“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Bir az dağınıq qalsın fikrimin səliqəsi,
Üstü, başı bulaşsın duyğumun, düşüncəmin.
Səndən nigaran qalım, hardasan, kiminləsən?
Qoy çoxalsın duyğular- ya sevincim, ya qəmim.

Belə məhəbbət olmur, belə sözdən savayı
Aramızda heç bir şey, aramızda nəsnə yox.
Bu qısa məhəbbətin kəsə yolu ayrılıq,
Gəl ayrılaq, bu yolun önünü də kəsmə, yox.

İçimdə qor qalanıb, arzular yağmalanıb,
Uçub damı könlümün, yad adamı könlümün.
Heç kim ilə işim yox, əlim öz yaxamdadı,
O sən deyilsən axı, hanı tamı könlümün?

Tüstüsü gözümü yaşardır indi,
Özüm qalamışdım bu ocağı da.
Guya ağlım kəsir, guya böyüdüm,
Sındırıb tulladım oyuncağı da.

Nə yoxsan, nə varsan, baş açammadım,
Ümidim nə yoxa, nə vara qaldı.
Elə hey gözlədim, eh… ara yerdə
Gözlərim yollarda avara qaldı.

Ürək xatirənə qəm torbasıdı,
Nahaq yırğaladım bu boş beşiyi…
Sən kimsən? Özüm də bilmirəm daha,
Heç nəyim, heç kimim, yoxsa hər şeyim?