Xalqımızın azadlıq mücadiləsində, müstəqilliyin möhkəmləndirilməsində, müasir innovativ iqtisadiyyatın bərqərar olmasında, ölkəmizin dünyada yüksək siyasi nüfuz qazanmasında Heydər Əliyev siyasi kursunun inkarolunmaz, mühüm əhəmiyyəti vardır. Ulu öndərin müəyyən etdiyi strategiya ilə irəliləyən Azərbaycan ilbəil yeni dəyişiklərlə daha yüksək mərhələyə qalxır. Dünyanın nadir uzaqgörən siyasətçiləri sırasında önəmli yer tutan ulu öndərin siyasi kursu sayəsində reallaşan özünəməxsus innovativ inkişaf modeli ilə ölkəmiz ilbəil mühüm nailiyyətlərə imza atmaqdadır. Məhz Heydər Əliyev siyasi kursunun alternativsizliyi nəticəsində 2018-ci ilin aprel ayının 11-də keçirilən Prezident seçkilərində də İlham Əliyev yenidən ən inamlı siyasi lider və ölkə rəhbəri mövqeyini qazandı.

Heydər Əliyev siyasi kursunun ən layiqli varisi

Ulu öndərin dövlətimizin rəhbərliyinə qayıdışından ötən dövr ərzində reallaşan strategiya onun layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün səmərəliliyini, müasir tələbata müvafiqliyini, gələcəyə hədəflənmiş istiqaməti təmin etdiyini dəfələrlə təsdiq etmişdir. Heydər Əliyev siyasi kursunun müasir gərgin beynəlxalq proseslər fonunda yeganə alternativsiz strateji yol olduğunun sübutunu görən xalq 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə dövlət başçısı seçdi. Yeni Prezidentin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara müvafiq, bir-birini tamamlayan daxili və xarici siyasəti ona xalq arasında geniş liderlik imici və çox böyük inam qazandırdı. Bu inam xalqla iqtidar birliyini bir daha möhkəmləndirdi və 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində də İlham Əliyevin apardığı siyasi kursa əhalinin əksəriyyəti səs verdi.
Təsadüfi deyil ki, on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmış, valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatmışdır. Müasir dünyamızda heç bir dövlət iqtisadiyyatına sərmayə cəlb etmədən inkişaf edə bilməz. Bu baxımdan Azərbaycanın xarici siyasəti olduqca səmərəlidir və qarşılıqlı mənafeləri təmin etmək baxımından digər tərəfin də marağındadır. Və nəticədə 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulması diqqəti xüsusi olaraq cəlb edir. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən bu investisiya qoyuluşunun təxminən yarısı xarici mənbələrin payına düşür.
İqtisadiyyatın inkişafı nəqliyyat, yanacaq və ərzaq təhlükəsizliyi təmin edilmədən mümkün deyildir. Dövlət rəhbəri bu sahələri paralel şəkildə inkişaf etdirmək üçün düşünülmüş siyasətlə bütün addımları atmaqla ölkənin iqtisadi sıçrayışına nail oldu. Strateji mənafeləri təmin edən iqtisadi siyasət nəticəsində bu dövrdə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmişdir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yer tutacaq, həmçinin Azərbaycanın perspektiv inkişafında, iqtisadi maraqlarında və siyasi nüfuzunun artmasında böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihə dəqiq mexanizmlərlə icra edilmiş və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılışı olmuşdur. TAP layihəsnin icrası isə qrafik üzrə davam etdirilir və yaxın zamanlarda onun da istifadəyə verilməsi gözlənilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamış, ölkənin digər transmilli enerji daşıyıcıları və nəqliyyat dəhlizləri layihələrində liderliyini və mühümlüyünü mümkün etmiş “Əsrin müqaviləsi”nin – “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi müqavilədə təsbit olunmuşdur. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Bu saziş Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradır.

Avrasiyanın mühüm beynəlxalq nəqliyyat qovşağı

Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər də Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə baş tutmuşdur. Mərkəzi və Orta Asiyanıın nəqliyyat infrastrukturunu Yaxın Şərq, Şimali Afrika və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun təməli 2007-ci ildə qoyulmuş, 2017-ci il oktyabrın 30-da isə paytaxtımızda rəsmi açılışı olmuşdur. Bundan başqa, Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları istifadəyə verilmişdir. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istismarına başlanması ilə Azərbaycan öz ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində bütün işləri çox böyük uğurla başa çatdırmışdır. Ölkəmiz siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

İKT sahəsinin inkişafının prioritet elan edilməsinin uğurları

2014-2018-ci illərdə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu inkişaf etdirilmiş, bölgələrimizdə kənd yaşayış məntəqələri də daxil olmaqla müasir elektron xidmətlərinin göstərilməsi imkanları daha da genişləndirilmiş, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin edilmişdir. Məhz dövlətin düşünülmüş siyasəti sayəsində Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının dəyərləndirməsinə əsasən dənizə çıxışı olmayan ölkələr arasında ən güclü transsərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna nail olub. Dövlət müasir texnologiyalar istehsalı sahəsinə kifayət qədər böyük sərmayələr yönəldir. Artıq ölkədə kosmik sənaye yaradılıb, Azərbaycan kosmik ölkələr klubunun üzvüdür və sahə müvəffəqiyyətlə inkişaf edir. Hazırda üç – “Azerspace-1” telekommunikasiya “Azerisky” və “Azerspace-2” peyklərinə malikik. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il 443 saylı Sərəncamından sonra ölkəmizdə yeni, müasir kosmik sənaye sahəsi yaradıldı.
Təsdiq olunmuş Dövlət Proqramında deyilir: “İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir”. Beləliklə, hazırda ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı (TASM) layihəsinin reallaşması ilə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrilir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş, sənəddə bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir.
Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, statistik məlumata əsasən Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında isə Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 167 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-cı yerdə olmuşdur. 2015-ci ildə dövlət orqanları ilə 7469 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 36,8 dəfə, 2014-cü illə müqayisədə 3,9 faiz artmışdır. Ümumiyyətlə, Azərbaycanda informasiya cəmiyyətinin yaradılması, “Elektron hökumət”in formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın təmin və daim yüksəldilməsi aktual məsələdir. İKT-nin 2014-2017-ci illərdə inkişaf strategiyasının əsasını “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya uyğun demokratik inkişafın davamlılığını təmin etmək və qlobal informasiya fəzasına inteqrasiyanı genişləndirərək yüksək inkişaf səviyyəsinə nail olmaq təşkil edir. İKT-nin sürətli inkişafı son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları, Humanitar forumlar, Mədəniyyətlərarası dialoq kimi mötəbər tədbirlərin keçirilməsinə və sonda ölkədə turizmin yüksəktempli tərəqqisinə də əhəmiyyətli töhfələr verib.
Özəl sektorun inkişafına dövlət dəstəyi yüksək nəticələr verir
Prezident İlham Əliyevin iqtisadi islahatlar sırasında 2016-cı ildən özəl sektorun inkişafı ilə bağlı qəbul etdiyi qərarlar real iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakterə malikdir. Ölkə rəhbərliyi sahibkarlara maksimum sərbəstlik verilməsi üçün bütün müvafiq addımları atır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Dövlətin sahibkarlığa göstərdiyi siyasi, mənəvi, maliyyə dəstəkləri, inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Sahibkarlığın inkişafında regional inkişaf Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu proqramların icrası nəticəsində bölgələrdə zəruri olan müasir infrastruktur yaradıldı.
İnzibati prosedurların sadələşdirilməsi də özəl sektorun sürətli inkişafında mühüm amillərdən biridir. Artıq aydındır ki, bu istiqamətdə “ASAN Xidmət”in rolu və əhəmiyyəti kifayət qədər yüksəkdir. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, həm də sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemləri həll edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmış və yenidən müddəti uzadılmışdır. Nəticədə 2015-ci ilin noyabrından 2017-ci ilin aprelinədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilmişdir. Əvvəllər bu dövrdə 33336 yoxlama aparılmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunması üçündür. Özəl sektorun inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan edilib, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Artıq dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilir. “ASAN Xidmət” mərkəzləri vasitəsilə sahibkarlara ən çox özəl tibb, əczaçılıq, tikinti-quraşdırma, layihələndirmə, mühəndis-axtarış, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, təhsil, sürətli poçt rabitə xidməti, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işlərinin aparılması, yanğından mühafizə fəaliyyətinə və sair sahələrə dair lisenziya verilmişdir. Eyni zamanda, qəbul olunmuş “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir. “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən sahibkarlara lisenziya və icazə məsələləri üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və işi yüngülləşdirən digər mütərəqqi mexanizmlərin müəyyən edilməsi də sahibkarlığın inkişafına güclü stimul verməkdədir. Portalın fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsinin tamamilə elektron qaydada həyata keçirilməsi, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqənin təmin edilməsi deməkdir. İqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. 2016-cı ilin 20 aprelində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir. Bu sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmağa imkan verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Göründüyü kimi, bu addımlar sahibkarlığın inkişafına əhəmiyyətli töhfədir. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi də sahibkarlığın inkişafına geniş imkan yaradır, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Səbəb də odur ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.

Ölkəmizin xarici siyasəti səmimi, açıq, şəffaf, proqnozlaşdırıla bilən və müstəqildir

Azərbaycan hazırda bu dünyanı düşündürən ən mühüm problemlərin müzakirə mərkəzinə çevrilib. Çünki ölkəmizin siyasəti çox açıqdır, xoşniyyətlidir, şəffafdır və bu siyasət ölkələri birləşdirməyə, qarşılıqlı inkişafa, maraqları ödəməyə, şəffaf münasibətlərə, bir-birinin daxili işlərinə qarışmamağa hesablanıb, ayırmağa yox. Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunun da paytaxtımızda keçirilməsi bunun təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xarici siyasətinin prioritetləri və prinsipial mövqeyi, dünyada, regionda dəyişən və sonu bilinməyən vəziyyətdə fəaliyyət barədə demişdir ki, bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.

Multikulturalizm xalqımızın yaşam tərzi, dövlət siyasətində prioritetdir

Ölkəmizdə mövcud milli birliyin əsasında duran amillərdən biri də məhz bəşəri dəyər-multikulturalizmdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra multikulturalizm dövlət siyasətində prioritetdir. Müxtəlif mədəniyyətləri bir araya gətirmək, birgəyaşayışa töhfə vermək, qarşıdurmanı önləmək, dünyada milli-dini zəmində baş verən kataklizmlərə son qoymaq üçün Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi və dünyada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda toplantısını keçirdi. Müasir gərgin beynəlxalq şəraitdə “Bakı prosesi” artıq zəruri reallıqdır, milli-dini dözümlülüyə, tolerantlığa, multikulturalizmə mühüm töhfədir. Azərbaycan multikulturalizm dəyərlərini təşviq edən, sülhə, sabitliyə, sosial-iqtisadi inkişafa, əməkdaşlığa, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə əhəmiyyətli stimul verdiyini göstərən çoxsaylı beynəlxalq tədbirlər keçirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və uğurlu fəaliyyəti də bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın multikulturalizm sahəsində təcrübəsi tədqiq edilir, öyrənilir və tədris edilir. Ölkəmiz dünya dini liderlərinin zirvə görüşünün, Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar forumlarının təşkilatçısıdır. Ölkəmizdə BMT-nin təşkilatçılığı ilə Sivilizasiyalar Alyansının 7-ci toplantısının keçirilməsi isə bu sahədə yüksək nüfuzun təsdiqidir.

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı böyük əhəmiyyətə malik Konvensiyanın imzalanmasında Azərbaycanın rolu

Qazanılan uğurlar sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması böyük əhəmiyyətə malikdir. SSRİ-nin süqutundan sonra Xəzər regionunda yaranan yeni müstəqil dövlətlərin bu günə qədər davam edən bu sahədə müzakirələrinin müsbət sonluqla başa çatmasında Azərbaycanın xüsusi rolu vardır. Ölkəmizin yeni əməkdaşlıq formatlarının yaranmasındakı təşəbbüskarlığı, iki və çoxtərəfli əlaqələrin inkişafındakı fəallığı bu prosesdə də özünü büruzə vermiş, dövlətimiz Xəzəryanı ölkələr arasında münasibətlərin hüquqi bazasının yaradılmasında aktivliyi ilə diqqəti bir daha cəlb etmişdir. Dövlət başçımız vurğulamışdır ki, bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Bu saziş Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin, qarşılıqlı maraqların həlli üçün geniş perspektivlər açır.

Müasir müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu

Ərazilərimizin Ermənistan tərəfindən 20 faizinin işğalı və bu ölkənin danışıqlarda sülh yolu ilə həll istiqamətində qeyri-konstruktiv yanaşması davam edir. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının onun qoşunlarının zəbt etdiyi ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə riayət etmir. Avropa Parlamenti, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı, NATO və digərlərinin Azərbaycanın haqq işini dəstəkləyən kifayət qədər qərar və qətnamələri də vardır. Bu qətnamələr icra olunmamış qalır, hələ də kağız üzərindədir, ermənilər digər ərazilərə də iddiallarından əl çəkməmişlər. Buna görə də Azərbaycan müharibə şəraitində yaşayır. Bu baxımdan da müdafiə sənayesinə və müasir güclü orduya malik olmaq həyati əhəmiyyət kəsb edir.
Aydındır ki, müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu dinamik innovativ iqtisadi inkişaf zəminində baş verir. Hazırda ölkəmizin tərəqqisinin dinamizmi qorunur və ilbəil yeni yüksək mərhələyə qalxan güclü hərbi sənayesi, qüdrətini daim artıran silahlı qüvvələri vardır. Bu artan gücü 2016-cı il aprel döyüşləri, Naxçıvanda 11 min hektar ərazimizin azad edilməsi və bütün strateji nöqtələrin nəzarətə götürülməsi bir daha sübut edib. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara da uğurla çıxır. Bu isə istehsal olunan məmulatların keyfiyyətliliyinin və beynəlxalq standartlara cavab verdiyinin təsdiqidir. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatları və s. vardır. İxrac imkanlarının genişləndirməsi məqsədilə bütün tədbirlər görülür və bu uğurlar mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində yeni-yeni məmulat və məhsullarla iştirakla da bağlıdır. Ölkəmiz ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX- 2014”ə 37 şirkətlə qatılmış və 168 adda məhsul nümayiş etdirmişdi. Bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümyəndə iştirak etmişdi. Malayziyada keçirilən dünyanın 5 ən böyük müdafiə sərgisi 15-ci “DSA-2016”da nazirlik 220 adda məhsulun təqdimatını keçirmişdir. Bakıda “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisində isə 38 ölkədən 200-dən çox şirkətdən sifarişlər qəbul edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə Sənayesi sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar. “ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan – 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62×54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7×108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7×108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23×115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5×114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotu, məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilirdi.

Xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahib çıxılır və yaşadılır

Öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmayan xalq məhvə məhkumdur. Ölkəmizdə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu il isə “Nəsimi ili” elan edilmişdir. Bu istiqamətdə addımlar davamlıdır və xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahibliyinin və yaşadılmasının təsdiqidir. Müasir dünyamızda sərhədsiz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində bu bir ilin mühüm sənədləri sırasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da xüsusi yer tutur. Beləliklə, dünya təcrübəsi sübut edir ki, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin sahibi və mühafizi olan xalq məğlubedilməzdir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu il 30 iyun-10 iyul tarixlərində ölkəmizdə keçirilməsi ilə bağlı qərarının qəbul olunmasında da həm milli-mənəvi dəyərlərimizə yüksək qayğı, həm də multikulturalizmin yaşam tərzimiz olması və tolerantlığımız kimi xüsusiyyətlərimiz əsas səbəb yer olub.

Seçkilərdə verilən vədlərin yerinə yetirilməsi xalq-iqtidar birliyini daim möhkəmləndirən amildir

2003-cü ildən gələn və son bir ildə daha da yüksəyə qalxan inkişaf mərhələləri xalqla iqtidar birliyinin sayəsindədir desək, səhv etmərik. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bu vəhdətliyi diqqətə çatdırıb və vurğulayıb ki, mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan xalq-iqtidar birliyi sayəsində yeni-yeni inkişaf mərhələsinə doğru inamla addımlayır. Bunu ölkəmizdə keçirilən beynəlxalq sorğuların nəticələri də təsdiqləyir. Bu ilin martında Fransanın “Opinion Way” şirkətinin Azərbaycanda apardığı rəy sorğusu ölkə başçısı İlham Əliyevin yenə də xalqın əksəriyyətinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Belə ki, respondentlərin 80,1 faizi ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasını Prezident kimi İlham Əliyevin ən uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Onlar vurğulayıblar ki, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə rəğmən Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafının dinamizmini qoruyub, əmin-amanlığın təmini və sosial rifah naminə mühüm addımlar atıb. Ölkədə etnik, dini icmalar arasında qarşılıqlı hörmət və dözümlülük mühiti mövcuddur və ictimai-siyasi zəmində sabitlik hökm sürüb.
Təbii ki, bir yazıda ölkədə baş verən proqressiv irəliləyişi, bütün və yeni mərhələnin müsbət yekunlarını ehtiva etmək qeyri-mümkündür. Yuxarıdakı göstəricilər də Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsini təsdiq edir və aşkardır ki, qiymətləndirilməyə dair “Opinion Way”in suallarına respondentlərin 75,6 faizinin müsbət cavab verməsinə hərtərəfli davamlı proqressiv inkişaf səbəb olub.

Ataş CƏBRAYILOV,
“Respublika”.

Mənbə: http://respublica-news.az