Author: Delphi7

  • Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Edebiyyatqazeti.az-a verilən məlumata görə xəbər verdiyimiz kimi aprelin 3-də ədəbi orqanların redaktorlarının iştirakıyla Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi. İclasda Hörmətli Prezidentimizin Yazıçılar Birliyinə ayırdığı 800 min manatın istifadə olunması barədə bir çox təkliflər səsləndi. Sonra redaktorlar təkliflərini yazılı şəkildə də Katibliyə təqdim etdilər.

    Mayın 1-də katibiliyin iclasında bu təkliflər bir daha müzakirə olundu və bu məsələdə Rəssamlar və Bəstəkarlar İttifaqlarının təcrübəsi də nəzərə alınaraq müvafiq qərarlar qəbul olundu.

    Qeyd olundu ki, məhz bu vəsait ayrılandan sonra Katibliyə müalicə və maddi yardım üçün onlarla ərizə daxil olub. Ayrılan vəsait on qat artıq olsaydı belə bütün bu xahişlərə əməl etmək qeyri-mümkündür. Həm də bu dövlət yardımının əsas məqsədi ədəbiyyatımızın ümumi inkişafı və təbliği işinə xidmət üçün ayrılmışdır. Odur ki, Katiblik bu vəsatin müəyyən hissəsini yaşlı və gənc müəlliflərin 50 kitabının nəşrinə sərf edəcəkdir.

    Son illərdə poeziya, nəsr, dramturqiyada dəyərli əsərlər yaratmış, elm və publisitika sahəsində səmərəli fəaliyyət göstərmiş müəlliflərə hərəsi iki min manat məbləğində 12 mükafat, beş gənc müəllifə hərəsi bir min manat məbləğində mükafat verilməsi nəzərdə tutulur. Yazıçılar Birliyinin aparatında, ədəbi orqanlarında uzun illər boyu ardıcıl və fəal çalışan, işinə məsulliyyətlə yanaşan əməkdaşlar da redaksiyaların təqdimatıyla mükafatlandırılacaqlar.

    Naxçıvan Yazıçılar Birliyinə, Gəncə, Sumqayıt və bütün başqa bölmələrimizə vəsait ayrılır. Yazıçılar Birliyinin Tərcümə və Ədəbi əlaqələr Mərkəzinə də müəyyən vəsait ayrılacaqdır.

    Müəyyən məbləğdə vəsait xaricdən gələcək qonaqlarımızın qəbuluna və xaricə ezamiyyətə gedən yazıçılarımıza sərf olunacağı nəzərdə tutulur.

    Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının, Tərcümə Mərkəzininin texniki ehtiyacları – komputer, kseroks aparatları, printerlər üçün vəsait ayrılır.

    Saytlarımızın birləşdirilməsi, aktivləşdirilməsi, buna lazımı vəsaitin ayrılması nəzərdə tutulur.

    Maddi durumu xüsusi ağır olan və müalicəyə ehtiyacı olan bir neçə yazıçıya yardım ediləcək.

    Bütün xərclənən vəsait Birliyin katibliyi tərəfindən təsdiq ediləcək və Katibliyin bilavasitə nəzarəti altında olacaqdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Braxmanın ayaqları… – Günel EYVAZLI yazır

    Dünyada cinsi, milli, dini, irqi diskriminasiyalar mövcuddur. Əslində, dünya kasta qanunlarına əsasən idarə olunmasa belə, insanlar mənsubiyyətlərinə görə rahatlıqla sortlara ayrılır. Yəni “aşağı sort” hesab olunan irqin nümayəndəsi müəyyən dərəcədə elmi, karyera, dünya baxışı bucağından öz toplumundan nisbətən fərqlənərsə, ağlar tərəfindən qəbul edilərsə haradasa sıralara daxil oluna bilər. Amma cüzi bir situasiya, mübahisə bəs edər ki, şəxsin hansı klana, hansı sorta aid olması rahatlıqla onun üzünə deyiləcək. Yadımdadır, futbol sahəsində uğura imza atan Zinəddin Zidan baxmayaraq ki, uzun illərdir Fransa qalibiyyətinin qorunub saxlanılmasında əmək sərf edirdi, onun dini mənsubiyyəti qonşu komandanın oyunçusu tərəfindən “terrorçu” adlandırılaraq qiymətləndirilmişdi. O vaxt Zidan susmuşdu. Çoxu kimi…

    Ağlar…

    Bəyaz əlbisələr geyinərdilər Braxmanın dodaqlarından yaranan şəxslər. Onlar ən ali təbəqə hesab olunardılar. Danışmaq, fikir yürütmək hüququ onlara verilmişdi. Braxmanın qollarına (əsgərlərə, orduya) əmri də onlar verə bilərdilər. Gücü yalnız dodaqlar idarə edirdi.

    Sözün arxasında əməl dayanmayanda Braxmanın hərəkətverici qüvvəsi olan ayaqlar – qaralar, qara camaat, kütlə dediklərimiz, lallar bəzən danışmaq istəyirdi. Amma əbədi kasta qanunları ayaqların hərəkətini tezliklə məhdudlaşdırırdı. Yalnız tək dodaqla, sözlərlə heç nə etmək mümkün deyil. Kasta qanunları indi də Hindistan sosiumunu idarə edir. Sadəcə, ayaqlar (aşağı kasta) hərəkət edən orqan olduqlarını unudublar.

    Tanrı çox həssascasına yanaşıb bu məqama. İndinin özündə də cinsi diskriminasiya, ayrı-seçkilik olsa belə, hətta səmavi kitablarda qadına yanaşmanın formasını dəyişmək istəsələr də alt məna dəyişmədən qalır. Həvva Adəmin ayaqlarından yox, qabırğasından yaranmışdı. Yəni dodaqlarından da yaranmayıb. Amma ürəyə yaxın olan və onu zərbələrdən qorumağı bacaran sümük olaraq yaxşı zireh kimi yaradılıb. Baxır o zirehdən kim necə istifadə edir. Belə ki, müasir dünyanın qadınının cinsi istismara cəlb edilməsi və qadınların özünə şəxsiyyət olaraq yox, əşya olaraq davranması və özünə əmtəə məhsulu olaraq baxması, bunun üçün bütün əzalarını bəyzadələrin xoşuna gəlmək üçün böyütməsi, şişirtməsi əşya qadın anlayışını formalaşdırmaqdadır. Anlayış yox, əşya qadınların sayı dayanmadan artmaqdadır.

    Bəli, indi qadın olaraq doğulanda daha diri-diri torpağa gömmürlər. İndi onu zorla ərə vermək də mümkün deyil. Yəni Kefli İsgəndərə haradasa ehtiyacımız yoxdur daha. Təbliğat, deyəsən, “şok effekt” verib. Sevmədiyi kişiyə zorla ərə gedən qadınlar indi rahatlıqla evlərini (uşaqlarını belə) tərk edirlər. Gec də olsa “seçim” hüquqlarını bərpa etməyə çalışırlar. Və bu, sosium tərəfindən gurultu, səs-küylə qarşılansa belə, yaxın illərdə xanımların istəmədiyi adamlara ərə getməsi, eləcə də eyni zorakılıqla bəylərin sevmədiyi xanımı alması problem olaraq aradan qalxacaq. Amma indi başqa bir bəla qadınların öz əlləri ilə gerçəkləşməkdədir. Əşya, əmtəə qadın psixozu!

    Və hamı vara, dövlətə görə özlərini rahatlıqla satışa, hərraca çıxarmağa hazırdılar. Onları buna heç kim məcbur etmir. Onlar, sadəcə, özlərinə şəxsiyyət olaraq baxmırlar. Bu isə olduqca acınacaqlıdır. Yəni Z.Tağıyevin anaları savadlandırmaqla cəmiyyəti xilas etmək üçün maarifləndirmə çabası qalır bir kənarda, indi iki qüvvə tərəfindən cəmiyyətin qadınına qarşı səlib yürüşü edilir. Bir qüvvə qadını idioloji, fanatik dinə gətirməklə, cənnət xülyaları ilə başını bulandırıb, üzünə-gözünə örtük örtməklə işığı zülmətə çevirir, digər azadlıq carçıları isə əmtəə, əşya qadın çıxış yolunu onlara bəlli edərək yenə də cəmiyyətin anasını ağladır.

    Hər şey “Qattaka” filminə baxdıqdan sonra başladı həm də. Hiss etdim ki, beynimdə nə zamandır tıxanıb qalmış düşüncələrim azadlığa çıxmaq istəyir. Məişət mövzuları yox, bazar, dükan yox, çox aşağı klanın, düşüncənin insanları ilə fikir mübadiləsinin aparılması beynimi tormozlamışdı. Cəmiyyətin ziyalısı, müəllimi bir parça diplomla universitet bitirib, illərdir əzbərlənmiş materialları tədris edir. Hətta onların əzbərlənmiş stereotipləri də mövcuddur, eyni çərçivə ilə şagirdlər tərbiyə olunur və belə adamlarla kontakta girmək üçün gərək onların səviyyəsindən onlarla danışasan. Yox, onları aşağılamıram. Sadəcə, yorucudur.

    “Qattaka” məni özümə qaytardı. Filmin ab-havasından oyanıb “Postinsan” yazımı təkrarən oxudum. Və bir zamanların ruhsal təlimlərinin yerini cinsəl təlimlərə verməsinin dəhşətini anladım. Və bu tendensiya bütün dünyada getməkdədir. Toplumlar onların öz əlləri ilə məhv olur. Mənə elə gəlir Üçüncü Dünya müharibəsi artıq başlayıb. Top-tüfəng səsi eşidilmir? Axı bu, top-tüfəng deyil, sükut müharibəsidir. Axı bu müharibə qida terroru, iqlim, cins dəyişməsi, dəyər aşınması yolu ilə gerçəkləşir.

    Onlara qızıl milyard lazımdır. Yalnız düşüncəlilərdən ibarət toplum. Qalanı isə elm və texnikanın köməyi ilə gerçəkləşəcək. İstədiyin gen kordinatlarını verərək rahat şəkildə laborator şəraitdə övlad sifariş verəcəksən. Və belələri ən ali insan olaraq qəbullanacaq. Bu insanlar təbii yolla dünyaya gəlmiş insanlara yuxarıdan aşağı baxacaqlar. Və sən nə qədər mücadilə etsən belə, dünyanın yeni bir diskriminasiya mərhələsinə keçid etdiyinin fərqinə varacaqsan. Bunun üçün sənin ağ, qara olmağının heç bir fərqi yoxdur. Əsas olan süni şəkildə laborator şəraitdə yaranmağındır. Süni dodaqlar kimi onda daha çox cazibədar görünəcəksən.

    Rahatlıqla energetik içkilərdən içib sərxoş ola bilərsiniz. Mədənizə zibil vedrəsi kimi baxdığınız təqdirdə elə içdikləriniz də sizi mədənizdəkilərə döndərəcək. Bəli, genefondunuz, kişilik kodu məhv olacaq. Buyurun, məst olmaqda davam edin. Qanadlandırır…

    “Qattaka” ekranlaşdırılandan çox sonra genetika sahəsində süni yolla uşaqların, daha doğrusu, genin tərkibindən ona gələcəkdə mane ola biləcəyi bütün xəstəlikləri çıxarmaqla (bəlkə də nəsli, genetik kodlar da silinəcək. Milli mənsubiyyət anlayışı yox olacaq) uşaqların yaradılması üsulu kəşf edilir. Dünya ölkələrindən yalnız Çin və ABŞ bu elmi nəticəni dəstəkləyərək insan üzərində təcrübədən keçirməyə icazə verir və Çində iki qız uşağı bu yolla artıq dünyaya gəlib.

    Boy, gözün, dərinin, saçın rəngi, sanki kətan üzərində işləyən rəssam kimi valideynlərin istəyinə uyğun olaraq gerçəkləşir. Fantastik görünsə belə, dünya elmi olduqca sürətlə irəliləməkdədir. Yəni biz TV önündə dünya mənzərəsini pop-kornla tənbəl-tənbəl izləyincə dünyanın nəhəng ölkələri sözün həqiqi mənasında nəinki göyə, birbaşa genetikamıza balonlarla səyahət etməkdədir. Onlar öncə sonsuzluq bəlasına kontingentləri mübtəla edərək, sonra rahatlıqla pul qarşılığında toxum satışı ilə məşğul olacaqlar. Ya da aşağı kastanın insanları sonuncu damla gücünə qədər artacaq, həm də öz əlləri ilə məhv olunaraq yox olacaqlar. Vəssalam.

    Bütün fantastik əsərlərdə dünya sonu demək olar ki, eyni xətt üzrə təsvir edilir. Fantastik əsərlərə nəzər salsanız bəlli olmayan bir epidemiyanın bəşəriyyətin sonuna gətirəcəyi deyilir. İstəyir bu janrda yetərində roman yazan Stiven Kinq olsun, istərsə də Joze Saramaqo. Yəni fantastik düşüncə yalnız epidemiya olduğu təqdirdə dünyanın sonunun gələcəyinə öncəgörlük edir. Amma istənilən əsərdə həm də gerçək sosioloji durum rahatlıqla göz deşir. Bunun üçün, sadəcə, düşüncə adamı olmağın yetər. Əsərin verdiyi mətnaltı mənanı asanlıqla aydınlaşdırmaq mümkündür.

    S.Kinqin “Qarşıdurma” romanında hakimiyyətə keçmiş naməlum, sirli qara adam zəif insanların cismini, ruhunu idarə etmək qüvvəsinə malikdir. Əslində, Stinq burada qeyri-adi heç nə söyləmir. Yəni iradəsi zəif olan istənilən insanı rahatlıqla idarə etmək mümkündür. Bunun üçün sirli, naməlum, mistik olmağa ehtiyac yoxdur. Düşüncəsi mədəsindən o tərəfə getməyən, yalnız “yedim”, “doydum”, “kef məclisində oldum”, “xəz”, “bahalı avtomobillər”, “imarətlər”, “eşqbazlıq” yox, əyyaşlıq səviyyəsindən (səviyyəsizliyindən) uzağa getməyənlər, buna ömür deyib yaşayanlar var ətrafımızda. Onları idarə etməyə nə var ki? “Həyat” dediyi nəsnələrin qarşısına bir balaca sədd çək olsunlar Ələddinin cini. İstədiyin vaxt tozunu al, əmrinə müntəzir olsun.

    Və yaxud portuqal yazıçısı Joze Saramaqonun “Korluq” romanı da eyni epidemiya daşıyıcısıdır. Naməlum şəhərin adamları korluq epidemiyasından əziyyət çəkirlər. Bunun üçün kor olmağa lüzum yoxdur. Görərək də kor kimi yaşamaq ağır dərdlərdəndir. Dərd orasındadır ki, bu dərddən xilas olmaq üçün hz. İsanın gözə kül üfürməsi də çarə olmayacaq. Saramaqonun görən obrazları isə romanda korlar cəmiyyətində onlardan şübhələnməsinlər deyə, korluğu imitasiya etməyə başlayırlar. Dəhşətli sözdür, imitasiya. Yaşamağı, xoşbəxtliyi, komfortu imitasiya etmək…

    Heç bir elmi inkişafın qarşısını almaq mümkün deyil. Yəni Qalileo Qaliley kimi od üzərinə alimlər atılsa belə, dünya dövr etməyinə davam edəcək. Məqsəd bu dönmələr zamanı başı itirməməkdir. Çünki ən böyük epidemiya düşüncəsizlik, dərksizlikdir. O isə həm də olduqca yolxucudur. Dayazlar arasında dərin olanlar boğula bilir.

    Həmin vaxt çığırtın da hamıya imitasiya effekti kimi görünəcək. Sonra əmtəəyə çevrilmək qorxusu içində baş qaldıracaq. Belə dünyada, belə cəmiyyətdə Rene Maqritin “Adəm övladı” tablosundakı obraz kimi simamızı alma arxasında gizlətməkdən başqa çarəmiz olmayacaq. Çünki dərd təkcə Adəm və Həvva çılpaqlığı olmayacaq. Onu birtəhər yarpaqla örtmək mümkün olar. Şəxsiyyət faktorunun ölməsi simamızı gizlətməyə və ömürlük görünməz olmağa məhkum edə bilər. Şəxsiyyəti yox olmuş analar gələcəyin şəxsiyyətsizlərini doğurar. Belə olduğu halda “qızıl milyardın” içində olmamaq ehtimalımız artmış olur.

    Dünyada isə hələ ki, şudraların mübarizəsi gedir…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Nitqimizi zəbt edən əlahəzrət pafos – Günel Eyvazlı

    Çoxumuz bu haqda dəfələrlə danışmışıq. Adı da gözəl səslənir, deyilmi? Pafos. Hətta bütün hərfləri eyni boyda, eyni biçimdə də yaza bilərik. Baş hərf kimi.

    Bəli, yaza bilərik. Amma pafosa ehtiyac varmı?

    Gurultulu, təntənəli nitq daha çox öncəki dövrlərdə mövcud idi. Sürəkli alqışlar, tribuna qarşısında auditoriyanı hipnoz edən ilahi nitq silkələnmələri, jestlər, qəzəb doğuran mimika və s… Davamını gətirmək mümkündür, sadəcə, nitqimdə dozalanma həddini aşmaq istəmirəm.

    Bəlkə də ədəbiyyatda pafos şeiriyyətə, poeziyaya müəyyən rəng qata bilir. Bəzən insanın qulağına da xoş gəlir. Bəzən… Amma zaman keçdikcə intellekt bazası möhkəmlənən insanlar üçün bayağı bir oyunbazlıq kimi görünməyə başlayır. Əslində bu tip yaradıcılıq nümunələrini dinlədikcə zövq deyil, ətinin ürpənməsini hiss edirsən. Müasir bayağı pafos bədii zövqü olan insanları çox yorur. Ümumiyyətlə, gərəksiz görünür.

    Ədəbiyyatımıza nəzər salsaq, son dövrlərdə bədii mətnin əynindən pafosun yavaş-yavaş sıyrılıb çıxdığını müşahidə edə bilərik. Bu, təqdirəlayiqdir. Poeziyanın özündə də sadə hisslərin tərənnümü daha çox özünü büruzə verir. Amma ədəbiyyat cəbhəsində mövcud olan fərqli qütblər var ki, onlar hələ də köhnələrin qulaq yaddaşına sadiq qalaraq öz quruluşlarını dəyişmir, əksinə, mətnlərini pafos zər-zibasıyla bəzəməyə çalışırlar. Nitqlərini də elə bu cür kökləyirlər. Doğrusunu söyləyim, dözülməzdir.

    Əslində aristokratik, intellektual cəmiyyətlərdə əlavə parıltı gərəksiz görünür. Şəxslər üçün mahiyyət maraq doğurur, nəinki parıltı. Həm də Yanus kimi göy qübbəsinin qapısını açıb bizləri pafos yağışı ilə islatmaq istəyən şəxsləri başa düşmək bir az çətinlik yaradır. Memarlığından tutmuş geyim tərzinə qədər sadəliyin önə çıxdığı bir zamanda nitqin bu dərəcədə yersizliyə istiqamətlənməsi gurultudan başqa bir effekt yaratmır. Nitqin indiki pafos emosionallığı artistizm libasına bürünmüş olur. Hətta dindarların belə, rəvayətləri artistizm müstəvisındə təqdim etməsi bir az gülünc görünür. Və yaxud mikrofonu əlinə alan qiraətçilərin “dağ şəlaləsi” musiqisi fonunda şeirə köklənməsi lazımsız, yersiz jestikulyasiyalar insanda qıcıq yaradır. Belə bir tədbirə “əlvida” deyib çıxıb getmək istəyi insanın könlündən keçir.

    Terminin inkişaf xronologiyasına diqqət ayırsaq, görərik ki, ilkin çağlarda “pafos”, mətnin emosional durumunu ifadə edən termin olaraq işlədilirdi. Hegel ehtirasların, hisslərin cəm mənası kimi pafosu xarakterizə edir. V.Q.Belinski bir az da irəli gedərək bu fikri insan faktorundan uzaqlaşdıraraq mətnə doğru yönəldir: “Pafos yazıçı və ya onun yaratdığı qəhrəman üçün xarakterik deyil, şəxsin yaradıcılığına və əsərlərinə bütünlükdə şamil olunur” kimi şərh edir. İndi isə “pafos” termin olaraq həddindən ziyadə emosional hal olaraq diqqətə çatdırılır.

    Əslində bu cür nitq cəmiyyətlərin xarakterinə uyğun olaraq inkişaf edir. Ümumiyyətlə, pofostik ovqat dövrlərə görə də fərqlənir. Əlbəttə, Sovetlərin beynimizdə buraxdığı cığırlar hələ də bəzilərimizin yaddaşından getmir. Və yaxud Sovet lüğət fondunu təşkil edən “vətən”, “ana” anlayışlarını indi də sadə insani hiss müstəvisinə gətirib çıxara bilmirik. Hələ də “Vətən”, “Bayraq”, “Birlik” və s. kimi kəlmələri gurultulu sözlərlə bəzəyərək əslində hər şeyin mahiyyətində “vicdanlı vətəndaş” olmaq məsuliyyətinin dayanmasını, vicdanlı vətəndaş olmaqla həm də böyük vətənə çevrilməyin konstruksiyasını beynimizdə quraşdıra bilmirik. Və anlamırıq ki, vətən – atributların mövcudluğu ilə çərçivələnmir. Vətəndaş məsuliyyətinin beynimizdə kök salması, vətəndaşlığın dərki, şəxslərin bir-birinə dərin ehtiramı, mədəni münasibətlər Vətəni yaradır. İşğal altında olan yurd-yuva yerlərimizin adlarının şeirlərimizdə ard-arda sıralanması da vətən sevgisi deyil. Bununla vətən sevgisini aşılamaq mümkün deyil. Milyon qat pafos kəlməsinə bürünsə belə XXI əsrin Vətən şeiri Azərbaycan adlı məmləkətdə öz formasını mütləq dəyişməlidir. Nə yazıq ki, iştirak etdiyim tədbirlərdə şagirdlərə əzbərlədilən, ağlamsınaraq dilə gətirilən şeirləri dinlədikcə bu “axının qarşısını necə almaq mümkündür” fikri beynimi çək-çevir edir. Haradan başlayaq? Müəllimlərdənmi? Dərkdənmi? Axı vətəni sevmək şair və ədiblərin doğum, ölüm tarixini əzbərləmək, summativlər yazmaq deyil. Axı haradan başlayaq ki, bığıburma şair tribuna önünə çıxaraq şeirinin son bəndini daha da gurultulu söyləyərək bayağı şair obrazı ilə göz zövqümüzü darmadağın edir. Amma dəstəkləyənlər var. Və bu səs-küyün, bu bayağılığın adını şeir qoyanlar var. Dözülməzdir.

    Pafos haqqında bir çox insanlar müxtəlif fikirlər sərgiləyiblər. Məsələn, Hegel pafosu insan qəlbinin hərəkətverici qüvvəsi adlandırırdı. Hegelə görə incəsənət əsərlərində oxucunu, tamaşaçını həyəcana gətirmə baxımından pafos qüdrətli vasitədir.

    Hegel ailəni, vətəni, şərəf və ləyaqəti, dostluğu, məhəbbəti və s. pafosun başlıca qida mənbəyi hesab edirdi. Onun fikrincə insan qəlbində müqəddəs hissləri, yaşayıb-yaratmaq eşqini, mübarizə əzmini, sevib-sevilmək istəyini yalnız pafosla coşdurmaq mümkündür. Doğrudur, bəzi məqamlarda Hegellə razılaşmamaq olmur. Paradoksal bir durum yaranır. Əlbəttə, Şekspir Romeonun hisslərini sadə danışıq tərzi ilə canlandırsaydı, oxucu üçün təsirli olmazdı. Romeo mütləq “Məhəbbət ağıllı bir dəlilikdir. Acıdır zəhərdən, şirindir baldan” deməklə məhəbbətin qüdrət fəlsəfəsini bizə çatdırmalıydı. Ümumiyyətlə, şəxsin ruh halı ilə eşitdiyi ifadələr eynilik təşkil etdiyi zaman qəlbdə coşqu yarana bilir. Məsələn, ən qaynar müharibə ocağına yollanan əsgər pafosa bürünmüş vətənpərvər ifadələrdən vəcdə gələ bilər. Hətta bu ifadələr onu qəhrəmana da çevirə bilər. Bəli, bu, faktdır. Hər halda, bu yazıda ədəbiyyatın pafos cığırından deyil, şəxslərin pafostik danışıq tərzindən söhbət açmağa çalışıram.

    Əslində, qədim zamanlarda pafos özünü heykəltəraşlıqda, nəhəng abidələrin yaradılmasında göstərirdisə, sonradan dil faktoruna nüfuz edərək ədəbiyyatı öz cənginə almağa başlayır. Doğrudur, nəhəng Misir heykəllərinin, abidələrin yaradılmasının əsas məqsədi sadə xalqın gözündə İlahi bir durum, heyranlıq yaratmaq istəyi idi. Və bu istək həyata keçirdi. İlahiləşdirilən fironlar bu yolla öz manipulyativ mexanizmlərini hərəkətə gətirirdilər.

    Sonralar günbəzşəkilli məscidlər, nəhəng kilsələr, naxışlar, sütunlar ilahi, böyük, əzəmətli bir ab-hava fonunu yaratmaq üçün inşa edilirdi. İnsan əli ilə yaradılan möhtəşəmlik İlahi inamın cücərməsi üçün şərait yaradırdı. Qüdrət anlayışı beyinlərə sırınırdı. Pafos o dövrün sadə təfəkkürlü insanı üçün həzm edilə bilərdi. Müasir cəmiyyətdə isə yersiz, bayağı, boz rəngdə görünür. Hətta deyərdim ki, teatrların quruluşu belə tamaşaçı ilə eyni müstəviyə köçməlidir. Aktyor baxışları ilə aşağıda əyləşmiş tamaşaçını yuxarıdan sezməməlidir. Çünki bütün bu, aşağı yuxarılar, tribunalar əlahəzrət “qüdrət”, “üstünlük” manerasının yaranmasına xidmət edir.

    Amerika psixoloqu Erik Berninin maraqlı bir fikri var. O, “Qüdrətli, pafoslu kəlmələri öz nitqinizdən uzaqlaşdırmağa qorxmayın. Əlbəttə, onları götürdükdən sonra mütləq yerdə nə isə qalmalıdır” fikrini dilə gətirir. Bəlkə sözlərimizi parıltı libasına bürüməyimizin məqsədi mənasızlığımızı, boş sözlərimizi gizlətməkdir? Boşluğu vizual parıltı ilə doldurmaq istəyi, doğrumu? Bəlkə ona görə şəxslər pafos hasarının arxasında gizlənməyə çalışırlar? Axı onların nitqindən bu kəlmələri kənarlaşdırsaq yerdə heç nə qalmayacaq. Necə ki, Edqar Allan Po da gözəl söyləyir: “Əgər biz nitqimizə xüsusi güc qatmaq fikrinə düşəriksə, nitqimiz mənasız olar”. Əslində nitqin mahiyyətdə mənasızlıqdan qaçmaq fikri dayanmalıdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Rafiq ODAY.”Dəyişim getsin”

    Çarpışmada çoxum, azım,
    Nə yol getdim, nə də azım?!
    Arxaya bəzək nə lazım? –
    Önünü dəyişim getsin.

    Bu səs –
    bu səmirin deyil,
    Bu baş –
    bu dəmirin deyil,
    Bu su –
    bu xəmirin deyil,
    Yönünü dəyişim getsin.

    Bu çayın suyu lildimi?
    Baxdım – əksimi sildimi?
    Bu yaşda necə cildimi,
    Donumu dəyişim getsin?!

    Toy oldu – şənlik olmadı,
    Dən oldu – dənlik olmadı,
    Bu ömür mənlik olmadı,
    Sonunu dəyişim getsin.

  • Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

    SƏNİN NƏYİN QALACAQ

    = Bir varlı kimisi mənə lağ edib, – bu qədər
    yaşadın, yığdığın var hanı, e?- dedi

    Mənə gülmə varınla,
    Quru səyin qalacaq.
    Elə bilmə həmişə,
    Bəxtin yeyin qalacaq!

    Gəl güvənmə nəfinə,
    Soğan doğrar kefinə.
    Büküləndə kəfənə,
    Üryan əyin qalacaq!

    Bir bəd şişdi xislətin,
    Sağkən olsun hörmətin.
    Yığdığın var-dövlətin –
    Hər bir şeyin qalacaq!

    Bilmirsən şeir nədi,
    Dərd yüklü şair nədi…
    Sənin nə vecinədi,
    Kim ləlöyün qalacaq!

    Demə olar xeyirim,
    Qafqazla söz cevirim…
    Mənim üç-dörd şeirim,
    Sənin nəyin qalacaq?!

    * * *

    Xəyal qanadına alaraq məni,
    Qaytardı keçdiyim ömür yoluna.
    Gördüm ki, dağ aşıb, düzlər keçmişəm,
    Gördüm ki, az qalım yolun sonuna.

    Gördüm ki, bu yolda sevincim, qəmim,
    Qoşa addımlayıb, qoşa iz salıb.
    Gördüm ki, bu yolun dolaylarında,
    Günəş də ucalıb, çən də əl çalıb.

    Gördüm ki, tutduğum əməllərimə,
    Yaxşılıq həmdəmdi, yamanlıq uzaq.
    Gördüm ki, həyatın keşməkeşində,
    Büdrəyən çox kəsə olmuşam dayaq.

    Gördüm ki, kimsəyə üz verib kədər,
    Ürəkdən dərdinə şərik olmuşam.
    Kimin dodağında gülüb təbəssüm,
    Bütün sevincimlə qəlbə dolmuşam.

    Gördüm ki, kimsənin donubsa qəlbi,
    Od olub qəlbini qızındırmışam.
    Gördüm ki, kimsənin müşkülsə işi,
    Əlim çatmayıbsa – qəlbən yanmışam.

    Gördüm ki, bu ömür yollarında mən,
    Müqəddəs arzulu bir yol seçmişəm.
    Gördüm ki, nadürüst, nakəs önündə,
    Başım əyilməyib – məğrur keçmişəm…

    Gördüm ki, yetməyə məkana – sona,
    Ölçə bilmədiyim yolum var mənim.
    Onu da gördüm ki, ömür payımın,
    Düz altmış beşinə olmuşam qənim.

    İndi düşünürəm yol gedə-gedə,
    O ərən ili ki, qarşıma çıxa.
    Basdığım illərin alıb qisasın,
    Öz zəfər bayrağın sinəmə taxa!..

    OLMASIN

    Ay qadınlar, bayramınız mübarək,
    Biz kişilər heç vaxt sizsiz olmasın!
    Kaş həmişə sizi belə şad görək,
    Hər gününüz al səhərsiz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Qadın gülsə gözəlləşər bu dünya,
    Gözəlliklə əməlləşər bu dünya,
    Lap yenidən təməlləşər bu dünya,
    Dodağınız təbəssümsüz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Qoy Yaradan bəxtinizə yar olsun,
    Hər arzunuz, diləyiniz var olsun,
    Zülfünüzə sığal çəkən yar olsun,
    Daş ürəklər məhəbbətsiz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Çox gəzmişəm, görməmişəm bir qəşəng,
    Yurdumuzun gözəlləri olantək…
    Hər biriniz bir açılmış tər çiçək –
    Bülbül olan qızılgülsüz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    – Ta görünmürsən, hardasan?- deyən “dostlara”

    İlahi, nə yaxşı tanıtdın mənə,
    Dövrəmdə su kimi axan dostları.
    Elə hey şənimə badə qaldırıb,
    Özünü gözümə soxan dostları.

    Çoxunun yolunda olsam da bir şam,
    Şükür ki, qaz kimi yolunmamışam.
    Demə müşk sanmışam, ənbər sanmışam,
    Sarımsaq dostları, soğan dostları.

    Özümü dəhləyib daşa çəkmişəm,
    Miniblər belimə qoşa – çəkmişəm.
    Özüm də bilmədən başa çəkmişəm,
    Yalandan gurlayıb çaxan dostları.

    Hər dosta qəlbimdə bir yuva qurdum,
    Dərdlərin dərdimə qatıb qovurdum…
    Yüküm əyiləndə gen duran dördüm,
    Cibimdə böyüyüb çıxan dostları.

    Qafqaz Əvəzoğlu, mən yazıq, fağır,
    Qonaqlıq verməkdən olmuşdum yağır.
    Çox şükür, yaxşı ki, tanıdım axır,
    “Sağılan” dostları, “sağan” dostları…

  • Anadilli fəlsəfə qəzəlin ilk nümayəndəsi İmadəddin Nəsimiyə həsr olunan yeni kitab gün üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “İmadəddin Nəsimi 650” (metodik vəsait) kitabı 57 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Kitbın tərtibçisi L.Əhmədova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru tarix üzrə fəlsəfə doktoru A.Abdullayevadır.

    Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik vəsaitdən hər kəs yararlana bilər.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Böyük yazıçı-dramaturq “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadə anadan olmasının 150 illik yubileyi münasibətilə “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı 39 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Kitbın tərtibçisi tarix üzrə fəlsəfə doktoru A.Abdullayeva, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli 4 Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb, həyata keçirir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan yeni kitab işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı Bakı şəhərində 288 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.

    Tərtib edənlər Mətanət İbrahimova Gülbahar Misirova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlının (Şıxlinski İsmayıl Qəhrəman oğlu) anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin material toplanmışdır. Kitab ədəbiyyatşünaslar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Nuryüzlü Gülten ERTÜRK ANNEMİZİN Doğum Gününü Kutluyoruz! (1 mayıs 1970 yıl)

    Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-azşcom) Türkiye temsilcisi Gülten ERTÜRK (Gülten SULTAN) ANNEMİZİN DOĞUM GÜNÜNÜ KUTLUYORUZ! DUDAKLARINDAN GÜLÜŞ, YANAKLARINDAN TEBESSÜM ESKİK OLMASIN! BAŞARILAR DİLİYORUZ! YÜCE ALLAH SİZİ KORUSUN! İnşAllah! AMİN!

    HOCALI ŞEHİTLERİNE

    Karabağ karalar bağladı bu gece
    Analar, babalar, evlatlar
    Bir başka ağladı bu gece
    Kör kurşunlarla gelinlik kızların
    Feryat, figanları yürekleri dağladı bu gece

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türk’ümün Türk’ten başka sesini duyan

    Körpe kuzularım ana rahminde
    Dünya yüzünü görmeden
    Semaya yükseldiler
    Kefensiz mezarsız idiler
    Uykuda uyanık rüya gibi
    Yüzlerce can şehitlik mertebesine erdiler
    Bir Türk’ün canı dünyaya değerdi
    Dağlık Karabağ şu an nasıl bir yerdi?
    Buz kesti dağ, taş
    Yürekler buna dayanmaz
    Vicdansız ermeni soyu
    İnsanlıktan çıkmış anlamaz

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türkümün Türk’ten başka sesini duyan

    Altı yüz on üç Türk’üme kıydılar bu gece
    Gözleri dönmüş soysuzlar
    Yüzlerce canı diri diri yaktılar bu gece
    Onlar ki İbrahim misali atılırken ateşe
    Cennetteki ebedi evlerine baktılar bu gece

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türkümün Türk’ten başka sesini duyan

    Vahşetin bu kadarı da olmaz
    Türk’üm ahın hiçbir zaman yerde kalmaz
    Daha dün gibi içimizde sızın
    Anan, bacın, kardeşin, gelinlik kızın
    Unutmadık, unutmayacağız, unutturmayacağız
    Katliamı yapan soysuzları nefretle
    Hocalı şehitlerimizi milletçe her daim rahmetle anacağız

    Göz Yaşartanım

    Efkarlandı deli gönül daraldı
    Sana daldım yine göz yaşartanım…
    Aşkın kanununda bu bir kuraldı
    Sende kaldım yine göz yaşartanım…

    Neler geldi neler geçti gözümden
    Pek çok yaşlar döktüm bu can özümden
    Ne olursa olsun dönmem sözümden
    Sende kaldım yine göz yaşartanım…

    Sensiz dolaşmıyor damarda kanım
    Dinmiyor nedense acır sol yanım
    Göğüs kafesimde sen benim canımmm
    Sende kaldım yine göz yaşartanım…

    Sensizlik duygusu beni kemirir
    Hüznün bile bana mutluluk verir
    Buzlu dağım seni görünce erir
    Sende kaldım yine göz yaşartanım…

    Azrail geldi de gelemem dedim
    Ben yari görmeden ölemem dedim
    Onsuz hiç bir zaman gülemem dedim
    Sende kaldım yine göz yaşartanım…

    03 02 2007

    Gözüm Dalıyor

    Özlemler büyüdü kocaman oldu
    Sevgi şelalemse hâlâ çağlıyor
    Sensiz geçen günler hasretle doldu
    Yoldamısın yoksa gözüm dalıyor

    Beni hatıralar sana bağlıyor
    Güldüğüme bakma özüm çağlıyor
    Bıraktığın izlerse yürek dağlıyor
    Yoldamısın yoksa gözüm dalıyor

    Sordun mu kendine sebep neydi?
    Düğümlenen kalbim çözüm ariyor
    Gururun seni de beni de yendi.
    Yoldamısın yoksa gözüm dalıyor

    Bir sürpriz yapıp ta gel ne olursun
    Yalnızlık ağ misali beni sarıyor
    Boş bekleyen gölüm seninle dolsun
    Yoldamısın yoksa gözüm dalıyor

    Geçmişe döneriz elbet dilersen
    Her kimle konuşsam seni soruyor
    Gül yerine diken getir istersen
    Yoldamısın yoksa gözüm dalıyor

    Gülten ERTÜRK(GÜLTENSULTAN)

  • Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb

    Edebiyyatqazeti.az xəbər verir ki, Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb.
    35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Gülnar Səma (Qasımlı), Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Taleh Mansur, İntiqam Yaşar, Tural Turan, Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türk-cələrindən) çevrilib.
    Layihə rəhbəri Millət vəkili Dr. Cavanşir Feyziyev, məsləhətçiləri Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkə¬zinin şöbə müdiri Əkbər Qoşalı olan anto¬lo¬giyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz rəy verib.“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib. Kitaba Azərbaycan Respublikasının Qırğız Res¬publikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim” Millət vəkili Dr. Cavanşir Feyziyev “Önsöz”, Qırğız Respublikasının Mədəniyyət, infor¬masiya və turizm naziri Azamat Jamankulov isə “Biş¬kekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.
    DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2cilddə, Ankara), “Gənc tatar şeiri” (Bakı), “Yeni qazax şeiri” (Bakı), “Fəzanın cazibəsi ( -Arxangelsk şairlərinin şeirləri)” (Bakı), “Özbək şeir çələngi” (Daşkənd), “Yeni zaman Azərbaycan şeiri” (Astana) kimi anto¬logiyalar hazır¬layıb, nəşr etdirib.
    Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası”nın Ba¬kıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nə¬zərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı ki¬tab-xanalarına, mədəniyyət müəssisələrinə, o cüm¬lə¬dən ədəbi qurum¬larına paylanacaq.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Vüsalə Vətənxan MEHRİ.Yeni şeirlər

    “İçmişəm”

    Yoxdu çarəm ey könül, əlbət bu gündən içmişəm,
    Aşiqəm, meyxanədən xəlvət bu gündən içmişəm.

    Çün nigarım yox, könül gülşəndə bülbül binəva,
    Hali rüsvayəm, edib işrət bu gündən içmişəm.

    Saqiya, meydir bu badəm içrə, ya şərbətmidir?
    Süzdügün dəmdən dilim şərbət bu gündən içmişəm.

    “Mərifətdən qıl həzər” söylər Nəsimi adəta,
    Əl-həzər ondan, edib adət bu gündən içmişəm.

    Olmuşam nəfsə məlaib, ey cəmaət, siz məni,
    Nola zəhm ilə edin töhmət bu gündən içmişəm.

    Gərçi bu söhbətlə iman əhlini mən çaş edib,
    Söylərəm bunca yalan söhbət “bu gündən içmişəm.”

    Mehriyəm, yox xanədanımda şərabxor kəs olan,
    İçdigim eşqdir, olun rahət bu gündən içmişəm.

    21.04.2019.

    İmam Zaman ağamızın mövludu münasibəti ilə keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən oldum! Ustadımız şeyx hacı Gülbala Fənaiyə xüsusi təşəkkür!

    *Qəzəl*

    Gəl, hardasan? (İmam Zaman)

    Müntəzirdir gözlərim, ey məhliqa gəl, hardasan,
    Bu qaranlıq aləmə bəxş et ziya, gəl hardasan.

    Ey Əlinin yadigarı, ey ədalət mənbəyi,
    Ey pənahı cümlə məzlumun, ağa, gəl hardasan.

    Yoxdu vəslindən səva biçarə könlümçün dəva,
    Etmək üçün ta bu bimarə şifa gəl, hardasan.

    Ey dili qüdrətli şahım, ey həqiqi rəhbərim,
    Hicrdən bu binəva eylər nəva gəl, hardasan.

    Ey könüllər həmdəmi, gəl ey müsəffai-bəşər,
    Ey nicatı aləmin, ey müctəba, gəl, hardasan?

    Eylərəm bir ömrdür ki daği-firqətdən fəğan,
    Gəl yolunda bu canım olsun fəda, gəl, hardasan.

    Mən cəmalü hüsnünə daim münacat eylərəm,
    Mehrin ilə aləmə eylə nida, gəl hardasan.

    27.03.2019.

    Bahariyyə

    Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi,
    Çıx seyrə könül, bağu gülüstanda çiçək bitdi.

    Bülbül sevinib şura gəlib ney kimi dilləndi,
    Solmuş bu bağın guşəsi min şövq ilə gülləndi.

    Don geydi çəmən rəngi yaşıl, nəqşi al-əlvan gül,
    Verməkdə nigarın da sənə şadlığı əylən, gül.

    Bundan belə tut könlünü xoş, eyləmə dərdü qəm,
    Eşq əhli yetib vəslə, bahar çağı olar xürrəm.

    Topraq oyanıb, çöldə xəfif yaz küləyi vardır,
    Canlanmış ağaclarda da növbər diləyi vardır.

    Novruz bəzəmiş süfrəmizi, zövqü səfa vermiş,
    Şükr eylə bu naz-neməti ey can ki, Xuda vermiş.

    Ey Mehri, sevin, ki yenə bayramdır, üzün gülsün.
    Könlün çiçək açsın, həyat eşqiylə gözün gülsün.

    Qalmaz əbədi eşqin …

    İnsan ona mehmansan, bağlanma bu dünyayə,
    Surətlərə meyl etmə, ver könlüvü mənayə,
    Bənzət bu fəna mülkü ilğım dolu səhrayə,
    Gər sevməsən Allahı, şövq etməsən Üqbayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Dünyayə görə, insan, salma ləkə vicdana,
    İzzətli ömür sürmək lazımdı hər insana,
    Acgözlük edib uysan hər zinəti dövrana,
    Əlbət də batar cismin, hüsnün vəli rüsvayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Qaç sən bu fəna mülkün hər cahu-cəlalından,
    Sərf etməyə səy eylə hər vaxtı halalından,
    Allah buyurub xüms et öz əldəki malından,
    Gərçi nəzər etməzsən Qur’anda gəlib ayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Cəhd eylə zəlil insan qurtulmağa zillətdən
    Gəl haqqa, təfəkkür et, əl çək daha qəflətdən,
    Bir ləhzə Vüsalə sən ayrılma həqiqətdən,
    Göz dikmə bu dünyayə, ömrün gedəcək zayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    24.12.2016.

    Mənbə: http://www.edebiyyat-az.com

  • Dilarə SÜLEYMAN.Yeni şeirlər

    İNSANOĞLU

    Dizinə daş dəyər,yoldan bilərsən,
    Saçına dən düşər,ildən bilərsən,
    Adın dilə düşər eldən bilərsən,
    Eybini özündə gəz, insan oğlu.

    Haqqın tapdalanar,dilin tutular,
    Mənasız şənliklə başın qatılar,
    Göz aç ,oyan desəm qaşın çatılar,
    Onda məzlum yaşa döz, insan oğlu!

    Şiri nər olarsan söz arxasında,
    Pərdələr asılır göz arxasında,
    Neçə üz var hələ üz arxasında,
    Dərdin çox, çarəsi az, insan oğlu!

    Yalan şüar olub,tərifsə adət,
    Içində qəfəsi qırıb cihad et,
    Haqqını dilənib tapma səadət,
    Hayqır ədaləti yaz, insan oğlu!

    Dilini kəssələr əlin susmasın,
    Canını yaxsalar,külün susmasın,
    inamın yolunda dizin əsməsin
    Qılıncdan kəskindir söz, insan oğlu!

    YOXLUQ

    Qəlbim məzarlıqdır, ıssız, qaranlıq,
    Hərə bir cür düşüb, qalır gözümdə,
    Ümidlə baxdığım üzlər bir anlıq,
    Bircə kəlmə sözlə ölür gözümdə.

    Həyat bir müdrikin son vəsiyyəti,
    Həyat bir aşiqin ahı kimidir.
    Sənin o şikayət etdiyin kədər
    Bəlkə birisiyçün yuxu kimidir.

    Həyat sənə başqa, mənə başqadır,
    Nolar sən də getmə gedərgəlməzə,
    Gözümə görünmə, günəşi söndür,
    Sən əziz qalarsan, gözüm görməsə.

    ƏZİZİM

    Qəlbimin qapısı açıq qalıbdır
    Yel vurub yengələr oynar içimdə
    Ruhumun vədəsi tamam olubdu,
    Yaxşı-pis nə varsa qaynar içimdə.

    Cismim torpağının borcun gəzdirir,
    Qorxuram da deyəm, canı gəl götür,
    Ürək dərd yığmağa xurcun gəzdirir,
    Nəfsim, bu dünyadan, nolar, əl götür!

    Hər gün ağacımdan bir yarpaq düşür,
    Mən nə ağacıydım hələ bilmirəm,
    Başım göylə, köküm yerlə əlləşir,
    Həm burda,həm orda ola bilmirəm.

    Şikayət etməyə öyrəşməmişəm,
    Odur birtəhər dözürəm, əzizim!
    Mən olmaqdan hələ vaz keçməmişəm,
    Kipriyimlə gor qazıram, əzizim!

    BU DÜNYADA QALANMIRAM

    Halım yaman dönüb haldan,
    Söz içində dinənmirəm,
    Əsər yoxdu oddan, küldən,
    Tüstüləyir, yananmıram.

    Sovurub illər tozumu,
    Peşə eylədim dözümü,
    Kimə çevirsəm üzümü
    Xain çıxır, inanmıram.

    Dünya bezmiş qonağından,
    Ruh çıxmış can sınağından,
    Süzülürsən yanağımdan,
    Sənə qıyıb silənmirəm.

    Həyat tapmaz daş yağışla,
    Alınmadı tale, boşla,
    Halallaşaq, sən bağışla,
    Bu dünyada qalanmıram.

    Mənbə: http://www.kultur.az

  • Təsvirin təkamül prosesi və ya boğazdan yuxarı yazılan Vətən şeirləri… – Günel EYVAZLI yazır

    Leonardo da Vinçi “Mono Liza”nı kətan üzərində rəsm edəndə çoxları portret çəkimi ilə məşğul olurdu. Burada qeyri-adi heç nə yoxdur. Yəni rəssam üçün bir qadının portretini yaratmaq iki vur iki kimi bir şeydir. Elə təbiəti rəsm etmək də. İstənilən əşyanın, şəxsin, canlının rəsmini…
    Bəs nədən cənab da Vinçi bu qədər populyarlıq qazandı? Başqaları unuduldu. Və yaxud Rafaellərin, Mikelanceloların, Velaskeslərin yaratdıqları sənət nümunələri nədən indiyənə qədər müzakirə mövzusudur ki? Niyə görə “Mona Liza” mistikası ətrafında düşüncələr, araşdırmalar səngimək bilmir? Cavab sadədir. Rəsm edilən obyekt yalnız formadan ibarət deyil. Rəssamın oraya əlavə etdiyi fəlsəfə, tablonu düşüncə labirintinə çevirir. Necə ki, Nizami Gəncəvi yaradıcılığında “Xəmsə”yə daxil olan istənilən əsərə müxtəlif rakurslardan baxa bilərik. Çünki o, almazdır. Hər tildə işıq özünü göstərəcək. Yəni biz həm astronomik, həm fəlsəfi, dini, mifik, həm də adi düşüncə qatında Nizami əsərlərinin ətrafında istədiyimiz kimi dartışa bilərik.
    Nizami Gəncəvi asanlıqla Kərpickəsən qocası vasitəsilə didaktik dillə çılğın gənci tərbiyə edə bilir. Hətta təsvir olunan fəhləbaba filosof kimi danışır. Bir sözlə, Nizami, sadəcə, qocanın qiyafəsinə bürünərək, müasir dillə söyləsək, gəncə ağıl verməyə, öyüd verməyə çalışır. Onun əsərlərində dəyişən yalnız obrazlardır. İstər Bayquş olsun, istərsə qarı – onlar hamısı cənab Gəncəvinin səsiylə danışır, ağlı ilə idarə olunurlar. Bu nüanslar indi üçün keçərli olmasa da, fəlsəfi qat həmişə aktualdır. Elə bu səbəbdən “Xəmsə” ehram sirrini bətnində qoruyub saxlaya bilir.
    Bu yaxınlarda TV kanalların birinə dəvət olundum. Mövzu baharın ədəbiyyatda tərənnümü idi. Doğrusu, fikirlərimi dilimdən uçurunca çox əcaib şeylər ağlıma gəldi. Şah İsmayıl Xətainin “Dəhnamə”sində Bahariyyəni dilə gətirincə fotoqrafik təsviri (belə anlayış yoxdur. Hər şeyi olduğu kimi əks etdirmək nöqteyi-nəzərindən belə demək olar, məncə. – G.) müşahidə etdim. “Qış getdi, yenə bahar gəldi… Gül bitdi laləzar gəldi”. Bəli, bu, hamımıza məlum bir şeydir. Məntiqlə və təbiət hadisəsinə uyğun olaraq qışdan sonra bahar gəlir, gülün bitməsi isə baharın gəlişindən xəbər verir. Bunu oxucu təbiətdə müşahidə edirsə, nədən əsərdə də oxuyub keyf alsın ki? Yəni müasir texnoavadanlıq vasitəsilə təbiət hadisəsini kameranın yaddaşına köçürə bilərik. Sonra eyni təəssüratı təkrarən yaşamaq üçün dəfələrlə videoya baxıb kef ala bilərik. Əslində, o dövrlərin insanı da baharı hiss edirdi, görürdü. Onun başı müasir insan kimi sosial şəbəkələrə qarışmamışdı. Bəs nədən bildiyinin obrazlı, qafiyəli təkrarı ona ləzzət verirdi? Maraqlıdır. Çünki o dövrün öz estetikası var idi. Ədəbiyyat gördüyümüz hadisələri eynilə nəzmə çəkməklə əlavə ritm verirdi mətnə, dinləyən isə feyziyab olurdu.
    Bir sözlə, Azərbaycandilli poeziya nümunəsi olaraq “Dəhnamə” fundamentaldır. Amma təsvir nöqteyi-nəzərindən, dinamika qıtlığı nəzərindən olduqca qocadır.
    İndi həm ədəbiyyat, həm də digər sənət nümayəndələri üçün XXI əsrin insanını təəccübləndirmək çətindir. Biz qeyri-adiliyin yox, primitivliyin içindəyik və bu adiliyə rəng qatmaq olduqca böyük məharət tələb edir. Çünki istənilən xanımın fotosunu çəkməklə elə “Mono Liza” kimi, otağımızın ən gözəl guşəsindən asa bilərik. Madam ki, belədir, daha rəssamlıq nəyə lazımdır ki?
    Elə bu texnoinkişaflar rəssamları mat qoyduğundan janrlar meydana gəlməyə başlamışdı. Absurdizm, sürrealizm, kubizm, fovizm və s. kimi janrlar, mürəkkəb manevrlər fotoaparatın kəşfindən sonra rəssamlığa qədəm qoydu. İndi adi “Qara kvadrat”la da nə isə demək, sürreal təsvirlərlə beyinlərə yol tapmaq mümkün idi. Cəmiyyət öncə bizim cəmiyyət kimi bu estetikanı bəyənməyib qışqır-bağır salsa da, sonra qordi düyünündən baş çıxarmaq, tabloları özlərinəməxsus şəkildə yozmaq onlara ləzzət verməyə başladı. Və bu ləzzət fərqli düşüncə tərzini insanlarda formalaşdıra bilirdi.
    İnsanlar anladılar ki, fovizmin qışqıran rənglərilə də dünyaya baxmaq mümkündür. Və yaxud çıxılmaz hadisələr bizi “Qara kvadrat”ın içinə sala bilər. Sufizmin “gözlərini yum ki, görəsən” fəlsəfi estetikası özünü büruzə verməyə başlayırdı. İndi sənət insanın düşüncələrində, fantaziyasında olanları kətana köçürürdü.
    Müasir dünyanın rəssamı adi qəhvə rəngiylə seyircini təəccübləndirə bilir. Hamımız bilirik ağac baharda yaşıl yarpaqlara bürünür. Sən bu qədər rəngi təsəvvüründə də canlandıra bilərsən. Peyzaj rəsmi bir rəngdən ibarət olsa belə, sadəcə, təsəvvür elə. Demək ki, fotoqrafik təsvir indi keçərli deyil. Hadisəyə başqa baxış sərgiləmək lazımdır.
    Dünya memarları tərsinə evlər modeli qurub hazırlayırlar. Kim deyir ki, ev konstruksiyası məhz biz alışdığımız şəkildə olmalıdır. Sən onun doğru variantını bilirsən. İndi tərs variantını gör, avandını təsəvvür elə. Fərqli fikir rakurslarından hadisələrə bax.
    Təsviretmə təkamül nəticəsində çox dəyişilib. İndi Homer kimi bir-bir qəhrəmanların nəsil xəttini sadalamağa, qəhrəmanlığını öyməyə ehtiyac yoxdur. Fəlsəfi, dərinlik qatından primitivliyin astanasına qədər gəlib çıxmışıq. Bəs nədən bizdə Azərbaycanda əldən gedən, bizə “sağ ol” deyən ənənəçilikdən qopa bilmirik? Niyə hadisələrə baxışımızı dəyişmək istəmirik? Niyə şeirlərimiz “Təki vətənimiz düşməsin dara… Baxmayıb soyuğa, borana, qara… Cavab vermək üçün o azğınlara… (burada “yara”, “dara”, “hara”, “qara” və s. əlavə etmək olar. Qafiyə yığını) Hər bir çətinliyə dözdü Şəhidlər” (paradoks) primitivliyindən niyə çıxa bilmirik? “Qarabağtək gözəlin aqibəti bu imiş… Qədrini bilməz isən, alçalar qızıl, gümüş… (imiş, ümüş…) O nisgilli sinənə çalın-çarpaz çəkilmiş… Sağalmaz yara vuran közü, dağı unutma… Sən, ey vətən övladı, Qarabağı unutma!”.
    Belə şeirlərin və tirajlanan belə şairlərin utancından şəxsən mən xəcalət çəkirəm. Hətta şairəm deməyə də utanıram. Hal-hazırda nəsr daha aristokratik görünür. Əlçatan şeir isə qafiyəbazların əlində məhv olmaqdadır.
    Niyə bu primitivlikdən qopa bilmirik?
    Nəzərə alsaq ki, cəmiyyətimizin çox az hissəsi kitab oxusuna maraqlıdır. Çoxunun da bilgisi orta məktəbdə oxuduqları ilə çərçivələnir. Və o adamların dünyaya baxışı və şeir anlayışı yalnız öyrəndiklərindən ibarətdir. Və bu kəsim insanlar həmin çərçivədən başqa bir bilgiyə malik olmadıqlarından daha artığını da istəmirlər. Gördüyünü eynilə qafiyəyə düzüb özünə qaytarırsan, pəh-pəhlə nuş edirlər.
    Primitiv vətən şeirləri insanı haldan çıxarır. İtirilmiş torpaqların adını sadalamaq, gözəlliyindən ağızdolusu danışmaq paradoksal durum yaradır. Vətəni var-dövləti, yerinin altının-üstünün zənginliyi ilə öyməzlər. Bol bəhrəli Muğan düzlərini tərənnüm etməklə təmənnalı sevməzlər vətəni. Bu, vətən anlayışı deyil. O zaman, görəsən, bir bədəvi üçün susuz, qısır səhra nədən belə doğmadır ki?
    Düşüncə yeniliyi istəmirik? Madam ki, belədir o zaman nədən texnoyenilikləri evinizə alırsınız? Paltarınızı köhnə dədə-baba ütüsü ilə ütüləyin. Alınmır? Düşüncə də həmin daş ütü kimidir. Köhnəlib, sadəcə, yenisini qəbullanmağa çoxluğun bilgi gücü yoxdur. Ona görə də ən asanı “Palaza bürün, el ilə sürün” misalıdır.
    Dərd orasındadır ki, düşünürsən, ənənəçi yaşlı təbəqə qələmini yerə qoyub bir gün “yazmıram” deyəcək və bu sicilləmələrin sonu yetişəcək, nəhayət ki. Amma, yox. Köhnə düşüncə çərçivəsində, əski estetikalarla tərbiyələnən sicilləmə şairlər çoxalmağa başlayır. Bizim onlara “Yazma” demək hüququmuz yoxdur, bəli. Amma dışlamaq, çap etməmək hüququmuz mövcuddur. Tənbəlliyindən kitab üzü açmayan, vəhy anlayışına kilidlənənlər Hz.İsmayıl kimi dabanlarını torpağa sürtsələr də, istedadları “Zəm-zəm” kimi fontan vurmayacaq. Çünki bilgisi olmayan başda eşələnmək primitiv mətnlər ortaya qoyacaq. Biz isə ömrümüz boyu onlara dərs keçmək zorunda qalacayıq. Özümüzü tükədəcəyik.
    Uzun dövrlər ərzində Azərbaycanın zinət xurcunu olan əsl ziyalılar – Əli bəy Hüseynzadələr, Hüseyn Cavidlər, Hadilər, Əhməd Cavadlar və başqaları “qəlizdir” damğasıyla dışlandığından tamamən ayrı cəbhənin poetik nümayəndələri təbliğ olunmağa başlayıb. Çarx üzərində fırlanan siçovul misalı kimi situasiyadan qurtula bilmirik. Əksinə, istedadsıza yol verməməklə, çap etməməklə ədəbiyyatımızı xilas edə bilərik.
    Hal-hazırda yaxşı poetik mətnlər yoxdursa, ən yaxşılarını klassikaya, zinətə çevrilmiş ədəbi nümunələri gündəmə gətirərək ustad dərsi verə bilərik.
    Şeir yazmaq yalnız forma deyil. Sənin vətən şeirin gülünc təkrirlərdən, epitetlərdən ibarət olacaqsa, ürəyindən gəlməyəcəksə, “vətən” mövzusu naminə yazılacaqsa, adlar sadalanacaqsa, heç bir dərinliyi olmayan “Üçrəngli bayrağım”, “Azərbaycan bayrağı” adlı şeirləriniz günü-gündən çoxalacaqsa – yazmayın.
    “Salam, Xocalıda əsir ağacım! Ey qazi qardaşım, ey şəhid bacım! Gözü yolda qalan dağım, yamacım! Allaha əmanət, əmanət qalın! Salamat qalın!”. Vəssalam, şair artıq bizi gözləmək ümidindən də kəsir. Geriyə yol yoxdur, deyir. Taleyilə barışır. Bəlkə də, məqsədi bu deyil idi. Sadəcə, kontekst unudulub, mahiyyət anlayışı itib. Şair burada “ağacım”, “bacım”, “yamacım” qafiyələrini muncuq kimi düzməyə fokuslanıb. Formanı mahircəsinə işləyib, qafiyələrin biri digərindən uzun, qısa deyil. Tam düzgün işlənib. Sadəcə, mahiyyət unudulub. Mənim şairin şəxsiyyəti ilə heç bir işim yoxdur. Günah ondadır ki, çoxu mahiyyət anlayışına fokuslanmaq istəmir. Forma, zahir o qədər önə çıxır ki, batini məna qatı unudulmağa başlayır. Boş qafiyə yığını isə boşluqdan cingildəyir. Belə şeirlər saxsı qab effektinə malik olur. Bir toxunuşla sına bilir.
    Bəli, fotoqrafik təsvir indi əsl düşüncə sahibləri üçün cazibədar deyil. Digər cəbhədə yetişən şairlər ordusu anlayışlara fərqli rakurslardan baxa bilir. Onlar fikir dərinliyinə üstünlük verdikləri üçün tez və çox sayda şeir, mətn yaza bilmirlər. Yəni yuxarıdakı “şeirlərdən” günə yüzünü yazmaq mümkündür. Əgər Vətən dediyimiz anlayışda həqiqi ağrı yatmırsa, təsvirimiz bayağıdırsa, bu, timsahın göz yaşını xatırladacaq. Anlayışlara baxış bucağımızı dəyişməliyik. İlə bir kitab buraxıb, şeirlərimizi balaca fidanlara əzbərlətməməliyik. Elə özümüz də mahiyyətin nə olduğunu əvvəl-axır dərk etməliyik. İstedad yoxdursa, qələmi kənara qoyub çəkilmək ən böyük alicənablıqdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Buludlar göy üzünü gizləyib… – Romantizm – Günel EYVAZLI yazır

    Buludlar göy üzünü gizləyib. Səmanın aydınlığını müşahidə etmək indi nadir hallarda baş verəcək. Ağaclar aynada sonuncu dəfə öz cavanlıq təravətinə tamaşa edən insanlar kimi əl sallayacaq gəncliyinə. Uzaqlaşan günəş yaşıllığını oğurlayıb aparacaq yarpaqların. Bir müddət öncə sərinlik istəyən bizlər indi günəş həsrəti ilə qovrulacayıq.

    Yəqin ki, Bethoven “Ay sonatası”nı not dəftərinə qeyd edərkən hava eynilə belə idi. Yağışlı, sazaqlı, rütubətli, küləkli… Bir də torpaq qoxusu gəlirdi küçələrdən, xiyabanlardan. Müharibəyə, inqilaba, fırtınaya bənzəyən dəlisov simfoniyaların ardından həzin “Ay sonatası”nı bəstələməyə çalışırdı bəstəkar. Adəti üzrə elə küçədə gedərkən əlinə nə vərəq keçərdisə daxilində çalınan musiqini oraya yazardı. Həm də dünya küylərini yavaş-yavaş unudaraq sükut dönəminə keçidə hazırlaşırdı. İndi yol gedəndə belə ayaq səsləri onu səksəndirməyəcək. Heç kimi eşitməyəcək. Öz dünyasında, sükuta dalmış qulaqları ilə 5-ci simfoniyasını, 3-cü sonatasını dünyaya gətirəcək.

    Çox güman Müşfiq bəxtəvər “Küləklər”ni qələmə alanda da eyni ab-hava hökm sürürdü. Uğultulu külək şairin taxta pəncərəsindən içəri soxulmağa çalışırdı. Baş verən olaylar, real dünyanın acı mənzərəsi əzab verirdi şair qəlbinə. O isə xülyalarına qapılaraq soyuq Xəzri küləyini öz daxili mədəniyyəti ilə bəstəkar adlandırırdı. Ümidlərindən var gücü ilə yapışırdı.

    Azadlıq eşqi ilə döyünən ürək kimi fəlsəfəyə, klassisizmə əks olaraq Avropada təşəkkül tapan Romantizm öz daxili çırpıntıları, etirazları, inkarları ilə inqilab edirdi. Reallığın qorxunc, utancverici mənzərəsini yer üzündən yırtıb atmağa çalışırdı. Kəşf olunan, fəlsəfə ilə yüklənən müddəaların fonunda yaranan fərqli dünya mənzərəsi ümidsizlik, çarəsizlik depresiyasına çevrilirdi. Gerçəklik keçmiş ilə müqayisə tərəzisinin üzərinə qoyulurdu. Olimp zirvəsini ələ keçirən “İblis” dəhşətli qəhqəhələri ilə yaradıcılıq dünyasını lərzəyə gətirirdi.

    Romantizm…

    Pessimist, semtimental notlara köklənən cərəyan olaraq 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində bütün Avropa incəsənətini öz hakimiyyəti altına almışdı. Yazıçı, şair, rəssam, musiqiçi taleyini özünə bənzədən depressiv nəsnə yaradıcı insanların ağlına, hisslərinə, xəyal aləminə nüfuz etmişdi. O, “Qabil”in lal baxışlarının dərinliyində dayanan məna ya da mənasızlıq kimi çıxış yolu axtarmağa çalışırdı. Məhv olan, yox olan ləzzətin, qulaqlarda cingildəyən sualların fonunda yaradıcılıq estetikasına qarmaq atırdı.

    Hamı dua etdiyi halda susan Qabil o dövrün lal sükutunu özündə əks etdirirdi. Habilin “Tanrını qəzəbləndirmə, qəmginlik nəticə verməz” sözlərinə rəğmən fikrindən dönməyən yeni insan obrazı fərqli etiraz formasını əlində bayraq etmişdi. Daxilində yaranan çarəsizlik, inamsızlığın öhtəsindən Tanrının belə gəlməyəcəyini düşünən, heç kimin qarşısında əyilmək istəməyən, İblisdən belə qorxunc, dəhşətli azadlıq carçısı olan bu obraz keçmişdən gələn şəxs kimi yeni biçimdə insanlara təqdim olunurdu. Bəlkə də Qabil elə Adəm dövrünün ilk etirazçısı kimi həm də Tanrının sevimlisi idi?

    Yerin, göyün sirlərinə bələd olan tanrı daxilində fırtınalar qövr etdirən və sonunda öz qardaşının canına qıyan bəndəsinin bəd əməlini nədən hiss etməmişdi? Bəlkə dünyaya Habil qədər saf deyil, Qabil qədər təzadlarla zəngin bəndələr lazım idi? Elə o səbəbdən də Qabil obraz olaraq Bayron üçün maraqlı tapıntı idi. Qərinələr öncəsi yaranan qəhrəmanın ədəbiyyatın Romantizm erasına qədəmi də təsadüfi deyildi. Hər halda, Bayron üzünə keçirdiyi dəlisov qəhrəmanının maskası ilə azadlıq, asudəlik, sərbəstlik, inqilab bağırırdı.

    Kaspar Qari Fridrix

    Romantizm ruhsal uçuş, uydurmalar dünyası, keçmiş dövrün xiffəti idi. Darıxqanlıq idi. Nəğmələrə, nağıllara, keçmiş adətlərə, ayinlərə qayıdış idi. Əslində müəyyən dövrlərdə müxtəlif adlarla zühur etməyi bacarmış bir cərəyan idi. Futurizm, Simvolizminin bətnində öz estetikası ilə yenidən yaranmağı, növbəti doğuluşu bacarmışdı.

    Romantizm “İblis”in qəhqəhələri eşidilən bir dövrdə Kaspar Qari Fridrixin qaya üzərində dayanıb aristokratik cəmiyyətə arxa çevirən qəhrəmanı kimi yeni dövrün fəlsəfəsini yaşayırdı. Yazıçılar sadə insan həyatını yazıya gətirirdi. Yüksək zümrənin sifarişləri, istəkləri ilə daha ədəbiyyat, musiqi yaranmırdı. Bu janr mütaliə çəkisi zənginləşən orta təbəqənin sevimlisinə çevrilməyi bacarırdı. Həyat ümid, illüziya, utopiya olaraq dərk edilməyə başlayırdı. Dəbdəbəli, ağayana klassika müasir insanın təfəkkür çərçivəsində gülməli, ironik görkəm alırdı. İndi olmuşların fonunda dünyanı klassik düşüncə ilə dərk etmək mümkün deyildi. O səbəbdən də yeni dünya carçıları insan hissini oyatmağı, insana dönməyi, keçmişi yaddaşlara ötürməyi öhdəsinə götürmüşdü. “İnan, haradasa bir köy var, o köy bizim köyümüzdür” misalı kimi…

    Aysberqə çırpılan nəhəng gəmidən fərqli olaraq Romantizm, zamanın vərəm küləklərinə rəğmən özünəməxsus şəkildə etirazını bildirməyi bacarırdı. Bəli, sadə incəsənət dilində. Azadlıq, özügürlük rəmzinə çevrilən janr öz ardıyca yazıçı, şair, rəssam ordusu aparırdı. Alov işiğı ilə müjdə gətirən Prometey kimi insanların qaranlıq gələcəyini keçmişə boylanmaqla aydınlatmağa çalışırdı.

    Teodor Jerikonun yaratdığı “Meduzanın salı” rəsm əsərinə diqqət yetirərkən zəhlə tökən sentimentalizmim yenə yaxamdan yapışmışdı. Rəsm əsərində ölülər və dirilər dörd tərəfi su ilə əhatələnən dənizdə sal üzərində birgə hərəkət edirdi. Rəssamın yartdığı obrazların üzündən çarəsizlik sezilirdi. Klassikanın möhtəşəmliyi, kübarlığı, aristokratların kübar əlbisələrdə oturaraq portretlərə köçməsi zamanı artıq çox geridə qalmışdı. Daha dəbdəbəli insan portretləri gözə dəymirdi. Ortada insan faciəsi, insan hissləri, çırpıntıları var idi. Etiraz var idi.

    İndi çağdaş dünyanın yeni qayda-qanunları, müharibə, göz yaşı fonunda XXI əsr ixtiraları sevinc gətirə bilmir. “Meduzanın salı”na bənzər rezin qayıqlarda canını qurtarmağa çalışan kütlə yeni dünyanın köç fəlsəfəsini dünya tarixi səhifələrinə yazmaqdadır. Yəqin ki, bir zamanlar baş vermiş real hadisəni ürək ağrısı ilə kətan üzərinə köçürən Jeriko indi salamat olsaydı kətan üzərinə gözlərindən süzülən göz yaşlarını həkk edərək “Dünyanın yeni köç seli” adlandırardı yeni yaranan rəsm əsərini.

    Elə o dövrlərin yaradıcı insanları kimi bu dünyanın vəhşətinə göz yumub keçmiş əyyamların səfası ilə ürək ovundurmaq keçir insan könlündən. Nə gözəl olardı xəyal etmək. Yeni zamanın dəhşətini, müharibələrini, xəstəliklərini görməmək ya da görməzlikdən gəlmək. Nəğmələrə, nağıllara, keçmiş ayinlərə qayıtmaq.

    Romantizm XX əsrdə Qərb estetikası ilə birgə Azərbaycan arealına daxil olmuşdu. Yenicə pöhrə verən janr yetəri sayda ardıcıllarını yetişdirə bilmişdi.

    Yaranan bəzi mətbu orqanları sadə xalq anlaya bilmirdi. Yenilikçi orqanlar hər vəchlə qamçılanırdı. Utopik mənzərə isə ümumiyyətlə qəbul olunmurdu. Dırnaqarası xoşbəxtlik saçan sovet insanı qəhrəmanları Romantizmin qəhrəmanları ilə müqayisədə daha işıqlı, lazım olunan, sovet zəhmətkeşi isə ədəbi əsərlər daxilində daha cazibədar hesab edilirdi. Bu qədər real obraz, hazır material olduğu halda fantaziyalar aləminə dalıb, utopik qəhrəmanları əsərlərə dəvət etmək nəyə lazım idi axı…

    Hər şeyə rəğmən Hüseyn Cavid sürgün aqibəti ilə üz-üzə dayansa belə “İblis”i yarada bilir. İstəkləri, daxilində çığıran, üsyan edən hissləri ilə onu dilləndirməyi bacarır. Əsl sənət də elə budur, elə deyilmi? “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir”…

    Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
    Daim ayaq altında sönüb məhv olacaqsın.
    Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
    Qan püskürən, atəş savuran kinli krallar,
    Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
    Altın və qadın düşgünü divanə bəbəklər.
    Bin hiylə quran tilki siyasilər, o hər an
    Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
    Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
    Onlar duruyorkən bəni təhqirə nə hacət?!
    Onlar, əvət onlar sizi çignətməyə kafi,
    Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Məhəmməd Əmin Rəsulzadənin Əksi Qarşısında”

    Üzündə xalqının böyük kədəri,
    Xəyalında Vətən xatirələri.
    Öldü yurdumuzun igidi, əri,
    Qəbri qazılmadı öz torpağında.

    Azərbaycan!-dedi o son nəfəsdə,
    Bir xalqın həsrəti vardə bu səsdə.
    Üçrəngli bayrağı başının üstə,
    Öldü, o müqəddəs söz dodağında.

    Ruhuna min rəhmət, Məhəmməd Əmin!
    Yurdu qurtarmağa etmişdin əmin.
    Apardın könlündə bu elin qəmin,
    Yurdun dar günündə, yaman çağında.

    Zamanın nə qanlı hökümləri var!
    Könlümün inləyən çox simləri var…
    Adını çəkməyə yoxdu ixtiyar.
    Türksən, rahat yat Sən Türk torpağında,
    Ruhun pərvaz etsin cənnət bağında.

    1990

  • Xalq şairi Hüseyn ARİF.”Mənimiydi”

    Bir saat bir yerdə tutmazdı qərar,
    Araz mənimiydi, Kür mənimiydi.
    Ömrümün, günümün gəlhagəlində,
    İnci mənimiydi, dür mənimiydi.

    Səsim gah Qazaxda, gah Qarabağda,
    Meşədə, çəməndə, çayda, bulaqda,
    Meyvəli aran da, çiçəkli dağ da,
    Elə bilirdim ki, bir mənimiydi.

    Hüseyn Arifin bağrını deşdin,
    Harda qərar tutub, haraya köçdün?
    Ay oğul, sən niyə qabağa düşdün,
    Səfər mənimiydi, yer mənimiydi.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Qara torpaq”

    Bu yaxşı cənnətdir, unutmayasan-
    Görürəm gəlirsən hərdən bağa da.
    Bircə meyvələrə baxrısan, ey dost,
    Sən göz qoy arabir bu torpağa da.

    Torpağa qulluq et, yoxsa nə çıxar,
    Min dəfə budağa, gülə baxmaqdan?
    Budaqlar gövdədən, gövdə köklərdən,
    Köklər də can alır qara torpaqdan.

    Məni kim tanımır, görməyən kimdir?
    Öyünmək bilmirəm, demirəm ağam.
    Özüm kağız kimi ağ olmasam da,
    Üzləri ağardan qara torpağam.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Dayan, sonra ağlayarsan”

    Dayan, sonra ağlayarsan,
    Hələ sənə bir şerim var.
    Otaq kiçik, amma isti,
    Eşikdəsə beşgünlük qar.

    İndi qayıt yalvar mənə,
    Oxumayım şeri sənə.
    Şerlə layla deyirəm,
    Qarda qalan izlərinə.

    Yuxu görür getdiyin yol,
    Yatır qar üstə izlərin.
    Baharda çaılsın, gülüm,
    Qışda yumulan gözlərin…

    1982

  • Xalq şairi Səməd VURĞUN.”Ana”

    Pək cocuğdum, yerə gömdülər səni,
    Həyata qanadsız atdılar məni.
    Bax, necə pozulub ömür gülşəni,
    Həyat sənsiz mənə zindandır, ana!

    Qoynunda bəslənir gözəl diləklər,
    Layiqdir səcdəyə sənə mələklər,
    Nerdəsən, gözlərim həp səni bəklər,
    Bax evladın nasıl giryandır, ana!

    Sən bir günəş idin, doğdum da, batdın,
    Yazıq evladını qəmlərə atdın.
    Bir cavab ver, hanki murada çatdın
    Torpaqlarda neçə zamandır, ana!

    Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
    Əzizim anacan, gözüm anacan!
    Yumuq gözlərini aç da bir oyan,
    Şimdi zaman başqa zamandır, ana!

    Yıxılıb payinə öpmək istərəm,
    Analıq mehrini görmək istərəm,
    Səni görmək üçün ölmək istərəm,
    Təsəlim ah ilə fəğandır, ana!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölənlərdən qalanlara”

    Yunus İmrə sayağı

    Dünya qatır başımızı,
    qarışdırır aşımızı.
    Yetmiş, səksən yaşımızı
    biz də bayram eləyirik.

    Tərif, hədiyyə, mükafat,
    ya bir təltif, ya fəxri ad.
    Belə sakit, belə rahat
    dünyanı ram eləyirik.

    İnanırıq yalanlara,
    tərifə əl çalanlara.
    Ölənlərdən qalanlara, –
    sonra salam eləyirik.

  • Xalq şairi Zəlimxan YAQUB.”Mənim bircə dinim var, dinimin adı sevgi”

    Dillər ayırır bizi,
    dinlər ayırır bizi,
    Şeytanlar nifaq salır,
    cinlər ayırır bizi.
    Sevgilər yox, qəzəblər,
    kinlər ayırır bizi,
    Həyatımın, ömrümün,
    dinimin adı sevgi.
    Mənim bircə dinim var,
    dinimin adı sevgi.

    Ruh Adəmə verildi,
    Adəmi ruh yaratdı,
    Bəşəri xilas üçün
    gəmini Nuh yaratdı.
    Savaşı, qan-qırğını,
    qara günü yaratdı,
    Harayımın, səsimin,
    ünümün adı sevgi.
    Mənim bircə dinim var,
    dinimin adı sevgi.

    Xızır, Davud, Süleyman,
    Musa, İsa, Məhəmməd,
    Hər biri təpə-dırnaq
    işıq, sevgi, məhəbbət.
    “Vəhdəti-vücud” – dedi,
    vücudda tapdı vəhdət,
    Namazımın, qibləmin
    yönumun adı sevgi.
    Mənim bircə dinim var,
    dinimin adı sevgi.

    Sevgi Günəş kimidir,
    düzə, tərsə bölünməz,
    Təriqətə, məzhəbə,
    sinfə, dərsə bölünməz.
    İngilisə, almana,
    rusa, farsa bölünməz,
    Türkümün, ərəbimin,
    çinlimin adı sevgi.
    Mənim bircə dinim var,
    dinimin adı sevgi.

    Kökümün, budağımın,
    dizimin, dirəyimin,
    Ruhumun, nəfəsimin,
    canımın, ürəyimin,
    Təndirimin, təknəmin,
    duzumun, çörəyimin,
    Sünbülümün, tarlamın,
    dənimin adı sevgi.
    Mənim bircə dinim var,
    dinimin adı sevgi.
    Doğulmağım da sevgi,
    ölməyim də sevgidi.
    Kəfənimin, qibləmin,
    sonumun adı sevgi,
    Ruhumun, nəfəsimin,
    canımın adı sevgi.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Larisaya”

    On üç yaşlı körpə bala,
    Yazıq anan necə dözsün
    Bu kədərə, bu məlala?
    Məzarının baş ucunda kuklan da var.
    Bu gün layla çalmalıykən sən kuklana
    Kuklan sənə laylay çalar.
    Sən özün də kukla idin.
    Bu dünyanın əvvəlini, axırını
    Heç bilmədin.
    Kim kuklaya güllə atar?
    Atan oldu.

    İnsanlığı, mərhəməti,
    Ədaləti, həqiqəti
    Bir qərəzə satan oldu.
    Anan asmış dərs çantanı,
    Məzarının baş daşına.
    Axı, niyə hay vermirsən.
    Səni dərsə haraylayan yoldaşına?
    Sənin adın dostlarının dil əzbəri.
    Qızım, axı səni gözlər çoxdan bəri
    Açmadığın kitabların, dəftərlərin,
    Səni gözlər partandakı o boş yerin.

  • Xalq şairi Fikrət QOCA.”Almas İldırımın birinci yüzilliyinə”

    Bakıda İldırım çaxdı,
    Baxt ulduzun göydən axdı.
    Dövran yandı, ellər yaxdı,
    Bilinməz güzara kimi.

    Yaşamaq çox ağır işdi,
    Ürəyini həsrət deşdi.
    Doqquz cəhənnəmdən keçdi –
    Rəncbərdən yazara kimi.

    Nərd kimidir bu kainat,
    Al özünü zər kimi at.
    Oyun oldu ömür, həyat
    Bu zərdən o zərə kimi.

    Tale əkib, baxtı biçib,
    Göz yaşların Xəzər içib.
    Bu yüz ili özü keçib
    Beşikdən məzara kimi.

    Sən oldun ellər sürgünü,
    Türk dilli dillər sürgünü.
    Haydı yüzillər sürgünü,
    Xəzərdən Xəzərə kimi.

    Elazığ Türkiyə-Xəzər gölü,
    Xəzər dağı yaxınlığında
    2006-cı il

  • Azərbaycan mətbuatının ilki: “Əkinçi” qəzeti

    Sahib(lər) Həsən bəy Zərdabi
    Təsisçi(lər) Həsən bəy Zərdabi
    Baş redaktor Həsən bəy Zərdabi
    Yazıçılar
    M.F.Axundzadə
    S.Ə.Şirvani
    N.Vəzirov
    Ə.Gorani
    İsa Sultan Şahtaxtli
    Məhəmmədtağı Əlizadə Şirvani
    Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi)
    Məmnun Əlqədari
    Ələkbər Elçizadə
    Xaçatur Qorxmazov
    Yaranma tarixi 22 iyul 1875
    Dil Azərbaycan dili
    Nəşrini dayandırıb 29 sentyabr 1877
    Baş qərargah Bakı
    Tiraj 300-400
    VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar
    Əkinçi — Azərbaycan dilində yayımlanan ilk qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur. Ayda iki dəfə 300-400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır.

    Qəzet haqqında məlumat
    XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi.

    1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə əvəzlənməsindən doğurdu.

    Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq, məhSuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da, inkişafa meyilləndi.

    Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.

    “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül” kimi nəşrlər “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.

    “Əkinçi” qəzetinin nəşrə başlaması

    Azərbaycan Tarixi Muzeyində “Əkinçi” qəzetinin ilk nəşri
    Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”.[1] Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır:

    ” Mən ona fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım. ”
    Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına “Əkinçi”nin ilk nömrəsində Zərdabi dərc etdiyi məqalədə cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır:

    Daxiliyyə – buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır.
    Əkin və ziraət xəbərləri – yəni bizim, ya qeyri vilayətlərdə olan əkinlərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.
    Elm xəbərləri – yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.
    Tazə xəbərlər – bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s. [1]
    İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy “Əkinçi”nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Lakin “Əkinçi”nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və “Məktublar” başlığı altında materiallar da dərc olunmağa başlandı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir. [1]”Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında “Əkinçi”nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı:

    ” Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər. ”
    Qəzetin başlıca mövzuları
    Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və “Полярная звезда”, “Колокол”, “Современник” kimi demokratik mətbuat orqanlarının mütərəqqi ideyaları ilə tanış olan Zərdabi və “Əkinçi”nin başqa müəllifləri “Əkinçi” qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. “Əkinçi” dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi. [1]

    “Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. 1877-ci ildə çıxan 6-cı nömrədə o yazırdı:[1]

    ” Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik. ”
    Qəzet başqa bir məqalədə söz azadlığının olmamasından yazırdı: [1]

    ” Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir. ”
    Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan “Əkinçi”lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməməsində görürdü. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi. Qəzetin dərc etdiyi bir neçə xəbər bunu sübut edir. Məsələn, “peterburqda dekabrın 6-da Kazanski sobor kilsəsində dua oxunan vəqtdə bir neçə tələbə və qeyri dövlətin üstə nalayiq sözlər danışıb. İndi senat onların işinə baxıb, qət edib çoxunu Sibirə göndərib”. “Ural kazaklarının yerlərində təzə əsgəri qayda qoyulandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər” Qəzet cəmiyyətin əzənlərdən və əzilənlərdən ibarət olduğunu açıq etiraf edirdi.[1]

    Əzənlər sinfinə mənsub olan bəylər, ağalar “Əkinçi”nin əsas tənqid hədəfi idi. Qəzet yazırdı ki, əlbəttə, bəylər “xəlqin xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, keyfi-dimağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə”. “Əkinçi” Peterburq fəhlələrinin həyatından bəhs edərkən göstərirdi ki, “bircə Peterburq şəhərində 90 min fəhlə yersiz qalıb”.

    H.Zərdabi və onun məsləkdaşları “Əkinçi” qəzetini din və mövhumata, ətalət və geriliyə qarşı mübariz bir tribunaya çevirməyə çalışırdılar. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı:[1]

    ” … çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs… başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər. ”
    “Əkinçi” dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan “Əkinçi” bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin (Hacı Məmmədsadıq), Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin yazılarla çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Hadiyul-Muzillin Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, “Əkinçi”nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. H.Zərdabi H.Q.Hadinin həcvini qəzetdə dərc edərək redaksiya qeydində göstərmişdi:[1]

    ” Cənab Hadi Qarabağinin həcvini tamam çap eləməyə izn olmadı… Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigarə baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti islami qəflətdən ayıltmaq istəyən vəqtdə neçə nadanlara rast gəlmişəm. ”
    “Əkinçi” qəzeti mollaların və ruhanilərin iç üzünü konkret dəlillərlə açırdı. Həm xristian, həmçinin müsəlman aləmindəki fırıldaqları bir-bir açıb göstərirdi:[1]

    ” İspaniya məmləkətinin bir kəndində bir təvanə kəs vəfat edən zaman üstə keşiş gətirmədiginə, keşiş deyib ki, belə şəxsin ruhunu şeytan özü gəlib cəhənnəmə aparır. Meyid basdırılandan irəli ol şəxsin evinə bir əcayib paltarda uzunquyruq və əlində məşəl surət daxil olub ki, hamı görüb, şeytan – deyib qaçıb. Bir kişi bu qeylüqalı eşidib əlində tüfəng içəri daxil olanda, ol surət onun üstə gedib. Bu halda tüfəng atılıb ona dəyib. Sonra onu soyundurub görüblər ki, zikr olunan keşişdir” ”
    “Əkinçi” qəzeti mövhumatçılara birinci zərbəni dünyəvi elmləri öyrətməyə təşviq edən müzakirəni açmaqla vurdu. Qəzet göstərirdi ki, biz də “qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik”

    “Millət, dövlət qeyrəti çəkən qardaşlar, gərək xəyalati–qəvaidi–mövhumiyyəti kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanələr bina edib, maşın və ustadlar gətirib ətraflı qaidə-ülum ilə tərbiyyət etsin, ta kəm-kəm xəlq baxəbər olub, öz məaş əbdanlarına lazım olan işləri əmələ gətirsinlər” [1]

    Qəzet əkinçiliyin inkişafına kömək edən çoxlu material dərc etmişdir. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar “Elm xəbərləri”, “Əkin və ziraət xəbərləri” rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar.

    Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi:

    ” Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki, Moskva karxanalarından əla kotanlar gətirib işlədəydilər. ”
    Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır:

    ” İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şumx edir. ”
    Zərdabi məqalələrinin birində göstərirdi ki, Qafqazda qaramal sayca çoxdur, lakin bunlardan az məhsul götürülür, ona görə də heyvanları tövlə şəraitində saxlayıb yemləmək lazımdır. Qəzetdə aqrotexniki və zootexniki məsləhət xarakteri daşıyan yazılar verilirdi. Torpağın keyfiyyətini, münbitliyini məhsuldarlığını təyin etmək üsulu xalqa çox sadə bir dil ilə çatdırılırdı. Qəzet buğdanın növlərini, onların əkilib becərilməsi üsullarını izah etmişdir. Taxılçılıq haqda qəzetdə belə maraqlı mülahizələrə rast gəlmək olur: [1]

    ” Onu bir yerdə bir neçə il dalbadal əksək hasil ilbəil az olar. Ona binaən yaxşıdır ki, bir il buğda əkəndən sonra, yer bir il dincəlsin və ya buğdadan sonra o yerdə bir neçə il qeyri şey, məsələn qarğıdalı, kartofel, tənbəki, yerkökü və qeyri kökü dərinə gedən şey əkəsən. Xülasə yer dincəlməyə qalanda bir il keçəndə buğda əkmək olar. ”
    “Əkinçi”də kənd təsərrüfatı materiallarını H.Zərdabi, N.Vəzirov, Ə.Gorani kimi elmli, bilikli, mütəxəssis şəxslər yazırdılar. Onlar Rusiyanın, Avropanın kənd təsərrüfatına dair yeniliklərin vaxtında oxuculara çatdırırdılar.

    “Əkinçi” nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onun fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir:[1]

    ” Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur. ”
    Əkinçi realist sənətin beşiyi başında çox ayıqsayıq dayanmışdı. Qəzetin mühərrirləri ədəbiyyatın həyatla əlaqəsini, sənətdə məzmun və forma məsələlərini düzgün başa düşmüşdü. H.Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və Heydəri öz məqalə və məktublarında köhnə sxolastik şeiri, ictimai məzmunu olmayan həcv ədəbiyyatını tənqid etmiş, şeirdə elmin, maarifin, həyat həqiqətlərinin tərənnümünün tərəfdarı mövqeyindən çıxış etmişlər. Qəzet həcvkülar haqqında yazırdı: [1]

    ” İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nəinki onları oxumaq olmur, hətta adam olan kəs onları oxuyanda əti ürpərir. ”
    H.Zərdabi şairləri həyatla ayaqlaşmağa səsləyərkən yazırdı: [1]

    ” Bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəq xalqın gözcüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər. ”
    N.Vəzirov şeirin tərbiyəvi əhəmiyyətinə üstünlük verir və nalayiq həcvlər yazanları kəskin ifşa edirdi. Əkinçi mühərrirləri xalq yaradıclığına böyük əhəmiyyət verirdilər. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdimək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: [1]

    ” Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da… olmayan da könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən, onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın… keçmişdə olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xüdabəndə, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, …. ”
    Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar xalqın mənəvi inkişafına kömək edərlər. Əkinçi redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Bir məktubunda Zərdabi boş və mənasız hekayələrin müəlliflərinə işarə vuraraq yazırdı: [1]

    ” Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir…. Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək. ”
    “Əkinçi”lər
    Həsən bəy Zərdabi – Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirmişdi. Müsəlman Şagirdlərinə Yardım Cəmiyyəti təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir:

    ” O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı. ”
    [2]

    Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü. “Əkinçi”nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”, “yaxşı-yamanlığı aşkar eləsin”, “xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün” kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır.

    Həsən bəy Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyl göstərən, onu özünə sənət seçən adamların olmaması, Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: [1]

    ” Dünyada hər qəzeti 5 və ya 10 adam inşa edir, onu çap eləyən, hürufatını düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm. Hətta bizim müsəlaman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin və ya hürufatını düzsün. ”
    Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmaması nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə və tərkiblərin işlədilməsinə şərait yaradılırdı: [1]

    ” Onların kitablarını bizim adam üçün oxumaq çətindir. Ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, çapxana açıb öz dilimizdə çap elətdirib kitabları xalqa müftə , ya bir az qiymətə paylasın. ”
    Bu böyük maarif fədaisi “Əkinçi”nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı:

    ” “Əkinçi”nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır. ”
    Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələrib pulsuz paylayırdı. Hələ qəzet çıxmamışdan əvvəl Zərdabinin M.F. Axundova göndərdiyi məktubda bunu aydın görmək olar: [1]

    ” Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidiniz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır. ”
    Hənifə xanımın xatirələrində qeyd edir ki, bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi surətdə dedi: [1]

    ” “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Sizin energiyanıza heyran qalmışam. Görünür siz öz xalqınızı çox sevirsiniz. ”
    Zərdabi “Əkinçi” də demək olar ki, hər şeydən yazırdı. “Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində Zərdabi torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və s. bəhs edirdi.

    O, həmçinin kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir.

    Zərdabinin həm jurnalistlik, həm də elmi fəaliyyətində materialist görüşlər özünü əks etdirir. Onun “torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsturuləməli” əsərlərində, 1905-1906-cı illərdə “Həyat” qəzetində, 1907-ci ildə “Dəbistan” jurnalında çıxan məqalələrində bu görüşləri hiss etmək olur. [1]

    Mirzə Fətəli Axundov- milli dramaturgiyanın əsasını qoyan Axundov bu ideyalarla yaşadığı bir zamanda Zərdabinin “Əkinçi” adlı qəzet nəşr etdirmək xəbərini eşidib onu alqışlamışdır. Qəzet barəsində Axundovla Zərdabi arasında xeyli məktublaşmalar olmuşdur. O, 1875-ci ildə aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda deyir: [1]

    ” Göndərdiyiniz elanlardan Şeyxül-islama və Müftüyə – hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim… Mənə göndərilən elanlara gəlincə, onlardan 10 dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz 10 nəfər abunəçinin pulunu oradan alacaqsınız. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmağı onlardan xahiş edim. ”
    M.F.Axundov bu məktubda qəzetlə əlaqədar bir neçə mühüm vəzifə irəli sürmüşdür. Axundovun fikrincə, geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftləri gözəl, dili, üslubu, orfoqrafiyası tam düzgün olmalıdır. O, kiçik bir elanda çoxlu orfoqrafiya səhvi görüb yazmışdı: [1]

    ” Qəzetinizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır. ”
    Böyük mütəfəkkir Tiflisdə öz komediyalarını çap etdirərkən dilinin səlisliyinə, orfoqrafiyanın düzgünlüyünə xüsusi fikir vermişdi. Onun Zərdabidən xahişi bu idi ki, həmin komediyaların orfoqrafiyasına riayət etsin. M.F.Axundov hətta, elanda olan bütün səhvlərin altından qırmızı qələmlə cızıqlar çəkib bir nüsxəsini Həsən bəyə göndərmişdi.

    M.F.Axundov “Əkinçi”nin qarşısında duran vəzifələri çox düzgün müəyyənləşdirmişdi: [1]

    ” Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. ”
    Məktubun sonunda M.F.Axundov “Əkinçi” qəzetində əməkdaşlıq etməyə razı olduğunu bildirir və qəzetin proqramının ona göndərilməsini Həsən bəy Zərdabidən xahiş edir. Axundov Əkinçinin qaldırdığı mühüm ictimai-siyasi məsələlərə dair öz rəyini bildirir, habelə “Vəkili-milləti-naməlum” imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan “Əkinçi” də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid etmişdir. [1]

    Seyid Əzim Şirvani — S.Ə. Şirvaninin yaradıcılığının mühüm bir hissəsi “Əkinçi” qəzeti ilə bağlıdır. Qəzetin satira cəbhəsi Şirvaninin şeirləri hesabına olduqca qüvvətli idi. Əkinçinin təsiri ilə o, günün ən zəruri məsələlərinə uyğun şeirlər yazırdı. Qəzet onun əlində maarifçilik ideyalarını yaymaq üçün xitabət kürsüsünə çevrilmişdi. Azərbaycan xalqının həyatında “Əkinçi”nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Birinci: qəzet dünyanın hər yerindən müxtəlif məzmunlu xəbərləri toplayıb oxuculara çatdırır. Bu isə dünya işlərindən xəbərdar olmaqda oxuculara kömək edir. İkinci: qəzet elm toxumu səpir, əkinçiliyi yüksəltməyin yollarını göstərir, məişəti daha da yaxşılaşdırmaq istəyənlər üçün ağıllı müəllimdir. Üçüncü: qəzet ana dilində çıxdığı üçün dilin saflaşmasında, təmizlənməsində mühüm rol oynayır. Nəhayət: qəzetin qiyməti ucuz, məqalələrin dili sadə olduğuna görə hamıya münasibdir. [1]

    Şair “Qəzet nədir” şeirində oxucuları “Əkinçi”nin məramə ilə tanış edir, qəzetin əhəmiyyətini başa düşməyənləri satira atəşinə tuturdu. Seyid Əzim şeirdə dövrünün qəzetlərinin xülasəsini verir, əkinçini mövqeyini düzgün qiymətləndirirdi.

    Qafqaz əhlinə xitabən yazdığı şeirində şair zəmanəsindən şikayət edir. Din xadimlərini min bir hiylə ilə xalqı soyması, avamlıq, gerilik, savadsızlıq satira atəşinə tutulur. S.Ə.Şirvaninin bu şeirində H.Zərdabiyə yüksək qiymət verir, onun elmini, biliyini tərifləyir, elm öyrənmək sayəsində xalqının ən qabaqcıl, gözüaçıq adamı olması ilə fəxr edir.

    S.Ə.Şirvani “Əkinçi” qəzetində 10-dan çox satirik şeir və məktub çap etdirmişdir. Onun ilk şeiri qəzetin nəşrinin 1-ci ilində 6-cı nömrədə buraxılmışdır. Həmin nömrədən sonra Şirvaninin şeirləri həm əsas nömrələrdə, həm də əlavələrdə dərc olunmuşdur. [1]

    Nəcəf bəy Vəzirov — Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan, hələ tələbəlik illərindən “Əkinçi”nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir. Onun ilk publisist əsərləri “Əkinçi” qəzetində çap olunmuşdur. “Əkinçi”nin ilk nömrəsi işıq üzü görəndə Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin anadilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov “Əkinçi”də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin ünvanına göndərdiyi məktubunda Vəzirov yazırdı: [1]

    ” Əvvəlinci iki nömrəni aldım. “Əkinçi” mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümününkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin ki, nədən yazacağımı bilim. ”
    Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, buradakı gerilik və mövhumatdan bəhs edən “Ağıçı” adlı felyeton göndərən Vəzirovun bu yazısı “Əkinçi”də çap olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, “Əkinçi”yə müntəzəm məktublar göndərmişdir. “Əkinçi”də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi. [1]

    Onun “Əkinçi”də 8 məqaləsi dərc olunmuşdur. Bu məqalələr müxtəlif mövzulardadır. Məsələn, ilk məqaləsi Petrovsk-Razumovsk Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs edir.

    “Əkinçi” nin proqramında da vaxtı keçmiş adət və ənənələrin tənqidi mühüm yer tuturdu. Odur ki, N.Vəzirov bu mövzuda məqalələrə xüsusi əhəmiyyət verirdi. Qəzetdə çap etdirdiyi 2-ci məqaləsində Vəzirov yazırdı: [1]

    ” Bizim adəti-qədimə zəmanə rəftarı ilə düz gəlməyir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik. ”
    Yaxud “Bənd məxsusi” sərlövhəli başqa bir məqaləsində N.Vəzirov yazırdı: [1]

    ” Hərdəm tənha oturub fikir edirəm, xüdabəndə, bizim axırımız necə olacaq! Əqlimiz at-baba əqli, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb, günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacayıq. ”
    Maarif və mədəniyyət məsələlərindən bəhs edən də N.Vəzirov köhnəlmiş adətləri dəyişdirməyi irəli sürürdü. O yazırdı: [1]

    ” İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burunotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz, habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz, amma ona elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz. ”
    “Əkinçi” də çap etdirdiyi məqalələrində N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuşdur.

    Əsgər ağa Gorani – Bakı real gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmişdi. Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir. Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da “Əkinçi”nin nəşrini eşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. Onun “Əkinçi” qəzetində 40-dək məktubu dərc olunmuşdur. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. “Elm xəbərləri” şöbəsində Goraninin qəbirstanlığa yaxın yerlərdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtisarından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir.

    “Məktubat” şöbəsində dərc etdirdiyi yazılarının birində Gorani Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir. [1]

    Əsgər ağa qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. Məsələn, “Əkinçi”nin 1876-cı ildə çıxan 1-ci nömrəsində Goraninin Peterburq padşahlıq kitabxanasından bəhs edən məqaləsi verilmişdir. Müəllif göstərir ki, bu kitabxanada 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. “Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər…”

    Ə. Gorani rusca çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib “Əkinçi”yə göndərirdi. Onun “Знание” jurnalından, “Texniçeski sbornik”dən tərcümələri məlumdur. Goraninin tərcümələrinə Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Gorani hələ Peterburqda olarkən müxtəlif mənbələrdən istifadə edərək “Hollandiya vilayətində necə pendir qayırırlar“ ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdı: [1]

    ” O Сыроделии в Голландии» məqaləsini “şorsuyu” tərcümə etmişəm. Bilmirəm düzdürmü!?. ”
    ”Əkinçi” qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur.

    Əhsənül Qəvaid— “Əkinçi” nin məktubat şöbəsində gedən məqalələrdə əhalinin mədəni geriliyi, cəhalət və mövhumat, köhnə ruhani təhsili, mollaxanalar, patriarxal və feodal adət-ənənələr kəskin tənqid olunurdu. Bu məqalələrin müəlliflərindən biri Əhsənül Qəvaid idi. O, müasir elmləri təhsil etməyə çağıran və bəzən də kənd təsərrüfatından bəhs edən məqalələr də yazırdı. Qəvaid qəzetin 18 nömrəsində 21 məqalə çap etdirmişdir. Əhsənül-Qəvaid məqalələrində xalqlar dostluğu ideyasını geniş təbliğ edirdi. O, məhərrəmlik təziyəsində baş yarmaq əleyhinə kəskin məqalələr yazmışdı. [1]

    Ələkbər Heydəri — Ələkbər Heydəri qəzetdə gedən ən ciddi publisist yazısı “dini elmləri, yoxsa dünyəvi elmləri tədris etmək lazımdır” mövzusunda olan məqaləsidir. Həmin məqalə 1875-ci ildə çıxan 10-cu nömrədə mübahisə təriqilə verilmişdir. Heydəri dünyəvi elmlərin tədrisinə üstünlük verir və bu barədə öz mülahizələrini əsaslandırırdı. Həmin məqalə geniş müzakirəyə səbəb olmuşdur. Müəlliflər iki hissəyə bölünmüşlər. Zərdabi və onun ardıcılları Heydərini müdafiə etmiş, ruhanilər isə əleyhinə çıxmışlar.

    Qəzetin həmin ildə çıxan 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəyolduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə dini elmlərin üstünlüklərini sübut etməyə çalışmışdır. Təkcə 1876-cı ildə Heydərinin qaldırdığı məsələ ilə əlaqədar müxtəlif müəlliflərin 15 məqaləsi çap olunmuşdur. Zərdabi bu müzakirənin əhəmiyyəti haqqında yazırdı: [1]

    ” Zikr olan mübahisənin ümdə muradı bizim “elmli əbdan”dan (yəni dünyəvi elmlər) bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşikar etmək idi. ”
    İsa Sultan Şahtaxtlı — Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşr olunduğu dövrdə “Tiflisskiy vestnik” qəzetinin siyasi şöbəsinin müdiri işləyən, məşhur publisist İsa-Sultan Şahtaxtinski Zərdabi ilə yaxından əlaqə saxlayırdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan “Əkinçi”nin müvəffəqiyyətindən sevinir, həmçinin “Tiflisskiy vestnik” qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. “Tiflisskiy vestnik”in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun “Əkinçi”dən üç xəbəri dərc olunub.

    Respublika Əlyazmaları Fondunda Həsən bəy Zərdabinin arxivində Şahtaxtinskinin bir məktubu saxlanılır. 1876-cı il mayın 9-da Tiflisdən Zərdabiyə göndərdiyi həmin məktubdan aydın olur ki, Şahtaxtinski “Əkinçi” də xarici siyasət şöbəsinin açılmasına təşəbbüs etmişdir. Bu barədə məktubda deyilir: [1]

    ” … əgər sizin rus dilindən tərcümə etməyə meyliniz və vaxtınız olarsa, onda mən məmnuniyyətlə sizin redaktə etdiyiniz qəzetdə iştirak edərəm. Onda qəzetdə xarici siyasət şöbəsi açmaq mümkün olardı və mən sizə iki həftədən bir siyasi icmal göndərərdim. Belə ki, sizə öz hüsnü-rəğbətimi sözlə deyil, işlə sübut etmək istəyirəm. ”
    Adları çəkilən müəlliflərdən əlavə qəzetdə Məhəmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi), Məmnun Əlqədari, Ələkbər Elçizadə, Xaçatur Qorxmazov və b. çıxış etmişlər.

    “Əkinçi” nin bağlanması
    Qəzetin 1877-ci ildə çıxan 20-ci nömrəsində birinci səhifədə belə bir elan vardı: [1] [2]

    ” Biz xəstə olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil. ”
    Bu nömrədən sonraq qəzetin heç bir nüsxəsi yoxdur. Məhz bu elanın çap olunduğu sonuncu 56-cı nömrəsi ilə də “Əkinçi” qəzeti bağlanmışdır. Burada azərbaycanlı əhaliyə düşmən münasibəti ilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir.

    Zərdabi “Həyat” qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində qəzetin bağlanması səbəblərini ətraflı şərh etmişdi. Müəllif məqalədə “Əkinçi”ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çap senzurası tərəfindən təqibləri açıb göstərmişdir. Zərdabi həmin məqaləsində qeyd edir:

    ” Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”. ”
    [1] [2]

    Həmin məqalədən aydın olur ki, o zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə “Tfilisskiye vedomosti” və “Zakavkazskiy vestnik” qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O, özü İstanbula gedib hürufatı satın alıb gətirir. Həmin dövrdə İstanbulun “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların “Əkinçi” üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir.

    Məqalənin mühüm bir hissəsində “Əkinçi”nin çap senzurası tərəfindən təqib edilməsi təsvir edilir. O, qəzetin bağlanması səbəblərinin ərtaflı şərhini verir. Zərdabi yazır ki, bir gün Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi məktub mətbəədə yığılıb səhifələnmişdi. Senzor qol çəkib qəzetin çap olunmasına da icazə vermişdi. Həmin məktubda dükanların qabağında qəsidə oxuyan və camaatı elmə səsləyən dərviş təsvir olunurdu. Qəzet çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni yığdılar və Zərdabini qubernatorun idarəsinə çağırdılar. Qubernatorun fikrincə, Vəzirovun məqaləsində siyasi fikirlər irəli sürülürdü. Bunu bəhanə edib qəzetin bir daha buraxılmasına icazə vermədilər. [1]

    Bir tərəfdən senzura və jandarmın təzyiqi, digər tərəfdən Dağıstanda iğtişaş, rus-türk müharibəsinin başlanması və başqa səbəblər “Əkinçi”nin bağlanması ilə nəticələndi. Çar hökuməti qəzeti bağladıqdan sonra hətta Zərdabinin Bakıda yaşamasını belə qorxulu hesab etdi. Bu haqda Zərdabi həmin məqalədə yazır:

    ” Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinador şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb xalq işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. ”
    [1] [2]

    Ədəbiyyat siyahısı
    “Əkinçi”, 1876, № 2
    “Əkinçi”, 1877, № 2
    “Əkinçi”, 1877, №3
    “Əkinçi”, 1877, № 5
    “Əkinçi”, 1877, № 6
    “Əkinçi”, 1877, № 7
    “Əkinçi”, 1877, № 8
    “Əkinçi”, 1877, № 10
    “Əkinçi”, 1877, № 11
    “Əkinçi”, 1877, № 15
    “Əkinçi”, 1877, № 18
    H.Zərdabi. Seçilmiş əsərləri, Bakı, 1960, səh.59
    H.Zərdabi.Seçilmiş əsərləri. Bakı, 1960, səh. 232-233
    M.F.Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh.387
    M.F. Axundov. Əsərləri, III cild, Bakı, 1962, səh.485
    S.Ə.Şirvani.Əsərləri, II cild, Bakı, 1969, səh.56-57
    N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.15
    N.Vəzirov. Məqalə və felyotonlar, Bakı, 1961, səh.16
    Azərbaycan SSR EA Respublika Əlyazmalar fondu, arxiv 4, Q-6(36)
    Hənifə xanım Məlikova. Həsən bəy Məlikov Zərdabinin tərcümyi-halı, “Revolyusiya və kultura” jurnalı, 1939, № 6

  • “Molla Nəsrəddin” (jurnal)

    “Molla Nəsrəddin” jurnalı — Azərbaycan dilində satirik-yumoristik jurnal.[1][2][3]

    “Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.[2][3]

    “Molla Nəsrəddin”ə qədərki dövr
    Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.[1]

    Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc etmişdir. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir.[1]

    Jurnalın proqramı
    Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir: 1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikturalar və illüstrasiyalar.[1]

    Jurnalın nəşri
    Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı.[1][2][3] Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin “Molla Nəsrəddin” imzası ilə “Tiflis 7 aprel” sərlövhəli baş məqaləsi,”Məcmuəmizə müştəri olanlara nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”, “Atalar sözü” və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu.

    Həcmi kiçik formatda olan “Molla Nəsrəddin”in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi:

    ” Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
    Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.


    Molla Nəsrəddinçilər məqalələrini “türkün ana dilində”, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. C.Məmmədquluzadənin öz dili ilə desək “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.[1]

    C.Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar aldı. Redaktor bu təbriklərə aprelin 12-də “Na povorote” qəzeti, aprelin 14də isə “Kaspi” qəzeti vasitəsilə təşəkkürlərini bildirdi.[1]

    Jurnalın 1-ci nömrəsi
    Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” populyarlaşdı. “İrşad” qəzetinin 16 aprel 1906-cı il sayında Ə.Ağaoğlu bu barədə yazırdı:[1]

    ” Baxın “Molla Nəsrəddin”ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər. ”
    Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun etibarı ilə fərqlənirdi. “Molla Nəsrəddin”i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə “Molla Nəsrəddin”in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır.

    Birinci səhifədə məscidi xatırladan otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir.[1]

    Jurnalın 2-ci nömrəsi
    “Molla Nəsrəddin”in 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxdı. “İrşad” və “Baku” qəzetlərinin yazdığına görə jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı polis idarəsini bərk təşvişə saldı. Bakı polis idarəsi bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib, “Molla Nəsrəddin”in ikinci sayını bütövlükdə müsadirə etdi. Üzeyir Hacıbəyov “İrşad” qəzetində “Ordan-burdan” başlığı altında bu müsadirənin yığcam şərhini vermiş, axırda yazmışdı:[1]

    ” … İndi zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub, öz-özünə fikir edir: əcəba, ərbabi-hökumət “bu qırmızı şeylərdən” nə üçün belə ürkür? ”
    Nəriman Nərimanov isə “Molla Nəsrəddin”in polislər tərəfindən müsadirəsinə lakonik və konkret qiymət vermişdir:[1]

    ” Afərin belə diqqətçilərə, afərin belə qanun sahiblərinə! ”
    “Molla Nəsrəddin” Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi dövrdə öz mövqeyi və hadisələrə fərqli yanaşma tərzi ilə seçilir, müxtəlif rubrikalar altında gülməli xəbərlər verirdi. “Bilməli xəbərlər”, “İçəri xəbərlər”, “Məzəli xəbərlər”, “Teleqraf xəbərləri”, “Qafqaz xəbərləri”, “Ticari və ekoloji xəbərlər” başlıqları altında yazılar dərc edilirdi. Məcmuə əməkdaşları bu xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından istifadə edirdi. Atalar sözü, tapmaca, bayatı “Molla Nəsrəddin”in səhifələrində dövrün reallıqlarına uyğun yeni məna kəsb edirdi.

    Məcmuədə satirik şeir və hekayə formalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına da müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir.

    Jurnalın tənqid hədəfləri
    “Molla Nəsrəddin”in tənqid hədəfi çox geniş idi. Amerika-İngiltərə imperialistlərindən, rus çarizmindən, İran və Türkiyə despotlarından tutmuş, adi tüfeyliyə qədər “Molla Nəsrəddin”in hədəfi olmuşdur. Jurnal sonuncu nömrəsinədək din və mövhumata qarşı ardıcıl mübarizə aparmışdır.[1]

    1905-1907-ci illər inqilabını alqışlayan mətbuat orqanlarından biri “Molla Nəsrəddin” idi. Jurnal inqilabi-demokratik orqan kimi xalq kütlələrində mütləqiyyət hökmranlığına qəzəb və nifrət oyadırdı. “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər muzdgərək verilə?”. Bu cür yazılar oxcunun nəzərini dərhal cəlb edirdi.[1]

    Jurnalın səhifələrində Azərbaycan kəndində gedən inqilabi mübarizə düzgün ifadə edilmişdir. Bir tapmacada jurnal kəndlilərin ağır vəziyyətini belə göstərir:[1]

    ” Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, on hissəsini də qlava və pristava rüşvət və divan xərci… Əkinçinin özünə nə qədər buğda qaldı? ”
    Jurnal acınacaqlı vəziyyətdən çıxış yolunu belə göstərirdi:[1]

    ” Kəndlininki dəyənəkdir. Hər bir kəndli götürə əlinə və zərurət vaxtında özünü mühafizə edə, başqa çarə yoxdur. ”
    Molla Nəsrəddinçilər xalqı öz hüquqları uğrunda mübarizəyə çağırır, bu işdə xalqın haqqını tapdalayanlara, qanunsuz işlərlə məşğul olan məmurlara qarşı birgə mübarizəsinin vacibliyini önə çəkirdi. Jurnalın 1907-ci il tarixdə nəşr olunan 3-cü sayında iranlı fəhlələrin vəziyyətini təsvir edən felyetonunda həmrəyliyə çağırış motivi bu cür təsvir edilir:

    ” Ey həmşərilər, ey mənə kağız göndərən 30 nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm… Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl edəsiniz. Əvvələn gərək bir-birinizlə əl-ələ verəsiniz. Yəni Məhəmmədəli gərək yapışsın Həsənin əlindən, Həsən Kərbalayi Qasımın əlindən… Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birlərinin əlindən və birləşsinlər. ”
    “Molla Nəsrəddin” nəşri boyunca Yaxın Şərqdəki ictimai-siyasi həyatı da əks etdirmişdir. Jurnalı İran və Türkiyə inqilabları xüsusilə çox maraqlandırırdı. İnqilabi hadisələrin gedişinə dair jurnalda məzmunlu yazılar verilirdi. İnqilab düşmənləri felyetonlarda, satirik şeirlərdə kəskin tənqid edilirdi.[1]

    Jurnalda beynəlxalq imperializmi tənqid edən yazılara və karikaturalara geniş yer verilirdi. Birinci rus inqilabı dövründə imperializm müstəmləkə siyasətini daha da gücləndirir, ictimai-siyasi hadisələrdən öz mənafeyi üçün istifadə etməyə çalışırdı. İmperializmin bu sifətini jurnal çox aydın şəkildə oxucu üçün açırdı:[1]

    ” Əzizim amerikalı, indi buyur görək nə məqsədlə dünyanın o başından bu başına gəlmisən? Mənim yəqinimdir ki, sənin xəyalında bir biclik var. Məsələn, bu məqsədlə gəlibsən ki, biçarə müsəlmanları tovlayıb axırda imtiyaz sahibi olasan və bizi fəhlə kimi işlədib öz əlimiz ilə qazandığımız pulları doldurasan cibinə və axırda da Xorasan xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən, Şamaxı şallarından, Tehran şiri-xurşidindən bir yük tutub Vətənə sovqat aparasan və gedib Amerikada bir kitab yazasan və həmin kitabda mollalarımızı tərifləyəsən. ”
    Jurnal göstərirdi ki, Asiya xalqları oyanmışdır və öz düşmənlərinə qarşı mübarizə aparmağa qadirdir. Bu fikir “İngiltərə və Hindistan” adlı şəkildə əks etdirilmişdir. Bu şəkildə müstəmləkə zülmü altında inləyən hindlinin oyanıb kreslonu müstəmləkəçilərin başına çırpdığı ifadə olunmuşdur.[1]

    Jurnal dövrünün mənfiliklərini, xalqın ağır istismarını, geriliyi, ətaləti görür və onlara biganə qalmırdı. İfşaedici gülüş “Molla Nəsrəddin”də o zaman əsas yer tuturdu. Xalqın zəhməti ilə varlanıb xalqa zülm edən sinfə qarşı Mirzə Cəlil yazırdı:[1]

    ” Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən ki, yazılıb “maşallah filan milyonçu, maşallah filan millətpərəst, maşallah filan xan, filan bəy, filan hacı, filan kərtənkələ…”. Amma heç biri yazmır ki, bir yandan minlərcə müsəlmanlar acından ağlaşır və bir yandan da min-min manatlar xərclənirlər qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barişna və madama. ”
    Jurnalın əleyhinə çıxanlar
    Din xadimləri
    Din xadimləri, ruhanilər də jurnalı böyük qəzəb hissi ilə qarşıladılar. Səlahiyyətlərindən istifadə edərək təzyiq və təhdidlərə keçirdilər. Ə.Haqverdiyev bu barədə öz xatirələrində yazır:[1]

    ” Mollalar jurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər: bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onu maşa ilə götürüb ayaqyoluna atmalıdır… ”
    Mirzə Cəlil isə öz xatirələrində dini fanatizmi yayıb, insanların tərəqqisinə mane olanların hərəkətlərini bu cür qiymətləndirirdi:

    ” “Molla Nəsrəddin” məcmuəsi birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə vurdu ki, adını müsəlman qoyan bəndə, barmaqları ilə qulaqlarını tutub, molladan qaçmağa üz qoydular. ”
    Jurnalın nömrələri bir-birinin ardınca çıxıb yayıldıqca redaksiyaya söyüşlər, təhdidlər, həcvlər gəlirdi. “Molla Nəsrəddin” qəzetlərin əsas mövzularından birinə çevrilmişdi. Qəzetlər arasında da onun tərəfdarları və əleyhdarları əmələ gəlmişdi.[1]

    Bolşevik mətbuatı “Molla Nəsrəddin”in cəsarətli və ağıllı fikirlərinə tərəfdar çıxır, onun düşmənlərinə qarşı barışmaz mövqedə dururdu. Batum polis idarəsi tərəfindən “Molla Nəsrəddin” jurnalının təqib olunmasına, onu oxuyanların “bədəfkarlar” siyahısına yazılmasına “Dəvət-Qoç” qəzeti etirazını bildirmişdi.[1]

    1906-cı il mayın axırlarında Tiflis jandarm idarəsinin soldatları Ömər Faiq Nemanzadənin evini mühasirəyə almış, orada axtarış aparmışdılar. “Dəvət – Qoç” qəzeti dərc etdiyi bir xəbərdə bu hadisəyə mənfi münasibətini bildirmişdi.[1]

    Bütün təzyiqlərə baxmayaraq, məcmuə əməkdaşları “Molla Nəsrəddin”in çapını həyata keçirirdilər. Kəskin və tənqidi çıxışlarına, həqiqətləri söylədiyinə görə daim hücumlara məruz qalan “Molla Nəsrəddin” çar senzurasının da qadağaları ilə üz-üzə dayanmışdı. Bəzi məqalələrin, karikaturaların çapına senzura icazə vermirdi. C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.[1]

    Bütün bu qadağalara baxmayaraq, “Molla Nəsrəddin”in haqq səsi çox keçmədən şimallı-cənublu Azərbaycanın və Qafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi. Jurnalın Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, Orta Asiyada, Krımda, Kazanda, Ufa, Həştərxan, Orenburq, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə kimi bir çox şəhərlərdə oxucusu var idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərmişdir.

    Mövhumatla mübarizə
    1906-cı il 21 aprel tarixli nömrədə dərc olunan “Molla Nəsrəddin”in xəlvəti cavabı” adlı məqalədə jurnal Bakıda başyarma kimi vəhşi adəti özünəməxsus satirik dillə tənqid etmişdir. Xalqı bu cür adətləri icra etməyə, ətalətə, geriliyə səsləyən mollaların iç üzünü jurnal “Niyə məni döyürsünüz” adlı felyetonda açıb göstərir. Felyetonda deyilir:[1]

    ” Bizim təfavütümüz bir neçə qisimdir… Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yazan, cadukün, həmzad, cinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, satan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin. ”
    Yağış yağdırmaq məqsədi ilə müsəllaya çıxanlar (“Bizim işlərimiz” felyetonu), ramazanda oruc tutan mömin bəndələrin hərəkətləri (“Tədarük” felyetonu), aşura günü baş yaranların tərkibi (“Necə qan ağlamasın”), məktəblər əvəzinə məscidlərin sayının artması (“Məscid” felyetonu) barədə onlarca məqalə və felyeton “Molla Nəsrəddin” jurnalının səhifələrində işıq üzü görürdü.[1]

    “Din” adlı felyetonda jurnal din xadimlərinin iç üzünü tamam açıb tökürdü:[1]

    ” Ağsaqqallar 250 manat verib rövzəxan gətiriblər ki, mərsiyə oxusun. 10 günün ərzində onun dediyi bu söz olub ki, Həzrət Abbas təpiyi ilə 180 min qoşun öldürdü. ”
    Jurnalın müvəqqəti bağlanması
    “Molla Nəsrəddin”in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci ilin iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi və bu xəbər xalq arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.[1]

    Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. “İrşad” qəzeti “belə düz məsləkli qəzetin meydandan çıxarılmasına” təəssüfləndiyini bildirmişdi. Qəzetdə Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” sərlövhəli məqaləsi çap olunmuşdu. Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst ruhaniləri kəskin tənqid edirdi. Hökumət xalqın tələbləri qarşısında jurnalın bərpasına icazə verdi.[1]

    Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi 1907-ci il iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edildi. Jurnalın redaktoru və əməkdaşları haqqında irticaçı qüvvələr danoslar yazır, burjua mətbuatında məqalələrlə çıxış edirdilər. Ömər Faiq Nemanzadəni 9 gün həbsdə saxladılar. 1908-ci ilin fevralında Mirzə Cəlilin öldürülməsi haqqında şayiələr yaydılar. Belə şayiələr yayanlara “İrşad” qəzeti çox tutarlı cavab vermişdi:[1]

    ” Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i öldürəcəksiniz?”… Bunu biliniz ki, “Molla Nəsrəddin”i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz. ”
    “Molla Nəsrəddin”i bağlatdırmağa səy göstərən mürtəce qüvvələrə qarşı “Baku” qəzetində dərc olunmuş 12 nəfərin kollektiv məktubu maraqlıdır. Məktubu imzalayanların arasında Qəzənfər Musabəyovun, Mirhəsən Vəzirovun və b. imzası vardır. Məktubun bir yerində deyilir:[1]

    ” Mollanın işığını söndürmək istəyən düşmənlərə qarşı öz nifrətimizi bildirməklə, “Molla” ilə həmrəy olduğumuzu deyir, müsəlman demokratiyasına vicdanla xidmət edən “Molla Nəsrəddin” jurnalına uzun ömür arzulayırıq. ”
    İnqilabi hərəkat
    1909-cu ilin may ayında Mirzə Cəlilin qardaşı Ələkbər Təbrizdəki inqilabi hərəkatda iştirakına görə həbs edildi. Bir neçə mətbu orqan, o cümlədən “Tərəqqi” qəzeti onun inqilabi fəaliyyətini yüksək qiymətləndirdi. R.Nəcəfov xatirələrində bu barədə yazır:[1]

    ” … Mirzə Ələkbər Təbriz inqilabında iştirak etdiyi üçün çar hökuməti tərəfindən tutulub İrəvan həbsxanasına göndərilmişdi. Edam cəzası və ya əbədi katorqa təhdidi altında bulunurdu ki, bu hadisə Mirzəni sarsıtmış və əhval-ruhiyyəsini pərişan etmişdi. O, idarəni buraxıb, maddi vəsait aramaq və gedib qardaşını qurtarmağa çalışmaq məcburiyyətində idi. ”
    “Molla Nəsrəddin”i idarə etmək üçün onu əvəzləyəcək şəxsin Naxçıvanda Məmmədəli Sidqi olacağını düşünən C.Məmmədquluzadə 1910-cu il iyunun 9-da M.Sidqiyə belə bir məktub yollayır:[1]

    ” Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin” i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, tez gəliniz… Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm. ”
    Mirzə Cəlilin təklifini qəbul edən Sidqi Tiflisə gəldi, iyul ayının əvvəllərindən redaktor vəzifəsini yerinə yetirdi. Jurnalın iyul-avqust nömrələrinin qeyri-rəsmi redaktoru Məmmədəli Sidqi oldu. C.Məmmədquluzadə 1910-cu il sentyabrın 16-da Tiflis qubernatoruna ərizə yazaraq jurnalın redaktorluğunu müvəqqəti olaraq M.Sidqiyə tapşırmağı xahiş etdi. Ərizəyə baxılana qədər jurnalın nəşri müvəqqəti dayandırıldı. Jurnalın həmin ildə çıxan 35-ci nömrəsi ilə 36-cı nömrəsinin arasında təxminən bir ay fasilə oldu. Noyabrın 5-də M.Sidqi müvəqqəti redaktor təsdiq edildi və 1911-ci il martın axırınadək bu vəzifəni yerinə yetirdi.[1]

    1912-1913-ci illər
    Daim təhdid və təzyiqlərə məruz qalan “Molla Nəsrəddin”ə qarşı 1911-1912-ci illərdə senzor hücumları yenidən kəskinləşdi. Redaktorlardan kəskin yazılar yazılmayacağı ilə bağlı alınan iltizamlar jurnalın müntəzəm nəşr olunmasına çətinliklər yaradır, mənfi təsir edirdi. 1912-ci ilin martından C.Məmmədquluzadə jurnalın nəşrini uzun müddətə dayandırdı və “Molla Nəsrəddin”in bərpası 1913-cü il yanvar ayının 13-dən sonra mümkün oldu. Əliqulu Qəmküsar redaktor köməkçisi təsdiq olundu.[1]

    Birinci Dünya müharibəsi dövründə
    Birinci Dünya müharibəsi ərəfəsində vəziyyətin kəskinləşməsi “Molla Nəsrəddin”in nəşrinin müvəqqəti dayanmasına səbəb oldu. Bu barədə C.Məmmədquluzadə 1914-cü il noyabr ayının 17-də Tiflis Mətbuat İşləri Komitəsinə göndərdiyi ərizəsində yazırdı:[1]

    ” Mənim redaktorluğum altında çıxan “Molla Nəsrəddin” jurnalının nəşrini qeyri-müəyyən vaxta qədər dayandırıram. ”
    Həmin dövrdə jurnalın redaktor köməkçisi olan Əliqulu Qəmküsar “Bəsirət” qəzetinin müxbiri ilə müsahibəsində bu barədə deyir:

    ” Biz “Molla Nəsrəddin” məcmuəsini qapatmaq fikrində deyilik və bu fikirdə də olmayacağıq və lakin vaxt namünasib olduğu üçün jurnalı qapatmağa məcburuq. Müharibə qurtardıqdan sonra yenə jurnal kəmal əla sabiq nəşr olunacaq, müştərilərə jurnalımız göndəriləcəkdir. Jurnalımızın müvəqqəti dayandırılmasına ancaq indiki namüsaid vaxt baisdir. ”
    Bu uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa etdi.[1]

    Molla Nəsrəddinçilər
    Cəlil Məmmədquluzadə – Mirzə Cəlil “Molla Nəsrəddin”də əsas sima, məsləhətçi və böyük yoldaş idi. Ədib özü bu barədə yazır:[1]

    ” “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. ”
    Ömər Faiq Nemanzadə – “Molla Nəsrəddin”in yaradılması və nəşri sahəsində Mirzə Cəlilin ən yaxın köməkçisi Ömər Faiq Nemanzadə idi. Bu barədə Mirzə Cəlil öz xatirələrində yazır:

    ” Yoldaşım Ömər Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-rus” qəzeti idarəsində gördüm, onunla üns tutdum. “Şərqi-rus” qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar oldu. Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim, daha doğrusu, bina etdik”. “Molla Nəsrəddin”in ilk sayı Ömər Faiq Nemanzadənin və rəssam Şmerlinqin birgə əməyinin məhsuludur. ”
    Nemanzadə “Şərqi-rus”un nəşrindən sonra Tiflisə gəlir və burada qəzetçilik fəaliyyətinə başlayır. “Şərqi-rus” bağlanandan sonra Mirzə Cəlillə bərabər “Qeyrət” mətbəəsini alıb birgə işlədirlər. “Qeyrət”in rəsmi müdiri Ö.F.Nemanzadə idi ki, “Molla Nəsrəddin” də bu mətbəədə işıq üzü görmüşdü. Ö.F.Nemanzadənin “Molla Nəsrəddin”dəki fəaliyyətini tədqiq edən elmi araşdırmalardan bəlli olur ki, jurnalda dərc olunan karikaturaların, şəkillərin bir çoxunun mövzusunu o verib, lüğətlərin, mətnlərin, tapmacaların xeyli hissəsini Mirzə Cəlillə birlikdə hazırlayıb. Bu iki ədib birlikdə hazırladıqları məqalələrin altında “Molla Nəsrəddin”, “Mozalan”, “Lağlağı” və s. imzalar qoyurdular.

    Mirzə Ələkbər Sabir – satirik şeir cəbhəsinin bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə idi. 1906-1911-ci illərdə onun “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi satirik şeirləri yeni bir ədəbi məktəbin başlanğıcını qoymuşdu. Sabirin jurnaldakı fəaliyyəti ilə bağlı Mirzə Cəlil xatirələrində yazır:

    ” Sabir mərdi-mərdanə özünü tulladı “Molla Nəsrəddin” meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeyli vaxt sükutda saxladı və yadıma gəlir ki, Sabirin “Molla”da zühurundan ta il yarıma qədər Məşədi Sijimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı. ”
    “Molla Nəsrəddin”dən əvvəl Sabirin mətbuatda cəmi üç şeiri dərc edilmişdi. Onlardan biri “Şərqi – rus” un nəşri münasibətilə yazılmış, digərləri isə “Həyat” qəzetində çıxmışdır. Onu bütün Qafqazda, bütün Şərqdə tanıtdıran “Molla Nəsrəddin” olmuşdur. Sabirin “Mola Nəsrəddin”də ilk şeiri 1906-cı il aprelin 28-də, jurnalın 4-cü sayında işıq üzü gördü. “Millət necə tarac olur-olsun, nə işim var” şeiri idi ki, jurnalda bu, imzasız şəkildə Mirzə Cəlilin “Niyə məni döyürsünüz?” başlıqlı felyetonunun sonunda, felyetonun poetik davamı kimi verilib. Bu jurnalda Sabir 40-dan çox gizli imza ilə şeir dərc etdirmişdir.

    Ən çox işlətdiyi imzalar bunlar id: “Hop – hop”, “Əbunəsr Şeybani”, “Güləyən”, “Cingöz bəy” və s. 1906-cı ildə “Molla Nəsrəddin”də Sabirin dərc olunan 21 satirik şeirinin 14-ü “Hop-hop” imzası ilə getmişdir. Bəllidir ki, şanapipiklər dəstəsinə aid olan hop-hop ağac kollarında yuva qurur, çox vaxt səsi gəlsə də, özü görünmür. İlk vaxtlar Sabirin Şamaxıdan “Molla Nəsrəddin”ə şeirləri gələrdi, özü isə görünmür, kimliyi bilinmirdi. Elə buna görə də şairin şeirləri bu gizli imza ilə dərc olunub. Sabir 5 il “Molla Nəsrəddin”lə əməkdaşlıq etmiş, dövrün digər mətbuat orqanlarında şeirləri dərc olunmuşdu.

    Ədəbiyyatşünas-alim M.Arif Sabirin bu məcmuə ilə yaradıcılıq əlaqəsini belə təqdim edir:

    ” Molla Nəsrəddin”i zamanə özü yaratdığı kimi Sabiri də zəmanə yaradıb “Molla Nəsrəddin”ə yoldaş və silahdaş vermişdir. ”
    Sabirlə Mirzə Cəlil arasında dostluq və qardaşlıq əlaqəsi vardı. Sabir ağır xəstələnəndə Mirzə Cəlil və xanımı Həmidə xanım Cavanşir onu Tiflisdə müalicə etdirmişlər. Sabir “Molla Nəsrəddin”lə yanaşı, Bakıda nəşr olunan “Həyat”, “İrşad”, “Təzə həyat” “Rəhbər”, “Dəbistan”, “Fyuzat”, “Bəhlul”, “Zənbur” “Ülfət”, “Günəş”, “Səda” kimi mətbu orqanlarda da çıxışlar edirdi.[1]

    Əli Nəzmi – Məşədi Sijimqulu imzası ilə yazan Əli Nəzmi “Molla Nəsrəddin” məktəbinin əsas simalarından biri idi. C.Məmmədquluzadə bu barədə yazırdı:

    ” Biz Sabiri və Məşədi Sijimqulunu axtarırdıq. ”
    Əli Nəzmi “Molla Nəsrəddin”dən əvvəl “Şərqi-rus” qəzetində iştirak etmiş, “Molla Nəsrəddin”ə nəzm və nəsrlə satirik əsərlər göndərmiş, bir müddət jurnalın redaktoru olmuş, Sovet hakimiyyəti illərində də fəal mollanəsrəddinçi kimi şöhrət qazanmışdır. Mirzə Cəlil şairin “Sijimqulunamə” kitabına Ə.Nəzmi ilə bağlı qeyd etmişdir :[1]

    ” Biz bunu qəti deyə bilərik ki, “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan birinci Məşədi Sijimqulu Kefsiz olubdur. Sabirin vəfatından sonra ikinci Sabirimiz birincisinin yerini boş qoymadı. Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, məzə və duzlu şeirinin heç bir vaxt dalı kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər əsgilmədi. ”
    Əliqulu Qəmküsar – 1908-ci ildən başlayaraq “Molla Nəsrəddin”də mənzum və mənsur əsərləri ilə çıxış etmişdir. Mirzə Cəlil onun barəsində yazdığı məqalədə məslək dostunu belə qiymətləndirirdi:[1]

    ” Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq Qəmküsarın mənzum və mənsur əsərlərinə, məqalə və şeirlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Xadimi millət”, “O taylı”, “Sarsaqqulu bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmin təxəllüslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir. ”
    Əbdürrəhim bəy Haqverdiyev – “Molla Nəsrəddin” görkəmli yazıçı və dramaturq Ə.Haqverdiyevin də nəzərini cəlb etmişdi. 1907-ci ildə o, “Xortdan” imzası ilə “Cəhənnəm məktubları” başlığı altında məşhur məqalələrini yazmışdır. Sovet hakimiyyəti illərində Ə.Haqverdiyev bu məqalələri bir süjet ətrafında birləşdirmiş, “Odabaşının hekayəsi”ni də əlavə edərək ayrıca kitabça halında buraxdırmışdır.

    Ə.Haqverdiyevin “Molla Nəsrəddin”də seriya ilə buraxılan ikinci əsəri “Mozalan bəyin səyahətnaməsi”dir. Yazıçı bu mövzuda satirik yazıların jurnal səhifəsinə gəlməsinin tarixçəsini belə şərh edir:

    ” Bir dəfə cəm olub “İbrahim bəy səyahətnaməsi”ndən söhbət edirdik. Burada “Molla Nəsrəddin”in dostlarından Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifov var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfindən də Qurbanəli Şərifov səbəb idi.”İbrahim bəy səyahətnaməsi”ndən söhbət olduqda mən dedim:
    “Nə olardı, bu kitaba nəzirə – bir “Səyahətnameyi “Molla Nəsrəddin”də olaydı. Aya, görəsən “Molla Nəsrəddin” islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər? Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: Gəlin biz Mozalanı gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək. Hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqətən bu adam gəlib buraları görüb, bu felyetonları yazmış. Belə də oldu. Birinci felyetonu mən başlayıb Mozalanı Bakıya kimi gətirdim. Bakıdan Məşhədə onu Salman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifov gəzdirdi. Beləliklə, “Mozalan bəyin səyahətnaməsi” ortalığa çıxdı.


    Həmin sərlövhə altında Haqverdiyevin yazıları 1908-ci ildə, “Marallarım” seriyasından hekayələri isə 1910-1913-cü illərdə dərc olunmuşdur.[1]

    Məhəmməd Səid Ordubadi – “Molla Nəsrəddin” jurnalında “Hərdəmxəyal” təxəllüsü ilə çıxışlar etmişdir. 1905-ci il inqilabının təsiri ilə Şərqdə başlanan azadlıq hərəkatına Ordubadi də qoşulmuşdu. O, inqilabın atəşin tərənnümçülərindən idi. M.S.Ordubadi C.Məmmədquluzadə, Sabir və digər görkəmli sənətkarlarla birlikdə jurnala inqilabi ideyalar gətirmişdi. “Molla Nəsrəddin” ədəbi məktəbinə qoşulduqdan sonra M.S.Ordubadi köhnə şeir formalarından uzaqlaşaraq qəsidə və qəzəllərini satirik üslubla əvəz etdi.[1]

    Əli Razi Şəmçizadə – “Dabanıçatdax” gizli imzası ilə çıxış etmişdir. 1906-cı ildə Tiflisdə Mirzə Cəlil, Sabir, Əliqulu Qəmküsar və Q.Şərifzadə ilə yaxından tanış olan Əli Razi bundan sonra “Molla Nəsrəddin” ilə əməkdaşlığa başlayır. Əvvəllər məhəbbət mövzusunda şeirlər yazan ədib satira yolunu seçir və 1908-ci ildən başlayaraq bu üslubda ədəbi nümunələr yaradır. Onun “Molla Nəsrəddin”ə ilk gəlişi 1908-ci ildə jurnalın 4-cü sayında çap etdirdiyi “Arvadlarımız” felyetonu ilə başlayır. Sonra şairin bir-birinin ardınca “Məşruyətçilər”, “İranlılara”, “Dürtmələ”, “Neyləyir iranlılar” kimi satiraları məcmuədə dərc edilir.[1]

    Bayraməli Abbaszadə – “Mirzə Gülzar” imzası ilə həcvlər, satirik şeirlər yazmışdır. İrandakı ağır ictimai-siyasi vəziyyət, kəndlilərin qul kimi yaşamasını öz gözləri ilə görən Abbaszadə Məşrutə inqilabı dövründə Səttərxanla birgə mübarizəyə atılmışdı. Təqiblərdən yaxa qurtarmaq üçün Şimali Azərbaycana gələn Abbaszadə heç bir sənəti olmadığından hamballıq etmişdir. Onun “Hammal” imzası ilə yazıb-yaratması da bundan irəli gəlirdi. Millətinin azadlıq istəyini uca tutan “Hammal” bu yolda öz qələmi ilə mübarizə aparır, “Həllac” şeirində vətən və xalq yolunda ölməyə hazır olduğunu söyləyirdi.[1]

    Bunlardan əlavə, jurnalın mühərrirləri sırasında Mirzə Əli Möcüz Şəbüstəri, C.Cabbarlı, Əli Məhzun İrəvani, Müceyri, Süleyman Məlikov və b. da var idi.[1]

    Rəssamlar
    Jurnalın karikaturaları satirik yazılar qədər qüvvətli təsir bağışlayır və əsas ideyanın həyata keçirməsinə xidmət edirdi.

    Oskar Şmerlinq – “Molla Nəsrəddin”in ilk sayının bütün karikaturalarını rəssam Oskar İvanoviç Şmerlinq çəkimişdir. Mirzə Cəlil “Molla Nəsrəddin”i nəşr etməyə başlayanda Tiflisdə yaşayan Şmerlinqi işə dəvət edir. Bu barədə Mirzə Cəlil yazır:

    ” Bizim birinci işimiz, birinci vəzifəmiz gözümün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz nadirül vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustanə fırçası ilə təsvir etsin. Və istəyi tarixini 1906-cı ilində, aprel ayının 7-də səhnəyə intişara qoyulan birinci “Molla Nəsrəddin”in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı. ”
    Şmerlinqə şəkillərin mövzusunu, ideya istiqamətini, hətta süjetini Mirzə Cəlil və Ömər Faiq verir, tiplərin xarakterini, məkan və zamanı, onların mimikasını, cizgilərini rəssama başa salırdılar. Jurnalın ilk sayında Mirzə Cəlilin düşündüyü, təsvir etdiyi Molla Nəsrəddinin surətini də Şmerlinq çəkmişdir. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən Mirzə Cəlil yazır:

    ” Keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir daha yada saldıqda onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm. ”
    Şmerlinq də “Molla Nəsrəddin”də fəaliyyət göstərdiyi dönəmi iftixar hissi ilə xatırlayırdı:

    ” Əzizim Mirzə Cəlil” Bu gün bizim “Yeni fikir” qəzetinin müdiri sizin salamınızı mənə yetirdi… Keçmiş günlərin xoş xatirələri, xüsusilə “Molla Nəsrəddin”də birgə işimizlə olaqədar xatirələr məni fərəhləndirir. O vaxtlardan çox keçmişdir, ətrafımızda çox şey dəyişmişdir, amma bizim satira və yumora olan həvəsimiz əvvəlki kimi güclü qalmışdır. Siz Bakıda mənim üçün əziz olan “Molla Nəsrəddin”in nəşrini davam etdirirsiniz, mən də Tiflisdə həmin sahədə işləyirəm. ”
    İosif Rotter – məşhur karikatura və illüstrasiya ustası kimi tanınan İosif Rotterin də “Molla Nəsrəddin”in populyarlıq qazanmasında xidmətləri böyükdür. Şmerlinqin Tiflisdə işlərinin çoxluğu jurnalın tapşırıqlarını vaxtında görməyə imkan vermədiyindən Rotter məcmuənin işinə cəlb edildi. Bu barədə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşir öz xatirələrində söhbət açır. Rotter “Molla Nəsrəddin”lə 1906 -1914-cü illərdə əməkdaşlıq etmişdir.

    Əzim Əzimzadə – “İrşad” qəzetinin müştərisi Hacı Aslan Aşurovun karikaturasını çəkib “Molla Nəsrəddin”ə göndərir. Məcmuənin 1906-ci il tarixli 7-ci sayında karikatura dərc olunur. İlk əl işinin çapı onu hədsiz sevindirir, çəkdiklərini Tiflisə göndərir. Beləliklə, Ə.Əzimzadənin “Molla Nəsrəddin”lə əməkdaşlığı başlayır. Onun “Cənab Vitte”, “Millət dərdi çəkməkdən əriyib çöpə dönən müsəlman dövlətlisi”, “Hambala oxşayan tacir” karikaturaları jurnalın ayrı-ayrı saylarında çap olunur.

    Sovet hakimiyyətindən əvvəl Əzimzadənin şəkilləri jurnal səhifələrində az yer tuturdu. Sovet hakimyyəti illərində isə Ə.Əzimzadə jurnalın əsas rəssamı kimi tanındı. 1922-ci ilin payızında Mirzə Cəlil “Molla Nəsrəddin”in nəşrinin bərpası zamanı Ə.Əzimzadəni məcmuənin işinə cəlb edir. O, jurnalın baş rəssamı kimi fəaliyyət göstərib.

    Xəlil Musayev – Musayevin imzası 1913-cü ildən başlayaraq məcmuənin səhifələrində görünür. Həmin ildəki nömrələrin çoxunda onun şəkilləri və karikaturaları çıxmışdır. Onun çəkdiyi karikaturalardan biri “Molla Nəsrəddin” jurnalına edilən hücumlara həsr olunmuşdur. Şəkildə göstərilir ki, “Mola Nəsrəddin”in arxasınca böyük bir xalq kütləsi gedir, başqa bir tərəfdə də mürtəce dəstə jurnalı hədələyib deyir:

    ” Dayan, nə qədər ki,canımızda can var, qoymayacağıq sən cəmiyyəti yoldan çıxarasan. ”
    Musayev “Molla Nəsrəddin”dən başqa “Kəlniyyət”, “Babayi-Əmir”, “Məzəli” kimi satirik jurnallarda da iştirak etmişdir.

    Seyid Əli Behzad – jurnalın Təbrizdə çıxan nömrələrinin karikaturalarını çəkmək üçün rəssam Seyid Əli Behzad cəlb olunmuşdu. O “Molla Nəsrəddin” ənənələrini yaxşı mənimsədiyi üçün çəkdiyi karikaturalarla keçmiş karikaturalar arasında məntiqi rabitə var idi.

    Adları çəkilən rəssamlardan başqa jurnalda V.Kikadze, Ə.İbrahimzadə, Ə.Behzad və başqaları iştirak etmişlər.[1]

    Jurnalda dil məsələsi
    Mirzə Cəlil öz xatirələrində yazır ki, “Molla Nəsrəddin”də açıq ana dili ilə yazdığımız mətləbləri hamı açıq başa düşdü, elə asan başa düşdü ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən, yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində idarəmizə aydın cavablar gəldi.[1]

    Ədib daha sonra incə bir yumorla qeyd edir ki, biz açıq ana dilində yazmaqdan utanmadıq. Birinci nömrənin baş məqaləsində yazdıq ki, açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir: çünki yazanın savadının azlığına dəlalət edir.[1]

    Azərbaycan burjuaziyasının ideoloqları Azərbaycan xalqının, Füzulinin, Vaqifin, Axundovun, Zakirin dilini inkar edirdilər. Ə.Kamal açıq-açığına deyirdi ki, azərbaycanlıların ayrıca bir dili yoxdur, onun ədəbiyyatı və incəsənəti də müstəqil deyildir. Bu cür fitnəkarlığa “Molla Nəsrəddin” jurnalı göz yummadı.[1]

    Jurnal həm ərəbçilik, farsçılıq, osmançılıq həm də dili lüzumsuz yerə rus sözləri ilə korlamağın ziddinə idi. “Osmanlı dili” adlı məqalədə C.Məmədquluzadə türkçülüyə meyl edən ziyalıları məharətlə lağa qoyur. Jurnal “Dil” adlı felyetonda köhnə əlifbanın yararsızlığını, “Bizim obrazovannılar” felyetonunda varvarizmini kəskin təndiq edirdi. Jurnalda verilən bir şəkildə təsvir olunur ki, bir nəfər azərbaycanlını yıxıb onun ağzına zorla ərəb, fars, rus dillərini soxurlar. Azərbaycanlı isə deyir:[1]

    ” Ay qardaşlar! Mən ki, dilsiz xəlq olunmamışam, dilləri ağzıma
    soxursunuz.


    “Molla Nəsrəddin” başqa dilləri öyrənməyin ziddinə deyildi. Jurnal rus dilinin böyük təbliğatçılarından idi. Mollanəsrəddinçilərin hər biri öz ana dillərindən başqa 2-3 dil bilirdilər. Onlar başqa dillərin öyrənilməsini lüzumunu qeyd edir, eyni zamanda, Azərbaycan dilinin saflığı uğrunda da mübarizə aparırdılar. “Molla Nəsrəddin”in dili geniş xalq kütlələrinin başa düşdüyü açıq, aydın Vətən dili idi.[1][3]

    Jurnalda qadın azadlığı məsələsi
    “Molla Nəsrəddin” Azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda inadla çarpışmışdır. Jurnal qadınların da kişilərlə bərabər hüquqa malik olmasını tələb edirdi. “Xanımlara”, “Zəncir”, “Erməni və müsəlman övrətləri” felyetonlarında cəhalətpərəstlik şiddətlə tənqid atəşinə tutulurdu.

    C.Məmmədquluzadə “Köhnə dərdim” adlı məqaləsində yazırdı:[1]

    ” Şərq qadını məsələsi mənim köhnə dərdimdir… Nədir onların dərdi?.. Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən… ”
    “Keçən günlər”, “Mıncıq”, “Məryəm xanım”, “Mırt-mırt”, “Dağarcıq” felyetonlarında və digər satirik yazılarda jurnal qadın azadlığının bir mətləbini, bir incə xüsusiyyətini oxucuların gözü qarşısında canlandırmışdır. Sovet hakimiyyəti illərində “Molla Nəsrəddin” ilk nömrədən başlayaraq qadın azadlığı problemini rişədən həll etməyi irəli sürmüşdü:[1]

    ” Rişədən başlamaq. Hökumət tərəfindən gərək belə bir qanun qoyula ki, on səkkiz yaşa çatmamış heç bir qız ərə gedə bilməz. ”
    1918-ci il
    Uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa etdi. Rus imperiyası daxilində baş verən inqilabi proseslər, xalqların öz müqəddəratını təyinetmə arzuları “Molla Nəsrəddin”çiləri, o cümlədən C.Məmmədquluzadəni düşündürməyə bilməzdi. C.Məmmədquluzadənin 1917-ci ilin noyabrında dərc olunan “Azərbaycan” məqaləsi bu istəkdən doğurdu.

    “Cümhuriyyət” adlı məqaləsində çarizmin süqutunun obyektiv tarixi proses olduğunu yazan C.Məmmədquluzadə xalq hakimiyyəti və demokratik respublika qurulmasının vacibliyini irəli sürürdü:

    ” Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri, o cümlədən də biz müsəlmanları məşğul edən tək bir məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir. Cümhuriyyət, yəni latınca “respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri. ”
    1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal yenidən nəşrini dayandırdı. Həmin ilin sentyabr ayında Tiflisdə Ə.Qarayevin redaktorluğu altında çıxan “Tartan-partan” jurnalı “Molla Nəsrəddin”in yoxluğuna işarə ilə deyirdi:[1]

    ” Molla Nəsrəddin” gedəndən bəri heç üzümüz gülmür. ”
    Mirzə Cəlil 1918-1920-ci illərdə yoldaşı Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Xalq Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, müstəqil dövlətçilik ideyasını dəstəkləyirdi.

    Jurnalın Təbriz dövrü
    1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getdi və o, 1921-ci ilin fevralında “Molla Nəsrəddin”in nəşrini Təbrizdə yenidən bərpa etdi. Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü.[1][2][3]

    Tədqiqatçı Qulam Məmmədli öz müsahibələrinin birində “Molla Nəsrəddin”in Təbriz nəşrinə aydınlıq gətirərək yazırdı ki, C.Məmmədquluzadə ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçdükdən sonra jurnalın çapını bərpa etmək istəyir. Onun “Molla Nəsrəddin”i azərbaycanca nəşr etmək istəyinə İran hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. Mirzə Cəlil isə İran hökumətinin bu tələbi qarşısında söyləmişdi:

    ” Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i erməni dilində nəşr edim. ”
    C.Məmmədquluzadənin bu sərt münasibəti jurnalın Təbrizdə ana dilində nəşrinə səbəb oldu.[1][3]

    Jurnalın Bakı dövrü
    Sovet hökumətinin təşəbbüsü ilə 1922-ci ilin iyununda “Molla Nəsrəddin”in nəşri Bakıya köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır.[1][2][3] C.Məmmədquluzadə ilə danışıqlar aparanlar onu Təbrizdən Bakıya köçüb, jurnalın sərbəst şəkildə çapının həyata keçirilməsinə kömək göstəriləcəyinə inandırdılar. Bakıya gəldikdən sonra isə Mirzə Cəlil vəziyyətin tamamilə dəyişdiyini, verilən vədlərin doğru olmadığını gördü. Qulam Məmmədli “Molla Nəsrəddin”in sovet dövrünü öz müsahibəsində belə təsvir edir:

    ” Mirzə Cəlillə Mərkəzi Komitə arasında mübahisə başladı: “Jurnal necə çıxacaq və nədən yazacaq?” M.Cəlil deyirdi: “Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çıxarmağa icazə verilmir. Mən isə “Molla Nəsrəddin”i özüm yaratmışam, özüm satmışam, özüm də nə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksizmi? ”
    Jurnalın Sovet Azərbaycanında ilk nəşri 1922-ci ilin noyabrında həyata keçirildi. Bu nömrədə “Bakı nefti” adlı şeir və karikatura verilmişdi. Əli vedrəli, bankəli, qab-qacaqlı kim varsa, bu neft inəyinə hücum edib, onu sağmaq istəyir. “Hücumçular” qismində isə İngiltərə, Fransa, İtaliya, ABŞ və Rusiya kimi dövlətlər idi. Karikaturanın dərci böyük hay-küyə səbəb oldu. Sorğu-sual başlanılanda Mirzə Cəlil demişdir:

    ” Azərbaycan neftini kəndlilərimiz gedib qonşu respublikalardan birə on qat baha alıb, yandırırlar ki, qaranlıqda qalmasınlar. ”
    Jurnalın ideya-siyasi istiqamətləri barəsində Mərkəzi Komitənin səlahiyyət sahibləri ilə Mirzə Cəlil arasında çox dialoqlar, “tərbiyəvi söhbətlər” aparılsa da, o öz fikrindən dönmədi. Belə bir vəziyyətdə məcmuənin nəşrinin M.S.Ordubadinin nəzarəti altında həyata keçirilməsi qərarlaşdırıldı. M.Cəlilin xəbəri olmadan buraxılan saylarda baş redaktor kimi yenə də onun adı yazılırdı. Bunu qəbul etməyən Mirzə Cəlil M.S.Ordubadiyə yazırdı:

    ” Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəm. ”
    1925-ci ildən sonra C.Məmmədquluzadənin həyatında ciddi sarsıntılar baş verdi. Bu böyük ədibin istəmədiyi, yaxın buraxmadığı məqsədləri, ideyaları “Molla Nəsrəddin”də həyata keçirməyə başladılar. “Molla Nəsrəddin”i Allahsızlar Cəmiyyətinin orqanına çevirdilər. Beləliklə, 1925-ci ildən jurnalın baş redaktorunun adı əvəzinə, “Heyəti-təhririyyə” yazılırdı. Qulam Məmmədli öz xatirə müsahibəsində qeyd edirdi:

    ” 1922-ci ildən sonra “Molla Nəsrəddin” tamamilə simasını itirdi. Mirzə Cəlil ağır-mənəvi və sözün əsl mənasında maddi çətinliklər içərisində qaldı. Nəhayət, 1930-cu ildə xəstələndi. 1931-ci ilin sonunda ağır vəziyyətə düşdü. 1932-ci ilin yanvarın 4-də o, dünyanı tərk elədi. ”
    “Molla Nəsrəddin”in isə sonuncu nömrəsi 1931-ci ildə buraxılmışdı.[1][2][3]

    Təsiri
    Jurnal çar Rusiyasının bütün müsəlman bölgələrində, Yaxın və Orta Şərq ölkələrində yayılıb, islam dünyasında demokratik mətbuatın inkişafına təsir göstərib.

    “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul (jurnal)” (1907), “Azərbaycan (jurnal, 1906),” “Kirpi”(jurnal), “Zənbur (jurnal)” (1909-1910), “Mirat” (1910), “An” (1910-1911), “Kəlniyyət” (1912- 1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir (jurnal)” (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur (jurnal)” (1918-1919), “Zənbur (jurnal)” (1919), “Məşəl (jurnal)” (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.

    Hətta XXI əsrdə də jurnalın ideyalarının davamçıları var. Müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə “Molla Nəsrəddin” səhifələri yaradılır, jurnalın müxtəlif saylarındakı məqalələr və karikaturalar oxucularla paylaşılır. Bu jurnal istər özünün varlığı ərzində istərsə də sonra dünyanın bir sıra görkəmli şərqşünas alimləri tərəfindən tədqiq və təqdir edilmişdir.

  • Dastan haqqında məlumat

    Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

    Qəhrəmanlıq dastanları
    Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

    Məhəbbət dastanları
    Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.

    “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.

    Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.

    “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.

    Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.

  • Lirik növ

    Lirika “lira” sözündən olub, yunanca simli musiqi alət deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir.

    Lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər öz əksini tapir. Lirik seirin əsas qəhrəmanı müəllif özüdür. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik əsərlər epik əsərə nisbətən kiçik olur. Lirik əsərlər məzmunca 2qrupa bölünür:

    Məhəbbət lirikasi
    İctimai-siyasi lirika
    Aşıq sifahi ədəbiyyatında janrlari nəğmə, bayatı, ağı və mahnıdir.

    Yazılı ədəbiyyatda isə janrları qəzəl, qəsidə, qitə, rübai və müxəmməsdir.

    Ədəbiyyat həyatı bədii obrazlarla əks etdirən söz sənətidir. Ədəbiyyat iki yerə ayrılır: şifahi və yazılı. Şifahi ədəbiyyata aid olan nümunələrin müəllifi yoxdur. Onlar ağızdan- ağıza, dildən- dilə keçərək bu günkü dövrümüzə qədər gəlib çatmışdır. Yazılı ədəbiyyata aid olan nümunələrin müəllifi var. Laylalar, əzizləmələr,dastanlar və s. şifahi xalq ədəbiyyatının maraqlı nümunələrindəndir. Hekayə, pyes, poema və s. yazılı ədəbiyyatın maraqlı nümunələrindəndir. Yazılı ədəbiyyatın sonralar yaranmasının səbəbi elə yazının da sonralar yaranmasıdır.

    Ədəbiyyatın üç ədəbi növü var:lirik, epik, drammatik.

    Lirik növ nəzmlə olur. (şeir dili)
    Epik növ nəsrlə olur. (nağıl dili)
    Drammatik növ həm nəzmlə, həm də nəsrlə olur.

  • Epik növ

    Epik növ (yun. έπος — nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növ. Ədəbiyyatşünaslıqda “danışmaq”, “nəql etmək” əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur.

    Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən – bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.[1]

    Epik əsərlər şəkli yazılışlarına görə üç formada – nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər. Məsələn, M.S.Ordubadinin romanları nəsrlə, Nizaminin poemaları nəzmlə, A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi həm nəsr, həm də nəzmlə yazılmışdır.

    Epik növün janrları
    Təmsil
    Hekayə
    Novella
    Oçerk
    Povest
    Roman
    Poema
    Xatirə

    Epik növün şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda isə aşağıdakı janrları vardır:

    Təmsil

    Şeir və ya nəsr ilə yazılmış satirik xarakterli tərbiyəvi ədəbi əsər. Təmsil qısa tərbiyəvi sonluqla bitir. Təmsildə insanlardakı nöqsanlar düşündürücü və güldürücü şəkildə çatdırılır. Təmsildə insanların xüsusiyyətləri heyvanların dilindən oxuculara çatdırılır.

    Hekayə

    Hekayə kiçik həcmli süjetli əsərin bir növüdür. Hekayənin əsas xüsusiyyəti insan həyatının konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvir olunmasıdır. Hekayə daha çox nəsrlə olur. Nəzmlə yazılmış hekayələr də vardır. Bu cür hekayə mənzum hekayə adlanır.

    Novella

    Hekayə janrının gözlənilməz nəticə ilə bitən növüdür. Novella həm də gülməli, yumorlu məzmun daşıyır.

    Oçerk

    Kiçik həcmli, sujetli əsərlərin bir növü də oçerkdir. Oçerkdə həyatda olmuş konkret hadisə haqqında yığcam şəkildə danışılır. Oçerk daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur və əsasən nəsrlə yazılır.

    Povest

    Həcmcə hekayədən böyük olan nəsr əsəridir. Povestdə hekayədən fərqli olaraq obrazların sayı çox, hadisələrin təsviri geniş olur. Povestdə hadisələr bir neçə xətlə inkişaf edir. Ədəbiyyatımızda povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəridir.

    Roman

    Epik növün həcmcə ən böyük janrlarından biri romandır. Bu janrın əsas xüsusiyyəti təsvir olunan hadisələrin genişliyi və əhatəli olmasıdır. Romanda hadisələr çoxşaxəli olur və bir neçə xətlə inkişaf edir. Hadisələrin geniş təsviri ilə bağlı romanda surətlərin sayı da çox olur. Roman əsasən nəsrlə yazılsa da, nəzmlə də olur. Nəzmlə yazılan romana mənzum roman deyilir.

    Xatirə

    Müəllifin şəxsən şahidi olduğu hadisələri əks etdirən əsərə deyilir. Ədəbiyyatşünaslıqda xatirə ədəbiyyatına memuar da deyilir. Bu janrın əsasında yazıçının gündəlik qeydləri və ya xatırladığı hadisələr dayanır. Xatirədə çox vaxt vahid sujetxətti olmur.

  • Dramatik növ

    Dramatik növün başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.

    Dramatik növünün aşağıdakı janrları var:

    Faciə, Komediya, Dram

    Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya.[1] Attika faciəsi – (hərfi “keçilərin mahnısı”). Yunasıtanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən “satir”lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud “keçilərin” belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1]

    Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur.

    Komediya — dramatik və ədəbi növ, həmçinin kinojanr, məcazi mənada – gülməli əhvalat, hoqqabazlıq, oyunbazlıq və s.

    İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Komediyada gülüş, yumor və satira xarakteri daşıya bilər. Vodevil, fars (ədəbi janr), musiqili komediya, tragikomediya və s. janrları var. Komediya sənətinin mənşəyi Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən xalq şənliklərindən və tamaşalarından başlanır. Klassik komediyanın ən yaxşı nümunələrini Aristofan, Menandr, Uilyam Şekspir, Lope de Veqa, Jan Batist Molyer, P. Bomarşe, K. Qoldoni, Bernard Şou, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov və başqaları yaratmışlar. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun adı ilə bağlı olan komediyanı Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Sabit Rəhman, Mirzə İbrahimov və başqaları inkişaf etdirmişlər.

    Dram (yun. δρᾶμα, translit. drama; “hərəkət”) — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termin. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur.

    Dramatik yaradıcılığın spesifik problremlərinə müraciət edərək, hər şeydən əvvəl, “dram” terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, “dram” sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq.

    Dram nəzəriyyəsi
    Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır. Bunlardan biri onun praktiki, digəri isə onun nəzəri tərəfidir. Yəni, hər hansı bir predmetin nəzəriyyəsidir. Təcrübə göstərir ki, nəzəriyyə mövcud materialdan, praktikadan doğur, onlardan irəli gəlir.

    Bütün bədii sənətin özünəməxsus nəzəri əsasları olduğu kimi, dramın da nəzəri əsasları, nəzəriyyəsi mövcuddur və bizim sizinlə birlikdə keçəcəyimiz predmet dramın nəzəri əsaslarını öyrənməyə, mənimsəməyə xidmət edəcəkdir..

    Dram janrı
    Dram janrı mövcud olandan bu günə kimi dramın nəzəri problemlətrinə dair çoxlu əsərlər yazılmışdır. Ədəbiyyatın başqa növləri ilə müqayiisədə dramın nəzəriyyəsi haqqında yazılan elmi əsərlər üstünlük təşkil edir.

    Təkcə onu demək kifayətdir ki, antik dövrdən başlayaraq, XIX əsrə kimi dram haqqında təlim eyni zamanda bütövlükdə bədii sənət haqqında nəzəriyyə idi. Drama və teatra bədii yaradıcılıq imkanlarını həyata keçirən bir vasitə kimi baxılırdı. [[Aristo”Poetika” əsəri dramatik janrlardan biri olan faciənin təliminə həsr olunmuşdur. Klassizm dövrünün ədəbiyyatı da dramaturgiyanın problemlərini ön plana çəkirdi. Maarifçilik dövründəki sənətin nəzəriyyəsi də xeyli dərəcədə teatrın estetikası ilə əlaqəli idi. Və nəhayət, Hegelin estetik sistemi də dramatik sənət haqqında anlayışlarla yüklənmişdir. Onun “Estetika haqqında mühazirələr” əsərində dram sənətinin bir sıra nəzəri məsələləri işıqlandırılmılşdır.

    Keçmiş əsrlərin dram nəzəriyyəsini estetik fikrin böyük nəaliyyətləri kimi qiymətləndirmək olar. Əldə edilmiş bu nəaliyyət ədəbiyyat və teatr sahəsindəki müasir mütəxəssislər üşün də əhəmiyyətli və qiymətlidir. V.Xalizev ” Драма как явление искусства ” əsərində göstərir ki, dramın klassik nəzəriyyəsinə dair bir çox məsələlər köhnəlmişdir. Keçmiş yüziliklərin nəzəriyyəçiləri tarixi lokal təcrübəyə əsaslandıqlarından onların mühakimələri, mülahizələri sənətin sonrakı inkişafına uyğun gəlmirdi.

    Bununla belə, dramın klassik nəzəriyyəsi normativ şəkildə idi. Onlar yazıçıların yaradıcılıq imkanlarını bir çox hallarda məhdudlaşdırırdılar. Bizim dövrün sənəti, o cümlədən, teatral-dramatik sənət bütün doqmatik normativlərdən uzaqlaşmağı tələb edir. Bununla əlaqədar olaraq dram nəzəriyyəçiləri keçmişin dram nəzəriyyəsinə tənqidi yanaşmaq, yəni nəyin köhnəldiyini və hansı xüsusiyyıtin bu gün də əhəmiyyət kəsb etdiyini aydınlaşdırmağı tələb edir.

    Dramda xüsusiyyətlər
    Digər tərəfdən də dramın estetikada üstünlük təşkil etməsi onun öyrənilməsi üçün bəzi mənfi nəticələri olmuşdur. Nəzəri işlərdə təkcə drama deyil, habelə digər epik əsərlərə xas olan cəhətlər (xarakterlərin təsviri, konflikt, süjet, kompozisiya) ön plana çəkilirdi. Məhz drama məxsus xüsusiyyətlər az öyrənilirdi. Bu fikri görkəmli teatr və dram nəzəriyyəsi tarixçisi A.Anikstin dram nəzəriyyəsini öyrənilməsinə dair həsr edilmiş faktlarla zəngin olan bir neçə kitabları buna sübut ola bilər. Dramatik sənətin nəzəriyyəsi sferasına əsas etibarilə Aristoteldən tutmuş bizim dövrümüzə qədər katarsis, tragiklik və komiklik, fərdi və tipiklik, xarakterlər və konfliktlər və s. bu kimi problemlər daxildir. Dramatik sənətin təkrarolunmaz xüsusiyyətləri bu gün də lazımı səviyyədə aydınlaşdırılmamışdır.

    Keçmiş İttifaqın bir çox nəzəriyyəçiləri, tənqidçiləri, yazıçıları da dramaya söz sənətinin hüdudlarından kənara çıxan sintetik forma kimi baxmışlar. Onlar dram haqqında danışarkən çox zaman rejissor tərəfindən tamaşaya qoyulan və aktyorlar tərəfindən oynanılan bədii teksti deyil, dramatik tamaşanın özünü nəzərdə tuturlar. Bu zaman drama sənətinin pantomima sənəti ilə sintezi kimi, obrazın təkcə söz ilə deyil, həm də incəsənətin başqa növlərinə xas olan bədii vasitələrlə yaradıldığı əsər kimi müəyyənləşdirilir. Drama haqqında belə mülahizələr onu ədəbiyyatın hüdudlarından kənara çıxarır, onu sanki teatr sənətində əridir.

    Və nəhayət, dördüncüsü, “drama” sözü ədəbiyyatın növlərindən biri adlanır. Asristoteldən və Platondan başlayaraq, drama söz sənətinin növlərindən biri kimi nəzərdən keçirilir.

    Dramatik əsərin xüsusiyyəti
    Dramatik əsər süjetlidir. Onlarda zaman və məkan, cərəyan edən hadisələr göstərilir.

    Süjetin söz ilə ifadə olunması üçün iki üsul mövcuddur: birincisi, əvvəllər baş vermiş hadisələr haqqında “kənardan” danışılsın; ikincisi , personajların özlərinin nitqləri. Bu bədii nitq arasındakı münasibət epos və dramın özünəməxsusluğunu müəyyən edir.

    Eposda nəqletmə və iştirakçıların nitqləri sərbəstdir. Eposun imkanları daha genişdir ki. bunu dram haqqında demək olmaz. Dramın mətni aktyorlar üçün səhnədən deyilmək, söylənmək məqsədilə nəzərdə tutulur.O eposa məxsus olan universallıqdan məhrumdur.

    Dramatik əsər hər şeydən əvvəl öz həcminə görə məhduddur. Bunu da teatral sənətin şəraiti tələb edir. Dramatik əsərlər portret və peyzaj xarakteristikaları, ətraf mühitin təsviri, əsərdəki hadisələr iştirakçıların sözlərində öz ifadələrini tapır.

    Dramın xarici xsüsusiyyətləri nəzəriyyəçi alimlərin diqqətini cəlb etmişdir. Alman romantizmi dövründən etibarən dramın nəzəri cəhətdən təhlili fəlsəfi koteqoriyaların köməyi ilə aparılmalıdır.Məsələn, Hegel dramaya obyektivlik ilə subyektivliyin sintezi kimi baxmışdır.

    Dramatik əsərin özünəməxsusluğu hər şeydən əvvəl onların nitqləri ilə müəyyənləşdirilir. Dramın ədəbi növü kimi xarakterizə olunmuş xüsusiyyətləri ilkindir, başlanğıcıdır. Məhz dramatik əsərlərin tanıma imkanları onlarla şərtlənmişdir ki, onlar haqqında gələcəkdə danışılacaqdır.

    Dram nəzəriyyəsinə dramatik poeziyanın sosial təbiətinin, ideya-bədii əsaslarının və xüsusiyyətlərinin, onların mahiyyətinin və təyininin, yəni vəzifəsinin tədqiqi, dramaturji strukturanın kökü, onun tarixi cəhətdən formalaşan və inkişaf edən janrlarının dəyişikliyi, ayrı-ayrı dramaturji əsərlərin quruluşu, təhlil prinsipi və s. daxildir.[1]

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bizim şeir gecəmiz”

    Xalq şairi Söhrab Tahirə

    Yuxuda gördüm ki, yenə görüşdü,
    yığılıb el gəlir yanıma səssiz.
    Bakı elə böyük, elə genişdi;
    Söhrab,
    bildirişsiz, dəvətnaməsiz
    Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən,
    gəlib şerimizi dinləyir Vətən.

    Anan Nəsibəni görürəm, Söhrab,
    Al! – deyib, çörəyi batırır duza.
    Baş əyib, mən salam verirəm, Söhrab,
    bizim o taydakı oxucumuza.

    Uşaqlar görürəm sonra arada,
    şeir gecəmizə gənc, qoca gəlib.
    Sonra Pişəvəri… qabaq sırada,
    deyirlər, səngərdən birbaşa gəlib.

    Uzanır qarşımda bir qumlu səhra,
    durub gözləyirəm Günəşi – doğsun.
    Sən niyə susursan qarşımda, Söhrab,
    Niyə demirsən ki, yuxun çin olsun?!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Çöllərəmi tapşırdın məni”

    Gözlədə-gözlədə qocaltdın məni,
    Mən ki, yuxudaydım, ayıltdın məni.
    Nə tutdun əlində, nə atdın məni,
    Özgə əllərəmi tapşırdın məni?

    Ətrimi gül aldı, çiçək apardı,
    Üzümün rəngini bir rəng apardı.
    Çağırdım, səsimi külək apardı,
    Əsən yellərəmi tapşırdın məni?

    Bu günü gözlədim, sabaha qaldı,
    Sevincin axırı bir aha qaldı.
    Yeganə ümidim Allaha qaldı,
    Gələn illərəmi tapşırdın məni?

    Dağlara çən düşdü, xəbər tutmadın,
    Saçıma dən düşdü, xəbər tutmadın.
    Ayrıldıq, gen düşdük, xəbər tutmadın,
    Yaman dillərəmi tapşırdın məni?

    Könlümü alanda, könlüm deyərdin,
    Məni iyləyərdin, gülüm deyərdin,
    Adımı deməzdin, Leylim deyərdin,
    Məcnun, çöllərəmi tapşırdın məni?

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Keçdi belə”

    Bir gözələ dönüb baxdım,
    Gün vurdu, əridim-axdım.
    Əldən kəkliyi buraxdım,
    Salam verib keçdi belə.

    Sən demə, qonşunun qızı,
    Dönüb olub ay parası.
    Özüm-özümdən narazı,
    Dedim daha gecdi belə.

    Od içində elə yandım,
    Yandığımı sonra dandım.
    O güləndə, mən utandım,
    Gördüm ömür keçdi belə.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

    Poyluda mən doğulmuşam,
    Poyluda Nazim yaşayır.
    Könüldə sevgi-məhəbbət,
    sazda sarı sim yaşayır.

    Ağstafa, Poylu, salam!
    Alməhəmməd oğlu, salam!
    Ata payım, oğul balam,
    mənim əvəzim yaşayır.

    Atamın çırağı yanır,
    anamın ocağı yanır.
    Səni anır, məni anır –
    eşqim, həvəsim yaşayır.

    Poyluda bir ünvan qalıb,
    O, məndən nigaran qalıb.
    Gedən gedib, qalan qalıb,
    tanış-bilişim yaşayır.

    Əyilməsin uca başın,
    sevinsin torpağın, daşın.
    A qızım, sənin qardaşın,
    mənim ləlşim yaşayır.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Səndən qabaq, məndən qabaq”

    Əsli sevib, Kərəm sevib,
    o göz yaşı, bu qəm sevib.
    Tarix boyu aləm sevib –
    səndən qabaq, məndən qabaq.

    Dan sökülür, yer oyanır,
    qaranlıqlar işıqlanır.
    Dan ulduzu göydə yanır –
    Aydan qabaq, gündən qabaq.

    Niyə sevənlər ağlayır?
    Baxtı yolunu bağlayır.
    Din bu eşqi günah sayır,
    Tanrı da var dindən qabaq.

  • Azərbaycanın pravoslav xristian icmasına

    Azərbaycanın pravoslav xristian icmasına

    Hörmətli həmvətənlər!

    Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

    Yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən biri kimi tanıtmışdır. Etnik-dini müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması və təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə zəngin təcrübəsi açıq şəkildə göstərir ki, multikulturalizm cəmiyyətdə həmrəyliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.

    Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər.

    Dirçəlişi, yeniliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Pasxa bayramı insanların qəlbində inam və gələcəyə ümid hissi oyadır, onları xeyirxahlığa yönləndirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

    Bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 26 aprel 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Şəfa VƏLİYEV.”Afət VİLƏŞSOY haqqında bir neçə söz”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gəncənin Əttarlar küçəsiylə Cavadxan küçəsinin kəsişməsində bir qoca kişi otururdu həmişə. Heç vaxt yanından keçən insanların üzünə baxmazdı; ya yerə baxırdı, ya göyə. Tələbəydim, naşıydım, bir gün onun yanındaca ayaq saxladım, maddım-maddım qırışmış əllərinə, corabının başına dürtüşdürdüyü balaqlarına baxdım.
    -Baba, harda yaşayırsan?-deyə soruşdum.
    -Mən yaşamıram, bala…-dedi başını qaldırmadan…-Məni dədəmin çomağına tapşırıb gəldiyim o kəndin “ah”ı öldürüb daha…
    Nədənsə, o kişini də, dediyi sözləri də hərdən xatırlayıram. Amma, bayaq dedim axı, naşıydım, o kəndin yolunu-izini öyrənməmişdim…
    Bu axşam o kişini “öldürən”, “yaşamağa qoymayan” “ah”ı yenidən gördüm. Özü də Afət Viləşsoyun şeirində…

    Gedə bilmədikcə mənzil uzanır,
    Yolları tutacaq o kəndin “ah”ı.
    Mərtəbə-mərtəbə dəli olmaqdı
    Göydələn-göydələn darıxmaq axı.

    Gedə bilməyin fəlsəfəsidir içimizdə yığılıb qalan hüzn qələbəliyi… Bəlkə elə ona görə mən: “Gedişlər möhtəşəmdi, Yola salan sağ olsun!”-deyə bilmişəm. Bu gün anlamışam; Afətlə həmfikirik… O, yazır:

    İnan qalmağını istəmirəm də,
    Sənin yaraşığın getməyindədir.

    “Ağlının ürəyinə yarına bilmədiyini” anlayan Afət öz gedəninə minnətçi düşə bilir, “danla gözlərimi, bəlkə, kiriyə…” –deyir, təki onu yola salmaqda gecikməsin. “Bütün ayrılanlar ağıllı olmur, Bütün ayrılıqlar dəli eləyir.”-gerçəyini bilə-bilə gün-gün yorulan “ömür” adlı yolçudan şikayət etməyə də vaxt tapır bu gediş anında:

    Üşüdürsən yaddaşımın küncünü
    İsitdiyin günlər çıxır yadımdan.
    Qorxduğumuz başımıza gəlir ki-
    Qarı qalır xəyal kimi qadından.

    Mən “ay anam qızılgül, nənəm qızılgül” deyəndə, əslində, qızılgüllə doğmalaşmaq istəmişəm. Amma, Afət nənəsinin kədərli baxışındakı payız hüznünü də şeirə gətirib: “Üzü payız nənəm, ətri yaz nənəm…” Payızın özünü isə sözün bütün çalarlarıyla bəzəyib-düzəməyə ehtiyac duymayıb, hisslərin ən möhtərəmiylə anlatmağa çalışıb:

    Darıxmağın yaşı yox,
    Payız elə payızdı…

    “Yarpaq” şeirində Afət təzadın özəyinə enib. Payızın romantikliyinin arxa fonundakı realizmi də gözlər önünə sərib. “Qədri bilinməyən qadınlar kimi Nisgili oxundu dodaqlarından” deyə əzizlədiyi payızın “sevgisini göstərmək üçün budaqdan atılıb intihar etdiyini” bilir. Amma, “meşşan küləklərə oyuncaq olan yarpaqların” bir insanın sual duruşuna çevrildiyinə təəssüf etdiyini də gizlətmir:

    Növbə süpürgəçi qarıya çatır-
    Taleyi əbədi suala dönür.

    “Qadın əlcəyi” şeiri haqqında nəinki məqalə, ayrıca bir monoqrafiya da yazmaq olar. Obraz olaraq qadın əlcəyi bir az nostaljinin, bir az sirrin, bir az da hikkənin “ünsiyyət vasitəsidir”. Ötən əsrdə qərb ədəbiyyatında əlcəklər qadın obrazın oxucuya təqdimatında mühüm rol oynayırdı. Müasir ədəbiyyat isə bu əlcəkləri çoxdan “soyunub”. Ona görə də Afətin şeirini hamının oxumağını istəyirəm…

    Kiminin ilk həya,ilk arı qalıb,
    Kiminin toxunuş nübarı qalıb,
    Yaralı sevdanın qubarı qalıb,
    Xatirə yeridir qadın əlcəyi.

    Gizli arzularla anlaşa bilər,
    Həsrətdən od tutub alışa bilər,
    Buraxsan,dil açıb danışa bilər,
    Diridən diridir qadın əlcəyi.

    Barmaqlar ağlayar,lap dəlicədir,
    O doğma təması ürəyincədir,
    Qadın nəfəsindən daha incədir,
    İlk eşqin sirridir qadın əlcəyi.

    Afət Viləşsoy Viləşçayın sahillərindəki əfsanələri nar dənəsi kimi əzizləməyə qərarlıdır. “Naxış həvədən böyükdü“ misrasındakı naxışı bilməyən yoxdur, amma həvəni tanıyan az adam var. Həvə xanada xalça, kilim toxuyanların hər ilmədən sonra sinəsinə sıxdığı alətdir. O, hər bir naxışın hökmdarıdır. Amma, vay o gündən ki, Afətin dediyi kimi, „naxış həvədən böyük ola…“ Əgər bu hal baş veribsə, deməli, hardasa bir fırtına qopub, kimsə kədərin burulğanında bəxt yolunu azıb…

    Afətin uzaq anlayışı da tam fərqlidir. O, uzaqların dibsiz qaranlıqlar olduğunu anlatmaq üçün fərqli sözlər seçib. Hətta, bu dibsiz qaranlıqlarla mübarizə aparıb-aparmamağın insan xarakterindən qaynaqlandığını izah etməyə çalışıb.

    Adamdan adama fərq olur, adam,
    Qaçıb uzaqlara qərq olur adam…

    “Baxma sənə şeir yazır əllərim, Başımdakı yüz fikirdən birisən” –deyəndə də Afət Viləşsoy səmimidir. “Hər gün şeir yazırsan?” sualı ilə o qədər rastlaşmışam ki… Verməyə cavabım olsa da, cavab verməyə halım olmayıb çox zaman… Amma, Afət iki misra ilə bundan sonra ünvanlanacaq bu tipli sualların cavabını birdəfəlik verib.

    Afət Viləşsoy bu axşam mənə “Yeni kitabım çıxacaq, Şəfa…”-dedi. Mən təzələri-köhnələri bir-birinə qatdım. “Mənim adım Vətəndir” kitabın xoş gəlir, Afət! “Qırmızı termos”da evini daşıyan adamı tanıyıram… “Bir günlük şahzadə” də müasir insana yad deyil. “Gilənar” yeyənin ağzındakı turşuluq qədərdi bəzən xoşbəxtliyin ömrü… Amma, yenə də Vətən olmaq hər ürəyə nəsib olmur. Nəsibin mübarək, Afət!

    Şəfa Vəli (aprel, 2019)

  • Emin PİRİ.”Birinci məktub”

    Birinci məktub
    Bir az əsmər, bir az günəş-şokolad qız,
    sən gedəli
    Burda şirniyyatların dadı qaçıb.

    Venesiyanın suları
    gecələr pıçıldayırmı qulağına
    Sumqayıtın yalnızlığını?

    Heç gördünmü
    Eşqə qalxmışam desin kimsə?
    Hamı düşdü,
    düşdü.

    Düşmək qalxmaqdı
    necə ki, Yusifi endirdilər
    qalxmasıyçün
    Allahın eşq quyusuna.
    Sən də mənim eşq quyumsan
    balıqların Marian zirvəsi kimi.

    Ayaqlarımın addımlamağı
    əllərimi aldatmaqdı
    səcdə edir getdiyin yollara.
    Üzümü hara tutum dua edəndə
    Məkkəyə, Vatikana
    Yoxsa Venesiyaya?

    Bədənimdən ayrı düşən ayaqlarım,
    “Axilles dabanı”msan.
    Kişilər qadınsız yeriyə bilməz bu həyatı.

    Günəşə həsrət mamırlar
    ayağına dolanıb yalvarırmı
    getmə, qal, əsmər günəş-deyə?!

    Üzük yerinə
    öpsəmmi barmağından?!

    …bəlkə də, bir itimiz olar,
    adını Kio qoyarıq.
    Sevgi dilində danışır itlər-
    elə mənim dilimdə.
    Çox yorulmuşam, şokolad qız…
    Bu həyatdan nə doydum, nə də bezdim.
    Yoruldum,
    yoruldum, şokolad qız.

    Aldadasan hamını…
    Elə özünü də
    Tanrını da
    Onun yazdığı 75 illik ömrü də
    33 yaşında
    atasan özünü
    dənizin qolları arasına.

    Cırasan alın yazısının qalan səhifələrini
    balıqlar öpə gözündən,
    yosunlar anantək bələyə səni.
    Allah da köks ötürüb deyə:
    “Bağışla.
    Bağışla məni”.

    Mənim gücüm çatan iş deyil bu iş,
    alın yazısında proqnozlarım
    özünü doğrultmur buralarda heç…

    İkiəlli yapışıb tavandakı ipdən
    özünü asan gəncin kölgəsi.
    Körpüdən ölümünə tərəf boylanan
    bir başqasının da kölgəsi
    boğulub dənizdə çoxdan…
    Kölgəmiz cəsarətli çıxır özümüzdən.

    Yuxularımız necə
    Onlar da yazılıb alın yerinə?!
    Şeytan Allahın,
    gecə gündüzün,
    yuxular həyatın
    sən mənim kölgəmsən.

  • Hörmətli poeziyasevərlər!

    Hörmətli poeziyasevərlər!
    Sizi 27 aprel saat 12:00-da gənc şairlər, prezident təqaüdçüləri – Emin Piri və Ulucay Akifin görüşünə və imza gününə dəvət edirik. Görüş Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində Əli Kərim adına Poeziya Evinin və AYB-nin Sumqayıt bölməsinin təşkilatçılığı ilə keçirilir.

    Ünvan: Sumqayıt şəh., 9-cu mk/r, Heydər Parkı, Poeziya Evi

  • Rafiq ODAY.”RAHİLƏ VEYSƏLLİ YARADICILIĞINA BİR NƏZƏR”

    RAHİLƏ VEYSƏLLİ – 65

    Yazıçı, şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rahilə Veysəllinin imzası ən azından sum­qa­yıtlı oxuculara “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “İkiyə bölünmüş dünyam” adlı şeirlər, “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik, “Dərd şələsi” adlı iki hissəli povestlər və “Günahdan doğulmuş müqəddəslər” (roman) kitablarından yaxşı tanışdır.

    Göründüyü kimi Rahilə xanım Veysəllinin yaradıcılığı ədəbiy­yatın bütün janrlarını əhatə edir və sadalanan doqquz kitab da son doqquz ildə nəşr edilərək oxucu­ların ixtiyarına verilib. Ancaq bu, o anlama gəlmir ki, Rahilə xanım Veysəlli yaradıcılığa ömrünün yarım əsrdən sonrakı döv­rün­də başlayıb və bir neçə ildə bir-birinin ardınca bu qədər ki­tab nəşr etdirib. Rahilə xanım gənc yaşlarından yaradıcılığa başlayan və yazdıqlarını 30 ildən artıq bir müddətdə sandıqda dustaq həyatına məhkum edən qələm adamlarındandır. Amma günlərin birində qərara gəlir ki, bəli, artıq bu əsərlərə yaşamaq hüququ vermək lazımdır. Beləcə bu qərardan sonra “Ruh didər­gin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm ürək deyir” və “Dərd şələsi” (birinci hissə) kitabları zülmətdən gün işığına çıxır, ardınca da yeni yaradıcılıq axtarışlarının məhsulları olan “İkiyə bölünmüş dünyam” adlı şeirlər, şəhidlərimizin nakam ömür yolundan bəhs edən “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik kitabları yaşam hüquqi qazanır. \

    Bir məsələni qeyd edim ki, əksər kitablarının redaktoru olduğumdan və bəzilərinə ön söz yazdığımdan Rahilə Veysəlli yaradıcılığı ilə yaxından tanışam. Təbii ki, hər bir kitab müəllif üçün çox əzizdir və insafən desək, Rahilə Veysəllinin nəzm əsərləri arasında yetərincə oxucu qəlbinə yol tapa bilən şeirlər var. Yurd-yuvasından ayrı düşən, Qarabağ müharibəsində neçə əzizini itirən, torpağı düşmən tapdağı altında inildəyən, gecələr yuxusu ərşə çəkilən şairənin bir şeirinə nəzər salaq:

    Köçkün düşüb əsir oldum, a dağlar,
    Səndə mənim əmanətim qalıbdı.
    Ata yurdum, ana yurdum virandı,
    Vətən adlı məmləkətim qalıbdı.

    Bağça-bağsız nalə çəkib ağlaram,
    El-obasız könlüm başın dağlaram.
    Xan Araztək hey coşaram, çağlaram,
    Əsarətdə ar, qeyrətim qalıbdı.

    Ana vətən, ana torpaq canımdı,
    Damarımda axan vətən qanımdı.
    Azərbaycan şöhrətimdi, şanımdı,
    Əsir yurdda çox sərvətim qalıbdı.

    Vətən əsir, torpaq əsir, dağ əsir,
    Bülbül əsir, bağça əsir, bağ əsir,
    Yollarımı dərə kəsir, dağ kəsir,
    Sözlərimdə həm firqətim qalıbdı.

    Rahiləyəm, dözəmmirəm hicrana,
    Gözlərimdən çeşmə dönüb leysana.
    Nə deyim ki, üzü dönmüş dövrana,
    Gəl, anacan, söz-söhbətim qalıbdı.

    Bu şeir Rahilə Veysəlli poeziyasının letmotivini təşkil edir və oxucunu öz kövrək, yaralı hiss və duyğularının arxasınca çəkib aparır.

    O cümlədən Rahilə xanımın kövrək notlar üzərində köklən­miş publisistik yazıları da maraqla oxunur. Bununla belə, mən hələ ki, “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərinin yer aldığı “Dərd şələsi” (birinci hissə) kitabını Ra­hilə Veysəlli yaradıcılığının zirvəsi sayıram. Ona görə də bu povestlər üzərində bir daha dayanmaq istəyirəm.

    “Dərd şələsi” kitabına yazdığm ön sözdə də qeyd etdiyim kimi, “hər üç povestdə xeyirlə şər, haqq ilə nahaq, olana şükür edənlərlə harınlar, milli mentaliteti yaşayış norması qəbul edənlərlə bu çərçivəyə sığmayanlar paralel inkişaf edir. Hətta ikincilər müəyyən müddətə qədər üstünlük də qazanırlar. Ancaq Xasay kişi, Rəşid müəllim, Qədir, Əli müəllim, Şəfiqə, Dilarə, Rəna, Ramilə, Sabir, Ağabacı kimi insanların timsalında müəllif hələ hər şeyin tükənmədiyinə, haqqa zaval olmadığına inanır, oxucuya gec-tez ədalətin zəfər çalacağı hissini aşılaya bilir və əsər boyu buna nail olur da. Əslində bütün baş verən­lər cəmiy­yətdəki eybəcərliklərin insan şüurunda inikasından başqa bir şey deyildir inamına söykənən müəllif, bu təza­hür­lərin aradan qaldırılması yolunu şüur və düşüncələrdə aparılan islahatlarda, qəlblərdəki kin-küdurətin yerini iman və mərhə­mət işığının tutmasında görür. Hər üç əsərdəki hadisələr sona kimi psixoloji-dramatik gərginliklə davam edir. Müəllifin bir müsbət cəhəti də ondadır ki, oxucunu tez-tez gözlənilməz­liklərə şahid etməklə intizarda saxlaya bilir.” (“Dərd şələsi”, “Azəri” nəşriyyatı, 2015.)

    “Dərd şələsi” kitabındakı eyniadlı povestdə roman motiv­ləri üstünlük təşkil etdiyindən, həmçinin qəhrəmanların tor­paq­la­rımızın işğaldan sonrakı taleyi, eyni zamanda müəllifin özünün də birbaşa əsərdəki hadisələr və surətlərlə bağlı olduğundan və oxucuların da müraciətlərini nəzərə alaraq bu əsərə yenidən qa­yıtmaq və əsərin ikinci hissəsini yazaraq mükəmməl bir ro­mana çevirməyə ehtiyac duyulurdu. Beləcə, Rahilə Veysəlli uzun müddətli gərgin axtarışlardan və araşdır­malardan sonra əsərin ikinci hissəsini min zəhmətlər bahasına araya-ərsəyə gətirərək oxucuların ixtiyarına verdi, bununla da Qarabağ mü­ha­ribəsi mövzusunda yazılmış azsaylı əsərlərin sırasına bir əsər də əlavə edilmiş oldu.

    “Günahdan doğulmuş müqəddəslər” romanı isə Rahilə Veysəllinin son illərdə qələmə aldığı və həcm etibarı ilə, hələ ki, ən böyük əsəridir. Özünəməxsus faciəvi-dra­matik, mənəvi-psixoloji gərginliklərlə dolu süjet xəttinə malik olan əsər bütövlükdə ibrətamiz həyat hekayəsini xatır­ladır. Əsərdə cərəyan edən hadisələr məkan olaraq Azər­bay­canda baş verir və ümumilikdə günümüzün reallıq­larını əks etdirir.

    Təbii ki, hər bir qələm adamı hansısa bir əsər üzərində işləyərkən qarşısına bir məqsəd qoyur və əsərin süjet xəttini də qoyulan məqsədə çatmaq üzərində qurur, hadisələrin gedişini də bu məqsədin ruhuna uyğun istiqamətləndirir. Güman edirəm ki, əsəri oxuyan hər bir oxucu qarşıya qoyulan məqsədə çatıldığını görəcək, bunun üçün müəllifin hansı bədii üsullara əl atdığının canlı şahidinə çevriləcəkdir. Əsərin bir müsbət xüsusiyyəti də ondadır ki, burada hər nəslin nüma­yəndəsinin ibrət və dərs ala biləcəyi yetərli təsirli, nüfuzedici, düşündürücü məqamlar var. Əsərin əsas qəhrəmanı Nərgiz olsa da və bütün hadisələr əsas etibarilə onun ətrafında cərəyan etsə də, romanın hər bir personajının həyatı ayrıca bir ömür dastanıdır. Kamal, həyat yoldaşı Sona, övladları Orxan, Şahin müəllim, Elxan, Mustafa, Əli, Səmayə nənə, Nəriman, Eldar, həyat yoldaşı Fatma, yeganə övladları olan Zaur, əsərdə baş verənlərin təməlini dərs dediyi məktəbdə vicdansızcasına, çirkincəsinə gördüyü işlə qoyan Şiraslan və digər personajların hər birinin ömür yolu ayrıca bir povestin mövzusudur. Onu da deyim ki, əsər bir-birindən fərqli, bir-birindən qəribə, bir-birin­dən maraqlı hadisələrlə o qədər zəngindir ki, müəyyən məqam­larda müəllifin süjet quru­luşuna, düşüncə tərzinə, məsələlərə yanaşma və müdaxilə yönünə, hadisələri müəyyən sonluğa bağ­la­maq qabiliyyətinə heyrətlənməyə bilmirsən.

    Ümumiyyətlə, Rahilə Veysəllinin nəsr əsərlərində “bundan sonra nələr baş verəcək” marağı oxucunu daim intizarda saxla­yır ki, bu da əsərin dəyərini artırmaqla sonacan oxun­masını zəmanət altına alır.

    “Həyatda heç nə cəzasız qalmır” dilemması üzərində quru­lan əsərdə xeyirlə şərin, haqla nahaqqın mübarizəsi ön plana çəkilmiş, pisliyin də, yaxşılığın da heç vaxt itməməsi, bumeranq kimi nə vaxtsa edənin üstünə qayıtması, qarşısına çıxması, haqqın nazilsə də üzülməməsi, ədalətin həmişə zəfər çalması bu əsərdə də təkzibolunmaz dəlillərlə öz ifadəsini tapmışdır.

    Əsərin əsas qəhrəmanı olan Nərgiz xanım, anası hələ məktəbdə oxuyan zaman müəllimi Şiraslan tərəfindən təcavüzə məruz qalması nəticəsində dünyaya gəlsə də, günahı olmadığı halda həyatın min bir əzabına düçar olaraq zillətlər çəksə də, özü də bir başqa formada anasının taleyini yaşasa da, bu günahdan doğulmuş övladına bağlı­lığı onun həyat eşqinin sönməsinə güc gəlir. Anası kimi özünü intihara sürükləmir. Allahdan ümidini üzməyərək yaşayır. Öncə balasının, tibb universitetini bitirən­dən sonra isə minlərlə insanın xilaskarına çevrilir. Yaxşı insan­ların əhatəsində olması zalımların ona etdiklərini arxa plana keçirir. Və beləcə Bakının küçələrində kimsəsiz, tənha, kirayədə qalan bu məsum, bu yazıq, bu binəva qız nəhayətdə öz ağlı, düşüncəsi, dərrakəsi, biliyi, savadı, ətrafındakılara xoş müna­sibəti və səmimi davra­nışı, hər şeyin yerini bilməsi, yaxşını pisdən ayıra bilmək bacarığı, nəhayətdə paklığı, təmizliyi, mənliyini və mənəviyyatını qoruyub saxlaya bilməsi ilə böyük bir saraya, dəyərli bir ömür-gün yoldaşına, həmçinin özü kimi yaxşı, sağlam və doğma insanları bir araya gətir­mək­lə böyük bir ailəyə sahib olur.

    Güman edirəm ki, yazıçının gəldiyi qənaət budur: bu bö­yük saray Azərbaycan, bu saraya cəm olanlar isə Azərbaycan vətən­daşlarıdır. Bu sarayda – vətənimiz Azərbaycanda ancaq yaxşı­lara, bu vətəni canı, qanı ilə sevənlərərə, onu göz bəbəyi kimi qoruyanlara, işıqlı gələcəyi üçün əlindən gələni əsirgəmə­yənlə­rə, şanını, şöhrətini dünyaya yayanlara, ömürlərini bu vətənin adına, ünvanına layiq yaşayanlara həmişə yer vardır. Yerdə qalanlar – əyrilər, yalançılar, riyakarlar, tamahgirlər, haqqa asi olanlar, var dövləti hər şeyi bilənlər, “mən salim olim, cümlə cahan batsa da, batsın” deyənlər, xəbislər, bədxahlar, düşmən dəyirmanına su tökənlər ya islah olunmalı, ya da Eldarın taleyini yaşamaqla sıradan çıxmalı­dırlar. Çünki Azərbaycan bizim ümu­mi evimizdir və bu evin də hər yükü bizim çiynimizdədir. Bizsə bu yükü müqəddəs borc kimi şərəflə, vicdanla, qürurla və məsuliyyətlə daşımalıyıq…

    Mən bizə bu müqəddəs hissləri aşılayan “Günahdan doğul­muş müqəddəslər” romanına görə qələm dostumuz Rahilə Veysəlliyə təşəkkürümü bildirirrəm.

    Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, bir sıra media mükafatları laureatı Rahilə xanım Veysəllinin 65 yaşı tamam olur. Bu yubiley münasibətilə mən qələm dostumuzu, ürəyi mərhəmət hissi ilə dolu olan bu gözəl insanı, etibarlı dostu öz adımdan, Azərbaycan Jurnalistlər Birliyinin bütün üzvləri adından səmini-qəlbdən təbrik edir, sağlam can, problemsiz ömür-gün və yeni-yeni yaradıcılıq uğur­ları arzulayıram.

    Rafiq Oday,
    şair, publisist
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti

  • Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi

    https://d.radikal.ru/d33/1904/06/29a7c3c8af8e.jpg

    https://d.radikal.ru/d11/1904/42/f9220d0a8152.jpg

    https://c.radikal.ru/c12/1904/55/4f596860cf22.jpg

    https://b.radikal.ru/b24/1904/cc/234522ecea62.jpg

    22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair Yusif Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı çıxış edərək məclisi idarə edib. Kitab haqqında geniş məruzəni Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra Mətbuat tarixi və publisitika şöbəsinin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı Gülbəniz Babayeva da müəllifin məhsuldar fəaliyyətindən söz açıblar.

    Eyni zamanda ziyalılardan Əlirza Xələfli, Kənan Hacı, Kəmaləddin Qədim, Nəcibə İlkin, Şöhlət Abbas, Nizami Muradoğlu, İradə Əlili, Əkbər Qoşalı, Hüseyn Məmmədov, Qulu Əlioğlu, Saqif Qaratorpaq, Rizvan Nəsiboğlu, Balayar Sadiq, Sabir Alim çıxışlarında Gülnar Səmanın özünəməxsus üslubunu və yaradıcılıq kredosunu xüsusi vurğulayıblar.

    Bununla yanaşı, müəllifin qələm dostlarından Şəhanə Müşfiq, Afət Viləşsoy, Ramil Mərzili, Fuad Cəfərli, Seyhun Hökmdar, Şəhriyar Seyidoğlu, Yetim Qacar, Mənsur Həsənzadə, Əfsanə Ələsgərli, Rəşad Məhəmmədoğlu, Səbinə Abdullayeva, Leyla Namazova da tədbirdə iştirak edərək həmkarları haqqında ürək sözlərini çatdırıblar.

    Təqdimat mərasimində rəssamlardan Esmira Rəhimli və Gülnarə Mahmud, müəllifin şagirdi olmuş Ramil Hümmətov, doktorant yoldaşları və ailə üzvləri də iştirak ediblər.

    Təqdimat mərasiminin sonunda Gülnar Səmanın anası və qardaşı iştirakçılara minnətdarlıq ediblər. Tədbir müəllifin təşəkkür nitqi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

  • İlahə İMANOVA.”Dünyanın ən insaflı 5 oğrusu”

    1. İsveç Universiteti professorunun notebookunu oğurlamış oğru, onun içindəkiləri flash card`a köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi.

    2. Jamie Mc`Leratın kamerası onun şəxsi avtomobilindən oğurlanmışdır. Oğru kamera sahibinin ölümcül xəstə olduğunu öyrəndikdən sonra dərhal onu qaytarmağa qərar verir. Xərçəng xəstəsi olan Jamie kamerada uşaqlarının şəkil və videolarını saxlayırdı. Oğru sahibin üzücü hekayəsini radio vasitəsilə öyrənmişdi.

    3. 2011-ci il, Oktyabr ayında oğru maşından 2 mobil telefon və pulqabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür və bu onu o qədər iyrəndiri ki, həmin telefonu da götürüb, polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulur. Telefon oğrrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilib.

    4. Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsinə silahla təhdid etdiyi vaxtı, evdəki uşaqların yığdıqları pulları ona gətirirlər ki, dayələrini vurmasın. Oğru o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir.
    5. Hyustonda gənc ailə balaca uşaqları ilə balıq ovuna gedirlər. Cütlük hava sərin olduğu üçün uşağı maşında saxlamağa qərar verirlər. Elə bu anda avtomobilin açıq olduğunu görən oğru maşına soxulur. Maşını bir müddət idarə edən oğru avtomobildə körpənin olduğunu görür. Və avtomobili geri sahibinə qaytarır.

  • Şəfa EYVAZ.”Bu axşam”

    Mənim nə gülüşüm, nə göz yaşım var,
    Doğru bildiyiniz yalan adamam.
    Sevincin, şadlığın tamına baxıb,
    Özünə tamarzı qalan adamam.

    Hər gün əlçim-əlçim buluda dönüb,
    Özü-öz başına yağan yağışam.
    Bayırdan qurulu saray görünüb,
    Könlü içəridən talan adamam.

    Məni tanımağa çalışma, adam,
    Sənə tanışamsa, özümə yadam.
    Nə qoruya bildim, nə də saxlaya,
    Bir ömrü əlindən salan adamam.

    Geriyə dönməyə yolmu qalıb ki?!
    Bütün körpüləri oda atanam.
    Sevinci əlindən havayı verib,
    Qəmi qucaq-qucaq alan adamam.

    07.03.2016.

  • Şəfa VƏLİYEVA.”Qədəhimdə son damla”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Qədəhimdə son damla,
    masamda üç şeirim…
    qorxuram,
    bu ağılla
    yenə sənə yenilim…

    bilirəm, xoşbəxtlikdi
    insan kimi doğulmaq…
    bəs ölmək?
    o necədi?
    necədi bəxt ovlamaq?

    adını anmamaq üçün
    dilimi dişləyirəm…
    ölü doğulan eşqin
    dayəsi işləyirəm…

  • Həmid Araslı və türk-müsəlman xalqları ədəbiyyatı

    Görkəmli ədəbiyyatşünas-alim və ictimai xadim, Əməkdar elm xadimi, akademik Həmid Araslı ədəbiyyat tariximizin folklor, aşıq yaradıcılığı, klassik irs və ədəbi əlaqə problemlərinin tədqiqi ilə məşğul olub və Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biri kimi tanınıb.

    Alimin elmi tədqiqatlarında ədəbi əlaqələr mövzusu mühüm yer tutub. Bu əlaqələrin vacib tezisləri, mühüm elmi müddəaları ilkin renessans dövründə (XII əsr) Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və Məhsəti Gəncəvi irsinin Özbəkistan, Tacikistan, Hindistan və Türkiyə xalqları ədəbiyyatı; Orta əsrlərdə (XIV-XVI əsrlər) Marağalı Əvhədi, İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli irsi ilə Şərq xalqları və Asiya ölkələri ədəbiyyatı; erkən yeni dövr üzrə (XVII-XVIII əsrlər) Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Molla Vəli Vidadi və Molla Pənah Vaqif irsinin qarşılıqlı poetik ənənələri, habelə, Yaxın və Orta Şərq xalqları ədəbiyyatına təsiri ilə bağlı olub.

    Həmid Araslının tədqiqatçılığı təsviri, informativ xarakterli olmaqla bərabər, faktların təsdiqi və ya təshihləri ilə birlikdə olub, iqrari və inkari hökmlərə yol açıb, mühakiməli və məntiqli görünüb, mülahizələrə və mübahisələrə yer qoyub. Bu o deməkdir ki, Həmid Araslının tədqiqatlarının çoxu ilkinliklə, fərdi tədqiqat üsulu ilə bağlı olub, vaxt keçdikcə, axtarışlarını, elmi uğurlarını zənginləşdirib.

    Ədəbiyyatşünas-alim ciddi mənbəşünaslıq və mətnşünaslıq işləri görüb. Bədii-elmi materiala yaxın olmağı bacarıb. Buna ərəb, fars və rus dillərini, ədəbi qaynaqları daha dərindən bilməsi zəmin olub.

    Həmid Araslının elmi-filoloji bilikləri Azərbaycan, Yaxın və Orta Şərq, habelə Asiya ölkələri üzrə konfranslar, əhəmiyyətli mövzu-problemlər ətrafında tədqiqlər, tədris müəssisələrində mühazirələr fonunda zənginləşib. Alimin tədqiqatlarının geniş bir şəbəkəsi tarixi-müqayisəli metoda, analitik təhlil üsuluna əsaslanıb. O, problemləri əhatəsi ilə birlikdə göstərməyə, ənənə, irs və varislik zəminində təqdim etməyə, müasirliyə üstünlük verib, sosial-siyasi şəraitlə elmi-mədəni mühiti bir yerdə götürməyi vacib bilib.
    Görkəmli alim tarixi-ədəbi şəxsiyyətləri: Homer, Əbülqasim Firdovsi, Nizami Gəncəvi, Şota Rustaveli, Aligyeri Dante, Əbdürrəhman Cami, Əlişir Nəvai, Uilyam Şekspir, Corc Bayron, İohan Volfhanq Höte, Aleksandr Puşkin, Mirzə Fətəli Axundzadə, Namiq Kamal və Tofiq Fikrəti dövrünün müasirləri səviyyəsindən dəyərləndirib.

    Həmid Araslı Nizami Gəncəvi irsini cahanşümul hesab edib. Onun Yaxın və Orta Şərq, habelə Asiya ölkələri şairlərinə geniş təsirindən danışıb. Buna səbəb Nizami humanizmi və bəşəriliyi olub. Alim bu ideyaları Nizami Gəncəvi ədəbi məktəbinin əsasında görüb. O, Şərq xalqlarının zəngin mənəvi irsinə, böyük ərəb və qədim yunan mədəniyyətinə, şifahi xalq yaradıcılığına dərindən bələd olub. Bu poetik məktəb özünəqədərki poetika məktəblərindən seçilib və şairi əsrimizə qədər Şərq və Qərb (Avropa) ölkələrində tanıdıb. Bunu “Gülşəhri və Nizami Gəncəvi” məqaləsində də qeyd edib. Bu baxımdan, alim hind şairi Əmir Xosrov Dəhləvi, İran şairi Məktəbi, tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai və türk şairi Şeyxinin adını çəkib.

    Ədəbi əlaqələr araşdırıcısının məqalələri türk-müsəlman xalqları məcrasındadır. Bu mənada “Gülşəhri və Nizami Gəncəvi” (1968), “Nizami və özbək ədəbiyyatı” (1980), “Qüdrətli şair, ictimai xadim” (1968), “Cami və Azərbaycan ədəbiyyatı” (1964), “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” (1957), “Nəvai və Azərbaycan ədəbiyyatı” (1940), “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı” (1966), “Sabir və Şərq ədəbiyyatı” (1962), “Füzuli ərəb tədqiqatında” (1971), “Ədəbiyyat tariximiz haqqında yeni əsər” (1982), “Füzuli haqqında yeni kitab” (1956) kimi məqalələri qeyd oluna bilər.

    Həmid Araslı ədəbi əlaqələrdə tərcümənin roluna, ciddi filoloji-elmi tərcüməyə əhəmiyyət verib. Alimin tərcüməyə yanaşması münasibətli, müdaxiləli olub. “Nizami əsərlərini yazan katiblər onun türkcə işlətdiyi sözləri nə qədər dəyişdirsələr də, şairin əsərlərində bu sözlər, xüsusilə xalq deyimləri çox qalmışdır. Nizaminin sənət dilinə türk dili baxımından yanaşmayan şərhçilər bu deyimlərin çoxunu izah edə bilməmiş, təxmini şəkildə şərh etmişlər”.
    Tədqiqatçı Nizami Gəncəvi əsərlərininilk dəfə XIV əsrdə Qızıl Orda şairi Qütb tərəfindən tərcüməsi fikrinə etiraz edib. Əsaslandırıb ki, Qütbdən yarım əsr öncə, 1313-cü ildə türk şairi Gülşəhri ilk dəfə Nizami şeirini türk dilinə çevirib.

    Həmid Araslı qeyd edib ki, Yaxın Şərqdə elm və ədəbiyyatın inkişafında səlcuqilərin böyük xidməti olub. Fars dilində yaranan şeirin ən qüdrətli nümayəndələri Səlcuqilər sarayında yetişib, Atabəylərin maddi və mənəvi yardımı sayəsində şöhrətlənib.
    Görkəmli ədəbiyyatşünas-alimin türk-müsəlman dünyasından daha çox məşğul olduğu sənətkar Nizami Gəncəvidir. O, Azərbaycan renessansının bu dahi şəxsiyyəti haqqında monoqrafiya, “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı”, “Nizamidə xalq sözləri, xalq ifadə və zərbül- məsəlləri”, “Nizami və vətən”, “Nizami və Azərbaycan xalq ədəbiyyatı”, “Nizaminin lirik şeirləri”, “Sirlər xəzinəsi”, “Ölməz məhəbbət dastanı”, “Nizami yaradıcılığında xalqlar dostluğu”, “Şairin dünya şöhrəti” və başqa məqalələrini yazıb. Həmid Araslı Nizaminin Yaxın və Orta Şərqlə əlaqələrini özbək, tacik, hind, türk, fars ədəbiyyatı ilə bağlı izah edib. Bu baxımdan, “Gülşəhri və Nizami”, “Qüdrətli şair, ictimai xadim”, “Cami və Azərbaycan ədəbiyyatı”, “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” məqalələrikonfranslar, tarixi bayramlar, ədəbi yubileylər, faktoloji bədii əlaqələr və tədris münasibətilə yazılıb.
    Həmid Araslının Nizamiyə aid elmi-metodoloji tədqiqatlarının vacib tərəfi nədir? Alim yazır: “Xəmsə” elə böyük şöhrət qazanmışdır ki, bu mövzularda əsər yazmaq Yaxın Şərqdə şairlik sınağı kimi qiymətləndirilmişdir”. “Nizaminin adı Şərq təzkirə müəllifləri və tarixçilərinin əsərlərində böyük sayğı ilə anılmışdır”. “Yaxın Şərq xalqları Nizami əsərlərini əsrlər boyu orijinalda oxuduqları kimi, onu başqa dillərə çevirmək yolu ilə də şairi öz ölkələrində şöhrətləndirməyə çalışmışlar”.

    Həmid Araslının türk-islam məcrasında məşğul olduğu ikinci böyük sənətkar fars-tacik şairi Əbdürrəhman Camidir. O, bütün dünya xalqlarının tanıdığı və zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə bağlı olan sənətkardır. Ə.Cami özündən əvvəlki sənətkarlara bələd olub, mənzum və mənsur əsərlərində onlardan bəhs edib. Azərbaycan hökmdarlarını, alim və şairlərini tanıyıb, onlarla məktublaşıb. “Baharıstan” və “Nəfəhatül-üns” əsərlərində Xaqani, Nizami, Şah Qasım Ənvar və Əssar Təbrizi haqqında məlumat verib.
    Tədqiqatçıya görə, Ə.Camiyə təsir edən ilk qaynaq Xaqani Şirvani yaradıcılığıdır. Xaqani ilk dəfə qəsidələrinə fəlsəfi məzmun aşılayıb, “Qəsideyi-şiniyyə” Şərq şairlərinin 40-dan çoxuna təsir edib. Ə.Caminin “Cilair-ruh” qəsidəsi də Xaqani əsərinə cavab olaraq yazılıb.

    Fars-tacik şairi Nizaminin “Xəmsə”sinə cavab yazıb. Teymurilər sarayında (XV əsr) Ə.X.Dəhləvi yaradıcılığı Nizamidən üstün tutulub. Cami isə əksinə, Sultan Hüseyn Baykara və tərəfdarlarından fərqli olaraq Nizami yaradıcılığını yüksək qiymətləndirib, onu Ə.X.Dəhləvi sənətindən artıq tutub. Cami üç əsərilə Nizamini təqlid edib, lakin “Xirədnameyi-İskəndəri” və “Yeddi gözəl” mövzularında əsər yazmayıb.

    Həmid Araslı göstərir ki, Əbdürrəhman Caminin şeirlərinə də Nizaminin təsiri olub. O, Marağalı Əşrəf və Şah Qasım Ənvardan da bəhrələnib. Onun Mirzə Cahanşah Həqiqiyə məktubu da olub. Herat şəhərinə qayıtdıqdan sonra Uzun Həsənin oğlu Sultan Yaqubla da məktublaşıb.

    Azərbaycan şairləri də Camini ustad kimi seviblər. M.Füzuli “Ənisül-qəlb” əsərlərində onu hörmətlə xatırlayıb və “Hədisi-ərbəin” əsərini dilimizə çevirib, qəzəl və qəsidələrinə də nəzirələr yazıb, ondan təzminlər edib. Mirzə Fətəli Axundzadə də Ə.Cami irsinə bələd olub, onun fəlsəfi görüşlərini qiymətləndirib, fəlsəfi məktublarında Şeyx Mahmud Şəbüstəri, Şəms Təbrizi, Cəlaləddin Rumi və Əbdürrəhman Cami fəlsəfəsini Qərb panteizmi ilə müqayisə edib. M.F.Axundzadənin fikir qaynağında Cami, Ş.M.Şəbüstəri və Rumi fəlsəfəsi əsas olub. Caminin adı M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabirin əsərlərində də çəkilib. Sənətkarın “Yusif və Züleyxa”, “Baharıstan” əsərləri Azərbaycan dilinə tərcümə olunub.

    Həmid Araslı ədəbi əlaqələr məcrasında ilk növbədə milli-dini və siyasi-ideoloji mənsubiyyəti, habelə Nizami və ona yaxın qüdrətli şairləri: Homer, Firdovsi, Əlişir Nəvai, Dante, Füzuli, Şekspir və Puşkini əsas götürməklə araşdırmalar aparıb. Məs., tədqiqatçı üçün Əlişir Nəvai kimdir? Dövrünün nadir siması, özbək xalqının mədəni inkişafında görkəmli alim, fədakar dövlət xadimi, incəsənət hamisi. Şair ömrünün 50 ilini ədəbiyyata sərf edib, lirik şeirləri ilə məşhur olub, həyatı boyu qəzəl yazıb, dörd “Divan” yaradıb, onları “Xəzayinül-məani” – mənalar xəzinəsi adlandırıb. Sənətkarın əsas mövzusu məhəbbət olub. Böyük türk şairi Nizami, Dəhləvi, Sədi, Hafiz və Camini müəllimləri sayıb. Sənətkar dövlət və idarəçiliyə aid fikirlərini “Məxzənül-əsrar”ın təsvir-təhkiyə formasında olan “Heyrətül-əbrar”da verib. “Leyli və Məcnun”u heç bir əsərə bənzətməyib, zəmanəsini göstərib. “Xəmsə”sinin üçüncüsü “Fərhad və Şirin”də arzularını ifadə edib. Dördüncü poeması “Səbeyi-səyyad”ı Nizaminin “Yeddi gözəl”inin quruluşunda yazıb. Son əsəri “Səddi-İsgəndər” də “İsgəndərnamə”dən təsirdir. Həmid Araslı “Qüdrətli şair, ictimai xadim”, “Nizami və özbək ədəbiyyatı”, “Nəvai və Azərbaycan ədəbiyyatı” məqalələrini Əlişir Nəvaiyə, qarşılıqlı ədəbi əlaqələrə həsr edib.

    Ədəbiyyatşünas-alim “Nizami və özbək ədəbiyyatı” məqaləsində türk-müsəlman xalqlarının ədəbi-mədəni əlaqələrini aydınlaşdırıb. O, Xaqani, Nizami, Rumi, Nəvai və Füzulini türk qövmlərinin tarixi birliyində nadirsənət abidələri hesab edib. Alim yazır ki, Nizaminin Şərq, Orta Asiya xalqlarına, xüsusən, özbək tarixi və mədəniyyətinə dərin bələdliyi olub. Fərabi, İbn Sina, Biruni, M.Kaşğari, Yusif Xas Hacibi öyrənib. Həmid Araslı bu baxımdan Orta Asiya tarixi, iqtisadi həyatı, məişəti, dili və adətlərini müşahidə üçün şairin bədii obrazlarını xatırladıb. Nizami Orta Asiyanın Qaraxan, Qədirxan, Gurxan, Mahmud kimi tarixi şəxsiyyətlərinin adlarını tez-tez işlədib.

    Nizami əsərlərinin ən qədim əlyazmaları XIV əsrin sonlarına aiddir. Özbək xalqı XIV əsrdən etibarən Nizami əsərlərini fars və türk dillərində oxumağa başlayıb. İlk dəfə Qütb XIV əsrdə Nizaminin “Xosrov və Şirin” poemasını türkcəyə tərcümə edib (əlyazması Paris milli kitabxanasındadır), Polyak alimi Zayonçovski fotosurəti və transkripsiyası ilə birlikdə nəşr edib, sonra Qazan və Daşkənd nəşrləri gəlib.

    Həmid Araslıya görə, Nizami mövzuları ilə Ə.Nəvaidən əvvəl Heydər Xarəzmi məşğul olub. Ondan sonra Ə.Nəvai, daha sonra dövlət xadimi, şair və tarixçi Zəhirəddin Məhəmməd Babur gəlib. O, “Baburnamə” və “Müxtəsər”də Nizaminin, onun əsərlərinin adlarını çəkib. Dahi şairin yaradıcılığı ilə sonra Xacə, Ahagi, Buxaralı Övhi məşğul olub. XV-XVI və XVII-XVIII əsrlərdə özbək təzkirlərində də Nizami adı hörmətlə çəkilib. XX əsrdə Şərəfəddinov, Sədrəddin Eyni, Qafur Qulam, Aybək, Hadi Zərifov, Məqsud Şeyxzadə, A.Xaytmetov, Mollayev, Vahid Abdullayev, Sadircan Erkinov özbək Nizamişünaslığında mühüm rol oynayıblar.

    Ədəbi araşdırıcı “Qüdrətli şair, ictimai xadim” məqaləsində Əlişir Nəvaini Homer, Əbülqasim Firdovsi, NizamiGəncəvi, Aligyeri Dante, Məhəmməd Füzuli, Uilyam Şekspir, Aleksandr Sergeyeviç Puşkin kimi dahilərin sırasında görüb, müasiri Bəsiri, Kişvəri, Füzuli və Qövsinin ondan öyrəndiyini, Sam Mirzə və Sadiq bəy Əfşarın onun “Məcalüsün-nəfais” əsərindən istifadə etdiyini yazıb. Alim “Nəvai və Azərbaycan ədəbiyyatı” məqaləsində göstərib ki, Nizamidən başqa, Həsənoğlu, İmadəddin Nəsimi və Şah Qasım Ənvar poeziyasını dərindən öyrənib, Ə.X.Dəhləvi, Ə.Cami, Məktəbi və Füzulidən də poetik təsirlənib, Nizami mövzularında dəyərli “Xəmsə” yaradıb.
    XVI-XIX əsrlərdə Azərbaycanda yazılmış təzkirə və cünglərdə Əlişir Nəvaidən geniş bəhs edilib, əsərlərindən nümunələr verilib. XIX əsrdə Azərbaycandakı ədəbi cəmiyyətlərdə Nəvai qəzəllərinə də Füzuli qəzəlləri kimi nəzirələr yazılıb.

    Həmid Araslının Yaxın və Orta Şərq xalqları ədəbiyyatından məşğul olduğu üçüncü görkəmli sənətkar Əmir Xosrov Dəhləvidir. Nə üçün məhz Dəhləvi? Alim yazır ki, Azərbaycan və Hindistan xalqlarının əlaqələr tarixi qədimdir. “Azərbaycan xalqının qabaqcıl nümayəndələri mədəniyyəti ilə yaxından tanış olduğu kimi, Hindistan xalqlarının görkəmli simaları da Azərbaycanla və onun zəngin mədəniyyəti ilə həmişə maraqlanmışlar. Bu xalqların mədəniyyəti, xüsusən ədəbiyyatları bir-birinə qüvvətli təsir göstərmişdir”. Həmid Araslı belə əlaqələrin zəminini ilk növbədə iqtisadi sahədə görüb. “Hələ X əsrdən başlayaraq XVIII əsrə qədər, yəni Hindistanın ingilislər tərəfindən işğalına qədərki əsrlərdə Azərbaycanda bir çox hind tacirləri olduğu kimi, Azərbaycan tacirləri də tez-tez Hindistana getmiş, ticarət əlaqələri ilə birlikdə Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələr də gündən-günə genişlənmişdir”. Belə iqtisadi-mədəni əlaqələr Qətran Təbrizinin əsərlərində ifadəsini tapıb.

    Nizami Gəncəvi Hindistan haqqında daha ətraflı məlumat verib. O, “Yeddi gözəl”də Hindistanı mədəni ölkələrdən biri kimi xatırladıb və hind şahzadəsinin nağılını verib. “Xosrov və Şirin”də “Pançatantradan” (“Kəlilə və Dimnə”dən) istifadə edib. Şair “İsgəndərnamə” qəhrəmanını Hindistana da aparıb, oranın təbiəti, filosofları və təbiblərindən danışıb. Hind fəlsəfəsi ilə yunan fəlsəfəsini qarşılaşdırıb, üstünlüyü hind fəlsəfəsinə verib. Nizami “Xəmsə”si əsasında ilk kitab Hindistandan çıxıb. Əmir Xosrov Dəhləvi “Xəmsə”sində hər poemanı Nizaminin adı ilə başlayıb, adı ilə bitirib. O, Əfzələddin Xaqani Şirvani və Mücirəddin Beyləqanini də yüksək qiymətləndirib. Dəhləvinin əsərləri Füzulinin də diqqətini cəlb edib. “Ənisül-qəlb”də onu xatırlayıb.
    Azərbaycan-Hindistan əlaqələri XVI əsrin sonu, XVII əsrin əvvəlində, Əkbər Şahın vaxtında daha çox güclənib. Bir çox Azərbaycan şairi, ədib və alimləri Hindistana gedib, qiymətli əsərlərini orada yaradıblar. Məsihi, Saib Təbrizi, İbrahim Ordubadi uzun illər Hindistanda yaşayıb, bir çox əsərlərini burada yazıblar.
    Cahanşah dövründə Məmməd Saleh Təbrizi, Şərafəddin Təbrizi Hindistana gedib, Benqalda yaşayıblar. Kəmaləddin Mir Hüseyn də yaradıcılığını Hindistanda davam etdirib. Mirzə Sadıq Ordubadi Dəgən şəhərində yaşayıb, Nizayi şahın sarayında olub. Mahmud bəy Füsuni, Qasım xan Təbrizi, Kəlbəli Təbrizi, Lütfi Təbrizi, Məbdi, Əbdüləli Məhvi, Hacı Müzəffər Təbrizi, Məmməd Hüseyn Məlum Kəşmirə gedib, orada yaradıcılığını davam etdirib, – H.Araslı belə məlumat verib.

    Mirzə Məhəmməd Münşi Təbrizi hind dilində yazıb-yaradıb. Haci Ordubadi də Hindistanda yaşayıb. XVI-XVIII əsrlərdə Hindistan təzkirlərində Azərbaycan yazıçıları, habelə, Nizami, Xaqani, Nəsimi, Füzuli, Saib Təbrizidən bəhs edilib.
    XVIII əsrdə Nadir şah dövründə Mirzə Abutalıb xan Təbrizi, Arif təxəllüslü Abdulla Təbrizi Benarisdə yaşayıb. XIX əsrdə Firuqi Təbrizi də Hindistanda olub. XVIII əsrdə hind abidəsi “Pançatandra” Azərbaycan dilinə tərcümə edilib və s.

    XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Zeynəlabidin Şirvani üç əsərində Hindistan şəhərini, məişətini təsvir edib. O, hind xalqının tarixini, fəlsəfəsini, adət-ənənəsini, əfsanə və rəvayətlərini ətraflı qələmə alıb. M.F.Axundzadə də ölkənin tarix və fəlsəfəsinə bələd olub, Hindistan alimləri ilə məktublaşıb. Səməd Vurğun hindlilərin taleyindən bəhs edib, “Buruqlar səltənəti” poemasında Rabindranat Taqordan parçalar verib. Həmid Araslı “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” məqaləsini Hindistanın respublika elan edilməsi münasibətiləqələmə alıb.

    Həmid Araslının türk-islam dünyasından araşdırma obyekti etdiyi daha bir ədəbi şəxsiyyət Tofiq Fikrətdir. Alim Tofiq Fikrət poeziyasının humanizmini, fərdi üslubunu və elmi-tənqidi nəşrini nəzərdə tutaraq şairin 100 illiyi münasibətilə “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı” məqaləsini qələmə alıb. Tədqiqatçı yazır: “Fikrətin təsiri, Türkiyənin xaricində onun yaradıcılığına verilən dəyər hələlik ətraflı tədqiqatdan kənarda qalmaqdadır”. “Bu böyük insanpərvər şairin zəngin və mənalı yaradıcılığı yalnız türk xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərli olduğundan bir çox ölkələrdə, o sıradan sovet ittifaqında, xüsusilə Azərbaycanda bu doğum günü məhəbbətlə qeyd ediləcəkdir”.

    Azərbaycan ziyalılarının çox oxuduqları türk sənətkarları Namiq Kamal, Ziya Paşa, Rəcaizadə Əkrəm, Əbdülhəq Hamid, Rza Tofiq, xüsusilə, Məhmət Əmin və Tofiq Fikrət olub. Azərbaycanda Rəşad Nuri, Xalidə Ədib, Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamalı tanımayan yoxdur.

    Tofiq Fikrətin Azərbaycan mətbuatında şeirləri ilk dəfə 1906-cı ildə “Füyuzat” jurnalının ikinci nömrəsində nəşr edilib. Əli bəy Hüseynzadə şairin poeziyasına böyük qiymət verib. Sənətkarın adı 1912-ci ildən dərs kitablarına salınıb, orta məktəbdə tədris edilib. Şeirləri Abdulla Şaiqin “Gülzar”, Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” ndə verilib. H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun Tofiq Fikrət poeziyasının zəngin ənənələrindən faydalanıb.

    Tofiq Fikrət yalnız Türkiyədə deyil, Yaxın Şərq ədəbiyyatında mühüm rol oynayıb, poetikasının təsiri özbək, türkmən, tatar, başqırd, habelə, XX əsr fars ədəbiyyatı, Mirzadə Eşqi, İrəc Mirzə və Arif Qəzvini yaradıcılığında özünü hiss etdirib,-alimin qənaəti belədir.
    Həmid Araslı türk-müsəlman birliyi, qarşılıqlı əlaqə məsələsində Mirzə Ələkbər Sabirin də əhəmiyyətli rolunu görüb, şairin 100 illiyi münasibətilə “Sabir və Şərq ədəbiyyatı” məqaləsini yazıb. Göstərib ki, görkəmli lirik və satirik sənətkar Azərbaycan klassikləri ilə bərabər, Firdovsi, Xəyyam, Sədi, Hafiz və Caminin əsərlərini dərindən bilib, onlardan tərcümələr edib.
    Tədqiqatçı-alim M.Ə.Sabiri Azərbaycan, İran, Özbəkistan, Türkmənistan və Tatarıstanda yeni satirik şeirin nümayəndəsi, M.Möcüz, Ə.Nəzmi və Ə.Qəmküsarı isə M.Ə.Sabir ədəbi məktəbinin davamçıları kimi qiymətləndirib.

    M.Ə.Sabir Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət poeziyasını öyrənib, İran məşrutə hərəkatı, 1905-ci il Türkiyə inqilabı, Buxara, Tatarıstan və Qazaxıstandakı hadisələrə münasibətini ifadə edib. Lahuti M.Ə.Sabirin təsiri ilə yeni məzmunlu şeirlər yazıb, Əşrəf Gilani satirik sənətkarın şeirlərini fars dilinə tərcümə edib, ona nəzirələr yazıb.

    Həmid Araslı bildirib ki, “Hophopnamə” Özbəkistanda oxunub, “Muştum” satirik jurnalı Sabir şeirindən qidalanıb, onlara nəzirələr yazılıb. Türkmənistandakı “Toxmaq” məcmuəsi ətrafında satirik şairlər toplanıb. Türkiyədə M.Ə.Sabir şeirinə nəzirə yazılışı 1909-cu ildən başlanıb, “Qaragöz” adlı satira jurnalı M.Ə.Sabir üslubuna həssas olub. Alim hesab edib ki, “türk mətbuatı geniş tədqiq olunsa, Sabir yaradıcılığının Türkiyə ədəbiyyatı üzərində təsiri aydınlaşdırıla bilər”.

    Görkəmli füzulişünas Həmid Araslı Füzuli irsi ilə daha dərindən məşğul olub, “Böyük Azərbaycan şairi Füzuli” adlı qiymətli monoqrafiyasını yazıb, Füzuli irsinin öyrənilməsi tarixini, füzulişünaslıq haqqında tədqiqatları, habelə Füzuli və dünya ədəbiyyatını izləyib.

    Alimin “Füzuli ərəb tədqiqatında” məqaləsi ərəb alimi Hüseyn Mucibin “Qədim türk şeirinin əmiri Bağdadlı Füzuli” kitabı (1967) haqqındadır. Əsər 2 hissədir. I hissə Füzulinin tədqiqi tarixi, dövrü, türk, fars, ərəb ədəbiyyatı ilə bağları, ədəbi mühit, əqidəsi, məzhəbi, sufizmi, dili, şəxsiyyəti və müasirləri ilə bağlıdır. II hissədə şairin ədəbi irsi araşdırılıb, türkdilli “Divan”ından, qəsidə, qəzəl və rübailərindən, “Bəngü-Badə”, “Leyli və Məcnun”, “Hədisi-ərbəin” əsərlərindən, farsca tərkübbənd, saqinamə və qəsidələrindən, “Divan”, “Ənisül-qəlb” və müəmmalarından məlumat verilib.

    Araşdırmada “Şikayətnamə”, məktublar,”Leyli və Məcnun”, “Hədiqətüs-süəda” və “Divan”ına yazılmış müqəddimədən bəhs olunub. Farsca nəsr əsərləri kimi “Divan”ının müqəddiməsi, müəmmalarının müqəddiməsi, “Səhhət və Mərəz”, “Rindü-Zahid” əsərləri göstərilib.
    Həmid Araslı əsərin təsvir və təhlilini verib, çatışan və çatışmayan cəhətlərini göstərib. Ərəb aliminin türk alimlərindən, onların Füzuli haqqında tədqiqatlarından geniş bəhrələndiyini bildirib. Alim iradlarını da göstərib: “Füzulinin yaradıcılığı haqqında aparılan zəngin tədqiqatın, nəşr edilmiş cildliyin və farsca şeirlərin ərəb aləminə məlum olmaması bu qiymətli kitabın ciddi nöqsanıdır”. Həmid Araslıya görə, Hüseyn Mucib Füzulinin ərəbdilli şeirlərinin ərəb ədəbiyyatında tutduğu mövqeyidə lazımınca qiymətləndirə bilməyib, ərəbcə şeirlərinin aşağı səviyyədə olduğunusöyləyib. Həmid Araslı: “Füzulinin mövcud ərəbcə şeirlərini klassik ərəb şeiri ilə deyil, onunla müasir olan iraqlı ərəb şairlərinin əsərləri ilə müqayisədə düzgün fikir söyləmək olar”, – qənaətini ifadə edib.

    Tədqiqatçı əsərin uğurlu cəhətlərini göstərib. Fars klassiklərindən Sədi, Hafiz, Rudəki və Firdovsi haqqında araşdırmaları, Y.E.Bertelsin “Fars ədəbiyyatı tarixi” əsərini oxuduğunu, özbək ədəbiyyatını türk mənbələri əsasında öyrəndiyini bildirib. Həmid Araslı Hüseyn Mucibin “Qədim türk şeirinin əmiri bağdadlı Füzuli” tədqiqatını Füzulişünaslığa faydalı xidmət hesab edib.
    Alimin Füzuli haqqında bir məqaləsi də türk alimi Hasibə Mazıoğlunun “Füzuli-Hafiz” (1956) adlı doktorluq disserasiyası ilə bağlıdır. Əsər giriş və 3 fəsildən ibarətdir. Girişdə Hafiz və Füzuliyə qədərki İran və türk ədəbiyyatındakı qəzəl janrının inkişafından bəhs edilib. I fəsil Füzuli “Divan”ının təhlilinə, şairin bədii dili, vəzn, qafiyə xüsusiyyətlərinə, II fəsil Hafiz “Divan”ının təhlilinə, fəlsəfə və əxlaqi görüşlərinə, dil, vəzn və qafiyə xüsusiyyətlərinə, III fəsil Füzuli və Hafiz “Divan”larının müqayisəsinə, şairlərin həyati və dövrlərinə, dini etiqad və fəlsəfi görüşlərinə, məhəbbətə münasibətlərinə, Füzuli və Hafiz şeirlərinin bədii cəhətdən müqayisəli analizlərinə həsr edilib.
    Kitabda Həsənoğludan Füzuliyə qədərki Azərbaycan ədəbiyyatına nəzər salınıb, Azərbaycan ədəbiyyatının müstəqilliyi, Şərq və Qərb türkcəsindən fərqliliyi, Türkiyə təzkirəçilərinin Füzulinin dil və üslubuna orijinal baxışı düzgün izah olunub,- H.Araslı bu qənaətdədir. Alim şərh və izahlarında obyektivliyə çalışıb, analizlər aparıb, əsasən təqdir etdiyi əsərdə qüsurları da qeyd edib, bildirib ki, “lakin müəllif elmi prinsipə əsaslanmadan Azərbaycan və türk “Divan” müəlliflərinin yaradıcılığını klassik İran ədəbiyyatının təsirində göstərməyə çalışmışdır”. Halbuki bu, İran və Azərbaycan ədəbiyyatının qarşılıqlı təsirinin nəticəsi olmalı idi. Aydınlaşdırıb ki, fars dili Yaxın Şərq ədəbiyyatı üçün məcburi olduğu üçün fars ədəbiyyatının türk xalqlarına təsiri də təbii, türk xalqlarının da fars ədəbiyyatına təsiri labüd idi. Bu mənada Füzulini İran ədəbiyyatının təsiri ilə izah etmək düzgün olmazdı. Alimə görə, Hasibə Mazıoğlu Füzulini təsəvvüfdən ayrı, Füzuli məhəbbətini real, insani həyatla bağlı izah edib, onun təsəvvüf və ilahi eşqdən uzaq olduğunu bildirib. Lakin uğurludur ki, alim Füzuli dilini Azərbaycan ədəbi dilinin inkişafında bir mərhələ hesab edib.

    Həmid Araslı Hasibə Mazıoğlunun elmi mülahizələrinin yanlışlarını da göstərib. Bildirib ki, tədqiqat elmi-tənqidi mətnlər əsasında aparılmayıb. Alim hesab edib ki, Əli Nəhad Tərlanın çap etdiyi “Divan” Ə.Gölpınarlı nəşrindən (1948) daha düzgün, daha elmidir. Füzuli və Hafiz müqayisələrində yanlışlar vardır. Müəllif Füzuli şeirinin mövzu etibarilə Hafiz şeirindən məhdud olduğunu iddia edib. Həmid Araslı isə fərqi göstərib: Hafiz bir “Divan” müəllifi, Füzuli isə “Divan”lar müəllifi kimi tanınıb. Füzuli Şərq ədəbi mühitində seçilib, bədii irsi lirik, epik və fəlsəfi mövzularda olub, mövzu-məzmun baxımından zənginlik ifadə edib. Qənaəti bu olub ki, Füzuli yaradıclığını “Divan” çərçivəsində başa düşmək düzgün olmaz. Hasibə Mazıoğlu Füzuli haqqında sovet dövrü ədəbiyyatşünaslığındakı tədqiqatlardan istifadə etməyib, Füzuli əsərinin yalnız 1944-cü il Bakı nəşrini göstərib, bir sıra elmi məlumatı təkrar edib, bununla belə, müəllifin əsəri Füzuli yaradıclığının tanınmasında faydalı addım olub, – deyə füzulişünas-alim qeyd edib.

    Görkəmli ədəbiyyatşünasın “Ədəbiyyat tariximiz haqqında yeni əsər” məqaləsi “Varlıq” jurnalının naşiri və baş redaktoru doktor Cavad Heyətin jurnalında çap etdirdiyi məqalələr, 1979-cu ildə Tehranda ana dilində “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” adı ilə nəşr etdirdiyi kitab münasibətilə yazılıb. Müqəddimə doktor Həmid Nitqinindir.

    Cavad Heyət ərəbdilli, farsdilli şairlər haqqında məlumat verib, “Azərbaycan türkcəsinin tarixinə qısa bir baxış” – giriş yazıb, birinci baxışda Həsənoğlu, “Qisseyi-Yusif” müəllifi Əli, Qazi Bürhanəddin, Nəsimi, Şah Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Nəsimi, Həqiqi, Həbibi və Xətaidən, ikinci baxışda Füzulidən (qüsurları: Bakıda nəşr olunmuş dörd cildliklə və monoqrafiya ilə tanış olmayıb, ən qədim “Divan”ı, “Mətləül-etiqad”ın Bakı nəşrini görməyib, “Rindü-Zahid”, “Söhbətül-əsmar”ın adını çəkməyib), üçüncü baxışda “Töhfeyi-Sami”, “Məcməül-xəvas”, “Əhdi Bağdadi” təzkirələri və oradakı Azərbaycan şairlərindən, (Saib Təbrizi və Qövsi Təbrizi) geniş danışıb, Qövsinin 1958-ci il Bakı nəşrindən, “Seçilmiş əsərləri”ndən və müqəddiməsindən xəbərsiz olub.

    Dördüncü baxışda Molla Pənah Vaqif, beşinci baxışda Molla Vəli Vidadi və Şirvan şairləri, Aciz, Əbdürrəhman Dilbazoğlu, Arif və Salikdən, altıncı baxışda Dəxil, Raci, Dilsuz, Qumri və Sərraf şeirindən, yeddinci baxışda Ləli, Heyran xanım, Xalxalı, Mirzə Mehdi Şükuhidən, səkkizinci baxışda Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh və Qasım bəy Zakirdən, doqquzuncu baxışda XIX əsrin ikinci yarısındakı ədəbiyyatdan, Mirzə Fətəli Axundzadədən, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və ədəbi məclislərdən, onuncu baxışda Azərbaycan mətbuatı, “Əkinçi” qəzeti və dramaturgiyanın inkişafından bəhs edib. Həmid Araslı kitabı həm də bəzi simaların yeni təqdimatına görə qiymətləndirib. Əsər farsca yazılıb. Kitabda Şeyx Mahmud Şəbüstəri, Arif Ərdəbili, Marağalı Əvhədi, Əssar Təbrizi, Mirzə Əbdürrəhim Talıbov, Zeynalabdin Marağayidən danışılmayıb, lakin Həmid Araslı əsəri ədəbi həyatımızın fərəhli hadisəsi hesab edib.

    Görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, akademik Həmid Araslı türk-müsəlman ədəbiyyatına aid mülahizə, rəy və məktubların da müəllifidir. Bu tarixi-ədəbi şəxsiyyət Azərbaycan ədəbiyyatı tarixi və problemləri məcrasında qiymətli tədqiqatların müəllifi olub, Azərbaycan ədəbiyyatı tarixi və tarixçiləri sırasında görkəmli yer tutur. 11 fevral 2019-cu il tarixli Prezident Sərəncamına əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 25 fevral 2019-cu ildə keçirdiyi elmi sessiyasında akademik İsa Həbibbəyli, Əməkdar elm xadimi Qəzənfər Paşayev, professorlar Şirindil Alışanlı, Fəridə xanım Əzizova, Paşa Kərimov və Əlizadə Əsgərlinin məruzələri də bu elmi həqiqəti bir daha bəyan etdi. Ruhu şad olsun!

    Əlizadə ƏSGƏRLİ,
    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor.

    Mənbə: http://respublica-news.az

  • Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T

    I. Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü geniş oxucu auditoriyasına təqdim etmək məqsədi ilə Sumqayıta həsr edilmiş şeir və esselələrdən ibarət «Səni vəsf edirəm, doğma şəhərim» adlı almanaxın nəşr edilməsi.

    Kitab Sumqayıt Regional Mədəniyyət idarəsinin təsdiq etdiyi tərkibdə 5 nəfərdən ibarət redaksiya şurası tərəfindən nəşrə hazırlanır və idarə rəisinin rəyi ilə çap olunur.

    II. «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin keçirilməsi.

    Müsabiqə Regional Mədəniyyət idarəsi tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq keçirilir. (Əsasnamə əlavə olunur)

    III. Azərbaycanın görkəmli yazıçı və şairləri ilə noyabr ayına qədər ayda bir dəfə olmaqla Sumqayıtın mədəniyyət, təhsil, səhiyyə, xidmət sahələri işçilərinin, eləcə də iri istehsalat kollektivlərinin görüşlərinin keçirilməsi.

    IV. «Sumqayıt – 70» devizi ilə Azərbaycanın regionlarında sumqayıtlı yazıçılarla, həmin regionların yazıçıları ilə Sumqayıtda ədəbi məclislərin keçirilməsi.

    V. «Sumqayıt – 70» devizi altında Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda sumqayıtlı yazıçı və şairlərlə Bakı ədəbi ictimaiyyətinin görüşünün keçirilməsi.

    VI. Sumqayıtın ağsaqqal ədibləri və şəhər ədəbi gəncliyinin birgə iştirakı ilə «Ədəbi Sumqayıt – dünən, bu gün, sabah» adlı Televiziya verilişi. DTV-də.

    VII. «Sumqayıt – 70» devizi altında Apşeron ərazisində dislokasiya olunmuş hərbi hissələrdə Sumqayıtlı şair və yazıçılarla görüşlərin keçirilməsi.

    VIII. Tənqidçi, f.e.d Vaqif Yusiflinin sumqayıtlı yazarların əsərləri haqqında yazdığı ədəb-tənqidi məqalələrdən ibarət kitabın nəşri və Sumqayıtda təqdimatının keçirilməsi.

    Əli Kərim adına Poeziya Evinin direktoru: İ. İlyaslı

    Sumqayıt Regional Mədəniyyət idarəsi

    Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi munasibəti ilə keçirilən «Sumqayıtı vəsf edən ən yaxşı şeir və esse» müsabiqəsinin

    Ə S A S N A M Ə S İ

    Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü dəyərləndirmək məqsədi ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi bu Əsasnaməyə uyğun olaraq keçirilir.

    İ. Müəlliflər Sumqayıta həsr edilmiş şeirlərininin əlyazmalarını və elektron variantını yerli kütləvi informasiya vasitələrində bu barədə elan dərc edilən gündən etibarən 2019-cu il avqust ayının 31-dək elanda göstərilən ünvana – Əli Kərim adına Poeziya Evinə təqdim edir.

    İİ. Sumqayıtın 60 illiyi ilə əlaqədar keçirilən müsabiqədə iştirak etmiş və “Həzin nəğmələrdə yaşayan şəhər” toplusuna daxil edilmiş şeirlər müsabiqəyə təqdim edilə bilməz.

    İİİ. Müsabiqəyə təqdim edilmiş şeirlər Əli Kərim adına Poeziya Evi tərəfindən qəbul edilərək toplanılır və Sumqayıt Regional Mədəniyyət idarəsinin tərkibini təsdiq etdiyi münsiflər heyəti tərəfindən müzakirə edilir. Müsabiqəyə təqdim edilmiş şeirin(essenin) mövzunu tam əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

    İV. Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş şeirləri(esseləri) müzakirə edərək İ, İİ və İİİ yerlərə layiq bildiyi müəllifləri müəyyən edir və bu barədə qərarını Sumqayıt Regional Mədəniyyət idarəsinə təqdim edir.

    V. Qaliblər Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində təntənəli surətdə Sumqayıt Regional Mədəniyyət idarəsi tərəfindən «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin Laureatı Diplomu ilə təltif edilir və qiymətli hədiyyələrlə mükafatlandırılır.

    Vİ. Münsiflər heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərar qalibləri müəyyənləşdirmək üçün əsas sayılır və müzakirə olunmur.

    E L A N

    Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin yaradılmasının 70 İlliyi münasibəti ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən müəlliflər öz şeirlərinin(esselərinin) əlyazmalarını və elektron variantını avqust ayının 30-dək Əli Kərim adına Poeziya Evinə təqdim etməlidirlər. Təqdim edilən şeirlərin mövzunu tam və dolğun əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

    Əlavə məlumat almaq istəyənlər 044 208 01 61 nömrəli telefonla Əli Kərim adına Poeziya Evinə müraciət edə bilərlər.

    Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr., Heydər Parkı, Poeziya Evi. Email: sumqayitpoeziya.evi@mail.ru

    Qeyd: Sumqayıtın 60 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqəyə təqdim edilmiş şeirlər bu müsabiqədə iştirak edə bilməz.

    Müsabiqənin təşkilat komitəsi

    Mənbə: http://sumqayitfakt.az

  • Azərbaycanlı xanım yazar İradə Aytelin hekayələri Tehranda işıq üzü görüb

    İran İslam Respublikasının paytaxtı Tehran şəhərində nəşr olunan “Qorxunun rəngi” adlı hekayələr toplusunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist İradə Aytelin “Virtual sevgi”, “Pozqun mələk”, “Yetim laylalar”, “Və mən onu sevirdimmi?” hekayələri dərc olunub.

    Qeyd edək ki, bundan öncə istedadlı və tanınmış Azərbaycanlı xanım yazar İradə Aytelin şeirləri, məqalələri, hekayələri “edebiyyat-az.com”, “gundelik.info”, “olaylar.az” saytlarında işıq üzü görüb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • İradə AYTEL.”Sevgi nağılı”

    Gəl, sənə bir nağıl söyləyim,

    O nağıl ömrümün noğulu idi.
    O nağılda biri vardı – o Səndin,
    O nağılda biri yoxdu – o məndim.
    O nağılda Sən Günəşdin, mən gecə.
    O nağılda Sən məndəydin,
    Mən təkcə!
    O nağılda gözlərin göz işığım,
    Səsin İlahi səsi,
    Səsin “Azan”ım idi.
    O nağılda baxışın ürək dağım,
    Sözün Müqəddəs ayə,
    Özün alnıma tale,
    Qismət yazanım idin.
    O nağılda “ağ atlı”,
    Bəyaz don gözləmirdim,
    Qaranlıq gecələrdə
    Təklikdən asılsam da,
    Göydən düşən üç alma,
    Mutlu son gözləmirdim.
    O nağılda, bircə Sən,
    Bircə Səni görürdüm!
    O Nağılda tək səni,
    Təkcə Səni sevirdim!
    Yahu!
    Yahu!
    Yahu!
    Mən ki, Səni sevirdim!
    Mən ki, Səni sevirəm!

    03 iyun 2014.

    Mənbə: http://www.kultur.az

  • İradə AYTEL.”Qadınların 13 xəyanəti”

    Hardasa oxumuşdum: “Əməli xəyanət fikri xəyanətin açıq-aşkar davamıdır”.

    Sevmədən ailə qurmaq qaçılmazdır, lakin sevmədən ömür sürmək günahdır! Sevmədiyi kişi ilə gecələrini paylaşmaq bədənini satmağın bir növüdür. Nə fərqi var; məhrəminə, ya naməhrəminə, hər iki halda bədən təcavüzə məruz qalır.

    Qadın ərinə övladlarından biri kimi, həm də ən ərkəsöyün övladı kimi yanaşmalıdır: əzizləməli, qulluğunda durmalı, yeməyinə, geyiminə nəzarət etməlidır. Bütün bunlarsa sevgidən doğulur, əgər sevgi varsa bu istəklər qadının içindən gəlir, əks halda, zərurət məcburiyyətə çevrilir və qadının həyatı məhbəsə dönür. Məhbəsdə isə xoşbəxtlik pəncərəsiz koma kimidir, soyuq, qaranlıq, əzici…

    Bəzənsə bu məhbəs xəyanətə qapı açır. Həm də qadın xəyanətinə(!). O xəyanətə ki, ailələr dağılır, körpələr yetim qalır, qətllər törədilir (yaxud da susulur…)…

    Şahidi olduğum son olaylar: Beş uşaq anası idi – bapbalaca beş körpənin anası. Guya, (guya!) ərinə xəyanət etmişdi. Əri şəxsi avtomobili ilə qadının üzərindən bir-neçə dəfə keçərək (diri-diri) onu qətlə yetirdi (təsadüfən yolum onlar tərəfə düşmüşdü. Həmin körpələrin baxışları hələ də gözlərim önündədi)…

    Yenicə ailə qurmuşdular, əri həyətlərindəki çarhovuza salaraq boğdu…

    İki uşaq anası idi, qardaşı Rusiyaya apararaq yuksəkmərtəbəli binanin doqquzuncu mərtəbəsindən aşağı atdı (sağ qaldı);

    Üç körpə anası idi, əri və yaxınları diri-diri doğradılar… və s. və ilaxır… Bunlar sadəcə son zamanların hadisələridi, həm də hüquqi və mənəvi təsdiqini tapmayan hadisələr.

    Hansı halda qadın xəyanət edir?

    Əvvəldən onu deyim ki, açıqlayacağım xəyanət növlərinin hamısının başında iradəsizlik durur. Xəyanəti yalnız iradəsi zəif olan qadınlar edir.

    Ərini sevmir, bu sevgini başqasında tapır;
    Kişi qadının güvənc yeridir, güvəncini itirir;
    Ərinin ona xəyanət etdiyini eşidir, heyif çıxmaq qərarına gəlir;
    Maddi çətinliyə dözmür;
    Ehtirası güc gəlir (əri uzun müddət yanında olmadıqda).
    Əri tərəfindən hər gün zorakılığa və həqarətə məruz qalır (cinsi zorakılıq, fiziki zorakılıq, saymamazlıq… ər qadınına məhəl qoymur, evə gec gəlir, ailəsinə diqqət ayırmır, sərgərdan həyat keçirir, uşaqlarına kobudluq edir);
    Rəfiqəsinin şirin söhbətlərinə uyur, aldanır;
    Əri cinsəl həyatını normal yaşaya bilmir;
    Ər arvadına həddindən artıq sərbəstlik verir;
    Qadın evlilikdən öncə normal cinsəl həyat yaşamır (müxtəlif üzlər görür);
    İşi, qazancı, vəzifəsi ərindən yüksək olur…
    Əsil-nəslində xəyanətə meylli kimsə olur və genetik olaraq keçir (təsdiqini tapmış həqiqətdir);
    Və adicə maraq, yaxud da harınlamış həyat tərzi.
    Yuxarıda sadalananlar əlbəttə, xəyanətə sadəcə bəhanədir. Belə bəhanələri isə adətən sevmədən ailə quranlar gətirir.

    Qaldı sevib evlənmək məsələsinə, düzdür, cəmiyyətimiz hələ buna hazır deyil, ama zaman gələcək sevgi o qədər yüksəkdə olacaq ki, onun evlilik kimi bəsit bir münasibətlə sonuclanmasına ehtiyac qalmayacaq. Sevəndə evlənməyi düşünmək sevgini küçüldəcək. Evlilik ağılın gəldiyi nəticədir, sevgi isə ürəyin. Bunların ikisi bir arada çox nadir hallarda olur. Odur ki, sevmək üçün evlənməli, ya evlənmək üçün sevməli, fikirlərindən uzaq olaraq sevmək və sevilmək gərəkdir. əgər Tanrı sənə sevib-sevilməyi bəxş edibsə, artıq bu səadətdir.

    Mənbə: http://www.kultur.az

  • İradə AYTEL.”Mərdim, mərdim, yığış gedək”

    A köksümdə döyünənim,
    Mərdim, mərdim, yığış gedək.
    Səni səni sevməyənə
    Verdim… verdim, yığış gedək.

    Gül açmadı yenə bu yaz,
    Ümid düşdü çənə bu yaz…
    Qara saçım, səni bəyaz
    Hördüm… hördüm, yığış gedək.

    Nədən saldın mənə meyil,
    Di içimdə söyül, döyül.
    Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!

    Mənbə: http://www.kultur.az

  • SOCAR-AQŞ-də KİV nümayəndələri üçün mətbuat konfransı

    SOCAR-AQŞ-in baş ofisində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransını giriş sözü ilə SOCAR-AQŞ-in baş direktoru Ramin İsayev açaraq ölkəmizin aparıcı KİV nümayəndələri ilə görüşməyindən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, gördüyümüz işlər və qazandığımız uğurlar ictimaiyyətə məhz KİV-lər vasitəsilə çatdırılır.

    R.İsayev bildirdi ki, SOCAR-AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Abşeron Qazma Şirkətinin təsis etdiyi kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təczihat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir. Hazırda SOCAR-AQŞ – Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. 2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drieling Contractors, IADC) üzvüdür. Şirkət həmçinin inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2 – Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunmuşdur. Şirkət regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. 2018-ci ilin noyabr ayında isə BMT Qlobal Sazişinə qoşulub.

    Baş direktor daha sonra bildirdi ki, bu günlərdə KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering” MMC “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqavilə bağlanıb. İmzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla 700 milyon ABŞ dollları məbləğindədir. Müqavilə, Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə “Şərqi Azəri”, “Qərbi Azəri”, “Mərkəzi Azəri”, dərinsulu “Günəşli”, habelə “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər.

    2018-ci ilin iyul ayında təsis olunmuş “Turan Drilling and Engineering” KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsidir. Birgə müəssisə, özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan KCA Deutag şirkətinin səriştəsini, habelə SOCAR AQŞ-nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir.

    “Turan Drilling and Engineering” birgə müəssisəsinin əsas səhmdarı olan SOCAR AQŞ MMC-nin Baş direktoru Ramin İsayev bildirdi ki, SOCAR AQŞ Xəzər regionunda inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində özünü təsdiq etmiş və etibarlı infrastruktura malik olan aparıcı müəssisədir.

    SOCAR AQŞ, həmçinin “ÜMİD” YATAĞINDA UNİKAL QAZMA VƏ GEOFİZİKİ TƏDQİQAT İŞLƏRİ APARIB. Müəssisə “Ümid” yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.

    “Ümid” yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Quyu bütövlüyü nəzərə alınmaqla 16 saylı quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 saylı quyu “Ümid” yatağının tarixində yeni səhifə açıb. SOCAR tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılmışdır.

    Müəssisənin əldə etdiyi uğurlardan biri də “Ümid” yatağı üzrə məhsuldar horizontlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.

    “Ümid” yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQŞ yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5 m və 6037-6046 m intervalından 100 % süxur nümunələri götürmüş, hermetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.

    SOCAR AQŞ kollektivi Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.

    Sonda Baş direktor R.İsayev KİV nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

    Müşfiq MİRZƏ,
    “Respublika”.

    Mənbə: http://respublica-news.az

  • Son bir il: dinamik inkişafın yeni zirvəsi

    Xalqımızın azadlıq mücadiləsində, müstəqilliyin möhkəmləndirilməsində, müasir innovativ iqtisadiyyatın bərqərar olmasında, ölkəmizin dünyada yüksək siyasi nüfuz qazanmasında Heydər Əliyev siyasi kursunun inkarolunmaz, mühüm əhəmiyyəti vardır. Ulu öndərin müəyyən etdiyi strategiya ilə irəliləyən Azərbaycan ilbəil yeni dəyişiklərlə daha yüksək mərhələyə qalxır. Dünyanın nadir uzaqgörən siyasətçiləri sırasında önəmli yer tutan ulu öndərin siyasi kursu sayəsində reallaşan özünəməxsus innovativ inkişaf modeli ilə ölkəmiz ilbəil mühüm nailiyyətlərə imza atmaqdadır. Məhz Heydər Əliyev siyasi kursunun alternativsizliyi nəticəsində 2018-ci ilin aprel ayının 11-də keçirilən Prezident seçkilərində də İlham Əliyev yenidən ən inamlı siyasi lider və ölkə rəhbəri mövqeyini qazandı.

    Heydər Əliyev siyasi kursunun ən layiqli varisi

    Ulu öndərin dövlətimizin rəhbərliyinə qayıdışından ötən dövr ərzində reallaşan strategiya onun layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün səmərəliliyini, müasir tələbata müvafiqliyini, gələcəyə hədəflənmiş istiqaməti təmin etdiyini dəfələrlə təsdiq etmişdir. Heydər Əliyev siyasi kursunun müasir gərgin beynəlxalq proseslər fonunda yeganə alternativsiz strateji yol olduğunun sübutunu görən xalq 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə dövlət başçısı seçdi. Yeni Prezidentin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara müvafiq, bir-birini tamamlayan daxili və xarici siyasəti ona xalq arasında geniş liderlik imici və çox böyük inam qazandırdı. Bu inam xalqla iqtidar birliyini bir daha möhkəmləndirdi və 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində də İlham Əliyevin apardığı siyasi kursa əhalinin əksəriyyəti səs verdi.
    Təsadüfi deyil ki, on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmış, valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatmışdır. Müasir dünyamızda heç bir dövlət iqtisadiyyatına sərmayə cəlb etmədən inkişaf edə bilməz. Bu baxımdan Azərbaycanın xarici siyasəti olduqca səmərəlidir və qarşılıqlı mənafeləri təmin etmək baxımından digər tərəfin də marağındadır. Və nəticədə 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulması diqqəti xüsusi olaraq cəlb edir. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən bu investisiya qoyuluşunun təxminən yarısı xarici mənbələrin payına düşür.
    İqtisadiyyatın inkişafı nəqliyyat, yanacaq və ərzaq təhlükəsizliyi təmin edilmədən mümkün deyildir. Dövlət rəhbəri bu sahələri paralel şəkildə inkişaf etdirmək üçün düşünülmüş siyasətlə bütün addımları atmaqla ölkənin iqtisadi sıçrayışına nail oldu. Strateji mənafeləri təmin edən iqtisadi siyasət nəticəsində bu dövrdə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmişdir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yer tutacaq, həmçinin Azərbaycanın perspektiv inkişafında, iqtisadi maraqlarında və siyasi nüfuzunun artmasında böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihə dəqiq mexanizmlərlə icra edilmiş və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılışı olmuşdur. TAP layihəsnin icrası isə qrafik üzrə davam etdirilir və yaxın zamanlarda onun da istifadəyə verilməsi gözlənilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamış, ölkənin digər transmilli enerji daşıyıcıları və nəqliyyat dəhlizləri layihələrində liderliyini və mühümlüyünü mümkün etmiş “Əsrin müqaviləsi”nin – “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi müqavilədə təsbit olunmuşdur. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Bu saziş Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradır.

    Avrasiyanın mühüm beynəlxalq nəqliyyat qovşağı

    Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər də Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə baş tutmuşdur. Mərkəzi və Orta Asiyanıın nəqliyyat infrastrukturunu Yaxın Şərq, Şimali Afrika və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun təməli 2007-ci ildə qoyulmuş, 2017-ci il oktyabrın 30-da isə paytaxtımızda rəsmi açılışı olmuşdur. Bundan başqa, Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları istifadəyə verilmişdir. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istismarına başlanması ilə Azərbaycan öz ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində bütün işləri çox böyük uğurla başa çatdırmışdır. Ölkəmiz siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

    İKT sahəsinin inkişafının prioritet elan edilməsinin uğurları

    2014-2018-ci illərdə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu inkişaf etdirilmiş, bölgələrimizdə kənd yaşayış məntəqələri də daxil olmaqla müasir elektron xidmətlərinin göstərilməsi imkanları daha da genişləndirilmiş, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin edilmişdir. Məhz dövlətin düşünülmüş siyasəti sayəsində Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının dəyərləndirməsinə əsasən dənizə çıxışı olmayan ölkələr arasında ən güclü transsərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna nail olub. Dövlət müasir texnologiyalar istehsalı sahəsinə kifayət qədər böyük sərmayələr yönəldir. Artıq ölkədə kosmik sənaye yaradılıb, Azərbaycan kosmik ölkələr klubunun üzvüdür və sahə müvəffəqiyyətlə inkişaf edir. Hazırda üç – “Azerspace-1” telekommunikasiya “Azerisky” və “Azerspace-2” peyklərinə malikik. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il 443 saylı Sərəncamından sonra ölkəmizdə yeni, müasir kosmik sənaye sahəsi yaradıldı.
    Təsdiq olunmuş Dövlət Proqramında deyilir: “İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir”. Beləliklə, hazırda ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı (TASM) layihəsinin reallaşması ilə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrilir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş, sənəddə bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir.
    Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, statistik məlumata əsasən Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında isə Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 167 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-cı yerdə olmuşdur. 2015-ci ildə dövlət orqanları ilə 7469 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 36,8 dəfə, 2014-cü illə müqayisədə 3,9 faiz artmışdır. Ümumiyyətlə, Azərbaycanda informasiya cəmiyyətinin yaradılması, “Elektron hökumət”in formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın təmin və daim yüksəldilməsi aktual məsələdir. İKT-nin 2014-2017-ci illərdə inkişaf strategiyasının əsasını “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya uyğun demokratik inkişafın davamlılığını təmin etmək və qlobal informasiya fəzasına inteqrasiyanı genişləndirərək yüksək inkişaf səviyyəsinə nail olmaq təşkil edir. İKT-nin sürətli inkişafı son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları, Humanitar forumlar, Mədəniyyətlərarası dialoq kimi mötəbər tədbirlərin keçirilməsinə və sonda ölkədə turizmin yüksəktempli tərəqqisinə də əhəmiyyətli töhfələr verib.
    Özəl sektorun inkişafına dövlət dəstəyi yüksək nəticələr verir
    Prezident İlham Əliyevin iqtisadi islahatlar sırasında 2016-cı ildən özəl sektorun inkişafı ilə bağlı qəbul etdiyi qərarlar real iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakterə malikdir. Ölkə rəhbərliyi sahibkarlara maksimum sərbəstlik verilməsi üçün bütün müvafiq addımları atır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Dövlətin sahibkarlığa göstərdiyi siyasi, mənəvi, maliyyə dəstəkləri, inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Sahibkarlığın inkişafında regional inkişaf Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu proqramların icrası nəticəsində bölgələrdə zəruri olan müasir infrastruktur yaradıldı.
    İnzibati prosedurların sadələşdirilməsi də özəl sektorun sürətli inkişafında mühüm amillərdən biridir. Artıq aydındır ki, bu istiqamətdə “ASAN Xidmət”in rolu və əhəmiyyəti kifayət qədər yüksəkdir. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, həm də sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemləri həll edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmış və yenidən müddəti uzadılmışdır. Nəticədə 2015-ci ilin noyabrından 2017-ci ilin aprelinədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilmişdir. Əvvəllər bu dövrdə 33336 yoxlama aparılmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunması üçündür. Özəl sektorun inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan edilib, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Artıq dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilir. “ASAN Xidmət” mərkəzləri vasitəsilə sahibkarlara ən çox özəl tibb, əczaçılıq, tikinti-quraşdırma, layihələndirmə, mühəndis-axtarış, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, təhsil, sürətli poçt rabitə xidməti, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işlərinin aparılması, yanğından mühafizə fəaliyyətinə və sair sahələrə dair lisenziya verilmişdir. Eyni zamanda, qəbul olunmuş “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir. “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən sahibkarlara lisenziya və icazə məsələləri üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və işi yüngülləşdirən digər mütərəqqi mexanizmlərin müəyyən edilməsi də sahibkarlığın inkişafına güclü stimul verməkdədir. Portalın fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsinin tamamilə elektron qaydada həyata keçirilməsi, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqənin təmin edilməsi deməkdir. İqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. 2016-cı ilin 20 aprelində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir. Bu sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmağa imkan verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Göründüyü kimi, bu addımlar sahibkarlığın inkişafına əhəmiyyətli töhfədir. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi də sahibkarlığın inkişafına geniş imkan yaradır, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Səbəb də odur ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.

    Ölkəmizin xarici siyasəti səmimi, açıq, şəffaf, proqnozlaşdırıla bilən və müstəqildir

    Azərbaycan hazırda bu dünyanı düşündürən ən mühüm problemlərin müzakirə mərkəzinə çevrilib. Çünki ölkəmizin siyasəti çox açıqdır, xoşniyyətlidir, şəffafdır və bu siyasət ölkələri birləşdirməyə, qarşılıqlı inkişafa, maraqları ödəməyə, şəffaf münasibətlərə, bir-birinin daxili işlərinə qarışmamağa hesablanıb, ayırmağa yox. Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunun da paytaxtımızda keçirilməsi bunun təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xarici siyasətinin prioritetləri və prinsipial mövqeyi, dünyada, regionda dəyişən və sonu bilinməyən vəziyyətdə fəaliyyət barədə demişdir ki, bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.

    Multikulturalizm xalqımızın yaşam tərzi, dövlət siyasətində prioritetdir

    Ölkəmizdə mövcud milli birliyin əsasında duran amillərdən biri də məhz bəşəri dəyər-multikulturalizmdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra multikulturalizm dövlət siyasətində prioritetdir. Müxtəlif mədəniyyətləri bir araya gətirmək, birgəyaşayışa töhfə vermək, qarşıdurmanı önləmək, dünyada milli-dini zəmində baş verən kataklizmlərə son qoymaq üçün Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi və dünyada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda toplantısını keçirdi. Müasir gərgin beynəlxalq şəraitdə “Bakı prosesi” artıq zəruri reallıqdır, milli-dini dözümlülüyə, tolerantlığa, multikulturalizmə mühüm töhfədir. Azərbaycan multikulturalizm dəyərlərini təşviq edən, sülhə, sabitliyə, sosial-iqtisadi inkişafa, əməkdaşlığa, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə əhəmiyyətli stimul verdiyini göstərən çoxsaylı beynəlxalq tədbirlər keçirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və uğurlu fəaliyyəti də bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın multikulturalizm sahəsində təcrübəsi tədqiq edilir, öyrənilir və tədris edilir. Ölkəmiz dünya dini liderlərinin zirvə görüşünün, Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar forumlarının təşkilatçısıdır. Ölkəmizdə BMT-nin təşkilatçılığı ilə Sivilizasiyalar Alyansının 7-ci toplantısının keçirilməsi isə bu sahədə yüksək nüfuzun təsdiqidir.

    Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı böyük əhəmiyyətə malik Konvensiyanın imzalanmasında Azərbaycanın rolu

    Qazanılan uğurlar sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması böyük əhəmiyyətə malikdir. SSRİ-nin süqutundan sonra Xəzər regionunda yaranan yeni müstəqil dövlətlərin bu günə qədər davam edən bu sahədə müzakirələrinin müsbət sonluqla başa çatmasında Azərbaycanın xüsusi rolu vardır. Ölkəmizin yeni əməkdaşlıq formatlarının yaranmasındakı təşəbbüskarlığı, iki və çoxtərəfli əlaqələrin inkişafındakı fəallığı bu prosesdə də özünü büruzə vermiş, dövlətimiz Xəzəryanı ölkələr arasında münasibətlərin hüquqi bazasının yaradılmasında aktivliyi ilə diqqəti bir daha cəlb etmişdir. Dövlət başçımız vurğulamışdır ki, bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Bu saziş Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin, qarşılıqlı maraqların həlli üçün geniş perspektivlər açır.

    Müasir müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu

    Ərazilərimizin Ermənistan tərəfindən 20 faizinin işğalı və bu ölkənin danışıqlarda sülh yolu ilə həll istiqamətində qeyri-konstruktiv yanaşması davam edir. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının onun qoşunlarının zəbt etdiyi ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə riayət etmir. Avropa Parlamenti, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı, NATO və digərlərinin Azərbaycanın haqq işini dəstəkləyən kifayət qədər qərar və qətnamələri də vardır. Bu qətnamələr icra olunmamış qalır, hələ də kağız üzərindədir, ermənilər digər ərazilərə də iddiallarından əl çəkməmişlər. Buna görə də Azərbaycan müharibə şəraitində yaşayır. Bu baxımdan da müdafiə sənayesinə və müasir güclü orduya malik olmaq həyati əhəmiyyət kəsb edir.
    Aydındır ki, müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu dinamik innovativ iqtisadi inkişaf zəminində baş verir. Hazırda ölkəmizin tərəqqisinin dinamizmi qorunur və ilbəil yeni yüksək mərhələyə qalxan güclü hərbi sənayesi, qüdrətini daim artıran silahlı qüvvələri vardır. Bu artan gücü 2016-cı il aprel döyüşləri, Naxçıvanda 11 min hektar ərazimizin azad edilməsi və bütün strateji nöqtələrin nəzarətə götürülməsi bir daha sübut edib. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara da uğurla çıxır. Bu isə istehsal olunan məmulatların keyfiyyətliliyinin və beynəlxalq standartlara cavab verdiyinin təsdiqidir. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatları və s. vardır. İxrac imkanlarının genişləndirməsi məqsədilə bütün tədbirlər görülür və bu uğurlar mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində yeni-yeni məmulat və məhsullarla iştirakla da bağlıdır. Ölkəmiz ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX- 2014”ə 37 şirkətlə qatılmış və 168 adda məhsul nümayiş etdirmişdi. Bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümyəndə iştirak etmişdi. Malayziyada keçirilən dünyanın 5 ən böyük müdafiə sərgisi 15-ci “DSA-2016”da nazirlik 220 adda məhsulun təqdimatını keçirmişdir. Bakıda “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisində isə 38 ölkədən 200-dən çox şirkətdən sifarişlər qəbul edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə Sənayesi sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar. “ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan – 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62×54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7×108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7×108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23×115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5×114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotu, məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilirdi.

    Xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahib çıxılır və yaşadılır

    Öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmayan xalq məhvə məhkumdur. Ölkəmizdə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu il isə “Nəsimi ili” elan edilmişdir. Bu istiqamətdə addımlar davamlıdır və xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahibliyinin və yaşadılmasının təsdiqidir. Müasir dünyamızda sərhədsiz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində bu bir ilin mühüm sənədləri sırasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da xüsusi yer tutur. Beləliklə, dünya təcrübəsi sübut edir ki, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin sahibi və mühafizi olan xalq məğlubedilməzdir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu il 30 iyun-10 iyul tarixlərində ölkəmizdə keçirilməsi ilə bağlı qərarının qəbul olunmasında da həm milli-mənəvi dəyərlərimizə yüksək qayğı, həm də multikulturalizmin yaşam tərzimiz olması və tolerantlığımız kimi xüsusiyyətlərimiz əsas səbəb yer olub.

    Seçkilərdə verilən vədlərin yerinə yetirilməsi xalq-iqtidar birliyini daim möhkəmləndirən amildir

    2003-cü ildən gələn və son bir ildə daha da yüksəyə qalxan inkişaf mərhələləri xalqla iqtidar birliyinin sayəsindədir desək, səhv etmərik. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bu vəhdətliyi diqqətə çatdırıb və vurğulayıb ki, mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan xalq-iqtidar birliyi sayəsində yeni-yeni inkişaf mərhələsinə doğru inamla addımlayır. Bunu ölkəmizdə keçirilən beynəlxalq sorğuların nəticələri də təsdiqləyir. Bu ilin martında Fransanın “Opinion Way” şirkətinin Azərbaycanda apardığı rəy sorğusu ölkə başçısı İlham Əliyevin yenə də xalqın əksəriyyətinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Belə ki, respondentlərin 80,1 faizi ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasını Prezident kimi İlham Əliyevin ən uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Onlar vurğulayıblar ki, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə rəğmən Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafının dinamizmini qoruyub, əmin-amanlığın təmini və sosial rifah naminə mühüm addımlar atıb. Ölkədə etnik, dini icmalar arasında qarşılıqlı hörmət və dözümlülük mühiti mövcuddur və ictimai-siyasi zəmində sabitlik hökm sürüb.
    Təbii ki, bir yazıda ölkədə baş verən proqressiv irəliləyişi, bütün və yeni mərhələnin müsbət yekunlarını ehtiva etmək qeyri-mümkündür. Yuxarıdakı göstəricilər də Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsini təsdiq edir və aşkardır ki, qiymətləndirilməyə dair “Opinion Way”in suallarına respondentlərin 75,6 faizinin müsbət cavab verməsinə hərtərəfli davamlı proqressiv inkişaf səbəb olub.

    Ataş CƏBRAYILOV,
    “Respublika”.

    Mənbə: http://respublica-news.az

  • Gülnar Səmanı doğum günü münasibətilə təbrik edirik! (22 aprel 1986-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Göyçək Fatma

    Mən Göyçək Fatmayam, düşüb başmağım
    Sizin küçənizin o tərəfinə.
    Bir sevgi nəğməsi zümzümə etdin,
    Düşdü həyatının qu tərəfinə.

    İlk və son nəğməni dilə gətirdin,
    Amma bir dinləyən olmadı onu.
    Mənimçün ölərək düşdü tarixə-
    O boyda ömrünün tək bircə anı.

    Mən Göyçək Fatmayam, itən başmağım,
    Getdi şahzadənin əlinə keçdi.
    Sənin arzuların qarı nənənin,
    O bitdi, birəli telinə keçdi.

    Yetim xoşbəxtlik

    Yetim xoşbəxtliyə ögey anayam,
    Ona balam dedim, bəlama döndü.
    Hər yetən verməyə can atır sanki,
    Xoşbəxtlik mənimçün salama döndü.

    Salamtək verdilər, aldılar məndən,
    Bir Allah bəndəsi qıymadı mənə.
    Dedim, çox sevəcəm səni balamtək,
    O bədbəxt xoşbəxtlik uymadı mənə.

    Bircə şans vermədi, vermədi ki o,
    Mən də qismətimi bir də sınayam.
    Mənə möhtac qaldı anası ölmüş,
    Yetim xoşbəxtliyə ögey anayam.

    Gəlmişəm

    Əlindən tutmağa əlim gəlmədi,
    Ayrılaq!- deməyə dilə gəlmişəm.
    Sənə od qoymuşam… Od da müqəddəs,
    İndi də əlimdə tələ gəlmişəm.

    Bilmirəm, sən hansı tora düşəcən,
    Sevsən də, ikinci tura düşəcən,
    Nə bilim ordan da hara düşəcən,
    Haradı bilmirəm, hələ, gəlmişəm.

    Gəl burdan ayrılıq tərəfə gedək,
    Ömürlük həsrətin xeyrini güdək.
    Onsuz da bilirsən ömrü çox gödək,
    O qəlbinə düşən xala gəlmişəm.

    Günlərin bir günü

    Sən mənim ömrümə gələndən bəri,
    Mən sənin ömründən günündən keçdim.
    Sən mənim qarşıma çıxandan bəri,
    Görmədin, mən sənin önündən keçdim.

    Keçdim günah kimi ömründən sənin,
    Keçmə günahımdan, önə keçmə sən.
    Mən sənin günahın olmaqdan qaçdım,
    Qaçma günahımdan, önə qaçma sən.

    Nəyimiz vardı ki, arxada qoyaq,
    Ayrılıq gələndə qabağa düşdük.
    Biz necə bir ömrə sahib olmuşuq,
    Günlərin bir günü özümüz çaşdıq…

    Kimi

    “Mənə çəkdiyin dağa gəl,
    Gəl, qorxma, dumanı yoxdu”.
    E.Əzim

    O hansı dağdı ki, dumanı yoxdu,
    Mənim ilk sevgimin göz dağı kimi?
    O hansı yazardı romanı yoxdu,
    Şair ürəyimin söz dağı kimi.

    Elə sancır sanki key iynələyir,
    Bir işə yaramaz şey iynələyir.
    Tikməyi bir yana hey iynələyir,
    Cumubdur üstümə biz dağı kimi.

    Göybəgöy axtardım, Səma, özümü,
    Yerbəyer yerlərdə bitdi əzimim.
    Gönüqalın bilib üzsüz üzümü,
    Dərimi hey soyur xəz dağı kimi.

    Taxta divan

    Vaxtla oynama, gülüm,
    Vaxtında oyna bir az.
    Özünə divan tutma,
    Taxtında oyna bir az.

    Oturtmaqçün yerində,
    Taxta divan qurular.
    Sənin alın tərində,
    Taxta divan qurular.

    Boş sözdü ki, deyirlər,
    Quruca baxtın olsun.
    Baxtın quruyanacan,
    Qızıldan taxtın olsun.

  • Rafiq ODAY.Yeni şeirlər

    QALMADI

    Bu gün olanlar oldu ta,
    Sabaha nəsə qalmadı.
    Yollar yoxuşa dirəndi,
    Getməyə kəsə qalmadı.

    Son ümid də axtalandı,
    Gözlərdə qan laxtalandı.
    Fələk satan, bəxt alandı, –
    Biz düşdük nəhsə, qalmadı.

    Dan söküldü, qürub getdi,
    Yalandan vay qurub getdi.
    Gedənlər hayqırıb getdi,
    Bir söz də pəsə qalmadı.

    Gülüm, saçların qulacdı,
    Baxdım – gözümdə gül açdı.
    Dünya yaxşıya qol açdı, –
    Heç zaman pisə qalmadı.

    Bu son bir başlanğıc ola,
    Eşidən başdan qıc ola,
    Kim görüb ki, eşq qocala, –
    Adəmdən bizə qalmadı.

    DÜNYA BELƏ DÜNYADI…

    Lənət olsun gərdişinə,
    Gözdən salmaq vərdişinə,
    Keçirdisə, gər, dişinə, –
    Qurtulmağa ümid yoxdu.

    Ömrə-günə dərd ələnib,
    Edib bizi pərt, ələnib…
    Düşmən elə pərdələnib,
    Yırtılmağa ümid yoxdu.

    İynədən, bizdən keçib ta,
    Gəl sən də bizdə, keçib ta…
    Bizimki bizdən keçib ta, –
    Sırtılmağa ümid yoxdu.

  • Bakıda VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

    Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə etmək olar. (e-mail: nrtis@mct.gov.az, tel: 012 493 23 77).

    Ərizə-müqavilə ən gec avqustun 31-i tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.

    Eyni zamanda, ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.

    Mənbə: azertag.az

  • Kitabxanada “Nəsimi ili” çərçivəsində növbəti tədbir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, pleykast da İmadəddin Nəsiminin fotoşəkli, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli, şairin Hələbdəki (Suriya) məzarı və “Nəsimi” metrostansiyasının kollajının fonunda 17 aktiv nöqtə yerləşdirilib.

    Burada “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezidentin sərəncamları, Nəsimi haqqında Azərbaycan və rus dillərində məlumat, Nəsimi yaradıcılığı haqqında, böyük şair-mütəfəkkirin həyatı haqqında 10 maraqlı fakt, “Nəsimi” kinofilmi, nəsimişünas Səadət Şıxıyevanın araşdırmaları, Kamran Yunisin səsləndirməsində Nəsiminin “Hardasan” qəzəli və s. yer alıb.

    Mənbə: azertag.az