Çətindir mənimlə birgə yaşamaq ,
Bəzən gözlərimdə dəyişir aləm .
Mənimlə ömür – gün yoldaşı olmaq
Bir az da çətindir ,
Başa düşürəm .

Nə duman çəkilir , başımdan nə çən ,Tufanlı boranlı dağam mən , nəyəm ?!
Nə bilim ,
Dünyada mən öz əlimdən
Bəlkə də birinci şikayətçiyəm .

Məndə bir ” mən ” də var …. Məndən bixəbər ,
Nə eşidər məni , nə sayar məni .
Yer var ki o məni hörmətsiz eylər ,
Yer də var şöhrətə çatdırar məni .

Bir qəmi bir ürək gəzdirə bilər ,
Yüz ürək qəmi var bu bir sinəmdə .
Mən yerdən göylərə baxsam da əgər ,
Göy ürəyimdədir….
Yer ürəyimdə .

Bir insan olsaydım nə idi dərdim ,
Yaşardım hər fəsil bir paltar geyib ,
Evimdə çay içib ,
Çörək də yeyib
Bir insan qəmini çəkə bilərdim .

Sinəmdə xalqların bədbəxt taleyi ,
Bəzən bir aldanmış qadın gileyi ,
Bəzən bir torpağın batan çeşməsi ,
Bəzən bir üzsüzün üzə düşməsi ,
Könlümün yayını çəkib qırırlar ,
Səndən diqqətimi yayındırırlar .

Elə ki , tutuldum , gözlə bir qədər ,
Bir az qayğıkeş ol sən ana kimi .
Yağış yağan kimi açılır göylər ,
Mən də yağmalıyam …..
Yağana kimi .