Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Caz Dərnəyinin təşkilatçılığı ilə Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın builki mövzusu “Cazda davamlılıq”dır.
Yerli sənətçilərlə yanaşı 4 ölkədən olan musiqiçilərin də qatıldığı festivalın açılış mərasimi Hərbi Hava Qüvvələri Komandanlığının Qartal Caz Orkestrinin konsert proqramı ilə gerçəkləşib. Konsertdən əvvəl Türkiyə Caz Dərnəyinin 25-ci il xüsusi mükafatı məşhur caz sənətçisi Tuna Ötenelə təqdim olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rolları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikov ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Oktyabrın 22-də Ankaranın Konqres və Sərgi Mərkəzində “Bir millət –iki dövlət” adlı vizual tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu təqdimat tamaşaçılara unudulmaz anlar yaşadacaq. Beş il sürən məşq sayəsində ərsəyə gələn ikihissəli (hərəsi 45 dəqiqə) layihə 12 fərqli səhnə performansını əhatə edəcək.
Bu barədə layihənin Azərbaycandan olan iştirakçısı Turxan Nəcəfxanlı məlumat verib. O bildirib ki, layihənin rəhbəri Serhat Turak məşhur “Anadolu atəşi” qrupunun rəqqası kimi illərdir bütün dünyanı dolaşaraq türklüyü, türk mədəniyyətini təbliğ edir. Bu gün isə uzun müddətdir üzərində çalışdığı və xəyalını qurduğu layihəni gerçəkləşdirir.
Qeyd olunub ki, rəqs şousu Türkiyə və Azərbaycanın keçmişdən bu günə ən önəmli hadisələrini, Nizami Gəncəvi, Mövlanə, Mehmet Akif Ərsoy, Əhməd Cavad və s. görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirəcək. Müzikldə hadisələr Dədə Qorqudun dili ilə nəql olunur.
Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da təqdim edilməsi nəzərdə tutulur.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.
Nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur.
721 səhifədən ibarət kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, bir-birinə bənzəyən şəxsi keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.
Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.
Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri facilər, vəhşiliklər haqqında müfəssəl məlumat verilib.
Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır.
“Təki Vətən sağ olsun!” – deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını bütün əsər boyu diqqət mərkəzində saxlayan müəllifin gənc nəslin “Torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolu oxucuya təqdim olunub.
“Ölümü ömür seçənlər” kitabı hər bir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.
AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub.
Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.
Dəyərli toplama əsəri olan “Dalğına tor quran dünya” Zaqatala aşıq mühitinin tanınmış simalarından olan Cahangir Dalğının yaradıcılığının əvəzsiz nümunələrini özündə əks etdirir.
Bəhmənli kəndi Zaqatala aşıq mühitində özünəməxsus yer tutur. Belə ki, adıçəkilən aşıq mühitinin önəmli simaları – Aşıq Məhəmməd, Aşıq Cuma, Aşıq Mədət, Aşıq Səaddəddin Bəhmənli kəndində anadan olub, yaşayıb-yaradıblar.
Dosent Zümrüd Mənsimovanın kitabın “Ön söz”ündə vurğuladığı kimi, klassik xalq dastanlarımızı dərindən bilən aşıq Cahangir şeirlərini “Şəms”, “Dalğın”, “Coşğun”, “Qəmgin”, “Tənhalı”, “Cahangir” kimi təxəllüslərlə “Zaqatala” və “Şəlalə” qəzetlərində dərc etdirib.
Kitabda aşığın gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, divaniləri, müxəmməsləri, həmçinin müxtəlif yarımçıq şeirləri toplanıb.
Əsrarəngiz vətən təbiətinin təsviri aşıq Dalğın yaradıcılığını daha da zənginləşdirib, ona füsunkar çalarlar bəxş edib. Aşıq təbiət gözəlliklərini insan ruhu ilə sıx əlaqədə tərənnüm edir.
Z.Mənsimovanın fikrincə, Cahangir Dalğının təcnisləri ideya, bədii təsvir vasitələrinin, eləcə də məcazlar sisteminin zənginliyi ilə xüsusi diqqət çəkir.
Qeyd edək ki, aşıq Cahangir Dalğının həyat yolu, acı taleyi, yaradıcılığının bəzi qiymətli inciləri daha əvvəl dosent Z.Mənsimovanın “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri”, həmçinin “Zaqatala aşıq mühiti” monoqrafiyalarında da yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub. Vəsait Ədəbiyyat İnstitutunun Elmi şurasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə işıq üzü görüb.
“Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsləhətçisi Xalq yazıçısı Anar, redaktoru filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır. Redaksiya Heyətinə Anar, akademik İsa Həbibbəyli, Qənirə Paşayeva, Elxan Zal, Səlim Babullaoğlu, Vaqif Əlixanlı, Bəsirə Əzizəliyeva, Xəyal Rza, İbrahim İlyaslı, Əkbər Qoşalı, Əfqan Nəsirli daxildir.
Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun “İRS” seriyası çərçivəsində çap olunub. Seriyanın rəhbəri, tərcümə edəni və şərhlərin müəllifi Elxan Zal Qaraxanlıdır.
Kitabda Pakistan şairi Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsi yer alıb. Həmin şeirlər əsasən müəllifin “Karvan zınqırovunun səsi” və “Şərqin ismarıcı” kitablarından seçmələrdir. Həmçinin şairin “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” nəsri tərcümə edilərək kitaba daxil edilib.
Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi münasibətilə Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Cari ildə respublikamızda müxtəlif tədbirlər, layihələr həyata keçirilib, yeni nəşrlər işıq üzü görüb. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də “Nizami ili” çərçivəsində tədbirlər keçirilib və ilin sonuna qədər daha bir neçə layihələr reallaşdırılacaq. Bu əlamətdar hadisə münasibətilə muzey əməkdaşlarının müxtəlif əsərləri – məqalə və kitabları da çapdan çıxıb.
Növbəti belə bir əsər isə muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” adlı monoqrafiyasıdır. Müəllif əsərini vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edib. Muzeyin Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur. Akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova monoqrafiyaya rəy veriblər.
Monoqrafiya giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Vəsaitdə Nizami əsərlərində akustik obrazlar, yəni poetik mətndə insan və təbiətlə əlaqədar səs və ahəng ifadə edən səs məfhumlu sözlər, onların yaratdığı obrazlar leksik-semantik və üslubi cəhətdən araşdırılıb. “Xəmsə” mətninin orijinalının linqvopoetik tədqiqi zamanı səs semantikalı söz təbəqəsinin zəngin bir sistem təşkil etdiyi müəyyən olunur. Nizami əsərlərində səs semantikalı leksika dini-mifik və bədii obrazları, musiqiçilərin adlarından ibarət olan antroponimləri, musiqi alətlərinin adlarını, musiqi terminlərini, zoonimləri, müəyyən əşya adlarını, səs və ahəng bildirən felləri, səstəqlidi sözləri əhatə edir. Qeyd olunan istiqamətdə aparılan tədqiqat şairin məhz orijinalda mövcud olan, tərcümədə öz əksini tapa bilməyən fərdi üslubunun bir sıra özəl məqamlarını üzə çıxarır.
Kitabdan farsdilli klassik ədəbiyyat, linqvistik üslubiyyat sahəsində hazırlanan proqram və dərs vəsaitlərinin tərtibində istifadə etmək olar.
Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.
Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.
AZƏRTAC xəbər verir ki, teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno-muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 88-ci ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.
Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) “Nizaminin poetikası” mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş və respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.
Akademik Nərgiz Paşayeva yazır: “…Mənim atam Bertelsi şəxsən tanıyırdı. Babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evində qonaq etmişdi”.
Böyük alimin böyük oğlu Akademik Arif Paşayev də evlərində, süfrə ətrafındakı həmin görüşü (1947-ci ildə Arif müəllimin on üç yaşı var idi – H.N.) belə xatırlayır: “…Nurani bir insan idi. Balaca saqqalı var idi, o da ona yaraşırdı”.
Bu zaman artıq görkəmli alim Sufizm və sufi ədəbiyyatı tarixi, eləcə də fars, tacik xalqları ədəbiyyatı sahəsində elmi tədqiqatların müəllifi kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sevgisini təkcə alimin maraq dairəsinin deyil, həm də dostlarına, həmkarlarına yazdığı məktublardan da görür və indi onun xatirəsinə hörmət hissilə oxuyuruq.
1943-cü illərdə Özbəkistanda yaşadığı vaxtlarda, akademik Heydər Hüseynova yazdığı məktublarda Nizami Gəncəvinin əsərlərilə yanaşı, otuz beş yaşlı yazıçı Mir Cəlalın da “Füzulinin sənətkarlığı” monoqrafiyasını göndərməsini xahiş edirdi.
Mir Cəlal hələ 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda dissertasiya müdafiə etmiş və onu sonralar ayrıca kitab halında buraxdırmışdı.
Yeri gəlmişkən deyim ki, uzunmüddətli elmi axtarışların yekunu olan bu əsər, o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi qarşılanıb və ədəbi hadisə kimi qiymətlənibdi.
Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün hər dəfə bu mənəvi proqresə “qayıdışın” özü də yeni elmi axtarışlara səbəb olur. Azərbaycan intibahından söhbət gedir.
Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının məhsulu olan “Nizami və Füzuli” adlı ensiklopedik əsəri də yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.
Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyi əlamətdar günlərdə bu dostluq və elmi-ədəbi yaradıcılıq əlaqələri daha dərin köklərə gedib çıxır, daha geniş məna kəsb etmiş olur.
Yaradıcılıqda zaman-zaman milli məfkurəni, xalq ruhunu ana xəttə çevirən isimlər olub və belə isimlər bu gün də var. Bəlkə bu da sözün taleyidir ki, ondan Vətən də, irs də, sərhəd də keçir. Elə müsahibimiz də məhz o ilahi missiyalı imzalardan olan, Prezident təqaüdçüsü, araşdırmaçı, jurnalist və şair-publisist Namiq Hacıheydərlidir.
– Öncə uşaqlıq illərinizdən başlayaq. O illəri necə xatırlayırsız?
– Yaxşı olan, xoş olan çox az şey yadıma gəlir. Nədən ki, çətin və ağır uşaqlıq illəri yaşamışam. Uşaqlıq illərim 20-ci yüzilliyin 80-ci illərinə düşüb. O illəri düşünəndə sovet nostalgiyası ilə yaşayanları anlaya bilmirəm. Yaz fəslində, doğulduğum bölgədə kəndin qız-gəlinini “Sovxoz”un pambıq tarlalarına pambığı alaqlardan təmizləməyə çıxarardılar. Ailələr arasında bölgü aparardılar. Yəni pambıq əkilib-becərilməsi üçün ailələr arasında bölünərdi. Alağın təmizlənməsinin ardınca pambıq şitillərinin seyrədilməsi işi başlardı. Sentyabr ayına qədər kəndin yüzlərlə sakini pambıq tarlalarında çalışardı. Burada briqadalar şəklində çalışan işçiləri briqadirlər idarə edərdi. Qızmar yay günlərində işçilərə cəmi 2 saat – günorta saat 12-dən saat 14-ə qədər fasilə verilərdi. Sentyabrda pambıq yığımı başlardı. Pambığın 1 kiloqramını 5 qəpikdən yığdırardılar. Oktyabrda yığım qiyməti 10-15 qəpiyə olardı. Biz 4-cü sinfi bitirib, yenicə 5-ci sinfə keçdiyimiz vaxt, yəni 10-11 yaşımızda pambıq yığımına cəlb olunurduq. 40, bəzən 45 dərəcə istidə kilosu 5 qəpiyə pambıq yığırdıq. Bu proses o qədər çətin və əzablı olurdu ki, bəzən bir neçə uşaqla sözləşib, cəza müəssisəsindən qaçırmış kimi pambıq yığımından qaçırdıq. Həm də sabah buna görə bizə cəza veriləcəyini bilə-bilə. Pambıq yığımı zamanı kəndin giriş-çıxışında bir milis işçisi dayanardı. Bu aylarda kənddən çıxmaq cinayətmiş kimi, üzrsüz səbəbdən kənddən çıxmaq istəyənləri geri qaytarırdı. Bu aylarda toy etmək üçün qurd ürəyi yeməli idin. Bir dəfə bu aylarda toy etdiyi üçün bir kolxoz sədri toy karvanını saxlayıb, yol kənarındakı pambıq tarlasından bəylə gəlinə pambıq yığdırmışdı ki, bu, başqalarına da dərs olsun… Sonralar xalq hərəkatı, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qiymətlərin durmadan artması və 20 yanvar faciəsi də uşaqlıq illərimizə düşdü. Mənə elə gəlir ki, 20 yanvar faciəsi ilə bizim uşaqlıq dövrümüz də bitdi.
– Və gənclik illəri başladı…
– Əyər həmin illərə doğrudan da gənclik illəri demək olarsa… Doğrusu, gənclik illərimiz də ürəkaçan olmadı. Hərdən mənə elə gəlir ki, heç gənc olmamışam. Elə uşaqlıqdan birbaşa orta yaş dönəminə adlamışam. 20 yanvar faciəsinin ardınca Qarabağ hadisələri, hər gün gələn şəhid xəbəri, torpaq itkisi, siyasi qarşıdurmalar, tez-tez baş verən hakimiyyət dəyişikliyi, sosial durumun günü-gündən ağırlaşması, saatlarla çörək növbəsi və digər bu kimi acı xatirələr yaddaşımda silinməz iz buraxıb. Belə bir ağır zamanda – 1992-ci ildə orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Hamı problemlərin məngənəsində əzilirdi. Qardaşım 1991-ci ilin sonunda Rusiyadan hərbi xidmətdən geri döndü, 1992-ci ilin yazında Qarabağa – ərazi bütünlüyü uğrunda gedən döyüşlərə yollandı. Hər gün cəbhədən acı xəbərlər gəlirdi. Yaşam şərtləri günü-gündən ağırlaşırdı. Durum o qədər ağır idi ki, oxumaq arxa plana keçmişdi. Millət ölüm-qalım savaşında idi. Orta məktəbi belə bir ağır dönəmdə bitirdim. İndi uşaqlar repetitor yanına gedir, onlara hər cür şərait yaradılır ki, oxusunlar. Amma o dönəmdə elə deyildi. Mən ali məktəbə sənəd vermək istəyəndə valideynlərim bu istəyimə qarşı çıxdılar. Əlbəttə, onları da başa düşürdüm. Onsuz da gündəlik ruzini güc-bəla qazanırdıq. Şərtlər diqtə edirdi ki, oxumayım, onsuz da çətinliklə dolanan ailəyə kömək edim. Amma oxumaq fikrimdə israrlı olduğum üçün sənədlərimi aidiyyatı quruma verdim. Allah rəhmət eləsin Vurğun Əyyuba və can sağlığı versin dəyərli alim Firudin Ağasıoğluna, nə yaxşı ki, onlar test üsulunu Azərbaycana gətirdilər. Süründürməçilik olmadı. Çox böyük çətinliklər, ciddi maddi sıxıntılar olsa da universiteti oxuyub bitirdim.
– Bəs gələcəkdə bu gününüz haqqında danışanda ürək dolusu xoş günlərinizdən danışa biləcəksizmi?
– Şəxsi həyatımla bağlı, güman ki, yox. Ümumiyyətlə bu illər ərzində ilk dəfədir ki, çətinliklərimi, çəkdiyim əzabları, yaşantılarımı dilə gətirirəm. Həmişə dərdimi başqalarından gizlətmişəm. Yəni düşünmüşəm ki, əynimdəki köynək mənim olduğu kimi acılarım, əzablarım, dərdlərim də mənimdi. Onu başqalarına yükləmək kimi bir haqqım yoxdu. Həmişə dərdimi, sıxıntılarımı, ehtiyaclarımı gizlətib, sevincimi bölüşmüşəm ətrafımla. Olub ki, yaxınlarımdan kimləsə görüşəndə mənə dərdini danışıb, gileylənib, problemlərdən boğaza yığıldığını deyib. Diqqətlə dinləyəndən sonra Aqil Abbas demişkən, “ver dərdini kef edim”- demək istəmişəm, amma ürəyini qırmamışam, təsəlli vermişəm, ümidli, inamlı olmasına çalışmışam. Ətrafımdakı insanların çoxu məni qayğısı, sıxıntısı, dərdi olmayan və normal yaşamaq üçün hər şeylə təmin olunmuş biri kimi tanıyıb. Bu səbəbdən bəzən, hətta uzaqdan tanıdığım, Facebookdan tanıdığım bəzi adamlar zəng edib, görüşmək istədiyini bildirir. Görüşüncə də maddi dəstəyə ehtiyacı olduğunu bildirirlər. Belə görüşlər işsiz qaldığım, çox ciddi sıxıntılar içində olduğum dönəmlərdə də olub. Onların çoxunun maddi durumunun, yaşam səviyyəsinin mənimkindən üstün olduğuna əminəm. Amma bunu onlara deyə bilmirəm. Üstəlik kömək edə bilmədiyimə görə əzab çəkirəm. Rəhmətlik Xudu Məmmədovun gözəl bir sözü var:
Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara.
Arada xeyli müddət işsiz qaldım. Ayrı-ayrı saytlar üçün qonorar qarşılığında yazılar yazdım, başqalarının yazılarını və kitablarını redaktə etdim. Həmin ərəfədə FB dostlarımdan biri mənə yazdı ki, “Sizi başa düşmürəm, hər şeyiniz, eviniz, imkanınız var, niyə özünüzə əziyyət verib qonorar üçün yazılar yazırsız”? Necə deyərlər, içim özümü yandırdı, çölüm özgəni. İlk dəfə sizə açıqlayıram, hələ də yaxın dostlarımın belə çoxu bilmir ki, mən 5 nəfərlik ailə üzvümlə birgə Qaraçuxurda ailə yataqxanasında yaşayıram. Bunu məni tanıyanların çoxu bilmir. Nədən ki, heç vaxt heç yerdə bu barədə danışmamışam, gileylənməmişəm, şikayət etməmişəm. Şikayət etmək mənim təbiətimə yaddır. Ancaq rəhmətlik İlhamə Quliyeva demişkən, “Daş deyil, ürəkdi bu”, hərdən yorulduğum, usandığım anlar da olur. Bu, bəlkə də yaş dövrü ilə bağlıdır, artıq, 46 yaşım var. İndi mən istəsəm də 26 və ya 36 yaşımda olduğu qədər enerjili, dözümlü və döyüşkən ola bilmərəm.
– 25 ildən artıqdır, yaradıcılıqla məşğulsuz. 12 kitabınız, Azərbaycanda və Azərbaycandan kənarda 200-ə qədər araşdırma və publisistik məqalələriniz yayımlanıb. Uğurlu yaradıcılığa görə ayrı-ayrı nüfuzlu qurumların “Diplom” və “Fəxri Fərman”larını almısız. Dəfələrlə ölkəmizi xaricdə təmsil etmisiz və s. Niyə dövlətin rəhbərliyinə müraciət etmirsiz, ən azından siz də başqaları kimi ev istəmirsiz?
-Bəlkə də bu, mənim yanlışımdı. İstəmək anadolular demişkən, yapımda yoxdu. Daha doğrusunu desəm, bacarmıram. General Əliağa Şıxlıniskini sovet hökuməti həbs etmişdi. Məhkəmədə ona: “özünüzü müdafiə üçün nə deyə bilərsiz”? – deyə sual verirlər. General: “Mən ömrüm boyu yalnız vətənimin və dövlətin müdafiəsi haqqında düşünmüşəm. Heç vaxt öz müdafiəm haqqında heç nə düşünməmişəm. Bu səbəbdən indi öz müdafiəm haqqında heç nə deyə bilmərəm”- deyir. Mən hərbçi deyiləm. Ancaq yazıçı üçün yazı masası da bir səngərdir. Masa arxasında özünü və ailəni gözardı edib, vətənin və dövlətin gələcəyini düşünərək də yaza bilərsən, şəxsi karyeranın yüksəlişini düşünərək də. Pafoslu səslənə bilər, amma həqiqətdir ki, bu illər ərzində özümü gözardı edib, dövlətimi düşünənlərdən oldum hər zaman. Yetər ki, dövlətim var olsun, millətimin Hadi demişkən, millətlər içində imzası olsun- düşüncəsində oldum hər zaman. Ola bilsin, bu səbəbdəndir ki, mənimlə eyni dönəmdə ədəbiyyata gələnlər ora-bura ağız açmaqla, xahiş etdirməklə özlərinə bir çox şəraiti qurdular, evlə, torpaqla və bəziləri yaxşı işlə təmin olundular, məişət problemlərini həll etdilər. Hesab edirəm ki, dövlət nəinki, hər bir yaradıcı adamı, hər bir vətəndaşını görməlidi, qayğısını, ehtiyacını, ağrı-acısını bilməlidi. Ayrı-ayrı fərdlərin problemləri artdıqca, bu, sonda kütləviləşir və sosial aqressiyaya çevrilir. Dövlətin gücü vətəndaşın gücü və rifahı ilə ölçülür. Mən vətəndaş olaraq gücləndikcə dövlətim də güclənir. Evlə və normal yaşam şərtləri ilə təmin olunmaq hər bir yaradıcı insanın, eləcə də hər bir vətəndaşın təməl haqqıdır. Bu gün bu ölkədə 46 yaşlı qələm adamının normal bir evi yoxdusa, bu, öncə dövləti yönətən güclərin suçudur.
– Heç nə zamansa yaşam durumunuza görə sıxılırsızmı, utanc hissi keçirirsizmi?
– Əlbəttə. Evimdə 3 övlad – dövlətim və millətim üçün dövlətinə, bayrağına və yurduna son dərəcə sayğılı olan 3 vətəndaş yetişdirirəm. Onların istək və arzularını yetərincə gerçəkləşdirə bilmədiyimə və layiq olduqları normal həyatı verə bilmədiyimə görə bəzən dövlətim və hökumətim adına utanc hissi keçirirəm.
– Bir az da yaradıcılıqdan danışaq. Yaradıcılıq işləri nə yerdədi?
– Son zamanlar az yazıram. Mətbuatda çalışan dostlarım, zəng edib, niyə son zamanlar mətbuatda görünmürsən, yazı göndər, yayımlayım – deyəndə, zarafatla “yaradıcılığa fasilə vermişəm, istedadımı dəmə qoymuşam” – deyirəm. Əslində isə məişət qayğıları son zamanlar məni çox məşğul edir, bütün vaxtımı alır. Hər üç uşaq təhsil alır, onların oxuması və digər təminatı üçün özümü yaddan çıxarmışam. Sanki bilərəkdən bizi yurdun aydın sabahları uğrunda vuruşma meydanından məişət küncünə sıxışdırıblar.
– Belə demək mümkünsə, ədəbiyyatla sizin aranızda bir ilahi məsafə yaranıb. Onu boşluq da adlandırmaq olar. O məsafənin yaranma səbəbini ilahi keçiddə, təbiət prosesində görürsüz, yoxsa tam olaraq, mühit və şəraitdə. Bu, bəlkə də genetik kodun diktəsi ola bilərmi?
– Maraqlı və yaradıcı sualdı. Lakin bu suala daha öncəki cavablarımda qismən də olsa açıqlama gətirmişəm. Ədəbi yaradıcılıq şəxsi istəklərdən qaynaqlanan məsələ deyil. İlahidən süzülmürsə, içindən gəlmirsə və mövzu səni rahatsız etmirsə, ortada yaradıcılıq da olmayacaq. Əslində sizin dediyiniz məsafə elə sadaladığınız bütün səbəblərdən ola bilir. Burada mühit və şərait daha çox rol oynayır məncə. Ədəbiyyat tarixinə nəzər salsanız, görəcəksiniz ki, böyük ədəbiyyat hər zaman saraylarda və onun ətrafında yaranıb. İqtisadiyyatın aşağı səviyyədə olduğu bir yerdə yüksək mədəniyyətin ortaya çıxması mümkünsüzdür. Bir dövlətin mədəniyyətinin, ədəbiyyatının yüksəlişi onun iqtisadiyyatından keçir. Mən bununla ölkəmizin iqtisadi durumunun yaxşı olmadığını demək fikrindən uzağam. Sadəcə olaraq, o iqtisadi yüksəliş yazarın həyatında da özünü göstərməlidir ki, bu da sonucda ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişinə təminatçı olacaq.
Genetik kodun diktəsi isə başqa şey deyir. Toparlanmağı və mütləq yazmalı olduqlarımı yazmağa hazırlaşmağı diqtə edir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, araşdırma yazılarımda daha çox o mövzulardan yazmışam və yazmağa çalışıram ki, həmin mövzular ya indiyə qədər işlənməyib, ya da çox az araşdırılıb. Hazırda Ağ Hunlar mövzusu üzərində düşünürəm. 5-ci yüzilliyin başlanğıcında Xəzər dənizinin gündoğarında qurulan Ağ Hun dövlətinin rəsmi dili türk dili idi. İndi İran adlanan ərazi və ətrafı bu dövlətin nüfuz dairəsinə daxil idi. Hətta, Ağ Hun dövləti o qədər güclü idi ki, Sasani imperiyası yolundan sapanda bu imperiyanın başçısını dəyişib, yenisi ilə əvəz edə bilirdi. Sizin ifadənizlə desəm, ötəri olaraq ədəbiyyatla aramda yaranan “ilahi məsafə” sonlanınca Ağ Hun dövləti haqqında yazacam. Bu, bir araşdırma yazısı da ola bilər, roman da.
– Əvvəlki yaradıcılıq dinamikasına qayıdışınız hansı yoldan keçir?
Toparlanmaqdan keçir. Bəlkə də bu söhbətləşmə həmin keçidin başlanğıcı olacaq.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Xuraman HÜSEYN, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınPoeziya şöbəsinin Redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb tədricən rəngini dəyişən rəngbərəng yarpaqlardan, çisələyən yağmurdan zövq almasından gözəl nə ola bilər ki? Gözəlliyi görmək, ondan zövq almaq gərəkdir.
Böyük Hüseyn Cavid “Mənim Tanrım” şeirində deyirdi:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir cəllad olsa da,
Sevgi xoşdur sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Gözəllik bir insan zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hankı bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Cəfər Cabbarlının da eyniadlı şeiri gözəllik anlayışının nə demək olduğunu göstərir:
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir Tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazi sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni Tanrım, sevindir!..
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!
Ürəkləri fəth edən gözəl – Afrodita
Göz qamaşdıran gözəlliyə sahib olan Afrodita gözəllik ilahəsidir. Əfsanəyə görə, Afrodita dalğaların köpüyündən yaranıb. Bir bahar sabahı, Kipr adası sahillərində sakit dalğalanan dəniz birdən-birə ağ köpüklü dalğa ilə hərəkətə gəlir, bu dalğa ilə birlikdə bir sədəf qabığı sahilə çırpılır. Sədəfin qapağı açıldığı zaman içindən gözəllər gözəli Afrodita çıxır. Onun yanında eşq Tanrısı olan oğlu Eros da vardı. Afrodita qumsalda yeridikcə ayaqlarının dəydiyi yerlərdə al-əlvan, gözəl qoxulu çiçəklər açırdı…
Zaman tanrıları olan heralar onları qarşıladılar və əvvəl Afroditanı yaxşıca yuyub vücudundakı duzlu dəniz suyunu təmizlədilər. Uzun saçlarını hörüb başını qızıl bir tacla bəzədilər, əyninə tüldən bəzəkli paltarlar geyindirib, boynuna göz qamaşdıran boyunbağı taxdılar. Daha sonra onu və oğlunu götürüb Olimp dağına qaldırdılar. Olimp dağındakı tanrılar bu gözəli görüncə heyranlıqlarını gizlədə bilmədilər.
O gündən sonra Afrodita gözəllik və eşq ilahəsi olaraq Olimpdə digər tanrılarla birlikdə yaşamağa başladı.
Afrodita gözəlliyi ilə sadəcə tanrıların deyil, insanların da ürəyini fəth etmişdi. İnsanların qəlbinə sevgi və eşq toxumları səpir, onlara nəşə və sevinc bəxş edirdi. Digər tərəfdən, çox vaxt bu nəşə və sevinc eşq acısına da dönə bilirdi. Gözəllik ilahəsi gücünü sadəcə insanlar və tanrılar üzərində göstərməzdi. Onun sözü bütün təbiətə keçirdi. Bir baxışıyla quduz dalğaları sakitləşdirir, nəfəsi ilə dəli kimi əsən küləkləri susdururdu. O, yer üzündə hər şeyi dirildir, ona həyat verirdi. Qurumuş çiçəkləri təkrar canlandırır, dünyanı bəzəyir, gözəlləşdirirdi.
Dünya estetiklərinin əksəriyyəti deyir ki, gözəllik estetikanın ən ümumi və universal kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, insanın həyatında əvəzsiz rol oynayır, təbiət və cəmiyyət hadisələrini, incəsənət, əmək, ictimai münasibətlər və digər sahələri əhatə edir. O, insanlara müsbət enerji, pozitivlik, sevinc bəxş edir, fərəh gətirir, həzz, yaşamaq üçün stimul verir, onlarda həyat eşqi yaradır. Elə bu səbəbdən bütün dövrlərin dahiləri heç vaxt gözəlliyə biganə qalmayıb. Gözəllikdən ilham alan dahi şəxsiyyətlər onu təbliğ edib və onun şərəfinə təriflər söyləyiblər. Ümumiyyətlə, şair və yazıçılar həmişə gözəlliyi yaradıcılıqları üçün prioritet mövzu hesab ediblər və etməkdədirlər. Gözəlliyi sabit, metafizik bir ideya kimi qiymətləndirən Yunanıstanın idealist filosofu Platonun sözlərinə qüvvət üçün deyək ki, dünya var olandan yüksək qiymətləndirilən gözəllik bundan sonra da – əbədi olaraq göz oxşayacaq… Platon gözəlliyin mənbəyini fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görürdü. O, hesab edirdi ki, gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə, görünə bilməz.
Gözəlliyi görmək
Yazıçı Ejen İonesko müsahibələrinin birində gözəlliyi görməkdən danışır: “Pessimist bir dostum bizə qonaq gəlmişdi. O vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım. Ondan bir az əvvəl qızım dünyaya gəlmişdi. Evimiz darısqal idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Dostum gəldi və həyatın dəhşətlərindən, dünyanın rəzillik və miskinliklə, bitib-tükənməyən qəmlə, kədərlə dolu olmasından, evimizin darıxdırıcılığından və narahatlığından danışdı. Ona dedim: “Məncə, bura çox gözəldir, otağın ortasından asılmış əskilər belə göz oxşayır.” Dostum təəccüb və nifrətlə üzümə baxdı. Mənsə sözümə davam etdim: “Bəli, gözəldir. Baxmağı bacarsan görərsən ki, dünya başdan-başa möcüzədir, ilahi bir təntənədir.” O an doğrudan da mənə elə gəlirdi ki, zivədən asılmış paltarlar işıq saçır. Sanki dünyaya rəssam gözüylə baxmış və ən dəyərsiz əşyanın belə işıq saçdığını görmüşdüm. “Məsələn, üzbəüz binadakı üçkünc pərdəli, yöndəmsiz evi götürək. O evə məhəbbətlə və ya neqativ fikirləri beynindən çıxararaq baxsan, görərsən ki, necə şəfəq saçır. “Hər kəsin həyatında belə anlar olur. Məişət – əsl həyatın əsrarəngiz gözəlliyini öz arxasında gizlədən bomboz örtüyə bənzəyir. Gündəlik qayğı və vərdişlərin üzündən insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrətlənmək hissi yoxa çıxıb, yaddaşı korşalıb.”
Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi ki, hər şeydə bir gözəllik var. Lakin bunu hamı görmür. Dostoyevski gözəlliyin insanlıq üçün nə qədər önəmli olduğunu, vacib rol oynadığını göstərirdi: “Bilirsinizmi , siz bilirsinizmi ki, bəşəriyyət ingilissiz də yaşaya bilər, almansız da yaşaya bilər, russuz lap yaxşı yaşayar, elmsiz, çörəksiz yaşayar. Yalnız gözəlliksiz yaşaya bilməz, çünki onda həyatda heç nə etməyə lüzum qalmaz! Bütün sirr bundadır!”
İtin dişləri
Azərbaycanın böyük şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə İsa peyğəmbərlə bağlı hekayədə müdrik bir insan surəti yaradır. Bazarın başında bir dəstə adam bir it cəmdəyini qarğa-quzğun kimi dövrəyə alıb onun üfunətindən, xəstəlik mənbəyi olmasından danışır, üzlərini turşudur, ağızlarını büzürlər. Növbə İsa peyğəmbərə çatanda o söyləyir ki, heç inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər cəmdəyin başına yığışan hər kəsi heyran edir, onlar pərt halda başlarını aşağı salıb gedir, düşündüklərinə, danışdıqlarına görə xəcalət çəkirlər.
“Dünyanı gözəllik xilas edəcək”
Böyük rus yazıçısı Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” sözlərini bilməyən yoxdur. Müasir dövrün yeniliklərindən olan estetik müdaxilə gözəllik naminə atılmış uğurlu addım olsa da, bunu qəbul etməyənlər də var. Həkim qarşısına keçən, əməliyyat masasına əyləşən insan bunun nə qədər ağrılı, çətin olmasını bilsə də, gözəllik naminə bu əzaba qatlaşır. Sublimasiya baş verir və insan arzusuna çatır. Əvvəlki dövrlərdən fərqli olaraq müasir insan qocalmaqdan, yaşa dolmaqdan qorxmur. Bilir ki, bunun çarəsi var. Əlbəttə, bütün bunlar gözəllik, göz oxşamaq üçündür.
Özünü sevən entuziastlar eyni zamanda ətrafdakılar üçün də müsbət enerji mənbəyi olur. Gözlər gözəllik görür, həmin gözəlliyə heyranlıqla baxır. Daxili gözəlliyə önəm verənlərin yalnız çirkinlər olduğunu düşünənlər də var. Əsla belə deyil. İslam dünyasında peripatetik fəlsəfənin inkişafında böyük xidmətlər göstərmiş filosof Əbu Turxan deyirdi: “Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur”.
İncəsənət üçün dərin və mistik mövzuların qaynağı olan payız fəslidir. “Son bahar – təbiətin kədərli, hüznlü ayı” deyib keçməyək. Bu gözəllikləri doyunca seyr edək. Hərçənd doymayacağıq, amma yenə də gözəllikdən zövq almağa çalışaq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oktyabrın 10-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.
Sərginin bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.
Qeyd edək ki, beş gün davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.
Həmçinin sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutub. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirib, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olublar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılan bütün kitablara böyük endirimlər edilib. İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığını, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək.
Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümə böyük həvəslə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, teatr oktyabrın 25-də 33-cü mövsümünün açılış günündə teatrsevərlərə Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək və yeni mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla qarşılayacaq.
Dövlət başçımız hələ ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində – pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir.
İşğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişafı ilə bağlı görülən və görüləcək işlərlə bağlı AZƏRTAC-ın sorğusu Dövlət Turizm Agentliyi (DTA) tərəfindən cavablandırılıb.
DTA-dan bildirilib ki, agentlik işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzində fəaliyyət göstərən 5 alt İşçi Qruplarına üzv təyin edilib. İşğaldan azad edilmiş ərazilərin turizm resurslarının qiymətləndirilməsi, turizm nümayiş obyektlərinin uçotunun aparılması, turizm potensialdan səmərəli istifadə edilməsi, sağlamlıq, dağ və mədəni turizm resurslarının araşdırılması ilə bağlı “Turizm resurslarının qiymətləndirilməsi” adlı ilkin metodologiya sənədi hazırlanıb. Agentlik tərəfindən layihə sənədinin genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsi ilə bağlı işlərin aparılması planlaşdırılır: “Qarabağ bölgəsində Füzuli hava limanı dayanıqlı turizmin inkişafı baxımından önəmli layihə hesab edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcəkdir. Bununla yanaşı, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınması nəzərdə tutulmuşdur. Bölgəyə turistlərin əlçatanlığının təmin edilməsi üçün dəmir yol xətlərinin bərpası mühüm hesab edilir və bununla bağlı ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yol xəttinin bərpası üzrə işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı turizmin və turizm klasterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında Qarabağ Turizm Strategiya layihə sənədi hazırlanıb”.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərin geniş turizm potensialını nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən “Yolumuz Qarabağa” konseptual turizm marşrutlarının layihələri təqdim edilib. Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında “Yolumuz Ağdama” turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən “Şahbulaq Qalası”na dair ilkin memarlıq və turizm inkişaf konsepsiyası hazırlanıb.
“Turizm və rekreasiya zonalarının yaradılması üçün Qarabağ regionunun müxtəlif ərazilərində mühüm turizm potensialı mövcuddur. Şuşanın zəngin təbiət ətrafında yerləşməsi, tarix-mədəni turizm obyektlərinə yaxınlığı, turizm fəaliyyətlərinin mümkünlüyü və əsas magistral yola yaxınlığı baxımından imkanları yüksək qiymətləndirilir. Qarabağ turizm və rekreasiya zonası üçün Kəlbəcərdə İstisu bölgəsinin böyük imkanları mövcuddur. Uzun müddət İstisu bulağından sağlamlıq və kurort məqsəd üçün istifadə edilməsi ərazinin inkişafına zəmin yaradır. Bununla bağlı, Kəlbəcərdə İstisu, Vəng, Zülfüqarlı kimi təbiət ərazilərində rekreasiya imkanları yüksəkdir. Kəlbəcər, Zəngilan, Xocavənd, Qubadlı və Laçın bölgələrində yaradılması planlaşdırılan turizm və rekreasiya zonalarının əraziləri Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilmişdir. Turizm və rekreasiya zonaları ilə yanaşı, Şuşada Xarıbülbül və Qarabağ mehmanxanaları ən son standartlara uyğun formada təmir edilmişdir”, – deyə məlumat verilib.
Həmçinin vurğulanıb ki, qeyd olunanlar ilə yanaşı, Dubayda “ATM 2021” (Arabian Travel Market 2021) və Moskvada “OTDYKH Leisure” turizm sərgilərində Qarabağın turizm potensialı təqdim edilib: “Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq strateji inkişaf, turizmin inkişafı və təşviq olunması, turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulub”.
Oktyabrın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “44 günlük Vətən Müharibəsində Azərbaycan Türkiyə birliyi” adlı onlayn tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ü.Zeynalova tarix boyu Azərbaycan Türkiyə dostluğundan, bu iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat verib və Vətən müharibəsinin 15-ci günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim edib.
Oktyabrın 11-də “Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.
Heydər Əliyev Mərkəzi təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu qeyd edib. O bildirib ki, 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
Qeyd edək ki, Azərbaycan “Expo 2020 Dubai” beynəlxalq sərgisində “Gələcəyin toxumları” tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.
Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Turizm həftəsi çərçivəsində “Yarım səhradan sıx meşələrə” başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, “Ən aşağı nöqtədən ən yüksəklərə” başlıqlı Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, “Qədim izlər, heyrətamiz mənzərələr” başlıqlı Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, “Müalicəvi təbiət, ilhamverici tarix” başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialı nümayiş etdirən təqdimatlar keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən start götürən sərgi 2022-ci ilin mart ayının 31-dək davam edəcək.
Tanınmış şair publisist, Qubadlı rayonunun ” Bərgüşad” ictimai-siyasi qəzetinin baş redaktoru, “Sözün sehri” qəzetinin təsisçisi, Süleyman Rəhimov adına ədəbi-ictimai birliyinin təsisçisi və sədr, “Müqəddəs qələm” və “Qızıl kitab” media mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu dünən “Qafqaz-Mediya” İctimai birliyi tərəfindən təşkil edilən “Vicdanlı qələm” layihəsinin qaliblərindən biri kimi “Vicdanlı qələm!” medalına layiq görülmüşdür.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir çox nüfuzlu nəşriyyat təmsil olunur. Belə yarmarkalar oxucu, naşir, yazar münasibətlərinin stabilləşməsi, möhkəmlənməsinə xidmət edir.” Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, “Metakədər” kitabı ilə sevilən Nərgiz İsmayılova söyləyib. Tədbirin əhəmiyyətindən danışan N.İsmayılova deyib: “Sərgi-yarmarkada kitabçılığın inkişafına xidmət məqsədilə tədbirlər, yazarlarla görüşlər, imza günləri keçirilir. Endirimli qiymətlərlə ictimaiyyətə təqdim olunan əsərlər mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafına böyük xidmət göstərəcək”.
Şuşa Dövlət Musiqili Dram Teatrı 148–ci mövsümü oktyabrın 9–da uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.
“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.
“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.
Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilərlər.
Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.
Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.
Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.
İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.
Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.
Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.
Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.Tel: 050 202 88 87
“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, “Eurovision 2022” mahnı müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.
Şoular, biletlər və müsabiqə ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə və aylarda açıqlanacaq.
Qeyd edək ki, 2021-ci ildə 190 milyonadək izləyicinin istər televiziya ekranlarında, istərsə də onlayn formada izlədiyi dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi yarışdı.
“Eurovision” müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub.
İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Bu günlərdə Bakı Dövlət Sirkinin miniatür kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, miniatür kitab Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illik yubileyinə həsr olunub. Kitabda Bakı Dövlət Sirkinin tarixi inkişaf mərhələlərinə aid mövzulara yer verilib. Bundan başqa, miniatür kitabda Azərbaycan sirkinin bir çox korifeyləri haqqında bioqrafik məqalələr də yer alıb. Həmçinin miniatür kitabda Bakı Dövlət Sirkinin 2021-ci ildə həyata keçirdiyi yeni layihələr haqqında da bilgilər işıq üzü görüb.
Qeyd edək ki, kitab Miniatür Kitab Muzeyinə də təqdim ediləcək.
Görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi elan olunmuş Azərbaycan Dövlət Tərcümə Mərkəzi şairin seçmə şeirlərinin toplandığı “Meşə nəğməsi” kitabını Azərbaycan dilinə tərcümə və nəşr edib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan oxucusu ilk dəfə təqdim olunan poetik toplunu tanınmış şairi Salam Sarvanın tərcüməsində oxuya biləcək.
Kitabın “Ön söz”ünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində işıq üzü görüb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.
Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, “biz ustad müəllimlərimizi mütəmadi olaraq xatırlayırıq, yubileylərini keçirib, kitablarını çap edirik. Belə müəllimlərimizdən olan Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutunuzun Elmi Şurasının qərarı var. Abbas Zamanov böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisidir. Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. Mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Namizədlik işinin yüksək səviyyədə olmasına görə birbaşa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi də çox güclüdür. Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi təklifinə çox sərt reaksiya verib, onun belə sərt cavabından sonra məsələ gündəlikdən çıxarılıb.
Abbas müəllim Naxçıvan Dövlət Universititetində mənə dərs deyib, onunla birlikdə teatra getmişik. Gənc alimlərə “Uğurlu yol” yazmaqdan zövq alırdı. Özü uşaq evində böyüməsinə baxmayaraq, çox iradəli, mövqeyindən dönməyən, məsuliyyətli və nikbin adam idi. Həmişə hal-əhval tutulanda “Şikayətlənməyə əsas yoxdur” – deyən Abbas müəllim vətəndaş alimliyin brendidir”.
Akademik Rəfael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolu” adlı məruzə edərək qeyd edib ki, “Mən “Vaxtdan uca” kitabımda üç şəxsiyyətin “necəsən?” sualına cavabını xüsusi qeyd etmişəm. Ərtoğrul Cavid “Dünənkindən pis, sabahkından yaxşı”, Əkrəm Cəfər “Ürəyin istəyən kimi”, Abbas Zamanov “Şikayətlənməyə əsas yoxdur” cavabını verirmiş. Abbas müəllim çətin həyat yolu keçsə də, heç zaman şikayətlənmədi, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirdi. 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edildi və o illərdən, demək olar ki, diasporsayağı işlər görməyə başladı. Cənubi Azərbaycan yazarları haqqında bilgilər paylaşırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulmasında iştirak edirdi. Böyük azərbaycançılar dəstəsi formalaşdırmışdı. Onun yaratdığı “Vətən” cəmiyyəti sonralar Diaspor Komitəsinin yaranmasına səbəb oldu”.
Professor Qəzənfər Paşayev “Abbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsində vurğulayıb ki, “doğrudan da, Abbas müəllim böyük şəxsiyyət olub. Ədəbi əlaqələr sərhəd bilmir, fədakar insanların sayəsində yaranır. Belə fədakarlardan biri də Abbas müəllimdir. O, təmənnasız təbliğatçı idi. Bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub. Mən xoşbəxtəm ki, onunla yaxşı münasibətim olub”.
Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.
Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” adlı məruzə edərək, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.
XX əsrin 80-ci illərində yazıb-yaratmağa başlamış ziyalılardan biri də Novruz Gəncəli olmuşdur.
Sadıqov Novruz İsmayıl oğlu 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz böyük qardaşı Qulamhüseynin himayəsində yaşayır. O, 1934-cü ildə H.Z. Tağıyev adına Toxuculuq fabrikinin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alır. Toxuculuq fabrikində işləyən qardaşı Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki Toxuculuq fabrikinə işləməyə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir. Ailənin bütün qayğıları Novruzun üzərinə düşür. Bütün bu çətinliklərə baxmayaraq, o məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Universitetin ikinci kursunda oxuyarkən o əyani şöbədən qiyabiyə keçirilərək ehtiyaca görə Lerik rayonuna ezam olunaraq bir neçə orta məktəblərdə müəllimlik etmiş, hətta məktəb direktoru kimi pedaqoji fəaliyyət göstərmişdir.
Gənc Novruz yazmış olduğu ilk şerini şair Əhməd Cəmilə oxumuş, bu şairin çox xoşuna gəlmişdir. Şairin ona ilk sözü bu olmuşdur:- “Mən bundan sonra sənə Gəncəli təxəllüsü verirəm. Mütləq bu imza ilə yazıb-yaratmalısan”! demişdir. O zamandan ömrünün sonuna kimi Novruz Sadıqov “Novruz Gəncəli” kimi fəaliyyət göstərmişdir. Onun “Odlu ürəklər” adlanan ilk kitabı “Gəncəli” təxəllüsü ilə 22 yaşında olarkən çap edilmişdir.
Çoxşaxəli yaradıcılıq yolu keçmiş Novruz Gəncəli 1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950–1960-cı illərdə müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifəsində çalışmışdır.
Novruz Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər yazıb. Ədibin komediyalardan ibarət kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində nəşr olunub. Müəllifin pyesləri rus dramaturqları tərəfindən tərcümə edilib.
Şair öz qələmini tərcümə sahəsində də ustalıqla sınamış, C.Bayronun “Kavur”, A.Makayenokun “Tribunal”, C.Patrikin “Qəribə Missis Sevinc”, B.Brextin “Kuraj ana və onun uşaqları” Hötedən, Bayrondan, Puşkindən, Brextdən, Patrindən, Abayın əsərlərini doğma Azərbaycan dilimizə tərcümə etmişdir.
Novruz Gəncəlinin qələmə aldığı pyeslər Gəncə Dövlət Dram Teatrı, Azərbaycan Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilib. O, Azərbaycan dramaturgiyasında “Şəlalə” adlı ilk elmi fantastik pyes sayılan əsərin müəllifidir. Novruz Gəncəli bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orijinal səpkili, o dövrün aktual problemlərini özündə əks etdirən pyeslər də yazmışdır. 1950-1951-ci illərdə “Qızıl Dərviş”, 1951-1952-ci illərdə “Düşmənlər içində”, “Şəlalə”, “Yanmış planetin sərvətləri”, “El bizim sirr bizim”, “Niyə dirilmisən” kimi pyesləri tanınmış quruluşçu rejisorlar tərəfindən səhnələşdirilmişdir. 1969-cu ildə Sumqayıt Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor Arif Ağayevin qurluşunda A.Makayenokun “Tribunal” və C.Patrikin “Qəribə Missis Sevinc” pyeslərinə müraciət olunaraq, maraqlı səhnə əsərləri uğurla nümayiş edilmişdir.
Onun “Məhəbbət körpüsü”, “Ev bizim, sirr bizim”, “Səadət yağış deyil”, “Unudulmaz günlər”, “Şerlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” kimi kitabları nəşr olunmuşdur.
Novruz Gəncəli şerlərinin mövzusuna və xüsusiyyətlərinə görə seçilən, yadda qalan, sevilən şairlərdən idi. Ömrünün çox hissəsini Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan yazıb-yaradan şairin “Anamın səsi”, şerinə bəstələnmiş mahnını bütün dünya tanımışdır. Dövrünə görə XX əsrin 80-ci illəri sülh və əminamanlıq illəri kimi xatırlanırdı. Məhs bu illərdə sözləri Novruz Gəncəliyə musiqisi Ələkbər Tağıyevə məxsus olan “Anamın səsi” zamanın ən aktual mahnılarından biri hesab edilirdi. Heç təsadüfi deyildir ki, SSRİ xalq artisti Zeynəb Xanlarova, Respublika xalq artisti Rübabə Muradova və əməkdar artist Fatma Mehrəliyeva o illərdə bu mahnını dünya ictimaiətinə bir mesaj olaraq tez-tez oxuyurdular. Novruz Gəncəlinin qələmə aldığı “Ananın səsi” şeri bu gün də öz aktuallığını saxlayır.
Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq
Su içdi göz yaşından.
Yer üzündə dostun olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam bu səsimdə
Yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!
Milli-mənəvi sərvətimiz sayılan muğamlarımızı, yurdumuzun əvəzolunmaz sərvəti hesab edərək düşüncələrində Arazı, Kürü Azərbaycanın bir cüt qiymətli incisinə bənzətmiş şair arzu kimi səsləndirdiyi, qələmə aldığı aşağıdakı misralar onun qəlbində yurd salan vətənpərvərliyidən xəbər verirdi:
Oyanan Babəklər, Qoç Koroğlular,
Çəkər qılıncını Murovla Qoşqar,
Şahdağı hayqırar, Kəpəz hayqırar…
Gözündə qalmasın xoş arzuların,
Açılsın, Cənuba gedən yolların.
Novruz Gəncəli 1971-ci ildə qələmə aldığı “Bizim sahildə” əsərinə film çəkilməsi üçün hazırladığı ssenarisini rejisor Alla Axundovaya bildirir. Lakin bundan xəbər tutan kinorejissor Hüseyn Seyidzadə bu ssenariyə ikinci müəllif olaraq adının qeyd edilməsini Novruz Gəncəliyə təklif edir. Ancaq N.Gəncəli çox prinsipal adam olduğu üçün Hüseyn Seyidzadəyə yox cavabını verir. Həmin vaxtdan əsər Kinostudianın arxivinə atılır. Bir müddət sonra əsər ondan xəbərsiz adı dəyişilərək Alla Axundova və Hüseyn Seyidzadənin iştirakı ilə “Var olun qızlar” adı altında film çəkilərək ekranlarda nümayiş etdirilir. Lakin film çox uğursuz alınır. Bundan xəbər tutan Novruz Gəncəli 1973-1980-ci ilədək bu məsələ ilə bağlı məhkəməyə müraciət edərək, müəlliflik hüququnu qorumağa çalışsa da heç bir nəticə əldə edə bilməyib. Ona edilən bu haqsızlıq yaradıcılığına mənfi təsir etmiş şair öz etirazını qələmə aldığı misralarda əks etdirmişdir.
Mən qovdum vətəndən qara kabusu,
Candan əziz tutdum arı namusu.
Sən ey, qəm bilməyən gələcək nəsil!
Üzümü görməyə eləsən arzu,
Bax üfüqdən qalxan al səhər mənəm,
Yurdumun istəyi o zəfər mənəm!
Ona edilən haqsızlıqla barışmayan şair ömrünün sonuna kimi təkliyə qapanaraq həyatının son günlərini Bilgəh qəsəbəsindəki öz bağında keçirir. Şair Bilgəhdə olduğu zaman şerini misralara köçürərək sanki ömrünün son günlərini yaşadığını hiss edirmiş kimi, bu şeri qələmə alaraq oxucuları ilə vidalaşmışdır.
Bəlkə sən deyəsən müqəddəs pəri,
Tanrı məhv edərmi İblisi, şəri
Məhv etmək istəmir, ya gücü çatmır
Allah bəndəsiyəm, aç mənə sirri.
Şairim dan yeri qızarır diyən,
Xəstəsən, bu qədər düşünmək olmaz.
Səni oxşamaq üçün yaranmışam mən
Sualın könlümə gətirdi ayaz,
Onun cavabını bu dünyada bir
Allah özü bilir, ağır, çətindir.
Nə qədər yüksəlsə insanın elmi,
Alim ola bilməz tanrımız kimi.
Yəqin İblisin də yaranmasında,
Ali bir amalı düşünüb xuda
Bəlkə də mübariz etməkçin sizi,
Xaliqim yaratmış, bəzzad İblisi.
Uzaq ol bu dərin düşüncələrdən,
Allah amanında getməliyəm mən.
Ömrünü, həyatını Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan bənzərsiz sənət əsərləri yaradan Novruz Gəncəlinin Ədəbiyyat sahəsindəki xidmətləri o dövürdə nəzərə alınaraq Ali Sovetin (11.09.1981)-ci ildə fəxri fərmanları və SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuşdur. Bu gün təssüf hissi ilə qeyd etmək lazımdır ki, sağlığında ona xalq şairi fəxri adı verilməyib. Ancaq Novruz Gəncəlinin yaradıcılığı bu fəxri ada layiq bir sənət nümunəsi olmuşdur.
O, milyonlarla oxucusunun qəlbində özünə əbədi bir xalq şairi adını qazandıra bilmişdir.
Şair dramaturq Novruz Gəncəli 1995-ci il oktyabrın 19-da Bakı şəhərində vəfat etmişdir. O, doğulduğu Maştağa qəsəbəsindəki Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. Oxucuları bu gün də şairi rəhmətlə anırlar.
Rəsulova Ədalət.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu bu dəfə oxucuların görüşünə yeni janrlı bir əsərlə gəlmişdir. Qələmini ədəbiyyatın müxtəlif ədəbi növlərində sınayan və həmişə uğur qazanan Rafiq Yusifoğlunun yeni kitabı “Xiffət” adlanır. Bu əsər şairin ilk romanıdır.
İlin əvvəlində oxucuların görüşünə qələbəmizin poetik salnaməsi sayılan sanballı “Zəfər dastanı” şeirlər kitabı ilə gələn Rafiq Yusifoğlunun ilk romanının da əsas mövzusu Qarabağ hadisələridir. Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Əsərin mərkəzində qoyulan əsas hadisə həyatdan qaynaqlansa da, müəllif onu öz sənətkar təxəyyülü ilə daha da zənginləşdirmiş, ümumiləşdirmiş, çətinliklərdən, ağrılardan, əzablardan keçən zəfər yolumuzun dolğun mənzərəsini ustalıqla yarada bilmişdir.
Müəllifin şairliyi və alimliyi romanın strukturuna, üslubuna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Belə ki, əsərdə tarixi faktlardan, görkəmli şair və yazıçıların, filosofların, siyasət adamlarının fikir və mülahizələrindən yeri gəldikcə istifadə olunmuşdur. Bu, hadisələrin mahiyyətini daha dərindən anlamağa, onun tarixi köklərini açmağa, bu günün hadisələrinin məhz haradan qaynaqlandığını göstərməyə yardımçı olmuşdur. Müəllifin hadisələri, tarixi faktları poetik dillə mənalandırma ustalığı əsərin məziyyətlərini qat-qat artıran bir vasitəyə çevrilmişdir.
“Xiffət” romanını oxuyanda Qarabağ hadislərinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin
müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələrin mənzərələri göz önündə canlanır. Qlobal məsələlərin, xalqın keşməkeşli ömür yolunun qəhrəmanların fərdi taleyi ilə vəhdətdə təsviri pomanın əsas məziyyətlərindən biri hesab oluna bilər.
Müəllif təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olunmuşdur.
Əsər boyu xiffət-nastalgiya əsas fikrin, müəllif qayəsini açılması üçün maraqlı, səciyyəvi bir bədii vasitəyə çevrilir. Qəhrəmanların ağrılı-əzablı ötən günləri xatırlamaları fonunda həm keçmiş hadisələr xatırlanır, həm də bu düşüncələr vasitəsi ilə obrazların hiss və həyəcanları təsvir olunur, onların xarakteri açılır. Keçmiş, indi və gələcəyin vəhdəti haqqında düşüncələr hadisələrin mahiyyətini daha dərindən anlamağa yardımçı olur.
ADPU nəşriyyatında nəfis şəkildə çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.
Ümid edirik ki, Rafiq Yusifoğlunun digər əsərləri kimi onun “Xiffət” romanını da oxucular maraqla qarşılayacaqlar.
“Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.
“Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun təsisçisi olduğu “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzeti ayda bir dəfə nəşr olunmaqla, ölkə ictimaiyyətinə hədiyyə olunur.
Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov artıq neçə on illərin məhsuldar araşdırmaları ilə təsdiq etmişdir ki, o, həmkarlarının çoxu üçün səciyyəvi sayıla biləcək məhdud bir sahənin tədqiqatçısı deyil. Və onun nəşr edilmiş kitablarının adları da bunu göstərir: “Fransız ədəbiyyatında Şərq” (1996), “İrəvan ziyalıları” (1999), “Şərq Volter yaradıcılığında” (2001), “Azərbaycan bayatıları Qafqaz regionunda” (2001), “Viktor Hüqo” (2001), “Altaydan-Altaya” (2002), “İllərin yol yoldaşı” (2004), “Hara gedir bu qatar?” (2006), “Orda, bir yurd var, uzaqda” (2006), “Fransız dili” (Ali məktəb üçün dərslik, 2010, şərikli), “İrəvan ziyalıları” (Bakı, 2011, ingilis dilində), “İrəvan məktəbləri” (2012), “Viktor Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi” (2012), “Hüqo” (Bakı, 2014), “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” (2016) və s. Adlarını çəkdiyimiz bu əsərlər ədəbiyyatşünas alimin yalnız respublikamızda nəşr olunmuş kitablarıdır.
Ə.Zeynalovun “Fransız ədəbiyyatında Şərq” kitabına verdiyi rəydə dünya şöhrətli fransız şərqşünası, Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitənin Prezidenti (Fransa-Paris) Jan Lui Bakke Qrammon vaxtilə yazmışdı: “Mən böyük maraqla cənab Əsgər Zeynalovun Bakıda azəri türkcəsində 1996-cı ildə nəşr olunmuş “Fransız ədəbiyyatında Şərq” əsərini oxudum. Lazımi şəraitin olmamasına baxmayaraq, heç vaxt Fransada olmayan fransızdilli bir müəllif belə dəyərli əsəri ərsəyə gətirə bilmişdir. 26 sentyabr, 1997-ci il”.
Fransanın ən nüfuzlu orqanlarından olan “LEst Republicain” qəzetinin 2007-ci il 11 avqust tarixli nömrəsində ədəbiyyatşünas alim haqqında məqalə dərc olunmuşdur. “Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində” adlanan məqalə, əslində, Ə.Zeynalovdan Fransada götürülmüş müsahibə əsasında hazırlanmışdır. Məqalənin başlığının altında müəllif Daniel Bordür izahat xarakterli bir cümlə vermişdi: “Bakıda XVII, XVIII və XIX əsrlər fransız ədəbiyyatını tədris edən Əsgər Zeynalov bir aylıq Bözansondadır”. Məqalədə deyilir ki, Ə.Zeynalov doktorluq dissertasiyasını Şərq ədəbiyyatının Volter yaradıcılığına təsirindən müdafiə etsə də, onun sevimli yazıçısı dahi Hüqodur”.
Məqalədə tədqiqatçı alim haqqında deyilir: “Hüqo haqqında kitabın müəllifi onun poeziyasını tərcümə etmiş, “Səfillər”in Azərbaycan versiyasının ön sözünü yazmışdır. 15-ə qədər kitabın, 250 məqalənin (indi 40-a qədər kitabın, 400-dən artıq məqalənin – N.C.) müəllifi olan professor Zeynalov öz ölkəsinin Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Onun fransız ədəbiyyatı ilə bağlı yazıları Moskvada və İranda nəşr olunmuşdur. O, Aleksandr Düma, Balzak, Jorj Sand, Qustav Flober, Gi de Mopassan yaradıcılığından söhbət edir, Ferney kəndində yaşamış Volterlə bağlı yumorlar danışır, ancaq həmişə Hüqonun üzərinə qayıdır, “Mən Bayronun, Hötenin, Şekspirin, yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünyada yalnız bir Hüqo var” deyir.
2014-cü il iyulun 24-də yenə də “LEst Republicain” qəzetində Ə.Zeynalov haqqında “Qoca Hüqo, bəşəri Hüqo” adlı yazı dərc olunmuşdur. Professor Çəmən Babaxanova hadisənin şahidi kimi “Azərbaycan alimi Fransa elmi və ədəbi-ictimai fikrində” adlı məqaləsində yazır ki, Əsgər müəllimdən, bəlkə də, 40 dəqiqədən artıq müsahibə götürülsə də, ancaq kiçik bir yazı verilmişdir. Səbəbi isə erməni lobbisinin canfəşanlığı olmuşdur.
Ədəbiyyatşünas alim haqqında 2013-cü il oktyabrın 6-da Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində geniş bir yazı təqdim olunmuşdur. Yazının müəllifi dünya şöhrətli hüqoşünas alim, eyni zamanda həmin cəmiyyətin prezidenti Arno Lasterdir. O, tədqiqatçı alim haqqında yazmışdı: “Azərbaycanın Universitet müəllimi Əsgər Zeynalov bizimlə ünsiyyət yartmışdır. Filologiya elmləri doktoru (doktorluğu Volter yaradıcılığı üzrədir), Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliyinin üzvü bir sıra kitab və məqalələrin müəllifidir. Onların bir çoxu Hüqoya həsr olunmuşdur”.
2011-ci ildə Ə.Zeynalovun Sankt-Peterburq şəhərinin “Branko” nəşriyyatında “İrəvan ziyalıları” kitabı işıq üzü gördü. Xüsusi vurğulamaq lazım gəlir ki, “İrəvan ziyalıları” kitabının Sankt-Peterburq nəşrinə dünya şöhrətli rus alimi Boris Anatolyeviç Starkovun tutarlı, son dərəcə cəsarətli ön sözü əsərin dəyər və əhəmiyyətini əsaslı surətdə təsdiq edir.
B.R.Starkov ön sözdə yazır: “İlk baxışdan müasir rus oxucusu heç də elə düşünməsin ki, kitab Ermənistanın tarixindən bəhs edir. O, İrəvan və tarixinin müəyyən dövrlərində əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif praktiki olaraq kitabın hər səhifəsində qeyd edir ki, İrəvan qədim dövrlərdən azərbaycanlıların şəhəridir.
O öz fikirlərini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsindən sitat gətirir ki, burada XIV əsrin sonlarından XIX əsrin sonlarına, hətta 1920-ci ilə qədər İrəvanın azərbaycanlıların şəhəri olduğu yazılmışdır”.
Tədqiqatçının 15 illik zəhmətinin bəhrəsi olan bu kitabla o, İrəvanda yetişmiş 180-200 illik ziyalı nəsilləri üzə çıxardı – İrəvanilər, Qazıyevlər, Muğanlinskilər, Mirbabayevlər, Topçubaşovlar, Erivanskilər və b.
Təkcə XX əsrdə bu şəhər Azərbaycan elminə, mədəniyyətinə akademiklər Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əhməd Rəcəbli, Faiq Bağırzadə, Hüseyn Həsənov, ictimai xadimlər Əziz Əliyev, Həsən Seyidov, Bağır Seyidzadə, bəstəkar Səid Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, rəssam Kamil Əliyev, şair Əhməd Cəmil, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidovu bəxş etmişdi.
2013-cü ildə Ə.Zeynalov “İrəvan ziyalıları” kitabını Moskvada nəşr etdirməyə nail oldu. Ön sözün müəllifi Rusiya Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor R.İvanov kitabda təqdim olunan məscidlərin, məhəllələrin, bağların adlarını sadalayaraq belə bir ritorik sualla müraciət edir: “Şərhə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəridir?”.
Ə.Zeynalov kitabın Moskva nəşrinə geniş ön söz yazdığına görə həmkarına minnətdarlığını bildirdikdə R.İvanov cavab məktubunda ona yazmışdır: “Əziz Əsgər! Siz təşəkkürsüz möhtəşəm kitab yazmısınız. Çox əhəmiyyətli kitabınıza görə sağ olun!”.
Ədəbiyyatşünas alim bir neçə il sonra “İrəvan ziyalıları” əsərini ABŞ-da ingilis dilində nəşr etdirməklə (2016) nə qədər vətənpərvər olduğunu, dünyaya göz açdığı torpağa nə qədər bağlı olduğunu bir daha təsdiq etdi. B.Starkov və R.İvanovun ön sözlərilə nəşr olunan bu sanballı əsər dünyanın bütün qitələrinə yayılmışdır.
Erməni lobbisinin dünyada tüğyan elədiyi bir vaxtda “İrəvan ziyalıları” kimi milli təəssübkeşliklə yazılmış bir kitabı xarici ölkələrdə nəşr etdirmək o qədər də asan deyildi. Araşdırıcı bu işi cəsarətlə həyata keçirmişdi.
Professor Ə.Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” monoqrafiyası öncə Fransada fransız dilində (2015), sonra isə Almaniyada ingilis dilində (2016) nəşr olundu. “Hüqo” monoqrafiyası ABŞ-da (2016), “Hüqonun Şərq baxışı” monoqrafiyası Londonda (2016), “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada , “Şərq Volter yaradıcılığında” (2017) irihəcmli monoqrafiyası isə Hindistanda, İsveçdə (2018) ingilis dilində işıq üzü görmüşdür. Xatırlatmaq istərdik ki, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqındakı ilk monoqrafiyalar bu məhsuldar alimin adı ilə bağlıdır.
Ə.Zeynalov Londonda nəşr etdirdiyi monoqrafiyada fransız qaynaqları əsasında sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmişdir. Tədqiqatçı fransız qaynağından əldə etdiyi bir faktı əsərdə belə təqdim edir: “Şairlərin ən parlağı” Hüqo müsəlman idi… Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi… Hüqo inam (cihad) yolunu təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur. Məhəmməd onun elçisidir. 1881-ci il sentyabr ayının 6-da onun (şübhəsiz ki, Tanrı nəzərdə tutulur – Ə.Z.) göndərdiyi elçi Şeyx İbrahim dö Telemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonun otağında) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə, Hüqonun yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.) gətirmişdi. O, bir müsəlman kimi dünyasını dəyişmişdi”.
Müəllif göstərir ki, Hüqo Məhəmməd peyğəmbər haqqında 156 misradan ibarət “Hicrinin 9 ili” poemasını, eləcə də islam dini ilə bağlı “Məhəmməd” və “Sidr” ağacı əsərlərini yazmışdı.
Nə qədər qəribə də olsa, 1902-ci ildə şairin anadan olmasının 100 illiyi tamam olarkən yuxarı dairələr bu əsərlərin bir əsr çap olunmaması barəsində əmr vermişdi.
Tədqiqatçı alimin əsərindən bəlli olur ki, Hüqonun vəfatının ertəsi günü – 1885-ci il may ayının 23-də fransız katolik partiyasının orqanı olan “Xaç” qəzeti yazmışdı: “Otuz ildən bəridir ki, o dəlidir”… Müəllifin fikrincə, otuz il əvvəl, təxminən “Hicrinin doqquz ili” poemasını yazdığı vaxta düşür. Və o da məlum olur ki, Hüqo ömrünün son vaxtlarında bir gündə dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “İhdinas – siratəl-müstəqim – Tanrı, bizə doğru yol göstər” kəlamını deyib ağlayırmış.
Ə.Zeynalov “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısını Londonda nəşr olunan “Hüqonun Şərq baxışı”, Kanadanın Viktoriya şəhərində çap edilmiş “Volter və Hüqonun Şərq baxışı” və İsveçin Malmö şəhərində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” (2018) kitablarında oxuculara təqdim etmişdir.
Və maraqlıdır ki, Bosniya-Hersoqovinalı alim, akademik Enes Kariç 2017-ci il iyulun 1-də nəşr etdirdiyi “Viktor Hüqo Məhəmməd peyğəmbər haqqında” məqaləsində bir neçə dəfə Azərbaycan aliminin Londonda nəşr olunmuş “Hüqonun Şərq baxışı” kitabındakı “Hüqo İslam dinini qəbul etmişdirmi?” yazısına istinad etmişdir.
Ə.Zeynalovun beynəlxalq konfrans, qurultay və tədbirlərdəki iştirak və çıxışlarını ayrıca qeyd etmək lazım gəlir. Onun Rusiyada, İranda, Türkiyədə və Serbiyada ondan artıq məqaləsi işıq üzü görmüşdür.
Professor Əsgər Zeynalov bu günlərdə özünün elmi araşdırmalarında keçən mənalı ömrünün yetmiş illiyini qeyd edir. Və göründüyü kimi, bu araşdırmalar dünya meridianlarında Azərbaycan elminə nüfuz, azərbaycançılıq məfkurəsinə hörmət gətirir.
Arxivimi töküb-töküşdürürdüm, təsadüfən sizə təqdim etdiyim bu əlyazmamı tapdım. “Kimin sualı var” adlı poemamdandı. Əsər birinci dəfə ayrıca kitab halında 1984-cü ildə 7 min tirajla “Gənclik” nəşriyyatında nəşr olunub. İkinci dəfə “SBS” mətbəəsində 7 cildliyimin ikinci cildində 5 yüz tirajla 2010-cu ildə çıxıb.
Nəşrlərin heç birində yoxdu. O vaxtkı senzura zamanı çıxarılmışdır. Əsər ulu öndərin hakimiyyəti illərində əzmlə yeritdiyi “Qoy ədalət zəfər çalsın!” siyasi-ictimai yaradıcılıq xəttinə həsr olunmuşdu.
Yeri gəlmişkən deyim ki, bu poema üstə Yazıçılar İttifaqının o vaxtkı rəhbərliyi mənim “yoldaşlıq” məhkəməmi də qurmuşdu. Mərhum ulu öndər işə qarışdı. Mən onda yazmışdım ki, Heydər Əliyev şairi-şairdən, yazıçını-yazıçıdan qoruyur. Həqiqət beləydi.
September 21, Fineko/abc.az. From the 6th to the 10th of October 2021, the 7th Baku International Book Fair will be hosted at Baku Expo Center.
The purpose of this fair is to promote and popularize books and reading habit, while familiarizing visitors with the print media of both Azerbaijani and foreign publishers. The fair’s aim is to support the publishing business and to connect publishers and bookstores for potential co-operation. This Book Fair aims at ensuring an exchange of experience and views on the development of the book business in the digital era.
Baku International Book Fair 2021 will be dedicated to the 880th anniversary of a great Azerbaijani poet and philosopher Nizami Ganjavi, a prominent figure in world literature
Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərimizi azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü və igidlərimizin şücaətini gördü.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
Bildirib ki, ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə düşmənə böyük zərbə vuruldu. Şanlı Azərbaycan Ordusu düşmənin müdafiə xəttini qətiyyətlə yararaq bütün cəbhəboyu uğurla irəlilədi və ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut etdi. Vətən nisgili, işğal altında olan torpaqlarımızın ağrısı bitdi və biz qalib xalq kimi tarix yazdıq.
Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor deyib: “Qarabağ musiqimizin beşiyidir. Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Şuşanın dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu Zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa şəhərinin təbii coğrafi relyefi ağır olduğundan qəhrəman hərbçilərimiz böyük mətanətlə sıldırım qayaları aşaraq düşmən üzərində misli görünməmiş hünər göstərdilər. Şuşanı ziyarət edən hər kəs igidlərimizin keçdikləri keçilməz yolları, vətən eşqi ilə əzmkarlıq göstərərək dırmaşdıqları sıldırım qayaları heyrətlə seyr edir. Azərbaycan övladlarının bu çətin sınaqdan alnıaçıq, üzüağ çıxması yalnız onların mətanəti, döyüş əzmi, Vətənə olan məhəbbəti sayəsində mümkün olub”.
M.Qasımlının sözlərinə görə, Azərbaycan cəmiyyəti, gəncliyi üçün yeni həyat, yeni tarix başlayıb. “Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi… Bir daha xalqımızı bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu Qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.
Borçalı aşıq mühitinin yetirməsi, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Aşıq Kamandar Əfəndiyevə həsr olunmuş növbəti kitab işıq üzü görüb. Tbilisidə işıq üzü görmüş kitab “Sənətin Kamandar zirvəsi” adlanır.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Borçalıda yaşayıb fəaliyyət göstərən folklorşünas alim, professor Mahmud Kamaloğlu, redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi professor Şurəddin Məmmədli, məsləhətçisi isə ustad aşığın oğlu Əflatun Kamandardır.
Kitabda Aşıq Kamandar haqqında, eyni zamanda, gürcü dilində də geniş məlumatlar yer alıb ki, bu da gürcü ictimaiyyətinin sənətkarın həyat və yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradır.
Xatırladaq ki, Aşıq Kamandar (Kamandar Həmid oğlu Əfəndiyev) 1932-ci il oktyabrın 21-də Borçalıda anadan olub. XX əsrin ikinci yarısından bənzərsiz ifası və dastan söyləmək bacarığı ilə Azərbaycan aşıq sənətində özünəməxsus yer tutub, təkcə Gürcüstanda və Azərbaycanda deyil, eyni zamanda, Türkiyə, İran və Orta Asiyada da məşhur olub. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Azərbaycanda, xüsusilə də Təbriz və onun ətraf bölgələrində sənətə gələn gənclərin çoxu Aşıq Kamandar yolunu davam etdirir.
Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün mükafatçısı olan, 1963 və 1984-cü illərdə Azərbaycan aşıqlarının III və IV qurultaylarında iştirak edib, Əməkdar mədəniyyət işçisi (1984) fəxri adına layiq görülüb.
Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub. Yazıçının sayca dördüncü romanının tərcüməçisi Azər Mustafazadə, redaktoru və ön sözünün müəllifi Etimad Başkeçiddir. O, ön sözdə romanı belə xarakterizə edir:
“Sirlərin sərgüzəşti”ni oxuyanda adama elə gəlir ki, ümumiləşdirilə bilməyən qəribə bir proses dünyaya hakimdir: klassik ümumiləşdirmə və təhlil metodları burada az işə yarayır. Buna baxmayaraq, müəyyən universal yanaşmalar var ki, onları diqqətə almamaq çətindir. Bunlardan birində deyilir ki, gözəl üslub müəllif əməyinin, çəkilən zəhmətin izlərini özündə saxlamamalıdır. Doğrudan da metaprozanın, demək olar, bütün elementlərini özündə ehtiva edən «Sirlərin sərgüzəşti» romanı elə bir ekzistensial təcrübənin ifadəsidir ki, oxucuda zərrə qədər də şübhə doğurmur. Bundan başqa, oxucu burada yaradıcı oyunun bilavasitə iştirakçısına çevrilir ki, bu da təsvir olunan bütün prosesin dinamikasına xüsusi anlam verir, onun spontan, canlı xarakterini üzə çıxarır. Burada hər bir personaj, oxucunun özü də daxil olmaqla, sonu sirrin xarkteri ilə müəyyənləşən hadisələr burulğanının içinə düşür. Burada bütün universumun əvəzolunmaz faktoru olan sirrdən söhbət gedir”.
Roman “Azərnəşr”də işıq üzü görüb.
“Sirlərin sərgüzəşti” müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, çoxsaylı ədəbiyyatşünaslıq əsərlərinin ortaya çıxması, həm də bütün bu işlərin Qərb, Avropa, türk və rus ədəbi-nəzəri fikri ilə müqayisədə reallaşması prosesinə start verilmişdi. Əvvəla, bunun üçün münbit zəmin var idi. Çünki sovet quruculuğu marksizm-leninizm ideologiyasına söykənirdi. Bu ideologiyanın təməl prinsiplərindən biri klassik irsə əsaslanmaq idi ki, bu da Sovetlər Birliyinə daxil olmuş respublikalarda yaşayan xalqların qarşısına klassik irsin toplanması və tədqiqi kimi bir tələb qoyurdu. Onun yerinə yetirilməsi prosesi rus elmi-nəzəri fikri və onun vasitəçiliyi ilə Avropa, Qərb ədəbi-nəzəri fikrinin qarşılıqlı təmasında baş verirdi. Digər tərəfdən, Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaların müəllifi olan türk alimləri Fuad Köprülüzadə və İsmayıl Hikmətin yaradıcılığının mövcud nəticələri, həmçinin Türkiyədə təhsil alaraq geri qayıtmış Əmin Abid, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və başqa alimlərimizin elmi-nəzəri fəaliyyəti ədəbiyyatşünaslığımıza məhz türk elmi-nəzəri fikri vasitəsilə maraqlı müddəaların, konsepsiyaların yol tapmasına və bu istiqamətdə qarşılıqlı təmasa şərait yaradırdı ki, elmi-nəzəri informasiya mübadiləsi öz bəhrəsini verməkdə idi.
Ötən əsrin əvvəllərindən başlayaraq bir çox tədqiqatçılar – Əmin Abid, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Nazim, Mir Cəlal Paşayev və b. klassik irsin öyrənilməsi məqsədilə bir neçə istiqamətdə paralel fəaliyyət göstərməli olurdular. Onlar bir tərəfdən klassik irsi toplayır, dərc etdirir, mətnşünaslıqla məşğul olur, digər tərəfdən isə ədəbiyyat tarixinin yazılması, dövrləşdirilməsi, mənşəyinin dəqiqləşdirilməsi, müxtəlif ədəbiyyat konsepsiyalarının hazırlanması, fərqli elmi-nəzəri problemlərin tədqiqi ilə bağlı əhəmiyyətli işlər görürdülər. Yazılı Azərbaycan ədəbiyyatının mənşəyi, ədəbi-tarixi prosesin mərhələ təsnifi və klassik bədii irsə münasibət kimi üç əsas məsələ ətrafında tədqiqatlar aparan ədəbiyyatşünasların əməyinin nəticəsi idi ki, XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan ədəbiyyatı tarixinin və bununla bağlı olaraq ədəbiyyatşünaslığının bir elm kimi inkişaf və tərəqqi prosesi başladı. Ədəbiyyat tariximiz heç bir mərhələdə olmadığı kimi, bu illərdə böyük inkişaf yolu keçdi. Hətta o dövrdə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin, sinfilik nəzəriyyəsinin, proletkultçuluğun bütün ədəbi mətnlərə tətbiqinin ümumən ədəbiyyata vurduğu ziyanlar belə, inkişaf prosesinin dəyərini və əhəmiyyətini azalda bilməz. Bu missiya indi daha aydın, XXI əsrin yeni mərhələyə adlamış humanitar düşüncə sferasının aynasında bütün tərkib və parametrləri ilə görünür.
***
Mir Cəlal Paşayev Azərbaycan klassik irsinin öyrənilməsi və dəyərləndirilməsi, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir və b. ədəbiyyat nümayəndələrimizin yaradıcılığının tədqiq edilməsi, ədəbiyyat tarixində yerlərinin və rollarının müəyyənləşdirilməsi sahəsində mühüm elmi nəticələrə imza atmış alimlərimizdən biridir. Onun Azərbaycan mətnşünaslığının inkişafında gördüyü işlər, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etməsi, həmçinin füzulişünaslığın bir elmi sahə kimi yaranmasında və inkişafında oynadığı rol böyükdür və bu sahənin bütün tədqiqatçıları tərəfindən xüsusi dəyərləndirilir. Xüsusilə, “Füzulinin poetik xüsusiyyətləri” (1940) monoqrafiyası füzulişünaslıqda ilk addımlardan biri kimi elmi əhəmiyyət kəsb edir. Bir sıra əhəmiyyətli və fundamental problemlərin qaldırıldığı bu monoqrafiyada Mir Cəlal Füzuli yaradıcılığındakı məhəbbətin xarakteri, sözə, sənətə verilən dəyər, onun fəlsəfəsi, bədii dili, xalq dilindən yararlanması, əsərlərində istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinin orijinallığı, poetikasının özəllikləri, vəzni, qafiyə sistemi, rədifləri, klassik Şərq şeri üçün aktual olmayan daxili qafiyələnmədən istifadə edilməsi və s. xüsusiyyətləri dəqiq müəyyən edir, mübahisəli məqamlara aydınlıq gətirməyə çalışır, bu xüsusda mövcud olan iddiaları təhlil və mübahisə müstəvisinə çəkir. Füzulini “yalnız öz əsrinin deyil, bəşəriyyətin renessans dövrünün böyük oğlu” adlandıran Mir Cəlal şairin yaradıcılığının məziyyətlərini təhlil etməyin bir elmi nəslin işi olduğunu söyləməklə, həm apardığı tədqiqatın ağırlığını, həm də ona nə qədər əhəmiyyət verdiyini göstərmiş olur.
XX əsrin ədəbiyyatı, onun tarixi, elmi-nəzəri təhlili, poetik xüsusiyyətlərinin dəyərləndirilməsi Mir Cəlalın irsində əhəmiyyətli yer tutur. Onun Firidun Hüseynovla birlikdə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi elmi əhəmiyyətini çağımızadək qoruyan nəşrlərdən biridir. Həmçinin “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Klassiklər və müasirlər”, “Cəlil Məmmədquluzadənin realizmi” kitablarında da Mir Cəlal istər XX əsrin bir dövr kimi dəyərləndirilməsi, istərsə də o dövrün mədəniyyəti, mətbuat tarixi, musiqi və incəsənəti ilə bağlı çox əhəmiyyətli qənaətlər söyləmiş, bu gün belə öz elmi dəyərini itirməyən nəticələr çıxarmışdır. O da qeyd olunmalıdır ki, bu fikirlər Mir Cəlalın bir ədəbiyyat tarixçisi kimi yerini və qiymətini vermək üçün böyük anlam ifadə edir.
XX əsrin əvvəlləri, xüsusilə otuzuncu illərə qədər olan mərhələsi Mir Cəlalın yaradıcılığında daha geniş formada təhlil edilib. Məlum olduğu kimi, əsrin əvvəllərində ədəbi proses müxtəlifliyi və ziddiyyətləri ilə fərqlənirdi. Milli dövlət quruculuğu, ədəbiyyatda milli ideologiyanın təbliği məsələləri öz yerini tam tuta bilməmiş dövlət çevrilişi baş verdi və yenicə qurulmuş sovet dövləti yeni inkişaf istiqamətləri axtarmağa başlayaraq bu axtarış prosesi və onun nəticələrinin ilk növbədə mədəniyyətdə və ədəbiyyatda təsvir olunmasını günün tələbinə çevirdi. Sovet hakimiyyətinin qələbəsinə, yəni ölkədə siyasi basqıya qədər Azərbaycan ədəbiyyatı öz qanunauyğun inkişaf prosesini, təbii dəyişiklik dövrünü yaşayırdı. Lakin akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, “sovet ideologiyası Azərbaycan ədəbiyyatının tarixən qazandığı xüsusiyyətlərin normal şəkildə idrakına imkan vermədi – 20-ci illərin sonu 30-cu illərin əvvəllərindən etibarən sovet ədəbiyyatında “proletar mövqeyi” daha aqressiv bir şəkildə gözlənilməyə başlandı…”
Bu illərdə yeni ədəbiyyat tipinin formalaşması az qala siyasi tələb səviyyəsində qoyulurdu. Ədəbiyyatdan mövzu baxımından “müasir insan”, “sovet vətəndaşının həyatı”, qurulan “yeni cəmiyyət”lə bağlı əsərlər tələb olunurdusa, digər tərəfdən Şərq və Qərb janr formaları çulğalaşması, yaradıcılıq metodlarının formalaşması, daxili mübarizəsi gedir, ədəbiyyata yeni formalar gətirilir, qarşıya yeni nəzəri tələblər qoyulurdu. Elmi-nəzəri irsi araşdırdıqda müəyyən etmək olur ki, XX əsr ədəbiyyatının dəyərləndirilməsi Mir Cəlalın yaradıcılığında bir neçə istiqamətdə reallaşdırılır: Bu istiqamətlər hansılardır?
– Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi məktəblər və onların formalaşması prosesinin izlənilməsi, həmçinin nümayəndələrinin yaradıcılıqları istiqamətində təhlil edib;
– Mir Cəlal XX əsr ədəbiyyatını metodoloji istiqamətdə təhlilə cəlb edib, realizm və romantizm yaradıcılıq metodları və onların tipləri əsas təhlil obyekti olub;
– Mir Cəlal XX əsr ədəbiyyatını onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığı əsasında araşdırıb;
– Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi janrların təkamülü əsasında təhlil edib (məsələn, hekayə janrı);
– Mir Cəlal XX əsr ədəbiyyatını klassik irslə müqayisədə təhlil edib.
Bütün bu istiqamətlərdə XX əsr ədəbiyyatı haqqında fikir yürütmək, onu təhlil etmək üçün çox ətraflı elmi-nəzəri biliyə, məlumata, erudisiyaya, obyektiv təhlil bacarığına, həmçinin də düşüncə genişliyinə malik olmaq lazım idi. Elmi-nəzəri təhlillərin səviyyəsi, XX əsrin əvvəllərindən başlayaraq tam bir şəkildə – mədəniyyət, siyasət, ictimai həyat, teatr, musiqi və mətbuat həyatı da daxil olmaqla mühiti təsvir etməsi, qənaətlərinin dəqiqliyi və konkretliyi göstərir ki, Mir Cəlalda bütün bu xüsusiyyətlər var idi.
XX əsrin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini, ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diqqətdən kənar qoymuş olsun. “Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli kimi ədiblər səhnənin tələblərini ödəməyi vətəndaş borcu bilir, müstəsna bir ciddi-cəhd ilə yeni-yeni əsərlər yazırdılar. “Hacı Qara”, “Müsibəti-Fəxrəddin”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Ölülər”, “Arşın mal alan”, “Məşədi İbad” teatrların repertuarından düşməyən əsərlər idi”, – yazan alimin kitablarında verdiyi bu tarixi əhəmiyyətli faktların sadalanması belə yetir ki, XX əsrin ədəbiyyat tariximizdə nə qədər əhəmiyyətli bir dövr kimi meydana çıxdığı müəyyənləşsin.
Qeyd etməliyik ki, Mir Cəlalın elmi-nəzəri irsində XX əsrin nəsri iki mərhələdə – 30-cu illərə qədər və 30-cu illərdən sonrakı mərhələdə tədqiq edilibdir. Bu iki mərhələdən birincisinin elmi-nəzəri sanbalı, əhatə genişliyi, əldə edilmiş elmi nəticələrin obyektivliyi və elmi dəyəri daha çoxdur. İlk növbədə o səbəbdən ki, 30-cu illərə qədər yaranan nəsr nümunələri həm siyasi basqıdan, həm “ideoloji məcburiyyət” ağırlığından qismən azad idilər. Bu mərhələyə qədər yaranan nəsr öz qanunauyğun formalaşma prosesini keçirdi. İkinci mərhələdə – 30-cu illərdən sonra isə artıq “xəlqilik”, “partiyalılıq” kimi tələblər ədəbiyyatı da, ədəbi düşüncəni də tam şəkildə öz “hökmü altına” almışdı. Xalq içərisindən çıxan müsbət qəhrəmanlar, “yeni dünya quruculuğu”, “gözəl gələcək” planları, fəhlə və kəndli sinfinin həyat tərzi, mübarizəsi, idealları, düşmən sinif arayışları və s. ədəbiyyatın və yazıçının qarşına tələb kimi qoyulmuşdu. Mir Cəlal və onun kimi bir sıra tədqiqatçılar üçün bu cür tələblər əsasında yazılan nümunələrin şərh edilməsi “söz demək imkanını” məhdudlaşdırırdı.
Bu baxımdan, ümumilikdə Azərbaycan nəsri və onun poetik axtarışlarından danışarkən Mir Cəlalın elmi-nəzəri yaradıcılığında 30-cu illərə qədər yaranmış nümunələr, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq, S.S.Axundov kimi yazıçıların irsi və bu irsin əsasında nəsrin meydana çıxan poetik xüsusiyyətləri daha obyektiv şəkildə təhlilə çəkilir. O, “Mirzə Cəlil qısa, mənalı, psixoloji hekayənin böyük ustasıdır”, – yazanda da, “Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, yığcamlıq vardır ki, bütün klassik nəsrimizdə davam və inkişaf etdirilməkdədir. Bu hekayələr bəzən böyük bir roman qədər mənalı, əhatəedici və güclüdür” – qənaətinə gələndə də, Mirzə Cəlilin bədii təsvirdə hadisə, fakt və insanları müqayisə üsulundan istifadə etməyini çox sevdiyini yazaraq “kontraslı lövhələr realizm üçün çox məqbul, münasib üsuldur. Rənglər, səslər, münasibət və görüşlər öz-özündən aşkara çıxır, aydınlaşır. …Bu yaradıcılıq üsulundan ədib bütün janrlarda (dram, nəsr, felyeton) istifadə etmişdir” – qənaətini səsləndirəndə də tək “Molla Nəsrəddin” məktəbinin yaradıcısının deyil, ümumilikdə nəsrimizin poetik axtarışlarını təhlilə çəkir, problemə məhz bir yaradıcılığın sferasından yanaşaraq ümumiləşdirmələr aparırdı.
Yaxud Mir Cəlal “Böyük ədib” məqaləsində Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” kimi əsərlərini təhlil edərək, onları “istər mövzu, istər məqsəd və məfkurəvi istiqamət etibarilə bir-birinə bağlı, bir-birini tamamlayan, sənətkarın inkişafını təmin edən əsərlər” adlandırır, ədibin əsas üslubunun tənqidi realizm olduğunu vurğulayır və bu əsərlərin təhlili ilə yazıçının yaradıcılığında bədii-fəlsəfi düşüncənin, nəzəri-estetik qənaətin, siyasi-məfkurəvi yanaşmanın hərəkət trayektoriyasının əsas istiqamətlərini müəyyən edirdi.
Mir Cəlalın ədəbi fakta, ədəbi prosesə yanaşmasında çılğın və emosional siyasi dəyərləndirmə demək olar ki, müşahidə olunmur. Məsələn, o, Sabir haqqında yazırdı: “Bəzən tədqiqatçılar böyük şairin fəhlə həyatından müstəqim şəkildə yazmamasını guya onun “məhdudluğu”, guya “inqilabi demokratlar səviyyəsinə qalxa bilməməsi” kimi izah etmək istəyirlər. Tamamilə əsassız olan, vulqar sosiologiya cəbhəsindən gələn belə iddianın Sabir yaradıcılığına və eləcə də ədəbiyyat tariximizə yanlış və qeyri-elmi bir münasibətin nəticəsi olduğunu söyləməyə ehtiyac yoxdur”.
Böyük alimin ədəbiyyatımızın bütün klassik şair və yazıçıları haqqında səsləndirdiyi fikirlər ədəbi irsə sevgi və peşəkarlıqla yanaşmağın örnək nümunəsidir. Bu yanaşmada dürüst nəzəri-metodoloji prinsip, ədəbi-elmi qiymət, hər zaman nüfuzunu qoruyacaq dəyərlər sistemi ehtiva olunub: “Klassik ədəbiyyatın gücü ənənələrin düzgün inkişaf etdirilməsindədir. Füzuli nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Vaqifi yaradırdı. Vaqif nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Sabirin meydana gəlməsinə imkan açırdı. Bu ənənələr nə qədər canlanıb inkişaf edərsə, bizim ədəbiyyatımız da o qədər güclü olacaqdır”.
Professor Şirindil Alışanlı doğru qeyd edir ki, “Mir Cəlal müəllimin hər bir klassik haqqında dediyi elmi aforizmin müasir mənası haqqında tədqiqatlar yazmaq olar və yazılacaq da”. Burdan yola çıxaraq qeyd edək ki, Mir Cəlalın elmi yaradıcılığı özünün fərqli istiqamətləri – klassik irsin tədqiqi, müxtəlif elmi-nəzəri problemlərin araşdırılması, klassiklərin yaradıcılığının dəyərləndirilməsi ilə müasir ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevriləcəyi zamanı gözləyir. Klassik Şərq poeziyasını və poetikasını dərindən bilən, klassik ədəbiyyatın bütün mərhələlərindən xəbərdar olan alimin monoqrafiya və elmi məqalələrində əldə etdiyi elmi qənaətlər bu gün belə öz aktuallığını itirməyib və ədəbiyyatşünaslıq tariximiz üçün əhəmiyyətini qorumaqdadır. Xüsusilə, nəzərə alınsa ki, o üç cildlik Azərbaycan ədəbiyyat tarixinin hazırlanmasında yaxından iştirak edib, kitabdakı bir sıra məqalələrin, “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kimi dərsliklərin həmmüəllifidir, bu elmi-nəzəri irsin öyrənilməsinin əhəmiyyəti daha önəmli səciyyə daşıyar. Bu səbəbdən də onun klassik irslə bağlı fəaliyyətinin, yaradıcılıq metodu, realizm və romantizm haqqında fikirlərinin, Nizami, Füzuli, C.Məmmədquluzadə, M.F.Axundzadə, Ə.Haqverdiyev və b. klassiklərin yaradıcılığı haqqında elmi-nəzəri qənaətlərinin tədqiqinə ehityac vardır.
Azərbaycan poeziyası özünün müxtəlif nəsillərdən olan nümayəndələrinin yaradıcılığı timsalında istər müstəqil Azərbaycan ərazisinin beşdən birinin keçən əsrin doxsanıncı illərinin əvvəllərində namərdcəsinə qəsb olunub əhalisinin qurbanlar verərək qaçqın-köçkün düşməsini, istər uzun illər ərzində xalqın keçirdiyi ağır iqtisadi, mənəvi-psixoloji sarsıntılarla yanaşı, göstərdiyi ardıcıl siyasi-ideoloji mübarizə əzmini, istərsə də dövlət başçımız İlham Əliyevin Ali Baş Komandanlığı ilə yenidən qurulan ordumuzun kifayət qədər qısa bir müddətdə ölkəmizin ərazi bütövlüyünü uğurla təmin etməsini nəinki ilbəil, bəlkə də, günbəgün, saatbasaat bütün təfsilatı (əgər belə demək mümkünsə, dastan təfərrüatı!) ilə əks etdirmişdir. Bu möhtəşəm dastanın (Zəfər Eposunun!) ərsəyə gəlməsində görkəmli hərbçi-şairimiz Ramiz Duyğunun xidmətləri ona görə müstəsnadır ki, o nə qədər istedadlı qələm sahibi olsa da, ilk növbədə, Azərbaycan əsgərinin əhval-ruhiyyəsini ifadə etməyə çalışmış, ən böhranlı anlarda da qələbəyə inamını itirməmiş, sözünü şair olduğu qədər də hərbçi-əsgər kimi demişdir. Və odur ki, Ramiz Duyğunun bu günlərdə çapdan çıxmış “Qalibiyyət dastanı” kitabı XX əsrin sonu, XXI əsrin əvvəllərində istəmədən cəlb edildiyimiz qanlı münaqişə- müharibələrdə yaşamağa məhkum olunduğumuz çoxspektrli (və heç zaman unudulmayıb tariximizin yaddaşında əbədi qalacaq!) həyəcanlarımızın ən obyektiv, ən səmimi izharlarından biridir.
Mən “Qalibiyyət dastanı”ndakı şeirlərin, poemaların məzmun-mündərəcəsinə varmazdan əvvəl onlardan bir neçəsinin sadəcə adlarını sadalamaq istəyirəm: Şuşa çağırır… Ürəyimdə Şuşa ağlar… Sənə and içirik, Şuşa qalası… Yaramı tez sarı… Oxuma “Qarabağ şikəstəsi”ni… Vətənin uğrunda ölməyə nə var… Qılıncımı qoymamışam qına mən… Biz o günü görəcəyik… Özünə arxalan, özünə güvən… Başını dik saxla… Qana qan… Bu torpaqda “xaç” bitməz… Qarabağ Azərbaycandır… Qaldır şəhid tabutunu… Oxuyaq “Qarabağ şikəstəsi”ni… “Kitabın içindəkilər”dən aldığım bu adların özləri də bütöv bir şeirin misraları kimi səslənir… Hər şeydən əvvəl ona görə ki, “Qalibiyyət dastanı”na daxil edilmiş əsər- yaşantılar hər nə qədər ilhamlı, vətənpərvər olsa da, yalnız bir qələm əhlinin deyil, bütöv bir xalqın oyanmış ruhunun tərcümanıdır. Və burada gəlişigözəllik, pərakəndəlik, hərdəmxəyallıq ola bilməz.
Ramiz Duyğun ərazi bütövlüyü uğrunda apardığımız mübarizənin tarixini həm də təcrübəli siyasətçi-publisist kimi təqdim edir ki, kitabın dörd bölməsinin hər birində həmin peşəkarlıq özünü aydın göstərməkdədir.
Birinci bölmə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki “yuxulu” uğursuzluqlarımızdan, onların doğurduğu faciələrdən və nəhayət, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Qarabağ uğrunda mübarizənin yeni mərhələyə keçməsindən bəhs edir. Və ümumən poeziyamıza xas olan bir məqam, tamamilə təbiidir ki, “Qalibiyyət dastanı” üçün də səciyyəvidir: baş qəhrəman Şuşadır!..
Düşmən təcavüzünə məruz qalmış Şuşanın birinci şeirini Ramiz Duyğun 1992-ci ildə yazmışdır:
Bu torpaq üstə gəzən! Nədir sənin soyadın?
Şuşayla tən durmasın, yerə girsin qoy adın.
Babəkimi oyadın, Qazan xanı oyadın,
Koroğlunu oyadın –
Şuşa məni çağırır, Şuşa səni çağırır.
Kişi öz torpağında yağıya baş əyərmi?
Görmürsənmi, korsanmı?
Daşın, qayan da mərmi!
Hayqır, Azərbaycanım!
Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?
Şuşa məni çağırır, Şuşa səni çağırır.
Şuşa gedib… Dünyada qan, qırğın, tufan olub,
Ancaq ki, nə məhkəmə, nə də ki, divan olub.
Şuşa əli yaylıqlı… Xanım Natəvan olub…
Şuşa səni çağırır, Şuşa məni çağırır.
Bu da 2020-ci ilin noyabr ayının 8-də yazılmış “Şuşam mənim” şeirindən misralar… O misralar ki, həmin qələbə günündən sonra bu və ya digər şəkildə hər bir Azərbaycan vətəndaşının qəlbindəki duyğuları ifadə edir…
Başına, daşına biz dörd
Dolana-dolana gəldik.
Qanı axan ürəyimiz,
Əlimizdə xonça kimi,
Odlana-odlana gəldik.
Qaya-qayam, daş-daşım mənim,
Şuşam mənim, Şuşam mənim.
Uğurlu qəzan mübarək!
Yağıya cəzan mübarək!
Gövhər ağa məscidindən
Ucalan əzan mübarək!
Ay-ulduzlu paşam mənim!
Şuşam mənim,
Şuşam mənim!
Yetişdi vüsalın dəmi,
Soyun əynindəki qəmi.
Göy üzündə üzən gəmi,
Göylərlə baş-başam mənim!
Şuşam mənim, Şuşam mənim.
Qarabağ xanlığının (Azərbaycan İntibahının milli dövlətçilik obrazının!) paytaxtı olan Şuşanın bizim zəmanəmizdə belə bir status qazanması təsadüfi deyil. Heç ola bilməz ki, biz də ermənilər kimi Şuşaya istirahət, əyləncə yeri kimi baxaq. Və o da heç ola bilməzdi ki, ermənilər əlləri Bakıdan, Gəncədən üzüləndən sonra Şuşaya bu qədər yapışsınlar…
“Qalibiyyət dastanı”nın müəllifi erməni məkri, bu məkrin yüz illər boyu bizim xalqımıza yaşatdığı əzablarla bağlı nə qədər qəzəblə söhbət açsa da, bu qəzəb öz şəxsi mənafeyini güdən “daxili düşmənlər”ə münasibətdə daha amansızdır ki, belə bir münasibətin yaxın tariximizin hansı məsum gerçəkliklərindən qaynaqlandığını xatırlamaq çətin deyil:
Qolları qandallı gəldin,
Bu torpaq səni götürməz.
Dar alnı xaç nallı gəldin,
Bu torpaq səni götürməz.
Satdın dağımı, daşımı,
Göz üstündəki qaşımı –
Zirvələrdə xan Şuşamı…
Bu torpaq səni götürməz.
Qan nuş etdin… qəşş elədin,
Xalqı diri nəş… elədin.
Laçınlar yurdu Laçını
daşnaka peşkəş elədin –
Bu torpaq səni götürməz.
“Qalibiyyət dastanı”nın mövzusu nə qədər zəngindirsə, ona həsr olunmuş dastanın müəllifi də bu mövzunun dərki üçün o qədər zəngin material verməyə, vətənpərvər bir şair-hərbçi ürəyinə sığışacaq qədər zəngin hisslərini, duyğularını ifadə etməyə çalışmışdır.
Bilmirəm nə dərəcədə haqlıyam, ancaq mənə elə gəldi ki, “Qalibiyyət dastanı” Ramiz Duyğunun, Sabir Rüstəmxanlının sözü olmasın, ömür kitabıdır… Bu kitabda düşmən üzərində nəhayət ki, qalib gəlmiş bir hərbçi, bir publisist və bir şairin hissiyyatları elə bir rezonans yaradır ki, nəticədə o, tərəddüd etmədən özü-özünə (və mənsub olduğu xalqa) raport verir:
“Xoşbəxtəm ki, mən “Qalibiyyət dastanı” adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm”.
Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.
Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər… Bəzən hətta həmişəkindən tez isladırdı.
Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini – pampersini dəyişsin.
O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə… Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan – anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.
Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: “Ata…”. Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da… Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.
Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə – hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. “Ana”dan dərhal sonra öyrəndiyi ilk söz olan “ata” sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.
Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır…
Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.
Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi – başqasının malına kəm baxmamaq!
Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona “ana” deyir. Başa düşə bilmirdi ki, bir evdə iki “ana” necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə “Nənə gəldi!” deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı “ana” deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə “nənə” deməyə cəhd edirdi.
Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də – körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.
…Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki… Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi. buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.
O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.
Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.
– Oradakıların hamısı ölüb! – tanımadığı bir səs qışqırdı. – Qonşu otaqda heç kim yoxdur.
Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı “qədər” və “sonra” adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə “qədər”də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı…
AzərTACın məlumatı: – Dünən gecə Gəncə şəhəri atəşə tutulub. Dinc əhali arasında xeyli ölən və yaralanan var…
Məşhur videooyun personajı “Super Mario” haqqında animasiya filmi çəkilir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın elektronika və videooyun şirkəti “Nintendo” tərəfindən yaradılmış oyun personajı barəsindəki film, 2022-ci ilin dekabrında Şimali Amerikada nümayiş olunduqdan sonra ABŞ-da “Universal Pictures” ilə birlikdə dünya bazarlarına çıxarılacaq.
“Super Mario”nu “Guardians of the Galaxy” filminin baş rol ifaçısı olan məşhur amerikalı aktyor Kris Pratt səsləndirəcək.
Qeyd edək ki, Mario “Göbələk krallığı”nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir. Mario Bouzeri məğlub edərək, şahzadə Piçi və krallığı xilas edir. Marionun qardaşı da var. Onun adı Luicidir. Nə Mario, nə də Luicinin soyadı yoxdur.
Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.
Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
“Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs bəyanatı ilə başa çatdı. Hərbi ekspertlər hələ də Şuşada gedən döyüşlərdən və bizim igidlərin qəhrəmanlığından danışırlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib.
“Dəmir yumruq” əməliyyatı tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsinə çevrildi. İndi zəfərimiz, qələbəmiz haqqında kitablar yazılır, filmlər çəkilir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və məğlubedilməz ordu strategiyası oldu.
Düşmən işğalda olan torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən qısa müddətdə azad edilməsini həzm edə bilmirdi. Təbii ki, onlar vandalizm siyasətini 90-cı illərdə olduğu kimi bu dəfə də nümayiş etdirdi. Belə ki, bütün dünya faşist xislətli ermənilərin Gəncə və Bərdə şəhərlərini tez-tez raket atəşinə tutmasının şahidi oldu. Dinc əhali arasında həlak olanlar vardı. Gəncədə bir ailənin bütün üzvləri məhv edildi. Separatçılar öz güclərini müharibə meydanında deyil, dinc əhali üzərində tətbiq etdi. Öz qorxaqlıqlarını bir daha sübuta yetirdilər.
Əfsuslan olsun ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan xalqı Vətən müharibəsində 3 minə yaxın şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz baş ucalığımız, qazilərimiz isə fəxrimizdi”, – deyə Ç.Abdullayev bildirib.
Torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın bir müddətdə işğalçıların tapdağı altında qaldığını deyən yazıçı bildirib ki, bu müddət ərzində ermənilər bir sıra tarixi abidələrəmizi dağıtmışdır. Həmçinin, işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban kilsələrini dünyaya erməni abidəsi kimi təqdim ediblər. Kəlbəcər rayonunda yerləşən bir çox qızıl yataqlarını vəhşicəsinə talan ediblər. Bu gün dünya ictimaiyyəti işğaldan azad edilmiş torpaqlarımızda erməni separatçı rejiminin məktəblərimizi, evlərimizi, binalarımızı, xəstəxanalarımızı, hətta məscidlərimizi və qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdıqlarının şahidi olur.
Qarabağın sürətlə bərpa edildiyini bildirən Xalq yazıçısı deyib: “Prezident İlham Əliyevin göstərişinə əsasən Qarabağda aparılan abadlıq-quruculuq işləri çox təqdirəlayiqdir. İşğaldan azad edilmiş Füzuli şəhərində hava limanı tikilib və istifadəyə verilir. Şuşa şəhərində genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu yaxınlarda “Qarabağ” hotelinin açılışı oldu. Həmçinin “Xarıbülbül” mehmanxanası da istifadəyə verildi. Gələcəkdə bu hotellər turistləri qəbul edəcək. Şuşada dahi sənətkarlarımız Bülbülün ev-muzeyinin bərpası və daha sonra açılışı oldu. Tarixi abidələr bərpa edilir, binalar tikilir…”
Şuşadakı “Xarıbülbül” musiqi festivalını xatırlayan dünya şöhrətli yazıçı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Vaqif Poeziya Günləri və “Xarıbülbül” musiqi festivalı da bərpa olunub. Nəhayət, Cıdır düzündə 2021-ci ilin may ayında Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirildi: “Müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı korifeylərdən Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov və Şövkət Ələkbərovanın ifaları ilə videoların nümayiş olunması məni çox duyğulandırdı… Bütün dünya gördü ki, Şuşanın əsl sahibləri geri qayıdıb. Şuşa Azərbaycanımızın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”
Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, “Beşatılan” adlı filmin hər seriyası bir saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir. Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən – şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.
Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.
Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Ekran əsərində baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.
Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatr heyətinin böyük sevincinə səbəb olub. Belə ki, müvafiq qurumun oktyabrın 1-dən teatrın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçı qəbul etməsinə verilən icazədən sonra teatr tamaşaları bərpa etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı tərtib olunub.
Bildirilib ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı müvafiq qurum tərəfindən icazənin verildiyi ilk gün – oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır.
Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.
Xatırladaq ki, istər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.
Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.
Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.
Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilərlər.
Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.
Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.
Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.
İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.
Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.
Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.
Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Rusiya və Pakistan hərbi sahədə əməkdaşlığa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin müdafiə və təhlükəsizlik məsələləri üzrə Rusiya-Pakistan Hərbi Müşavirə Komitəsinin İslamabadda keçirilmiş iclasından sonra bildirib.
A.Fominin sözlərinə görə, Əfqanıstanda vəziyyət hazırda gündəlikdəki ən mühüm siyasi məsələlərdən biridir. Bu baxımdan, Rusiya və Pakistan dövlətləri, eləcə də onların hərbi təşkilatları arasında əməkdaşlıq regional sabitliyin qorunmasının mühüm amilinə çevrilir.