KƏLBƏCƏR

Xəstələrə dərman olan,
Təbib bulaqlı Kəlbəcər
İstisuyu səda salan,
Səsli-soraqlı Kəlbəcər.

Qədir bilən, yol saxlayan,
Dostlar üçün gül saxlayan.
Yayda ağır el saxlayan,
Sərin yaylaqlı Kəlbəcər.

Gözündə var əhdi-vəfa,
Eyşi-işrət, zövqü-səfa.
Gələn burda tapar şəfa,
Boyük sınaqlı Kəlbəcər.

Yaxşı keçir hər əhvalı,
Yadındadı dost xəyalı.
Çaylar kimi axır balı,
Sarı qaymaqlı Kəlbəcər.

Murov, Qonur, Dəlidağa,
Xəstə gələn çıxır sağa.
Tamam beş ay yaylanmağa
Olur qonaqlı Kəlbəcər.

Şəmşir üçün yandırdı şəm,
Qoymadı ki, haldan düşəm.
Döşlərindən süd əmmişəm,
Ana qucaqlı Kəlbəcər.

KİMİ

Namərd sənin qulluğunda qul olar,
öz işi düzəlib bitənə kimi.
İrişə-irişə üzünə gülər,
əli bir tərəfə çatana kimi.

Dostunu tanımaz nadan sərsəri,
Bu, elin sözüdür nə vaxtdan bəri.
Qoy sellər aparsın nanəcibləri,
Bax dalınca gözdən itənə kimi.

Xoryatın ox sözü qəlbimə dəydi,
Büküb qamətimi qəddimi əydi.
Bildirçin də bir ay payızda bəydi,
Darı sünbülündə yetənə kimi.

Şəmşir gərək mərd ocağın qalasın,
Hər kəs çəkər öz dilinin bəlasın.
Qoy səni şir yesin, şir parçalasın,
Tülkü kölgəsində yatana kimi.

OĞLUYAM

Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

Lalədi, nərgizdi evim, eşiyim,
Köynəyim sıx meşə – qoymur üşüyüm.
Qərənfildi, qızılgüldü beşiyim,
Buz bulaqlı göy yaylaqlar oğluyam.

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı – əl çata bilməz.
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.

Cəvahirdi Azərbaycan torpağı,
Qızıl, gümüş – hər sərvətin yatağı.
Uca zirvələrin lalə bayrağı,
Şəmşirəm, nə gözəl diyar oğluyam.

BEH MƏNƏ

Bu gün çəmənzara qonaq gəlmişəm,
Nərgiz verdi yarpağında şeh mənə.
Yelpik çaldı dan yerinin qanadı,
Sərin-sərin əsdi səhər meh mənə.

Öpdüm yasəməni, sevdim lalanı,
Göy meşəli, gül bulaqlı talanı.
Dedim arılarım sizdən bal alı,
Gülümsünüb süsən dedi: bəh mənə.

Məni el yetirib, elə aşiqəm,
Dərd bilənə, əhli-hala aşiqəm.
Bilirsənmi niyə gülə aşiqəm,
Bunlar çoxdan vermişdilər “beh” mənə.

Bu səbəbdən vurulmuşam çiçəyə,
Torpağının qəhrin unudum niyə?
Bağça bəsləmişəm can deyə-deyə,
Nə lazımdı ayaq basım lehmənə?!

Təbim bülbül kimi bağa bağlıdı,
Elin meyli yaz yaylağa bağlıdı.
Şəmşirəm, çox sözüm dağa bağlıdı,
Kim deyər ki, bu nə sözdü, eh, mənə.

MƏNİ
(təcnis)

Olmadı qismətim ata-anadan,
Gəzmədi ya bibi, ya xala məni.
Ürəyimi yaralama, a nadan,
Az yapış sinəmdən yaxala məni.

Qoy işləsin, nə çərximi dayandır,
Əlin saxla, insaf eylə, dayan, dur.
Ya rəhmə gəl, yandırırsan da yandır,
Alışdır odlara yax ala məni.

Nə gözəldir bu dağlarda mənzərə,
Ver naməni sizin mələk Mənzərə.
Sərrafısan müştəri ol mən zərə,
Sal qızıl teştinə, yaxala məni.

Yollarında var uçurum yarğanım,
Söylə nədir sənin meylin yar, qanım.
Müjganınla az axıtsan, yar, qanım,
Həna et ya ələ, ya xala məni.

Şəmşirəm, sevirəm mərdi, mən əri,
Gözləyirəm namus, qeyrət, mən arı.
Sən çiçəkdə şirin balsan, mən arı,
Qondur yanağına, ya xala məni…