Gəlib sizə dəyərdim,

Qapınızı döyərdim,

Bizdən sizə deyərdim,

Sizdən bizə kim düşə?

Qoy deyim sözarası,

Sağalmır söz yarası,

Ürəyimin parası,

Sözdən bizə kim düşə?

Qışı, yazı, nə yayı,

Keçirməyək havayı,

Axı bizdən savayı,

Bizdən bizə kim düşə?

Mənə bir söz ol, boyun,

Çıxıb gedək qol-boyun,

Saldığımız yol boyu,

İzdən bizə kim düşə?

Qəfil gələk üz-üzə,

Qaş oynaya, göz süzə,

Deyəmmərəm mən sizə,

Bizdən sizə kim düşə!