Alışıram şamlar kimi,
Düşəndə hər sözün, ANA!
Yoxsa, məni yetim qoydun,
Bilə-bilə özün, ANA!
Mənə ömür diləyərdin,
Üzümə gül ələyərdin,
Hey açırdın, bələyirdin,
Çəkdin oğul nazı, ANA!
Arılar tək sızıldaram,
Ana, Sənsiz biqəraram,
Cüyür kimi axtararam,
Bulaqlardan izin, ANA!
Yerdə necə dayanısan?
Daha çətin oyanısan.
Sanki dağlar tərlanısan,
MUROVUN, KƏPƏZİN, ANA!
ŞƏMŞİR ağlar, sərvinazdım,
Dərd üz verdi, nələr yazdım?
Yüz yaşında qocalmazdım,
Mənə baxsa, gözün, ANA!
1968.