Günəşli yay günündə…

Günəşli yay günündə
göylərə qalxıb,
buludlarda yolunu azan,

qarlı-şaxtalı qış günündə
yuvasını tapan
göyərçin kimiyəm.

Uşaqlıqda azıb,
bir bağlı yuva qarşısında
durmuşam neçə ildir.
Dimdiyimdən
qan damır yerə…

1986

Gəmiyə baxa-baxa…

Gəmiyə baxa-baxa
dənizi də yadımdan çıxartdım.
Gəmiyə baxa-baxa
unutdum gördüklərimi,
tanıdıqlarımı.

Yadıma görmədiyim limanlar düşdü.
Qəribə dillər
dəydi qulaqlarıma.
Bir tanış insan üzü gördüm
gəmiyə baxanda.
Gəmiyə baxa-baxa qaldım…

1986

Şeir yazdığım zaman

Şeir yazdığım zaman
baxma gözlərimə, baxma
Əllərimə də baxma,
sən Allah, baxma
Qaç evdən, get.
hara istəyirsənsə,gülüm,
gəz, dolan aləmi, utanma,
qorxma elin sözündən,
aldat məni,
heç sıxma ürəyini.

Ancaq, gülüm.
baxma mənə,
şeir yazdığım vaxt, baxma…

1982

Bütün pəncərələr yumulmuş gözdür

Bütün pəncərələr yumulmuş gözdür.
Bu evlər, küçələr deyilmiş sözdür.
Yaralı buluddan
yağan yağışdan
günah yumasa da
bir az bağışlar…

Bəlkə bizdən bir az
yan keçər bu gün,
həyalı söyüşlər, doğma qarğışlar.
Və quşlar,
və quşlar qəfəsə vurğun,
İlahi, çox sağ ol.
Yenə də heysizəm, yenə də yorğun…

1993

Bacım bayquş, gözlərini ver mənə

Bacım bayquş, gözlərini ver mənə
Gecə düşüb, qaranlıqdır görmürəm,
Gündüzlər də bu dünyanı seyr edib,
Abadlıqdır, viranlıqdır, görmürəm.

Bacım bayquş, ovun bir baxışladı,
Allah səni gecəyə naxışladı,
Mənə də bir ömür-gün bağışladı,
Əbədidir, bir anlıqdır, görmürəm.

Bacım bayquş, zülmətdə çıxdım yola,
Neçə kərə yıxılmışdım az qala,
Qurban olum, ulayanda bərk ula,
Səsə gedim, dumanlıqdır, görmürəm.

1995