Blog

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

    1. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

    3. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işçilərinin say həddi cəmi 384 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üzrə 25 ştat vahidi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə 219 ştat vahidi müəyyən edilsin.

    5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    7. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056; 2015, № 9, maddələr 985, 996, № 10, maddə 1120; 2016, № 5, maddə 850, № 10, maddə 1646, № 11, maddə 1809; 2017, № 3, maddə 356, № 6, maddə 1084, № 10, maddə 1785; 2018, № 2, maddə 186) ləğv edilsin.

    8. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1563; 2016, № 12, maddə 2066; 2017, № 2, maddə 181, № 6, maddə 1086) 2-ci və 3-cü hissələri ləğv edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 6 iyun 2018-ci il.

    Mənbə: https://president.az

  • Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib

    İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb.

    Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat və yaradıcılığına dair film göstərilib.

    Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar layihənin səkkiz ildir davam etməsini ədəbiyyatın və mütaliənin təbliği baxımından müsbət hal kimi dəyərləndirib. Anar bildirib ki, Şairlər Gününün nakam şair Müşfiqin xatirəsinə həsr olunmasının xüsusi mənası var: “Biz dünən Müşfiqin xatirəsini yad etmək üçün dənizə gül səpdik. Bir möcüzənin şahidi oldum. Biz geri qayıdanda dənizə səpdiyimiz qərənfillər üzü Nargin adasına sarı gedirdilər. Sanki bizim hörmət və ehtiramımızı Nargində qətlə yetirilən bütün nakam taleli insanlara, o cümlədən Müşfiqə aparırdılar”.

    Layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Şairlər Günü haqqında geniş məlumat verib. O bildirib ki, layihəyə təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də böyük maraq var. Hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat alır, azərbaycanlı yazıçıların yaradıcılığı ilə yaxından tanış olurlar.

    Milli Məclisin deputatı Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Peşə Birliyinin sədri Mehmet Nuri Parmaksız və başqaları tədbir haqqında fikirlərini bölüşüb, Şairlər Gününün təşkilini yüksək qiymətləndiriblər.

    Sonda builki “Mikayıl Müşfiq” mükafatları sahiblərinə təqdim edilib.

    Mənbə: http://www.azertag.az

  • Gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

    .10 iyun 2018-ci il tarixində saat 13:40-da Azərbaycan Milli Kitabxanasının nəzdindəki “Açıq kitabxana”da yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” adlı yeni şeirlər kitabının imza törəni keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Azərbayanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY.Yeni şeirlər

    ÖMÜR NAĞIL MİSALI – AYLAR, İLLƏR QANADLI

    Şəxsiyyətinə hörmət, qələminə rəğbət bəslədiyim,
    mənimçün doğma və dəyərli insan olan Adilə Nəzərə

    Yenə dost dediklərin öz qınına çəkildi,
    Günün namərd əliylə göy əskiyə büküldü,
    Zülmətlə çarpışan dan gözlərində söküldü,
    Açıldı bir sabah da, salam, sabahın xeyir.

    Ömür nağıl misalı – aylar, illər qanadlı,
    Ürəyini verdiyin ürəyini qanatdı,
    Sən günahdan qaçındın, günah sənə can atdı,
    “Gözəl şairə” adlı ulu günahın xeyir.

    Tərs düşdü güneylərin, qüzeylərin qarışdı,
    Tanrı qisməti deyib, taleyinlə barışdın,
    Sorğu-suala çəkdin özünü, hey soruşdun:
    Heç yandımı halına bir uzaq, yaxın? – Xeyir!

    Həyatdı, kimlərisə qəlbə yaxın eyləyər,
    Nisgil fürsət buldumu – qəlbə axın eyləyər,
    Sanki mərmı partlayar, qəlpə axın eyləyər,
    Üstünə qoşun-qoşun gələn bu axın xeyır,

    Bir şeytan bir baxışı azı yüzə döndərər,
    Digəri bir dastanlıq şeirə, sözə döndərər,
    Ahın dağları dələr, daşı toza döndərər,
    Köksün dağlanmadımı bu ahdan, ahın xeyir.

    Başını dik tutmaqla, namərdə ibrət etdin,
    İnan – yoxla, bu sözə həmişə diqqət etdin,
    Bu qısaçıq ömründə neçə ömür qət etdin,
    Çoxuna örnək olan bu gözəl çağın xeyir,
    Salam, Adilə Nəzər, salam, sabahin xeyir!

    SƏNƏ SÖZ VERDİYİM ŞEİR

    İstedadlı şairə, mənimçün çox doğma olan Adilə Nəzərə

    Neçə gündü qələmin ucunda
    əsim-əsim əsir,
    titim-titim titrəyirdi
    sənə söz verdiyim şeir.
    Bir əlçim bulud kimi,
    Bir sınıq umud kimi,
    Dünyanın pərsəng daşı kimi,
    Bir damla göz yaşı kimi,
    Kəsdirmişdi vərəqin başının üstünü.
    Sanki ağ vərəqə düşüb
    qara taleli olacağından,
    Ömürlük bir küncdə
    qalacağından qorxurdu.
    Qorxurdu ömrünün
    azlığından,
    Fikirlərin
    dayazlığından,
    Kağızın məsum-məsum
    üzünə baxan
    bəyazlığından.

    Sanki
    əgər üzümü qara edəcəksənsə,
    mənə toxunma,
    İncitmə hisslərin, duyğuların
    pak ruhunu deyirdi…
    …Bir tərəfdən də
    “yaz”, “yaz” deyən ilhamım
    içimdə üsyan qaldırmışdı.
    Şeir başa çatanda
    göz yaşlarım artıq
    ovcumu doldurmuşdu.
    Bu bir ovuc göz yaşını
    şərbət kimi çəkdim başıma,
    Sonra da son nöqtəni qoyub,
    Yol aldım
    Pərən-pərən düşmüş
    Arzularımın,
    ümidlərimin dalınca –
    üzü sonsuzluğa doğru…

  • İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin iyun ayında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynovun) anadan olmasının 90 illiyi tamam olur.

    Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirmişdir. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir. İsa Muğanna tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi kimi də tanınırdı.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli yazıçı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 may 2018-ci il.

    Mənbə: https://president.az

  • “Müəllim ömrü”

    İnsan çox zaman illərin necə ötüb keçdiyinin fərqinə varmır. Amma nə vaxtsa dönüb geriyə baxmağa, ömrünün enişli-yoxuşlu çağlarına nəzər salmağa daxili ehtiyac duyur. İlləri yelə vermədiyinə, həyatını mənasız yaşamadığına əmin olanda isə özündə mənəvi rahatlıq tapır. Təbii ki, belə ömür hamıya qismət olmur. Taleyi bu qismətdən yan keçməyən insanlar da az deyil.

    Belə insanlardan biri də şüurlu həyatını müəllimlik peşəsinə bağlayan, ömrünün 50 ilini pedaqoji işə həsr edən tanınmış ziyalı Yaşar Hüseynovdur. O, 1939-cu ildə Yevlax şəhərində müəllim ailəsində dünyaya göz açıb. Əslən Şuşanın Malıbəyli kəndindən olan atası Bəşir Hüseynov müxtəlif illərdə Bərdədə və Yevlaxda müəllim və məktəb direktoru işləyib. Savadsızlığın ləğv edilməsində fədakarlıq göstərib.

    Ziyalı ailəsində böyüyüb ərsəyə yetişməsi Yaşarın taleyində dərin izlər buraxıb. Əhatə olunduğu mühit onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Doğulduğu şəhərdəki 2 saylı orta məktəbdə təhsilini 1957-ci ildə başa vuran Yaşar Hüseynov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) qəbul olunub. Sonra təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib.

    Hələ tələbəlik illərindən ictimai fəallığı ilə seçilən Yaşar Hüseynov V kursda oxuyarkən “Sahələr iqtisadiyyatı və statistika” kafedrasında laborant işləyir. Bundan sonra onun təşkilatçılıq qabiliyyəti diqqət çəkir, Azərbaycan komsomolunun Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə işə götürülür. Lakin harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq müəllimlik sənətinin cazibəsindən çıxa bilmir. Ona görə də 1965-ci ilin sentyabrında elan olunmuş müsabiqədən keçərək universitetin “Mühasibat uçotu” kafedrasına müəllim seçilir, pedaqoji fəaliyyətlə yanaşı, elmi işə də ciddi maraq göstərir, 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alır. 1977-ci ildən dosent seçilən Yaşar müəllim 1980-1986-cı illərdə “Mühasibat uçotu” kafedrasına rəhbərlik edir.

    Hazırda doğma kollektivdə iqtisadçı kadrların hazırlanmasına böyük əmək sərf edən, öz ixtisasını dərindən bilən iqtisadçı alim tələbələrin müasir dərsliklərlə bağlı problemlərinin həlli istiqamətində də bilik və bacarığını əsirgəmir. Bir çox elmi məqalələrin, o cümlədən dərs proqramlarının, metodik göstərişlərin müəllifi, “Mühasibat uçotu nəzəriyyəsi” dərsliyinin həmmüəlliflərindəndir. O, bakalavr və magistr tədris pillələrində ixtisas fənlərini yüksək metodiki səviyyədə tədris edir.

    Təbiətcə sadə, təvazökar insan olan Yaşar müəllim deyir:

    —Ölkə başçısı cənab İlham Əliyevin “Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə alsın” fikrini fəaliyyət devizinə çevirən kollektivimiz müasir texnologiyanın imkanlarından yetərincə bəhrələnir, beynəlxalq əlaqələrini genişləndirir.

    Universitetdə aparılan təlim-tərbiyə və elmi tədqiqat işlərinin səviyyəsi ildən-ilə yüksəlir. Bu sahədə Yaşar müəllimin çalışdığı kafedranın üzərinə də xüsusi məsuliyyət düşür. Kafedranın müəllimləri tərəfindən yazılmış dərsliklərdən, dərs vəsaitlərindən, proqramlardan və metodik göstərişlərdən universitetin tələbələri və magistrləri ilə yanaşı, iqtisadi yönümlü digər ali məktəblərin tələbə və magistrləri də müvəffəqiyyətlə istifadə edirlər. Onun “Mühasibat uçotunun nəzəriyyəsi” kitabı artıq çapdadır. Rus dilində çap olunacaq bu kitab tələbələr, gənc iqtisadçılar üçün dəyərli vəsaitdir. Bugünümüzlə səsləşən kitabda iqtisadiyyat sahəsindəki yeniliklərə də geniş yer ayrılıb. Yaşar Hüseynov Boloniya prosesinin tələblərindən irəli gələn metodik üsulların tətbiqini də tədrisdə uğurla həyata keçirir. Bunun nəticəsidir ki, kredit sisteminin incəliklərini öyrətdiyi tələbələrinin testlə cavablarının göstəricisi həmişə 100 faiz olur.

    Yaşar müəllim beynəlxalq konqres və konfranslarda da dəfələrlə Azərbaycanımızı təmsil edib. O, Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Həmrəylik Cəmiyyətinin, Mühasiblər və Auditorlar Assosiasiyasının üzvüdür. Elmi, pedaqoji və ictimai fəaliyyəti diqqətdən kənarda qalmayıb. Əməyi ayrı-ayrı vaxtlarda fəxri fərmanlarla qiymətləndirilib. “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. Əslində heç vaxt təltif haqqında düşünməyən təvazökar alimin ən böyük mükafatı xalqına, millətinə təmənnasız xidmətidir.

    Sevib-seçdiyi müəllimlik sənətini həyatının ayrılmaz hissəsi hesab edən, bu adı şərəflə daşımaqdan qürur duyan Yaşar Hüseynov həm də vətəndaş mövqeyi ilə seçilən ziyalılardandır. Əsas amalı xeyirxahlıq olan Yaşar müəllim insanlardan qayğı və köməyini heç vaxt əsirgəmir.

    İşlədiyi kollektivin dərin hörmətini qazanan Yaşar Hüseynov bacarıqlı pedaqoq, isdedadlı alim olmaqla yanaşı, səmimi dost, qayğıkeş ailə başçısıdır. Ömür-gün yoldaşı Məfkurə xanım Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının dosentidir. Böyük qızı Aygün xanım insanların sağlamlığı keşiyində dayanan həkimlik sənətini seçib. Ortancıl qızı Səadət iqtisadiyyat sahəsində çalışır. Kiçik qızı Aftab Azərbaycan Dillər Universitetinin “İngilis dili qrammatikası” kafedrasının işçisidir.

    Şərəfli ömür yolunun yarım əsri müəllimlikdə keçən, bu yaşında da gənclik enerjisi ilə çalışan, təmkini, sadəliyi ilə gənclərimizə örnək olan ali məktəb təşkilatçısı, iqtisadçı alim, həssas insan Yaşar müəllimi təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər

    Əlişad CƏFƏROV,
    “Respublika”.

  • Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq

    Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq.

    Bu il Şairlər Günü mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsini anmaqla start götürəcək, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam edəcək: mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun, iyunun 6-da Bakıda – Beynəlxal Muğam Mərkəzində Mikayıl Müşfiqin, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunacaq.
    Bu barədə AYB-nin mətbuat xidmətinin, həmçinin layihənin rəhbəri, şair Xəyal Rza məlumat verib: “Şairlər Günü bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətimizin təzahürüdür. Tədbirdə Türkiyədən dəvət olunmuş tanınmış şairlər, ədəbiyyat və sənət adamları iştirak edəcəklər.
    Bölgələrdə təşkil ediləcək tədbirlərdə Azərbaycan şairləri ilə yanaşı Türk Dünyasından – Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan şairlərin də xatirələri anılacaq”.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

    TƏLƏSMƏ

    Dedim mən sevirəm, dedi sevginən,
    Dedim qoşa gəzək, dedi tələsmə.
    Dedim bağ içidi, dedi seyr elə,
    Dedim bir gül üzək, dedi tələsmə.

    Dedim bir vədə ver, xəyala varma,
    Dedi zəhmət çəkib özünü yorma.
    Dedim, qadan alım, dedi yalvarma,
    Dedim onda küsək, dedi tələsmə.

    Dedim mən aşiqəm al yanağına,
    Dedi bülbül qonar gül budağ

    MƏNİ BAYRAQ KİMİTUTUN YUXARI

    Mənim həyatımın nə mənası var,
    sizin üzünüzdə gülüş olmasa.
    Babamın yadigar bir duası var:
    səngər nəyə gərək döyüş olmasa.

    Həyatın əzəli qanunu budur,
    bağı dolaşırlar bağ bağ olanda.
    Hər torpaq dünyada
    məmləkət olmur,
    parça var – yaşayır bayraq olanda.

    İnsanlar olubdu dünyada bir vaxt,
    kimidən ad qalıb, kimidən əsər.
    Dibçəkdə bəslənən palıdlara yox,
    çöldə – ağaclara meşə deyiblər.

    Çətindir keçilən ömür yolları,
    yaşamaq özü də istəyir hünər.
    Məni bayraq kimi tutun yuxarı,
    sizə lazım olsam… o parça qədər.

    HAYANDA DURUM Kİ, GÖRƏSƏN MƏNİ?

    Elə dayanırsan, elə baxırsan,
    Elə bil qarşında quru bir daşam.
    İpək saçlarını bir vaxt oxşayan
    Elə bil hardasa mən olmamışam.

    Səni dostlarımla, tanışlarımla,
    Mən tanış edərdim nə vaxtsa bir-bir.
    İndi özgələri yad ehtiramla,
    Deyirlər tanış ol… –
    Nə qəribədir?!

    Yuxuda görərdin nə vaxtsa hər dəm,
    Yolumu gözlərdin yollardan uzaq.
    Mən sənin yuxundan çıxıb gəlmişəm,
    Bu da bir yuxudur,
    gəl, tanış olaq.

    Qoluna girərdim… bu, yadındadır,
    gedərdik… yolumuz , arzumuz şərik.
    Qolum qollarının lap yanındadır,
    toxunsa… biz indi üzr istəyərik.

    Hayanda oldumsa səhər, ya axşam,
    Aradın sən məni, gördün sən məni.
    İndi gözlərinin qabağındayam,
    Hayanda durum ki,
    görəsən məni?!.

    ***

    Bir yol ayrıcına bənzəyir həyat,
    Yaramaz həyatın üstündə əsmək.
    Cəsarət istəyir, bir də ehtiyat,
    Nə ləngimək olar, nə də tələsmək.

    Ehtiyat elədim orda ki, bir vaxt,
    Cəsarət hər şeyə, məncə, dəyərdi.
    Cəsarət göstərdim orda ki, ancaq,
    Adi bir ehtiyat bəs eləyərdi.

    Bu dünya qəribə bir əyləncədir,
    Dünya sərt, mən bəzən uşaqxasiyyət.
    Yaşadım, bilmədim bu dünya nədir,
    Bilmədim, dünyada nədir səadət.

    Kədərim dünyanın vecinə deyil,
    Sevincim necə bəs, düşürmü yada?
    Bəlkə dünya üçün, bu – heç nə deyil,
    Nə qədər sevinc var, qəm var dünyada.

    Dünya sərgisində göründüm, yetər,
    Həqiqət dedim mən ”yalan dünya”ya,
    Dünyanı əyləncə hesab edənlər,
    Əylənib baxsınlar bir an dünyaya.

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    ÇƏKƏR

    Görüş var bir ömrü versən də azdır,
    Görüş var getməyə adam can çəkər.
    Görüş var şadlığı sığmır illərə,
    Görüş var fərəhi bircə an çəkər.

    Yaşasan ən şirin arzuyla, kamla,
    Sevincin sel olar, dərdinsə damla.
    Ürəkdən verilən xoş bir salamla
    Əli əl isidər, qanı qan çəkər.

    Ayrılıq həyatda hər şeydən çətin,
    Min bir əzabı var bir məhəbbətin.
    Gəlməsən yandırar məni həsrətin,
    Gələrsən, nazını Zəlimxan çəkər.

    AĞRI

    Nələr çəkdik, dünya, sənin əlindən,
    Sinəmizin düyünü çox, dağı çox.
    Bəxtimizin ağlığına inanma,
    Saçımızın qarası çox, ağı çox.

    Canımızı dərdin odu yandırır,
    Zodduların gücü, zodu yandırır.
    Dilimizi dedi-qodu yandırır,
    Ömrümüzə qənim çoxdu, yağı çox.

    Su istədi yananların bağrı, su,
    Ağrı Vətən, ağrı Torpaq, ağrı Su,
    Qananların ürəyinin ağrısı,
    Nadanların ürəyinin yağı çox!

    QALARDIM

    Dağlar mənə gəl-gəl desə ürəkdən,
    Gəlib elə bu yerlərdə qalardım.
    Təbiətlə sevincimi, dərdimi
    Bölüb, elə bu yerlərdə qalardım.

    Nəfəsimdə yaşadardım ətrini,
    Əzizlərdim çiçəklərin xətrini.
    Ömrün-günün qiymətini, qədrini
    Bilib, elə bu yerlərdə qalardım.

    Nə gözəldi bu dağların lalası,
    Mən getsəm də, könlüm burda qalası.
    Sevsə məni bir zalımın balası,
    Ölüb elə bu yerlərdə qalardım.

    GÖZƏL DÜNYA, GÖZƏLLƏRĠN VAR OLSUN!

    Gülüşündə güllər açdı könlümüz,
    Gözəl dünya, gözəllərin var olsun!
    Vurğunu da, yorğunu da biz olduq,
    Gözəl dünya, gözəllərin var olsun!

    Ürəyi var – ürəklərin nəşəsi,
    Toxunarsan, pul-pul olar şüşəsi,
    Könül verib könül almaq peşəsi,
    Gözəl dünya, gözəllərin var olsun!

    Fərhadına yetişməsə Şirinlər,
    Qartal susar, pələng ağlar, şir inlər.
    Dayaz olmaz məhəbbəti dərinlər,
    Gözəl dünya, gözəllərin var olsun!

    Neçə dəfə pəncərədən daş gəlib,
    Neçə dəfə xumar gözdən yaş gəlib,
    Sevən kəslər Allaha da xoş gəlib,
    Gözəl dünya, gözəllərin var olsun!

    Qız çiçəkdir, o çiçəkdə şeh mənəm,
    Qız çəməndir, o çəməndə meh mənəm,
    Gözəlliyə beş-on günlük mehmanam,
    Gözəl dünya, gözəllərin var olsun!

    Əcəl ömrü zəmi kimi biçsə də,
    Bir qurtuma şərbət bilib içsə də,
    Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də,
    Gözəl dünya, gözəllərin var olsun!

    BÜTÖV AZƏRBAYCAN DÜNƏNDƏ QALDI

    Bütün yaralılar baş-başa versə,
    Yoxdu mənim kimi yaralanmışı.
    Allahın özü də ovuda bilməz,
    Yurdundan, elindən aralanmışı.

    Qara günlərimin rəngi ağ olmaz,
    Belə düyün olmaz, belə dağ olmaz.
    Yazıyla, pozuyla yaşatmaq olmaz
    Fələk dəftərində qaralanmışı.

    Xoşbəxtlik nə səndə, nə məndə qaldı,
    Nə candan sevinən bir bəndə qaldı,
    Bütöv Azərbaycan dünəndə qaldı,
    Bu gün mənə çatıb paralanmışı.

    QAÇQINLIQ

    Bu necə ömürdü, bu necə gündü,
    Köhləndən aralı, yəhərdən qaçaq.
    Meh başa həsrətdi, şeh də ayağa,
    Düşmüşük axşamdan, səhərdən qaçaq.

    Hanı o gülyanaq, o gül dostlarım,
    Mənim can dostlarım, könül dostlarım.
    Yanağı kül olmuş, a kül dostlarım,
    Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.

    Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
    Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
    Kənddən baş götürüb şəhərə qaçdıq,
    Qorxuram indi də şəhərdən qaçaq.

    02.11.2007

    MƏNİMKİ SÖZ QƏSRİ, SÖZ QALASIDI

    Yoxdu yaş qorxusu sevilənlərə,
    Doxsanın içində, yüzün içində.
    Ürəyin nə qədər arzuları var,
    Nə qədər istək var gözün içində.

    Nə naxış gərəkdi, nə zər, daşıma,
    Tale yazdığını yazar daşıma.
    Söz olsun yaraşıq məzar daşıma,
    Siz məni basdırın sözün içində,

    Mənimki söz qəsri, söz qalasıdı,
    Söz Babək qalası, Bəzz qalasıdı.
    Qalsa Zəlimxandan söz qalasıdı,
    Yatanda kəfənin, bezin içində.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər

    BƏXTİYARAM MƏN
    Səninlə

    Ömrün payızında sevdim, sevildim,
    Elə bilirəm ki, ilk baharam mən.
    Arxanca sürünən kölgənəm sənin,
    Harda qərar tutsan, orda varam mən.

    Mey olsan, yanında bir qədəh ollam,
    Gül olsan, çətrini öpən meh ollam.
    Ot olsan, bir anda dönüb şeh ollam.
    Dağ olsan, zirvənə yağan qaram mən.

    Başımı qoyaram gündə yüz kərə
    Bir yol ayağını basdığın yerə.
    Eşqindir ucaldan məni göylərə,
    Bu eşqin gücünə minnətdaram mən.

    Sevgiyə hədd qoymaq, düzü günahdır,
    Cahilin hər işi, sözü günahdır.
    Eşqi günah saymaq özü günahdır,
    Kim deyir, eşqimdə günahkaram mən?

    Özün bir aləmsən, eşqin bir aləm,
    Sən olan könüldə nə kədər, nə qəm!
    Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
    Səninlə dünyada bəxtiyaram mən.

    Dekabr, 1962

    SƏN GETDİN

    Sən getdin, elə bil dünya boşaldı
    Yaz da köçüb getdi, yeri boş qaldı,
    Bahar ürəyimi sənsiz qış aldı,
    Mən yaza vurğunam, qışı neylərəm?

    Eşqimi aparıb sən getdin demək,
    Eşqsiz bir könül nəyimə gərək?
    Soyuq daşa döndü o gündən ürək
    Sinəmdən asılan daşı neylərəm?

    Həmişə ayrıyıq, gecə-gündüzük,
    Birimiz təpəyik, birimiz düzük.
    Üstünün qaşıyla tanmar üzük,
    Əgər üzük yoxsa, qaşı neylərəm?

    Niyə yaşayıram, mən niyə sənsiz?
    Nə yerə baxmaram, nə göyə sənsiz.
    Mən ki, kor olmuşam hər şeyə sənsiz,
    Kor gözün üstündə qaşı neylərəm?

    Mart 1967

    SƏNİN DİLİNDƏN

    İllərlə bir eşqin cövrünü çəkdik –
    Ayrılsaq, gün sönər, il qınar bizi.
    Eniş-yoxuşunu bir ötdüyümüz
    Yollara nə deyək, yol qınar bizi.

    Sən dedin, başlanan qurtarsın gərək!
    Mən dedim, doymayır arzudan ürək!
    Birgə əkdiyimiz gülü dərməsək
    Tikanlar əl çalar, gül qmar bizi.

    Bəs deyil bu ələm, bu kədər mənə.
    Elədin dünyanı sən hədər mənə.
    Gözəl sözlər dedin nə qədər mənə,
    Gəl indi danlama, dil qınar bizi.

    Çox çəkə bilmədik nazını eşqin,
    Qış gəlib, yaşadıq yazını eşqin.
    Yamanca sındırdıq sazını eşqin,
    Bilmədik, axırda tel qınar bizi.

    Dedin ki, eşqimlə bəxtiyaram mən.
    Dedin ki, dönmərəm qəlbin səsindən.
    İndiysə çəkinib el tənəsindən
    Deyirsən, ayıbdır, el qınar bizi.

    İyul 1967

    BAKIYLA TƏBRİZİN ARASINDAYAM

    Mənim qismətimdir alatoranlıq
    Gecəylə gündüzün arasındayam,
    Qurulur içimdə mizan-tərəzi,
    O gözlə, bu gözün arasındayam.

    Yollar ayrıcında çox talanmışam,
    Fikirlər əlində haçalanmışam.
    Təpədən qorxmuşam, düzü danmışam,
    İndi dağla düzün arasındayam.

    İlişib qalmışam qəm çalasmda,
    Bir gözəl tilsimin daş qalasında,
    Həmişə qapılar astanasında
    Bayırla dəhlizin arasındayam.

    Bəxtiyar, sinəndən neçə “mən” keçir
    Biri dərdli keçir, biri şən keçir,
    Məftilli çəpərlər sinəmdən keçir.
    Bakıyla Təbrizin arasındayam.

    May 1969

    QOCALMIR

    Qocaldır insanı, qocaldır zaman;
    Ürəyin atəşi, közü qocalmır.
    Dağları, daşları qocaldan zaman,
    Bilmirəm, bəs niyə özü qocalmır?

    Getdi baharımız, yer qışa qaldı.
    Düzlər qara qaldı, yağışa qaldı.
    Bizimki bir quru baxışa qaldı,
    Neyləyək arzunun gözü qocalmır.

    Bəxtiyar, düşünək biz dərin-dərin.
    Xəyallar möhtəşəm, arzular şirin.
    Əsl sənətkarın, əsl şairin
    Özü qocalsa da, sözü qocalmır.

    1965

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    Günəşli yay günündə…

    Günəşli yay günündə
    göylərə qalxıb,
    buludlarda yolunu azan,

    qarlı-şaxtalı qış günündə
    yuvasını tapan
    göyərçin kimiyəm.

    Uşaqlıqda azıb,
    bir bağlı yuva qarşısında
    durmuşam neçə ildir.
    Dimdiyimdən
    qan damır yerə…

    1986

    Gəmiyə baxa-baxa…

    Gəmiyə baxa-baxa
    dənizi də yadımdan çıxartdım.
    Gəmiyə baxa-baxa
    unutdum gördüklərimi,
    tanıdıqlarımı.

    Yadıma görmədiyim limanlar düşdü.
    Qəribə dillər
    dəydi qulaqlarıma.
    Bir tanış insan üzü gördüm
    gəmiyə baxanda.
    Gəmiyə baxa-baxa qaldım…

    1986

    Şeir yazdığım zaman

    Şeir yazdığım zaman
    baxma gözlərimə, baxma
    Əllərimə də baxma,
    sən Allah, baxma
    Qaç evdən, get.
    hara istəyirsənsə,gülüm,
    gəz, dolan aləmi, utanma,
    qorxma elin sözündən,
    aldat məni,
    heç sıxma ürəyini.

    Ancaq, gülüm.
    baxma mənə,
    şeir yazdığım vaxt, baxma…

    1982

    Bütün pəncərələr yumulmuş gözdür

    Bütün pəncərələr yumulmuş gözdür.
    Bu evlər, küçələr deyilmiş sözdür.
    Yaralı buluddan
    yağan yağışdan
    günah yumasa da
    bir az bağışlar…

    Bəlkə bizdən bir az
    yan keçər bu gün,
    həyalı söyüşlər, doğma qarğışlar.
    Və quşlar,
    və quşlar qəfəsə vurğun,
    İlahi, çox sağ ol.
    Yenə də heysizəm, yenə də yorğun…

    1993

    Bacım bayquş, gözlərini ver mənə

    Bacım bayquş, gözlərini ver mənə
    Gecə düşüb, qaranlıqdır görmürəm,
    Gündüzlər də bu dünyanı seyr edib,
    Abadlıqdır, viranlıqdır, görmürəm.

    Bacım bayquş, ovun bir baxışladı,
    Allah səni gecəyə naxışladı,
    Mənə də bir ömür-gün bağışladı,
    Əbədidir, bir anlıqdır, görmürəm.

    Bacım bayquş, zülmətdə çıxdım yola,
    Neçə kərə yıxılmışdım az qala,
    Qurban olum, ulayanda bərk ula,
    Səsə gedim, dumanlıqdır, görmürəm.

    1995

  • Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

    SÜLEYMANA GÖSTƏRİN!

    Cənublu qardaşlarıma

    Qırx il var ki, görməmişəm Təbrizi,
    Ordan mənə bir nişana göstərin.
    Özünüzü hər bu taya gələndə,
    Ayrılıqdan bağrı qana göstərin.
    Əlinizdə hər nə varsa oralı
    Şair könlü pərişana göstərin.
    Sinəsinə həsrət dağı çəkilmiş,
    Hamınızdan nigarana göstərin.
    Yaşarsa da bu görüşdən gözləri
    Onun kimi yana-yana göstərin.
    Heç olmazsa cansız kino lentada
    Təbrizini Süleymana göstərin.
    Sizin üçün böyük “günah” olsa da
    Mən imansız müsəlmana göstərin!

    HƏSRƏTİMİN YAŞI

    Həsrətimin yaşı çoxdur yaşımdan,
    Hicran dərdli bir insanam, a dostlar!
    Bu həsrəti soruşun göz yaşımdan
    Ayrılıqdan bağrı qanam, a dostlar!

    Döyüşlərdə mərd oğullar itirən,
    Bağçaları qara güllər bitirən,
    Dumalarla mənə xəbər yetirən
    O sahildən nigaranam, a dostlar!

    Mən nə çörək, nə şan-şöhrət acıyam,
    Nə məhəbbət, nə hürriyyət acıyam.
    Vahid vətən, vahid millət acıyam,
    Cənub dərdli Süleymanam, a dostlar!

    AZADIM

    Oğlumun ad gününə

    Sən mənim göz bəbəyimsən, öz adımsan, Azadım,
    Doğru yollarda qolumsan, qanadımsan, Azadım.

    Şerimin mənbəyisən, çeşməsisən, gulşənisən,
    Ən ağır gündə əyilməz poladımsan, Azadım.

    Sən qaranlıq gecədə sönməz işıqsan gözümə,
    Bu məhəbbət dolu qəlbimdə odumsan, Azadım.

    Belə xoşbəxt ola bilməzdi Süleyman Rüstəm,
    Sən canımsan, ciyərimsən, Azadımsan, Azadım!

    OĞUL

    Bu sözüm əfsanə yox, yalnız həqiqətdir, oğul
    Millətə namusla xidmət, bir səadətdir, oğul…

    Dostluğa, qardaşlığa and içmisən, əhsən sənə
    Aldığın bu yaxşı addım, ömrə zinətdir oğul.

    Andına sadiq vətənpərvərliyində möhkəm ol,
    Andı pozmaq məncə dəhşətdən də dəhşətdir oğul,

    Qoy vüqarın qol-qanad açsın, baharın lalələr,
    Millətin çünki qızıl bayraqlı millətdir, oğul.

    Mən Süleyman Rüstəməm, eldir, vətəndir, varlığım,
    Can evimdə ən böyük nemət bu sərvətdir, oğul.

    QIZIM ƏZİZƏYƏ

    Evimizə gələndə məhəbbət gətir, qızım…
    Öz hüsnünə bənzəyən təravət gətir, qızım!

    Uzun illər boyunca bu həyat yollarında,
    Adımıza, adına şan-şöhrət gətir, qızım!

    Kasıbın olduğundan süfrəmizdə hər nə var,
    Bizə ürəyin kimi bir dövlət gətir, qızım!

    Gəl, qızım bəxtimizin çırağı ol ömürlük,
    Həqiqət dünyamıza həqiqət gətir qızını!

    Sən əzizdən əzizsən bizim üçün, Əzizəm,
    Süleymanın evinə səadət gətir, qızım!

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.Seçmə şeirlər

    KƏLBƏCƏR

    Xəstələrə dərman olan,
    Təbib bulaqlı Kəlbəcər
    İstisuyu səda salan,
    Səsli-soraqlı Kəlbəcər.

    Qədir bilən, yol saxlayan,
    Dostlar üçün gül saxlayan.
    Yayda ağır el saxlayan,
    Sərin yaylaqlı Kəlbəcər.

    Gözündə var əhdi-vəfa,
    Eyşi-işrət, zövqü-səfa.
    Gələn burda tapar şəfa,
    Boyük sınaqlı Kəlbəcər.

    Yaxşı keçir hər əhvalı,
    Yadındadı dost xəyalı.
    Çaylar kimi axır balı,
    Sarı qaymaqlı Kəlbəcər.

    Murov, Qonur, Dəlidağa,
    Xəstə gələn çıxır sağa.
    Tamam beş ay yaylanmağa
    Olur qonaqlı Kəlbəcər.

    Şəmşir üçün yandırdı şəm,
    Qoymadı ki, haldan düşəm.
    Döşlərindən süd əmmişəm,
    Ana qucaqlı Kəlbəcər.

    KİMİ

    Namərd sənin qulluğunda qul olar,
    öz işi düzəlib bitənə kimi.
    İrişə-irişə üzünə gülər,
    əli bir tərəfə çatana kimi.

    Dostunu tanımaz nadan sərsəri,
    Bu, elin sözüdür nə vaxtdan bəri.
    Qoy sellər aparsın nanəcibləri,
    Bax dalınca gözdən itənə kimi.

    Xoryatın ox sözü qəlbimə dəydi,
    Büküb qamətimi qəddimi əydi.
    Bildirçin də bir ay payızda bəydi,
    Darı sünbülündə yetənə kimi.

    Şəmşir gərək mərd ocağın qalasın,
    Hər kəs çəkər öz dilinin bəlasın.
    Qoy səni şir yesin, şir parçalasın,
    Tülkü kölgəsində yatana kimi.

    OĞLUYAM

    Qartal düşüncəli, şair xəyallı,
    Tərlan yuva salan dağlar oğluyam.
    Anam İstisudu, atam Dəlidağ,
    Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

    Lalədi, nərgizdi evim, eşiyim,
    Köynəyim sıx meşə – qoymur üşüyüm.
    Qərənfildi, qızılgüldü beşiyim,
    Buz bulaqlı göy yaylaqlar oğluyam.

    Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
    Vüqarım Şah dağı – əl çata bilməz.
    Məkanım Çalbayır, oylağım Kəpəz,
    Min çiçəkli bir laləzar oğluyam.

    Cəvahirdi Azərbaycan torpağı,
    Qızıl, gümüş – hər sərvətin yatağı.
    Uca zirvələrin lalə bayrağı,
    Şəmşirəm, nə gözəl diyar oğluyam.

    BEH MƏNƏ

    Bu gün çəmənzara qonaq gəlmişəm,
    Nərgiz verdi yarpağında şeh mənə.
    Yelpik çaldı dan yerinin qanadı,
    Sərin-sərin əsdi səhər meh mənə.

    Öpdüm yasəməni, sevdim lalanı,
    Göy meşəli, gül bulaqlı talanı.
    Dedim arılarım sizdən bal alı,
    Gülümsünüb süsən dedi: bəh mənə.

    Məni el yetirib, elə aşiqəm,
    Dərd bilənə, əhli-hala aşiqəm.
    Bilirsənmi niyə gülə aşiqəm,
    Bunlar çoxdan vermişdilər “beh” mənə.

    Bu səbəbdən vurulmuşam çiçəyə,
    Torpağının qəhrin unudum niyə?
    Bağça bəsləmişəm can deyə-deyə,
    Nə lazımdı ayaq basım lehmənə?!

    Təbim bülbül kimi bağa bağlıdı,
    Elin meyli yaz yaylağa bağlıdı.
    Şəmşirəm, çox sözüm dağa bağlıdı,
    Kim deyər ki, bu nə sözdü, eh, mənə.

    MƏNİ
    (təcnis)

    Olmadı qismətim ata-anadan,
    Gəzmədi ya bibi, ya xala məni.
    Ürəyimi yaralama, a nadan,
    Az yapış sinəmdən yaxala məni.

    Qoy işləsin, nə çərximi dayandır,
    Əlin saxla, insaf eylə, dayan, dur.
    Ya rəhmə gəl, yandırırsan da yandır,
    Alışdır odlara yax ala məni.

    Nə gözəldir bu dağlarda mənzərə,
    Ver naməni sizin mələk Mənzərə.
    Sərrafısan müştəri ol mən zərə,
    Sal qızıl teştinə, yaxala məni.

    Yollarında var uçurum yarğanım,
    Söylə nədir sənin meylin yar, qanım.
    Müjganınla az axıtsan, yar, qanım,
    Həna et ya ələ, ya xala məni.

    Şəmşirəm, sevirəm mərdi, mən əri,
    Gözləyirəm namus, qeyrət, mən arı.
    Sən çiçəkdə şirin balsan, mən arı,
    Qondur yanağına, ya xala məni…

  • Şair Bəhmən VƏTƏNOĞLU.Seçmə şeirlər

    BƏHMƏN VƏTƏNOĞLU (Bəhmən KalıĢ oğlu Abbasov – 1932 -2004)

    BƏHMƏN

    Bu mənəm, a qardaş, tanımadınmı?
    Könlü dərdli, dili nalalı Bəhmən.
    İndi yurdsuz qalıb, yuvasız qalıb,
    Gördüyün o yurdlu-yuvalı Bəhmən.

    Qəzalar, qədərlər əyibdi məni,
    Dərdim öz içimdən yeyibdi məni.
    Zaman zindanında döyübdü məni,
    Yoxdu o əzəlki havalı Bəhmən.

    Gələcək nəsilə şirin nağılam,
    Bir də bu dünyaya çətin doğulam.
    Daha nə vətən var, nə də oğulam,
    İndi mən olmuşam Bəlalı Bəhmən

    BİLƏR

    Nədir yar həsrəti, vüsal həsrəti,
    Həsrətdən titrəyən dodaqlar bilər.
    Ülvi məhəbbəti, nurlu isməti,
    Həyadan qızaran yanaqlar bilər.

    Bülbülsüz şöhrəti olmaz gülün də,
    Çəmənsiz bəzəyi yoxdu çölün də.
    Alışan, közərən şair əlində,
    Qələm nələr çəkir varaqlar bilər.

    Bəhmən, nə gəzirsən itən çağında,
    Min bir xatirə var ötən çağında.
    Ömrün yetmişinə yetən çağında,
    Sən niyə cavansan? – O dağlar bilər.

    ÇƏTİNDİ

    Allahın evinə yol tapıb iblis,
    İnsanların dolanmağı çətindi.
    Bir arxın başını yüz div kəsibdi,
    Bostanların sulanmağı çətindi.

    Daha rüşvət alır o fələk kişi,
    O da öz vaxtında görməyir işi.
    Qalıb qiyamatə yazın gəlişi,
    Axarların bulanmağı çətindi.

    Qışda qar tapılmır, yayda qış girir,
    Vaxtın qaş-qabağı yeri süpürür.
    Biz kibrit çəkirik şeytan üfürür,
    Ocaqların qalanmağı çətindi.

    Dəbə minib gədə-güdə peşəsi,
    Bu dərd olub qəlbimizi deşəsi.
    Arzuların, ümidlərin şüşəsi,
    Elə sınıb calanmağı çətindi.

    Dost aranı kəsdi getdi, a Bəhmən
    Xəzan yeli əsdi getdi, a Bəhmən.
    Şadlıq, sevinc küsdü getdi, a Bəhmən
    Qəm evinin talanmağı çətindi.

    DARIXDIM

    Axşam da qəribdi, mən də qəribəm,
    Nələr ürəyimdən keçdi, darıxdım.
    Zalım ayrılığın kamil ovçusu,
    Ox atdı sinəmi deşdi, darıxdım.

    Nə kövrək saatdı, nə kövrək andı,
    Nəfəsim təngidi, ürəyim yandı.
    Kəpəzdən bir çəngə bulud boylandı,
    Xəyal uzaqlara uçdu, darıxdım.

    Qoy yazım varağı qalmasın ağı,
    Kim çəkər həsrəti Bəhmən sayağı.
    Çox da müqəddəsdi Gəncə torpağı,
    Kəlbəcər yadıma düşdü, darıxdım.

    MƏN OLMALIYAM

    Qartal o zirvədən belə en, belə,
    İnsanam, zirvədə mən olmalıyam.
    Günəş yandıranda ana torpağı,
    Duman olmalıyam, çən olmalıyam.

    Zirvədən salıbdı yolu babalar,
    fikri kamal ilə dolu babalar.
    Müqəddəs yaşayıb ulu babalar,
    Mən də fitnələrdən gen olmalıyam.

    Kədər toy gətirməz, düyün gətirməz,
    Sükunət dünyaya bir ün gətirməz.
    Ağlamaq heç kimə ağ gün gətirməz,
    Nə qədər həyat var, şən olmalıyam.

    ***

    Zahirdə üzümə dost deyə-deyə,
    Yağı düşmən saldı məni nə qala.
    Dərdimi göylərə bülənd eylədi,
    Belə yüksək nə bürc olar, nə qala.

    Bu vətəndir torpağından el əmən,
    Mən elinəm, qurban olum elə mən.
    Öz-özümə od tutdum ki, elə mən,
    Ocağıma nə kösöv qoy, nə qala.

    Bəhmən, dərdi ürəyindən at, ayə,
    Kədərini ilə qoyma, at aya.
    Fərsiz övlad göz dağıdır ataya,
    Şüursuzdan nə qalıbdı, nə qala.!?

  • Şair ŞÜCAƏT.Seçmə şeirlər

    SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002)

    DAĞLAR

    Mən gedirəm qürbət elə,
    Sağ-salamat qal, a dağlar.
    Halallıq ver, qoy qalmasın
    Ürəyimdə xal, a dağlar.

    Hanı məndə dözüm sənsiz,
    Sönəcəkdir közüm sənsiz.
    Qan tökəcək gözüm sənsiz
    Olacağam lal, a dağlar.

    Dostum – yarım keçir gendən,
    Dərdim artır günü-gündən.
    Məni qəmdən, qəmi məndən,
    Al, a dağlar, al, a dağlar.

    Günəş gəzib yorulanda,
    Sazın simi qırılanda,
    Göydə qartal vurulanda,
    Məni yada sal, a dağlar.

    Qayaları ələ döndər,
    Cığırları telə döndər,
    Sücaəti külə döndər,
    Bir “Kərəmi” çal, a dağlar.

    KİMİ

    Kaş rəssam olaydım, elə rəssam ki,
    Çəkəydim bəxtimi olduğu kimi.
    Yazmaqla nə olsun, onda görəydim,
    Arzumu-eşqimi olduğu kimi.

    Eşqimin tufanın, boranın, yazın,
    Solmuş çiçəklərin, yox olmuş izin.
    Çəkəydim gözlərin sevdiyim qızın,
    Süzülüb xəyala daldığı kimi.

    Sücaət, mənalı yaşa, yarat, an,
    Vəfasıza ağrı gizlət, yara dan.
    Salmasın heç kəsi bir də yaradan,
    Məni nəzərindən saldığı kimi.

    ANAMIN

    Deyin, dustaqları buraxacaqlar,
    qoy qəm bozartmasın üzün anamın.
    Deyin, qırılacaq zülmün zənciri,
    birtəhər başını yozun anamın.

    Zəhər gizlənibmiş aşımın altda,
    Bir dərya var imiş qaşımın altda…
    Yastıq daşa dönür başımın altda,
    Burda hardan alım dizin anamın?

    Taleyi şil-şikəst, fikri sağ oldum,
    Sevinci bir zərrə, dərdi dağ oldum.
    Gah əsir, gah xəstə, gah dustaq oldum,
    Qoymadım quruya gözün anamın.

    Talanmış ömürdü, gündü, neyləyim,
    Baxtımın çırağı söndü neyləyim.
    Sevinci fəğana döndü, neyləyim,
    Söhbəti nəğmədən həzin anamın.

    Sücaət, etdilər talan ömrümü,
    Kor olsun daşlara çalan ömrümü.
    Talanan talanıb, qalan ömrümü
    Ömrünün üstünə yazın anamın.

  • Xalq şairi Məmməd ARAZ.”Əlvida, dağlar!”

    Bəlkə bu yerlərə bir də gəlmədim,
    Duman, salamat qal, dağ, salamat qal.
    Dalımca su səpir yoxsa buludlar? –
    Leysan, salamat qal, yağ, salamat qal!

    Qıy vuran qartallar yox oldu çəndə,
    Nərgizlər saraldı şehli çəməndə.
    Ey qaragöz pəri, dalımca sən də
    Boylan, salamat qal, bax, salamat qal!

    Gəldim, qarşıladı güllər-çiçəklər,
    Gedirəm, əl edir boz biçənəklər.
    Nidamı çaylara dedi küləklər:
    Bulan, salamat qal, ax, salamat qal!

    Dağların pələngi, şiri də sənsən,
    Şairi də sənsən, şeri də sənsən.
    Varı, bərəkəti, xeyri də sənsən,
    Çoban, salamat qal, sağ-salamat qal!

  • Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

    SÖYLƏ

    Dərdim çoxdur, dərdin alım, ay aşıq,
    Al sazı, bu dərdi hər yana söylə.
    Əqildən kəm olan duymaz, anlamaz,
    Mənim sözlərimi qanana söylə.

    Adamı oynatmaq insanlıq deyil,
    Eşqi hiss etməmək cavanlıq deyil,
    Mənim şikayətim divanlıq deyil,
    Nə sultana söylə, nə xana söylə.

    Həmişə əlində saxla cilovu,
    Yalnız ovçu bilər oylağı, ovu.
    Kim oda düşməyib duymaz alovu,
    Məhəbbət oduna yanana söylə.

    Haqq olur… – mən hara, bu ilqar hara,
    Düşmüşəm nə edim, yoxdur bir çara.
    İşdir, yolun düşdü qarlı dağlara,
    Haray çək, ahımı dumana söylə.

    Tapılmaz eləsi bizim zamanda,
    O təkdir, heç misli yoxdur cahanda.
    Bəlkə bir gün gördüm toyda, nişanda
    Unutma ərzimi bir mana söylə.

    El ağzı fal olar, bunu sal yada,
    Sirri dosta vermə, söyləmə yada.
    Xeyir xəbər olsa eldə, obada,
    Qayıdıb gələndə Osmana söylə.

    DƏRDİN ALIM

    Çiçəklərdən səni könlüm,
    Dilər keçər, dərdin alım.
    Xəyalın tez-tez yanımdan
    Gülər keçər, dərdin alım.

    Dağ başını aldı duman,
    Körpə quzu anasından
    azıb ayrı düşsə, bir an
    Mələr keçər, dərdin alım.

    Demə: dünya bir qəfəsdir,
    Mahnılarım quru səsdir,
    Eşq, sevda bir həvəsdir,
    Gələr keçər, dərdin alım.

    Bahar çağı səhər erkən,
    Göy çəməndə gəzəndə sən,
    Bilirsənmi ürəyimdən
    Nələr keçər, dərdin alım?!.

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    VAR MƏNİM

    Yığılmır yollardan fikrim, xəyalım,
    Görən bu yollarda kimim var mənim?
    Sazda Kərəmiyə qoşulan səsim,
    Kamanda inləyən simim var mənim.

    Kəsilib qapıdan gedib-gələnim,
    Yox mətləb qananım, qədir bilənim.
    Dumanlar içində yorğun köhlənim,
    Tufanlar qoynunda gəmim var mənim.

    Hüseyn, nə oldu qönçə niyyətim?
    Daşlara toxundu ilk məhəbbətim.
    Özgəni güldürən sözüm-söhbətim,
    Özümü ağladan qəmim var mənim.

    YAş 60-A ÇATANDA

    Dağ başına qar gəlir,
    Yollar izlər dar gəlir.
    Dünən düşündüklərin
    Bu gün sənə dar gəlir,
    Yaş 60-a çatanda.

    Dərədən duman keçir,
    Keçir, nə yaman keçir.
    Dünən “gəl-gəl” deyənlər
    Bu gün səndən yan keçir –
    Yaş 60-a çatanda.

    Ağrılar cana keçir,
    Baхmayır, qana keçir.
    Хəyalından uşaqlıq,
    Könlündən ana keçir –
    Yaş 60-a çatanda…

    ANALAR

    Elə ki, balalar gəlir dünyaya,
    O gündən hey ölçüb-biçir analar.
    Mahnı da oxuyur, şeir də deyir,
    Bəstəkar analar, şair analar.

    Dözür hər əzaba o bilə -bilə.
    Yaşayır, sirrini salmadan dilə.
    Vaxt olur, qaldırıb ağını belə,
    Şərbət əvəzinə içir analar.

    Unudub illərin yorğunluğunu,
    Həyatda dincliyi, evdə yuxunu:
    Sevincin azını, qəmin çoxunu,
    Yükün ağırını seçir analar.

    Özüm də bilmirəm, Hüseyn, niyə?
    Başımın tüstüsü çəkilir göyə.
    Torpağım anasız qalmasın deyə
    Torpağın qoynuna köçür analar.

    SƏNİ UNUDA BİLMƏRƏM

    Ay dolanar, il dolanar
    Səni unuda bilmərəm.
    Könül yanar, can odlanar
    Səni unuda bilmərəm.

    Yaz üzülə, payız keçə,
    İstər gündüz, istər gecə,
    Neçə gözəl gəlib keçə,
    Səni unuda bilmərəm.

    Gözün saxladı sözümü,
    Gözün ovladı gözümü;
    Unutmayınca özümü,
    Səni unuda bilmərəm…

    ŞEİR DEYİLMİ?!

    Məndən təzə şer xəbər alan dost,
    Bəs yazın gəlməsi şer deyilmi?!
    Gəzməyə çıxanda – çölün, çəmənin
    Üzünə gülməsi şer deyilmi?!

    Yenə gözüm qalıb bağçada, bağda,
    Min-min gül açıldı aranda, dağda.
    Eyvana əyilən çarpaz budaqda
    Bülbülün nəğməsi şer deyilmi?!

    Seyr elə hüsnünü göydə durnanın.
    Qayada kəkliyin, göldə sonanın.
    Aynabənd otaqda gəlin anamın
    Şirin laylay səsi şer deyilmi?!

    Dərədə moruq dər, döşdə çiyələk.
    Gah yağış xoş gəlir, gah sərin külək.
    Yaş ötür, doymayır dünyadan ürək, –
    Yaşamaq həvəsi şer deyilmi?!

    Kim deyir şerin meydanı dardır?
    Sonu görünməyən bir ilk bahardır.
    Neçə ki, həyat var şer də vardır,-
    Həyatın nəfəsi şer deyilmi?!

  • Xalq şairi Səməd VURĞUN.”Yada sal məni”

    Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
    Kəklikli dağlardan xəbər al məni.
    Ceyran bulağından qızlar içəndə,
    Saz tutub, söz qoşub yada sal, məni.

    Hay vurub, qıy vurub, səs sal dağlara,
    Gözəllər oylağı göy yaylaqlara.
    Mənim bu dərdimi de oylaqlara –
    Sinəmdən oxladı bir maral məni.

    O ceyran baxışlı baxdı uzaqdan,
    Canımı odlara yaxdı nahaqdan.
    Yüz il də dolanıb keçsə o vaxtdan,
    Unutmaz aləmdə əhli-dil məni.

    Gəlmişəm gəzməyə sizin dağları,
    Baxım yaylaqlara doyunca barı…
    Bu yerə şairin düşdü güzarı,
    Gözəl qarşıladı xoş iqbal məni.

    Bəxt məni bu yerə qonaq göndərdi,
    Gedirəm, yamandır ayrılıq dərdi.
    Demə, Səməd Vurğun gəldi-gedərdi,
    Unutmaz bu oba, bu mahal məni…

  • Gənclərimizin sağlamlağına həsr edilmiş ömür

    Ümummilli liderimiz Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz dünyada qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin artması bütün sahələrdə olduğu kimi, idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir.

    Hazırda qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən gələn Azərbaycan idmançıları üçrəngli bayrağımızı yüksəklərə ucaldır, dövlət himnimizi qələbə qazanılan meydanlarda səsləndirirlər.

    Qazanılan qızıl və gümüş medalların sayı artdıqca, adlı-sanlı idmançılarımızın sayı da artmaqda davam edir. Ötən əsrin 50-60-cı illərində isə yüksək titul qazanmış idmançılarımızı barmaqla saymaq olardı. Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş növü üzrə respublika və Ümumittifaq miqyasında böyük uğurlara imza atmış SSRİ idman ustası, əməkdar məşqçi Nəcəf Çöllüyev həmin o illərdə barmaqla sayılan ustad güləşçilərimizdəndir.

    Nəcəf Çöllüyev 1938-ci il may ayının 25-də Azərbaycanımıza böyük şairlər, yazıçılar və sərkərdələr bəxş etmiş Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açmışdır.

    Əməkdar məşqçi Nəcəf Çöllüyevin 1956-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun bədən tərbiyəsi və anatomiya-fiziologiya fakültəsinə daxil olması onun böyük idmana gedən yoluna işıq saçmışdır. İnstituta qəbul olunduqdan sonra o, adlı-sanlı güləş ustaları, tanınmış məşqçilər İnqilab Novruzov və İbrahimpaşa Dadaşovun rəhbərliyi altında sərbəst güləş növü ilə ciddi məşğul olmağa başlayır. Nəcəf müəllim institutun elə birinci kursundan müxtəlif səviyyəli yarışlarda iştirak etməyə başlayır. Elə həmin illərdə Ümumittifaq miqyaslı çempionatlarda uğurla çıxış edən, ölkəyə qalib olaraq fəxri fərmanlar, diplomlarla qayıdan Nəcəf müəllim hələ institutun ikinci kursundaykən SSRİ idman ustası adına layiq görülmüşdür.

    Nəcəf Çöllüyevin 1962-ci ildə Azərbaycan yığma komandası tərkibində İraqın paytaxtı Bağdada səfəri onun idman karyerasında daha əlamətdar olmuşdur. İraq və Azərbaycan güləşçiləri arasında keçirilən sərbəst güləş üzrə yarışda komandasına gətirdiyi parlaq uğura görə dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək 24 yaşlı gənc idman ustasına 8-ci kilometr qəsəbəsində ikiotaqlı mənzil hədiyyə edilmişdir. Nəcəf müəllim özünü İnqilab Novruzovun yetirməsi adlandıra-
    raq, ustad-şagird münasibətlərinin sonralar dostluğa çevrildiyini qeyd edir.

    Nəcəf Çöllüyev həm institutda təhsil alır, ustadının təkidi ilə həm də respublika yığma ko-mandasında məşqlər edirdi. Ustad güləşçi 1958-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində “Burevestnik” Cəmiyyəti Mərkəzi Şurasının SSRİ çempionu olmasında İnqilab müəllimin zəhmətini xüsusi minnətdarlıqla xatırlayır.

    Həmin illərdə güləş fəndlərindən biri “Nəcəfin fəndi” kimi çox məşhur imiş. Bir dəfə Batumidə keçirilən SSRİ birinciliyin-də Nəcəf müəllim həmin fəndi işlədərək gürcüstanlı rəqibini ani olaraq “yatıraraq” kürəyini yerə vurur. Gürcülərin məşqçisi bu fəndin mahiyyətini başa düşübmüş. Axşam oteldə Gürcüstan komandasının məşqçisi güləşçilərə sabahkı yarış üçün vaxtında yatmalarını tövsiyə etsə də, güləşçilərdən biri deyilənlərə qulaq asmır və yatmaq istəmir. Məşqçi həmin güləşçiyə deyir: – Bax sənə deyirəm get yat, Çöllüyevi çağıraram səni məcburi “yatırar”.

    Onillik güləş təcrübəsindəSSRİ idman ustası N.Çöllüyev ciddi uğurlara imza atmışdır. Ümumittifaq yarışlarından həmişə qələbə ilə dönən təcrübəli idmançı təkcə 1959-64-cü illərdə milli və sərbəst güləş üzrə açıq birinciliklərdə 13 dəfə respublika çempionu olmuşdur.1959-65-ci illər ərzində Nəcəf Çöllüyev sərbəst güləş üzrə respublika yığma komandasının “bir nö mrəli” üzvü olub. O, 1963-cü ildə “Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülüb.

    Nəcəf Çöllüyevin idman bölməsinə rəhbərlik etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetində onlarca SSRİ idman ustası, Azərbaycan çempionları və mükafatçıları hazırlanmışdır.

    Nəcəf Çöllüyev şəxsən özü bir məşqçi kimi çalışdığı 30 il ərzində 20-dən çox idman ustası, 300-ə yaxın idman ustalığına namizəd, yüzlərcə yuxarı dərəcəli idmançı hazırlamışdır.Əməkdar məşqçi Nəcəf Çöllüyev idmana elmi müstəvidə yanaşmış və gənclərimizin sağlamlığı keşiyində durduğu bu illər ərzində onun bu sahəyə öz elmi-metodik baxışları formalaşmışdır. O, ali məktəblərdə
    sərbəst güləş üzrə dərslərin təşkilinə və idmançı-güləşçilərin texniki hazırlığına aid bir sıra metodik göstərişlərin müəllifi kimi çıxış etmiş, dosent elmi dərəcəsinə yiyələnmişdir.

    Nəcəf müəllim 1964-75-ci illərdə Politexnik İnstitutunda, 1975-ci ildə isə İnşaat Mühəndisləri İnstitutunda (o zaman belə adlanırdı) bədən tərbiyəsi və idman kafedrasında idman müəllimi və məşqçi kimi fəaliyyət göstərib. Ömrünü gənclərimizin sağlam yetişməsinə, cəmiyyətə yararlı olmasına həsr edən Nəcəf Çöllüyevin əməyi yüksək qiymətləndirilmişdir. O,1989-cu ildə “SSRİ bədən tərbiyəsi əlaçısı”, 1994-cü ildə “Azərbaycanın əməkdar məşqçisi”, 1998-ci ildə isə “Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi” kimi fəxri adlara layiq görülmüşdür.

    Sərbəst güləşin inkişafında əvəzsiz xidmətləri olmuş Nəcəf müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq.

    Əlişad CƏFƏROV,
    “Respublika”.

  • Şəfa VƏLİYEVA.”Peçenyeləri sevirəm…”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ŞAHANƏ MÜŞFİQİN HEKAYƏ ALƏMİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM

    Peçenyeləri sevirəm… Hətta, o qədər sevirəm ki, bəzən heç alıb yemirəm də.

    Aleksey Tatarinovun təbirincə desək, “ruhi xəstə, suisidallığa meylli” olan yazıçıdan hər qəribəliyi gözləmək mümkündür. Bu mümkünlüyün əlhavasına yazırıq hamımız elə…

    Yazırıq, gülürük…
    Yazırıq, ağlayırıq…
    Yazırıq, öz gözümüzdən düşürük…
    Yazırıq, qürurlanırıq…

    lll

    Peçenyelərə olan sevgimi anlatdığım cümləni yazının müqəddiməsi etməyim elə-belə deyil… “Ulduz” jurnalının aprel sayında Şahanə Müşfiqin “Bir qutu peçenye” haqqındakı hekayəsi yer alıb. “Dərgidə kitab”ın bu dəfəki “ev yiyəsi” Şahanədir, qonaqlarından biri də mən… Və gənc qələm dostum məni “Bir qutu peçenye”yə, “Yarımçıq dönər”ə qonaq edəndən sonra qəfildən “Nə yazım?!” dedi. Bilirəm ki, bu sualı mənə ünvanlamayıb… Ümumiyyətlə, heç kimə ünvanlamayıb… Bu sualın cavabı elə onun bura qədərki yazdıqlarındadır…

    Düz bir il əvvəl, 2017-ci ilin aprelində də Şahanənin “Ulduz”da hekayəsi çıxmışdı; “Asflat çatı”… Atasızlığı öz kiçik düşüncəsiylə dünyanın olur-olmazlarından süzdürən balaca bir uşaq haqqındadı bu hekayə… O qədər duyğulanmışdım ki… Ona görə də 2017-ci ilin may “Ulduz”unda yazıçı Seyran Səxavətin “Sözün xətrinə” adı ekspert rəyindəki fikirlərlə razılaşmamışdım… Heç indi də razılaşa bilmirəm…

    Növbəti may “Ulduz”u əlimdə deyil. Ekspert rəyinin nə olduğundan da xəbərsizəm… Sadəcə, Şahanənin açdığı süfrənin bir kənarında bardaş qurub əyləşmişəm.

    lll

    “Bir qutu peçenye” ana haqqında romansdır. Notlarının hər biri beynəlmiləldir; mənim anam haqqındadır, Şahanənin anası haqqındadır… Bütün dünyanın anaları haqqındadır…

    Şahanə bu hekayədə oxucunun diqqətini “valideynsizliyə” çəkə bilir. Baxmayaraq ki, hekayənin qəhrəmanı olan ananın valideynləri sağdır, imkanları da pis deyil. Lakin onlar öz yoxluqlarını qızlarına yaşadırlar. Özü də adına “mental dəyərlər” dediyimiz yalançı bir məğrurluq üçün:

    “… Heç birinin ailəsi bu gənc ailənin çətin vaxtlarında onlara dəstək olmamışdı. Oğlan tərəf qıza elçi gedəndə “oğlumuza şəhərdə ev alacayıq” – desə də, sonradan bu vədinə əməl etməmiş, qızın ailəsi isə “siz ev almırsınızsa, biz də cehiz vermirik” – deyib guya acıq etmişdilər…”

    Olan isə gənc ailəyə olmuşdu… Onlar hələ onurğa sütunu bərkiməmiş ailələri üçün “valideynsizlik” ilə göz-gözə, burun-buruna dayanırlar…

    Körpəsinin aclığı ananın dünyayla savaşa girmə səbəbinə çevriləndə də o, anasız-atasız idi; valideynlər nəvə xətrinə belə bu gənclərə əl uzatmaq istəmirlər. Oxucu gənc ananın çarəsizliyi qarşısında hikkələnir, qınayır, üzülür, ağlayır… Şahanə yazıçı manevri ilə oxucuya bir obraz naminə hisslərin dörd fəslini yaşadır.

    Ananın ac körpəsinə canı yanması elə onun özünün can yanğısıdır; hansı ki, dünyanın ən möhtəşəm fədakarlığıdır. Nəhayət, yerə düşən bir qutu peçenye-bəşəriyyətin xilaskarı kimi obrazlaşdırılmış kiçicik nəsnə! Körpəsinin ağlamaq səsi altında ananın xoşbəxtliyin pik nöqtəsindəki sevinci!

    … Həmin an qadının sevinci yerə-göyə sığmırdı. Peçenye qutusunu sinəsinə elə basmışdı ki, sanki qoynunda xəzinə gizlətmişdi…

    lll

    “Yarımçıq dönər”in ana obrazı isə “Bir qutu peçenye”nin ana obrazı ilə təzad yaşayır. O, 12-13 yaşlı oğlunu işləməyə göndərir, özü yeni sevgilisi ilə macəra yaşamaqdan doymur. Bazarda araba sürərək qəpik-quruş qazanan uşaq aldığı bir dönəri sonunadək yeməyə ürək eləmir; yarısını anasına saxlayır. Hələ anasının sevdiyi “Coca-cola”nı da alıb. Evə gedir… Əmin deyil ki, anası sevgilisinin yanından qayıdıb, evdə onu gözləyir. Sadəcə, o – balaca Taleh ümid edir… Ümid edir ki, evdə onun üzünə qapını bu dünyada sığındığı tək həqiqət; anası açacaq.

    Hekayəni oxuduqca bir şeyi dərk etdim; həqiqət tək olduğu üçün biz onun kölgəsinə sığınırıq… Bu kölgə əjdaha kölgəsi olsa da!

    lll

    “Nə yazım?!” da ana haqqındadır…

    Nadir sinfin ən nadinc, ən intizamsız şagirdidir. Müəllim həmişə ondan narazıdır. O, heç vaxt inşa yazmayıb; həmişə köçürüb.

    “…Bu dəfəki mövzu onun kövrək uşaq qəlbini getdikcə üzürdü…”

    Bax bu cümlə Şahanənin oxucuya göstərdiyi şifrəli xəritədir. Hekayədə adı çəkilməyən, haqqında danışılmayan ana obrazına doğru aparan təfəkküri cığırın xəritəsidir özü də…

    Oxucu “mənzil başına” müəllimin Nadirin yazdığı bir neçə cümləni oxumasıyla çatır:

    “Müəllim bizə ana haqqında inşa yazmağı tapşırıb. Bayaqdan fikirləşirəm, ancaq yazmağa heç nə tapmıram. Axı, heç vaxt görmədiyim adam haqqında nə yazım? Anam mən doğularkən ölüb. Mənim “ana” deyəndə anladığım tək şey qəbiristanlıqda bizi gözləyən soyuq məzar daşıdı”.

    lll

    Ümid edirəm ki, may “Ulduz”unun eksperti Rahid Ulusel Şahanə Müşfiqin hekayələrinə lazımi təhlil verib. Axı, ümid etmək qəbahət deyil…

    Bir də, yadıma düşmüşkən, ən son yediyim peçenye limon dadırdı. Yasunari Kavabatanın “Kasıbların aşnası” hekayəsinin qəhrəmanını yadıma salmışdı…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    * * *

    Göz yaşını görə bilmir bu millət,
    bizim şüşüələrin iç üzü kirli,
    bizim şüşələrin üstü qapalı…
    silsək də iç üzünü…
    qoymayacaqlar görməyə
    dünyanın o üzünü…

    ..Bizim fərqimiz…

    Bilmirəm bəlkə də bir gün
    səni unudacağam,
    Ancaq içimdə ölən duyğularım bir də göyərməyəcək.
    Sən uzaqda – göylərin, lap dərinliyində
    parlayan bir ulduzsan
    Mənsə o ulduza həsrətlə baxan
    bir qızam.
    Sən göydən məhəbbətlə enən
    qar dənəciyi,
    Mən onu əlimdə saxlamağa çalışan uşaq.
    Sən məndən uzaqda yaşanmış keçmiş,
    Mən hələ yaşanacaq gələcəyəm.
    Bizi bir-birimizdən indi ayırır.
    Sevgilim,imkansız oldu sevgimiz,
    Ya çox uşaq olduq,
    ya da çox böyük,
    Doya-doya yaşamadıq onu biz
    Doya-doya yaşamadıq onu biz…

    _2007_

  • Gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub.

  • “HEYDƏR ƏLİYEV (Əliyev Heydər Əlirza oğlu) Biblioqrafiya” kitabı işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerşəkləşdirilən layihə çərçivəsində Müasir Azərbaycan Respublikasının qurucusu və memarı, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “HEYDƏR ƏLİYEV (Əliyev Heydər Əlirza oğlu) Biblioqrafiya” kitabı
    Bakı şəhərində 680 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Layihənin rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva, Mətanət İbrahimova, Aytən Hüseynova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.
    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental biblioqrafiya görkəmli ictimai-siyasi dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə həsr olunmuşdur. Bu göstəricidə Ulu öndərin öz əsərləri və onun haqqında yazılmış materiallar əhatə edilmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin titanik fəaliyyətinin çox genişəhatəli olduğu nəzərə alınaraq bu biblioqrafiyada yalnız Ulu öndərin kitab halında çap olunan əsərləri, kitablarda, elmi məcmuələrdə və elmi jurnallarda dərc olunan materiallar öz əksini tapmışdır. Biblioqrafiya elmi-tədqiqatçılar, kitabxanaçıbiblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • “MİR CƏLAL (Paşayev Mir Cəlal Əli oğlu)Biblioqrafiya” kitabı işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerşəkləşdirilən layihə çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “MİR CƏLAL (Paşayev Mir Cəlal Əli oğlu)Biblioqrafiya” kitabı Bakı şəhərində 496 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Layihənin rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva, Mətanət İbrahimova, elmi redaktor və buraxılışa məsul Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, məsləhətçi Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, , redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.
    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri”seriyasından tərtib etdiyi “Mir Cəlal” biblioqrafiyası Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı-alim, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmişdir. Biblioqrafiyada görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin material, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Görkəmli Azərbaycanlı ədəbiyyatşünas Mir CƏLAL

    Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).

    Mir Cəlal Paşayev 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927).

    Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası (1940), “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.

    Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

    1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

    Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur.

    Mükafatları

    “Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941–45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı əmək bayrağı” (1967), “Oktyabr inqilabı” (1978) və iki dəfə “Şərəf nişanı” (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.

    Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.

    Kitabları

    Sağlam yollarda (oçerklər). Bakı: Azərnəşr, 1932, 46 səh.
    Boy (novellalar və oçerklər). Bakı: Azərnəşr, 1935, 123 səh.
    Dirilən adam. Bakı: Azərnəşr, 1936, 204 səh.
    Bostan oğrusu. Bakı: Azərnəşr, 1937, 46səh.
    Axundun iştəhası. Bakı: Azərnəşr, 1938, 63səh.
    Gözünaydın. Bakı: Azərnəşr, 1939, 477 səh.
    Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA nəşri, 1940, 96 səh.
    Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1940, 258 səh.
    Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh.
    Xalqın ürək sözü. Bakı: Azərnəşr, 1941, 18 səh.
    Vətən (hekayələr). Bakı: Azərnəşr, 1942, 38 səh.
    İlyas. Bakı: Uşaqgəncnəşr, 1942, 24 səh.
    İsrafil. Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
    Şərbət. Bakarı. Bakı: Azərnəşr, 1943, 12 səh.
    Vətən yaraları. Bakı: Azərnəşr, 1943, 12 səh.
    Həyat hekayələri. Bakı: Uşaqgəncnəşr, 1945, 156 səh.
    İki rəssam. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
    Yeni kəndin adamları. Bakı: Azərnəşr, 1948, 44 səh.
    İlk vəsiqə. Bakı: Uşaqgəncnəşr, 1949, 24 səh.
    Söyüd kölgəsi. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
    Təzə şəhər. Bakı: Azərnəşr, 1951, 264 səh.
    Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1953, 201 səh.
    Sadə hekayələr. Bakı: Azərnəşr, 1955, 224 səh.
    Fitnə. Bakı: Uşaqgəncnəşr, 1955, təkrar nəşri: 1962, 1966.
    Yaşıdlarım. Bakı: Uşaqgəncnəşr, 1955, 226 səh.
    Yuxu və külək. Bakı: Uşaqgəncnəşr, 1956, 12 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1956, 500 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1957, 532 səh.
    Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəşr, 1957, 247 səh.
    İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəşr, 1961, 408 səh.
    Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəşr, 1964, 452 səh.
    Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh.
    Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh.
    Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh.
    C.Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh.
    Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh.
    XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli).
    Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh.
    Şəfəqdən qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh.
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli).
    Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh.
    Silah qardaşlan (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh.
    Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh.
    Dağlardiləgəldi. Bakı: Gənclik, 1978, 176 səh.
    Dahi söz ustası. Bakı: Yazıçı, 1978, 90 səh.
    Dirilən adam. Bakı: Yazıçı, 1978, 414 səh.
    Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh.
    XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli).
    Yaşıdlar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh.
    Bir gəncin manifesti. Bakı: Yazıçı, 1984, 224 səh.
    Ləyaqət (hekayələr və povest). Bakı: Yazıçı, 1984, 360 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh.
    Ədəbiyyatşünaslığın əsasiarı (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh.

    Filmoqrafiya

    Bir ailə (film, 1943)
    Mətbuat fədaisi (film, 2007)
    Üç zirvənin fatehi (film, 2008)

  • Görkəmli ədəbiyyatşünas Pənah XƏLİLOV

    Pənah Xəlilov (tam adı: Pənah İmran oğlu Xəlilov; 1 iyul 1925) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971).

    Həyatı

    Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. “Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir.

    Əsərləri

    Sovet ədəbiyyatının son nailiyyətləri. Bakı: Azərtədrisnəşr, 1964, 156 səh.
    Azərbaycan sovet ədəbiyyatı. Bakı: Maarif, 1966, 436 səh. (şərikli)
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, 409 səh.
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə). II c. Bakı: Maarif, 1968, 401 səh.
    Sovet ədəbiyyatı (dərsliyə əlavə). Bakı: Maarif, 1970, 139 səh. (şərikli)
    Dostluğun gücü. Bakı: Gənclik, 1972, 34 səh.(şərikli)
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli)
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). I c. Bakı: Maarif, 1975, 416 səh.
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). II c. Bakı: Maarif, 1977, 360 səh.
    Nəsrimizin üfüqləri. Bakı: Yazıçı, 1982, 182 səh.
    Ədəbiyyat. Bakı: Maarif, 1983, 232 səh.(müştərək, bu (X sinif üçün) dərsliyin yenidən işlənmiş və təkmilləşdirilmiş 12-ci nəşridir).
    Sovet ədəbiyyatı. Bakı: Maarif, 1985, 232 səh.
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988, 279 səh. (şərikli)
    “Kitabi-Dədə Qorqud” – intibah abidəsi. Bakı: Gənclik, 1993, 172 səh.
    Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. Bakı: Maarif, 1994, 429 səh.
    “Kitabi-Dədə Qorqud” – intibah abidəsi (II nəşri). Bakı: Universitet nəşri, 2001, 241 səh.
    Ukraynanın böyük kobzarı. Bakı: Azərnəşr, 1964, 45 səh.
    Ədəbiyyat dərslərində milli məfkurə təbliğinin imkan və üsulları (elmi-metodik vəsait). Bakı: Maarif, 1977, 30 səh.
    Əhməd Yəsəvi. Bakı: Azərnəşr, 1998, 43 səh.
    Əli və Nino problemləri. Bakı: Nurlan, 1999, 32 səh.
    “Kitabi-Dədə Qorqud”. Bakı: Elm, 1999, 166 səh.
    Nizami Gəncəvi və SSRİ xalqları ədəbiyyatı (məqalələr toplusu). Bakı: ADU nəşri, 1986, 75 səh.

    Tərcümələri
    (ruscadan)

    Üç qardaş. Bakı: Gənclik, 1972, 4 səh.
    Ağıllı qız. Bakı: Gənclik, 1972, 5 səh.
    Bir uşaq şəhəri necə xilas elədi. Bakı: Gənclik, 1972, 5 səh.
    Qızıl alma. Bakı: Gənclik, 1972, 6 səh.
    Dombra nə dedi? Bakı: Gənclik, 1972, 5 səh.
    Yarı qulağın nağılı. Bakı: Gənclik, 1972, 5 səh.
    Kəndlilər ağanı təbrik etdilər. Bakı: Gənclik, 1972, 6 səh.
    Çöl qazları. Bakı: Gənclik, 1972, 6 səh.
    Sehirli dəyirman. Bakı: Gənclik, 1972, 5 səh.
    Beş kökə. Bakı: Gənclik, 1982, 12 səh.
    Ərik çəyirdəyi. Bakı: Gənclik, 1982, 5 səh.
    İki Peters. Bakı: Gənclik, 1982, 13 səh.
    Kəndli və tamahkar pan. Bakı: Gənclik, 1982, 12 səh.
    Dabbağ Kiril. Bakı: Gənclik, 1983, 11 səh.
    Mikel de Servantes. Lamançlı Don Kixot (Dünya uşaq ədəbiyyatı kitabxanası, 50 cilddə) IV c. I kitab. Bakı: Gənclik, 1983, 518 səh.
    Mikel de Servantes. Lamançlı Don Kixot (II kitab). Bakı: Gənclik, 1985, 567 səh.
    Herodot. Tarix (I hissə). Bakı: Azərnəşr, 1986, 326 səh.
    Herodot. Tarix (9 kitabda). Bakı: Azərnəşr, 1994, 640 səh.

  • Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad MƏCİD

    resad_mecid

    Rəşad Məcid (tam adı Məcidov Rəşad Müseyib oğlu) — yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.

    Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

    Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

    2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.

    Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

    Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

    Kitabları Redaktə
    “Hələ ki vaxt var” (şeirlər). 1993-cü il
    “10 sentyabr” (hekayələr). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004-cü il, 408 səh.
    “Əlvida və salam”. 2009-cu il
    “Dəlicəsinə”. Bakı: Təhsil, 2014-cü il
    “Çiyələk qadın”. Bakı: Yazıçı, 2014-cü il
    “Bir də gəlməyəcək…”. Bakı: Təhsil, 2015-ci il
    “Cığıraçan”. Bakı: Vektor, 2015-ci il
    Filmoqrafiya Redaktə
    Ümid işığı (film, 2014) (əsərin müəllifi)
    İstinadlar

  • Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami CƏFƏROV

    Nizami Cəfərov (Nizami Qulu oğlu Cəfərov; d. 21 sentyabr, 1959) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[1], Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri (2001—2015)[2]

    Həyatı

    Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

    1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

    Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür[3].

    Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Evlidir, 2 övladı var.

    Yaradıcılığı Redaktə
    Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

    Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilmişdir.

    Rus, ingilis və fars dillərini bilir.

    Əsərləri Redaktə
    Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991
    Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995
    “Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr-1996. 80 səh. şəkilli
    Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999
    Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001
    Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
    “Professor Sadıq Tural”. Bakı, 2006. (Nazir Əhmədli ilə birlikdə)
    Türk xalqları ədəbiyyatı,4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild (Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007.
    Filmoqrafiya Redaktə
    Susmuş vicdan (film, 2010)
    İstinadlar Redaktə
    AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb
    VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ (azərb.)
    “Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI” (azərb.). https://e-qanun.az.+11 fevral 2000. Arxivləşdirilib: [1] saytından 27 fevral 2016 tarixində. https://web.archive.org/web/20160227070958/http://e-qanun.az/framework/89. İstifadə tarixi: 27 fevral 2016.

  • Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI

    Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair.

    Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.

    AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.

    1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.[2]

    2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub.

    Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub.

    “Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir.

    Azərbaycan Aşıqlar Birliyinin I katibidir.

    Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxmışdır.

    Xaricdə isə 20 məqaləsi çıxmışdır.

    Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi çalışmışdır.2016-cı ildə Birliyinin sədri seçilmişdi.

    Respublika Dövlət mükafatı laureatı

    “Əməkdar elm xadimi” fəxri adı — 03.11.2015[3]

    Kitabları

    “Aşıq sənəti”. Bakı, “Ozan”, 1996.
    “Sənə sözüm var” 2004,
    “Ozan-aşık sanatı” 2010, Türkiyə.

    Məqalələri

    Ozan-aşıq keçidi. Bakı, “Qobustan” jurnalı., 1991, №3
    “Ustad”, “Ədəbiyyat qəzeti”, 22 fevral 1991-cı il, №8.
    “Manas” dastanının anlatılış özəllikləri. Ankara, “Turk dünyası” dərgisi, 1995, №4
    Azərbaycan türklərində ad anlayışı. Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11
    Aşıq sənətində informatik yük və repertuar problemləri. Bakı, 2001, Elmi əsərlər, №3-4
    Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.

  • Xəyalə SƏFƏROVA.” CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ EVDAR QADINLARIN QISQANCLIĞI…”

    Cahiliyyə cəmiyyətində qısqanclıq hökm sürür. Ancaq qeyd etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət kimi qəbul edilir. Qısqanclığı sevgi və sədaqət əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyini qısqanmırsa, onların fikrincə, bu, əsl sevgi deyil. Bu yanlış anlayışa əsasən, insanın qarşı tərəfin sevgisindən razı qalması üçün bütün insanlar arasında ancaq ona sevgi bəsləməlidir.

    Halbuki, bu, çox səhv düşüncədir. Çünki hər şeydən əvvəl, sevgi çox üstün duyğu və əxlaqi xüsusiyyətdir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi şəxsə sevgisini sədaqəti, bağlılığı, şəfqəti, gözəl sözləri və rəftarı ilə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti fikir formalaşdırır. Lakin insanın özündən başqa heç kimsənin sevilməsini istəməməsi eqoistlikdir.

    Cahiliyyə cəmiyyətində, xüsusilə də ailə həyatında qısqanclığa görə insanlar çox sıxıntı çəkirlər. Həyat yoldaşlarının analarına, atalarına, bacılarına, qardaşlarına, dostlarına və hətta uşaqlarına bəslədiyi sevgi belə eqoist xarakterli insanlara sıxıntı verir. Belə insanlar heç kimə özlərindən artıq və özlərinə olan qədər sevgi bəslənməsini istəmirlər.

    Evdar qadınlardakı qısqanclığın ikinci növü isə cahiliyyə cəmiyyətindəki evlilik sisteminin yanlışlığını bilmədiklərindən qaynaqlanır. Çünki təməli Allah rizasına, Allah qorxusuna və Allah sevgisinə əsaslanmayan heç bir evlilikdə əsl sevgi və sədaqət olmur. Cahiliyyə cəmiyyətindəki qadınlar da bu mühüm həqiqəti dərk etdiklərinə görə, hər an aldadılmaq, ikinci plana atılmaq və ya unudulmaq qorxusu ilə yaşayırlar. Odur ki, şübhələndikləri hər hadisədən narahat olur və qısqanclıq edirlər.

    Bu problemi həll etmək üçün əl atdıqları yollar isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da çətinləşdirir. Səbəbsiz yerə küsmək və tərslik etməklə qarşı tərəfə mesaj verməyə çalışırlar. Hər an əlaqəsiz bir hadisədən şübhələnərək xəyali ssenarilər qurur və qurduqları ssenarilər əsasında kəskin qərarlar verirlər. Bütün bu hərəkətlər isə həyatlarını daha da sıxıntılı edir. Bundan əlavə, istədiklərinin tam əksinə, qarşı tərəfi özlərindən bir az da uzaqlaşdırırlar. Çünki nə vaxt, hansı hadisədən nə nəticə çıxaracağı bilinməyən bir insanla yaşamaq çox narahatlıq verir. Odur ki, evdar qadınların qısqanclığı, əsasən, ailələrinin dağılması ilə nəticələnir.

    Halbuki, bütün bunların həlli çox asandır. Quranda hər insanın nəfsində qısqanclıq hissi olması, ancaq nəfsini bu hissdən təmizləməyin doğru yol olduğu bildirilmişdir:

    … Ancaq nəfslərdə qısqanclıq həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)

    Ona görə də Quran əxlaqı ilə yaşayan mömin qısqanclıq etməz. Çünki Allah qorxusundan qaynaqlanan qarşılıqlı sədaqət və etibar hissləri gərginliyin əmələ gəlməsini qarşısını alır.

  • E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Elmira Hüseyn qızı Axundovaya “Xalq yazıçısı” fəxri adı verilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 25 may 2018-ci il.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qadına məktub”

    Sizin qızınızla görüşürük biz,
    Gedirik gah yolla, gah kənar izlə.
    Bunu mən bilirəm, siz bilmirsiniz,
    O gəlir sizin öz icazənizlə.

    Tələbə yoldaşı, rəfiqəsi var,
    İşi də çox olur, bəzən dərsi də
    Mənəm qızınızın, necə deyərlər –
    “tələbə yoldaşı”, “rəfiqəsi” də

    Mən başa düşürəm siz anasınız
    Ürəyə sığışmır adi həyəcan
    O,evə dönüncə nigaransınız
    Evdə olanda da mənəm nigaran.

    Bir ömür mənzili uzun, ya qısa…
    Məhəbbət, doğmalıq – hansı qədimdir?
    O sızin adicə qızınızdısa,
    O mənim yeganə səadətimdir.

    Siz də heyransınız, mən də bir qıza
    Kimin qapısından o girməlidir?
    Dünya elədir ki, biri tapırsa,
    Biri… təbiidir itirməlidir.

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, istəyi
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim.

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında baş əyir aləm
    Mən də baş əyirəm,vidalaşıram-
    Qızınız gələcək,mən getməliyəm.

  • Xalq şairi Zəlimxan YAQUB.Qəzəllər

    ÖLDÜRÜR

    Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud
    Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı
    məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə
    gözəl çıxışından sonra yazılmışdır.

    Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,
    Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.

    Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,
    Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.

    Atəş kimi qarsaladı “Segah”ın fəryadı məni,
    Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.

    Bu nə səsdi, bəlkə bu gün həzrəti Davud dirilib,
    Heyranların heyranıyam, məni bu heyran öldürür.

    Allah belə ölümləri duyanlara çox görməsin,
    “Şüştər” bu gün verib yenə qətlimə fərman, öldürür.

    Məni sevən dostuma bax, çevrilib cəlladım olub,
    Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.

    GƏTİRƏ

    Bu şeir qarmonçalan Rəhmanın filarmoniyada
    keçirilən yaradıcılıq gecəsində oxunmuşdur.

    Çəkilə zülmət gecələr, vaxt üzümə dan gətirə,
    Azadlığın səhər yeli cansıza da can gətirə.

    Gözlədiyim o günləri öz vaxtında gətirməsə,
    Qorxum budur, həsrət mənim gözlərimə qan gətirə.

    Görüş yeri Təbriz ola, sevdamız bir dəniz ola,
    Bu görüşlər ömrümüzə ən istəkli an gətirə.

    Vurğun ilə Şəhriyarın səsi gələ qulaqlara,
    Bir millətin tarixinə şərəf verə, şan gətirə.

    Seyid, Cabbar şad xəbərə məzarından baş qaldıra
    Qarabağdan məclisimə şikəstəni Xan gətirə.

    Durna kimi səf-səf ola Azərbaycan gözəlləri,
    Elin bayram günlərinə gül dərə, reyhan gətirə.

    Kamil yenə qaboy çala, yandıra Habil kamanı,
    Uzaq yollar yaxın ola, qarmonu Rəhman gətirə.

    Ulu Tanrı, eşit məni, rəhm elə Rəhmanımıza
    Bəlkə, onun barmaqları dərdlərə dərman gətirə.

    Haqqın səsi bayraq ola, Bakı, Təbriz qucaqlaşa,
    Bu xoş günün müjdəsini xalqa Zəlimxan gətirə.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.Qəzəllər

    * * *

    Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
    Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

    Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,
    Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

    Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
    Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

    Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
    Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

    Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
    Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

    Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
    Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

    Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
    Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

    Oktyabr, 1961

    ***

    Bu qədər saldı məni həsrət, amandan-amana
    Könlüm axırda mənim düşdü gümandan-gümana.

    Neçə alim yazıb öz dərdini izhar elədi,
    Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

    Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
    Eləyək indi şikayətmi yamandan-yamana?!

    Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
    Boşalır göydə buludlar da dolandan-dolana…

    Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
    Görürəm surətini yalqız olandan-olana…

    Könlümün üstə düşən kölgələr əlan silinir,
    Başımın üstünə sən kölgə salandan-salana.

    Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
    Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

    Sentyabr, 1963

    ***

    Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
    Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

    Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
    Toz-torpağı gördük, niyə ruzgar görünməz?

    Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
    Əl gizli səbəb, gizli səbəbkar görünməz.

    İllər üzərindən yön alıb yol gedirik biz
    İllər görünür, bəs niyə yollar görünməz.

    Qəmdən şad olursansa, könül mülkünə sən bax,
    Güllər açılıb, amma o gülzar görünməz.

    Bəxtin mənə yar olduğunu çoxları söylər,
    Bəxtim görünür, bəs niyə dildar görünməz?

    Avqust, 1970

    * * *

    Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
    Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

    Nə güman eyləmisən ondakı tilsimləri sən,
    “Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

    Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
    Keçilən yolları hərdən bizə andırdı muğam.

    Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
    Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

    O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
    Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

    Dəfn edin siz məni Zabul segahın mayəsinə,
    Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

    Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
    Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

    1974

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Şeirlər

    Şeirlər

    Son gecədir bu gün yenə…
    Nəyin istisindən yananlar…
    Bir cüt ayaqqabı…
    Qağayı, axtar məni…

    Anara

    Birlikdən və tənhalıqdan…
    Bu payız da başlandı…
    Eşidirsənmi?..
    Mühit içində…
    Ədalarından çaşdığım qadın…
    Ev. Özgə otağının kiri. Divarda Stalin…
    Dənizdən ayrılmış qupquru qaya…
    Əyrin-üyrün, dar küçələrin…
    Doğuldum 1939-da…
    Uşaqkən ölənlərin…
    Bax bu kitabı da oxuyub…

    Füzuliyə

    Qış gələndə…
    Sən mənim doğma anamsan, Azadlıq…
    Vicdan kirəsi tək gəlir evimə…
    Olan-qalan yayımızı…
    Bir gün dəli olacağam…
    Əlimi uzatdım…
    Uşaqlığımın meşəsində…
    Mən ölən gün…
    Mənə bir az yağış…
    Bir gün səslənəcək bu telefon…
    İlahi, hansı dildə yalvarım sənə?..
    Kağızın üstünə düşüb…
    Ah çəkməyə bir yer…
    İçən günlərimi sayır…

    Aygünə

    Ölüm bir gün də tək qoymur məni…
    Allaha, bir də qadına…
    Məni sevib ayrılmağa…
    Salam, ata…
    Bu əllər əvvəl-axır…
    Ölüm ayağında yuyulan günah kimi…
    Biz yox, Allah inanmır bizə…
    Məzara bənzəyir yaxşı insan…
    Yaman həzin, yanıqlı bir nəğmə kimi…
    Dəlixanada axşamdır…
    Bu yorğunluq nəyə bənddir?..
    O əyri yol, tək vələs…
    Saat neçədir, qumru…
    Niyə görəsən adam bilmək istəyir…
    Gözəl qızlardan, qadınlardan…
    Mənə vətən yolu dar gəlir yenə…
    Sabah kiminsə gözündə nifrət…

    Yusif Səmədoğluna

    İndi gileydən, güzardan…
    O bayrağın kölgəsində…
    Pis olmazdı yavaş-yavaş…
    Günaha batmağım gəlib, ay Allah..
    Polyak qızı, mən sənə…
    Ömrümdə olmalıymış..

  • Rus şairlərindən çevirmələr – Xalq yazıçısı Anardan

    Aleksandr PUŞKİN
    QURANA BƏNZƏTMƏ

    Yer hərəkətsizdir yaranan andan,
    Göylərin tağını sən saxlayırsan
    Ey böyük Yaradan, ulu Yaradan!

    Sellər göylərdən axıb məhv edərdi həyatı
    Əgər sən olmasaydın,
    Günəş işıqlandırmazdı hər səhər kainatı
    Əgər sən olmasaydın.

    Yaradana dua qılaq,
    O möhtəşəmdi, güclüdü, mükərrəmdi,
    Küləklərə hökm edəndi O,
    Bürkü gündə buludları göndərəndi O,
    Mərhəmətlidi, fəzilətlidi.
    Həzrət Məhəmmədə
    Müqəddəs Quranı O nazil etdi.
    Onun yoluyla qoşub
    işığa yetdik.

    (Bu şeirinin altında Puşkin qeyd edir ki, yerin hərəkətsiz olması fiziki cəhətdən yanlışdısa, poetik obrazın özü əzəmətlidir)

    FAZİL XANA

    Bizim sərt Şimala düşübdü yolun,
    Bu yeni hünərin mübarək olsun.
    O yerlərdə çox qısadır bahar,
    Amma Hafizlə Sədini xatırlayırlar.

    Gecə diyarıdır yurdumuz bizim,
    Gecələri uzun, qaranlıq, gizlin.
    Əlvan Şərq əfsanələriylə
    Bəzə bizim diyarı,
    Şimal qarlarında qalsın qoy izin.

    (Puşkinlə yolda rastlaşan Azərbaycan şairi Fazil xan Şeyda)

    HAFİZDƏN

    (Fərhad bəyə)

    Döyüş şöhrətinə uyma, ey cavan,
    Qarabağlılarla savaşa girdiyin zaman.
    Bilirəm ki, əcəl qarşına çıxmaz,
    Əzrayıl da görüb yaraşığını
    canına qıymaz.
    Amma qorxuram ki, cənglər içində
    qeyb edəsən bir gün bu məlahəti,
    utancaq rəftarı, saf məhəbbəti.

    Mixail LERMONTOV

    Ayrıldıq, amma ürəyimdə
    Saxlamışam şəklini,
    Qəlbim yenə isinir
    Yada salanda səni.

    Bəlkə yenə sevdalarla başımı qatım,
    Qəlbimdəki o şəkli bəs hara atım?
    Tərk olunmuş məbəd də – məbəddir yenə,
    Yıxılan bütlər də bütdülər mənə.

    Darıxıb üzülürəm, əl verməyə kimsə yox,
    Qəlbim ümidsizliyə qapılan zaman
    Nəyi arzulayım? Nə olsun arzular hədsiz çoxdur çox,
    İllər ötüb gedir, ömrün gözəl illəri,
    Bir də geri gönməyən həftələri, günləri.
    Sevmək? Bəs kimi sevmək?
    Müvəqqəti sevgi kimə gərəkdi?
    Əbədi sevgi də olmur heç bir vaxt,
    Ən çılğın sevgi də keçib gedəndi.

    Öz içinə baxıb nə görəcəksən?
    Keçmişdən qalmayıb əsər-əlamət,
    Nə sevinc, nə əzab, nə dərd, nə möhnət.

    Ehtiraslar necə? Onlar da solacaq, itib ötəcək,
    Şüurun əmriylə çıxıb gedəcək.

    Soyuq-soyuq baxsan ətrafa hətta
    Çox boş və mənasız şeymiş həyat da…

    Nikolay NEKRASOV

    Dünən axşam altıda
    küçəyə çıxdığım vaxt
    gördüm qamçılayırlar
    cavan kəndli qadını,
    Çıqqırın çıxarmırdı
    Eşidilirdi yalnız amansız şallaq səsi,
    Qamçıların nəğməsi.
    – Bax – İlham Pərisinə bu zaman söylədim mən
    Sənin doğma bacındır, incidilən, döyülən.

    Afanasi FET

    Sənə heç nə demədim
    Niyə təlaşlanasan axı?
    Susduğum məsələyə işarə də vurmadım
    Onsuz da biləcəkdin bunları əvvəl-axır.

    Gecənin çiçəkləri bütün günü yatırlar,
    Amma meşənin üstə günəş qalxanda birdən
    Ləçəklərin açırlar,
    Mən də hiss eləyirəm ürəyimi beləcə
    Çiçəkləyir qəfildən.

    Xəstə, yorğun ürəyim hey əsir, hey titrəyir
    Əsib coşan mehlərdən,
    Sənə demədim bunu
    Gizli saxladım səndən.

    Pıçıltı, xəfif kədər,
    Bülbülün cəh-cəh səsi,
    Yuxulu bulaqların gümüşü titrəməsi.
    Gecə işıqları, sonsuz kölgələr
    Sevimli sifətin dəyişən zaman
    Nələr gəlir ağla, ah nələr, nələr..
    Göydə buludların dumanlı ağı
    Gözlədiyim sübhün ilk şəfəq çağı.

    Məndən aralanma, əzizim, heç vaxt
    Bircə an belə,
    Səninlə xoş keçir günlərim mənim
    Məndən uzaqlaşma heç zaman belə.

    Biri o birinə bu qədər yaxın
    Heç kim ola bilməz. Bir bunu düşün.
    Kədərlə başını əyib aşağı
    Məndən uzaqlaşma, bir saat, bir gün.

    Dağlara qızıl səpib
    Sakitcə sönür axşam,
    Hava da sərinləşdi,
    Uyu, uyu, balacam.

    Bülbüllər ötüb susdu,
    Toranlıq düşür müdam,
    Uyu, uyu, balacam.

    Simlər bir-bir titrədi,
    Ehtiras keçib gedir.
    Yalnız qəlbimdə səssiz,
    Xısın pıçıldayacam.
    Uyu, uyu, balacam.

    Yuxularından danış
    Söylə necəydi yuxu?
    Sözlərə sığmırlarsa
    Oxu yuxularını
    Nəğmə tək mənə oxu.

    Boris PASTERNAK

    HEFSİMAN BAĞI

    Uzaq ulduzların sayrışmasıyla
    Yolun dolayları işıqlanırdı.
    Dağın ətəyində Kedron axırdı
    Yollar Zeytun dağının başına dolanırdı.

    Çəmənlik yarıda parçalanırdı,
    Göydə Süd yoluna keçirdi ardı.
    Gümüşüyə çalan zeytunlar da ki
    Sanki bu boşluqda addımlayırdı.

    Kiminsə sahəsi, bağıyda bura,
    Tələbələrin qoyub üzü divara
    Söylədi: tək qaldım həsrət qəlbimlə,
    Siz də oyaq qalın, olun mənimlə.

    Birovuz şeylərdən əl çəkən təkin
    Artıq gərəyi yox müqavimətin,
    Ataraq qüdrəti və möcüzəni
    Adi bir insandı – hamımız kimi.

    Viranəlik yurdu, yoxluq diyarı,
    Kainat da boşdu bu gecə yarı
    Heçsizliyə təslim olmuş çağ idi,
    Həyat yeri yalnız bir bu bağ idi.

    Zülmət boşluğuna baxdığı zaman
    Əcəl piyaləsi yan keçsin deyə,
    Dualar edirdi Ataya hər an.

    Təsiri altında bu duaların
    Keçdi o tayına uca divarın
    Torpağın üstünə sərilmişdilər
    Oyaq qala bilməyən yuxulu tələbələr.

    Onları oyatdı: – Mənimlə birgə
    Həyat sürməyiniz – Tanrı qisməti,
    Yoxsa unutdunuz bu həqiqəti
    İnsan oğlunun da vaxtı bitməkdə,
    Özünü düşmənə təslim etməkdə.

    Bunu demişdi ki, hardansa birdən
    Qullar, sərsərilər çıxdı qəfildən,
    Məşəllər, qılınclar qabaqlarında
    Öndə də İuda – xəyanət öpüşü dodaqlarında.

    Pyotr qılıncla birinin qulağın kəsdi,
    Amma səs ucaldı: eləmə, bəsdi.
    Dəmirlə davanı həll etmək olmaz
    Heç vaxt heç zaman
    Qılıncı qınına sal, ey insan.

    Məgər ki, Atam mənim
    qanadlı mələkləri buraya göndərməzdi
    həm də – saysız-hesabsız.
    Başımdan bir tük də heç qoparmadan
    Düşmən qeyb olardı izsiz-soraqsız.

    Fəqət həyat kitabı gəlib o yerə çatdı,
    O yer müqəddəslərdən qat-qat daha qudsaldı.
    Yazılanlar artıq gələcək başa,
    Məqamı çatdı artıq əzəli Əmrin,
    Qoy, icra olunsun bu Hökm də. Amin!

    Görürsən əsirlər masal kimidir
    Yürüyə-yürüyə alışa bilər.
    Bu müdhiş əzəmət, qüdrət yolunda
    Könüllü sonluğa razısa əgər
    İnsan oğlu hər cür əzaba dözər,

    Çarmıxa çəkilib qəbrə gedəcəm,
    Üç gün sonra isə zühur edəcəm.
    Çaylarla bərələr üzüb gedən tək
    karvanlar sayağı yüzillər də ki,
    Mənim hüzuruma axıb gələcək.

    Tərcüməçinin qeydi: İncil əfsanəsinə görə, Hefsiman bağında Həzrət İsanı xəyanətkar İuda öpüşüylə düşmənlərə nişan verib, tanıdıb. Çarmıxa çəkilib məzara gömülən peyğəmbər üç gün sonra zühur etmişdir. Başqa şeirlərlə birlikdə “Doktor Jivaqa” romanında verilən “Hefsiman bağı” silsilənin son şeiridir.

    Mənbə: ayb.az

  • Qulu AĞSƏS.”Bir may səhəri…”

    zün dağ başına qoyan şəhərin
    ayağın xan kəndi yuyurdu
    kürəyinin təri
    cıdırda soyuyurdu.
    Girməzdi
    dumanına gün işığı
    havasına çay qaşığı.
    Qayaları sərxoş idi
    adamları tay-tuş idi
    küçələri taykeş idi.
    Qəbirüstü yazıları
    nəğmə kimi oxunurdu
    kolda-kosda tələf olan
    qurd-quşu gül qoxuyurdu.
    Kim idi qalxan o boyda dağı? –
    yağışdan sallanıb enirdi qonağı.
    …Dağın dizləri əsdi bir may səhəri
    gözünün yaşı ayağının suyuna qarışdı şəhərin…

    Mənbə: ayb.az

  • Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.
    AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.
    Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biridir, böyük əsərlər, romanlar yazmasına baxmayaraq, hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. “Ədəbiyyatımızda hekayə janrının ötən əsrin ortalarında tam şəkildə formalaşmasında, aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin xüsusi rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özü hekayələr yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, – deyə Elçin vurğulayıb.
    Ədəbi mühit barədə fikirlərini bölüşən münsiflər heyətinin sədri müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan xəbər verdiyini qeyd edib, gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsində mütaliənin böyük rolundan söz açıb.
    “Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli məlumat verib ki, bu müsabiqədə yaş fərqi qoyulmasa da, iştirak edənlərin əksəriyyətini gənclər təşkil edib. Səkkiz ay davam edən müsabiqəyə altı dildə 389 hekayə, o cümlədən bölgələrdən 15 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, habelə 20 əcnəbi vətəndaş var. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
    Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim olunub. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblər arasında ölkəmizin tanınmış qələm sahibləri ilə yanaşı, bu sahədə yeni addım atan gənclər, hətta məktəblilər də yer alıb.
    Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, müsabiqəyə təqdim edilən 389 hekayənin hər biri böyük sevgi ilə yazılıb və gənclərin hekayə janrına müraciət etmələri onların ədəbiyyata, mütaliəyə olan marağından irəli gəlir.
    Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bu cür tədbirlərin milli-mənəvi dəyərlərin qorunmasına, ədəbi mühitin formalaşmasına müsbət təsiri olduğunu vurğulayıb.
    Görkəmli yazıçının oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev belə müsabiqələrin mütəmadi keçirilməsini təklif edib.

    Mənbə: azertag.az

  • VIII Şairlər Günü Şabran Mədəniyyət Evində

    picture

    8 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Şabran Mədəniyyət Evində Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Mənbə: ayb.az

  • VIII Şairlər Günü Beyləqan Mədəniyyət Evində

    picture

    7 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Mənbə: ayb.az

  • Şair-publisist Xəyal RZA.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədr müavini

    APAR MƏNİ

    Ey ruhumun qibləgahı, mənim sevgi uman yerim,
    Ey əqidəm, dinim mənim, ən şərəfli iman yerim,
    Köməyinə sığınmışam, təkcə sənsən güman yerim,
    Bu həsrətdən, əziyyətdən, tənhaliqdan qopar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    Qapıları bağlamısan, pəncərəni açıq saxla,
    Hər sınaqdan keçirmisən, yenə sına, yenə yoxla,
    Az versən də qaneyəm mən, aram yoxdur elə çoxla,
    Mən bu dərddən çox qorxuram, köpək kimi qapar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    Gecə-gündüz yola baxdım, bu gözlərim yolda qaldı,
    Dua etdim hər an sənə, könlüm onu xəbər aldı,
    Denən səndən ötrü ölən, bir biçarə gənc Xəyaldı,
    Sən adımı söylə ona, necə olsa tapar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    AXI BELƏ DEMƏMİŞDİN?!

    Üz döndərib getməmişdin, sanırdım ki, dönəcəksən,
    Şirin, dadlı xatirəni anırdım ki, dönəcəksən,
    Uzun zaman keçdiyini danırdım ki, dönəcəksən,
    Bilirəm ki, son sözünü bilə-bilə deməmişdin,
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    Zaman ötür, ötənlərsə, ömrümüzdən gedir, anla,
    Qayıt geri, mənim kimi bu zamanı qına, danla,
    Ürəyimsən söyləmişdin, ürək ayrı olmaz canla,
    Həyatın xoş anlarını verək yelə deməmişdin,
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    Uşaq kimi alışmışam, sənsiz həyat nəyə lazım,
    Aparmısan ilhamımı, necə deyim, necə yazım,
    Yaşım keçir, qocalıram, çoxu gedib, qalıb azım,
    Istəməzdin bu Xəyalın nakam ölə, deməmişdin?
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    AYRILIQ NƏĞMƏSİ

    Kədərin qucağında, sənə nəğmə qoşmuşam,
    Ayrılıq adlandırıb, dinlədirəm hər kəsə.
    Sən demə dəmirmişəm, sən demə bir daşmışam,
    Məhəl belə qoymuram hər çağrıya, hər səsə.

    Pəncərəmə çırpılan yağış damlalarından,
    Soyuq divarlarımdan bəhs eləyir bu bəstə.
    Gözlərimin bətnindən doğuş damlalarından,
    Bir şərab düzəldmışəm, bir qədəh də sən istə.

    Gecənin sükutunu nəqarətə salmşam,
    Ayrılıq mahnısının ən sevilən yeridir.
    Dan yeri sökülürmü, mat-məətdəl qalmışam,
    Mənmi çox dinləmişəm, yoxsa saat geridir?

    Indi yatmaq vaxtıdır, artıq səhər açılır,
    Gedim yıxılım yatım, gecə məni gözləyir.
    Dostum olmayan günəş, yavaş-yavaş saçılır,
    Ayrılıq nəğməsicün ay günəşi izləyir.

    DƏNİZ

    Qəm-qüssə solumda, kədər sağımda,
    Vüsalım görünmür həsrət bağımda,
    Bəxtə bax, kimsəsiz bu dərd dağında,
    Əllərim qoynumda qalmışam dəniz.

    Zamanı ötürüb, vaxtı ötürüb,
    Qəlbimdə dözülməz kədər bitirib,
    Nəyim var idisə, inan, itirib,
    Meylimi ölümə salmışam dəniz.

    Yarına xəyanət edənə baxıb,
    Arxaya dönmədən gedənə baxıb,
    İslanmış yaylığı gözümə sıxıb,
    Önündə xəyala dalmışam dəniz.

    Şeytana, caduya, şərər uymayıb,
    Yalanı hər zaman bilmişəm ayıb,
    Eşqdən, məhəbbətdən hələ doymayıb,
    Sevgidən min ilham almışam dəniz.

    Qəmimiz qoşadır, dərdimiz qoşa,
    Yaşa bu dünyada, barı sən yaşa,
    Bizi saymayanlar etsin tamaşa,
    Tək sənin həmdəmin olmuşam dəniz!

    KAŞ…

    Bu həyat ömrümdə yellər əsdirib,
    Dərdlərin qoynunda yaşamışam mən.
    Kədərlə ömürlük kəbin kəsdirib,
    Sən görən sevinci boşamışam mən.

    Bu fani dünyanın mənası nədir,
    Yıxıla-yıxıla öyrəndim şükr.
    Fələklə dostluğum bir bəhanədir,
    Günümü göy rəngli əsgiyə bükür.

    Hərdən zarafatla sözlər atardın,
    “Nədəndir insanlar belə tez ölür?”
    Sən ölüb, canını yaxşı qutardın,
    Mən nələr çəkirəm bir Allah bilir.

    Belə tez getməkdə bildiyin vardı,
    Bir ömür yaşadın mənimlə o vaxt.
    Indi çox deyirəm, axı nolardı,
    Kaş mən də öləydim səninlə o vaxt.

    SƏNİ SEVƏN ÜRƏYİMDƏN

    Qara qanlar axır yenə,
    Səni sevən ürəyimdən.
    Şər qüvvələr baxır yenə,
    Səni sevən ürəyimdən.

    Bəxtim gülən zaman, getdin,
    Bir vermədin aman, getdin,
    Yaman gəldin, yaman getdin,
    Səni sevən ürəyimdən.

    Kimi baxdı, gülüb keçdi,
    Kimi dərdi bilib keçdi,
    Tale isə silib keçdi,
    Səni sevən ürəyimdən.

    Bu nə həyat, bu nə gündü,
    Gözün aydın, üzüm döndü,
    Gücün çatır soruş indi,
    Səni, sevən ürəyimdən!

    De, kim idi çəkdi aldı,
    Ah-naləsin tökdü, aldı,
    Bir daşınmaz yükdü, aldı,
    Səni sevən, ürəyimdən!

    ÜMİD OĞRULARI

    Əsəcək insafsız payız küləyi,
    Səni budağımdan qoparacaqdır.
    Sürüyüb ardınca ümidlərimi,
    Qaranlıq dünyaya aparacaqdır!

    Sənə oxşayacaq səndən olanlar,
    Qoşulub küləyə qaçacaq hamı.
    Kimsəsiz görənlər, tənha görənlər,
    Yada salmayacaq bu bəxtikamı.

    Istidə kölgəmə sığınanlarım,
    Soyuqda qolumu sındıracaqlar..
    Donacam, onlarsa qızınmaq üçün,
    Məni acımadan yandıracaqlar.

    Qocalıb düşəcəm ədən-ayaqdan,
    Beləcə bir ömür ötüb keçecək.
    Yeni bir ümidim cücərən kimi,
    Ümid oğruları onu biçəcək

    ÜRƏYİMƏ DƏYMƏ

    Gülüm, ürəyimə dəymə bu axşam,
    Hər sözdən inciyib, qırıla bilər.
    Küsər, bağışlamaz birdən ömürlük,
    Çəkdiyi cəfadan yorula bilər.

    Axı daşdan deyil, dəmirdən deyil,
    Bilmirsən nə qədər çətindir ona.
    Kədərə, qüssəyə salarsa meyl,
    Ömrü əbədilik yetişər sona.

    Yumruğum boydadı, nələrə dözür,
    Dünyanın dərdi var içində vallah.
    Elə hər kəs onu incidir, əzir,
    Bu qədər əzabı götürməz Allah.

    Yamanca kövrəkdir bu son zamanlar,
    Eyhamlı kəlmələr xətrinə dəyir.
    Qanıma susayan pislər, yamanlar,
    Yüz qram qanımı sümürür, yeyir.

    Gülüm, ürəyimə dəymə bu axşam,
    Üzmə çox, incitmə, küsdürmə belə.
    Hər kəsdən xəbərsiz fala baxmışam,
    Yaşamaq istəyir bu yazıq hələ.

    Mənbə: azyb.az

  • Fidan ABABSOVA.”Ümid tükənəndə səndə bitirsən”

    Ümid tükənəndə səndə bitirsən
    dağılır iç düünyan qəlbin daş olur
    Nə acı çəkərsinən yaxşı bilirsən
    o xoşbəxt günlərin gözdə yaş olur.

    Ruhun incik düşür baxdıqca səndə
    ətrafda hər nə var yadlaşır bir an
    Bu qədər acıya tab gələn sinə
    ürək olsa belə o da bir insan..

    Bəl kə də, doğrunu yalnış sanarkən
    bir anlıq xoşbətlik dadmaq üçünmüş
    Sənin yaddaşında izi qalarkən
    onun gözlərində çoxdan kiçilmiş.

    Nə deyim taleyin yazısıdır bu
    mən poza bilmərəm qismət kədəri
    Ömrümdən çaldığın saf sevgidir o
    boşuna günahkar saydım illəri.

  • Şəfa VƏLİYEVA.”Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi.

    Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… Toyda “mahnı” olurdu, vayda “ağı”ya dönürdü. Hə, ədəbiyyat insan düşüncəsinin həyata nisbətində buqələmundu. İndi də elədi… Artıq adı olsa da yenə buqələmunluğuna sadiqdir. Axı, həyata adaptasiya olmağa məhkumdur.

    İnsanlara heç vaxt qara fondakı ağ nöqtə maraqlı olmayıb çünki. Bunun xüsusilik olduğunun fərqində olublar. Amma bu xüsusiliyi ya lənətləyiblər, ya da ondan qorxublar. Yalnız bəzi adamlar bu ağ nöqtəni anladan sözlər söylədikdən sonra yavaş-yavaş maraqlanmağa başlayıblar ki, “bu ağ nöqtə, görəsən, əslində nədir?” Elə bu sualla da o bəzi adamların arxasına düşüblər, başına toplaşıblar. Həmin adamların bəzisinin söylədikləri xoşlarına gəlib; başına sığal çəkib, adına hörmət ediblər. Bəzisinin söylədiklərisə xoşlarına gəlməyib; onu birliklərindən qovub, çöllərə salıblar, adını “dərviş” qoyublar, ya da daş-qalaq eləyib, insanın zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtirasdan həzz alıblar.

    Xoşlarına gələn söylənənlər ağ nöqtəyə “ağ nöqtə” deməyib. Axı, ağ nöqtə olduğunu hamı onsuz da görürdü. Bəzi adamlar ağ nöqtəni “işıqlı gələcəyin müjdəçisi”, “zülmət saçlı gecənin qoynundakı sevgi ulduzu” kimi sözlərlə elə ahəngdarcasına anladırdılar ki… İnsanlar yavaş-yavaş beyinlərinin içində hansısa xoş, ülvi duyğunun tərpəndiyini, oyandığını hiss edirdilər. Bu, onlara xoş gəlirdi… Elə həmin xoşluqla da bəzi adamların söylədiklərinə həvəslə, maraqla qulaq asırdılar.

    Beləcə, ədəbiyyat terminoloji ünvanına doğru yol başlayırdı… Və bu yol minilliklər boyunca uzanırdı. İndi də uzanır…

    İkinci minilliyi tamamlamışıq, ədəbiyyatı öz adıyla tanıyırıq, sevib-sevməmək də əlimizdədir. Bizimlə birgə doğulan ədəbiyyata valideynlərimizin canının-qanının qarışdığını dərk edirik. Artıq ağ nöqtənin elmi, bədii, fəlsəfi, sosial, ictimai, informativ, primitiv, estetik, etik və sair və ilaxır aspektdən izahını verməyə qadirik. Lakin zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtiras hələ bizim genlərimizdə özünü axtarışdadır. Elə buna görə də qəfildən, üçüncü minilliyin başlanğıcında ədəbiyyatda “zorlama” prosesi “bumm” elədi.

    Bu proses ədəbiyyata ad qoyulduğu gündən başlamışdı. Nə vaxt ki, ədəbiyyat elm kimi qəbul edildi, öyrədilməyə, öyrənilməyə başladı, ədəbiyyatın özülünü idrakında, ruhunda yaradan o bəzi adamlar anlamalıydı növbəti döngədə nələr olacağını…

    Demək, onlar anlamamışdılar. Yaxud anlamaq istəməmişdilər. Məsuliyyəti öz üzərlərinə götürmək istəməmişdilər. Ədəbiyyatın faciəvi aqibətini növbəti zaman döngəsinə – övladlarına ötürmüşdülər. Təbii, burda “özünüqoruma instinkti”ni müdafiə etmək labüddür. Lakin ədəbiyyatı çərçivələrə salıb, qanun-qaydalara bölüb, terminologiyanın məngənəsində sıxanlar “təbii” sözünü çoxdan quylamışdılar.

    Həmin quyunun kənarında da bir ağac vardı, bir də onun köklərini gəmirən iki siçan. Eynilə “Kəlilə və Dimnə”də anladılan kimi. O siçanlar ağacın kökünü gəmirdikcə, arı yuvasından süzülən baldan barmaq-barmaq dadmaq “həyat eşqi” adlanırdı.

    “Zorlama prosesi” ağ nöqtə haqqında bütün deyilmişləri inkarla təzahür etdi ilk dəfə. Çünki daha ağ nöqtə haqqında deyilməmiş xoş söz yoxuydu. İndi də başlandı, bəd sözlərin dilə gətirilməyinə. Bu da ədəbiyyatı çirkinləşdirməkdən başqa heç nəyə yaramadı. Beləcə, zövqsüzlük yarandı…

    Prosesin ikinci mərhələsi bir addım öndəkini aşağılamaqla davam etdi. Bir vaxtlar ağ nöqtə haqqında ən xoşagəlimli sözləri söyləmiş bəzi adamların nəvələri babalarının adının əvvəlində çirkin sözlər yazmaqdan çəkinmədilər. Bu, onların öz-özlərinə qarşı etdiyi mərhəmətsizlikdi…

    Üçüncü mərhələdə ədəbiyyat termininə sığınan kəlmələrin əksəriyyəti insan hisslərinin adını dəyişdirməyə meyilləndi. Bir vaxtlar insanların beynində oyanan xoş duyğulardan birinin adı “sevgi” idi… İndi ölüb-öldürməyin, asıb-kəsməyin, sevgidən məhrum olan hər şeyin adına “sevgi” deyilirdi. Bu da sevgisizliyin özüydü…

    Atalara sadiqliyin yeganə əlaməti onların hər şeyi “üçdən deməsi”nin lazımi məqamda “qızıl qayda” olmasıdı. Və üçüncü mərhələdə hər şey yenidən ilkə – birinci mərhələyə qayıtdı. Bu dövrilik üçüncü minilliyə başlayan insanın şüurundan yaşamına hopdu…

    Bu gün mən də yazıram… O da, o birisi də yazır… Yazılanları gün-gün, an-an müqayisə etdikcə zövqsüzlüyün, mərhəmətsizliyin, sevgisizliyin bir-birinə olan ədasından başqa heç nəyi tapa bilmirik. Ümumiyyətlə, heç axtarmırıq da…

    Əgər ağ nöqtə haqqında deyilən bütün “sizlik”lər bu günün insanının xoşuna gəlirsə, demək, yeni ictimai formasiyanın astanasındayıq. Demək, ədəbiyyatdakı ədəbsizliyimizlə zombiləri yaratmağa nail oluruq… Hətta, nail olmuşuq…

    Gəncə, 21 mart 2018

  • Şəfa VƏLİYEVA.”Keçən günün son kadrıdı”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    keçən günün son kadrıdı
    islanmış balıncım…
    ovcumdakı göz yaşının
    rəngi bir az narıncı…

    igid adsız olmazdı…
    duyğularım qorxan oldu…
    eşq canımdan can almazdı…
    aldı..
    adı canan oldu…

    gün üzündə ay haləsi
    eşqdi, sevdam…
    burax,
    qoy ruhumdan
    bir mələk öpsün…
    bəlkə darıxmaq keçdi…
    keçdi…
    sevdam…

  • Şəfa EYVAZ.”Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam…”

    Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam…
    Ağlama… göz yaşını görə bilmir bu millət…
    Ağlama! Öz göz yaşlarında bərq vuran Şuşam,
    Bundan sonra da olacaq “sülh nağılları”,
    dəyişərmi bir günə…
    20 ilə dəyişməyən xislət?!

    Göz yaşını görə bilmir bu millət,
    bizim şüşüələrin iç üzü kirli,
    bizim şüşələrin üstü qapalı…
    silsək də iç üzünü…
    qoymayacaqlar görməyə
    dünyanın o üzünü…

    Ağlama Şuşam… lal olub oturmuşuq nə yazıq…
    sənin anım günün də gəlib keçir adi günlər kimi…
    mahnılı, çalğılı… hər gün kimi sıradan…
    Sülh deyib aldanmışıq iyrənc rəngli yalana…
    guya ki, “kiş deməklə donuz çıxacaqmış darıdan…”

  • Şəfa EYVAZ.”Səndən sonra”

    Səndən sonra
    tutunduğum sevgilər
    çürük ağac budağı çıxdılar,
    əl dəyməmiş
    sındılar, töküldülər…
    Səndən sonra
    yan aldığım limanlar
    bütün gəmilərə bağlı çıxdılar.
    Səndən sonra
    bir də üzü gülmədi
    qürub vaxtı günəşin.
    Səndən sonra
    daha əvvəlki olmadı
    yazdığım şeirlərim…
    Səndən sonra…
    Səndən əvvəl
    nə vardı ki?!
    nə olaydı səndən sonra???

  • Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.

    Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 may 2018-ci il.

  • Gənc yazar Kənan AYDINOĞLU Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

    18 may 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyində AYB-yə yeni üzv qəbul edilən üzvlərə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının sədri Məlahət xanım Qənbərqızı, KİV nümayəndələri, Azərbaycan Televiziyasının və İctimai Televiziyanın, “525-ci qəzet”in əməkdaşları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı Anar ilk öncə tədbir iştirakçılarını salamlayıb. Gənc xanım yazarlara üzvlük vəsiqələrini təqdim edən Xalq yazıçısı Anarın bu addımı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

    Azərbaycan Yazıçılar Birliyinə yeni üzv qəbul edilən gənc və orta nəslin mümayəndələrinə üzvlük vəsiqələrini Xalq yazıçısı Anar təqdim edib, hər birinə yeni-yeni uğurlar arzulayıb.

    Xalq yazıçısı Anar Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, gənc yazar Kənan Aydınoğluna da Azərbaycan Yazıçılar Birliyinə üzvlük vəsiqəsini təqdim edib.

    Qeyd edək ki, bundan öncə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şair-jurnalist Kənan Aydınoğlu Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    .

  • Daşkənddə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki (AMM) Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib.

    Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

    Tədbirdə AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verərək deyib ki, bu əsər müəllifin yeddinci tarixi romanıdır. Müəllif bu romanda Azərbaycan tarixində mühüm yer tutan daha bir görkəmli dövlət xadiminin obrazını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətindən bəhs edir.

    Sonra Samir Abbasov Yunus Oğuza Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.

    Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” romanları işıq üzü görüb və populyarlıq qazanıb. “Atabəy Eldəniz” romanı isə müəllifin özbək dilində çap olunan dördüncü kitabıdır. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

    Özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Y.Oğuz Özbəkistanda elə ilk kitabı -“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

    Professorlar Nemat Pavlonov, Səadət Muxammedova, dosentlər İsrail Şamsimuxammedov, Gülnaz Səttarova və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Bildirilib ki, kitabda Azərbaycan Atabəyləri dövlətinin yaranması və fəaliyyəti öz əksini tapıb.

    Sonda Yunus Oğuz çıxış edərək kitab üzərindəki işindən danışıb, əsərin çapına və təqdimat mərasiminə görə Mədəniyyət Mərkəzinə və muzeyə toplaşanlara minnətdarlığını bildirib.

    Mənbə: http://www.olaylar.az

  • Şəfa VƏLİYEVA.”Söylənti”(Qaravəlli )

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mən idim, bir də kompyuterim. Oturmuşduq üz-üzə… O, mənə baxırdı, mən də ona. Bilirdim ki, darıxıb mənimçün. Elə mən də istəyirdim, oturub bir şedevr əsər yazam. Çoxdandı yazmırdım. Yazmırdım da, deyəndə ki, bir az yekəxanalıq çıxır, yazırdım əslində, ağlıma nə gəldi-gəlmədidöşəyirdim ey… Kompyuterin ekranında barmaq boyda təmiz yer qalmamışdı yazılı faylların əlindən. Amma, di gəl ki, nə sirrdisə,bütün fayllarda cızma-qaralarım bir abzas boyundaydı. Ha qulağından tutub uzatmaq istəyirdim, uzamırdı boyları… “Qulağı uzatmaq” ifadəsi sizə elə-belə gəlməsin ha, bizim kənddə adət idi ataların oğullara deməsi:
    -Qulağını çəkib uzadaram eşşək qulağı kimi!

    Hə, bizim kənddə atalar oğullarını belə sevələyirdi…

    Sözüm-söhbətim bitdi… İndi nə yazım bax, bu əhvalatın arxasınca, mat qalmışam…

    -Dünya eşqi başa vurdu, hal qalmadı bədəndə,

    Dünya eşqi daşa vurdu, daş olmadı Asibəndə…

    Səs pəncərənin altından gəlirdi. Özümü təpdim pəncərəyə. Aralıqda gəzib ondan-bundan papiros dənəsi, yarım litrlik araq istəyən şair Asibəndə yenə bizim binanın həyətinə gəlmişdi. Harda yaşadığı, yeri-yurdu məlum deyildi.Əsl adıTanrıqulu idi.Özü demişdi, vallah. Kərim ağanın kəraməti haqqı, hə, düz deyirəm. Bu şairin adı Tanrıqulu, təxəllüsü Asibəndə idi. Bir də görürdün kimsə yazığı gəlib, ona yarım litrlik bir araq alıb verib. O da şüşəni qoltuğuna vurub dayanıb tində. Bar-bar bağırır:

    -Kimin könlü çəkir, bəri başdan gəlsin incilərimə, dürr-sədəflərimə qulaq assın. Bir azdan gedəcəyəm Tanrıyla haqq-hesab eləməyə!

    “İnci, dürr-sədəf” şeirlərinə deyirdi. “Tanrıyla haqq-hesab eləməyə!”-deyəndə də xüsusi bir ədaylaqoltuğundakı şüşəyə sığal çəkərdi… Basalağın kişisi-oğlanı, bekarı-avarası yığılardı onun başına. Bildiyi bütün dillərin sözlərini bir-birinə qatırdı söylədiklərində…

    -Ey bimar edən canımı, nöşş tökdün didəm yaşını?

    Şərabtəkaxıtdın qanımı, prosta ki, mən ləbinün əyyaşı…

    Yaman uzun olur Asibəndənin söyləntiləri. Mən yadımda qalanı yazıram. Axı, mən heç vaxt onun solo çıxışlarında tamaşaçı olmamışam. Elə arada-bərədə pəncərədən bir az boylanıb qaçmışam içəri ki, oturum kompyuterimin qabağında… Yazıçıyam axı.

    Qəfil ağlıma gələnə baxın ey… Kül mənim yazıçı başıma ki, Asibəndənin söyləntilərinə qulaq asanlardan heç biri məni tanımır bu şəhərdə. Tanıyırlar ey,“Minayənin kirəkeşi” kimi, day yazıçı kimi yox …

    Bir dəfə də Asibəndə qəfil pəncərəyə baxanda görmüşdü məni. Başını tezcə aşağı salıb susmuşdu bir az. Mən də pəncərədən çəkilmişdim. Deyəsən, şair tutmuşdu ki, mən onu dinləyirəm. Səsini elə ucaltmışdı ki, yuxarıdakı qonşu söyməyə başlamışdı:

    – Avara köpəkoğlu, avara! Qoymaz başımız-beynimiz dincəlsin! Yenə gəlib sülənir, ondan-bundan dilənir!

    Sonuncu qafiyələnməyə gülmüşdüm. Amma, Asibəndənin o gün mənimçün ucadan nə söylədiyini eşitməmişdim.

    Deyəsən, bu gün şairə heç kim araq almamışdı. Yaman bikef-bikef, asta səslə söylənə-söylənə eləcə həyəti dolaşırdı. Mən də dodaqlarımın ucunda kinayə, baxışlarımda dağdan ağır maraq ona baxırdım. Qəfil başını qaldıranda onunla göz-gözə gəldik. Bir şairin baxışlarında nə ola biləcəyini heç vaxt xəyal etməmişdim… Heç indi də bilmirəm şair baxışı necə olur. Amma Asibəndə ilə baxışlarımız toqquşanda gözlərim heç nə görmürdü. Təkcə qulaqlarımda güyültü vardı…

    – Biz axı günləri böyüdüb ay düzəltdik… Ayların qulağını dartışdıra-dartışdıra il də qondardıq… Amma insanıq nəhayətində… Bezirik hər şeydən… Elə bezdiyimiz üçün də ili başlı-başına buraxdıq. O da ki, sağ olsun, qohumbazlıqda bir dənəymiş ki… Bax, bax, yenə gəlib yığılıblar yaddaşımın xatirə qonaqlığına. Bir vur-çatlasındı ki, orda… Yeyib-içmək, rəqs etmək, gülmək… Hələ “fatihə” oxuyub ağlayanları demirəm. Qəribədi onlar…

    – Kimlər?
    – İllər də, sağ olmuş, illər. Yarım saatdı danışıram, ay Rasif, qulaq ver!

    Rasif qonşununon altı yaşlı oğlu idi. Hazırlıqdan gələndə dayanmışdı şairin yanında. Mən onun hazırlıqdan gəldiyini qoltuğundan az qala sürüşüb yerə düşən “Azərbaycan dili” test kitabçasından anladım.

    Pəncərədən çəkildim, gəlib sinə-sinə kompyuterimin qarşısında oturdum. Hiss edirdim ki, kompyuterim mənə bir az qəribə baxır. Sanki, soruşur:

    – Hə, noldu? Nəsə tapdın yazmağa?

    Başımı buladım… Tanrıqulu Asibəndənin Tanrıyla necə haqq-hesab çəkdiyini düşündüm. Görəsən, doğrudanmı,Tanrısına bəndəlik etmək istəməyən asi bir qulun da Tanrı yanında haqq-hesab çəkməyə haqqı vardı? Sözlər dilimdə dolaşıq düşmüşdü.

    Evdə bir məndim, bir də kompyuterim…Üz-üzə oturmuşduq… Sükut bizə hökm etdiyi an pəncərənin altından fısıltıya oxşar bir nəfəs eşidildi. Ardınca da şüşənin divara dəyən cingiltisi… Elə bil kimsə, qab sındırırdı. Və birdən ani qışqırıqdan səksənib pəncərəyə cumdum. Asibəndə içib boşaltdığı yarımlitrlik araq şüşəsini düz mənim pəncərəmin altında sındırmışdı. İki əlini göyə uzatsa da, başını sinəsinə əymişdi. Elə bilöz sinəsiylə, sinəsinin altındakı ürəklə danışırdı:

    – Tanrı, insafın olsun,

    Adam unudularmı?!

    ***

    Evdə bir məndim, bir də kompyuterim… Bir-birimizdən küsmüşdük… Çünki, onu insan yaratmışdı, mənim isə yaradanımdan hesab soracaqhaqqım günahlarımın altında qalmışdı…

    Şəfa Vəli.Gəncə-2018

    (AYB, DGTYB üzvü, AGİN-in “İlin gənci” mükafatı laureatı)
    Добавил ATILLA Сегодня, 08:00 Просмотров: 13

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Körpəm

    Oturub önümdə
    muncuq gözlərində həyat işığı
    Çiçəklərdən daha gözəl bir körpə.
    Baxır minbir sualla,
    Kədər çökmüş üzümə.
    Gizlətməyə çalışsam, alınarmı?!
    Bilmirəm…

    Baxıb üzündəki məsum suala,
    Çalışıram az da olsa gülməyə,
    İnanmadın bilirəm,
    inanma, körpəm…
    Ağrılar asanca yox olub getmir,
    Böyüyüncə sən də öyrənəcəksən…

    Gizlədə bilmirəm indi gözümü,
    Mənim kədərimə şahid olursan…
    Dilim susa bilər…
    ruhum kirimir.
    Tələsmə böyüməyə
    Uşaq qal, körpəm,
    Böyümək həmişə sevinc gətirmir…

    Tanrıdan bir dilək haqqım olsaydı əgər,
    Yəqin bu dünyadan qəmi alardım…
    Yığıb xoş anları, xoşbəxt günləri,
    Körpə əllərinə bağışlayardım…

    İndi ağrıları sıxıb dişimə,
    Üzünə dodaqla gülümsəyirəm.
    Gözlərim gülmədi bunu bilirsən,
    Bilirsən və qarşılıq vermirsən körpəm…
    Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
    gül ki, gülüşlərin dərman kimidi…
    gül ki, mənim yorulmuş ruhum,
    bəlkə gözlərinə baxıb kiridi…

    11.05.2018

    ***

    Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
    Qarışıq yuxularım var,
    çılğın səksəkələrim.
    Yollarda ilişib qalan yorğun
    baxışlarım var,
    yerli-yersiz uşaqca ümidlərim.

    Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
    Dumanlı səhərlər var, yağışlı günlər
    Şəhərin üstünü almış qara buludlar.
    Fikirli başlayan mənasız günlər,
    Birdə səni xəyal edən üzgün axşamlar.

    2015

    Çıxıb getmək var… bacarsan

    Çıxıb getmək var bir də
    Ətrin hopmuş bu şəhərdən.
    Həsrətli baxışları
    yığıb küncdən, bucaqdan
    kimsəsiz döngələrdən.
    Sıxmaq var susqunluğu
    Dişlərində qəhərdən.
    Çıxıb getmək var bir də
    bu şəhərdən,
    Gedə bilsən…

    Çıxıb getmək var
    səndən,
    Sənə bağlı xatirələrdən.
    Ömür dediyin uzun deyil,
    Düşüncənin bir yerində
    bütün bağlar qırılır…

    Yenidən sevmək üçün
    gücü yetmir ürəyin
    qopub səndən, özündən
    yeni liman axtarsın…

    Çıxıb getmək var,
    amma
    getməyin də növü var.
    Unudulmaq itkidir,
    Unutmaqsa intihar!
    Çıxıb getmək var,
    Çıxıb getmək… bacarsan.

    2015-2018

    Tənhalar

    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.

    Sevgiyə addım atmaq,
    Tənhalığa ölümdü.
    Mübarizə istəyir,
    Yeni ömrə başlamaq.

    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.
    Sevgi bəzən qazancdır,
    Sevgi bəzən itkidir…
    Bu dünyada sevginin
    Çoxluğu da qorxudu.
    İnsan bəzən lap elə
    Sevgidən də boğulur…

    04.05.2018

    Sən yağış deyilsən ki?!

    Yenə yağış yağır,
    Sən düşürsən yadıma.
    “Necəsən, əzizim?
    Bayırda deyilsən ki?!”

    Yenə yağış yağır,
    Bürünüb plaşıma,
    Səni düşünürəm…
    Görəsən, sənə soyuq deyil ki?

    Yenə yağış yağır,
    Yadıma, yaddaşıma.
    Yağışdan qoxun gəlir,
    Sən yağış deyilsən ki?!

    06.06.2016

  • İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)

    *******
    İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan.
    Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan işlər canımı sıxmaqda idi. Əslində isə, canımı sıxan yeknəsəqlik deyil, gözlədiyim fərqliliyin baş verməməsi idi.
    Günortadan xeyli keçməsinə baxmayaraq, deyəsən, bu gün unudulmuşdum. Üç gün ardıcıl aldığım zanbaqlar məndə nastalji hissləri oyatmış, keçmişin xoş xatirələrini canlandırmışdı içimdə. Hər dəfə dəhlizdə addım səsləri eşidəndə, qapı açılanda qeyri-ixtiyari otağa daxil olan katibəmin əlinə baxırdım. Əllərini boş görəndə, etiraf edim ki, üzülürdüm.
    Özümü on doqquz–iyirmi yaşlı həmin tələbə qız kimi hiss etməkdə idim bu gün. Saysız-hesabsız qayğılarının içində özünü xoşbəxt hiss edən o qız üçün darıxırdım. Güzgüdən boylanan, gözlərimin içinə baxaraq gülümsəyən həmin şən, çılğın qıza, hətta bu gün paxıllığım belə tuturdu. Bir insanın digərlərinə olan həsədini anlaya bilərəm, amma bir insanın özünə, öz keçmişinə, xoşbəxt xatirələrinə özünü qısqanmaq hissini anlamayacaq qədər üzgün idim bu gün.

    …Rauf gələcəyi günü bilərəkdən xəbər etməmiş, mənə sürpriz etmək istəmiş və buna da nail olmuşdu.
    Həmin axşam narın yağış yağmasına baxmayaraq, yenə də dənizkənarı ilə gəzinir, içimdə gah dənizlə, gah da Raufla söhbətləşirdim. Dəfələrlə darıxdığımı pıçıldayır, öz-özümə təsəlli verib onun da mənim üçün darıxdığını söyləyirdim.
    ─Xanım qız! Deyirəm, bəlkə axşamın bu saatında, özü də belə havada tək gəzib dolanmayasız… Bəlkə sizə yoldaşlıq edim, tənhalığınızı bölüşüm…
    Təklifə bax! Cəsarətə bax! Əsəbi halda geri çevrilib payını verməyə hazırlaşırdım ki, yerimdə donub qaldım. Bir anlığa nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Təklifi edən bir başqası deyil, səsini dəyişən Raufun elə özü idi. Budur, qarşımda idi. İki aylıq ayrılıqdan sonra yenə də gözlərimin içinə baxıb gülümsəyirdi.
    ─Rauf!–deyərək boynuna sarıldım. Ayların həsrəti bu anın sevincinə qarışıb göz yaşlarımla yanaqlarımdan üzüaşağı süzüldü.
    ─Başımın bəlası! Bilsən ki sənin üçün nə qədər darıxmışam!–deyərək belimi qucaqladı, bir qədər fırlayıb yerə qoydu. Nəzərlərini üzümdən çəkmədən bir əli ilə saçlarımı, yanaqlarımı oxşayır, digər əli ilə ovcundakı əlimi sıxırdı.
    İllərin həsrətliləri kimi bir-birimizə sarılmışdıq. Yağan yağışı belə unutmuşduq. Hər kəsi unutmuşduq. Dəniz, səma, yağan yağış, mən və Rauf… Bütün dünyanın fövqündə idik.
    Zamanın dayanmasını, bu anın heç bitməməsini arzu edirdim. Raufun ürək döyüntülərini, isti nəfəsini hiss edirdim. Sevdiyim insanın qolları arasında olmaq xoşbəxtliyin ən son həddi idi mənim üçün. Sevirdim! Sevildiyimi də bilirdim. Sevginin nə olduğunu da, ayrılığın, həsrətin nə olduğunu da, acısı kimi, vüsalının da şirinliyini Rauf yaşatmışdı mənə. Əllərinin saçlarımdakı, yanaqlarımdakı tumarı, ovcumdakı hərarəti, üzümə toxunan isti nəfəsi ruhumun dilə gəlib “Səni sevirəm” deyə hayqırmaq istəyini artırırdı.
    Raufun hündürdən dediyi sözlərin kimlərinsə diqqətini çəkəcəyindən ehtiyat edirdim. O isə buna əhəmiyyət vermir, daha da səsini yüksəldirdi:
    ─Qoy hamı eşitsin: Bu qızı sevirəm! Başımın bəlası! Səni sevirəm! Səni çooox sevirəm!
    Sevinc göz yaşlarım yağan yağışın damlaları ilə yanağımdan çənəmə süzülürdü. Heç vaxt olmadığım qədər xoşbəxt idim.
    Əllərini islanmış saçlarımda gəzdirib gah belimi qucaqlayır, gah da əlimdən, üzümdən, alnımdan öpürdü. Yanımızdan ötüb keçənlərin diqqətini çəkdiyimizi gördükdə isə, üzünü onlara tutub “Başımın bəlasıdır! Sevirəm onu!” deyirdi. Utandığımdan, xəcalətdən gizlənməyə yerim də olmadığından tez başımı köksünə sıxır, üzümü gizlətməyə çalışırdım.
    İslanmışın yağışdan nə qorxusu, deyirlər. Bir kənara çəkilmək, daldalanmaq heç birimizin ağlına gəlməmişdi. O qədər xoşbəxt idik ki, bir-birimizdən başqa heç nə düşünə bilməmişdik. Raufun öz sevgi etirafları ilə diqqətini çəkə bildiyi orta yaşlarında bir rus qadın əlindəki çətiri bizə verib tələsik uzaqlaşdığı an tamamilə islandığımızın fərqinə varmışdıq.
    Çətir tutmağın elə də bir əhəmiyyəti qalmamışdı. Onsuz da islanmışdıq. Buna baxmayaraq, Rauf çətirdən imtina etmək fikrində deyildi.
    Şəhərin gecə mənzərəsi, tutqun səma, dənizdən əsən xəfif meh, yağan yağış və biz…
    Heç vaxt əlimi buraxmayacağına əmin olduğum insanın nəzərləri üzümdə gəzir, nəfəsi boynuma toxunurdu. Raufun pıçıltı ilə dediyi:
    ─Səni çox sevirəm!–sözlərini eşitdiyim an qeyri-ixtiyari gözlərimi yumdum. İlk dəfə dodaqlarıma toxunan dodaqların hərarəti bütün varlığımı titrətməkdə idi. İncə və zərif toxunuş qəlbimin dərinliklərinə qədər işləyirdi. Sanki bir yuxu idi. Bu yuxudan ayılmaq, bu yağmurlu gecənin bitməsini istəmirdim.

    *******
    Yenə də soyuq, tənha ev… Qapını açıb içəri girdiyim dəqiqədən divarlar məni sıxmağa başlamışdı. Xatirələrim, düşüncələrim də getdikcə artan pərişanlığımın əsl səbəbi idi. Mətbəxə keçib çaydanın altını yandırdım. Soyuducunu açıb dünən axşamdan bişirdiyim dolmadan bir neçəsini ağzıma atdım. Bu gün heç nə yeməsəm də, heç iştaham da yox idi.
    Özümə çay süzüb divanda oturdum. Bir az fikirlərimi dağıtmaq üçün televizoru yandırdım. Rəsmi xəbərlər, əyləncə verilişləri sevgidən bəhs edən melodram və seriallar kimi maraqsız idi. Televizoru söndürüb pultu bir kənara qoydum.
    Fincanı əlimdə tutub necə fikrə dalmışdımsa, az qala isti çayı üstümə dağıdacaqdım. Yerlə-göy arasında idim bu an. Düşünür, keçmiş xatirələri beynimdə canlandırır, gah özümü qınayır, gah da özümə haqq qazandırırdım.

    Həmin gün bir yerdə oturub şam etməyi Rauf özü mənə təklif etmişdi. Təklifini qəbul edərkən, çox ciddi bir mövzudan söz açacağını düşünmüşdüm. Hətta, fikrimdən mənə evlənmə təklifi edəcəyini keçirtmişdim. Restorandakı romantik ab-hava, həzin musiqi bu cür düşünməyimə əsas verirdi.
    Adətən danışıb-gülən, məzəli söhbətlərlə kefimi açan, zarafatından qalmayan Rauf bu gün çox sakit və susqun idi. Arabir gözlərimin içinə baxıb gülümsəyir, sonra yenə də nəzərlərini yayındırırdı. Üzündəki ifadə yorğunluq ifadəsindən daha çox gərgin olduğundan xəbər verirdi. Əlindəki çəngəli gah sağa, gah sola fırlayırdı. İş gününün sonu olmasına baxmayaraq, iştahası olana bənzəmirdi heç.
    ─Rauf! –dözməyib dilləndim.
    Başını qaldırıb üzümə baxdı, gülümsədi:
    ─Ay caan!
    ─Yaxşısan? –soruşdum.
    Özünü gülümsəməyə vadar etdiyi sönük baxışlarından hiss olunurdu. Bir anlıq üzümdə gəzən nəzərləri yenidən boşqaba yönəldi.
    Əlini tutub soruşdum:
    ─Rauf, nəsə olub? –Başını yellədi. –Evdə salamatçılıqdı?
    ─Şükür, –deyib susdu yenə.
    ─Bəs işdə? Hər şey qaydasındadır?
    Əlimi dodaqlarına yaxınlaşdırdı:
    ─Hər şey yaxşıdır, canım.
    ─Bəs niyə beləsən? –sualım deyəsən onu çətin vəziyyətə saldı. Cavabını gözləməyə səbrim çatmadığından sözümə davam etdim, –Cismin burdadır, ruhun isə başqa bir yerlərdə dolaşmaqdadır. Burda deyilsən, Rauf…
    Əlimi ovcunda sıxıb tumarladı, təkrar dodaqlarına yaxınlaşdırdı:
    ─Bağışla, canım, həqiqətən bir az yorğunam, çox gərgin bir gün yaşamışam. Sən narahat olma amma… Yaxşı?
    Gözlərinin içinə baxmağa çalışsam da, hər dəfə yayındırdığı nəzərləri deyə bilmədiyi, amma əslində çox ciddi bir problemi olduğunu üzündən oxumağım üçün kifayət edirdi.
    Başını qaldırıb üzümə, daha sonra qarşımdakı dolu boşqaba nəzər saldı.
    ─Xoşuna gəlmədisə, başqa nə isə sifariş verək.
    ─Yox, iştaham yoxdu, –dedim.
    Əli ilə öz boşqabını da geri itələyib:
    ─Düzü, elə mənim də iştaham yoxdu, –dedi və bir müddət yenə də gözlərini bir nöqtəyə zilləyib susdu.
    Mən də susurdum. Deyiləcək sözümüz yox idi bu gün. Gözlədiyim, xəyal etdiyim hər şeyin əksi ilə qarşılaşdığımdan həm pərt, həm də üzgün idim.
    ─Gedək səni evə ötürüm, gecdir, –deyib üzümə baxmadan ayağa qalxdı.
    Əlavə bir söz demədən ayağa qalxdım. Özlüyümdə işində bir problemi olduğunu düşünüb, mənimlə bölüşmək istəməməsinin səbəbini zabit xarakterindən irəli gələn susqunluqla izah etməyə çalışırdım. Bir anlıq təyinatının istəmədiyi bir yerə verilməsini, məndən ayrılacağını düşündüyü üçün üzgün olduğunu fikrimdən keçirtdim. Ürəyimdən keçən “Səninlə dünyanın ən ucqar nöqtəsinə də gedərəm, yetər ki sən əlimi buraxma” sözlərini dilimə gətirməyə çəkinirdim nədənsə.
    Məni evə ötürərkən də yolboyu susmuş, tək-tük ifadələri nəzərə almasaq, demək olar ki danışmamışdı.
    Həmişə ayrıldığımız ağacın altında ayaq saxladı. Qucaqlayıb başımı sinəsinə sıxdı. Saçlarımın qoxusunu içinə çəkib, yanaqlarımı barmaqları ilə sığalladı:
    ─Əslində bu gün sənə fərqli bir gün yaşatmaq, yadda qalan, xoş sürpriz etmək istəyirdim. Bağışla, düşündüyüm kimi olmadı.
    ─Eybi yox, narahat olma, hər şey yaxşıdır,–pərtliyimi hiss etdirməməyə çalışdım, –Yanımda olduğun hər saniyə mənim üçün yadda qalandır.
    Bir neçə dəfə əlini cibinə salıb geri çəkdiyini hiss etdim. Bəlkə də evlənmə təklifi etmək üçün aldığı nişan üzüyünü gizlətməkdə məqsədi bu münasibətlərə indi hazır olmaması idi. Bəlkə də haqlı idi, zamanı deyildi, tələsirdik.
    Əlimi ovcundan buraxmadan alnımdan öpdü:
    ─Nə olur, olsun, inan mənə! Güvən mənə! Heç vaxt hisslərimə şübhən olmasın! Əmin ol ki, sənə görə hər şeyi gözə ala bilərəm!
    Bu gün ilk dəfə idi ki, gözlərimin içinə baxırdı. Dediyi sözlərin səmimiliyinə, sevgisinə şübhəm yox idi.
    Beləcə, daha çox sükutdan ibarət olan gecəmizi başa vurduq…
    Hələ də yaddaşımdan silinməyən, xatirəmdə dərin iz buraxan həmin gün, Raufun gərgin, narahat halı, susqunluğu həyat hekayəmin ən kədərli bölümünün ilk səhifəsi idi.

    *******
    Bu gün anamın doğum günü idi. Səhər-səhər valideynlərimi ziyarət edib, məzarları üstünə gül qoydum. Ruhlarına fatihə oxuyub, bir qədər ürəyimdə dərdləşdim. Həm uğurlarımdan, həm də tənhalığımdan danışıb, darıxdığımı, onlara nə qədər ehtiyacım olduğunu pıçıldadım.
    Əvvəllər tez-tez onları ziyarət etsəm də, sonralar işlərimin çoxluğundan ayda bir dəfə gedə bilirdim. Doğrusu, son zamanlar tez-tez getmək də istəmirdim heç. Bilirdim ki, valideynlərimin ruhu mənə görə narahatdır. İşlərimin yaxşı olmasına baxmayaraq, şəxsi həyatımı qaydaya sala bilmədiyim üçün özümü günahkar hesab edirdim. Məzar daşından boylanan baxışlarının qarşısında belə davam gətirə bilmirdim. Elə bilirdim, indicə anam dil açıb məni danlayacaq, sözünün sonunda da “Sən düzəlmədin də!” deyib məzəmmətlə başını yelləyəcək. Darıxırdım onlar üçün.
    Qızlar atalarını daha çox sevir, deyirlər. Atamın münasibəti, məni daha çox sevib-əzizləməyi bacımın qısqanclığına səbəb olurdu. Mən isə atanın, həmçinin nənənin sevimlisi olmaqdan zövq alırdım, düzü. Diqqət mərkəzində olmağı uşaqlıqdan xoşlayırdım.
    Xeyir-duasını aldığım nənəmin vəfat etdiyini geri döndüyüm gün öyrənmişdim. Hələ Almaniyada olduğum zaman evə zəng edərkən bir neçə dəfə anamdan, bacımdan nənəmi soruşmuş, onunla danışmaq istədiyimi bildirsəm də, uzaqda olduğum üçün bilərəkdən məndən bu xəbəri gizlətmiş, üzülməyimi, dərslərimdən yayınmağımı istəməmişdilər. Hər nazımı çəkən, şıltaqlıqlarıma göz yuman, dəcəllik etdiyim zaman anamın qarşısına keçib məni onun əlindən alan nənəmin yoxluğu məni hədsiz sarsıtmışdı. Hər səhər, hər axşam üzündən öpdüyüm, qanım qara olanda başımı dizinin üstünə qoyduğum nənəmi gah mətbəxdə, gah öz otağında axtarırdım. Saatlarla oturduğu divanın küncünə qısılar, kürəyinə saldığı tirmə şalı burnuma tutar, hopub qalmış qoxusunu içimə çəkmək istəyirdim.
    Bir gecə yatıb bir səhər yuxudan oyanmayan anamı isə işlərimin yoluna düşməyə başladığı bir zamanda itirdim. Hər dəfə ailə qurmağımdan, nəvə sahibi olmaq istədiyindən söz açsa da, qulaqardına vurar, mövzunu dəyişərdim. Arzusunu gözündə qoyduğum anam, yəqin ki hələ də məndən incikdir.
    Gərgin və sıxıntılı bir günü dörd divar arasında başa vurmamaq üçün işə getməyə qərar verdim. Fikirlərimi dağıtmaq, keçmişin acı xatirələrindən xilas olmaq üçün iş ən gözəl vasitə idi.

    İşə qayıdarkən gün yarı olmuşdu.
    Katibəmə mənə qəhvə hazırlamağı tapşırıb qapının dəstəyini burdum. Ayağımı içəri qoyduğum an dörd bir tərəfə düzülmüş çiçəklər dərhal nəzərimi cəlb etdi. Bütün buketlərin sarı çiçəklərdən ibarət olması eyni ünvandan göndərildiyindən xəbər verirdi. Çiçəklərin kimdən olduğunu bilmək üçün üstündəki vizitkaya deyil, masamın üstündəki kiçik zanbaq dəstəsinə nəzər salmaq kifayət idi. Altı sarı zanbağın arasına yerləşdirilmiş tünd çəhrayı zanbaq sahibinin əvəzindən danışa, gizli mətləblərə aydınlıq gətirə bilərdi.

    Hər səhər, hər axşam dibçəkdəki zanbaqlarıma nəzər salar, səbirsizliklə sonuncu–yeddinci zanbağın açacağı günü gözlərdim. Bəzən isə onun heç vaxt açmayacağını da fikrimdən keçirirdim.
    Həmin səhər də yuxudan ayılan kimi çarpayıdan sıçrayıb pəncərənin qarşısına yaxınlaşdım. Budur, sonuncu zanbaq bu səhər açmışdı. Artıq solan digər zanbaqların yanında daha gözəl, təravətli, zərif görünən bu çiçək özünün sarı rəngi ilə könlümü oxşaya bilmişdi. Sarı rəng ayrılıq, bəzən nifrət anlamına gəlsə də, mənim üçün günəşin rəngi idi: şəfəq və nur idi. Sevindiyimdən zanbağın ləçəklərini, yarpaqlarımı sığallayıb, barmaqlarımla oxşayıb, hətta dodaqlarımı belə toxundurmuşdum. Ayın yeddisi, həftənin bazar günü açan bu yeddinci zanbağa rəmzi məna verməyə də çalışmışdım. Münasibətlərimizə xeyir-dua almış qədər xoşbəxt hiss edirdim özümü. Sevincimi bölüşmək üçün Raufa mesaj yazıb, sonuncu zanbağın açdığını bildirdim. “Gözün aydın! Nəhayət ki!” cavabını aldım.
    Elə həmin axşamkı görüşdə Rauf əlimi ovcunda sıxıb əzizləyərkən qəfil xatırlayıb soruşdu:
    ─Doğrudan, demədin, axı, sonuncu zanbağın nə rəng açdı…
    Tez dilləndim:
    ─Sarı rəngdədir. Elə gözəldir ki! Sanki günəşin özüdür!
    Təəccüblə üzümə baxdı:
    ─Sarı? Sarı rəngi xoşladığını bilmirdim.
    ─Sarı rəng ayrılıqdı deyirlər… Amma bu fərqlidir. Həftənin bazar günü, ayın yeddisi, yeddinci zanbağım…Görürsən, hamısı yeddidir.
    ─Rəmzlərə inanırsan? Simvolikaya çox da qapılma!
    ─Yeddi rəqəmi müqəddəsdir! Bilirsən, nə düşünürəm?
    ─…
    Ona ağzını açmağa imkan verməyib sözümü bitirdim:
    ─Bu yeddilərdə bir məna var! Allah özü münasibətlərimizə xeyir-dua verib. Günəşin bir parçasını bizə elçi olaraq göndərib.
    Başını bulayıb sözlərimə güldü. Dedi:
    ─Məncə bir qədər şişirtdin… Sənə elə gəlmir?
    Başımı yellədim:
    ─Yox! Əgər ürəkdən inansaq, belə də olacaq!
    Saçlarımı, yanaqlarımı sığalladı, üzümü əlləri arasına aldı:
    ─Sən deyən olsun! Sənə inanıram. Sən də mənə inan! Həmişə inan və zərrə qədər də şübhən olmasın!
    Artıq ikinci dəfə eşitdiyim bu söz mənə qəribə gəlməyə başlamışdı. Bu sözləri deməyi, həm də vurğulamağı səbəbsiz deyil, düşünürdüm. Soruşmağa çəkinir, həm də hər şeyi özündən eşitmək istədiyim üçün üstünə getmək, məcbur edib sıxışdırmaq istəmirdim. Özü isə, görünür, hər hansı bir söhbətə bu gün hazır deyildi. Ən doğru qərar zamana buraxmaq idi…

    Bir zamanlar sarı rəngə günəşin rəngi kimi dəyər vermişdim. Bu gün isə sarıya bürünən otağım məni qıcıqlandırır, üzdüyü qədər də əsəbləşdirirdi. Nifrət edirdim sarı rəngə. Kədərli xatirələrlə açdığım səhəri həyəcan və əsəblə başa vurmaq istəmirdim.
    Əsəbi halda katibəni səslədim:
    ─Elə bu dəqiqə bütün buketləri–hamısını rədd edin otağımdan! Üstündə vizitkası olmayan, kimdən olduğu bəlli olmayan heç bir gül dəstəsini də otağıma gətirməyin bundan sonra!
    Qızın təəccüb dolu nəzərlərini üzümdə hiss edərkən hövsələdən çıxdığımı, hisslərimə hakim ola bilmədiyimin fərqinə vardım. Katibə buketlərin hamısını qucağına alarkən masamın üstündəki kiçik zanbaq dəstəsi ilə sayının yeddi olduğu nəzərimdən qaçmadı. Qucaq dolu çiçəklə masama yaxınlaşıb əlini zanbaqlara uzatmaq istəyən qız bir anlıq ayaq saxladı, nə düşündüsə geri addım atdı. Sakitcə otaqdan çıxdı.
    Başımı masanın üstünə qoydum. Ürəyim boşalıncaya qədər ağlamaq istəyirdim. Qeyri-ixtiyari əlimi güldanın içindəki zanbaqlara toxundurdum. Onları ovcumun içində əzmək, qırmaq, ayağımın altında tapdamaqla hisslərimin, sevgimin heyfini almaq istəyirdim. Ovcumda sıxa, əzə bilmədikdə isə hönkürüb ağladım. Altı sarı zanbağın arasından mənə boylanan zərif çəhrayı zanbaq mənə mənim özümü xatırladırdı. Gözlərimdən axan göz yaşı yanaqlarımdan süzülüb şeh damcısı kimi əlimdə tutduğum çəhrayı zanbağın ləçəyində qaldı.
    Sarı çiçəklərdən ibarət hər böyük buket ayrılığımızın bir ilinə işarə idi. Yalnız zanbaqlardan ibarət olan kiçik gül dəstəsi də aradan yeddi ilə yaxın zaman ötdüyündən xəbər verirdi. İllər əvvəl rəngarəng altı zanbağın arasında bitən sarı gülün ayrılacağımıza işarə olduğunu anlamaq, qəbul etmək istəməmişdim. Bu gün isə altı sarı zanbağın arasındakı çəhrayı çiçək yoxsa bir sevgi etirafı idi?
    Bu axşam hava çox küləkli və soyuq idi. Dənizdən əsən yel, yağan leysan yağış belə məni çəkindirmirdi. Ağlayıb ürəyimi boşaltmaq üçün ən münasib zaman idi. Yanaqlarımdan süzülən yağış suları əslində göz yaşlarımı gizlədirdi. İçin-için ağlamaq üçün uzun zaman idi belə fürsətim olmamışdı.

    …Son bir həftədə Rauf çox fikirli və dalğın görünürdü. Üzündən oxunan gərginliyi ciddi problemlərlə üzləşdiyini bəlli edirdi. Əsəbiliyini, dilxorluğunu asan olmayan zabit həyatının qayğıları ilə əlaqələndirir, hər dəfə içindəkiləri mənimlə bölüşmək istəməməsinin səbəbini də buna bağlayırdım. Əslində isə, susqunluğu işinin məsuliyyət və öhdəliklərindən deyil, təbiətindən irəli gəlirdi. Nə gizlədim, bəzən inciyirdim. Amma sonra özümü danlayır, əksinə söz danışan olmadığına, bəziləri kimi sızlamağı xoşlamadığına, təkbaşına hər işin öhdəsindən gəlmək istəyi kimi əsl kişi xarakterinə xas cəhətlərinə görə daha çox heyran olurdum ona. Mümkün qədər anlayışlı davranmağa çalışarkən, ailəsində hər hansı bir narahatçılığın olduğunu çox az ehtimal edirdim.
    Bir axşam mənə dediyi:
    ─Səndən bir söz soruşacam, səmimi cavab ver: Əgər təyinatımı başqa bir şəhərə, rayona alsam, mənimlə gedərsən?–sözlərindən sonra gərginliyinin səbəbinin yalnız işi ilə bağlı olduğuna heç bir şübhəm qalmadı.
    Düşünmədən:
    ─Hə, gedərəm, –demişdim.
    Yaş fərqimiz, bəlkə də yaşadığı həyat tərzi ona görə bilmədiyim, görmək istəmədiyim gerçəkləri daha aydın göstərirdi. Məndən daha təcrübəli və dərin dünyagörüşünə sahib olan zabit asanlıqla vaz keçilməsi mümkün olmayan dəyərləri daha yaxşı anladığından sualının ciddiyyətini də dərk edirdi:
    ─Bəlkə sənə indi tələsik cavab vermək asan gəlir. Əslində çox ciddi sualdır. Seçim edərkən kimdənsə, nədənsə vaz keçməli olacaqsan. Bunu anlayırsan? Razılıq versən, daha “sən” və “mən” olmayacaq, “biz” olacaq. “Biz” uğruna təhsilini yarımçıq buraxıb, ailəndən ayrıla biləcəksən?
    Düşünmədən, tələsik dediyim sözlərin ciddiliyini, məsuliyyətini yalnız indi anlayıb başımı aşağı salıb susdum. Ən yüksək balla Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcümə fakultəsinə qəbul olarkən çox böyük ümidlərim, xəyallarım vardı. İndi bir anın içində bir neçə ay tanıdığım insana görə bütün arzu və istəklərimdən imtina etməyə dəyərdimi?Həyatımda kiminsə olduğunu hiss etsə də, nədənsə üzümə vurmayan, hisslərimi, sirlərimi ona açıb danışacağım günü gözləyən anamı, az qala mənimlə nəfəs alan nənəmi qoyub gedə biləcəkdim?
    Arzu və istəklərimdən asanlıqla vaz keçmək çətin olduğu kimi sevdiyim insanı itirmək qorxusu ilə də qarşı-qarşıya idim. Həmin an içimə dolan şübhələr də məni narahat etməyə başlamışdı. Öz-özümə düşünürdüm:
    ─İllərin zəhməti, əziyyəti bahasına tələbə adı qazandın. Adından, soyadından başqa heç nə bilmədiyin yaraşıqlı bir zabitə görə bütün arzu və istəklərindən vaz keçməyə dəyərmi, Afət?! Bəlkə səni aldadır… Heç yeddi ay deyil tanışsız…Dünənə qədər qınadığın qızlar kimi toysuz, nikahsız tanımadığın, bilmədiyin bir insana qoşulub qaçacaqsan? Sən başını götürüb getdikdən sonra yaxınların qohum-əqrəbanın, qonum-qonşunun dilində qalacaq. Kiməsə görə ailənə, əzizlərinə rəzalət hissini yaşatmağa dəyərmi?
    Araya çökən sükutu Rauf pozdu. Sanki fikirlərimi oxuyurmuş kimi içimdəki narahatlıqları da hiss edib şübhələrimə, fikirlərimə aydınlıq gətirdi:
    ─Səndən nə istədiyimin fərqindəyəm. Həyatımda olmağını istərkən nələri qurban verəcəyini, hansı dəyərlərdən, arzu və istəklərindən imtina etməyə vadar etdiyimi də gözəl anlayıram. Əgər gələcəyini mənimlə görürsənsə, həmişə bir yerdə olmağımızı və heç vaxt ayrılmamağımızı istəyirsənsə, qərarını qətiləşdir, münasibətlərimizi rəsmiləşdirək. Hərbçi olduğum üçün ləngitməyəcəklər, ərizə ilə müraciət etdiyimiz günün səhəri nikahımızı kəsəcəklər.
    Bir qədər əvvəl haqqında yanlış düşündüyüm üçün gözlərinə baxmağa utandım, nəzərlərimi döşəməyə dikdim. Barəsində necə pis düşünə bilərdim, axı. Məgər, bir insanı tanımaq üçün illər lazımdır? Qarşındakı insanın dürüstlüyünə, səmimiyyətinə şübhən olmadıqdan sonra, sadəcə qəlbin, ruhunla onu hiss etmək kifayət idi. Həmin an içimdəki səs Raufa inanmağı, heç vaxt ona şübhə etməməyi pıçıldayırdı mənə.
    ─Razıyam, –dedim,– Səninlə dünyanın hər yerinə gedərəm, yetər ki, yanımda ol, inamımı, etibarımı qırma!
    Əlimi dodaqlarına yaxınlaşdırıb öpdü:
    ─Bizlərdə belə bir deyim var: Mən də zabit şərəfim üstünə and içirəm ki, heç vaxt ümidlərini, inamını qırmayacam! Etibarını, güvənini sındırmayacam! Sənə, sevgimə sadiq qalacam, xəyalımdan belə xəyanət keçməyəcək!
    Gülüb:
    ─Deyəsən axı, qərar verməyə tələsdim bir az,–dedim. Təəccüblə üzümə baxarkən bəlkə də fikrimdən vaz keçdiyimi düşünmüşdü. Həmin an bir az onu gərgin vəziyyətdə saxlamaq istəsəm də, qərarımdan daşındım, –Əsas məsələni unutdum… Demək ki, bütün həyatımı hərbi nizamnaməyə uyğun yaşamalı olacam…
    Ciddi və sərt təbiəti ilə seçilməsinə baxmayaraq, dəcəlliyimə, ərköyünlüyümə dözürdü, bəzən isə şıltaqlıqlarım kefini açırdı.
    ─Bax da! Nikah bağlamadan sözünü geri götürə bilərsən, hələ vaxt var…
    ─Yaxşı fikirdir! Bir daha təklifinizi düşünərəm, –deyib güldüm.
    ─Bütün yollar Romaya apardığı kimi, bütün fikir və düşüncələrin də onsuzda gec, ya tez səni mənimlə bərabər nikah masasına oturdacaq, xeyri yoxdur! –deyə göz vurdu.

    Həyatın qəribə təzadları var. Həyatda nəyisə əldə etmək üçün bəzən nə qədər səy etsən, arzuna çatmaq üçün nə qədər çox xəyal qursan, ümidsizliyə düçar olarsan, istədiyini əldə edə bilmərsən. Bəzən isə heç nə arzu etməz, xəyal da qurmazsan, ya da mübarizə aparmaqdan usanıb istəklərindən imtina edərsən ki, şans özü arxasıyca qaçıb yorulduğun həmin kəpənək kimi gəlib çiyninə qonar.
    Arzu və xəyallarımdan əl çəkməyə qərar verdiyim gecənin səhəri dekanlığa çağırıldım. Savadına görə dəyərləndirdiyim, tələbələrlə gözəl rəftarına görə sevdiyim, insanlığına heyran olduğum dekanımız məni gülərüzlə qarşılayıb oturmağa yer göstərdi. Çox uzatmadan dekanlığa çağırılmağımın səbəbini açıqladı:
    ─Bilirsən ki, Universitetimizin digər ölkələrin elm, təhsil, mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Tələbələrimiz müntəzəm olaraq Avropanın, həmçinin MDB ölkələrinin ali məktəblərində təşkil olunan konfranslarda, seminarlarda iştirak edir, təcrübə keçir, təhsillərini davam etdirirlər. Hər il bir çox dövlətlərin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi edir, yetirmələrimizin təhsilini artırmaq məqsədi ilə başqa ölkələrdə dil təcrübəsi keçməyinə zəmin yaradırıq. Bu il də Universitetimizin ən savadlı gəncləri arasından bir neçəsini seçmişik. Sənin adını da öz siyahımıza əlavə etmişik. Polyak dilindən əlavə alman dilini də gözəl mənimsədiyin üçün qərara aldıq ki, təhsilini davam etdirmək üçün səni Almaniyanın Tübingen Universitetinə göndərək.
    Doğrusu həmin an nə deyəcəyimi bilmədim. Donub qalmışdım. Bu cür təklifi xəyal belə etməmişdim. Başqa vaxt olsa, sevindiyimdən dekanımızın boynuna sarılar, mənə göstərdiyi etimada, verdiyi dəyərə görə necə minnətdarlıq edəcəyimi bilməzdim. Nitqim qurumuşdu. Başımı aşağı salıb təşəkkür edib, yoxsa təklifdən imtina etməyi düşünürdüm. İki od arasında qalmış insanlar kimi hiss edirdim özümü. Dünən Raufa verdiyim sözü xatırlayaraq, bir neçə dəfə təklifdən imtina etmək istədim. Lakin nədənsə dekanımızın nurani, gülərüz simasına, ümid dolu gözlərinə baxınca onu qırmağa cəsarətim çatmadı bu an.
    ─Həftə sonu yola düşürsüz. Hazırlaşmaq üçün bir neçə gününüz var. İnanıram ki, sənə olan bütün ümidlərimizi doğruldub, böyük nailiyyətlər əldə edəcəksən.
    Mənə böyük ümidlər bəsləyən dekanımıza sadəcə gülümsəyə bildim.
    Həmin gün nə Raufa, nə də evdəkilərə bu xəbəri deyə bildim. Dalğın halda gəzib dolanır, taleyin ironiyasını–həyatımın ən vacib qərarını qəbul etməyə hazır olduğum bir anda Almaniyada təhsili davam etdirmək kimi qəfil təklifin gəlməsini düşündükcə fikirlərim daha da qarışırdı. Bu həyatımın ən böyük şansı idi. Və mən anlayışlı şəkildə bu şansımdan imtina edirdim.
    Həyatımda ən uzun və ən gərgin gecəm idi. Səhərə qədər gözümü yummadım. Hər şeyi ölçüb-biçir, bir daha heç vaxt qarşıma çıxmayacaq bu şansdan imtina edərkən hisslərimin ağlıma güc gəldiyini, hətta, nə vaxtsa peşman belə olacağımı da anlayırdım.
    İçimdə qəribə bir sıxıntı hiss edirdim…
    Həmin səhər mənə doğma olan bu məkana son dəfə imiş kimi baxır, əzizindən ayrılmağa hazırlaşırmış kimi gördüyüm, nəzər saldığım hər şeylə vidalaşırdım sanki. Baxdığım, toxunduğum hər şeyi xatirəmə yazmağa çalışırdım.
    Qapı üzümə açıldığı zaman dekanlığın qarşısında olduğumu fərq etdim. Dünəndən bəri fikir və düşüncələr varlığıma hakim kəsildiyindən ayaqlarımın məni nə zaman və necə bura çəkib gətirdiyini hiss etməmişdim.
    ─Afət! Qapıda dayanma, qızım, gəl içəri,–deyərək dekan məni içəri dəvət etdi. Başımı aşağı salıb susurdum. Mehriban və nurani üzlü yaşlı dekan gülümsəyərək sözünə davam etdi, –Artıq biletləriniz də sifariş verilib. Getdiyiniz gün sizə təqdim edəcəyik.
    ─Asəf müəllim, elə mən də sizinlə bu barədə danışmaq istəyirdim.
    ─Buyur,qızım, dinləyirəm səni.
    ─Əslində bu təklif mənim üçün o qədər gözlənilməz oldu ki! Xəyal belə edə bilməyəcəyim bir şansla üzləşməyin sevincini yaşamaqdan gözəl hiss ola bilməz…
    ─Savadına, bacarığına, mühakimə və nitq qabiliyyətinə bələd olduğum üçün ilk ağlıma gələn ad sən oldun…
    Mənə bu qədər dəyər verən insanın gözlərinin içinə baxa bilmirdim:
    ─Təşəkkür edirəm, professor. Sizin etimadınızı qazanmaq mənim üçün şərəfdir, həqiqətən. Mənə verdiyiniz dəyərə görə də Sizə hədsiz minnətdaram. Amma… çox üzgünəm… Mən bu təklifdən imtina etməli olacam.
    ─Anlayıram, –deyən dekan təəssüf hissi ilə köksünü ötürdü, –Bir çox Azərbaycan ailəsində qızlarımızın xaricdə təhsil almasına qarşı çıxırlar. Mən valideynlərinlə görüşüb bunun sənin, həmçinin dövlətimizin, təhsilimizin gələcəyi üçün nə qədər vacib olduğunu onlara izah edə, razı sala bilərəm. Elə bu gün atanla görüşümüzü təşkil et.
    Dekanın sözləri, diqqət və qayğısı məni kövrəltdi. Güclə eşidiləcək tərzdə:
    ─Atam hələ biz uşaq olanda rəhmətə gedib, –deyə bildim.
    ─Bacın, qardaşın?
    ─Bacım ərdədir. Anam və nənəm…
    ─Aydındır…
    Təklifdən imtina etdiyimə görə dekanımız mənim özüm qədər üzülmüşdü. Onun təəssüf dolu baxışları hələ də gözümün önündədir.
    ─Bax, qızım, həftə sonuna qədər vaxt var. Adını siyahıdan çıxarmıram. Düşün, bir daha ananla danış. Son günə qədər təklifim qüvvədə olacaq.
    Minnətdarlıq edib dekanlıqdan çıxdığım an qərarımın qəti və dəyişməz olduğuna əmin idim…

    Sanki içimdəki təlatümləri hiss edirmiş kimi dəniz də fırtına qopartmaqda idi. Küləyin vıyıltısı səsimi batırırdı:
    ─Mənə yaşatdıqların az idi? Yenə niyə gəldin? Nə istəyirsən məndən? Niyə həyatımı yaşamağa imkan vermirsən?! Nifrət edirəm sənə!!!
    ─Çünki səni sevirəm! –qəfil güclü bir əl qolumdan yapışdı, qarşıma keçib gözlərimin içinə baxdı, –Səni dəli kimi sevirəm! Sənsiz yaşaya bilmirəm…
    Bu bir həftə ərzində Raufun məni izlədiyinə əmin idim. Bu gün də heç şübhəsiz ki məni izləmişdi.
    Baxışlarımdakı nifrət, qəzəb, dartınıb əlindən xilas olmaq istəyim ona təsir etmirdi:
    ─Məni sevdiyinə əminəm! Etiraf et ki, hələ də məni sevirsən!
    ─Həddindən çox xəyallar qurursan! Sənə elə gəlmir?
    ─Bilirəm, dəli kimi sevirsən məni. Bilirəm ki, bütün bu illər ərzində məni bir an belə unutmamısan.
    İstehza ilə güldüm:
    ─Özündən müştəbeh olmusan! Belə deyildin, illər səni dəyişib.
    ─İstəməyərəkdən məni düşündüyünü öz dilinlə etiraf etdin,–deyib gülümsədi.
    ─Yadıma belə düşmürdün!
    ─Yalan! Zibilə atdırdığın günahsız sarı çiçəklər suallarıma cavabın idi: unuda bilmədiyin sevgindən doğan pərişanlığın idi.
    Özlüyümdə hər addımımdan xəbərdar olduğunu düşünüb anladım ki, bu izləmələr bəlkə də bir həftədən daha uzun müddət davam etmişdir.
    ─Sevgin kimi göndərdiyin çiçəklər də mənə gərəksizdir! Çəkil, get, bir daha da qarşıma çıxma! –deyərək əsəbi halda əlini itələdim.
    ─Heç vaxt dinləməyi bacarmadın! Qaçıb getmək daha asandır, elə? O vaxt da məni dinləmək istəmədin. Amma… bu gün məni dinləyəcəksən!
    Əsəblərimə hakim ola bilmirdim:
    ─Axı, nə deyəcəksən? Deməyə sözün də var? Ümumiyyətlə, nə üzlə qarşıma çıxmısan?
    ─Deyəcəyim və dinləməli olduğun çox söz var!
    ─Səni dinləmək istəmirəm! Deyəcəklərin mənə maraqsızdır!
    Dartınıb əlindən xilas olmağa çalışdıqca daha bərk qolumdan tutur, getməyimə icazə vermirdi. Hər zaman özümdən daha təmkinli hesab etdiyim zabit səsini yüksəldib bağırdı:
    ─İstəsən də, istəməsən də bu gün məni dinləməli olacaqsan, Afət xanım! İndi, elə burada hər şey aydınlaşmadan heç yerə getməyəcəksən!
    Küləyin səsinə qarışan bağırtısı, səsindəki hiddəti bir anlıq məni susmağa məcbur etdi.

    Axşamın bu saatında, özü də belə bir yağışlı havada dəniz kənarındakı bütün kafelər kimi burada da bir neçə işçidən başqa heç kim gözə dəymirdi. Zəif işıqlandırılmış zal, az qala eşidilməyən həzin musiqi, içəridəki sakitçilik həqiqətən insanın ruhuna dinclik gətirirdi.
    İllər sonra yenidən Raufla üzbəüz oturmuşdum. Gözlərinin içinə baxmamaq üçün nəzərlərimi yayındırır, pəncərədən çölə baxır, hələ də kəsmək bilməyən leysan yağışı izləyirdim.
    İradəmin ziddinə olaraq məcbur gətirmişdi məni bura. Özüm qədər tərs və inadkar birini, görünür, bu axşam dinləmək məcburiyyətində idim.
    Qarşısındakı isti qəhvədən bir neçə qurtum içdi. Fincanı qarşıma çəkib:
    ─Soyutma, isti-isti iç. Nə qədər soyuq canına təsir etməyib, iç, –dedi.
    Payızın soyuğu həqiqətən canıma hopmuşdu. Hələ tam qurumayan saçlarımın nəmini hiss etdikcə bir az da üşüdürdüm. Dəfələrlə yağışdan daldalandığımız kafelərdə isti çay, qəhvə sifariş verib saatlarla beləcə üz-üzə oturub şirin-şirin söhbət edərdik. Bu gün isə bayaqdan bəri bir kəlmə də kəsməmişdim.
    Raufun nəzərlərini üzümdə hiss etdikcə, eyni zamanda həm nostalji hisslər yaşayır, həm də əsəbləşirdim.
    ─Daha uşaq deyilsən! Odur ki, iki yetkin insan kimi söhbət edə bilərik. Ən azından bir-birimizi dinləyə bilərik.
    Fincanı əlimə aldım. Bir qurtum içdim:
    ─Yaxşı. Buyur, səni dinləyirəm.
    Rauf barmağını fincanın ağzında gəzdirib söhbətə necə başlayacağını düşünürdü bəlkə.
    ─Həmişə o günü xatırlayıram. Sənə “Məni dinlə! İcazə ver, hər şeyi izah edim…” deyərək nə qədər dil tökdüm. Dinləmədin. Məni dinləsəydin, mənə inanıb güvənsəydin, bu gün həyatımız tamamilə başqa cür olardı. Sən isə, nə məni dinlədin, nə də mənə inandın. Güvənmədin mənə…
    Gözlərim yol çəkirdi. Bu qədər yaxın ikən bu qədər uzaq olan insanın səsi uzaqlardan gəlirdi sanki. Pəncərədən süzülən yağış damlalarından nəzərlərimi ayırmırdım.

    …Bu gün olduğu kimi soyuq və yağışlı noyabr günü idi. Xəyallarımdakı sevgi dünyamın dəniz qumundan düzəldilən, elə dənizin göz yaşım tək şor suları ilə dağılan qəsr kimi ümidlərimin, arzularımın məhv olduğu soyuq noyabr günü… Ruhumu üşüdən həmin gün…
    Bir qız üçün sevgi xəyalları qurmaq daha asandır. Bütün varlığımızla sevərkən, qarşımızdakı insanı həddindən artıq ideallaşdırır, hər sözünə inanıb tamamilə etibar etməyə başlayırıq. Bəzən ruhumuzun bir parçası, elə özümüz hesab edirik. Sevir, sevildiyimizə də özümüzü inandırmağa çalışırıq, adi diqqəti,qayğını da ilahi eşq kimi qəbul edirik. Bir gün isə yuxudan ayılır, xəyalımızdan keçənlərin sadəcə bir ilğım olduğunu anlayırıq.
    O gün səhərdən bütün işlərim tərs gedirdi. Yuxudan durandan hər şeyi əlimdən saldığım, bir neçə tələbə yoldaşımla mübahisə etməyim azmış kimi, günün sonunda daha böyük sürprizlə qarşılaşacağımdan xəbərsiz idim.
    Universitetin qapısından çıxarkən bir qadın mənə yaxınlaşdı:
    ─Afət, sənsən?
    İlk dəfə gördüyüm qadına gülümsəyib:
    ─Bəli, mənəm.
    Qadın sınayıcı nəzərləri ilə məni başdan-ayağa süzdükdən sonra dilləndi:
    ─Mən Raufun anasıyam.
    Raufun anası ilə belə qəfil görüşəcəyimi düşünmədiyim üçün bir qədər özümü itirdim. Doğrusu, həmin an çaşqınlıqla bərabər içimdə sevinc hissi də yaşadım. Özlüyümdə, Raufun barəmdə ailəsi ilə danışdığını, fikrinin ciddi olduğunu xəyal edirdim. Əlbəttə, əgər belə olmasaydı, anası nə üçün bura qədər gəlib mənimlə görüşmək istəyəydi ki.
    ─Vaxtın varsa, səninlə bir az söhbət etmək istərdim, –qadın dedi.
    Qarşımda dayanan ağbənizli, ala gözlü qadına baxdıqca, Raufun gözəllik və yaraşığını anasından aldığını düşünürdüm öz-özümə. Son dərəcə gözəl, xanım-xatın qadında kübarlıq dərhal hiss olunurdu. Zövqlü bir xanım olduğu da geyim tərzindən bəlli idi.
    ─Əlbəttə, buyurun, –deyə cavab verərkən, yəqin ki bütün qızların keçirdiyi həyəcanı hiss etməkdə idim.
    Bir neçə addım atıb, bir qədər aralıda dayanmış avtomobilə yaxınlaşdı. Başının hərəkəti ilə mənə də keçib əyləşməyi işarə etdi. Cinayət işlərinə çox baxan anamdan və nənəmdən fərqli olaraq, ağlıma heç bir pis fikir gətirmədən, çəkinmədən avtomobilə əyləşdim. Görünür, əvvəlcədən təlimatlandırılmış sürücü, mən oturduqdan sonra qapını bağlayıb uzaqlaşdı.
    Raufun anası ilə üz-üzə idik. Baxışlarından mənə münasibətini anlaya bilmirdim. Üzündəki xəfif təbəssümün mənə olan xoş münasibətindən, yoxsa ki, sadəcə kübarlığından irəli gəldiyini ayırd etmək çətin idi. Ilk dəfə gördüyü qıza qarşı, bəlkə də elə belə olmalı idi münasibəti, nə bilim.
    ─Görürəm, ağıllı qıza bənzəyirsən. Odur ki, düşünürəm, bir-birimizi çox gözəl başa düşəcəyik. Barəndə də hər şeydən xəbərim var: Ailə vəziyyətindən tutmuş, getdiyin ünvanlara qədər hər şeydən məlumatlıyam. Raufla aranızdakı münasibətləri də bilirəm…
    Sözlərinə bilərəkdən fasilə verdi bəlkə də.
    Başımı aşağı salıb susur, həyəcandan əllərimin, ayaqlarımın əsdiyini hiss edirdim. Həmin an mənə elə gəldi ki, nəfəsim daralır. Bəlkə də avtomobilin pəncərələrinin bağlı olduğundan sıxılmağa başlayırdım. İçimdə qəribə hiss vardı. Və bu hiss mənə bu söhbətin düşündüyüm kimi davam etməyəcəyini söyləyirdi.
    ─Raufu qınamıram, gözəl qızsan, cazibənə uyub. Səninlə münasibətləri kəsmək istəmədiyindən də, görünür, sənə nişanlı olduğunu, hər iki ailənin artıq toy hazırlıqlarına başladığını bilərəkdən söyləməyib… Bəlkə də həqiqəti deməyə cəsarəti çatmayıb…
    Deməyə sözüm yox idi. Qulaqlarımın eşitdiyinə inanmaq istəmirdim hələ də. Mən nələr eşidirdim! Aylardan bəri görüşdüyüm, bütün varlığımla səmimiyyətinə inandığım insan inamımdan, etibarımdan necə istifadə edə, məni necə aldada bilərdi.
    Qadın çantasından çıxartdığı şəkli mənə uzatdı. Əlimə alıb gah şəklə, gah da qadının üzünə nəzər saldım. Heç vaxt Raufun hisslərinə, sevgisinə şübhə etmədiyimdən, ailəsi ilə bərabər bir masa arxasında yanaşı oturduğu incə və zərif üz cizgilərinə sahib son dərəcə gözəl qızın üzündəki xoşbəxt təbəssümünü görüncə, ilk dəfə qısqanclıq hissi keçirtdim.
    ─Keçən yay Raufun qaynının toyunda çəkilmiş şəkildir. Özünü həmin qızın yerinə qoy. Yəqin ki, sən də barmağında üzüyünü gəzdirdiyin nişanlının soyuq münasibəti ilə üzləşmək, özgə birisi ilə gün keçirtməyini istəməzdin. Başqa birisinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Ağıllı, savadlı qızsan, Rauf kimi oğlanlar hələ qarşına çox çıxacaq.
    ─…
    ─Raufla münasibətlərinizə son qoy! Belə hər ikiniz üçün yaxşıdır. Rauf səninlə gün keçirə bilər, amma heç vaxt sənə evlənməyəcək! Nə mən, nə də atası ailəmizə soxulmaq istəyən bir qızı gəlin kimi qəbul etməyəcəyik!
    Hələ heç vaxt özümü bu qədər alçaldılmış, təhqir olunmuş hiss etməmişdim. Daha çox qadının son sözlərinə, yoxsa ki sarsılan inam və etibarıma üzüldüyümü bilmirdim.
    ─Narahat olmayın, xanım, Rauf bu gündən sonra bir daha heç vaxt üzümü görməyəcək! –deyib avtomobildən endim.
    Arxama baxmadan qaçmaq, uzaqlaşmaq istəyirdim. Keçdiyimiz yollardan, ayaqlarının izi qalan cığırlardan bir daha keçməmək üçün heç vaxt getmədiyim yollardan, küçələrdən addımlayırdım. Onu mənə xatırladan, bağlayan hər şeyi məhv etmək, dağıtmaq, ümidlərim kimi qırmaq, alçalmış qürurum kimi sındırmaq istəyirdim. Eyni səmaya, eyni dənizə baxmaq, eyni şəhərin havasını belə udmaq istəmirdim.
    Bütün günü yağan yağış kəsənə bənzəmirdi, arada daha da bərkiyirdi. Yalnız bu şəhərə deyil, ömrümə, xəyallarıma, arzularımın üstünə yağırdı leysan tək.
    ─Yaxşısız, xanım? –yaxınlaşan polis nümayəndəsi soruşdu. Görünür, axşamın bu saatında, yağışlı, küləkli belə bir havada bayaqdan bəri tək-tənha dəniz kənarında olmağım, nəzərlərimi eyni nöqtəyə zilləyib dayanmağım diqqətini çəkmişdi.
    Əvvəllər o qədər də diqqətimi çəkməyən bir məqam –sahildən aralanan gəminin fiti sanki bir işarə idi mənə. Nəzərlərimi uzaqlaşan gəmidən ayırıb polisin üzünə baxdım:
    ─Hər şey bundan sonra yaxşı olacaq! Hər şey dəyişəcək!
    Özlüyündə qəribə təsir bağışlayan qızın nədən bəhs etdiyini anlamayan polis başını yelləyib əlavə bir söz demədən aralandı. Hiss edirdim ki, özümə qəsd edə biləcəyimdən ehtiyat etdiyi üçün kənardan məni izləyir.
    Gec idi. Yəqin ki, anam da narahat qalmışdı məndən. Barmaqlarımın ucu ilə yanaqlarımdan yağış sularına qarışan göz yaşlarımı sildim:
    ─Dənizim! Gözəl, doğma olduğun qədər də amansız və qəddarsan! Hər gün neçə-neçə insan sənin sularında qərq olur. Kimilərini özün udursan, kimiləri isə cəmiyyətin amansız qanunlarına, sərt qaydalarına dözməyib ümidsizlik içərisində bilərəkdən özünü qərq edir. Heç vaxt intihar edənləri anlamasam da, bu gün anladım ki, insan ümidləri öldüyü gün ölür. Dənizim! Bu gün mən də arzularımı, ümid və xəyallarımı ruhumla bərabər sularında qərq edib gedirəm. Nə incilər, nə xəzinələr qoruyub saxladın dərinliklərində. Al, qoy ruhum göz yaşlarımla, nakam sevgimdən doğan xəyal və arzularımla bərabər qiymətli inci,mirvari kimi sənə əmanətim olsun, özündə saxla. Ruhsuz cismimi götürüb gedirəm bu şəhərdən. Əgər bir gün qayıtsam, özümü yenidən doğulmuş kimi hiss edib xoşbəxt ola biləcəyimə əmin olsam, hamısını səndən geri alacam.
    Qapıdan içəri ayağımı basar-basmaz anamın səsi eşidildi:
    ─De, gəldi əzizxələf nəvən!
    Əlində oxlov, unlu əlləri ilə dəhlizə çıxıb həmişəki kimi deyinməyə başladı:
    ─Saatdan xəbərin var? Hardasan bu saata qədər? Evin-eşiyin yoxdur sənin?!
    İki balaca otaqdan ibarət evimizin mətbəxi də olduqca darısqal olduğundan anamla nənəm çox zaman yerdən süfrə salar, elə oturaq vəziyyətdə qutab, düşbərə hazırlar, dolma bükər, küftə tutardılar.
    Havalar soyumağa başlayandan həm ətə qənaət etmək üçün, həm də xoşladığım üçün çox zaman anam düşbərə bükərdi. Necə deyərlər, həm canımız qızırdı, həm də gündə ət almağa imkanı olmayan kasıb ailə üçün bundan daha münasib, daha dadlı təam tapılmazdı.
    Qəfil boynuna sarılıb üzündən öpməyim, deyəsən, anamı çaşdırdı. Nə isə demək istədi. Susdu.
    Gəncliyində kəndin ən gözəl qızı hesab edilən nənəmin də əlindən, yanaqlarından öpüb birbaş yataq otağına getdim. Çarpayıma uzanıb yorğanı başıma çəkdim. İsti nəfəsim soyuq yatağımı qızdırsa da, üşüyürdüm. Üşüyən tərk edib gedən ruhumun boş qalmış cismi idi. Dörd səmtə əsən küləklərin dolaşıb tüğyan etdiyi tərk edilmiş bütün məbədlərə bənzəyən boş qalmış cismimi heç səhra günəşinin özü də isindirə bilməzdi indi.
    ─Nolub? Xəstələnmisən? Sənə diyəndə ki, day yay döyül, üzü qışa gedir, küləkli, yağışlı havalarda az gəz bu küçələri, qulaq asmırsan ki mənə!
    Anamın susmağını istəyirdim. Onun nəinki iradlarını, hətta xoş sözlərini belə dinləyəcək halda deyildim indi.
    ─Gözlə, indi isti bir zoğallı çay gətirim.
    Anam sinini dolabçanın üstünə qoyarkən nəzəri telefona sataşdı:
    ─Telefonun səsini almısan? Zəng gəlir sənə.
    Doqquz buraxılmış zəng, yeddi oxunmamış mesaj ekranda görünürdü. Telefonu əlimə aldım. Düyməsini sıxıb, söndürdüm. Bir kənara atıb yenidən yorğanı başıma çəkdim. Hərəkətlərim anama qəribə görünsə də, heç bir sual vermədi.

    Yaxşı deyirlər ki, heç vaxt “Heç vaxt!” demə. Bir neçə gün əvvəl qərarımın qəti olduğuna əmin olduğum qədər bu gün də fikrimdə qəti idim.
    ─Asəf müəllim, mən çox düşündüm və qəti qərara gəldim. Təhsilimi Almaniyada davam etdirmək, dövlətimə, xalqıma faydalı olmaq istəyirəm, –deyərkən ağsaçlı dekan sevindiyindən alnımdan öpdü.
    ─Bilirdim ki, fikrindən dönəcəksən. Hər bir savadlı, bacarıqlı, istedadlı gənc Azərbaycanın gələcəyi deməkdir! Hamımız üçün xeyirli olsun!

    Bir çoxlarının yerimdə olmaq istədiyi, bəlkə hətta ürəklərində həsəd aparıb, bəxtəvər belə adlandırdığı mən, əvvəlkindən daha artıq deyib-gülməyimə, şən görünməyimə, dodaqlarıma saxta təbəssüm taxmağıma baxmayaraq, çox gərgin və fikirli idim. Şəhərdən, ölkədən qaçmaq istərkən, özümdən heç yerə qaça bilməyəcəyimi anlasam da, artıq günləri, hətta saatları sayırdım.
    Ümidlərimi itirdiyim gün sanki güvən hissimi də itirmişdim. Dalğın olduğumdan arxamdan gələnin ayaq səslərini, hənirtisini eşitməmişdim. Odur ki, qəfil qolumdan birisi tutunca diksindim. İçimə dolan qorxu, qaranlıq küçənin xofu bütün varlığıma hakim kəsildi.
    ─Yenə qorxutdum səni? –deyə gülümsəyən Rauf əlimi ovcuna aldı.
    Kobud şəkildə əlimi çəkdim.
    ─Hə, qorxutdun.
    Güldü:
    ─Sən ki həmişə ürəkli qız olmusan! Nədən qorxdun?
    ─…
    ─Sən özün bir bəlasan! Səndən qorxmaq lazımdır! Düşünmürəm ki, məndən başqa kiminsə sənə yaxınlaşmağa hünəri çata, cürət edə bilə.
    Həmişə zarafatla dediyi sözlər indi məni qıcıqlandırırdı:
    ─Elədirsə, o zaman sən də məndən uzaq ol! Başına bəla olmayım!
    ─Gecdir, sən artıq başımın bəlasısan! –gülümsəyib təkrar əlimi tutdu.
    Özümdən asılı olmadan əsəbi şəkildə:
    ─Toxunma mənə! –dedim.
    Çox az hallarda adımı deyərdi. Üzündəki təbəssüm bir anın içində çəkildi. Ciddi görkəm aldı. Soruşdu:
    ─Afət! Nə olub? Nə baş verir?
    Nəzərlərimi yayındırır, üzünə baxmaq istəmirdim:
    ─Heç nə.
    ─O zaman bu nə soyuqluqdur? Dünəndən bəri də nə zənglərimə, nə mesajlarıma cavab vermisən. Bu gün də bütün günü telefonun sönülü olub. Narahat qaldım, növbəmi uşaqlarla dəyişib səni görməyə gəldim.
    Susurdum…Həqiqətləri üzünə çırpmaq, hər şeydən xəbərdar olduğumu bildirmək, ürəyimdən keçənləri demək istəsəm də, susurdum… Şikarını parçalamağa hazırlaşan, pusquda durmuş pələng kimi idim, məqamımı gözləyirdim. Gözlərimin içinə baxaraq mənə utanmadan yalan söyləyən zabitin əynindəki mundirə nəzər saldıqca zabit şərəfinə and içdiyini xatırlayaraq həm qəzəblənir, həm də içimdə istehza ilə gülürdüm. Mənim üçün müqəddəs olan dəyərlərə bu qədər dəyərsiz yanaşan bir insandan daha nələr gözləyə biləcəyimi düşünürdüm.
    ─Başımın bəlası, nə olub axı, sənə? Niyə susursan? Məni gördüyünə sevinmədin?
    Üzündəki günahsız ifadəni, mülayim təbəssümünü gördükcə, mehriban səsini eşitdikcə bir insanın nə qədər saxta ola biləcəyini, riyakarlığının son həddini ağlıma sığışdıra bilmirdim. Əllərinin toxunuşu belə məndə ikrah hissi yaradırdı.
    ─Yox! Bir daha qarşıma çıxma! Səni görmək istəmirəm! Bir dəfəlik həyatımdan yox ol!
    Sanki sözlərimdən diksindi. Heç nə anlamayaraq qeyri –ixtiyari:
    ─Nə? –dedi, –Nə dedin?
    ─Düz eşitdin. Qarşıma çıxdığın, səni tanıdığım günə lənət olsun! Sənə baxdıqca ikrah hissi duyuram.
    Qürurunu, mənliyini alçatdığıma baxmayaraq, əsəblərinə hakim olmağı bacaran zabit təmkinini pozmamağa çalışırdı:
    ─Bu nə sözlərdir dilə gətirirsən? Öz dediyini özün eşidirsən?Dediyin sözlərin fərqindəsən?
    ─Deyə biləcəyim ən yumşaq ifadələrdir. Riyakarlığına, şərəfsizliyinə layiq sözlər tapa bilmirəm.
    Üzünün ifadəsi kimi, səsi də dəyişildi həmin an:
    ─Afət! Həddini aşırsan!
    Fərqinə varmadan səsimi yüksəltmişdim:
    ─Həddimi aşsam, nə olacaq? İç üzünü göstərəcəksən? Göstər! İç üzünü tanıdım, daha betərləri ilə məni təəccübləndirə biləcəyini düşünürsənsə, buyur.
    ─Səni tanıya bilmirəm, Afət…
    ─Mən isə səni yaxşı tanıdım, Rauf!
    ─Anlaya bilmirəm… Bir gecədə necə bu qədər dəyişdin? Nə baş verdi? Mənə qarşı kəskin dəyişilən münasibətinin səbəbini izah et, mən də öz qəbahətimin, günahımın nə olduğunu bilim. Bilərəkdən, bilməyərəkdən etdiyim səhvlərimə görə də səndən üzr istəyim.
    Dözməyib əsəbimdən güldüm:
    ─Səhv? Qəbahət? İki qızın hissləriylə birdən oynamaq səhv adlanır?
    ─İki?–təəccüblə üzümə baxdı,–Həyatımda yalnız sən varsan! İkincisi yoxdur!
    ─İlahi! Səmimiliyinə inandığım, dəyər verdiyim insan gözlərimin içinə baxaraq həyasızcasına nə yalanlar söyləməyə qadirmiş! Sən necə insansan, Rauf?! Axı, mən səni necə tanıya bilmədim!
    ─Peşman olacağın sözləri dilinə gətirmə, Afət!
    Hisslərimə hakim ola bilməyib əsəbimdən ağladım. Hirslə bağırdım:
    ─Artıq peşmanam! Səni tanıdığıma, sənə inandığıma, səni sevdiyimə peşmanam!
    ─Afət!
    ─Mən hər şeyi bilirəm. Nişanlı olduğunu, hər iki evdə toy hazırlıqları getdiyini bilirəm! İki qızın hissləriylə oynayacaq qədər şərəfsiz birisən! Sənə nifrət edirəm!!!
    ─…
    Gözlərimin içinə baxmağa cəsarəti çatmadığı üçün baxışlarını yerə dikib susan Raufa hələ də inanmaq istəyirdim. Özümü nə qədər ələ almağa çalışsam da, bacarmadım. Hönkürüb ağladım. Göz yaşlarında boğulsam da, səsimi yüksəltməyə özümdə güc tapdım:
    ─Niyə susdun? Susma! İnkar et! Nişanlı olmadığını söylə! Bütün dediklərimi təkzib et, yalan olduğuna inandır məni!
    ─Sakitləş, mən sənə hər şeyi izah edəcəm,–deyərək əlimdən tutmağa çalışdı.
    ─Nəyi izah edəcəksən? Başqa bir qızın barmağında sənin üzüyünü gəzdirdiyini inkar edəcəksən?!
    Divara sıxışdırılmış müqəssirlər kimi həqiqətləri etiraf etməkdən savayı əlacı qalmadı.
    ─Yox, … etməyəcəm…
    Son ana qədər Raufa inanmaq istəyirdim. Özümü aldatmağa çalışırdım. Anasının bizi ayırmaq üçün bu yalanları uydurduğuna özümü inandırmaq istəyirdim. Sevdiyim insanın yalanlarını qəbul etmək, həqiqətləri görməkdən daha asan gəlirdi mənə. Məhv olan arzularımın, yıxılan xəyal dünyamın səsi üzünə vurduğum şillə ilə diksindirdi, silkələyib oyatdı məni.
    Geriyə baxmadan, hönkürüb ağlaya-ağlaya qaçarkən Raufdan deyil, əslində, elə özümdən qaçırdım. Mənim üçün bitmiş münasibətlərin son həddinə gəlib çıxmışdım. Yanağında buraxdığım əlimin izi ilə bu sevginin ayrılıq fərmanını verib, möhürünü də basmışdım.
    Arxamca qaçıb gələn Raufun məni tutub saxlamaq cəhdləri boş idi. Var gücümlə qaçmaqdan dizlərimdə taqət qalmamışdı. Təngnəfəs idim. Qolumdan yapışıb dartdı:
    ─Afət! Məni dinlə! Hər şey sənin düşündüyün kimi deyil! Bilmədiyin çox şey var… İcazə ver sənə hər şeyi izah edim… Qulaq as mənə! Mənə inan, mən hər şeyi yoluna qoymağa çalışacam. Sadəcə zaman ver! Səni çox sevirəm! Sənin də məni sevdiyini bilirəm. Bu şəkildə münasibətlərimizə son qoya bilməzsən! Evlənəcəyim qız varsa, o da sən olacaqsan!
    Yanaqlarıma süzülən göz yaşlarım, pıçıltı ilə dediyim sözlər vidamız oldu:
    ─Bir daha məni axtarma! Bir daha qarşıma çıxma! Bitdi…

    Hələ orta məktəbdə oxuyarkən “İnsan və cəmiyyət” dərsində müzakirəyə çıxarılan məhəbbət mövzusu ilə bağlı mənim də fikrimi bilmək istəyən tarix müəllimimizə “Ən böyük sevgilər həyatda olmur, yalnız bədii ədəbiyyatda, filmlərdə olur. Leyli və Məcnun, Romeo və Cülyetta aramızda yaşasaydılar, kim bilir, bir müddət sonra ayrılardılar bəlkə” –deyə cavab vermişdim. Və yekun olaraq, özüm üçün belə bir qənaətə gəlmişdim ki, eşq zirvəsinə yüksələn hər sevginin yolu ayrılıq və ölümdən keçir.
    Sevirdim… Həyatımda ilk dəfə sevirdim… Bütün varlığımı, ruhumu bu sevgiyə təslim etmişdim. Hər kəs sevməyi bacarmır, sevməyi bacarmaq fərqli ürək sahibi olmaqdır, deyirlər. Sevə bilmək bacarığımı özümdə kəşf etdiyimə görə, ən azından bu hissi anlamağıma, yaşamağıma, həmçinin həyata gözlərimi açıb, insanların xislətini aşkarlamağıma səbəbkar olan Raufa minnətdar idim. Sayəsində, həyatın şilləsini dadıb sadəlövh birindən bir daha insanlara inanmayacaq, güvənməyəcək bir insana çevrilməkdə idim.
    Yorğun olduğumu, başımın ağrıdığını bəhanə edərək, yatağıma uzanıb yorğanı başıma çəkmişdim. Anam, nənəm ağladığımdan xəbər tutmasınlar deyə, üzümü göz yaşlarımdan islanmış yastığımda gizlədirdim. Eh, kimi aldadırdım! Aldatmaq istəyən də, aldanan da elə özüm idim.

    Ertəsi günü Raufla qarşılaşmamaq üçün axırıncı dərsdən icazə alıb evə getdim. Yazıb- yazmayacağını maraq etdiyimdən telefonu yandırsam da, mesajları oxuyub heç birinə cavab yazmır, zənglərə isə cavab vermirdim; ikinci zəngdən sonra isə söndürüb sanki kiminsə görəcəyindən ehtiyat etdiyim üçün ya çantamda, ya da yastığımın altında gizlədirdim. Təsadüfən pəncərəyə yaxınlaşan zaman Raufun qonşu evin divarına söykənib nəzərlərini pəncərəmizdən ayırmadığının da şahidi olmuşdum. Bir anlıq beynimdən inad etdiyim üçün qapını döyüb evə gələ və anamın yanında belə məndən hesab sora biləcəyi fikri keçdiyindən ehtiyat etdim, lakin sonra heç vaxt buna cəsarəti çatmayacağına özümü inandırdım.

    Son bir neçə gündə mühazirələr mənə daha ağır gəlirdi, heç on dəqiqə keçməmiş yorulur, diqqətim yayınırdı. Nə qədər diqqətimi toplamağa çalışsam da, əlimdə deyildi. Hətta ən sevdiyim fənlər belə mənə maraqsız görünməyə başlamışdı. Dərs başlamadan onun bitməsini, günün sonunu gözləyirdim. Əsəblərim çox gərgin idi. Son günlər baş verənlər, dünən axşam anamla aramızdakı çətin söhbət, bir yandan da hələ ölkəni tərk etməmiş duymaqda olduğum həsrət qəlbimə təsirsiz keçməmişdi.
    Tənəffüs olsa da, çox zaman auditoriyadan çıxmazdım. Bufetə də nadir hallarda düşərdim.
    Tələbə yoldaşım otağa daxil olub dedi:
    ─Afət! Bu xanım deyəsən səni axtarır.
    Qapı ağzında dayanmış qızı heç vaxt həyatda görmədiyimə baxmayaraq, dərhal tanıdım. Bu həmin qız idi. Şəkildə gördüyüm, Raufa qısqandığım qızı nə vaxtsa qarşımda görəcəyimi ağlıma belə gətirməzdim.
    Səsi də özü qədər incə və lətafətli idi:
    ─Salam. Afət xanım sizsiz? Sizinlə söhbət etmək istərdim. Mən…
    Kim olduğunu söyləməsinə imkan verməyib sözünü kəsdim:
    ─Aşağı düşək.
    Rahat söhbət edə bilmək üçün pilləkənlərlə bufetə endik. Ən axırdakı masalardan birini seçdim. Çay və şokolad sifariş verib qızla üzbəüz keçib oturdum.
    Allahın əhvalının ən xoş vaxtında xəlq etdiyi bu qızın gözəl üz cizgilərinə, uzun və sıx kirpiklərinin arasından bir cüt ulduz kimi parlayan qara gözlərinə, uzun saçlarına nəzər saldıqca onun zərifliyinə, incəliyinə qızlığımla heyran qalırdım. Etiraf edim ki, hətta içimdə ona qarşı bir həsəd də baş qaldırdı. Özlüyümdə düşünür, özümlə onu müqayisə edir, vaz keçilməyəcək bu gözəllikdən Raufun imtina etməyəcək qədər ağılsız olmadığını anlayırdım. Başını aşağı salıb susan qıza, nədənsə birdən yazığım gəldi. Rəqibinin qarşısına çıxıb öz qürurunu, mənliyini alçaldan bir qızın mənə nə deyə biləcəklərini ehtimal edirdim.
    ─Sizi dinləyirəm.
    ─Mən…
    ─Kim olduğunuzu söyləməyə ehtiyac yoxdur. Bilirəm…
    Sözə necə başlayacağından çəkinən qızın qarşısında özümü ailə dağıdan biri kimi günahkar hiss etməyə başlayırdım. Qeyri-ixtiyari barmağına nəzər saldım. Üzük taxmamışdı.
    ─Sizinlə görüşmək öz qərarımdır. Raufun bundan xəbəri yoxdur.
    ─Aydındı…Arxayın olun.
    ─Raufla aranızdakı münasibətlər məni narahat etdiyi üçün görüşmək və hər şeyi aydınlaşdırmaq istədim.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Hakim əmi, azadlıq” (Hekayə)

    Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
    Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı.
    -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
    Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
    Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
    Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
    Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
    -Hələ çörək almamısan?
    -Yadımdan çıxıb, pul içəridə qalıb.
    -Göyərti də alarsan. – Yasəmən mətbəxə keçdi.
    Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxanda mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşdü. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
    Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
    -Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını dayandırmağa məcbur etdi.
    Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
    Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o, isə qızın gözlərində qorxunu oxudu.
    Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Əclaf yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
    -Pambıqdır. Bu dəfə səni buraxmayacam. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
    Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.
    -Nili, sən niyə yerdəsən? Nə olub?
    Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
    -Hamama keç. Sakitləş, ağlama.
    Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
    -Harda yıxılmısan?
    Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
    -Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
    Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı.
    -Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
    Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
    -Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
    Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
    -A-na…
    -Haycan
    Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı.
    -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
    Yasəmən qızının gözlərinə baxdı.
    -Anan qurban, de görüm nə olub?
    Nilufər içini çəkə-çəkə dedi:
    -Ana, aşağıdakı dayı məni …
    Anası gözlərini bərəltdi:
    -Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
    Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
    Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
    Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.
    Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
    -Qurban olum, Turan…
    Turan qoluyla arvadını itələdi.
    -Çəkil.
    Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
    -Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək.
    -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de.
    Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
    -Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
    Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
    -Nə danışırsan, az sən? Çəkil qabağımdan.
    -Yalvarıram əlini mundarın qanına bulama.
    -Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
    -Onu başa salmaq olar? Ayı boydadır.
    Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
    Turan qonşusunun qapısını yumruqlayırdı.
    -Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
    Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
    -Ay Turannn…. Sus, camaatdan ayıbdı.
    Turan arvadının əlini itələdi
    -Səndə çəkil o tərəfə.
    Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
    -Nə olub ə? Meşədəsən?
    Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
    -Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
    Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
    Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
    -Qatil… Qatiiil… – qışqırırdı.
    İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
    Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
    Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı…
    Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmışdı, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
    -Qızım, baş vermiş hadisəni bizə danışa biləcəksən?
    Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdilər.
    Nilufər susurdu. Hakim sualını təkrarladı.
    -Qızım, özünü yaxşı hiss edirsən?
    Nilufər kövrəldi.
    -Yaxşıyam, hakim əmi.
    “Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
    Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
    Nilufər hakimə baxdı.
    -Sizdən bir xahişim olacaq, hakim əmi.
    -Buyur, qızım.
    -Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
    Hər kəs təəccübləndi.
    -Mən jurnalistlərə sənə görə icazə vermədim.
    -Xahiş edirəm, hakim əmi.
    Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
    -Juranlistləri çağırın.
    -Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
    Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
    -Peşmanam, hakim əmi.
    Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
    -Anama o adamın elədiklərini deməyə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim.
    -Sonra necə oldu dedin?
    -O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Anama danışmasaydım, nə olacaqdı, bilirsinizmi?
    -Nə olacaqdı? – hakim soruşdu.
    -Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
    -Atan səni çox istəyir, qızım.
    Nilufər sualını təkrarladı.
    -Atam yaxşı insandı, hakim əmi?
    -Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
    Nilufər hakimin cavabını təsdiqlədi.
    -Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
    Nilufər bir qədər susduqdan sonra davam elədi.
    -Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
    Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
    -Sakit… Davam elə, qızım.
    -Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
    Hakim də kövrəlmişdi.
    -Belə danışmağı sənə kim öyrədib, qızım?
    -Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin.
    Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı.
    -Əyləşə bilərsən, qızım.
    -Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir.
    Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
    Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
    Nilufər gözlərini açanda məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası…
    Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı…
    İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
    Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
    Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik qadınları gətirdiyini etiraf eləmişdi.
    Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

  • Tural SAHAB.”Nadejda”

    Onun adı ilə…

    …qapını döyürəm, soyuqdan titrəyən barmaqlarımla. Əgər ki, qapı açılmasa soyuq nəfəsimi kəsəcək, bu həyat oynunu ərkən bitirməli olacam. Necədə romantik bir mənzərə var çöldə. Tam sevgililərin qar topu oynayacağı, üşüyəcəyi və daha sonra birlikdə gəlib sobanın kənarında bir-birilərini öpüşləri ilə isidəcəkləri… Di gəl ki, bu romantika mənim sonum ola bilər. Romantik bir ölüm – əslində istədiyim elə bu deyildimi, bir düşünsənə son nəfəsini verirsən və göz qapaqlarına bir birindən gözəl qar dənələri qonur, baxışların sonuncu dəfə sonsuz göy üzünə baxır, sevdiyin qadını düşünüb kövrəlmək istəyirsən, ancaq gözlərindən yaş gəlmir, gözlərin çoxdan ölüb-quruyub. Bax bu olmadı ki, romantik xəyal qurduğum yerdə… Ancaq reallıq da var əzizim, reallıq! Görəsən insanın gözləri özündən öncə öləndə nə düşünür, düşünə bilirmi?!

    Gücümü toplayıb bir kəz daha döyürəm qapını, bu döydüyüm qapı… elə həyatın da qapısıdı. Və möcüzə baş verir. Budur qapı açıldı. Xatırladığım, daha doğrusu gördüyüm sonuncu şey bir kölgənin, xəyalın məni sürüyüb içəri salması olur. Gözlərim ölməsə də, beynimdən öncə yuxuya dalır… Gözlərim yuxu görür, ancaq düşüncəm hələki yerindədir, düşünə bilirəm. Qaranlıqdı, ancaq balaca bir işıq gəlir sinəmdən. Bəli, bəli yalan danışmıram ürəyimlə bir işıq görürəm. O işıq mənə ilk insandan bu günə qədər yaşamış, sevmiş insanların ümid nəğməsini söyləyir. Qəlbimlə görürür, duyuram, hətta gözlərim yuxuda olduğundan ürəyimlə kövrəlirəm. Hər zaman qan vuran ürək, bir neçə anlıq yaş axıdır damarlarımla bədənimə. Elə, o yaşlar da isidir məni, dirildir. Yavaş-yavaş gözlərimin, qulaqlarımın buzu, donu əriyir.

    Əl-ayağımda bir istilik, dodaqlarımda isti bir nəfəs hiss edirəm. Səhv başa düşməyin, bu öz nəfəsimdi. Qəlbimin göz yaşı damarlarımda dolaşdıqca mən nəfəsimi duyur, öz gözlərimə baxıram. Artıq gözlərim ətrafımda olanları kölgəli şəkildə də olsa görür. Bax budur, kimsə bir nəfər qarla bədənimi ovur, məni həyata qaytarmağa çalışır. Gözlərimi açan kimi də sevinir, bunu görmürəm hiss edirəm təbii ki, bədənimdə gəzən əllərindən. Əvvəlcə qorxa-qorxa gəzən əllər indi sevinc, sevgi ilə dolanır bədənimdə. Deyəsən yavaşca ölümdən həyata tərəf iməkləyirəm. Ətraf aydınlanmağa, düşüncəm durulmağa başlayır. İndi sadəcə öz nəfəsimi deyil, məni həyata qaytaran insanın da nəfəsini tənimdə duyuram. Bu nəfəsdə sevgi, mehribanlıq, həyat var. Elə bunlardan anlayıram bunun bir qadın nəfəsi olduğunu. Sonuncu dəfə haçan tənimə bir qadının nəfəsi toxunmuşdu, haçan bir qadınla ölümünə sevişmişdim və ya sevişmişdimmi?! Bu nəfəsi tanıdığıma görə, bədənimdə dolaşan bu əllər qəlbimin atışını dəyişdirdiyinə görə yəqin ki, mənim də haçansa dəli kimi sevdiyim bir qadınım olub. Bəs, indi onu niyə xatırlamıram?! Hər halda düşüncəmin buzu hələ əriməyə təzə-təzə başlayır. Onun üçün xatirələrim dumanlı havada azan canavar kimi ulayır. Yerə uzadıblar məni – yerdən salınmış bir yatağa. Balaca bir otaqdı. İçində iki çarpayı, balaca bir masa, bir də alovlu yanan odun sobası. Mənim yatağım sobanın yaxınlığındadı. Odunun yanarkən çıxardığı səs, bayırda özünü qapı-pəncərəyə vuran küləyin səsi. Ölüm və həyat kimi bir-birinin əksi… İndi bədənimi ovan qadının qara uzun saçlarını seçə bilirəm. Yatağın yanına əyləşib, əlindəki qarla tənimə həyat verməyə çalışır. O, əyildikcə saçları, sinəsi bədənimə toxunur. Qulağıma incə bir səs gəlir, "adın, adın nədir?" – dodaqlarımı hərəkətə gətirməyə çalışıram. Soyuqdan göyərən dodaqlarımın hərəkət etmədiyini görüb, mənə tərəf əyilir. İsti dodaqları utana- utana dodaqlarıma həyat verir. Buna öpüş demək olarmı, bilmirəm, ancaq dodaqlarımın yavaş yavaş isindiyini, ağzımın dada gəldiyini hiss edirəm. Lakin onun dodaqlarına cavab verəcək gücüm hələ də yoxdu. Bir qədər dodaqlarımı ağzında oynatdıqdan sonra başını qaldırır – Murad, adım Muraddı deyə bilirəm asta bir səslə. Gülümsəyərək, "Mənim adım da Nadejdadı, qorxma həyata qayıtdın" deyir. Yenə bir duman çökür gözlərimə. Bu dəfə istidən bədənim boşalır, yuxuya gedirəm… Özümü hiss etdiyim zamanca ağzımda Nadejdanın dodaqlarının dadı, qəlbimdə qəribə bir hiss…

    İkinci Dünya müharibəsi illəri, faşistlərin hələki irəllədiyi vaxtlar. Bütün cəhdlərə baxmayaraq düşmənin qarşısı alına bilmir. Hər gün bir az daha torpaqları tuta-tuta gəlir. Qara kağızın getdiyi ailələrinsə sayı-hesabı yoxdu. Bax o qanlı savaşların birində bütün döyüş yoldaşlarımı itirərək, təkcə mən sağ qaldım. Qarlı-çovğunlu gün, göz gözü görmür. Həyatda qalmaq üçün meşənin olduğu tərəfə doğru getməyə başladım. Bütün ümidimi itirmiş, ölümün gələcəyi anı gözləyirdim. Elə bu vaxt meşənin içində balaca bir kənd gördüm. Qıraqdan baxmaqla heç vaxt tapmaq olmazdı buranı. Çox yox, 10-15 ev ancaq olardı. Onlar da balaca komalar. Hiss olunurdu ki, burada yaşayan insanlar ya çox kasıb, ya da savaşdan qaçıb buraya sığınan insanlardı. Bədənimi hiss etmirdim. Güc bəla ilə sürünüb, ilk evin qapısını döydüm. Bax məni həyata qaytaran Nadejda həmin o qadındı. Bir-iki gün sonra özümə gəlməyə başladım. İndi onunla danışır, dərdləşirdik. 35 yaşı vardı. Əri savaşa gedib, qayıtmamışdı. Bu daxmada tək qalırdı. Bu balaca kənddə demək olar ki, heç kişi yox idi. Bəzilərinin qara kağızı gəlib, bəzilərindən arada-sırada da olsa məktub gəlirdi. Elə əvvəldən kasıb kənddə yaşayırdı bu insanlar. Müharibə başlamamışdan əvvəl kasıb olsalar da xoşbəxt idilər. Kiçik əkin sahələri, bağları vardı. Cavan oğlanlardan bəziləri şəhərlərə işləməyə də gedirdi. Uzun sözün qısası yaşayırdılar. Belə anlarda insan sadəcə yaşamaq istəyir. Deyir ki, kaş kasıblıq olaydı, bir tikə quru çörəyim olaydı, ancaq yaşaya biləydim. Nadejda danışdıqca çox uzaqlarda olan ailəmi, qadınımı, balaca uşaqlarımı xatırladım. Bəli, indi yadıma düşdü mənim də sevdiyim bir qadınım vardı, iki də balaca oğlum. Demək ki, bədənimi nəfəsi ilə isidən qadınım üçün çox darıxmışammış. Bunu Nadejdanın üzünə baxdıqca, sözlərini dinlədikcə hiss edirdim. Bizim kəndimiz də, elə balaca bir kənddi. Meşənin içində olmasa da, qırağında yerləşirdi. Sapsarı taxıl zəmilərimiz vardı. Yay aylarında uşaqlarla göyərçin ovlamağa gedərdik, sünbüllərin içində gizlənə-gizlənə. Hərdən qoruqçu bizi görər, qovalayardı. O zamanlar ən böyük düşmənimiz bozan atı, ceyran ayağından qamçısı olan qoruqçu Abbas kişi idi. İndi isə dünyanı qana bulayan faşistlər….

    Daha sağalırdım. Bir neçə gündən sonra buradan çıxmalı, böyük vətən üçün savaşmağa davam etməliydim. Bir aydan artıqdı buradayam. Kim bilir nələr baş verib… Nadejda ilə keçən bu bir ayda çox yaxınlaşmışdıq. Utanmasam bir-birimizi sevirik deyərdim. Ehhh, nə bilim bəlkə də sevirdik. Bu qanlı savaşın ortasında, qanlı bir sevgi olardı bu. Getmək vaxtıma azaldıqca ürəyim sancır, Nadejdanın gözlərindəki kədər isə qara bir deşik kimi böyüyürdü. Nəhayət zaman gəlib keçdi. Sabah yola çıxmalıyam. Bu gecənin bitməsini heç istəməzdim, ancaq bitməliydi. Axşam oldu. Ətrafı ışıqlandıran sadəcə sobanın atəşi idi. Nadejda mənə yaxınlaşdı, boynumdan qucaqlayıb dəli kimi üzümdən, dodaqlarımdan öpdü… İlk gün gəldiyim zamankı yer yatağını sərdi mənim üçün… Bədəni bu dağlar, meşələr, qış kimi təravətli idi. İlk gündən ağzımda qalan dodaqlarının dadını bir daha duydum. İndi o dodaqları bütün gücüm ilə öpürdüm – sanki varlığıma hopdurmaq istəyirdim. Bu öpüşlər qanlı savaş kimi atəşli idi…

    Sabah oradan ayrılıb, partizanlara qoşuldum. Düz üç il böyük vətənin başqa-başqa yerlərində savaşdım. Dəfələrlə yaralandım, ancaq Tanrı mənə ölməməyi, uzun illər yaşamaq, xatırlamaq kimi bir əzab verdi. Uşaqlar böyüdü, nəvələr evləndi. Yaşıdım olan bütün insanlar öldü. O günləri, sonu qələbə ilə bitən savaşı anlatacağım kimsə qalmadı. Ancaq ən çox canımı acıdan Nadejdanın xəyalıdı. Hər qış çovğunlu gecələrdə pəncərəmi küləklə döyür. "Gəl, Murad, gəl artıq" deyir, ancaq hələki gedə bilmirəm…

  • KÜMBET DERGİSİ 48. SAYISININ ABONELER DAĞITIMI TAMAMLANDI

    KÜMBET Dergisinin 2018 yılında 48. sayısı ile sizlerle birlikte olmanın ayrı bir heyecanı içindeyiz. Ülkemiz içinde ve dışında saygın dergiler arasında yer almayı başaran KÜMBET Dergisi, Kültür ve sanatımız adına Kültür ve Turizm Bakanlığı’nın süreli yayınları arasında siz okuyucularına ulaşabilmenin mutluluğunu yaşamaktadır. Anadolu’dan yükselen bu edebi ışığın kültür dünyamızda daha iyi yansıması için gayret eden kurum, kuruluş ve siz değerli okuyuculara bir kez daha teşekkür ediyoruz.
    Bu sayımıza gönderilen yazı ve şiirleri sizlerle paylaşmanın ötesinde son üç aylık süreç içerisinde Tokat Şairler ve Yazarlar Derneği ve KÜMBET Dergisi Ailesinin pek çok etkinliğin ve başarının içinde olduğunu gururla belirtmemiz gerekir.
    Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği ile düzenlenen “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın bu yıl dokuzuncusunu gerçekleştirebilmek için yeniden yola çıkmanın haklı kıvancı içindeyiz.
    4-5-6 Mayıs 2018 tarihleri arasında TİKA, TÜRKSAV, Niksar Kaymakamlığı ve Niksar Belediyesi’nce Niksar’da yapılacak olan “22.Uluslararası Türk Dünyasına Hizmet Ödülleri” etkinliğinin “Tarih ve Kültürüyle Niksar Paneli” bölümüne derneğimiz katkıda bulunacaktır.
    İstanbul’da, Yerel Gündem Gazetesince düzenlenen “17. Tokat’ın Enleri Gazi Osman Paşa Ödülleri Töreni”nde Kümbet Dergisi ailesinden Tokat Şairler ve Yazarlar Derneği Başkanı; Hasan Akar “Yılın Başarılı Yazarı”, Mahmut Hasgül; “Yılın Başarılı Eğitimcisi” ve Fatih Kılıç; “Yılın Başarılı Gazetecisi” ödülüne layık görüldüler.
    Ankara/ Kızılcahamam, Hatay/Dörtyol, Sivas, Tokat/Turhal’da düzenlenen Kültür-sanat etkinliklerine katılan yazar ve şairlerimiz dergimizi başarıyla temsil ettiler.
    Yayın kurulumuzun güçlü kadrosuna Tokat Gaziosmanpaşa Üniversitesi Öğretim üyelerinden Prof. Dr. İzzet Kadıoğlu da katıldı. Aramıza hoş geldiniz diyoruz.
    Bu sayımızda araştırma ve makaleleri ile; Prof. Dr. M. Naci Önal, Prof. Dr. Nurullah Çetin, Prof. Dr. Ali Akar, Prof. Dr. Ertuğrul Yaman, Prof. Dr. Tamila Abbashanlı Aleyeva, M. Halistin Kukul, Yar. Doç. Dr. Mehmet Yardımcı, Sona Çerkez, Abdullah Satoğlu, Ali Külebi, Mahmut Hasgül, Ergün Veren, Ömer Işıdan, Bekir Yeğnidemir, M. Sırrı Demirci, Nihat Aymak, Abdulkadir Türk, Necdet Kurt, Kumrugül Türkmen Akın, Nargül Delice, Kutluhan Saygılı, Mehtap Çıtak;
    Rıza Tevfik Bölükbaşı, Ayhan Nasuhbeyoğlu, Ali Akbaş, Ali Rıza Atasoy, Yavuz Doğan, Çiğdem Kader, Mahir Gürbüz, Mustafa Sade, Şefik Tiryaki, Sündüs Arslan Akça, Ahmet Divriklioğlu, Rasim Yılmaz, Gülden Taş, İsmet Anik, Ayşe Arıkan, Yunus Kara, Halil Gürkan, Salih Fethi Alpat, Talat Ülker, Züleyha Özbay Bilgiç, M. Necati Güneş şiirleriyle sizlere geldiler.
    49. sayımızda buluşmak dileğiyle.

    Hasan AKAR
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı
    KÜMBET Dergisi Genel Yayın Yönetmeni

  • “Hece Taşları” aylık şiir dergisinin 39. sayısı yayında

    ELLİ ALTI YILI YIĞDIM HARMANA

    Hani can deyince can işitirdik, ne selam ne kelam aleykümselam, herkes her gün uzaklarla kunuşur, yakınında yer sarsılsa duyan yok, gündüz uyur gecelere uyan yok,kendimizden ötelere gideriz, yakınımız selam vermekten korkar, komşularda ateş yanar kül olmaz, hasret telefonun öbür ucunda, pencereler uzaklara açılmaz, herkesin içi bir
    barut fıçısı, nerede ne zaman patlar bilinmez.

    Partilere fırkalara bölündük, kendimizi kandırmakta mahiriz, dilimizin tadı tuzu kalmadı, insan sözcüğünün içi boşaldı, herkes birbirinin sırtında yürür, birbirinden fazla herkesin yükü, herkes her gün avuçlayıp dünyayı, nefsi ekseninde dolanır durur, ne gece gecedir ne gündüz gündüz, her gün sıfır üretiriz durmadan, her gün tüket tüket nereye kadar, sıra kendimize geldi gelecek.

    Zahirde varsıllar gizliden geda, kimse etmez canı canana feda, binen binip gitti iyi atlara, kaç gece kaç gündüz baktım yollara, bütün yollar bende başlayıp bitti, kanım kaç baharda çavlana döndü, kaç kez yapraklarım açtı döküldü, varlıkta yoklukta sınıfta kaldım, kendimden kaçtıkça kendime geldim, bir hoş seda bestelemek istedim, elli altı yılı yığdım harmana, sürdüğümde ne çıkacak bilemem.

    Tebessümler sahte çiçekler naylon, gönül acıkınca ne yer ne içer, insan nasıl yaslanır bir insana, sevinç nasıl paylaşarak çoğalır, acı kaça bölünürse azalır, hangi türkü yaraları sağaltır, efkâr bulutları nerde dağılır, nereye kaçarız kimden kaçarız, nerede solarız nerde açarız, her gün aldatanlar bir gün aldanır, sıyrılır çıkarız tüyden telekten, bir gün kanatlanıp burdan uçarız.
    Tayyib Atmaca

  • Şəfa VƏLİYEVA.”Şimşək ana” (Hekayə)

    Göyə baxmaqdan qorxurdu. Qara buludların bir-birinin üstünə şığımasını, qılınclarını siyirib xartıltıyla bir-birinin ürəyinə saplamasını yağan palçıqlı leysandan, hər yarım dəqiqədən bir qulaqları titrədən gurultudan bilmək olurdu onsuz da… Addımını daha tez atmaq üçün sulu palçığın ortasından aradabir qabaran kiçik daşlar axtarırdı. Gah tapırdı, gah da qaloşunun içinə dolan zığlı suyun şappıltısını eşidirdi. Qarşısına çıxan adamlar üzü kəndə doğru qaçırdı. Hər kəs öz canını götürmüşdü çiyninə yük kimi. Eşikdə qalan mal-qoyun kiminsə eyninə gəlmirdi bu qaramtıl havanın qorxunc ağuşunda.

    Sonuncu evin damı bir daha ildırım işığında parlayıb yoxa çıxandan sonra bulağın yoluna döndü. Bədənindən axan yağış suyundan eymənmək yadına düşmürdü. Bircə saat bundan əvvəl, günlü-günəşli bir havada on üç yaşlı qızıyla səkkiz yaşlı oğlunu bulağa su gətirməyə göndərmişdi. Onlara söz vermişdi ki, yenicə cərrahi əməliyyatdan çıxmış on bir yaşlı qızının sarığını dəyişmək üçün gələn həkimi yola salıb arxalarınca bulağın yolunu tutacaq.

    Həkim gəlməmişdi. Xəstə qız əlini sarığın üstündən yarasına qoyub yenicə gözünü doldurmuşdu ki, göylər ondan qabaq hönkürməyə başlamışdı. Bu hönkürtü ana ürəyinin dörd yerə bölünmüş sevgisinin tarazlığını poza bilməmişdi. Beş yaşlı sonbeşik qızının papağını başına qoyub xəstənin yorğanının altına soxmuşdu. Qapının arxasından asdığı qolsuz nimtənəsini çiyninə atmış, bir tərəfi sökülməyə başlayan yaşıl yaylığının ucunu boğazının altında düyünləmişdi. Dünən şehli qımılıqda cücə axtaranda içi yaş olmuş qaloşunu gecədən pilləkənin böyrünə söykəmişdi ki, yel çəksin qurusun. Onu da tələsik ayağına keçirtmişdi. Üzünə çırpılan palçıqlı damlalardan yanağını da qırışdırmadan bulağın səmtinə yönəlmişdi…

    Ayağı hər sürüşdüyündə ana ürəyi bir daha mətinləşirdi. Balalarını getdikcə tündləşən qaranlığın qoynundan çəkib almaq üçün ana sevgisi insan acizliyini yenirdi. Qayalıq döngəyə çatanda buludların gurultusu arasında qulağına ulaq səsi də çatmışdı. Hansı tərəfdən gəldiyini anşırda bilməsə də dizlərini gərmişdi. Onun bulağa çatmağa can atdığı qədər damlalar torpaqda yayxanmağa həvəslənmirdi. Kürəyinin arasından üzüaşağı sellənən yağış ananın balalarını qorumaq eşqini söndürməyi düşünməyə də cəsarət etmirdi.

    Döngədən sonra yol üzüaşağı idi. Qaloşun içində ayağı, getdikcə lehməyə dönən palçıqda da qaloşu qərar tuta bilmirdi, sürüşürdü. Buludların toqquşan qılınclarından çıxan çınqıllar ətrafı bir anlıq işıldadanda döngənin aşağısından gələn ulağı gördü; belində bir cüt su bidonu çatılmış ulağın boğazındakı çatını tanıyanda sevindi. Bu çatını böyük qızı ot kəndirindən hörmüşdü. Kəndin bütün ulaqlarının boğaz çatısından tək fərqi arasına qəşəng görünsün deyə qatılmış birqat qırmızı ip idi. Məhz bu qırmızı ip onun canına can qatmış, üzüaşağı daha sürətlə yüyürmək istəməsinə səbəb olmuşdu. Heç beş-altı addım atmamışdı ki, eşşəyin arxasınca gələn, bir əlində qırmızı polimer vedrə tutmuş, o biri əliylə də qardaşının qolundan yapışmış qızını gördü. Bir-birinə ətcə sərçə balaları kimi sığınmışdılar sanki…

    Dayandı… Gözlərini balalarından çəkib göylərə baxdı qorxmadan. Sağ-salamat, islanmalarına, paltarları sırıl-sıxlam olmasına baxmayaraq, su bidonlarını doldurmadan evə gəlmək istəməyən bacı-qardaş ildırımın düşə biləcəyi ən qorxulu yerdən-hündür çinarla göy qayanın arasından çıxmışdılar. Daha buludların cəngi onu qorxutmurdu.

    İki balasının əlindən tutaraq bəzəkli çatılı ulağın arxasınca kəndə girəndə pəncərələrdən boylananların yadına çöldə qoyduqları mal-qoyun, toyuq-cücə düşmüşdüsə də, ani parlayıb yox olan işıqdan qorxduqlarından fikirlərindən bircə kəlmə “Heyf!” keçmişdi boynunu bükərək…

    Yalnız o…

    Yalnız o, qorxmurdu daha buludların döyüş cəngisindən… Çaxan şimşəkdən…

    Şimşək onun özü idi!