Leonardo da Vinçi “Mono Liza”nı kətan üzərində rəsm edəndə çoxları portret çəkimi ilə məşğul olurdu. Burada qeyri-adi heç nə yoxdur. Yəni rəssam üçün bir qadının portretini yaratmaq iki vur iki kimi bir şeydir. Elə təbiəti rəsm etmək də. İstənilən əşyanın, şəxsin, canlının rəsmini…
Bəs nədən cənab da Vinçi bu qədər populyarlıq qazandı? Başqaları unuduldu. Və yaxud Rafaellərin, Mikelanceloların, Velaskeslərin yaratdıqları sənət nümunələri nədən indiyənə qədər müzakirə mövzusudur ki? Niyə görə “Mona Liza” mistikası ətrafında düşüncələr, araşdırmalar səngimək bilmir? Cavab sadədir. Rəsm edilən obyekt yalnız formadan ibarət deyil. Rəssamın oraya əlavə etdiyi fəlsəfə, tablonu düşüncə labirintinə çevirir. Necə ki, Nizami Gəncəvi yaradıcılığında “Xəmsə”yə daxil olan istənilən əsərə müxtəlif rakurslardan baxa bilərik. Çünki o, almazdır. Hər tildə işıq özünü göstərəcək. Yəni biz həm astronomik, həm fəlsəfi, dini, mifik, həm də adi düşüncə qatında Nizami əsərlərinin ətrafında istədiyimiz kimi dartışa bilərik.
Nizami Gəncəvi asanlıqla Kərpickəsən qocası vasitəsilə didaktik dillə çılğın gənci tərbiyə edə bilir. Hətta təsvir olunan fəhləbaba filosof kimi danışır. Bir sözlə, Nizami, sadəcə, qocanın qiyafəsinə bürünərək, müasir dillə söyləsək, gəncə ağıl verməyə, öyüd verməyə çalışır. Onun əsərlərində dəyişən yalnız obrazlardır. İstər Bayquş olsun, istərsə qarı – onlar hamısı cənab Gəncəvinin səsiylə danışır, ağlı ilə idarə olunurlar. Bu nüanslar indi üçün keçərli olmasa da, fəlsəfi qat həmişə aktualdır. Elə bu səbəbdən “Xəmsə” ehram sirrini bətnində qoruyub saxlaya bilir.
Bu yaxınlarda TV kanalların birinə dəvət olundum. Mövzu baharın ədəbiyyatda tərənnümü idi. Doğrusu, fikirlərimi dilimdən uçurunca çox əcaib şeylər ağlıma gəldi. Şah İsmayıl Xətainin “Dəhnamə”sində Bahariyyəni dilə gətirincə fotoqrafik təsviri (belə anlayış yoxdur. Hər şeyi olduğu kimi əks etdirmək nöqteyi-nəzərindən belə demək olar, məncə. – G.) müşahidə etdim. “Qış getdi, yenə bahar gəldi… Gül bitdi laləzar gəldi”. Bəli, bu, hamımıza məlum bir şeydir. Məntiqlə və təbiət hadisəsinə uyğun olaraq qışdan sonra bahar gəlir, gülün bitməsi isə baharın gəlişindən xəbər verir. Bunu oxucu təbiətdə müşahidə edirsə, nədən əsərdə də oxuyub keyf alsın ki? Yəni müasir texnoavadanlıq vasitəsilə təbiət hadisəsini kameranın yaddaşına köçürə bilərik. Sonra eyni təəssüratı təkrarən yaşamaq üçün dəfələrlə videoya baxıb kef ala bilərik. Əslində, o dövrlərin insanı da baharı hiss edirdi, görürdü. Onun başı müasir insan kimi sosial şəbəkələrə qarışmamışdı. Bəs nədən bildiyinin obrazlı, qafiyəli təkrarı ona ləzzət verirdi? Maraqlıdır. Çünki o dövrün öz estetikası var idi. Ədəbiyyat gördüyümüz hadisələri eynilə nəzmə çəkməklə əlavə ritm verirdi mətnə, dinləyən isə feyziyab olurdu.
Bir sözlə, Azərbaycandilli poeziya nümunəsi olaraq “Dəhnamə” fundamentaldır. Amma təsvir nöqteyi-nəzərindən, dinamika qıtlığı nəzərindən olduqca qocadır.
İndi həm ədəbiyyat, həm də digər sənət nümayəndələri üçün XXI əsrin insanını təəccübləndirmək çətindir. Biz qeyri-adiliyin yox, primitivliyin içindəyik və bu adiliyə rəng qatmaq olduqca böyük məharət tələb edir. Çünki istənilən xanımın fotosunu çəkməklə elə “Mono Liza” kimi, otağımızın ən gözəl guşəsindən asa bilərik. Madam ki, belədir, daha rəssamlıq nəyə lazımdır ki?
Elə bu texnoinkişaflar rəssamları mat qoyduğundan janrlar meydana gəlməyə başlamışdı. Absurdizm, sürrealizm, kubizm, fovizm və s. kimi janrlar, mürəkkəb manevrlər fotoaparatın kəşfindən sonra rəssamlığa qədəm qoydu. İndi adi “Qara kvadrat”la da nə isə demək, sürreal təsvirlərlə beyinlərə yol tapmaq mümkün idi. Cəmiyyət öncə bizim cəmiyyət kimi bu estetikanı bəyənməyib qışqır-bağır salsa da, sonra qordi düyünündən baş çıxarmaq, tabloları özlərinəməxsus şəkildə yozmaq onlara ləzzət verməyə başladı. Və bu ləzzət fərqli düşüncə tərzini insanlarda formalaşdıra bilirdi.
İnsanlar anladılar ki, fovizmin qışqıran rənglərilə də dünyaya baxmaq mümkündür. Və yaxud çıxılmaz hadisələr bizi “Qara kvadrat”ın içinə sala bilər. Sufizmin “gözlərini yum ki, görəsən” fəlsəfi estetikası özünü büruzə verməyə başlayırdı. İndi sənət insanın düşüncələrində, fantaziyasında olanları kətana köçürürdü.
Müasir dünyanın rəssamı adi qəhvə rəngiylə seyircini təəccübləndirə bilir. Hamımız bilirik ağac baharda yaşıl yarpaqlara bürünür. Sən bu qədər rəngi təsəvvüründə də canlandıra bilərsən. Peyzaj rəsmi bir rəngdən ibarət olsa belə, sadəcə, təsəvvür elə. Demək ki, fotoqrafik təsvir indi keçərli deyil. Hadisəyə başqa baxış sərgiləmək lazımdır.
Dünya memarları tərsinə evlər modeli qurub hazırlayırlar. Kim deyir ki, ev konstruksiyası məhz biz alışdığımız şəkildə olmalıdır. Sən onun doğru variantını bilirsən. İndi tərs variantını gör, avandını təsəvvür elə. Fərqli fikir rakurslarından hadisələrə bax.
Təsviretmə təkamül nəticəsində çox dəyişilib. İndi Homer kimi bir-bir qəhrəmanların nəsil xəttini sadalamağa, qəhrəmanlığını öyməyə ehtiyac yoxdur. Fəlsəfi, dərinlik qatından primitivliyin astanasına qədər gəlib çıxmışıq. Bəs nədən bizdə Azərbaycanda əldən gedən, bizə “sağ ol” deyən ənənəçilikdən qopa bilmirik? Niyə hadisələrə baxışımızı dəyişmək istəmirik? Niyə şeirlərimiz “Təki vətənimiz düşməsin dara… Baxmayıb soyuğa, borana, qara… Cavab vermək üçün o azğınlara… (burada “yara”, “dara”, “hara”, “qara” və s. əlavə etmək olar. Qafiyə yığını) Hər bir çətinliyə dözdü Şəhidlər” (paradoks) primitivliyindən niyə çıxa bilmirik? “Qarabağtək gözəlin aqibəti bu imiş… Qədrini bilməz isən, alçalar qızıl, gümüş… (imiş, ümüş…) O nisgilli sinənə çalın-çarpaz çəkilmiş… Sağalmaz yara vuran közü, dağı unutma… Sən, ey vətən övladı, Qarabağı unutma!”.
Belə şeirlərin və tirajlanan belə şairlərin utancından şəxsən mən xəcalət çəkirəm. Hətta şairəm deməyə də utanıram. Hal-hazırda nəsr daha aristokratik görünür. Əlçatan şeir isə qafiyəbazların əlində məhv olmaqdadır.
Niyə bu primitivlikdən qopa bilmirik?
Nəzərə alsaq ki, cəmiyyətimizin çox az hissəsi kitab oxusuna maraqlıdır. Çoxunun da bilgisi orta məktəbdə oxuduqları ilə çərçivələnir. Və o adamların dünyaya baxışı və şeir anlayışı yalnız öyrəndiklərindən ibarətdir. Və bu kəsim insanlar həmin çərçivədən başqa bir bilgiyə malik olmadıqlarından daha artığını da istəmirlər. Gördüyünü eynilə qafiyəyə düzüb özünə qaytarırsan, pəh-pəhlə nuş edirlər.
Primitiv vətən şeirləri insanı haldan çıxarır. İtirilmiş torpaqların adını sadalamaq, gözəlliyindən ağızdolusu danışmaq paradoksal durum yaradır. Vətəni var-dövləti, yerinin altının-üstünün zənginliyi ilə öyməzlər. Bol bəhrəli Muğan düzlərini tərənnüm etməklə təmənnalı sevməzlər vətəni. Bu, vətən anlayışı deyil. O zaman, görəsən, bir bədəvi üçün susuz, qısır səhra nədən belə doğmadır ki?
Düşüncə yeniliyi istəmirik? Madam ki, belədir o zaman nədən texnoyenilikləri evinizə alırsınız? Paltarınızı köhnə dədə-baba ütüsü ilə ütüləyin. Alınmır? Düşüncə də həmin daş ütü kimidir. Köhnəlib, sadəcə, yenisini qəbullanmağa çoxluğun bilgi gücü yoxdur. Ona görə də ən asanı “Palaza bürün, el ilə sürün” misalıdır.
Dərd orasındadır ki, düşünürsən, ənənəçi yaşlı təbəqə qələmini yerə qoyub bir gün “yazmıram” deyəcək və bu sicilləmələrin sonu yetişəcək, nəhayət ki. Amma, yox. Köhnə düşüncə çərçivəsində, əski estetikalarla tərbiyələnən sicilləmə şairlər çoxalmağa başlayır. Bizim onlara “Yazma” demək hüququmuz yoxdur, bəli. Amma dışlamaq, çap etməmək hüququmuz mövcuddur. Tənbəlliyindən kitab üzü açmayan, vəhy anlayışına kilidlənənlər Hz.İsmayıl kimi dabanlarını torpağa sürtsələr də, istedadları “Zəm-zəm” kimi fontan vurmayacaq. Çünki bilgisi olmayan başda eşələnmək primitiv mətnlər ortaya qoyacaq. Biz isə ömrümüz boyu onlara dərs keçmək zorunda qalacayıq. Özümüzü tükədəcəyik.
Uzun dövrlər ərzində Azərbaycanın zinət xurcunu olan əsl ziyalılar – Əli bəy Hüseynzadələr, Hüseyn Cavidlər, Hadilər, Əhməd Cavadlar və başqaları “qəlizdir” damğasıyla dışlandığından tamamən ayrı cəbhənin poetik nümayəndələri təbliğ olunmağa başlayıb. Çarx üzərində fırlanan siçovul misalı kimi situasiyadan qurtula bilmirik. Əksinə, istedadsıza yol verməməklə, çap etməməklə ədəbiyyatımızı xilas edə bilərik.
Hal-hazırda yaxşı poetik mətnlər yoxdursa, ən yaxşılarını klassikaya, zinətə çevrilmiş ədəbi nümunələri gündəmə gətirərək ustad dərsi verə bilərik.
Şeir yazmaq yalnız forma deyil. Sənin vətən şeirin gülünc təkrirlərdən, epitetlərdən ibarət olacaqsa, ürəyindən gəlməyəcəksə, “vətən” mövzusu naminə yazılacaqsa, adlar sadalanacaqsa, heç bir dərinliyi olmayan “Üçrəngli bayrağım”, “Azərbaycan bayrağı” adlı şeirləriniz günü-gündən çoxalacaqsa – yazmayın.
“Salam, Xocalıda əsir ağacım! Ey qazi qardaşım, ey şəhid bacım! Gözü yolda qalan dağım, yamacım! Allaha əmanət, əmanət qalın! Salamat qalın!”. Vəssalam, şair artıq bizi gözləmək ümidindən də kəsir. Geriyə yol yoxdur, deyir. Taleyilə barışır. Bəlkə də, məqsədi bu deyil idi. Sadəcə, kontekst unudulub, mahiyyət anlayışı itib. Şair burada “ağacım”, “bacım”, “yamacım” qafiyələrini muncuq kimi düzməyə fokuslanıb. Formanı mahircəsinə işləyib, qafiyələrin biri digərindən uzun, qısa deyil. Tam düzgün işlənib. Sadəcə, mahiyyət unudulub. Mənim şairin şəxsiyyəti ilə heç bir işim yoxdur. Günah ondadır ki, çoxu mahiyyət anlayışına fokuslanmaq istəmir. Forma, zahir o qədər önə çıxır ki, batini məna qatı unudulmağa başlayır. Boş qafiyə yığını isə boşluqdan cingildəyir. Belə şeirlər saxsı qab effektinə malik olur. Bir toxunuşla sına bilir.
Bəli, fotoqrafik təsvir indi əsl düşüncə sahibləri üçün cazibədar deyil. Digər cəbhədə yetişən şairlər ordusu anlayışlara fərqli rakurslardan baxa bilir. Onlar fikir dərinliyinə üstünlük verdikləri üçün tez və çox sayda şeir, mətn yaza bilmirlər. Yəni yuxarıdakı “şeirlərdən” günə yüzünü yazmaq mümkündür. Əgər Vətən dediyimiz anlayışda həqiqi ağrı yatmırsa, təsvirimiz bayağıdırsa, bu, timsahın göz yaşını xatırladacaq. Anlayışlara baxış bucağımızı dəyişməliyik. İlə bir kitab buraxıb, şeirlərimizi balaca fidanlara əzbərlətməməliyik. Elə özümüz də mahiyyətin nə olduğunu əvvəl-axır dərk etməliyik. İstedad yoxdursa, qələmi kənara qoyub çəkilmək ən böyük alicənablıqdır.
Mənbə: http://www.edebiyyatqazeti.az