
İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.

İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.


“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlinin məqaləsi “Yada düşdü” jurnalında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəlinin “Hər şeyi sevən adam” hekayəsini təqdim edir.
“Dünən dekabrın biri idi. Bu gün ikisidir. İki gün arasındakı yeganə fərq yalnız aid edildikləri təqvim rəqəmləridir. Vəssəlam! Başqa nə? Nə axı? Heçcə nə!” – düşüncələrindən asdığı yüklər xana yumaqları kimiydi; biri çözələndikcə, o biri də yuvarlanır, birinin ipi ərişə keçəndə, o birininki arğaca dolanırdı: “Sonra da ad qoyurlar mənə, ayama taxırlar öz aləmlərində! Elə bilirlər, sözarası dedikləri o “qaravəlli” sözünü qanmıram, anşırdammıram. Təpəniz haqqı elə! Qurudun əzgintisi kimi şeylərdi, əşşi, hamısının canında, ruhunda nə var-nə yox, ömür cəmində islanıb, əzilib, neçə dəfə də süzülüb, xəngələ-xaşıla çilənib.”-dodaqlarına əmin, bir az da həyasız gülüş çiləndi: “Nə ayamadı amma! Pəh! Yazasan bir A4 səhifəsinə, çap edəsən rəngli printerdə, arxasını tüpürcəkləyib yapışdırasan hamısının qaşqasının ortasına bircə-bircə! Özü də, iri hərflərlə: ƏZGİNTİ! Gələn də oxuyub gülə, gedən də!”-şaqqanaq çəkdi…Amma gülüşünün ömrü anlıq oldu, ruhundakı uçurumun dibinə çoxdan atdığı təəssüfü silkələnib qalxdı, boyunu göstərdi: “İndi qurud tanıyanmı qalıb?! Qoyasan elə marketdən kauçuk qabda yaxantı daşıyalar, adını da qatıq qoyalar…”
Dərindən “ah” çəkib gözlərini tavana zillədi. Geridə qoyduğu günün hər saatını, hətta hər anını yadına salmağa başladı. Adətiydi başı yastığa gəlincə divardakı təqvimdə üstündən qara qələmlə “bir quş!” yazdığı rəqəmə aid edilən günü xatırlamaq…
…Səhər də həmişəkiydi; təmirsiz evində yuxudan oyanmış, suyu yaxşı isitməyən qızdırıcıya söyə-söyə, ləkəli aynaya baxmadan əl-üzünü yumuş, şokolad yağlı yaxmasını yemiş, kürəyi enli, qolları gödək paltosunu əyninə keçirib qapıdan eşiyə atılmışdı. Yenə küçədə qabağına şalına bürünmüş küçəsüpürən qadın çıxmışdı, onu görəndə işini dayandırmış, çalğısının uzun sapına söykənib ona gülümsəmişdi.
– Hansına gününə gülürsən, ay bədbəxt?! – demişdi küçəsüpürənə bircə sərt baxış ataraq, sonra da paltosunun boyunluğunu yuxarı qaldırıb sürətlə özünü dayanacağa çatdırmışdı.
Avtobusda yolçuluğu da dəyişilməzliyə məhkum idi; itələyən, yıxılan, oturmaq davası edən, sürücüylə dilləşən sərnişinlər, kələ-kötür yollar, qazandan daşan yarma sıyığı kimi, dayanacaqdan yolun ortasına qədər köpüklənən insan səbirsizliyi…
İş yerində də könülaçan heç nə yox idi… Nə işini, nə iş yoldaşlarını sevirdi, maaşından razı olan adama isə bir dəfə də olsun, rast gəlməmişdi. Uşaqkən bütün həmyaşıdları kimi, kosmonavt olacağına əmin idi. Yeniyetməlikdə anladı ki, kainat arzularına sığa bilər, amma atasının cibinə sığmır. “Dolanışıq” kəlməsinin ucundan yapışmağının bütün arzularının, xəyallarının üstünə keçə kimi örtüldüyünü dərk etməyinin yaratdığı xəyal qırıqlığı get-gedə ümidsizliyinin özəyinə çevrildi. Bu özək çatladıqca, içindən yeni-yeni uğursuzluqlar, narazılıqlar zoğ verdikcə başladı əcdadlarından qalan, minilliklər boyunca urvatını itirməyən lənətli mirasa sarılmağa-günahkar axtarışıyla barmağını önünə gələn bəşərə tuşlamağa. Hikkəli, alacaqlı, umacaqlı düşüncəsinin “borclu”sunu tapmaqda gecikmədi; babasından atasına, atasından da ona qalan təmirsiz evin yaşanılası olmamasının günahkarı evi tikən bənna, səkilərin əyri-üyrü, çala-çuxur olmasının günahkarı gülərüz küçəsüpürən, avtobusdakı basabasın günahkarı adamları “çaqqıldax yunu xarala basan kimi” üst-üstə avtobusa dolduran sürücü, sevmədiyi işinin günahkarı isə “yediyini danan” boğazı idi…
…Dikəlib yerində oturdu. Dəyişməyən, bir-birindən heç nə ilə fərqlənməyən alatoran günlərin, heç olmasa, birində belə, gün işığı görməyin mümkünsüzlüyünün səbəbini axtardı xatırladığı həyatında ilk dəfə… Sağ əlini üzünə çəkdi, qaşlarını dartdı və ağzını açdı. Canından keçən ani titrətmə ilə özünə gələndə susuzladığını hiss etdi və ayağa qalxıb mətbəxə keçdi. Qulpu qırıq fincanını su kranının altına tutanda nahar vaxtı iş yoldaşının dediyi sözlər yadına düşdü.
***
…Üç nəfər idilər: işi-gücü su borusunu o yan-bu yana sürütləmək olan saqqallı qoca, gündə, bəlkə, yüz dəfə eynəyini köynəyinin qoluna silən arıq, uzun oğlan, bir də o. Qoca çay dəmləyir, oğlan fincanları yaxalayır, o isə əlləri qoynunda dayanıb çay içmək üçün səbirsizlənirdi. Arabir də, mətbəxin qapısına nəzər salırdı ki, kollektivdən daha heç kimin gəlməməyindən əmin olsun. Çay hazır olan kimi, fincanını doldurub aradan çıxacaq, öz kiçik kabinetinə girib qapını içəridən bağlayacaqdı. Xoşlamırdı ağız deyəni qulaq eşitməyən yığıncaqları; bir-iki dəfə məcburən qalmışdı tünlüyün ortasında, içdiyi çayı zəhərə dönmüşdü. Hələ də, o bir-iki dəfədən üç-dörd epizod xatırlayırdı. Katibə qızın saçını əliylə oynadaraq gülməsi, xadimənin telefonda nəvəsinin şəklini göstərib: “Düz yeddi ildən sonra gəlib e! Yeddi il!” – deməsi, müdir müavinin pəncərəyə uzanan şam budağındakı dələni göstərib hamıya sakit olmalarını işarə etməsi… Bu xatirə saçaqlarının hər biri onu hirsləndirir, insanların bu qədər dolanışıq dərdinin içində, bu qədər bozluğun, rəngsizliyin içində necə sevinə bilmələrinə, necə gülə bilmələrinə məəttəl qalırdı.
-Bağban dayı, çay hazırdımı? Siyirməmdə şirin kökələr var, götürüb gəlirəm.
Katibə qız başını mətbəxin qapısından içəri salıb ucadan soruşdu və cavab gözləmədən çevrilib gözdən itdi. O, əsəblə içini çəkdi və başını buladı. Oğlan yaxaladığı fincanları səliqə ilə masaya düzdü, ehmalca başını qaldırdı və düz onun gözlərinin içinə baxıb:
– Bircə gün də hər şeyi, hamını sev!-dedi.
***
…Əlindəki fincana baxdı, suda öz əksini gördü; əyri-üyrü, tərpənən üzü dodağının qaçmasına səbəb oldu. Boş olan əlini yelləyib fincandakı suyu birnəfəsə içdi və fincanı etina ilə masaya qoyub yerinə qayıtdı…
Yuxuya gedənədək oğlanın dediyi cümləni düşündü: “Bircə gün də hər şeyi, hamını sev!” Səhər oyananda da ilk ağlına gələn elə bu cümlə idi. Yerinin içində gərnəşdi və otağa göz gəzdirdi. Pərdələrin süzülmüş yerlərindən görünən işıq günün bir boy qalxmasından xəbər verirdi. Bir istədi, zəngli saat düzəldən zavodun işindəki səmərəsizlikdən gileylənsin, tez yadına düşdü ki, bu gün iş yoxdur-idarədə müdir müavinlərinin hesabat günüdür. Əlini atıb zəngli saatın başına tumar çəkdi və pıçıldadı:
– Sən elə etibarlı dostsan ki! Düz, iyirmi yeddi ildir, mənə yoldaşlıq edirsən bu ömür yolunda. Atamın səni aldığı gün hələ yadımdadır. –susdu, diliylə dodaqlarını yaladı və gözlərini yumub əlavə etdi:-Onda on yaşlı uşaq hardan biləydi ki, günə başlamaq üçün sənin hay-harayına möhtac qalacaq…
Yenə uşaqlıq xatirələrini bürmələyib atdığı sandığın qapısına əl uzatmışdı düşüncələri. Bir hövldə ayağa sıçradı: “Nə qədər olar ey uşaqlıq arzularını xatırlamaq? Elə dünənin kədərini əzizləyə-əzizləyə bu günün sevinclərindən məhrum olmurammı?” –deyə düşünərək özünü əlüzyuyana çatdırdı. Yenə su ilıq idi, amma o, bu ilıqlıqda nəsə xoş bir şey hiss elədi. Nə idi bu xoşluq? Qorxa-qorxa, çəkinə-çəkinə ətrafına göz gəzdirdi. Hər şey eynən dünənki kimiydi. Yox… Dünənki kimi deyildi axı. Dəyişən nə idi? Gözlərini yumub ürəyində onadək saydı, sonra gözlərini açdı və hamam otağını daha diqqətlə süzdü. Dəyişənin nə olduğunu yenə anşırdammadı, əl-qolunu oynada-oynada mətbəxə keçdi. Şokoladlı yaxması da, axşamdan qalan dəm də ona ləzzət elədi. Damağındakı dad qaçmamış özünə ikinci yaxmanı da düzəltdi, ikinci çayı da süzdü.
Qapıdan çıxmamış pulqabındakı pulları saydı və özünə yeni palto almaq üçün ən gözəl vaxtın məhz bu gün-dekabrın üçü olduğuna qərar verdi. Səkidəki su ilə silələnmiş çalaların üstündən hoppanaraq keçdi, lap axırıncısının yanında dayandı. Əyilib yerdən bir çinar yarpağı götürdü, onu su dolu çalanın üstünə qoydu. Yarpaq iriydi, ucları çalanın kənarında qaldı. Ətrafına baxdı, nisbətən kiçik yarpaq tapdı, çalaya onu buraxdı. Amma bu yarpaq da suyun üstündə üzmədi, eləcə, olduğu yerdə qaldı.
– Bu balaca yaxşı üzər.
Səsə geri çevrildi. Küçəsüpürən çalğısının sapını qoltuğunun altında sıxmışdı, bir əliylə şalının düyününü bərkidirdi, digər əliylə də balaca, uzunsov bir yarpağı ona uzatmışdı.
-Sağ olasan, xala!
Həvəslə yarpağı aldı və suyun üzərinə qoydu, əyilib var gücüylə üfürdü. Yarpaq sürətlə bir qarışlıq çalanın digər sahilinə çatdı.
-Zoğal yarpağıdır o, yüngüldü, həm də, damarı nazikdi. –dedi küçəsüpürən gülümsəyərək.
-Burda zoğal ağacı var?-heyrətlə ətrafına baxdı.
-Budu ey, məktəbin həyətindədi.
Küçəsüpürənin göstərdiyi səmtə burdu boynunu; on-on beş metr aralıda dekabrın çiskininə könül vermiş, hər budağında iki tək, bir cüt sarı yarpaq görünən zoğal ağacı vardı.
-Zoğalını da uşaqlar yeyər bunun.-İlk ağlına gələn fikir söz donunu geyinməkdə gecikmədi.
-Hə.-Küçəsüpürən başını yellədi: -Sağ olsunlar, həmişə ovuclarına yığıb mənə də uzadırlar dəmirlərin arasından.
…Avtobus dayanacağına çatanadək dodaqlarının kənarındakı dartılmanı dayandırammadı: “Küçəsüpürənin təbəssümü sıçradı üzümə, yüz faiz!”-deyə düşünməkdən də özünü saxlaya bilmədi. Dayanacaqda adam az idi. Yaşlı kişi taxtası qırıq oturacaqda oturmuşdu, qaşlarını düyünləyib siqaret çəkirdi. Gənc qız düz səkinin kənarında idi; ayaqlarını aralı qoyub başını sinəsinə əymiş, baxışlarını asfaltdakı çata zilləmişdi. İki yeniyetmə oğlan dayanacağın dəmir dirəyinə söykənmişdi, hərəsi öz telefonunun ekranına baxırdı. Bir neçə saniyə oğlanları müşahidə elədi, onların üzündə anbaan dəyişən ifadələrdə nə axtaracağına qərar verə bilmədiyini anlayanda yenə gülümsədi: “Hələ o yaşdalar…” – düşünərək yoluna davam elədi. Bu gün avtobusa minməyəcək, iki küçə aşağıdakı paltar dükanınadək piyada gedəcəkdi. Düşüncələrinin tanıdığı kələ-kötür, yamaqlı küçələrin addımlarına yad olmağını da sevgisizliyə yozmaq istəmirdi, elə-belə, səbəbsizcə, məna axtarmadan piyada gedirdi…
***
…Təzə aldığı paltosunu dəhlizdəki asılqandan asanda canına istilik yayıldı:
-Evim…-dedi kövrəkliklə:-Öz evim. Babamın əl əməyi, atamın sığınacağı, anamın qürur yeri…
Mətbəxə keçdi. Çaydanı doldurub qaynamağa qoydu, dəmliyin qapağını qaldırıb köhnə dəmin tünd qoxusunu ciyərlərinə çəkdi. Sonra dəmliyin içindəki qaraçayı pəncərədən eşiyə-həyətdəki kollara tərəf tulladı. Yadına iş yerindəki qoca bağbanın çay dəmləməsi düşdü. Eynən onun kimi, ehmalca dəmliyi yaxaladı, ürəyi soyumadı, ovcuna su alıb eşiyinə də çəkdi, sonra çay qaşığı götürdü, üç çay qaşığı qaraçay tökdü dəmliyə. Döyükə-döyükə mətbəxdəki dolabın üç-dörd qapısını açıb-örtdü, nəhayət, kiçik bir kasanın dibində beş mixək tapdı. Üçünü götürüb dəmliyə atdı və çaydanın qaynamasını gözləməyə səbri çatmayacağını görüb dəhlizə çıxdı. Yataq otağının yarıaçıq qapısından görünən dağınıqlıq ürəyini sıxdı…
Çirkli yataq örtüyünü hamam otağındakı kauçuk vannaya qoyub əlini yumağa başladı. Sabunlu əllərini bir-birinə bərk-bərk sürtdükcə nəyinsə yeniləndiyini, dəyişdiyini düşünür, o “nəsə”ni axtarmaqdan qorxduğu üçün özünü danlayırdı: “Özüm ölüm, hələ mənə urvatlı ad qoyublar ha! Elə qaravəlliyəm ki, buyam! İndiyədək qorxduğum bir Dəli Nəstənin itiydi. İndi amma gözümün gördüyündən diksinirəm, hoppanıram içimdən. Əriştə aşının həlimi kimi, bulandırıram zehnimdə nə varsa. Niyə axı? Niyə? Elə bil, bu dünyada…Yox…-başını buladı:-Dünya çox oldu axı, ay qaravəlli, sən dünyanın eyninəsənmi ki? –sulu əlini yellədi, baxışları sıçrayan damlaların ardına düşüb güzgüyəcən getdi, köynəyinin qoluyla güzgünü silməyə başladı: -Lap elə bu şəhərdə, bu küçədə qorxulası o qədər adam var ki! Biri elə Əsnatın qızı Lilpar, çənəsinin altına keçdinsə, birinci sinifdə aldığın “iki” də yadına düşür. Nətəhər edirsə, kalapır kartofu kimi, bişirir, piləyə döndərir adamı. Vaxtında atana, anana demədiyin nə sirrin varsa, göy düyünçə eləyib, büküb qoyursan Lilparın ovcuna. Qorxulasıdırmı? Hə!”
Güzgü təmizləndikcə gözlərinin qarşısında üz xətləri aydınlaşdı. İkiəlli əlüzyuyanın kənarlarından yapışdı və irilənmiş bəbəklərinin içinə zillədi baxışlarını: “Ay qaravəlli! Qaravəlli, hey! Bax, gördün? Bircə gün sevdim hər şeyi, hamını! Elə bilirsən ki, Lilpardan zəhləm gedir? Yox ha! Onu da sevirəm! Onun o qara saçlarını, ala gözlərini hələ məktəb vaxtından sevirəm. Köklüyü də eynimə deyil. Məgər kök olmağı, arıq olmağı adam özü seçir ki?! Heç onun sözgəzdirən olması da pis deyil. –çiyinlərini çəkdi:-Nəyi pisdir ki? Hə? Lilpar olmasa, Haqqı kişi evində tək öləsiydi, düzdümü? Amma tək ölmədi. Lilpar hay saldı camaatın canına ki, Haqqı kişinin evində işıq səhərəcən yanıb. Gəlib ertədən kişini yarımcan tapdılar, sən demə, divandan yerə yıxılıbmış. Nolsun ey, illərdi oğul-uşağı yiyə durmurdu? İndi hər gün gəlib-gedirlərmi? Gəlid-gedirlər! –gözlərini yumdu, səsini qısdı:-Onsuz da, kişi öləndə o ev onlara qalacaqdı da… –Gözlərini açdı, bu dəfə daha hikkəylə başını irəli uzatdı: -Sevirəm hər şeyi! Sevirəm hamını! Bilirəm, heç kimin günahı yoxdur mənim belə yaşamağımda! Ümumiyyətlə, var olmağımda! Ev təmirsizdi? Bənna neynəsin ki? Vaxtında çax-çillə tikib də! Səkilər pis gündədi? Küçəsüpürən eşib? Yox! Avtobus da ki… Heç ondan danışmayacağam da, hamı işə tələsir, hamının vaxtı puldu bu dəqiqə. –bir neçə dəqiqə daha baxdı güzgüdəki əksinə, sonra fağırlaşdı, çiyinləri çökdü, gözləri qıyıldı, dodaqları səyriməyə başladı, səsi öləzidi: -Bilirəm, səndədi günahın hamısı, ay Tanrı…”
…Çaydan qaynadığını bildirmək üçün qürurla taqqıldayır, açıq mətbəx pəncərəsindən içəri təpilən dekabr sazağı, onsuz da, yaxşı isinməyən evin divarlarına yayxanırdı… Hər şeyi sevən adam çiyinlərini gərərək evin içində dolanır, hamının məsum olduğu dünyada yaşamağın gözəlliyini anladığına görə, özüylə qürur duyurdu… Ən gözəli isə barmağını hara istəsə tuşlamağın mümkünlüyüydü; o, tapdığı yeganə günahkarın harda olduğunu bilmir, heç bilmək də istəmirdi…
Mənbə: https://kulis.az/

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən ə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Nemət Tahirin “İsinmiş zəhər” hekayəsini təqdim edir.
Lalə xanım kimsəsiz qadın idi. 10 il olardı ki, Kəngərli ailəsində həm qulluqçu, həm də dayə kimi çalışırdı. Artıq Lalə bu ailənin üzvünə çevrilmişdi Ailənin başçısı Gəray Kəngərli, onun həyat yoldaşı Taclı Kəngərli, övladları Oğuz və Aybəniz idi. Oğuz və Aybəniz valideynlərinin işləri ilə bağlı vaxtlarının çoxunu «Şirin ana» dedikləri Lalə xanımla keçirirdilər. Lalə də bu iki uşağı doğma bilirdi. Bu ailəyə xidmətə gəldiyi gündən özünün bir otaqlı evini kirayə verib burada yaşayırdı. O, ailədən, ailə isə ondan çox razı idi. Bir gün kirayə haqqını almağa gedən Lalə axşamçağı evə zəng etdi… Dəstəyi taclı xanım götürdü: – Ay Lalə, hardasan, bacı? Axşam oldu, hələ gəlib çıxmamısan. Lalə: – Taclı xanım, bir az işlərim var, əgər icazə versəniz, mən sabah gələrəm, həm də ki sizə bir sürpirizim var ey! – Xeyir ola, inşallah, ay Lalə? – Xeyirdi xanım.Lalə sevincək halda cavab verdi. – Təki xeyir olsun. Nəsə səhər tezdən gəl. Uşaqlar da, özümüz də sənsiz çox darıxırıq doğrusu. – Taclı xanım, hər şeyi hazırlıyıb soyuducuya yığmışam, axşam və səhər yeməyiniz var. Sabah da özüm gələcəm.Lalə və Taclı xanım sağollaşıb dəstəyi asdılar. Ailə şam etdikdən sonra uşaqlar öz otaqlarına dərs çalışmağa getdilər. Gəray və Taclı isə televizora baxır, sabahkı günlərini müzakirə edirdilər… Səhər tezdən yuxudan oyanan Taclı xanım isə gecikdiyini nəzərə alaraq,(o, biologiya müəllimi idi). Özü nahar etmədən süfrəni hazırlayıb həyat yoldaşını oyatmağa getdi. – Sabahın xeyir, Gəray! Əzizim, hər şeyi süfrəyə düzmüşəm. Mən işə gecikirəm, uşaqları da oyat, yemək yeyin. Sizə qoşula bilmədiyim üçün məni bağışla. Taclı xanım auditoriyada mühazirə oxuyurdu, birdən telefonuna zəng gəldi. Zəng edən uşaqlarının sinif rəhbəri idi. – Taclı xanım, bağışlayın, narahat edirəm, amma bunu deməliyəm. Dərs zamanı Oğuz və Aydəniz öydülər, tez təcili yardım çağırdıq, xəstəxanaya aparırıq. Özünü itirmiş ana uşaqlardan üzr istəyib, çantasanı götürməyi belə unudaraq auditoriyadan çıxdı… Yarım saatdan sonra Taclı xanım xəstəxanaya çatanda uşaqları təcəzə gətirib mədəsini yumaq üçün xüsusi şöbəyə aparmışdılar. Taclı xanım sinif rəhbərinin telefonda dediklərindən başqa onu öyrənə bildi ki, sinif rəhbəri Gəray bəyə nə qədər zəng etsə də, cavab verən olmayıb. Təlaş içində, göz yaşları axa-axa Taclı xanım da Gəray bəyə, sonra isə ev telefonuna zəng etdi. Cavab verən olmadı. Həm həyat yoldaşının qarasına söylənir, həm də içərisində bir qorxu hiss edirdi… Bir saatdan sonra həkimlər göründü. Onların üzlərindən hər şey aydın olurdu. Ancaq ürəyi yanan ananın ayaqları əsir, titrəyən əllərini bir-birinə sıxaraq: – Qadanızı alım, həkim, balalarıma nə olub? – Çox çalışdıq, Allah bilir ki, əlimizdən gələni etdik, lakin zəhərlənmədən çox vaxt keçdiyi üçün onları xilas edə bilmədik. Bu sözlər Taclı ananın eşitdiyi son söz oldu. Fəryadı göylərə qalxdı, bütün dünya başına yıxıldı ananın. Hələ bu, son faciə deyildi. Ananı saxlaya bilməyən tibb işçiləri və sinif rəhbəri nə edəcəklərini bilmirdilər… – Taclı xanım, baxın, həyat yoldaşın zəng edir. İkinci zəngdən sonra sinif rəhbəri telefonu açıb Taclı xanımın qulağına tutdu. Taclı xanım ağlaya-ağlaya – Gəray, evimiz yıxıldı – dedi. Yox, telefondakı Gəray deyildi. – Taclı xanım, mənəm Lalə.Lalə də hönkürüb ağlayırdı. – Lalə, sizin də artıq xəbəriniz var? Gəray yoldadır. Telefonunu evdə qoyub. Can, ay Gəray, necə dözəcək bu dərdə??? – Taclı xanım, siz nədən danışırsınız? Ağlamaq imkan vermirdi ki, danışsın,– Lalə, Oğuzla Aybənizin öldüyünü deyirəm. Sizə kim xəbər verib? – Nəəə?! Aman Allah, belə də zülüm olar? – deyib yüksək səslə ağlayırdı Lalə. – Lalə, Gəray çoxdan evdən çıxıb, ona da ,bəlkə də. uşaların zəhərləndiyini deyiblər. – Taclı xanım, mən evə girəndə evdə heç kəs yox idi. Evləri yığışdırmaq üçün sizin otağa keçəndə ağzından qan gəlmiş şəkildə Gəray bəyi gördüm. Xanım, Gəray bəy ölüb. Əlindən telefon sürüşüb düşən Taclı xanım da ruhən və mənən ölmüşdü, təkcə nəfəsi arada gəlib gedir… Sabahı gün orta palatada üzünə gün işığı düşən Taclı xanım ayılanda yanında tibb bacısını və ağlamadan saçları pırpızlaşıb gözləri şişmiş Laləni gördü. Xanımın ayıldığını görən Lalə özünü saxlaya bilməyib ağlayaraq onun boynunu qucaqladı: – Allah başımıza daş saldı. Lalə nə qədər ağlasa da, gözləri bir nöqtəyə dikilmiş Taclı xanım ağlamadı. Tibb bacısı birtəhər Taclı xanımdan qoparıb çölə çıxardı. Xəstəxanaya gəlib Taclı xanımdan izahat almaq istəyən polis işçilirəni həkimlər xəstənin psixoloji vəziyyəinin pis olduğun söylədilər. Mərhumları məsciddə yuduqdan sonra dəfn etdilər. Yas yerinə o qədər adam gəlmişdi ki, yas mərasiminin üçüncü gününə kimi hər gün mağar Ən azında 5-6 dəfə dolub-boşalırdı. Qohum-qonşu, qohumlarla yanaşı Gəray bəyin çalışdığı şirkətdən ən önəmli adamlar gəlmişdi. «Üç» mərasimini artıq yola vermişdilər. Bu üç gündə Taclı xanım ortalıqda ruh kimi dolaşır, elə bil ki, nəsə fikirləşirdi. Axşam saat 9 olardı. Qapının zəngi çalındı. Qapını açan Lalə Taclı xanıma polislərin gəldiyini söylədi. – Qoy, gəlsinlər, – dedi. – Taclı xanım, axşamınız xeyir. Bəlkə də vaxtsız gəlmişik, ancaq imkan varsa, sizinlə danışmalıyıq. Səhər süfrənizdən götürdüyümüz nümunələr şəhər məhkəməsinə və laboratoriyaya göndərilib. Ancaq tort atıldığı, boşqablar krantın altına yığıldığı üçün götürülən nümunələr kifayət etməyə bilər. – Allah mənim boynumu qırsın, bilsəydim lazım olacaq, tortu atmazdım, pişik kremini yediyi üçün atdım, – dedi Lalə. Polis rəisi üzünü Taclı xanıma tutub: – Kimdən şübhələnirsiniz, sizinlə düşmənçilik edən elə bir adamınız varmı??? Taclı xanım: – Yox, indiyə kimi heç kəslə işimiz olmayıb. Evizimizdə isə ən yad adam Lalədir. O isə artıq 10 ildir bizimlə yaşayır. Polislər bir neçə gün gəlib hər iki qadını sorğuya çəkdikdən sonra gəldikləri nəticəni Taclı xanıma söyləməyi qərara aldılar. – Taclı xanım, əlimizdəki bütün sübutlar Lalə xanımdan şübhələnməyə əsas verir. – Yox, ola bilməz. Mən Lalədən heç vaxt şübhələnmərəm. – Bilirsiz, xanım, şübhələnməyə əsas verən odur ki, Lalə xanım zəng edib sizə deyir ki, kirayə haqını almağa getmişdim, birinci, Lalə xanım evinə getməyib, ikincisi, kirayə haqqının vaxtına hələ bir həftə varmış – bunu bizə kirayəşin dedi. Daha bir şübhəli məqam – telefonda deyib ki, sizə sabah sürprizim var. Bu sürpriz hələ də ortalığa çıxmadığı üçün bu, səhər yeməyinə qatılan zəhər ola bilər. Qalmış tortun atılması bunu bir daha sübut edir. Məqsəd isə sizin var-dövlətinizə yiyələnmək ola bilərdi. Bu həqiqətə oxşar dəlillər Taclı xanımı da inandırmağa başladı. Səhəri gün Laləni şübhəli şəxs kimi gözaltına aldılar. Bir həftə ərzində sübutları, araşdırmadan çıxan nəticələri Lalənin qarşısına qoyub cavab istəyirdilər. Lalənin isə dediyi bir söz var idi: – Mən qatil deyiləm, yediyim çörəyə xəyanət etmərəm. Ekspertizaya göndərilən qidanın hamısı təmiz çıxsa da, tortun nümunəsini daha daha dəqiq nəticə üçün xaricə ölkəyə göndərdilər.Elə polislərin də şübhələndikləri tort idi. Yuxudan qalxan Taclı xanımın axşamdan ağlamaqdan və gec yatdığı üçün başı ağrıyırdı. Yataqdan qalxıb neçə gündür səliqəyə salmadığı mətbəxə keçdi. Evin hər yerində əzizlərinin xatirəsi dolaşırdı. «Tefal» çaydanı əlinə götürdü, istədi şəbəkəyə taxsın, suyun az olduğun görüb doldurmağı qərara aldı krantın qarşısında çaydanın qapağını açıb içərisinə baxdı, gördüyünə inanmadı. Çaydanı yerə atıb zala qaçdı, bilmirdi nə etsin, ağlayırdı. – Bilirdim bunu Lalə etməyib, – dedi. Telefonun dəstəyini götürüb şöbəyə zəng etməyə çalışdı, əlləri əsirdi. Nömrəni yığana kimi qapının zəngi çalındı. Taclı xanım telefonu yerə qoyub, qapıya qaçdı. Gələn şöbə rəisi idi. – Sabahınız xeyir, bağışlayın. Sizi narahat edirəm, sizinlə vacib İşim var. – Yox, narahat etmirsiz. Elə mən də sizə zəng edirdim. – Bilirsiz, Taclı xanım, biz yanılmışıq. Lalə xanımın heç bir günahı yox imiş. – Mən artıq bilirəm. – Sizə şöbədən xəbər veriblər? – Nəyi? – Xaricə göndərdiyimiz nümunənin təmiz çıxmasını. – Xeyr, mən ailəmin ölüm səbəbini tapmışam. – Necə tapmısınız? – Gəlin mənimlə mətbəxə keçək. Taclı xanım elektrik çaydanını götürüb içərisindəki «spiral»ın altında ölmüş kərtənkələni göstərdi. Baxın, budur mənim ailçmin məhvinə səbəb. – Necə yəni, Taclı xanım? – Mən, biologiya müəllimiyəm. Bilirəm Ki, zəhərli sürünənlər, eləcə də kərtənkələ isti suya salınarkən zəhərini buraxır. O gün axşamdan yazıq Gərayla (Taclı xanımın gözləri dolur) çay dəmləyib içdik, istilədiyimiz üçün mətbəxin nəfəsliyini açdıq, yadımızdan çıxıb örtmədən yatmışıq. Səhər oyananda(Allah mənim canımı alsın) işə tələsdiyim üçün çaydanda qalmış suyu isitdim, çaydanın içinə baxmadım. Çox güman ki, kərtənkələ axşam nəfəslikdən keçib çaydanın lüləyindən içinə girib. Artıq mənə olan olub, Lalə yox, ailəmin ölümünə mən səbəbkaram. Gedək, azad edək, səhv etdiyimi deyim, ayağına düşüb yalvarım, məni bağışlasın. – Daha gecdir, Taclı xanım. Lalə bacı bu gecə kameradan özünü asıb, bu məktubu da sizə yazıb. – Aman Allah, daha bir zərbə. Bu nə həyatdır, ikinci dəfə tələskənliyim ucbatından sevdiyim insanı itirdim.Taclı xanımın ürəyi gedir. Bir azdan ürək dərmanı və sərin su ilə polis rəisi Taclı xanımı ayılda bilir. Həm polislərin, həm də Taclı xanımın şübhələnməsindən heyfsilənib, Lalənin susmasından çox pis olduqlarından danışdılar. Polis rəisi ev sahibəsinə bir daha başsağlığı verib getdi. Taclı xanım pəncərənin qarşısında Lalənin son məktubunu oxumağa başladı: «Düz on il bundan əvəl, vaxtı ilə sevib evləndiyim həyat yoldaşım hər gün məni və oğlumu içib döydüyü üçün dolana bilmirdik. Bir dəfə içib məni döyəndə oğlum nə qədər çalışsa da, məni onun əlindən ala bilmədi. Keçib mətbəxdən bıçağı gətirib, atasını bıçaqlayıb öldürdü. Məhkəmə də cavanlığına, məni müdafiə etməyinə görə 10 il iş verdi. Sizin evdə işə düzələndə bütün bunları gizlətmişdim ki, heç bir ailə tanımadığı və başına bu cür hadisə gəlmiş insanı işə götürməz. Həmin gün – sizə yalan danışdığım gün oğlum həbsdən azad olacaqdı, o sürprizim isə övladımı sizin yanınıza gətirərək hər şeyi danışacaqdım. Bilidir ki, məni qəbul edəcəksiniz. Lakin həmin axşam oğlumu içəridə öldürdülər. Artıq yaşamağın mənası yox idi. Gəlmişdim sizinlə sağollaşıb ayrılım, gedib özümü öldürüm. Lakin bu faciədən sonra sizə dəstək olmaq üçün yaşamağa məcbur idim. Axı siz mənə həyat vermişdiniz. Mən sizin ailənizi öldurməmişəm. Bilirəm, bəlkə fikirləşəcəksiniz ki, azadlığa çıxa bilməyəcəyini anlayıb özünü öldürdü, bu məktubla özünü quruya çıxardır. Lakin and olsun ki, bizi yaradana, o on il dəmir barmaqlıqlarda qalıb öldürülən balamın goruna, mən sizin ailənizi öldürməmişəm. Haqqınızı halal edin. Sizi çox sevən Lalə». Pəncərəyə düşən yağış damlalar pəncərədə, göz yaşları isə Taclı xanımın solğun yanağında özünə iz açmışdı.
Mənbə: https://kulis.az/

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Boyanıb şəhidin qanına bayraq,
Al qırmızı olub ağ ayparası.
Alıb ağuşuna şəhidi torpaq,
O da Vətənimin bir can yarası.
Sarılıb əlində silaha əsgər,
Yüksəkdə sancılıb üçrəngli bayraq.
Əynində forması, soyuqdu səngər,
O isə keşikdə durur dağsayaq.
Dalğalan, bayrağım, necə gözəlsən,
Sənə bu zirvələr necə yaraşır.
Səni yüksəltdikcə, kaş ki, biləsən,
Gözlərim sevincdən necə yaşarır.
Adımın önündə AZƏRİ sözü,
Sinəmdə ölkəmin bayrağı vardır.
Bütün ölkələrin bizdədi gözü,
AZƏRİ olanlar çox bəxtiyardır!

“Gəncəyə gəlmişəm, Nəriman qağa…”
Sərvaz Hüseynoğlu
Önsöz əvəzi
Eşitdim, Gəncədə anıbsan məni,
Gəncə çayı kimi axdım elə bil.
Yellər gətirmişdi meh nəfəsini,
Göy-göldən,
Kəpəzdən qalxdım elə bil.
Canımdan gizli bir üşütmə keçdi,
bilmədim, canımdan düzü, nə keçdi.
Bu nə şikayətdi, nə də ki, giley,
ruhum təzələndi,
bax, belə bir şey!
Nələr deyəcəyəm, bilmirəm hələ,
Sərvaz, unudulmaz gördüklərimiz.
Zahirdə nə qədər dəyişsək belə,
daxildə –
o qədər yenə bizik, biz!
Anam sağ olaydı kaş bu yaşımda,
yüyürüb üstünə qucaqlayaydım.
Dizinə baş qoyub yataydım, amma
sonra da,
doyunca bir ağlayaydım.
Təzədən gələydim mən bu dünyaya,
gələydi,
dünyanın təzəsi bir də.
Bakıdan zəng vurub Vağzal Poyluya,
Ana! – çağıraydım o səsi, bir də.
I
Axır Gəncə çayı, sahillərində
nə var, Allah bilər, bəndə nə bilər?
Dahi Nizaminin durduğu yerdə
bəlkə biz durmuşuq?
Kim bilə bilər?
Bəxtimiz gətirib o dəmdə, nə qəm!
Mənim anam ölsün, çoxu yan baxıb.
Bəxti gətirəni özüm görmüşəm,
istedad,
həmişə kənardan baxıb.
Məni yaxalayıb sual verənlər,
nə elə naşıydı, nə elə həssas.
Hardasa, üstümü “unlu” görənlər
məni,
dəyirmançı çağırdı, Sərvaz.
“Segah” üstə tək bir ana laylası
nəbzimdə döyünən ürəkdi, candı.
Gəncə çayı,
Araz çayı,
Kür çayı
mənim ünvanımdı, Azərbaycandı!
Nə qədər doğmadı, nə qədər yaxın,
xalqın kimsələri – Tanrı səsiydi.
Nizami – Gəncənin,
Vurğun – Qazaxın,
Xan qızı – Şuşanın nişanəsiydi.

II
Araz qırağıyla
Kür sahilləri
beşik dünyamızdı – alın yazımız!
Gəncədən başladı təhsil illəri,
bu da – yeni tərcümeyi-halımız.
Gözüm qatarların dalınca qaldı,
ürəyim Bakıda, özüm Gəncədə.
Kimsə, Universitet təhsili aldı,
mən də pedaqoji,
bizim Gəncədə.
Sənə dediklərim şikayət deyil,
həyatın özüdür, deməsəm, olmaz.
Oxuduq, qurtardıq, bu son hədd deyil,
ömrün,
imtahandı hər anı, Sərvaz.
Ağstafa çayı, bir də Kür çayı,
gümüş kəməriydi Vağzal Poylunun.
Bilənlər çoxuydu məndən savayı,
günlərin bir günü,
gördük ki, onun
açılıb belindən kəməri düşdü,
dillərə çayların xəbəri düşdü.
Elə ki, yay gəldi, töküldük suya,
sonradan eşitdim, mən lap sonradan.
Hələ Nizami[1] də
Ağstafadan
çimməyə gəlirmiş Vağzal Poyluya.
Kürü bu üzündən biz o üzünə
arxası üstündə üzüb keçirdik.
Bəzən də “qırdırma” –
yəni düzünə,
o da sel gələndə,
and da içərdik.
Anamı indi də xatırlayıram,
o, məni tapanda dolmuşdu gözü.
Vurdu bir çubuqla, bir dəfə anam,
ağrıyan məniydim,
ağlayan özü.
Hələ on beş idi yaşım o zaman,
hamıdan güclüydüm, hamıdan üstün.
Düz bir il soruşdu anam sonradan:
– Çiynin ağrıyırmı,
ay anan ölsün?!
III
Şair, bu çaldığın pərdəni dəyiş,
başqadır, torpağın xeyir-duası.
44 Gün –
tarixi bir möcüzəymiş,
dəyişdi dünyanın ab-havası.
Şuşa, Zəfər yolu!
Qalxdım o yerə,
səndən, sənə baxdım, can Azərbaycan!
Qalib Sərkərdəyə, qalib əsgərə,
qalib bir millətə səs verdi zaman.
Yanaşı yeridi İlham, Ərdoğan,
oyatdı Laçını “Ay Laçın…” səsi.
Yazdı imzasını qardaş Pakistan,
dəyişdi dünyanın,
son xəritəsi.
IV
Mən, Sərvaz – dedikcə, qızır ürəyim,
soruşma, bilmirəm, sənə nə deyim?
Millət bir-birinə qohumdu, – deyir,
Siseron[2],
demir, yox, sübut eləyir.
Qədimdə, Romada, eradan qabaq,
sənindi, mənimdi, Güneydə o xalq!
İndi Araz çayı
Kürü səsləyir,
onda od ələnir torpağa-daşa.
Millət – Vətənində Vətən istəyir,
İranda deyirlər:
Vətənsiz yaşa!
Nümayişə çıxıb Araz sahili,
millət – öz dilində yazmaq istəyir,
oxumaq istəyir,
özgə nə deyir?
İranda deyirlər:
yalnız fars dili!
Sevincim, kədərim, hissim, həyatım,
ya ana çağırmaq, adicə “ana!”.
Mənim Azərbaycan mənəviyyatım
orda,
yasaq olub Azərbaycana.
Nailə Bəhriyə deməyin bunu, –
O Tayın qızıdı, Bu Tayda sınar.
Vurdular atanın körpə oğlunu,
maşında,
uşağa atəş açdılar!
İran,
millətinə günmü ağlayır?
Nə vaxtdı gizlədir bu bəd xəbəri, –
erməni – məsciddə donuz saxlayır,
öpür Paşinyanı islam rəhbəri!
Üçrəngli bayrağı qaldırıb bir əl,
Qalib Sərkərdənin baxır şəklinə. –
Böyük Azərbaycan əl eləyir, əl,
Arazın
o biri tayından mənə.
V
Məhəbbət Gəncədə çıxdı qarşıma,
məhəbbət – ali bir şah kürsüsüymüş!
Dedilər, sevinmə, sən çox danışma,
gözə gələcəksən,
demə, düzüymüş.
Dünyaya gələndə hamı tək gəlir,
ayrıca taleyi, ağlı, həyatı.
Çalışır, vuruşur, enir, yüksəlir,
sonda da
haqqında
bir bənd bayatı!
O da qismət ola, olmaya, cəhddi,
həyat – bir ömürlük məsuliyyətdi.
Onu da, nə deyim, yəqin sonradan,
bir az ayılanda dərk edir insan.
Sonra nəfəsdən də, gözdən də qorxdum,
susdum ki, düşməsin dilə-ağıza.
“Titanik” haqqında bir də oxudum,
gözün bəlasıymış,
o da, nə isə!
Sirlidi taleyi, məncə, hər kəsin,
mənası başqadı hər taleyin də.
Sənin məhəbbətin gözə gəlməsin,
sənin,
haqdan gəlir şairliyin də.
VI
Bilmirəm, Gəncədə Gəncə dururmu,
qədim babaların bu şah əsəri?
Bizim şerimizi
heç oxuyurmu,
bizim institut tələbələri?
Zarafat gəlməsin, Sərvaz, həyatdı,
demə səni sayan, məni duyan var.
Axı, filankəs də
laureatdı,
nə bir maraqlanan, nə oxuyan var.
Unuda bilmirəm, düzü, hələ də,
elə bil qəfildən ayılır insan.
Ağsaçlı bir alim, əsa əlində,
qalxırdı,
yüyürüb keçdim yanından.
Bəlkə də ilahi bir qəlbə dəydim,
kaş onda olaydı bu ağıl, bu baş.
Gedib o kişidən üzr istəyəydim,
o da indiyəcən
yaşayaydı kaş.
VII
Gəncə çinarları canlı mirasdı,
yaraşır özünə o şah vüqarı.
Yayın istisinə bir etirazdı
yaşıl yarpaqların
pıçıltıları.
Gəncəli bir gənc də, qaynar yaşında
“Muraoğlu” yazıb çinarın üstə.
İstəyib, çinartək ucalsın o da,
salsın kölgəsini,
yollasın üstə.
Deyirəm, dünyanın işinə bax ki,
bizi heyran qoyur adi bir ovsun:
Arzuyla yatanda,
məqsədlə qalx ki,
həyatda sənin də həyatın olsun.
Gəncədə böyüyüb o çinar, bu qız,
bizim Vüsalə də –
lobarantımız.
Cədvəldən yapışıb, zənglərə baxmır,
o, sinədəftərdi, dəftərə baxmır.
VIII
Bağlı qovluqları açırdı, Sərvaz, –
Gəncə, Gəncəlilər, “Gəncə üsyünı…”,
Gəncəli Nəsib bəy qaçırtdı, Sərvaz,
Metix qalasından,
Nuru Paşanı!
Nə deyim, deməyə sözüm də çoxdu,
necə? Bizmi deyək hər sözü gərək?
Hələ Cavad xanın heykəli yoxdu,
bir xan,
Sisyanovla tək vuruşdu, tək.
Sərvaz, maraqlıdır insan həyatı,
nə qədər gizləsən, sir qalmır, inan.
Yerin – qulağı var,
sözün – qanadı,
biri eşidəndi, o biri uçan.
Xanın köməyinə gəlmədi xanlar,
çarın pişvazına xəlvət çıxanlar!
Göydəmi, yerdəmi çaxdı o şimşək?
nə susmaq mümkündü, nə açıq demək.
Sonsöz əvəzi
Məndən inciməsin Şəmistan[3] qağa,
bir az ərkim çatır belə yazmağa.
Onun filan qədər tədqiqatı var,
həyatda maraqlı bir həyatı var.
Alimin sözünə hörmət, ehtiram,
Peyğəmbər buyurub –
Əleyhissalam.
O xanlar mənimdi, millət də mənim,
içimdə çəkdiyim xiffət də mənim.
Məni danışdıran bax, budur əlbət, –
tarixə –
tarixi bir münasibət!
Biri qayıdaydı kaş o illərin,
dünyada mən deyən bir gün olaydı.
Borcundan çıxaydım Gəncəlilərin,
mümkün olmayanlar
mümkün olaydı.
Noyabr, 2022
[1] Nizami Cəfərov – Akademik
[2] Qədim Roma filosofu
[3] Şəmistan Nəzirli – tədqiqatçı alim
Mənbə: https://edebiyyatqazeti.az/

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Yazıram sevgidən, yazıram eşqdən,
Sətirlər düzülür mirvari kimi.
Danışır elə bil qələmim səndən,
Sənsə gen qaçırsan fərari kimi.
Susub, dayanırsan qarşımda səssiz,
Gözlərin hər şeyi danışır amma.
Bu hissi ifadə eyləmək qəliz,
Sən bunu adi hiss, ötəri sanma…
Kölgənin ardınca boylanmışam mən,
Bəlkə, surətinə yetişim deyə,
Həsrət atəşinə odlanmışam mən,
Yetər ki, sevgimi bildirim sənə…
Viranə, xaraba qalıb qəlb evim,
Sənsizlik hökm edir, indi oraya,
Məhəbbət haqqında özgə nə deyim?!
Daha baş götürüb qaçım haraya?!
Nə yanımda yoxsan, nə də yadımda,
Sildim xatirəmdən sənin ismini.
Özüm öz-özümü aldadıram da…
Hər hara baxıram, görrəm əksini…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Deyirdin HƏR ZAMAN YANINDAYAM, MƏN
Nə oldu? Sözlərdə qaldımı sevgin?
Sən hansı hisslərə sevgi deyirsən?
Hansı ki, uzağı çəkəcək 5 gün?!
Belə sevgi olmur, olmur vəfasız
Əhdini-andını verdin yellərə,
O hansı sualdı qalıb qərarsız,
Ucuz sözlər kimi, saldın dillərə?!
Bir gün peşman olub qayıdacaqsan,
Eşqi tərk eyləyib atdığın yerə,
Gördüyün səhnəyə çox yanacaqsan,
Gəlmərəm sən məni satdığın yerə.
Susub baxacaqsan gözümə mənim,
İçin öz içindən yeyəcək səni.
Parça-parça olar sənin ürəyin,
Bu da öz-özündən soyudar səni….
İstər gözlərimə daha baxma sən…
İstər də ovcunun içində saxla…
Səndən elə qəlbən incimişəm mən,
Sən daha bu eşqin kitabın bağla…

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “Qu quşunun son rəqsi” adlı hekayəsini təqdim edir. Bu hekayə bir neçə dilə tərcümə edilib, Rumıniya, Türkiyə və Rusiya kimi ölkələrdə ədəbi portallarda və antalogiyalarda dərc edilib.
Axır dönüş Allaha tərəfdir!
Hamı Allahın hüzuruna qayıdacaqdır.
(“Qurani-Kərim” Ali-İmran surəsi, 28-ci ayə)
“Bir də qayıt və özünü yadına sal”
(Cəlaləddin Rumi)
– Kim idi?
– Nə bilim, bir Allah bəndəsiydi. Susuzlamışdı. Tez-tez udqunur, cadar-cadar olmuş dodağını diliylə isladırdı.
– Siması necəydi?
– Sifəti uzunsovuydu, amma baxışları yastıydı.
– Bəs əyin-başı?
– Nimdaşıydı. Plaşı da, panaması da üzülüb getmişdi.
– Su verdinmi ona?
– Verməyib neynəyəsiydim? Yezidəm məgər? Allahın suyudur da.
– Yəqin ki, son damlasınadək içdi, hə?
– Qəribədir ki, yox. Baxışlarını dondurub fincanı xeyli süzdü, sonra da özümə qaytararaq getdi…
lll
Bilmirəm, bayaqdan iki küçəmi, üç küçəmi keçmişəm. Piyada gəzib dolaşmaqdan xoşum gəlir. Addımlarımla səkilərin daş bağrını yarmaq sevimli məşğuliyyətimdir.
Bu zaman yaranan taqqıltı qulaqlarımı səsi qəbuletmə qabiliyyətini tam olaraq ortaya qoymağa vadar edir. Addımların yerə basılması ağırlığı həmin anda beynin və ürəyin yüklənməsi dərəcəsindən asılı olduğu kimi, səki daşlarının ölçü və çəkisindən də asılı olur. Nəticədə də hər addımın taqqıltısının səs tembri fərqlənir.
Görmə bucağımda hey dəyişməkdə olan bina, ağac, avtomobil, insan siluetləri canlı olduqları qədər də hərdən butafora kimi, sadəcə, göz aldatmağa xidmət edir.
Bu gün xüsusi günümdür. Uğurları sıraladıqdan sonra mənə elə gəlməkdədir ki, yerinə yetirdiyim xüsusi missiyama doğru daha bir neçə addım irəliləmişəm. Mən sıradan bir adam deyiləm. Haçansa dünyanı dəyişəcəyim qətiyyətim məni bir az da məmnunlaşdırıb.
Saatın əqrəbləri 18:30-u göstərir. Cəmi bir saat yarıma “Sonalar gölü” baleti başlayır. Heyf ki, dostum N.-i tapa bilmədim ki, mənimlə tamaşaya getsin.
Cibimdəki sıra 13, yer 13 qeydləri aparılmış biletimi barmağımla rahatlayıram. Bileti alanda əsla 13-lərin fərqində olmamışdım. Amma hər halda, 13-lər diqqət tələb eləyirlər. Ən azından, barmağım biletin səthinin rəqəmlər həkk edilmiş qeyri-hamar hissəsinə dəyməklə 13-lərin adilikdən bir baş yuxarı olmasını xəbər verir.
lll
“Məktəbdə oxuyanda uşaqlar öncə qaralama dəftərində yazıb-pozurdular, yalnız düzgün nəticə əldə etdikdə yazdıqlarının üzünü ağlama dəftərə köçürürdülər…
Amma yaşadığımız həyatı yazmaqçün Allah bizə cəmi bir dəftər verib. Ona görə də burada yazıb-pozmaq mümkün deyil. Burada səhvlər pozulmaz. Gərək üstündə əsə-əsə, yüz ölçüb bir biçə-biçə elə yazasan ki, pozmağa ehtiyacın qalmasın”, – dedi nimdaş kişi. Və cəld də soruşdu:
– Sənin, təbii ki, həm ağlama, həm də qaralama dəftərin var idi, hə?
“Hə”, – deyə mızıldandım.
İçini çəkərək davam etdi:
– Valideynlərim həddən artıq kasıb olduqlarından mənə iki dəftər almağa gücləri çatmazdı. Heç vaxt qaralama dəftərim olmadığından mən səhv etməməyə məhkum idim.
lll
– Pas…
– Sissonne…
Qızlar, doğrudan da, qu quşları idilər. Bəmbəyaz, tül paltarda iki sıra düzülmüşdülər. Bir sıra barmaqlarının ucuyla irəliləyəndə digər sıra geriyə çəkilirdi.
Əllərini yana açıb yelləyirdilər. Bu qanadçırpma pəncələrin yerlə ünsiyyətini nizamlayır, dabanların yerə toxunuş həsrətini daha uzunömürlü edirdi.
Səhnənin tən ortasında dayanmış naziksaqqal kişi barmaqlarının hərəkətləriylə qızları yönəldir, arabir də nəsə deyirdi:
– Pas…
– Temps…
– Sissonne.
Bədənləri incə, ayaqları uzun, boyasız dodaqları qırmızı, sürməsiz göz-qaşları qapqaraydı qızların.
Belləri üzük həlqəsindən keçərdi sanki.
Hələ naz-qəmzələri, ədaları…
Hələ təzə-tər qönçə təravətləri…
Naziksaqqal qışqıraraq səhnəarxası səmtə qanrıldı:
– Qızlar, saat səkkizə az qaldı, məşqi tamamlamalıyıq! Kardebalet, tempi aşağı salırıq, get-gedə öldürürük. Korifey gəlir!!!
Onun sözlərinin əks-sədasını yararaq qara tül geyimdə bir huri-mələk fırfıra kimi fırlana-fırlana səhnəyə daxil oldu.
O qədər incə, gözəl idi ki, bahar səhərində gül-çiçəyin üstünə qonmuş şeh damlasını xatırladırdı…
lll
Daha bir küçə də keçməliyəm.
Bu gün insanların çöhrəsi nəsə bir qədər tutqun görünür.
Dostum N. o gün təsadüfən metroya minibmiş, maşını xarab imiş. Deyir, hamı sanki qayğılı, fikirli, dərdliydi. Hərənin də başı öz mobil telefonuna qarışıbmış. Amma illər öncə, metrodakıların sifətlərindən təbəssüm əskik olmazmış. Hamı bir-birinə nəvaziş göstərərmiş, xoş ovqat bəxş edərmiş…
Yeri gəlmişkən, dostum N. də sıradan adam deyil. Ölkənin Şimal Şərqindəki nəhəng dəryaçanın layihələndirmə işlərinə başçılıq edir. Görən, indi neynəyir? Bu cür tamaşanı qaçırdı.
Zəng vururam, cavab vermir.
Parisə gedəcəydi. Həm yorğunluğunu çıxarmağa, həm də qulaqlarına dinclik verməyə. Yazığı jurnalistlər boğaza yığıblar. Dəryaçanın tikintisi zamanı qırılan böyük meşə massivinə görə, qurudulan xırda gölə görə hey hücuma məruz qalır. Ay nə bilim, flora dağıldı, fauna məhv oldu…
O gün bir qəzet yazmışdı ki, meşənin məhv edilməsiylə, gölün qurudulmasıyla bağlı minlərlə quşu təhlükə gözləyir.
Dəryaçanın gətirəcəyi xeyirdən isə danışan yoxdur.
Yaxşı, Parisə gedibsə də, bəs niyə xəbər eləmədən gedib?
… Doğrudan da, bu gün insanlar çox qəribədirlər. Qoluma toxunan bu nataraz oğlan heç üzr də istəmədi. Küçədə söyüşlə danışan o ər-arvada bax, heç kəsi veclərinə almırlar.
Bəs o bir büküm zibili gətirib səkinin kənarına qoyan qadına nə deyəsən?
Saatımın əqrəbləri 18:54-ü göstərir. Tamaşaya bir saatdan bir qədər artıq vaxt qaldı.
Görən 13-cü cərgənin 13-cü yeri tam ortadırmı? Səhnəni necə görəcəyəm?
Neçənci dəfədir ki, baletə gedirəm, amma hələ də Opera və Balet Teatrının tamaşa zalındakı yerlərin düzülüşünü beynimə yerləşdirməmişəm.
Əslində, belə də olmalıdır. Mənim beynim daha ciddi informasiyaların qoruyucu kamerasıdır.
Elm və texnikanın inkişafı, eləcə də iqtisadi həmlələr nəticəsində ekoloji tarazlığın pozulması atmosferin stratosfer qatındakı azon təbəqəsinin get-gedə nazilməsinə gətirib çıxarıb, bu bəllidir. Amma inkişafı dayandıra bilməyəcəyik axı. Odur ki, Yer kürəsinin tavanı hesab edilən və yeri meteoritlərin, digər kənar cisimlərin dağıdıcı təsirindən qoruyan atmosferin xilası üçün onu təşkil edən hava qatının təbii tərkibinə müdaxilə etməyin yolunu tapmaq üzrəyəm.
Doğrudan da, dünyanı dəyişdirməyin astanasındayam.
Hələ vaxta var. Bir stəkan qəhvə içmək üçün yarımzirzəmidəki kafeyə daxil oluram.
Ofisiant daimi müştəri olduğumdan heç nə soruşmayıb qarşıma bir fincan türk qəhvəsi və qəndqabında şəkər tozu qoyur.
Görəsən, dəryaça tikilərkən qurudulan göllərdə məskunlaşmış və təhlükə ilə üzləşmiş quşlar arasında Qu quşları da varmı? Yoxsa, Qu quşları o tərəflərdə məskunlaşmırlar?
Qonşu masadakı gənclərin səsləri kafenin yarımqaranlıq sükutunun bakirəliyini pozmaqdadır:
– Eşitmisən, dünən Sabunçuda bir kişi arvadını, qayınatasını, qayınanasını, bir də iki qaynını güllələyib öldürüb?
– Doğrudan?
– Hə. Bayaq da “Euronews”da göstərdilər ki, Avstraliyada bir manyak məktəbə soxularaq 13 məktəblini qətlə yetirib…
– 13?! – deyə qeyri-ixtiyari qonşu masaya sual ünvanlayıram…
Sualım fincandan burula-burula qalxan buğu tən ortadan yarır.
lll
“Sahildən bir ovuc qum götürməyim gərək idi. Yaxınlaşıb o qumu dənə-dənə götürdüm, zamanımı itirdim. Halbuki sizlər qumu ovuclayıb götürürsünüz”, – söylədi nimdaş plaşlı, nimdaş panamalı uzunsov sifətinə yastı baxışları natarazlıq gətirən nimdaş kişi.
– Nə dediniz?! – deyə söylədiyinin məğzini anlamağın fərqinə varmadan etinasızlıqla soruşdum.
Bükülmüş barmaqlarını açıb ovcunun içindəki dəhşət xətlərini göstərdi. Bu xətlər hörümçək toru kimi bir-birinə qarışmışdı, başlanğıcı və sonu dibsiz uçuruma bənzəyən labirintin içində itib-batmışdı.
lll
Nağıllardanmı, yaxud hansısa dünyadanmı gəlmiş, ağzını açıb oradan od püskürəcək əjdahayla haçansa rastlaşacağımı ağlıma belə sığışdıra bilməzdim. Özü də harada, şəhərin ən mərkəzi, gur yerində: Behbudov prospektinin ortasında – dördtəkər və ikiayaqla hərəkət edən nəsnələrin arasında. Yox, məni qara basmırdı: Qara, qəhvəyi, sarı və yaşılın azacıq parıltı əlavə edilmiş çalarları ilə rənglənmiş nəhəng və əcaib məxluq. Oydu. Ağzını hələ açmamışdı, təbii ki, odu da hələ püskürməyə başlamamışdı. Şüurumdakı və qarşımdakı obrazların fərqini yox etməkçün qeyri-ixtiyari onun yapışqan kimi olan boynuna dırmaşıb (bu cəsarət mənə haradan gəldi, anlaya bilmirəm) əllərimi soxaraq bir-birinə kip pərçim olunmuş dodaqlarını araladım, sonra bir-birinə keçmiş qarmaq dişlərini bir-birindən dartıb qopardım. Ağzı tam olaraq açıldı, amma od görünmədi.
Odu özüm axtarıb tapası oldum. Alışqanımın çaxmağını ha çəkdim, yanmadıqda trotuar boyunca yığılmış zir-zibildən təpə düzəldib onu odlayan donqarbel dalandarın köməyinə sığındım, atəşindən oğurlayıb əjdahanın ağzına dürtdüm. Atəş alovlanmadı, yalnız qığılcım kimi arabir parladı.
Belə olduqda Əjdahanın boynunu sıxıb bərəlmiş, hədəqəsindən çıxan gözlərinə tuş gəldim. Qan sızmış gözlərinin dərinliyində bir qəzəb, nifrət axtardım, amma axtarışlarım boşa çıxdı. Orada sonsuz laqeydlik vardı, biganəlik və soyuqluq vardı. Daşlaşmış başını yumruqladım, barmaqlarımı cırıq-cırıq eləyən cod sifətini cırmağa cəhd etdim, ancaq vücüdünda ağrı yarada bilmədim.
Qəfildən mənə elə gəldi ki, bu Əjdaha mənə kimisə xatırladır. Hər halda, bu sifəti, xüsusən baxışları görmüşdüm axı.
Zəndlə baxdığımı görəndə o da sulanmış gözlərini qırpa-qırpa mənə zillədi, sanki mən də ona tanış gəldim.
Ani nəfəsdərmədən sonra o, özünü bir qədər də toplayıb, ovurdlarını şişirdib, rəngdən-rəngə düşərək istəyimi yerinə yetirməyə – od püskürməyə başladı. Od topa-topa, lopa-lopa sağa-sola atılır, dəydiyi, yapışdığı hədəfi alışdırırdı.
Bu qorxulu halıyla əjdaha dərhal ətrafdakılarda şok effekti yaratdı. Ətrafdakılar vahimə içərisində, təlaşla çığırışaraq aradan çıxmağa başladılar. Basabaş düşdü, dördtəkərlilər bir-birinə çırpılıb bir-birini əzdi, dördayaqlılar bir-birini itələyib, yıxıb tapdalamağa başladı. Bir anda əzilib-tapdalanmış bu nəsnələrin hamısı əcaib-qəraib hala düşdü.
Uff… Mən neynirəm axı, ilahi!
Bu ki bir anda hər şeyi və hər kəsi məhv edəcək…
Dəhşət içində özümü Əjdahaya tərəf atdım, yuxarı dırmaşıb əllərimlə ağzındakı odu söndürməyə cəhd elədim. Barmaqlarımın ağrısı cızıltı səsi artdıqca ərşə qalxmaqdaydı…
lll
“Ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapmırsan, yeriməyi öyrənirsən. Yaxşı yeriyə bilsən uçmaqla mükafatlandırılır, bacarmasan sürünməklə cəzalandırılırsan. Gah ağ-qara, gah da rəngbərəng dünyanın isti-soyuq, şirin-acı təzadlarını gecəli-gündüzlü həyatının yorğan-döşəyi edib, başını da gözləmə adlı balışa dayayıb sonsuz və fasiləsiz gözləntilərlə yaşamağa başlayırsan. Pisin yaxşı olmasını gözləyərək sonucda pisin lap pis olmamasıyla təsəlli tapırsan…
Yox, doğrudan da, ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapırsan hər halda. Amma doğulmamış ölmək çox dəhşətlidir”, – dedi nimdaş kişi.
Və birdən qıyğacı baxışlarla mənə baxıb soruşdu:
– Sən hansılardansan? Birincilərdən, ikincilərdən?
Bu qırsaqqızın yaxamdan haçan əl çəkəcəyini təxmin edəmmədim. Gözümü döydüm, nə cavab verəcəyimi bilmədim. Özü köməyimə çatdı, dedi, sən də, şübhəsiz, hamı kimi birincilərdənsən.
Bir qədər rişxəndlə: “Dünyanı dəyişəcəyini düşünürsən, hə?” – sualını verib cavab gözləmədən də söylədi: “Havanı, torpağı, suyu zəhərləyənlərdən beyni zəhərləyənlər daha təhlükəlidir”.
Səsi xırıltılı gəlsə də nitqi səlist idi. Dedi, hamınız eyni ölçüdə, eyni biçimdəsiniz. Eyni cür yatır, durur, eyni cür yeyib-içir, eyni cür təbii ehtiyaclarınızı ödəyirsiniz. Eyni cür aldadır, eyni cür xəyanət edirsiniz. Yarınız eyni cür Allaha ibadət eləyir, yarınız eyni cür şeytana xidmət edirsiniz. Doğulmağınız, doqquz ay bətndə işıqlı dünyaya can atmanız da eynidir, ölməyiniz, doqquz dəqiqə Əzrayıla can verməyiniz də. Sevginiz də nifrətiniz qədərdir, xoşbəxtliyiniz də bədbəxtliyiniz ölçüsündədir. Toy-büsatınızla yasınız da eyni boydadır.
Qəfildən sifətini bozardıb soruşdu:
– Axırıncı dəfə nə vaxt yemək yeyib qarnını doydurmusan?
Qeyri-ixtiyari qolumdakı saata baxıb bayaq “Elmlər” metrosunda yediyim lavaşarası dönəri xatırlayaraq “Üç saat öncə”, – söylədim (Hətta orada – kafenin qarşısında titrək əlini irəli uzadaraq dilənən məsum baxışlı gəlinə düz 5 manat verdiyimi də dilə gətirmək istədim, amma cəld də fikrimdən daşındım).
Məndən əsla qopmayacağına bu dəfə tam əmin olub dar küçədə hərəkəti məhdudlaşdırılmış nəqliyyat kimi lap sıxıldım.
– Bəs, axırıncı dəfə nə vaxt ürəyini, qəlbini qidalandırmısan? – sualı ilə məni itələyib dar dalana dirədi. Məhdudlaşmış hərəkətim büsbütün dayandırıldı.
Şablon cavab verib də pafosla bu cavaba nə qədər rəng qatsam belə nimdaş kişini razı sala bilməyəcəyimi anlayıb, sadəcə, susdum.
lll
Qara qu quşunun rəqsi sanki ağ qu quşlarını əfsunlamışdı, hamısı gözləri irilənmiş halda onun plastika və mimika mükəmməlliyinin sehrində donub qalmışdılar.
Əllər gah qanadlara dönür, çırpınırdı, gah da nazikləşib lələklərə çevrilirdi.
Libasının qara rəngindən qara çalarlar şəfəq kimi yayılaraq daş-divara dönmüş hərəkətsiz ağ libasların ağlığına hopmaqdaydı.
Naziksaqqal əllərini bir-birinə çırpıb həyəcanla qışqırdı:
– Tanrım! Bu nə gözəllikdir belə! Korifey, cəld kulis arxasına!!! Sənə baxa bilmirəm! Kardebalet, təntənə yaradırsınız, şənlik yaradırsınız, cəld! Möhtəşəm bir şənlik!
Qara qu quşu səhnəyə pərçim olan və heç cür getmək istəməyən ayaqlarını zorla hərəkətə gətirib yavaş-yavaş səhnənin dərinliklərinə yan aldı.
Ağ qu quşları yenidən iki sırada qıy vura-vura süzməyə başladılar.
Naziksaqqal elə hey qışqırırdı:
– Pas de chat!
– Pas de ciseaux!
– Pas de poisson!
lll
Əjdahanın ağzı od püskürməkdəydi. Yanan əllərimlə odu söndürmək cəhdlərim əbəs idi.
Bir anda onun gözlərindən də şimşək çaxıb dəqiq zərbələrlə od lavasını bu dəfə xeyli aralıdakı ünvanlara səpələməyə başladı. Ətrafdakı binalar, ağaclar, maşınlar, adamlar da odlandılar, cızıltıyla yanmağa başladılar.
“Uff… Aman Allah, mən neynədim axı!”, – deyib özümü lənətləyə-lənətləyə get-gedə böyüyən od kütləsini yalın əllə söndürmək acizliyinə qapılmaqdaydım…
lll
Qəfildən içərini yanıq iyi bürüdü. Tamaşa zalı tüstüyə qərq olmağa başladı.
Qızlar çaşqınlıq içində məşqi dayandırdılar.
Naziksaqqal gözünü tüstülənən və get-gedə alova bürünən zala zilləyib qışqırdı:
– Yanğın, yanğın! Personal! Biz yanırıq!!!
lll
“Göz gördüyünü beyinə, bir də ürəyə ötürməlidir. Gözdən beyinə və ürəyə doğru uzanan siqnal eskalatoru ikiistiqamətlidir. Amma nədənsə illər ötdükcə göz yalnız bir istiqamətə məlumat ötürür: beyinə! Nəticədə ürək məlumatsızlıqdan get-gedə korşalır, daşlaşır”, – söylədi həmin kişi.
Dedi ki, diqqət etsən, daşlaşmış insanı daş binalardan, dəmirləşmiş insanı maşınlardan, taxtalaşmış insanı ağaclardan seçə bilməyəcəksən.
Və onu da əlavə etdi ki, ət effektli yanmır, taxtasa dəmir və daş qarışığını atəşfəşanlığa bənzər bir şey yarada-yarada gözoxşayan tərzdə yandırır.
“Çəkdiyiniz peşmançılıq ahları törətdiyiniz günahları əsla sığortalamaz”, – söylədi həmin kişi.
Və qəhqəhə çəkərək əks-səda verən səslə bəyan etdi ki, hər birinizin günah sayınız sizi yandıracaq alovu gurlaşdıran nöyüt ümmanıdır…
lll
Dostum N.-i dalbadal yığmaqdaydım, telefonunu götürmürdü ki götürmürdü.
Nəhayət, səsi gəldi. Xışıltının içindən qırıq-qırıq eşidilən sözlərindən bədənimdə qanım dondu.
– Təsəvvür eləyirsən… Parisdə – Mülen Rujda əjdaha peyda olub…
lll
Səs-küy, qışqırtı, ah-of sədaları ərşə qalxmışdı. Tüstüdən səmanın üzərində qatı bir təbəqə yaranmışdı. Qara qarğaların böyük bir dəstəsi özünü həmin o təbəqəyə vurur, sonra geri çəkilib yenidən həmlə edirdi. Hər həmlədə də qarğalar tüstü təbəqəsini acgözlüklə dimdikləyirdilər.
Qaçanlar ağına-bozuna baxmırdılar, qadınlar, uşaqlar, qocalar belə taptanırdı.
Tərpənməyən, yerində donub qalan tək bir qaraltı diqqətimi cəlb etdi. Bayaq dönər yediyim kafenin qarşısında gördüyüm qadın idi. Əlini açıb sədəqə dilədiyi vəziyyətdəydi…
lll
Balerinalar acışan gözlərini ovuşdura-ovuşdura, öskürə-oskürə birtəhər özlərini zaldan foyeyə, oradan da çölə ata bildilər.
Naziksaqqal kişi onları itələyib özünə yol açaraq zalı ən birinci tərk etmişdi.
Qara qiyafəli qız isə sövq-təbii kreslolardan məhz hansının yanğına səbəb olması fərqinə vararkən tül paltarını alov dilimlərinə tuş gətirmiş, dərhal da alışmışdı.
Yanğını törədən 13-cü cərgənin 13-cü yerindəki kreslo qara qu quşunu ovlamasını alov dilimlərini daha yüksəyə ucaltmaqla qeyd edirdi…
lll
… Qəfildən od püskürməkdə olan Əjdahanın olduqca tanış gözlərinin ifadəsinin haradan mənə tanış gəldiyini xatırladım. Bu baxışlar yamyastıydı. Upuzun sifətini yana tərəf əyməkdəydi.
Və haradasa, bir qədər də nimdaşıydı…
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)

Qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.
Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
Oxuyanda tanrı barmaqlarımı.
Qulağımın dibində
sular oxuyanda
dilini öyrəndim çayların…
Məhbus çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.
Yenə ayrılıq düşdü üzümə
Boyunuma dolanan kor çöllərdə,
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü.
Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
O geyməz əyninə yalandan yamaq
Oğluna – qızına ən böyük dayaq,
Odur qardaş kimi, odur dost sayaq,
Hər zaman ATADIR, inan sən, dostum!
Nəfəsin duyanda başının üstə,
Canına sağlığı Allahdan istə.
Başını qoyanda dizinin üstə,
Atanın dəyərin bilərsən, dostum!
Min əzab-əzyətlə böyüdər bizi,
Saçının ağında var övlad izi,
Qaməti şux deyil, bükülüb dizi,
Sən onun yolunu gedərsən, dostum!
Hələ sığalıyçun darıxacaqsan,
Gəldiyi yollara çox baxacaqsan,
Dolacaq gözlərin, ağlayacaqsan,
Şəklinə baxanda, silərsən, dostum!
Atam indi mənə-ən yaxın yoldaş,
Odur mənə qardaş, o mənə sirdaş.
O qoymaz yolumda dayana bir daş,
Dağıdar dünyanı, kövrəlsəm, dostum!

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bu sözü tək sənə deyirəm, dinlə
Çünki çətin anda oldun mənimlə,
Bu canım səninlə, ruhum səninlə,
Bir gün olmayacam… Ölsəm bağışla…
*
Soyuq bir üşütmə gəlibdir, yenə
Mən harda axtarım, de, qaçım sənə,
Hər zaman BİR DƏNƏM deyərdin mənə
Bir gün olmayacam… Ölsəm bağışla…
*
O gülən gözlərin bir gün dolarsa,
Uzanan əllərin bomboş qalarsa,
İzlərin hər yanda məni axtarsa,
Bir gün olmayacam…Ölsəm bağışla…
*
HƏR ANIN BİR HÖKMÜ VARDIR deyirlər,
O ana hökm olub nə vaxtsa gözlər
İndi mənədirsə bütün ümüdlər
Bir gün olmayacam…Ölsəm bağışla…
*
Sən mənə dar gündə çox gərək oldun
Sinəmdə çırpınan bir ürək oldun
Mən əyilən ağac, sən dirək oldun
Bir gün olmayacam… Ölsəm bağışla
*
Hər şeirim kimi… bu da ərmağan
Mən deyim, eşitsin bu bəşər, cahan
Sevgidir insana gərək hər zaman
Mən göydən baxaram bəyaz buluddan
Son anda gələrəm yağan yağışla
Bir gün olmayacam… Ölsəm bağışla…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bəsdi daha qəm, ağlama
Gülər gözüm, gülər gözüm
Yetər artıq, yas saxlama
Gülər gözüm, gülər gözüm
*
Həyatın mənası səndə olubdur,
Gülə bənzədib şeh, sənə qonubdur
Sən baxan hər tərəf nurla dolubdur
Gülər gözüm, gülər gözüm…
*
İntizar çəkməyə alışmışam mən,
Qəmdən közərmişəm, alışmışam mən,
Bəlkə ağlamaqçun darıxmışam mən…
Gülər gözüm, gülər gözüm.
*
Çoxdandır gülmürsən, şənlik etmirsən,
Elə boylanırsan, elə baxırsan,
ŞAD XƏBƏR, DOĞMA KƏS gözləyirsən…
Gülər gözüm, gülər gözüm
Sənin üçün ağladım mən,
Sənin hələ gülər gözün…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Dözdük bu həsrətə, bu iztiraba
Batdı qəlb naləyə, bu ahu-zara
Geyindi sevgimiz əyninə qara
Sevib-sevilərək ayrıldıq, gülüm…
Nə bilə bilərdik bir gün gələcək
O gülən gözlər də qəlb inlədəcək
Bilməzdik ömrümüz hədər gedəcək,
Sevib-sevilərək ayrıldıq, gülüm…
Dözdük soyuq qışa, isti bahara,
Heç önəm vermədik danışanlara,
Kaş dönə biləydik yaşananlara…
Sevib-sevilərək ayrıldıq, gülüm…
Hicran ayrı salsa da, bax səni məndən,
Qopara bilmədi, səni sevgimdən.
Ayırmasa da, inan, səni qəlbimdən,
Sevib-sevilərək ayrıldıq, gülüm…
Sənə arzum çoxdu, dedim, bitmədi,
Arzum puça döndü, kama yetmədi,
Adımız dillərdən heç silinmədi,
Sevib-sevilərək ayrıldıq, gülüm…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Yurdumun hər daşı, qayası əziz
Doğma diyarımdı, doğma elimdi
Yolunda can verib, can alsaq da biz,
HAQQI ÖDƏNİLMƏZ, bu bir deyimdi
Uğrunda oğullar ŞƏHİD oldular,
Neçə körpə bala atasız qaldı
Analar balasız , gəlinlər başsız,
Neçə min ailələr çıraqsız qaldı.
Hamsı yaddaşlarda iz qoydu getdi,
Hər oğul bir tarix, hər oğul dastan.
Bu harda başladı, bu harda bitdi?!
Bu haqda nə qoyub, nəyi yazasan?!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Ruhumuzda doğmalıq var,
Sanma yox, yox sənə yadam.
Bax, birgədir hər an onlar,
Görmədən sevdiyim adam.
Məndən ötrü əvəzin yox,
İş görürəm xoşun gələ.
Onda olur istəyim çox,
Kaş ki onu görə bilə
Gözləyirəm bir əlamət,
Diqqətindən bir işartı.
Sevindirir olsa əlbət,
Bəxş edir mənə həyatı.
Qanad verir ilhamıma,
Dediyin söz, bircə kəlmə.
Yazmaq arzum çatır kama,
Möhtacammış ona demə.
Nə olsun ki uzaqdasan,
Varlığından məmnun, şadam.
Ruhlar üçün bu yol asan,
Görmədən sevdiyim adam.
24.03.2021

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Böhtan şərlə vur da ləkə,
Təmiz, paka zil qara da.
Gözləməyib abır-həya,
Böyük, kiçik salma saya.
Varlığını sarsın riya,
Gətir ətrafı zara da.
Tək özünü təriflə, öy,
Kim tuş gəldi hikkənlə söy.
“Mən-mən” deyib döşünə döy,
Vur başını divara da.
Başqasına etməklə lağ,
Şitliyinlə lap çıxar ağ,
Girlən bax belə bir sayaq,
Gəlmə bir işdə kara da.
Qur hiylənlə fitnə-fəsad,
Ucuz alıb söz baha sat,
Ağrı, acı, qubar yarat,
Olsan nə zaman harada.
İşarəylə qaş-göz oynat,
Yaxa cır, özünə əl qat,
Mayallaq aş, qalx şıllaq at,
Hoqqalar düşün arada.
İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Hansı hədyan gəlsə dərkə,
Çək onu zildən cara da.
17.03.2021.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Bəlkə də səhvim var, nəsə nöqsanım,
İmkan ver düşünüm, daşınım, qanım.
Tapım saf-çürüklə düzü, inanım,
Mümkün, hər kəs hərdən aza yol, çaşa,
Məni ürəyimlə burax baş-başa.
Yox, haqdan kənara çıxan deyiləm,
Üstünə nəyisə yıxan deyiləm,
Qəlbini azacıq sıxan deyiləm.
Quran da deyiləm oyun, tamaşa,
Məni ürəyimlə burax baş-başa.
Dinlədim, eşitdim, şikayətini,
Kinli narazılıq hekayətini,
Duydum, hiss elədim bil niyyətini.
Dürüst qərarıma arxayın yaşa,
Məni ürəyimlə burax baş-başa.
Səninçün vəkilə dönəcəm özüm,
Olmaz yox, haqqında bircə sərt sözüm.
Xırda qüsuruna yumulmaz gözüm.
Mümkünsüz nahaqla ruhum barışa,
Məni ürəyimlə burax baş- başa.
Fərqi yox, inan ki, ola harda, kim,
Şəksiz söz-söhbətdə vicdanım hakim,
Hazıram verərsə cəzam nə, çəkim.
Düşmə zərrə qədər bundan təlaşa,
Məni ürəyimlə burax baş-başa.
16.03.2021

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Pis uymuşuq hay-haraya,
Bu sözümdə yalanmı var?
Gedirik belə haraya,
Bunu vecə alanmı var?
Öz nəfsinə olmaqla ram,
Var toplayır çoxu haram.
Ovunub olmuruq aram,
Anlamıram talanmı var?
Söyləməkdə yalan hədyan,
Ötürmürük bircəcə an.
Yaratmağa dərd, həyəcan,
Öhdəlik ya planmı var?
Naqisliklə çıxarıb ad,
“Uğur”undan oluruq sad,
Göstəririk nəhsə İnad,
Tərsliyimiz kalanmı var?
Etmir söz də bizə təsir,
Hər kəs kimdən nəsə kəsir.
Soran yazıq, yetim, yesir
Qayğısına qalanmı var?
Riyaları üzə duvaq,
Edib, gözləmirik ki haqq.
Dolanırıq bax bu sayaq,
Sonu yada salanmı var?
12.03.2021.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Ümid olma
Ümid olma naxələfə,
Qərar verər gizlin, xəfə.
Keçməz sən olan tərəfə,
Atar, anda şəksiz əlbət.
Öz xeyrini güdər müdam,
Seçməz heç düz, əyri adam.
Qardaşa da deyər yadam,
Satar, anda şəksiz əlbət.
Fürsət arar hər bir işdə,
Olar dörd göz böl-bölüşdə.
Bəd zirvəyə dirənişdə,
Çatar, anda şəksiz əlbət.
Bilməz günah nə,savab nə,
Uduzar keçən girinə.
Haram, halal bir- birinə
Qatar, anda şəksiz, əlbət.
Qənim olar düzə, mərdə,
Gendə durar xeyir-şərdə.
Yaxınları qəmə, dərdə
Batar, anda şəksiz əlbət.
Xeyir görməz ondan qəti
Qohum, əqrəba külfəti.
Görən, tuş gələnin bəxti
Yatar, anda şəksiz əlbət.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Acıqlanıb deyirsən: “Nə baxırsan həsrətlə?”
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?
Nakam eşqə cavabı özüm özümdən alım,
Verməyir həyat heç nə, xəyallarla dolanım.
Deyirsən bu halımla səni insaflı sanım,
Ətrafında dolanım, həm də sənə baxmayım?
İstəyirəm qəlbini baxışın desin dilsiz,
Ruhlarımız görüşsün özümüzdən xəbərsiz.
Yolunda canı qurban mən demişəm əvəzsiz,
Qurbanlıq olsun canım, həm də sənə baxmayım?
Xiffətindən köksümü çalın-çarpaz dağlayım,
Sevinc, fərəh görməyim, qəm-qüssədən ağlayım
Görüşünə ümidi təsadüfə bağlayım,
Ötsün belə hər anım, həm də sənə baxmayım?
Vurğunluğum səbəbdir bu bəlalı halıma,
Qərarlısan ümidsiz, belə naçar qalım a.
Bax, dönmüsən insafsız, hökmün verən zalıma,
Qurula dərd, divanım, həm də sənə baxmayım?
Acıqlanıb deyirsən: “Nə baxırsan həsrətlə?”
Gülüm, yaxılım, yanım, həm də sənə baxmayım?
Soruşursan, bilmirəm, bunu hansı niyyətlə,
Təsirsiz and-amanım, həm də sənə baxmayım?

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Düşünürəm axı nədən,
Boşa gedə vaxtın, vədən.
Sil qəlbindən, ürəyindən,
At, biryolluq, unut məni.
Gətirərlər səni “zara”,
Məğmun, küskün, günüqara.
Düşünmədən qoş onlara,
Qat, biryolluq, unut məni.
“Uzaq dur”u ən sərt, qısa
De, lal ola dilim, susa.
Demirəm ki, bundan yasa
Bat, biryolluq unut məni.
Eləsini axtar, ara,
İstəyincə gələ kara.
Sevəninəm, o əğyara
Sat, biryolluq unut məni.
Bu halıma gülə-gülə,
Qıy ki, yanam, dönəm külə.
Tək özünə xoş gün dilə,
Çat, biryolluq unut məni.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Bu doğmalıq ruhla, qanla
Türklük adlı şərəf, şanla.
Rəcəb Tayyib Ərdoğanla
Birgə vurur ürəyimiz,
Tək dost deyil, qardaşıq biz.
Müşkülümüz olsa harda,
Hər ikimiz şəksiz orda.
Səfərbərik bir qərarda,
Eyni arzu, diləyimiz,
Tək dost deyil, qardaşıq biz.
İsrarlıyıq sözümüzdə,
Çəkinmək yox gözümüzdə.
Bəs, yetərli gücümüz də.
Ortalıqda hünərimiz,
Tək dost deyil, qardaşıq biz.
Əməlimiz, işimiz haqq,
O mənə, mən ona dayaq.
Əlimizdə qoşa bayraq.
Yüksəlişdə millətimiz,
Tək dost deyil, qardaşıq biz.
Haqsızlara veririk dərs,
Həddin qana kəmfürsət, tərs.
Dünyamıza salmışıq səs.
Böyük uğur zəfərimiz,
Tək dost deyil, qardaşıq biz.
Bu doğmalıq ruhla, qanla
Türklük adlı şərəf, şanla.
Rəcəb Tayyib Ərdoğanla.
Birgə vurur ürəyimiz,
Tək dost deyil, qardaşıq biz.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Dünya boyda bir tənhalıq yaşayıram,
Ovuc qədər xoşbəxtliyi görəmmədim…
Ayrılıqdan ağır yük daşıyıram,
Məni məhv eyləyir bir dünya dərdim…
Ürəyim dinməyir, dil danışmayın,
Çəkir həsrətini-intizarını,
Sanki döyünməyir, o yaşamayıb,
Boğulur, bağırmır ahu-zarını.
Daha bu cahana sığmaz ki, ahım
O qədər nifrət var, inan, ürəkdə.
Səni nişan alan sevgi silahım,
Qayıdıb özümü vurub hədəfdə.
Eşqdən elə bezgin, elə küsgünəm,
Sevən ürəyimi qırdı bu həyat.
Sən səfil, mən isə sənə sürgünəm,
Dön bir geriyə bax, bir addım sən at.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Eh…mənim ömrümü yarı eylədi,
Utancaq, ismətli, həyalı eşqin.
Ağardıb saçımı, qarı eylədi,
Sənin daş ürəkli, qayalı eşqin.
Saldı, körpü saldı, könlüm evinə,
Hicranı qoymadı vüsalım dinə,
Düşüb gözlərimin dəli sehrinə,
Oxlayır qəlbimi bəlalı eşqin.
Sinir ürəyimə dərd boxçasıyla,
Könlümü oxşayır xoş baxışıyla,
Bir rəssam əlinin qəm fırçasıyla,
Min yol naxışlayır boyalı eşqin.
Sevda bağçasında səfil eyləyib,
Məni Leyli kimi o kül eyləyib,
Hər nə eyləyibsə qəfil eyləyib,
Düşübdü bəxtimə sayalı eşqin.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Nə vaxt gedirəmsə ata yurduma
Məni kədər qovur, qəm qucaqlayır.
Bir ata harayı, qardaş nisgili
Açır qollarını məni haqlayır.
Nə atam hay verir, çıxır qarşıma,
Nə də ki, qardaşım ötürür məni.
Ələnir dünyanın qarı başıma,
Zaman damla-damla əridir məni.
Atamın əkdiyi bar ağacları,
Ayrılıdan için-için qovrulur.
Quruyub gilənar, nar ağacları,
Elə bil həsərətən külü sovrulur.
Körpə ağacların körpə budağı,
Qardaş salamını yetirir mənə.
Qəfil dolu vurmuş solan yarpağı
Kövrəlib öpürəm mən dönə-dönə.
Beləcə, gəzirəm bağı-bağçanı,
Həsrətin dumanı çöküb hər şeyə,
Itib səliqəsi, itib səhmanı,
Atamın əlləri dəyməyir deyə.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Əziz müəllimlər! Hər birinizin qarşısında baş əyir, peşə bayramınız münasibəti ilə hər birinizi təbrik edir, sizlərə uğurlar diləyirəm!.. Və dünyasını dəyişmiş müəllimlərimə Allahdn rəhmət diləyirəm!
Tərəqqinin hər bir sahəsində əməyi olan müəllimlərimizə eşq olsun!
… Saxlayın hörmətin müəllimlərin,
Onlardı açarı xəzinələrin.
Yazıb-oxumağı öyrətdi bizə,
Bir açıq göz verdi gözlərimizə.
Ləkə gətirməyin onun adına,
Kor olar kəm baxan öz ustadına.
Müəllimə hörmət borcdu bizlərə,
Haramdı haqqını itirənlərə!!.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Deməyin Əlağa dönüb dumana,
Sarıldı hardasa bir dağa, getdi.
Deyin hopa-hopa ürəyimizə,
Döndü didəmizdə bulağa, getdi!
Məni aqil olan tez düşər başa –
Söylərdi dərdini divara-daşa.
Axır dərdləriylə verib baş-başa,
Eylədi canını sadağa, getdi!
Keçirib göynəkdən hər gələn dərdi,
Balatək oxşayıb əzizləyərdi…
Hardasa “Dilqəmi” inildəyərdi,
Dönərdi bir gövrək uşağa, getdi!
Deyərdi, a Qafqaz, könlüm çağlamır,
Bir yanım tikandı, bir yanım mamır…
Onsuz da bu dünya qonaq saxlamır,
Bir gün də görərsən Əlağa getdi!

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bu şeir yazılanda Şuşa hələ həsrət idi… Bir daha belə şeir yazmamaq diləyilə… 😊
İtirilmiş şəhərləri okeanlarda axtarıb
Səhralarda tapırıq…
Səncə, bu, sevgi deyil?!
Harda bir ovuc gülüş var
Gözlərimizlə qapırıq…
Səncə, bu, sevgi deyil?!
“Ağ yuyub qara sərdiyim”
Sənsizliyin qucağına
Bir körpə şəkli qoymuşam…
Dünən də xəyalımda
Şuşaya qədər qaçmışam,
Cıdır düzünün köksündə
Şeir süfrəsi açmışam…
Səncə, bu, sevgi deyil?!
Şeir-şeir, nəğmə-nəğmə
Öldürürlər şairləri
Bütün gözəl oxucular…
İlk şeiri yazanların
Son misrası ağı olub;
Unudulmur ağıçılar…
Səncə, bu, sevgi deyil?!
Dəməşqdə bir qız ağlayır,
İstanbulda layla deyir bir nənə…
Bizim evə yağış damır;
Damla-damla pay bölürük Tanrıyla:
“Biri sənə, biri mənə…”
Səncə, bu, sevgi deyil?!
Məncə,
Sevgidir, sevdiyim…
2020

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Şəkinin dumanı nazlanır axı…
Çəkir ürəyimi pişik dalaşı,
Qonşuda söz qalıb:qapıarası,
Qızların göyçəyi piyada gəzmir,
Naza həsrət daşlar küçə həyası,
İndi necə edim, nə deyim ki, mən
Olmayım dumanda nazdan narazı?
Şüşədən rübəndlər dəbə düşəndən
Gizlənir eyvanlar pərdə dalında…
… Yaman çəkinirəm qara pişikdən,
Pusur hənirimi qapı dalında…
Nazın çəkmədiyim boz pişiklərin
“ah” qoxur küsəyən mırıltıları…
Şəkinin dumanı nazlanır axı…
Bir naz da mən atdım xatirələrə,
Bu gün də yadıma salmadım səni…
… Nə eyvan, nə də ki pişik deyiləm,
Qatım abırıma, aldadım səni…
Mənimki, uzağı, bircə tumardı,
Çəkəsən ruhuma, dönəm olam mum…
…bilirəm…
Bilirəm, gözəl axtaran,
Şəkidə eyvan da, qara pişik də,
Bu daşlı yollarda ölən ümid də,
Lap elə Şəkinin özü də məsum…
… Bir mən günahkaram…
Bir də, ayrılıq…
… Şəkinin dumanı nazlanır axı…
Şəfa Vəli (2022)


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Qəlbimdə yasını saxlayıram mən,
Məni yoxluğuyla sınaq edən şəxs.
Bilsən, daha əvvəlki biri deyiləm,
Sonanı sevməyə peşman edən kəs.
Varlığın bilinməz, yoxluğun aydın
Fərq etmir, bəlkə də, səninçün hələ.
Özünü əlçatmaz birimi sandın?!
Yoxsa, düşünürsən dönəcəm sənə…?!
Həyatdı, bəlkə də, qarşılaşdıq biz,
Mənim sağ yanımda başqası durar.
Vurar ürəyinə o görüş bir iz,
Sonra yara bağlar, qopar, qanayar…
Əlimdən tutmuş bir uşaq görərsən,
“Ay ana, gəl, gedək” deyib çağırar,
Göz yaşın axacaq, gizlin silərsən
Bu sənə ən böyük qisasım olar…

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.
Mən ki ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə nəfəs-nəfəsəm.
Yığıldı köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?
Qürurum ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma, çıxmayacam qarşına daha,
Qorxma, yolsuzluqda qapı açılıb…
Adımı dəli qoy, yada sərsəri,
Min bir bəhanə tap qınağa, kinə.
Bütün kədərimin yolu sənədi,
Bütün qəzəbinin ünvanı mənə.
Daha əvvəlki tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi mənəm.
Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin…
* * *
Sonuncu yarpaq da endi budaqdan,
Başını dumanlar aldı dağların.
Yenə bir əlvida qopdu dodaqdan,
Yeni bir yolçusu var uzaqların.
Ağlasam göz yaşım səni durdurmaz,
Verdiyin qərarda qətisən bəlkə.
Bu boyda dünyada kədər tapılmaz,
Mənə yaşatdığın kədərdən yekə.
Nə edim son sözün sussdurdu məni,
Təpədən dırnağa təzadsan, təzad.
Taxdın inadıma kələpçələri,
İndi mən məhbusam, indi sən azad.
Nə son yarpaq idi budaqdan düşən,
Nə son qaranquşdu köç edib gedən.
Sən idin qəlbimi incidən, deşən,
Sən idin səbəbkar, sən idin nədən.
Susub çarəsizcə yola saldığım,
Arxanca ağladı buludlar gecə,
Bu gündən bilmirəm qurban olduğum,
Necə yaşayacam mən sənsiz necə…

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Get-gedə tükənir içində adam,
İtir ümüdünün köçündə adam.
Bu dürüst, bu güclü biçimdə adam,
Kiçilir bir buğda dənəsi boyda.
İkiyə bölünmüş düymə kimidir,
Axtarsan samanda iynə kimidir,
Gerçəyi göstərən ayna kimidir,
Kim baxsa görünər şələsi boyda.
O adam dağ deyil ucadan-uca,
Laləzar bağ deyil çiçəklər aça.
Taleyi balaca, ömrü balaca,
Ürəyi kəpənək nəfəsi boyda.
Nə sükut tanıyar, nə də tanış səs,
Öləndə içində həyəcan, həvəs.
Bütün kainatda yox ona qəfəs,
Allahın yer adlı qəfəsi boyda…
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.
Çılçıraq üzünə saldıqca kölgə,
Oynayır üstündə sirli naxışlar.
Sənə ürəyimi açardım bəlkə,
İndi içkiliyəm məni bağışla.
Bilirəm bu vüsal görüşlərindən,
Nə mən doyasıyam nə sən doyası.
Yayılır boynuma öpüşlərindən,
Çiyələk ətirli dodaq boyası.
Fırlanır başıma otaq, divarlar,
Elə bil zamandan alırıq qisas.
Bu gecə havada başqa sehir var,
Adı məhəbbətdir, adı ehtiras.
Sənsizlik o qədər ruhumu didib,
Bu qərib vüsalı göydən dərmişəm.
Səni qarış qarış İxtira edib,
Səni zərrə zərrə əzbərləmişəm.
Azmaram bu tanış cığırı izi
Qəlbimdə adının fərqli yeri var
Bilirəm heç zaman anlamaz bizi
“Həyalı”adamlar, “doğru” adamlar…
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Əllərin əlimdən uzaqdır yenə
Darıxıram…
Hisslərim qəlbimdə dustaqdır hələ
Darıxıram…
Yoxluğun kölgə tək izləyir məni,
Gözlərim hər yanda axtarır səni,
Xatırlatsa belə, acıdır. :Yəni,
Darıxıram
Xəyalın mənlə dir, harda olsam da,
Ürəyim səndədir, kəsib atsam da,
Hissimi əqlimlə bil, azdırsam da,
Darıxıram…
Susub, danışmıram, qoy duyum səni,
İsti nəfəsini, şirin kəlməni,
Uzağa aparır fikirin məni,
Darıxıram…
Bu səs-küyün içindəyəm, amma, yenə,
Nəysə yenə sürükləyir məni sənə,
AYRILMIŞIQ- mənsə bunu bilə-bilə,
Darıxıram…
Acıdır, sənsizlik ölümmüş demə,
Mən qibtə edirəm məhəbbətim,
Qjl olub yenə də ağlım qəlbimə,
Darıxıram…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sən dalğalı dəniz,
Mən qumlu sahil,
Biz ayrı doğulduq…
Sən ulduzlu gecə,
Mənsə sübh çağı
Biz ayrı doğulduq…
Gül – çiçəkli bağsan,
Mən torlu çəpər,
Biz ayrı doğulduq…
Sən ümüd çırağı,
Mən əriyən şam,
Biz ayrı doğulduq…
Sən qayğılı mələk,
Mənsə pərvanə,
Biz ayrı doğulduq…
Sən bir qəlb oğrusu
Mənsə İntizar
Biz ayrı doğulduq…
Sən mənə aşiqsən,
Mən də sənə yar
Biz ayrı doğulduq…
Hər an bir olduq…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
İllər mənə sevilməyi öyrətdi
İndisə sevgimə edirəm vida,
Əlvida sevdiyim, sənə əlvida
Ağlatdı, həm gülməyi öyrətdi
Sevsə də fərqi yox, ya ağlatsa da,
Əlvida, sevdiyim, sənə əlvida
Həyata bir dəfə gəlirik bizlər
İndi ömrüm sənsiz sona çatsa da,
Əlvida, sevdiyim, sənə əlvida
Qəlbimin evinə qonaq gəlmişdin
Sən ona, o sənə çox bağlansa da,
Əlvida, sevdiyim sənə əlvida.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bəlkə məni düşünürsən,
Bəlkə soyuq yatağında, o qaranlıq otağında
Mənsizlikdən üşüyürsən.
Xəyalına gəlirmi, heç
Bircə kərə bu sürətim,
O gözlərini qırpanda,
köməyinə yetirmi heç
Çətin anda, sən adımı çağıranda…
Sevginmi çox, ya nifretin?!
Bu sualı düşünməkdən,
Buna cavab axtarmaqdan heç bezmirəm
Usanmıram
Yanımdasan, mənimləsən
Mənsə yenə,
O əllərini tutmaqdan,
Nur gözlərinə baxmaqdan
Yorulmuram, doyammıram…
Rəsmini də cızma-qara eyləyirəm
Arada bir xəyalımda.
Mən ki səni unutmadım,
Unutduğum Özüm oldum,
Ta o vaxt ki, mən ayıldım
Eşq yuxusundan oyandım,
Amma səni görəmmədim dörd yanımda…
Çox sıxıldım,
Çox ağladım tənhalığa
Üsyan etdim,
Zəfər çaldım,
Qalib gəldim ayrılığa.
Fəxr eylədim səniniylə,
Sevginiylə
Dar günümə kömək olan,
Şirinkə…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Pis günü unudub, xoş arzularla
Yaşaya bilməkçün lazımsan mənə.
Qaranlıq gecədə o xülyalarla
Bacara bilməkçün lazımsan mənə
Yenidən həyata gəlmək İstərəm,
Doymamış həyatdan köçə bilmərəm,
Min kəs də doğulsam, səni gəzərəm
Sevə bilmək üçün lazımsan mənə
Çətindir tək-tənha qalmaq həyatda.
İnan, sənsiz heçdir nəfəs almaq da.
Yorğun yollar boyu addımlamaqda
İrəliləmək üçün lazımsan mənə
Ömrüm sona çatır, qonağa mən də,
Sənə möhtac qalıb ruhum, cismim də
Ölsəm, vuracaqdır qəlbim bil, səndə
Səni duymaq üçün lazımsan mənə
Unutma, gözlərim güldü səninlə,
Ağladı səninlə, güldü səninlə,
Ürəyim də vurur indi səninlə
Diqqət et sözümə, SƏNLİ HƏYATDAN
Xəbər almaq üçün lazımsan mənə

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sən apar, buradan, apar uzağa
Xəyalımı apar, fikrimi apar.
Tənhalıq İstərəm, təklik İstərəm,
Sevincimi apar, qəmimi apar
Bu da bir taledir, bu da bir qismet
Səndə suni, məndəsə safdır məhəbbət.
Son anda istəsən məndən əmanət,
Sən gəl əqlimi apar, qəlbimi apar.
Yad kimi… özgə tək görüşürük biz…
İndi yaysız oxdur acı sözümüz.
Əgər nakamdırsa bizim sevgimiz
Gəl qopar canımdan sevgimi apar.
Unut sən əhdi də, o ilqarın da,
Bircə addım atma mənə sarı da
Vəfasız olarmış qəlbin yarı da…
Gəl çıxar cismimdən ruhumu apar.
Xatırlama daha bu Sonanı da,
Unut, xəyal etmə ötən anı da,
İndi sənə özgə İntizarı da,
Gəl apar, bacara bilsən, əzizim
İndi sən özgəsən, mən bir özgənin…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
*
Bir tar səsi,
Həzin-həzin eşidilir…
Bir tar səsi,
Yerini heç nə vermir…
*
Bir tar səsi,
Məni cuşa gətirir…
Bir tar səsi,
Yazmağa həvəs verir…
*
Bir tar səsi,
Laylay kimi səslənir,
Bir tar səsi,
Məni necə məst edir…
*
Bir tar səsi,
Duyğuları oyadır…
Bir tar səsi,
Neçə arzu yaradır…
*
Bir tar səsi,
Gecəmin qonağıdır…
Bir tar səsi,
O gecənin sabahıdır..

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Oxu ürəyimi, yaz, ey qələmim,
Cümlələr acizdir yazdığın sözə.
Nəyi istəməsən, poz, ey qələmim,
İstəmirəm gələsən sən yad bir gözə.
Bir şeir yaz, qələm, özündən danış,
Misralar bəzənsin təbəssümlərə.
Arada ürəkdən gah küs, gah barış,
Hisslərin düzülsün qoy sətirlərə…
Bir az qəmdən bəhs et, bir az sevincdən,
Bir azca yer də qoy xoşbəxtlik üçün.
Əvvəl ürəyimi oxu gözümdən,
De, buna çatarmı cəsarət-gücün?!
İndi bir az məndən bəhs et, ey qələm,
Gözümdən ayrı yaz, ayrı ləbimdən.
Yanağımdan düşən yaşı mən silləm,
Dodağma düşəni sən yaz dilimdən.
Yaz, uzun telimi külək oyadar…
Atar çiyinimdən sağa, gah sola.
Yaz, necə əllərim soyuqdan donar,
Ya da həyəcandan düşər yanıma…
Bir də bir ricam var, səndən, qələmim,
Çox biruzə vermə bədbəxtliyimi.
Azca tərif eylə, şən yaz, ürəyim,
Qoy gəlsin həvəsə, yazdırsın səni…

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Güləndə gözümün içi də gülür,
Yetər ki, SEVDİYİM yanımda olsun!
Olmasa, eşqimin çırağı sönür,
İstərəm daha da od-alovlansın.
Tutub əllərimdən, sarılsın mənə,
Saçımı oxşasın, ətrin qoxlasın.
İsti əlləriylə toxunsun mənə,
“SEVİRƏM”, “MƏNİMSƏN” o pıçıldasın.
Gözəl sözləriylə vəsf etsin məni,
Bənzətsin günəşə, ulduza, aya.
Səmaya birlikdə bir əl uzadaq,-
Bir ulduz mən sayam, birin o saya.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Canımda qalmayıb dözüm,
Dodağımda donub sözüm,
Yollarına baxan gözüm,
Tutulaydı görməyəydi.
Qəm şələsi çəkdi ilim,
Daha dinmir şirin dilim,
Qırılaydı iki əlim,
Sevda gülün dərməyəydi.
Yoxmu sonu bu həsrətin,
Vüsal dada yetə, çətin,
Ürəyim bu məhəbbəti,
Açıb düzə sərməyəydi.
Taleyimiz nə qəribə,
Salıbdı bizi qəlibə,
Yox olaydı kaş Nəcibə,
Sənə könül verməyəydi.
1998….

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yaman dolmuşam bu gecə
Ürəyimdən qan verirəm.
Əllərimi açıb göyə
Həsrətimə can verirəm.
Bir günahlı günahsızam,
İpə-sapa yatammıram.
Özümə necə qansızam,
Günahıma batammıram.
Bu eşqin əlindən tutub,
Uşaqlığa qayıdıram.
Şirin-şirin xəyalları
Misra-misra oyadıram.
Yaza bilmədiklərimi
Unudulmuş hiss edirəm.
Qu quşu tək son nəğməmi,
Sənə oxuyub gedirəm.
Əllərimdə ümid yeri,
Qəlbimdə güman azalır.
Bilmirəm bu həsrət niyə,
Yollarını məndən salır.
Bəlkə arada gözlərin,
Dola dolmaya nəbilim.
Həsrətim yuxuya gedib,
Yum gözünü indi gəlim.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Rəfiqəmdi mənim, dərd ortağımdı,
Dərdimi-səbrimi dinləyir mənim.
Saçımın sığal, qəlb yoldaşımdı
Gözlərinin üstə bəsləyir məni.
Laylası həzindi, məlahətlidir,
Səsi qulağımda səslənir, durur
Güllərdən incədir, təravətlidir
Mənimçün hər zaman əlçatmaz odur.
Başımı qoyuram dizinin üstə,
Bütün ağrıları unuduram mən
Yeri vardır mənim gözümün üstə,
Canımı istəsə qurban edərəm
O məni dünyaya gətirən insan,
O mənim yaşamaq eşqimdir, eşqim.
Odur mən düşdüyüm atəşə yanan
Yolumda çıraqdır, işıqdır mənim.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bir ANA sözünə həsrət bir qadın…
Gözləri özgənin qucağındadır.
Xəyalında qoyur körpənin adın,
Axan göz yaşları yanağındadır…
Bəsləyir, oxşayır xəyalən onu
Bələyin bağlayır, üzün oxşayır…
İçinə çəkir o körpə qoxsunu
Özü öz içində hönkür ağlayır.
Bir körpə gülüşə həsrət bir qadın
Sinəsi dağlardan çaram_çarpazdır,
Duymayıb həyatda “ANALIQ” dadın
Ömrü nə bahadır, nə şaxta-ayazdır…

Sona İNTİZAR (Nurəliyeva Sona Səyyar qızı) 1990-cı il may ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Rəfiyev adına 166 saylı tam orta məktəbə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış etməkdədir. 14 fevral 2012-ci il tarixindən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavinidir.
1. “Kenanaydinoglu.com“, 1 noyabr 2022-ci il. “Dost məktubu”.
2. “Edebiyyat-az.com“, 1 noyabr 2022-ci il. “Kənan Aydınoğluna”.

Şəhidim əfsanə, şəhidim dastan,
Ey şəhid, alınmaz, sərt bir qalasan.
Yeni tarix yazdın, sən qalacaqsan,
Vətən yaşadıqca yaşayacaqsan!
Hər ovuc torpaqda şəhid qanı var,
Gələcək nəsillər onu qoruyar.
Vətəndə doğulan hər bir igidin,
Adında yenidən bir şəhid yaşar!
Səmanda üçrəngli vətən bayrağı,
Adınla boy atar vətən övladı.
Qanınla gül açar vətən torpağı,
Ey şanlı vətənin şanlı övladı!
Şəhidim köç etdi, hamısı nakam,
Dedi: “Doğulmuşam, səni qoruyam!”
Dağına vuqaram, düzə torpağam,
Vətənim yaşasa, mən də yaşaram!
Əzmini qırammaz bir mənfur düşmən,
Vətən, əl çəkməyir düşmənlər səndən.
Tarixlər yazırsan yenə bu gündən,
Qarabağ, azadsan yenə bu gündən!
Hər oğul bir evdir, hər şəhid vətən,
Nə anadan doydun, nə anan səndən.
Ey vətən, doğuldun yenə bu gündən!
Qarabağ doğuldu yeni tarixdən!

Vətənsiz insan yetim qalır…..
Atanın çörəyi, ananın südü,
Sənə halal olsun, igid əsgərim!
Can əsirgəmədin gözəl vətənə,
Qanınla gül açar, dağım, düzlərim.
Ağlama, balalar, əziz analar,
Vətən hər balanın atası olar.
Yurdu qorumasa igid oğullar,
Analar, balalar, kimsəsiz qalar.
Vardırsa vətənin, var-dövlətin var,
Dörd divarın varsa, cah-cəlalın var.
Vətənin var isə, ata-anan var,
Vətənsiz balalar tək, yetim qalar.
Qeyrətdə ər, igid, düşmən baş əyər,
Şəhid qanlarından, vətən göyərər!
Vətənin düzləri, dağı, yamacı,
Şəhid oğullarla dağlar fəxr edər!
Alınmaz qaladır can əsgərimin,
Zəfəri böyükdür, əzmi dəmirdən.
Yeni tarix yazdın yenə bu gündən,
Tarixlər yazacaq hər əsgərimdən!
Torpağım qəlbinə həkk edər səni,
Sən vətən yolunda haqqa ucaldın.
Vətənin mərd oğlu, igid əsgəri,
Vətən var olduqca yaşadar adın!
Cəsarət, hünərin, qalibiyyətin!
Qanınla sən yazdın əbədiyyətin!
Neçə ki yaşayır can Azərbaycan!
Adını unutmaz gözəl vətənin!
Xalidə Hicran Seyidova
[21.09 16:51] Xalide Hicran: “Oğullar tarix yazır”
Şəhidim əfsanə, şəhidim dastan,
Ey şəhid, alınmaz, sərt bir qalasan.
Yeni tarix yazdın, sən qalacaqsan,
Vətən yaşadıqca yaşayacaqsan!
Hər ovuc torpaqda şəhid qanı var,
Gələcək nəsillər onu qoruyar.
Vətəndə doğulan hər bir igidin,
Adında yenidən bir şəhid yaşar!
Səmanda üçrəngli vətən bayrağı,
Adınla boy atar vətən övladı.
Qanınla gül açar vətən torpağı,
Ey şanlı vətənin şanlı övladı!
Şəhidim köç etdi, hamısı nakam,
Dedi: “Doğulmuşam, səni qoruyam!”
Dağına vuqaram, düzə torpağam,
Vətənim yaşasa, mən də yaşaram!
Əzmini qırammaz bir mənfur düşmən,
Vətən, əl çəkməyir düşmənlər səndən.
Tarixlər yazırsan yenə bu gündən,
Qarabağ, azadsan yenə bu gündən!
Hər oğul bir evdir, hər şəhid vətən,
Nə anadan doydun, nə anan səndən.
Ey vətən, doğuldun yenə bu gündən!
Qarabağ doğuldu yeni tarixdən!

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Ömrümün birçək vaxtıdı,
Yaşımın çiçək vaxtıdı,
Sevgimin ləçək vaxtıdı,
Ay ömrümü alan adam.
Ürəyimlə məzələndim,
Eşqim üçün çox ələndim,
Bu sevgim üçün diləndim,
Ay ömrümü alan adam.
Nə olum həvəsim qalıb,
Nə ölüm həvəsim qalıb,
Səndən özgə kimsəm qalıb?
Ay ömrümü alan adam.
Qış bəxtimə xoş kimiyəm,
Bir az əliboş kimiyəm,
Öz ömrümə bir günüyəm,
Ay ömrümü alan adam.
Gündüzümün gözü qara,
Can kəlməmin üzü qara,
Kəfən adlı bezim qara,
Ay ömrümü alan adam.
16.11.2016.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Üzülməyən sevgimizin,
ürəyini niyə üzdük?!
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.
Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinıə acı süzdük.
Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq..

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim.
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.
Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.
Yaz dərdimi, yaz aramla,
Nə yaşayım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Əlimdə əlinin qoxusu qalıb
Sığalı duyuram saçımda hələ
Necə də xoş idi… Fikirə dalıb,
Xatirən gəlibdir ağlıma yenə…
Ürəyim çırpınır həyəcanından,
Doğma bir nəfəsdə, doğma qollarda
Sənin od-alovlu baxışlarından
Bax , həsəd aparır sənə yollar da.
Gəl sarıl belimə, al qollarına,
Qoru bu həyatın zülmündən məni.
Adım hecalansın dodaqlarına,
Sən çağır…
Hayına hay verib, səsləyir səni.
Gəl yoluna qurban, gəl bu həsrəti
Dəf edib, biz çataq arzuya, kama…
Səndən yetim qalan bu məhəbbəti
Gəl, çatdır vüsala, yarım buraxma
Qələmim tək səndən yazır-yaradır
Şeirimin hər sətri səndən bəhs edir…
Sonanın sevgisin ürəkdən alır…
Qələm sətirlərdə səni vəsf edir…

“Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”…
Əşrəf Veysəlli
Əgər düşüncələr gəlirsə haqdan,
Sözün ləngərindən dərə tərpənir…
Dağın sinəsinə çəkilən dağdan
Axı nə xəbəri dərə-təpənin?
Nələr görməmişik gözü böyüdən?
Yurdsuzluq qəlbimi ağrıdır, qardaş…
Şairi böyüdən, sözü böyüdən
İçindəki dərddi, ağrıdır, qardaş…
Deşir qulağımı bayağı səslər,
Hamı kül üfürür xalqın gözünə.
Adının önündə xalq olan kəslər,
Necə çıxacaqlar xalqın üzünə?!
Həsrət selləriylə dərd yumalıyıq,
Hikmət göylərində uçan nə gəzir?!
Hərəmiz bir nəhəng dərd yumağıyıq,
Onu çözələyib açan nə gəzir…
Yarasa gözlülər inləyir dərddən,
Qaranlıq bəbəklər qığılcım udur…
Bərq vuran ulduzlar dərd qaynaq edən
Şair qələminin qığılcımıdır…
Zaman da üyütmür bu namərdləri,
Yatan ürəkləri döyündürürük.
Təzə sözümüzü köhnə dərdlərin
Yalın ayağına geyindiririk…
Gəlmişik ağrını söz eləməyə,
Ciyər para-para, qəlb cadar-cadar.
Bizim ömrümüzü təzələməyə
Təkcə Yaradanın qüdrəti çatar…
Haqq nuru məlhəmdi şair sözünə,
Yaradan göylərdən izləyir bizi…
Ay qardaş, nə vaxtsa haqqın üzünə
Açılan səhərlər gözləyir bizi…
20.12.2019

Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə
Gözəl məlhəm imiş zəfər müjdəsi…
Axır ki, açıldı paslı kilidlər,
Bayraqlar yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba kəndlər
Viranə könlümə bənzəyir necə?!
Ağır sınaqların, möhnətin izi
Elə bilməyin ki, bizi sarsıtdı…
Qəlbimizdə olan vətən sevgisi
Bitib tükənməyən silah-sursatdı…
Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd həsrətiylə,
Bir gözüm ağlayır, bir gözüm gülür…
Uşaqlar böyüyüb, qocalmışıq biz,
Anıb kövrəlirık o çağımızı…
Şükür, boş qalmayıb bizim yerimiz,
Yandıran olacaq ocağımızı…
Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda sahib çıxın, əziz balalar…
Çox yola salmışıq tufanları biz,
Quruyan ümidlər tumurcuqlayır.
Görəndə qeyrətli cavanları biz,
Dolan gözümüzdə yaş muncuqlayır…
Ürək çan atırsa çata yurduna,
Yenə bu torpağa bahar gələcək!
Övlad sahib çıxsa ata yurduna,
Qərib məzarlarda ruhlar güləcək.
Yadlara qıymayın, özünüz dərin,
Cavanlar, köksümdə bitən həsrəti.
…O yurdu bir dəfə görməyənlərin,
Gözündən boylanır vətən həsrəti…
-Qəlbimiz titrəyən nanə yarpağı,
Həsrət quyusuna daş atmışıq biz.
Bir yol görməsək də doğma torpağı,
Onu qəlbimizdə yaşatmışıq biz…
Geriyə dönərmi yaydan çıxan ox?
Dönürük vətənə, qərar qətidi…
O torpaq tək bizə babaların yox,
Həm də şəhidlərin əmanətidi…
…Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi…
08.11.2020

Məni haldan-hala saldı
Bakıda payız yağışı…
Qəlbimi yaman kövrəltdi
Təbiətin yır-yığışı…
Qara asfalt gözəlləşib,
Üstündə nə çox yarpaq var!
Elə bil yapışıb yerə
Sarı, qızılı yarpaqlar.
Sanki xatirələr çimir
Gözümün qaynar selində.
Xəzəllər bir addamacdı
Elə bil yağış gölündə…
Ürəyimin arzusuna
Axı necə qulaq asım?
O addamacın üstünə
Necə qıyıb ayaq basım?
O qızın əlində xəzəl
Dönüb payız çiçəyinə.
Təşnə dodaqlarım qonub
Təptəzə gül ləçəyinə.
Payızam, yaz çiçəyini
Mən necə bağrıma basım?
Heç bilmirəm dönəcəkmi
Bir də geri könül yazım?
Sevinir üşüyən çiçək,
Od tutub yanır yanağı.
Elə bil qorxutmur onu
Elin tənəsi, qınağı!
Içimdə yaz havası var,
Yeriyirəm ağır-ağır.
Çölümə də yağış yağır,
Içimə də yağış yağır…
23.10.2014

Təmiz saxlayasan gərək ağzını,
Küləyə nə atsan, üzə döndərir…
Həyat bir sehrli bumeranq kimi
Kimə nə vermişik, bizə döndərir.
Gəzdim yamacları, yaşıl düzləri,
Düşübdür hər yana ömrün izləri,
Dağlar lalələri, tər nərgizləri
Yoluma dikilən gözə döndərir…
Güllər ətir qatır əsən küləyə,
Günəşdir dünyanı zərə bələyən,
Ən uca dağları dərə eləyən
Nəhəng kötükləri közə döndərir…
Elə ki, adlayır ömür yarıdan,
Ürək zillət çəkir köhnə yaradan,
Şairi öldürmür Ulu Yaradan,
Ömrünü nağıla, sözə döndərir…
16.04.2020

Sakit оkeanın sahilində
sakitsə-sakitcə
Хəzər sahillərini andım.
Bu nəhənglikdə оkean
qədrini bilən оlsa
elə dоğrudan da оkeandı.
Burda nə qədər hasarlar
çəkmək оlarmış, Ilahi.
Burda nə qədər villalar,
kababхanalar
tikmək оlarmış, Ilahi!
Burda nə qədər
sahibini gözləyən
bоş tоrpaqlar,
yaşıl meşə, dağ, yamac,
dərə-düz qalıb…
Bu amerikanlar lap hərif imişlər –
Bu qədər aхar-baхarlı yerlər
hasarsız, çəpərsiz qalıb…
07.08.2016. Temesqal.