This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,

Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.

Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm,

Ömrü ağ günlü könüllərdə səadət görürəm,

Sözü xoş nəğməli dillərdə bəqiqət, görürəm,

Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ,

Əbədi şölə saçan çilçırağımsan, Qarabağ.

Yadigarsan babalardan bizə, ey şanlı diyar,

Dostluğun – fəxr elə – bağlarında təməl daşları var.

Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,

Şuşası şerimizin çeşməsi dilbər Qarabağ,

Yürüşündə hər ili əsrə bərabər Qarabağ!

Gəzmişəm əldə qələm bağlarını, dağlarını,

Dalmışam seyrə zəfər müjdəli bayraqlarını,

Çəkmişəm nəzmə gəlib vəcdə gözəl çağlarını,

Adlanırsan bütün ellərdə gülüstan, Qarabağ,

Sən Azərbaycanımın şöhrətisən, can Qarabağ!

Gül-çiçək ətri hopub qızlarının dillərinə,

Yayılıb varlığının qüdrəti dost ellərinə,

Qoymaram yad əli dəysin bağının güllərinə,

Mən Süleymanam, səninəm, sən də mənimsən, Qarabag,

Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ!