Category: Azərbaycan ədəbiyyatı

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SƏNİ DÜŞÜNƏDƏ

    “Könül dəftərim” – silsiləsindən

    Divarlar div kimi üstümə gəlir,
    Ayrılıq qəmətək bağrımı dəlir.
    Ahım dalğa- dalğa ərşə yüksəlir,
    Səni düşünəndə.

    Xəyal- xatirələr hey varaqlanır,
    Olanlar, keçənlər hey soraqlanır.
    Şübhə qovmaq üçün qəlb yaraqlanır,
    Səni düşünəndə.

    Qürur tərk eləmir sinəmi bir an,
    Hökm edir ardınca getmə, dur, dayan.
    Hər qəmli fikirdən görürəm ziyan,
    Səni düşünəndə.

    Dil töküb gözümdə olmuşdun qoçaq,
    Naxələf çıxantək düşmüsən qaçaq.
    Ürəkdə ilmələr bax saçaq- saçaq,
    Səni düşünəndə.

    Kamına yetməyən könül inləyir,
    Nə yanıb kül olur, nə sərinləyir.
    Nə bir kəlmə kəsir, nə də dinləyir,
    Səni düşünəndə.

    Məcrasız sel kimi hər yana axdım,
    Susdum, sən gedərkən arxanca baxdım,
    Dövran, həsrətinlə qəlbimi yaxdım,
    Səni düşünəndə…

    KÜSDÜRMÜSƏN

    “Könül dəftərim” – silsiləsindən
    – Ünvanlı-

    Tanrı verən can içində canımdın,
    Ürəyimdin, damarımda qanımdın.
    Yaşamımdın, zamanımdın, anımdın,
    Küsdürmüsən dünyasından Dövranı.

    Bağ- bağçamız xəzan oldu töküldü,
    Eşq yoluna, sal qayalar dikildi.
    Hördüklərim ilmə- ilmə söküldü,
    Küsdürmüsən dünyasından Dövranı.

    Alnımıza qədər qara yazılmış,
    Qəlbimizə Haqdan yara yazılmış.
    Vüsal adlı qismət hara yazılmış?
    Küsdürmüsən dünyasından Dövranı.

    Əllərinin hərarəti telimdə,
    Didərgintək dolanıram elimdə.
    Hicranından qələm tutmur əlim də,
    Küsdürmüsən dünyasından Dövranı.

    Hara getdi o ilk bahar, güllü yaz?
    Söndü ilham, susdu avaz, telli saz.
    Insafa gəl, yetər gülüm işvə, naz,
    Küsdürmüsən dünyasından Dövranı.

  • Şəfa VƏLİYEVA.”Poçtalyona məktub”

    kitabıma ad olacaq qədər özünü sevdirən şeirim…

    Poçtalyona məktub

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon.
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon.

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ.
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə.

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun.

    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər.

    Hirsini sənə tökəcək,
    Ayrılıqdan yaman qorxar.
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar.

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam.
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon.
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon.

  • Ədalət RƏSULOVA.”Səməd Vurğun Poeziyası Böyük Vətən Müharibəsi İllərində”

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    30-cu illərin Azərbaycan poeziyası, müharibə dövründə müasir tələblərə cavab vermişdir. Xalqın həyatı, mübarizəsi ilə yaxından bağlılıq, günün irəli sürdü-
    yü mürəkkəb və vacib mövzuları vaxtında və yüksək keyfiyyətlə işləmək müharibə dövründə müasir tələblərə cavab verirdi.Bu baxımdan S.Vurğun poeziyası əsas aparıcı qüvvə kimi öndə gedirdi. Şairin Bu dövrdəki məqsədi aydın idi…

    Bilsin ana torpaq, eşitsin vətən,
    Müsəlləh əsgərəm mən də bu gündən!
    Bu gün bir süngüdür əlimdə qələm

    -deməklə o, təkcə özünü deyl, qələm və məslək dostlarının fikirlərini ifadə etmiş oldu. S.Vurğun öz əsərlərində şəxsi fikir və duyğularını ustalıqla ümumiləşdirmiş və onları dövrünün böyük ictimai-siyasi fikir və duyğuları səviyyəsinə yüksəltməyi bacarmışdır. Poeziyamız bütün müharibə boyu yorulmadan mübarizə
    aparmış, həmişə öz mövqeyində ayıq-sayıq dayanmış,şairin təbirincə desək biganəlik,laqeyidlik əhval-ruhiyyəsi müharibə dövrünün Azərbaycan poeziyasına tamamilə yad olmuşdur.
    30-cu illərin poeziyasının hər birinin özünəməxsus məziyyətləri və üstünlükləri olmuşdur. S.Vurğun Böyük Vətən Müharibəsi zamanı bütün dünyanı narahat edən hadisələri özünəməxsus dəsti-xəttlə canlandırmağa nail olmuşdur. Şair hadisələrin epik vüsətinə cəhd edərək təsirli lövhələr yaratmış, tarixi hadisələrin real təsvirini vermişdir.
    Səməd Vurğun sovet adamının faşizmə nifrətini, müharibənin qələbə ilə bitəcəyinə inamını ifadə edən “ Rəhbərin çağırışı “ , “Şəfqət bacısı”, “Qəhrəmanın hünəri” və sair kimi şeirlərini yazmışdır. “Şəfqət bacısı” şeirində o, ana və bacılarımızı səngərlərə, igid əsgərlərə kömək etməyə,vətəni qorumağa çağırırdı.
    S.Vurğun şeirlərinin bir çoxunda ön cəbhədə vuruşan döyüşçülərin obrazını, qələbə əzmini tərənnüm etmişdir.O,poetik həssaslıq və siyasi sayıqlıq nümunəsi göstərərək 30-cu illərin sonlarında faşizmtaununun çox sürətlə yayıldığını həyəcanla bildirir, onun qarşısını almağa çağırırdı.
    Azərbaycan şerinin güclü ideya motivlərindən,sağlam mənəvi əsaslarından, başlıcası- Vətən və vətənpərvərlik mövzusu olmuşdur. Bu mövzu müharibə illərində bütün yaradıcı ziyalılarımız kimi şairlərin də fikirlərini dərindən məşğul etmişdir. Vətən və xalq sənətkarın gözləri önündə indiyədək görünməmiş yeni bir
    qüvvətlə canlanmışdır.
    Bu baxımdan,“Azərbaycan” şeiri Vətənin canlı, dolğun lirik obrazı S.Vurğun poeziyası üçün daha çox səciyyəvi Idi.

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan ?
    Azərbaycan Azərbaycan!

    Könlüm keçir Qarabağdan,
    Gah bu dağdan, gah o dağdan;
    Axşam üstü qoy uzaqdan
    Havalansın Xanın səsi,
    Qarabağın şikəstəsi.

    Müharibə illərində Vətən şairin poetik düşüncələrinin başlıca predmeti, vətənpərvərlik duyğusu isə onun döyüşcü surətlərinin əsas keyfiyyətlərindən idi.
    Bu baxımdan “Vətən”şeri S.Vurğunun müharibə dövrü poeziyasının ən qiymətli nümunələrindəndir:

    Gəl çıxaq cəbhəyə, əmr edir Vətən,
    Sən də, bu meydanda kükrəyib çağla!
    Düşmənin gülləsi dəysə sinəmdən,
    Mehriban əlinlə yaramı bağla!
    Həyat verəcəkdir bizə dərmanın,
    Əlilnlə yazılsın hökmü zamanın…

    Şair hadisənin lirik dərkini yüksək sənətkarlıqla verməyə nail olmuşdur.
    Onun nəzərində hər bir qurulu ev, hər bir şəhər insan əli ilə kəmala yetmişbir əsərdir. Minlərlə belə əsərin yanıb külə dönməsi onun varlığına təsir göstərir,
    dünyanı düşünən bir şair olmağın bütün ağırlığını S.Vurğun müharibə dövrü yaradıcılığında etiraf edir.
    Xeyrin qələbəsinə dərin inamdan ruhlanan şair odlar içərisində, əzab çəkənlərə müraciətlə onların intiqamının yerdə qalmayacağını söyləyir. Azərbaycan poeziyası müharibənin sonrakı mərhələsini siyasi, ictimai və ədəbi
    həyata gətirdiyi yeniliklərə biganə qala bilməzdi. Müharibə dövrünün ilk mərhələsində çağırış ruhlu əsərlər yer alsa da, ikinci mərhələdə poeziyanın aparıcı qolunu lirika təşkil edirdi.
    Müharibə dövrü yaradıcılığında S.Vurğun xalq qəhrəmanlarının, obrazlarına tez-tez müraciət edirdi. Bu, şairin romantik poeziyasının ümdə prinsiplərindən biri idi. Güclü vətənpərvərlik meyli Səməd Vurğunun şeirlərindəki ideya istiqamətində aydın duyulan bir keyfiyyət idi,həmçinin obrazların xarakterində,poetikada,vəznin mühüm növlərində səciyyəvi bir əlamət olaraq meydana çıxırdı.Bu isə öz növbəsində onun əsərlərinin daha tez dərk edilməsində başlıca amil olmuşdur.
    Müharibə dövrü Azərbaycan poeziyasında özünü göstərən yaradıcılıq təmayüllərindən biri fəlsəfi şerdir. Səməd Vurğun ədəbiyyatımızın kamal tacına
    yeni incilər vuraraq deyirdi: – “Mən bütün əsərlərin, hər şeydən əvvəl, məna gözəlliyi qarşısında pərəstiş etmişəm. Çünki, heç bir gözəlliyin ömrü mənagözəlliyinin ömrü qədər uzun ola bilməz.” Daha sonra Səməd Vurğun haqlı olaraqqeyd etmişdir ki, “Əsrimiz-böyük mənalar əsridir. Belə bir əsrin ədəbiyyatı da mənalar ədəbiyyatı olmalıdır.”
    Maraqlıdır ki, müxtəlif illərdə Azərbaycan tənqidində və ədəbiyyatşünaslığında şairin əsərləri bəzən təriflənib bər-bəzəkli ifadələrlə göyə qaldırılmış, bəzən demək olar ki, eyni dərəcədə tənqid olunub alt-üst edilmişdir. Şairin ümumi bədii
    yaradıcılığında mövqeyini müəyyənləşdirən, nəhayət, bu şerləri rəğbətlə qarşılayan, lakin onların məqsəd və vəzifələrini yanlış şərh edən tənqidçilər və alimlər də
    az olmamışdır.
    Səməd Vurğun yaradıcılığının özünəməxsus cəhətlərindən birini əks etdirən fəlsəfi şerləri onun fəaliyyətinin böhranlı vəziyyəti kimi qeyd edilmişdir. Boyük
    vətən müharibəsinin ilk günlərindən sənət dostları kimi heç bir ciddi yaradıcılıq böhranı keçirmədən, əlində süngü sandığı qələmi ilə vuruşmuş, çağırış ruhlu şerlərdən başlamış poemaya, mənzum dramadək, poetik yaradıcılığın demək olar ki, bütün formalarındaəsərlər yazmışdır.
    1942-ci ildən etibarən Azərbaycan poeziyasında müharibənin konkret fakt və hadisələrinə həsr edilən xırda şerlər, çağırış ruhlu əsərlər tədricən azalmağa, sözün geniş mənasında lirika, ədəbi prosesdə özünün layiq olduğu yerini tutmağa başlamışdır. Bu zaman həyatı, dərin idrakın və güclü bədii ümumiləşdirmənin məhsulu olan fəlsəfi şerin də bir sıra maraqlı nümunələri yaranmışdır. Həmin şerlərdəyalnız hərb günlərinin konkret hadisə və lövhələrindən, döyüşlərin tək-tək iştirakçılarından, onların xarakterindəki bu və ya digər səciyyəvi əlamətlərdən deyil,bütünlükdə Böyük Vətən müharibəsindən, bəşər tarixində onun törətdiyi hesaba gəlməz dəhşətlərindən, insan şüurunun, insan iradəsininmütəşəkkil bir qüvvə kimibu faciə ilə üz-üzə durub ona qalib gəldiyindən bəhs olunurdu.
    Müharibə dövrü poeziyasında poema bir janr kimi zəifləmişdir. Meydana gələn poemalarda şairlər tarixin uzaq hadisələrinə nəzər salır, insanın böyük arzu-
    larını, zəka və qüdrətini, yaradıcı əməyini tərənnüm etməklə oxucularında faşizmin dağıdıcı xislətinə nifrət hissini daha da dərinləşdirməyə çalışırdılar.
    1941-1945-ci illər Azərbaycan poeziyasının müəyyən qüsurlu və zəif cəhətləri də olmuşdur. Müharibənin ilk aylarında dərc edilən bir sıra şerlərdə sözçülüyə
    qapılmaq təsvir olunan hadisə və pretmetin mahiyyətinə lazımınca nüfuz etməmək halları da oılmuşdur…
    Ağır müharibə illərində şair öz vətənpərvərlik duyğularını və xalqın qələbə əzmini ifadə edən 50-dən artıq şeir, bir neçə poema “Bakının dastanı” adlı mənzum roman yazıb nəşr etdirmiş, dəfələrlə cəbhə bölgələrinə gedib, əsgərlərimiz qarşısında çıxış etmiş, əsgərlərimiz qarşısında çıxışlar etmiş, onları qələbəyə ruhlandıran şeirlərini oxumuş, Bakıda, Tbilisidə, Moskvada keçirilən antifaşist mitinqlərdə alovlu nitqlər söyləmişdir.O, həm bu çıxışlarında, həm də bədii publisistik əsərlərində xeyirlə şərin mübarizəsində şərin məğlub olub xeyirin qələbə çalacağına inam hissini qüvvətləndirən çağrışçıları dinləyicilər və oxucular tərəfindən hərarətlə qarşılanmışdır. 1945-ci ilin 9 mayında Qələbə müjdəsini eşidən S.Vurğun “Zəfər bayramı” şeirini yazmış və onu “Ədəbiyyat qəzeti” nin 10 may tarixli nömrəsində dərc etdirmişdir:

    Yazılsın tarixə bir qızıl xəttlə
    45-ci ilin 9 may günü!
    Başlansın şeirlə, sazla, söhbətlə
    Bu ellər bayramı, ellər düyünü!

    Mən də haqq eşqinə insan eşqinə
    Günəşi qaldırım piyalə kimi!
    Şəhidlər ömrünün saf türbəsinə
    Şerim ətir saçsın bir lalə kimi…

    Böyük Vətən müharibəsi ilə bağlı şairlərimizin çoxlu əsərləri vardır. Lakin iftixarla deyə bilərik ki, Səməd Vurğunun “Zəfər bayramı” şeirində olduğu kimi əzəmətli səslənmişdir. Səməd Vurğun öz xalqının tarixini, dilini, şeirini, mədəniyyətini, ulularımızın müdrikliyini, vətən oğullarının azadlıq eşqini, müqəddəsliyini qəlbdən gələn bir coşqu ilə tərənnüm edən parlaq bir istedad idi.
    Səməd Vurğun Azərbaycan xalqının mənəvi dünyasında dərin izlər qoyub getmiş böyük sənətkardır. Bu gün də müstəqil ölkəmizdə onun adı ehtiramla anılır və yad edilir.
    İftixarla deyə bilərik ki, müharibə dövrü ədəbiyyatında ən öndə gedən yazar-
    larımızdan olan Səməd Vurğun poeziyası 110 ildən artıq vaxt keçməsinə baxmaya-
    raq öz aktuallığını və qiymətini qoruyub saxlamışdır!!!…

  • Ədalət RƏSULOVA.”Mirzə İbrahimovun yaradcılığında müasirlik”

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    “Gələcək gün”romanında azadlıq hərəkatının inikası

    * * *
    Azərbaycan sovet ədəbiyyatının təşəkkülündə və inkişafında, yetkinləşib yeni yaradıcılıq axtarışlarında yorulmaq bilmədən yazıb-yaratmış yazıçılarımızdan biri də Mirzə İbrahimov olmuşdur.
    Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi minlərlə yaşıdı kimi Mirzənin də həyat yolunu işıqlandırır , onun ağır muzdur əməyinin və ehtiyacın girdabından qurtarır. O, mədəndə işləyən dayısının yanında yaşamağa başlayır. O, zaman yenicə açılmış ibtidai məktəbi, sonra isə fabrik – zavod təhsili verən məktəbini bitirərək sonsuz bir həvəslə yeni bir həyata başlayır, gündüzlər işləyərək, gecələr isə təhsilini davam etdirir. Elə o, zamandan kiçik hekayələr yazmağa başlayır.
    1930 -cu İldə Mirzə İbrahimovun ” Qazılan buruq ” adlı ilk şeiri, elə həmin ildə “Aprel alovları” adlı almanaxda dərc edilir. Sonra Seyid Hüseyninin tövsiyəsi ilə onun “Zəhra” və “Mələk” hekayələri “Şərq qadını” və “İnqilab və mədəniyyət” jurnallarında çap olunur. 1931 -ci ildə Mirzə İbrahimov Azərbaycan Proletar Yazıçıları cəmiyyətinə qəbul olunur. Həmin ildə Maksim Qorkinin təşəbbüsü ilə təşkil edilən yazıçı briqadalarından birinin tərkibində o, Sovet İttifaqının tikilməkdə olan mühüm sənaye müəssisələrini gəzmiş, bu səfərin təəssüratı altında yazdığı oçerklərini 1932 -ci ildə “Giqantlar ölkəsi ” kitabında çap etdirir.
    Mirzə İbrahimovun əsərləri dünyanın bir çox ölkələrində oxunan görkəmli, nasir, ədəbiyyatşünas, dramaturq, publisist kimi şöhrət tapmış, ədəbiyyatımızın inkişafında böyük xidmətlərinə görə Azərbaycan Sovet Sosialist Respublikasının sovet yazıçısı adını almışdır ( 1961 ).
    Ədibin Yaradıcılığının ilk mərhələsi 1935-ci ildə qələmə aldığı “Həyat” pyesi o vaxtadək əsasən hekayə, oçerk və məqalələri ilə tanınan gənc yazıçının istedadının yeni bir sahəsinə nəzəri cəlb edir. Böyük dramaturq C.Cabbarlıdan sonra Azərbaycan sovet ədəbiyyatına onun güclü ənənələrini davam etdirəcək gənc dramaturqlar nəslinin gəlişindən xəbər verirdi.
    ” Həyat ” pyesində Azərbaycan kəndindəki yeni ictimai münasibətlər, köhnəlik qalıqlarına qarşı mübarizənin gərginliyi öz dramatik inkişafını tapmışdır.
    Həyat, Abbas, Süleyman kimi hərəsinin öz xüsusiyyətləri olan surətlərin xarakterini dramaturq kolxoz kəndini irəli aparan qabaqcıl qüvvələrlə, mürtəce qüvvələr, vaxtı keçmiş, köhnəlmiş təsəvvürlər arasında davam edən şiddətli mübarizənin əsasında cərəyan etmişdir. M.İbrahimov “Həyat” surətində sovet adamlarının partiya işçilərinin nəcib sifətlərini açıb göstərməyə müvəffəq olmuşdur. Həyat iradəli bir kommunist, ağıllı, təmkinli, sayıq bir Azərbaycanlı qadındır.Məhz “Həyat” pyesi müəllifin dramaturji yaradıcılığında uğurlu bir əsər oldu. Sonralar onun “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar”, pyesləri M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında müvəffəqiyətlə tamaşaya qoyulmuşdur. Bu əsərlərdə müasirlərimizin parlaq surətləri yaradılmış, zəngin mənəvi aləmi, sağlam həyat tərzi göstərilmişdir.
    Mirzə İbrahimov ilk tənqidi məqalələrini hekayə və oçerklərini 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya Donbas şaxtalarında, Dnepropetrorski sənaye müəssələrində səfərdə olmuşdur.
    “Qiqantlar ölkəsi” oçerklər kitabını həmin ildə qələmə almışdır. Azərbaycan Dövlət Elmi – Tədqiqat İnstitutunun iki illik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə – “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933), “Həyat” (1935) pyesi də bu dövrün bəhrəsidir.
    Ədibin İkinci Dünya müharibəsinin ağır sınaq illərində fabrik və zavodlarda, kəndlərdə, əsgəri hissələrdə odlu – alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. Akademik Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş bu əsərdə müasirlərimizin parlaq bədii surəti yaradılmış, zəngin mənəvi aləmi, sağlam həyat tərzi göstərilmişdir.
    Ədəbiyyat və incəsənətimizin bütün yaradıcı qüvvələri kimi M.İbrahimovun da Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti qızğın və səmərəli olmuşdur. O, uzaq Şərqdə olmuş “Vətən yolunda” qızıl əsgər qəzetini redaktə etmiş, bir sıra şeir, hekayə, oçerk və publisist məqalələrini çap etdirmiş, sovet vətənpərvərliyi mövzusunda “Məhəbbət” pyesinini yazmışdır.
    “Gələcək gün” əsəri M.İbrahimovun ilk əhatəli nəsr əsəridir. 1948-ci ildə çap olunan bu əsər yazıçının özünəməxsus sənətkarlıq imkanlarına malik olduğunu göstərdi. İran Azərbaycanı zəhmətkeşlərinin istiqlaliyyət uğrunda mübarizəsinin geniş bədii lövhələrdə əks olunduğu “Gələcək gün” romanında yazıçını xüsusi bir rəğbətlə yaratdığı Firudin surəti tezliklə Azərbaycan nəsrinin xarakterlər sırasında özünə layiqli yer tutdu.
    İnqilabi mübarizənin alovları içərisində yetkinləşən, xalqın mənəvi yenilməzliyini təmsil edən Firidunu M.Qorkinin “Ana” romanındakı Povel Vlasov “Ovodakı” Artur, H.Ostrovskinin “Polad necə bərkidi” romanındakı Pavel Korçakin kimi mərd və mübariz ədəbi qəhrəmanlarla müqayisə etməkdə haqlıdırlar.
    Yoxsul köməksiz Musa kişinin və ailəsinin timsalında yazıçı feodal zülmü altında inləyən, yerli məmurlardan olmazın işgəncələr görən İran kəndlisinin vəziyyətini ümumiləşdirirdisə də, Firudin surəti, hüquqları uğrunda mübarizəyə qoşulan mütərəqqi qüvvələri göstərmişdir. Firudin 30-cu illərin sonlarında, xüsusən ikinci dünya müharibəsi illərində İran zəhmətkeşlərinin milli – azadlıq əhval-ruhiyyəsinin öndə gedən bir surətidir. Firudin və onun məslək dostları xalq azadlıq hərəkatını genişləndirir, onu dünyanın tərəqqipərvər qüvvələrinin imperializim əleyhinə apardığı mübarizə ilə birləşdirirlər. Sosializm ideyaları, İranın Şimal qonşusu olan Sovetlər İttifaqında, xüsusən Azərbaycan Sovet Sosialist Respublikasında qısa bir müddətdə əldə etdiyi böyük ictimai – siyasi naliyyətlər Firudinin öz mühitinə daha aydın tənqidi nəzərlə baxmasına ölkəni sarımış ictimai bəlanın kökünü daha aydın görməsinə kömək edir, onun formalaşmasını sürətləndirir.
    Mirzə İbrahimovun “Gələcək gün” romanında azərbaycanlı, fars, kürd zəhmətkeşlərinin birliyi irticanın hər cür rəzalətlərinə, Rza şaha qarşı mübarizədə inqilabçıların əlində çox güclü və sarsılmaz bir silah kimi istifadə olunur. Yaxın və Orta Şərq xalqlarının, o cümlədən İran Azzərbaycanı zəhmətkeşləri istiqlaliyyət uğrunda mübarizəsi mövzusunda yazanlar xüsusən Cənubi Azərbaycanın gənc ədəbi qüvvələr beynəlxalq hadisələrin bədii əksini verən “Gələcək gün” romanından yaradıcılıq yollarında səmərəli istifadə etmişlər.
    Hələ 1957-ci ildə Məmməd Arifin qələmə aldığı “Azərbaycan sovet romanı” məqalələrində yazırdı: – M.İbrahimov “Gələcək gün” romanında təsvir olunan tarixi şərait, faktları yaxşı bildiyini, qəhrəmanların öz taleyini, xüsusən Firudinin daxili ən inkişaf etdiyini inandırıcı şəkildə açıb göstərmiş və bununlada “Gələcək gün” ün siyasi bir roman kimi “ədəbiyyatımızda yeni müvəffəqiyyətli bir addım” adlandırmışdır.
    “Gələcək gün” romanının respublikamızdan uzaqlarda geniş yayılmasına, təqdir və tərcümə olunmasına dair çoxlu faktlar vardır. Belə insanlardan qardaş Türkmənistanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Berdi Kerbabayevin mülahizəsini qeyd etməklə kifayətlənməyəcəyik: – Əsər məni o qədər cəlb etdi ki, onu bir dəfəyə oxudum. Həmin andaca əsəri türkmən dilinə tərcümə etdim.- Yurdumda hər gün baş verən hadisələr qələmə sığmır… “Gələcək gün” romanın tərcüməsini və nəşrini ona görə borc bildim ki, romanda təsvir olunan hadisələr yüksək bədii təsir qüvvəsinə malikdir.Əsər oxucuya nəcib hisslər aşılayır.
    50-60 illərin Azərbaycan nəsrinin inkişaf meyillərindən onda olan keyfiyyət dəyişikliklərindən söhbət gedərkən dövrün ilk səciyyəvi romanları sırasında M.İbrahimovun “Böyük dayaq” (1957) romanı gözlərimiz önündə canlanır. Bu əsər cəmiyyətimizin həyatında, xüsusən Azərbaycan kəndində insanların şüurunda və xarakterində əhəmiyyətli yenilikləri ilə geniş şəkildə əks etdirən ictimai – psixoloji bir romanıdır.
    “Böyük dayaq”Sovet İKP-nın XX qurultayından sonra qələmə alınmışdır. Həmin dövürdə partiya ölkəmizdə şəxsiyyətə pərəstiş əleyhinə, ictimai həyatda mübarizəni genişləndirmişdir. Bu böyük tədbirlər xalqın ruh yüksəkliyinə səbəb olmuş və onu vətənimizin qüdrətini daha da artırmaqnaminə yeni əmək qəhrəmanlıqlarına səsləmişdir.
    M.İbrahimov adi bir Azərbaycan kəndindəki kolxozun və onun adamlarının timsalında bu yenilikləri ümumiləşdirib əks etdirmişdir. “Böyük dayaq” əsərinin ideyasını çox açıq şəkildə ifadə etmişdir.Cəmiyyətdə yalnız o adam irəli gedib arzularına çatar, qalib gələ bilər ki, xalqa onun sağlam yaradıcı qüvvəsinə arxalanmış olsun. Bu cəhətdən romanın baş qəhrəmanı Rüstəm kişinin surəti çox ibrət götürülməlidir. Rüstəm kişi kollektivləşmə hərəkatının öndə gedəni namuslu zəhmət adamı, bacarıqlı kolxoz başçısıdır.Onun rəhbərlik etdiyi illərdə kolxozun təşkili təsərrüfatın möhkəmlənib irəli getməsi, zəhmətkeşlərin əməyi müqabilində bölünən məhsulun miqdarı xeyli artmış, kəndin mədəniyyəti yüksəlmişdir. Rüstəm kişinin adı hər yerdə qabaqcıl kolxoz sədri kimi ehtiramla çəkilir, onunla hesablaşırdılar. Lakin elə bir vaxt gəlib çatır ki, Rüstəm kişi qazanılan müvəffəqiyyətlərin əsl sahibi olan siravi kolxozçulardan, zəhmətkeş adamlardan uzaqlaçır.O,Yastı Salman kimi yaltaqların və ikiüzlülərin əhatəsində zəhmətkeşlərin ehtiyac və tələblərini görüb hiss edə bilmir, onların qayğısına qalmır. İş o yerə çatır ki, Rüstəm kişi kolxozun bütün naliyyətlərini öz adı ilə bağlayaraq lovğalanır. Artıq o, kolxoz idarə heyətinin üzvləri ilə, kənd ağsaqqalları ilə məsləhətləşmir, təkbaşına qərar qəbul edir.Rüstəm kişinin səhvlərindən biri də budur ki, hiyləgər araqarışdıranlara, yaltaqların yağlı dillərinə inanıb, ləyaqətli işçilərin səmimiyyətinə şübhə ilə yanaşır.Ona qarşı yönəlmiş hər bir tənqidi düşmənçilik hesab edən Rüstəm kişi xeyirxah adamları bədxahlardan seşə bilmir.Lakin bütün bu qüsurları ilə yanaşı, müəllif onun müsbət keyfiyyətlərini də açıb göstərir. Rüstəm kişi dövlətə, xalqa sədaqətlidir. O, təmiz və namuslu adamdır. Kolxoza, xalq əmlakına xor baxmır, işə ürəklə yanaşır.
    Rüstəm kişinin ailədəki davranışı onun xarakterinin açılması üçün əhəmiyyətlidir. O, yeni ailə münasibətlərini asanlıqla qəbul edə bilmir. Oğlu Qaraşın Maya ilə ata-baba qaydası ilə toy etməməsi, qızı Pərişanın daim yeniliyə can atması Rüstəm kişinin xoşuna gəlmir. Əsərdəki hadisələrin məntiqi davamı kimi ətrafında fırlanıb yaltaqlananlar ona quyu qazır, onu uçuruma yuvarlatmaq istəyirlər. Rüstəm kişi yalnız həmin adamlar tərəfindən ölümcül yaralandıqdan sonra öz səhvlərini başa düşür, dostu ilə düşmənini tanıya bilir.Romanı oxuyarkən məhşur bir el məsəli yada düşür:-“Xalqa söykənən, dağa söykənər”. Bu ideyanı Mirzə İbrahimov Rüstəm kişinin ayılması, varlığın yeni ruhunu dərk etməsi yalnız onun şəxsi sarsıntısı, surətin fərdi duyğu və düşüncələr aləmində gedən bir ptoses kimi götürülmür, bunlarla yanaşı, eyni zamanda həyatın, cəmiyyətin dərinliklərindən çıxan Şərəfoğlu, Kərəm, Telli, Pəri kimi təmiz ürəkli, saf niyyətli geniş miqyaslı, qolu-budaqlı ictimai bir proses kimi təqdim olunur.Əsərdə böyük dayağı, xalqı cəmiyyətin müzəffər irəliləyişini məhz bu qabaqcıl və fəal insanlar müvəffəqiyyətlə təmsil edirlər. Digər tərəftə dayanan Yastı Salman,Yarməmməd, Lal Hüseyn kimilər isə müəyyən, konkret bir şəraitdə, ələ-ayağa dolanmağa imkan tapıb fəallaşsalar da, əslində heç bir perespektivi olmayan <<Çürük dayaq>> kimi məğlubiyyətə məhkumdurlar. Bütünlükdə bu surətlər 50-ci illərin ikinci yarsında Azərbaycan kəndindəki əməkçi insanların ümumiləşdirilmiş surətidir. Məhşur rus yazıçısı Konstaintin Fedin M.İbrahimov yaradıcılığının başlıca nümunələrini haqlı olaraq <> adlandırır.Vətəndaşlıq hisslərinin mühüm xüsusiyyətlərindən biri hesab edilir.
    M.İbrahimovun əsərlərinin başlıca mövzusu Azərbaycan xalqının tarixi və onun müasir həyatı ilə, Vətənimizin daha xoşbəxt gələcəyi uğrunda aparılan böyük mübarizə ilə üzvü surətdə bağlıdır.Təbiidir ki, xalq tarixinin mühüm mərhələləri, onun həyatında Sovet hakimiyyəti illərində baş vermiş köklü dəyişikliklər və hərtərəfli inkişafı, adamların xarakterinə, həyat və məişətinə dərindən daxil olmuş yeni xüsusiyyətlər, xalqlarımız arasında gündən-günə möhkəmlənən dostluq və qardaşlıq ədibin dönə-dönə müraciət etdiyi mövzulardır.Özünə məxsus yaradıcılıq üslubuna, sənətkar dəstixəttinə malik olan M.İbrahimovun ən yaxşı əsərləri yalnız müasir və aktual mövzularda yazıldığı üçün deyil, həm də yüksək ideya-bədii keyfiyyətlərinə, onlarda təsvir edilən canlı insan xarakterlərinə, həyati bədii surətlərə görə ümumsovet ədəbiyyatının görkəmli nümunələri ilə bir sırada durur:Akademik M.Arifin düzgün müşahidə etdiyi kimi, mənəvi təmizlik M.İbrahimovun müsbət qəhrəmanları üçün əsas insani keyfiyyətdir. Bu cəhətdən ədibin <> romanı səciyyəvidir. Pərvanə müfəssəl bir üçlük kimi düşünülmüşdür. Onun birinci cildindəki hadisələr keçən əsrin 90-cı illərində tamamlanır. İkinci cild Böyük oktyabr sosialist inqilabının qələbəsinədək, son üçüncü cildi isə 1925-ci ilədək olan bir dövrü əhatə edir. Təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin tarixində heç nə ilə müqayisə edilə bilməyən hadisələrlə əlamətdar belə böyük bir dövrün zəngin hadisələri yazıçıya güclü xarakterlər yaratmaq, rəngarəng insan taleləri əks etdirmək üşün geniş imkan vermişdir. Ölkəmizin fəhlə və kəndlilərini, qabaqcıl ziyalılarını,inqilab mübarizələrinin mətin sıralarına gətirib çıxaran obyektiv ictimai şəraiti, zəhmətkeş xalqın tükənməz mənəvi qüdrətini, sinfi istismarın tarixən süquta, ölümə məhkum olduğunu ədib güclü bədii ümumləşdirmələr vasitəsi ilə izləyə bilmişdir. Yazıçı məqsədinə nail olmaq üşün bəzi hallarda az qala bütöv bir əsərin hüdudlarında dayanan saysız-hesabsız hadisələr içindən əhəmiyyəti etibarı ilə yüksək dərəcədə dolğun olanlarını seçib mənalandırmaq və onları dərin və onları dərin emosionallıqla təsvir etmək, <> əsərini müasir oxucuya doğmalaşdırıb sevdirə bilmişdir. Müəllifin bədii təqdiqini verdiyi bu əsərdə, gözlərimiz önündə böyük hadisələr silsiləsi canlanır. Məlumdur ki, Azərbaycanın İran Türkiyə kimi Yaxın Şərq ölkələri ilə Rusiya və Avropa arasında bir növ keçid mövqeyi tutması, bu səbəbdən də dövlətlər arasında baş verən siyasi münaqişələrin, diplomatik danıçıqların və hərbi toqquşmaların meydanına çevrilməsi həm Azərbaycan, həm də ümumən Zaqafqaziya xalqlarının keçməkeşli taleyində az rol oynamışdır. Belə bir şəraitdə keçən əsrdə Azərbaycanda gedən müharibələr İran və Rusiy təmayülləri,feodal çəkişmələri, yeniliklə köhnəlik, işıqla-qaranlıq, maariflə cəhalət arasında mübarizə, kapitalizm dirçəlməsi, sinfi münasibətlərin kəskinləşməsi, maarifçilik, azadlıq ideyalarının Rusiyada cərəyan edib ucqarlara yayılması,ömrünü vətənin qurtuluşuna həsr edən yeni insanların meydana çıxması, xalqın gözünü açmaq haqqını tanıtmaq, dostunu düşməndən, ayırmaq işində ona kömək etməyi özü üçün həyat idealına çevirməsi, zəhmətkeşlərə qurtuluş yolunu nişan verməsi:-Bütün bunlar “Pərvanə” romanında canlı, rəngarəng insan xarakterləri əsasında, qüvvəli ifadə vasitələri ilə, sənətkarlıqla göstərilmiş hadisələrdir. Roman oxuduqları¬mızın,bildiyimiz həqiqətlərin təkrarı təsir bağışlamır. “Pərvanə” xalq tarixinin geniş bir mərhələsinə, yazıçının sənətkar baxışının təzahürü keçmişimizin məhz onun gözləri ilə oxunmuş ibratəmiz səhifələrdir.
    Tarixi simalar olan H.Q.Çernişevski, M.F.Axundov, N.Nərimanov deyil, başdan-başa yazıçının öz bədii təxəyyülünün məhsulu olan dəmirçi Vəfadar, xalçaçı Cəfər, Hürü xanım, müəllim Sahib, tələbə Nataşa və başqaları da əsərdə dərin məhəbbət və emosionallıqla təsvir olunmuşlar. Onu oxuyanda bir daha iftixar edirsən ki, bizi azadlığa əbədi işığa çağıran məhz bu cür geniş ürəkli, yüksək əqidəli, böyük ictimai amallı, öz məqsədi uğrunda həyatını belə əsirgəməyən gözəl insanlar qoymuşlar. Burada işıq, nur anlayışının rəmzi mənada elə azadlıq demək olduğunu nəzərə alsaq əsərinə “Pərvanə” adı verməkdə ədibin izlədiyi məqsəd bizə bir daha aydın olur. Surətlərin taleyinə və psixologiyasına yazıçı müdaxiləsinin incə təzahürüdür.Azаdlıq mücahidlərinin və sonralar onların ardınca getmiş minlərcə başqalarının əməllərinin məhsulu olan quruluşumuzun daha böyük məhəbbətlə sevir, onun ali məqsəd uğrunda mübarizədə özümüzü bir daha səfərbər hesab edirik. Əsərdəki müasirliyin kökü də elə bununla bağlıdır. Kiçik bir oşerkdə M.İbrahimov kimi sənətkarların əsərlərini əhatə etmək, onun yaradıcılığındakı mövzu fikir, duyğu və obrazların bədii əksindən ətraflı danışmaq mümkün deyildir.Odur ki, yazıçının ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmış “Gülbətin”, “Xosrov Ruzbeh” “Pərvizin həyatı” və digər povestlərini, yaradıcılığının ilk illərindən başlamış son vaxtlaradək yazdığı maraqlı hekayələrini xüsusən “Mədinənin ürəyini” qeyd etmək kifayətdir.
    M.İbrahimov öz qələm dostları arasında ədəbiyyat tarixi və tənqid, bədii yaradıçılığın, nəzəri problemləri sahəsində müntəzəm məşğul olması ilə fərqlənir. 1945-ci ilin baharında,respublikamızda Sovet Hakimiyyətinin qələbəsinin 25-ci ilində Azərbaycan SSRİ Elmlər Akademiyası təsis edərkən bu böyük elm ocağının ilk akademikləri arasında görkəmli yaradıcı ziyalılarımızdan S.Vurğun və Ü.Hacıbəyovla yanaşı M.İbrahimov da vardır. Bir sıra elmi, tənqidi məqalələrin müəllifi olan yazıçı hələ müharibədən əvvəl görkəmli ədib C.Məmmədquluzadəyə və həsr olunmuşdur, “Böyük demokrat” adlı monoqrafiyasını çap etdirmişdir.
    “Həyat və ədəbiyyat”, “Xəlqilik və realizm cəbhəsindən”, “Gözəlliyin qanunları ilə”, “Aşıq poeziyasında realizm”, “Ədəbi qeydlər” kitablar da M.İbrahimovun tənqid və ədəbiyyatşünaslıq sahəsində apardığı tədqiqatın bəhrələridir.Onun Moskvada çapa buraxılmış “Ədəbiyyat haqqında qeydlər” (1971) kitabında ədəbiyyat tarixinin müasir prosesin və ədəbi tənqidin mühüm yaradıcılıq problemləri qaldırır, qabaqcıl sovet yazıçısının aydın ictimai estetik idealı mövqeyındən, konkret və inandırıcı ədəbi fakt və təhlillər əsasında elmi əsaslarla şərh olunur. M.İbrahimov tənqid və tədqiqat xarakterli əsərləri ədəbiyyatda, onun ictimai vəzifələrinə,vətəndaş, kommunist yazıçı münasibətinin ardıcıl ifadəsidir.
    “Ədəbiyyat haqqında qeydlər” kitabı ilk baxışda ayrı-ayrı məqalə və tədqiqlərdən ibarət məcmuə təsiri bağışlayır.Lakin, daxilən ideya-estetik konsepsiyasının vahidliyi ilə bir-birinə çox bağlı olan və tamamlayan bu əsərlər geniş və ümumi bir mənaya malikdir. Yazıçı müasir və klassik sənətkarların yaradıcılıq təcrübəsinə əsasən realizm inkişafı, onun romantika ilə əlaqəsi, klassik sənətin gücü qarşılıqlı təsir və zənginləşməsi kimi problemləri öz tədqiqatının predmetinə çevrilmişdir.
    Ədibin fikrincə hazırki mərhələdə bədii sənətkarlıq məsələləri, ədəbi əsərlərin estetik keyfiyyətini yüksəltmək tələbləri xüsusi əhəmiyyət kəsb edir. Nə üçün? sualına müəllif “həyatın gözəlliyi – incəsənətin gözəlliyi” məqaləsində cavab verərək izah edir ki, bunun səbəbi müasir gerçəkliyimizdə insan fəaliyyətinin bütün sahələrinə gözəllik qanunlarının dərin nüfuz etməsidir. Yeni ədəbiyyat və incəsənət məsələsini, sənətkarın bədii ustalıq meyarının nədən ibarət olduğu məsələsini necə başa düşməyimizdən asılıdır. Çox mühüm bədii estetik anlayışların birtərəfli şərhi bizi başlıca məqsədimizdən, əsl yüksək bədii əsərlər yaratmaq məqsədimizdən uzaqlaşdıra bilər. Məsələn, tənqiddə, o cümlədən Azərbaycan Sovet ədəbi tənqidində də elə bir hallar olmuşdur ki, bu və ya digər əsərlərin mövzuca aktuallığı toxunduğu sosial problemlər ötəri qeyd edilmiş bədii sənətkarlığın xarakter obraz, sujet, kompozisiya kimi vacib xüsusiyyətlərinə lazimi əhəmiyyət verilməmişdir.
    M.İbrahimov haqlı olaraq bu qənaətdədir ki, ədəbi hadisələrə etinasız yarımçıq münasibət sönük əsərlərin meydana çıxmasına səbəb olur. Indi bədii əsərdə mövcud ideya və məzmunla yanaşı bədii forma məsələsi də diqqət mərkəzindədir. Yaradıcı fikirdən, yaradıcı fantaziyadan kənarda həqiqi sənət əsəri təsəvvür etmək qeyri-mümkündür.Əsl sənət əsrlərində bədii keyfiyyət və sənətkarlıq,dərin ictimai ideya, böyük kamil forma deməkdir. M.İbrahimov tənqidinin estetik təhlil və qiymət meyarı belədir.
    Müəllifin tənqidi təfəkkürünü anladığı ədəbi aləm cox cəhətlidir və rəngarəngdir. Bu aləmin nə qədər geniş və zəngin olduğunu təsəvvür etmək üçün təkcə bunu qeyd etmək kifayətdir ki, burada realizm,onun ədəbiyyatda, xalq poeziyasında inkişafı kimi nəzəri məsələlərlə yanaşı, eyni zamanda Nizami, Füzuli, Vaqif, M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Sabir, N.Nərimanov, Ü.Hacıbəyov kimi klassiklərimiz haqqında rus ədəbiyyatının Belinski, Çernişevski, Tolstoy, Çexov kimi ədibləri haqqında eləcədə öz müasir qələm və məslək yoldaşları olan C.Cabbarlı, S.Vurğun, H.Mehdi, R.Rza, S.Rəhman haqqında yazdığı məqalələr mühüm yer tutur.
    M.İbrahimov müasir yazıçıların sosializm-realizminin zənginliyi uğrunda apardığı axtarış və mübarizədən, ehtirasla, inandırıcı tənqidçi təfəkkürü ilə danışır. Məsələn o, H.Mehdinin realizmini “partiyalı”, döyüşən realizm hesab edərək, onun müsbət qəhrəman yaradıcılığı təcrübəsini, yaxud R.Rzanın poeziyasına xas vətəndaş fəallığını, ictimai məzmun dərinliyini və bədii fikir novatorluğunu yüksək qiymətləndirir. M.İbrahimovun S.Vuğun haqqında, xüsusilə onun poeziyasında realizmin təzahür xüsusiyyətləri haqqında fikirləri çox maraqlı və diqqətəlayiqdir. M.İbrahimova görə S.Vurğun realist idi; o, dövrün, günün vacib məsələləri ilə yaşayırdı. Lakin eyni zamanda heç vaxt xırdalıqların, adiliyin əsiri deyildi; S.Vurğun həmişə qabağa baxırdı. O, reallığı fakt və hadisələrin ümumi inkişaf qanunlarını, fəlsəfəsini dərk etməyə can atırdı.Onun hiss, fikir və xəyalları həmişə yeni-yeni yüksəkliklərə qalxırdı.
    Mirzə İbrahimovun Böyük Vətən Müharibəsi illərindəki publisist fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Müharibənin başlandığı gün o,”Faşizm məhv ediləcək!” adlı məqalə yazıb, səhəri qəzetdə çap etdirmiş və bu əsərində faşizmin yırtıcı simasını, onun əsəslandığı antihümanist mahiyyətini açıb göstərmiş, düşmən üzərində qələbəyə, xalqımızın qüvvətli inam hissini ifadə emişdi.
    Müharibədən sonra yerinə yetirdiyi bir sıra ictimai vəzifələr, xüsusi sülh uğrunda fəal mübariz kimi Sovet İttifaqında və ölkəmizin xaricdə göstərdiyi fəaliyyət M.İbrahimovun publisist çıxışlarını sayca xeyli artırdığı kimi, onların əhatə dairəsini də genişləndirmi.dir. Avropanın sosialist ölkələri, habelə Finlandiya, İran, Hindistan, Kipr, Brima, İndoneziya, Tailand…
    M.İbrahimovun doğma vətənimizin sülh elçisi kimi gəzdiyi ölkələrin ixtisarla göstərilmiş siyahısıdır. Bu səfərləri yazıçının başqa əsərləri üçün mövzu verdiyi kimi, bir sıra dəyərli məqalələrin meydana gəlməsinə də səbəb olmuşdur. Müharibə qızışdırıcılarının mənfur niyyətlərinin ifşası, dünyanın hər yerində sadə zəhmət adamlarının sülhü, azadlığı və istiqlaliyyəti qorumaq əzmi bu məqalələrin əsasını təşkil edir. “Xalqların arzusu”, “Azadlıq mübarizəsi” və sair məqalələrində Mirzə İbrahimov sadə, aydın bir dildə oxucuları beynəlxalq aləmin rəngarəng hadisələri ilə tanış edir.
    Mirzə İbrahimovun publisit məqalələrinin böyük bir qismi ölkəmizdə kommunizm quruculuğu məsələlərinə, sovet xalqlarının gündən-günə möhkəmlənən dostluq və qardaşlıq münasibətlərinə, yeniliyə həsr olunmuşdur.
    Mirzə İbrahimovun mükəmməl publisist əsərləri, həmin məsələlərdə qal-dırılan mühüm problemlər,poetik dil,böyük təsir qüvvəsi onun adını so-vet ədəbiyyatının ən yaxşı publisistləri sayılan Aleksey Tolstoyun, İlya Erenburqub, Səməd Vurğun, Georgi Markovun və Aleksandr Çaykoviskinin adları ilə yanaşı çəkilir.
    M.İbrahimovun əsərləri indi dünyanın bir çox xalqlarının dillərində mütailə edilir. Onun təkcə “Gələcək gün” romanı iyirmidən çox dildə tərcümə olunmuşdur.Yazıçı dünya ədəbiyyatının bir sıra görkəmli nümayəndələrini, o cümlədən Şekspirin “On ikinci gecə”, “Kral Lir”, Molyerin “Don Juan” A.P.Çexovun “Üç bacı”, A.N.Ostrovskinin “Quduz pullar”,N.Q.Çernişevskinin “Nə etməli” romanını Azərbaycan dilinə tərcümə etmişdir.
    M.İbrahimov yorulmaz ictimai xadim, SSRİ Ali Sovetinin demək olar ki, bütün çağrışlarına deputat seçilmiş; ədib təqribən 40 il müddətində Azərbaycan zəhmətkeşlərini Vətənimizin yüksək qanunvericilik orqanlarında ləyaqətlə təmsil etmişdir. Bir sıra məsul ictimai və dövlət vəzifələrində çalışan M.İbrahimov xoş məramla dünyanın bir çox ölkələrində olmuş, təkcə nəsr, dram və publisit əsərlərində deyil, beynəlxalq konqreslərinin xitabət kürsülərindən sülh və xalqlar dostluğunu təmsil etmişdir.
    Sovet ədəbiyyatının inkişafi sahəsində böyük xidmətlərinə, yorulmaq bilmədən davam etdirdiyi ictimai fəaliyyətinə görə M.İbrahimov iki dəfə Lenin ordeni ilə, habelə digər orden və medallarla təltif edilmiş,SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüş, Sosialist əməyi qəhrəmanı adı verilmişdir.
    Uzun illər keçməsinə baxmayaraq ədibin əsərləri sevilir və qiymətləndirilir!
    Yazıçıya oxucusunun verdiyi qiymət onun əbədi xoşbəxtliyidir!.

    İstifadə olunmuş ədəbiyyat:

    1.(M.Cəfər 1930-1940-cı illərdə ədəbiyyat)
    2.(Azərbaycan ədəbiyyatı tarixi, III cild, Bakı 1957)

  • Əlişad QARAQASIMLI.”Heyif! Otuz birə adlayıb yaşım”

    Sizə dönük çıxdı uğursuz illər
    Gəzdi ürəkləri nakam adınız.
    Ay otuz yaşında ölən şairlər
    Kəpənək ömrünü yaşamadınız.

    Polad çiyninizə dünya qalandı
    Dözdünüz ömür-gün əzabına siz.
    Gülləyə gəldiniz vətən yolunda
    Ya nadan şahların qəzəbinə siz.

    Döyəcək fikrini elə duman, çən
    Bu, ağrı qəlbimdə dağ olacaqdır.
    Otuz yaşlarında dünyadan köçən
    Hələ neçə şair doğulacaqdır.

    Sizi yaşatmağa heykəllik daşam,
    Gözümün yaşını silən deyiləm
    Heyif! Otuz birə adlayıb yaşım,
    Otuz yaşında da ölən deyiləm!..

    Moskva, 1980.

  • Əlişad QARAQASIMLI.”Nakam şairlər”

    Ürək var, ağrısı hələ duyulmur
    Arzusu, istəyi qovuşmur elə.
    Bizdə şairlərə heykəl qoyulmue
    Şairlər özləri dönür heykələ.

    Gərilən əsəblər, çatılan qaşlar
    Dağ olub yazığın çiyninə enir.
    Şair arxasıyca atılan daşlar
    Yığılıb, şairə heykələ dönür.

    Ağrıya-acıya dözdü şairlər
    Nisgil ürəyimdə, nəğmə dilində.
    O qədər qəm yeyir bizdı şairlər
    Beli bükük olur heykəlinin də.

    Ahılı anladı, körpəni duydu
    Dilindən çıxanı bəhərdi, bardı.
    Bizdə hər şairdə heykəl olsaydı
    Ölkəm başdan-başa muzey olardı.

    Göylərə dirənib xeyir-şər bizdə
    Şeirdən, sənətdən doymaq olmayır.
    Dabandan soyulur şairlər bizdə
    Heykəli dabandan soymaq olmayır.

    Moskva, noyabr, 1980.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GÜNAHKAR DEYİLƏM

    Ünvanlı ithaf

    Gözünü həyata yuman anında,
    Fələklər qoymadı olam yanında.
    Azdım fitnələrin burulğanında,
    Bir parçan olmuşam canında Sənın-
    Günahkar deyiləm yanında Sənin.

    Allaha,Tanrıya ağ olsalar da,
    Namərdcə,arxadan hey vursalar da,
    Arada buzlardan dağ qursalar da,
    Gəzir hərarətin qanımda Sənin-
    Günahkar deyiləm yanında Sənin.

    Çəkdilər araya həsrət çəpərin,
    Quyular qazdılar dərindən-dərin.
    Boğuldun selində qüssə,kədərin,
    Üzsəm də göz yaşı camında Sənin-
    Günahkar deyiləm yanında Sənin.

    Bəsirət bağladı ala gözünü,
    Haqqdan üstün tutdun düşmən sözünü.
    Söndürdün məhəbbət,ülfət közünü,
    Oldum xəfif işıq şamında Sənin-
    Günahkar deyiləm yanında Sənin.

    Səni məndən etdi iblis,şeytanlar,
    Dinsizlər törətdi hey nifaq,qanlar.
    Mənim qəlbim təmiz,mələklər anlar,
    Olmasam da şöhrət,şaninda Sənin-
    Günahkar deyiləm yanında Sənin.

    QIŞ GƏLİR

    “Vətənimdir” – silsiləsindən

    Qarlı qış boylanır, baxır qapıdan,
    Soyuq nəfəsiylə özün göstərir.
    Hələ ki, xəbər yox quşbaşı qardan,
    Yəqin zirvələrdə, nəfəsin dərir.

    Bir gün ağ örpəyin sərəcək yerə,
    Çirkin nə vardısa üstün örtəcək.
    Külək çovğun olub çəkəcək nərə,
    Çalalar, çökəklər, qarda itəcək.

    Çox canlı gedəcək qış yuxusuna,
    Quşlar köç edəcək kim bilir hara.
    Daha bir ilimiz yetəcək sona,
    Gözlər dikiləcək gələn bahara.

    Xizəklər, kirşələr düşəcək işə,
    Sevinc bəxş edəcək qar uşaqlara.
    Yaşlılar qorxacaq, sürüşə, düşə,
    Çoxlu duz səpəcək buza, qarlara.

    Olsa da nə qədər qarı, boranı,
    Qış bizi yeni bir yaza səsləyir.
    Uyudur sehriylə dağı, aranı,
    Qoynunda doğacaq, bahar bəsləyir.

  • Gənc yazar Kamran Murquzovun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi və , “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri Osmanlı türkcəsinbdə Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 94. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Kümbet”, “Usare”, dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əlişad QARAQASIMLI.”Maarif Soltana”

    Tələbə dostum, tanınmış şair Maarif Soltana həsr olunur

    Gözünü, könlünü bulud alsa da,
    Özü bulud kimi boşalır, dolur.
    İlhamı arabir ayıq olsa da,
    Çox zaman gözləri yuxulu olur.

    Zamanın özüylə yarışan kəsin
    Yerişi-duruşu dağlardan ağır.
    Yenilik eşqiylə alışan kəsin
    Əynindən-başından köhnəlik yağır.

    Əsrin tufanına sinə gərməyib
    Süsəndən, sünbüldən ötür sazında.
    Hələ ilk kitabı işıq görməyib
    Yaşayır dahilik iddiasında.

    Əyilir köksünə fikirli başı-
    Sanki qurtaracaq kimisə, dardan.
    Çəkir imtahana dostu, yoldaşı
    Özü iki alır imtahanlardan.

    Onun bu gününə acıyıb halım:
    Bükülür yumaqtək fikrə dalanda.
    O qədər tənbəki çəkir bu zalım,
    Sinəsi fit çalır nəfəs alanda.

    Atıb bir tərəfə eşqi, ilhamı,
    Bir az qulaq asıb Haqqın səsinə:
    İmkanım olsaydı, Maarif Soltanı
    Çəkərdim yoldaşlıq məhkəməsinə!..

  • Əlişad QARAQASIMLI.”ANA, SIZLADIM…”

    Sinəmin üstünə gərək daş qoyum.
    Bu dərdi mən necə udum görəsən?!
    Kimin dizlərinin üstə baş qoyum,
    Kimin ətəyindən tutum görəsən?

    Gözümdə bir damla yaş da qalmayıb.
    Acı taleyimə, ANA, sızladım.
    Mənim ki Analı günüm olmayıb,
    Nə yaman, nə yaman Anasızladım!..

  • Əlişad QARAQASIMLI.”İKİNCİ ANAM”

    * * *

    SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.

    Gərək ürəyimi hər kəsə açam,-
    Bir ülvi məxluqdan öyüd alıram.
    Otuzu adlayıb
    Ötsə də yaşım,
    Hər dəfə yanında uşaq oluram.

    Sənli günlərimi duman-çən almaz,
    Ömrümün çiçəyi solmaz önündə.
    Məndən küçələrdə
    Dəcəli olmaz,
    Məndən həlimi də olmaz önündə.

    Min nöqsan görsən də, hər bir işimdə,
    Çəkib qulağımı
    Burmamısan heç.
    Vaxt olub dərsinə gecikmişəm də
    Qayıdıb üzümə
    Vurmamısan heç…

    Açıb qucağını Ana Vətən də.
    Qəlbim də qırılmaz inamdı mənim.
    Mənə ikinci bir
    Dil öyrədən də,
    Deməli,
    İkinci Anamdı mənim.

    Gərək hər ağırıya-acıya dözəm.
    Böyükdür insanın
    Səbri, deyirəm.
    Bir rus qadınına
    Anamdı, desəm,
    Çatlamaz Anamın qəbri, deyirəm!..

  • Əlişad CƏFƏROV.”Qurban olum”

    (Azad nəvəmin bir yaşına)

    Süd qoxulu isti yumşaq
    Yatağına qurban olum.
    Təzə-təzə ayaq üstə
    Durmağına qurban olum.

    Gəl babanı salma dara
    Ürəyinə vurma yara
    Şirin-şirin xülyalara
    Dalmağına qurban olum.

    Ruhum uçdu, qəlbim güldü
    Çox istəkli nəvəm gəldi.
    Həftəsonu babangildə
    Qalmağına qurban olum.

    İzləyirəm izlərini,
    Gəl qatlama dizlərini
    Buta-buta gözlərinin
    Qapağına qurban olum.

    Mələksifət, açıqalın,
    Səni sevir, sağın, solun.
    Ağlayanda dördkünc olan,
    Dodağına qurban olum.

    Düşmən çəpərinə daş atdın
    Nəslin başını ucaltdın
    Azad babanı yaşatdın
    Varlığına qurban olum.

    Yerinə yetsin diləyin
    Şad olsun kövrək ürəyin
    Səni bizə bəxş eyləyən
    Xaliqinə qurban olum.

  • Əlişad CƏFƏROV.Payız dördlükləri

    Payız dördlükləri

    Ümidim bahara itməyibdi ki,
    Ümidim qəlbimdə yaraqlanıbdı.
    Hansı rəssamınsa əsərindəki
    Qadıntək ağaclar çılpaqlanıbdı.

    * * *
    Payızda bir ağac gülə bələnib,-
    Gizlədə bilməyib bahar heyrətin.
    Payız yarpaqların məktub eyləyib
    Yazır ünvanına əbədiyyətin.

    * * *
    Bahar çiçəkləri fikirlərimdə,
    Payızlı bir nəğmə dindirib məni.
    Qızıl paqonları çiyinlərimdə,-
    Payız da rütbəyə mindirib məni…

    * * *
    Səmanı çiyninə görən aldımı?
    Ağaclar anteytək çılpaq yaşayır.
    Küləklər tələsən poçtalyonumdu,
    Payızdan bahara məktub daşıyır.

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    MƏNİM KÖNÜL DÜNYAMIN,
    AYNASISAN, AY ANA

    Mənim könül dünyamın,
    aynasısan, ay ana.
    Nə yaxşı ki, bu gün də,
    yaşayırsan, ay ana.

    Sənsiz dünyanın özü,
    Bir cəhənnəm kimidir.
    Nikbin ruhlu şeirim,
    Kədərlə qəm kimidir.

    HANI DİLDƏ DANIŞIM Kİ…

    Səhvlərimin üstündə də
    anam da danlasın məni.
    Hansı dildə danışım ki,
    təbiət anlasın məni.

    * * *

    Baxanda da inanmadın,
    axan göz yaşa, anacan.
    Indi də qalıb ümidim,
    Salamat başa, anacan.

    Dəqiqələr itirmişəm
    Xoş günləri ötürmüşəm.
    Hələ görüb-götürmüşəm,
    Çatıb bu yaşa, anacan.

    Qoy itməsin heysiyyətin,
    Olmasın hədər zəhmətin.
    Budur ki, mənim niyyətim:
    Ta ki, sən yaşa, anacan.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ALLAH KƏRİM

    “Düşüncələrim” – silsiləsindən

    Olan-oldu, keçən-keçdi,
    Dəryaz illər ömrü biçdi.
    Göz ağladı, qəlb su içdi,
    Dəyişmədi heç qədərim.

    Sızladıqca qəm kamanım,
    Duyulmadı and-amanım.
    Olmadı xoşbəxt zamanım,
    Qatbaqatdır dağ kədərim.

    Qəm karvanın sıx çəkərək,
    Dərdlər gəldi çərək-çərək.
    Istəsək də xoş gün görək,
    Heç bitmədi dərdim, sərim.

    Əkssədadır dərd harayı,
    Hər anım bir qüssə payı.
    Ha çox həsrət, hicran sayı,
    Hansın üzüm,hansın dərim?

    Çəksə də hey başım bəla,
    Dözdüm hər cür qalma-qala.
    Bunca dərdə, hər münvəla,
    Dövran dedi:-“Allah Kərim”.

    BU EŞQİN SONU

    “Könül dəftərim” – silsiləsindən

    Yenə qısqanclıqdır qəlbimi üzən,
    Ala gözlərimdən yaşları süzən.
    Beynimdən könlümə sorğular düzən,
    Necə olacaqdır, bu eşqin sonu?

    Hər dağda, oylaqda qoşa gəzmişik,
    Mamırli daşlada xına əzmişik.
    Dərdli bənövşəni saça düzmüşük,
    Neçə olacaqdır, bu eşqin sonu?

    Çəməndə, çayirda iz salan da biz.
    Qoşmalar söyləyib, saz çalan da biz,
    Can içi- can olub, kam alan da biz,
    Necə olacaqdır, bu eşqin sonu?

    “Zor bulaq” suyundan eşqi-cam içən,
    Lalədən, nərgizdən əlvan don biçən.
    Hər yaldan, gədikdən buludtək keçən,
    Neçə olacaqdır, bu eşqin sonu?

    O ülvi sevgini fələkmi çaldı?
    O nazlı çağları, Verənmi aldı?
    Sevgimiz, sevdamız yoxsa qocaldı?
    Necə olacaqdır, bu eşqin sonu?

    Əyməsin zəmanə məni bu qədər,
    Sanki əkizimdir qüssə, qəm, kədər.
    Getməsin ey Dövran, saf eşqin hədər,
    Bitsin vüsal ilə bu eşqin sonu…

  • Şəfa VƏLİYEVA.””Şairin cənnəti könüllərdədir””

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Rübailin ruhuna ehtiramla…

    Rübailin yaradıcılığı haqqında bundan əvvəlki yazımın tarixi 2013-cü ilə aiddir və “Təzadın hikməti” adlanır. Orda şairin xalqın yaddaşındakı kodlardan idrakının gücüylə bəhrələnməsini xüsusi qeyd etmişdim. Və hər dəfə onun hansısa kitabını vərəqləyəndə də sanki eyni ünvana aparan müxtəlif cığırlardan keçirmişəm kimi hisslər yaşayırdım.
    “Dar küçələr” şeirini isə internetdən oxudum. O qədər marağımı çəkdi ki, aylardır kompüterimin ekranında saxlayıram bu şeiri. Dəfələrlə oxumuşam, necə deyərlər, şeirin “o yanına-bu yanına keçib düz gözlərinin içinə baxmışam”. Sonunda anladım ki, şeir mənə tam fərqli bir fəlsəfə danışır…
    Doqquz bəndlik şeir Rübailin səfər təəssüratı kimi də görünə bilər. Mənsə şeirlə bir ayrı cür danışdım… Şeir mənə ispan mədəniyyətinin alt qatındakı macərapərəst incəsənət fədailəri haqqında “mühazirə oxudu”… Barselonanın dar küçələrində dünya tarixinin müxtəlif dövrlərində ispan təfəkkürünün “insan və zaman”, yaxud “bəşər və bəşəriyyət” tənasübünü necə həll etdiyini şair boyasız, rübəndsiz görə bilib. Və gördüyünü də oxucusundan gizlətməyib:

    Bir ispan şəhəri…
    Dar küçələri…
    Bu dar küçələrin kəlləri dəli…
    Hardasan, hardasan, Salvador Dali?
    Gəl, mənim şəklimi çək bu şəhərdə!

    Uşaqkən filmlərdən və televiziya verilişlərindən həyəcanla izlədiyimiz matador döyüşlərindən tutmuş, çəkildiyi gündən bu yana istər incəsənətin elit təbəqəsini, istərsə də ən adi seyrçini belə təəccübdə saxlayan “Yaddaşın dəyişməzliyi” adlı tablo yaddaşımızda an fərqiylə bir-birini əvəz edir… Və bu an sinir sistemimizi culğalayan ani həyəcan və arxasınca dərin-dərin düşünməyə vadar edən cavabsız sual üzümüzdə olduqca qeyri-adi bir mimika yaradır, əminəm…
    Salvador Dali bu məhşur əsərini yaradanda kamamber pendirindən ilhamlandığını gizlətməyib. Pendirin tədricən əriməsi onun üçün əsl enerji püskürməsi rolunu oynayıb. Və rəssam öz əsərilə sanki bütün yaradılışa qarşı üsyan edir. Deyir ki, “zaman hər şeyi yox edir, silir, yaddaşımızda bizimlə birgə yaşayan xatirələr isə zamanı qarşısında diz çökdürür; onlar nəinki qocalmır, əksinə, gündən-günə yenilənir, hər fürsətdə körpə fidan kimi cücərir və hisslərimizlə qidalanaraq boy atır”…

  • Əlişad CƏFƏROV.Yeni şeirlər

    Xalq şairi Rəsul Rzaya

    Bu ağır itkini varlığım danar,
    Necə ki, ölməzlər ölümü danıb.
    Aprelin birində bir dost aldanar,
    Aprelin birində bir dost akdanıb.

    Uca zirvələri çən-çisək aldı,
    Yamaca nə qaldı, yala nə qaldı?
    Dünyaya gəlməyin həqiqət oldu,
    Dünyadan getməyin yalana qaldı.

    Nurlu misraların, odlu sənətin,
    Könlümdən kədəri talan eylədi.
    Vuruldum aprelin birinə, şair,
    Gerçək ölümünü yalan eylədi.

    1 aprel 1981-ci il.

    Dördlüklər

    Dünyanı çiyninə alıbdı qoca,-
    Əsir yük altında zəif dizləri.
    Sual işarəsi olubdu qoca,
    Çoxlu nöqtələr tək ayaq izləri…

    * * *

    Dörd divar içində bəslənən hər gün
    Qapqara bir daşdır, ürək deyildir.
    Kim deyir, arabir tamaşa üçün
    Bu güniş üfüqlıər gərək deyildir?

    * * *

    Qovaram qəlbimdən ağrılarımı,
    Canımla, qanımla yaradaram mən.
    Leysanda islanan misralarımı,
    İsti şəfəqlərlə qurudaram mən.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ÜZÜ DÖNMÜŞ MƏHƏBBƏTİM

    Könül dəftərim” silsiləsindən

    Yaman düşüb dilə sözüm,
    Bu mətləbi necə çözüm?
    Qalmayıbdır canda dözüm,
    Gözü dönmüş məhəbbətim.

    Şux sevincim darda qalıb,
    Küskün- küskün fikrə dalıb.
    Hicran qəlbi tora salıb,
    Közü sönmüş məhəbbətim.

    Bal şərbətim olub zəhər,
    Yeməyimdir acı qəhər.
    Açılmayır çox vaxt səhər,
    Məni gömmüş məhəbbətim.

    Qönçə idim vaxtsız soldum,
    Şaxta vurdu xəzan oldum.
    Ağlar bulud kimi doldum,
    Qanı donmuş məhəbbətim.

    Zalım fələk məni sardı,
    Güvəndiyim dağlar qardı.
    Bu sevdanın sonu vardı,
    Canı yanmış məhəbbətim.

    Dövran, tox tut ürəyini,
    Vurma yerə kürəyini.
    Məhv et fitnə kələyini,
    Üzü dönmüş məhəbbətim.

    GECƏ YARIDIR

    “Düşüncələrim” – silsiləsindən

    Axşam çoxdan ötüb, gecə yarıdır,
    Beynimdə fikirlər yallı gedirlər.
    Hər güman bir fikrin öz açarıdır,
    Sanki bir- birini təqib edirlər.

    Beynimi zəbt edib şübhə, səksəkə,
    Yad hislər tərk etmir əqlimi bir an,
    Qəlbə hökm eləyən şeytandır bəlkə,
    Ruhum didərgindir, özüm pərişan.

    Dünyanın gərdişi, işinə bir bax,
    Nə dilim söz tutur, nə əlim qələm.
    Əqlim qəlbə demir,-silkin, oyan, qalx…
    Qəflətdən oyanam, özümə gələm.

    Yenə qalacaqlar nisgilli bu gün,
    Kəpənəktək qanad çalan kirpiklər.
    Qalmışam fikirlər çəngində üzgün,
    Filmtək canlanır olub- keçənlər.

    Yeganə arzumdur dönəm özümə,
    Qovuşam hüzurlu nazlı anlara.
    Məlhəm röyalarım qonsun gözümə,
    Dövran vida etsin nəs zamanlara…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    biz sonuncu ayrılığın
    sonuncu düşərgəsiyik…
    indi burdan da ayrılıb
    uzaqlara gedəsiyik…

    hələ bitməyib yeni gün,
    başlamayıb axşamçağı…
    hələ ki, sevgimiz sürgün,
    ölüm ömrə boyunbağı…

    nə yaxşıdı, ölüm üçün
    sonuncu rəqsi eləmək…
    şedevrdi, özüm üçün
    rekviem`i bəstələmək…

    bax, bu ayrılıq dediyin,
    yazır dünya tarixini…
    bir barmağında oynadır,
    Herakl`ını, Axil`ini…

    sən də ki…
    Nə bilim axı…
    hələ vüsal axtarırsan…
    utanmasan,
    ayrılığın
    havasına oynayarsan…

    noyabr`ın ilk şeiri…
    sənə söylədilərmi?
    mənim ağlamağıma
    adın yaman yaraşır…
    sən də heç düşündünmü?
    mənim dəli xəyalım
    sənsizliyə alışır…

    ***
    ağlat, sevdam,göz yaşım
    koda düşüb
    son zənglə…
    bax, genetik yaddaşım
    boyanıb yenə…
    yenə sənli xatirələrlə…
    ***
    heç deyən oldumu ki,
    mənim ovuclarımda
    ikimiz də ölmüşük…
    ikimiz də bilirdik,
    biz Nitsşe`ni sevəndə
    Allahı öldürmüşük…

  • Şair İbrahim İlyaslının “Mən bir söz bilirəm” şeirlər kitabından seçmə şeirlər

    539

    HƏRDƏN BIR DƏLI CIN DEYIR…

    Hərdən bir dəli cin deyir:
    «Gəl bax şeytanın sözünə.
    Şəklini soyun əynindən,
    Çıx da dünyanın üzünə».

    Kor olanlar görsünlər ki,
    Sənin dostun, yadın yoxdur.
    Bir səfil dərviş misalsan,
    Yoxdur özgə adın, yoxdur.

    Cibindən çıxart səsini,
    Mətləblərin car olsunlar.
    Qanmayanlar və qananlar,
    Olubdular, var olsunlar.

    Qəlbini kabab eyləyib,
    Payla bu ac adamlara.
    Yeyib, səyriyib görsünlər,
    Kabab hara–adam hara?!

    Hərdən bir dəli cin deyir:
    «Baxma şeytanın sözünə.
    Şəklini geyin əyninə,
    Qayıt olmayan özünə».

    QARDAŞIM

    Salam-Əleykim – Mərhaba,
    Qəsdimə duran qardaşım.
    Türksən, boyuna qurbanam,
    Boynumu vuran qardaşım.

    Para belə şirindimi,
    Quyun belə dərindimi?!
    Soyuqdumu, sərindimi
    Allahnan aran, qardaşım?

    Biçdiyini kimlər əkib,
    Bilərmisən, bilmə təki.
    Ürəyimə dağlar çəkib,
    Halımı soran qardaşım.

    Yoxmu könlüyün təpəri?–
    Ömür nədi, anrı-bəri.
    Qəlbində qonşu çəpəri,
    Dilində TURAN qardaşım.

    Haqdandı bu zülmü-zinhar,
    Yoxdandı bu qəsdi-qərar.
    Nə mənim bir əlacım var,
    Nə sənin çaran, qardaşım.

    YURDDAŞLARA

    Anrı üzü günə qarşı dağların,
    Bəri üzü hələ çəndi, dumandı.
    Zaman gələr, üstümüzə gün doğar,
    Bu gümanlar ürəyimə damandı.

    Qürbət deyir ürəyimin parası,
    Qan ağlayır qaysaqlanmış yarası.
    Azadlığın hürriyyətdir çarası,
    Hürr olayım, hürr olmalı zamandı.

    Ömür ki, var – ölümlərə hədəfdi,
    Can torpağa, ruh göylərə sədəfdi.
    Döyüşlərdə şəhid düşmək şərəfdi,
    Kölə olmaq, kül olmaqdan yamandı.

    Qorunmayan elin haqqı olmayıb,
    Haqq deməyən dilin haqqı olmayıb.
    Yelin haqqı – selin haqqı olmayıb,
    Qarı dünya, qanlı fələk hamandı.

    Vətən dedik: – sus dedilər, lal olduq,
    Gedən dedik: – «qal oğlu ki, qal» olduq.
    Yetər, bunca qorxulara qul olduq,
    Qardaşlarım, soydaşlarım, amandı!

    GƏLDI

    Bu günü də gördük, görməliydik də
    Olmayan körpüdən keç vaxtı gəldi.
    Yaylaq aran oldu, aran cəhənnəm
    Arandan arana köç vaxtı gəldi.

    Bəlləndi Göy ilən Yerin qərəzi,
    Bağlandı bəşərin bəndi-bərəsi.
    Çəkildi göylərə mizan-tərəzi,
    «Durna, keçəlini seç» vaxtı gəldi.

    Günə güllə kimi açılır səhər,
    Hamı can sürüyür elə birtəhər.
    Çeşmələr ağudu, irmaqlar zəhər–
    Doldur piyaləni iç vaxtı gəldi.

    Gizlənən üzüymüş yırtılan astar,
    Zatı qırıqlara qul olub xaslar.
    Yağı səngərinə satılıb dostlar–
    Siyir qılıncını biç vaxtı gəldi.

    İbrahim İlyaslı, nəydi gümanın?
    Çəkilən vaxtı var gələn dumanın.
    Axır ki, heç nəyin «hər şey» zamanı,
    Axır ki, «hər şey»in heç vaxtı gəldi.

  • “Şair İbrahim İlyaslının “Mən bir söz bilirəm” şeirlər kitabından seçmə şeirlər

    539

    MİNACAT – DİVANİ

    Bir divani bağlamaqda, Xudam, kömək ol mənə,
    Saz götürüm, dərgahında izininlə söz deyim.
    Halallıqla haqqa varmaq qəsdim oldu dünyada,–
    Nəfsim çəkdi imtahana imanımı – düz deyim.

    Tapındığım Adın oldu, tanıdığım kərəmin,
    «La İlahə İlləllah!»dı cövhərində zərrəbin.
    Günahlardan yan ötmədim, ver cəzamı birə min,
    Könlüm evi abad olsun, can evimə döz deyim.

    Cazibəndə dövrəkaram, təcəllana mailəm,
    Varın, yoxun könlümcədi, şükür Sənə!– qailəm.
    Bəni-Adəm İbrahiməm, səhralarda sailəm,
    Sidqimdi Ərşi-əlada, sinəmdi köz-köz – deyim.

    YASƏMƏNDƏDI
    (təcnis)

    Nazınnan oynayar hərə bir gülün,
    Könül, sənin meylin yasəməndədi.
    Yasəməni tərpən, yasəməni din,
    Yasəməni ağla – yasəmən də di.

    İrmağa su gələr, dolar arxa da,
    Xəlq eləyən Xaliq olar arxa da.
    Atişləməz yollar qalar arxada,–
    Ya köhlənə yalvar, ya səməndə di.

    Təbib, yaram çoxdu, bir di dərməni–
    Bir doğrayar məni, bir didər məni.
    İbrahim, dərdiyin birdi dərməni,–
    Yasəmən misallın YASƏMƏNdədi.

    YA DAĞLAR
    (təcnis)

    Mənim yüküm binəsindən bəllidi,
    Çiynimdədi ya dəryalar, ya dağlar.
    Zalım fələk, nədi mənə tutduğun?-
    Hallarıma yaxın göynər, yad ağlar.

    Dost buyurdu:–od ol dedi, odam da,
    Dosta qurban ocağım da, odam da.
    Üç gündən bir müsafirdi odamda,
    Ya zülümlər, ya sitəmlər, ya dağlar.

    Sinəm üstü qəmə xırman yeridi,
    Qəm karvanı, qəsdin budu, yeri di.
    Yan, İbrahim, al kəcavən yeridi,
    Dalınca da yad qaralar, yad ağlar.

    BU ELDƏ QATIĞA QARA DEYIRLƏR…

    Bu eldə qatığa qara deyirlər,
    Burda şər çağrılır xeyirin adı.
    Bu eldə bütövə para deyirlər,
    Burda zəhrimardı şərbətin dadı.

    Gecəsi gündüzdü, gündüzü gecə
    Axşamı sabahdı, sabahı axşam.
    İlahi, dözürəm – dözürəm necə?
    İlahi görürsən – dəmirəm, daşam.

    Dillənən dilindən çəkilir dara,
    Gözü düz görənin ovulur gözü.
    Dirəyib divara, alıb hasara
    Alma qabığı tək soyurlar sözü.

    Deməzlər gözünün üstə qaşın var,
    Yamana yaxşı de, yaxşıya pis de.
    Dayanıb marıqda çəpik çalanlar,
    Haqsıza bağır de, haqlıya sus de!

    Taciri ayaqda, darğası başda,
    Qoçusu ortada kəshakəsdədi.
    Aşığı kababda, mollası aşda,
    Şairi kürsüdə gödən bəsləyir.

    Qolunu bağlayır, başını kəsir
    Daşının üstünə daş qoyanların.
    Anası ağlardı, balası yesir
    Bu yurdun uğrunda baş qoyanların.

    Çıxmır azadlığı top lüləsindən,
    Məmləkət basılır – millət götürür.
    Nə gündü – bu elin fərarisindən
    Bu yurdun qazisi minnət götürür.

    Boyaq tapılacaq qaradan artıq,
    Bu eldə qatığa ağ deyəcəklər.
    Bir az gec olacaq, qoy olur olsun,
    Görərsən – gələcək vaxt, deyəcəklər.

    KIMDI MƏNI SƏSLƏYƏN

    Tanrım, görən mən kiməm,
    Nəçiyəm bu dünyada?–
    Bir payı quru torpaq,
    Üç payı su dünyada!

    Adım Peyğəmbər adı,
    Özüm adi bir adam.
    Bir də bu adilikdən
    Bezib çıxan fəryadam.

    Qənşərində durduğum,
    Aynadakı mənəmmi?
    Ruhum mənə dardımı,
    Mən ruhuma binəmmi?

    Əvvəl-axır deyilən
    Bir ölçü-biçi varmı?
    Varsa bəs ölçüsüzlük
    Nədi, bilmək olarmı?

    Bu cismi-can varlıqdı,
    Yoxluq divanəsiyəm.
    La İlahə İlləllah!
    Kimdi məni səsləyən?!

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    KAŞ Kİ, SƏN DEYƏN OLAYDI

    Ömrün yarı yollarında,
    Kaş ki, sən deyən olaydı
    Mən deyən heç olmasa da,
    Kaş ki, sən deyən olaydı.

    Səhvlərimi anladım ki,
    Tanrımı heç danmadım ki,
    Öz-özümü danladım ki,
    Kaş ki, sən deyən olaydı.

    Həyat da güləndə üzə,
    Yer verəndə saza, sözə,
    Mən qalxanda dağa, düzə
    Kaş ki, sən deyən olaydı.

    YALAN SÖYLƏMƏ

    Yurda qonaq olanda,
    Elə yalan söyləmə.
    Torpağını gəzsən də,
    Hələ yalan söyləmə.

    Dağın seyrinə çıxsan,
    Gülə yalan söyləmə.
    Səni dindirsələr də,
    Telə yalan söyləmə.

    Yanıb bir közə dönmüş,
    Külə yalan söyləmə.
    Hərdən elimə əsən,
    Yelə yalan söyləmə.

    Həftəni aldatsan da,
    İlə yalan söyləmə.
    Dağdan uca Muğana,
    Milə yalan söyləmə.

    Səni haqlasa ömür,
    Belə yalan söyləmə.
    Nə atana, anana,
    Lələ, yalan söyləmə.

    Sığallasa telini,
    Yelə yalan söyləmə.
    Dəstə-dəstə düzülsə,
    Lələ yalan söyləmə.

    Sonası qalxıb uçan,
    Gölə yalan söyləmə.
    Mənə yalan desən də,
    Tülə yalan söyləmə.

    9 yanvar, 2009.Sumqayıt.

  • Əlişad CƏFƏROV.Həyatı və Yaradıcılığı

    Əlişad CƏFƏROV Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fəqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.

    Xalq şairi Rəsul Rzaya

    Bu ağır itkini varlığım danar,
    Necə ki, ölməzlər ölümü danıb.
    Aprelin birində bir dost aldanar,
    Aprelin birində bir xalq aldanıb.

    Uca zirvələri çən-çisək aldı,
    Yamaca nə qaldı, yala nə qaldı?
    Dünyaya gəlməyin həqiqət oldu,
    Dünyadan getməyin yalana qaldı.

    Nurlu misraların, odlu sənətin,
    Könlümdən kədəri talan eylədi.
    Vuruldum aprelin birinə, şair,
    Gerçək ölümünü yalan eylədi.

    1 aprel 1981-ci il.
    Dördlüklər

    Dünyanı çiyninə alıbdı qoca,-
    Əsir yük altında zəif dizləri.
    Sual işarəsi olubdu qoca,
    Çoxlu nöqtələr tək ayaq izləri…

    * * *
    Dörd divar içində bəslənən hər gün
    Qapqara bir daşdır, ürək deyildir.
    Kim deyir, arabir tamaşa üçün
    Bu güniş üfüqlıər gərək deyildir?

    * * *
    Qovaram qəlbimdən ağrılarımı,
    Canımla, qanımla yaradaram mən.
    Leysanda islanan misralarımı,
    İsti şəfəqlərlə qurudaram mən.

    Dünya bu gün

    Yenə dinləyirəm son xəbərləri-
    Fələstin övladı yurddan qaçaqdır.
    Azadlıq altında gizlənənlərin
    Arzusu, əməli işğlaçılıqdır.

    Oğrunun, əyrinin inadına bax:
    Başına tac qoyub xalqını soyur.
    Bu dövrün, zamanın inadına bax,
    Qara xəbərləri Ağ evlər yayır.

    Əzmini, gücünü açıq duyanlar,
    Ölkədən-ölkəyə qovğa ələyir.
    Mənliyi, varlığı bur heç olanlar,
    Yüksək kürsülərdən çıxış eyləyir.

    Həyadan, abırdan qalmayıb əsər:
    Çoxu öz-özünü öyən olubdur.
    Üz-üzə gəlməkdən çəkinən kəslər,
    Efirdə döşünə döyən olubdur.

    Dalayır qəlbimi min fəğan, min ah,
    Silah yarışları başlayır bu gün.
    Xalqın əlləriylə düzələn silah,
    Xalqın sinəsinə tuşlanır bu gün.

    Arzu istəyimi daş belə anlar,
    Bütün varlıqlara qəlbim həyandır.
    “İnsan hüququ”ndan çox danışanlar,
    İnsan hüququnu tapdalayandır.

    Qısqanıram mən

    Hələ vərəq-vərəq oxunmamışam,
    Gedişin-gəlişin oxunur sənin.
    Bəyaz əllərinə toxunmamışam,
    Küləklər saçına toxunur sənin.

    Otuzu adlayıb gözləmir yaşım,
    Sonsuz həsrətindən usanıram mən.
    Zülmət gecələrə necə tapşıram,
    Səni gündüzlərə qsıqanıram mən?!

    Quşlar yuva qurar

    Quruyub qalmışam çölün düzündə,
    Əsən küləklər də mənim yağımdı.
    İki gün dustağam bu yer üzündə,
    İkicə gün olur azadlığım da.

    Aydındır hər kəlmən ay işığıtək,
    Əsərəm yarpaqtək sözünün üstə.
    Aralı düşərik iki günlüyə,-
    Quşlar yuva qurar izinin üstə.

    Bermut üçbucağı

    Arzular, əməllər gülə bilməyir,
    Dəhşətli fikirlə oyanır orda.
    Əqrəblər yükünü çəkə bilməyir,
    Deyirlər, zaman da dayanır orda.

    Dünyaya bir ümman kədər ələdi,
    İlan tək qıvrılıb çaldı dünyanı.
    İnsan vəhşiliyi azlıq eylədi,
    Qorxunc bir dəhşət də aldı dünyanı.

    Qaranquş

    Ağın başqa yanadı,
    Bir yanadı qaran, quş.
    Mənə xoş xəbər gətir
    Qayçı quyruq qaranquş
    Ağın da var, qaran da
    Niyə yoxdur sarın, quş?
    Baharlı sevincindən
    Küləkləri yaran quş
    Qismətin bahar olsun
    Görməyəsən boran, qış
    Yazdan mənə köynək biç,
    Qayçı quyruq qaranquş.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    VƏTƏN

    “Vətənimdir” – silsiləsindən

    Vətən, sənin bir zərrənəm,
    Torpağında doğulmuşam.
    Dənizində, çaylarında,
    Saflaşmışam, durulmuşam.

    Ürəyimin odusan sən,
    Çörəyimin dadısan sən,
    Varlığımın adısan sən,
    Mən qovğayam, mən vuruşam.

    Qayaları yığın-yığın,
    Vurğunuyam Haçadağın.
    Atəşgahın, Yanardağın,
    Alovundan yoğrulmuşam.

    Yolun hünər, zəfər yolu,
    İgidlərin dəli-dolu,
    Bamsu Beyrək, qoç Koroğlu,
    Qeyrətinə vurulmuşam.

    ANAM NƏQŞİCAHAN

    “Vətənimdir” – silsiləsindən

    Böyüdüm yurdumun mərd sinəsində,
    Köroğlu nərəsi, cəngi səsində.
    Məst oldum hürrüyət təntənəsində,
    Qəlbdə vətən eşqi, ilhamım rəvan,
    Anam Nəqşicahan, ulu Naxçıvan.

    Məğrurdur, igiddir ulu yaşında,
    Bahar təravətin yaşar qışında.
    Min nemət yetirər hər qarışında
    Tarixi qədimdir, bu günü cavan,
    Anam Nəqşicahan, ulu Navxçıvan.

    Hər küçə,döngədə yeni bir zəfər,
    Yoxdur köhnəlikdən əlamət,əsər.
    Şanlı səhifədir, doğan hər səhər,
    Hüsnünə valehdir hər ölkə, cahan,
    Anam Nəqşicahan, ulu Naxçıvan.

    Dillər əzbəridir adı- sanı var,
    Hər qarış torpaqda şəhid qanı var.
    Qazidir milləti,şöhrət- şanı var,
    Tutub yağılara həmişə divan,
    Anam Nəqşicahan, ulu Naxçıvan.

    Qoç oğuz elidir, qaynayır həyat,
    Qorqud diyarına yaraşır büsat.
    Rəhbəri Koroğlu,- altında “Qırat”,
    Şanına nəğmələr hey qoşur Dövran,
    Anam Nəqşicahan, ulu Naxçıvan…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Bir də qayıt, bir də gəl,
    Bir də ölüm-itim mən…
    Sonra yenə çıxıb get,
    Kol dibində bitim mən.

    Arada qırpım gözümü,
    Döyüm kirpiklərimi.
    Dilim qıymaz özümə,
    Söyüm sevdiklərimi…

    Aylar keçsin, öyrənim,
    Çayı sənsiz içməyi.
    Qaranquşa söyləyim,
    Qəlbdən-qəlbə köçməyi.

    “Gülmək” taxım üzümə,
    Axı, güclü qadınam.
    Öpüm yatım şəklini,
    Yolun düşsün yuxuma.

    Nolur, bir də qayıt gəl,
    Bir də ayrılaq, bir də…
    Sən boylanan sözlərə
    “Şeirlərdi”-deyirlər…

    * * *

    Sifətim nərgiz rəngində…
    Duruşum bənövşə kimi… ( Elməddin Nicat )

    Hər bəxtin qara kitabı
    Yarımçıq istəkdə deyil…
    Tanrının mürəkkəb qabı
    Bənövşəyi rəngdə deyil…

    Duruşum,gülüşüm payız…
    Sarı günüm… qara baxtım…
    Köçdü baxışıma nərgiz
    Getdiyin yollara baxdım…

    Sən ey payızın adamı…
    Arzuların pöhrə-pöhrə…
    Qoy unutdursun adımı
    Qucağındakı o körpə…

    ( köhnə şeirdi… )…….

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    * * *

    Yağırsan yağışım
    Damla-damla
    Göy üzündən,
    Gözlərimdən,
    Baxışımdan…

    Yağırsan yağışım
    İsladırsan həzin-həzin
    Yer üzünü,
    Göy üzünü,
    Üst-başımı…

    Yağırsan yağışım
    Silirsən pəncərəmdən
    Əl izimi,
    Ad yazımı,
    Naxışımı…

    Yağırsan yağışım
    Gözləmirsən yığam gedəm
    Bu yağışlı yer üzündən
    Taleyimi,
    Ürəyimi,
    Ruhumu…

    2014.28.01

    * * *

    Bütün şəhər Sənə bənzəyən insanlarla doludu…
    Və mən indi Sənə bənzəyən üzlər arasında tamamilə tənhayam,
    Bilirsənmi?
    Bir həsrətə dözə bilməzkən
    Hər saniyə Səninlə üz-üzə gəlmək…
    İntihar etmiş məsumiyyətin
    Göy üzündə asılı qalan
    Son iniltisini duymaq kimidi…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O ÜRƏK Kİ, SƏN DƏ VAR

    O ürək ki, səndə var,
    Dərdimə ağlamazsan,
    Məni qan aparsa da,
    Yaramı bağlamazsan,
    O ürək ki, səndə var,

    Halma acımazsan,
    Dünya uçub dağıla,
    Sən qapımı açmazsan,
    Q ürək ki, səndə var,

    Baxıb bir ah çəkməzsən.
    Görsən ki, lap ölürəm,
    Göz yaşı da tökməzsən.
    O ürək ki, sən də var,

    Qara daşdı sinəndə.
    Gözlərini yummusan,
    Göydən sevgi enəndə.
    O ürək ki, səndə var,
    Yanmazsan dərdə, qəmə.
    Sənin gözəlliyinə,
    Aldanmışam mən demə.

    ÖYRƏDİM SƏNƏ

    Gəl uzaq durmayaq bir-birimizdən,
    Eh nədir, ax nədir, öyrədim sənə,
    Bu eşqin oguna yanaq, yaxılaq,
    Az nədir, çox nədir. öyrədim sənə.

    Danış hər kəlməni sinəmə yazım,
    Baxışlar dinirsə, dil nəyə lazım,
    Qoyma bu yollarda mən çaşım, azım,
    Ac nədir, tox nədir öyrədim sənə.

    Səni görən gündən ömrüm girovdu,
    Sevda yollarımda taleyim ovdu,
    Dərdini çəkməkdən saçım qırovdu,
    Var nədir, yox nədir, öyrədim sənə.

    Mən keçib gəlmişəm dumandan, çəndən,
    Ayıra bilmirəm gözümü səndən,
    O qaşı, kipriyi gizlətmə məndən,
    Yay nədir, ox nədir, öyrədim sənə.

    Səni düşünürəm, mən səni, hər an.
    Ölüb, dirilirəm, söküləndə dan,
    Fələyi yandıran, qəlbi yandıran,
    Od nədir, ah nədir , öyrədim sənə.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxarsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.

    17.01.2017.

    KÜLÜMDƏ KÖZƏRƏN GİLEYƏM,GÜLÜM.

    Bir cüt göz gəzirəm məni ağlaya,
    Yağan göz yağışı qəmi dağlaya.
    Ürək arayıram məni bağlaya,
    Qəribə eşqimin qərib selinə.

    Sevilə bilmədim sevdiyim qədər,
    Sevinə bilməyən sevgimmi hədər?!
    Sevdim,sevdiyimə sevindi qədər
    Daş atıb ömrümün sükut gölünə.

    Dil açır sözümə dönən o çağım,
    Qürbəti andırır dinən o çağım.
    Kimi isitdisə dünən ocağım,
    Bu gün ağız büzür nəmli külünə.

    Qınama dünyanı-dünya qəbirdə,
    Xəncəri korşalan qınam səbirdə.
    Gülmə içimdəki göyərən dərdə,
    Ağla qəribsəyən tənha gülünə.

    Bu sevda ot deyil göyərə bir də,
    Od deyil alışa bu qərib dərdə.
    Başıma iş açma durduğum yerdə,
    Calayıb yalanı qəlib dilinə.

    Gözə kül üfürüb sovurma külü,
    Külümdə közərən gileyəm,gülüm.
    Sözümü izləyən güləyən,gülüm.
    Çətin ki o çağlar düşə əlinə!

    22.04.2016.
    Azərbaycan.Quba.

  • Kənan AYDINOĞLU.”Sənsiz, inan, Azərbaycan”

    1902788_614529541965133_896121757_n

    Sənsiz, inan, Azərbaycan,
    Ruhum cana hopa bilməz.
    Sən olmasan bu cahanda,
    Tufan, boran qopa bilməz.

    Qovulsa kafər yağılar,
    Gözündən kədər dağılar.
    Yəhər üstə mərd oğullar,
    Bircə atı çapa bilməz.

    Sənsiz torpaq öz daşından,
    Şair salamat başından.
    Tarix də öz yaddaşından,
    İnan, xeyir tapa bilməz.

  • Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)

    ehe

    HARDAN GİRİM QOLUNA

    Gözlərimdə gülür dan,
    Yarı ruham,yarı can.
    Hər qəribin ahından,-
    Bir sözsüz qəzəl çıxır.

    Heykəlidir qu eşqin,
    Gözümdəki su eşqin.
    Arasında bu eşqin,-
    Gül solub,xəzəl çıxır.

    Keçirəm sağ-soluna,
    Hardan girim qoluna?
    Sevənlərin yoluna,-
    Ayrılıq gözəl çıxır.

    HAVAYIDIR XƏRCLƏDİYİN XATİRƏM

    Havayıdır xərclədiyin xatirəm,
    Könlümdə bir güman yeri saxla,get.
    Aramızda baxışını çıraq qoy,
    Gözlərimi kirpiyinlə bağla,get.

    Bu qürbətdə hər ağacın barı yox,
    Qırov tutan gül üstündə arı yox.
    Dumanı yox,çovğunu yox,qarı yox,
    Yaxşı olar,sinəmdəki dağla get.

    Eşələmə,o qaralan külümdür,
    Kül altında köz olmaq da zülümdür.
    Bundan belə ayrılıqdır,ölümdür,
    Ürəyini boşalt biraz ağla,get.

    BU YERDƏ AYRILSAQ,YERİNƏ DÜŞƏR

    Bir sevda bağlayıb şoran sinəmdə,
    Kimdir ürəyimi yoran sinəmdə?
    Məlhəm də götürmür yaram sinəmdə,
    Qorxuram əl vursan,dərinə düşər.

    Nəzir elədiyim ocaqsan,pirsən,
    Yalandan başına məni çevir sən.
    Elə divanəsən,elə sevirsən,
    Kim görsə,bu eşqin şərinə düşər.

    Dönübdür yenilməz qoşuna hicran,
    Gəlmir ki tələyə,qurşuna hicran.
    Çəkilməz belə öz xoşuna hicran,
    Bu yerdə ayrılsaq,yerinə düşər.

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Baş məsləhətçisini və və Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbərini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu)- şair, publisist, tərcüməçi, jurnalist . Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri (2012), Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru (2013), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015), Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Baş məsləhətçisi (2015), “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri (2016)

    1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıbidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təçkilatçılığı ilə ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Azerbaycan toprağına düşüp güzarın, Yunusum!”” adlı şeiri Osmanl ıtürkcəsində Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 və Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin 14. sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    1902788_614529541965133_896121757_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş məsləhətçisini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Məsul katibini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Y A D A S A L I R A M

    Çox xəyala dalıram,
    Donub səssiz qalıram.
    Hey yadıma salıram,
    Gözəl nənə,babamı-
    Öz elimi,obamı.

    Məni xəyal götürür,
    Yurd-yuvama gəririr.
    Şimşəklərdən ötürür,
    “Həsən” arxı boyunca-
    Seyr edirəm doyunca.

    Xəyallar muncuq-muncuq,
    Xatirələr yarımçıq.
    Gözəl,doğma Qaraçuq,
    Evləri bağ-bağatlı-
    Hər gənci bir ağ atlı.

    Aynabəndli evimiz,
    “Cırtdan”ımız,”Div”imiz.
    Sevərdik hər birimiz,
    Baba nağıllarını,
    Nənə qoğallarını.

    Səhər,həm axşam çağı,
    Babam gəzərdi bağı.
    Oxşardı hər budağı,
    Alça,ərik,tut,üzüm-
    Meyvələr düzüm-düzüm.

    Nənəm qazan asardı,
    Ətri evi basardı.
    İy hasardan aşardı,
    Dayım tutar dürməyi,
    Boşaldardı çölməyi.

    Fərqi yoxdu ağ-qara,
    Dırmaşardıq tutlara.
    Çatardıq buludlara.
    Həm çırpar həm yeyərdik,
    Doyub rəhmət deyərdik.

    Sönüb ulduzum,ayım,
    Kəsilib bayram payım.
    İgid Məzahir dayım,
    Bir qoçu tək yeyərdi,
    Heç doymadım deyərdi.

    Babamın dan ulduzu,
    Hanı Elmira qızı?
    Xəzana dönüb yazı.
    Alıb onu da əcəl,
    Mələk olub O,gözəl.

    Xəyallarım dardadır,
    Dumandadır,qardadır.
    Anam Surə hardadır?
    Dönüb uzaq ulduza,
    Görünmür oğul-qıza.

    İtirdik Naziləni,
    Qədir-qiymət biləni.
    Qocalmamış öləni,
    Ceyrangöz,ahu bacım,
    Həsrətim,ağrım,acım.

    Tərlanım,turac bacım,
    Başdakı altun tacım.
    Həm dərdim,həm əlacim.
    Ağ qar yağıb başına,
    Çatıb altmış yaşına.

    Yıxılıb qəlb sarayım,
    Susub hayım –harayım.
    Qocalıb Zəfər dayım,
    Dərd,qəmini üyüdür,
    Bilmir kimi böyüdür.

    Nənənin dağ lalası,
    Babanın gül balası.
    Uçub qəsri,qalası.
    Xəyallardır həmdəmi,
    Onlarla qovur qəmi.

    12.02.2012.

    QOÇ KOROĞLULAR

    “Düşüncələrim” – silsiləsindən

    Görən niyə belə dəyişib dünya,
    Ərənlər, igidlər alınmır saya.
    Ürəklər daş olub, üzlər sərt qaya
    Qıratı, Düratı çapır oğrular-
    Hardasız, hardasız , Qoç Koroğlular?!

    Çənlibel dönübdür bazar yerinə,
    Dəlilər qurşanıb bez alverinə.
    Qəm qüssə qəlblərə, çöküb dərinə,
    Gözlərdə yaş donub ,könüldə qübar-
    Hardasız, hardasız, Qoç Koroğlular?!

    Həmzənin nə qədər mülkü, bazarı,
    Saymaqla qurtarmaz sərvəti, varı.
    Biznesdir, alverdir qeyrəti, arı,
    Hasanxan soyundan qaynatası var-
    Hardasız, nardasız, Qoç Koroğlular?!

    Dəmirçi oğlunun fənadır halı,
    Bükülüb qaməti, sanki at nalı.
    Bəlli Əhməd, Səfər, həm İsabalı,
    Işçi bazarında çoxdan quldular-
    Hardasız, hardasız, Qoç Koroğlular?!

    Çənlibel bülbülü o ,Aşıq Cünun,
    Zamana uyaraq dəyişib donun.
    Şo-biznes, toylarda keçirir günün,
    Hər şadlıq sarayı bunu doğrular-
    Hardasız, hardasız, Qoç Koroğlular?!

    Qəlbi qan ağlayır, gözdə intizar,
    Marketdə satıcı işləyir Nigar.
    Artıq nə hörməti, nə də şanı var,
    Güvənci dağlara çoxdan yağıb qar-
    Hardasız, hardasız , Qoç Koroğlular?!

    Gurlasın yenidən “Cəngi”nin səsi,
    Açılsın tarixin yeni səhifəsi.
    Dağları titrətsin dəli nərəsi,
    Əldə “Misri”qılınc, əldə “Zülfüqar”-
    Qalxsın Çənlibelə ,Qoç Koroğlular?!

  • Şəfa EYVAZ.”Gözümü yollardan yığışdırmışam”

    1423756700_sefa-xanim

    Bütün ağrıları çəkib sinəmə,
    Bir ovuc ürəyə sığışdırmışam.
    Daha gözlədiyim kimsə qalmayıb,
    Gözümü yollardan yığışdırmışam.

    Gündüz gözü, gecə könlü yorarmış…
    Gecə uzun, ulduzları saymışam.
    Bu gecə nə qorxu, nə də dəhşət var,
    Hamsını yuxuma qarışdırmışam.

    Bəlkə məsləhətdir, alıb aparar,
    Duaların ətəyindən tutmuşam.
    Ha suvarsan qara daşı göyərmir,
    Allah, yer üzündən çox yorulmuşam.

    19.10.2017.

  • Şəfa VƏLİYEVA.”Bu divarın o üzündə”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bu divarın o üzündə
    Tükənmiş arzular qalıb,
    Yaddan çıxıb…
    Sol gözümdə
    Bir əlçim bulud taxılıb…
    Bir az keçsin…
    Yağmağı var
    Bu buludun damcı-damcı…
    Ürəyimdən qalxmağı var,
    Hələ “körpədi” bu sancı…
    Bu divarın eşiyində
    Bir mələk var…
    Gələcək o…
    “Ağ gün” məni bəzəyəndə
    Hamıdan tez biləcək o!

  • Kənan AYDINOĞLU.”Vurğun qələmindən çıxan şeirlər”

    1902788_614529541965133_896121757_n

    Vurğun qələmindən çıxan şeirlər,
    Daşlardan su kimi süzülüb gəlir.
    Dostluqda sədaqət, sevgidə inam,
    Qızların telindən düzülüb gəlir.

    Moskvadan Bakıya gələn qonaqlar,
    Hələ ilk baxışdan bükülüb gəlir.
    Nizami şerinin hər bir bir misrası
    Günəşi nurundan tökülüb gəlir.

    Sərvəti bol olan ana torpağa,
    Qəm də sevinc kimi üzülüb gəlir.
    İrandan Bakıya keçmək istəyən,
    Bir İran taciri büzülüb gəlir.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    EŞQİN ÇIRAĞI

    “Könül dəftərim” – silsiləsindən

    Bulud kimi tutulmuşam səhərdən,
    Açılmayır könül acı qəhərdən.
    Yemək- içmək betər ağu- zəhərdən,
    Sinəmdə sönübdür eşqin çırağı.

    Allah lənət etsin yazı pozana,
    Soyuq su ələyib isti qazana.
    Dönmüşəm həyatda Dəli Ozana,
    Olmuşam obanın, elin qınağı.

    Könül yuvamızı etmisən bərbad,
    Hicran, kədər qəlbdə açıb qol- qanad.
    Ən incə hislərim mənə olub yad,
    Saçıma toxunmur sevgi darağı.

    Artdıqca hey artdı günahın sayı,
    Çevrildi sərt qışa ömrümün yayı.
    Söylə necə oldun dönük, hərcayı?
    Məhv etdin köksümdə çağlar fərağı.

    Çəkmədin saçlara döyunca tumar,
    Bilmədin bədxahlar bizləri qınar.
    Dövranı özündən eylədin kənar,
    Leylitək səhradan gəlir sorağı.

    HƏDƏR

    “Düşüncələrim” – silsiləsindən

    Söyləsək də cahan mülkü,
    Zəmanənin gərdişinə.
    Çiynimizdə yaşam yükü,
    Qatılmışıq gedişinə.

    Hey dözmüşük bu həyatın,
    Ağrısına, acısına.
    Kimi çox vaxt həsrət qalıb,
    Qardaşına, bacısına.

    Dəryaları yaranıbdır,
    İnsanların göz yaşından.
    Dağı- daşı odlanıbdır,
    Dərdlilərin qarğışından.

    Bəşər oğlu usanmayır,
    Bəd keçsə də hər bir günü.
    Hər anını ömür sayır,
    İtirməyir ümidini.

    Qəsb etsə də şirin canı,
    Dövran, möhnət, qüssə, kədər.
    Sil qəlbindən həyacanı,
    Yaşanmasın ömür hədər.

  • Şəfa VƏLİYEVA.”Dəliyəm… Sənə oxşadım,”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Altdan-altdan qımışıram,
    Daha ürəkdən gülmürəm…
    Aşikara alışıram,
    Gizlincə sevə bilmirəm…

    Dəliyəm… Sənə oxşadım,
    Öyrətdin özünə məni…
    Bəxtim bəxtinə oxşasın,
    Sözüm də sözünə sənin…

    Aşiq yarın görsün deyə,
    Dağlar başını əyməz ki?
    Getdin… Arxanca səpməyə,
    Gözümün yaşı yetməz ki?

    (2013)

  • Şəhla RAMAZANQIZI.Yeni şeirlər

    * * *

    Bir səhər küləyi əsəs incədən,
    Saçlarım beləcə dağılıb gedər.
    Ümidsiz arzular qız ürəyinin,
    Sevgi dənizində boğulub gedər.

    Üzümə güləndə alovlu günəş,
    Gözümdən sənsizlik süzülüb düşər.
    Günəştək başımda gəzən xəyalın,
    QIsılar qəlbimə qarışanda şər.

    Gün gedər, Ay gələr səfərdən evə,
    Gözlərim hələ də yola dikilər.
    Təqvim də, saat da yuxuya gedər,
    Mənim yuxularım ərşə çəkilər.

    * * *

    Görürsən ürəyin yanır, alışır.
    Sevgidən araya söz düşən kimi.
    Yadına düşəcək payız çiçəyin,
    Məhşər ayağında görüşən kimi.

    Yolboyu sürünən dəniz küləyi,
    Yenə qulağına pıçıldayacaq.
    Payız xəzanında ayaq səsimi,
    Bir şəhər uzaqdan qəlbin duyacaq.

    Ruhunu tərpədən sarışın payız,
    Yenə gözlərini qamaşdıracaq.
    Gəlib həyatına tək, bircəciyin,
    Ağlını yerindən qarışdıracaq.

    Qəhərdən hər gecə sabahlaradək,
    Yaşaya bilməyib boğulacaqsan.
    Ölüb hər gecəni səhər olunca,
    Məni sevmək üçün doğulacaqsan.

    Unutmaq istəsən sevgimi deyil,
    Qəlbindən qopart at söz yaddaşını.
    Deyək ki , yox etdin hər şeyi başdan,
    Necə siləcəksən öz yaddaşını?

  • Şəfaqət CAVANŞİRZADƏ.”Erməni ailəsinin qonağı oldum” (Hekayə)

    Bugün işğal olunmuş rayonlarımızın birinə; Zəngilana getmişdim.Zəngilandakı ikimərtəbəli evlər üçmərtəbəli olmuşdu. Yollar da fərqli olmuşdu. Hündür binaların arasında həyət evləri tikilmişdi. Qaldığımız binanın üçüncü mərtəbəsində bizi aparan erməni tərcüməçinin ailəsinin qonağı olduq. Tale elə gətirmişdi ki, uşaqlığımın keçdiyi binada yaşayırdılar.
    Deyirəm, “Bu binada yaşamışıq. İkinci mərtəbəsində. İkinci mərtəbədə kimlər yaşayır?” Sualım yersiz idi, ermənidən başqa kim yaşaya bilərdi?
    – Türk ailəsi yaşayır- dedi, təəccübləndim. Deyəsən, “türk bizim düşmənimizdir” deyəndə, ermənilər biz azərbaycanlıları nəzərdə tuturdular. Türklərdən də hər il Ermənistana gələnlər az deyildi. Başqa ölkələrdə onsuzda azəri-erməni işbirliyi olurdu.
    Xahiş elədim, türk ailəsinin qapısını döydük. Bizi yaxşı qarşıladılar. Gənc ailədilər. Evdə o qədər də dəyişiklik eləməmişdilər.Çıxmamışdan əvvəl atam təzəlikcə təmir eləmişdi evi. Öz əlləriylə!…
    Mətbəx şkafımızı necə qoymuşduqsa, elə də qalmışdı.Uşaqlıq xatirələrim yadıma düşdü, gözlərim doldu. Erməni yanımda olmasaydı, əllərimi divarda gəzdirərdim, uşaq kimi ağlayardım. Atamın oynamağımız üçün sonradan genişləndirdiyi eyvanda indi türkün uşaqları oynayırdı. Bu mənə bir az təsəlli vermişdi. Erməni uşaqları qonaq gələndən gələnə oynayacaqdılar.
    Qubadlıya da getmək istədim, erməni kimlərlə danışdı, bilmədim, dedi, növbəti gəlişdə mümkündür. İndi yerlər dolub.Turist kimi Zəngilanı xeyli gəzdim, məni pis qarşılayan, sifət edən ermənilərə hirsimi içimdə boğa-boğa göz süzdürürdüm, arxamca erməni dilində nə danışdıqlarını anlamırdım, çiynimi atırdım. Yaxşı qarşılayan ermənilərə isə, gülümsəyib, öz dilimdə ” minnətdaram” deyirdim. Başqa ölkənin vətəndaşı kimi gəlmişdim, hörmətsizlik etməyə nə onların, nə də mənim ixtiyarım yox idi.
    Dəniz necə gedib çıxıb o tərəflərə bilmədim. Yəqin, ərəblər kimi süni dəniz yaradıblar.Qayaların üstündən keçə-keçə qayıtmalı oldum.Sonra tərtəmiz suyuyla məni özünə çəkən dənizə düşdüm, ayaqlarım sərinlədi. Sərhəddə ailəmi saxlamışdılar. Sərhəddəki restorandan uzun zəncir uzanıb yolumu kəsirdi. Zənciri götürüb restoran tərəfə atdım, ətrafımı erməni polisləri necə dövrəyə aldılarsa, özümü terorçu kimi hiss elədim. Ailəmi yoxladılar, məndən başqa!…
    Məni niyə yoxlamadıqlarını soruşdum.
    – Sənə inanırıq,pislik edən adama oxşamırsan?- ermənilərin biri azərbaycanca dedi.
    – Guya ailəm pislik edəndir? – soruşdum.
    – Düşmən düşməndir!…Restoran sahibinin əmrlərini yerinə yetiririk.
    – Restoranın sahibi kimdir?
    – Azərbaycanlıdır, adını deyə bilmərəm.
    Və mən deməyə söz tapmadım. Deməli, məkanın sahibi həmvətənin də olsa, sərhədi keçdinsə, düşmən düşməndir!
    Ölkəmə keçdim, yuxudan oyandım!!!

  • Şəlalə ADİLQIZI.”Ağ yol”

    Bəmbəyaz saçlarım
    Hər dənəsi bir ağ yoldur.
    Hərəsi bir dərd yolunda
    Ağarıbdır, uzanıbdır.
    Dərdlərim uzandıqca
    Saçlarım uzandı.
    Qəm-kədər çoxaldıqca
    Saçlarım ağardı.
    Saçlarım dərdlərimin sayı qədərdir.

    Ağ tellərimin hərəsi bir yol,
    Bu yollar hörükdədir,
    Ətəyi də düyünlüdür.
    Ömür yollarım dolaşıq,
    Çalın-çarpazdır.
    Sonu da hörüyün ucu tək düyünlüdür.
    Saçlara qar yağanda saçlar ağarmır,
    Başa dərdlər yağanda
    Saç ağarır…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ÇOXALIR

    Baxan yoxdu nəsiyyətə, söhbətə,
    İbdi çoxu üzün tutur qürbətə,
    Dözmək olmur ayrılığa, həsrətə,
    Ayrılıqdan dərd çəkənlər çoxalır,
    El-obadan perikənlər çoxalır.

    Yol-irizi çayır basır, bağlayır,
    Bu ayrılıq ürəkləri dağlayır,
    Həyət-baca yetim qalıb, ağlayır,
    Dərd səpənlər, qəm əkənlər çoxalır,
    El-obadan perikənlər şoxalır.

    Yapınçıdan ayrı düşür çobanlar,
    Bağ-bağçadan əlin çəkir cavanlar,
    Qəm gətirir gələn günlər, zamanlar,
    Qərib yurda kül tökənlər çoxalır,
    El-obadan perikənlər çoxalır.

    Belə getsə boşalacaq kənd-kəsək,
    Məzarları dağıdacaq yel, külək,
    Heç bilmirəm nə oyundu, nə kələk,
    Baxışlarda duman, çənlər çoxalır,
    El-obadan perikənlər çoxalır.

    Qərib ruhlar yer tapmayır özünə,
    Qürbət baxmır qəriblərin üzünə,
    Ata, ana burda döyür dizinə,
    Yad ellərdə ev tikənlər çoxalır,
    El-obadan perikənlər çoxalır.

    GƏLMİR

    Ar-namus biilməyən adam,
    Gözə gəlmir, Əziz Musa.
    Əyrilərə gələn fürsət,
    Düzə gəlmir, Əziz Musa.

    Xoş olur yazın nəğməsi,
    Şirindi bülbülün səsi,
    Ha axtar gülün qönçəsi,
    Sözə gəlmir, Əziz Musa.

    Hər sözün üstündə əsək,
    Sevgisiz köklənməz ürək,
    Köhnənin qədrin bilməsək,
    Təzə gəlmir, Əziz Musa.

    Həyat nədi bilməz naşı,
    Vermə yelə yayı, qışı,
    Hər insanın ömür yaşı,
    Yüzə gəlmir, Əziz Musa.

    Yurd-yuva qiymətli inci,
    Bu qismətdən nə küs, inci,
    Dünyanın bir xoş sevinci,
    Bizə gəlmir, Əziz Musa.

  • Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI haqqında deyilənlər

    “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram”
    Səməd Vurğun. (xalq şairi).

    Əliağa Kürçaylı poeziyada ardıcıl surətdə işləyən,çalışan, çox yazan, özü də əsasən yaxşı yazan şairlərimizdəndir.
    Cabir Novruz.(xalq şairi)

    İstəkli qələm dostumuz Əliağa Kürçaylı bu gün sıralarımızda olmasa da, qiymətli əsərləri səfərindən qalmayacaq. Onların son mənzili, son dayanacağı həmişə oxucuların könül aləmi olacaq.
    Bəkir Nəbiyev (akademik)

    Günlər keçəcək, şerlərin gəzəcək dodaq-dodaq sənsiz, Məhəbbətin gəzəcək ürək-ürək sənsiz.
    Rəsul Rza (xalq şairi)

    Nəğməsində Kür harayı, nəfəsində Muğan düzü-
    Ömrü boyu oxuduğu kitab idi Muğan düzü.
    Məmməd Araz (xalq şairi)

    Mən Əliağa Kürçaylını, 1980 – ci ildə vəfat etsə də,bu gün bizimlə bir sırada addımlayan, sabaha doğru addımlarımızda bizimlə bir olan, sevincimizdə də, kədərimizdə də görünən bir şair kimi hiss edir, duyuram.
    Vaqif Yusifoğlu (şair)

  • Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI

    Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

    Əliağa Həsənağa oğlu Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illlərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olmuş, Rusiya Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“RUSİYA GƏNCLƏRİ, 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Moskva radio qovşağında redaktor işləmiş, yaşlı yazıçıların I . müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib İİO-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, abu-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Diaform” qəzeti redaksiyasında ədəbi işçi, nsksnavə incəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Bakıda ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.
    1980-ci il fevralın 11-də vəfat etmişdir.

    Mükafatları

    Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979

    Ədəbiyyat siyahısı

    1. Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 1953, -16 səh.
    2. Salam gələcək illər. Bakı: Azərnəşr, 1954, -112 səh.
    3. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1956, 212 səh.
    4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.
    5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
    6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
    7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
    8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
    9. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
    10.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
    11.Yollarda axtar məni. Bakı: Gənclik, 1970, 180 səh.
    12.Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
    13.Dünya ovcumdadır. Bakı: Gənclik, 1976, 243 səh.
    14.Bütövlük (şeirlər və poemalar) Bakı:Yazıçı, 1978, 60 səh.
    15.Ülkər (şeirlər və poemalar) Bakı: Yazıçı, 1980, 23 səh.
    16.Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar) Bakı:Yazıçı 300 səh.
    17.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
    Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

    Tərcümələri (ruscadan)

    1. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,
    1965, 182 səh.
    2. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik,
    1971, 170 səh.
    3. Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr,
    1973, 546 səh.
    4. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,
    1975, 253 səh.

    Dövri mətbuatda.

    1. Yusifli Vaqif.Dünya səndən kimlər keçdi: Əliağa Kürçaylı haqqında Söz // 525-ci qəzet.- 2012.- 15 sentyabr.- N 167.- S. 26.
    2. Əliağa Kürçaylı // Kaspi.- 2010.- 27-29.- N 209.- S. 15.
    3. Vahid Təranə. Əliağa Kürçaylı adlı bir şair vardı // Mədəniyyət.-2011.- 25 noyabr.- №87.- S. 12.
    4. Kürçaylı Əliağa.Mənim nəyim var? : Şeir / Ə. Kürçaylı // Yeni Azərbaycan.- 2011.- 05 fevral.- № 22.- S. 11.
    5. Əlövsət Bəşirli. Çıxıram qəlblərin səyahətinə:{Şair Əliağa Kürçaylı} // 525-ci qəzet.- 2010.- 18 dekabr.- № 232.- S.21.
    6. Şəhla Qaryağdıoğlu.Dünya mənə zindan oldu: {Şair Əliağa Kürçayının 80 illiyi} // Mədəni-maarif.- 2008.- № 11.- S. 45-52.
    7. Qulam Sadıq.Bahar ömürlü şair: {Əliağa Kürçaylı} // Mədəniyyət.- 2008.- 14 iyun.- № 52.- S. 12.
    8. Hacızadə Nahid.Ellər xatırlayar məni: {Əliağa Kürçaylı-80} //
    Ədəbiyyat.- 2008.- 11 iyul.- № 26.- S. 3.

    Əliağa Kürçaylının sözlərinə bəstələnmiş mahnılar.

    1.”Gəl barışaq” – Mus: Elza İbrahimova.
    2. “Gedək üzü küləyə” – Elza İbrahimova.
    3. “Mən sənin yanına gəlirdim” – Elza İbrahimova.
    4. “Səslə məni” – Elza İbrahimova.
    5. “Buludlar” – Vasif Adıgözəlov.
    6. “Mən gəzirəm hər yanı” – Vasif Adıgözəlov.
    7. “Qarabağım mənim” – Zəfər Cəfərov.

    İnternetdə

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GÖNDƏRƏSƏN

    “Könül dəftərim” – silsiləsindən

    Ya Rəbb, yarı görcək, aşiqi oldum,
    Ağlar bulud kimi, yamanca doldum.
    Payız yarpağıtək saralıb, soldum,
    Könül isitməyə, yay göndərəsən.

    Gəlsin gül ömrümə bahar,yaz kimi,
    Qonsun sinəm üstə telli saz kimi.
    Çəksin hər cəfamı sərvi- naz kimi,
    Bu aşiq qəlbimə, pay göndərəsən.

    Ağ atlı igidtək, kəhər belində,
    Səmum küləyitək, tumar telində.
    Sevirəm kəlməsi bitsin dilində,
    Sevda harayıma, hay göndərəsən.

    Eşqi məskən salsın qəlbdə, canımda,
    Mehri- məhəbbəti coşsun qanımda.
    Yanıma yaraşan, olsun yanımda,
    Sevgimə- sevgisin, tay göndərəsən.

    Dəyərin dərk edək zamanın, anın,
    Birgə tutaq nəbzin fani dünyanın.
    Sevincdə qərq olsun, ömrü Dövranın,
    Zülmət gecəsinə, Ay göndərəsən.

    YA RƏBB QURTAR MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Yağmura dönməyə hazır buludam,
    Qədər aman vermir, dərdi unudam.
    Fələyin çəngində sızlayan udam,
    Ya Rəbb, qurtar məni, fələk felindən.

    Kamantək inləyir sədəfli sazım,
    Dönüb qarlı qışa baharım, yazım.
    Qüssədir, hicrandır, alnımda yazım,
    Ya Rəbb, qurtar məni,qəmin əlindən.

    Yanaqda iz salıb duzlu göz yaşım,
    Xəyal, xatirədir sadiq sirdaşım.
    Nisgildən qurtulmur bəlalı başım,
    Ya Rəbb qurtar məni,kədər selindən.

    Bəxt aça bilməyir düyün, ilməni,
    Dil tapa bilməyir, haqlı kəlməni.
    Dərdimi bilməyən, qınayar məni,
    Ya Rəbb, qurtar məni, elin dilindən.

    Ömür vəfa etmir, acımır zaman,
    Nə sevənim qalıb, nə də ki, heyran.
    Diz çöküb önündə, yalvarır Dövran-
    Ya Rəbb, qurtar məni, qurtar zülümdən…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Cib dəsmalım

    qat kəsibdi nə vaxtdı
    tikdiyim cib dəsmalı…
    hər ilməsi nağıllı,
    bəzəyi eşq misallı…

    elə bil sevəni yox
    çoban qızıdır, yazıq…
    barmaq sığalını çox,
    həm də çox axtarırıq…

    ikimiz də küsmüşük
    modern variantdan;
    boyu bircə bükümlük
    saya kağız dəsmaldan…

    dəsmalımla üz-üzə
    bu gün xeyli baxışdıq…
    utandıq…
    və dünənə
    küskün bir naz da satdıq…

    ***

    Onda dördüncü ayın
    Üçüncü həftəsiydi…
    Özümə ağlamağım
    Uşaqlığın səsiydi…

    Sən böyütdün bu qızı…
    Böyümək bu imişsə…
    Nə çoxu, nə də azı
    Bölüşmək bu imişsə…

    İndi gücüm də çatmaz
    Qovmağa dərd-qəmləri…
    Deyir: “Ağlamaq olmaz!”
    Gəncənin həkimləri…

    Nə bilirlər axı, nə?!
    Mənim göz yaşım nədir?
    Gözlərimin şəklindən
    “Qorxub qaçmağı” nədir?

    Yenə Bakıdan küsüb
    Dəli qızın yuxusu…
    Bəlkə də bilib…
    Gülüb
    Sevdasına çoxusu…

    Özü “gəlincik” olan
    Qızın oyunumu var?
    Yığıb qəlb “sandığına”
    Dərdi “sonuna” saxlar…

    2015

    ***

    Kim dedi ki, səninçün
    Bu qız təkcə ağlayır?
    Bürünüb küçələrə
    Bütün Gəncə ağlayır…

    Kim dedi axı sənə
    Bu qız ölür dərdindən?
    Gizlənib döngələrə
    Gəncə susur qəhrindən…

    Kim uydurub bu sözü:
    -Bu qız sənsiz öləcək?
    İnanma, ömrüm-günüm,
    Qıymaz sevənə Gəncə.

    * * *

    Ay anam qızılgül, nənəm qızılgül…
    Ölüm qucağında, laylam yel olsun,
    Yağışlar süzülsün butalarından.
    Ağrıyan tərəfim, qıyma, sol olsun,

    Ürək boyun əyir xətalarıma.
    Düşüm torpağına, andım gül olsun,
    Ölsəm, sinə daşım çiçək qoxusun.
    Dərdi ki, çəkirəm, dərd əsil olsun,

    Bu qızın şairlər yozsun yuxusun.
    Gülüşüm yaraşmır ləçəklərinə,
    Bağrındakı xarın mənəm, qızılgül…
    Tutulsa sol yanım, uyut ətrinlə,
    Ay anam qızılgül, nənəm qızılgül…

    2015

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ŞƏHİD OĞLUM

    Şəhid anasının dilindən

    Dərdə boyun əymişəm,
    Göz yaşımı silmişəm.
    Məzarına gəlmişəm,
    İgid oğlum, can balam.

    Lənət qara qurşuna,
    Baxmadı gənc yaşına.
    Səni aldı tuşuna,
    Sərvi- boylum, can balam.

    Düşmən qənimin oldu,
    Haqq verən vədən doldu.
    Gülüm- gülzarım soldu,
    Qoç Koroğlum, can balam.

    Nə söyləyim yarına?
    Məğrur, möhkəm dayana.
    Qıyacaq şirin cana,
    Yolu bağlım, can balam.

    Anan qurban boyuna,
    Necə gəldin oyuna?
    Qoç demişdim toyuna,
    Qara toylum, can balam.

    Tez alınsın qisasın,
    Dövran bitirsin yasın.
    Vətən, anan yaşasın,
    Şəhid oğlum, can balam.

    DOĞRU YOL

    “Düşüncələrim” – silsiləsindən

    Deyinməyək zəmanəyə, dövrana,
    Gələn bahar, gedən qışda nə günah?
    Yolçu olan ömür adlı karvana,
    Fəğan etməz güzərana, çəkməz ah.

    Hər bir anın, dəqiqənin hökmü var,
    Ömrə gərək zinət olsun yaşamın.
    Əməllərdir səndən sonra yadigar,
    Biləsən ki, sönməyəcək gur şamın.

    Bərk tutasan zəmanənin nəbzini,
    Qalmayasan məhvərindən kənarda.
    Sığallayıb babaların izini,
    Azmayasan nə tufanda,nə qarda.

    Gen durasan hiylə, məkr, tamahdan,
    Niyətin də, əməlin də, saf ola.
    Dar zamanda qaçmayasan qabaqdan,
    Adın,sanın günü-gündən ucala.

    Qəlbin çarpsın yurdun üçün,xalq üçün,
    Dövran kimi doğma yurda bağlı ol.
    Hünərinlə zəfər qazan hər bir gün,
    El yolunda çarpışmaqdır doğru yol.

  • Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ayaqlarım qatran olar
    Izlərinə yapışar…
    Vəhşiləşər cığırlar;
    Gedişinçün qapışar.

    Keçib getdiyin vədə
    Heykəlləyər zamanı…
    Təsəllidi şəklin də.
    “Saxlayıram samanı”…

    Qulağım səsə düşər
    Böcəklər ötüşəndə…
    Barmaqlarım öpüşər
    Kirpiklər sevişəndə…

    Ah…
    Nə xoş mənzərədi
    Yenə yuxu görürəm…
    Adın əzbərimdədi
    Adından ev hörürəm..

    Hərf-hərf ucalan
    Bəxtin qızıl sarayı.
    Sənsiz kimdi qocalan
    Axı məndən savayı?!

    Yaxşı ki, gedişlərin
    Dadı-duzu kəm olur..
    Fələyin əl işləri
    Əzəlindən nəm olur…

    Yoxsa bağrım çatlardı
    Bu səhra yoxluğunda…
    Başınımı ağrıtdım?
    Əfv et…
    Sənsiz qorxuram.

  • Əliağa KÜRÇAYLI.”Vətən”

    Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi

    Mən səndənbir yaşıl budaq istədim,
    Sən mənə bəxş etdin zümrüd meşələr.
    Mən səndən kiçik bir otaq istədim,
    Sən mənə bəxş etdin dilbər güşələr,

    Mən səndən adicə həyat istədim,
    Sən məni çıxartdın min-min səhərə.
    Mən səndən kiçik bir qanad istədim,
    Sən məni uçurdun ənginliklərə.

    Mən səndən bir dəstə çiçək istədim,
    Mənimçün dörd fəsil yaz elədin sən.
    Mən səndən ilhamlı ürək istədim,
    Sən mənə təb verdin minyon ürəkdən.

    Mən səndən kiçik bir sevinc istədim,
    Sən mənə bəzş etdin bütöv səadət.
    Mən səndən bir parça bürünc istədim,
    Sən mənə bəxş etdin xəzinə,dövlət.

    Mən səndən istədim açıq biralın,
    Sən mənə bəxç etdin əzəmət,vüqar.
    Məndə başı açıq ayağı yalın
    Yolunda can qoysam, yenə az olar.

    Bəlkə,buna görə əzəmətlisən-
    Nəyin var vermisən əsigəmədən!
    Sən bir ana kimi səzavətlisən,
    Anam Azərbaycan, Vətən, can Vətən

  • Zəlimxan YAQUB.Şeirlər

    Azərbaycanın Xalq şairi

    YUNUS İMRƏYƏ

    Məni məndə gəzmə, məndə deyiləm,
    Bir mən vardır məndə, məndən içəri.
    Yunus İmrə

    Heç gərək yoxuymuş səni görməyə,
    Əllərim toxunan budaqdasanmış.
    Yaşıl zəmilərə baxdım, düşündüm,
    Səpilən dən kimi torpaqdasanmış!

    Səhrada, çəməndə, güldə, çiçəkdə,
    Barda, bərəkətdə, duzda, çörəkdə,
    Ulu sevgi kimi canda, ürəkdə,
    Şirin nəğmə kimi dodaqdasanmış!

    Od kimi baxışda, nur kimi üzdə,
    Qan kimi damarda, güc kimi dizdə,
    Ruh kimi bədəndə, gün kimi gözdə,
    Səs kimi könüldə, qulaqdasanmış!

    Qəlbimə sirdaşsan, könlümə yarsan,
    Hayana boylandım, hər yerdə varsan.
    Gülsəm, dodağımda çiçək açarsan,
    Ağlasam, yaş kimi yanaqdasanmış!

    Yağdın varlığıma qarla, yağışla,
    Hopdun iliyimə nurlu baxışla.
    Bağışla, Yunusum, məni bağışla,
    Mən elə bilirdim uzaqdasanmış!!!

    DÜNYANIN YAXŞI ŞERİ

    Ulu ozanımız Yunus İmrəyə

    Nurlu gözdə bəslənir, odlu canda yaranır,
    Çaxır şimşəklər kimi, bircə anda yaranır.
    Gah qanlı davalarda, gah zindanda yaranır,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Xəzinəsi tükənməz ağır eldi, obadı,
    Dilqəmin məktubunu öpən badi-səbadı.
    Şəhriyarın dilindən qopan “Heydərbaba”dı,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Dünən dərin bildiyin bu gün dayaz görünür,
    Yazdığın yazılarda nə qış, nə yaz görünür.
    Zəiflər bolluğunda yaxşılar az görünür,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Oğulsan, axarına, zərbəsinə qarşı dur,
    O, zülmə, ədavətə, xəyanətə qarşıdır.
    Məhməd Akif Ərsoyun sərt “İstiqlal marşı”dır,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Doğulan çox olsa da, neyləsin doğan ana,
    Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
    Dahilik zərrə-zərrə hopur iliyə, qana,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Qəlb incələ-incələ iynəyə sap olsa da,
    Can quruya-quruya quruyub çöp olsa da,
    Qalaq-qalaq yazılar yığılıb çap olsa da,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,
    Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.
    Ruh da, qan da, nəfəs də qadir Allahdan gəlir,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yalan dünya”

    images

    Bu dünya fanidir, fani,
    Bu dünyada qalan hanı?
    Davud oğlu Süleymanı
    Təxt üstündən salan dünya.
    Xəstə Qasım

    Sənin bəhrən yeyən kimdir?
    Kiminkisən? Yeyən kimdir?
    Sənə doğru deyən kimdir?
    “Yalan dünya, yalan dünya!”

    Səni fərzanələr atdı,
    Qapıb divanələr tutdu,
    Kimi aldı, kimi satdı,
    Satan dünya, alan dünya,

    Atı əzəl dağa saldıq,
    Yorulduqca dalı qaldıq.
    Atı satdıq, ulaq aldıq,
    Yəhər oldu palan, dünya.

    Çatıb səndən keçən keçdi,
    Əcəl camın içən keçdi,
    Olan-oldu, keçən-keçdi,
    Nə istirdin alan dünya.

    Boğulaydın doğan yerdə,
    Doğub, xalqı boğan yerdə,
    Oğul nəşin oğan yerdə
    Ana zülfün yolan dünya.

    Qazanıb, hey talanıbsan,
    Qalanıb hey calanıbsan,
    Əzəldən çalxalanıbsan,
    Yenə də çalxalan, dünya!

    Nənə qarnı ilk beşiyin,
    Qəbristanlıq sən deşiyin.
    Nə içərin, nə eşiyin,
    Qaranlıq bir daları dünya.

    Səni bayquşlar alqışlar,
    Dəli viranəni xoşlar.
    Dolan əqlə səni boşlar,
    İçi boşla dolan dünya.

    Sənə Qarunlar allandı,
    Qızıldan təlli qallandı,
    Batıb zülmatə quylandı,
    Ölüb təlli qalan dünya.

    Ocaq ikən sönəymişsən,
    Çanaq ikən çönəymişsən,
    Nə pis qan nənəymişsən
    Nağıl! Yalan-palan dünya.

    Biri ayna, biri pasdır,
    Biri aydın, biri kasdır,
    Gecə toydur, səhər yasdır,
    Gül içində solan dünya.

    İgidlərin başın yeyən,
    Qocalar bozbaşın yeyən,
    Qəbirlərin daşın yeyən,
    Özü yenə qalan dünya!

    Nə qandın, kim gül əkəndir?
    Kim qılınc tək qan tökəndir?
    Teymur hələ kürəkəndir,
    Çingiz canın alan dünya.

    Yaman qurğu, yığılaydın!
    Tufanlarda boğulaydın!
    Noleydi bir dağılaydın,
    Bizi derdə salan dünya.

  • Süleyman RÜSTƏM.Şeirlər

    116

    Azərbaycanın Xalq şairi

    ŞAİR QARDAŞIMA MƏKTUB

    Qoy söyləyim ürəyimin sözünü,
    Bir kərə də görməmişəm üzünü,
    Nigaranam, yetir mənə özünü
    Məhəbbətin bağrımdadır, Şəhriyar,
    Mənim ürək ağrımdadır, Şəhriyar.

    Kim deyir ki, ünvanımız ayrıdır,
    Nə adımız, nə sanımız ayrıdır,
    Nə canımız, nə qanımız ayrıdır,
    Ürək birdir, bədən birdir, Şəhriyar,
    Vətən birdir, vətən birdir, Şəhriyar.

    Havaları nə gözəlmiş bu yazın,
    Araz üstdən çatdı mənə avazın,
    Yarı canım bu tayında Arazın,
    Yarı canım yanındadır, Şəhriyar,
    Şerin, sözün ətir dadır, Şəhriyar.

    Gülşənlərdə çiçəkləri dindirən,
    Gözəlləri, göyçəkləri dindirən,
    Sevgi dolu ürəkləri dindirən
    “Heydərbaba”n nə gözəldir, Şəhriyar,
    Nə qəsidə, nə qəzəldir, Şəhriyar.

    Hər canlıdan sənə bu can yaxındır,
    Uzaq deyil yol ki, yaman yaxındır,
    Qaşla gözün arasından yaxındır,
    Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,
    Qurban sənə ev-eşiyim, Şəhriyar.

    Hicran odu sinəmizi yaxdı, gəl,
    Səndən ötrü ürəyimiz axdı, gəl,
    İstəyirsən əncir-üzüm vaxtı gəl
    Məclislərdə başda otur, Şəhriyar,
    Ürəyimdə arzum budur, Şəhriyar.

    Gəl qəmləri küləklərə verim, gəl,
    Öz bağımdan sənə güllər dərim, gəl,
    Sən məni gör, mən də səni görüm, gəl,
    Demə ömür xəzansızdır, Şəhriyar,
    Əcəl yaman amansızdır, Şəhriyar.

    Beşikdəki quş yuxulu körpələr,
    Dodaqları süd qoxulu körpələr,
    Babaları dağdan ulu körpələr
    Bizi əvəz edəcəklər, Şəhriyar,
    Yolumuzla gedəcəklər, Şəhriyar.

    Qoy bir də qan çilənməsin torpağa,
    Yer üzündə nə qul olsun, nə ağa,
    Şənlik qursun Təbriz, Mərənd,
    Marağa Dilə gəlsin kamanımız,
    Şəhriyar, Belə keçsin dövranımız, Şəhriyar.

    Gəl Bakıya bağım-bağçam güləndə,
    Bircə ovuc torpaq gətir gələndə.
    Dostlar qatsın torpağıma öləndə,
    Bəlkə onda kama çatam, Şəhriyar,
    Son mənzildə rahat yatam, Şəhriyar!!

    18 may 1968

    DOST KİMİ, QARDAŞ KİMİ

    Meşədə quşlar artıq oxumur kef-damaqlı,
    Günəş üstdə bulud var göz üstündə qaş kimi.
    Payız gəlib… çəmənlər görünür qaşqabaqlı,
    Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.

    Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
    Havalara sovrulur yuvalardan quş tükü.
    Görünür gözlərimə palıdların kötüyü
    Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.

    Sabah yəqin hər tərəf bürünəcəkdir qara,
    Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,
    Qışdan sonra bir daha qovuşmaqçın bahara –
    Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.

    Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
    Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
    Hərdən günəş doğanda, görünür aydın mənə-
    Savalanın təpəsi çalpapaqlı baş kimi.

    Canlanır göz önümdə hər an başqa mənzərə,
    Yağan yağış altında yuyunduqca dağ-dərə –
    Yarpaqların ucundan damcılar düşür yerə
    Gözdən axan yaş kimi.

    Qış qapını kəsdirib yurd salacaq bu yerdə,
    Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.
    Şaxta baba əliylə bütün pəncərələrdə
    Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.

    Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
    Yürüyür dağlar üstə buludlar karvan-karvan.
    Yol çəkən gözlərimi çəkmirəm Savalandan.
    Qanı qanımdan olan qardaşım Balaş kimi!

  • Osman SARIVƏLLİ.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Bu yerlər

    Yaxın sirdaş kimi, əziz dost kimi,
    Qolunu boynuma saldı bu yerlər.
    Mənim bu nisgilim vardı əzəldən,
    Oxşayıb könlümü aldı bu yerlər.

    Göylərə uçsam da bağlıyam yenə,
    Əziz dogma yurda, doğma Vətənə…
    Min eldə min nemət dadmışam, mənə-
    Şəkərdi bu yerlər, bu yerlər!

    Aşıq eldən alır öz nəfəsini,
    Gəldim eşitməyə elin səsini;
    Könlümün dil açan kəməçəsini,
    Zərif əllərilə çaldı bu yerlər.

    Obanın, oymağın sordum yaşını,
    Dağlar təzim edib əydi başını.
    O dəm alim kimi çatıb qaşını,
    Dərin xəyalata daldı bu yerlər.

    Vidadi xanlardan görmədi kərəm,
    Vaqifə dağ çəkdi burda min sənəm.
    Öldü qoç Koroğlu, öldü xan Kərəm
    Sinəsi kədərli qaldı bu yerlər.

    Kim minit Qazağın dilboz atını,
    Götürür toyların şal xalatını…
    Şeirin, sənətin mükafatını,
    Hər zaman hər yanda aldı bu yerlər.

    Qazax, 5 yanvar 1938

    Mən Qazağa gəlmişəm

    Vaxt olub ki, bu yerləri dolanıb
    Bir ov üçün min sorağa gəlmişəm.
    Düşüb arxasından, başı alovlu,
    Boz arandan, göy yaylağa gəlmişəm.

    Nə çəkmədim hələ cavan yaşımda?
    Oda düşdüm min bir sevda başımda,
    Xatirəm var torpağında, daşında,
    Mənə tanış bir oylağa gəlmişəm.

    Yer üzündə min bir cənnət olsa da,
    Bağ-bağçası mələklərlə dolsa da,
    Tayı yoxdur bu yerlərin dünyada-
    Cənnət kimi bir torpağa gəlmişəm.

    Günəş doğdu, parçalandı çən, duman,
    Güldü bizim üzümüzə dağ, aran…
    Əziz gündür-hər yan çalan, çağıran,
    Şən büsata, xoş növrağa gəlmişəm.

    İllər keçir, ömür yarı, gün yarı;
    Necə atım etibarı, ilqarı?
    Bayram günü sizin kimi dostları
    Görmək üçün mən Qazağa gəlmişəm.

    Qazax 1948

  • Hüseyn ARİF.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

    Qocaldım

    Gəzdim qarış -qarış ana torpağı,
    Nə yaxında ,nə uzaqda qocaldım.
    İsti ,soyuq heç var varmadım fərqinə
    Nə aranda , nə yaylaqda qocaldım.

    Məlhəmdi dağ moruğu,bağ narı,
    Hər kimsənin öz istəyi ,öz yarı.
    Görməyəndə qədir bilən dostları
    Çil-çırağlı ağ otaqda qocaldım.

    Altmışımda zirvələri aşanda ,
    Yaş on beşdi!- Söyləmişəm bu anda.
    “Millət!” -deyə-satqın coşub-daşanda
    Belə çağda ,belə xavta qocaldım.

    Hüsyn Arifəm , yaxşılara yananam,
    Ömür boyu yamanlara yamanam.
    Sevinəndə -qoca ikən cavanam,
    Qəmlənəndə -cavanlıqda qocaldım.

  • Mirvarid DİLBAZİ.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Yasəmən gül açıb, bəzəyib bağı,
    Qönçəyə dolubdur gülün budağı,
    Bölümdə qaldıqca vətən torpağı
    Mən bu gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sarmaşıb çəməndə yenə gül-gülə,
    Nəğməli quşlar da gəliblər dilə,
    Mən elə qəmliyəm, qəmliyəm elə,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Şuşam, Qarabağım, dağlar maralı!
    Siz də yaralısız, mən də yaralı,
    Elim düşən gündən sizdən aralı,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sinəmdə dağı var Əskiparanın,
    Ağrısı azalmırheç bu yaranın,
    Düşmənlərə qalan dağım, aranım,
    Sizsiz gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Gün doğub, ürəyim işıqlanmayır,
    Könlümdə çıraq yox, şam da yanmayır,
    Çoxdandır saçlarım xınalanmayır,
    Ürəyim şəhidlər qəbristanıdır,
    Gözlərimdən axan göz yaşı deyil,
    Şəhid qanıdır.

    * * *

    Sən-qəhqəhə,
    Mən-göz yaşı.
    Hardasan, könlüm sirdaşı?
    Tufanlıdır ömrün qışı.
    Sən gül!
    Mən gülə bilmirəm.
    Şənlik içindəykən aləm,
    Nədir könlümdəki bu qəm?
    Neyləyim ki, mən bəxti kəm
    Dərdimi bilə bilmirəm.
    Qəm əyib məğrur başımı,
    İtirmişəm sirdaşımı,
    Selə dönən göz yaşımı
    Üzümdən silə bilmirəm.
    Səhrada bitmiş bir güləm,
    Fəsli quraq keçən iləm.
    İstəyirəm sənsiz öləm,
    Neyləyim, ölə bilmirəm.

  • Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

    Allahım sən alma bu gözəlliyi..

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gözlərindən həsrət yağır

    Gözlərindən həsrət yağır,
    Ay yağışa düşən bəndə.
    Vaxtsız gəlib yer üzünə,
    Təktənha yetişən bəndə.

    Götür ürkək baxışları,
    Söykə dünyanın dizinə.
    Saxla düşən ulduzları,
    Yapışdır göyün üzünə

    Bir gün için çıxıb çölə,
    Çatacaq göyün üzünə.
    Aldadıb ömür də səni,
    Atacaq göyün üzünə.

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

    Qocalır atam…

    Baharı yaşayıb yetişir qışa,
    İndi tellərinə qar alır atam.
    Elə yaşadığı əzab içində,
    Qocalır İlhai, qocalır atam.

    Baxışı çıraqdı, Odu çıraqdı,
    Müqəddəs bir sevgi qəlbinə axdı.
    Bu da bir, alnıma yazdığın baxtdı,
    Qocalır, İlahi qocalır atam.

    İllər yarpaq-yarpaq uçur ömründən,
    Şaxtalar, sazaqlar keçir ömründən.
    Zaman öz qanını içir ömründən,
    Qocalır, İlahi qocalır atam.

    Sənin ömüründə qurulan həyat,
    İsti baxışında axtarır nicat.
    Əlləri gör necə oloubdur, çat-çat,
    Qocalır, İlahi, qocalır atam.

    Hələ, sabahlara çəkir yaşını,
    Görür həyatında bəxt savaşını.
    Haqlayır günbəgün ömrün qışını,
    Qocalır, İlahi, qocalır atam.

  • Rahilə DÖVRAN.”Ala məstanım”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Uşaq şeirlərim” – silsiləsindən

    Özün ağıllı sayır,
    Tanımayır çöl,bayır.
    Bütün günü oynayır,
    Mənim ala məstanım.

    Nə gözəldi xoş səsi,
    Miyo-miyo nəğməsi,
    Yaradanın töhfəsi,
    Mənim ala məstanım.

    Gözləri var hər yanda,
    Qaçın cırmaq atanda.
    Xoruldayır yatanda,
    Mənim ala məstanım.

  • Şəfa VƏLİYEVA.”Ay sonuncu pəncərədir”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ay sonuncu pəncərədir,
    Zülmət əksin olan evdə…
    Dan yeri əl eyləməkdir
    Vida üçün gəldiyində…

    Bu tövr ağlamaq asan,
    Umub-küsmək də nisyədi…
    Kaş, yolları unudasan,
    Hər dönüşün min “niyə”di…

    Bu şəhərlə sevişirsəm
    Öpmə qəmli nəğmələri…
    Utanarsan,durub örtsəm
    Həya rəngli pərdələri?

    Gəlmisən, yay da ötüşür,
    Yarpaqlar da ayaq bağı…
    Bax, romantiklər görüşüb:
    -Şəfa və Mahrasa bağı…

    2017

  • Şəfaqət Cavanşirzadəni doğum günü münasibətilə təbrik edirik (18 avqust 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Dünyanın şair taleyi…” Bu, Taleh Mansurun essesidi. Həmin esseni oxuyandan sonra Taleh üçün bir dost məktubu da yazmışdım. O qədər təsirlənmişdim ki… Və nədənsə, məhz o esseni oxuyandan sonra bütün şairlərin yaradıcılığında lirik obrazlar arasında şair obrazını axtarıram. “Görüm, kim “ÖZ”ünü anlada bilir?“-deyə…
    Elə buna görə Kənan Aydınoğlunun şeirləri içərisində də axtardığım obrazı tapacağım ümidi ilə yola çıxdım… Gördüm ki, Kənan Aydınoğlu şeirində hələ də kədərdən yaranan misraların gözəlliyini danışır. Bildiyimiz, izaha, sübuta ehtiyac duymadığımız bir poeziya qanunu daha var: “Ən gözəl şeirlər sevgiliyə yazılır”. Kənan da ən gözəl şeirlərini sevdasının ovuclarında sevdalısına göndərir:

    Qəlbimi sevgiyə, şeiri sevgiyə,
    Bu gün səsləməkdən yorulmadım heç.

    Yaşamının anlamını izah etməkçün böyük mənada etirafa ehtiyac duymur Kənan Aydınoğlu. Onun üçün sevmək-yaşamaqdır… Sevmək-varoluşun özüdür… Sevmək-bütün məbədlərdən ucalan ən qutsal duaların əks-sədasıdır… Və sevgi üçün axan bir gilə göz yaşı haqqa tapınmanın ən qısa yoludur:

    Nə bilim, bəlkə də sənin göz yaşın
    Mənim hisslərimi haqqa aparar?!

    “İllərin arxasında candakı ruhu gördüm”… Bu da gənc şairin misrasıdır. Uzun-uzun düşündüm bu misraya. Anlamağa çalışdım ki, Kənan bu misrada hansı mesajı çatdırmaq istəyir oxucularına. Duruxub qaldım, ta ki, növbəti misra məni illərin o tayına səsləyənədək: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”. Burda artıq anlamışdım illərin arxasında candakı ruhun narahatlığını… Bəlkə də, çox adam bilmir, Yunusun bir məqamı da Azərbaycanımızdadır. Qax rayonu, Oncallı kəndində… Yadıma 2014-cü ildə o məqama getdiyim, ordakı Oğuz qəbristanlığında ruh əhvalımın başqa bir dünyada yaşayırmış kimi vücudumu titrətməsi düşdü… Bir də Əskişəhərin daş döşənmiş yolları… Bir də Sarıköydəki məzar… Bütün bunları yenidən yaşamış kimi mən də ruhumdan süzdürdüm Kənanın misrasını: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”.

    Bəlkə də dilindən çıxan bir kəlmə,
    Şairin ən böyük əsəriymiş, eh…

    Kənan Aydınoğlunun “şah əsər” hesab etdiyi də elə “ƏLAHƏZRƏT SÖZ”dür… Və Kənan “SÖZ”ün ucalığını bildiyini də təvazökarlıqla dilə gətirir. Bu gün çoxlarının guya adi hal kimi baxdığını şeirində elə səmimiyyətlə söyləyir ki, oxuduqda az qaldım arxivimdəki bütün çap olunduğum qəzetlərə şeir yazam… Kənan yazır ki:

    Qəzetdə çıxanda bir-iki yazım,
    Gülərdi üzümə bu həyat mənim…

    Düzdü, Kənan bu əhvalı keçmiş zamana aid edir, lakin mən hələ də qəzetdə çıxan bir misrama, bir cümləmə, kiminsə müsahibədə çəkdiyi adıma görə həyata, taleyə, Tanrıya şükür edirəm.
    Belə… Uğur olsun, Kənan Aydınoğlu! Gəl, sonuncu şükrü birgə edək: “SÖZü anladana şükür!”

    Şəfa Vəli (Gəncə)