tm

…BİR GÜN KİMİ

Ömür keçir bir gün kimi,
Sübhü, danı, səhəri var.
Doğuluşu sürgün kimi,
Göz yaşları, qəhəri var.

Başlanğıcı hər həyatın,
Təzə çıxan günə bənzər.
İnsan minər ömür atın,
Həyat adlı bağda gəzər.

Zaman ilə gücü artar,
Gün işığı artan kimi.
Ömür yarı pikə çatar,
Günortaya çatan kimi.

Sonra isə qürub gələr,
Qapıları döyər axşam.
Qaranlığı son kəs dələr ,
Günəş işin edər tamam.

Axşam gedər, gecə gələr,
Gələr, başlar qaranlıqlar.
Bir ömür bir günə bənzər,
Tam oxşarmış bu sonluqlar!

16. 01. 2016

BİR LƏLƏK OLAYDIM QUŞ QANADINDA

Bir lələk olaydım quş qanadında,
Nə çəkim olaydı, nə də ki, canım.
Yüksəkdə olardım uçan anında,
Nə qəlbim olardı, nə də ki, qanım.

Bir lələk olaydım quş qanadında,
Nə acım olardı, nə də ki, ağrım.
Açılıb qolunda quşun yanında,
Gözlərim olmazdı, yanmazdı bağrım.

Bir lələk olaydım quş qanadında,
Səmada süzəydim, pərvaz edəydim.
Nadanlıq artanda, kin çoxalanda,
Uçub uzaqlara quşla gedəydim.

Bir lələk olaydım quş qanadında,
Uçub da fəzanı dəlib keçəydim.
Fırlanıb zirvənin ağ dumanında,
Buludda nəmlənib, sisdən içəydim.

Bir lələk olaydım quş qanadında,
Olaydım bəzəyi, həm güvən yeri.
Bir lələk olaydım quş qanadında,
Ataydım kədəri, həm dərdi – səri.

15. 01 2016