Məni görmək arzulama sən Allah,
İllər salıb saçlarıma dən mənim.
Elim-günüm köç eyləyib arana,
Bürüyübdür dağlarımı çən mənim.
Vəfasızsan bir də məni arama,
Dilə tutub saçlarımı darama,
Gəl toxunma qaysaqlanmış yarama,
Qoy tək çəkim öz dərdimi mən mənim.
Ürəyimdən tellər keçdi, a zalım,
Gözlərimdən sellər keçdi, a zalım,
Aylar ötdü, illər keçdi, a zalım,
Nə vaxt bildin qədrimi sən mənim?!