tm

GÜNƏŞ DOĞSA GÜLƏR ALƏM

Duman alar dağ başını,
Qüssə, kədər, qəm gətirər.
Gələr, çalar, ağ, başını,
Sevincini kəm gətirər.

Dərələrə yatar duman,
Su götürər, artar duman,
Zirvələrə çatar duman,
Özü ilə nəm gətirər.

Gecə olsa , çıxarsa ay,
Üzün yuyub, baxarsa ay,
Nurun yerə sıxarsa ay,

Ulduzları cəm gətirər.
Günəş doğsa, gülər aləm ,
Qalmaz qüssə, nə də ki, qəm,
Qucaqlaşar yerlə bahəm,
Həyat üçün dəm gətirər.

13. 01. 2016

. . QAZIRAM

Gah dərddən yazıram, gah da sevincdən,
Könlüm nə deyirsə onu yazıram.
Həsrətdən yazıram, gah da sevgidən,
Sevdada batıram, eşqdə azıram.

Soyuğu vursa da çölümü qışın,
Nisgili çöksə də canıma yaşın,
Köksümə sıxıb da həyatın daşın,
Odlu bir baxışı tutub qızıram.

Çəkib də köksümə bulud, dumanı ,
Yaradıb içimdə dərya, ümmanı,
Gözləyib vaxtını, tutub zamanı,
Ormanda bulaq tək axıb, sızıram.

Çəkdim acısını qismət, taleyin,
Ömrü biçən yoxdu zamandan yeyin,
Könlüm kökləyibsə kədərin neyin,
Səssizcə çalmağa daha hazıram.

Sözlərdən saraylar tikmək istərəm,
Sözlərlə tablolar çəkmək istərəm,
Sözlərdən səadət əkmək istərəm,
Qələmim əlimdə artıq qazıram.

12. 01 2016