.

Keşkə məzarda da pəncərə olsa,

Ordan bu dünyaya boylana bilsəm.

Dünyanın qapısın açırmış kimi,

Döyüb pəncərəni dünyaya gəlsəm.

Bir quş dimdikləsə şüşələrini,

Bu peşman ürəyim bəlkə kiriyə.

Arada yaylıqla silsəm tərini,

Arada boylansam üzü bəriyə.

Belə bir məzarda ölsəm, kaş elə,

Boylana-boylana qalsam, kaş elə.

Bitməyən yazıma boylana bilsəm,

Oğluma, qızıma boylana bilsəm…

Hörümçək bağ qursa bircə naharlıq,

Mən də ona baxıb doysam dünyadan.

Amma söz-söhbətdən doymamış kimi,

Nə səs-səmir gəlsə duysam dünyadan.

Mənlə tənhalığın bölən adamlar,

Həmin pəncərəmin önünə gəlsə.

Dünya həsrətindən ölən adamlar,

Orda ətrafıma toplaşa bilsə…

Bir-birin görmədən, növbə etsələr,

Nə mən inciyərəm, nə onlar küsər.

Mənim pəncərəmə tövbə etsələr,

Burda gecələrin ağrısı kəsər.