Buludlar göy üzünü gizləyib. Səmanın aydınlığını müşahidə etmək indi nadir hallarda baş verəcək. Ağaclar aynada sonuncu dəfə öz cavanlıq təravətinə tamaşa edən insanlar kimi əl sallayacaq gəncliyinə. Uzaqlaşan günəş yaşıllığını oğurlayıb aparacaq yarpaqların. Bir müddət öncə sərinlik istəyən bizlər indi günəş həsrəti ilə qovrulacayıq.
Yəqin ki, Bethoven “Ay sonatası”nı not dəftərinə qeyd edərkən hava eynilə belə idi. Yağışlı, sazaqlı, rütubətli, küləkli… Bir də torpaq qoxusu gəlirdi küçələrdən, xiyabanlardan. Müharibəyə, inqilaba, fırtınaya bənzəyən dəlisov simfoniyaların ardından həzin “Ay sonatası”nı bəstələməyə çalışırdı bəstəkar. Adəti üzrə elə küçədə gedərkən əlinə nə vərəq keçərdisə daxilində çalınan musiqini oraya yazardı. Həm də dünya küylərini yavaş-yavaş unudaraq sükut dönəminə keçidə hazırlaşırdı. İndi yol gedəndə belə ayaq səsləri onu səksəndirməyəcək. Heç kimi eşitməyəcək. Öz dünyasında, sükuta dalmış qulaqları ilə 5-ci simfoniyasını, 3-cü sonatasını dünyaya gətirəcək.
Çox güman Müşfiq bəxtəvər “Küləklər”ni qələmə alanda da eyni ab-hava hökm sürürdü. Uğultulu külək şairin taxta pəncərəsindən içəri soxulmağa çalışırdı. Baş verən olaylar, real dünyanın acı mənzərəsi əzab verirdi şair qəlbinə. O isə xülyalarına qapılaraq soyuq Xəzri küləyini öz daxili mədəniyyəti ilə bəstəkar adlandırırdı. Ümidlərindən var gücü ilə yapışırdı.
Azadlıq eşqi ilə döyünən ürək kimi fəlsəfəyə, klassisizmə əks olaraq Avropada təşəkkül tapan Romantizm öz daxili çırpıntıları, etirazları, inkarları ilə inqilab edirdi. Reallığın qorxunc, utancverici mənzərəsini yer üzündən yırtıb atmağa çalışırdı. Kəşf olunan, fəlsəfə ilə yüklənən müddəaların fonunda yaranan fərqli dünya mənzərəsi ümidsizlik, çarəsizlik depresiyasına çevrilirdi. Gerçəklik keçmiş ilə müqayisə tərəzisinin üzərinə qoyulurdu. Olimp zirvəsini ələ keçirən “İblis” dəhşətli qəhqəhələri ilə yaradıcılıq dünyasını lərzəyə gətirirdi.
Romantizm…
Pessimist, semtimental notlara köklənən cərəyan olaraq 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində bütün Avropa incəsənətini öz hakimiyyəti altına almışdı. Yazıçı, şair, rəssam, musiqiçi taleyini özünə bənzədən depressiv nəsnə yaradıcı insanların ağlına, hisslərinə, xəyal aləminə nüfuz etmişdi. O, “Qabil”in lal baxışlarının dərinliyində dayanan məna ya da mənasızlıq kimi çıxış yolu axtarmağa çalışırdı. Məhv olan, yox olan ləzzətin, qulaqlarda cingildəyən sualların fonunda yaradıcılıq estetikasına qarmaq atırdı.
Hamı dua etdiyi halda susan Qabil o dövrün lal sükutunu özündə əks etdirirdi. Habilin “Tanrını qəzəbləndirmə, qəmginlik nəticə verməz” sözlərinə rəğmən fikrindən dönməyən yeni insan obrazı fərqli etiraz formasını əlində bayraq etmişdi. Daxilində yaranan çarəsizlik, inamsızlığın öhtəsindən Tanrının belə gəlməyəcəyini düşünən, heç kimin qarşısında əyilmək istəməyən, İblisdən belə qorxunc, dəhşətli azadlıq carçısı olan bu obraz keçmişdən gələn şəxs kimi yeni biçimdə insanlara təqdim olunurdu. Bəlkə də Qabil elə Adəm dövrünün ilk etirazçısı kimi həm də Tanrının sevimlisi idi?
Yerin, göyün sirlərinə bələd olan tanrı daxilində fırtınalar qövr etdirən və sonunda öz qardaşının canına qıyan bəndəsinin bəd əməlini nədən hiss etməmişdi? Bəlkə dünyaya Habil qədər saf deyil, Qabil qədər təzadlarla zəngin bəndələr lazım idi? Elə o səbəbdən də Qabil obraz olaraq Bayron üçün maraqlı tapıntı idi. Qərinələr öncəsi yaranan qəhrəmanın ədəbiyyatın Romantizm erasına qədəmi də təsadüfi deyildi. Hər halda, Bayron üzünə keçirdiyi dəlisov qəhrəmanının maskası ilə azadlıq, asudəlik, sərbəstlik, inqilab bağırırdı.
Kaspar Qari Fridrix
Romantizm ruhsal uçuş, uydurmalar dünyası, keçmiş dövrün xiffəti idi. Darıxqanlıq idi. Nəğmələrə, nağıllara, keçmiş adətlərə, ayinlərə qayıdış idi. Əslində müəyyən dövrlərdə müxtəlif adlarla zühur etməyi bacarmış bir cərəyan idi. Futurizm, Simvolizminin bətnində öz estetikası ilə yenidən yaranmağı, növbəti doğuluşu bacarmışdı.
Romantizm “İblis”in qəhqəhələri eşidilən bir dövrdə Kaspar Qari Fridrixin qaya üzərində dayanıb aristokratik cəmiyyətə arxa çevirən qəhrəmanı kimi yeni dövrün fəlsəfəsini yaşayırdı. Yazıçılar sadə insan həyatını yazıya gətirirdi. Yüksək zümrənin sifarişləri, istəkləri ilə daha ədəbiyyat, musiqi yaranmırdı. Bu janr mütaliə çəkisi zənginləşən orta təbəqənin sevimlisinə çevrilməyi bacarırdı. Həyat ümid, illüziya, utopiya olaraq dərk edilməyə başlayırdı. Dəbdəbəli, ağayana klassika müasir insanın təfəkkür çərçivəsində gülməli, ironik görkəm alırdı. İndi olmuşların fonunda dünyanı klassik düşüncə ilə dərk etmək mümkün deyildi. O səbəbdən də yeni dünya carçıları insan hissini oyatmağı, insana dönməyi, keçmişi yaddaşlara ötürməyi öhdəsinə götürmüşdü. “İnan, haradasa bir köy var, o köy bizim köyümüzdür” misalı kimi…
Aysberqə çırpılan nəhəng gəmidən fərqli olaraq Romantizm, zamanın vərəm küləklərinə rəğmən özünəməxsus şəkildə etirazını bildirməyi bacarırdı. Bəli, sadə incəsənət dilində. Azadlıq, özügürlük rəmzinə çevrilən janr öz ardıyca yazıçı, şair, rəssam ordusu aparırdı. Alov işiğı ilə müjdə gətirən Prometey kimi insanların qaranlıq gələcəyini keçmişə boylanmaqla aydınlatmağa çalışırdı.
Teodor Jerikonun yaratdığı “Meduzanın salı” rəsm əsərinə diqqət yetirərkən zəhlə tökən sentimentalizmim yenə yaxamdan yapışmışdı. Rəsm əsərində ölülər və dirilər dörd tərəfi su ilə əhatələnən dənizdə sal üzərində birgə hərəkət edirdi. Rəssamın yartdığı obrazların üzündən çarəsizlik sezilirdi. Klassikanın möhtəşəmliyi, kübarlığı, aristokratların kübar əlbisələrdə oturaraq portretlərə köçməsi zamanı artıq çox geridə qalmışdı. Daha dəbdəbəli insan portretləri gözə dəymirdi. Ortada insan faciəsi, insan hissləri, çırpıntıları var idi. Etiraz var idi.
İndi çağdaş dünyanın yeni qayda-qanunları, müharibə, göz yaşı fonunda XXI əsr ixtiraları sevinc gətirə bilmir. “Meduzanın salı”na bənzər rezin qayıqlarda canını qurtarmağa çalışan kütlə yeni dünyanın köç fəlsəfəsini dünya tarixi səhifələrinə yazmaqdadır. Yəqin ki, bir zamanlar baş vermiş real hadisəni ürək ağrısı ilə kətan üzərinə köçürən Jeriko indi salamat olsaydı kətan üzərinə gözlərindən süzülən göz yaşlarını həkk edərək “Dünyanın yeni köç seli” adlandırardı yeni yaranan rəsm əsərini.
Elə o dövrlərin yaradıcı insanları kimi bu dünyanın vəhşətinə göz yumub keçmiş əyyamların səfası ilə ürək ovundurmaq keçir insan könlündən. Nə gözəl olardı xəyal etmək. Yeni zamanın dəhşətini, müharibələrini, xəstəliklərini görməmək ya da görməzlikdən gəlmək. Nəğmələrə, nağıllara, keçmiş ayinlərə qayıtmaq.
Romantizm XX əsrdə Qərb estetikası ilə birgə Azərbaycan arealına daxil olmuşdu. Yenicə pöhrə verən janr yetəri sayda ardıcıllarını yetişdirə bilmişdi.
Yaranan bəzi mətbu orqanları sadə xalq anlaya bilmirdi. Yenilikçi orqanlar hər vəchlə qamçılanırdı. Utopik mənzərə isə ümumiyyətlə qəbul olunmurdu. Dırnaqarası xoşbəxtlik saçan sovet insanı qəhrəmanları Romantizmin qəhrəmanları ilə müqayisədə daha işıqlı, lazım olunan, sovet zəhmətkeşi isə ədəbi əsərlər daxilində daha cazibədar hesab edilirdi. Bu qədər real obraz, hazır material olduğu halda fantaziyalar aləminə dalıb, utopik qəhrəmanları əsərlərə dəvət etmək nəyə lazım idi axı…
Hər şeyə rəğmən Hüseyn Cavid sürgün aqibəti ilə üz-üzə dayansa belə “İblis”i yarada bilir. İstəkləri, daxilində çığıran, üsyan edən hissləri ilə onu dilləndirməyi bacarır. Əsl sənət də elə budur, elə deyilmi? “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir”…
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…
Mənbə: http://www.edebiyyatqazeti.az