(İxtisarla)

Çiçəkləri ətri-ənbər qoxuyan,
Al günəşli cənnəti var yurdumun;
Bülbülləri cəh-cəh vurub oxuyan
Bir səfalı xilqəti var yurdumun.

Şərq elinə işıq saçan məşəldir,
Gözəlləri mələklərdən gözəldir,
Eşqi sönməz bir müqəddəs əməldir,
Çox mənalı söhbəti var yurdumun.

Ağ cunadan yaşmaq tutur dağları,
Gəlin kimi al geyinir bağları,
Ağızlarda gəzir, qədim çağları,
Qəhrəmanlıq şöhrəti var yurdumun.

Sənətkarlar ondan alır pərvazı,
Qoynundadır Nizaminin avazı,
Cavanşiri, Koroğlusu, Eyvazı,
Yenilməyən qüdrəti var yurdumun.