sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Gəncənin Əttarlar küçəsiylə Cavadxan küçəsinin kəsişməsində bir qoca kişi otururdu həmişə. Heç vaxt yanından keçən insanların üzünə baxmazdı; ya yerə baxırdı, ya göyə. Tələbəydim, naşıydım, bir gün onun yanındaca ayaq saxladım, maddım-maddım qırışmış əllərinə, corabının başına dürtüşdürdüyü balaqlarına baxdım.
-Baba, harda yaşayırsan?-deyə soruşdum.
-Mən yaşamıram, bala…-dedi başını qaldırmadan…-Məni dədəmin çomağına tapşırıb gəldiyim o kəndin “ah”ı öldürüb daha…
Nədənsə, o kişini də, dediyi sözləri də hərdən xatırlayıram. Amma, bayaq dedim axı, naşıydım, o kəndin yolunu-izini öyrənməmişdim…
Bu axşam o kişini “öldürən”, “yaşamağa qoymayan” “ah”ı yenidən gördüm. Özü də Afət Viləşsoyun şeirində…

Gedə bilmədikcə mənzil uzanır,
Yolları tutacaq o kəndin “ah”ı.
Mərtəbə-mərtəbə dəli olmaqdı
Göydələn-göydələn darıxmaq axı.

Gedə bilməyin fəlsəfəsidir içimizdə yığılıb qalan hüzn qələbəliyi… Bəlkə elə ona görə mən: “Gedişlər möhtəşəmdi, Yola salan sağ olsun!”-deyə bilmişəm. Bu gün anlamışam; Afətlə həmfikirik… O, yazır:

İnan qalmağını istəmirəm də,
Sənin yaraşığın getməyindədir.

“Ağlının ürəyinə yarına bilmədiyini” anlayan Afət öz gedəninə minnətçi düşə bilir, “danla gözlərimi, bəlkə, kiriyə…” –deyir, təki onu yola salmaqda gecikməsin. “Bütün ayrılanlar ağıllı olmur, Bütün ayrılıqlar dəli eləyir.”-gerçəyini bilə-bilə gün-gün yorulan “ömür” adlı yolçudan şikayət etməyə də vaxt tapır bu gediş anında:

Üşüdürsən yaddaşımın küncünü
İsitdiyin günlər çıxır yadımdan.
Qorxduğumuz başımıza gəlir ki-
Qarı qalır xəyal kimi qadından.

Mən “ay anam qızılgül, nənəm qızılgül” deyəndə, əslində, qızılgüllə doğmalaşmaq istəmişəm. Amma, Afət nənəsinin kədərli baxışındakı payız hüznünü də şeirə gətirib: “Üzü payız nənəm, ətri yaz nənəm…” Payızın özünü isə sözün bütün çalarlarıyla bəzəyib-düzəməyə ehtiyac duymayıb, hisslərin ən möhtərəmiylə anlatmağa çalışıb:

Darıxmağın yaşı yox,
Payız elə payızdı…

“Yarpaq” şeirində Afət təzadın özəyinə enib. Payızın romantikliyinin arxa fonundakı realizmi də gözlər önünə sərib. “Qədri bilinməyən qadınlar kimi Nisgili oxundu dodaqlarından” deyə əzizlədiyi payızın “sevgisini göstərmək üçün budaqdan atılıb intihar etdiyini” bilir. Amma, “meşşan küləklərə oyuncaq olan yarpaqların” bir insanın sual duruşuna çevrildiyinə təəssüf etdiyini də gizlətmir:

Növbə süpürgəçi qarıya çatır-
Taleyi əbədi suala dönür.

“Qadın əlcəyi” şeiri haqqında nəinki məqalə, ayrıca bir monoqrafiya da yazmaq olar. Obraz olaraq qadın əlcəyi bir az nostaljinin, bir az sirrin, bir az da hikkənin “ünsiyyət vasitəsidir”. Ötən əsrdə qərb ədəbiyyatında əlcəklər qadın obrazın oxucuya təqdimatında mühüm rol oynayırdı. Müasir ədəbiyyat isə bu əlcəkləri çoxdan “soyunub”. Ona görə də Afətin şeirini hamının oxumağını istəyirəm…

Kiminin ilk həya,ilk arı qalıb,
Kiminin toxunuş nübarı qalıb,
Yaralı sevdanın qubarı qalıb,
Xatirə yeridir qadın əlcəyi.

Gizli arzularla anlaşa bilər,
Həsrətdən od tutub alışa bilər,
Buraxsan,dil açıb danışa bilər,
Diridən diridir qadın əlcəyi.

Barmaqlar ağlayar,lap dəlicədir,
O doğma təması ürəyincədir,
Qadın nəfəsindən daha incədir,
İlk eşqin sirridir qadın əlcəyi.

Afət Viləşsoy Viləşçayın sahillərindəki əfsanələri nar dənəsi kimi əzizləməyə qərarlıdır. “Naxış həvədən böyükdü“ misrasındakı naxışı bilməyən yoxdur, amma həvəni tanıyan az adam var. Həvə xanada xalça, kilim toxuyanların hər ilmədən sonra sinəsinə sıxdığı alətdir. O, hər bir naxışın hökmdarıdır. Amma, vay o gündən ki, Afətin dediyi kimi, „naxış həvədən böyük ola…“ Əgər bu hal baş veribsə, deməli, hardasa bir fırtına qopub, kimsə kədərin burulğanında bəxt yolunu azıb…

Afətin uzaq anlayışı da tam fərqlidir. O, uzaqların dibsiz qaranlıqlar olduğunu anlatmaq üçün fərqli sözlər seçib. Hətta, bu dibsiz qaranlıqlarla mübarizə aparıb-aparmamağın insan xarakterindən qaynaqlandığını izah etməyə çalışıb.

Adamdan adama fərq olur, adam,
Qaçıb uzaqlara qərq olur adam…

“Baxma sənə şeir yazır əllərim, Başımdakı yüz fikirdən birisən” –deyəndə də Afət Viləşsoy səmimidir. “Hər gün şeir yazırsan?” sualı ilə o qədər rastlaşmışam ki… Verməyə cavabım olsa da, cavab verməyə halım olmayıb çox zaman… Amma, Afət iki misra ilə bundan sonra ünvanlanacaq bu tipli sualların cavabını birdəfəlik verib.

Afət Viləşsoy bu axşam mənə “Yeni kitabım çıxacaq, Şəfa…”-dedi. Mən təzələri-köhnələri bir-birinə qatdım. “Mənim adım Vətəndir” kitabın xoş gəlir, Afət! “Qırmızı termos”da evini daşıyan adamı tanıyıram… “Bir günlük şahzadə” də müasir insana yad deyil. “Gilənar” yeyənin ağzındakı turşuluq qədərdi bəzən xoşbəxtliyin ömrü… Amma, yenə də Vətən olmaq hər ürəyə nəsib olmur. Nəsibin mübarək, Afət!

Şəfa Vəli (aprel, 2019)