Nə qədər ağırdı səndən ayrılıb
Başqa bir iqlimə səfər eləmək.
Sonra da hardasa könlümü alıb
Bir qəlb ağrısıyla “darıxma” demək.

Ayrılıq qəm verir,görüş səadət,
Qəmi də sən verdin səadət kimi.
Yaraşır insana məncə,ey afət,
Qəm də bir mənəvi ləyaqət kimi.

Üşüdür ruhunu nəfəsi qışın,
Bəzən bir paxılın buz baxışı da.
Bəzən bir həyasız geriqalmışın
Təkidlə özünə çağırışı da.

Sirli, maraqlıdır bu dünya,gülüm,
Mənim ömrümdə də qışım-yazım var.
Bəzən bu dünyaya min təşəkkürüm
Bəzən bu dünyaya etirazım var.

O sənin hüsnünə yaraşıq verir,-
Mənim ürəyimə od salmaq üçün.
Gülü də tikanla qarışıq verir,-
Hüsnə, xasiyyətə mat qalmaq üçün.

Susuram yanında gör nə zamandı,
Ayrılıq dəmində şikayətə bax.
yanında qalmağım guya asandı
Sən mənə səbr ver, ey ana torpaq!