Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.
Bu yağış daşlaşan sözləri yuyur,
Hələ ki dərdimə acıyır səbrim.
Bir yandan sükutun içimi oyur,
Bir yandan dişini qıcıyır səbrim.
Üzünə baxmağa baxışım aciz,
Dinib-danışmağa söz tutmur dilim.
Bu necə sevgidir,səssiz-səmirsiz,
Sükutdan alışıb yanıram,gülüm!
Yoxsa ayrılıqmı bu sükut,görən?
Əsir əzalarım hey əsim-əsim.
Bəlkə gözlərində fərsizəm,kürəm,
Tənha bir qüssəyəm-ağlın nə kəsir?!
Bəlkə kor olubdur ağlımın gözü,
Ürəyim açılmır-dərdə əl açır.
Vaxtında batmadı ağlıma sözün,
Görəsən,sükutmu eşqin əlacı?
Gözlərin könlünü gizlədə bilmir,
Gözündə tək mənim əksimdir,demə.
Sevdalı ürəyim dərdimə əsir,
Səni sevməyim də tilsimdir,demə.
Qəlbimin açarı səndədir səndə,
Qəlbi qıfıllayıb əsir etmisən.
Qıfılı açmağa dil yoxdu məndə,
Dilimə baxışla təsir etmisən…
Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.