em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SÖZÜN DÜZÜ

Səhrada iz tez itir,
Sözü çəkmə səhraya,
Elə danış, elə din,
Gəlim çatım haraya.

Sözün işığına çıx,
Azı çoxdan abırlı,
Söz var saçı ağarıb,
Söz barlı-baharlı.

Söz var qaraqabaqdı,
Söz var göylərdə süzür,
Təbəssüm yaxşı şeydi,
Naz var ki, ürək üzür.

Söz var dili dondurur,
Söz var alovdu, oddu,
Söz var ipəkdən incə,
Söz də var üzü coddu,

Yovşan ətri gələn söz,
Oda, ocağa çəkir,
Söz də var kəklik kimi,
Çəməndə, düzdə səkir.

Mən deyim, siz eşidin,
Hər sözüm ürək sözü,
Bircə onu bilirəm,
Gözəldi sözün düzü.

MƏN

Mən sevgi, məhəbbət nəğməkarıyam,
Sevib, sevilənlər anlayar məni.
Sözdən şirə şəkən bal arısıyam,
Gəzib, dolaşıram çölü, çəməni.

Əzəldən gözəllik aşiqiyəm mən,
Nəğmələr qoşuram gülə, çiçəyə,
Dözüm öyrənmişəm yanıq Kərəmdən,
Mən könül vermişəm qəlbi göyçəyə.

Sevgiylə bəzənib könül sarayım,
Qəlbim gül-çiçəkdən zövq alır hər an.
Bir nur çələngidir günəşim , ayım,
Bülbülə dönüəm söküləndə dan,

Əhdimə, sözümə vəfalıyam mən,
Eşqin yolçusuyam illərdən bəri,
Tanrım hər bir zaman tutur əlimdən,
Çıxsa da qarşıma dərdin betəri.

Sevgiylə yoğrulub hər kəlməm, sözüm,
Dözüm yiyəsiyəm, səbr yiyəsi,
Vallah gözəllikdən doymayır gözüm,
Sevgidi qəlbimin ilham pərisi.