Category: Azərbaycan ədəbiyyatı

  • Abdulla MƏMMƏD.”Ağrılı bayatılar”

    abdullamuellim

    Yurdum yağıda inlər,
    Dərdim ağıda inlər.
    Kimi kefdə,damaqda.
    Kimi yuxuda inlər.

    Sel gələndə dərd aşır-
    Atır-tutur dərd daşın..
    Gözdən axan yaş deyil,
    Yurd həsrətli dərd daşır.

    “Göy üzü daş saxlamaz”
    Gül yanaq yaş saxlamaz.
    Vətəni gedən oğul
    Çiynində baş saxlamaz.

    Başını daşdan qoru,
    Daşı daş-başdan qoru.
    Yurdunu satanların
    Başını daşdan qoru.

    Daş başa yağır,bacım,
    Baş-başa yağır bacım.
    Məndən ötən güllələr
    Qardaşa yağır bacım.

    Yurd daşı dərd yaşıdı,
    Baş daşı dərd daşıdı.
    Şəhidlər al qanıyla
    Torpağa dərd daşıdı.

    Vətən daşı-yurd daşım,
    Dərd daşıyan yurddaşım.
    Şəhidlərin baş daşı
    Qəlbimdə qan yaddaşı!

    Azərbaycan.Quba.
    16.02.1998.

  • Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”

    abdullamuellim

    Allahın Rəsulu(s) hədisində buyurmuşdur:”Vətəni sevmək imandandır.”

    Əsir Göyçəm göyçəklərin göyçəyi,
    Samur çayı köksümdəki göynəyim.
    Köz-köz olub,Allah,içim göynəyir,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Borçalıda qəribsəyən torpağam,
    İrəvanda xal axtaran qonağam.
    Zəngəzurda darda qalan sorağam,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Xudafərin Arazda daş ağıdır,
    Ağrı dağı ağrımızın dağıdır.
    Yurd harayı bağrımızı dağıdır,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Qarabağım dərdimizin təzəsi,
    Bu qismətə ürək necə dözəsi?
    Şəhid oldu yurdun neçə qazısı,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Vətən dərdi çəkən qəlbdə qeyrətəm,
    Xocalıda külə dönən qismətəm…
    Anaların naləsində həsrətəm,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Kimə qara,kimə bəyaz od daşam,
    Qan ağlayan dərdəm-qanlı yaddaşam.
    Yurduma yad ünsürlərə yad daşam
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Savalanım babaların dərd bəndi,
    Bu milləti tora salıb şər bəndi.
    Bir nisgilim Təbriz,biri Dərbənddir.
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Azərbaycan.Quba.
    03.04.2016.

  • Müzəffər MƏZAHİM.”Payızın”

    mm

    Yenə silkələyib duyğularımı,
    Oyatdı yuxudan əli payızın.
    Atıldım qoynuna bir uşaq kimi,
    Qayğıkeş payızın, dəli payızın.

    Hissimin yetişmiş nəğmə barını,
    Könül bağçasının ilk nübarını,
    İki sevən gəncin toy-mağarını,
    Ərməğan gətirdi yeli payızın.

    Bu yay məni yaman yorğun elədi,
    Coşğun xəyalımı durğun elədi…
    Könlümü özünə vurğun elədi,
    Yağışlı, küləkli əli payızın.

  • Müzəffər MƏZAHİM.”Elmdar”

    mm

    Gördün ki, qalıb torpağımız darda, Elmdar,
    Gənc ömrünü qurban elədin yurda, Elmdar.

    Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər,
    Qüsl aldın amalıdakı o nurda, Elmdar.

    Sayəndə şərəfləndi yenə milli qürurum,
    Qüdsal əməlindən od alıb tar da, Elmdar.

    Tərlanlara oylaqdı bizim Azərbaycan,
    Mütləq alınar intiqamın burda, Elmdar.

    Minlərlədir sən tək Vətənin qəhrəman oğlu,
    Labüddür zəfər müjdəsi, var harda Elmdar!

    Gəl, bir də, Müzəffər, de:-Könüllərdi məkanın,
    Abaddır o qəlb ki, yaşayır orda Elmdar.

  • Rafiq ODAY.”Uğurlu əməliyyat” (Hekayə)

    cenabrafiqoday

    1986-cı ildə – 30 il bundan öncə, sovetlər dönəmində yazılmış bir hekayə. Amma…

    Qasım eşidəndə ki, “uçastkovı” Qulam onu axtarır, dalağı sancdı. Fikrinə gəldi ki, yəqin axşam “stuk” Zakirin çayxanasında çıxartdıqları hoqqanı kimsə ona çatdırıb. Odur ki, imkan daxilində onun gözünə görünməməyə çalışırdı. Ancaq Qulam da Qulam idi. Aradan heç bir saat keçməmişdi ki, kəsdirdi Qasımın başının üstünü.
    -Ayə, Qasım! Uçastkovı Qulamın səsi Qasımın qulaqlarında bomba kimi partladı. Qasım sapsarı saraldı. Bir müddət nə edəcəyini bilmədi. Handan-hana:
    -Eşidirəm, nəçənnik – deyə bildi.
    -Ə, bir bəri dur görüm, ə.
    Qasım özünü o yerə qoymamağa çalışdı:
    -Canım saa fəda olsun, ağa nəçənnik, mən sənin qulluğunda hazır!
    -Dilə basma, ə! Axşam o nə oyundu elə çıxarmısınız? Qumar oynamağınıza göz yummağımın “sağ olu”dur, hələ, bir-birinizi didişdirirsiniz də. O, Qəcərdi, nə zibildi, hərənizin belinə 15-cə gün basaram, canınız da gedər, əlinizdə olan 5-3 qəpik pulunuz da.
    -Qadan alım, nəçənnik, bir işdi olub. Keç günahımızdan. Qoydular ki, əlimizdə bir qara qəpik qalsın. Bizi boş cibimizə bağışla, nəçənnik.
    Bu ara uçastkovı Qulamın axşamdan bəri beynində gəzdirdiyi fikirlərin üstünə elə bil gün doğdu. Bu tapıntısından özü də çox razı qaldı və Qasıma amiranə bir səslə: – Otur maşına! – dedi.
    Qasımın rəngi avazıdı, nəsə demək istədi. Ancaq Qulamın keçib sükan arxasında əyləşdiyini görüb, dinmədi. Sakitcə keçib maşında oturdu.
    Uçastkovı Qulam Qasımı qonşu kənddəki “Xəlvətxana” deyilən yeməkxanaya gətirdi. “Xəlvətxana”da onları çox canfəşanlıqla qarşıladılar.
    “Qulam müəllim, buyurun”, “Qulam müəllim, xoş gəlmisiniz” deyə-deyə onları xəlvətxananın xəlvət guşələrindən birinə keçirdilər.
    Xörəkpaylayan uçastkovı Qulamın üzünə baxdı, Qulam da bu baxışa bir göz vurmaqla cavab verdi. Xörəkpaylayan “bu saat” deyib getdi. Az bir vaxt ərzində kababdan, turşudan, göy-göyərtidən tutmuş arağa qədər hər şey hazır oldu. Uçastkovu Qulam dedi ki, day bizi narahat eləməyin, bir şey lazım olsa özümüz çağırarıq…
    …Söhbət əsnasında uçastkovı Qulam bildirdi ki, pul 19 mindir. Özü də dünən kolxozun kassirindən alınıb. İlin yekunlarına görə baldızlarına çatan tər-təmiz zəhməthaqqıdır. Belə fürsət hələm-hələm ələ düşən deyil. Təxminən üç saatlıq bir müddətdə əməliyyat hərtərəfli götür-qoy ediləndən sonra uçastkovı Qulam Qasımı gətirib kənddən 500 metr kənarda düşürdü və bərk-bərk tapşırdı ki, ehtiyatı əldən versə və ağzından bircə kəlmə qaçırsa, onda əlli-ayaqlı yox eyləyəcək onu.
    Qasım da: – Ayıb sözdür ki, nəçənnik, – deyib yol aldı kəndə sarı…

    ***
    …Kəndə hay düşdü ki, Murtuz kişi ağacla vurub kürəkəni Qasımın başını yarıb. Hadisədən yarım saat sonra təcili yardım maşını gəldi. Maşından həkim və tibb bacısı düşdü. Bu vaxt uçastkovı Qulam da öz “Jiquli”sində toz qopara-qopara özünü yetirdi.
    Uçastkovı Qulamı görənlər hadisə yerindən sürüşüb çıxmaq istədilər. Ancaq Qulam kəsdirdi başlarının üstünü və tərpənməyə qoymadı. Tez papkasını açdı. İçindən bir vərəq çıxartdı. Başda yazdı: “Hadisənin şahidi olanlar”. Altdan da 1…2…3… qoydu və kim ki, orada idi, ad və familyalarını yazdı, qabağında da özlərinə qol çəkdirdi. Axırda da bildirdi ki, izahatı sabah gəlib alacağam. Zərərçəkəni, bir də Murtuz kişini götürüb üz tutdular rayon mərkəzinə.
    Qasımı xəstəxanaya təhvil verəndə uçastkovı Qulam həkimi bir kənara çəkib nəsə dedi. Həkim də “arxayın ol” deyib getdi işinin dalınca.
    Murtuz kişini səhərə qədər milis idarəsində saxladılar. Dönə-sönə danışdırdılar, yazılı izahat aldılar. Səhər buraxanda isə xatırlatdılar ki, bu işin nəticəsi çox pis ola bilər ha…
    Milis idarəsində qaldığı bir gecə Murtuz kişiyə bir əsr kimi göründü. “Allah düşmənin də işini bura salmasın” ürəyində fikirləşirdi. Sonra da kürəkəni Qasımın yeddi arxa dönənini söydü. Qızını da qatdı kürəkəninə. “O səni döymüşdü, məni də söymüşdü, yaxşı, bəs sən sarsaq niyə onu gəlib hələ maa deyirdin. Qaxılıb qalaydın xarabanda da. Bilmirdinmi ki, mənim o piyaniska köpəyoğlundan anadangəlmə zəhləm gedir?!”
    …Bu minvalla düz iki həftə Murtuz kişi milisə ayaq döydü, Zübeydə arvad isə xəstəxanaya.
    İş yekunlaşıb prokurorluğa təqdim olunandan sonra Murtuz kişi azından 5 il türməni aldı gözünün qabağına. Murtuzun qızlarının arasına vay düşdü. Yaxşı suçu olduğunu nəzərə alıb kolxoz sədri xahişə getdi. Əlavə kəndin 5-10 ağsaqqalı da Murtuz kişinin xahişinə getdilər. Dedilər qohumdular, elə eləyin araya düşmənçilik düşməsin.
    Sonra bir gün də uçastkovı Qulam şər qarışanda Murtuz kişigilə gəldi. Gecədən xeyli keçmiş çıxıb getdi. Ondan da üç gün sonra məhkəmədə Murtuz kişi ilə kürəkəni Qasımı barışdırdılar və Murtuz kişini 300 manat cərimə elədilər…

    ***

    …Qonşu kənddəki “xəlvətxana”da uçastkovı Qulamı həmişəki canfəşanlıqla qarşıladılar. Yenə qısa bir müddətdə hər şey stolun üstündə hazır oldu. Yeməyə girişdilər. 100-150 qramdan sonra uçastkovı Qulam Qasımın üzünə baxdı. Qasım da uçastkovı Qulamın. Gülümsədilər.
    -Maşallah yaran sağalıb ha, – uçastkovı Qulam dedi.
    Qasım “hmm” elədi, – Zalım oğlu yaman kəmfürsət adammış, – dedi.
    Uçastkovı Qulam əl atıb qoltuq cibindən kağıza bükülü bir şey çıxarıb Qasımın qabağına atdı. Barmağını cütləyib: – İkidir, – dedi.
    Qasım: – Doqquzdan iki? – sualla cavab verdi.
    Ucastkovı Qulam: – Elə ancaq da, – dedi, dörd ora, – baş barmağı ilə yuxarı işarə elədi. – İki bu, iki yarım mənə, yarım da həkimə, elədi doqquz. Necədi?!
    Qasım dinmədi. Sakitcə bağlamanı götürüb qoltuq cibinə qoydu…

    ***

    …Ucastkovı Qulam Qasımı kənddən 500 metr aralıda düşürüb geri qayıtdı.

  • Müzəffər MƏZAHİM.”Tehran”

    mm

    Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən
    1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid
    olan Tehran Ağayevə həsr olunur.

    Yurdun şərəfini qorumaq üçün,
    Qanlı yarasını sarımaq üçün,
    Bu elə-obaya yarımaq üçün,
    Getdi döyüşlərə hünərlə Tehran.

    Bu da bir tarixdi, bir dastanıydı,
    Kişilik meydanı, ər meydanıydı,
    Dar gündə Vətənin imtahanıydı,
    Çıxdı bu sınaqdan vüqarla Tehran.

    And içdi, andına güvəndi Vətən,
    Geriyə yol yoxdur, öndədir düşmən,
    Ucaldı şəhidlik zirvəsinəcən,
    Azadlıq adlnda şüarla Tehran.

    Bir elin, obanın sevinciydi o,
    Bulaq kimi qaynar bir gənc idi o,
    Hələ açılmamış tər qönçəydi o,
    Açaçaq hər gələn baharla Tehran.

  • Müzəffər MƏZAHİM.”Müəllim”

    mm

    Bilik günü münasibəti ilə bütün müəllimləri ürəkdən təbrik edir,
    yeni tədris ilində uğurlar diləyirəm.

    Necə şərəflidir, necə böyükdür,
    Necə də ülvidir bu ad – Müəllim!
    Köksündə çırpınır sadə bir ürək,
    Neçə dahilərə ustad müəllim.

    Elmin paslanmayan açarıdır o,
    Düşünən beyinin baharıdır o,
    Haqqın əyilməyən vüqarıdır o,
    Çalır kəhkəşanda qanad müəllim.

    Açıq bir süfrədir elmi, kamalı,
    Zəka siqlətlidir, nurdur amalı,
    Bilik meyarıdır, eşqi, vüsalı,
    Həyata bəxş edir həyat müəllim.

    Qayğıyla yüklənib ömür karvanı,
    Nurlu zehinlərin odur bağbanı,
    Barı-bəhrələri şöhrəti, şanı,
    Dünyaya paylayır savad müəllim.

    Səbri, iradəsi, həvəsi ümman,
    Bilik xəznəsinə sığışar cahan,
    Haqsıza sözünü saxlamaz pünhan,
    Hər fikri, hər sözü azad müəllim.

    Qəlbində yer yoxdur kinə, qərəzə,
    Ən ağır dərdini verməz biruzə,
    Vətəni sevdirib ana tək bizə,
    Vətənə sadiq bir övlad müəllim.

  • “Oxuyan gənclik–sərbəst kitabxana” layihəsi haqqında

    1. LAYİHƏNİN ADI

    “Oxuyan gənclik – sərbəst kitabxana”

    LAYİHƏNİN QISA TƏSVİRİ

    Gəncə şəhərinin müxtəlif, xüsusilə gənclərin çox olduğu parklarında və istirahət yerlərində, həmçinin ali təhsil müəssisələrinin yaxınlıqlarında quraşdırılacaq mini-kitabxanalar vasitəsilə kitab onu oxumaq istəyən hər insan üçün əlçatan ediləcək və gənclərin kitablarını dəyişdirərək oxuya bilmələri üçün maddi-texniki baza formalaşdırılacaq.

    LAYİHƏNİN MƏQSƏDİ VƏ VƏZiFƏLƏRi

    Layihənin məqsədi gənclərdə kitab oxumağa marağı artırmaq, oxuduqları və ya oxumaq istəmədikləri kitabları başqaları ilə paylaşa bilmələri üçün imkan yaratmaq, kitab almağa maddi imkanı olmayan və ya kitabxanalara getməyən insanların kitab oxumaq üçün fürsət əldə etmələri, dahi N. Gəncəvinin şəhərinin layiq olduğu intellektual görünüşünə tövhə verməkdir. Layihə çərçivəsində təşkil ediləcək facebook səhifəsi və gənclər üçün nəzərdə tutulmuş internet saytında (saytlarında) yaradılacaq xüsusi bölmə vasitəsilə maraqlanan insanlar sərbəst kitabxanaların yeri, içərisinə qoyulmuş kitablar və kitabxanadan istifadə qaydaları barəsində mütəmadi olaraq məlumat ala biləcəklər. İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclər axtardıqları, onlara lazım olan kitabları tapmaq üçün bir fürsət daha əldə edəcəklər. Layihənin vəzifələrindən biri də şəhərin müxtəlif yerlərinə yerləşdiriləcək sərbəst kitabxanaların açılış mərasimini təşkil edərək media nümayəndələrini dəvət edərək kitaba və kitabxanalara insanların diqqətini yönəltməkdir. Dünyanın bir çox ölkəsində hətta kiçik qəsəbələrdə belə quraşdırılmış sərbəst kitabxanalar insanların intellektual səviyyələrinin yüksəlməsinə, gənclərin diqqətinin kitaba yönəldilməsinə, istirahət yerlərində, parklarda və s. oxumaq istəyənlərin daima kitab tapa bilmələrinə xidmət edir. Bu kitabxanalar vasitəsilə insanlar açıq hava – oxu zalları vəzifəsini yerinə yetirəcək istirahət yerlərindən faydalana, həmçinin “kitab qoy – kitab götür” prinsipi ilə kitabxanadakı kitabları evdə oxumaq şansı əldə edə biləcəklər. Gəncənin “Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar kitabxanaya xarici dillərdə müxtəlif kitabların qoyulması da nəzərdə tutulur.

    LAYİHƏDƏN FAYDALANANLAR

    Gəncə şəhərində yaşayan və ya şəhərə qonaq gələn kitab oxumaq istəyən hər insan; oxuduğu kitabları başqaları ilə paylaşmaq istəyən insanlar; internetdə daha çox
    zaman keçirən, bütün işlərini kompüter və ya mobil telefon vasitəsilə həll etməyə vərdiş etmiş gənc nəsil; yeni kitabı barəsində əhalini maarifləndirmək istəyən, insanların o kitabı daha rahat əldə etmələrini arzu edən yazarlar və s.

    LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

    Layihəyə könüllülərin cəlb edilməsi – kitab oxumağa və bu vərdişin gənclər arasında yaymağa maraqlı olan gənclər layihəyə könüllü olaraq cəlb ediləcək.
    Kitab rəflərinin hazırlanması –xüsusi sifarişlə Nizami məqbərəsi formasında kitab rəfləri hazırlanacaq.
    Kitabların seçilməsi – sərbəst kitabxanalarda ilkin olaraq yerləşdiriləcək kitabların siyahısı layihə heyəti ilə müzakirə ediləcək.
    Kitabların əldə edilməsi və elektron bazanın yaradılması – təsdiq edilmiş siyahıya uyğun kitablar əldə ediləcək, daha sonra internetdə onların elektron bazası yerləşdiriləcək.
    Sərbəst kitabxananın yaradılması – Gəncə şəhər İcra Hakimiyyəti ilə razılaşma əsasında şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılaraq sərbəst kitabxana yaradılacaq və bu kitabxananın təntənəli açılış mərasimi Gəncə şəhər İcra Hakimiyyəti və media nümayəndələrinin iştirakı ilə təşkil ediləcək.
    Əhaliyə kitabxana haqqında məlumat verilməsi – müxtəlif media vasitələri, o cümlədən internet saytlarının köməyi ilə layihə barəsində və kitabxananın iş prinsipi haqqında əhaliyə məlumat veriləcək, internet saytının xüsusi bölməsində kitabxanadakı kitablar haqqında informasiya yerləşdiriləcək. Facebook səhifəsi və saytda nəzərdə tutulmuş xüsusi bölmə vasitəsilə gənclər axtardıqları kitabları bir-birindən istəyə biləcəklər.
    “Gəncə kitab klubu” ilə əlaqələrin qurulması – Gəncə şəhərinə fəaliyyət göstərən kitab klubu ilə əlaqələr qurulması, kitab klubunun üzvlərinin layihə barəsində xəbərdar edilməsi, klub fəallarının layihəyə könüllü olaraq cəlbi və klubda təşkil edilən həftəlik kitab müzakirələrinin daha effektli olmasında sərbəst kitabxanalardan istifadə imkanları nəzərdən keçiriləcək.
    Layihə rəhbəri: Rəhimli Nurəddin Məhəmməd oğlu – Aqat aqro MMC-də baş baytar köməkçisi.
    Layihənin İcraçıları: Rəhimov Fərrux Məhəmməd oğlu – ADAU-nun assistenti, Ülviyyə Mahmudova və Gəncə kitab klubunun üzvləri və könüllüləri.

  • “Oxuyan gənclik–sərbəst kitabxana” adlı layihə icra edilir

    Kitab oxumaq insanın həyatını dəyişə bilərmi? Bu suala yəqin ki, çoxlarımız “bəli” cavabını veririk. Böyük Türk mütəfəkkiri və yazıçısı Cəmil Meriç kitab haqqında demişdir: “Bir adama bir kitab satdığın zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə vaxtı dənizdə üzən gəmilər, əgər o kitab həqiqətən mənim anladığım mənada bir kitabsa, onun içində bütün göylər və yer vardır.”
    Kitab oxumaq təkcə keçmiş zamanların ağıllı insanları ilə söhbət etmək fürsəti deyil, o həmçinin, bu gündən gələcəyə işıq salan bir mayak bir yol yoldaşıdır. Həyatın enişli-yoxuşlu yollarında, gah şıltaq bir uşaq, gah kamil bir qoca, gah kəskin bir qılınc, gah əldən tutan bir əsadır kitab.
    Bizim müdrik xalqımız əsrlər boyu, şerə, şairə, yazıçıya, alimə, elm adamına böyük ehtiram göstərmiş – məclislərində həmişə başda oturtmuşdur. Dahi filosof-şairimiz Nizami Gəncəvi isə “Dünyada nə qədər kitab var belə Çalışıb əlləşib gətirdim ələ Oxudum, oxudum, sonra da vardım Hər gizli xəznədən bir dürr çıxardım.” deyərək kitab oxumağın əhəmiyyətini vurğulamışdır.
    Bu gün təəssüflə qeyd etmək məcburiyyətində olduğumuz bir həqiqət də var: “kitab oxumağa maraq azalmışdır.” Bunu rəsmi statistik rəqəmlər deyir. Azərbaycanda kitab oxuyanların sayı ölkə əhalisinin 11%-ni təşkil edir. Yəni təxminən 1-in 10-a nisbəti. Bu yazıda bu problemin kökündə hansı amillərin dayandığını araşdırmaq fikrimiz olmasa da dillər əzbəri olan məşhur “internet, sosial şəbəkələr bunun günahkarıdır” bəhanəsinə cavab olaraq qeyd etmək yerinə düşər ki, inkişaf səviyyəsinə, internet və sosial mediadan istifadə etmək fürsəti də bizdən çox olan ölkələrdə kitab oxuma faizi 60-70-dir.
    Kitab oxumaq istəyib, amma müxtəlif səbəblərdən onu əldə edə bilməyən insanlara kömək etmək və bəlkə oxumayan insanları da bir azca həvəsləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə kitab klubu üzvlərinin təşkilati dəstəyi ilə Rəhimli Nurəddin Məhəmməd oğlunun “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihəsi icra edilir.
    Layihə çərçivəsində şəhərin müxtəlif yerlərinə kitab rəfləri quraşdırılacaq və oraya qoyulan kitablardan istənilən adam günün istənilən saatında istifadə edə biləcək. Layihəyə dəstək olmaq istəyən hər kəs başqalarının da oxumağını istədiyi kitabları Gəncə kitab klubunun könüllüləri vasitəsi ilə Sərbəst Kitabxanaya bağışlaya bilər. Bunu etməklə oxumaq həvəsi olub kitab əldə edə bilməyən insanlara kömək etmiş olarsınız. Öncədən təşəkkürlərimizi bildiririk.

    Əlaqə vasitələri: 050 524 32 75, 055 457 29 71 gencekitabklubu@mail.ru

    https://www.facebook.com/GenceKitabKlubu.GanjaBookClub/

  • Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib

    Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib.
    “Könlümü şeirə vermişəm” adlı ədəbi-bədii gecəyə “Veteran “xalq xorunun dirijoru Türkan Mahmudova və ŞME-nin özfəaliyyət kollektivinin üzvü Əlipaşa Paşayev aparıcılıq edib.
    Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, “Xəyal” instrumental ansamblın (rəhbər Allahverdi Xəyal, konsertmester Radim Hüseynov) solistləri Vüsalə Hüseynova, Fidan Naqiyeva, Mehdi Yusifzadə, Elşən Quliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
    Tədbirdə şair Əvəz Mahmud Lələdağın çıxışı, bədii qiraət ustası Gülbəniz Abbasovanın ifasında şairin “Ana və poctalyon” şeiri böyük maraqla qarşılanıb.
    Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən şairin həyat və yaradıcılığını əhatə edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş edilib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Rahilə DÖVRAN.”Rübailər”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Rübailərim” – silsiləsindən

    Arzunun, istəyin tükənməz sayı,
    Hər adam yaşayar, Haqq verən payı.
    Diləyi Rəbbindən doğru dilə ki,
    Yaradan qış vaxtı bəxş etməz yayı.

    ***
    Dağların bəzəyi zirvənin qarı,
    Bağların bəzəyi nübarı, barı.
    İnsan övladının,Adəm oğlunun,
    Könlünün bəzəyi, sevdiyi yarı.

    ***
    Yaz vaxtı gələndə, ilk bahar çağı,
    Lalələr qanına boyayar dağı.
    Açar başdan-başa yurdda gül, çiçək,
    Sevərik füsunkar, doğma torpağı.

    ***
    Əriyər yaz vaxtı dağların qarı,
    Coşdurar Arazda, Kürdə suları.
    Ozanlar, aşıqlar hey oxuyarlar:-
    Ya ”Kür daşdı gəldi”, ya “Arazbarı”.

    ***
    Qaş-qabaq edəndə gəlin buludlar,
    Adaxlı şimşəklər səmanı odlar.
    Qovuşub əl-ələ , dönəndə nura,
    Alqış, dua edər çiçəklər, otlar.

    ***
    Olar ki, bağlanar qismətin önü,
    Bir müddət pis keçər insanın günü.
    Gərəkməz talehə şikayət etmək,
    Dəyişər su gələn gilifin yönü.

  • Rahilə DÖVRAN.”Rübailər”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Rübailərim” – silsiləsindən

    Heç zaman güvənmə yağıya, yada,
    Düşməndən yol tapar insana qada.
    Dostluqda möhkəm ol, qoru dostunu,
    Ən ağır günündə dost çatar dada.

    ***
    Ibadət qəlblərə nur, hüzur yayır,
    Namaza, oruca sən də vaxt ayır.
    Satma gühü-günə, qısadır ömür,
    Sənin saydığını, fələk də sayır.

    ***
    Əzəldən bu dünya fanidir-fani,
    Kiminə cəlladdır, kiminə canı.
    Gorünmür cahangir şahlar,xaqanlar,
    Dünənki fironlar, fatehlər hanı?

    ***
    Dəyişik salmışıq zamanı, çağı,
    Qüssədən əriyib qəlblərin yağı.
    Dağ basır ürəyə gündə min dəfə,
    “Qohumun oğraşı, doştun yaltağı”.

    ***
    Tamah artıq olsa inan,”baş yarar”,
    Gözü tox olanlar, mənzilə varar.
    Acgözlər ha yığsın dünya malını,
    Gərəksiz var, dövlət, nə işə yarar?

    ***
    Mənalı bir ömür, özü bir dünya,
    Yaşayan çalışa orda iz qoya.
    Insana nə lazım,-təmizlık,saflıq,
    Ucalıq gətirsin, ad-sana, soya.

  • Abdulla MƏMMƏD.”Etiraf”

    abdullamuellim

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?!

    Səninlə bağlıdır könül süstlüyüm,
    Könlümü açıram yuxutək suya.
    Könlünü üzməsin könülsüzlüyüm,
    Könlümdə tək sənsən – sevgili dünya.

    Tər gülsən, ətrin də ürəyimcədi,
    Qışımda bahartək könlüm də sənsən.
    Nə desən, haqqın var – ürəyincə de…
    Dəymə ürəyimə – könlümdə sənsən.

    Özümdən qaçıram dili dualı
    Günlərin əlində nazilir könlüm.
    Bu dəli sevdamla başı havalı
    Nə qədər sızlayım, əzilim, könlüm?!

    Nə qədər daş olum baxışına mən,
    Nə qədər gözündən o yana qaçım?
    Nə deyim bu həsrət yağışına mən,
    İslana-islana hayana qaçım?!

    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

    abdullamuellim

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu cazibədən çıxa bilmərəm,
    Ürək sındırmışam-bir ürək axı…

    Sənli xatirələr üzülər qəmdə,
    Yanına gəlməyə üzüm də olmaz.
    Görəndə sarsilib üzülərəm də,
    Bir kəlmə kəsməyə sözüm də olmaz.

    Bağışla demərəm, sarsılsam belə,
    Sən ki büdrəmisən, yıxılan mənəm.
    Bilirəm-qəlbində yerim var hələ,
    Çox da ki dilində yox olan mənəm.

    Günahım böyükdür, buna sözüm yox,
    Bu səhvi çiynimdə daşıyıram da.
    Daha bu kədərə məndə dözüm yox,
    Görən elə bilir- “yaşıyır”am da…

    Mənə də dəyərmiş qüssə silləsi,
    Bu dərd deyiləsi, yazası deyil.
    Nə mən bu qədəri qəlbdən siləsi,
    Nə TANRIM alnımdan pozası deyil…

    Göz yumub könlümdən keçənə, gözəl,
    Gözünə dəymərəm-üzüm qaradır.
    Mən necə keçirim gecəni gözəl?!
    Sənli günlərimin üzü qaradir.

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu məngənədən çıxa bilmərəm,
    Ürək sındırmışam- bir ürək axı…

    Azerbaycan.Quba

  • Müzəffər MƏZAHİM.”Gülə-gülə”

    mm

    S.Vurğuna nəzirə

    Keçdi yağlı vəzifəyə,
    Cavan vaxtı gülə-gülə.
    Sağ cibinə , sol cibinə
    Rüşvət axdı gülə-gülə.

    Öz nəfsinin oldu qulu,
    Şirin bildi haram pulu.
    Yaman azdı bu düz yolu,
    Yoxuş çıxdı gülə-gülə.

    Dedim: Oğlan ayıq tərpən,
    Dedi: Mənə dərs demə sən.
    Dedim: Axı ilişərsən,
    Durub baxdı gülə-gülə.

    Tapdadığca həddi , qını,
    Varı artdı , coşdu qanı.
    Dağdan ağır el haqqını,
    “Daşa çaxdı gülə-gülə.”

    Qorumadı şərəfini,
    Düzlər açdı kələfini.
    Öz əlilə öz evini,
    Özü yıxdı gülə-gülə.

  • Müzəffər MƏZAHİM.”İşim yoxdur”

    mm

    Zəhmətdən tutulub mayam,
    Düz əməldən çətin doyam,
    Sakit axan dərin çayam,
    Hayla-küylə işim yoxdur.

    Mizan-tərəzi pozulsa,
    Düz söz yalana yozulsa,
    Susmaram, susmaq qızılsa…
    Boş gileylə işim yoxdur.

    Halallıqdır arxam, dağım,
    Vətən eşqi könül bağım,
    Saflıq güvəncim, dayağım,
    Qalan şeylə işim yoxdur.

  • Avtandil AĞBABA.Həyatı və Yaradıcılığı

    Şəkil0030

    Avtandil AĞBABA (Məmmədov Avtandil İsfrail oğlu) 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri və elmi məqalələri ilə çıxış edir.Son vaxtlar şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, müxtəlif Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.
    Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir.Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının müdiridir.“Pöhrə” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Respublikasının “Əməkdar jurnalist”idir.
    Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsillərini davam etdirən tələbələrin Ədəbiyyat sahəsində elmi məqalələrinə rəhbərlik edir.”Ağbabaya gedən yollar” şeirlər kitabının müəllifidir.
    Avtandil Ağbaba həm də ictimai həyatda gənc yazarlara köməklik göstərən geniş qəlbli bir insan kimi tanınır.2007-2012-ci illər ərzində İlham MİKAYIL, Nemət TAHİR, Kənan AYDINOĞLU, Məhəməd KƏRİM, Orxan ZAMAN kimi gənc yazarların ədəbi-bədii nümunələriin Sumqayıt ədəbi mühitində tanınmasında mütəsna rol oynayıb.
    Hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetləri ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.

    AZADLIĞIN YOLLARI QANDAN-QADADAN KEÇİR

    Azadlığın yolları qandan-qadadan keçir,
    Şəfqət bizə anadan, qeyrət atadan keçir,
    İgid doğulan gündən min cür xatadan keçir,
    O əyilməz ölümlə dayansa da, üz-üzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Şəhidlərin ruhunu müqəddəs tutmalıyıq,
    İncikliyi, küsünü tamam unutmalıyıq,
    Hər ağrını-acını kişi tək udmalıyıq,
    Hey ağlayıb-sızlamaq, axı nə verər bizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə?!

    Hardasa nəcib olmaq bəlkə günahımızdır,
    Haqq Vətəni özüdür, Vətən sabahımızdır?!
    Yenilməyən gücümüz-birlik silahımızdır,
    Ağa qara deyənlər bir gün çökəcək dizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Biz ki Beyrək nəsliyik şam olub ərisək də,
    Azadlıq yollarında zindanda çürüsək də,
    Yaxşılığı qaxmayıb, bizi başa, kirisək də,
    Ürəklərin haqq səsi salar nahaqqı lərzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Araz, Araz deməklə Arazı keçmək olmaz,
    Əvvəl-axır Vətəni ikiyə biçmək olmaz,
    Bu yurdu xəritəylə, kağızla ölçmək olmaz,
    Qızım xonça bəzəyib, götürəcək Təbrizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Haqqımız lap nazilib keçsə iynə gözündən,
    Zərrə-zərrə nur yığaq həqiqətin özündən,
    “Qarabağ şikəstəsi” qalxıb Cıdır düzündən,
    İqlimləri dolaşıb nur saçmalıdır ərzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    ELLƏR, BORÇALIDAN MUĞAYAT OLUN!

    Ağbaba dağılıb, Göyçə sökülüb,
    Ellər, Borçalıdan muğayat olun!
    Xain gözlər indi ora dikilib,
    Ellər, Borçalıdan muğayat olun!

    Başkeçiddən yollar keçir Sarvana,
    TANRI dözməz bu qəm dolu karvana,
    Qoymayın ki, kəmfürsətlər davrana,
    Ellər, Borçalıdan muğayat olun!

    Başımıza bu gələnlər azdımı,
    BEYRƏK öz yolunu azdımı?!
    QARAYAZI QARAÇÖPDƏN bezdimi,
    Ellər, Borçalıdan muğayat olun?!

    QARAXAÇ yaylağı min bir gümanda,
    Gözləri yol çəkir GÖYDAĞ dumanda.
    Bu çətin sınaqda, bu ağır anda,
    Ellər, Borçalıdan muğayat olun!

    Bölünə-bölünə vətən heç olar,
    Hoydu, a qardaşlar, hoydu, bacılar!
    Nahaqq haqqı bassa, sonra gec olar,
    Ellər, borçalıdan muğayat olun!

  • “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

    10 mart 2017-ci il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Rafiq ODAY.Yeni şeirlər

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    GƏLDİ

    Bu örkən uzun örkəndi,
    Durum dolanım bu kəndi.
    Gözümün yaşı tükəndi,
    Yerindən qara qan gəldi.

    Göylərdən bir ulduz axdı,
    Gördüm ki, yolum uzaqdı.
    Təzə yurd saldığım vaxtı,
    Bu karvan haradan gəldi.

    Yön alım dedim haraya,
    Yön alım gedim haraya.
    Ağ ağa qənim, qaraya
    Nə gəldi qaradan gəldi.

    Bu sayaq yaşayammadım,
    Başayaq yaşayammadım.
    Mən oyaq yaşayammadım,
    Hər dərd də röyadan gəldi.

    Salma dedim çəp yerinə,
    Biçdiyini səp yerinə.
    Bu səhər də sübh yerinə,
    Ömrümə qara dan gəldi.

    Bir qəti hökm aradım,
    Bu ömrü nakan aradım.
    Bir özgə məkan aradım,
    Dadıma yaradan gəldi.

    ƏLİNDƏ

    Başımız qovğada, qalda,
    Yaxamız namərd əlində.
    Talanır cümlə varımız,
    Yoxumuz namərd əlində.

    Boşalan yer zorla dolur,
    Düzü-dünya gorla dolu.
    Yatağımız qorla dolu,
    Yuxumuz namərd əlində.

    Yerlər qılınc, göylər qalxan,
    Qan ağlayır düşüb – qalxan.
    Sinəmizi deşib qalxan,
    Ahımız namərd əlində.

    Ha bu qədər zəncir gəmir,
    Qanqal dəmir, zəncir dəmir.
    «Yazı»mızdan yox səs-səmir,
    «Oxu»muz namərd əlində.

    Sökülür yurdun hasarı,
    Qurd oğlu qurdun hasarı.
    Tuşlanan yurduma sarı,
    Oxumuz namərd əlində.

    Gördük qalxıb enənləri,
    Gördük ötən dünənləri.
    Bada verdik dinənləri,
    Çoxumuz namərd əlində.

    KEÇİR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib.

    Bu həyat bir qəm sandığı,
    Kim açsın, de, kim, sandığı?
    Ac balığın yem sandığı,
    Ölümü qarmaqdaq keçir.

    Haqqın uvandı, tərsi bir,
    Haqq oğlu haqqa nə Sibir?!
    Dolanmaq başın nəsibi,
    Dolamaq, barmaqdan keçir.

    Tanısa qəmlər yaxanı,
    Kim tikər qəmlər yıxanı?
    Naz ilə qəmlər yaxanın
    Sevgisi bu baxtdan keçir.

    BİLİRƏM

    Mənim virana könlümü,
    Eşq abad eylər, bilirəm.
    Gahdan da abad olanı
    Aşqabad eylər, bilirəm.

    Könül verdinsə təkliyə,
    Ömrü dərd-qəm ətəkliyər.
    Səni vadar dönüklüyə
    Başqalar eylər, bilirəm.

    Məni bu kənddən ötürün,
    Ötürün, dərddən ötürün.
    Hər boş söz-söhbətdən ötrü
    Qaşqabaq eylər, bilirəm.

    Sinəmin aha çəmi var,
    Gözümün daha nəmi var.
    Küsməyə bəhanəmi var? –
    Başqa ad eylər, bilirəm.

    Yığdı cana ələm məni,
    Ömür adlı sələm məni.
    Bu eşq üstə aləm məni
    Daşqalaq eylər, bilirəm.

  • Sabir Yusifoğlunun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir

    9 sentyabr 2016-cı il tarixində saat 16:00-da “Gənclər evi”ndə gənc yazarların təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Sabir YUSİFOĞLUnun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir.
    Gənc şair Emil Rasimoğlu tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, sonra isə Sabir Yusifoğlunun həyat və yaradıcılığını əhatə edən nitq söyləmişdir.
    Daha sonra çağdaş poeziyanın tanınmış nümayəndələrindən Ramiz Qusarçaylı, Fərqanə Mehtiyeva, Ayaz Arabaçı, İbrahim İlyaslı, İlham Qəhrəman, Səadət Cahangir, Namiq Dəlidağlı, Esmira Məhiqızı və digərləri, gənc yazarlardan Əntiqə Səməndər, Şəhriyar Seyidoğlu, Faiq Hüseynbəyli, Sərvər Kamranlı, Rəşad Məhəmmədoğlu və başqaları çıxışlar etmişdir.Tədbir çərçivəsində Sabir Yusifoğlunun yaradıcılıq nümunələri özünün və çıxışçıların nitqində qonaqlara təqdim olunmuşdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Nə dərdin var bilmirəm”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Dedim arada şeir fasiləsi olsun. O seminarda-falanda kofe fasiləsi olur ha, onun kimi…
    Ama, hər kəs öz zövqünə görə kofe dada bilər)

    Nə dərdin var bilmirəm,
    Yenə üzün bozarıb…
    Günlərin ümidimdən
    Təbəssümü borc alır.

    Elə bil göy üzündə
    Öz əksini görmüsən…
    Sən ki, qorxmazdın məndən,
    Hansı bəxtdən ürkmüsən?

    Eh… həyat… bu bozluğu
    Soyun, suya at, getsin…
    Gülüşüm ağrıdırmı?
    Gəl öpüm də tez keçsin.

    Şəfa Vəli

  • Şəfa VƏLİYEVA.”Bizim dildə qızılgül”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yəqin ki, əksəriyyətiniz Umberto Ekonun “Özgə adda qızılgül” məqaləsində tərcümə məsələləri haqda fikirləri oxumusunuz. Elə isə, günümüzdə bizə tərcümə ilə gəlib çatan əsərləri də oxumusunuz. Onda, mənim dediyim bir-iki fikir sizi qıcıqlandırmaz. Çünki, mən tərcümədən oxuduğum əsərlərin böyük bir qisminə artıq qıcıqla yanaşıram. Ən əvvəl tərcümə ilə bağlı məni hikkələndirən Artur Konan Doylun detektiv hekayələri oldu.

    Təsəvvür edin, tərcüməçi necə diqqətlidirsə, “Gümüşü şimşək” hekayəsində eyni ad iki dəfə çəkilir. Oxucu o adamın kim olduğunu anlaya bilmir. Çünki, hər dəfəsində Doylun başqa-başqa obrazlarının adı kimi oxuyuruq. Əlac qalır ki, kitabevim.az-dan Artur Konan Doylun kitablarının Türkiyə nəşrlərini alıb oxuyasan. Elə də edirəm. Türkiyə nəşrlərini ən az yeddi-səkkiz manatdan alıb oxuyan bir oxucu üçün “bizim dildə qızılgül” yarıqiymətə olsa da, satış göstəricisi çox aşağı olur. İkinci bir kitab Şekspirin seçilmiş əsərləri idi. Bayağı sözlər, hecasız, qafiyəsiz sadəcə alt-alta düzülmüş yarımçıq cümlələr, obrazın hadisələrin mərkəzində məntiqsiz hökmləri…Əgər internetdən yenə “Hamlet”in türkcə tərcüməsini tapıb oxumasaydım, Şekspiri mütaliə etməkdən özümü məhrum etməkdən başqa çarə qalmırdı…

    Tərcümə çətin prosesdir, çox çətin. Yadımdadı, 2010-cu ildə Tasmaniya pələngləri haqda kiçik mətni rus dilindən tərcümə edirdim. Hərfi-elmi tərcümə normal alınmışdı. Amma, yazı ürəyimcə deyildi. Bir neçə saat komputerin qarşısında mətnə baxdım, sənədi açıb-bağladım, nəhayət, çatışmayanı tapdım. Tasmaniya pələnginin təbii imkanlarını, şəraitə uyğun instiktlə necə hərəkət etdiyini anlatmaq üçün elmi terminlər, sadə cümlələr bəs etmirdi. Axı, bizim dilimiz öz zənginliyi ilə öyünəbiləcək qüdrətə sahibdir. Nə haqda istəsək dolğuncasına məlumat verə bilərik. Elə də etdim. Dilimizin imkanlarından istifadə edərək yazının bədii təsir gücünü artırdım. Əla nəticə idi!

    Mən bu gün bir oxucu kimi tərcüməçilərdən məhz bunu gözləyirəm. İstəmirəm onlar şeirdəki “ay” sözünü elə olduğu kimi qəbul edib ona toxunulmazlıq mandatı yaratsınlar. Bilməlidirlər ki, dilimizdə “aypara”, “hilal”, “bədirlənmiş ay” kimi kəlmələrlə yanaşı, “gecənin gözəli”, “zülmət padşahının sehrli çırağı” kimi əsərin bədii gücünü artıracaq ifadələr də mövcuddur. Məgər, demək istəyirsiniz ki, bizim dövrümüzdə dilimizi bilməyən təsadüfi adamlar tərcümə ilə pul qazanır?! Mən buna inanmaq istəmirəm… Elə bu səbəbdən də tərcüməçilərin oxucu və müəllif qarşısındakı vicdan günahlandırmalarını iki yerə bölüb bir payını da redaktorların boynuna qoymaq istərdim. Daha bunu da pıçıldamayın ki, o tərcümə olunmuş əsərlərin altına redaktor adı xətir üçün yazılır. Dedim axı, inanmaq istəmirəm… Bir yazar kimi mən “bizim dildə qızılgül” ətrini duya bilmirəmsə, nə vaxtsa əsərlərimin “özgə adda qızılgül” kimi öz ətrində qalacağına necə ümid edə bilərəm? Və sonda: “İlahi, sən məni tərcüməçilərdən qoru, əsəri oxumayıb çap edən redaktorlarla özüm bacararam”!

  • Mais TƏMKİN.”Yazım dastan kimi…”

    10646868_273655359498567_6620189188081019440_n

    Eşqinlə, sevginlə nurlansın danım,
    Beləcə xoş keçsin hər ötən anım.
    Mən sənə ,,can” deyim, sən mənə ,,canım”,
    Xoş sözlə mən səni dindirim- elə.

    Qoy həsəd aparsın,- görənlər bizi,
    Bu sevgi yolunda qoyaq xoş izi.
    Yazım dastan kimi bu sevgimizi,
    Dünyada şöhrətə mindirim elə.

    Əsirgəmə, bu sevgidə payımı,
    Nura qərq et, hər günümü, ayımı.
    Sən çox elə busələrin sayını,
    Namərdəm, desəm ki, endirim elə.

    Qoyma məni gün yandıra, gün dələ,
    Dərdin məni, gözəl, səndən gen dələ.
    Yapıb öz sinənə məni kündələ,
    Özün ol ocağım, təndirim elə.

    Sənsiz intihara gedərsə yolum,
    Arzumu çin eylə, qurbanın olum:
    Deyirəm, qoy olsun mənim öz qolum,
    Boynundan asmağa kəndirim- elə.

  • Müzəffər MƏZAHİM.”Sözdür”

    mm

    Rəssamın sözü rənglər,
    Yazarın rəngi sözdür.
    Dilin, gözün, ürəyin,
    Düyğunun dəngi sözdür.

    Yığılır gilə-gilə,
    Fikirdən axır dilə.
    Yaranışdan cism ilə,
    Ruhun ahəngi sözdür

    İnsandır sözə məkan,
    Odur xəzinə, ümman,
    Bayatı, layla, dastan,
    Muğamat, cəngi sözdür.

    Ürəyin elçisidir,
    Kamillik ölçüsüdür,
    Məhəbbət külçəsidir,
    Sevgi çələngi sözdür.

    Tanrıdan müjdə alan,
    Ruh ilə cismə dolan,
    İnsana qismət olan,
    Bəxtin nəhəngi sözdür.

  • Müzəffər MƏZAHİM.”Qəlbimdə”

    mm

    O məhəbbət ki, mənim yoxdu daha qəlbimdə,
    Nəyə həsrət çəkirəm bəs bu kaha qəlbimdə?

    Niyə tir-tir əsirəm fikrimə gəldikcə o yar,
    Nə ümid bəsləyirəm hər sabaha qəlbimdə?

    Ahu-zar eylədiyim günləri sildim, unudum,
    Düşünürdüm ki, əcəb yox yer aha qəlbimdə.

    Onu yad etməməyə eşqimə and içdim o gün,
    Belə getsə bataram min günaha qəlbimdə.

    Könlümün iqtidarı söylə, Müzəffər, sənsən?
    Kim veribdir bu yeri hər mataha qəlbimdə?

  • Emin Pirini doğum günü münasibətilə təbrik edirik! (8 sentybar 1986-cı il)

    ep

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Emin PİRİ (Emin Piri Sabir oğlu) 1986-cı il sentyabr ayının 8-də Cəlilabadda anadan olub.2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr, 2012-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində magistr dərəcəsi üzrə ali təhsil alıb.2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib.
    2013-cü ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məsul katibidir.Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvüdür.
    2014-cü ildə 2013-cü ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı” ilə təltif olunub.Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən “Ən yaxşı şeir”, “Nəsimi” müsabiqəsinin qaliblərindəndi.
    Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Elimiz.Günümüz” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    AzVision.az saytının əməkdaşı, gənc şair Emin Piri ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə “İlin ən istedadlı gənci” mükafatına layiq görülüb.Hal-hazırda Sumqayıt şəhərində yaşayır.
    Emin Piri bir neçə gün öncə isə Sumqayıt şəhərində “İlin gənci” seçilmişdi.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən �Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər� layihəsi çərçivəsində �Bölgələrdən səslər� kitabında şeirləri dərc olunub.

    UŞAQLIQ İLLƏRIM ASAN KEÇMƏYIİB

    Çətin keçib uşaqlığım,
    ayaqqabım yırtılardı
    Böyüyəndə ayağım.
    ayağınız böyüməsin deyə
    dua etmisinizmi heç?!
    Uşaqlıq illərim asan keçməyib…
    Bir az çətin olub uşaq illərim.

    Sərhəddin
    tikanlı məftilləri kimi görünərdi
    kasıb uşaqlarının gözündə
    məktəb bufetinin qapısı.
    O sərhədi keçə bilmək
    alın yazımıza qarşı
    ən böyük üsyan idi.
    bəlkə də həyatımızın
    ən böyük inqilabı.

    Anamın erkən ağaran saçlarında
    görünürdü
    ala bilmədiyi oyuncaqlar.
    Taleyin oyuncağına çevrilmişdik.
    Bəs hardaydı
    Körpələri sevən Tanrı?!

    Hindus olmasaq da,
    atamızın cibinə görə
    bölmüşdülər bizi
    sinif otaqlarında
    Kastalara.
    Dəniz suları okean sularına
    qarışmadığı kimi
    Bizi qarışdırmazdılar…
    Heç də sevgidən udmur
    Okean balıqları
    Dəniz balıqlarını.
    Oynayanda belə varlı uşaqları
    Bizi özlərinə yaraşdırmazdılar.
    Paltarının yamağını gizlətməkdi
    varlıların gözündən
    Kasıb uşaqlarının oyunu.

    Kişilər ağlamaz deyən anam
    yerimə özü ağlardı.
    Nağıl söylərdi,
    göydən üç alma düşməzdi nağıllarında,
    deməzdi bunu anam –
    birdən ürəyimiz alma istəyər… (daha&helliip;)

  • Kənan AYDINOĞLU.”Gedim, getməyim?”

    Photo Kenan

    Dayağım,pənahım desin Allahım
    -Kəlbəcər yoluna gedim,getməyim?
    Gözümə un kimi kədər ələyən,
    Sağına-soluna gedim,getməyim?

    Murovdağ,Qoşqar da olub narahat,
    Yaxşı görünməyir heç də bu həyat,
    Allah ömrümüzə versin amanat,
    Çəpərli yoluna gedim,getməyim?

    Kənanam,dərdimə dərman olmayan,
    Ömrün özünə də güman qalmayan,
    Sızlayıb firqətdən yaman ağlayan,
    Yaralı qoluna gedim,getməyim?

    2008-ci il.

  • Kənan AYDINOĞLU.”Elimə mənim”

    Photo Kenan

    Kədər də, qüssə də qonaq olubdu,
    Bu gün qan ağlayan elimə mənim!
    Nədəndir, bilmirəm, qəh-qəh eyləyib,
    Gülürlər bükülmüş belimə mənim?!

    Zarafat xoşlamır özü həyatın,
    Hərdən gülümsəyir üzü həyatın,
    Çətindi hər anı ,düzü, həyatın,
    Əl vurmaq istəyir telimə mənim!

    Fəqət hər işinə qarışmadımsa,
    Gizlində arxanca danışmadımsa,
    İkiyə bölməyə çalışmadımsa
    Yenə toxunmayın dilimə mənim.

    Dərd-səri üst-üstə sən bilə-bilə,
    Ələnən kədəri bax, silə-silə,
    Tökdümsə göz yaşı mən gilə-gilə,
    Dəyməyin! Dəyməyin! elimə mənim!

    2008-ci il.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    GEDƏCƏYƏM

    Xəyallar elə bil yuxu kimiydi,
    Yazıya, qismətə çatdıq, ayıldıq.
    Üzü dönük oldu zalım fələyin,
    Gör neçə danışdıq, neçə ayrıldıq.

    Kəsir duyğularım qılınctək məni,
    Özümü gəzirəm hər addımbaşı.
    Qollarım meyvəsiz budağa bənzər,
    Bədənim tək-tənha bir məzar daşı.

    Küsdürüb taleyin vəfası məni,
    Ömür söyləmirəm ayrılıqlara.
    Sıxır bu dünyanın havası məni,
    Dönüb gedəcəyəm…bilirsən hara?!…

    Xatirələr

    Çox şey umdum taleyimdən,
    Azını sevdirdi mənə.
    Dözdüm deyə alnımdakı
    Yazını sevdirdi mənə.

    Qismətə yarımdı dedim,
    Bəxtimdən yarıdım dedim,
    Bəxtəvər yar idim dedim,
    Nazını sevdirdi mənə.

    Yolları toz duman aldı,
    Gedən getdi, qalan qaldı.
    Xatirələr ümid oldu,
    Özünü sevdirdi mənə.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    GECİKDİM

    Bir gözümə sürmə çəkdim,
    Biri ağladı, ağladı.
    Ömrümə hey nisgil yağdı ,
    Ümid yağmadı, yağmadı.

    Ötdü ayım, ötdü ilim,
    Bəyaz qardı indi telim.
    Qapımı açdı öz əlim,
    Fələk bağladı, bağladı.

    Bu səbrimdən vallah bezdim,
    Sətirlədim, sapa düzdüm,
    Anlayana qədər dözdüm,
    Əcəl haqladı, haqladı.

    SEÇMƏDİM

    Bağlı qapı arxasından boylanıb,
    Olmayasan məntək dərdin düçarı.
    Yuxulardan kipriyimə od düşdü,
    Ayıldım ki, ömür yarı, gün yarı.

    Ayıldım ki, çiçəklərə sar düşüb,
    Cığır itib, yollarına qar düşüb.
    Kimin isə ürəyinə nar düşüb,
    Dənələyib düz əhdi, düz ilqarı.

    Mən seçmədim, bəxtim özü ‘xoş ‘ gəldi,
    Pəncərəmdən gül yerinə daş gəldi.
    Gözlərimdən bircə damla yaş gəldi,
    Əritdi sinəmdə buz tutan qarı…

  • Rahilə DÖVRAN.”Naxçıvanın gecələri”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Vətənimdir” – silsiləsindən

    Gündüz Ona hamı aşiq,
    Axşam başqa bir yaraşıq.
    Çil- çıraqdır, nur qarışıq,
    Naxçıvanın gecələri.

    Hər köşədə bir çal- çağır,
    Bayram edir zəfər, uğur.
    Sanki göydən ulduz yağır,
    Naxçıvanın gecələri.

    Alqışlayır dostu, yarı,
    Vəfadarı, düz ilqarı.
    Könül açan “Arazbarı”,
    Naxçıvanın gecələri.

    Tərk edibdir qəm, kədəri,
    Firəvanlıq bəzək, zəri.
    Alqışlayır xoş səhəri,
    Naxçıvanın gecələri.

    Əcəminin ruh, nəfəsi,
    Ana Xatun məqbərəsi.
    Atabəylər əfsanəsi,
    Naxçıvanın gecələri.

    Nazlanır “Qızlar Bulağı”,
    Aşiqlər olur qonağı.
    Allanır üzü, yanağı,
    Naxçıvanın gecələri.

    Ay şövq ilə yana- yana,
    Sığal çəkir həyəcana.
    Ilham, təb gəlir Dövrana,
    Naxçıvanın gecələri…

  • Rahilə DÖVRAN.”Gözəlim”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Sənə candan vurulmuşam,
    Eşq odunda qovrulmuşam.
    Gözləməkdən yorulmuşam,
    Mənə Rəbbdən, pay gözəlim.

    Gözəllərin gözüsən- sən,
    Aşıqların sözüsən- sən.
    Yanan qəlbin közüsən- sən,
    Ol canıma, tay gözəlim.

    Nazın, qəmzən, sevinc, nəşə,
    Üzün təzə, tər bənövşə.
    Sinən üstə, nar gülöyşə,
    Ey qaşları, yay gözəlim.

    Çiçəkləsin arzu, dilək,
    Qəmdən uzaq, olsun ürək.
    Xoşbəxt ömür, həyat sürək,
    Ver sevdama, hay gözəlim.

    Xuda olsun, bizə həyan,
    Qəmdən uzaq olaq hər an.
    Gözlərindən öpsün Dövran,
    Öpüşlərin, say gözəlim.

  • Şəfa VƏLİYEVA.”Təklik” (Yeni hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Təzə evlilər son iki ayda üçüncü dəfəydi ki, köçürdülər. Onlar kirayə mənzillərin heç birini bəyənə bilmirdilər. Birində su çəni çirkliydi, başqa birində təzə gəlin ruhların evdə dolaşdığını demişdi. Bir həftədən çox davam edən axtarışlar da nəticəsiz qalmışdı. Hansısa məhəllədə şəhərdə hamının tanıdığı Filankəs xanım, başqa yaşayış massivində Qumarbaz Monqol ləqəbli kişi, poliklinikanın yaxınlığındakı qəsəbədə isə həyətdə Ağdam xoruzları bəsləyən cavan oğlan yaşayırdı. Təbii ki, bütün bunlar kişinin eyninə gəlməsə də, təzə gəlin üçün pis əlamətlər idi. Nəhayət, təzə gəlin dodaqlarını narazı-narazı bir-birinə sıxıb şəhər kənarındakı bu kiçik qəsəbədə yaşamağa razılıq vermişdi. İndi onlar öz köçlərini- iki yol çantasını və ərzaq yığılmış kiçik karton qutunu qoltuqlarına vurub beşmərtəbəli binanın üçüncü mərtəbəsinə qalxırdılar. Burada onları lazımi ev əşyaları ilə dolu, tərtəmiz su çəni və böyük televizoru olan ikiotaqlı mənzil gözləyirdi.
    İlk günlər təzə gəlin evdə narahatlıqlar axtarmağa çalışsa da, tezliklə bütün bunları unutdu. Onu unutqan edən isə kişinin məhz onun üçün kitabxanadan seçib gətirdiyi kitablar idi. Beləcə, onlar artıq üç ay idi ki, burda yaşayırdılar. Ev sahibəsinin qapısını bağlayıb açarını özüylə götürdüyü ikiqapılı şkafdan başqa bütünlükdə ev və əşyalar onların ixtiyarındaydı. Təzə gəlin özünü əsl ev xanımı kimi hiss etməkdə haqlıydı. Lakin, onu haqsız çıxaran hadisə çox gecikmədi.
    Bir axşam kişi şəhərin onlara əks istiqamətində yerləşən qəsəbədəki uzaq qohumlarıgilə yas mərasiminə getdi. Axşam olunca avtobusa çata bilmədiyindən orda gecələməyə məcbur olmuşdu. Təzə gəlin şam yeməyini əlində Cek Londonun hekayələr kitabı olaraq təklikdə yeyirdi. Mətbəxlə yataq otağının qapısı üz-üzə idi. Hər iki qapının açıq olması səbəbiylə başını kitabdan qaldırınca yaşıl mələfə sərilmiş yatağı görə bilirdi. Növbəti dəfə başını yuxarı qaldıranda sanki yaşıl mələfəyə kölgə düşdüyünü gördü. Kitab əlindəcə yataq otağına yüyürdü. Otaqda kimsə yox idi. Nəfəsini dərib gülümsəyərək mətbəxə qayıtdı.
    Bir səhər də əlində süpürgə və xəkəndaz hamamdan çıxıb qonaq otağına keçərkən ona elə gəldi ki, şkaf tərəfdən açar şaqqıltısına bənzər səs eşitdi. Əlindəkiləri yerə qoyub ikiəlli şkafın qapısını dartdı. Qapılar möhkəmcə bağlı idi.
    Həmin gün bunları ərinə danışan təzə gəlin öz fərziyyəsini irəli sürməyə də tələsdi:
    -Əzizim, bəlkə, ev sahibəsində də evin açarı var? Gizlincə evə gəlib-gedir?
    -Əgər şübhən varsa, bundan sonra açarı içəri tərəfdən qapıya taxılı vəziyyətdə saxla- deyən kişinin məsələyə etinasız yanaşdığı səsindən hiss olunurdu.
    Qadın ürəyində ərinin bu laqeydliyindən incidiyindən özlüyündə bir daha bu söhbətə qayıtmamağa qərar verdi. Növbəti günlər şkaf çevrilən kitab vərəqləri arxasında qaldı. Lakin, bu, elə də uzun müddət davam etmədi.
    Hava yenicə qaranlıqlaşırdı, elə bil axşam gəlmək istəmirdi. Mətbəxin pəncərəsindən görünən məktəb binasının damı hələ də şüşə parçası kimi rəngdən-rəngə düşərək parıldayırdı. Təzə gəlin bu parıltıya heyran-heyran baxır, düşünürdü: “Görəsən, hansısa rəssam bu parıltını rənglərlə ifadə edə bilərimi?” Elə bu zaman qonaq otağından ehmallı addım səsləri gəlməyə başladı. Qadın bütün diqqətini toplayıb səsə qulaq kəsildi. Sanki, kimsə yavaş-yavaş hamamın qapısına yaxınlaşırdı. Qadın gözlərini bərk-bərk yumub özünü sakitləşdirməyə çalışdı. Fikrində bu cümləni təkrarladı:
    -Mən evdə təkəm! Mən evdə təkəm!
    Hamamdan gələn zəif su şırıltısı onu bu cümləni bir dəfə də ucadan deməyə məcbur etdi. Sanki qışqırırdı:
    -Mən evdə təkəm!
    Lakin, su səsi davamlı olaraq gəlirdi. Qadın qorxudan başını geri çevirib hamamın qapısına baxmağa belə ürək eləmədi. Stolun üstündə gözünə sataşan mobil telefonunu götürüb ərinə zəng vurdu. Ona həyəcanla yalnız bunu deyə bildi:
    -Evdə kimsə var!
    Həmin günün səhəri təzə evlilər bu evlə də sağollaşmalı oldular. Qadın yolboyu başını taksinin pəncərəsinə söykəyib lal-dinməz, gözləri bərəlmiş halda şkafı düşünürdü.
    Dünən axşam ev sahibəsi gəlib şkafı açmışdı, orda iki qadın kürkü və bir dəst bahalı kişi kostyumundan başqa bir şey yox idi. Üstəlik ev sahibəsi açarı olmadığından yarım saatadək qapıda qalmışdı. Bayaq onlar taksiyə yüklərini yığarkən dördüncü mərtəbədəki qonşuya usta gəlmişdi. Sən demə, dünən günortadan qonşunun su kranı bağlanmırmış, ahəstəcə su axıdırmış. Və qadın yalnız indi –indi qorxularını anlamağa başlayırdı. O, çoxuşaqlı ailənin darısqal mənzilində dünyaya gəlmiş, evlənənə qədər də orda yaşamışdı. Əri işdən gələnədək evdəki sükutu dinləmək ona ağır gəlirdi. Beynində qurduğu “filan evdə ruh var”, “evdə kimsə gəzir”, “pəncərədən kimsə keçdi” kimi kiçicik və anlaşılmaz görüntülərin bir adı var idi: Təklik!

    Şəfa Vəli (Gəncə)

  • Şəfa VƏLİYEVA.”Payıza xoş gəldin deyək… ürəyimizdən keçərsə…” (Esse)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Dünya yaranandan insanlar həmişə dörd ünsürü əsas tutub: od, su, hava, torpaq. Sonra illəri dörd fəslə bölüblər: yaz, yay, payız, qış. Evlərimizin də dörd küncü var, ayrıclar da dörd yol arasındadır. Söhbətimiz dörd rəqəmindən başlasa da, əslində, payızdan danışacağıq- üçüncü fəsildən…
    Qarşıdan payız gəlir. Xəzanlar fəsli. Şairlər ayrılıq gününü payıza bənzədir, sevgililərinin xəyanətini payızın günahına yazırlar. Sarı yarpaqların havada uçub-uçub yerə düşməsiylə müqayisə edirlər ümidlərin ölməyini. Sonra hələ bir payıza qəmli, kədərli nəğmələr də qoşurlar. Sanki payız günahkardı sevgili yarın vəfasızlığına, elə ruhu sevgidən, gözü dünyadan doymayanlar da payızdan ibrət alıb.
    Bəxtiyar Vahabzadə “Yağmurdan sonra”nı qələmə alanda payızın təsvrini şeir dili ilə gözəl verib. Amma, “payızda da eşq başlayarmı?”-sualına cavab olaraq “bəli” də deyib.
    Bir payız axşamı yağırdı gur yağış,
    Saplandı könlümə alovlu bir baxış.
    Bəli, baharda da sevgi yaşanır, payızda da. Əsl sevgilər baharın yaşıllığından da, payızın sarı boyasından da ahənglənir, əlvanlıq ala bilir. Payız-təbiətin ağ, məsum donunu sarı ləçəkli çətirləriylə gətirən gözəl… Soyuqqanlı, laqeyd, bir az da dalğın gözəl… Ana təbiətin bu soyuq qızının da gözləri aladır məncə, elə qarışıq rəngləri kimi. Sarı yarpaqlar, boz küləklər, alatoran sabahlar, nəmli axşamlar… Və payız-dünyanın fani, gələnin bir gün gedəcək ehtimalını insanlara xatırladan “dahi”. Baharda açmağa nə var ki, bir gül kimi?! Ya da elə yayda günəşlə sevgidən danışmağa?! Əsas payızla həmahəng gün keçirməkdir, məncə… Bir az da içində ölən ümidlərdən sarıdonlu soyuq gözəlin payına qatmaqdır, çürüyüb torpağa qarışan yarpaqlar kimi.
    Nə isə… Payız gəlir. Eşidilən addım səsləri uzaqda deyil, baxmayaraq ki, uzaq və yaxın həyatın bahar-payız təzadından heç də fərqli deyil. Bəlkə eşələsək elə eyni kateqoriyadan, eyni sinifdəndilər-elmi dildə desək…
    Yaxınlaşır soyuq deyə-deyə kədərindən də, sevincindən də cuşə gəldiyimiz payız. Toylar fəsli… Babalarımız demişkən (onları yad eləməyi borc bilək, düşünüb deyiblər)…
    Gəlin bu payıza ürəkdən “xoş gəldin” deyək… Ürəyimiz istəyirsə…

    Şəfa Vəli (Gəncə)
    19.08.2009

  • Abdulla MƏMMƏD.”Bu sevdanın dərd ələyir ələyi!”

    abdullamuellim

    Bu sevdanın dərd ələyir ələyi,
    Bu ələkdə ələnən mən, qalan sən.
    Allah bilir-nələr çəkir ürəyim,
    Ürəyimi talan etdin, talan sən!

    Uzaq gəzir məndən sənsiz sevincim,
    Ərköyünə dönür yerin ürəkdə.
    Yüyəninə əl atdığım sevincin
    Yoxluğuna dözə bilmir ürək də.

    Ürəyimdə yuva qurdun qüssədən,
    Həsrətindən buludlanır gözlərim.
    Ələdikcə saçlarıma qüssə dən,
    Qan ağlayır sənsiz, sənli sözlərim.

    ÖMÜR demə yaşadığım bu günə,
    Sənsiz, gülüm, tale yolum duman, çən.
    Bu sevdanı salan saldı düyünə,
    Büdrəyən mən ,inciyən sən, uman sən…

    Ayrılığın havasında oynayıb,
    Sənsizliyi ürəyimə salmışam.
    Yaxınlarım elə məni qınayır,
    İki yolun ayrıcında qalmışam.

    Göz yumduğum günlər girir gözümə,
    Sənli günlər bir-bir gəlir gözümdən
    Sənsizliyin ağ olubdur üzümə,
    Sən də yoxsan- hara qaçım özümdən?!

  • Abdulla MƏMMƏD.”Ağlar məni”

    abdullamuellim

    Yağır xatirə yağışı,
    Sənsiz səma ağlar məni.
    Əlindən hara yığışım?
    Həsrət qoyub ağlar məni.

    Yollar gözümə baqlıdır,
    Gözüm dözümə bağlıdır.
    Qapın üzümə bağlıdır…
    Axşam, səhər ağlar məni.

    Ahım gümana bürünüb,
    Güman dumana bürünüb.
    Duman dağlara sürünüb
    Köks ötürər, aglar məni.

    Dağlar dağımdan dağlanar,
    Yolu dumandan bağlanar.
    Mənə ürəkdən bağlanan
    Qismət qoyub ağlar məni.

    Şimşək buludu doğrayar,
    Bulud qəzəbdən ağrıyar.
    Dağlar dözməz bu ağrıya,
    Çay seliylə ağlar məni.

    Zaman donsa, yaş dayansa,
    Ömür yarı yaşda yansa,
    Quru odda yaş da yansa,
    Od diliylə ağlar məni!

    Azərbaycan. Quba.

  • Müzəffər MƏZAHİM.”Xoşbəxt eləməyə gəlmişəm səni”

    mm

    Kövrək xatirəndə qalan izlərim,
    Əbədi həkk olsun ömür yolunda.
    Sənə həsrət qalan yorğun gözlərim,
    İzn ver dincəlsin gül camalında.

    Çıxart xəyalından aşkara məni,
    Bəxtim qoy bəxtinə zəmanət olsun.
    Xoşbəxt eləməyə gəlmişəm səni,
    Ömrün də ömrümə əmanət olsun.

    Eşqinlə çək çıxart ürəyimi, gəl,
    Təkliyin qaranlıq gor quyusundan.
    İllər yolumuzda olmasın əngəl,
    Doğulaq taleyin kor quyusundan.

  • Müzəffər MƏZAHİM.”Yaxşı-yaman arasında”

    mm

    Bir ömürdür yaşayırıq,
    Bəxtlə güman arasında.
    Arzu, ümid daşıyırıq,
    Yazla xəzan arasında.

    Bu dünyanı ha çevirdim.
    Astarı bir, üzü birdir,
    Bir doğmalıq izi gördüm,
    Yerlə insan arasında.

    Mənəviyyat çiçək deyil,
    Hava deyil, çörək deyil,
    Çoxuna heç gərək deyil,
    Dinmə nadan arasında.

    Şir olasan, nər olasan,
    Yenilməyən ər olasan,
    Üyüyərsən zaman-zaman,
    Daş-dəyirman arasında.

    Hər dəli çay Kür deyil ki,
    Hər gizli söz sirr deyil ki,
    Hamı elə bir deyil ki,
    Yaxşı-yaman arasında.

  • Rafiq ODAY.”Vətən”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bəlkə də dünyanın yüz yaşı vardı, –
    İnsanın tamahı ilk daşı yardı.
    Dımdıyin dörd səmtə dən daşıyardı,
    Səni dənliyindən etdilər, Vətən!

    Sanki bir-birinə oxşardı hamı,
    Oğuzdu, Qorquddu, Avşardı hamı,
    Qoynunda şad-xürrəm yaşardı hamı,
    Səni şənliyindən etdilər, Vətən!

    Xoş arzu-niyyətə təməldin onda,
    İnsanlar halal süd əməndi onda,
    Məchul bir riyazi əməldin onda,
    Səni tənliyindən etdilər, Vətən!

    Tanrıya ən yaxın bəndə sən idin,
    Cismdə sən idin, təndə sən idin,
    Özündə özündün, səndə sən idin,
    Səni sənliyindən etdilər, Vətən!

    Yağını öyrədən sanma dəlidi,
    Nə gicdi – minillik fitnə-felidi.
    Şuşa sənin üçün Çənlibel idi,
    Səni çənliyindən etdilər, Vətən!

  • Rafiq ODAY.”GÖZƏL, NƏ GÖZƏL…”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Çarıq geyib, düşdüm yola, gedirəm,
    Heç baxmadan sağa, sola, gedirəm,
    Qırx budaqlı ağac* ola, – gedirəm,
    Altının gölgəsi gözəl, nə gözəl!

    Ozanlar axışıb gələ ardımca,
    Nadanlar baxışıb gülə ardımca,
    Xaqanlar dönələr selə ardımca, –
    Metesi, Bilgəsi gözəl, nə gözəl!

    Sel çəkilə, lax durula qəlblərdə,
    Haqq əliylə baxt qurula qəlblərdə.
    Eşq adında taxt qurula qəlblərdə,
    Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!

    Köksümün altında alışan köz var,
    Hələ yol gözləyən gör neçə söz var,
    Eşqimi bir qıza eylədim izhar,
    Zalımın “bəlkə”si gözəl, nə gözəl!

    Ozanlar axışıb gələ dalımca,
    Nadanlar baxışıb gülə dalımca,
    Xaqanlar dönələr selə dalımca, –
    Təknələrdə kündə ola – öyünək,

    05.09.2016.

    * 4o dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur

  • Gənc yazar Kənan Aydınoğlunun şeirləri “Buta” almanaxında işıq üzü görüb

    b

    “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun şeirləri “Buta” Türk Dünyası Şairlərinin almaxında işıq üzü görüb.
    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun “Odlar yurdu-Azərbaycan” şeiri Azərbaycanın Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı layihə çərçivəsində “Yazıçı” nəşriyyatı tərəfindən işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyasında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Şabran Mədəniyyət Sarayında “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək

    picture

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Ədəbiyyat-Az.Com-a bildiriblər ki, 2017-ci ilin iyun ayının 8-də saat 15:00-da Şabran Mədəniyyət Sarayında Azərbaycan ədəbiyyatı tarixində qələmə alınan ilk poemanın müəllifi Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunmuş “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. Qeyd edə ki, iyun ayının 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “VI ŞAİRLƏR GÜNÜ” gerçəkləşmişdi.Gerçəkləşən möhtəşəm Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Vaqif Səmədoğlunun əziz xatirəsinə həs olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Beyləqan Mədəniyyət Evində “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək

    picture

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Ədəbiyyat-Az.Com-a bildiriblər ki, 2017-ci ilin iyun ayının 7-də saat 15:00-da Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunmuş “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. Qeyd edə ki, iyun ayının 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “VI ŞAİRLƏR GÜNÜ” gerçəkləşmişdi.Gerçəkləşən möhtəşəm Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Vaqif Səmədoğlunun əziz xatirəsinə həs olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • “Buta” kitabının təqdimat mərasiminə həsr edilmiş proqram

    b

    23 Sentyabr 2016-cı il tarixində:

    Xarici ölkələrdan Vətənimizə təşrif gətirmiş Qonaqların Bakı Beynəlxalq Avtovağzalından alınması
    Qonaqların qarşılanması və Oteldə yerləşdirilməsi.
    13:00 Nahar
    14:00 Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət
    15:00 Bakının ən uca nöqtəsi olan Dağüstü Park gəzintisi.
    18:00 “Buta” Kitabının təqdimat mərasimi. (Mərasim Restoranda baş tutacaq və yeməklidir).
    22:00 Qonaqların otelə dönüşü
    24 Sentyabr (09) 2016-cı il
    9:00 Səhər yeməyi
    9:30-da Kitab muzeyi ilə tanışlıq
    Şirvanşahlar muzeyinə səyahət
    İçəri şəhər və Qız qalası ilə tanışlıq
    13:00 Günorta yeməyi
    14:00 Bakı bulvarına səyahət.
    Gəmi ilə Dəniz səyahəti.
    18:00 Axşam yeməyi
    19:00 Şamlı parkda, çay stolu ətrafında şeir dəqiqələri
    25 Sentyabr (09) 2016-cı il
    8:00 Oteldə səhər yeməyi
    8:30 Azərbaycanın tarixi yerlərinə səyahət çərçivəsində – İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəzinti.
    Sazlı-sözlü, musiqili, yeməkli bir səyahət günü
    Axşama otelə dönüş
    26 Sentyabr (09) 2016-cı il
    9:00 Oteldə səhər yeməyi
    10:00 Ticarət mərkəzində sərbəst alış-veriş
    12:00 Qonaqların yola salınma mərasimi

  • “Buta” Almanaxında şeirləri çap olunan şairlər

    b

    “Buta” Almanaxında şeirləri çap olunan şairlər bunlardır:

    Abdulhadi Bay
    Ahmet Ayaz
    Ahmet Sargın
    Alaeddin İkican
    Almara Əhmədova
    Anuar Ömər
    Ağasəf İmran
    Araz Əhmədoğlu
    (Muallim) Ayhan Bingöl
    Aysel Kaya
    Bəhruz İsmayılzadə
    Bekir Yegnidemir
    Bənövşə Daşdili
    Bəsti Bərdəli
    Celil Çınkır – Delibal
    Cemal Ünal
    Dayandur Sevgin
    Dinməz
    Dursun Musayeva
    Elçin Əlizadə
    Ələdddin Təhlə
    Elvin Kəlamsız
    Əmin Hacilu
    Emir Əhmədoğlu
    Ənsar Qaradağlı
    Əziz Muğani
    Fahrettin Alay
    Fazil Bulud
    Fərahim Sadıqov
    Fərzalı Abbasəlioğlu
    Fəxrəddin Ziya
    Firudin Səmədoğlu
    Galim Mutanov
    Göksel Kara
    Gulbahor Sattarov
    Gülhun Ertilav
    Halil Güvenbaş
    Haray Məsud
    Harun Yıldırım
    Hasan Akar
    Hasan Ulusoy
    Hilmi Yazgı
    Huşəng Cəfəri
    İbrahim Coşar
    İbrahim Həbibov
    İlahə Bayandur
    İlhamə Qasımova
    İlqar Türkoğlu
    İqbol Mirzo
    İslam Əzimov
    İslah Qəmbərov
    İsrafil Hüseynov
    Kənan Aydınoğlu
    Kiyan Xiyav
    Malika Salimova
    Mayıl Asiman
    Mehmet Engin
    Mehmet Nacar
    Məmməd Kazım
    Metin Falay
    Mirzəkişi Sabah
    Muazzam İbrahimova
    Muhsin Aksakal
    Munavvara
    Münevver Düver
    Nermin Akkan
    Neşe Cömert
    Oxtay
    Qo‘chqor Norqobil
    Ramiz Qusarçaylı
    Remzi Zengin
    Robert Minnulin
    Rza Talibi
    Sabiha Se¬rin
    Sabir Rüstəmxanlı
    Şahəddin Mahmudov
    Səhər
    Səid Muğanlı
    Sevən
    Solmaz Mərdanqızı
    Solmaz Ur¬mu¬lu
    Sündüs Arslan Akça
    Şemsettin Ağar
    Şərifə Cəfəri
    Tahsin Sedefoğlu
    Ülkü Taşlıova
    Ümid
    Yavuz Sevdai
    Zilolabonu Xoliqova

    Qeyd: Əziz şairlərimiz, Sizin hər birinizi ayrı-ayrılıqda təbrik edirik!

  • Müzəffər MƏZAHİM.”Sazım mənim”

    mm

    Aşıq Ədalət saz çalarkən

    Sədəfə tutdurram səni,
    Sinəmə yatdırram səni,
    Dil-dil oxutduram səni,
    Nəğmələnmiş arzum mənim,
    Qu boğazlı sazım mənim.

    Sən Məcnunun Leylasısan,
    Anamın ilk laylasısan,
    Öz ruhumun balasısan,
    Ömrüm, günüm, yazım mənim,
    Qu boğazlı sazım mənim.

    Sözümün ekiz tayısan,
    Qorqud babamın payısan,
    Əsrlərin harayısan,
    Dünyayla təmasım mənim,
    Qu boğazlı sazım mənim.

    Çaldıqca cövlan eylədin,
    Ötəni yoldan eylədin,
    Hər dərdi yalan eylədin,
    Çağlayan Arazım mənim,
    Qu boğazlı sazım mənim.

    Hər sahil bir üzəngidir,
    Bu vüsal yaman ləngidi,
    Sinəndən qalxan “Cəngi”dir,
    Öndədir Eyvazım mənim,
    Qu boğazlı sazım mənim.

    “Misri” dinəndə dinmisən,
    Köksüm üstə isinmisən,
    Canımmısan, gözümmüsən?
    A şirin avazım mənim,
    Qu boğazlı sazım mənim.

  • Müzəffər MƏZAHİM.”Sazın”

    mm

    Bir həzin yaz axşamı,
    Olduq qonağı sazın.
    Aşığın yanağını,
    Öpdü yanağı sazın.

    Axdı nəğməli sellər,
    Coşduqca coşdu dillər,
    Dedik alışıb tellər,
    Yanar çanağı sazın.

    Bir duyğulu ürəkdir,
    Buluddan da kövrəkdi,
    Bizi tarıma çəkdi,
    Belə sınağı sazın.

    Sığındıq mehrinə biz,
    Dözdük hər “qəhrinə” biz,
    Bələndik sehrinə biz,
    Bu dastan, nağıl sazın.

  • Rafiq ODAY.”Tapammıram” (Qəzəl)

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Min ildi yol gəlirəm, izimi tapammıram,
    Əyrilər at belində, düzümü tapammıram.

    Qılıncdan kəsərlidi deyirdi – söz, – babalar,
    Nədən mən o kəsərli sözümü tapammıram?!

    Deyirdim gözüm kimi qoruyaram mən səni,
    Səni qoyaq bir yana, gözümü tapammıram.

    Bir-birinin üstündə gör nə qədər ələk var,
    Bu ələklər altından üzümü tapammıram.

    Kimə üz tuturamsa – dilində “döz” kəlməsi,
    Mənə döz deyənlərdə dözümü tapammıram.

    Mən də dərdin əlindən dağa pənah apardım,
    Qan içində titrəyən dizimi tapammıram.

    Həm mürşidəm, həm mürid, həm dərvişəm, həm seyyid,
    Rafiq Oday mənəmmi? – Özümü tapammıram.

  • Rafiq ODAY.”Bilmir” (Qəzəl)

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    İnsan var hələ çox şeyin dərkin qıla bilmir,
    Aludə olur, sonra da tərkin qıla bilmir.

    Üzü yumuşaq olmağın bir anlamı yoxmuş,
    Oldusa, daha heç nəyin bərkin qıla bilmir.

    Mən haqq ozanı – eşqi-təcəlla məqamında,
    Sevda havalı, eşq dolu sər kin qıla bilmır.

    Aşiqdə gözəllik hələ də batinə bağlı,
    Zahır nə ola, eşq onu çirkin qıla bilmır.

    İman işığı qəlbinə yol tapmasa, əsla,
    Beş vaxt namazın, olsa da hər kim, qıla bilmir.

    Rafiq Odayam, heç kimə yox zəndi-gümanım,
    Təkcə sənə, Tanrım, çatır ərkim, qıla bilmir.

  • Müzəffər MƏZAHİM.”Vətəndir”

    mm

    Sənə çörək, su verən,
    Bolluca ruzu verən,
    Şip-şirin arzu verən,
    Ulu torpaq Vətəndir.

    Müqəddəsdir Ana tək,
    Qoynu əlvan gül-çiçək,
    Qoyma sola, becər,ək,
    Bu barlı bağ Vətəndir.

    Bu gördüyün çöl-çəmən,
    Sarı zəmi, bollu dən,
    Zirvəsi bulud əmən,
    Vüqarlı dağ Vətəndur.

    Gözəl göllər, guşələr,
    Şəlalələr, köşələr,
    Gur çaylar, sıx meşələr,
    Qaynar bulaq Vətəndir.

    Ayla, ulduzla qalxan,
    Üç məğrur rəngələ baxan,
    Uğrunda qanlar axan,
    Ulu bayraq Vətəndir.

    Himni könül dindirən,
    Coşduran, sevindirən,
    Qəlbini isindirən,
    Bu gur ocaq Vətəndir.

  • Müzəffər MƏZAHİM.”Götürməz”

    mm

    Öz yükünü özün daşı,
    Bu dünya şələ götürməz.
    Gözlərindən axan yaşı,
    Bir kimsə ələ götürməz.

    Gözün tox, qəlbin dolusa,
    Bəndəsən, Allah qulusan.
    Getdiyin haqqın yolusa,
    Əyri əmələ götürməz.

    Sevgi ələm yanğısıdır,
    Vüsalsız qəm yanğısıdır,
    Bu od Kərəm yanğısıdır,
    Bu dərdi lələ görürməz.

    Həyatın hər cür üzü var,
    Eniş-yoxuşu, düzü var,
    Qəlbində ki, qəm izi var,
    Ürəyin çilə götürməz,

    Ömür yollarda əsirdir,
    Hər yolun məramı sirrdir,
    Sonsuzluğun yolu birdir,
    Hər yol əcələ götürməz.

  • Rahilə DÖVRAN.”Ehtiyac”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Nə zamandır ki, çalışıram
    qurtulam ondan.
    Amma o, buz kimi soyuq,
    boz əllərini çəkmir
    yaxamdan.
    Zamanla əlbir,dilbir olub,
    gözəl yaşamama vermir rəvac.
    Evimə,əyin başıma, cibimə,
    sanki qoyub sayğac.
    Eyləyib bu zamanda bizi,
    hər şeyə möhtac.
    Zalım,acımasız,qansız-
    ehtiyac…
    İflic edib qorxulu bir ur kimi,
    düşüncəmi,fikrimi,
    təqib edir məni, öz kölgəm kimi.
    Qurtula bilmirəm ondan,
    sınasam da hər çeşid yolu.
    Hər gün üzərimə gəlir,
    daha zəhimli,daha qorxulu.

  • Rahilə DÖVRAN.”Qanlı fələk”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Sonetlərim – silsiləsindən

    Necə də qaçıbdır gün, ay gözümdən,
    Uçub, qanadlanıb quş kimi illər.
    Olmamış xəbərim mənim özümdən,
    Çevrilib qış olub bütün fəsillər.

    Bilmirəm necə də söndürüb zaman,
    Gənclik tonqalının sinəmdə külü.
    Fələk sazı aldı, inləyir kaman,
    Qatlanmış kitabam, tozlu, bükülü.

    Bir onu bilirəm bu neçə ildə,
    İmanm ömrümə mayaq olubdur.
    Ömrü yaşasaq da, deyildir əldə,
    Keçən hər bir anım bıçaq olubdur.

    Bir omür keçirdim sisli, dumanlı
    Fələyi görürəm əlləri qanlı.

  • Şəhla RAMAZANQIZI.”Qaranquşlar qayıdanda” (Hekayə)

    s

    “Hər sətrində bizi axtarırdım. Şeirinin hansında mən olduğumu izləyirdim. Yadındadı, biz görüşəndə son baharın həyatla çarpışdığı məqam idi. Küləyin gözlərə qum təpdiyi bir an idi. Bizim gözlərimiz sevgidən kor olmuşdu deyə hətta qum da onları incitmək istəmədi. O gün günəş necə də böyük idi. Fikir verdinmi o gün Ay da sevgilisi olan günəşin yanındaydı. Amma işığı çox zəif görünürdü. Yadındadı? Biz ömürlük sevgiyə and içmişdik həmin gün. Bax onda qaranquşların köç vaxtı idi. Dediyin hər kəlmə mənim üçün sanki müqəddəsləşirdi. Cəsarətli sevgim qarşısında heyrətlənmişdin yəqin ki. Hara getdin ? Niyə getdin? -deyə sual yağışına tutmayacam səni. Bilirsənmi niyə? Çünki getdin… Bəlkə də həmin vaxt bu ən doğru seçim idi. Ailənin çəkdiyi zəhmət qarşısında borcun idi. Bu borcu ödəyə bildinmi? Yoxsa onları da həsrətdə, hicranla baş-başa buraxdın. Qaçdın sanki. Kimdən,
    Nədən? Özündən qaçdın. Acı çəkirdin mi? Başqalarının günahı nə idi? Heç düşündünmü? Yolunu çox gözlədim… Gəlməyəcəyini bilə-bilə. Hər qaranquşlar qayıdanda sanki sən də gələcəksənmiş kimi yolunu həsrətlə gözlədim. Hardasan, necəsən soruşmayacam. Çünki bilirəm. Yəqin tör-töküntü olan kirayə otağında həmişəki yerində hamıdan gizlənirmiş kimi bükülüb oturmusan. İşığı da yandırmamısan ki, otaq yoldaşın oyanmasın. Telefon işığında oxuyursan. Necəliyini bilirəm. Peşmansan. Utanma ağlamaq istəyirsənsə ağla. Necə olsa heç kim görməyəcək. Bilirsənmi ağlamaq insanı rahatlaşdırır. Mən də çox ağladım. Hamıdan küsdüm. Gecə ay işığı ilə söhbət etdim dəli kimi. Bilirsənmi, səni unutmaq mümkün olmadı. Səni unutmaq istəmədim çünki. Tək səni sevdim. Bilirdim ki gələcəksən hansısa baharda. Sən də məni sevirsən. Baharlarmı çox oldu ? Niyəsə heç bitmədi həsrətin. İşlərin yoluna düşdümü? Çox üzdün məni. Amma səni sevirəm. Mən aciz biriyəm yəqin ki. Sənsizlik məni çox incitdi. Həkimlər yaxşı heç nə demir. Mən gedirəm. Gələcəksən bunu da bilirəm. Əlvida.”
    Məktub əllərindən yerə düşən Turan üzünü dizlərinə sıxıb səssiz-səssiz ağladı. Sonra məktubu yerdən götürüb dodaqlarına sıxdı. Səhərki dəfn mərasimi əbədi olaraq Şəlaləni Turandan ayırdı. Turan gecə hamı gedəndən sonra yenidən Şəlalənin qəbrinə gəldi. Məktub da əlində idi. “Gəldim Şəlaləm. Gəldim sevgilim. Bax qaranquşlar gələndə gəldim” -deyə hönkürdü. Orda da yatıb qaldı. Sabah açılanda qəbiristanlığa gələn Şəlalənin ailəsi qızının qəbri üstündə yatan adamı görüb qəzəbləndilər. Yaxınlaşanda həmin şəxsin buz kimi soyuq olduğu, çoxdan öldüyü anlaşıldı. Ağzından və burnundan qan axmışdı.

  • Şəfa VƏLİYEVA.”Gül və onun “GÜL”ü”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm.

    Elə bilmişəm ki, nə etsəm, nə danışsam, mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Amma o, elə deyil. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda bir əminlik vardır. Mənə bugün üçün “yanlışlarımla da qürur duyuram, çünki mənimdir” – dedirdəcək bir özgüvəni qazandıran ikinci adamdır.

    Hekayələrimin birində onun obrazını yaratmaq istərdim. Bunu bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini çəkən ədəbi imzanı arayır-axtarır, kitabını tapır, pul verib alır, günlərlə oxuyur, analiz edir, fikirlərini məqalə şəklində mətbuatda çap etdirir, sonra pul verib həmin mətbuat vasitəsini də (jurnal, qəzet, almanax) alır, aparır müəllifin özünə hədiyyə edir. Bəhs etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır. Onunla bağlı xatirələrim çoxdur, lap çox.

    Müxtəlif zamanların müxtəlif kadrlarında gözlərimin önündə həmişə bir GÜL sözü var. Mən ona elə beləcə də müraciət edirəm: A GÜL!

    2016-cı ildə “aybKitab” layihəsində çap olunan üçüncü kitabına da bu adı verdi Gülnar Səma: “GÜL”. O kitabın hər vərəqinin elektron variantını görmüşdüm, çapını necə qəribə bir həvəslə gözləyirdim. Keçirilən təqdimatların heç birində isə iştirak edə bilmədim. Anam demiş, “bəzən nəyisə nəyəsə qurban vermək lazım gəlir”. Yox, mən “Gül”ü heç nəyə qurban vermədim, sadəcə onu zamana sığdıra bilmədim. Aprel ayında çap olunan kitab mənə ad günümdə – iyulun 22-də hədiyyə olundu. Ən gözəl hədiyyəm idi. Birnəfəsə oxudum kitabı. Tanış misralar idi. “Çobanaldadan” şeirini çox sevirəm. O şeiri ilk dəfə “Ədəbiyyat qəzeti”ndə oxuyanda Gülnar Səmaya bir məktub da yazmışdım.

    Adətən, əlimə düşən kitabları oxuyub bitirincə şəxsi kitabxanamdakı kitabların yanına (utanaraq deyim ki, karton qutulara) qoyuram. Nə sirrdisə, “GÜL” hələ də şkafın üstündən mənimlə “söhbətləşir”. Arada götürüb vərəqləyirəm, sevdiyim və əzbər bildiyim misraları tapıram, onları bir də oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram, başlayıram zümzümə etməyə. Gülnar deyir ki, “nazıyla oynadım ayrılıqların”. Sonra da özgüvənini belə sərgiləyir: “Ayrılıq mənimçün həyat tərzidi”.

    Mənim şeirlərimin əksəriyyətində sevənin iztirabları var. Gülnarın bir şeirinə rast gəldim, orda sevgidən şikayətlənən poetik obrazın cavabı çox orijinal şəkildə verilir:

    Nə olsun ki, bacarmıram,
    Ürəyimcə sevməyi də…
    Sən sevdin, dəyişdin nəyi?!

    Gülnarın şeirində folklora müraciət çoxdur. Bu, yenilik deyil. Xalqımızın ədəbiyyata sevgiylə yanaşması, hər addımda bir söz qoşulması sevindirici və qürurvericidir. Və ədəbiyyat tariximizdə xalq örnəklərindən qaynaqlanaraq yaradılan əsərlər də az deyil. Lakin Gülnarın şeirlərində folklor nümunələrindən birbaşa istifadə olunmur. Sanki xalqımızın söz xəzinəsinə işarə olunur. Bu işarələnmə və onun yaratdığı bədii nümunələr fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın tədqiqatçıları mütləq bu fikrimə diqqət ayıracaqlar. Fikrimi əsaslandırmaq üçün Gülnarın misralarından misal da gətirirəm:

    Gündə bir yol bostanına daş ataq,
    Qoy həftələr, aylar bizdən danışsın.

    lll

    Bir sevgi nəğməsi zümzümə etdin,
    Düşdü həyatının qu tərəfinə.

    lll

    Bir qız vardı bizim kənddə,
    Reyhan kimi gözü qara.

    lll

    Türkanə sevgi görər,
    Bütün nəlvə-nəsilin.

    lll

    Nux ulular misdən gümüş yapmadı.

    Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından, ədəbiyyat tariximizin çağdaş səhifəsində öz imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!

    “Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim. O şeirdə Gülnar yazır ki:

    Səbəbsiz bəhanələrin
    Nəticəsini alqışlamaqdan başqa
    Seçimin qalmır.
    Yox, əgər hələ bəhanələr qalıbsa,
    Onda, bu, ayrılıq olmur.

    İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox… Amma hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim… Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü” haqqında yazacağam. Tanrı nəsib etsin!

    Gəncə

  • Vüsal YURDOĞLU.”Daha yoxdur bizim kimi sevənlər…”

    vy

    Mən səninlə var olandan çox keçib,
    O varlıqdan, birgəlikdən yox əsər.
    İllər ilə ürəyimdən ah kəçib,
    Daha yoxdur bizim kimi sevənlər…

    Daha yoxdur sənin kimi can deyən,
    Mənim kimi yoxdur canın incidən.
    Dövrandamı, yoxsa bizdə günahlar?!
    Daha yoxdur bizim kimi sevənlər…

    Təsirsizdir hər oxunan nəğmə də,
    Sən də, mən də, ölüb artıq sevgi də…
    Necə dözüm bu dərdə, bu möhnətə?
    Daşa dönsün səni yada verənlər!

    Ayırdılar, ayırdılar canımdan,
    Sən mənimdin, indi özgə candasan.
    Allah bilir, mən bilmirəm, hardasan?!
    Xəbər versin xəbərini bilənlər!

    Soraqlamaq çətin deyil, soruşdum,
    Yerin-yurdun bilən oldu, olmadı,
    Çəkə-çəkə hicranına alışdım,
    Daha olmaz mənim kimi çəkənlər…

    Qismətimdə bir uğursuz məhəbbət…
    O xoşbəxtlik, dilədiyim səadət,
    Sənlə birgə çıxıb getdi, dönmədi…,
    Daha yoxdur bizi birgə görənlər…

    Sən gedəndə solmuş üzüm həminki,
    Elə yaşlı qalan gözüm həminki.
    Tənha qalmış bu Yurdoğlu deyir ki,
    Daha olmaz bizim kimi sevənlər!

    Gecələrin qaranlığı tükənməz,
    Dərdin üzər məni, axı öldürməz.
    Yoxluğuna bunca zaman dözülməz,
    Daha yoxdur Məcnun kimi ölənlər!

    Övladının olduğunu eşitdim…
    Olsun, sənin hər saatın xoş olsun!
    Bu gün bildim,- məni sevdin, nə olsun?
    Qovuşmayır qarşılıqlı sevənlər!

    2014.

  • Vüsal YURDOĞLU.”Gözləməz”

    vy

    Sevgi vəfa bilən qəlbin dəyəri,
    Hər taleyə ayrı düşür düşəri.
    Qarşılıqsız verə bilməz bəhəri,
    İstək, məram, hörmət, zaman gözləməz!

    Umma əsla heyrətinə vardı yar,
    Anlamaz ki, düşüncəsi dardı yar.
    Ağacında dərilməmiş bardı yar,
    Bağban, dərviş, sehr, nişan gözləməz!

    Vəfa səndən, vəfasızlıq həyatdan,
    Əzab çəkmək rahat gəlir rahatdan.
    Hələ tezdir, çək əlini büsatdan,
    Qohum-qardaş, qayın-quda gözləməz!

    Fərasətli, igid olan sevəndə,
    Vəfasıza könül verib öləndə.
    Peşimanlıq eşqin torun hörəndə
    Kasıb, varlı, məşhur, aciz gözləməz!

    Vüsal səhvdir, düzgün deyil rədifi,
    Vəfadan xor, dünyada yox sədəfi.
    Dəqiq tutub söz oxuyla hədəfi,
    Meydan, düşman, şəri-şeytan gözləməz!

  • Mais TƏMKİN.”Sıftə zəmon çokebən” (nəzirə)

    10646868_273655359498567_6620189188081019440_n

    Hisob-kitob çı ğuvvəku ve qınyə,
    Həxqi şələ sicimiku beqınyə.
    Arədəmon kin-kudurət eqınyə,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Mu kam nəbi, jenon, kinon bəvonku,
    Həyo-abrü ve hestıbe çəvonku.
    Ləçək, pəlü uənəbi səvonku,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Zuon, kinon hənək əkəyn deyəndı,
    Mehriban bin, hiç nəqınin bəyəndı.
    Esə həmə nom pesoxdən boyəndi,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Zuə kinəj bə co məksəd piyedə,
    Gevon beşə, kələ vində diyedə.
    Həxq votəkəs, de həromi jiyedə,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Əğıl nıbim, az handəbim nəvədə,
    Yol-rükəti çaş kardəbin bəvədə.
    Həsüyə tono vəvu yaşmağ qəvədə,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Kok bə lodi, lod bə koki penışdə,
    Rük bə yoli, yol bə rüki penışdə.
    Kaq bə kaqi, sük bə süki penışdə,
    Sıftə dövr , sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Nımoj bıvot dızdi kardə şanqone,
    Ğuron bahand votdə ,,hələ hanqome,,
    Dərk kardəni, çı Ğuroni nom qone,
    Sıftə dövr, sıftə zəmon çokebən.
    İnsonon ve təmizebən, pokebən.

    Merd lınqəro, jen amədə, jen sədə,
    Kinon dasto eqındəni-fen, sədə.
    Əğıl nışdə çı məclisi pensədə,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Esə beşə ve oqəte dəb- rişi,
    Dinsızonən oxşedən bə dərvişi.
    Cohil-cəhil dəsyedəni siprişi,
    Sıftə dövr, sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən.

    Sıxan oməy, az zındənim oqəte,
    Yəğın ki sə, iyo ışdə bo qəte.
    Jıqonçiqon dapalaği peqəte,
    Maisi ğələm ve dırozə lokebən.
    Sıftə dövr , sıftə zəmon çokebən,
    İnsonon ve təmizebən, pokebən!

  • Mais TƏMKİN.”Varmı dərd, hesabda keçə dərdimi?”

    10646868_273655359498567_6620189188081019440_n

    Yüzdümü, mindimi, bilinməz sayı,
    Dərd ilə ötürəm hər günü, ayı.
    A dostlar, çəkdiyim dərddən savayı,
    Varmı
    dərd, hesabda keçə dərdimi?

    Vətən həsrətindən könlüm yaradı,
    Bütöv ürək yurd-yuvasız paradı.
    Dərd bilən dərdimə dərman aradı,
    Dərdbilməz almadı vecə dərdimi.

  • Müzəffər MƏZAHİM.”Hələ”

    mm

    Mən öz məsləkimin, öz amalımın,
    Bir arzu qanadlı quşuyam hələ.
    Gərək sədlər aşan xoş xəyalımın,
    Şirin dünyasında yaşayam hələ.

    Kürə pıçıldayır dərdini Araz,
    Həsrət payımıza çox düşüb”bir az”,
    Qəlbimi didsə də yrtişmiş muraz,
    Gərək ürəyimdə daşıyam hələ.

    Fikir üyüdürəm, söz ələyirəm,
    Sönmüş ocaqları çözələyirəm,
    Vətənin dərdini təzələyirəm.
    Yara bağlamaqda naşıyam hələ.

    Yojum hamar oldu yamana kimi,
    Haqqım büdrəmədi yalana kimi,
    Buludlar qaralar dolana kimi,
    Mən ömrün bəmbəyaz qışıyam hələ.

    Dünya başdan-başa müəmma, təzad,
    Fikirlər dolaşıq, xəyallar azad,
    Məslək yollarında bələdçim həyat,
    Bu yolda bir ümid daşıyam hələ.