Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər

    ***
    Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,
    Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.

    Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,
    Hər kim olsa, el içində, məncə hörmətdən düşər.

    Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,
    Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

    Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,
    Xalqına bağlanmayan sənət təravətdən düşər.

    Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,
    Məclisində söz bu al bayraqlı millətdən düşər.

    ***
    Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,
    Nə də könlümdə-gözümdə acı həsrət qalsın.

    Gəl, vəfasız, demə “bəsdir” səni candan sevənə,
    Qoymaram bir daha üstümdə bu töhmət qalsın.

    Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü,
    Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.

    Son verək gəl bu şikayətlərə, səndən, məndən,
    Dərdə dözmək, cavan aşiqlərə adət qalsın.

    Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,
    Ürəyim qəbrə qədər, səndə əmanət qalsın.

    Gəl, Süleyman o qızılgül dodağından öpsün,
    Torpaq altında da ağzında bu ləzzət qalsın.

    ***
    Gələndə məclisə mey əldə lalə şəklində,
    Nigarım ay tək olur, mənsə hələ şəklində.

    Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
    Nigarə söyləyirəm odlu nalə şəklində.

    Vəfalı könlünə bir yol tapan zaman şe’rim,
    Gözündə nəm görürəm, inci, jalə şəklində.

    Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm,
    Coşub, axır ürəyimdən, şəlalə şəklində.

    Sevin, sevin ki, Süleyman, əlində sevgilinin,
    O qan olan ürəyindir, piyalə şəklində.

    ***
    Könlüm yenə min şövq ilə, canan, səni istər,
    And olsun əziz canına ki, can səni istər.

    Çəkməz ətəyindən əlini, çəksə də hicran,
    Eylər canını canına qurban, səni istər.

    İlham alıram incə səsindən, nəfəsindən,
    Tək mən deyiləm, şanlı bu dövran səni istər.

    Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
    Ellər də olub hüsnünə heyran, səni istər.

    İşdir, mənə üz versə fəraqından kədər, qəm,
    Könlüm yenə də dərdinə dərman səni istər.

    Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
    Əvvəlki məhəbbətlə Süleyman səni istər.

    ***
    Aşiq olanın bağrı dönər qanə, deyirlər,
    Atəşdə yanan aşiqə, pərvanə deyirlər.

    Dost-aşnanı öyrən, baxıb ətrafına, könlüm,
    Hər addımını, eybini, cananə deyirlər.

    Aç qəlbini cananına, göstər ki, inansın,
    Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.

    Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,
    Eşq atəşidir, can verən insanə, deyirlər.

    Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,
    Sən tək gözələ, gözləri ceyranə deyirlər.

    Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,
    Səndən də gəlib gündə Süleymanə deyirlər.

    ***

    Sənə üz versə kədər, məclisə cananı çağır,
    Dodağı qönçəni, ol gözləri ceyranı çağır.

    Eşqdir, hicrdir, aləmdə vüsaldır mə’na,
    Varsa şübhən, bunun isbatına dünyanı çağır.

    Söndürə bilməyəcəksən yenə eşqin odunu,
    İstəyirsən köməyə çayları, dəryanı çağır.

    Sağalar məncə vüsal ilə bu hicran yarası,
    Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.

    Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
    Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.

    ***
    Sevgilim, könlüm sənin heyranın olsun, olmasın?
    Can cedyib, candan keçən cananın olsun, olmasın?

    Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
    Canına bağlı bu canda canın olsun, olmasın?

    Bir gün hicran yollarında könlünə üz versə qəm,
    Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın?

    Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,
    Aşiqin bağçandakı bağbanın olsun, olmasın?

    Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki mən,
    Gündə min yol can sənin qurbanın olsun, olmasın?

    ***
    Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,
    Məncə, səndəndir, əzizim, bu təbiət məndə.

    Səni son mənzilədər gözləyəcəkdir bu könül,
    Eşqinə olmayacaq zərrə xəyanət məndə.

    Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,
    Günbəgün artacaq hər nəğmənə hörmət məndə.

    Görürəm, hiss edirəm ölməyəcəksən, bilirəm,
    Dözərəm hicrinə, varkən bu həqiqət məndə.

    Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım get,
    Get, fəqət, qoy ürəyin qalsın əmanət məndə.

    ***
    Məni yandırdı Füzuli kimi hicran dərdi,
    Uzun illər demədim xalqa bu pünhan dərdi.

    Aşiqəm, eşqimi gizlətməyə haqqım yoxdur,
    Həmdəmimdir gecələr sevgili canan dərdi.

    Vurdu, soldurdu xəzan sevgilimin gülşənini,
    Daşıyır gör necə qəlbində bir ümman dərdi.

    Eşqimin hər iki sahildə dərin kökləri var.
    Yox, deyil dərdimə tay eşqdə Sənan dərdi.

    Hardasan, harda, xəyalımdakı təbrizli gözəl,
    Tək sənin dərdin olub indi Süleyman dərdi?!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Şirin dilim”

    Saçlarından tel əsəndə,
    Telinə qurban olmuşam.
    Dilin sözə tələsəndə,
    Dilinə qurban olmuşam.

    Təzə çıxan süd dişinə,
    Qəh-qəhəli gülüşünə.
    Tırıp- tırıp yerişinə,
    Çox baxıb heyran olmuşam.

    Yanağının gülü solsa,
    Könlün bir an tutqun olsa,
    Bir ağrıyla gözün dolsa,
    Mən ürəyi qan olmuşam.

    Keçib getdi ayım, ilim,
    Sən açıldın, qönçə gülüm,
    ” Ana” deyən gündən dilin,
    Ən xoşbəxt insan olmuşam.

  • Xalq şairi Hüseyn ARİF.”Gəlib gözlərimin keçir önündən”

    Gəlib gözlərimin keçir önündən,
    Sinəmi qabağa gərdiyim günlər.
    Əynimdə boz şinel alov içindən,
    Fırtına qoynuna girdiyim günlər.

    Yatmaqdıq atəşdən atəşə qədər,
    Sədası torpaqdan günəşə qədər,
    Qırx birinci ildən qırx beşə qədər,
    Döyüşdə imtahan verdiyim günlər.

    Sellər-sular kimi qaynayıb-daşar,
    Dastanlar yaradıb, mahnılar qoşar,
    Canlı xatirəyə çevrilib yaşar,
    Bir vaxt gözlərimlə gördüyüm günlər.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Unutduq”

    Cavanlarla məşğul olduq sübhi-şam,
    Yad etmədik, qocaları unutduq.
    Çox dəm vurduq etibardan, heyif ki,
    Sədaqəti, etibarı unutduq.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bacarsaydım qurudardım”

    ***
    Bacarsaydım qurudardım,
    Dünyanın dənizlərini,
    Xəzər yudu bu gün, gülüm,
    Sahildəki izlərini.
    O balaca ləpirləri
    Çoxmu gördü dünya mənə,
    Gözmü dəydi izlərinə?
    Yerə vurdun sözlərimi,
    Dindi yerim sarı simi…
    Eşitmişəm yol üstəsən,
    Yaz, göndərim gözlərimi,
    Harda ağlamaq istəsən…

  • Xalq şairi Səməd VURĞUN.”Dağlar”

    Binələri çadır- çadır
    Çox gəzmişəm özüm, dağlar!
    Qüdrətini sizdən aldı
    Mənim sazım, sözüm, dağlar!

    Maral gəzər asta – asta,
    Enib gələr çeşmə üstə.
    Gözüm yolda, könlüm səsdə,
    Deyin, necə dözüm, dağlar?

    Hər obanın bir yaylağı,
    Hər tərlanın öz oylağı;
    Dolaylarda bahar çağı:
    Bir doyunca gəzim, dağlar!

    Qayaları baş – başadır,
    Güneyləri tamaşadır.
    Gödək ömrü çox yaşadır,
    Canım dağlar, gözüm dağlar!

    Bir qonağam bu dünyada,
    Bir gün ömrüm gedər bada;
    Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Dərdim sənsizliyin dərdini çəkir

    Bir səhər üz tutdum dənizə sarı,
    Görüş yerimizdə ayaq saxladım.
    Öpdü həsrət məni sən əvəzinə,
    Töküldü gözümdən leysan, ağladım.

    Mənə elə gəldi dəniz bu saat,
    Coşaraq tez məni qucaqlayacaq.
    Köksümə sığmayan hicran qəmini,
    Sənin əllərinlə sığallayacaq.

    Açıb gözlərimi nəmli baxışla,
    Boylandım dənizə xəyala dönüb,
    Sahili qucan o ləpələr kimi,
    Sənə sarılmışdım suala dönüb.

    Görmək istəməzdim sənsizliyimi,
    Ağlar gözlərimi yumdum yenidən,
    Hönkürtü səsimi batırmaq üçün,
    Asılı qalmışdım bircə zəngindən.

    Bu necə səadət, bu necə zülüm?!
    Birisi inləyir, biri kef çəkir,
    Nə yaxşı yenə də sən varsan gülüm,
    Dərdim sənsizliyin dərdini çəkir.

    BİLMİRƏM

    Sən ömür baharı, mən könül qışı,
    Haraya gedəcək bu yol, bilmirəm.
    Mən bəxtin önündə payız yağışı,
    Alırsan könlümü gəl al, bilmirəm.

    Ayrılıq deməyə gəlmədi üzüm,
    Verdiyin vədəndə qışladı sözün,
    Həsrəti eyləyib dağ, dərə, düzüm,
    Çəkdin sinəm üstə min yol, bilmirəm.

    Könlümün evinə bir yol uçduğun,
    Gözümdən gizlənib, nədən qaçdığın,
    Hər məni görəndə geniş açdığın,
    Kimlərə açılır o qol, bilmirəm.

    Deməyin, sərxoşam xumar çəkibdi,
    Mənə nə dağ çəkib o yar çəkibdi,
    De kimin saçına tumar çəkibdi,
    Əlimdə buzlayan o əl, bilmirəm.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    AXI

    Necə də şirinsən, necə də əziz,
    Hüsnün bir aləmdi, eşqin bir dəniz,
    Gözlərin qaradı, özün aybəniz
    Mən səni sevməkdən doymuram axı.

    Ağlımı başımdan alır gülüşün,
    Əzəldən nazlanmaq olub vərdişin,
    Vallah möcüzədi sənin hər işin,
    Mən səni sevməkdən doymuram axı.

    Olmusan qəlbimin şahı, sultanı,
    Sənsiz neyləyirəm bu şirin canı,
    Sənintək bir gözəl dünyada hanı?
    Mən səni sevməkdən doymuram axı.

    Sən mənim ətirli gül, çiçəyimsən,
    Baharım, yazımsan, bir mələyimsən,
    Canımsan, gözümsən, sən ürəyimsən,
    Mən səni sevməkdən doymuram axı.

    Yoxdu bu dünyada tayın, əvəzin,
    Dərdimə dərmandı hər kəlmə sözün,
    Canısan , ruhusan şair Əzizin,
    Mən səni sevməkdən doymuram axı.

    DÖNDÜ BİR ULDUZA

    Murad Babayevin xatiəsinə

    Daim əl tutardı köməksizlərə,
    Əzəldən bu onun vərdişi idi.
    Onu da çox gördü fələklər bizə,
    Alıb əlimizdən apardı, getdi.

    O bir çinar idi qopdu yerindən,
    O vaxtsız, vədəsiz köçdü dünyadan,
    Sanki dünya qopdu öz məhvərindən,
    Xoşbəxt yaratmışdı onu yaradan.

    Yaxşılıq gəlirdi əlindən ancaq,
    Allah adamıydı, el adamıydı,
    Sanki bir pir idi, sanki bir ocaq,
    Vaxtsız əcəl ona bəs niyə qıydı?

    Gələn dərdə, qəmə sinə gərərdi,
    Canını verərdi el, oba üçün.
    Elin hər işini özü görərdi,
    Şam kimi yanardı o için, için.

    Xalqın qəlbindədir hər zaman, hər an,
    Onu xatırlayar, unutmaz elim,
    Çəkildi göylərə o böyük insan,
    Döndü bir ulduza Murad müəllim.

    BİR MİLLƏTİK

    Türk, Azəri iki qardaş,
    Bir millətik, iki vətən.
    Qəlbimizdə eyni atəş,
    Olmaz bizə çatıb, yetən.
    Ver əlini Türk qardaşım,
    Sevinsin torpağım, daşım.

    Qorxu bilməz igidlərik,
    Əilmərik biz yadlara.
    Bir qartalıq zirvələrə,
    Hökm edərik buludlara,
    Ver əlini türk qardaşım,
    Sevinsin torpağım, daşım.

    Türk, Azəri vətən üçün,
    Lazım gəlsə candan keçər.
    Qılıncını qoymaz qına,
    Yaxşı, pisi darda seçər
    Ver əlini türk qardaşım,
    Sevinsin torpağım, daşım.

    Bir babanın övadıyıq,
    Qanımız bir, canımız bir,
    Bizimkidir Doğu, Batı,
    Dinimiz bir, andımız bir.
    Ver əlini türk qardaşım,
    Sevinsin torpağım, daşım.

    Şərəflidir dünənimiz,
    İşıqlıdır sabahımız,
    Ucalıqdan enməz heç vaxt,
    Ay, ulduzlu, bayrağımız.
    Ver əlini türk qardaşım,
    Sevinsin torpağım, daşım.

    BU GECƏ

    Bu gecə ömrümə nur saçacasan,
    Qonağım olacaq günəş, ay mənim.
    Bu gecə boynuma sarılacaqsan,
    Çəkilb gedəcək kədərim,qəmim.

    Bu gecə başına dönəcəm sənin,
    Yanacam oduna pərvanə kimi,
    Uğurlu olacaq incə qədəmin,
    Çıraq eyləyəcəm odlu qəlbimi.

    Hüsnünə baxmaqdan doymayacağam,
    Qara gözlərindən öpəcəm sənin,
    Bu gecə sübhətək oyaq qalacam,
    Başına gül, çiçək səpəcəm sənin.

    Ruhum sevinəcək, qəlbim dinəcək,
    Nəğməyə dönəcək sevdalı anlar,
    Mələklər göylərdən yerə enəcək,
    Keşikdə dayanıb duracaq onlar.

    İpək saçlarını oxşayacağam,
    Baxışlar dinəcək, dil lal olacaq,
    Ən şirin nəğmələr oxuyacağam,
    Sabaha bir şirin nağıl qalacaq.

  • Rafiq ODAY.”Vaxtıdı”

    Bir az ağır olun, nolar,
    Batman gəlməyin vaxtıdı.
    Savalandan yola çıxıb,
    Atnan gəlməyin vaxtıdı.

    Görüb oxu – kürəkdəki,
    Kimdi əsən külək təki?!
    Yaşanarmı ürəkdəki
    Çatnan, gəlməyin vaxtıdı.

    Dərd sinədə sırıq-sırıq,
    Sirr verdiyin ağzıcırıq,
    Düşmən neylər ki, bu qırıq
    Zatnan, gəlməyin vaxtıdı.

    Dözməklə kar aşandımı?
    Ruhsuz bir gün yaşandımı?!
    Barışmaq yaraşandımı
    Matnan?- Gəlməyin vaxtıdı!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Sevib-sevilən qızlar”

    Sevib-sevilən qızlar
    Vətənin nazlı qızları,
    Qırln adətdə”buzları”.
    O dürləri, almazları,
    Siz ağıllarda axtarın!

    İgid sınanar düz yolda,
    Büdrəməz, getsə yüz yolda.
    Səadəti siz nə pulda,
    Nə dövlət, varda axtarın!

    İnci, almaz, dürr soyuqdur;
    Daşların ürəyi yoxdur .
    İsti ürəklər çoxdur,
    Odu siz orda axtarın!

    Dağlar qalıb sel içində,
    Kaman titrər tel içində,
    Yaxşı dostu yaman gündə,
    İgidi darda axtarın!

    Siz toylarda, nişanlarda
    Qoymayın gəncləri darda.
    Daş- qaşları kamallarda,
    Siz, düz ilqarda axtarın!

    Budur sözümün qüvvəti:
    Uca tutun məhəbbəti,
    Nazlı qızlar, səadəti,
    Mərd oğullarda axtarın!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Neylərəm o ömrü mən”

    Neylərəm o ömrü mən,
    Nə qışı, nə yazı var!
    Duyğunun nə dərini,
    Nə də ki, dayazı var!

    Neylərəm o ömrü mən,
    Nə bir şirin sükutu,
    Nə də sel axışı var.
    Nə çılğın bir sevinci,
    Nə də göz yağışı var.

    Neylərəm o ömrü mən,
    Nə özü, nə özgəsi,
    Nə səsi, nə nəfəsi,
    Nə dərdi, nə qəmi var.
    Nə əqidə yoldaşı,
    Nə könül həmdəmi var!

    Neylərəm o ömrü mən,
    Nə Vətən məhəbbəti,
    Nə xalqa sədaqəti,
    Nə darda mətanəti,
    Nə dərdə tabı olsun,
    Nə ömür yollarında
    Bir inqilabı olsun!

    Dünyaya nə ilk sözü,
    Nə son cavabı olsun.
    Mən ömür istəmişəm
    Məşələ dönüm, yanım
    Mən ömür istəmişəm,
    Qoy dolsun odla qanım!
    Mən həyat yollarında
    Bu odla silahlanım.
    İnamım, etiqadım
    Qoy inqilabım olsun!

    Mən dünyaya gələndə
    Səsli, nəfəsli gəldim,
    İstəmirəm sükutum
    Ən son cavabım olsun.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Bir ürək bağışla”

    Bir ürək bağışla ki,
    Heç zaman soyumasın.
    Bir xəyal bağışla ki,
    Uçuşdan uyumasın.
    Bir fikir bağışla ki,
    Dəryadan dərin olsun.
    Bir düzüm mirvari ver,
    İnci sözlərin olsun.

    Nəqarət:
    Bir çıraq bağışla ki,
    Odu hər yana düşsün.
    İşığı neçə qəlbə,
    Neçə vicdana düşsün.
    Yaşatsan, yaşat, ancaq
    Bir təmiz sözlə məni
    Gözləsən tək mənəvi
    Ölümdən gözlə məni.

    Sənə söhbət eyləsəm,
    Qəlbinlə məni dinlə.
    Könlüm yaralı olsa,
    Sağalt təbəsümünlə.
    Bir bahar bağışla ki,
    Eşqim Günəşi olsun.
    Bir ocaq bağışla ki,
    Sönməz atəşi olsun.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Sən-qəhqəhə, Mən-göz yaşı”

    Sən-qəhqəhə,
    Mən-göz yaşı.
    Hardasan, könlüm sirdaşı?
    Tufanlıdır ömrün qışı.
    Sən gül!
    Mən gülə bilmirəm.

    Şənlik içindəykən aləm,
    Nədir könlümdəki bu qəm?
    Neyləyim ki, mən bəxti kəm
    Dərdimi bilə bilmirəm.

    Qəm əyib məğrur başımı,
    İtirmişəm sirdaşımı,
    Selə dönən göz yaşımı
    Üzümdən silə bilmirəm.

    Səhrada bitmiş bir güləm,
    Fəsli quraq keçən iləm.
    İstəyirəm sənsiz öləm,
    Neyləyim, ölə bilmirəm.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Sevgili canan”

    Hüsnün gözəl ayətləri, ey sevgili canan!
    Olmuş bütün aləmdə sənin şəninə şayan
    Gəl eylə inayət, mənə ver busə ləbindən,
    Çünki gözəlin busəsidir aşiqə ehsan.

    Sordum ki, “könül hardadır” aldım bu cavabı.
    “Heç sorma, tapılmaz onu axtarsa da insan”.
    Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
    Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

    İnsafın əgər varsa, açıq de, bu Nizami,
    Sənlə necə rəftar eləsin, ey mahi-taban?
    Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
    Əhvalımı səndən soruşarsa Qızıl Arslan?

  • Gülnar Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib

    Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub.

    2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

    İnstitutda işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub. 2019-cu ildə Ədəbiyyat İnstitutunun elmi şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Özümüzə tale yazdıq

    Üzülməyən sevgimizin,
    Ürəyini niyə üzdük.
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq.

    Duyğuların qanadıyam

    Buz bağlayan yollarını,
    Nəfəsimlə əridəydim,
    Bu ağlayan sevdamızı,
    Gücüm çata, kiridəydim.

    Bir dünyalıq can oduyam,
    Duyğuların qanadıyam,
    Mən sevginin öz adıyam,
    Göydə sevib, yerə dəydim.

    Yaz dərdimi, yaz aramla,
    Nə yaşıyım bu yaramla,
    Vüsalımı damla-damla,
    Ürəyinə yeridəydim.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ÜRƏYİM

    O qədər dərd çəkib, ayrılıq çəkib,
    Bir sözdən inciyib küsür, ürəyim.
    Dərd-qəmdən alışıb, yanır şam kimi,
    Həsrətdən, hicrandan bezir, ürəyim.

    Quş kimi çırpınır sinəmdə birdən,
    Az qalır partlaya qüssədən , qəmdən,
    Quzu tək sinəmdə mələyir hərdən,
    Bir qayğı, təsəlli gəzir, ürəyim.

    Yaşaya bilmirəm sakit , biganə,
    Yurd, yuvam dağılıb, qalıb viranə,
    Kükrəyib, coşanda dünya, zəmanə,
    Köksümdə yarpaq tək əsir, ürəyim.

    GƏLMƏRƏM

    Gülə-gülə mən qarşına yeridim,
    Elə baxdın, xəcalətdən əridim,
    Gəldiyimə peşman oldum,kiridim,
    Vallah bir də, bu qapıya gəlmərəm.

    Əl uzatdım, əlim qaldı havada,
    Kaş sınaydı qolum, qılçam davada,
    Tüpürərəm bu şöhrətə, bu ada,
    Vallah bir də, bu qapıya gəlmərəm.

    Ürəyimdə acıladım özümü,
    Boğazımda kilidlədim sözümü,
    Axı niyə sənə tutdum üzümü,
    Vallah bir də, bu qapıya gəlmərəm.

    Elə bildim sənə doğma, tanışam,
    İstədim ki doğma kimi yanaşam,
    Elə dindin, söz tapmadım danışam.
    Vallah bir də, bu qapıya gəlmərəm.

    Nə üz gördüm, bir də gələm, yanına,
    Elə il ki, od düşmüşdü canına,
    Söz deyərəm, anlayana, qanana,
    Vallah bir də bu qapıya gəlmərəm.

    SƏN

    Bir günəş var, bir də ay,
    İkisi də elə, sən.
    Səndən gözəl görmədim,
    Qəşəngsən qız, öləsən.

    Çiçəklərin tərisən,
    Sən hürüsən, pərisən,
    Bülbülün dərd, sərisən,
    Bir qönçəsən, hələ sən.

    Baxışın qızıl qandı,
    Gözəl olan baxtındı,
    Qız, sənin nə vaxtındı,
    Düşmüsən dillərə sən.

    Aləm heyrandı sənə,
    O boy, buxun o sinə,
    Tanrı baxıb hüsnünə,
    Mat qalıbdı biləsən.

    Tamaşadı bənizin,
    Yoxdu tayın əvəzin,
    Canın alıb Əzizin,
    Döndərmisən külə sən.

    OLMA

    Yaşayanda bütöv yaşa,
    Bölgü olma , kəsir olma.
    Hər gözələ könül vermə,
    Aralıqda yesir olma.

    Göz üstündə saxla yarı,
    İrmə gəl etibarı,
    Taca döndər namus, arı,
    Ayaq altda həsir olma.

    Bel bağlama bu dünyaya,
    Qoyma ömür getsin bada,
    Söykən yurda, el-obaya,
    Var dövlətə əsir olma.

  • Rafiq ODAY.”Bölük-bölükdü”

    Bir bölük dərddi dərdim,
    Dərdim bölük-bölükdü.
    Dedim bir məlhəm qoyum,
    Gördüm bölük-bölükdü.

    Bu dərdin qan adımı?
    Toxundun qanadımı?
    Üstünə qanadımı
    Sərdim, bölük-bölükdü.

    Seçmədi sərdə fəndim,
    Keçmədi dərdə fəndim,
    “Bu nasıl dərd, əfəndim?” –
    Sordum, bölük-bölükdü.

    Gəl yaşayaq bir ömür,
    Dərvişsayaq bir ömür.
    Mən başayaq bir ömür,
    Sürdüm, bölük-bölükdü.

    Bu bazar, açıq bazar,
    Özündən ha çıx – bazar…
    Ərənlər məzar-məzar,
    Yurdum bölük-bölükdü.

  • İradə AYTEL.”Taleh” (Hekayə)

    Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi.

    O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı.

    Bayaqdan bəri vaqonun kupeləri arasında vargəl edən bələdçi artıq yuxuya getmişdi. Kupedəki hər şeyə deyinən qarı, iri gövdəli, buxara papaqlı qoca, daraqlı güzgüsünü əlindən yerə qoymayan qarayanız qız da yuxulamışdı. Deyəsən ondan başqa tələsən yox idi. Çünki, hamı şirin-şirin yatır, səhərin nə vaxt açılacağı haqda heç fikirləşmirdi də. Təkcə ondan başqa…

    O yerində bir neçə dəfə o yan, bu yana qurcalandı. Deyingən qarının səsi eşidildi:

    – Eh… a bala, cavan oğlansan, niyə yatmırsan? Nə özün yatmırsan, nə də bizləri qoymursan yataq. Zamana yaman dəyişib, axı indi sənin şirin yuxu vaxtındı…

    O fikirləşdi ki, deyingən qarı danışdısa qurtarmayacaq. Hələ qatara minik başlamamışdan bələdçi ilə yer davası edən bu qarı biletinin yuxarı çarpayıya düşməsindən tutmuş, pəncərədən gələn soyuğa, o biri kupelərdən eşidilən səs-küyə deyinirdi. Bunu eşidən qoca öz yerini qarıya verdi ki, bəlkə qarı susa. Sonra qarı başladı yenə də deyinməyə, bu yer narahatdı, hanı buranın əl dəsmalı və ilaxır və sair. Qarının deyingənliyi qocanı əməllicə əsəbiləşdirirdi. Hərdən qarıya acıqlı halda baxan qoca ona cavab qaytarmaqdan da geri qalmırdı. Onun öz aləmində «güzgü-daraq» adlandırdığı qız isə hərdən gözünün altı ilə ona baxır, qocaların mübahisəsinə işarə edərək gülümsünürdü.

    O fikirləşdi ki, bir də yerində qurcalansa qarının deyinməyi kəsməyəcək. Cansıxıcı kupedən çıxmaq qərarına gəldi. Başını aşağı əyib, gözucu aşağı yerlərdə yatan qarıya və qıza baxdı. Qarının üzünə hərdən işıq düşürdü və o daha da eybəcərləşir, sifətinin hər cizgisindən deyingənlik yağırdı. Qızın isə saçları balışının üstünə tökülmüşdü. Telləri də özü kimi nazlı, ədalı idi, üzünü gözünü tutmuşdu. Birdən onun gözü qızın əlindəki güzgülü darağa sataşdı. Öz-özünə gülümsündü ki, «bu qız yatanda da güzgü ilə yatır». Sakitcə çarpayıdan düşmək istəyəndə qarının xorultusu kəsdi…

    – Nə olub, a bala…

    O tez-tələsik kupedən dəhlizə çıxdı. Qarı yenə deyinirdi…

    Dəhliz də qaranlıq idi. Təkcə bələdçinin kupesinin qabağında işıq yanırdı. Qatar isə sürətlə irəliləyirdi. Amma, ona elə gəlirdi ki, bu sürət irəli yox geriyə tələsir. Pəncərədən çölə boylandı. Qaranlıq, boşluqdan başqa heç nə gözə dəymirdi. Hərdən isə qabaqdan gələn qatarla onun sərnişini olduğu qatar ucadan fit verir, sanki salamlaşırdılar.

    O tələsirdi… Qatarsa onun tələsdiyinə əhəmiyyət vermədən yoluna davam edirdi. Pəncərənin qabağından kənara çəkilməyərək, əlini gödəkcəsinin döş cibinə atdı və oradakı papiros qutusunu çıxardı. Papiros dənəsini qutudan götürmək istəyəndə, bir anlıq dayandı və öz-özünə dedi, «gərək anama bildirməyim papiros çəkdiyimi», elə bu fikirlərlə bir azdan acılı-şirinli xatirələr onu öz qoynuna aldı.

    … – Ata, gündəliyimə qol çəkməlisən.

    – Gətir görüm, igidim neçə alıb… Afərin sənə, yenə beş almısan. Kişisən!

    Yan otaqdan səs gəldi:

    – Elmar, bilirsən oğlun bu gün nə edib?

    – Neynəyib mənim igidim? Taleh, nə etmisən ki, anan səndən şikayət edir?

    Taleh bir söz demədən başını aşağı dikdi. Yenə yan otaqdan səs gəldi:

    – Sənin igidin bu gün qonşunun oğlu ilə dalaşıb.

    – Düz deyir anan, Taleh?

    – Ata, o mənə qorxaq erməni dedi.

    – Yox, ola bilməz, o sənə nəyə görə elə dedi?

    – Ata, biz dava-dava oynayırdıq, mən onu əsir tutdum, əlindəki aftomatı vermək istəmirdi. Biz dalaşdıq, o isə mənə qorxaq erməni dedi…

    – Adam oyunda dava eləməz. Bir də belə şeylər eşitməyim.

    … Xoşbəxt, qayğısız uşaqlıq illərini müharibə deyilən amansız bir olay qara çadraya bürümüşdü… İnsanların üzündə bir hüzn hökm sürürdü. Doğma vətənin torpaqları zəbt olunur, hər gün bir evin qapısına qara bağlanırdı. Talehin atası Elmar da Murovdağ ətrafında gedən döyüşlərə yollanmışdı. Evə çox gec-gec gəlirdi. Sonuncu dəfə gələndə isə çox kədərli idi. Amma yenə də Talehə ümid verirdi: “Hər şey yaxşı olacaq. Anana yaxşı bax. Axı indi evin kişisi sənsən. Dərslərini də yaxşı oxu. Mən olmayan vaxtlarda bir çətinliyiniz olsa Nurəddin əmiyə deyərsən, çəkinmə, o mənim dostumdur” – deyirdi.

    Nurəddin uzun müddət Rusiyada yaşamışdı. Orada ailə də qurubmuş, hətta rus qadınından övladları da olmuşdu. Sonralar Azərbaycana gəldi və bir də qayıtmadı. Deyilənə görə oradan qaçıb bura gəlib. Döyüşə də getməmişdi. Elmarla uşaqlıq dostu olublar, bir kənddə böyüyüb, bir məktəbə gediblər. Sonralar Elmar ali təhsil alıb, ailə qurub, uzaq düşüblər. Artıq bir neçə il idi ki, bir yerdə olan dostlar yenə də bir-birləri ilə yaxınlıq, dostluq edirdilər. Elmar döyüşə yollanandan sonra Talehgilə tez-tez gələn Nurəddin bu evə daha yaxından qayğı göstərir, Talehin dərsləri ilə maraqlanırdı. Və bir gün… onların həyətlərinə hərbi geyimdə bir nəfər gəldi. Onda Talehin təxminən on dörd-on beş yaşı olardı. Qapıya Taleh yaxınlaşdı, anası da ev işləri ilə məşğul idi. Hərbi geyimdəki kişi soruşdu:

    – Məmmədov Elmar İsmayıl oğlunun evi buradırmı?

    Taleh kişinin zabitəsindən qorxaraq, çəkinə-çəkinə dedi:

    – Bəli, kim lazımdır?

    – Evinizdə böyüklərdən kim var?

    – Anam…

    – Başqa heç kəs yoxdur?

    – Yox, atam döyüşdədir.

    – Əmin, dayın, kimin var?

    Səsə həyətə gələn Həbibə, hərbiçini görüb, titrək səslə dedi:

    – Elmara nə olub?

    Hərbiçi:

    – Bilirsiniz, xanım… sözünün arxasını gətirməyərək, əlindəki kağız parçasını Həbibəyə uzatdı… Birazdan həyət qonum-qonşu ilə dolmuşdu. Həbibənin qışqırığı, hönkürtüsü bütün kəndi başına götürmüşdü. Bir tərəfdə büzüşən Taleh isə olanları dərk etmirmiş kimi ətrafdakılara baxırdı. Nurəddin hamıdan çox əl-ayayğa düşmüşdü. Ona xəbər verdilər ki, sabah Şəhid Elmar Məmmədovun tabutunu evinə gətirəcəklər. Yas mərasiminin bütün işlərini boynuna götürən Nurəddin, hətta mərhumun qohumlarına da əl-ayaq etməyə imkan vermirdi.

    … İllər keçdi. Orta məktəbi əla qiymətlərlə bitirən Taleh ali məktəbə qəbul olmazdan əvvəl hərbi xidmətə yola düşməyi qərara aldı. Artıq döyüş səngimişdi. Hərdən sərhədlərdə atəşkəs pozulsa da sakitçilik idi. Lakin, hərbiçilərimiz, hərbiçi olmaq arzusunda olanlar, ümumiyyətlə, bütün xalq hər an, hər dəqiqə döyüşə hazır vəziyyətdə dayanır, düşmənin nə vaxt susdurulacağını gözləyirdi. Taleh də hərbiyə ilk-əzəl atasının və şəhidlərimizin, qanını almaq, torpaqlarımızı geri qaytarmaq üçün can atırdı. Atası Şəhid olandan sonra o, anası ilə birgə şəhərdə yaşayırdı. Şəhərdə böyüyən Həbibə əri Elmarın ölümündən sonra kənddə qala bilməyib, öz doğmaları ilə birgə yaşamaq üçün şəhərdən ev almışdı. Elmarın valideynlərinin, qardaş-bacılarının təkidinə baxmayaraq kənddəki evlərini də satmışdı. Taleh də atalı böyüdüyü evdən getməyi üstün tutmuş, anası ilə şəhərə köçmüşdü. Həm də şəhər mühiti başqa idi. Yeni dostlar, təhsildə irəliləyiş, müxtəlif tədbirlər, dərnəklər və s.

    Hərbidən tez-tez anasına məktub yazırdı. Yazırdı ki, «Darıxma, ana, Vətənin keşiyində layiqincə dururam. Axı, mən Şəhid Elmar Məmmədovun oğluyam. Hələ ki, sərhədlərdə sakitlikdir. Amma atamın qanını o azğınlardan alacam, mütləq alacam…» Beləliklə, hərbi həyatını başa vuran Taleh doğma evlərinə, anasının yanına tələsirdi.

    … Yavaş-yavaş gecə öz qara köynəyini soyunmağa başlayırdı. Qatar isə dayanmadan irəliləyirdi. Növbəti dayanacaqda Taleh düşməli idi. Hazırlaşmaq üçün kupeyə daxil oldu. Qarı yenə deyinməyə başladı:

    – A bala, sən gecəni harada keçirdin…

    – Taleh onun sözünü yarıda kəsdi:

    – Düşürəm, nənə.

    – Hə, uğur olsun, bala, düş, sağ-salamat gedəsən…

    Səsə qoca yerində qurcalandı. Qız isə güzgülü darağını əllərində bərk-bərk tutaraq, yenə də mışıl-mışıl yatırdı. Taleh hərbi çantasını əlinə alıb kupedən çıxdı. Bələdçi də oyanmışdı.

    – Hə… əsgər sən indi düşürsən.

    Arıq, cılız sifətli bələdçini lopa bığları çox gülməli göstərirdi. Taleh ona gülümsünərək başı ilə “ hə” dedi. Qatar ucadan fit verdi və dayandı. Dayanacaq sərnişinlərlə dolu idi. Deyəsən növbəti qatarın vaxtına az qalmışdı. Səhər isə açılmışdı. Səhər gecənin soyuğunu, kədərini, əzginliyini elə gecədə qoymuşdu. İnsanların üzündə sevinc, xoş ovqat var idi. Hamı sevincə tələsirdi…

    Artıq şəhərarası avtobuslar da işə başlamışdı. Avtobusa əyləşən Taleh yol boyunca şəhərin necə dəyişdiyinə, gözəlləşdiyinə baxır, bu dəyişikliyə çox sevinirdi. Evlərinin yanındakı dayanacaqda düşdü və qaça-qaça binalarına yaxınlaşdı. Çoxmərtəbəli binanın giriş qapısından içəri keçib, birnəfəsə üçüncü mərtəbəyə qalxdı və evlərinin qapı zəngini çaldı. O, tələsirdi – anasını bağrına basmağa, oğlun gəldi, ana, daha heç bir çətinliyin olmayacaq, deməyə tələsirdi…

    Qapı çox gec açıldı. Qapının kandarında Talehi görən Nurəddinin dili söz tutmadı. İçəri otaqdan isə Həbibənin səsi eşidildi:

    – Kimdir, ay Nurəddin, bu vaxt, xeyir ola…

    Mənbə: http://kultur.az

  • İradə AYTEL.”Bahar qızı”

    Bahar qızı, baharına
    Qar ələndi, üşüdünmü?
    Pərən-pərən arzuları
    Çimirinə daşıdınmı?

    Laylan beşik gördümü heç,
    Bələdinmi dərdini heç?
    Səssiz evin sordumu heç
    Barlı bağlar yaşıdınmı?

    Suç işlədin, suçun ögey,
    Varın ögey, heçin ögey,
    Qaç çölünə, için ögey,
    Sən biçimdə daş – adammı?!

  • İradə AYTEL.”Çatarmolar”

    Sinəm basdı sinəsinə
    Qollarımı sinə-sinə.
    Bir ah çəksəm sənə… sənə
    Çatarmolar, çatarmolar?

    Dağı bağa ha daşıyım
    Yenə laldı ev-eşiyim.
    Layla desəm boş beşiyim
    Yatarmolar, yatarmolar?

    Allah gendə, bəndə gendə,
    Kimdi görən bu bədəndə?
    Ay ürəyim Göy sinəmdə
    Batarmolar, batarmolar.

  • İradə AYTEL.”Son məktubum”

    Bu, sənə son məktubum,
    Qanımın son damlası.
    Oxu, gözlərin səpsin
    Oduma son damla su.

    Sən bir ömür xatirəm,
    Sən alnımda yazımdın.
    Sən çölümdəki boran,
    Sən içimdə yazımdın.

    O yaz qönçə barına
    Həsrətkən qışa köçdü.
    O yaz gözlərimdəcə
    Bir qara daşa köçdü.

    Verdiyin dərd yerində
    Dağ olacaq göy otlar.
    Ağrının sinəsində
    Soğulacaq göy otlar.

    Dərdimi bas bağrına,
    Layla de, yuxusu var.
    İlahi bir sevginin
    İlahi qorxusu var.

    Bu qorxu böyüdükcə
    Kiçildi ömür şamım.
    Son kəz söylə, söylə ki, –
    “Ay sinəsi şan-şanım”.

    Söylə ki, “Sənim, səni
    Qorumaq çətin oldu”.
    Söylə ki, “bu sevgidən
    Yarımaq çətin oldu”.

    Söylə ki, “Sənim, səni
    Qurban etdim qorxuma”.
    Söylə ki, “ruhunla da
    Gəl yollarıma baxma!”

    Bu, sənə son məktubum,
    Qanımın son damlası.
    Oxu, gözlərin səpsin
    Oduma son damla su.

  • İradə AYTEL.”Bilirsənmi?!”

    “Səni sevdim qar üstündə yem axtaran quş kimi“
    Ramiz Rövşən

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.

    Bilirsənmi, O, gizlinim, o sirrim,
    O sirri tutmaqdan qala olmuşam.
    Elə gözdən düşüb, təklənmişəm ki,
    Lalası sovrulan tala olmuşam.

    Bilirsənmi, Ona necə həsrətəm,
    Yad eldə evini özləyən kimi.
    Oğulları döyüş aparan gündən,
    Gəlinlər yolları gözləyən kimi.

    Bilirsənmi, onsuz necə yanıram,
    O gecə Xocalım yandığı kimi.
    Adını çəkəndə qançır geyinən,
    Diş altındakı dilim yandığı kimi.

    Bilirsənmi, bağban necə qovrulur,
    Gülü bağda suya həsrət qalanda.
    Bilirsənmi, insan necə qıvrılır,
    Tellərinə yad nəfəsi dolanda.

    Bilirsənmi, Ondan necə qopmuşam,
    O gecə balamdan qopduğum kimi.
    Bilirsənmi, Ona necə hopmuşam,
    Laylam torpaqlara hopduğu kimi.

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.
    Bilirsənmi, Onu necə sevirəm…

  • İradə AYTEL.”Yolum ocaq”

    İçimdə ürəyim kösöv,
    Çölüm ocaq, çölüm ocaq!
    Uzun bir yola çixiram,
    Yolum ocaq, yolum ocaq!

    Az gileylən, ruhum, darda,
    Yer geyəcəm ilk baharda.
    Əməllərim günahlarda
    Yolunacaq, yolunacaq!

    Əl qaldırdı rəqsə alım,
    Bəyazlar mənə çox zalım.
    Tələsin, vida “Vağzalı”m
    Çalınacaq, çalınacaq.

  • İradə AYTEL.”Qızılgül”

    Ürəyiмdə qübаr еdən dərdiмi,
    Dаnışмаrам…dаnışмаrам, qızılgül!..
    Həsrətiмin gilеy dоlu cığrınа,
    Qаrışмаrам… qаrışмаrам, Qızılgül!

    Bоylаnırам bоyun-bоyun bоynunа,
    Hоylаnırам bu tаlеyin оynunа,
    Bircə günlük yаr оluммu qоynunа,
    Sоruşмаrам…
    sоruşмаrам, Qızılgül!

    Yахınındа qаrа dаğlаr qаrlıdı,
    Vüsаl uмаn həsrətindən kаrlıdı,
    Dеsən: könlüм vəfаdаrlı, yаrlıdı,
    Bаrışмаrам…
    bаrışмаrам, Qızılgül!..

  • İradə AYTEL.”Səni gözləyir”

    Gözlərini Bənövşən
    Аçмır, səni gözləyir.
    Yаz оlsа dа ətrini,
    Sаçмır, səni gözləyir.

    “Оyаn”- dеyir sübh меhi,
    Bükür bоynunu “еh”i,
    Yаrpаğındаkı şеhi,
    Içмir, səni gözləyir.

    Qоrхur yаd əllər dəyər,
    Qurur kоl аltdа dəyə,
    “Sözlüм gələcək” – dеyə,
    Köçмür, səni gözləyir.

  • İradə AYTEL.”Sevgi nağılı”

    Gəl, sənə bir nağıl söyləyim,
    O nağıl ömrümün noğulu idi.
    O nağılda biri vardı – o Səndin,
    O nağılda biri yoxdu – o məndim.
    O nağılda Sən Günəşdin, mən gecə.
    O nağılda Sən məndəydin,
    Mən təkcə!
    O nağılda gözlərin göz işığım,
    Səsin İlahi səsi,
    Səsin “Azan”ım idi.
    O nağılda baxışın ürək dağım,
    Sözün Müqəddəs ayə,
    Özün alnıma tale,
    Qismət yazanım idin.
    O nağılda “ağ atlı”,
    Bəyaz don gözləmirdim,
    Qaranlıq gecələrdə
    Təklikdən asılsam da,
    Göydən düşən üç alma,
    Mutlu son gözləmirdim.
    O nağılda, bircə Sən,
    Bircə Səni görürdüm!
    O Nağılda tək səni,
    Təkcə Səni sevirdim!
    Yahu!
    Yahu!
    Yahu!
    Mən ki, Səni sevirdim!
    Mən ki, Səni sevirəm!

    03 iyun 2014

  • İradə AYTEL.”Ona deyin”

    Ona deyin, verdiyi
    Dərdi də sevər oldum.
    Gözüm hər acısını
    Gördü də, sevər oldum.

    Ona deyin, əcəl də
    Məndən üz çeviribdi.
    Təxti olan köksümü
    Atəşi deviribdi!

    Ona deyin, bahara
    Çıxmam!
    Çıxmam bu qışla.
    Ona deyin can verən,
    “Can” deyəni bağışla!
    Ona deyin,
    Bağışla!

    30 may 2014

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Kümbet”, “Usare”, ”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • İradə AYTEL.”Anama”

    Pir yolunda pir olmusan,
    Anam, getmə pirə, dəyməz!
    Dilək-dilək qovrulmağın,
    İçindəki sirrə dəyməz!

    Bircə gülü solsa əgər,
    Sanma bağban qan-yaş tökər.
    Bağına bax, bəhər-bəhər
    Al-yaşılda tərə dəyməz!

    Balan oldum, balın oldum,
    Bal yolunda yalın oldum,
    Sonda bu kor yolu buldum,
    Bunca dərdə, sərə dəyməz!

    Bahar ömrüm keçdi daha,
    Ağ gün mənlə öcdü daha,
    Ümid etmə, gecdi daha,
    Göy qurşağı yerə dəyməz!

  • İradə AYTEL.”Anama”

    Bir dəli sevdaya düşmüşəm, ana,
    İntihar sevdasına!
    Amma
    Qıymıram sənin ürəyinin bir parçasına,
    Qıymıram sənə!
    Bax, ana,
    Bircə canımnan başqa
    heç nəyim yoxdu.
    Onu da borcluyam Sən Tanrıma!
    Bilirəm, onsuz da qatiləm!
    Mənli arzularının,
    İstəklərinin,
    Sənə verəmədiyim nəvələrinin “qatili”!
    İndi də
    balanın qatili olmaqdan qorxuram!
    Ana!
    Sənin ölümünü gözləyirəm!
    Başımdakı bu sevdanın xatirinə!
    Bağışla!!!

  • İradə AYTEL.”Qəribəm”

    Duam Allaha yetmir,
    Mən bu dində qəribəm.
    Bir qərib də içimdə,
    Birəm mində,
    Qəribəm.

    Məni doğan ögeyim,
    Göynəmə göyüm-göyüm,
    Suçuyam Yerin, Göyün,
    Dolan gendə, qəribəm.

    A balamın bələyi,
    Yer, sənnəndir diləyim,
    Aç köksünü gələyim,
    Mən bu təndə qəribəm.

  • İradə AYTEL.”Yığış gedək”

    A köksümdə döyünənim,
    Mərdim, mərdim, yığış gedək.
    Səni səni sevməyənə
    Verdim… verdim, yığış gedək.

    Gül açmadı yenə bu yaz,
    Ümid düşdü çənə bu yaz…
    Qara saçım, səni bəyaz
    Hördüm… hördüm, yığış gedək.

    Nədən saldın mənə meyil,
    Di içimdə söyül, döyül.
    Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!

  • İradə AYTEL.”Qadın”

    İstəkdən yoğrulsan da,
    İstəklə doğulmadın.
    O qədər çox idi arzun
    Arzundaca boğuldun!
    Yum! Yum gözlərini, qadın!

    Sevdin!
    Ruhun uzaqda
    Cismin doğma yataqda,
    Ananın naxış-naxış,
    Həvəs-həvəs tikdiyi
    Yastığı cırmaqlayan
    Dırnaqların şişəmi?
    Məhrəminə satdığın
    Cismin dözür şişəmi?
    Bu dünya çox kiçikdir.
    Bir qadın içindəki
    Sevgini basdırmağa
    Yer acizdi torpaqda,
    Torpaq bəyaz bayraqdı!
    Sən azad olamadın!
    Yum! Yum gözlərini, qadın!

    Alisən!
    Ulusan!
    Anasan!
    Dözümün sinən üstə
    Dağ olsun kişilərə,
    Nə fərqi
    O dağın təkindəki
    Qaranlıqda inləyən
    Saçlarından asılan,
    Qara divə qısılan ürək
    Alimi?
    Ulumu?
    Anamı?!…
    Təki o dağ dağların
    Bağ olsun kişilərə…
    Əmsin dünya dərdini,
    Dönsün dünya dərdinə!

    Qapqara saçlarından
    Bir tel ayır…
    Dolaşdır bəmbəyaz buxağına…
    – Ana!
    Yenə…
    Bala səsinə çevril,
    Bala nəfəsinə səril…
    Səril!
    Səril!
    Təkcə öz ayağına sərilmə!
    Ayaqlama cənnəti!
    24.08.10

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi…”

    Əzizim Azər!

    Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun.

    Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. “Ədəbiyyat qəzeti” artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi.

    Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi sizin özünüzdən də yaşca çox böyükdür. Enişlər-yoxuşlar keçib gəlib. İstilər də görüb, soyuqlar da.

    Şair demiş, onun səhifələrində “gənclik” də var, “piranəlik” də!

    Bəxtimizə, payımıza çıxan bu qəzetin həm oxucuları, həm də müəllifləriyik.

    Bu gün, şeir, hekayə yazmaq üçün əlinə qələm götürən istedadlı bir gənc də bu qəzeti özününkü hesab edir və səhv eləmir.

    Etiraf edirəm: ilk şeirim bu qəzetin səhifələrində çıxanda necə sevinmişdimsə, indi də, təzə bir şeirimin çapına eləcə sevinirəm.

    Ədəbi yaradıcılığın sirr olduğu kimə məlum deyil?! “Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi.

    “Tərcümeyi-hal”ımın ən yaddaqalan səhifəsi bəlkə də burada işlədiyim vaxtlarda yazılıb.

    O zaman Sovet məkanında baş redaktorun “öz qəzetində” müəllif kimi çıxış etməsi müşkül məsələydi. Onda irad tuturdular ki, onsuz da qəzetin hər sayında baş redaktorun imzası gedir. Məndən qabaq bu qəzetin baş redaktoru işləyən mərhum şair Qasım Qasımzadə (şairlərin ən mehribanıydı, ona bir şeir də həsr etmişəm) bir dəfə mənə dedi ki, doqquz il bu qəzetdə baş redaktor işlədim, özümün bir əsərimi çapa vermədim. Xeyirxah insan məni bu məsələdə ayıq olmağa çağırırdı. Dövr mürəkkəb idi, başqa yolumuz yox idi. Ancaq indi görəndə ki, sən baş redaktor kimi qəzetin yazı həyatında dəyərli yazılarınla çıxış edirsən, bunun nə qədər vacib iş olduğu meydana çıxır. Sələflərimiz C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digərləri o zaman rəhbəri olduqları qəzet və jurnal səhifələrində ardıcıl çıxış etmişdilər. İndi sən “Ədəbiyyat qəzeti”ndə həm də o ənənəni qoruyub saxlayırsan.

    Adətən qəzet (“Ədəbiyyat qəzeti”də) redaksiyada formalaşır. Sizin redaksiyada istedadlı, məhsuldar yaradıcı gənclər fəaliyyət göstərir ki, onların imzaları artıq ədəbi mühitdə yaxşı tanınır. Bundan başqa, qəzetə güclü elmi-ədəbi-fəlsəfi potensialı və qələmi olan Respublikanın tanınmış alimləri – Nizami Cəfərov, Rüstəm Kamal, Elnarə Akimova, Məti Osmanoğlu da cəlb edilmişdir ki, onlar demək olar, qəzetin hər növbəti sayında çıxış etməklə, müxtəlif yönlü aktual, problem məsələlərə, müasir ədəbi prosesin izlənməsinə qədər, müstəqilliyimiz və azərbaycançılığımız mövqeyindən aydınlıq gətirməyə çalışırlar.

    Bunlar, əlbəttə, baş redaktorun əzablı axtarışlarının nəticəsi kimi təqdirə də, tərifə də layiqdi.

    Baş redaktor – qəzetin müəllifidi. Daima narahatdı, nigarandı. Axtarışdadı. Qəzet çıxana qədər də, çıxandan sonra da. Yəqin təbii vəziyyətdi.

    Əzizim Azər!

    Sən görkəmli ədəbiyyatşünas alim atan İmamverdi Əbilovun ailəsində böyüdün, böyük Əli bəy Hüseynzadədən türkçülüyü-azərbaycançılığı mənimsədin; Müasirimiz, klassikimiz Hüseyn Cavidin tədqiqatçılarından biri kimi hörmət qazandın. “Turan” təxəllüsün də o ailədən gəlir. İndi çox yaxşıdır ki, sən onlardan öyrəndiklərini qəzetin səhifələrinə gətirirsən. (Onu da xatırlayıram ki, sən Turan xanımın vəfatından sonra gülməyi yadırğamışdın, oğul. Sədaqət böyük amildir).

    Bizim Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti” unudulmaz ulu öndərin müntəzəm oxuduğu yeganə qəzet olub. Bakıda, Azərbaycan Respublikasının rəhbəri vəzifəsində, Birinci şəxs olduğu zaman; Moskvada, Siyasi Büronun üzvü, böyük dövlətin rəhbərlərindən biri olanda da. Sağ ol ki, qəzetin oxunaqlı olması üçün bu gün əlindən gələn hər şeyi edirsən, dövlətinə və dövlətçiliyinə sadiqsən, milli ideologiyanın keşiyində dayanmısan. “Ədəbiyyat qəzeti” bu gün ən fərəhli dövrünü yaşayır. Qəzetimizin 85 yaşı mübarək olsun!

    Yeni uğurlar…

    Hörmətlə, Nəriman Həsənzadə

    xalq şairi

    08.08.2018

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Vətən oğulları, Vətən qızları…”

    Ramiz Duyğunun şeirinə rəy

    Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar.

    “Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim.

    Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm”.

    Ramiz Duyğun yüksək hərbi rütbə daşıyan qələm dostlarımızdan olduğu üçün, əsgərlik həyatını yaxşı bilir.

    Bu kiçik epiqraf bəsiydi ki, şeirin, şəklin təsirinə düşəsən. Nərmin xanımla qazi Elnurun (əl arabasında) yanaşı şəkilləri oxucunun üzünə gülümsəyirdi.

    İki könül birləşmişdi.

    Yəqin, qəzetin Baş redaktoru, hörmətli Azər müəllim də rütbə dastanı şəkillə birlikdə səhifəyə çıxaranda, eyni hissi yaşamış, yaxşı ki, belə etmişdir!

    Təqdimat çağırır: keçmə, dayan, – deyir. Biz də “dayanıb” vətən oğlu Elnurun şəklinə doyunca baxırıq, qızımız Nərmin xanıma minnətdarlığımızı bildiririk.

    Elnur kimi oğullar Nərmin kimi qızlarımız reklamlarda daha çox səslənməli, daha çox göstərilməlidir ki, vətəndaşlıq, fədakarlıq, mənəvi paklıq adi verdiyimiz bu yüksək insani keyfiyyətlər nəsildən-nəslə ötürülsün.

    Bu, onların yaddaşlarda yaşamaq haqqı, hüququdur!

    Tarixi Lələtəpə döyüşlərindən iki gün sonra (birinci gün cənab Prezident İlham Əliyev yaralı döyüşçülərin yanında idi) mən də hərbi hospitalda əsgərlərimizlə görüşdüm. Qollarının, ayaqlarının sarıqlarını gördükcə istər-istəməz gözlərim dolurdu. Əksinə, söhbətləri zamanı onlar yüksək əhval-ruhiyyə ilə danışır, qələbəmizə güclü inam hisslərilə yaşayırdılar.

    Bu günlərdə də hərbi hospitala getmişdim. Azərbaycan ordusunun kapitan rütbəsində bir gənc zabiti Əyyubov Fərhad Rüstəm oğlu ilə tanış oldum.

    Əfqanıstan döyüşlərinin iştirakçısı olub. Qarabağ könüllüsüdü. Türkiyədə hərbi zabit təhsili alıb, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəkkür məktubuna layiq görülüb. Tabeliyində olan təcrübəsiz əsgərin döyüş mövqeyini müəyyənləşdirdiyi yerdə, düşmən atəşinə tuş olub. Sol ayağı dizdən yuxarı sarıqlıydı.

    Fərhad sağalan kimi yenidən hərbi xidmətə qayıtmaq arzusu ilə yaşayır.

    Xanımı Fatma qızımız onu təkidlə alqışlayır. İlk şəfqət bacısı, ilk həkimi, ilk loğmanı olmuşdur.

    Onlar bizim müasirimiz olsalar da, sabahkı Azərbaycanın – işğaldan tam azad olunmuş bir ölkənin sakinləridi.

    Biz onlara baxıb özümüzü görürük. Bir daha özümüzü tanıyırıq. İnsan öz boyundan bir az uca olduğunu dərk etməlidir.

    23.03.2019

    Nərmin və Elnur dastanı

    Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi

    Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm

    Mən nə Nizamiyəm, nə də Füzuli,

    Mən “Bayatı-Şiraz”ın

    Həm bəmiyəm, həm zili.

    Azərbaycanı üçün

    Qəlbini qurban kəsən

    Adi Vətən şairi.

    “Bayatı-Şiraz” üstdə

    Yazıram bu şeiri…

    İlk məhəbbətin yaşı dünyanın yaşı qədər.

    Nə məhəbbət, nə dünya indiyəcən görməyib,

    Belə sevinc, belə kədər.

    Qoca dünya bu yaşında

    Belə bir toy görməyib.

    Hələ belə uca qamət,

    Belə uca boy görməyib…

    Gəlin gedir toyxanaya

    Gəlinlik libasında.

    Bəy gəlinin apardığı əlil arabasında.

    Bəyin nə əlləri var,

    Nə də ki, ayaqları.

    Gəlinin qollarıdır onun son dayaqları.

    Bilirsənmi bu toy kimin,

    Kimin, kimin toyudur?

    Bu toy mənim Vətənimin,

    Tariximin toyudur!

    Qoca tarix, ulu dünya

    Belə məhəbbət görməyib,

    Belə mərhəmət görməyib.

    Məhəbbətin mərhəmətindən uca,

    Mərhəmətin məhəbbətindən uca.

    Onların hər ikisindən

    Bulaqlardan da təmiz

    Saf təbiətin uca!..

    Sən yeni bir ilahə,

    Sən yeni bir varlıqsan.

    Sən yeni bir səadət,

    Təzə bəxtiyarlıqsan.

    Məhəbbət təlimində

    Bir əfsanə gözəlin

    Meyli sənə çatammaz.

    Şirin sənə çatammaz,

    Leyli sənə çatammaz.

    Ayırır məni məndən

    Say-hesabsız suallar:

    Məcnun sevməyə nə var,

    Fərhad sevməyə nə var?

    Hünərin varsa əgər,

    Gözləri baxa-baxa,

    Alova-oda girən

    Şirin, cavan canını

    Öz ana torpağına,

    Gözəl Qarabağına,

    Dip-diri qurban verən,

    Bu dünyaya yenidən

    Nər doğula-doğula,

    Yenilməz bir oğula

    Arxa-dayaq olasan!

    Candan ayrı bir cüt əl,

    Bir cüt ayaq olasan!

    Hünərin varsa əgər,

    Odu, qoru sevəsən.

    Əllərsiz, ayaqlarsız

    Nər Elnuru sevəsən!

    Nərmin! Nər qızım mənim!

    Ərdən ər qızım mənim!

    Sən sevgi qəhrəmanı,

    Sən sevda igidisən!

    Sən məhəbbət qazisi,

    Sən sevgi şəhidisən!

    Sən sevda dünyasına,

    Yeni od bağışladın.

    Sən sevgi tarixinə,

    Yeni ad bağışladın.

    Sən əbədi bir eşqin,

    Əbədi şahidisən,

    Məhəbbət şəhidisən!

    Bu döyüşdə, savaşda

    Bütün dünya gözəlləri,

    Nə Madonna, nə Cülyetta,

    Sənin ilə yarışammaz.

    Əsli, Şirin, Leyli xanım,

    Əllərinə su tökməyə yaraşammaz…

    Budur böyük xalqımın

    Yeni sevgi,

    Yeni qürur dastanı.

    Düşsün dilə-ağıza,

    Nərmin-Elnur dastanı…

    Bakı, 18 fevral 2019 il

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”

    X.R.Ulutürkün xatirəsinə

    Xəlil təzə qayıtmışdı

    Dönüb oda,

    Oxuyurduq, tələbəydik

    Dünənəcən

    Moskvada.

    KQB-nin

    zindanından

    Qayıtmışdı,

    O, yarıcan qayıtmışdı

    Öskürürdü aradabir.

    Yox, öskürmür,

    Püskürürdü

    Aradabir.

    Ordan vulkan qayıtmışdı.

    Azərbaycan həbsdəydi,

    Azərbaycan

    qayıtmışdı.

    Sığışmırdı məcrasına –

    Daşa-daşa

    qayıtmışdı.

    İçində bir Nazim Hikmət,

    Nuru Paşa

    qayıtmışdı.

    Firəngizi yanındaydı,

    Təbrizi yox.

    O, Təbrizi evdə görmək

    istəyirdi,

    Ta bizi yox.

    Təbriz yoxsa, bir kəsi yox!

    Bu istidə üşüyürdü

    Xəlil Rza.

    Moskvadan Bakıyacan

    Yüyürmüşdü,

    Töyşüyürdü

    Xəlil Rza.

    Anan ölsün sənin, şair!

    Anan hanı?

    Səni bir də doğan hanı?

    Qol çəkirdim,

    Müstəqillik

    Aktımıza.

    Taleyin bir töhfəsiydi

    Bu da bizim

    baxtımıza.

    Ulu öndər yanımdaydı,

    Onda Xəlil,

    Sən – Yadımda.

    Öz imzam bir möcüzəydi

    Həyatımda:

    Zaman bizə qaytarırdı

    Haqqımızı

    Üçrəngli bayrağımızı

    Himnimizi,

    Gerbimizi.

    Əsr-əsr almışdılar

    Məndən səni,

    Səndən məni,

    Bizdən bizi!

    Ad günüydü – doğum günü,

    İstiqlalın

    Şahlıq günü.

    Tanrım mənə çox görməsin

    Himnimizin sözlərini

    Oxuduğum

    O ilk günü,

    Bir də səni!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bu eşqlə”

    Gənc yazıçı Günel xanımın atası
    xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın
    55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım

    Hər qızın hünəri deyil
    Atasına, anasına,
    İki könül dünyasına,
    Beşiyinə, laylasına
    Layla desin öz dilində,
    Bakirə bir qız dilində.

    Bu Zemfira, o da Nigar,
    Biri Rəsul, biri Anar.
    Sən onlardan yadigarsan,
    Onlar da səndən yadigar, –
    Bu əsərin adı deyil,
    Həyatdı, “həyati” deyil.

    Gül açsın Göyçayın narı,
    Sevindir atan Anarı.
    Onun gəncəli tərəfi, –
    Onun o bəy babaları
    Gedəndə millət yolunda,
    Şax durdular qətl yolunda.

    Gör kimlərin nəvəsisən,
    Gör kimlərin əvəzisən.
    Sən bu eşqdən doğulmusan,
    Sən də bu eşq töhfəsisən.
    Bu eşqlə yaşayın, Anar!
    Səksəndən başlayın, Anar!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İki yaşlı nəvəmə”

    İki yaşlı nəvəmə

    Salam, Nəriman qağa,
    xoş gəlibsən bu bağa.
    Səninkidir hər nə var,
    əncir, qoşa xan çinar.
    Nəhəng şah tut ağacı,
    o tərəfdə iydə, nar,
    bu tərəfdə gilənar,
    üzüm, innab və badam,
    ək, becər, kişi balam.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Debüt: Ülvi ƏLƏKBƏRZADƏ. Yeni şeirlər

    Həyatın üzü
    Bu gün
    həyatın,
    gerçək üzü
    üçün
    şeir yazmaq
    istədim..
    Bülbülün
    səsini batırmaq
    istəyən, qarğa
    üçün..
    Həsrətlə
    uşaq evində
    ata- analarının
    yolunu gözləyən,
    körpələr üçün..
    Qocalar evinə
    atılmış
    gözü yaşlı,
    valideyinlər
    üçün..
    Övlad həsrəti çəkənlər
    üçün,
    vətən dərdi
    çəkənlər
    üçün,
    gözü yaşlı,
    yolumuzu gözləyən,
    Qarabağ,
    Şuşa,
    Laçın,
    Xocalı
    üçün
    bir şeir yazmaq istədim..
    Amma…
    bu qədər
    ağrını ,
    bu qədər dərdi
    çəkməyə,
    nə mənim
    nə də qələmin
    gücü çatdı..

    *******************
    Ürək ağrısı
    Parça-parça buludlar,
    Yenə göyləri alıb.
    Ürəyimin ağrısı,
    Sanki göylərə qalxıb.
    Fəryadım göy yandırır,
    ağrıların içində.
    Göydən yağıştək yerə,
    Dərdlərimə bələnib,
    Mənim göz yaşım axır.
    Yağdıqca yağış yerə,
    İnlədir o hər yeri.
    Mənim ürək nisgilim,
    Ağladır göyü, yeri..
    ********************
    Səni gözləməkdən, yorulmadıq
    Hər yağış yağdıqca,
    saçlarım islanır..
    tellərimdən
    misra-misra,
    sətir-sətir
    sənə yazdığım
    son məktublar,
    namələr ,
    şeirlər,
    axır..
    Sözlər süzülür,
    dolur baxışlarıma..
    eynək olur
    gözlərimə..
    o eynəkdən baxanda
    sənə olan hisslərimin,
    sevgimin,
    eşqimin,
    rənginin
    dəyişdiyini hiss edirəm.
    Elə sən gedəndən bəri,
    sənə yazdığım
    şeirlərdə öz
    rəngini,
    dərisini dəyişib..
    İlan dərisini
    dəyişən kimi..
    Kaş son görüşə
    gəlsəydin,
    kaş…
    Bəlkə də bir şans olardı,
    bəlkə söz baxçamda
    yeni qafiyələr
    boy atardı..
    sənə daha çox
    bağlanar,
    daha çox şeirlər
    yazardım..
    Şeirlərdə,
    darıxıb
    sənin üçün,
    kaş bilsəydin,
    misralar
    pəncərə önündə
    necə düzülüb,
    səni gözləyirlər..
    Həsrətlə gözləri
    yola düzülüb,
    qafiyələrin.
    Neçə yay,
    qış,
    payız,
    yaz..
    keçdi..
    sən yenə də
    gəlmədin..
    Amma
    nə mən,
    nə də
    misralar,
    qafiyələr
    yorulmadı
    səni
    gözləməkdən..

    Mənbə: http://pressaz.az

  • “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulan oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək.

    AZƏRTAC xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildinin təqdimatı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildinin yeni elmi konsepsiya ilə hazırlanma zərurətindən danışıb. Akademik çıxışında ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsinə geniş yer ayırıb və bununla bağlı fikirlərinin təqdimatı keçirilən kitabın müqəddiməsində də yer aldığını qeyd edib. Həmçinin bildirib ki, kitab AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik institutları, Bakı Dövlət Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. Kitabın hazırlanmasında üç prinsip – elmi, ümummilli və dövlətçilik prinsipləri əsas götürülüb. Bu kitab elmi ictimaiyyət və tədqiqatçılar üçün dəyərli töhfə olacaq.

    Daha sonra “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildinin məsul redaktoru, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı məruzə ilə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O, nəşrdə ümumtürk etnocoğrafiyasının nəzərə alındığını, milli istiqlal düşüncəsinə xüsusi yer ayrıldığını bildirib.

    Qeyd olunub ki, nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan “Şifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır. Şifahi xalq ədəbiyyatımızın ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşri məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub, folklorşünaslarımız haqqında yığcam məlumatlar verilib.

    Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Qəzənfər Kazımov, nəşrin məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər çıxış edərək təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildini folklorumuzun öyrənilməsi üçün mühüm elmi mənbə kimi səciyyələndiriblər.

    Mənbə: https://azertag.az

  • “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi nəşr edilmişdir. İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. 1072 səhifəlik kitabın baş redaksiya şurasına Akif Əlizadə (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli və Məhərrəm Qasımlı daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Məhərrəm Qasımlı (məsul redaktor), Aynur Xəlilova (məsul katib), Qəzənfər Paşayev və Əlizadə Əsgərlidən ibarətdir.

    “Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatı ilə başlayır.

    Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ və janrların tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilmişdir.

    Sanballı tədqiqat oçerklərindən ibarət kitabda Məhərrəm Qasımlı, Arif Acaloğlu, Bəhlul Abdulla, Ramazan Qafarlı, Oruc Əliyev, Muxtar İmanov, Təhmasib Fərzəliyev, Azad Nəbiyev, Nizami Cəfərov, Kamil Vəliyev, Əfzələddin Əsgər, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Məmməd Əliyev, Sədnik Paşa Pirsultanlı, İslam Ələsgər, Qəzənfər Paşayev, Məhəmməd Hüseyn Təhmasib, İsrafil Abbaslı, Aynur Xəlilova kimi alimlərin tədqiqatları yer almışdır.

    Azərbaycan, türk, rus dillərində 1061 sayında ədəbiyyat siyahısını Təranə Vəliyeva və Vüsal Səfiyeva sistemləşdirmişdir. Kitabda eyni zamanda rus və ingilis dillərində ətraflı xülasələr də yer almışdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Həyatı və Yaradıcılığı

    Həyatı

    100 illiyində buraxılmış Azərbaycan poçt markası
    Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

    Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

    Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

    Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçəri Şəhərə köçürülmüşdür.

    Əliağa Vahidin İçəri Şəhərdəki heykəli
    Repressiya
    Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.[4]

    Filmoqrafiya
    Yeni horizont (film, 1940)
    Qəzəlxan (film, 1991)

  • Əməkdar incəsənət xadim Əli TUDƏ.Həyatı və Yaradıcılığı

    Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).

    Həyatı

    Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 saylı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub.

    1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür.

    Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görür. O, “Hizbitudeyi İran” partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyir. “Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir.

    Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şerlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şer tez bir zamanda dillər əzbərinə çevrildi.

    Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri olur (1952-1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak etmişdir. “21 Azər” (1946), “Əməkdə fərqlənməyə görə” (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

    1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Əsərləri

    Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950, 99 səh.
    Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950, 40 səh.
    Vətən sevgisi. Bakı: Azərnəşr, 1951, 64 səh.
    Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952, 28 səh.
    Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954, 48 səh.
    Şerlər. Bakı: Azərnəşr, 1955, 76 səh.
    Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956, 131 səh.
    Qartal. Bakı: Azərnəşr, 1959, 170 səh.
    Qəzəb. Bakı: Azərnəşr, 1960, 98 səh.
    Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962, 227 səh.
    Buludlar. Bakı: Azərnəşr, 1964, 132 səh.
    Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966, 187 səh.
    Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968, 321 səh.
    Кеманча и знамя. Москва: Советский писатель, 1969, 78 стр.
    Şerlər. Bakı: Gənclik, 1970, 68 səh.
    Город в горах. Москва: Советский писатель, 1972, 71 стр.
    Sevinc. Bakı: Gənclik, 1973, 112 səh.
    Şəlalə. Bakı: Azərnəşr, 1974, 183 səh.
    Ömrün illəri. Bakı: Gənclik, 1976, 164 səh.
    Həyat sınağı. Bakı: Yazıçı, 1978, 232 səh.
    İran Xalq Partiyası. Təbriz: 1358.
    Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
    Nəğməli gecələr. Bakı: Yazıçı, 1981, 210 səh.
    Если скажет жизнь сама. Москва: Советский писатель, 1982, 78 стр.
    Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983, 87 səh.
    Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983, 145 səh.
    Araz üstə palıd. Bakı: Yazıçı, 1984, 303 səh.
    Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986, 161 səh.
    Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988, 255 səh.
    Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990, 276 səh.
    Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996, 240 səh.
    Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997, 328 səh.
    Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998, 386 səh.
    Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
    Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.

    Mənbə

    Nəbioğlu Sabir. Kökdən düşməyən rübab:Bu karvanın yolu güneyədir. Bakı: Nurlan, 2007, 440 s.

    Xarici keçidlər

    Sabir Nəbioğlu. Kökdən düşməyən rübab.

  • Xalq şairi Söhrab TAHİR.”Apar, bu məktubu anama çatdır”

    Ağdərə cəbhəsində bir əsgər şairə məktub
    vermişdir ki, anasına çatdırsın.

    Sənə yalan deyə bilmədiyimdən,
    Səndən gizli gəldim cəbhəyə. Ana.
    Bağışla bir yol da günahımı sən,
    Öpüb baş əydiyin böyük QURANA.

    Bilirdim, ağlayıb yalvaracaqdın
    “Mənə rəhmin gəlsin, gözlə özünü!”
    Mənimlə cəbhədə olur nə vaxdır
    Ana tapşırığın, ata dözümün.

    Bəlkə də Allaha çatıbdır duan,
    Məni güllə tutmur heç bir hücumda.
    Sənin göz yaşını görürəm, ana
    Bir də ağ saçını vətən borcumda.

    Yüz gəldik, sayımız azalıb yüzdən,
    Ancaq qoruyuruq ana torpağı.
    Sənə baş əyirik biz üçümüz də
    Bir tankın içində hücum qabağı.

    Bayrağım üstündə ay-ulduzum sən
    Bayrağım, vətənim, hər sözüm –ana.
    Qayıdıb zəfərlə öpər əlindən
    Ya qanlı köynəyim, ya özüm, ana.

    Düşmənin amanı kəsilib bütün,
    Bu gecə üç kəndi almalıyıq biz.
    Əgər qismət olsa sabah, biri gün
    Şəhid zirvəsində olmalıyıq biz.

    Şair məktubu anaya çatdıranda artıq ana oğlunun ölüm xəbərini almışdır. Şəhid əsgərimiz məktubu şairə verən gün şəhid zirvəsinə ucalmışdır.

  • Xalq şairi Balaş AZƏROĞLU.”Buludlar”

    Yenə ağ çalmalı Kəpəzin üstdə
    Çətirtək durmusuz, qara buludlar.
    Deyin, külək qovmuş, günəş dağıtmış,
    Sizi kim gətirmiş bura, buludlar?

    Niyə qaraldınız bu bahar çağı?
    Siz də mi gördünüz ayrılıq dağı?
    Görünsə günəşin qızıl saçağı,
    Hara gedəcəksiz, hara, buludlar?

    Cənub ellərinə siz gedən zaman,
    Bir sözüm çıxmasın qoy yadınızdan.
    Məni xəbər alsa gülüzlü canan,
    Salam deyərsiniz yara, buludlar.

    Deyin, qəm çəkməsin siz ona, dözsün,
    Dərdə, işgəncəyə, zindana dözsün.
    Axı söz veribdir, hicrana dözsün,
    Tapaq bu dərdlərə çara, buludlar.

    Gözünüzdən axan qəlb sevincidir,
    Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
    Yəqin, bu ayrılıq sizi incidir,
    Edir könlünüzü para, buludlar?

    Yetər, ağlamayın bu gölün üstə,
    Bu dağın, çəmənin, bu çölün üstə.
    Günəş bayraq açıb bu elin üstə,
    Bu torpaq bürünmüş nura, buludlar.

    Gedin, o sahillər gözləyir sizi,
    Yuyun göz yaşıyla, yuyun Təbrizi.
    Nə düşmən ləpiri, nə də qan izi
    Düşməsin bir daha ora, buludlar.

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Xəzər, mən”

    Dayanmışıq üz-üzə Xəzər, mən,
    Heyranıq şeirə, sözə Xəzər, mən.
    Sevirik körpələri Xəzər, mən,
    Sevirik ləpələri Xəzər, mən.
    Göydə günü sevirik Xəzər, mən.
    Gah susur, gah dinirik Xəzər, mən.
    Sevirik dostu, yarı Xəzər, mən.
    Sevirik insanları Xəzər, mən.
    Ötərik dalğa-dalğa Xəzər, mən.
    Heyranlıq bu dostluğa, Xəzər mən.
    1973

  • Xalq şairi Nigar RƏFİBƏYLİ.”Sənsiz”

    Bir son bahar da düşdü
    ömrümün təqvimindən,
    Nə sənə məhəbbətim,
    nə həsrətim azaldı.
    Özüm də heç bilmirəm
    niyə bir ömür boyu
    Gözüm uzaq yollarda –
    sənin yolunda qaldı.
    Bir qocaman dağ olsan
    səni vurub yıxardım.
    Ürəyimdən ən incə
    teli necə qopardım?
    Dünyada gözəl də çox,
    gözəl ürəklər də çox.
    Şirin-şirin arzular,
    incə diləklər də çox.
    Bir sən oldun könlümün
    yaxın dostu, həmdəmi.
    Sən olmazsan tutmazdı
    bəlkə əlim qələmi.
    Sən olmazsan baharın
    yazın ətri olmazdı.
    Sən olmazsan bir dünya
    sevinc belə çox azdı.
    Baharın çiçəkləri
    açıb solmasın sənsiz.
    Ömrüm sənsiz olmasın,
    şerim olmasın sənsiz.

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”İzn ver toy gecəsi məndə sənə dayə gəlim”

    İzn ver toy gecəsi məndə sənə dayə gəlim
    Əl qatanda sənə məşşatə təmaşayə gəlim

    Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol
    İzn ver, məndə dalınca sürünüb sayə gəlim

    Mənədə baxdın o şəhla gözlə, mən qaragün
    Cürətim olmadı bir kəlmə təmənnayə gəlim

    Mən cəhənəmdədə baş yastığa qoysam sənlə
    Heç ayılmam ki durub cənnəti-məvayə gəlim

    Nənə qarnında sənlə əkiz olsaydım mən
    İstımızdim doğulub birdə bu dünyayə gəlim

    Sən yatıb cənnəti röyadə görəndə gecələr
    Məndə cənnətdə quş ollam, ki o röyayə gəlim

    Qıtlıq illər yağşı tək, quruyub göz yaşımız
    Kuye-eşqində gərək birdə müsəllayə gəlim

    Səndə səhrayə marallar kimi bir çıx,nə olur ki
    Mən də bir seydə çıxanlar kimi, səhrayə gəlim

    Allahından sən əgər qorxmayıb, olsan tərsa
    Qorxaram məndə dönüb dini məsihayə gəlim

    Şeyx sən`an kimi donquz otarıb illərcə
    Səni bir görmək üçün məbəde tərsayə gəlim

    Yox sənəm! Anlamadım, anlamadım, haşa mən
    Buraxım məscidimi, sənlə kelisayə gəlim!

    Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur
    Mən də musa kimi, o turə təcəllayə gəlim

    Şirdir şəhriyar-ın şeri, əlində şəmşir
    Kim deyir mən belə sir ilə dəvayə gəlim

  • Xalq şairi Süleyman RÜSTƏM.”Mənim deyil, sənindir!”

    Eşqinlə gecə-gündüz vuran bu şair ürək İnan,
    sevgilim, inan, mənim deyil, sənindir!
    Sözə varmı ehtiyac, məndən gözəl bilirsən,
    Məni yaşadan bu can mənim deyil, sənindir!

    Bağımda bağban kimi çalışıb tər tökmüşəm,
    Gözlərimi səninçün bu yollara dikmişəm.
    Gəl, gör sənin adına, neçə güllər əkmişəm,
    Bu misilsiz gülüstan mənim deyil, sənindir!

    Sənə vurğundur könül, sənə bağlıdır könül,
    Sənin səadətinlə bahar çağlıdır könül.
    Sevgilim, bu sözündə, məncə haqlıdır könül
    Səni sevən Süleyman mənim deyil, sənindir!

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyanın”

    Baş çıxarmaq həm çətindir, həm asan
    İblisindən, mələyindən dünyanın.
    Adəm satdı bir buğdaya cənnəti,
    Tora düşdü kələyindən dünyanın.

    Nə gözəldir, ürək geniş, söz açıq,
    Yaşamadım bir sevdamı yarımçıq.
    Əzab adlı dəyirmandan narın çıx,
    Keçəcəksən ələyindən dünyanın.

    Arzum üçün mələyən bir cüyürdüm,
    O təpədən bu təpəyə yüyürdüm.
    Niyə qorxum kəfənindən?
    Nə gördüm
    Beşiyindən, bələyindən dünyanın?

    Ey Bəxtiyar, zaman ömrü əridər,
    Ölümümüz axan vaxta borc ödər.
    Arxasınca palaz kimi sürüdər
    Bərk yapışsan ətəyindən dünyanın.

  • Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

    Vaxtında uzadıb kömək əlini,
    Vermədin mənimlə əl-ələ, dünya!
    Nəyimə gərəkdi vaxtı keçəndə,
    Göydən qızıl yağdır, ləl ələ, dünya!

    Acı yel üstümdən əsdikcə əsdi,
    Yağan qar yolumu bağladı, kəsdi.
    Gəl, məni bu qədər yandırma, bəsdi,
    Mən ki nə Kərəməm, nə Lələ, dünya!

    Yolsuz yoxuşlarda yordum dizləri,
    Ahımla qurutdum göy dənizləri.
    Qaldı kürəyimdə kəndir izləri,
    Dərdi dərd üstündən şələlə, dünya!

    Aşılmaz dağları mən necə aşım,
    Zəlimxan, fikirdən çatılıb qaşım.
    O sənin daşındı, bu mənim başım,
    Nə qədər istəsən, gəl, ələ, dünya!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

    Poyluda mən doğulmuşam,
    Poyluda Nazim yaşayır.
    Könüldə sevgi-məhəbbət,
    sazda sarı sim yaşayır.

    Ağstafa, Poylu, salam!
    Alməhəmməd oğlu, salam!
    Ata payım, oğul balam,
    mənim əvəzim yaşayır.

    Atamın çırağı yanır,
    anamın ocağı yanır.
    Səni anır, məni anır –
    eşqim, həvəsim yaşayır.

    Poyluda bir ünvan qalıb,
    O, məndən nigaran qalıb.
    Gedən gedib, qalan qalıb,
    tanış-bilişim yaşayır.

    Əyilməsin uca başın,
    sevinsin torpağın, daşın.
    A qızım, sənin qardaşın,
    mənim ləlşim yaşayır.

  • Xalq şairi Səməd VURĞUN.”Anam gəlini”

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

    Öpsün ayağını çöldə çiçəklər,
    Quşların avazı bir toya dönsün.
    Tökülsün sinənə qara birçəklər,
    Gözəllik dünyada açıq görünsün
    Quşların avazı bir toya dönsün.

    Sən ilk pərisisən şеrin, sənətin,
    Adın tarixlərdə bir yadigardır.
    Günəşdən rəng alan bir məhəbbətin
    O açıq alnında işığı vardır,
    Adın tarixlərdə bir yadigardır.

    Hüsnünü örtməsin nə pərdə, nə rəng,
    Ay kibi saf dolan, gün kibi açıq,
    Kеçmişin üstünə qələm çəkərək,
    Vuruş mеydanında vuruşmağa çıx,
    Ay kibi saf dolan, gün kibi açıq.

    Könlümdə sirri var, tərlan sonamın
    Bütün gözəlliyin gözüdür insan,
    Zülmətdə şam kibi sönmüş anamın
    Ölüm qisasını alaq dünyadan
    Bütün gözəlliyin gözüdür insan.

    Bеşikdən başlamış ölümə qədər,
    Tarixlər yazılır sənin əlinlə.
    Səndədir yaraşıq səndədir hünər,
    Şеirim qanad çalır hər əməlinlə
    Tarixlər yazılır sənin əlinlə.

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bacım bayquş, gözlərini ver mənə”

    Bacım bayquş, gözlərini ver mənə
    Gecə düşüb, qaranlıqdır görmürəm,
    Gündüzlər də bu dünyanı seyr edib,
    Abadlıqdır, viranlıqdır, görmürəm.

    Bacım bayquş, ovun bir baxışladı,
    Allah səni gecəyə naxışladı,
    Mənə də bir ömür-gün bağışladı,
    Əbədidir, bir anlıqdır, görmürəm.

    Bacım bayquş, zülmətdə çıxdım yola,
    Neçə kərə yıxılmışdım az qala,
    Qurban olum, ulayanda bərk ula,
    Səsə gedim, dumanlıqdır, görmürəm.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Ay mama oğlu”

    Yenə unutmadım səni,
    Yada saldım ay mama oğlu.
    Abad olmuş evinizdə,
    Qonaq oldum ay mama oğlu.

    Bu kəndin ayaz-boranı,
    Bürüyüb dağı-aranı,
    Qapınızda mal-qaranı,
    Dama saldım ay mama oğlu.

    Çıxıbdı bu kəndin adı,
    Damağımda qalıb dadı,
    Çörək-su verən olmadı,
    Özüm aldım ay mama oğlu.

    Evinizdə qonağıq biz,
    Axşama tək gözlədik düz,
    Gördüm soyumuş südünüz,
    Qatıq çaldım ay mama oğlu.

    Qışın bu ayaz günündə,
    Kəsmədiniz iki kündə,
    Muğanlıda bircə gündə,
    Lap qocaldım ay mama oğlu.

  • Xalq şairi Hüseyn ARİF.”A qızlar”

    Siz elə kimsəylə oturub, durun,
    Könlünüz nə desə yetirsin sizə.
    Bir əli daş-qaşla oynasın onun,
    Bir əli gül-çiçək bitirsin sizə.

    Xidmətmi gərəkdir?
    Hər xidmət hazır.
    Burda beçə balı, orda ət hazır.
    Mənzil istəsəniz, imarət hazır,
    Günəşi ovcunda gətirsin sizə.

    Hüseyn Arifin bir ərzi də var,
    Çoxdankı çoxları çox şey arzular.
    Sevəndə katibi sevin, a qızlar,
    Şairin nəyi var, nə versin sizə?!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İstəsəydim”

    İstəsəydim səni səndən alardım,
    Gozəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvemdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vusalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir ..

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər

    Əgər ayrılmağa meylin vardısa…

    Əgər ayrılmağa meylin vardısa –
    sıxılma, çəkinmə… gəl salım yola!
    Get, səni ömrümdən qəlbin alırsa,
    qaldın nə oldu ki, getsən nə ola?

    Daha ürəyimi çarmıxa çəkmə,
    daha qaş qaralır, yığış, gecikmə,
    ölən pöhrələri tanıtma mənə,
    soldun nə oldu ki, bitsən nə ola?

    Təkcə mən deyiləm tapıb-itirən,
    qismət gətirdiyin-yanlış gətirən,
    onsuz da var-dövlət, sərvət sevmirəm;
    tapdım nə oldu ki, itsən nə ola?

    Xatirə qalmağın bəsimdir, yetər,
    yanımda solmağın hicrandan betər
    dönmərəm, lap izlə üfüqə qədər!
    qısqandın nə oldu, güdsən nə ola?

    Ərimiş şam kimi yanmaram yenə,
    bənzəsin sevgimiz uğursuz günə,
    bir yol etməyinlə nə oldu mənə,
    yenidən bəxtəvər etsən nə ola…

    26.04.2019

    Öz evində

    Biri-çəkən, biri-geri qaytaran,
    nə cürədir hansı, necə biləsən?
    Yollar çoxdur ora-bura aparan,
    qayıdanda – öz evinə gələsən.

    Fərq eləməz – uzun ola, ya qısa,
    qırılmaya – dağlara da dolansa,
    kövrələrək, “Can” – deyən də olmasa,
    dərdlərini öz evində böləsən.

    Dağılmaya nə pəncərən, nə qapın,
    evin bilə – nə itirdin, nə tapdın?
    öz qaşığın, öz qazanın, öz qabın…
    öz evində ağlayasan, güləsən.

    Səsləsə də yad ellərin gülşəni,
    atıb – getmə doğma çölü, çəməni,
    öz mülkündə sındıraraq düşməni,
    öz evində əllərini siləsən.

    Çox görmüşəm “qovanlarla – qaçanı”,
    küyə gedib qanadlanıb uçanı,
    vaxt varikən dolaşasan cahanı,
    köç edəndə – öz evində öləsən…

    26.05.2019

    Oluram

    Hər dəftərdə adım bu cür yazılır;
    ya birinci, ya sonuncu oluram.
    Duyğularım havalardan asılı –
    ya “dilənçi”, ya “milyonçu” oluram.

    Kotan kimi ya gümüşü, ya paslı,
    yetim kimi hər an başı qapazlı,
    duyğularım havalardan asılı,
    ya “milyonçu”, ya “dilənçi” oluram.

    Kimdir görən bu dünyanın yiyəsi?
    cavablardan min qat artır: “niy”əsi,
    haqsızlığa iti qılınc tiyəsi,
    xain gözə nizə ucu oluram.

    Bir qüvvə var – daşı, dağı qum edən,
    əriməyən poladları mum edən,
    ya kotana bağlanaraq şum edən,
    ya bostançı, ya da suçu oluram.

    Ümid sınar, inam qopub qırılar,
    aciz insan yaşamaqdan yorular,
    təkidimlə məhkəmələr qurular –
    son qərarda özüm suçlu oluram!

    Yazıq sərçə, nə cılızmış bədənin?
    qarğa çalar artıq çıxsa bir dənin,
    bəzən, yadlar məclis quran Vətənin
    qapısında “qarovulçu” oluram.

    Bu bazarda köhnədirsə məzənnə,
    gidi dünya, piştaxtında təzə nə?!
    hamılıqla el səadət gəzəndə,
    qoşularaq mən də yolçu oluram.

    28.05.2019

    Nə biləydim – dünya belə dayazdı

    Mən getməzdim, özü məndən yoruldu.
    əməlimdə nə artıqmış, nə azdı?
    Baş vurmaqla – qayıtmağım bir oldu,
    nə biləydim – dünya belə dayazdı?

    Günlərimin gərəksizmiş bir çoxu,
    yüz min aca üstün gələr bir toxu!
    kaş, olaydı yaşantılar bir yuxu,
    həyat-zəmi, ötən anlar – dəryazdı,
    nə biləydim – dünya belə dayazdı?

    Kimisini “yarıyaşda” sındırar,
    teli-başda, gözü – yaşdı sındırar,
    əyri gedər, düz olana pəl vurar;
    ya vaxtı az, ya – sayqacı nasazdı!
    Nə biləydim – dünya belə dayazdı?

    Yaşatdıqca – can boğaza dirənər,
    yaratdığı – yaşamağa ərinər,
    çətinində – məndən ağıl öyrənər,
    çarəsini tapan kimi – yol azdı!
    Nə biləydim – dünya belə dayazdı?

    Canım çıxdı hər nəğməmi yazınca.
    şərik çıxdı pay verdiyi qazanca,
    iştah – böyük, bu “Heçnəli qazança!”
    baş açmadım – qismətimə nə yazdı,
    nə biləydim – dünya belə dayazdı…

    05.05.2019

    Sahildə nə işin, ay qızıl balıq

    Arılar əl çəkmir çiçəklərindən,
    baxır heyran-heyran yasəmən sənə
    O çıxıb gedəndən qəmlisən nədən,
    çəmən, nə söylədi o duman sənə?

    Sahildə nə işin, a Qızıl balıq?
    Dəniz – qaçağına verməz halallıq,
    mənə bax: gör nə cür olur azadlıq,
    olmaya dar gəldi o ümman sənə?

    Üstündə didərgin olanlar artır,
    açanlar azalır, solanlar artır,
    üzündə günbəgün yarğanlar artır,
    Torpaq, nə söylədi bu dövran sənə?

    Kotanlar şumladı, səpənlər keçdi,
    Zəmidə buğdalı sünbüllər şişdi,
    Acları yaşatmaq şərəfli işdi,
    Versə bu imkanı dəyirman sənə!

    Xəyalən gəzərəm hər yanı ev-ev,
    hərdən şən olaram, arabir bikef,
    bir yarımda matəm, bir yarımda kef,
    Vətən, bənzəyirəm nə yaman sənə…

    14.05.2019

    Soruşdum: “Nə cürdü nənəmiz Həvva?..”

    Dəyişib bazarı, nırxı dünyanın,
    satdığı meyvəsi, barı xarabdı.
    Geriyə fırlanır çarxı dünyanın –
    yarı salamatdı, yarı xarabdı.

    Atıram, sularda daş niyə batmır,
    dolu-dibdə qalır, boş niyə batmır?
    dövranın çaldığı ürəyə yatmır –
    kamanı, qavalı, tarı xarabdı.

    Əl tutdum namərdlə – əli yandırır,
    suları altından lilli yandırır,
    çeşmə var – içində dili yandırır,
    deyəsən dağların qarı xarabdı!

    Buna gücmü yetər, əfv elə, Tanrım,
    nə cürə bunları mən barışdırım?
    eynini açmaqçün nə qarışdırım?
    qəlbi pak eləyən duru xarabdı.

    Bu, nə cür mənzildir, bu nə cür yuva?
    minnətlə verilər havayı hava,
    soruşdum: “Nə cürdür nənəmiz Həvva?”,
    Adəm cavab verdi: “Qarı xarabdı!”.

    Bir zaman çobanın çaldığı tütək,
    yırtıcı qurdu da edərdi mələk,
    ellər var – şahları ağıldan gödək,
    yerlər var – başdakı çarı xarabdı!

    Harda, Vahid Əziz, o böyük xəbər,
    nə vaxt xoşbəxt olub Yurdun dirçələr?
    yatmış da, oyaq da acdı sərçələr –
    yuxuda gördüyü darı xarabdı…

    16.05.2019

    Mənbə: http://www.edebiyyatqazeti.az