
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Gəl yetiş, gözümün nuru,
bu miskin, qərib ömrümə.
Gör kimlər işığı alıb,
zülməti sərib ömrümə.
Dan yeri günəş doğurmur,
açılmır sabahlar sənsiz.
Məcnun könlüm səhralarda,
çöllərdə sabahlar sənsiz.
Ahular ahımdan bezar,
yaxam gözümün yaşından.
Bir kibrit çəkəm, dünyanı
yaxam gözümün yaşından.
Qurtar bəlalı başımı
eşq yanğılı havalardan.
Qərib quşların qurduğu
çır-çırpılı yuvalardan.
Bu yerdə tək bircə əlçim
umud, səhra möcüzəsi.
Göndər bu cadar ömrümə
bulud-səhra möcüzəsi.
Nə bir iz var, nə bir cığır,
nə də yurd, ulus görünür.
Sanki burda ölüb-qalmaq
ən son qurtuluş görünür.
Tez yetiş, gözümün nuru,
bu miskin, qərib ömrümə.
Gör kimlər işığı alıb,
zülməti sərib ömrümə.