Dillər ayırır bizi,
dinlər ayırır bizi,
Şeytanlar nifaq salır,
cinlər ayırır bizi.
Sevgilər yox, qəzəblər,
kinlər ayırır bizi,
Həyatımın, ömrümün,
dinimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Ruh Adəmə verildi,
Adəmi ruh yaratdı,
Bəşəri xilas üçün
gəmini Nuh yaratdı.
Savaşı, qan-qırğını,
qara günü yaratdı,
Harayımın, səsimin,
ünümün adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Xızır, Davud, Süleyman,
Musa, İsa, Məhəmməd,
Hər biri təpə-dırnaq
işıq, sevgi, məhəbbət.
“Vəhdəti-vücud” – dedi,
vücudda tapdı vəhdət,
Namazımın, qibləmin
yönumun adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Sevgi Günəş kimidir,
düzə, tərsə bölünməz,
Təriqətə, məzhəbə,
sinfə, dərsə bölünməz.
İngilisə, almana,
rusa, farsa bölünməz,
Türkümün, ərəbimin,
çinlimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Kökümün, budağımın,
dizimin, dirəyimin,
Ruhumun, nəfəsimin,
canımın, ürəyimin,
Təndirimin, təknəmin,
duzumun, çörəyimin,
Sünbülümün, tarlamın,
dənimin adı sevgi.
Mənim bircə dinim var,
dinimin adı sevgi.
Doğulmağım da sevgi,
ölməyim də sevgidi.
Kəfənimin, qibləmin,
sonumun adı sevgi,
Ruhumun, nəfəsimin,
canımın adı sevgi.