
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Bəsdir göylərlə əlləşdin,
Biraz yerdə düş gəz, adam.
Bu qapış-qapış dünyada,
Sənə birşey düşməz, adam.
Vur özünü oda-közə,
Ha qırış, çarpış dünyada.
Şeytan özü girinc qalıb
Şeytana papış dünyada.
Hara getsən addımbaşı
Badalağa tuş olarsan.
Tükünü didərlər sənin,
Ətcəbala quş olarsan.
Soğan kimi soyularsan,
Gəzərsən dərin əlində.
Büzüşüb yumaq olarsan
Min dərdi-sərin əlində.
Gəzərsən başıalovlu,
İçi cadar-cadar adam.
Zaman atlı, sən piyada,
Kim hayına çatar, adam?!
Ərk etmə, ərkin yeri yox,
Nə küs, nə də inci, adam.
Çox da dünya çox böyükdü,
Hərənin öz küncü, adam.