Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
MƏNİ
Bu dünyanın hər üzünü görmüşəm,
Acı dövran ağladıbdı hey məni,
Çiyinlərim yara olub, əyilib,
Daşımaqdan ağır-ağır heybəni.
Sərt küləklər qarsıb hər gün üzümü,
Kor taleyim bağlayıbdı gözümü,
Tanrı verib mənə səbri, dözümü,
Zalım fələk gecə-gündüz döy məni.
Əziz Musa haqq yolundan dönməz heç,
HaqQ sözünə qulaq asar, dinməz heç,
Hər sözümü dönə-dönə yoxla, seç,
Düz deməsəm qına məni, söy məni.
OQTAY RZANIN XATİRƏSİNƏ
Qısa danışardın, düz danışardaın,
Haqsızlıq görəndə əsib, coşardın,
Şeirə hörmətlə sən yanaşardın,
Sən qapı açmazdın ağlı dayaza,
Yerin behişt olsun ay Oqtay Rza.
Deyirdin qayıdın öz soyunuza,
İbadət edərdin çörəyə, duza,
Sən çoxdan dönmüşdün parlaq ulduza,
Bizə dərs keçərdin sən yaza-yaza,
Yerin behişt olsun ay Oqtay Rza.
Çoxuna əl tutub, dayaq olmusan,
Sənət meydanında mayaq olmusan,
Sən xalqın şairi adın almısan,
Heç vaxt qoymamısan şər yolun aza,
Yerin behişt olsun ay Oqtay Rza.
Ümidlə baxmısan gələn səhərə,
Sən sinə gərərdin dərdə, kədərə,
İnanmaq olmayır bu bəd xəbərə,
Bizi bağlayardın bahara yaza,
Yerin behişt olsun ay Oqtay Rza.
Sən sözdən ən uca qala qurardın,
Haqqın keşiyində dağ tək durardın,
Çox sözə, şeirə möhür vurardın,
Təbin bənzəyərdi Kürə, Araza,
Yerin behişt olsun ay Oqtay Rza.
Sındı şeirimizin qolu qanadı,
Vallah dünya özü haqsız dünyadı,
Sənə qıymadılar bir fəxri adı,
Sən qane olardın həmişə aza,
Yerin behişt olsun ay Oqtay Rza.
GƏLMİSƏN
Çoxdan sönüb qaladığın o ocaq,
Ürəyimdə xatirələr var ancaq,
Bu eşqimi niyə sandın oyuncaq,
İndi durub, sən yuxuma gəlmisən.
Bu sevginin sən qədrini bilmədin,
Bu könlümü sən viranə eylədin,
Sən ömrümə, sən günümə gəlmədin,
İndi durub, sən yuxuma gəlmisən.
Yasdığımı çox isladıb göz yaşı,
Nağıllara inanmışam mən naşı,
Ətəyindən tökmədin ki, sən daşı,
İndi durub, sən yuxuma gəlmisən,
İstəyimə yox demisən hər zaman,
Vüsalına heç olmayıb bir güman,
Ürəyimə dağlar çəkib bu hicran,
İndi durub, sən yuxuma gəlmisən.
Ah-nalələr hey ucalıb dilimdən,
Qara rəngi aparmısan telimdən,
Sən vaxtında yapışmadın əlimdən,
İndi durub, sən yuxuma gəlmisən.
SƏN OLMASAYDIN
Həsrətdən, hicrandan qəlbim bişərdi,
Dünya gözlərimdən tamam düşərdi,
Həyat mənim üçün adiləşərdi,
Sən olmasaydın.
Olmazdı qəlbimin arzu, istəyi,
Solardı bağların gülü, çiçəyi,
Mən seçə bilməzdim pisi, göyçəyi,
Sən olmasaydın.
Oldun saf eşqimdə ilkim, birincim,
Adınla bağlıdır dövətim, incim,
Çəkilib gedərdi, nəşəm, sevincim,
Sən olmasdaydın.
Mənəm bu dünyanın xoşbəxti indi,
Sevgisiz bir həyat dumandı, çəndi,
Bilməzdim səadət, vüsal şirindi,
Sən olmasaydın.
Eşqinlə çatmışam şöhrətə, ada,
Baxmaram heç zaman özgəyə, yada,
Mən heç mən olmazdım, fani dünyada,
Sən olmasaydın.