rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

“Mənim dünyam” – silsiləsindən

Sönmür nə həsrəti,nə məhəbbəti,
Qulaqda sırğadır hər nəsihəti.
Olmayıb kimsəyə bir qəbahəti,
Gülərüz,mehriban,ailəyə həyan-
O,mənim babamdı,məşəltək yanan.

Yaxşıya heç zaman yaman demədi.
Atəşdən,alovdan köynək geymədi.
Ömründə bir tikə haram yemədi,
Harama düşməndi,Haqqa inanan-
O,mənim babamdı ,məşəltək yanan.

Elin sərvətiydi zəkası,ağlı,
Qoca bir palıddı torpağa bağlı.
Başımız üstündə qübbəydi,tağlı,
Tufanlar önündə məğrur dayanan-
O,mənim babamdı məşəltək yanan.

Zəhmətdən yoğrulmuş nurlu mayası,
Bağı,bağçasıydı kiçik dünyası.
Üzümü,ənciri,ərik,gilası,
Sabahlar günəşdən erkən oyanan-
O,mənim babamdı ,məşəltək yanan.

Dillər əzbəriydi təmiz,pak adı,
Çağlayan çeşməydi gözəl həyatı.
Damarımda axan həzin bayatı,
Əbədi aləmə müqəddəs karvan,
O,məmim babamdı,məşəltək yanan.

Onsuz bu gen dünya olub mənə dar,
Məbədə dönübdür yatdığı məzar.
Qalmasın oğuldan,qızdan intizar,
Sevimli nəvəsi –Rahilə Dövran-
O,mənim babamdı ,məşəltək yanan.