Blog

  • Xalq yazıçısı Sabir ƏHMƏDLİ.”Dərs”

    Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər.


    İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin Kiyev prospekti ilə kəsişdiyi yerdən avtomat atəşi qopmuşdu. Nəqliyyat işləmirdi, avtobus yox idi, deməli, piyada gəliblər.
    — Nə atışma idi? — direktor soruşdu.


    Müəllimin dilli-dilavəri söylədi:
    — Tankdan atırdılar, tankın üstündə soldatlar vardı. Yerdə də atırdılar. Kimə atırdılar, nə üçün atırdılar, bilmək olur ki?! Bir «Jiquli» ötdü, onu vururdular, yoxsa küçədə kimisə…
    — Hara gəldi, atırlar, — dedi, — bu biri müəllim dedi.
    — Heç ağlımıza gəlməzdi. Gündüzün günortasında bu qudurmuşlar… belə iş tutarlar. Bir də gördük, lap yaxınlığımızdaca şilədilər. Qaçıb birtəhər yaxındakı evin blokuna girmişik, neçəsi dükana, mağazaya soxuldu.
    — Xətər yetirmədi?
    — Vallah, bilmədik. Ötüb getdilər, biz də evlərin arası ilə qorxa-qorxa gəlmişik… Lap quduzlaşıblar. Ağına-bozuna baxmadan atəş açırlar. Qurtarmadı, qırdılar, ürəkləri soyumadı?


    Direktor çönüb getdi və sifariş göndərib məktəbə gətirdiyi müəllimlərin bu hala düşməyində özünü təqsirkar bilsə də, üstünü vurmadı.


    Müəllimlər direktorun ardınca içəri keçdilər.


    Direktor «dərsə davamiyyət» adı altında bir ayaqüstü yığıncaq keçirəndə, iki rəfiqədən biri dilləndi:
    — Nəqliyyat işləmir. Yollar qarışıqdır. Belə halda körpə uşaqların məktəbə gəlməyi təhlükəlidir.
    — Hələ atışma da gedir bəzi yerlərdə.
    — Alatavada bərk atışma olub. Elə ev yoxdur ki, ona bir xətər çatmasın. Neçəsini Şəhidlər Xiyabanında dəfn ediblər…
    — Məktəb işləməli, dərs keçilməlidir. Məsələ belə qoyulmuşdur. Xalqımızın başına müsibət gəlmişdir. Haqsız yerə qan tökülmüşdür. Evlərdə yasdır. Lakin bu bizim ruhumuzu öldürməməlidir.


    Hamı bilirdi: komendant kəskin şərt qoymuşdu. Bütün maarif müəssisələri, uşaq bağçaları, körpələr evi işə başlamalıdır. Uşaqlar məktəbə gəlməli, bağçaya, körpələr evinə verilməliydi ki, valideynlər zavodlara, dəzgah arxasına getsinlər. Xəbərdarlıq edilmişdi: kim, hansı məktəb işləməsə, Bakı komendantlığı bunu itaətsizlik təki qiymətləndirəcək və həmin məktəb, həmin maarif şöbəsi barədə ölçü götürüləcək.

    Direktor müəllimlərdən rica etdi, yalvardı. Qorxurdu; vəzifədən çıxarılar, partbiletini alarlar.

    — Ay yoldaş direktor, sən niyə əsirsən? Partbiletlərdən Mərkəzi Komitənin qabağında tonqal qalamışdılar.

    Haradasa atışma olur, avtomat şaqqıldayırdı. Kimi isə ötdüyü yerdəcə gülləyə qurban edirdilər… Hər gün Şənbə gecəsinin bir-birindən müdhiş sorağı söylənirdi. İkinci növbənin uşaqlarının gəlişi daha çətindi, axırıncı dərs qaranlığa düşürdü. Gülzar müəllimənin sinfi ikinci növbə idi.

    — Sənin uşaqların gəliblər! — dedi direktor, ürəyində müəlliməyə minnətdarlıq oyandı. Tapşırıq belə idi: söhbət aparın, uşaqları sakitləşdirin. Qaranlığa saxlamayın.

    Guya, uşaqlar hamısı birdən itirilərdi, guya, onların bəstəboy, istəkli müəllimələri bir yayğın güllədən ölər, yaralanardı. Bəs niyə soraq tutmayıblar bu neçə gündə? Nə onlar bundan, nə bu onlardan.

    Otuz iki uşaqdan on səkkizi gəlmişdi. Gəlməyənlərin yeri boşdu, sinif, boş qalmış partalar ah çəkirdi elə bil.

    — Necə gəldiniz, uşaqlar? — soruşdu müəllimə. Elə bil nə qanlı atışmalar olmuşdu, nə bir həftə məktəbə gəlməmişdilər. Müəllimə həminki geyimində, sual da həmin ahənglə. Ona görə də uşaqlar çaşdılar.

    Müəllimə sinfin ən danışqan oğlanına göz qoydu. Hə, bu başlasa, qatıb-qarışdıracaqdı. Amma hamı bilirdi ki, müəllimə onu çox istəyir, həm də sinifdə haçan nə baş versə, Gülzar müəlliməyə hamanca çatdıran bax bu cıbıldız Məqsəd olurdu.

    — Mən, Aydın, Sənubər bir gəlmişik, müəllimə.

    — Sakitlikdirmi sizin məhlədə?

    — Müəllimə, müəllimə! Bizim qapının lap ağzında… bir tank dayanıb.

    — Bəs Sona niyə gəlməyib? — müəllimə Məqsədlə bir partada oturan qızı soruşdu.

    Kimsə dilləndi, qəhərdənmi, qorxudanmı sinfə göz dolandırdı. Məqsəd dil-dodağı təpimiş halda tezcə dedi:

    — Onun… müəllimə, Sonanın qardaşı ölüb!

    İlk partada təkcə əyləşmiş Zivər soruşdu:


    — Siz Şəhidlər Xiyabanına getməmisiniz, müəllimə? Sonanın qardaşını orada dəfn ediblər. Şəkli də qəbrinin üstündə.

    Bundan sonra hamı susdu. Müəllimənin indi ağlına gəldi; onun uşaqlarının əgər yaxın bir kəsi həlak olmuşdusa, bir dəqiqə sükutla ayağa qalxıb dayana idilər. Bax bu düz olardı.

    İndi müəllimə başqa boş partalara baxmaqdan çəkinir, soruşmaqdan yayınırdı.

    — Qədirin də əmisi Tiflis prospektində tankın altında qalıb, — dedi Məqsəd. — Geri qanrılıb arxasındakı boş partaya vurdu əlini.

    Uşaqlar baxdılar müəlliməyə, müəllimə qaldı nə desin. Balacaların ürəkləri dolu idi, gözləri uşaq qəlbinin çəkə bilməyəcəyi ağrıdan, qorxudan böyüyüb, eləcə donuqlaşmışdı.

    — Müəllimə! — dedi, — qəzetlər düz məlumat vermir. Yalnız Bakıda ölənlərin sayı üç yüzdən çoxdur! Komendant gizlədir.


    Atam deyir, əgər toqquşmada ölənlərin sayı yüzdən artıq olsa, gərək bu işə BMT-də baxılsın.

    Məqsəd tezcənə yerindən atıldı:

    — Mən öz gözümlə görmüşəm, müəllimə, atam canı, and olsun Allaha, öz gözümlə gördüm! Yalan demirəm. Niyə yalan deyirəm? Budur… — deyib çantasını dartışdırdı. Əlini soxub oradan qəzetə bükülmüş bir şey çıxartdı. Bir əlin gücü çatmadı, iki əliylə yapışdı; çantaqarışıq, birlikdə götürüb partadan çıxdı. İcazəsiz cumdu müəllimənin masasına. Əllərini soxub bürməni çıxartdı, taqqıltı ilə qoydu sinif jurnalının üstünə.

    Hamı boylandı, müəllimə ehmalca qəzet bükülüsünü araladı, açdı.

    — Bu nədir, Məqsəd?

    — Bunları tankdan atırdılar! Hə, bizim küçədə çoxdur. Eləsi vardı, qana bulanmışdı. Onu gətirmədim. Evdə neçəsi var. Məhlədən yığmışıq.

    Doğrusu, tankların daş atmağı müəlliməyə də uydurma təki gəldi.

    Bir qarış uzunu, biləkdən yoğun lülə-daşdı. İki başdan mişarla kəsilmişdi. Müəllimə onu tərpətdi, qaldırmaq istədi, ağırdı. Bir daş parçasını tək əllə qaldıra bilməyəcəyindən utanıb, ikiəlli də qaldırmadı. Hamar daş lüləsi təkər təki masa üstə dığırlananda, Məqsəd yenidən atılıb daşı saxladı. Düşsə, bircə adamın ayağına toxunsa, sındıracaqdı. Çox ağırdı, elə bil içinə qurşun doldurmuşlar.

    — Müəllimə! Onu mən gətirmişəm… — bilirdi, müəllimə nigarandı. Məqsədin bu ağırlıqda daşı çantasına qoyub, uzun yolu piyadaca gətirməkdə məqsədini soruşacaqdı. Bu uşaq soruşmazdan cavab verdi — … sərgimizə qoyacağıq!

    Hə, məktəbdə hər sinfin sərgi guşəsi vardı. Tapdıqları, düzəltdikləri maraqlı əşyaları oraya qoyur, saxlayırdılar.

    — Bir də müəllimə, mən bir bayatı yazmışam.


    — Get əyləş, — dedi müəllimə. Məqsəd daşmərmisini masanın üstə qoyub qayıtdı yerinə.

    — Uçastkovumuzu da öldürüblər, müəllimə!

    Müəllimə istədi desin bilirəm. Bayaq kimdənsə eşitmişdi.

    Uşaq elə bil qəsdən, bir də söylədi:

    — Bizim məktəbə gəlirdi, ha! Kök kişi idi. Buraya baxırdı, bizim məktəb onun sahəsi idi.

    — Müəllimə, bilirsiniz, necə olub?.. Bir oğlan keçirmiş. Soldat yaxınlaşıb qabağını kəsib. Avtomatın qundağı ilə elə vurub ki, oradaca yıxılıb yerə. Sahə müvəkkili öz maşınında ötürmüş oradan. Saxlayıb maşını, düşüb gəlib. Görüb… soldata deyib, niyə vurdun onu?! Soldat avtomatı çevirib, uçastkovunun da ortasından… iki güllə vurub. Dünən olub, müəllimə.

    Axırıncı dərsləri keçmədilər ki, uşaqlar qaranlığa düşməsin. Belə dərsin bircəsi də bəsdi.

    Çən-çiskinli havada müəllimə öz sinfi ilə birgə çıxdı. Düşdülər, müəllimə onları böyük işlək yolun o tayına keçirdi, dönə-dönə tapşırdı.


    Alatavada uşaqlar keçmiş daş karxanasının yerində törənmiş Qanlıgölün yaxınından keçən torpaq cığırla uzaqlaşdılar. Tez getdilər. Yüngülləşmişdilər. Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri, qəlpə qırıqlarını, daş mərmiləri buradaca töküb vermişdilər məktəbə. Direktorun göstərişi vardı: atışmadan nə düşüb, nə qalıbsa, gətirsinlər.

    Bir neçə də maşın gəlmişdi məktəbin qapısına. «Moskviç», «Jiquli»lərin qanadı əzilmiş, burnu ovulmuşdu. Salamat olanı da vardı, amma onların da elə içi düşmüşdü. Zədələnmiş qol-qanada, qapıya astar taxılmışdı. Gün ötəcək, quruyacaqdı. Üstdən öz rəngi çəkiləndə sezilməyəcəkdi.

  • Xalq yazıçısı Qılman İLKİN.”İntiqam”

    Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? – fikirləşdi, – tək-tənhamı qalmışıq bu cəhənnəmdə? Yəni camaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox, bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. Yoxsa ermənilər başlarının üstünü elə alıblar ki, hərəsi ağzını bir səmtə tutub, qaçıb? Əlləri heç yerə çatmayıb?” Xəzəngül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilir ki, hərəsinin bir çətən uşağı var. Bu mərəkədə hamı öz başının hayında olub.

    Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Çünki bütün gecəni bir dəqiqə belə çimir vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqəbədəqiqə gözləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaqlar. Zavallı körpə də sübhədək kiriməmişdi.

    Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının sızıltısı ilə ara-bara vermişdi. Baldırının sallana qalmış ətini yerinə yapışdırıb, üstündən bərk-bərk sarısa da ağrısı kəsmirdi. Qanı hələ də sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gəldi. Canını dişinə tutaraq, yenə pəncərəyə tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Aşağılarda qoşa çinar tərəfdəki bütün evlər alov içində idi. Uçuq daş-divardan qalxan toz-torpaq buludları yanğının tüstülərinə qarışaraq, burula-burula onlara tərəf yayılırdı. Birdən eşiktərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzəngül yaxınlıqda erməni danışıqlarını aydın ayırd eləyə bildi. Bundan dəhşətə gəldi: “Aman Allah, ermənilər kəndə giriblər”. Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşikdən qaldırıb sinəsinə basdı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Xəzəngülün ürəyi sanki sinəsindən qopub, boğazında çırpınırdı.

    Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir

    anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomatları düz Xəzəngülə tərəf tuşladılar. Uzandığı yerdə sanki daşa dönmüş Xəzəngülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmədi. yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi:

    – Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı. Bunu deyərək, Xəzəngülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzəngülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi:

    – Belə de. Demək, buna görə qaçmamısan.

    O, Xəzəngülün açıqda qalmış dizlərini ehtiraslı gözləriylə süzəndə Xəzəngül güc-bəla əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində yenə iyrənc bir istehza duyuldu:

    – Ay yazıq, niyə gizlədirsən? Onsuz da bir matah deyilsən. Dişə dəyən olsaydın, çoxdan qaçıb getmişdin.

    Sonra avtomatlarını çiyinlərindən çıxarıb, otağın künc-bucağını axtarmağa başladılar. Hər yeri eşib tökdülər. Yoldaşının “Sarik” çağırdığı yaşlı erməni dedi:

    – Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada gizlədib.

    Cavan oğlan yenə Xəzəngülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu:

    – Axçi, de görüm, qızıllarınızı harada gizlətmisən?

    Gözləri hələ də bərələ qalmış Xəzəngüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bil boğazında ilişib qalmışdı.

    – Hə, dinsənə, cavab ver.

    Xəzəngül, nəhayət, səsi boğazından tıxana-tıxana dedi:

    – Bizim qızılımız yoxdur.

    – Yalan deyirsən. Qızılların yerini de. Görürəm, sırqalarını da çıxarıb gizlətmisən.

    – Bizim qızılımız yoxdur, – Xəzəngül yenə təkrar etdi, inanmırsan axtar bax.

    Yoldaşı soruşdu:

    – Hə, nə deyir?

    – Deyir ki, qızılımız yoxdur.

    – Zərər yoxdur. Özümüz axtarıb taparıq. Müsəlman ola, qızılı olmaya. Gəl bəri, özümüz taparıq.

    Levon Xəzəngüldən uzaqlaşanda onu hədələdi:

    – Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına nə oyun açacağam. 

    Onlar yenə də otağı eşələməyə başladılar. Bütün boğça-bağlamalar açılıb, evin içərisinə səpələndi. Əllərinə qiymətli bir şey keçməyəndə burunlarının altında ev sahibinin ünvanına söyüş yağdırdılar. Quldurların hündürdən danışmalarından körpə ağlamağa başladı. Anası onu hər vasitə ilə sakitləşdirməyə çalışırdı. Ermənilər otaqda bir şey tapmadıqda aynəbəndə çıxdılar. Bir azdan orada sındırılan qab-qacaq səsindən körpə daha da vahimələnib, səsini ucaltdı. Oradan cavan erməninin səsi eşidildi:

    – Axçi. Ay it qızı, onun səsini kəsə bilmirsən?! Bacarmırsansa, bu saat gəlib bir güllə ilə susduraram.

    Bu sözlərdən bütün otaq Xəzəngülün başına hərləndi. Ona elə gəldi ki, quldur indicə içəri keçərək, balasını qanına qəltan edəcəkdir. Əlləri əsə-əsə körpəsinin ağzını yumdu. Balası isə nəfəsi darıxdığından ayaqlarını çırparaq, ağlamağında davam edirdi. Çarəsi kəsilən ana təzədən döşünü onun ağzına saldı. Körpə axır ki, içini çəkə-çəkə anasını əmməyə başladı.

    Bayırdakı yanğının isti nəfəsi içəri dolub, onların nəfəsini tıxayırdı. Görünürdü ki, yanğın onlara lap yaxınlaşıb. Xəzəngül başa düşdü ki, yanan onlarla qapıbir qonşu olan Səfər kişinin ikimərtəbəli mülküdür. “Görünür ki, – fikirləşdi, – bizi də evqarışıq yandırmaq niyyətindədirlər”. Ancaq bununla belə təskinlik verirdi ki, ermənilər tez evdən çıxıb getsələr, birtəhər sürünüb, körpəsi ilə birlikdə eşiyə çıxa bilər. Quldurlar aynabəndi axtarandan sonra təkrar otağa qayıtdılar. Otağı yenə ələk-vələk elədilər. Bir yer qalmadı ki, burunlarını soxmamış olsunlar. Birdən gözləri üstünə köhnə palaz parçası salınmış oturacağa sataşdı. Bu, əslində köhnə bir sandıqdı. Əri Cahangir Gədəbəyə getməmişdən qabaq ondan oturacaq kimi istifadə edirdi. Belə baxanda heç kəs deməzdi ki, köhnə palaz parçasının altında kətil deyil, sandıqdır. Xəzəngül bütün pal-paltarını onun içində saxlayırdı. Orada elə bir paltar vardı ki, heç qatı açılmamışdı. Bir dəfə də olsun, əyninə geyməmişdi. Yaşlı erməni oturacaqdan şübhələnib, yaxınlaşdı. Köhnə palaz parçasını çəkib yerə saldı. Onun altındakı sandığı görüb, sevincək qapağını qaldırdı. Sandığın içindəkiləri görəndə gözləri bərələ qaldı.

    – Levon, buraya gəl! Xəzinə tapmışam.

    Sandıqdakı pal-paltarı bir-bir çıxarıb, otağın içərisinə səpələdilər. Cavan erməni üzünü Xəzəngülə tərəf keçirib dedi:

    – Ay it qızı, belə pal-paltarı olanın qızılı olmaz?! Sənin dərini soyacağam qızılların yerini deməsən. Heyif qızlığın əlimə keçməyib, başına bir oyun açardım ki, gözlərin kəllənə çıxardı. İndi isə elə kifirsən ki, heç üzünə tüpürmək istəmirəm.

    Yaşlı erməni dinmədən tələsik yerə sərilmiş pal-paltarı, Xəzəngülün qəddi açılmamış donlarını, koftalarını, baş yaylıqlarını kisəyə doldurdu. 

    Bayırda maşın səsi eşidilən kimi kisəni dalına alıb çıxdı. Cavan erməni isə hələ də axtarırdı. Avtomatının qundağı ilə divarları, döşəmənin taxtalarını döyəcləyir, hər yerdə qızıl axtarırdı.

    Sonra yaxınlaşıb Xəzəngülün başı üstündə ağac kimi bitdi. Ehtiraslı gözlərini onun sinəsinə zilləyib, beləcə durdu. Xəzəngül yorğanını bir az da yuxarı çəkib, sinəsini örtdü.

    – Aç sinəni. Matah şeyin var ki, bir gizlədirsən də.

    O, əlini atıb, yorğanı güclə onun sinəsində aşağı çəkdi. Sonra yanındakı körpəni qaldırıb, onun ayaqları altına atdı.

    Xəzəngüldən acı bir fəryad qopdu. Bayırdakı erməni həyəcanla içəri girdi:

    – Levon, nə eləyirsən? – soruşdu.

    – Heç. Sən işində ol. Mən onun dilini açacağam.

    Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları və Xəzəngülün heç geymədiyi iki cüt ayaqqabını və başqa xırım-xırda şeyləri də kisəyə doldurub çıxdı. Xəzəngülün ayaqları altına atılmış körpə az qala özünü yırtırdı. Ana əyilib onu qaldırmağa cəhd etsə də, bacarmadı. Levon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdisə, əlini atıb Xəzəngülün əynindəki köynəyi iki yerə parçaladı. Qadının açıq döşləri aşkara qaldı. Xəzəngül qollarını sinəsində çarpazlayıb, döşlərini örtdü.

    – Qızılların yerini deyəcəksən, ya yox?

    – Dedim ki, bizim qızılımız yoxdur.

    – Yalan deyirsən!

    – Allah haqqı, düz sözümdür.

    – Sizin Allahınızı da… indi deyərsən.

    O, kəmərə bağladığı bıçağını çıxarıb yorğanın üstünə atdı.

    – Al, öldür körpəni öz əlinlə. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Boğazını üzməlisən.

    Xəzəngül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan səsi xırıldayan körpəni görməsəydi, ona elə gələrdi ki, yuxu görür. Yox, yox. İnsan övladı bu sözləri dilinə gətirə bilməz. Bu, ancaq heyvan bağırtısıdır. O, cəhənnəmdə idi. Ona əmr eyləyənsə Əzrayıl idi. Aman Allah, kaş onun özünü öldürəydi. Körpəsinin qətlini gözləri ilə görməyəydi. Kin, qəzəblə dolu quldur gözləri ilə, mərhəmət gözləyən kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zillənmişdi. Biri qana hərisdi, o birisi isə məsum bir körpənin keşiyində durmuşdu. Kim kimi yeyəcəkdi?

    Araya çökən sükut erməninin səbrini tükəndirdi. Əlini uzadıb, Xəzəngülün döşlərini örtmək üçün sinəsində çarpazladığı qollarını araladı. 

    – Deyəcəksən, ya yox?”

    Xəzəngül var gücü ilə çırpınıb, erməninin əlindən xilas oldu və ağzını doldurub, onun üzünə tüpürdü.

    – Alçaq! – dedi.

    Erməni tövrünü pozmadan üzünü sildi.

    – Gördün ki, mən sənin hərəkətini necə qəbul eylədim. İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit dura biləcəksən. Götür bıçağı.

    Xəzəngül onun niyyətini qabaqcadan başa düşdü. Körpəsini öz əlilə ona öldürtmək istəyirdi. Buna görə ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb, öz hökmünü verdi.

    – Körpəni ver mənə. Mən əyilə bilmirəm.

    Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb, diqqətlə ona baxdı.

    – Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə sakit doğmuşamsa, eləcə də sakit öldürəcəyəm.

    Levon uşağı götürmək üçün Xəzəngülün ayaqlarına tərəf dartınarkən, Xəzəngülün qarşısında qəribə bir mənzərə açıldı: erməninin kürəyi Xəzəngülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allahı köməyə səslədi və bir anı belə itirmədən bıçağı elə bil hardansa qüvvə almış əli elə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb, üzüüstə düşdü. Sonra bıçağı kürəyindən çıxarmağa çox cəhd etdisə də, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzüüstə Xəzəngülün yorğanı üstə düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzəngül donub qalmışdı. İnana bilmirdi ki, bu işi o tutmuşdur. Belə bir gücü o hardan ala bildi? Bir azdan yaşlı erməni yüyürə-yüyürə içəri girdi.

    – Levon, nə olub? – soruşdu.

    Levonun kürəyinə sancılmış bıçaqla üzüüstə düşdüyünü görüb, bir anlığa özünü itirdi. Yoldaşına kömək eyləyib, kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə bayıra yüyürdü. Xəzəngül isə daş heykəl kimi donub qalmışdı, nə bir şey duyur, nə də bir şey eşidirdi. Ağlamaqda davam edən körpəsinin səsinə də sanki biganə kəsilmişdi. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca onu nişan alıb atəş açdı. Bundan sonra araya sükut çökdü. Yaşlı erməni Livonun yanına yüyürdü. Xəncəri onun kürəyindən çıxartdı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa, ondan cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzəngül daha eşitmədi.

  • Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)

    Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey idi…

    Yoldaşlar arasında çox vaxt Azadı öz adı ilə çağırmazdılar. Dinməzliyinə görə ona sükuti deyirdilər…

    O, dünyaya gəldiyi zamandan xoş bir gün görməmişdi… Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış köhnə həsir… Gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan bir ay əvvəl atası ölmüşdü. Anası səlimə xala evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü… Dünyada yeganə ümidi və həyatının məqsədi o idi.

    Yaxşı yadımdadır… Bizim beş-altı yaşımız olanda hər axşam səlimə xala yatmamışdan qabaq bizə nağıl danışardı… Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı…

    Bir dəfə adi payız axşamlarından birində o bizim başımızı dizi üstə alaraq yenə həzin-həzin oxuyur, söylənir, mahnılar deyirdi. Yarpağı tökülmüş ağaclardan, qərib və yuvasız quşlardan, arxlara dolmuş xəzəllərdən danışır, tez-tez Azadın adını çəkir, gah da əyilib üzündən öpürdü. Mən yuxuya getdikcə onun uzaqlardan gələn səsini eşidirdim. Qulağıma kəsik-kəsik sözlər gəlirdi: “Tək balam, yuvamın quşu balam… yurdumun daşı balam…”. Azad isə sakit-sakit yuxulayırdı.

    İki il o mənimlə bir yerdə məktəbə getdi. Orada da Azad heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynadığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Doqquz yaşı olanda anası onu oxuda bilməyib, məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsində kiçik bir dərzi dükanında şagirdliyə düzəltdi.

    İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim dostluğumuz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni qəzəbləndirdiyi halda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.

    Acıqlı olduğu günlərdən biri yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab[1] bizi evdən qovmaqla təhdid etmişdi[2]. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.

    – Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, danişgahda[3] oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi də işləməyəndə, mən nə zaman işləyəcəyəm?!

    O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işinə məşğul oldu… Söz bura çatan kimi, o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi…

    – Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var… Kim bilir, bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq… Bu iyirmi dörd ildə biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. Yaşaayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya aclıqdır… Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi[4] götür… Bir heyvanın həyatı onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur. Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa min cür əziyyət verirlər… Mən ki belə həyatı istəməzdim… Bir iş görmək istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsünlər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm… Heç olmasa ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı rəhmətlə çəkərlər!

    Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu… Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim… O, yerindən tərpənmədi, mən onun üzünə baxıb acıqla dedim.

    – Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü? Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq… Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar… səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı… Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı… Allah rəhmət eləsin!

    Özümü dükandan küçəyə atarkən onu səsini eşitdim.

    – Fərda, Fərda!..

    Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolaşdım. Evə qayıdan zaman düşünürdüm ki, yəqin, indi şeylərimizi həyətə atmışlar. Anam astanada oturub məni gözləyirdi.

    – Nə var, ana, hələ ərbabın adamı gəlməyib ki?..

    – Gəlmişdi, oğul.

    – Nə dedi?

    – Nə deyəcək, pulunu alıb getdi.

    – Pulu haradan tapdın, ana?

    – Necə haradan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.

    Mən barmağımı dişlədim. anamın qolundan tutb içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən günkü kobud rəftarım üçün üzr istədim. O, heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.

    Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xala və Azadla halallaşıb Təbrizdən ayrıldıq.

    * * *

    Tam beş il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tutur və özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci dünya müharibəsi başlanmış, Azərbaycanın istər şəhər və istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə, həyətlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Mən günlərimin nə cür gəlib keçdiyini bilmirdim. Biz Azərbaycan üfüqlərində işıqli bir günəş doğduğunu hiss edirdik. Hadisələr də çox sur`ətlə inkişaf edirdi… bir neçə ay sonra biz kənddə mitinq keçirib, Azərbaycan xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim.

    Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət var idi. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü… Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xalanı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.

    – Təbrizdə yoxdur, – dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər… Axı indi o da demokratdır. Mən də demokrat olmuşam, oğul. Allaha təvəkkül. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xoşuma gəldi. Getdim yazıldım. İndi də komitəmizdə iclas olacaq. Gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm.

    Mən sevinc, heyrət və təəccübümü gizlədə bilməyərək:

    – Sağ ol, Səlimə xala, – dedim,–Get, iclasa gecikmə. Təəssüf ki, Azadı görə bilmədim. Məndən ona salam deyərsən.

    – Deyərəm oğlum deyərəm. Sən də gecəni heç yerdə qalma. Evimizə gəl. Gözləyəcəyəm, gəl ha… – deyib getdi.

    Zəncandan pis xəbərlər gəlirdi. Bir yandan yerli, bir yandan da Tehran mürtəceləri[5] və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də var idim. Mən Təbrizdən çıxmamış Səlimə xalaya baş çəkməyi özümə borc bildim. O, Azada salam göndərdi. Bir cüt corab, bir də yun şərf büküb verdi. Soyuqdur, ona yetir, – dedi. Mən də onu anama, anamı da ona tapşırdım. Hər ikisinə ürək-dirək verib yola düşdüm.

    Sabahısı günü biz Zəncana çatdıq. Şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə qırğın yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikirlərini pozmaq üçün Zəncanın demokrat təşkilatı fədailərdən[6] bir neçə dəstə cənuba göndərmişdi. Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim… Elə bu zaman xəbər gəldi ki, mürtəcelər ilə fədailərin ilk dəstəsi… “X” kəndinin yaxınlığında qarşılaşmışdır… azca atışmadan sonra onlar kəndə çəkilmiş və ətrafı möhkəmlətmişlər. Fədailər dəstəsi kəndi dörd tərəfdən mühasirəyə almışdır… Bu dəstənin başçısı Azad idi.

    Həmin gecə biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq… Azad dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk atışma gedirdi və fədailərin bir qismi artıq kəndin içinə girmişdi. Qaş qaralana yaxın şərq tərəfdən Azad özü qabaqda olmaqla, fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq… Mən tez özümü ona çatdırmağa çalışdım… Bu mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin[7] üstə uzatmışdılar. Başının altında yastıq var idi. Çuxasını üstünə salmış, beşaçılan tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə hazır durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım… Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı… Mən yavaş addımlarla onun başı üstünə gədim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:

    – Azad, sənə nə olub?

    O, heyrət və təlaşla gözlərini açdı… Üzümə baxdı. Bütün siması qəribə bir təbəssümlə işıqlandı. Mühribanlıqla başını dizimin üstə qoyub:

    – Bu saat səni düşünürdüm, – dedi. – Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim…

    – Nə danışırsan, Azad, qardaşım?–dedim.–Biz hələ təzəcə yaşamağa başlayırıq… Dünyadan getmək nədir, bu nə sözdür sən ağzına alırsan? Sənə nə olub, harandan yaralanmısan?

    O, əli ilə sağ çiyninin altını göstərdi… Güllə qabaqdan dəyib, daldan çıxmışdı. Ciyərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:

    – Bunlara ehtiyac yoxdur, – dedi. – Mən ölürəm… Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm. Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən “Nə üçün yaşayırıq, həyatın mə`nası nədir?”–deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək, acıqlanıb getmişdin. Yadındadırmı?.. Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mə`nası vətənimizin səadəti üçün çalışmaqdadır… Amma o zaman mən danışa bilməmişdim… Çünki danışmaqda bir mə`na yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir… Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır…

    O, azca udqundu. Yenidən ahəstə-ahəstə davam etdi.

    – Anam, yurdum, doğma Azərbaycan, məni bağışla… Sənə az fayda verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.

    – Öpünüz, səcdəyə qapanıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz…

    Mən onu qucaqlayıb yerində uzandırdım…

    – Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim.

    Özüm də bilmədən gözümdən süzülən yaş damcıları onun alnına düşdü. O, kirpiklərini qaldırıb gözümə baxdı və yenə də gülümsədi:

    – Budur, həyatın mə`nası, – dedi. – Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah… Bu, şərəfli bir ölümdür… Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız… Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamların nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz! Qoy gələcəyin azad nəsillərinin ayaq səsi, qəbirdə də olsa, qulaqlarıma çatsın!

    Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi.

    – Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır… – dedi və əbədi olaraq gözlərini yumdu.

  • Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

    Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.
    Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər.
    Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı.
    Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı.
    Vuruşan gənclərin üzü güldü.
    İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi.
    Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü:
    – At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan…
    Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz etdi:
    – Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən… mən özüm sənin xətrinə dəymirəm…
    Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu:
    – Bu, bəhanədir, dostum, – dedi, – istəyirsən, bir də vuruşaq, bu meydan, bu da mən…
    Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi:
    – Mən davanızı ayırd elərəm.
    Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki addım geri çəkildi. Pərt halda gözlərini döydü:
    – Bax, buna sözüm yoxdu, – dedi, – vuruş zamanı danışmaq mənə baha başa oturdu.
    Qoca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu:
    – Al, bu da üç!.. – deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. – İndi razısanmı?
    Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncının ucunu yerə dayadı, çiyninin ağrısından qollarını dörd-beş dəfə havada fırlatdı.
    – Çox gözəl, – dedi, – mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz, doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi olmağa, doğrudan da, layiqdir… Gəl, gəl, üzündən öpüm!
    Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük meydana toplaşdılar.
    Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi.

    Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı.
    İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi.
    İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı.
    Varaz dedi:
    – Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, çox insafsız düşməndir, çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus deyəndə – od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir.
    Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bu gün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin.
    Bu anda Urmuzun qılıncı parladı. O, Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi:
    – Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin!
    Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi:
    – İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verər!
    Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
    – Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
    Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi: – Bəlkə, birdən o, səni məğlub etdi?
    Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
    – Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz!
    O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi:
    – Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən?
    Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi:
    – Hələ cavansan, oğlum!
    Cavanşir, hamı eşitsin deyə səsini daha da ucaltdı:
    – On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı.
    Varaz onun sözünü kəsmək üçün dedi:
    – Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz.
    Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi:
    – Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam.
    Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı.
    – Elə isə tədbirini söylə, oğlum, – dedi.
    – Vuruşmanın sonuna gözlərsən, ata ,– deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu, insanların rəyini bilmək istədi.
    – Razıyıq, razıyıq! – dedilər.
    – Elə isə uğurlar olsun, bala!.. Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o tayından başlanır.
    – Bunu bilirəm, ata… Qoy mehriban anam mənə xeyir-dua versin!
    Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı.
    Cavahir xatun dedi:
    – İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! “Cavanşirim sağ olsun!”, – dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
    Ananın sözlərini eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar:
    – Var olsun anamız!
    Sonra Cavanşirin səsi eşidildi:
    – İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax bu meydanda iki cərgə cavan düzülsün. Bu
    cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin.
    Varaz bu şərtə razı oldu:
    – Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
    Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
    – Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
    Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı.
    Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
    – Göylər sənə yar olsun, oğlum!
    … Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
    – Kim bilir, bəlkə də, bütün qoşun əsir düşmüşdür?
    Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
    – Səbr et, Varaz! Qocaldıqca, deyəsən, hökmdar olduğunu unudursan!..
    Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi:
    – Cavanşirin elçisidir!

    Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
    – Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən on qat çoxdur.
    Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
    – Get, oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
    Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi:
    – Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də onun ikinci şərtinə əməl edin!
    Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
    Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi:
    – Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: “Eyy, qorx ki, sən başını itirməyəsən!” Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
    Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi:
    – Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
    Bu anda üçüncü elçi atdan düşüb səndələyə- səndələyə gəldi. Özünü güclə dikəldib, qılıncına söykəndi və dedi:
    – Böyük hökmdar! Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi, əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib, özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir də nə görsək yaxşıdır? Bədəndən ayrılmış bir baş havada fırlanır…
    Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı:
    – Kimin başı idi?
    Elçi nəfəsini dərdi və gülümsünərək dedi:
    – Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
    Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi:
    – Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın!
    Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
    Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
    – Söylə, oğlum, söylə, mənim körpə aslanım, düşmən atları Kür çayının suyundan içə bildimi?
    Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi:
    – Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər.
    Sonra Varazın səsi ucaldı:
    – Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!

  • Xalq yazıçısı İsa HÜSYEYNOV (MUĞANNA).”Zəhər”

    Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyətilə papağının dalını qaldırıb: “Çərşənbə günündə, çeşmə başında gözüm bir alagöz xanıma düşdü”, – deyirdi. “Qaşını oynatdı, gözündən güldü”, – deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bu gün meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı.

    Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən-axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın otuz-otuz beş dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi, bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı.

    Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.

    Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi, şeh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürgənin dərisi işıldayan, dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı.

    – Belə-belə işlər, ay göy ürgə! Belə-belə işlər! – deyə altmış yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı:

    – Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən gün lent kəsilir, şlüz açılır, su gəlir, meşəmiz qalır suyun altında…

    Göy ürgənin yerişi meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi.

    Meşəbəyinin oğlunun biri raykom katibi idi. Bir oğlu Bakıda oxumaqda idi. Onilliyi bu il qurtarmış sonbeşiyi isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi. Bütün atalar kimi, o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik də, bir-iki kərə öskürməsi meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu narahatlığı da tezcə unutdurdu.

    Meşəbəyi cilovu tərpədib iri, qabarlı əli ilə ürgənin çiynini şappıldatdı.

    – Büdrəmə, büdrəmə! Fikir eləmə, qadan alım! – dedi. – Bəndi çəkənlər, meşəni suyun altında qoyanlar mənim öz balalarımdır. Deyirlər, su daha əfzəldi. Suyumuz olsa, deyirlər, ilan mələyən düzlərdə yüz belə meşələr salacağıq. Elə bilirsən, salmayacaqlar? Salacaqlar, ay göy ürgə, salacaqlar… O günü, o dövranı biz də görəcəyik. Yüz yaşında at belinə qalxıb meşəbəyilik eləməyənin atasına lənət!

    Meşəbəyi yenə papağının dalını qaldırdı. Yenə oxumağa başladı:

    Ay duman, gəl keç bu yerlərdən,
    Bu yerlər təzə bar eyləsin.
    Həm gözlərim görsün səni,
    Həm könlüm nübar eyləsin…


    Çox düşünmədən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada, kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi:

    – Aşıq Abbas dağ adamıydı, dağlardan danışırdı, mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi: “Könlüm qubar eyləsin”, mən deyirəm: “Könlüm nübar eyləsin!” Hansımız yaxşı deyirik, ay göy ürgə?

    Ürgə bir də büdrədi. Meşəbəyi bir də təəccübləndi:

    – Əşi, sənə nə oldu, ay zalım balası! – deyə birdən hirslənib qışqırdı, – nə olub, sən də bir yandan kefimizə soğan doğrayırsan! Allahın, bəndənin hayıfını səndən alaram, atamın goru haqqı!

    Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyi əlini tərpətməmiş yerindən oynayan ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı, bir də çiyninin dərisi titrədi.

    Meşəbəyi köksünü ötürdü.

    – Dərdimə şərik çıxırsan, nədi, ay Allahın heyvanı!

    Ürgə başını endirib yavaş-yavaş addımlayırdı.

    Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı, göy ürgə onun dərdinə şərik çıxırdı?

    – Belə-belə işlər… Belə-belə işlər, ay göy ürgə, – deyə o, asta, yorğun səslə təkrar etdi. Və daha səsini çıxarmadı.

    Meşədə qəribə sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi heç ürgənin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o, ürəyində oxuyurdu: “Nələr gəldi, nələr getdi bu dünyadan, bu dünyadan”, – deyirdi.

    Birdən ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı.

    Uzaq mənzilli yola çıxanda göy ürgə, adətən, tanış adama-filana rast gəlməsə, dayanmazdı. Lakin meşəbəyi ətrafda lal-dinməz ağaclardan başqa, heç nə görmədi.

    Göy ürgənin bir xasiyyəti də vardı: belində yəhərin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi.

    Meşəbəyi əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu?

    O, yəhərdən yerə atıldı.

    Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü.

    Meşəbəyi əsla çiyrənmədən, ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxuladı. Köpükdən asırqal iyi gəlirdi.

    O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər iztirabla dolu idi. Ürgənin dodaqları arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi.

    Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağındaca yıxılıb ölə bilər.

    Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı.

    O, ömrünün qırx ilini at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində “asırqal” çox az-az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə… bu, nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə, heç zəhərlənməmişdi?

    Meşəbəyinin dünyagörmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzələləri titrəyirdi. Dizləri hissolunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi, iztirablı gözlərini çevirib yana baxırdı.

    Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi:

    – Bu saat… bu saat, qadan alım, – deyə meşəbəyi pıçıldadı, çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb, bir daha: “Bu saat”, – dedi. Şallağını çəkməsinin boğazına sancdı, papağını başında bərkitdi, şinelinin ətəklərini yığıb yerindən götürüldü.

    Buradan təxminən iki kilometr aralıda, geniş bir talada, gur sulu çay üzərində sovxoz vardı. El arasında ona “it sovxozu” deyirdilər. Orada suitinin müxtəlif cinslərini saxlayırdılar. Bir ay bundan əvvəl sovxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli-dibli qoparılıb aparılmışdı. Sovxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun qayınatası Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə sovxoz işçisinin malqarasını saxlayırdı. Sabahda-birigündə Daşdəmir də köçməli idi.


    Meşəbəyi iki kilometrlik yolu birnəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri, qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzində, geyimindən şəhər ziyalısına oxşayan boz şlyapalı, ucaboy bir adam çıxdı, yüyürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyiyə baxdı, qan-tər içində təngnəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı:

    – Mən Mirqasımam, meşəbəyi Mirqasım, ay oğul. Atım ağıya düşüb. Mən səni burada birinci dəfədir ki, görürəm, bağışla, tanış olası halım yoxdu. Bir vedrə süd lazımdır. Daşdəmir hanı, gözümə dəymir?

    – Nə olub, ə, a Mirqasım, döşün niyə atdanır? – yaxınlıqdan, lap beş addımlıqdan tanış səs eşidildi.

    Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi:

    – Ölmədik, sənin dövranının qurtardığını da gördük, a Mirqasım!

    – Sən hardasan, a kişi?

    – Burdayam, gəlirəm indi… Deyirəm, ölmədik, sənin də axırını gördük! Göy ürgənin belində belədən-belə çapırdın, elədən-elə çapırdın, saatda bir, malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın! Nə bilim, filan yerə yaxın durmayın! İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağacları köklü-köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən?

    Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa yaxınlaşıb meşəbəyini süzdü:

    – Hə, buyur görək. Süd lazımdı deyirsən? Süd-zad yoxdu!


    – Sən allah, bir az tez elə, ay Daşdəmir. Ürgə əldən gedir!


    – Hanı ürgə?


    – Bu yanda, talada qoymuşam.


    – Elə niyə? Yəni gələsi halı yoxdu?


    – Yoxdu, yoxdu. Daşdəmir, qadan alım, tez elə! Oğul bərabəri atdı, Daşdəmir!


    Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi.

    Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı.

    – Mən gətirərəm! – deyib alaçıqlara tərəf yüyürdü.

    Meşəbəyinin elmli-savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb-dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövr elədi, o, yalnız indicə başa düşdü ki, “lent kəsilib, şlüz açılanda”, meşə suyun altında qalanda meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən-gürşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər.

    Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi.

    – Ə, sənnən deyiləmmi, niyə cavab vermirsən?

    – Nə deyirsən?

    – Deyirəm, oğlun raykom katibidi, pulun çox olar. Ver xərcləyək də!

    Meşəbəyinin qaşları çatıldı:

    – Sənin də kürəkənin sovxoz direktorudur. Deməli, sənin də pulun çoxdu?

    – Mənim torbamın dibi deşikdi.

    – Elə niyə?

    – Bilmirsən? Bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm?

    Yadından çıxıb?

    – Deməli, mənə də rüşvət verirdin?

    Daşdəmir güldü:

    – Bə sən necə bilirdin, ə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm.

    Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi:

    – Çox sağ ol, qadan alım!

    – Dəyməz, əmi, – deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o, artıq göy ürgənin yanında idi, bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər, köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdə ikən birdən vedrəni böyrü üstə gördükdə meşəbəyi təəccüblə çevrilib, ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü:

    – Vallah, bilmədim, ayağım toxundu, Mirqasım. Ə, bir ürgə nəmənə şeydi, ondan ötrü belə yüyürüb qan-tərə batıbsan? Deynən, oğlanlarıyın hərəsi bir az pul qoysun, maşın alsınlar, min gəz, kef elə özün üçün!

    Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü.

    Meşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Köhnə, adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğ qalxdı. Və beləcə, başı tüstülü halda geri qayıtdı.

    Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi:

    – Belə-belə işlər, ay göy ürgə…

    Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı.

    Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri belinə şələləyib yalnız onun bələd olduğu, el yolundan uzaq, xəlvət cığırla addımladı…

    Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun-qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı.

    Meşədən çıxanda o, ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib çiyni üstündən geriyə, meşənin səsinə qulaq asdı.

    – Belə-belə işlər, ay göy ürgə… Belə-belə işlər, ay meşəbəyi Mirqasım…

  • Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi”

    Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynargözlü kəhərin işıldayan dərisinə,səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də… Amma indi, illaha da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı…
    O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi.Qara qılçaq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axana arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əliyalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı…
    Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxzası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarının yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki… Elə biri gəlmə Mürşüd.
    Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan – oap çoxdan, Niftalıgilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən, mə’lul-müşkül baxışı bir oğlan boynunu büküb dayanmışdı. əlində əsa, çiynində nimdaş heyvə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü, batmış quyunun dibindəki su kimi güclə işıldayırdı.
    Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “a bala, kimsən”? – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənin öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü və “yox, bu dama öldürüb qaçana oxşamır – deyə ürəyindən keçirdi. – Yəqin başqa əmması var”. əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.
    Elə bil qərib bunu hiss etdi, qışın girhagirində, qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:

    – Qaçqınam, ay dayı, heç kimim yoxdu.
    Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi
    – Buranı sənə kim nişan verib?
    – Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
    Ata oğula baxdı, oğul da ataya.
    – Adın nədir?
    – Mürşüd.
      Düzmü deyirdi, allah bili, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
    Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
    Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.
    Niftalı bir gün eşitdi ki, Mürşüd arvadına incidir. Həftələrnən evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.
    – Niyə görünmürsən? – Nə olub, görünməyim vacibdir? – Bəlkə bir sözüm var? – Sənin mənə nə sözün ola bilər? – Ə, nə yekə-yekə danışırsan? – Danışmayanda, susmayacağam ki?
    Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı.
    – Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
    – Artıq-əskik danışma, sözünü de!
    Niftalı kişi hirsini zorla boğdu.
    – Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?!
    – Qələt eləyərsən, keçmişini də yanına alarsan!
    – Ə, gəlmə köpəkoğlu, mənəcavab qaytarırsan?!
      Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı.Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı.
    – Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
    Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.
    – Di get, qurban ol evdəkilərə.
    Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı.
    – Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə gələnəcən atın başını qanırıb qışqırdı. – Mənə sırdığın qancığı da gəlib apara btlərsən!
    Koxa taı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb…
    Niftalı koxalığa keçəndən sonra itəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şyelərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Eə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!
    Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağını tutmalı olurdu. Niftalını koxanı isti, üstəlikdə cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbiristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramalrın səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini, ayaq tappılöıların eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı.
    – Namərd köpəkoğlu!
    Daha heç nə eşitmədi. Ktvşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…
    Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. Gözləri qapalı idi.Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşəmnçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədənin titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
    – İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
    Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi.
    – Kərəm? – Düz tanımısan, Niftalı, mənəm. – Lap yaxşı, sən olmağın yaxşıdır.
    Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun qanına susayan, füpsət tapan kimi ələ verməyə hazır olan adam dyeildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı, qulaqburması vermək üçün.
    – Dəstəndə təzə adam varmı?
    Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.
    – Var.
    – Kimdi?
    – Mürşüd.
    – O gədamı?
    Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
    – Mənə pənah gətirdi, neyləyim?
    – Bizə də pənah gətirmişdi, axırınıkı, gördün.
    Kişi inildədi. Kərəmə elə gəldi ki, onu inildədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.
    Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.
    – İndi arxayın ölə bilərəm… Şükür allaha, zənnim puça çıxdı… Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin… Başımı bir azca yuxarı qaldır.
    Kərəm onun qoltuğunu altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə mey əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir.
    Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.
    – Kərəm, bircə diləyim var…
    – De görüm.
    – Naqanını çıxart, məni alnımdan özün vur.
    – Nə danışırsan?
    – Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb… Kişini kişi öldürər, qardaş, gəda-güda yox.
    – Əlim qalxmaz.
    – Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.
    Kişinin sinəsi qalxdı və asta-asta endi.
    Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkm kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. “Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar”- deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi.
    – Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.
    Kərim qərara almışdı. Niftalı koxanın meyidini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə dalcan gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə naəmrdlər tapılsın. O, əmin idi ki, meyidi sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə, qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz tutacaqlar.
    Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var…
    Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı…

  • Xalq yazıçısı İlyas ƏFƏNDİYEV. “Şəhərdən gələn ovçu”

    (ixtisarla)

    Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər.

    Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman içindən başqa bir ovçunun çıxdığını gördü. Onun əynində içi xəz gödəkcə, ayaqlarında iri əsgər çəkmələri var idi. Azca yana əyilmiş gümüşü papağının yanlarından vaxtından tez ağarmış qıvrım saçları görünürdü. Sol əlini belinə boş bağlanan qatara keçirmiş, sağ əli ilə çiynindən asılan təzə qoşalülənin qayışından tutmuşdu. İri çal bığları onun qarabuğdayı üzünə yetkin, ağır bir görkəm verirdi.

    – Sabahın xeyir, ovçu qardaş, – deyə o, bərkdən səsləndi, – Papirosun yoxdur?

    – Sabahın xeyir… – deyə ovçu Piri ayaq saxlayıb, qədim taxta qutusunu çıxartdı və dedi: – Tütünüm var…

    – Bəri ver görüm, – deyə dumandan çıxan ovçu ona yaxınlaşdı. 
    – Papirosum yadımdan çıxıb, qalıb maşında… nəfəsim lap qaralıb. 
    – Maşının harada qalıb ki?
    – Maşınım kəndin yanındadır. 
    – Görünür, şəhərdənsən? 
    Yeni ovçu: 
    – Bəli, – dedi, – şəhərdənəm. 

    Ovçu Piri öz tüfəngini çiyninə salıb, şəhərdən gələn ovçunun tüfəngini alıb diqqətlə nəzərdən keçirdi. Günəşdən, ayazdan yanıb qaralmış arıq sağlam üzü birdən-birə canlandı. Gözləri parladı.

    – Bunlar yaxşı tüfənglərdir. Mən də bir adamda bunun birinin yerini eləmişəm, gərək nə cür olsa, pul düzəldib onu alam.

    Ovçu Piri çat-çat olmuş qabarlı əlini ehtiyatla tüfəngin lüləsinə çəkərək sahibinə qaytardı.

    İndi duman tamam çəkilib getmişdi. Yeni göyərmiş otların, yayda qurumuş tikanlı qanqalların arasında tək-tük sarı, firuzəyi çiçəklər görünürdü.

    – Eh, – deyə ovçu Piri yanıqlı bir səslə dilləndi, – biz gəldi-gedərik, sən yaşa, dünya!

    – Bu, haradan yadında qalıb, ay ovçu qardaş? – deyə şəhərli soruşdu. 
    – Heç bilmirəm, haradan yadımda qalıb… Ancaq yaxşı deyib.

    Şəhərdən gələn ovçu xeyli uzaqda, düzənlə göyün birləşən yerində bir dəstə ceyran gördü. Onlar dayanıb nəyi isə dinləyirdilər.

    – Aşağı yat… – deyə Piri yerə çökərək şəhərlinin ətəyini dartdı. Lakin birdən elə bil ki, sürü nədən isə hürküb, ildırım kimi qaçıb gözdən itdi.

    – Bay… – deyə Piri təəssüflə səsləndi. Ancaq çox çəkmədi ki, sürü yenidən göründü. Ceyranlar bir an dayanıb bir-birinə sığındılar. Sonra tərpənib, o yandan bəri qaçmağa başladılar.

    – Düz üstümüzə gəlirlər, – deyə ovçu Piri sevinclə səsləndi. – Ancaq balaca qımıldandın, heç nə… Əlli-altmış addım qalmış atacağıq…

    Ovçu Piri yoldaşını dümsüklədi. Bu, “hazır ol!” demək idi. Lakin şəhərli ovçu bunu hiss etmədi. Onun sevinc və heyrətlə baxan gözləri kolların, uca qanqalların üzərindən atıla-atıla gələn sürüdə idi. Onların şəvə kimi qara dırnaqları tez-tez havada parlayırdı. İndi şəhərdən gələn ovçu onların balaca, qəşəng ağızlarını, iri, qara gözlərindəki mehriban və ürkək ifadəni aydınca seçirdi.

    Ovçu Piri ceyranları nişan alanda şəhərli ovçu gözlərini ceyrandan çəkmədən, onun tüfəngindən yapışdı:

    – Dayan! – deyə həyəcanla əmr etdi.

    Ceyran sürüsü hürküb, bir göz qırpımında uzaqlaşdı. Ovçu Piri əvvəlcə şəhərliyə, sonra da əldən çıxmış ceyranların dalınca baxdı. Sonra yenə şəhərdən gələn ovçuya sarı dönərək:

    – Əşi, necə yəni dayan! – deyə təəccüblə soruşdu.

    Sürünü nəzərləri ilə izləyən şəhərli ovçu cavab vermədi. Ovçu Piri dikəlib oturaraq, yanıqlı-yanıqlı deyindi:

    – Vay, səni! Heyif, heyif!..

    Sürü tamam gözdən itəndən sonra şəhərli ovçu dərindən nəfəs alaraq, üzünü ovçu Piriyə döndərib soruşdu:
    – Nə buyurdun?

    – Nə buyuracağam? – deyə ovçu Piri yenə təəccüblə ona baxdı. Sonra yuxudan təzə ayılan adamla danışırmış kimi, bərkdən əlavə etdi: – Bir sürü ceyranı əldən çıxartdın!

    Şəhərli ovçu tüfəngini çiyninə salıb qabaqda, ovçu Piri isə ürəyində deyinə-deyinə onun ardınca gedirdi.

    Birdən şəhərli ovçu papağını gözünün üstünə çəkib, fitlə “Çobanı” çalmağa başladı. Ovçu Piri “Çobanı” havasına qulaq asdıqca sanki əsəbləri yavaş-yavaş yumşalır, otuz-qırx il qabaq həmin bu yerlərdə qoyun yaylıma çıxardığı aydınlıq gecələr yadına düşürdü…

    – Gözəl sürü idi! – deyə şəhərli fiti kəsərək, bayaqkı sözləri təkrar etdi.

    Axşama yaxın bərk yağışa düşdükləri üçün şəhərli maşının yanına qayıda bilməyib ovçu Pirinin təklifi ilə onlara getdi. Evə daxil olduqda ovçu Piri arvadı Gülgəzi səsləyib dedi:

    – Tez ol, çay-çörək hazırla. Qonaq da səhərdən acdır…

    – Yaman yorulmuşam, ovçu qardaş, – deyə şəhərli ovçu tüfəngini divara söykəyib, arvadın saldığı döşəkçənin üstündə əyləşdi.

    – Mütəkkə-yastıq da qoy, – deyə ovçu Piri arvadını səslədi. Sonra özü də gəlib qonağın yanında oturaraq dedi: – Ayağını soyun, rahatlan, bu saat bir yaxşı çay içərik, yorğunluğumuz çıxar.

    – Bir de görüm, acığın yatdı, ya yox? – deyə şəhərli ovçu gözəl, yorğun gözləri ilə gülümsədi.

    – Canın sağ olsun, əşi! – deyə ovçu Piri mərdanə cavab verdi.

    Səhər ovçu Piri oyandığı zaman şəhərli çıxıb getmişdi.

    – Nə qədər elədim çaya qalmadı, – deyə Gülgəz xəbər verdi. – Öz tüfəngini qoyub, səninkini götürdü, dedi ki, kişi ilə dəyişmişik.

    – Necə? – deyə ovçu Piri qulaqlarına inanmırmış kimi, tələsik qalxıb, şəhərlinin divara söykənib qalmış qoşalüləsini əlinə götürdü…

    Ovçu Piri əlində tutduğu qoşalüləyə xeyli baxdı. Sonra ağır-ağır dedi:

    – Kişinin adını da soruşmadım.

    Bu hadisədən xeyli keçmişdi. Sərin bir yay axşamı ovçu Piri öz zağlı qoşalüləsini onun otuz ildən qalma köhnə tüfəngi ilə dəyişib xəbərsiz gedən o qəribə ovçunun əhvalatını klubun qabağına toplaşmış kəndlilərə yenicə nağıl edib qurtarmışdı ki, radioda böyük Azərbaycan şairi Səməd Vurğunun “Ceyran” şeirini oxudular. Xeyli müddət kimsə dinmədi. Hərənin nəzəri bir nöqtəyə dikilmişdi.

    – Bah! – deyə xəyala getmiş ovçu Piri birdən səsləndi. – Elə bil kişi hamısını öz gözü ilə görüb yazıb…

  • Professor Mir Cəlal PAŞAYEV.”Bahar”

    (“Bir gəncin manifesti” əsərindən)

    Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:
    -Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən… Razısanmı?


    Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə “mehriban” adama rast gəldiyini güman edib razı oldu:
    – Nə deyirəm!
    Tüfəngli Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı:
    – Atama çatdır bunu, deynən görsün yararmı?


    Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı birtəhər adamları aralayıb Məşədi Abbası çağırdı:
    – Məşədi əmi, bu gədəni İsfəndiyar göndərib…
    Məşədi:
    – Gözləsin! – dedi.


    Bahar günortayadək gözlədi, çox acmışdı… Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu…

    Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaqxanadan şəhərə daşınan ət daşqasının boynunda oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə, yanında yatdığı daşqa atına qulluq edərdi.


    Məşədinin bütün xırda dükan və ev işini Bahar görürdü. Məşədi axşama qalan və köhnələn içalatı səbətə doldurub Bahara verərdi. Çiynindən tutub itələrdi:
    – Bunları sat! Satmamış qayıtma! Hamısını satsan, sənə bir abbası fındıq pulu verəcəyəm.
    Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya küçə qapılarını gəzib həzin və saf uşaq səsi ilə çağırardı:
    – Ciyər alan, ay ciyər alan!…

    Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, ayaz kəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat, qədək paltarla qəssab dükanının qapısında əsim-əsim əsirdi.


    Məşədi Baharı qapıdan qovmuşdu…


    Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. Beş addım gəzəndən sonra daldey bir həyət tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında dayanırdı. Ona görə evə qayıdanda xozeyini onu döyürdü.


    Bu gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar arasında yox oldu…


    Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu:
    – Dünən yumurtadan çıxan cücənin mən yekəlikdə kişiyə kələk gəlməyinə bir baxın!
    Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı:
    – Neyləmisən, – dedi, – bir manatın yerini de! Nəyə verib yemisən, düzünü de!
    Uşağın dil-dodağı tutuldu, altdan yuxarı baxan qara məsum gözləri böyüdü. And-aman elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi:
    – Get, bir manatı gətir, sonra gəl!
    Bahar kağız kimi ağardı. Xözeyininə tərəf baxdı. Məşədi Abbas bu baxışlara və göz yaşlarına cavab olaraq içəridən dilləndi:
    – Buralara ayaq bassan, meyitini qoyaram!


    Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi.
    Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı.


    Sanki ağasından, heç olmasa, qonşuların birindən mərhəmət diləyirdi. Məşədinin məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi: “Gör pulu gətirdi?” Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu:
    –Manatı gətirdin?
    Bahar yalvardı:
    –Məşədi ağa, qardaşım gələndə alıb verərəm…


    Qəssab irəli keçib qapını basdı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən buz döşəməyə düşəndə başından bir vedrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi, bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı.


    Dəhliz də soyuq idi. Ancaq içəri qapı açıldıqda isti hava buğ kimi dəhlizə vururdu. Bahar özünə təskinlik verdi, əlində bağlama yuyunmağa gələnlərə qarışıb içəri girdi. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı, səki isti və rahat idi. Xeyli vaxt belə keçirdi. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi:
    – Ədə, ehey, həmşəri! Düş, nə soxulmusan bura? Çıx!


    O, başıaşağı qapıya tərəf yeridi, məhkum qılınca baxan kimi, eşiyin, qış gecəsinin ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi, duruxdu, mərhəmət uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü, küncə qısıldı.

    Bığı xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında görüb ucadan dedi :
    – Kəblə Qurban, hərif burada dayanıb ha!
    Kəblə Qurban başmaqlarını yeyin-yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə Bahar yalvardı:
    – Vallah, yerim yoxdur. Soyuqdan ölürəm, qoy burada durum, əmi, sən Həzrət Abbas!
    Kəblə Qurban Baharı itələyib çölə saldı:
    – Rədd ol burdan, Həzrət Abbas qənimin olsun!


    Səkinin istisində canı yumşalan Bahar, qışın kəsərli soyuğuna düşəndə elə bil ürəyinə xəncər sancıldı, içindən ufuldadı. Özünü itirdi.


    Bahar başını qaldırıb göyə baxdı, tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu kimi hər yanı, işıq gələn hər yeri basdığını görəndə vücuduna ilan kimi soyuq və müdhiş bir vahimə yeridi, ürəyi bala quş kimi döyündü, başı gicəlləndi. Addımlarını atdı, harasa tələsmək istədi.


    Yeridi, yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu ilə tutulurdu. Uşağa elə gəlirdi ki, ayaqlarını qandallamışlar, topuqlarının hər birindən ağır daşlar asılıb.


    Son ümidlə özünü xozeyinin qapısına saldı. Qorxa-qorxa qapını döydü. Həyətdə qarı ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı. Xanım mitili – Baharın köhnə yorğanını eşiyə atdı:
    –İtil, hansı cəhənnəmə gedirsən, get!
    Bahar inana bilmədi:
    –Gecənin bu vaxtında, boranda hara gedim?! Ay xanım, qurban olum, mənim yerim yoxdur. Xanım, sən bilirsən ki…


    Xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin oğrudan, quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə qar içinə bata-bata uşaq bazara sarı yönəldi. O, tufana düşən yarpaq kimi əsirdi…


    Sanki Baharı iynəli yorğana bürüyürdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti.

    Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi… Qol yerindən quru bir ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərinə də, başına və dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən, nə üçün edildiyini anlamadı… Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar.


    Anasını xəyalına gətirdi.
    – Ana, ay ana!…
    Cavab gəlmədi. Hər şey susurdu…


    Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasında idi. Xozeyinlər xəz paltolar, Xorasan kürkləri, dəri papaqlar, yun corab və qaloş geyinərək səhər çayından sonrakı ilk papiroslarını tüstülədə-tüstülədə isti evlərinin qapılarından nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli məşədi çapacağını itiləyərək erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan, qapısında qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu…


    Konka yolunun qarını kürüyənlər bir uşaq meyiti tapdılar. Donmuş, taxtaya dönmüşdü. Buzlamış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədək paltardan bəlli idi. Ona görə yiyəsini axtarmadılar, qəriblər qəbiristanına apardılar…

  • Xalq yazıçısı Bayram BAYRAMOV .”İki bala”

    Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı.

    Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu.

    Nənəm hərdən gözlərini qıyıb mənə baxar, məhəbbət dolu səslə: – Murad da meşəbəyi olacaqdır, – deyərdi.

    Yeddinci sinfə keçəndən sonra dərslərimə də meşədə – mənim üçün doğma olan yaşıl talada hazırlaşırdım. Kəndimizi üzük qaşı kimi mühasirəyə alan, saf havasından doymaq olmayan meşəmizi mənim qədər sevən ikinci adam, deyəsən, yox idi.

    Məktəbin sonuncu sinfində oxuyanda belə bir adamın olduğunu öyrəndim, amma qəlbimdə qısqanclıq hissi baş qaldırmadı.

    Həmin adam biologiya müəllimimiz idi. O, hamıdan fərqlənirdi. Boyuna, görkəminə görə yox, xasiyyətinə görə. Azdanışan və ciddi idi, həmişə fikirli, qayğılı görünürdü. Dərsi izah edəndə isə başqa adama çevrilirdi. Elə şirin, maraqlı danışırdı ki, ona qulaq asmamaq mümkün deyildi…

    Onu ilk dəfə meşədə – talada, dərslərimə hazırlaşarkən gördüm. Çox da hündür olmayan, cır armud ağacının altında dayanıb diqqətlə ona baxırdı. Sonra ağacın aşağı əyilmiş budağından nazik çubuq qopardı, diqqətlə nəzərdən keçirməyə başladı. Onun niyyətini anlamağa çalışsam da, nə etmək istədiyini kəsdirə bilmədim. İki gün sonra atamın əmimə dediklərindən öyrəndim ki, Sabir müəllim (biologiya müəllimimizin adı belə idi) meşədəki meyvə ağaclarını calaq edirmiş. Mənə o da məlum oldu ki, meşənin bir hissəsində onlarla ağacı calaq etmiş, indi isə cənuba – mənim talamın olduğu yerə üz tutmuşdu…

    O vaxtdan illər keçib. Sabir müəllim dünyasını dəyişib. Mən isə atababamın peşəsində – meşəbəyi vəzifəsində çalışıram. Müəllimimin xeyirxah işini də davam etdirirəm. Onun kimi mən də ağacları calaq etməyi xoşlayıram. İndi meşəmizdə bol məhsul verən yüzlərlə meyvə ağacı var. Kənd camaatının danışığı ara-sıra qulağıma dəyirdi: – Murad öz müəlliminə çəkib, belə getsə, meşəmiz meyvə bağına dönəcək… Doğrusu, bu sözləri eşitmək mənim üçün xoş idi.

    Bu illər ərzində təbiətdə gördüyüm qəribə hadisələri qələmə almaq, nə isə yazmaq istəyi mənə rahatlıq vermir. Cansız hesab etdiyimiz doğma təbiətdə elə hadisələrin şahidi olmuşam ki, onları xatırlayanda həyəcanlanmaya bilmirəm. Bu əhvalatların bir qismi məndə kədər, bir qismi isə sevinc hissi doğurur. Qeyri-adi, inanılmaz əhvalatlara da az rast gəlməmişəm.

    Bəli, təbiət, doğru deyirlər ki, sirli bir aləmdir. Neçə ilin söhbətidir, dan yeri söküləndə evdən çıxmışdım. Meşənin ətəyinə çatanda qənşər bir yerdə oturdum. Dərə ilə daşlara çırpıla-çırpıla, köpüklənə-köpüklənə çay axırdı. Səsi dərəni başına götürən bu dağ çayı xeyli aşağıda balaca bir talaya çıxır, yenə sıx meşəliyə girirdi.

    Mən keçidə baxırdım. Bir də gördüm ki, çaya enən cığıra boz, iri bir ayı çıxdı. Dal ayaqları üstə qalxıb, o yan-bu yana boylanaraq talaya baxdı və tez də dala qayıtdı, onu nişan almağa macal tapmadım, barmağım tətikdə qaldı. Bir neçə gün əvvəl ayı kəndin mal-qarasına hücum etmiş, xeyli heyvan tələf etmişdi. Nə bilmək olar, bəlkə, elə bu, həmin ayı idi?!

    Ayağa durmaq istəyirdim ki, ayı yenə göründü. Qoltuqlarında nəsə bərk-bərk tutmuşdu. Daha dayanmadı, əyilə-əyilə cığıra düşdü. O, çaya enirdi. Tərpəndim. Keçiddə onu yaxalaya bilsəydim, çətin əlimdən qurtarardı. Qaçıb özünü meşəyə salanacan qoşalülə nəfəsini kəsərdi.


    Bir gözüm ayıda yıxıla-yıxıla quzeyi endim. Ağacların dalına keçə-keçə bu koldan o kola sürünə-sürünə çaya yaxınlaşdım. Cığırın üstündəki palıd ağacının dalında gizləndim. Ayı yavaş-yavaş gəlirdi, qoltuğundakılar çapaladıqca, tez-tez dayanıb, burnu ilə onları dümsükləyirdi.

    Çay yuxarılardan ovub gətirdiyi qumu keçiddə qırağa vurmuşdu. Ayı qumluğa düşəndə dayandı. Aramızda elə bir məsafə qalmamışdı. Amma nə qədər baxdımsa da, yenə qoltuğunda nə tutmuşdu, baş açammadım. Sahilə yaxın hündür bir daş vardı. İməkləyə-iməkləyə sürünüb onun dalında gizləndim.

    Ayı yaş quma bata-bata suya girdi. Qollarının altından özü kimi tüklü iki baş çıxmışdı: qapqara burunları, qara muncuq kimi gözləri vardı. Vay səni!.. Mən də bayaqdan baş sındırıram ki, görəsən, bu yekəpər nə aparır. Öz balaları imiş ki! Onlar büzüşərək analarına elə sığınmışdılar ki, yumağa dönmüşdülər. Yəqin, çayın qıjıltısından qorxurdular.

    Ayı tez-tez büdrəyirdi, dərinə düşmədi, çayın dayaz yerindən yenə sahilə çıxdı. Balalarını yerə buraxdı, yumalandılar, boğuşdular. Anaları isə köpüklü dalğalara bir xeyli baxıb, qumu tez-tez eşələyib cığır açdı. Balasının birini burnu ilə itələyə-itələyə gətirib ora saldı, pəncəsilə arxası üstə çevirdi. Bala çanaqlı bağa kimi ayaqları göydə çapalaya-çapalaya qaldı. Ayı da o qalxanacan yastı bir çaylaq daşını burnu ilə sürüşdürüb onun qarnının üstünə çıxartdı. O biri balasını qoltuğuna alıb, bir gözü arxada – quma basdırdığı balasında, çaya düşdü.

    Keçid xeyli dərin imiş. Su ayının döşünə vurdu. Dalğalar onu büküb- bükmələyirdi. Balasını bərk-bərk qoltuğuna sıxıb, bir pəncəsi ilə suyu yara-yara sahilə çıxdı. Balasını quma buraxıb silkindi, dönüb o taya boylandı. Sonra da tələsik qumu eşələyib, indi də bu balasını çuxura yıxdı. Ətrafına baxdı. Deyəsən, yenə də daş axtarırdı. Yəqin, gördü yaxında yoxdur, bu balasının qarnına qum cırmaqlayıb yığdı. Elə bu ara o taydakı bala necə elədisə, qarnından daşı aşırıb çuxurdan çıxdı, anasını bu tayda görüb yumalana-yumalana özünü çaya saldı. Anası bunu görüb, həyəcanlı, təntimiş halda özünü bu taydan suya atdı. Qumun altındakı bala da çapaladı-çapaladı, nəhayət ki, o da yerindən qalxdı, anasının dalınca çaya cumdu. Ayı geri çevriləndə onu görüb bir səs çıxartdı ki, sanki dağlar- daşlar dilə gəldi, ona qoşuldu, səsi çox-çox uzaqlarda əks-səda verdi, qayalar lərzəyə düşdü. Mən dəfələrlə ayı ovunda olmuşdum. Güllə ilə vurulanda belə ayı bu cür dəhşətlə nərildəməmişdi.

    Ayı ha eləyib özünü yetirənəcən o tayda qalan balasını dalğalar ağuşuna aldı. Bu balasını da dalğalar top kimi atıb-tutaraq aparırdı. Ayı gah bu balasının dalınca cumdu, gah da o birisinin…

    Özünü nə qədər həlak elədi, balalarına çata bilmədi, bir az aşağıda sahilə çıxdı. Çayaşağı baxıb, çəngə-çəngə başının tüklərini yoluşdurur, qeyri-adi səs çıxarırdı.

    Mən isə yerimdən tərpənib özümü göstərmirdim ki, ayı məni görüb daha da karıxar. Tüfəngim əlimdə sahillə başaşağı yüyürdüm. Üst-başım kola-kosa ilişə-ilişə, daşdan-daşa hoppana-hoppana sıldırımlı sahillə lap aşağılara endim. Ayı balalarını sahil daşlarının aralarında axtardım, qumluqları gəzdim, onları köpüklü dalğaların qoynunda görmək istədim.

    Amma gec idi… Kim bilir, dağ çayı ayının balalarını daşlara çırpa-çırpa haralara aparıb çıxartmışdı.

    Çayın kənarındakı iri qayanın dibini diqqətlə nəzərdən keçirərkən, mənə elə gəldi ki, kimsə məni izləyir. Başımı qaldırıb qayanın döşünə baxdım, zənnim məni aldatmamışdı. Boz ayı kədərli baxışlarla mənə baxırdı… Bir-birimizə mane olmadan, demək olar ki, yanbayan axtarışlarımızı xeyli davam etdirdik. Balalar tapılmadı. Hava qaralanda əldən-dildən düşmüş, tamam islanmış halda evə döndüm.


    O gündən sonra ayı tez-tez çayın sahilində görünürdü. O, hələ də inadla balalarını axtarırdı. Hər on-on iki addımdan bir dayanıb qıjıltı ilə axan suya baxır, yenə çayaşağı yoluna davam edirdi…

    Ən dəhşətlisi axşamdan xeyli keçmiş – axtarışını tamamlayanda tükürpədici səslə bağırması idi.

    Əslində, buna bağırmaq, nərildəmək demək olmazdı. Bu, balalarını ölümə verdiyi üçün özünü bağışlaya bilməyən ana ayının ürəkparçalayan fəryadı idi… Bir müddətdən sonra ayı gözə dəymədi.

    Hadisədən səkkiz aydan da çox keçmişdi. Gecə əsən şiddətli küləyin meşəyə ziyanı olub-olmadığını öyrənmək niyyətilə ərazini qarış-qarış gəzir, ən çətin keçilən sahələri belə nəzərdən keçirirdim. Qəflətən gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Boz ayı qalın kolluqda hərəkətsiz uzanıb qalmışdı. Tüfəngimi əlimdə hazır tutaraq ehtiyatla ona yaxınlaşdım. Ayı təzəcə ölmüşdü. Bədəni didilməmiş, tükləri tökülməmişdi. Çox arıqlamışdı. Ov etməyən ayı, bəlkə də, acından ölmüşdü.

  • Xalq yazıçısı Ənvər MƏMMƏDXANLI.”Qızıl qönçələr”

    Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir.


    Axır zamanlar o, hər axşam gün batan kimi bazardan çıxıb, hara isə tələsir, şəhər kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan qurumuş bir çinar ağacına söykənib dayanır, gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox! İndi daha ağır bir yük gözləyir…


    Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə irili-xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır.


    Budur, axır iki qız qolları üstündə yeddi-səkkiz yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır.


    u, qoca hambalın nəvəsi Sürəyyadır. O, hələ ayaq açıb yeriməyə başlamamış rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdu. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü, ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış öldü.


    Qoca yaxınlaşıb, ehtiyatla nəvəsini kürəyinə alır və başıaşağı, dinməz-söyləməz yoluna düzəlir.


    – Baba, deyəsən, bu gün çox yorulmusan?


    – Yox, qızım, bu gün bir iş görməmişəm.


    Qızcığaz o saat anlayır ki, babasının cibində bu gün də pul yoxdur… Səngəkçi dükanı qarşısından keçərkən qız səslənir.


    – Baba, dayan səngək alaq!


    Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb, qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı çıxarıb şagirdə verir. Qoca Firuzu tər basır. Demək, o, bu gün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır.


    Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar – baba və nəvə həsir üstünə salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək və bir parça pendirdən ibarət olardı.


    Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq, babasını dinlərdi.


    Səhərlər isə o, babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyinə alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi.


    Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Hər səhər gün çıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu.


    Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa, iki cərgə düzülmüş əlliyə qədər böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçikyaşlı uşaqlar idi. Onlar iki-iki, üç-üç və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib, axşama qədər xalça toxuyardılar.


    Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar.


    Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı… O, yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq, bütün diqqətini və səyini öz sənətində canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə tutardı.
    Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdu, qırıq bir lampaya neft güclə çatırdı. Qoca, Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi.


    Bu gün o, Sürəyyanı karxana açılmamış qaranlıq ikən gətirib qapı ağzında qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bu gün, heç olmasa, bir şələ odunun pulunu qazanmalı idi.


    Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli tay daşımışdı.


    Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara isə atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb, yükü yerə atmaq istədi, lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi, nəhayət, o, anbarın kərpic döşəməsi üzərinə sərildi, qışqırmağa, haraya çağırmağa da macal tapmadı.


    Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qaldırıb qocanı çıxartdılar. Lakin iş-işdən keçmişdi.


    Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayaqyalın idi, yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq, tələsə-tələsə evlərinə gedirdilər. Balaca Sürəyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar, lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə küçənin başına baxdı.


    Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları da ətrafa boylandılar.


    – Firuz baba niyə yoxdur?


    Onlar bir-birinin üzünə baxdılar.


    – Gələr, bir az gözləyək.


    Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi:


    – Sürəyya, bəlkə, köməkləşib səni birtəhər evə aparaq, Firuz baba, görəsən, nə iş çıxdı ki, gəlmədi.


    Sürəyya qəti hərəkətlə başını buladı:


    – Yox, babam harada olsa, bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız.


    Yoldaşları qaranlıq düşdüyünü görərək, doğrudan da, qorxurdular. Bir az gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında, küçədə təkbaşına gözləməyə başladı.


    Qar getdikcə şiddətlə yağırdı.


    İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. Lakin gecə keçdiyini görərkən, babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı.


    Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı. O, əvvəlcə babasını çağırırdı. Səs verən olmadı. Sonra o, sadəcə, bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı…


    Artıq dodaqları söz tutmurdu. Nəhayət, bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı, bəlkə, orada, darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün ola idi…


    Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Sürəyya hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasındakı bucağa qısılıb yatmışdı. İndi onun çit çadrası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzündə əks etmişdi.


    Bəlkə, üzərinə düşən günəş şüalarının təsiri altında idi ki, bu saat o, qəribə və gözəl bir yuxu görürdü.


    Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu.


    İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş, döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdir.


    Günəşin şüaları vurduqca, onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır, onların hər biri bir qızılgülə dönürdü… Bunu görən Sürəyya sonsuz bir sevinclə od kimi yanan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi gəlmir, bir-bir oxşamaq istəyirdi.


    Lakin birdən kim isə qolundan tutub bu aləmdən kənara çəkməyə başladı, onun yuxusu dağıldı. O, gözlərini açdı.


    Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar.


    Qoca nəqqaş onu qucağına alıb içəri apardı, öz otağında taxt üstündə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o, yarıhuşsuz bir halda sayıqlamağa başladı:


    – Harada qalmışdın, baba? Bir bax gör, necə gün çıxıbdır!.. Bunlar hamısı mənim toxuduğum xalçalardır. Qönçələr də mənimdir… İndi gün vurduqca, hamısı bir-bir açılmağa başlamışdır. Bəs sən harada idin, baba?


    Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri girib, Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi. Bir dəqiqə sonra isə başını qaldıraraq qoca nəqqaşa tərəf döndü:


    – Gecikmişsiniz, – dedi, – uşaq keçinmişdir…


    Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb pəncərə qarşısına getdi. Kiçik otağının şüşələri, qırıq pəncərəsi arxasından bütün karxana onun gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz- səmirsiz dəzgahların qarşısında oturmuşdular. Bu gün onların heç birindən səs çıxmır, heç kəs nəğmə oxumurdu. Onlar hamısı başlarını aşağı dikib işləyirdi.


    Qoca nəqqaş qəmli-qəmli onlara baxdı, bir az əvvəl Sürəyyanın sayıqladığı sözləri xatırladı və indi birdən bu uşaqların hamısı ona günəş gözləyən solğun qönçələr kimi göründülər. O köksünü ötürdü və dedi:


    – Yox, bu cür davam edə bilməz! O gün gələcəkdir!.. Günəş doğacaq, qönçələr açacaqdır!.

  • Aynur QAFARLI.Yeni şeirlər (2022) VII hissə

    *Qoşalaşaq səninlə*
     
    Yumaq kimi diyirlənir arzular,
    Məhəbbətim ilmə-ilmə toxunur.
    Ürəyimdə şaxələnmiş naxışlar,
    Şeir kimi misra-misra oxunur.
     
    Gəldiyin yol mənə dolu misradır,
    Hər addımın bir hecadır yol boyu.
    Əgər bilsəm gələcəksən, oturub,
    Gəlişini gözləyərəm il boyu.
     
    Min şövq ilə cəh-cəh vurur bağçada,
    Bizim üçün dua edir bülbüllər.
    Eşqimizin qış görməsin gülşəni,
    İl boyunca bahar olsun fəsillər.
     
    Dəf eyləyək hər çətini sevgiylə,
    Dərə keçək, dağlar aşaq səninlə.
    Bir məhəbbət qəzəlinin beytitək,
    Gəl, əzizim, qoşalaşaq səninlə.
     
    Dənizdir, günəşdir, nəğmədir, mənəm
     
    Ürəyimdə bir dünya sevinc,
    saçlarımda bir əlçim meh,
    Qurtulub gedirəm
    bir dar məhbəsdən.
    Ləpələrə qoşulub oxuyuram pəsdən.
    Dənizdir, günəşdir, nəğmədir, mənəm.
    Qağayılar çırpır qanadlarını
    mavi sulara,
    Dəniz ayna tutur şəfəqlənən
    duyğulara.
    Həyat gözəldir,
    qayalar uzaqda bir kümə.
    Dalğaların atıb tutduğu bir gəmi
    yelkən açıb könlümə.
    Xəyalım balıqlartək üzüb gedir dərinə.
    Qəfil bir an içində ötür neçə qərinə.
    Dənizdir, günəşdir, nəğmədir, mənəm.
    Hər tərəf gözəllik,hər tərəf tamaşa.
    Dincini al, ürəyim, düşmə heç təlaşa.
    Gözəldir olmaq Günəşlə baş-başa,
    dənizlə baş-başa,
    nəğməylə baş-başa, özünlə baş-başa.
    Dənizdir, günəşdir, nəğmədir, mənəm…
     
     
  • Aynur QAFARLI.Yeni şeirlər (2022) VI hissə

    Çalınsın sevginin zəngi…
     
    Səndən nə müddətdir, səs gözləyirəm,
    Çalınsın sevginin zəngi, gələcəm.
    Gecikə bilərəm, səbrini bas, döz,
    Oturub birazca ləngi, gələcəm.
     
    Mənəm qəlbindəki o ad, beş hərfdən…
    Durnatək yol azıb qalmaram səfdən,
    Qorxma, ömrüm-günüm, mənim tərəfdən,
    Pozulmaz bu eşqin rəngi, gələcəm.
     
    Mənasız keçirdim illərimi mən,
    Açmışam Tanrıya əllərimi mən.
    Saz kimi kökləyib tellərimi mən,
    Çalacam eşqimə cəngi, gələcəm.
     
    Neylər eşqimizə, qopsa tufanlar?!
    Can canın çəkdiyi ağrını anlar.
    Könlündən axmasın qoy qara qanlar,
    Əmin olmalısan, mən ki gələcəm.
     
    Aynuram, könlümdə nə qədər zədə,
    Çırpınır ürəyim qanlı nizədə,
    Mən məğlub olmaram mübarizədə,
    Eyləyib qələmi süngü, gələcəm.
     
    *Adın nəğmə olub dodaqlarıma*
     
    Nə vaxtdır bir yerdə qərar tutmuram,
    Yandırır saldığın köz ürəyimi.
    Hər gün bir alovlu şeir eləyib,
    Sənə göndərirəm söz ürəyimi.
     
    Adın nəğmə olub dodaqlarıma,
    Yolunu kəsərdim, gəlir arıma.
    Qoyma ki, xal düşsün etibarıma,
    Mən sənə vermişəm öz ürəyimi.
     
    Çiçəklə bəzənib bu eşqin önü,
    Yayılıb dünyaya harayı-ünü,
    Sevgilim, sən mənim bu bahar günü,
    Nə incit, nə də ki üz ürəyimi.
     
    Bağban ol Aynurun könül bağına,
    Çıxma Fərhad kimi hicran dağına,
    Mən dözə bilmərəm ayrılığına,
    Həsrətin eləyər buz ürəyimi.
     
  • Əlirza HƏSRƏT.Yeni şeirlər (II hissə)

     
    MƏN FƏHLƏ ŞAİRƏM
     
    Biraz qürurluyam,biraz vüqarlı,
    Könlüm qübarlıdır,əlim qabarlı.
    Hər sözü,kəlməsi bəhrəli,barlı,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    Zəhmət çiçəyidir alnımın təri,
    Torpağın,daşın da gülür gözləri.
    Özünü biraz da şax saxla,pəri,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    Heç vaxt yer gəzmədim yuxarı başda,
    Bir oldu mənimçün bahar da,qış da.
    Tapmışam ruzumu torpaqda,daşda,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    Çörəyim halaldır,suyum halaldır,
    Gözükölgəlilər yanımda laldır.
    Var-dövlət,təmtəraq bir qeylüqaldır,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    Başımın üstündə allahım da var,
    Qurxutmaz ta məni isti,soyuq,qar.
    Yanımda başını dik tutan dostlar,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    Daş yonub,ev tikmək nə gözəl peşə,
    Belə qürrələnmək,döymək var döşə.
    Dönüb arzularım Aya,Günəşə,
    Mən fəhlə şairəm,fəhlə şairəm.
     
    AĞ MƏLƏK
     
    (Ömür yoldaşıma yenidən həyat bəxş edən istedadlı həkim Lətafət xanım Dövlətovanın şərəfinə)
     
    Əllərinin şəfası möcüzədir,ay həkim,
    Bu boş qalmış sinəmə ürəyimi qaytardın.
    Xəstəsi bəxtəvərdir sənintək ağ mələyin,
    Sən süfrəmə suyumu,çörəyimi qaytardın.
     
    Ömür-gün yoldaşımdır müqəddəs ilham pərim,
    Məhəbbətlə açılıb üzümə hər səhərim.
    Əyilmişdi qamətim,bükülmüşdü dizlərim,
    Dağlara söykənməyə kürəyimi qaytardın.
     
    Bəlkə hər xəstə zəvvar,bəlkə hər həkim pirdi,
    Dağlar da qübarlanıb qarşımda baş əyirdi.
    Durnalar qərib-qərib mənə əl eləyirdi,
    Yolunmuş qanadıma lələyimi qaytardın.
     
    Verdiyin dərmanların acısı da bal dadır,
    Səndən qaçan xəstəlik həkim,yaman haldadır.
    Gördün Əlirza Həsrət yaşamır,baş aldadır,
    Mənə öz varlığımı,gərəyimi qaytardın.
     
  • Əlirza HƏSRƏT.Yeni şeirlər (I hissə)

    QUŞLARIN
     
    Döşünə yatmaz ki vətən nəğməsi,
    Sərhəd dirəyinə qonan quşların.
    Başına ahımla sığal çəkərdim,-
    Soyuqda qanadı donan quşların.
     
    Sevib könül verdim tütəyə,neyə,
    Quşlar qanadıyla qapımı döyə.
    Vətən bayrağı tək ucalsın deyə,-
    Gərək heykəlini yonam quşların.
     
    Bu yurd ayrı yuva,mən ayrı quşam,
    Çətin ki,bu Yerə,Göyə uyuşam.
    Hər gün arxasınca su atır Şuşam,
    Qürbətdən qayıdan sonam quşların…


     
    ÖZÜ BOYDA BİR VƏTƏNDİR HƏR ŞƏHİD
     
    Ucalırsan baş əydikcə biz sənə,
    Ocaq şəhid,zəvvar şəhid,pir şəhid.
    Qollarımız sərhəd teli bu yurdun,
    Özü boyda bir Vətəndir hər şəhid.
     
    Bir ağacıq,düşən yarpaq şəklimiz,
    Xarıbülbül eşqə ortaq şəklimiz.
    Dalğalanır bayraq-bayraq şəklimiz,
    Bağrımıza basdığımız Yer şəhid.
     
    Bu vüqara,bu duruşa maşallah!
    Bu döyüşə,bu vuruşa maşallah!
    Könüllərdə taxtdır Şuşa,maşallah!
    Bu torpağa ən vəfalı yar şəhid!
     
  • Şair-publsist Rafiq ODAY.“ZƏFƏR KANTATASI” – SONETLƏR ÇƏLƏNGİ

     
     “ZƏFƏR KANTATASI” – SONETLƏR ÇƏLƏNGİ
     
    İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizə həsr olunur.
     
    I sonet
     
    Şuşanın başına dolanır duman,
    Bu dəfə sevinclə, qürurla, ərklə.
    Oğullar silaha sarılan zaman,
    Peyman bağlayarlar O BÖYÜK TƏKlə!
     
    Allahın adıyla yola çıxanlar,
    Vətən sevdasıyla silahlanarlar.
    Müqəddəs kitabı köksə sıxanlar,
    Qeyrəti ən güclü silah sanarlar.
     
    Dünyanı nankora zindan eyləyib,
    Namərdin bağrını al qan eyləyib,
    Sonra da çəkərlər dağı üstünə.
     
    İgidlər gözündə dağ təpələnir,
    Təpələr ovulur, qum ləpələnir,
    Yeriyir ərənlər yağı üstünə.
     
    II sonet
     
    Yeriyir ərənlər yağı üstünə,
    Hicrana, həsrətə son qoymaq üçün.
    Aslanlar tülkünün durur qəsdinə,
    Əbədi nifrətə son qoymaq üçün.
     
    Dedik adam kimi başa düşərlər,
    Adamlıq nə gəzir, adamlıq hanı?
    Daha ayaq tutub yeriməz şərlər,
    Daha şüşədədi düşmənin canı.
     
    Haydı, cavur üçün ağlamaq olmaz,
    Donuzu darıda saxlamaq olmaz,
    Bizim xeyrimizə işləyir zaman.
     
    Siçantək girməyə deşik axtarır,
    Arazdan o tayda keşiş axtarır, –
    Gədələr başını itirib yaman.
     
    III sonet
     
    Gədələr başını itirib yaman,
    Daha fayda yoxdu dədələrindən.
    Belə alçaqlarda nə din, mə iman?! –
    Daha kar aşmaz ki, hədələrindən.
     
    Hərdən sümük atır böyük qardaşı,
    Ağzı boş qalmasın, işləsin deyə.
    Ordumuz önündə ordusu naşı,
    Yalançı hay-küyü dirənir göyə.
     
    Yad eldə ölənin qiyməti olmaz,
    Çünki torpaq adlı qeyrəti olmaz, –
    Sipər eyləyərlər sağın üstünə.
     
    Daha başlarının daşı tükənməz,
    Timsah gözlərinin yaşı tükənməz,
    Ağı söyləyərlər ağı üstünə.
     
    IV sonet
     
    Ağı söyləyərlər ağı üstünə,
    Ağlamaq – əzəli vərdişləridi.
    Hər yandan od-alov yağır üstünə,
    Bu gərdiş sonuncu gərdişləridi.
     
    44 gün bəs etdi Müzəffər Ordum,
    Dağıtsın düşmənin xanimanını.
    Orduyla birlikdə döyüşdü yurdum,
    Görməkçün o böyük ZƏFƏR anını.
     
    Hər gün xoş xəbərlə açıldı səhər,
    Dönüb şəfəqlərə saçıldı səhər,
    Üzünə gün doğdu sökülən danın.
     
    Oğullar bir anda selə döndülər,
    Qürbət diyarlardan elə döndülər, –
    Səsinə səs verdi Baş Komandanın.
     
    V sonet
     
    Səsinə səs verdi Baş Komandanın,
    Otuz il həsrətdə üzülən xalqım.
    Bildi qiymətini yetişən anın,
    Cihadçün növbəyə düzülən xalqım.
     
    Dünya görməmişdi hələ bu qədər,
    Bir xalqın yumruqtək bir olduğunu.
    Biləndə – zəhmət də getməyir hədər –
    Vətənin müqəddəs pir olduğunu!
     
    Ordumuz irəli atılan andan,
    Gəldi ilk şad xəbər Suqovuşandan, –
    Bildik nə deməkdi qələbə dadı.
     
    Fərqi yox, kənd oldu, ya şəhər oldu,
    Daha da birləşdi, səfərbər oldu,
    Minlərlə könüllü vətən övladı.
     
    VI sonet
     
    Minlərlə könüllü vətən övladı,
    Kükrədi, kükrədi, dənizə döndü.
    Qürurla anıldı Vətənin adı,
    Gördük ki, vətən də qiblədi, yöndü.
     
    Ali Baş Komandan qürur yerimiz,
    Ali Baş Komandan ZƏFƏR carçısı.
    Haqqın əsgəriyik biz hər birimiz,
    Nədən bizdə görsün dünya hər suçu?!
     
    Həqiqət yoludu getdiyimiz yol,
    Çinartək qoynunda bitdiyimiz yol, –
    Göstərir hökmümü bizə hər anın.
     
    Bilirik yağının hiyləsi nədi…
    Ünvanı şəhidlik zirvəsinədi, –
    Hər daşa, qayaya çilənən qanın.
     
    VII sonet
     
    Hər daşa, qayaya çilənən qanın,
    Kiçik zərrəsində vətən yaşayır.
    Sülhü bayraq edən Azərbaycanın,
    Həqiqət səsində vətən yaşayır.
     
    Düşmən namərddisə, söz anlamırsa,
    Demək ki, başqa yol qalmayıb bizə.
    Haqqı, düz sözü də düz anlamırsa,
    Məcburuq qılıncla gətirək dizə.
     
    Torpaqdan pay olmaz, qoy bilsin hamı,
    Vətənə tay olmaz, qoy bilsin hamı,
    Üstündə gəzdirməz bu torpaq yadı.
     
    Sevgini bölməyə nə var? – soruşsan,
    Uğrunda ölməyə nə var? – soruşsan, –
    Vətəndir, Vətəndir, Vətəndir adı!
     
    VIII sonet
     
    Vətəndir, Vətəndir, Vətəndir adı,
    Bu kolun, bu kosun, bu çəmənin də.
    Vətən torpağının başqadır dadı,
    Çiçək də gözəldi öz vətənində.
     
    Bizim müqəddəsdir torpaq sevgimiz,
    Dədə Qorqud adlı uludan gəlir.
    Türkük – soyumuzu dəyişmərik biz, –
    Təbrizdən, Kərkükdən, Boludan… gəlir.
     
    Ucaldı göylərə türkün bayrağı,
    Çəkdi sinələrə “Bayraqdar” dağı,
    Kilsənin hayqıran zəngi lal oldu.
     
    Bəxtinə gün doğan, şəfəq saçılan,
    Ard-arda üçrəngli bayraq sancılan,
    Füzuli, Cəbrayıl, Zəngilan oldu.
     
    IX sonet
     
    Füzuli, Cəbrayıl, Zəngilan oldu,
    Ardınca gör neçə kəndlər, şəhərlər.
    Bu yol qələbəyə aparan yoldu,
    Burda istəyinə yetişməz şərlər.
     
    Şad xəbər almaqçün hər gün səhəri
    İnsanlar yatmayıb gözləyirdilər.
    Cəbhədən verilən hər bir xəbəri,
    İntizar içində izləyirdilər.
     
    Ananın – südümüz halaldı sizə,
    Vətənin taleyi ta qaldı sizə, –
    Önündə mat qalan bir cahan oldu.
     
    Övladsa girdiyi qanlı döyüşdə,
    Müqəddəs döyüşdə, şanlı döyüşdə
    Xalqa ZƏFƏR adlı bir ünvan oldu.
     
    X sonet
     
    Xalqa zəfər adlı bir ünvan oldu, –
    Belə oğullara eşq olsun deyək!
    Vətənçün, torpaqçün şirin can oldu,
    Ruhları önündə hər an baş əyək!
     
    Şəhidlik nur çilər imana, dinə,
    İki min doqquz yüz səksən üç nəfər –
    Şəhidlik donunu geyib əyninə,
    Tanrı dərgahına eylədi səfər!
     
    Dildə şüar etdi Vətən kəlməsin,
    Burda bir sifəti vardır hər kəsin,
    Cilidi dəyişməz, donu dəyişməz.
     
    Daha bu törpaqdan silinməz izi,
    Hər şəhid – sakini ürəyimizin, –
    Ünvanı dəyişməz, yönü dəyişməz.
     
    XI sonet
     
    Ünvanı dəyişməz, yönü dəyişməz,
    Düşmənin üstünə şığıyanların.
    Mənim igidlərim heç zaman düşməz
    Qurduğu tələyə dığayanların.
     
    Yarıldı yarılmaz deyilən sədlər,
    Bir anın içində toz-duman oldu.
    Söküldü bərələr, dağıldı bəndlər,
    Hər zərbə düşmənə ah-aman oldu.
     
    Hər qarış torpağı geri alınca,
    Bayraqlar sancdınız bayraq dalınca, –
    Şuşadan, Ağdamdan üzü bəri siz!
     
    Həm Günə, həm Aya bəyan eyləyin,
    Həm bütün dünyaya bəyan eyləyin, –
    Qururla paylaşın bu ZƏFƏRi siz!
     
    XII sonet
     
    Qururla paylaşın bu ZƏFƏRi siz,
    Yazılsın minlərlə “Şuşa dastanı”.
    Dünyanın ən adil sülhsevəri siz,
    Haqq olmaq qorudu Azərbaycanı.
     
    “Şuşa, sən azadsan!” – sevgiyə bir bax!
    “Şuşa, biz qayıtdıq!” – azadlıq himni!
    Bizsiz qəribsəyən dərdli Qarabağ,
    Gəlmişəm, dur özün qarşıla məni!
     
    Nə bir ehtiyacdan, nə bir əsasla,
    Qoymayın arxivlər küncünə, əsla,
    Milyon yol göstərin bu səfəri siz!
     
    Dünyanın qoy gözü ədalət görsün,
    Bir də özlərində rəzalət görsün, –
    Hamıya çatdırın bu xəbəri siz.
     
    XIII sonet
     
    Hamıya çatdırın bu xəbəri siz,
    İgidlər qanıyla tarix yazdılar.
    11 min 111 igid qazimiz,
    Hər addım düşmənə qəbir qazdılar.
     
    İki yüz iyirmi qəhrəmanımın,
    Qanlı səngərlərdə izi yaşayır.
    Ruhları – şahidi zəfər anımın,
    Milyon könüllərdə özü yaşayır.
     
    Min-min Mübarizlər yetirən xalqın,
    Qoynunda Poladlar bitirən xalqın,
    Düşmənə nifrəti, kini dəyişməz.
     
    Arxa da vətəndi, ön də vətəndi,
    İman da vətəndi, din də vətəndi,
    Türk oğlu türklərin dini dəyişməz!
     
    XIV sonet
     
    Türk oğlu türklərin dini dəyişməz,
    Həm də əqidəsi yerində qalar.
    İstəsən dünyanı hey dolan, hey gəz,
    Türkün sirr bildiyi sirrində qalar.
     
    Yırtılar sonuncu yalan pərdəsi,
    Düşmənin maskası üzündən düşər.
    Dünyanı oyuna qatmaq istəyən,
    Nə vaxtsa dünyanın gözündən düşər.
     
    Şükür, qopdu zəli torpağımızdan,
    Əbədi, əzəli torpağımızdan, –
    Qayıtdı cənnətim, döndü din-iman.
     
    Sevincdən çiçəyi çırtlayır, baxın,
    Dağdan karvan-karvan eyləyib axın,
    Şuşanın başına dolanır duman.
     
    XV sonet
     
    Şuşanın başına dolanır duman,
    Yeriyir ərənlər yağı üstünə.
    Gədələr başını itirib yaman, –
    Ağı söyləyərlər ağı üstünə.
     
    Səsinə səs verdi Baş Komandanın,
    Minlərlə könüllü Vətən övladı.
    Hər daşa, qayaya çilənən qanın,
    Vətəndir, Vətəndir, Vətəndir adı!
     
    Füzuli, Cəbrayıl, Zəngilan oldu,
    Xalqa zəfər adlı bir ünvan oldu, –
    Ünvanı dəyişməz, yönü dəyişməz.
     
    Qururla paylaşın bu ZƏFƏRi siz,
    Hamıya çatdırın bu xəbəri siz, –
    Türk oğlu türklərin dini dəyişməz!
     
    14-17 aprel 2022-ci il.
     
  • Şair-publsist Rafiq ODAY. “ALDANIŞ ” – SONETLƏR ÇƏLƏNGİ

     
    “ALDANIŞ ” – SONETLƏR ÇƏLƏNGİ
     
    (Bu “Sonetlər çələngi”ni ustad Məmməd Arazın ölməz ruhuna həsr edirəm)
     
    I sonet
     
    Ölür bələyində yaz çiçəkləri,
    Ətrini küləklər alıb aparır.
    Arılar sevməyir hörümçəkləri, –
    Çünki torlarına salıb aparır.
     
    Vədəsiz yağışın izi dərində,
    Küləklər şütüyür hey harın-harın.
    Bəxti gətirməyir böcəklərin də,
    Dönürlər yeminə qarışqaların.
     
    Bülbüllər avazla oxuya bilmir,
    Sevənlər həvəslə toxuya bilmir, –
    Sevdiyi qızların saçına çələng.
     
    Mələşən quzular çəməndən küsür,
    Çaylar yağış altda çiməndən küsür, –
    Nədən tərpənir bəs bu yaz belə ləng?!
     
    II sonet
     
    Nədən tərpənir bəs bu yaz belə ləng?
    Nədən Günəş canı isidə bilmir?
    Gedir qışla yazın arasında cəng,
    Qulaq deyiləni eşidə bilmir.
     
    Biz kimik baharın ömründən kəsib,
    Calayaq sərt üzlü qışın ömrünə?!
    Sanki tarlalarda qara yel əsib,
    Boynubükük qalan xışın ömrünə.
     
    Süfrə hər fəsildə çörək istəyir,
    Süfrəyə gələnlər əmək istəyir, –
    Kimsə qəbul etməz belə ərkləri.
     
    Qoymayın sifətlər boza dönüşsün,
    Qoymayın ürəklər buza dönüşsün,
    Günəş də isitməz buz ürəkləri.
     
    III sonet
     
    Günəş də isitməz buz ürəkləri,
    Mərhəmət yoxdusa, o cana hayıf.
    Yüklər qançır edər hey kürəkləri,
    Gödənə qul olan insana hayıf.
     
    Yenə min ümidlə açılar sabah,
    Baxışlar dikilər sökülən dana.
    Xalqın ruzisini bol eylə, Allah,
    Qoyma möhtac olsun insan insana.
     
    Olsa, dəyanəti əlindən gedər,
    Olsa, ləyaqəti əlindən gedər, –
    Ehtiyac öldürər ruhu, edər çəng.
     
    Dəyişər dünyanın gərdişini də,
    İtirər döyünmək vərdişini də,
    Əgər dəyişməsə qəlblərdə ahəng.
     
    IV sonet
     
    Əgər dəyişməsə qəlblərdə ahəng,
    Dünyayla qurduğu körpülər yanar.
    Pozulan ritm, eylər nəfəsini təng,
    Yaşayar dünyada dünyadankənar.
     
    İçdiyi şərbət də zəhər dadında,
    Özəl bir axşamı, səhəri olmaz.
    Əzrail kəpənək qanadlarında
    Enər sinəsinə, xəbəri olmaz.
     
    Hər şey öz səmtində uğurun tapar,
    Düz imiş – su axar, çuxurun tapar,
    Tapmasa, o səmtə heç axmaz, atam.
     
     
    Demək ki, palaza bürünməyənin,
    Bürünüb el ilə sürünməyənin,
    Bu dünya üzünə xoş baxmaz, atam!
     
    V sonet
     
    Bu dünya üzünə xoş baxmaz, atam,
    Onun istəyinə uymayanların.
    Bir addım, yaxına buraxmaz, atam,
    Dərdini, sərini duymayanları.
     
    Nə dünya dünyalıq eyləyə bilir,
    Nə də biz Adəmdən qalan adamıq.
    Baxma ki, səsimiz göylərdən gəlir,
    Biz hələ tin adam, dalan adamıq.
     
    Bölünüb min yerə calaqlanmışıq,
    Kollanıb, koslanıb, alaqlanmışıq, –
    Nə var – önümüzə nəhs çıxardılar.
     
    Pozulub mizanı lap təməlindən,
    Əl çəkən oldumu bəd əməlindən, –
    Gələnlər başında hirs çıxardılar.
     
     VI sonet
     
    Gələnlər başında hirs çıxardılar,
    Bağrı deşik-deşik, göyü tənəkə.
    Gen dünya edilib başımıza dar,
    Necə yaşayasan alnında ləkə?!
     
    Tanrı qismətinə şükür edən yox,
    Qarınlar baş olub, başlar qarında.
    Taleyin açdığı yolla gedən yox,
    İnsan əmin deyil arzularında.
     
    Hərislik dünyanı alıb başına,
    Mələklər tuş gəlib şeytan daşına,
    Kim deyir göylərdən daş yağmaz, atam?!
     
    Qəflət yuxusundan insan ayılmaz,
    Sevgisi yoxdusa, ürək sayılmaz, –
    Haqqa kor gözlərdən yaş axmaz atam.
     
    VII sonet
     
    Haqqa kor gözlərdən yaş axmaz, atam,
    Hər qaynar qazanda qaynamaq olmaz.
    Həm sənin xatandı, həm mənim xatam,
    Haqla çilingağac oynamaq olmaz.
     
    Ədalət axtarır dünya haçandı, –
    Bir quş dimdiyində, gül ləçəyində.
    İçilir haqq andı, ədalət andı, –
    Haqqı yeyilməsin bir böcəyin də.
     
    Böcək də yeyildi, dimdik də getdi,
    Gülün ləçəyi də dimdikdə getdi,
    Yenə yumurtanı tərs çıxardılar.
     
    Belə bulanıqla durulmaz sular,
    Durulmaz sularda oxumaz qular, –
    Başa gələnlərdən dərs çıxardılar.
     
    VIII sonet
     
    Başa gələnlərdən dərs çıxardılar,
    Sən dedin, mən də ki inandım buna.
    Tanrım, sən boyüksən, mərhəmətin var, –
    İlk andım bunadı, son andım buna!
     
    İnsanı dünyanın əşrəfi etdin,
    Bəs hardan törədi bu bişərəflər.
    Çevrilib əllərdə oyuncağa din,
    Sələfə toy tutur indi xələflər.
     
    Bəşəri “Ol” adlı sözündən qoru,
    İnsanı insanın özündən qoru,
    Sonu yox, insanın bu qərəzinin.
     
     
    Çiçəyin ömrünü özünə qaytar,
    Böcəyin ömrünü özünə qaytar,
    Düzəlt ayarını bu tərəzinin.
     
    IX sonet
     
    Düzəlt ayarını bu tərəzinin,
    Yoxsa qiyamətin izi görünər.
    İnsanın bu məkr, bu qərəzinin
    Sonunda Bəröyüd düzü görünər.
     
    Bu yandan baxanlar Cənnət sanarlar,
    O yandan baxanlar Cəhənnəm görər.
    Bunlara nə etsən, minnət sanarlar,
    Quruyan kipriklər yenə nəm görər.
     
    Çapmasın nadanlıq köhlən atında,
    Saxla insanlığı sən öz qatında,
    Süzsün səmasında geniş ərzinin.
     
    Yoxsa, varlığını alov qovurar,
    Yoxsa, külünü də göyə sovurar,
    Sonunda ölüm var bu mərəzinin.
     
    X sonet
     
    Sonunda ölüm var bu mərəzinin,
    Günaha batmasın çəki daşları.
    Mənəm-mənəm ilə qoyma gəzinə,
    Davulqarınları, yekəbaşları.
     
    Üstündə gəzdirməz bədən bu başı,
    Amma söz qoyan yox sözü önünə.
    Başbilən etmisən nədən bu başı,
    Çəkir qamarlayıb közü önünə.
     
    Vərdişə çevrildi qamarlamağı,
    Qırıldı qəlblərdə ədalət bağı,
    Din hələ bir yana, iman qalmadı.
     
    Bu ələk haçansa düz ələr dedik,
    İnsandı, gün gələr düzələr dedik,
    Amma düzəlməyə güman qalmadı.
     
    XI sonet
     
    Amma düzəlməyə güman qalmadı,
    Hər yanı qan tutdu, qada bürüdü.
    Qoyduğun qanunu vecə almadı,
    Fironlar dünyanı oda bürüdü.
     
    Yeri parçalayıb, göyü deşdilər, –
    Göy də lərzə gəldə, yer də titrədi,
    Quşlar göylüyündən perik düşdülər,
    Bicarə canlılar yerdə titrədi.
     
    Yoluna, izinə asi olanın,
    Allahım, özünə asi olanın,
    Dağıt tifaqını, dərbədər eylə.
     
    Ayaq hansı yanda, qol hanı, Allah?
    Burdan o tərəfə yol hanı, Allah?
    Allahım, gücünü səfərbər eylə.
     
    XII sonet
     
    Allahım, gücünü səfərbər eylə,
    Dünyanın düzəni geri qayıtsın.
    Bülbüllər yenə də bənd olsun gülə,
    Ormanın gəzəni geri qayıtsın.
     
    Quşlar göy üzündə tikələnməsin,
    Sulara çökməsin ölüm kabusu.
    Mərmilər başlara heç ələnməsin,
    Rahat nəfəs alsın torpaq, hava, su.
     
    Son kərə nişan ver, yol hansı olsun,
    Bu bizə, Allahım, son şansın olsun, –
    Qalmışıq köməksiz, darda, yer eylə.
     
     
    Ya da yenidən seç bəndələrini,
    Təzədən yoğur, yap kündələrini, –
    Nuhun gəmisinə orda yer eylə.
     
    XIII sonet
     
    Nuhun gəmisinə orda yer eylə,
    Pakları çirkabdan ayır, İlahi!
    Fironun taxtını yerlə bir eylə,
    Törəyib artmasın çayır, İlahi!
     
    Çayları, gölləri zəhərləyəndən,
    Ormanı yandırıb-yaxandan qurtul.
    Dolub daşmadadı zəhər ləyəndən,
    Düşsün qoy dəccallar yaxandan, qurtul.
     
    Gəlsin hüzuruna aman istəyən,
    Dinsiz gədələrdən iman istəyən, –  
    Daha veriləsi iman qalmadı.
     
    Nə ata, nə ana, nə qardaş-bacı?!
    Tanrım, bu bəşərin halına acı, –
    Burda yan almağa liman qalmadı.
     
    XIV sonet
     
    Burda yan almağa liman qalmadı,
    İşi müşkül olar bu dəfə Nuhun.
    İçindən günahsız, məsum bəndəni,
    Seçmək çox çətindi qaraguruhun.
     
    Bu dəfə əl atma o yola, Tanrım,
    Bu dəfə düzəni tufansız yarat.
    Bağışla qulunu, nə olar, Tanrım,
    Gözəldi yaşamaq, gözəldi həyat!
     
    …Bax, yenə hardansa qara yel əsdi,
    Oluma, ölümə ən gözəl dərsdi, –
    Tanrım, özün qoru kəpənəkləri.
     
     
    Göyə bülənd olur dağa dəyən ah,
    Bayquş bəbəyində açılır sabah,
    Ölür bələyində yaz çiçəkləri.
     
    XV sonet
     
    Ölür bələyində yaz çiçəkləri,
    Nədən tərpənir bəs bu yaz belə ləng?
    Günəş də isitməz buz ürəkləri,
    Əgər dəyişməsə qəlblərdə ahəng.
     
    Bu dünya üzünə xoş baxmaz, atam,
    Gələnlər başında hirs çıxardılar.
    Haqqa kor gözlərdən yaş axmaz, atam, –
    Başa gələnlərdən dərs çıxardılar.
     
    Düzəlt ayarını bu tərəzinin,
    Sonunda ölüm var bu mərəzinin, –
    Amma düzəlməyə güman qalmadı.
     
    Allahım, gücünü səfərbər eylə,
    Nuhun gəmisinə orda yer eylə,
    Burda yan almağa liman qalmadı.
     
    18-21 aprel 2022-ci il.
  • Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.

    Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 20 aprel 2022-ci il 

    Mənbə: https://president.az/

  • Ədalət RƏSULOVA.”Didərgin şairin Vətən nisgili”

    Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında  özünəməxsus  yeri  olmuşdur.

         Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən Abşeronun Qala kəndindəndir. A.İldırım ibtidai təhsilini Bakıda, “İttihad” məktəbində almışdır. 1925-ci ildə şəhər gimnaziyasını bitirmiş, 1927-ci ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. Bir neçə aydan sonra isə onu “tacir oğlu” adı ilə damğalayıb universitetdən xaric etmişlər. Bu dövrdə artıq mətbuatda ilk şeirləri ilə çıxış edən A.İldırım Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin yığıncaqlarında fəal iştirak edirdi. Bir qədər sərbəst ruhda yazılmış bəzi əsərləri üstündə ilk zərbələrə də elə o vaxtdan məruz qalmışdır:

    Zirvədə oynayan rüzgarlar acı.

    İllərlə görünməz başının tacı.

    Anlat ki, dərdinin nədir əlacı,

    Nədir bu dumandan tüllər, a dağlar?!

          Poeziyamızın ənənəvi mövzularından birinə həsr edilmiş bu şeirdə dağları Azərbaycanın rəmzi kimi, “acı rüzgarlar”, “dumandan tüllər” təşbehləri isə 20-ci illərdə xalqımızın düçar olduğu ictimai faciələrə işarə kimi mənalandıran o zamankı siyasi baş idarə A.İldırımı Dağıstana sürgün edir. O dövrün bir sıra Azərbaycan ziyalıları kimi A.İldırım Dağıstanda bir müddət pedaqoji işlə məşğul olur. Azərbaycanın və Dağıstanın ecazkar təbiətini tərənnüm edən şeirlər yazır. Bakıda çapa hazırlanan ilk kitabını  isə təbii ki, kommunizmə zidd fikirlər aşılayan bir kitab kimi yasaq edirlər. Kitabın tirajı müsadirə olunur. A.İldırım yenidən Dağıstandan Türkmənistana sürgün olunur. Özünün sonralar etiraf etdiyi kimi şair, Dağıstanda olduğu kimi Türkmənistanda da eyni hissləri yaşayır.

         A.İldırımın Aşqabadda milli ruhlu şeirləri əldən-ələ dolaşır, şair qısa bir müddətdə vətənpərvər ziyalıların, açıq fikirli tələbələrin sevimlisinə çevrilir. Lakin o, burada özünü  və təzəcə qurduğu ailəsini gözləyən təhlükəni də aydın görür. Buna görə də 1933-cü ilin iyun ayında həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana  getməyə məcbur olur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün sıldırım qayalar və uca dağlar arasından keçir, çətin cığırlarla günlərlə yol getdikdən sonra nəhayət İran torpağına çatırlar. Ancaq İranda A.İldırımı dərhal həbs edirlər. Onu bolşevik cəsusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə A.İldırımın səhhətində dərin izlər qoyur. 25 gündən sonra, nəhayət, azad edilib. Məşhəd şəhərinə göndərilir. Burada iş yeri tapa bilməyən A.İldırım uzun müddət yoxsul, acınacaqlı həyat sürür. A.İldırım İranda çox qala bilməyib tezliklə Türkiyəyə gedir. və Türkiyənin Elazığ adlanan məkanında yaşamağa başlayır.

            Şairin İranı tərk etməsinin əsas səbəbi orada şahlıq rejiminin amansızlığı idi. 30-cu illərin ortalarında Türkiyə respublikası təkcə türk elləri arasında yox, Yaxın Şərqin islam regionunda yeganə ölkə idi ki, Atatürk inqlabından sonra həqiqi mənada insanların azadlığı və ölkənin istiqlaliyyəti üçün müəyyən imkanlar yaradılmışdı. A.İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif  bölgələrdə “bucaq müdirliyində” (qəsəbə bələdiyyəsində), Malatyanın Qala qəsəbəsində bələdiyyə idarəsində işləmişdir.

          A.İldırımın Türkiyə mətbuatında xeyli şeirləri dərc olunmuş, bir sıra əsərləri “Boğulmayan bir səs” (1936) kitabında toplanmışdır. 1990-cı ildə Bakıda buraxılmış ilk kitabı isə “Azərbaycanın didərgin övladı şair Almas İldırım şeirlərilə” adlanır. Bu kitabda şairin 18 əsəri dərc olunmuşdur. Lakin Azərbaycanın da Türkiyənin də şeirsevənləri A.İldırımın irsi arasında ən mötəbər körpünü şairin 1990-cı ildə Ankarada çap olunmuş, 61 əsərini əhatə edən “İgidlərə səsləniş” və 1994-cü ildə Bakıda buraxılmış, yüzə yaxın əsərini əhatə edən “Qara dastan” kitabları birləşdirir.

         1934-cü ildə A.İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. O, artıq əvvəlki illərlə müqayisə edilməyəcək bir səadətə qovuşur. Şair burada özü üçün ikinci vətən, iş yeri, həmdərdlər tapır. Amma yenə də qəlbi Azərbaycanın həsrətilə yanır. Onun qürbətdəki lirikasının qiymətli nümunələri təbii ki, bu illərə təsadüf etmişdir. Zorla düçar edildiyi didərginliyin ağır yükünü həyatının sonunadək daşıyan  A.İldırımın əsərlərində qəriblik bütün təfərrüatı, ən incə məqamları ilə öz əksini tapmışdır. Bu mənada A.İldırımın yaradıcılığı Azərbaycan poeziyasında qürbət lirikasının ən zəngin nümunələrindən biri kimi qiymətləndirilmişdir.  Bu mövzuya tez-tez müraciət edən şair bir şeirinin adını “Qürbətdə” qoymuş, başqa bir əsərini “Qürbət məktubları” adlandırmış, üçüncüsünü “Qərib quşuma” başlığı ilə qələmə almışdır. Son əsərində deyil, bir sıra şeirlərində də onun dönə-dönə müraciət etdiyi yaralı quş obrazı həmişə qürbətdə təsvir edilir:

    Of! Bakı, bu ayrılıq mənə ölümdən ağır,

    Aləmə bahar gəldi, sənə yağmur, qar yağar…

         Şair hələ vətənində ikən doğma yurdunu bürümüş haqsızlıqlardan, ölkədə baş verən faciələrdən cana gəlib vətən içində qəribsəməyə başlamışdı: “Arazla dərdləşmə”, “Qafqaz dağlarına”, “A dağlar”, “Neçin şair doğuldum?”, “Ömrüm xarab oldu, hey”, “Əlvida Bakı” və s. şeirlərini qələmə almışdır.

    Bax, nə deyir yenə bu coşğun Xəzər,

    Qoynunda şimaldan gələn yad gəzər.

    Bu bir dərd ki, məni ömrümcə əzər,

    Salır məni haldan-hala, əlvida!…

          A.İldırımın qürbət lirikasını canlandıran yaşadığı illərin Azərbaycan gerçəkliyi, xalqın tarixi keçmişi, təbii gözəllikləri, zəngin yeraltı sərvətləri, qədim tarixi abidələr, zəngin mədəniyyət, şeir-sənət ölkəsi olan Vətən torpağı idi. Lakin  A.İldırım bu əsərləri yazan dövrdə  Azərbaycanın  zəhmətkeş  və  qeyrətli  xalqı  olmazın əzablara, sıxıntılara məruz  qalmışdı.

         Şairin “Gözəlim”, “A dağlar”, “Ölsəm” qoşmaları, bir sıra şeirləri məhz bu məzmunda başa düşülür. Onların adi təbiət hadisələrindən daha çox vətəndə baş alıb gedən ictimai ədalətsizliklərə həsr olunduğu aydın görünür:

    Çiçəkli qoynunda bir baxça tikdim,

    Suvara-suvara gözyaşı tökdüm.

    Gecə-gündüz əməyini mən çəkdim,

    Yoldu meyvəsini yellər, a dağlar!

         Vətən həsrəti A.İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı xəttini təşkil edir. “Əsir Azərbaycanım” şeiri də bu qəbildəndir.

    Hanı məni gül qoynunda doğuran.

    Xamırımı göz yaşıyla yoğuran,

    Beşiyimdə “layla balam” çağıran,

    Azərbaycan, mənim bəxtsiz anam oy!

    Neçə ildir həsrətində yannam oy!

    …Könlümə tək Kəbə tapdım səni mən,

    Sənsiz neynim qürbət eldə günü mən.

    Sənsiz neynim Allahı mən dini mən,

    Azərbaycan mənim tacım, taxtım oy!…

    Oyanmazmı kor olası baxtım oy!

         Göründüyü kimi, bu şeirin yığcam bir ideya-bədii kompozisiyası var. Onun hər bəndində ardıcıl surətdə mövzunun şərhinə aparan həyati bir məzmun açılır. Birinci bənddə lirik qəhrəmanın körpəlik çağları  xatırladılmış, onunla vətəni arasındakı ana-övlad münasibətləri öz əksini tapmışdır.

         Bu şeir həm də 20-ci illərdən üzü bəri Azərbaycanın başına gələn tarixi faciələr üçün onun qərib şair övladının  ürəyindən qopan həzin bir mərsiyə səciyyəsi daşıyır. “Azərbaycan, mənim bəxtsiz anam oy!” misrası və hər bəndin sonundakı “oy” təkriri isə milli folklor motivlərindən irəli gəlir.

         Əslən bakılı olan A.İldırımın şeirlərində öz doğma şəhərinin obrazı ümumiləşdirilir. Şair  vaxtilə dəfələrlə dolaşdığı doğma küçə və meydanlara, Xəzər sahilinə, Səbayel dolaylarına şeirlərində dönə-dönə müraciət edir. “Bakı” şeirində isə 20-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı şəhərin düşdüyü  vəziyyətin bədii təsviri verilir. Şairə görə qədim yunan əfsanələrinin qəhrəmanı Prometey, qadağalara baxmayaraq odu insanlara vermək üçün bilavasitə Abşerona, “dünyanın atəş dolu sinəsi” olan Bakının yanar qayalarına  üz tutmuşdur. Şeirdə təsvir olunan Bakı faciəsi A.İldırımın lirik qəhrəmanının əsas mənəvi-psixoloji aləmini səciyyələndirir:

    Bir zamanlar adına eşq oxudum illərlə,

    İndi artıq qəlbimin içində inlə, Bakı!

    Uğrunda çırpınanlar qolları bağlı getdi.

    Mən yanaraq kül oldum, sənin dərdinlə Bakı!

         Şair yaradıcılığı boyu dönə-dönə müraciət etdiyi türk  xalqlarının taleyi məsələsi ilə əlaqədar fikir və duyğularını özünün məşhur  “Qara dastan” şeirində ümumiləşdirmişdir. Əsərdən alınan ümumi təəssürat keçmiş Sovet imperiyasının ardıcıl surətdə yeritdiyi antitürk, antimüsəlman siyasətində Azərbaycan, Qazax, Qırğız, Türkmən, Özbək, Başqırd türkləri, Kırım, Qazan tatarları və başqa xalqlar ölçüyəgəlməz dərəcədə böyük maddi və mənəvi zərər çəkmişlər. On illər boyu imperiyanın rəhbər tutduğu “Parçala, hökm sür!” ehkamı bu xalqları bir-birindən ayırmaq, bir-birinə yadlaşdırmaq məqsədi güdmüşdür. Əsərdə əks etdirildiyi kimi, türkün on minlərlə ən yaxşı oğul və qızları, Sibirin “buzlu cəhənnəm” inə sürülmüş, heç bir günahı olmayan milyonlarla ailənin ocağı söndürülmüşdür.  Çox güman ki, dastanlara sığmayacaq bu faciələri hərtərəfli əks etdirmək üçün A.İldırım xüsusi bir silsilə yaxud ayrıca poema, dastan yazmağı düşünmüş, “Qara dastanı” isə onun ilk nümunəsi proloqu kimi qələmə almışdır. Sərlövhədə birinci kəlmə “qara” sözü təbiətdə, məişətdə rast gəldiyimiz adi bir rəng əlamətini bildirən mənasından  fərqli olaraq “qara gün”, “qara bəxt”, “qara kağız”, “qara bayram” söz birləşmələrinə uyğun bir məna ifadə edir. Şairin həbsxana və sürgünlərdə, kütləvi qırğınlarda həlak olan soydaşlarının xatirəsinə həsr etdiyi misraların qara  rəngidir. Beləliklə, “Qara dastan” dünyada  “xalqlar həbsxanası” kimi tanınan keçmiş Sovet İttifaqında ağır milli, ictimai zülmə məruz qalan xalqların o qara günlərini çox dəqiq ifadə etmişdir.

           Əəsərin ən təsirli bəndlərindən biri xüsusi olaraq Azərbaycana həsr edilmişdir:

    Azərbaycan dərd içində doğulmuş,

    Sevənləri diyar-diyar qovulmuş.

    Ağla şair, ağla yurdun dağılmış,

    Harda qopuz, harda qırıq kaman hey?

    Harda böyük vətən, harda Turan hey?

          Məlumdur ki, türk ellərinin başına gətirilən faciələrin ən dəhşətlisi məhz Azərbaycanda icra olunurdu. Almas İldırımın özü, ailəsi dəhşətli təqiblərdən, sıxıntılardan başına hava gəlib həlak olmuş bacısı; ikisi bir gündə ölmüş körpə oğlanları da həmin faciələrin qurbanları idi.

          “Ağla şair, ağla, yurdun dağılmış!” misrasında şairin dərdi ümumi xalqın dərdi ilə qaynayıb-qarışmışdır. Bu faciənin ən həzin, kədərli notları isə şeirin bir çox bəndlərində təkrar olunan  “Qoca türkün düşdüyü dərd yaman hey!” misrasında cəmləşir.

          Bir sənətkar kimi A.İldırımın bədii ifadə vasitələri çoxcəhətlidir. Əsərlərinin çoxu vətənpərvərlik, didərgənlik, hicran, qürbət mövzuları ətrafında toplandığına baxmayaraq, o, hər dəfə yeni formalar, təsvir və ifadə vasitələri tapıb işlətmişdir. Hələ Dağıstanda sürgündə ikən anasına məktub şəklində yazdığı “Boğulmayan bir səs” şeiri bu baxımdan diqqəti cəlb edir. Didərgin oğlunun həsrətilə yanan bir ananın təlaş və həyəcanları, ağlamaqdan  nuru getmiş gözləri, Allahın dərgahına yalvarışları təsvir olunur:

    Bəzən kipriyində iki damla yaş,

    Çıxırsan o tozlu yollar üstünə.

    Qəlbində çırpınır gizli bir təlaş,

    Derlər ki, bir dua oxursan mənə.

    Titrək dodaqlarla məni anırsan.

    Yanırsan, yanırsan, ana, yanırsan!

         Burda dərdi başından aşan, daimi övlad  həsrətindən giley edən gözü yaşlı ananın canlı portretinin yaradıldığı  diqqəti cəlb edir. Bu vəzn, ölçü və ahəng ananın ahəstə yalvarınışını, həzin görkəmini, titrək dodaqlarındakı dua pıçıltılarını, bir sözlə, onun qəlb aləmini əks etdirmişdir.

    Lakin mənim düşdüyüm fırtınalar, boranlar,

    Mehrabları əks edən dualardan nə anlar?!

    … Mən yanlız iman etdim qollarımın zoruna,

    Bu zor məni qurtarıb çıxaracaq yarına.

    Mən atmışam o köhnə, əski kürkümü, ana.

    Dinləsənə uzaqdan coşan türkümü, ana!

         Aydınca görünür ki, əvvəlki bəndlərdə ana obrazının təqdimindəki ahəstə, yalvarış ruhu şeirin ahəngindəki gərgin əhval-ruhiyyəni, çağırış ruhunu əks etdirmək üşün artıq kifayət etmir.  O, öz daxilindəki kəskin etiraz duyğusunu, lirik qəhrəmanın coşğun qəzəbini ifadə edir.

         A.İldırım yaradıcılığının yalnız dərd-qəmdən, hüzn və kədərdən ibarət olduğunu düşünmək yalnış olardı. Əlbəttdə vətəndən didərgin olub, doğmalarından ayrı qalması, yurd-yuvasına hökm edən əcaib qanunların təzyiqi şair kəlamının nəinki məzmununa, ruhuna, hətta şəkil və ahənginə də öz möhrünü vurmaya bilməzdi. Lakin nəzərə almaq lazımdır ki, A.İldırımın yaradıcılıq irsi hələ tam əldə edilməsə də, əldə olan nümunələrin özündə və sənətinin ümumi axarı, səciyyəvi istiqamətilə yanaşı, onun şeirlərində gələcəyə inam duyğusunun əlamətlərini görmək çətin deyil.

         Məsələn, “Müqəddəs ixtilal” şeirində aydın sabahlara ümid hisi, gələcəyə inam duyğusu şairin öz məsləkdaşlarına şağırış sədası ilə həmahəngdir;

    Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,

    Bir fırtına səsi var, buludlar göydə dal-dal.

    Açmış doğu bağrını sökəcək şəfəqlərə.

    Qop ey dəli fırtına, rişəni könlümə sal,

    İxtilal istəyirəm, müqəddəs bir ixtilal!

          Bir sıra şeirlərində A.İldırım öz lirik qəhrəmanını  “içimdəki bülbül” obrazı ilə canlandırır və onu inandırmağa çalışır ki, “bu qara gün keçicidir, bir gün bitər, inləmə: bağçamızda sarı bülbül yenə ötər inləmə” deyir…

          Lakin şairin böyük məhəbbətlə obrazını yaratdığı “içindəki bülbül” susmadı. Qoynunda əbədi sığınacaq tapdığı Türkiyədə sayğılarla, qayğılarla nəşr olunmuş əsərlərinin səhifələrindən qanadlanan bu bülbül uçdu, nəhayət, şairin elinə, obasına  yol tapdı. Bir gözü ağlayan, bir gözü gülən bu bülbülün gah həzn, gah da şaqraq cəhcəhləri daima eşidiləcək.

         Qürbətdə yaşamağa məcbur olan Almas İldırım 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən Türkiyədə vəfat etmişdir.

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Təki sağlıq olsun!”

    Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, – Ələddin müəllim! 

    …Sonuncu görüşümüzdən iyirmi il keçir. Bu iyirmi ildə çox şeylər dəyişib – həm ölkəmizin həyatında, həm də şəxsi həyatımızda. Yaşımızın üstə yaş gəlib. Amma Ələddin müəllimin səsindəki əvvəlki şirinlik də yerindədir, həlimlik və mehribanlıq da.  

    Borçalıdan pərvazlanmış xalis türk kişisi kimi həmişə böyük hörmət bəslədiyim Ələddin müəllimin bu zəngi məni hədsiz sevindirmişdi. Bir-birimizlə hal-əhval tutub, qərarlaşdıq ki, ən yaxın günlərdə görüşək. 

    …Və görüşdük. Yaş səksəni haqlasa da, zahirən çox da dəyişməyib. Əvvəlki əzəmət də yerindədir, əvvəlki mərdanə duruş da. Bir az da bəyazlaşmış saçları isə Borçalının başıqarlı dağlarını xatırlatdı mənə. İyirmi ildən sonrakı ilk görüşümüz o qədər səmimi, o qədər isti keçdi ki, vaxtın necə ötdüyünü də bilmədik. Bizi bir-birimizə bağlayan o qədər müqəddəs dəyərlər var ki, günlərlə danışsaq da, qurtarmaz. Bununla belə, nədən danışsaq da, istər-istəməz söhbətmiz fırlanıb Borçalı mövzusuna gəlirdi. Borçalının hər səhifəsi qürur mənbəyi olan tarixi keçmişindən, bu qədim Türk yurdunun bu gün səsi-sorağı dünyaya yayılmış görkəmli ictimai-siyasi xadimlərindən, dövlət, elm və mədəniyyət adamlarından, eləcə də, qəhrəmanlıq tariximizdən – Qarapapaq Borçalı igidlərindən tutmuş ən son İkinci Qarabağ müharibəsində böyük şücaətlə döyüşmüş gənclərimizdən söhbət açdıq. Ələddin müəllimin bu qədər şirin və səmimi söhbəti mənə filosoflardan birinin sözlərini xatırlatdı: «Сян даныш, сянин неъя адам олдуьуну дейим». 

    Doğrudan da, sanki Ələddin müəllimi özüm üçün yenidən kəşf etmişdim. Onun simasında Borçalının ağırtaxtalı kişiləri yenidən gözlərim önündə canlandı. O kişilər ki, bir kəlməsi küsülülər barışdırar, qan düşmənçiliyini aradan qaldırar, öyüd-nəsihət dolu hər məsləhəti gənclərin yoluna işıq saçar. O kişilər ki, sifətinin nuru bir məclisi işıqlandırar, bir elin daim yanar çırağına çevrilər. Və o kişilər ki, bizim onlara hər zaman böyük ehtiyacımız var. Təəssüf ki, sıraları getdikcə seyrəlir.

    Bu el ağsaqqalını əlavə təqdimata ehtiyac olmasa da, xatırladım ki, bu gün hamının daha çox Ələddin Borçalı kimi tanıdığı Ələddin Məhərrəm oğlu Həsənov 1942-ci il yanvar ayının 6-da Gürcüstanda – o zamankı Borçalı (indiki Marneuli) rayonunun Yuxarı Saral kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf etdiyindən ailədə dördüncü uşaq olan Ələddin yaşıdlarının çoxundan fərqli olaraq maddi çətinlik ucbatından orta təhsilini də vaxtında ala bilməyib – 12 yaşında birinci sinfə gedib. Doğma kəndində ibtidai təhsil alıb, sonra qonşu Aşağı Saral kəndindəki məktəbdə oxuyub. Qasımlı kənd orta məktəbini bitirdikdən sonra isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsinin axşam şöbəsində davam etdirib. Ömrünü pedaqoji işə həsr edib – gənclik illərindən başlayaraq təqaüdə çıxana kimi Bakıdakı Mədəni-maarif texnikumunda (indiki Bakı Humanitar kollecində) çalışaraq müəllim adını şərəflə daşıyıb. 

    Bəzən rüzgarın sərt əsən yelləri də onu dəyişə bilməyib. Haqqın yolundan və dürüstlüyündən heç zaman dönməyib, sözün yaxşı mənasında inadkar, haqsızlığa qarşı barışmaz olub, kimsəyə quyu qazmayıb, vədinə əməl edib, əhdini pozmayıb, bir dərdli görəndə qəminə şərik olub, sevinci bölüşüb.

    Bir müəllim kimi yetirmələrinə daim örnək olan Ələddin Borçalı həm də nümunəvi ailə başçısı kimi tanınıb – özü kimi pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Müşrəvan İslam qızı ilə bərabər Səbinə, Samirə, Mehriban, Sevda və Elxan kimi ləyaqətli övladlar böyüdüb. Qəşəm, Ərsan, Nərgiz, Aysel, Hüseyn, Şəhrizad, Bəhmən, Müşrəvan və Mehin kimi gülüzlü nəvələrin sevimli babasıdır.

    Ələddin müəllim görüşə əliboş gəlməmişdi. İki şeirlər kitabını təqdim etdi mənə: 2012-ci ildə işıq üzü görmüş “Külli nemətlərdən yüksəkdir Vətən” və 2022-ci ilin əvvəlində nəşr olunmuş “Qanana rəhmətdir qalan”. 

    Sazlı-sözlü Borçalıda dünyaya göz açıb, həyatda ilk addımlarını da burda atasan və şeirə-sənətə biganə olasan – heç ağlabatan deyil. Əslində Ələddin müəllimin şeir yazdığını bilirdim. Amma onu da bilirdim ki, bəziləri kimi, yazdıqlarının mürəkkəbi qurumamış redaksiya və nəşriyyatların qapısını yağır edənlərdən deyil. Yazmaq xətrinə yazanlardan da deyil. Şeirlərində həyata baxışını ifadə edir, düşündüklərini və onu düşündürənləri sözün poetik qüdrətinə güvənərək qələmə alır, oxucusunun ürəyinə yol tapmağı, onu düşündürməyi bacarır. Kitablarının on illik faislə ilə (2012 və 2022-ci illərdə – anadan olmasının 70 və 80 illik yubileyləri ərəfəsində) işıq üzü görməsi də  Ələddin müəllimin sözə qarşı məsuliyyətindən xəbər verir və hər iki kitabı onun həm də uğurlu yaradıcılıq hesabatı saymaq olar. Onun üçün əsas olan çox yazmaq, tez-tez nəşr olunmaq deyil, nə yazmaq, indiki yazarlar və kitab bolluğunda oxucuya necə kkitab təqdim etməkdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə demiş olsaq, istəyi odur ki, kitabları qalın yox, qalandan olsun. 

    Ələddin müəllimin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Gündəlik həyatda necədirsə, gənclərə hansı öyüd-nəsihəti verir, hansı yolu göstərirsə, onun şeirlərində də biz bunun şahidi oluruq. İnsanları bir-birinə qarğış etməməyə, kişi kimi söhbət aparmağa, arxasıza kömək olmağa çağırır. “Yüz fikir bir borcu ödəyə bilməz” kimi məşhur atalar sözünə söykənib “qaşınmayan yerdən qan çıxarma”, “ara qarışdırıb, evləri yıxma”, “kiminsə varına həsədlə baxma” kimi ağsaqqal məsləhəti verir:

    Ələddin göstərdi yolu-ərkanı,

    Səbr etsən, hər şeyin gələr zamanı.

    Sən özünlə bitmiş bilmə dövranı,

    Qoru məsləkini, qandırar səni.

    Böyük türk şairi N.F.Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu mənada, Ələddin Borçalı da “yarandığı gündən hey çalxanan” dünyada bu gün baş verənlərə bir şair kimi biganə qala bilmir, dünyanı “kainat mülkündə bir möcüzə” adlandırır. 

    Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Ələddin müəllimin 80 yaşı tamam olub. Ömrünün müdriklik çağlarını yaşayır, yazıb-yaradır. Doğrudur, şeirlərinin birində sağlıq durumu ilə bağlı giley-güzar da eləyir, arada “əcəl cəhd etdi ki, tutsun yaxamdan”, – deyir. Amma şükürlər olsun ki, artıq bu problem arxada qalıb. Özünün də dediyi kimi, qarşıda hələ diyar-diyar gəzməyi, bir el ağsaqqalı kimi elin xeyirində-şərində iştirak etməyi, məclislərdə xeyir-dua verməyi var. Bunu özü bədii dillə daha yaxşı ifadə edir:

    Nə yerdən, nə göydən doymamışam mən,

    Dünyanın sehrini çözməyim qalıb.

    Mən də söhbətindən doymadığım dəyərli ağsaqqalımız Ələddin müəllimə bundan sonra da sağlıqlı və uzun ömür arzulayır və deyirəm, qarşıda hələ çox görüşlərimiz, çox söhbətlərimiz var, təki sağlıq olsun, Ələddin müəllim!

    Musa NƏBİOĞLU

    Əməkdar mədəniyyət işçisi

  • Rahid Uluselin kitabı bir neçə ölkədən sonra Almaniyada çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çap edilib.

    “Qanun” nəşriyyatının buraxdığı “Çağlar. Düşünərliyin Zaman Qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Kitabın redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir.

    Rahid Uluselin “Düşüncə Vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı ikinci kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada çap edilib. Müəllifin özünün ingilis dilinə tərcümə etdiyi kitab Avropa mərkəzli “Epubli” nəşriyyatında işıq üzü görüb.

    Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız  tarixi zamanın – XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.

    Azərbaycanlı filosofun ayıq və məsuliyyətli düşüncəni insanlığın universal dəyərlərinin necə yaşadılması üzərində cəmləyən bu kitabı Avropanın mötəbər kitabxanalarına və  “Amazon” da daxil olmaqla dünyanın bir sıra aparıcı saytlarında satışa təqdim edilir. https://www.amazon.de/-/en/Rahid-Ulusel/dp/3754966316 https://www.epubli.de/shop/buch/An-Oasis-of-Thoughts-Rahid-Ulusel-9783754966310/125359

    https://www.thalia.de/shop/home/artikeldetails/A1063566242

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Ədəbiyyat İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

    AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad edilən doğma Şuşa şəhərini görmək arzusunu müəssisə əməkdaşları üçün gerçəkləşdirmək olub. Təsadüfi deyil ki, Şuşa Azərbaycan ədəbiyyatının yarandığı ən mühüm mərkəzlərdən biridir. Burada görkəmli şair və yazıçılarımızdan Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və adlarını sadalamaqla bitməyən neçə-neçə dahilərimiz yaşayıb yaratmışlar. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən ədəbiyyatşünasların otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini nəzərə alaraq, Ədəbiyyat İnstitutu müəssisənin Həmkarlar Təşkilatının dəstəyi ilə mədəniyyət paytaxtına səfər təşkil edib.

    Şuşa ziyarəti dövlətimizin Şuşaya vətəndaş səfərləri çərçivəsində yaratdığı imkanlardan faydalanmaqla həyata keçirilib. Səfər çərçivəsində institut əməkdaşları proqram üzrə Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, mərkəzi meydandakı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şairimiz Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd olunması haqqında 14 mart 2022-ci il tarixində Sərəncam imzalayıb.

    Ölkə başçısının Sərəncamına uyğun olaraq, səfər çərçivəsində Şuşanın mərkəzində yerləşən Xurşidbanu Natəvanın heykəli önündə görkəmli şairə həsr olunmuş “Xan qızı Xurşidbanu Natəvan” adlı elmi sessiya da keçirilib.

    Sessiyada institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Hicran çıxış edərək Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında danışıblar.

    Şuşa səfəri Ədəbiyyat İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb. Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.

  • TAİM-dən yeni nəşr:”Metodika və Pedaqogika” kitabı artıq satışda

    Yeni proqram əsasında Kurikulum vəsaiti artıq satışda!Vəsait MİQ və Sertifikasiya imtahanı üçün metodika ve pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır.

    Vəsait müəllim, tələbə, metodist, təhsil işçiləri və valideynlərə tövsiyə olunur.

    İşıq üzü görən vəsaitdə bütün yeni və əlavə olunmuş mövzular öz əksini tapıb.

    Yeni proqram əsasında hazırlanmış vəsait:

    ✅ Peşəkar heyət tərəfindən hazırlanmışdır;

    ✅ Elmi araşdırma nəticəsində yazılmışdır;

    ✅ Yazılma üslubu oxucunu yormur;

    ✅ Praktik nümunələrə geniş yer verilib.

    📌 Vəsaiti Bakıda və bölgələrdə bütün kitab evlərindən, həmçinin endirimlə TAİM-dən əldə edə bilərsiniz.Qiymət: 15 AZN

    🔗 Ətraflı və sifariş üçün: https://taim.edu.az/kurikulum-kitabi

    Əlaqə:📱 +994 55 8434131

    📱 +994 99 8434131

    ✉ info@taim.edu.az📍

    Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6#miq#sertifikasiya#kurikulum#metodika#pedaqogika#müəllim

  • Gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi-3″ün müdavimi, istedadlı gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq.

    Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır.

    Kitab müəllifin oxucuları ilə görüşü olacaq. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri yer alıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “Gəncliyin sözü” kitabı nəşr olundu-DGTYB-dən yeni kitab

    Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin səsi” adlı kitab nəşr olunub. 

    Birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub. “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibciləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.

    “Mücrü” nəşriyyatında çap olunmuş kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət  göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.

    Mənbə: https://azedu.az/

  • Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb

    Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb.

    Ölkəmizdə və xaricdə daha çox şair kimi tanınsa da, bu kitabda qələmə aldığı və təqdim edəcəyi “100 həyat hekayəsi” silsiləsindən 12 hekayə yer alıb.

    Doğrudur, onu 13 kitabdan 10-u nəsr olan yazıçı kimi də tanıyırsınız, lakin bu kitab digərlərindən fərqli olaraq hekayə janrında ilk kitabıdır.

    Hekayələr müxtəlif mövzulardadır, daha dərinə enmək istəsəniz, üz qabığı sizə bələdçi olacaqdır…

    “İstiqlal” Nəşriyyatında çap olunan bu kitab “Şuşa ili”nə bir töhfədir və yaxın günlərdə satışa çıxacaq.

  • Qəmər SÖZAY.”Ümidsiz”

    Nə vaxtdır ki,ümidsiz,gümansızam sabaha,
    Arzuların canına məndən əsər qalmayıb.
    Allahın ümidinə yaşayıram hələ də,
    Bu kor qalmış bəxtimin gözləri açılmayıb.

    Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim,
    Hicran hələ zövq alır həsrətinin dadından.
    Xəyalının kölgəsi kəsir başım üstünü,
    Ümidsizəm ümidsiz o sevdiyin qadından.

    O sevdiyin qadının kədər qırıb belini,
    O yuxa ürəyi də Çin Səddinə bürünüb.
    O sevdiyin qadının buraxandan əlini,
    İşıqlı sabahlardan qaranlığa sürünüb.

    Yolların sinəsində üşüyür yoxluğunla,
    Didərgin bir sevginin nəfəsini daşıyır.
    Puç olmuş gəncliyilə bu vəfasız həyatda,
    Allahın ümidinə yalan,gerçək yaşayır.

  • KÜMBET DERGİSİ 17. YILINDA 57. SAYISI İLE YAYINDA

    EDİTÖRDEN

    Değerli kültür-sanat dostları; 2022 yılında 57. sayımızla sizlerle birlikteyiz. 1999 yılından itibaren sizlerin büyük ilgi ve desteğiyle bugünlere ulaşan KÜMBET Dergisini, Kültür ve Turizm Bakanlığı bu yıl da Süreli Yayınlar aboneliğine kabul etmiştir.

    Bu sayımızda derginin kapağında da görüldüğü gibi Nevruz Dosyalarına ağırlık verdik. Çünkü Nevruz Türk dünyasında en önemli kutlamalardan biri olan ve baharın gelişiyle birlikte kültürel açıdan da Türklerin birliğini, beraberliğini pekiştiren ve sembolize eden büyük bir bayramdır. Bu güzel bayram hepimize kutlu olsun.

    Bu dosyamızı Muğla Sıtkı Koçman Üniversitesi Edebiyat Fakültesi Dekanı Prof. Dr. Ali Akar, Muş Alparslan Üniversitesi İletişim Fakültesi Dekanı Prof. Dr. Tamella Aliyeva Abbashanlı, Araştırmacı-Yazar Yavuz Gürler, Emekli Öğretim Üyesi Yard. Doç. Dr. Doğan Kaya, Araştırmacı –Yazar Alev Alatlı ve Araştırmacı-Yazar M. Necati Güneş hazırladılar.

    Nevruz Dosyasını, TÜRSAB Başkanı Yahya Akengin, Emekli Vali, Şair Ayhan Nasuhbeyoğlu, Emekli Öğretim Üyesi Yard. Doç. Dr. Mehmet Yardımcı, Şair-Yazar Ahmet Divriklioğlu ve Şair Mustafa Akkaya Nevruz gibi her baharda bin bir güzellik açan şiirleriyle renklendirip, bütünleştirdiler.

    Diğer çok değerli; dosyaları Yıldırım Beyazıt Üniversitesi İnsan ve Toplum Bilimleri Fakültesi Öğretim Üyesi Prof. Dr. İbrahim Tüzer,  Emekli Öğretim Üyesi Prof. Dr. Mustafa Özbalcı, TRT İstanbul Radyosu Sanatçısı Hüseyin İpek, Yazar Ahmet Özdemir, Ekonomist-Yazar Rüştü Bozkurt, Araştırmacı-Yazar Hasan Akar, Mimar, Araştırmacı -Yazar Yasemin Dutoğlu, Azerbaycan’dan Yazar Tural Sahap, Musa Nebioğlu ve Adalet Rasulova, Araştırmacı-Yazar Hasbi Şahin, Şair Merdin Yıldırım, Araştırmacı-Yazar Ayla Bağ, Eğitimci-Yazar Celalettin Çınar, Araştırmacı-Yazar Burhan Kurddan, Araştırmacı-Yazar Yakup Kadri Bozalioğlu sizlerin istifadenize sundular.

    Dergimize şiir gönderen memleketimizin değerli şairleri arasında; Halistin Kukul, Bedrettin Keleştimur, Mahmut Hasgül, Sündüs Arslan Akça, Rasim Yılmaz, Kumrugül Türkmen Akın, Abdulkadir Türk, Çetin Oranlı, Şeyhmus Çiçek, Memik Kömekçi, Reşide Aran, Mehmet Tüter, Merve Nur Maden ve küçük şairimiz Ecem Zeynep Ekici yer aldılar.

    Bütün dünyayı sağlık açısından olduğu gibi kültür-sanat faaliyetleri bakımından da olumsuz etkileyen salgın hastalıklar sebebiyle iki yıldan beri ara verilen “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın 10.su Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği ile bu yıl gerçekleştirilecektir.

    Ülkemizin saygın dergileri arasında yer alan KÜMBET Dergisi’nin yayın hayatında sürdürebilirliği hususunda büyük destek veren T.C. Kültür ve Turizm Bakanlığı’mıza, Nevruz Dosyası için fotoğraf desteğinde bulunan TÜRKSOY’a, makaleleri, şiirleri ile kültür ve sanatımıza büyük katkı sağlayan değerlerimize ve okuyucularımıza ayrı ayrı teşekkür ediyoruz.

    58. sayımızda buluşmak dileğiyle.

                                                              Hasan Akar                                                                    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

    Not: Dergimizi http://www.tosayad.org.tr/pdf/kumbet_57.pdf linkinden okuyabilirsiniz

  • KONGRE İLANI

    Tokat Şairler ve Yazarlar Derneği’nin olağan kongresi 17 Nisan 2022 Pazar günü, saat: 16.00’da Tokat Bey Sokağı’nda bulunan Osman Paşa Konağı’nda yapılacaktır. Çoğunluk sağlanamadığı takdirde aynı yer ve saatte 24 Nisan Pazar günü gerçekleştirilecektir. 

    GÜNDEM:

    1. Açılış ve yoklama

    2. Divan kurulunun teşekkülü

    3. 2021-2022 yıllarına ait Yönetim Kurulu Faaliyet Raporunun okunması ve ibrası

    4. 2021-2022 yıllarına ait Denetleme Kurulu Faaliyet Raporunun okunması ve ibrası

    5. Yeni yönetim kurulu ve denetleme kurullarına üye seçimi

    6. Dilek ve temenniler

                                                                                               Hasan Akar

                                                       Tokat Şairler ve Yazarlar Derneği Yönetim Kurulu Başkanı

  • Azərbaycan Aşıqlar Birliyinin katibi Musa NƏBİOĞLUnun məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu “Elə Türkün ruhuyam” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Ədəbiyyatşünas Ədalət Rəsulovanın məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas  Ədalət xanım Rəsulovanın “Yusif Vəzir Çəmənzəminlinin hekayələrində mənfiliklərin ifşası” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı yazıçı Tural Sahabın hekayəsi “Kümbet” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı yazıçısı Tural Sahabın “İnsanıstan” adlı hekayəsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 yeni sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!

    Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

    Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

    Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

    Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

    Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

    Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

    İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

    Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

    Novruz bayramınız mübarək olsun!

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 18 mart 2022-ci il

    Mənbə: https://president.az/

  • 21 Mart-Novruz bayramıdı!

    Novruz bayramı (Tərcümə: Yeni Gün bayramıBahar bayramıfars. نوروز (Novruz), özb. Navruztürkm. Nowruzqaz. Naurızqırğ. Nooruztürk. Nevruzkrımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.

    Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq AzərbaycanİranƏfqanıstanTacikistanÖzbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

    2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

    Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

    Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

    Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.

    Çərşənbələr[redaktə | mənbəni redaktə et]

    Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – suodtorpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni suodtorpaq və yelə bağlıdır insan.

    • Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
    • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
    • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
    • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
    • Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğalşəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
    • Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.

    Adətləri[redaktə | mənbəni redaktə et]

    Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

    1. Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
    2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
    3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
    4. Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
    7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    8. Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
    9. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
    10. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
    11. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
    12. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür

    Dünya xalqlarının bayramı kimi[redaktə | mənbəni redaktə et]

    Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

    Novruz Azərbaycanla yanaşı İrandaTürkmənistandaTacikistandaÖzbəkistandaPakistandaQazaxıstandaQırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

    Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-AncelesTorontoLondonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

    Azərbaycanda[redaktə | mənbəni redaktə et]

     Əsas məqalə: Novruz bayramı Azərbaycanda

    Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

    İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919İkinci ŞıxlıGəncə quberniyası – 26 iyul 1995Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

    İsmayıl Şıxlı

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Ədəbi yaradıcılığıRedaktə

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyətiRedaktə

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

    VəfatıRedaktə

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü

    Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909İkinci ŞıxlıQazax qəzası – 10 mart 1965[1]Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü.

    Mündəricat

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.

    1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */

    Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    Mehdi Huseyn.jpg

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1. ↑ Jump up to:1 2 3 4 Гусейн Мехти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. МоскваСоветская энциклопедия, 1969.
    2.  “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

    Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906Yuxarı SalahlıQazax qəzası – 27 may 1956Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (19411948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

    Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.

    1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.

    Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924QazaxQuba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.

    Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, VaqifVidadiZakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq FikrətNamiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

    1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.

    1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.

    1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.

    Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.

    1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonunİlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.

    1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.

    1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.

    Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.

    1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.

    Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.

    1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun KrımMozdokQroznıNovorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.

    1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.

    Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]

    Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.

    1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.

    1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.

    Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.

    Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.

    Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.

    1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]

    O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.

    1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.

    Ölümü[redaktə | mənbəni redaktə et]

    1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

    1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

    Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

    Xatirəsi[redaktə | mənbəni redaktə et]

    1976-cı ildə şairin 70 illiyi münasibətilə buraxılmış poçt markası2006-cı ildə şairin 100 illiyi münasibətilə buraxılmış poçt markası

    Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukranya) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum, və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.

    Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur.

    1975-ci ildə Bakıda Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi ictimaiyyətinin iştirakı ilə “Səməd Vurğunun ev-muzeyi“nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyin filialı – “Səməd Vurğunun poeziya evi” yaradılmışdır.

    İran ziyalılarının ağsaqqalı, akademik Cavad Heyətin söylədiklərindən:[3]Akademik Cavad Heyətvəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi Səməd Vurğunu.

    “Ayna” qəzeti, Bakı, 6 oktyabr, 2012.

    5 fеvral 1996-cı ildə Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan оlmasının 90 illiyi münasibətilə ilə əlaqədar qərar qəbul edilmişdir.[4]

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[5]

    Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Dramları[redaktə | mənbəni redaktə et]

    Poemaları[redaktə | mənbəni redaktə et]

    • Komsomol (1933) (poema)
    • Muğan (1949) (poema)
    • Aygün (1951) (poema)
    • Zəncinin arzuları (1948) (poema)
    • 26-lar (1935) (poema)
    • Zamanın bayraqdarı (poema)
    • Talıstan (poema)
    • Aslan qayası (poema)
    • Bulaq əfsanəsi (poema)
    • Acı xatirələr (1935) (poema)
    • Dar ağacı (1935) (poema)
    • Hürmüz və Əhriman (poema)
    • Muradxan (1933) (poema)
    • Yazla qışın deyişməsi (poema)
    • Bakının dastanı (poema)
    • Xumar (1933) (poema)
    • Ayın əfsanəsi (poema)
    • Fonar (poema)
    • Ölüm kürsüsü (1934) (poema)
    • Bəsti (1936) (poema)
    • Qız qayası (poema)
    • Ölən məhəbbət (1935) (poema)
    • Üsyan (1936) (poema)
    • Lökbatan (1933) (poema)
    • Şairin ölümü (1935) (poema)
    • Kənd səhəri (1933)(poema)
    • Aprel (poema)
    • Şairin andı (poema)

    Haqqında yazılmış əsərlər[redaktə | mənbəni redaktə et]

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    Əsərlərinə tamaşalar[redaktə | mənbəni redaktə et]

    Şeirlərinə musiqi əsərləri[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1.  http://lib.aliyev-heritage.org/az/3313657.html
    2.  http://www.samadvurgun.com/az/index.php
    3.  “Ayna” qəzeti, Bakı, 6 oktyabr 2012
    4.  Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 fеvral 1996-cı il tarixli Sərəncamı — anl.az saytı
    5.  “””Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı” (az.). nk.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

    Həmçinin bax[redaktə | mənbəni redaktə et]

    Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

    • İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: “QAPP-poliqraf” nəşriyyatı, 2003, səh. 55–61.
    • İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 727–731.
    • İsmayıl Umudlu. Onun dünyaya baxışı işıqlı baxışdır. Ayna (qəzet), 6,10.2012.
  • Kənan AYDINOĞLU.”Yaman darıxıram dostlar üçün mən!”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Ey Tanrı, dörd divar qılıncmı çəkir?!
    Yaman darıxıram dostlar üçün mən!
    Könlümün qübarı-nisgilim mənim,
    Yaman darıxıram dostlar üçün mən!

    Hər günüm-bir şeir, hər sözüm-kitab,
    Həsrət çəkməyin də özü bir-əzab,
    Yazılar əməllər: günah və savab,
    Yaman darıxıram dostlar üçün mən!

    Qızıl payızda mən xəzəl görmüşəm,
    Segah üstə-muğam, qəzəl görmüşəm,
    Vaqifin dövründən gözəl görmüşəm,
    Yaman darıxıram dostlar üçün mən!

    Sönməyən məşələm, ocağım da var,
    Üçrəngli şanlı bir bayrağım da var,
    Gəzib, dolaşdığım torpağım da var,
    Yaman darıxıram dostlar üçün mən!

    Müqəddəs qələmdi, sözüm kimiyəm,
    Dünyaya boylanan gözüm kimiyəm,
    Kənanam, şairəm, özüm kimiyəm,
    Yaman darıxıram dostlar üçün mən!

    Bakı şəhəri. 1 mart 2022-ci il. 

  • Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib 

    Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib 

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir.

    “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir. “Ağrıların simfoniyasıi” müəllifin “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi” və s. kitablarından sonra oxucularla növbəti görüşüdür.

    Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Ofelya Qafarova təqdimatın məqsəd və qayəsi haqqında danışmış, filologiya elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Avtandil Ağbaba Rafiq Odayaın çoxşaxəli yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, 15-dən artıq kitabı işıq üzü görən Rafiq Oday, eyni zamanda, 500-dən artıq kitaba redaktorluq etmiş, 200-dən çox kitaba “Ön söz” yazmış, 20-yə yaxın ədəbi almanaxın tərtibçisi, yüzlərlə elmi-publisistik məqalələrin müəllifidir.

    Tədbirdə şairin qələm dostları – Asif asiman, Namiq Dəlidağlı, Arif Ərşad, Xəqani Abbasəli Öztürk, Lilpar Cəmşidqızı, Nazir Rüstəm, Mədaxil Cavadlı, Süleyman Sərraf, Gülvin Gülpinar Rafiq Oday yaradıcılığına münasibət bildirmiş, yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik etmişlər.

    Tədbir boyu Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında Rafiq Odayın bir-birindən maraqlı şeirləri səsləndirilmişdir.

    M.Ə.Rəsulzadə adına kitabxana filial tərəfindən tərtib olunmuş, şairin həyat və yaradıcılığını əks etdirən “Rafiq Oday dünyası” adlı biblioqrafik göstərci şairə təqdim olunmuşdur.

    Sonda yeni şeirlərini oxuyan Rafiq Oday görüşün yüksək səviyyədə təşkilinə görə M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarovaya və kitabxananın əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara, böyük ruhla şeirləri bədii qiraət edən şagirdlərə öz təşəkkürünü bildirmiş, 50-dən artıq “Ağrıların simfoniyası” və “Qərib ruhların nəğməsi” kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etmişdir.

    Nigar Nəriman

    Mənbə: https://www.azpress.az/

  • Şair-publsist Rafiq ODAY.”AD GÜNÜ VAR BÖYÜK ŞAİR”

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    Dəyərli dostumuz Sabir Yusifoğlunun ad gününə təbrik əvəzi

    İki qəlb birləşdimi?! –
    Sonunda ad günü var.
    Gah sevinc, gah da kədər
    donunda ad günü var.

    O, baxan gözəlin də,
    Qisməti öz əlində.
    Hər günün əzəlində,
    sonunda ad günü var.

    Dövrəsini fövr alın,
    Deməyin nə tövr, – alın!
    Unutmayın, fevralın
    onunda ad günü var.

    Qumral quzunu kəsin,
    Kim yemir, qoy yeməsin.
    Keçirmirəm deməsin, –
    Qanunda ad günü var!

  • Şair-publsist Rafiq ODAY.”KEŞİK ÇƏKİR”

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    Qucaq açdi gülə sinəm,
    Bəlkə bir az gülə sinəm.
    Gözlərimin giləsinə
    Bir damla yaş keşik çəkir.

    Həyadan yana tər sinə,
    Üz qızara, tər isinə.
    Yaxşı ki, deyil tərsinə, –
    Ayağa baş keşik çəkir.

    Üzdü xəyanət canımı,
    Yurda əmanət canımı.
    Namərd kəsdirib yanımı,
    Əlində daş keşik çəkir.

    Alsa ruhunu dərd ələ,
    Budur ən böyük dərd elə,
    Olub bir sürü dərd ilə,
    Bağrım badaş, keşik çəkir.

    Ahım haradan haraya…
    Yetiş, Yaradan, haraya,
    Ölümü qoyub araya,
    Göz ilə qaş keşik çəkir.

  • Şair-publsist Rafiq ODAY.”ONDAN İRƏLİ” (TƏCNİS)

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg


    (Təcnis)

    Mənim ağ günümün qarası narda,
    Ağın kölgəsində qara sınar da.
    Axtarsan üzünün qarasın arda, –
    Görərsən namus var ondan irəli.

    Sevdinsə, nəfsini gözlə, mələyim,
    Dilim söz tutmasa, gözlə mələyim.
    Düzgün ələməsə gözləm ələyim*, –
    Doqquz özün salar ondan irəli.

    Üzünə açıqdı yol ər KANında, –

    Sal sinəm üstündən yol, ərk anında.

    Kim dürüst olarsa yol-ərkanında, –

    O, düşər hər işdə on dan irəli.

    Dilimdən qəlbimə şükür süzdü ki,
    Dilədim göylərdən, şükür, süzdü ki…
    Adam var, o qədər şükürsüzdü ki,
    Bir yol aldığını on danır əli!
    17.02.2022

  • Şair-publsist Rafiq ODAY.”BAŞDAŞI DAŞLAR”

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    Başların dəlilik havası bitməz,
    Daşların kəntöyü, yavası bitməz,
    Boş başla bərk daşın davası bitməz,
    Daş başı daşlayar, baş daşı daşlar.

    Dan üzü ağlasan, qürub ağlasan,
    Yalandan min dəstgah qurub ağlasan,
    Məzarın başında durub ağlasan,
    Qayıdıb adamı başdaşı daşlar.

    Ataya, anaya toy tutan adam,
    Özünü məzluma tay tutan adam,
    Saxta vay-şivəndən bir utan, adam,
    Çiynində ağıllı baş daşı, daşlar…

    Sənə də pay düşər əcəl adında,
    Sənə də köç gələr əcəl atında…
    Bax, onda bilərsən xəcalətindən
    Gör necə əriyir başdaşı daşlar.

    20.02.2022.

  • Şair-publsist Rafiq ODAY.”BƏŞƏRİYYƏTİN ƏN BÖYÜK MÖCÜZƏSİ”

    This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

    Bayramınız mübarək, əziz və dəyərli xanımlar, dostlar, doğmalar. Hər birinizə sağlam can, problemsiz ömür-gün, sevinc və səadət dolu illər arzulayıram.

    Xilas edər bəşəriyyəti
    ən qorxunc bəlalardan,
    Dünyanı ən böyük
    müsibətlərə sürüklər.
    Alovu bir anda ram edər,
    Yanar odu körüklər.
    Sevincindən ənginliklər
    göy qurşağına dönüşər,
    Qəzəbindən iki qara bulud,
    İki qara qoça dönüb
    bir-biri ilə döyüşər.
    Güləndə düzü-dünya,
    çiçək açar,
    Ağlayanda yer üzü
    Nuhun tufanına dönər,
    Hərdən sevgisi nifrətə,
    nifrəti sevgiyə çevrilər,
    Gün olar mələklər
    ziyarətinə enər.
    Bəzən ağzına qıfıl vursan da
    susdura bilməzsən,
    Bəzənsə məsum-məsum baxar,
    nə danışar, nə dinər.
    Bəzən bir kitaba dönər –
    Bir anın içində oxuyub
    çıxarsan başa,
    Bəzən bir səhifəsinin üstündə
    aylarla baş sındırarsan,
    Sonra da hər şeydən bezib
    öz başında daş sındırarsan.
    Nə etsən faydası yox,
    nə desən faydası yox,
    Bir amansız döyüşdü,
    üsulu, qaydası yox.
    Amma yenə də sevər, sevər, sevərsən,
    tükənməz bir eşqlə sevərsən.
    Əriyərsən sevincində, sevgisində,
    kədərində, nifrətində,
    Bəzən özü də mat qalar
    yaratdığına
    Uca Qüdrətin də…
    Bütün bunlara rəğmən,
    Qoruyub saxlar
    Cənnətin ayaqları altında olma statusun,
    Ən uca, ən ülvi adın,
    Bəşəriyyətin ən böyük möcüzəsi –
    qadın, qadın, qadın…

  • Bənövşə MAHMUDQIZI.” Getmək “


    Mən səndən getdim…
    Elə səndən də getdim…
    Bir, iki, üç…
    Nə deyim vallah, az getməmişəm.
    Az üzməmişəm.
    Az üzülməmişəm…
    Hə, sevmişəm.
    Səni başqa biri gələnə qədər,
    səni də digəri gələnə qədər…
    Nə gözləyirdin?
    Təksən mi?
    Müqəddəssən mi?
    Yox, əzizim, yox!
    Bu dünyada əvəzedilməz kimsə yox!
    Bilirsən, qəribə olan nədir?
    Səndən sonra gələn əsl sevgidir.
    Yəni mən belə sanmışdım…
    Hə, aldanmışdım…
    Heç vaxt aldanmayan mən…
    Sındırdım bu sehri…
    Bilirsənmi necə?
    Dünyada çox yaxşı aktyorlar var…
    Onlara səssiz alqışlar.
    Ona görə səssiz ki,
    qoy həmişə aktyor qalsınlar…
    Və bir gün cəzalarını alsınlar…
    Bir də sən ey aktyor cənab!
    Lap, lap, lap…
    Az qalıb
    Səndən getməyimə..
    Bənövşə Mahmudqızı
    07.11.2016
    03:03

  • Bənövşə MAHMUDQIZI.”Biri gerçək, biri çiçək “

    İki çiçək;
    İki göyçək;
    Biri ləçək,
    Biri gerçək.
    Biri xəyal,
    Biri insan.
    Biri duyğu,
    Biri sevgi.
    Biri kədər,
    Biri dərd,
    Nə qədər fərq,
    Nə qədər fərq…

  • Bənövşə MAHMUDQIZI.”Öldürməyin, Öldürməyim!”

    Mənə qırılmaq deməyin.
    Həyat davam etdikcə,
    Zaman axıb getdikcə,
    Mən də davam edirəm.
    Yəni axıb gedirəm…
    Sevmək də, sevilmək də
    Əlbəttə ki, haqqımdır.
    Di gəl ki, təkliyimə
    Mən elə öyrəşmişəm…
    Qorxuram ki, tək ikən
    Xoşbəxt olduğum qədər
    Cüt ikən ola bilmərəm birdən.
    Mənə qırılmaq deməyin,
    Sanki qarğış edirsiz.
    Paramparça adamın
    Göz yaşı yağışları
    Dərgaha çatmayan
    hayqırışları
    Eşidirsənmi?
    Arzularım var mənim!
    Hanı bəs ümidlərim?
    Ruhum yorğun,
    Canım xəstə
    Şeir yaz, mahnı bəstə
    Nə xeyri var?
    Dünya mənə gəlirsə dar,
    Namussuzluq içərisində
    Ruhumda olan bu ar,
    Buz kimi insanlardan
    Ruhuma yağan bu qar,
    Üşüyürəm, isidin.
    Hələ ölməmişəm,
    Qədrimi bilin.
    Öz hökmü var bu illərin,
    Amandır, qədrimi bilin!
    Öldürməyin,
    Öldürməyim!
    Arzularım var mənim!
    Bənövşə Mahmudqızı
    Ps. Kişili, qadınlı bütün ” intihar ” qurbanlarına həsr olunmuş şeir.

  • Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.

    Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun
    2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 15 mart 2022-ci il

    Mənbə: https://president.az/

  • Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

    Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

    Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 mart 2022-ci il 

    Mənbə: https://president.az/

  • Azərbaycanlı şair-publisist Rafiq Odayın şeiri “Hece Taşları” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Düşür” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 85-ci sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri  dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Şəfa Vəliyevanın şeiri “Hece Taşları” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının sabiq Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 85-ci sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Kənan Aydınoğlunun şeiri “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb

    Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.Müxtəlif yaş qrupuna məxsus şair və yazıçıların əsərlərinin yer aldığı topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun da “ALLAHın dərgahında Şəhidin öz yeri var!”, “Qarabağ AZƏRBAYCANDIR!”, “Qarabağ bayatıları” şeirləri yer alıb.Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

  • 2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış – Gülnar SƏMA

    2020-2021-ci illərdə  Azərbaycanın bölgələrində yaranan  ədəbiyyata bir baxış - Gülnar SƏMA

    10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” məqalələri ilə mövzunu gündəmdə saxlayıb. 2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm.

    2020 və 2021-ci ilin əsas mövzularının ortaq olmasını, Vətən müharibəsində qazanılan zəfərin tərənnümünə daha çox yer verilməsini nəzərə alaraq bu iki ili birlikdə araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən mühüm hadisələri Tovuz döyüşləri, Vətən Müharibəsi və pandemiyadır. Bölgələrdə yaşayan yazarlar da həmin mövzulara biganə qalmamışlar. Rüfət Axundlunun “Amalı Zəfər olanım” şeiri Tovuz döyüşlərinə, “Zəfər Bizimdir” şeiri Vətən müharibəsinə həsr olunub. Bölgələrdə yaşayan gənc yazarlardan da Vətən müharibəsində vuruşanlar oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür, Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu və başqalarını göstərə bilərik. Qəbələdə yaşayan Cəlil Komradlının oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini fəth etdi. Aygün Sadiq “Vətənə çevrilən dost” şeirini şəhid olmuş dostu, baş leytenant Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib. Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım komandiri, şəhid baş leytenant Emil Əsədova şeir ithaf edib.

    Qələbənin əsas təminatı Şuşanın azad olunması oldu. Bu münasibətlə yazılmış Aygün Sadiqin “Azad yurdum, can Şuşa!” şeiri xüsusilə şeçilir. Eləcə də, Nargisin “Sən Xarıbülbülsən!” əsəri də Şuşanın əsas rəmzlərindən birinə aiddir.

    İqbal Nəhmətin “Biz qələbə qazandıq” marşı isə müharibənin zəfərlə nəticələnən sonluğu haqqındadır.

    Naxçıvanın 2020-ci ildəki ədəbi həyatı haqqında Elxan Yurdoğlunun “2020-ci ildə poeziya: axtarışlar, tendensiyalar” məqaləsi ətraflı təəssürat yaradır. Bölgənin ədəbi prosesinin formalaşmasında Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın, Həsənəli Eyvazlının, Adil Qasımovun, Əbülfəz Ülvinin, Gülay Tahirlinin, Gülsadə İbrahimlinin və başqalarının rolu böyükdür. Naxçıvanda işləyən Şükür Qafarın “Savaş zəfərlə bitdi” (2021) romanı “Savaş hələ bitməyib” romanının davamıdır, əsər Vətən müharibəsi mövzusundadır. Naxçıvanlı şair İsa Həsənoğlunun “Könül dəryası” 2012-ci ilin, “Söhbətcil duyğular” kitabı 2016-cı ilin nəşridir.

    Naxçıvanda fəaliyyət göstərən Nargisin 2020-ci ildə iki monoqrafiyası, “Beklenen dolunay” romanı, “Metakədər” kitabı və “Sehrli fırça” nağıllar kitabı, üç tərcümə kitabı yayımlanıb. Nargisin “Xocalıdakı körpə” əsərində düşmənin amansızlığına etiraz güclüdür. Şeir yaradıcılığı ilə birgə, Nargis “Dünyada tüğyan edən koronavirus pandemiyası bütün nəzərləri 1947-ci ildə Alber Kamünün yazdığı “Taun” (“Vəba”) əsərinə yönəltdi” – fikirləri yer alan məqaləsi ilə 2020-ci ilin aktual mövzusuna tarixdən boylanmışdır.

    Ölkəmizin əsas mədəniyyət ocaqlarından olan Sumqayıtın ədəbi inkişafında Namiq Mənanın, Ehtiram İlhamın, Nisə Qədirlinin, Rafiq Yusifoğlunun, Zirəddin Qafarlının, Əyyub Qiyasın, Ədalət Nicatın, Nazilə Gültacın, Gülnarə Cəmaləddinin, Əli Nəcəfxanlının, Namiq Dəlidağlının, Süleyman Hüseynovun, Xatirə Fərəclinin, Əvəz Mahmud Lələdağın, Nazir Rüstəmin, Almaz Bəyazidin, İlhamə Məhəmmədqızının, Emin Pirinin, Günel Eyvazlının, Çinarə Ömrayın və digərlərinin payı var. Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına Poeziya Evinin müdiri İbrahim İlyaslının 2020-ci il üçün göndərdiyi hesabatdan məlum olur ki, aprel ayının 26-dan başlayaraq Poeziya Evi “Hər gün bir yeni nəğmə, Hər gün bir yeni ilham” adlı onlayn layihəyə start vermişdir. 9 iyun tarixində X Beynəlxalq şairlər günü İbrahim İlyaslının moderatorluğu ilə baş tutmuşdur. Emin Pirinin “Müharibə gündəli”yi isə döyüşdə iştirakının nəticəsi olaraq yazılmışdır.

    Sumqayıt ədəbi mühitini təmsil edən Əşrəf Veysəllinin də 2020-ci ildəki yaradıcılığı məhsuldarlığı ilə seçilir. “Vətən, təbrik edirəm, təbrik edirəm səni Qəlbindəki duyğunun, hissin qələbəsidir” və ya “Əngin səmalarında bayrağımız yellənən Ərgünəşin, Murovun, Kirsin qələbəsidir” sətirləri olan şeirdə vətəndaş şairin ürək çırpıntıları dilə gətirilir.

    Vətən Müharibəsi iştirakçısı olan, Sumqayıtda yaşayan Elvin İntiqamoğlu 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Elvinin “İkinci Qarabağ” şeirlər silsiləsində “Müharibə xatirələri” də vardır. “Mühasirə” şeiri ilə müharibə mövzusunda yazılmış şeirlərə yeni mövzu daxil edir.

    Elvin Əlizadə Zəngilandan olsa da, Sumqayıtda məskunlaşıb. 2018-ci ildən AYB-nin üzvüdür, 2020-ci ildə gənc yazar kimi Prezident təqaüdünə, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi şeirində ölməz generalımızı tərənnüm edir.

    Sumqayıtlı yazarların içərisində 2021-ci ildə daha məhsuldarlığı ilə seçilən müəlliflərdən biri Rafiq Yusifoğludur. 2021-ci ildə onun “Xiffət” və “Zəfər dastanı” kitabları çap olunmuşdur. “Xiffət” 14 fəsildən ibarət olan nəsr əsəridir və müəllifin ilk romanıdır. “Zəfər dastanı” kitabında isə əksəriyyəti 2019-2021-ci illərdə yazılmış lirik şeirləri cəmlənmişdir.

    Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları daxildir. Filialın sədri Barat Vüsaldır. Həmin filialda Məzahir Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, Məhəmməd Astanbəyli, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Bilal Qoca, Tamella Poladlı kimi yazarlar cəmləşib. Uzun illər Qazaxda yaşayıb fəaliyyət göstərən gənc yazar Nuranə Təbrizin “Salam, Vətən” şeiri qalibiyyət himni təsiri bağışlayır. Qazaxın Kəmərli kəndində yaşayan Hürzad Əhmədlinin “O gün gələcək” (2021) kitabında bir neçə hekayə, poema və şeirləri yer almışdır.

    Ağstafalı şairlərdən Saqif Qaratorpağın, yazıçılardan Əli Cəfəroğlunun adını çəkə bilərik. Ağstafada yaşayan Rüfət Axundlu Tovuz döyüşlərinə həsr etdiyi şeirində yazır: “İgidlik ruhun, canında, Namus, qeyrət var qanında. Zəfər, hünər meydanında, Biri, on nəfər olanım”.

    Tovuzun 2020-ci ildəki ədəbi fəaliyyətindən söz açarkən sovet dövründən bəri fəaliyyətdə olan “Varislər” ədəbi məclisini xüsusi vurğulamalıyıq. Tovuzun istedadlı şairlərinə misal olaraq İsa Cavadoğlu, Qədir Hümbət, Çingiz Qəribli, Marif Həsənoğlu, Novruz Mizani Hafiz, Brilyant Atəş, Məhəmməd Mehdixanlı, Mehman Rasimoğlu, Nəbi Hüseyni kimi şairlərini göstərə bilərik.

    Tovuzdan olan, Vətən müharibəsinin döyüşçülərindən biri Toğrul Kərimlinin 2012-ci ildə “Gəlməyən dostlar”, 2013-cü ildə “Ədalət sorağında” kitabı işıq üzü görüb. Onun “Belə bacarırsan deyim yerimi, Qırpıb gözlərini vur öldür məni” misraları bir şair kimi də mükəmməl olduğunu təsdiq edir.

    Şəmkirli ədəbiyyat nümayəndələrinə misal olaraq Məzahir Hüseynzadə, Məhəmməd Turan, Tural Turan, Mətanət Qüdsi və başqa şairlərin adını çəkə bilərik. Şəmkirdən olan Tural Turanın 2017-ci ildə işıq üzü görmüş “Tanrı qağaya ismarış” kitabında “Qarabağ”, “Tanrıya istinadla”, “Erməni kitabçı əli ilə xoş-beş”, “On min voltluq sevgi” kimi nəsr əsəri ilə birgə şeirləri də toplanıb.

    AYB-nin Gəncə bölməsi Xəzangül xanımın sədrliyi ilə 2020-2021-ci illərdə də öz fəaliyyətini davam etdirmişdir. Gəncədə yaşayan şairlərdən Bahadur Fərman, Çiçək Mahmudqızı, Gülnarə Sadiq, Şəfa Vəli, Fərrux Rəhimli və digərləri fərqli yaradıcılıq üslublarına görə fərqlənirlər. İnqilab İsaqın “Savaş sevdası” (2020) kitabında istənilən qədər poetik nümunələr tapmaq mümkündür.

    Seymur Sönməz Paşayev Samuxda yaşayır. Onun 2016-cı ildə “Mənim mənli günlərim” və 2020-ci ildə “Bir addım həsrətim qalıb” kitabları işıq üzü görüb.

    Ölkəmizin şimal bölgəsində yaşayan yazarlara misal olaraq Ramiz Qusarçaylı, Aybəniz Əliyar və b. göstərə bilərik. Qubada yaşayan Zakir Məmmədin “Dedim sözü” (2007), “Haqqın calalı” (2009), “Bağışla” (2012), “Üç hekayət” (2016), “Vətənə aid” (2018), Mövlud Ağammədin “Sən ömrümün bənövşəsi” (2018), Səbuhi Hacıxanlının “Geriyə boylanan yollar” (2015), “Mən qərib deyiləm” (2008) Murad Muradovun “Bal köpüyü” (2018) kitabı işıq üzü görüb.

    AYB-nin Şabran bölməsinə Aydın Tağıyev rəhbərlik edir, onun “Alma oğurlayan divlər”, “Buz heykəllər əriyir”, “Dan üzü ölən adam” hekayələri, “Yuxuda qətl” povesti, “İspan çəkməsi” romanı orijinal əsərlərdir. Vüsal Hicranoğlu Xızı, Agah Xaçmazlı, Habil Rza Nur, Vüsal Yurdoğlu Xaçmaz ədəbi mühitinin təmsilçiləridir. Sara Selcan isə Hacıqabulda yaşayıb-yaradan şairlərdəndir.

    AYB-nin Şəki bölməsinə daxil olan müəlliflərə Tural Adışirin, Zaur İlhamoğlu, Aygün Sadiq kimi gəncləri göstərə bilərik. Balakəndən olan Aygün Sadiq 2019-cu ilin yekunlarına görə “Yazarlar” jurnalı tərəfindən “Natəvan” mükafatına layiq görülüb.

    AYB-nin Oğuz filialının rəhbəri Vüsal Oğuzdur. Həmin bölgəyə aid yazarlardan Nargilə Rəhman (Qafarova) “Xoşbəxtliyin ətri” (2019) kitabının müəllifidir. Filialı təmsil edən yazıçılardan Pərviz Əlyaroğlunun (Cəbrayılzadə) “50+1” hekayəsində Elmi Araşdırmalar Mərkəzinin professoru, bütün ömrünü insan beyninin anatomiyasını öyrənməyə həsr etmiş, əllini çoxdan haqlamış alim olan Robertin təcrübəsindən danışılır. Pərvizin Şuşa döyüşləri mövzusunda yazılmış “Mən Qarabağam!” hekayəsi Şuşa döyüşlərinə ithaf olunub. Onun “Tanrının əli” hekayəsində isə virus səbəbindən insanların məhkum edildiyi acımasızlıqlara etiraz edilir.

    Qəbələdə yaşayan şairlərdən Qərib Hüseynov, Qismət Məsimov və Qoşqar Qaraçaylı imzaları seçilən imzalardandır. Qəbələli şairimiz Cəlil Komradlının “Ana dilim” kitabı 2019-cu ildə çap olunub. Cəlil Komradlı oğlu Vətən müharibəsində şəhid olduqdan sonra övladının adını özünə təxəllüs götürüb. 2021-ci ildə çap olunan “Vətən sağ olsun” kitabı da Cəlil Xeyirbəy imzası ilə işıq üzü görüb.

    Qəbələnin Qəmərvan kəndindən olan Hüseynov Qərib Arifşah oğlunun “O bir əfsanə idi” (2020) kitabı Milli Qəhrəmanımız, Tovuz döyüşlərinin şəhidi, general Polad Həşimova həsr edilib. Kitab eyniadlı bir poemadan ibarətdir.

    Şamaxıdan olan gənc yazrlardan Yusif Nazim Ərəbsoyun, Saatlıdan isə Allahşükür Ağanın adlarını çəkə bilərik. Salyanlı şair Ümid Sadə çox gənc olmasına baxmayaraq istedadı ilə seçilir.

    Salyan rayonundan olan Həsən Kür könüllü olaraq Vətən müharibəsində iştirak edib. 2019-cu ildə “Boyat dərdin üstündə” və “Tikanlı məftillər” adlı iki kitabı nəşr olunub. Cəbrayıl və Qubadlı rayonlarında vuruşaraq 3 yanvar 2021-ci ildə müharibədən qayıdıb. Salyandan olan Firuzə Orucun isə “Adını “Sən” qoy” kitabı 2018-ci ildə çap olunub.

    Sabirabadda yaşayıb-yaradan Şahnaz Şahinin 2020-ci ildə “Xocalının Sərvəri” adlı sənədli povesti, 2021-ci ildə “Sabirabad Şəhidləri” və “Zəfər Nəğmələri” kitabları nəşr edilmişdir.

    Elnur Uğur Neftçala rayonunda yaşayıb-yaradır. “Unuda bilməyəcəyəm” (2006), “Şəhid məzarı” (2008), “Yuxuna gəlim” (2016), “Təkcə sən bilirsən” 2018), “Yuvalar quşsuz olmasın” (2019) kitablarının müəllifidir.

    Cənub bölgəsinə mənsub şairlərdən Ağamir Cavadın, Tərlan Əbilovun adlarını çəkə bilərik. İqbal Nəhmət isə Yardımlı rayonunun Urakəran kəndindəndir. “Götür məni o yerə ki…” (2003), “Külək, onu mənə gətir” (2015), “Sözdən sonrakı sabah” (2018) kitabları çap olunub.

    Cəlilabadda yaşayan şairlərdən Bilal Alarlı, Ədalət Salman, Əlizadə Nuri, Xətat Kilimçi (Mir Bağır), Bəhruz Xəlil kimi yetkin imzaları qeyd edə bilərik. Cəlilabadlı Şakir Xanhüseynlinin 2000-ci ildə “Gündüzlər küncə atılır gecə yanan çıraqlar” kitabı nəşr olunub.

    Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi, Prezident mükafatçısı və təqaüdçüsü, gənc şair Ramil Əhməd son illər işi ilə əlaqədar bölgədə fəaliyyətini aktivləşdirib. Kürdəmirdə yaşayan Tərlan Mazanovun “Zəfər Qoxusu” adlı antologiyada 5 şeiri çap olunub. Tərlan əsasən qəzəl, qoşma, gəraylı janrlarına müraciət edir.

    Beyləqanda yaşayan Orxan Həsəni 2018-ci ildən etibarən dövri mətbuatda bədii və publisistik mətnlərlə çıxış edir. 2019-cu ildə isə “Metro terminalının sevgisi”, 2021-ci ildə isə Vətən müharibəsindən bəhs edən “Vətən sizə minnətdardır” və “Füzulinin dişi” hekayələr kitabı çap olunmuşdur.

    Ağdaş rayonundan olan Zaur Məzahirin “Haqqın nişanəsi” (2021) kitabında 2020-ci ilə aid hadisələrə kifayət qədər yer verilib. “Gəncə terroru” şeirində “Qətliam üstünə gəldi qətliam, O vaxt Xocalıydı bu günsə Gəncə” söyləyərək 2020-ci ilin ən dəhşətli hadisəsinə münasibət bildirmişdir. Kitabda Zaur Məzahirin Ali Baş Komandana həsr etdiyi “Ağ atlı sərkərdənin dastanı” poeması və təmsilləri də cəm olunub.

    AYB-nin Qarabağ bölməsinə daxil olan şairlər də istedadı ilə seçilir. Ağcabədidə yaşayan şairlərdən Gündüz Sevindik, Məhsəti Musa, Cahandar Aybər, bərdəli şairlərdən Dədə Telman, Şəhriyar Seyidoğlu və Ruslan Dostəlini göstərə bilərik. Bərdədən olan Şəhriyar Seyidoğlunun 2016-cı ildə “Mənim ürəyimdə gizlənən qadın” kitabı çap olunub. Tahirə İsaqızı isə Ağcabədi rayonunda yaşayır. Üç kitab müəllifidir. AYB-nin üzvüdür. “Tanrı cəzası” adlı detektiv ruhlu romanı var.

    2020-ci ildən qaçqınlıq həyatına son qoyulan yazarlarımız hələ ki müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşamaqlarını davam etdirirlər. Kəlbəcərli şairlərə Savadsız Arzuman, Elməddin Nicat, Eyvaz Eyyub, Elşən Əzim, Vüsal Hicran, Məhəbbət Kəlbəcərli, Rəsul Murovdağlı kimi imzaları misal çəkmək olar. Əslən Kəlbəcərdən olan Elşən Əzimin “Pəncərə” hekayəsində “Sələmçi Şəfi” kimi tanınan insanın evində kirayə yaşayan Lalə müəllimin pandemiya dövründəki həyat tərzi bədiiləşdirilib. Kəlbəcərdən olsa da, Sumqayıtda məskunlaşan Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabı 2017-ci ildə çap olunub. Gəncədə məskunlaşan Vüsal Hicranın “Dünən şəhid oldu mənim tələbəm Mən də hamı kimi ağladım, yandım” misraları ilə başlayan şeiri “Bilməzdim Tarixdən 2 alanlar Özləri nə vaxtsa Tarix yazarmış…” misraları ilə tamamlanır.

    Ötən il AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun tərtib etdiyi “Bir ocaq başında – Aran ədəbi toplusu” çap edilmişdir və burada bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən seçmələr toplanmışdır.

    Füzulinin Seyidəhmədli kəndindən olan Elməddin Həbiboğlu “Geçikmiş arzular” (2012), “Vətənin daşına qoyun başımı” (2017) və “Təbəssüm” (2020) kitablarının müəllifidir. Əslən Füzulidən olan Səbuhi Qurbanov həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Ali Baş Komandanımız tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir.

    Beləliklə, 2020-2021-ci illərin həm dünya, həm də Azərbaycan üçün keçməkeşli il olmasına baxmayaraq, hər ilin özünəməxsusluqları bölgələrdə yaranan ədəbiyyatda da təzahür etdi. Ümumilikdə isə Vətən müharibəsi bu illərin ən əsas mövzusu oldu.

  • “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının  növbəti (№2, 2021) sayı nəşr olunub. Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

    “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

    Jurnal akademik İsa Həbibbəylinin “Yunus Əmrənin sənət dünyası” məqaləsi ilə açılır. Bu sayın “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.

    Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

            Qeyd edək ki, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Index Copernicus”, “Asos indeks”, “İdealonline”, “CiteFactor”, “Academia.edu”, “ResearchGate”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

    Gülnar Səma                                  

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi