çay,

    içimdə boğular saldığım haray,

    o vaxtdan,sevgimə qurduğum Saray,

    eləcə tavanı sökülü qalır,

    Təkcə özüm idim sənə yananın,

    gülüm,sən özümü qoru,sən canın!

    o qədər uzağıq,sanki hicranın,

    arada bir neçə Yüz ili qalır…

  • Xalq şairi Vahid ƏZİZ.”MƏKTƏB ONA GÖRƏ MÜQƏDDƏSDİ Kİ…”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    Hərdən ayrılıram öz məhvərimdən,

    gözlərim yol çəkir,səsim alınır,

    qulağım oyanır cingiltilərdən,

    elə bil hardasa adım hallanlr,

    Təyyarə qanadı,vaqon təkəri…

    hər kəsi biy yana apardı yollar,

    cingilti-eyniylə məktəb zəngləri,

    şagird dostlarımdı xatırlayanlar,

    İndi anlayıram–dəyər hər şeyə,

    hər biri o şirin xatirələrin,

    sonra həsrətini az çəkək deyə,

    üstünə bir il də gəldi on ilin,

    Boylana-boylana bir-birimizə,

    nəğmə dərslərində gülümsəyərdik,

    hərdən düşünərdim–vaxtı gələndə,

    ikimiz birlikdə nəğmə deyərik,

    Nahaq gözləmişdik “Sonuncu zəngi”,

    o-bitir,qayğılı illər başlayır,

    Məkrəb ona görə müqəddəsdi ki,

    orda Leyli qalır,Məcnun yaşayır…

  • Xalq şairi Vahid ƏZİZ.”QORXURAM…”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    Həyatın yolları eniş–yoxuşdu,

    “ho-hodan”qorxuram,

    “toşdan”qorxuram,

    payız bağbana da,mənə də xoşdu;

    əynim nazik olur–qışdan qorxuram.

    Vaxt-hərdən canıma bir qada salıb,

    oynadıb,cırnadıb,it-bata salıb,

    qapim açıq qalıb-it yada salıb,

    get-gedə azalan huşdan qorxuram,

    Maral,gendə dolan,kəmənd atan çox,

    hər şey bazarlanar; alıb-satan çox,

    arabir yan keçər–sürüşkəndi ox,

    yuvasız quş kimi daşdan qorxuram!

    Deyirlər–bələkdə yaman kürmüşəm,

    həyata gah gülüb,gah hönkürmüşəm,

    o qədər səbəbsiz qapaz görmüşəm,

    nəvələr,ağıllı başdan qorxuram!

    Biçinçi,elə biç-gül ağlamasln,

    ocaq,elə soyut-kul ağlamasın,

    məni dəfn edəndə el ağlamasın-

    Vətənin gözündə yaşdan qorxuram!

    Yaman artmaqdadı dinsiz,

    umansız,

    “kəsər qulağını” ağrısız, qansız,

    tərif,qoltuğuma qoyanda qarpız,

    birdə”zordan” ağır “xoşdan” qorxuram.

    Tikanım gül açıb,gülüm tərk olub,

    çox şey,Vahid ƏZİZ,mənə görk olub,

    indi də,o vaxt da dizim bərk olub;

    elə düşünmə ki,yaşdan qorxuram…

  • Xalq şairi Vahid ƏZİZ.”BU ARAQ NECƏ DƏ QƏRİBƏ ŞEYMIŞ…”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    (zarafatyana və ciddi)

    Bu araq necə də qəribə şeymiş !?

    həyat dərk olunmur ayıq baş ilə,

    hər bir şərayitdə gözəl gedirmiş,

    həm soğan-çörəknən,həm bozbaş ilə.

    Könlüm arasında bəm ilə zilin,

    bezdik tənəsindən zirin-zibilin!

    arabir lap topuq vursa da dilin,

    səni danışdırar gözlə-qaş ilə.

    Məclis yaraşığı,həm də xoxandı,

    kişini ucaldan,yerə soxandı!

    “girmə küpəsinə”,adam boğandı,

    biraz dadına bax,biraz nuş elə!

    Onu içrəm ki,ləzzətin görəm,

    sürünə-sürünə evə gəlmərəm,

    axşamlar xoş gələr pendir-çörəknən,

    arağı vurasan səhər xaş ilə!

    Araq gözəl şeydi-şulan olmaya,

    ağlını başından alan olmaya,

    evində nigaran qalan olmaya-

    arağı içəsən dost,sirdaş ilə.

    İş ağır,yayınıb yükdən,içərəm,

    əhvalım düşəndə kökdən,içərəm,

    mən də,Vahid ƏZİZ,hərdən içərəm,

    amma ki,içmərəm hər “alkaş” ilə…

  • Xalq şairi Vahid ƏZİZ.”MƏNİ APAR…”

    (Sevən bir qızın dılindən)

    Az oyna qəlbimin sönən közüynən-

    özünnən,imanlı ol,məni apar!

    bezdim dərdləşməkdən çeşmə gözüynən-

    yarpazam,su içib,yol-məni apar.

    Atma yarı yolda-özgə qaldırar,

    sevən yar–yarına könül aldırar!

    bahar-lalələri erkən soldurar,

    dönüm bənəvşəyə,kol,məni apar.

    Görsən lal-dinməzəm,biraz ərk elə,

    ya sev,ya könlümü tamam tərk elə!

    sarmana bilməsəm-bilərzik elə,

    yapış barmağımdan,qol,məni apar.

    Gəlsən,gecələrdə,de-ayıq olum,

    sən odlu-alovlu,mən soyuq olum,

    sevgi dəryasında bir qayıq olum,

    yarpaq yelkənimə dol,məni apar.

    Bəlkə o,ağ atlı tanışdı sənə?

    hansı bəxtəvəri aldı tərkinə?

    qoşulub gedənlər çətin ki,dönə,

    özün bitən yerə,yol,məni apar…

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”GÜLÜM, MƏHƏBBƏTLƏ ZARAFAT OLMAZ”

    Asanmı sanırdın mehri, ülfəti? –

    Heç vaxt incimirdin sözümdən mənim.

    Əyləncə bilirdin sən məhəbbəti? –

    Qorxmadan öpürdün üzümdən mənim.

    Hisslərin əlində oldun əsir sən,

    Körpə bir məhəbbət düşdü sazağa.

    İndi titrəyirsən, indi əsirsən,

    Qaçmaq istəyirsən məndən uzağa.

    Geriyə yol varmı ancaq sevgidə? –

    Ürəyim titrəyir, yol çəkir gözüm.

    Alın yazısıdı elə sevgi də,

    Qaçmaq mümkün deyil ondan, əzizim!

    Mənə nifrətlə də baxa bilərsən,

    Ancaq bilirəm ki, qəlbi yuxasan.

    Sən mənim sözümdən çıxa bilərsən,

    Qəlbinin sözündən çətin çıxasan.

    Gözündən ovcuma bir damla düşdü,

    Sevda yollarında şair mat olmaz.

    Sevgi ömür kimi ciddi bir işdi,

    Gülüm, məhəbbətlə zarafat olmaz…

    07.03.2000

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAHIN ƏMANƏT YOLU”

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

    Vaqif Bəhmənliyə

    Oxudum şerini Vaqif Bəhmənli,

    Hər misran pir daşı , ocaq daşıdır…

    Xatirə yolların dumanlı , çənli

    Gördüyün zirvələr dağlar başıdır…

    Məmməd Araz yolu…anlamaq dərdi,

    Əzablar içində yaşamaq yolu…

    Allahın pay böldü, əmanət verdi,

    Sənindi dərdləri daşımaq yolu…

    İllərdir işığı qəlbindən keçən

    Gözləri gözündür Eldar Baxışın…

    Sözün ümmanında mənalar seçən

    Sərraf nəzəridir iti baxışın…

    Silsilə dağlardır adlar, ünvanlar

    Yollar bələdçindir izlər sirdaşın…

    Gördüyün pirlərdir qada sovanlar,

    Kəramət gücü var burda hər daşın…

    Gözlərin yaddaşın pəncərəsidir,

    Baxıram gördüyün uca dağlara,

    Xatirə ilğımı dərd çarəsidir,

    Xəzan könlümüzdə solan bağlara…

    Bizim qalaktika … adlar aləmi,

    Yaşayan ürəklər ad -ad döyünər…

    Sözünün üstünə çəkib qələmi,

    Allahın özü də baxıb öyünər…

    Yaxşı bilirirəm ki sən çox ucasan,

    Boyun boy götürüb Araz dağından…

    Bilirəm dərdinlə dərdli qocasan,

    Xal düşüb qəlbinə Eldar çağından…

    Ruhumuz dil tapar, qol boyun olar

    Gedərik Vətəni istək boyunca,

    Kövrək duyğularla könlümüz dolar,

    Sevinər sözümüz yenə doyunca…

    Xələfli sözünü yağdı bu yerdə,

    Sözdə Vaqif olan bir kimsə görsün

    Xudafərin üstə ağlayan dərdə,

    Diri qürurunda səcdəyə dursun…

    Oxudum şeirini, Vaqif Bəhmənli,

    Çatdığın ocaqlar oddan bəllənir…

    İnsan təbiətlər çöllü, çəmənli,

    İlhamın yağdıqca yaddaş güllənir…

    Əli Rza Xələfli,

    13. 10.2021…

    Saat… 20.30

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Eşq dərdin sonuncu mərtəbəsidi…”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

    Eşq dərdin sonuncu mərtəbəsidi…

    Eşq dərdin sonuncu mərtəbəsidi…

    Qəlb ora adamı dillə çıxardır.

    Yuxuda gördüyüm alagöz gəlin,

    Qışın bu vaxtında çillə çıxardır.

    Mənim də içimdə eşq odu sönüb,

    …Eh, mənə bu kəndin havası düşmür.

    Anam ocaq çatır, külək söndürür,

    Anamla küləyin davası düşmür…

    İştahı çoxalır qonşu qızın da,

    Az qalır çəpərdən tullanıb, gəlsin.

    …Ruhuma deyin ki, ürək tab etmir,

    Getsin, yad şəhərdə pullanıb, gəlsin.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Burax əllərimi…”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Burax əllərimi, qoy çıxım gedim,

    Nəyinə lazımdır sənin bu sevgi.

    Həsrəti gözümə qoy sıxım gedim,

    Olsun ürəyimə qənim, bu sevgi.

    Nə əhlət daşıyam, nə ümid yeri,

    Yorulub, yoğrulan qən ağacıyam.

    Burax əllərimi qoy çıxım gedim,

    Bəlkə bir ürəyin ehtiyacıyam…

    Ağacdan yonulub, daşdan yonulub,

    Bəxtimin naxışlı oyuncağı tək.

    Qıfıl da asılıb könül taxtından,.

    Nəzəri qaytaran göz muncuğu tək.

    Burax əllərimi, a sevda yolçum,

    Kipriyim asılıb göz yaşlarımdan.

    Qurtara bildimmi, sevən də səni,

    Taleyin atılan bəd daşlarından.

    Burax əllərimi, qoy çıxım gedim,

    İndi baxışında əriyən buzam.

    Bu ömrün qışında axı nə edim,

    Mən sevgi bağına gec gələn yazam.

  • Şairə-publisist Xalidə NURAY.”Qığılcımdan doğan alov”

    Çalıb haqqımızı taxtımız üstə,

    Yurdsuz kafirlərə taxt yaratdılar.

    Saxta Erevanı tarixə yazıb,

    İrəvan qalasın söküb atdılar.

    Böyük Ermənistan xülyası ilə

    Haya arxa oldu fitnəkar ruslar.

    Acgöz caqqallar tək doymadı gözü,

    Qarabağı tutdu xain-cəsuslar.

    Doğma yurdumuzdan didərgin salıb,

    Otuz il Cıdırda at oynatdılar.

    Yağılar vətəndə göz dağı olub,

    Qeyrət yaramızı çox qanatdılar.

    Dığalar fitnədən libas geyinib,

    Öyünər donuyla yad kölgəsində.

    Namərdlər məzlumu əzər,sinsidər,

    Lənəti haqlayar haqqın səsində.

    Bu gün döyüşlərdə Vətən adında,

    Zirvəyə çatmağa qanad çalırıq.

    Qisasdan içimiz alışıb,yanır

    Bir qarış torpağa min can alırıq.

    Yağı tapdağında qalan yurdumu,

    Suvarır qanıyla şanlı ordumuz.

    Qələbə eşqiylə oddan don geyib,

    Düşmənə sipərdir şəhid yurdumuz.

    Susdurub düşməni haqq səsimizlə ,

    Günəş tək parlayıb zülməti yendik.

    Zəfər məşəlini yandırmaq üçün,

    Qığılcımdan doğan alova döndük!

    18.10.2020.

  • Xəyalə SEVİL.Yeni şeirlər (V hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    * * *

    Ürəyincəmi?

    Bu ruhsuz, duyğusuz

    Halım necədi?

    İndi, yoxsa öncəmi?..

    Qəfil ürəktutmasıtək

    Tutmuşam ürəyimi.

    Hara qoyum?

    Küncəmi?

    Təzə-təzə sevinirdim,

    Təzə-təzə sevirdim.

    Dağıtmısan,

    Qoparmısan qönçəmi.

    Özünü bir özgəsiylə

    Nə vaxt dəyişir insan?

    Nə vaxt?

    “Böyüyüncəmi?”

    * * *

    Bir göz sıxım gedişinə,

    Bir söz düşsün dodağımdan,

    Şeir olsun.

    Yenə yadıma düşmüsən

    Gecə vaxtı,

    Aman, Allah, xeyir olsun.

    Vaxtına çəkir həsrətin,

    O gün də şər qarışanda

    Gördüm, Tanrı əllərimi

    Üstümə tullayıb gedir.

    İçimdəki quyunun

    Dibindən gəlirdi səs:

    Unut! Unut!

    Üçüncüdə-

    Sözünü ağzında qoydum,

    Başını üzdüm ümidsizliyimin,

    Bıçağı boğazında qoydum.

    İntihardı bu ayrılıq,

    İntihardı – biləyəcən.

    Axı biz danışmışdıq sənlə,

    Danışmışdıq: Çəliyəcən!

  • Xəyalə SEVİL.Yeni şeirlər (IV hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Həyat bu qədər sadə…

    Bu küçə də

    Axırıncı vaqon kimi

    Boşaltdı adamlarını.

    Və bu gecə də

    Qaranlıq qara kəlağayını

    Saldı şəhərin boynuna.

    Yol boyu uzanan gecə işıqları

    Açdı gözlərini.

    Külək deyinə-deyinə

    Oyatdı yuxudan yarpaqları.

    Yəni,

    Həyat bu qədər sadə,

    Həyat bu qədər təkrar.

    Amma ürəyimdə

    Təkrarlanmayan biri var.

    Bütün güclü qadınlar bədbəxtdir

    Qurduğun xəyallardan

    Geriyə dönmək qədər

    Çətin yol yoxdu bu dünyada.

    Gözlərindən yıxılan göz yaşlarını

    Yanağın da qaldıra bilmir.

    Baxışların buz kəsilir.

    Başını qaldırıb göyə baxırsan,

    Göy üzündə sənin çarəsizliyinə

    Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.

    Qaralır dünyan, qaralır,

    Həyatın göz qapaqlarının

    Arası qədər daralır…

    Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?

    İçindəki təkliyi heç kim görmür…

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VII hissə)

    Söz oyununda

    İçimə çəkilib daldalanmışam

    Dəli duyğularım öz oyununda,

    Təpədən dırnağa misralanmışam

    Çarpışan fikirlər söz oyununda.

    İntizarım bilmir nə hədd, nə hüdud,

    Itir, güman itir, üzülür umud,

    Yüklənən kirpiklər toqquşan bulud

    Yaşlar qıraq gedir göz oyununda.

    Sən qutsal sandığın kimində oyun,

    Aşkarında oyun, sirrində oyun,

    Ömrümüz illərin əlində oyun,

    Özümüz taleyin boz oyununda.

    Qısılıb bir küncə arxayınlığım

    Boş ver,

    müstəntiq,

    o qədər önəmli deyil mənimçün

    oğurlanan əşya,

    o gün yaşadığım gərginliyin,

    həyəcanın ziyanını hesabla.

    Evimdən gedənlər nə sayılır ki,

    ruhumdan gedənin yanında elə.

    Tapdanıb evimin bakirəliyi,

    yad nəfəs toxunub əşyalarıma,

    evdə hər yerə,

    qısılıb bir küncə arxayınlığım,

    döşəməmdə ayaq izi,

    kitab şkafımda yad əlin yeri çığırır,

    o elm, o zəka yatırımında

    pul-para axtarıb o nadan

    o gün.

    Oğurluğu qazanc bilir bu burda

    şərəfə tamarzı qalır mənliyi,

    ömrü oğurlanır həbsxanalarda,

    vaxtı qarət olur,

    illəri gedir,

    arzuları puç olur orda.

    Qazanc hesablayır götürdüyündən,

    bundan gedənləri anlamırmı bu,

    xəbəri yoxdurmu itirdiyindən?

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VI hissə)

    Qış ağacları

    Ümidləri

    yaza, günəşə,

    talanıb yaşılı,

    rəngi-ruhu bomboz,

    yolub saçlarını sərxoş küləklər,

    döyür təpəsinə

    dünyanın qışının dolusu, qarı,

    pəjmürdə görkəmin düzəltmək üçün

    yağış damlasından sırğalar taxıb

    bu çör-çöp ağaclar,

    qış ağacları.

    Can vətənim

    Gözlərimin yaşındasan,

    vətənim,

    ürəyimin başındasan,

    tikə-tikə,

    parça-parça vətənim.

    Yetim əlində yağlı tikə olmusan

    hər zaman.

    Hər istəyən bir diş vurub,

    Diş qıcanıb hər tərəfdən

    Olan-qalan varlığına.

    Neçə məkr qarşısında,

    Neçə hiylə qarşısında

    Dözüb dayanan vətənim,

    can vətənim, can vətənim…

  • Adilə NƏZƏR.”SİZ ÖZÜNÜZLƏ DANIŞIRSINIZ?”

    Filologiya üzrə fəlsəfə doktoru,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır.

    Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan ikili şəxsiyyətdir. Bu fikrə əsaslanaraq deyə bilərik ki, özü ilə söhbət çox normaldır və hətta lazımdır (səssiz olduqda). Bu eyni zamanda əqli cəhətdən sağlamlığa işarədir.

    Əlbəttə ki, işin bioloji təkamül tərəfi də var. Özü ilə danışmaq kamilləşmə, yenilənmə baxımından mükəmməl sağlam bir davranışdır. Bunu adətən uşaqlar və tək yaşayanlar daha çox edir. İnsanın danışıq qabiliyyətinin inkişaf etməsinin əsas səbəbi, onun sosial varlıq olaraq ünsiyyət sistemini təmin etməkdir.

    Mən həyatımın axarını düşüncə gücümlə yönləndirə bilirəm. Amma təkcə düşünməklə deyil, düşündüklərimi həyata keçirməklə dəyişdirə bilirəm. Sıxıntılı zamanlarda yüksək səslə düşünürəm, çünki beynimdə düşündüklərim sıxıntıdan qurtarmağıma kömək etmir. Xüsusilə bu halım bir şeyə qərar verməyin çətin olduğu vaxtlarda daha çox baş verir. (bilmirəm, başqalarında necədir..)

    Bir çox qələm adamları “gündəlik” yazırlar. Gündəlik yazmasam da, şeirlərimin bəzilərinin (evdə olan vaxtlarımda yazılanlar) əlyazması – qaralama şeir dəftərlərim var. Orada şeirlərdən başqa ara-sıra fərqli fikirlər, həmin anın dəyişik duyğuları da qeyd olunub ki, onlar bəzən şeirlərlə əkslik təşkil edir. Hərdən açıb baxıram, düşünürəm ki, heç bir gündəlik oxucu üçün yazılmır və yazılmamalıdır. Gündəliklər müəllifin bir növ özü ilə söhbətidir.

    Qismət deyilən şey məncə ikiyə bölünür. Bir hissəsi insanın öz iradəsi ilə təyin olunursa da, digəri onun iradəsinə ziddir. Yəni həyat ssenari deyil, biz də rolumuzu oynamırıq. İradəmiz daxilində bütün seçimlərimizə cavabdehik. Məsələn, oxuduğumuz peşəni seçə bilərik, istədiyimiz dilləri öyrənərək bu yolda irəliləyə bilərik. Ancaq irq, boy və ailə kimi şeylər dəyişməz taleyin nümunələridir.

    Son iki ildə pandemiya səbəbilə evlərə qapandıq. Özümüzlə danışmaq o qədər güclü bir ünsiyyət vasitəsinə çevrildi ki, öz daxili düşüncə proseslərimizi dinləməyə başladıq. Halbuki əvvəllər bunu daha az edirdik. Demək ki, insanlar özləri ilə tək qaldıqda, daha rasional qərarlar qəbul edə bilirlər və daha təsirli olma potensialına sahib olurlar. Doğrudur, bunlar mədəni və yaradıcı həyatımızda bizə fayda verən amillərdir, amma yenə də qismən də olsa azadlığımıza qoyulan məhdudiyyətlərin aradan qalxmasını və yenidən sosial həyata tamamilə qayıtmağımızı arzulayıram. Bir də tövsiyə edirəm ki, özümüzlə danışarkən özümüzə qarşı xeyirxah olmağı unutmayaq. Əlbəttə ki, bəzən özümüzə qəzəblənə bilərik, özümüzü tənbehləyə, hətta söyə də bilərik, bununla belə, özümüzü bağışlamamız, özümüzə çox ağır yanaşmamağımız daha sağlam qərarlar qəbul etməyimizə və lazımsız olaraq stresə düşməməyimizə kömək edə bilər. Özü ilə danışmağın ən böyük faydası budur: bu səs-küylü dünyada sizi dinləyən bir nəfərin olduğunu bilmək gözəldir.

  • Adilə NƏZƏR.Yeni şeirlər (2021)

    Filologiya üzrə fəlsəfə doktoru,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    FƏSİLLƏR DƏYİŞİR

    Sözalır göydə Günəş yellər uyudur bu yeri,

    Dağılır odlu yayın səltənəti, bax, solaraq.

    Yox olur təbiətin yazdığı ilk yaz əsəri,

    Pozulur gülbaharın rəngi, itib yox olaraq.

    Ruhu sarsır zəminin sapsarı çılpaq düzəni,

    Gücü çoxdan tükənibdir işaran boz günəşin.

    Titrədir həm də külək laləni, sünbül- süsəni,

    Dalayır əllərimi sarmaşıqların güləşi…

    Qarağaclar itirir sərvboylu qamətini,

    Dağın dumanı tutur indidən tədarükünü.

    Hava çiskinləyir.. Haqq göndərəcək nemətini,

    Günün ömrü qısalır, gecələr çəkir yükünü.

    Nə qədər solsa da rəngi, barı vardır payızın,

    Bərəkət yağdıracaq qış… Təki yer, göy yaşasın.

    Doyum olmaz dadına bir ömür də güllü yazın,

    Tanrım, davamını göndər həyatın, qoy yaşasın.

    20.10.2021

    ***

    Heç təsəvvür etmədiyin bir yerdəsən…

    Yaşanırsan misra-misra,

    nəfəslənirsən sətir-sətir.

    Bəzən sitəmimə,

    bəzən əfvimə, bəzən sevgimə tuş gəlirsən…

    Düzünü deyim ki,

    hamısının haqqını verirsən – nuş gəlirsən…

    Lap üzaqdan izlənirsən…

    Payızın ətəyindən tökülən çiçəkləri toplayarkən,

    Aylara, həftələrə sığacaq “sevgi”lərin

    alnından öpərkən izlənirsən…

    Ya da qaranlıqdan aydınlığa hamilə gecələrdən

    yuxusuz çıxan vəfalı sevgili kimi…

    Gizlənirsən qırıq qanadlarınla göz yaşımın nidasında,

    Közlənirsən kəpənəklər adasında…

    Bil ki, qəlbimdəki bu küskünlük tərk etmir məni..

    Sadəcə gözlərindəki həyat eşqinə

    bağışlayıram səni…

    * * *

    Bir ömür könlümün pərvanəsini,

    O şamın başına döndərəm gərək.

    Gözümün yaşıyla hər səhər-axşam,

    Təşnə ürəyimi söndürəm gərək.

    Sonadək beləcə susub, ah udam,

    Qəlbimi atəşə, oda oxudam,

    Nə ki duyğular var suya axıdam,

    Nə ki hisslərim var, donduram gərək.

    Tab edə bilmərəm tənə, qınağa,

    Nələrdən keçərək gəldim bu çağa.

    Bu bəxti götürüb atam ocağa,

    Külünü başıma əndərəm gərək.

    Dərdimi salmayam dilə-ağıza,

    Sarılam üzümə gülən payıza,

    Hönkürüb ağlayam bir ağ kağıza,

    Allaha bir məktub göndərəm gərək. 

    14.10.2021

    Azərbaycan əsgərinə

    Buludlara ucalan,

    Dağın anlamı sənsən.

    Elə zirvədəsən ki,

    Çağın anlamı sənsən.

    İnsanlıq varın – əmək,

    Haqqındır barın yemək.

    Borcumdur daim demək –

    Bağın anlamı sənsən.

    Şanın bəzər dilləri,

    Oldun andının əri.

    Aramızda ən diri

    Sağın anlamı sənsən.

    Gün yox günümüz təki,

    Nurdur gözümüzdəki.

    Bugün üzümüzdəki

    Ağın anlamı sənsən.


    11.10.2021

  • Ay Bəniz ƏLİYAR.Yeni şeirlər (2021)

    Və bir gün adamın əlləri

    qadının qırmızı donunun

    qanına bulaşdı…

    Göz yaşları

    çiçəklərin açdığı yerdə,

    hər sabah

    kitab oxuyan adama bənzədi.

    Gözləri şişkindi.

    Bir udum hava kimi

    ətirləndiyi

    güllərə borcun ödəmək istəyəndə,

    əlləri yadına düşmüşdü.

    Qadını

    qırmızı donunun içindən

    çəkib çıxartmışdı adam.

    Qadın yenə də

    ölümünə gülümsünmüşdü.

    Bir qadının ölümü

    bir adamın əlində qan kimi qalacaqdı…

    Əlləri qanlı adamlar

    qırmızı donlu qadınlara

    aşiq olmadan ölməli…

    * * *

    Yarpaqlar ağacdan boşanma dövrünü yaşayır,

    Ağaclar aliment vermir yenə.

    Aliment bir quş yuvası, budaqlardan qopmur.

    Yuvalara küləklər dolur,

    Yağışlar balalayır.

    Yarpaqları hamilə etdiyini unudub ağaclar,

    Ağaclar yazda yeni yarpaqlar əzizləyəcək,

    bəsləyəcək, böyüdəcək.

    Yarpaqlar meyvələrini də itirir,

    körpələrini də, kölgələrini də…

    Aldanıb yeni küləklərə başqa dünyalara gedir.

    Ağaclar aliment verməyəcək,

    məhkəmələr bir süpürgəçi kimi

    süpürəcək bütün xəyalları.

    Yarpaqlar boşanacaq hər sonbahar…

    Hər yarpağın bir ağac sevdası bitəcək…

    Nə yaxşı ki, böyük şəhərlər var,

    Adam adamı itirə bilir.

    Adamın yarpaqları

    adamının ağaclarından

    boşanmağı öyrənsə, keşkə…

  • Ay Bəniz ƏLİYAR.”Keşkə məzarda da pəncərə olsa”

    .

    Keşkə məzarda da pəncərə olsa,

    Ordan bu dünyaya boylana bilsəm.

    Dünyanın qapısın açırmış kimi,

    Döyüb pəncərəni dünyaya gəlsəm.

    Bir quş dimdikləsə şüşələrini,

    Bu peşman ürəyim bəlkə kiriyə.

    Arada yaylıqla silsəm tərini,

    Arada boylansam üzü bəriyə.

    Belə bir məzarda ölsəm, kaş elə,

    Boylana-boylana qalsam, kaş elə.

    Bitməyən yazıma boylana bilsəm,

    Oğluma, qızıma boylana bilsəm…

    Hörümçək bağ qursa bircə naharlıq,

    Mən də ona baxıb doysam dünyadan.

    Amma söz-söhbətdən doymamış kimi,

    Nə səs-səmir gəlsə duysam dünyadan.

    Mənlə tənhalığın bölən adamlar,

    Həmin pəncərəmin önünə gəlsə.

    Dünya həsrətindən ölən adamlar,

    Orda ətrafıma toplaşa bilsə…

    Bir-birin görmədən, növbə etsələr,

    Nə mən inciyərəm, nə onlar küsər.

    Mənim pəncərəmə tövbə etsələr,

    Burda gecələrin ağrısı kəsər.

  • Şairə Ay Bəniz Əliyarlının “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair AY Bəniz Əliyarın “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb.

    Kitab müəllifin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, şeir, sənət aşiqləri tərəfindən maraqla qarşılanacağına, dərin oxucu rəğbətini qazanacağına ümid edirik.

    “Vətən andı” kitabında şair AY Bəniz Əliyarın bir poeması və bir pyesi təqdim olunur.

    “Zəfər yazanlar” adlı poema sətirlərlə Qarabağ adlı tarixi faciəmizin xronoloji günlüyü kimi davam edir, birinci və ikinci Qarabağ savaşı, Aprel döyüşləri və bu savaşlarda, döyüşlərdə Azərbaycan əsgərinin şücaəti, Azərbaycan xalqının, Ali Baş Komandanın cəsarəti naminə qazanılan Qələbəmiz şairə xas şeir diliylə təsvir olunur.

    “Xarıbülbül” pyesində Hikmət adlı nişanlı bir gəncin döyüş yolu və nişanlısının timsalında Azərbaycan qadının Vətənə sədaqəti əks olunur. Pyesdə yetişməkdə olan gəncliyə aşılanan haqq savaşımızdakı uğurlarımız və birliyimizin sonucundakı qazandığımız böyük Zəfər öz əksini tapır.

    Tanınmış ədəbi-tənqidçi Zakir Məmmədin yazdığı “Müharibə, sevgi, insan.” adlı ön sözə diqqət edək.

    “44 günlük döyüş hərb cəbhəsində səngisə də, ədəbiyyatda davam edir və etməlidir. Vətən uğrunda gedən bütün davalarda olduğu kimi. Bu savaşın ədəbi silahdaşlarından Ay Bəniz xanımın üzərinə düşən vəzifələr də vardı və şair bunun öhdəsindən gəlməyi bacarır. Ön cəbhədə hərbin, ədəbiyyat cəbhəsində sənətin üsulları ilə işləməyin nəticəsi torpağın işğaldan azad edilməsi oldu. Hər bir istedadlı sənət adamı da yazdıqları ilə fikri, düşüncəni “işğaldan” azad etmiş olur. Vətənin millət halında bütövlükdə dərki vətənin və sənətin qələbəsinə səbəb olmalıdır”.

  • Azərbaycanda polyak izlərinin turizm potensialından bəhs edən broşür hazırlanıb

    Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış broşür Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

    Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar – İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.

    Nəşrdə 4 polyak memar tərəfindən ərsəyə gətirilən Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu (Tağıyevin Qızlar Məktəbi), AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev-Muzeyi, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Bakı Univermağı, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası, Yeni Avropa otelinin binası, Müqəddəs Məryəm Katolik Kilsəsi və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur.

    Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir.

    Burada, həmçinin 20-ci əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.

    Polyak turistlərin ölkəmizə səfərini təşkil edən turizm agentlikləri üçün əlverişli vəsait olan ingilis dilində hazırlanmış broşürün onlayn versiyasını aşağıdakı keçiddən yükləmək mümkündür: https://tourismboard.az/az/publications

    Mənbə: https://azertag.az/

  • Milli Xalça Muzeyində növbəti tədbir – “Rəssam və xalça: bu gün və sabah”

    Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

    Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.

    Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.

    Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri xiyabanda Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcəklər.

    Mənbə: https://azertag.az/

  • 20 oktyabr-Beynəlxalq Kulinariya Günüdür

    Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.

    Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə 1991-ci ildə yaradılan Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən son illərdə böyük işlər görülüb. Mərkəz 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlətdir. Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib. Məhz bunun nəticəsidir ki, 1993-cü ildə Azərbaycanın milli komandası ilk dəfə Maltada keçirilən Dünya Kulinariya Çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb.

    Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətini nümayiş etdirib. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalaraq onları mükafatlandırıblar.

    Ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür. Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov həm də UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədridir.

    Mənbə: https://azertag.az/

  • Uşaqlar üçün yazılan “İki qardaş” poeması Respublika Uşaq Kitabxanasına hədiyyə edilib

    Uşaqlar üçün yazılan “İki qardaş” poeması F.Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə edilib.

    AZƏRTAC xəbər verir ki, “İki qardaş” uşaq poeması 1912-ci ildə lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə tanınan şair Abbas Ağa (Nazir) Qayıbzadə tərəfindən yazılıb. Poema iki qardaşdan (ağıllı və tənbəl) bəhs edir. Kitabın orijinalı 108 il sonra (2020-ci ildə) şairin nəslindən olan Rüstəm Nazir Qayıbov tərəfindən tapılıb.

    Abbas Ağa (Nazir) Qayıbzadə, məşhur Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsi, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrünün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur.

    Abbas ağa Nazir nəslinin davamçısı Rüstəm Nazir Qayıbov tərəfindən kitabxanaya hədiyyə olunan “İki qardaş” uşaq poeması kitabxananın daimi oxucularına çox dəyərli töhfə olmaqla yanaşı, həm də kitabxana fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıyacaq.

    Mənbə: https://azertag.az/

  • Bakıda “Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açılacaq

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi təşkil olunacaq.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçirilir.

    Sərginin ekspozisiyasında Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər də yer alacaq. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcək.

    Xətai Sənət Mərkəzində açılacaq sərgi noyabrın 12-dək davam edəcəkdir.

    Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur. Sərginin təşkilatçıları və münsiflərin qərarı ilə 40 müəllifin 46 əsəri sərgidə nümayiş olunmaq üçün seçilib.

    Müəlliflər seçilmiş əsərlərini oktyabrın 30-dək “Xətai” Sənət Mərkəzinə təqdim etməlidir.

    Mənbə: https://azertag.az/

  • Ədəbiyyat İnstitutunda “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib

    This image has an empty alt attribute; its file name is 3fbde082c554.jpg
    This image has an empty alt attribute

    “Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

    Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən akademik İsa Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-lərdə, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib. Vurğulayıb ki, “akademiyanın müxbir üzvü Nüşabə Araslının hazırladığı kitab min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçirir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. İnstitutumuzun əməkdaşı Siracəddin Hacınının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, Nizami ilə bağlı kitabların meydana çıxması baxımından dünyada rekordsmendir. Heç kəsin Nizami Gəncəvi haqqında on cilddən ibarət şərhləri yoxdur. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, ukrayna və gürcü dillərində yazılar yer alıb.”.

     Əlavə edib ki, Nizami Gəncəvinin yubileyinin qeyd olunması haqqında Sərəncamın imzalandığı 1939-cu ildən bu günə qədər onun haqqında bizim mətbuat orqanlarında minlərlə məqalə çap olunub. Azərbaycan dünya nizamişünaslığının mərkəzidir. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi İli” 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni  zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə geməsi öz əksini tapıb. Bu qəzet vasitəsilə Nizami haqqında onun dövründən tutmuş bu günə qədər gedən inkişaf prosesini izləyə bilirik. 2021-ci ildə- Nizami Gəncəvi ilində Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyirsinizsə bu qəzet onu əks etdirə bilir. Bu buraxılışı Azərbaycan nizamişünaslığının tarixində yeni mühüm hadisə kimi dəyərləndirməyi özümə borc bilirəm. Bu iş, Azərbaycan Yazıçılar birliyinin və “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi ili”nə sanballı töhfəsi, xidmətidir. Həmçinin “Ulduz” jurnalı da bu layihəyə qoşulacaq, bu iş davam edəcək. Beləliklə, ölkəmizdə bir jurnal və bir qəzet bütünlüklə Nizmaiyə həsr olunmuş olur.   

    “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” məruzəsində prosesə tarixi aspektdən yanaşıb: “1930-cu illərin ikinci yarısında represiya dalğasının içərisində Azərbaycanda bir sevinc, bir bayram da yaşanırdı. Stalin Nizaminin Azərbaycan şairi olduğunu demişdı və bütün xalq bu fərəhlə yaşayırdı. Azərbaycan xalqının türk xalqının bir qolu olmadığı ideyası da Stalin tərəfindən gəldi, Azərbaycan alimləri bir dilemma qarşısında qaldılar. Nəhayət, biz dünyaya çıxarılan “İran şairi Nizami”ni gördük. Problem ideolji səbəblərlə bağlı idi. 1947-ci ildə Nizaminin yubileyi ərəfəsində çap olunan Azərbaycan SSR Yazıçılar İttifaqının Azərbaycan Elmlər Akademiyası ilə birgə nəşr etdiyi kitablarda Nizaminin Azərbaycan şairi olduğu deyilir. Azərbaycanlıların türk olmadığı ayrıca məqalələrlə qeyd edilir, eyni zamanda Səlcuqluların Azərbaycanı işğal etməsindən söhbət gedirdi və Nizami də bu mədəniyyətin içərisinə buraxılmırdı. Biz Nizamini özümüzə qaytarmaqla həm də Nizamidən, yəni türk insanından uzaqlaşdırıldıq. Nizaminin “türkdür, azərbaycanlıdır” – isbatına ehtiyacı yoxdur. Bertels deyir ki, Nizamini heç bir halda İran şairi hesab etmək olmaz”.

    Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspeklərdən toxunduğunu qeyd edərək bildirib ki, “bu bizim ən ağrılı yerimizdir, çünki mübahisəli məsələlər çoxdur. Nizami ilə bağlı elə şeylər var ki, bəzən gedib siyasətə söykənir. Bəzən güzəştə gedəsi yerlərimiz var, elmi dairələrdə bu məsələlər yüksək səviyyədə araşdırılır. Bu sayın unikallığını mən onda görürəm ki,  sanki mini formada Nizami ensiklopediyasıdır”.

    AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.

    Xüsusi buraxılışın nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakusda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.

    Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı, Səadət Şıxıyeva çıxışlarda buraxılışı mütərəqqi addım kimi dəyərləndiriblər və Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq şairi Zəlimxan YAQUB.”XATİRƏ”

    Bir körpə var idi Kəpənəkçidə,
    Sevgisi dumduru bir bulağıydı.
    Hələ qayğılarla yüklənməmişdi,
    Hələ qayğılardan çox uzağıydı.

    Məhəbbət dərində, istək dərində,
    Hərə öz işində, dərdi-sərində.
    Nənələr, babalar həndəvərində,
    Bir evin gözündə şam çırağıydı.

    Hələ içəridən yeyilməmişdi,
    Köntöy baxışlarla döyülməmişdi.
    Hələ yetimliyə əyilməmişdi,
    Ana gümrahıydı, ata sağıydı.

    Elə bil dünəndi çəndə itdiyi,
    Gözə görünmədi vaxtın ötdüyü.
    Görüb götürdüyü, gəlib getdiyi,
    Qışda aranıydı, yayda dağıydı.

    Yamyaşıl çəmənlər nəşəsi idi,
    Bulaqlar aynası, şüşəsi idi.
    Hər səhər gül dərmək peşəsi idi,
    Güllər qucağında bir qucağıydı.

    Çox zaman gecələr çöldə yatardı,
    Şehə bələnərdi, suya batardı.
    Tonqal qalayardı, ocaq çatardı,
    Özü də bir parça od-ocağıydı.

    Çiçəyə baxardı, çiçəklənərdi,
    Göyçəyə baxardı, göyçəklənərdi.
    Mamırlı daşlara dirsəklənərdi,
    Üst-başı həmişə toz-torpağıydı.

    O günlər əlindən tutası deyil,
    Əli o günlərə çatası deyil.
    Onda dörd övladın atası deyil,
    Zəlimxan utancaq bir uşağıydı.

  • Xalq şairi Zəlimxan YAQUB.”GƏLİB”

    Üzdən ağladığım yadıma gəlmir,
    Ağlasam, göz yaşım ürəkdən gəlib.
    Sevgim də, sözüm də, məhəbbətim də,
    Nə varsa beşikdən, bələkdən gəlib.

    Gah sola boylandım, gah da ki, sağa,
    Yeridim başıma qar yağa-yağa.
    Qalxa bilmişəmsə uca bir dağa,
    Bu, təmiz arzudan, diləkdən gəlib.

    Varlığım titrəyər, ürəyim əsər,
    Qəmli söz qəlbimi doğrayar, kəsər.
    Qəriblər dilində saldığım əsər,
    Durnanın saldığı lələkdən gəlib.

    Ancaq özümündü itən sözlərim,
    Haqqındı göyərib bitən sözlərim.
    Yerin qulağına çatan sözlərim,
    Göyün üzündəki lələkdən gəlib.

    Sazla havalıyam, sözlə diriyəm,
    Sevəndə bildim ki, eşqin piriyəm.
    Xəstə Qasımların mən də biriyəm,
    Mənə bu xəstəlik fələkdən gəlib.

  • Xalq şairi Zəlimxan YAQUB.”TANRI HƏDİYYƏSİ”

    Açın mənim qəlbimi, oxuyun kitab kimi,
    Orda ilham adında cilvəli bir pəri var.
    Təkcə nazlanmaq deyil onun işi, peşəsi,
    Qayğıların içində min bir dərdi-səri var.

    Duyğuların, hisslərin gah zilidi, gah pəsi,
    Çeşmələrin, çayların, bülbüllərin səsidi.
    İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,
    Qələm adlı qızılı, dəftər adlı zəri var.

    Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,
    Yuxusuz gecələrim ləzzət mənə, tam mənə.
    Mən ona can verməsəm, can verməz ilham mənə,
    Orda əlin qabarı, orda alnın təri var.

    Söz qalxar qatar-qatar, söz gələr dəstə-dəstə,
    Hər qatarın ruhunda təzə səs, təzə bəstə.
    İlahi sovqatında, Allah verən nəfəsdə,
    Yerlərin ağırlığı, göylərin ləngəri var.

  • Xalq şairi Zəlimxan YAQUB.”GECİKDİRMƏ”

    Səhərləri açan kişi,
    Aç səhəri, gecikdirmə.
    Üfüqlərdən üstümüzə
    Yağan zəri gecikdirmə.

    Gecə laldı, qaranlıq kar,
    Fikrim geniş, meydanım dar.
    Səhərlərə səfərim var,
    Bu səfəri gecikdirmə.

    Sən balıq ver, tilov məndə,
    Sən çınqı ver, alov məndə.
    Sən bir at ver, cilov məndə,
    Ağ kəhəri gecikdirmə.

    Ölüm varsa, qalım yoxdur,
    Ölüm qədər zalım yoxdur,
    Bəd xəbərə halım yoxdur,
    Xoş xəbəri gecikdirmə.

    Bir gün toya, bir gün yasa,
    Fürsət azdı, ömür qısa.
    Dediklərim olmadısa,
    Ver zəhəri, gecikdirmə.

  • Xalq şairi Zəlimxan YAQUB.”Səninkidir”

    Boylan, başın üstə yüksəkliyə bax, insan,
    Əllərin çatmasa da, o uzaq səninkidir.
    Yeridiyin yerləri yerişinlə möhürlə,
    Ayağın altındakı bu torpaq səninkidir.

    Doğan Günəş, yağan qar qismətədi, baxtadı,
    Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.
    Beşiyində ağacdı, tabutunda taxtadı,
    Bu palıd səninkidir, o qovaq səninkidir.

    Bir alın yazısı var hər kəsdə, hər adamda,
    Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.
    İstər sarayda yaşa, istər daxmada, damda,
    Axırda məzar adlı dar otaq səninkidir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mən də yağmalıyam”

    Çətindir mənimlə birgə yaşamaq ,
    Bəzən gözlərimdə dəyişir aləm .
    Mənimlə ömür – gün yoldaşı olmaq
    Bir az da çətindir ,
    Başa düşürəm .

    Nə duman çəkilir , başımdan nə çən ,Tufanlı boranlı dağam mən , nəyəm ?!
    Nə bilim ,
    Dünyada mən öz əlimdən
    Bəlkə də birinci şikayətçiyəm .

    Məndə bir ” mən ” də var …. Məndən bixəbər ,
    Nə eşidər məni , nə sayar məni .
    Yer var ki o məni hörmətsiz eylər ,
    Yer də var şöhrətə çatdırar məni .

    Bir qəmi bir ürək gəzdirə bilər ,
    Yüz ürək qəmi var bu bir sinəmdə .
    Mən yerdən göylərə baxsam da əgər ,
    Göy ürəyimdədir….
    Yer ürəyimdə .

    Bir insan olsaydım nə idi dərdim ,
    Yaşardım hər fəsil bir paltar geyib ,
    Evimdə çay içib ,
    Çörək də yeyib
    Bir insan qəmini çəkə bilərdim .

    Sinəmdə xalqların bədbəxt taleyi ,
    Bəzən bir aldanmış qadın gileyi ,
    Bəzən bir torpağın batan çeşməsi ,
    Bəzən bir üzsüzün üzə düşməsi ,
    Könlümün yayını çəkib qırırlar ,
    Səndən diqqətimi yayındırırlar .

    Elə ki , tutuldum , gözlə bir qədər ,
    Bir az qayğıkeş ol sən ana kimi .
    Yağış yağan kimi açılır göylər ,
    Mən də yağmalıyam …..
    Yağana kimi .
  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Əsa götürmə!”

    “…Çəkilmişəm qınıma
    …Qorxaram mən,-
    yalan desəm Tanrıdan,
    doğru desəm bəndədən…” __ B.Vahabzadə


    Sən belə demədin bir zaman şair,-
    Başında şimşəklər çaxanda belə!
    Qırx il sətiraltı qışqıran şair,
    Susarmı səngərdən qalxanda belə?!

    Bəndənin evini yıxdı yalanlar,
    O başa düşmədi faş olanacan.
    Özün deyirdin ki,heykəl olanlar
    Daşa basılıblar daş olanacan.

    Qoy daşa bassınlar,o daş arxadır,
    Zirvənin himnini tufanlar deyir.
    Qartal-ildırımla əlbəyaxadır,
    Yerdə-çəyirtkəni sərçələr yeyir.

    Şair qəsddən ölür,əsgər güllədən,
    Neyləmək,talelər başqadır,şair.
    Əsgəri sağaldıb yaşadan vətən
    Şairi öldürüb yaşadır,şair.

    Almaz İldırıma Bakıda heykəl!-
    Millət gah ağ deyir,gah qara yazır.
    Adını hər yerdən qaralayan əl
    İndi hər qapıya,divara yazır.

    Mənə “qəbahətin” birtəhər gəlir,
    Görüb namərdliyi çox köks ötürmə.
    Üstünə qalxanlı gürzələr gəlir,-
    Əldən qılınc verib,əsa götürmə!!!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qızlardan oğlanlar”

    Oğlanlar,qızlara hörmət eləyin,
    Ya sevin qızları,ya redd eleyin.
    Aldadıb atmayın,günahdı qızlar
    Sabahkı ən əziz anadı qızlar.

    Səsində həya var,gözündə ovsun,
    Evdə dilavərdi,çöldə lal olur.
    Gözünüz qızların gözündə olsun,-
    O gözdə daimi bir sual olur.

    Qızlar anadılar,oğlanlar ata,
    Kim deyir,bu işi bir əyən olmur?!
    Qızların qız baxtı gözəl olsa da
    Gəlinlik vaxtları müəyyən olmur.

    Fikirə öyrəşir,qəmə qatlaşır,
    Qəlbində yaşadır,sirrini təkcə.
    Öz ata evində qızlar yadlaşır
    Yad oğlan evinə meyl eylədikcə.

    Qəlbini sevdiyi oğlana deyir,
    Ancaq rəfiqəsi soruşsa,danar.
    Özgə anasına qız ana deyir,
    Özgə atasına qız olan qızlar.

    Qızlar aldanandı,siz aldatmayın,
    Aldanıb yananın qanı buz qalar.
    Qolları üstündə gedib yatmayın,
    Yazıqdı,əbədi yuxusuz qalar.

    Görüşə getməyin ürək sevməsə
    Sözümü,a qızlar,ucuz tutmayın.
    Ürəkdən çəkirik nə çəkiriksə,
    Bunu da həyatda siz unutmayın.
  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mənim sevincim”

    Sən getdin, həsrətin qaldı canımda,
    Sonradan mat qaldım,düzü bir şeyə.
    Qeyri-adi idin mənim yanımda,
    Getdin, ele bil ki, adiləşməyə.

    Sənə yalvarırdım burda bayaqdan,
    Eşikdə qış idi, otaqda bahar.
    Sən de gedib evde yalvaracaqsan –
    Gecikdiyin üçün, bağışlasınlar.

    Səni bağışlamaq… dünyaya bir bax,
    O qelbi, o ruhu gərək duyasan.
    Axı səndən gərək üzr istəyələr,
    Lazımsa, sen gərək bağışlayasan.

    Bir qəlbin en eziz şahzadesiydin,
    Qulluq gözleyirdim hüzurunda mən.
    Gedib evinizdə sən ona yəqin
    Bir qulluq gösterib, çay süzəcəksən.

    Getdin, üreyimi salıb tufana,
    Sədaqət həyatda başqa rəng deyil.
    Mənim sevincimi apardın ona,
    Bəlkə də ona heç bu, gərək deyil.
  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”LƏYAQƏT”

    Nə qədər ağırdı səndən ayrılıb
    Başqa bir iqlimə səfər eləmək.
    Sonra da hardasa könlümü alıb
    Bir qəlb ağrısıyla “darıxma” demək.

    Ayrılıq qəm verir,görüş səadət,
    Qəmi də sən verdin səadət kimi.
    Yaraşır insana məncə,ey afət,
    Qəm də bir mənəvi ləyaqət kimi.

    Üşüdür ruhunu nəfəsi qışın,
    Bəzən bir paxılın buz baxışı da.
    Bəzən bir həyasız geriqalmışın
    Təkidlə özünə çağırışı da.

    Sirli, maraqlıdır bu dünya,gülüm,
    Mənim ömrümdə də qışım-yazım var.
    Bəzən bu dünyaya min təşəkkürüm
    Bəzən bu dünyaya etirazım var.

    O sənin hüsnünə yaraşıq verir,-
    Mənim ürəyimə od salmaq üçün.
    Gülü də tikanla qarışıq verir,-
    Hüsnə, xasiyyətə mat qalmaq üçün.

    Susuram yanında gör nə zamandı,
    Ayrılıq dəmində şikayətə bax.
    yanında qalmağım guya asandı
    Sən mənə səbr ver, ey ana torpaq!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəlmə görüşümə..”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Gəlmə görüşümə, gəlmə,

    Heç zəng də eləmə…

    Unut olub keçənləri,

    O mənli xatirələri…

    Heç olmamış kimi

    Qara bir örtüyə bük, bərk-bərk!

    Üstündən qara bir xətt çək!

    Hicranımın əli elə qanlıdı,

    Səni yenidən ağuşuna alacaq,

    Bakirə hisslərimi oyadacaq..

    Yox .. istəmirəm, gəlmə.

    Könlümün yuvasında sənin üçün

    üşüyən günlərimi qoruyuram..

    Yana-yana sevgi ilmələrimi toxuyuram.

    Həsrətimin üzü elə soyuqdu,

    Lap Sibirin uzaqları kimi…

    Əllərim yanır, sənin üçün alışan

    dodaqlarım kimi.

    Söykəyirəm dodaqlarımı

    həsrətimin buz aynasına,

    Soyuq nəfəsində çırpınıram,

    Özümü məhbəsdə sanıram.

    Gəlmə görüşümə.

    Gəlsən də danışma, dinmə…

    Get.. hər şeyimi apar,

    sənin olsun,

    Təkcə bir şeyi aparma,

    Sənsizliyimi….

    2012..

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Baxıram həyata necə buz kimi,

    Qaldım xəyallarda yuxusuz kimi,

    Eşqi qərib düşən nakam qız kimi,

    Bu axşam bir şeir yazmağım gəlir.

    Könlümün səhrası düzəndi, düzdü,

    Boylandım gümanlar gözünü süzdü,

    ürəyim dərd yeri, kösövdü, közdü,

    Bu axşam bir şeir yazmağım gəlr.

    Bəxtin naxışına üz tutanda qəm,

    Kədər yar deyib oluram həmdəm,

    Qəlibmdə göz yaşı, yanağımda nəm,

    Bu axşam bir şeir yazmağım gəlir.

    Dərdi var dünyanın, yerin, göyün də,

    Dərd səni tapanda sevin, öyün də,

    Ölmüş arzuların lap ətəyində,

    Bu axşam bir şeir yazmağım gəlir.

    Xəzana düşəndə ümid yarpağı,

    Yamanca dağ olur, həsrətin dağı,

    Qış gəlir saralıq eşqin varağı,

    Bu axşam bir şeir yazmağım gəlir.

    Qəmin oylağıyam, səhrayam, çöləm,

    Bəlkə də ümmanam, bəlkə də göləm,

    Bu axşam sinənə baş qoyb öləm,

    Bu axşam bir şeir yazmağım gəlir.

  • Təranə Turan RƏHİMLi.”SƏNİ XATIRLAMIRAM”

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    Səni xatırlamıram,

    Hansı ildə ölmüsən?

    Bəxtini hansı daşa

    Çırpıb yüzə bölmüsən?

    Bu leysanın yuduğu

    İzin hansı sənindi?

    O çoxdan unutduğum

    Sözün hansı sənindi?

    Qapqara təbəssümün

    Nədən his çəkib belə?

    İçində yaxşı nə var

    Nə vaxtdan dönüb külə?

    Öldür yadıma gəlmir

    Səni harda görmüşəm.

    İnan ki, xatırlasam

    Demək mən də ölmüşəm.

  • Şəfa VƏLİYEVA.”Açın qapıları, küssün açarlar”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Açın qapıları, küssün açarlar,

    Kəsilsin ümidi barmaqlıqların…

    Yıxın hasarları,

    Kəsə yol tapsın

    Gücünü çəlikdən uman qocalar…

    Dələlər, sərçələr utanmasınlar

    Yuvadan yayılan zümzümələrdən…

    Tutuşun əl-ələ,

    Qaçın bu küçədən,

    Pozun qaydaları,

    Yazın sevgini

    Bütün şəhərlərin elanlarına…

    Sonra da unudun, unudun məni,

    Yazın xatirəmi yaddaşsızlığa;

    Kirayə ev gəzən tüm şairlərin

    İntihar eyləyən misralarına…

    (2020)

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib.

    Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, müstəqilliyin bərpası günündə həmin günün ideallarına tamamailə cavab verən bir əsərin müzakirəsini keçiririk. Bu bizim görkəmli şairimiz Zahid Xəlilin “Dəmir yumruq dastanı”dır. Adından da göründüyü kimi “Dəmir yumruq dastanı” Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Qarabağda baş verən hadisələr, nəhayət, ölkəmizin Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağda erməni işğalçıları üzərində tarixi zəfərin qazanılmasına həsr olunub. Bu kitab ideyası və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf etdirilməsinə, bugünkü günün ideallarına tamamilə cavab verir. Zahid Xəlil Azərbaycanda uşaq ədəbiyyatının yaranması və inkişaf etdirilməsində böyük xidmətləri olan şairdir. Zahid Xəlil sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycanda uşaq ədəbiyyatının inkişaf etdirilməsinə böyük töhfələr vermişdir. Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının digər istiqamətləri ilə yanaşı, uşaq ədəbiyyatı sovet dövründə daha az siyasiləşmiş, idealogiyaya daha az yönəlmiş bir ədəbiyyat kimi formalaşmışdır. Uşaq ədəbiyyatı sahəsində on görkəmli şairimizin içərisində Zahid Xəlil də Azərbaycanda uşaq ədəbiyyatını formalaşdıran, inkişaf etdirən, zənginləşdirən, irəli aparan sənətkarlarımızdandır.

    Zahid Xəlil əsasən şeir yaradıcılığı ilə məşğul olur, lakin onun uşaqlar üçün yazdığı nağılvari süjetləri əks etdirən nəsr əsərləri də özünəməxsus dilə, üsluba, orijinal bədii keyfiyyətlərə malikdir. Onun tərcümə və uşaq ədəbiyyatının tədqiqi sahəsində də xidmətləri var. Yəni uşaq ədəbiyyatı anlayışını əhatə edən atributların bütün istiqamətində Zahid Xəlilin böyük əməyi, ciddi fəaliyyəti və uğurları vardır. Uşaq ədəbiyyatına həsr edilmiş ömür uşaqlara həsr edilmiş ömürdür. Uşaqlara həsr edilmiş ömür isə ölkənin gələcəyinə həsr edilmiş ömürdür.

    “Dəmir yumruq dastanı” Qarabağ savaşında – Vətən müharibəsində  Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərə həsr olunmuşdur. Dəmir yumruq ümumiləşmiş şəkildə ölkə Prezidenti cənab İlham Əliyevin obrazıdır. Əsər “Dəmir yumruq dastanı” adlandığı üçün dastan poetikasının prinsiplərinə əsasən şeirlə nəsrin növbələşməsindən yaranmışdır. Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin bərpası günü bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin.

    Sonra filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Şöhrət Məmmədova “Zahid Xəlilin yaradıcılığı”, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Dəmir yumruq” əsəri vətən müharibəsinin bədii salnaməsi kimi”, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Dəmir yumruq” haqqında dastan – uşaqlara zəfər töhfəsi”, Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə “Dəmir yumruq dastanı”nda folklor motivləri mövzularında məruzə ediblər.

    Digər iştirakçılardan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu, professor Rafiq Yusifoğlu çıxış edərək, müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Yeni “Yarasa adam”da superqəhrəmanı Robert Pattinson canlandıracaq

    “Warner Bros. Pictures” şirkəti ilk dəfə superqəhrəmanı canlandıran Robert Pattinsonun iştirakı ilə “Yarasa adam” filminin treylerini yayımlayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, şirkət treyleri öz sosial şəbəkələrdəki hesablarında yerləşdirib.

    Treylerdə yarasa adamdan başqa, Selina Kaylı (pişik adam), pinqvin və tapmaca deyən obrazlarını da görmək olar.

    Mett Rivzin rejissorluğu ilə çəkilən “Yarasa adam”da, həmçinin Zoy Kravits, Pol Dano, Kolin Farrell, Ceffri Rayt, Con Turturro, Endi Serkis və başqaları rol alıb.

    Mənbə: https://azertag.az/

  • Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

    Noyabrın 6-da Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılacaq.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə təşkil olunacaq.

    Xətai Sənət Mərkəzində açılacaq sərgidə 100 əsər nümayiş ediləcək. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif olunacaqlar.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • İsveçrədə üzərində “Xarıbülbül” əks olunmuş poçt markası buraxılıb

    İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.

    Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcəkdir. Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcəkdir.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Bern

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada Müstəqilliyin Bərpası Günü ilə bağlı sərgi hazırlanıb

    Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

    Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müstəqilliyimizin bərpası ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri təşkil ediləcək

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə oktyabrın 20-dən 23-dək bu ölkənin Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, layihəyə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə bu vilayətlərin rəhbərlikləri dəstək göstərir.

    İlk olaraq Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nukus şəhərindəki Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında rəsmi açılış mərasimi keçiriləcək, Azərbaycan sənətçilərinin iştirakı ilə bədii proqram təqdim olunacaq. Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı da nəzərdə tutulub.

    Tədbir çərçivəsində Nukus Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, Azərbaycan milli geyimlərinin təqdimatı, kitab sərgisi, yeni Azərbaycan filmlərinin nümayişi olacaq.

    Özbəkistanın Xarəzm vilayətinin Xivə və Urgənc şəhərlərində də Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.

    Urgənc Dövlət Musiqi və Dram Teatrında Azərbaycan – Özbəkistan Dostluq Konserti təşkil olunacaq, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın, saz ustalarının, Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.

    Urgənc Dövlət Universitetində “Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələr: perspektivlər” mövzusunda konfrans, AMM-nin layihəsi ilə Özbəkistanda Azərbaycana dair özbək dilində nəşr olunan kitabların sərgisi təşkil olunacaq.

    Tədbirlər çərçivəsində Nukus və Xivə şəhərlərində Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığına həsr edilən “Oltin koprik: Qızıl körpü” adlı sənədli film və “Dostluğun mədhi” musiqi klipinin nümayişi baş tutacaq.

    Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunacaq.

    Qeyd edək ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevanın iştirakı nəzərdə tutulub.

    Tədbirlərdə Qənirə Paşayevanın Özbəkistana səfərlərini əks etdirən “Addım -addım Özbəkistan” kitabının təqdimatı keçiriləcək.

    Qulu Kəngərli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Daşkənd

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Ələsgərov Arif Məmməd Hüseyn oğlu

    İsgəndərov Zeynalabdin Əli oğlu

    Qurbanov Eldar Hacı Baba oğlu

    Məmmədov Tahir Hidayət oğlu

    Rzayev Asif Hüseyn oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Emil İnqlab oğlu

    Abbasova-Budaqova Afaq Nurəhməd qızı

    Abdullayev Samir İmran oğlu

    Babayeva İnarə Əhməd qızı

    Bağırzadə Bəhram Arif oğlu

    Dadaşov Faiq Nadir oğlu

    Əliyev Ələkbər Hüseynbala oğlu

    Əliyev Kənan Sabir oğlu

    Əlizamanlı Şəmistan Hüseyn oğlu

    Fətəliyev Zakir Məhərrəm oğlu

    Hacıyev Faiq Əjdər oğlu

    Heydərova Ülviyyə Sədaqət qızı

    Həsənzadə Nigar Ağa qızı

    Hüseynov Rəsul İsmayıl oğlu

    Hüseynova Nuriyyə İsmayıl qızı

    Xəlilov Bəhram Fərhad oğlu

    İbrahimova Nigar Rəfael qızı

    İmaməliyev Nəriman Məcid oğlu

    İmanov Cabir Qorxmaz oğlu

    İmanov Tahir Qorxmaz oğlu

    İsayev Pünhan Baba oğlu

    Kərimov İmran Mustafa oğlu

    Korovin Vadim Arnoldoviç

    Qasımova Fərqanə Alim qızı

    Mansurov Ənvər Arif oğlu

    Məhərrəmova Aytən Əhliman qızı

    Məmmədov Nəriman Qəhrəman oğlu

    Məmmədzadə Azər Arif oğlu

    Mirsəlimov Mehti Ramiz oğlu

    Rəhmanov Nazim Şamil oğlu

    Rzayev İbrahim Şarza oğlu

    Rzazadə Xəyal Məhəmməd oğlu

    Tağıyev Qəhrəman Fərman oğlu

    Topçiyev Emil Namik oğlu

    Vaynşteyn Timur Leonidoviç.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 oktyabr 2021-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq rəssamı”

    Alimirzəyev Əlyar Alimirzə oğlu

    Haqverdiyev Hüseyn Həsən oğlu

    Rəcəbov Aydın Məmmədağa oğlu

    “Əməkdar artist”

    Abasquliyev Rza Həsənağa oğlu

    Axundov Mahir Mikayıl oğlu

    Barateliya Naala Raulyevna

    Cəlilov Xəqani Nadir oğlu

    Əliyev Fərid Aydın oğlu

    Hacıyev Fuad Əhəd oğlu

    Hüseynəliyev Elton Əşrəf oğlu

    Hüseynova İlahə Həsən qızı

    Xəlilova Səadət Namizəd qızı

    Məmmədov Xəyyam Əhrar oğlu

    Mikayılov Anar Şamil oğlu

    Mirzə Kazım Həsən oğlu

    Mirzəyeva Vəfa Rafiq qızı

    Motorina Yuliya Alekseyevna

    Mürsəlov Neymət Məzahir oğlu

    Nisanov Xəyyam Aleksandroviç

    Osmanov Elizbar Əbülfəz oğlu

    Rza-Zadə Azər Zaur oğlu

    Salmanov Nicat Fərhad oğlu

    Seyidova Ceyla Uran qızı

    Səfərəliyeva Məlahət Nəcəf qızı

    “Əməkdar rəssam”

    Babayev Fikrət Həsən oğlu

    Cabarov Rəşad Emin oğlu

    Əhməd Faiq Nazim oğlu

    Ələkbərov Rəşad Böyükağa oğlu

    Əliyev Vüqar Əli oğlu

    Hacızadə Rövşən Kamal oğlu

    Həsənov Şamil Məmməd oğlu

    Hüseynov Pərviz İldrım oğlu

    Mehtiyev Zakir Tahir oğlu

    Məmmədov İsa Məmməd oğlu

    Rüstəmov Aslan Mahmud oğlu

    Şixəliyev Adil Həmdulla oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Allahverdiyev İbad Məhəmməd oğlu

    Eldarova Lalə Ömərovna

    Əhmədzadə Natiq Nazim oğlu

    Hacı-Mustafazadə Hüseyn Tofiq oğlu

    Kazımov Bəhmən İsa oğlu

    Qardaşbəyova Nazilə Adəm qızı

    Paşayev İlqar Əli Abas oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 oktyabr 2021-ci il

    Mənbə: https://president.az/