12962488_1518521525123844_528584684_o

Qəribə bir istək keçər könlümdən,
Mən onu hamıyla bölmək istərəm:
Əsgər çəkməsini elə bu gündən
Tarix muzeyində görmək istərəm.

Deyən yanılıram, düz demirəm mən ,
Xalq var ki, kədəri dağdan ağırdır.
Bu gün də o yerdə yad əsgərlərin,
Gediş-gəlişindən yollar yağırdır.

Zalımdan mərhəmət gözləyənlərə
Sözünü tüfənglər, lülələr deyir.
Səadət yerinə , qonaq yerinə
Orda qapıları güllələr döyür.

Qar , çovğun vursa da ilk baharını,
Ağrını, acını udur analar
Nizələrdə görüb qundaqlarını ,
Tüfəng qundağından tutur analar.

Gərək od götürə kirpiklərimiz,
Dünyaya səadət verməkdən ötrü.
Hələ bu çəkməni geyməliyik biz,
Bir vaxt muzeylərdə görməkdən ötrü.