VAR MƏNİM

Yığılmır yollardan fikrim, xəyalım,
Görən bu yollarda kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.

Kəsilib qapıdan gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim.
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.

Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim.
Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.

YAş 60-A ÇATANDA

Dağ başına qar gəlir,
Yollar izlər dar gəlir.
Dünən düşündüklərin
Bu gün sənə dar gəlir,
Yaş 60-a çatanda.

Dərədən duman keçir,
Keçir, nə yaman keçir.
Dünən “gəl-gəl” deyənlər
Bu gün səndən yan keçir –
Yaş 60-a çatanda.

Ağrılar cana keçir,
Baхmayır, qana keçir.
Хəyalından uşaqlıq,
Könlündən ana keçir –
Yaş 60-a çatanda…

ANALAR

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb-biçir analar.
Mahnı da oxuyur, şeir də deyir,
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə -bilə.
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə,
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə?
Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.

SƏNİ UNUDA BİLMƏRƏM

Ay dolanar, il dolanar
Səni unuda bilmərəm.
Könül yanar, can odlanar
Səni unuda bilmərəm.

Yaz üzülə, payız keçə,
İstər gündüz, istər gecə,
Neçə gözəl gəlib keçə,
Səni unuda bilmərəm.

Gözün saxladı sözümü,
Gözün ovladı gözümü;
Unutmayınca özümü,
Səni unuda bilmərəm…

ŞEİR DEYİLMİ?!

Məndən təzə şer xəbər alan dost,
Bəs yazın gəlməsi şer deyilmi?!
Gəzməyə çıxanda – çölün, çəmənin
Üzünə gülməsi şer deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şer deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şer deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək, –
Yaşamaq həvəsi şer deyilmi?!

Kim deyir şerin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şer də vardır,-
Həyatın nəfəsi şer deyilmi?!