Sənət meydanına qədəm qoyuram,
Qoy sözüm güc alsın elimdən mənim.
Nə qədər çətindir, bunu duyuram,
Ay dostlar, tutunuz qolumdan mənim.
Körpəcə bir quşam asiman dərin,
Mən o dərinliyə uçmaq istərəm.
Nəğmə dəftərimin, söz dəftərimin
Adını “Vətən”lə açmaq istərəm.
Mənim arzum budur, bir oğul kimi,
Kaş bu çətinliyə dözə biləydim.
Vətənə sevgimi, elə sevgimi
Könül sözlərimə yaza biləydim.