abdullamuellim

Hər axşam qoşulub tənha qüssənə.
Qəmini qəlbində közləyəcəksən.
Elə od qoyacaq intizar sənə,
Bu odu hamıdan gizləyəcəksən,
Sən mənim yolumu gözləyəcəksən.

Gündüzlər qəlbində yaşaran ümid.
Gecələr yuxunu ərşə çəkəcək.
Donacaq gözündə yaşaran ümid,
Qəmli baxışın da hey yol çəkəcək,
Sən mənim yolumu gözləyəcəksən.

Gözünün odunu alacaq yollar,
Yenə düyünlənib baxışlarına.
Bu yollar həsrəti gözünə yollar…
Düşərək xatirə yağışlarına,
Sən mənim yolumu gözləyəcəksən.

Mənə qalan olsa-gözün qalacaq-
Sevinci,kədəri yaradan baxış.
Sənin o günlərdə gözün qalacaq,
Gözündən gələcək yar atan baxış,
Sən mənim yolumu gözləyəcəksən.

Nə qədər gec deyil-bir daşın,düşün,
Nə qədər düşməyib işlər düyünə.
Belə at oynatma,atından düşüb
Üz tutub qarşıdan gələn hər günə,
Sən mənim yolumu gözləyəcəksən!

Azərbaycan.Quba.
1985-ci il.