Körpəm

Oturub önümdə
muncuq gözlərində həyat işığı
Çiçəklərdən daha gözəl bir körpə.
Baxır minbir sualla,
Kədər çökmüş üzümə.
Gizlətməyə çalışsam, alınarmı?!
Bilmirəm…

Baxıb üzündəki məsum suala,
Çalışıram az da olsa gülməyə,
İnanmadın bilirəm,
inanma, körpəm…
Ağrılar asanca yox olub getmir,
Böyüyüncə sən də öyrənəcəksən…

Gizlədə bilmirəm indi gözümü,
Mənim kədərimə şahid olursan…
Dilim susa bilər…
ruhum kirimir.
Tələsmə böyüməyə
Uşaq qal, körpəm,
Böyümək həmişə sevinc gətirmir…

Tanrıdan bir dilək haqqım olsaydı əgər,
Yəqin bu dünyadan qəmi alardım…
Yığıb xoş anları, xoşbəxt günləri,
Körpə əllərinə bağışlayardım…

İndi ağrıları sıxıb dişimə,
Üzünə dodaqla gülümsəyirəm.
Gözlərim gülmədi bunu bilirsən,
Bilirsən və qarşılıq vermirsən körpəm…
Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
gül ki, gülüşlərin dərman kimidi…
gül ki, mənim yorulmuş ruhum,
bəlkə gözlərinə baxıb kiridi…

11.05.2018

***

Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
Qarışıq yuxularım var,
çılğın səksəkələrim.
Yollarda ilişib qalan yorğun
baxışlarım var,
yerli-yersiz uşaqca ümidlərim.

Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
Dumanlı səhərlər var, yağışlı günlər
Şəhərin üstünü almış qara buludlar.
Fikirli başlayan mənasız günlər,
Birdə səni xəyal edən üzgün axşamlar.

2015

Çıxıb getmək var… bacarsan

Çıxıb getmək var bir də
Ətrin hopmuş bu şəhərdən.
Həsrətli baxışları
yığıb küncdən, bucaqdan
kimsəsiz döngələrdən.
Sıxmaq var susqunluğu
Dişlərində qəhərdən.
Çıxıb getmək var bir də
bu şəhərdən,
Gedə bilsən…

Çıxıb getmək var
səndən,
Sənə bağlı xatirələrdən.
Ömür dediyin uzun deyil,
Düşüncənin bir yerində
bütün bağlar qırılır…

Yenidən sevmək üçün
gücü yetmir ürəyin
qopub səndən, özündən
yeni liman axtarsın…

Çıxıb getmək var,
amma
getməyin də növü var.
Unudulmaq itkidir,
Unutmaqsa intihar!
Çıxıb getmək var,
Çıxıb getmək… bacarsan.

2015-2018

Tənhalar

Kimsəsiz bir adadır,
Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.

Sevgiyə addım atmaq,
Tənhalığa ölümdü.
Mübarizə istəyir,
Yeni ömrə başlamaq.

Kimsəsiz bir adadır,
Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.
Sevgi bəzən qazancdır,
Sevgi bəzən itkidir…
Bu dünyada sevginin
Çoxluğu da qorxudu.
İnsan bəzən lap elə
Sevgidən də boğulur…

04.05.2018

Sən yağış deyilsən ki?!

Yenə yağış yağır,
Sən düşürsən yadıma.
“Necəsən, əzizim?
Bayırda deyilsən ki?!”

Yenə yağış yağır,
Bürünüb plaşıma,
Səni düşünürəm…
Görəsən, sənə soyuq deyil ki?

Yenə yağış yağır,
Yadıma, yaddaşıma.
Yağışdan qoxun gəlir,
Sən yağış deyilsən ki?!

06.06.2016