Author: Delphi7

  • Şair Eldar Nəsib SİBİRYELin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair ldar Nəsib SİBİRYELin “Bağışla” şeiri qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) dərgilərinin Azərbaycan təmsilcisinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzov, məsləhəçilər isə məsləhətçiləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, şair-publisist İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc şairə-publisist, yazıçı, tərcüməçi, Şəfa Vəliyeva, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi Azərbaycanın Xalq şairləri Mirvarid Dilbazinin “Bahar sevincinə uya bilmirəm”, Hüseyn Arifin “Analar”, Osman Sarıvəllinin “Söylə”, Nəriman Həsənzadənin “Ürəyim ananı istəyir, qızım”, Səməd Vurğunun “Göygöl” şeirləri qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101-ci sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Kənan AYDINOĞLU.”Nurunun bir damlası qəlbə iman gətirər”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Nurunun bir damlası qəlbə iman gətirər,
    Bir qətra kiçik nütfə yeni insan gətirər.

    Daşların arasından uğuru damla-damla,
    Nura boyanmış ömrə vaxtı zaman gətirər.

    İgidlər meydanında yəhərli atın üstə,
    Doğrayıb kəsən qılınc qırmızı qan gətirər.

    Fəryad qopsa dağlarda xəfif Bakı küləyi,
    Sərinliyin içində bir ruh, bir can gətirər.

    İnanmıram ki, düzü, Muhəmməd peyğəmbər tək,
    Haqq sözünü söyləyən birin dövran gətirər.

    May 2010.

  • Kənan AYDINOĞLU.”Fırlandıqca qərinə əldən ruhla can gedir”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Fırlandıqca qərinə əldən ruhla can gedir,
    Xəbər verin obaya əldən Süleyman gedir.

    Yayılan bəd xəbəri xalqına çatdırmağa,
    Yəhərli atın üstə laxtalanan qan gedir.

    Tutub onun qolundan ayağa qaldırmağa,
    Doğmamış al günəşlə sökülməmiş dan gedir.

    Dağ vüqarlı şairi ölümdən qurtarmağa,
    Dönə-dönə dünyada zaman gedir, an gedir.

    Sevinərəm, düzü, mən bu xəbəri desələr,
    Dişin qıcayan ölüm şairimdən yan gedir.

    Mart, 2010.

  • Kənan AYDINOĞLU.”Üz tutsan haqqın yoluna, sən abi-heyvan taparsan”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Üz tutsan haqqın yoluna, sən abi-heyvan* taparsan.
    Dərdli-kədərli ananı, yenə də giryan* taparsan.

    Sığındıqca dərgahına, gündən-günə, aydan-aya,
    Ruzunu Ulu Tanrıdan,inan cavidan* taparsan.

    Gəlib düşsən bir məclisə, fəqət hər an deyib-gülən,
    Dünən məzlumməzlum baxan, quzunu büryan* taparsan.

    Oxuduqca haqq “Quran”ın ayəsini, surəsini,
    Cilovlayıb hisslərini, inan ki, ürfan* taparsan.

    Ömrünün hər bir günündə deyə-deyə, gülə-gülə,
    Daşa, bütə tapındısa sonunda hirman* taparsan.

    Fevral, 2010.

    Abi-heyvan-dirilik suyu
    Giryan-ağlayan, ağlar
    Cavidan-həmişəlik, əbədilik
    Büryan-kabab
    Ürfan-bilik, mərifət, Allahı dərk etmək
    Hirman-məyusluq, ümidsizlik

  • Kənan AYDINOĞLU.”Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır,
    İgidlər də döyüşməyə, özünə meydan axtarır.

    Keşməkeşli bu həyatın, ən adi günündə belə,
    Tövbə ardınca tövbəni yenə də insan çağırır.

    Bu dünyanın dərd-sərindən aşkar-aşkar olmasa da,
    Dərdlərini bölüşməyə ruh özünə can axtarır.

    Yazılmamış qanundur ki, gözü yolda qala-qala,
    Sınaqdan keçirmək üçün bəndəni zaman axtarır.

    Şükür olsun ki, Yaradan, gözün açandan bu yana,
    Anasının laylasını bu gün də Kənan axtarır.

    Yanvar, 2010.

  • Kənan AYDINOĞLU.”Əldə qılınc igidləri döyüşə meydan çağırır”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Əldə qılınc igidləri döyüşə meydan çağırır,
    Fitnə-fəsad törətməyə bəndəni şeytan çağırır.

    Sübh şağı açılan kimi səhərdən axşama qədər,
    İnsanı çətin sınağa yenə də dövran çağırır.

    Səmanın üstündə yenə sayrışanda ağ ulduzlar,
    Fəqət bu gün tənha qalan ruh köməyə can çağırır.

    Məkkədən Kəbəyə qədər, yorulmamış zəvvar kimi,
    Canı, ruhu bir də anı laxtalanan qan çağırır.

    Şükür olsun ki, Yaradan, dost, tanışı, qohumları,
    Haqq dini “İslam dini”nə Qul Bəndə Kənan çağırır.

    Yanvar, 2010.

  • Xalq şairi Vahid ƏZİZ.”İnciyib qızların göyçəyi mənnən…”

    Mən bu ağrıları çoxmu çəkərəm?
    İnciyib qızların göyçəyi mənnən,
    özüm becərərəm, özüm əkərəm,
    güllər barışdırsa çiçəyi mənnən.

    Düşüb, ayağına yenəmi gedim,
    hansı ağbirçəyi minnətçi güdüm?
    Deyəndə: “Nə alıb hədiyyə edim?”
    “Can” – dedi, ummadı heç nəyi mənnən.

    Ömrümü əlimnən alsa da – mənim,
    qopub ləçək-ləçək solsa da – mənim,
    illərlə yanımda olsa da mənim,
    öyrənmir günahdan keçməyi mənnən…

    13.XI.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Savayı…”

    Körpə idim – yerim isti, özüm tox,
    nə istəsəm yetişərdi havayı.
    Öyünməyə daha gözəl günüm yox,
    el-obamda o çağlardan savayı.

    Xəyalımda ömrün hər bir yaşında,
    gözlədiyim soyuq elçi daşında,
    nə diləyim beşiyimin başında
    nəğmə deyən dodaqlardan savayı.

    Bütöv canın parçasıdır hər qitə,
    ölən üçün zaman sönər, yer bitər!
    Yer tapılmaz mənə doğma heç vədə
    böyüdüyüm qucaqlardan savayı.

    Vüsal qırar hicran salan duyünü,
    qəlb oynadar dost arzusu, yar ünü,
    nə alar ki, pərvanənin könlünü
    həzin yanan çıraqlardan savayı?

    Yeriməknən yaxın olar uzaqlar,
    təlatümlər şahididir bu dağlar,
    yer ölçməklə nə qazanıb ayaqlar
    itirdiyi çarıqlardan savayı?

    Mərd olanı zindan belə sındırmır,
    zirvələrdə qarlar belə dondurmur,
    bu dünyada heç nə məni yandırmır
    odu sönmüş ocaqlardan savayı…

    03.XII.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Getmisən…”

    Gülüm, axı hamı məni tanıyır,
    bilmədiyin nə öyrənib getmisən?
    İndiyədək çəmən məni qınayır,
    çiçəklərə gileylənib getmisən.

    Yar, olmaya canım sənə qəfəsmiş,
    aramızdan nə çatlayıb, nə əsmiş?
    Bəlkə sevgi sənin üçün həvəsmiş?
    Ətrafımda veyillənib getmisən.

    Axı məni yoxun-varın bilirdin,
    al günəşin, ilk baharın bilirdin,
    saçlarımı zirvə qarın bilirdin;
    bəlkə, elə o sellənib getmisən?

    Bir zamanlar hər an dil-dil ötərdin,
    çeşmələrdən, bülbüllərdən betərdin,
    nə sevincin bəlli oldu, nə dərdin –
    nə hönkürüb, nə dillənib getmisən.

    Sevənlərdir xatirələr qoruyan,
    torpaqları göz yaşıyla doyuran,
    yollar çoxdur insanları ayıran –
    hara baxsan, şaxələnib getmisən…

    Tab edərdim məkrindəki qılınca,
    o yaxşıydı – xəzəl olub solunca,
    istəsəydin-su atardım dalınca
    göz yaşlarım səpələnib, getmisən…

    27.XI 2017

  • Xalq şairi Vahid ƏZİZ.”Payız şabaş yağdırır…”

    Bulud üç bir, iki bir,
    yavaş-yavaş yağdırır,
    yollar boyu toy gedir –
    payız şabaş yağdırır.

    Daşınmaqda ot-ələf,
    qoymarıq olsun tələf,
    su içində bu tərəf,
    ya da o baş, yağdırır.

    Sevilirik, sevirik,
    ağrısını bilirik,
    göz yaşların ya kirpik,
    ya da ki, qaş yağdırır.

    Qaldı yola salanlar,
    getdi yadda qalanlar,
    dəliqanlı olanlar
    başına daş yağdırır.

    Yol gedir qışa doğru,
    kotana, xışa doğru,
    göylər – yeli qupqupu
    yağmuru yaş yağdırır.

    Bir eşq sinənin altda
    od-alov çataçatda,
    qız-gəlin zarafatda –
    təndir lavaş yandırır…

    04.XII.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Daha ikimiz də cəhənnəmliyik…”

    Gözümün nurunu aldı bu təklik,
    varsan nə yağında, nə tortasında!
    Düzdü, ikimiz də cəhənnəmliyik;
    mən gendə yanacam, sən ortasında!

    Qılıncdan beş-betər kəsərmiş nəzər,
    böhtannan, qarğışdan, şərdən əlhəzər!
    Dərdlər ürəyimin üstündə gəzər,
    əcəl eşələnər tən ortasında.

    Boş qaldı xəyalda qurduğum evcik,
    hər sevən taleyə düşməz elçilik,
    mən xırman çölündə xırda sərçəcik,
    qismətdən umduğum-dən ortasında.

    Yuxum səni tapıb-itirər hərdən,
    bəxtim röyalarda gətirər hərdən,
    bəbəklər şəklini tor görər hərdən,
    elə bil yurd salıb çən ortasında.

    Sevgi tərk etdisə-ümid də sönər,
    göylərdən pərişan torpağa enər.
    Fələk bayram edər, Şeytan sevinər,
    Bacarsan, hicranın dön ortasında.

    Çox əsib-coşardın gözəl yarında,
    daha, Vahid Əziz, əlləş canında.
    məhv etdin eşqini alovlarınla –
    indi, bacarırsan sən ortasında…

    27.XI.2017

  • Xalq şairi Musa YAQUB.”Dağlar dənizə gəlib”

    Dağların arasında
    Dəniz olub ağ duman.
    Dağlara dəniz gəlib
    Baxıram heyran-heyran.
    Hər səmadan bir taya,
    Hər buluddan bir əlçim,
    Hər dəryadan bir içim
    Yığılıb dəniz olub.
    Dağların arasında
    Sıxılıb dəniz olub.
    Görünür yorğun düşüb,
    Dərəyə lövbər salıb,
    Bir az yatmaq istəyir.
    Göyləri çox gəzibdir,
    Qayalı dağ istəyir.
    Dağlara dəniz gəlib
    Sahili sıldırımlar.
    Dincəlir bu dənizdə
    Şimşəklər, ildırımlar;
    Dağkəlilər yol azıb,
    Cüyürlər çaşbaş qalıb.
    Qağayının yerini
    İndi də qartal alıb…
    Səhər şəfəqlərilə
    Yanır dənizin üstü.
    Dəyir sahil daşına,
    Doğranır əlçim-əlçim,
    Burulur tüstü-tüstü.
    Bəh, dağların gözündə
    Bu nə şirin uyğudur,
    Bu nə zərif duyğudur,
    Bu nə gözəl xəyaldır!
    Hələ külək əsməsin, –
    Göyün bağrı sökülər;
    Dəniz doluxsunmasın,
    Suya dönüb tökülər.

  • Xalq şairi Musa YAQUB.”Təbiət yatır”

    Çalalar, çuxurlar hamarlanıbdır
    Quşlar bir dən üçün qubarlanıbdır
    Qanadı altına salıb başını,
    Sərçələr ötürür qarlı qışını.
    Baxıram bu ağac nararmududur
    İndi nararmudu qar armududur.
    Bəs bu ağacdələn kimi oyadır,
    Təbiət yatır.
    Deyəsən bu yellər uzaqdan gəlir,
    Bir gözəl dan üzü bulaqdan gəlir,
    Köksünə sığmayır ürək sevinci,
    Düşür saçlarına qar inci-inci.
    Elə bil başına örtüb ağ cuna,
    Bir topa qar sıxıb qoyur ovcuna
    Sonra da əlində atıb oynadır,
    Təbiət yatır.
    Böyürtkən kolları sən görən deyil,
    Şimal ayısıdır durub elə bil.
    Tikanlar yırtanda ağ yorğanını,
    Yenidən qar nənə gözləyir onu.
    Dovşanlar kol-kosda ötürür qışı,
    Dələnin otağı ağac koğuşu
    Ayı mağarası yoxsul bir çadır…
    Təbiət yatır.
    Hələ ağaclara balta çalan var,
    Bilir ki, izini gizlədəcək qar.
    O, çıxıb evinə arxayın dönər,
    Ağacın qar altda yarası göynər.
    Bura meşəbəyi nə zaman gələr,
    Bir də kötüklərə ilişsə bilər
    Namərdlər meşəni hey vurub-çatır…
    Təbiət yatır.
    Görəsən ürəyim kimi soraqlar…
    Əyilib yollara qarlı budaqlar.
    Keçir yollarımız bir ağ tuneldən,
    Sökülür bu tunel adicə yeldən.
    Qardan papaq qoyur papaqlarımız,
    Üşüyür maşında ayaqlarımız;
    Adamlar mənzilə tələsir, çatır,
    Təbiət yatır.

  • Xalq şairi Musa YAQUB.”Güllə gəzdirən maral”

    Bir namərdin gülləsi
    Ürəyimdən yan keçib,
    Bədənimdə qalıbdır.
    Odu məni alıbdır
    Güllə zəhərdir, zəhər…
    Qoy qanıma işləsin,
    Qoy canıma işləsin,
    Bir südümə dəyməsin,
    Bala böyüdürəm mən.
    Həyat eşqi gözümdə,
    Qan ləkəsi izimdə.
    Düşmənimi bəsləyib
    Gəzdirirəm özümdə.
    Mənim yüküm daş deyil,
    Mənzilinə yetirim
    Mənim yüküm duz deyil,
    Su dəyəndə itirim.
    Bir göz giləsi boyda
    Bədəndəki qurğuşun
    Dağdan ağır yük imiş.
    Yükü güllə olanın
    Dərdi nə böyük imiş!
    Qoy yansın naşı ovçu
    Tüfənginin ağzından
    Gülləsini almışam,
    Ölməmişəm, qalmışam…

  • Xalq şairi Musa YAQUB.”Lalə”

    Utancaq gəlin tək çəkinib əvvəl
    Bürünər bir yaşıl duvağa lalə.
    Yırtıb örpəyini baş qaldıranda,
    Bənzər təbəssümlü dodağa lalə.

    Yel əsib duvağı salar üzündən,
    Görərsən xal qoyub yanağa lalə.
    Yağışlar yuyanda ləçəklərini
    Çəkər saçlarını darağa lalə.

    Xoşlanar günəşin od nəfəsindən,
    Verər sinəsini qabağa lalə.
    Qərənfil, bənövşə solub gedəndə,
    Bənzəyir bir qərib qonağa lalə.
    Arılar yük olub qonar üstünə,
    Gah sola əyilər, gah sağa lalə.

  • Xalq şairi Musa YAQUB.”Ömrün ilk fəsilləri”

    * * *
    Bəlkə də borcundan çıxmadım, Vətən,
    Ömür bahar deyil bir də qayıtsın.
    Ölsəm də, qoynunda qoy ölüm ki, mən
    Çürüyüm, bir ovuc torpağın artsın!
    * * *
    Burda hər meşənin min cür ağacı,
    Burda hər ağacın yamyaşıl tacı.
    Burda hər tac üstə sarmaşıq saçı,
    Hər saçın küləkdən darağı vardır.
    Burda hər budağın şeyda bülbülü,
    Burda hər bülbülün qönçə bir gülü,
    Burda hər qönçənin yaşıl bir tülü,
    Hər tülün xırdaca saçağı vardır.
    Burda hər yamacın çiçəkdir daşı,
    Burda çiçəklərin şehdir göz yaşı;
    Burda şeh damlası bir üzük qaşı,
    Hər qaşın qızılı qurşağı vardır.
    Burda sərər düzə lalələr xalı,
    Burda hər xalının qara bir xalı…
    Hər xalda şirin bir şair xəyalı,
    Burda hər xəyalın oylağı vardır.
    Burda qayaların daşdır suvağı,
    Burda hər daş üstə qartal caynağı,
    Caynaqlı hər daşın bir buz bulağı,
    Burda hər bulağın qonağı vardır,
    Harda bu saydığım gözəllik olsa,
    Orda Azərbaycan torpağı vardır.

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Nə hirslə oxuyur bu quş”

    Nə hirslə oxuyur bu quş,
    Mahnı deyil, qarğışdı bu.
    Elə bil hürür adama,
    Yarı it, yarı quşdu bu.

    Yoxdu quşlar arasında
    Dilini bilən bu quşun.
    İtlər səs verir səsinə
    Bayaqdan hürən bu quşun.

    Nə çoxdu hirsi-hikkəsi.
    Canındakı qurd kinidi.
    Yazıq hürməsin, neyləsin,
    Bəlkə günü it gündü.

    …Quş olub hür, it olub uç,
    Kimdi görən bu ölkədə?!
    İti qab dibi yalayan,
    Quşu hürən bu ölkədə..

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Mən də Tanrı quşu olsam”

    Gün doğsa da, işıqlanmaz
    ömrün qara günləri.
    Tanrıyla kim barışdırar
    bəxtindən küsənləri?

    Canımıza hardan dolub
    bu dəlilik havası?
    Ağaclar da Məcnun olub
    başında quş yuvası.

    Quşa dönüb mollalar da,
    qonub minbər başına.
    Əzan verib bu şəhəri
    basdırarlar axşama.

    Mən də Tanrı quşu olsam,
    mən də qonsam minbərə,
    Hər nə desəm küfr çıxar
    bəlkə bütün dinlərə.

    Bəlkə məni dörd bir yandan
    nişan alar ovçular
    O minbərdən damla-damla
    qanım yerə damcılar.

    Bir yaralı molla uçar
    sənə sarı. İlahi.
    İnsanf elə bu yaramı
    özün sarı, İlahi!..

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Bir xəfifcə külək”

    Bir xəfifcə külək əsdi
    ürəyimin yanından.
    Əsdi ətəyi yellənən
    bir nazik qız donundan.

    Bu nə gözəl qızdı, Allah,
    lap qəbirdə sevməli.
    Bir də, bir də doğulmalı,
    bir də, bir də sevməli.

    Gecələri səhərəcən
    dizinə baş qoymalı.
    Yuxuda da onu görüb
    diksinib oyanmalı.

    Əcəl günü, son nəfəsdə
    son sevdaya düşməli.
    Bir cüt quştək bir qəfəsdə
    onunla sevişməli.

    Sonra… sonra arxayınca,
    kirimişcə ölməli.
    – Bəsdi, kiri, axmaq qoca,
    gülməlisən, gülməli!…

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Gəlin, açın yumruğumu!”

    Sıxılmaqdan əlim şişib,
    Dırnağım ovcumu deşib,
    Barmaqlarım düyün düşüb,
    Gəlin, açın yumruğumu!

    Nə qedib yata bilirəm,
    Nə qələm tuta bilirəm,
    Nə bir daş ata bilirəm,
    Gəlin açın yumruğumu!

    Mən ki bir fağır oğuldum,
    Birdən yay kimi yığıldım,
    Boğuldum, Allah, boğuldum,
    Gəlin açın yumruğumu!

    Uçdu mən quran qalalar…
    Yaxşı ki var gül balalar,
    Dedilər: “Ovcunda nə var,
    Gələk açaq yumruğunu?!”

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş-yavaş sevdim səni”

    Yavaş-yavaş sevdim səni,
    Hər gün bir az da sevdim.
    Ən çox bu qış sevdim səni,
    Qarda, ayazda sevdim.

    Gör bir nə tez isinişdik
    Havalar soyuyanda.
    Adamlar qalın geyinib,
    Ağaclar soyunanda.

    Qar altından baş qaldıran
    Çiçəktək sevdim səni.
    İstisinə qızındığım
    Ocaqtək sevdim səni.

    Hələ bu cür sevməmişdim
    Ömrüm boyu heç kimi.
    Səni sevdim qar üstündə
    Yem axtaran quş kimi.

    Qorxa-qorxa bu sübh çağı
    Nə baxırsan göyə sən?
    Deyirsən ki, günəş çıxıb,
    Qar əriyir deyəsən…

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Hər şəkildə bir anım…”

    (Qələm yoldaşım Yusif Səmədoğluna)

    Hərdən töküb önümə
    köhnə şəkillərimi,
    Mən yadıma salıram
    o ötən illərimi.
    Bu şəkillər, şəkillər
    köhnə xatirələrin
    min nəğməli səsidir.
    Yaşadığım anların
    kağızlar üzərində
    əks olan kölgəsidir.
    Şəkillər yığın-yığın,
    Şəkillər dəstə-dəstə;
    Hər şəkildə bir anım
    əbədilik yaşayır
    cansız bir kağız üstə.
    Yaşamışam o anı,
    O an çıxıb əlimdən;
    O anda keçirdiyim
    Həyəcanı, duyğunu
    yaşamaram bir də mən.
    Siz ey ötən illərdən
    mənə xatirə qalan
    cansız dövlətim, varım –
    Kağız parçalarında
    donub qalan anlarım!
    Siz üstünü toz basan
    nəğməsiz bir simsiniz,
    mənim zahirimsiniz…
    O anda yaşadığım
    hissim, duyğum, düşüncəm,
    bura əks olunmamış –
    kağız üstə qonmamış.
    Bax, bu şəkil: əlimdə
    bir dəstə gül tutmuşam;
    Sanki qaya başından
    yerə baxan bir quşam.
    On il əvvəl çəkilmiş
    bu şəkilə baxanda,
    O vaxtkı duyğularım
    yada düşür bir anda.
    O duyğuma gülürəm,
    o arzuma gülürəm.
    Duyğular başqalaşmış,
    Arzular başqalaşmış.
    O zamandan bu yana
    çox sıldırım dağları,
    qayaları aşmışam.
    Arzular başqalaşmış,
    mən də başqalaşmışam.
    O şəkildə gördüyün
    əli çiçəkli oğlan –
    sadə ürəkli oğlan
    mənəmmi?.. Ah, dəyişir-
    Axı, insan dəmbədəm.
    Doğrusu, o, həm mənəm,
    Həm də ki, mən deyiləm.
    Bu şəkillər, şəkillər
    köhnə xatirələrin
    min nəğməli səsidir.
    Yaşadığım anların
    kağızlar üzərində
    Həkk olan kölgəsidir.

    İyul 1960, Riqa, Dubultı

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Qağayı kimi”

    Həm dənizdə, həm havada, həm də yerdə cövlanı var,
    Həm üzürlər,
    həm süzürlər,
    həm gəzirlər,
    qağayılar.
    Bu arzunun həsrətilə əsrlərlə mən yanmışam,
    Təbiətin qağayıya bəxş etdiyi nemətləri
    Mən əqlimlə qazanmışam:
    həm gəzirəm,
    həm üzürəm,
    həm süzürəm!

    İyul, 1960, Riqa

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyamı, mənmi?”

    Uşaqlıq şəklimə hey baxıram mən,
    İllər xəyalımdan süzülüb keçir.
    Şirin xatirələr gözüm önündən
    Gah ağlayıb keçir, gah gülüb keçir.

    Küçədən tapdığım rəngli bir şüşə,
    Könlümü nə qədər sevindirərdi!
    Adamlar, adamlar məni həmişə
    Oxşayar, əzizlər, xoş dindirərdi.

    Xəyalən uçardım ulduza, aya.
    Bir təzə sevdaya düşərdim hər gün.
    Elə bilərdim ki, bu qoca dünya
    Mənimçün yaranıb, ancaq mənimçün.

    Dünya həmin dünya deyilmi aya-
    Bəs neçin mənimlə əylənmir yenə?
    Artıq köhnə dünya, bu qoca dünya
    Özgə cür görünür, özgə cür mənə!..

    Bəlkə ayrılmışam özüm-özümdən,
    Özgə bir adamam bəlkə indi mən?
    Dünya gözəlləşir, dəyişir aləm;
    Ömür yollarını vüqarla keçdim.
    Anlaya bilmirəm, qana bilmirəm
    Dünyamı dəyişdi, mənmi dəyişdim?

    Yanvar, 1959

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Qara saçlar, ağ saçlar”

    Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
    Hər baxanda anamın ürəyinə qan düşür.
    Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
    Saçımın ağlığından qanın heç qaralmasın!
    Alışıram gecələr masa arxasında mən,
    Saçlarım da ağarır, qəlbimin atəşindən.
    Sən demə ki, balamın bəlkə gizli qəmi var,
    Vaxtsız ağaran saçm özgə bir aləmi var.
    Ölüm belə qəm deyil bu həyatı duyana,
    Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
    Qara, şəvə saçları təbiət vermiş mənə,
    Mən güvənə bilmərəm onun bu töhfəsinə.
    Zəhməti heyatımın ilk bəzəyi sanmışam,
    Ağ saçları həyatda mən özüm qazanmışam.

    Sentyabr, 1957

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ömür”

    Y.Məmmədəliyevə ithaf

    Deyirlər, çox ardır yüz il, əlli il,
    İnsana bir ömür kifayət deyil.
    Hələ isitməmiş öz yerimizi
    Ölüm cəllad olub haqlayır bizi.

    Deyirlər, şirindir dadı dünyanın,
    Kaş iki olaydı ömrü insanın.
    Nola, çalışsaydıq ömrün birində,
    Sonra əylənəydik biz digərində.

    Hərə öz ömrünə bir cürə baxmış,
    Hərə bu dünyanı bir cürə anlar.
    Cahanda bəs nədən zövq alacaqmış
    Zəhmətin özündən zövq almayanlar?

    Yüz-yüz ömür belə azdır doğrusu
    Bir ömrü insana az sayanlara
    Haramdır bu hava, haramdır bu su
    Əylənmək eşqilə yaşayanlara.

    Yaşamaq-yanmaqdır, yanasan gərək,
    Həyatın mənası yalnız ondadır
    Şam əgər yanmasa, yaşamır demək
    Onun da həyatı yanmağındadır.

    Ömrü az olsa da, qartal yenmədi
    Dedi, səmalarda öz oylağım var.
    Ömrün azlığından gileylənmədi
    Ömrü insan kimi başa vuranlar.

    “Bu dünya beş gündür”,- deyib hər yerdə
    Sağ ikən qəbirdə izanan da var.
    Öz alın tərilə bircə ömürdə
    Yüz insan ömrünü qazanan da var.

    Fevral, 1956

  • Xalq şairi Zəlimxan YAQUB.”Gətirəcəksən”

    Könül, nə yanırsan, nə yandırırsan,
    Xalqı bir yönəmi gətirəcəksən?
    Dilsiz qayaları, səssiz daşları,
    Səsəmi, ünəmi gətirəcəksən?

    Aldılar əlindən yağlı, yavanı,
    Çəkdilər canından suyu, havanı.
    Yerinə qaytarıb yurdu, yuvanı,
    Dağlara binəmi gətirəcəksən?

    Nə ad düşündürür, nə san milləti,
    Çoxalır asdıran, asan milləti.
    Qayğılar başından basan milləti
    Kölgədən günəmi gətircəksən?

    Yaşadın dərd yeyib, qəm uda-uda,
    Çağırdın, dadına çatmadı xuda.
    Yağışsız buludda, axarsız suda
    Sünbülü dənəmi gətirəcəksən?

    Ürək min parçadı, könül min para,
    Qarışıb, seçilmir ağ ilə qara.
    Allahdan danışıb allahsızlara,
    Dinsizi dinəmi gətirəcəksən?

    Bir dərdin həyatda min yazarı var,
    Dünyanın nə behi, nə bazarı var.
    Taleyin nə qədər dərd-azarı var,
    Yığışıb mənəmi gətirəcəksən?

  • Xalq şairi Zəlimxan YAQUB.”Canımız”

    Ömür-gün səhrasında,
    Səfil olan canımız.
    Qəzası, müsibəti
    Qəfil olan canımız,

    Həyat bir udum nəfəs,
    Dünya beş günlük həvəs.
    Hər yanı zindan, qəfəs,
    Qıfıl olan canımız.

    Enib dərdin şəhrinə,
    Düşüb qəmin qəhrinə.
    Sehrbazlar sehrinə
    Tifil olan canımız.

    Ölüm ahıl, biz çağa,
    Boğaz yemdi bıçağa.
    Axır beş arşın ağa
    Təhvil olan canımız.

  • Xalq şairi Zəlimxan YAQUB.”Dərd”

    Hər çiyin tab gətirməz,
    Ağır yükdü dərd daşı.
    Daşıyırsan həyatda
    Kişi kimi dərd daşı.

    Enər gözə çən kimi,
    Düşər saça dən kimi.
    Damla daş dələn kimi,
    Dəlib deşər dərd daşı.

    Əzər-tikər, qum eylər,
    Kotan çəkər, şum eylər.
    Dərd əridər, mum eylər
    Sərt qayanı, sərt daşı.

    Mərd yaşamaq gərəkdi.
    Sərt yaşamaq gərəkdi.
    Dərd daşımaq gərəkdi,
    Möhkəm dayan, mərd daşı.

  • Xalq şairi Zəlimxan YAQUB.”Sən allah, dilinə qeybət gətirmə!”

    Ulduzdan danışaq, Aydan danışaq,
    Çeşmədən, dənizdən, çaydan danışaq,
    Sevgidən, sevincdən, toydan danışaq.
    Palıd qətiyyətli oğullar görüb,
    Çinartək ucalan boydan danışaq,
    Sən allah, dilinə qeybət gətirmə!

    İşığam, sən məni zülmətə çəkmə,
    Aşkaram, sən məni xəlvətə çəkmə.
    Ayna ürəyimi, duru könlümü
    Kinə, küdurətə, nifrətə çəkmə,
    Sən allah, dilinə qeybət gətirmə!

    Əlvan çiçəklərin baxışına bax,
    Çəməndə güllərin naxışına bax.
    Günəşin tərtəmiz şəfəqlərinə,
    Buludun dumduru yağışına bax.
    Yağışdan təmizlən, Günəşdən durul,
    Sən allah, dilinə qeybət gətirmə!

    Məğrur sarayları yıxdı, dağıtdı,
    Yurdun axırına çıxdı, dağıtdı.
    Qeybət ürəkləri sıxdı, dağıtdı,
    Sən allah, dilinə qeybət gətirmə!

    Hər könül mülkündən bir sərvət gətir,
    Ruzu, qismət gətir, bərəkət gətir.
    Yerdən genişlik al, göydən ucalıq,
    Dinəndə, dilinə təravət gətir,
    Amandı, dilinə qeybət gətirmə.

    21 mart 2000

  • Xalq şairi Zəlimxan YAQUB.”Ağrı”

    Üstümə gələn şikayətçilərə
    Ürək ndir, zərif tel, incələrin incəsi,
    Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi.
    Hər gün üzünə durur həyatın işgəncəsi,
    Səni necə qurtarım ağrıların əlindən?

    Fikrində ümid yeri, gözündə yaş gəlirsən,
    Ürəyində qəm yükü, bağrında daş gəlirsən.
    Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən,
    Səni necə qurtarım ağrıların əlindən?

    Yol dolaşıq, cığır dar, zaman çətin, vaxt ağır,
    Əngəllərin əlində qalmısan mağmın, fağır.
    Baxışından üstümə qalaq-qalaq qar yağır,
    Səni necə qurtarım ağrıların əlindən?

    Torpağın yad əlində, özün çadırda əsir,
    Ayaz vurur, qar döyür, şaxta vurur, qar kəsir.
    Hər kəs öz ocağına, öz evinə tələsir,
    Səni necə qurtarım ağrıların əlindən?

    Üzün payız yarpağı, alnın qırış-qırışdır,
    Qəlbin qəmlər əlində gah küsdü, gah barışdı.
    Ağladın, göz yaşların göz yaşıma qarışdı,
    Səni necə qurtarım ağrıların əlindən?

    Dodağım yandıran haraydımı, ündümü?
    Kərpic-kərpic sökülən ömürdümü, gündümü?
    Bu bulanlıq suları durultmaq mümkündümü?
    Səni necə qurtarım ağrıların əlindən?

    Allahı çağırırsan, eşqin Allaha çatmır,
    Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır,
    Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır,
    Səni necə qurtarım ağrıların əlindən?

    Nə şaham, nə Allaham, nə peyğəmbər, nə sultan,
    Qəlbindən keçənləri yaratmağa yox imkan.
    Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan,
    Səni necə qurtarım ağrıların əlindən?

    Sən millətin övladı, mən millətin vəkili,
    Ürəyim cadar-cadar, yuxum ərşə çəkili.
    Əlim göyə uzalı, gözüm göyə dikili,
    Səni necə qurtarım ağrıların əlindən?

    26 noyabr 2000

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bilmədin sən qədrimi”

    Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin
    Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.

    Bilmədin sənsizliyindir qəlbimə odlar salan,
    Bağrıma dağlar çəkən hicranı hicran bilmədin,

    Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım,
    Ömrümü verdim sənin uğrunda qurban, bilmədin.

    Eşqimin təxtində fərman verdi hər gün ayrılıq,
    Can evimdə əsdi yellər, qopdu tufan, bilmədin.

    Od tutub yandım Kərəmtək, yanmadın heç halıma,
    Bilmədin, sənsiz deyib-gülməz Süleyman, bilmədin.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Gözəllər gözəlinə”

    Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –
    Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

    Üzünü görmədiyim hər günümə gün demirəm,
    Küsmə, ünvanına bu sözləri küskün demirəm.
    Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm.
    Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim,
    Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

    Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,
    Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini.
    Doymaram min kərə, hər gün mən eşitsəm səsini,
    Çəkirəm car, bunu bilsin vətənim, bilsin elim,
    Son gözəllər gözəlindon də gözəlsən, gözəlim!

    Dikirəm gözlərimi hər zaman, hər an yoluna,
    De görüm, kim ötürübdür səni hicran yoluna,
    Hardasan, gəl bu vüsal adlı Süleyman yoluna,
    Gəl, gəl, etsin yenə pərvaz gözəl arzum, əməlim,
    Sən gözəllər gözəlindan də gözəlsən, gözəlim!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bəlkə də…”

    Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.
    Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.

    Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən
    Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır.

    Eşqdir mənası bu ağ günlərin, xoş günlərin,
    Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır.

    Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz,
    Millətə xidmətdə ən mənalı bir an yaxşıdır.

    Kim bilir, eşq aləmində, doğruluqda, sevgilim,
    Çoxlarından bəlkə də şair Süleyman yaxşıdır!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Rəqs edir”

    Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.
    Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir.

    Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin,
    Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir.

    Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını,
    Könlümün mülkündə solmaz ilk baharım rəqs edir.

    Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil.
    Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs edir.

    Görməyib ellər məni onsuz, onu mənsiz bir an,
    Ağ günümdə, şad günümdə etibarım rəqs edir.

    Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,
    Sərvərim, peyğəmbərim, “pərvərdigarım” rəqs edir.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Çağır”

    Sənə üz versə kədər, məclisə cananı çağır,
    Dodağı qönçəli, ol gözləri ceyranı çağır.

    Eşqdir, hicridir, aləmdə vüsaldır məna,
    Varsa şübhən, bunun isbatina dünyanı çağır.

    Söndürə bilməyəcəksən yenə eşqin adını,
    İstəyirsən köməyə çayları, dəryanı çağır.

    Sağalar məncə, vüsal ilə bu hicran yarası.
    Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır.

    Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
    Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qoymaram”

    Gedin deyin Xançobana,
    Gəlməsin bu il Muğana.
    Muğan batıb nahaq qana
    apardı sellər Saranı.
    bir gülər üzlü balanı..
    Nəbati

    Gedin deyin Nərimana,
    Sıxır məni xəstəxan,.
    Xəstəxana batıb qana.
    aparır sellər Saranı.
    eşitsin ellər Saranı.
    Sara

    Dözmün azalıb, nə olub yenə,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparacam gör hara, səni.

    Yenə bir çəməndə süfrə açarıq,
    Yemlik yığa-yığa arxı aşarıq.
    Bir az qocalmışıq, cavanlaşarıq.
    Bir az dincələrik bulaqlar üstə,
    Quşlar mahnı deyər budaqlar üstə.

    Biz ömür sürümüşük ləyaqət ilə,
    Biz həyat görmüşük nə minnət ilə.
    Ev-eşik qurumuşuq əziyyət ilə,
    Bir-bir daş üstünə biz daş qoymuşuq,
    Bir halal yastığa biz baş qoymuşuq.

    Axşam teatrda qoşa oturaq,
    Gündüz artistlərə şən məclis quraq,
    Hələ “Pompey” durur, biz də bərk duraq,
    Onu bu səhnədə görək, ay Sara,
    Bir az səbrin olsun gərək, ay Sara.

    Hələ nə görmüşük biz bu dünyada,
    Quş havada yaşar, balıq dəryada.
    Yağışlar, küləklər döyüb səhrada,
    Dünya düzəngahmış, heç bilməmşəm,
    Sənə sıığınmışam, Sara dümişəm.

    Dözmün azalıb, həyatım mənim,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparac dağlara, səni.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mənə düşməyir”

    Məni sevindirməyin,
    Gülmək mənə düşməyir.
    Nədir arzum, diləyim,
    Dilək mənə düşməyir.

    Sıxır amansız həyat,
    Tale sərt, can amant.
    Can de, köməyimə çat,-
    Kömək mənə düşməyir.

    Nədir məni söylədən?-
    Başa düşməz hər yetən.
    Nə deyim əvvəlcədən,
    Demək mənə düşməyir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ay Həkim”

    Ağzın bəd xəbərə açıldı sənin,
    Sonra necə güldün, necə, ay həkim.
    Səsin ürəyimə sancıldı sənin,
    Həkimlik buydumu səncə, ay həkim.

    Sən güldün, yanında ssusub ağladım,
    Yenə ümidimi sənə bağladım.
    Sağ ikən insana mən yas saxladım,
    Verdin əməyimi heçə, ay həkim.

    Bir qapı bağladın, yüz qapı açdım,
    Qızışn soyuğunda ölkə dolaşdım.
    Həkimin əlindən həkimə qaçdım,
    Hanı diplomuyun gücü, ay həkim.

    Xəstənin yaleyi ilgəkdi pünhan,
    Həkimin əlləri düymə bağlayan.
    Sən bir qəbristanlıq insan qırmısan,
    Bir elmi dərəcə üçün, ay həkim.

    Qəbula gələndə bivaxt düşmüşəm,
    Bu evdən-eşikdən uzaq düşmüşəm.
    Mən sənin əlindən qaçaq düşmüşəm,
    Həkimləri seçə-seçə, ay həkim,
    Şəhər-şəhər, küçə-küçə, ay həkim.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mən”

    Kimsə salam verdi mənə rəhm ilə,
    Allahın nə yazıq bəndəsiyəm mən.
    Tüstüsüz yandım mən odlar içində,
    təndirin küt gedən kündəsiyəm mən.

    Məndən inciməsin dostlar, tanışlar,
    daha yadlaşıbdı doğma baxışlar.
    Ey əsən küləklər, yağan yağışlar,
    tökülün üstümə dözəsiyəm mən.

    Yatır süfrəmizə çörək gətirən,
    ailə yükünü təkcə götürən,
    Mən boynu büküyəm, o köks ötürən,
    Yeganə arxası, kimsəsiəym mən.

    Qadındır hər evin isti nəfəsi,
    qadın anadırsa-yoxdur əvəzi.
    Ağırdı ananın ağır xəstəsi.
    atayam, ananın xəstəsiəym mən.
    Bəlkə bədbəxtlərin təzəsiəym mən.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

    Ürəyim ananı istəyir, qızım,
    sən yaşa dünyada qəmsiz, kədərsiz.
    Bir səs qulağıma döz deyir, qızım,
    Mən dözdüm,
    yaş ötdü məndən xəbərsiz.

    Qaşlarım qaradı, saçlarım ağdı,
    təbiət şəklimi çəkir yenidən.
    Hamı bu dünyada qocalacaqdı
    amma tək qocalmaq dərd verir hərdən.

    “Dağlar” deyə-deyə mən dağ şamışam,
    Hanı tale dostum,
    ürəkdən gülən?!
    Dünyada yaşayıb dünyalaşmışam,
    dünyayla düz gəlmir daha mən deyən.

    Daddım acısını şirin həyatın,
    Hələ bu acıdan doyan olmayıb.
    Qızım, qardaşınla sən olmasayadın,-
    deyərdim, dünyada ana olmayıb.

    Mən işdən çıxanda eybi yox,-dedim,-
    dəyirman dünyadı, çarxa düşmüşəm.
    Özümünkü bilib fəxr elədiyim,
    arxadan vuranda arxa düşmüşm.

    Mən qisas almadım yaşadı düşmən,
    ilhamda, sənətdə axırdaydılar.
    Qisası aldım mən yalnız özümdən,-
    böyüklər də gördüm, çox xırdaydılar,
    ilhamda, sənətdə axırdaydılar.

    Daha yaş artdıqca, səbrim azalır,
    yaş yaşdı…
    neyləsən yaş əyir, qızım.
    Qadınsız-ata da anasız qalır,
    ürəyim ananı istəyir, qızım,

  • 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

    Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
    AZƏRTAC xəbər verir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
    Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib.
    1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
    Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
    Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

  • Əhməd CAVAD.”Azərbaycan bayrağına” (Şeir)

    Türküstan yelləri öpüb alnını
    Söyləyir dərdini sana, bayrağım!
    Üçrəngin əksini Quzğun dənizdən
    Ərməğan yollasın yara, bayrağım!

    Gedərkən Turana çıxdın qarşıma,
    Kölgən dövlət quşu, qondu başıma!
    İzn ver gözümdə coşan yaşıma –
    Dinlətsin dərdini aha, bayrağım!

    Qayı Xan soyundan aldığın rəngi,
    Qucamış Elxanla, müsəlman bəgi.
    Elxanın övladı, dinin dirəgi,
    Gətirdin könlümə səfa, bayrağım!

    Köksümdə tufanlar gəldim irəli,
    Öpüm kölgən düşən mübarək yeri!
    Allahın yıldızı, o gözəl pəri,
    Sığınmış qoynunda Aya, bayrağım!

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    YADA DÜŞÜR
    /”Düşüncələrim” – silsiləsindən/

    Vaxt çatanda ağ libası geyinməyə,
    Hacət qalmır təkəbbürə, öyünməyə.
    Başlayırlar əldə təsbeh deyinməyə
    Sanki varmış bu günədək öndə duran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Sığışmayır ziyarətlər günə, aya,
    “Canıdişdə” qatlaşırlar hər bəlaya.
    Güzar düşür- Məşhəd, Həccə, Kərbəlaya
    Hamı olur minbərlərə alın vuran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Açarını qazanmaqçün axirətin,
    Inkar edir vəbalların, qəbahətin.
    Namazlarda on cərgədə durur,- mətin
    Dönüb olur molla, mömün –yüz-yüz vuran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    “Küpü süzür” zorbaların, harınların,
    Anlayırlar faniliyin varın- karın.
    Toplamaqçün əkdikləri “əməl barın”
    Mələk olur qəlb sındıran, könül qıran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Nə ziyarət, nə nəzirlər çatmaz dada,
    Axirəti qazanarlar bu dünyada.
    Çiyindəki mələkləri salıb yada
    Nöqtə qöyür misrasına şair Dövran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    USTAD VƏLİNİN QIZI
    /”Düşüncələrim” – silsiləsindən/

    Təbi hər zaman rəvan,
    Vaxtı, zamanı qovan.
    Heyrandır, həm Natəvan,
    Ustad Vəlinin qızı.

    Mütəvazi görkəmi,
    Sevincindən çox qəmi.
    Qələminin həmdəmi,
    Ustad Vəlinin qızı.

    Ilhamından zər geyir,
    Yaratdığı hər şeir.
    Sevənlər – əhsən deyir,
    Ustad Vəlinin qızı.

    Heyranların sevinci,
    Hər kəlməsi dürr, inci.
    Hey öndədir- birinci,
    Ustad Vəlinin qızı.

    Oyar əyrinin gözün,
    Qələmlə söylər sözün.
    Heç zaman öyməz özün,
    Ustad Vəlinin qızı.

    Söz karvandır, O, sərban,
    Qəlbi hər zaman cavan.
    Mənəm,- Rahilə Dövran,
    Ustad Vəlinin qızı…

    MÜƏLLİF : RAHİLƏ DÖVRAN

  • Şəfa VƏLİYEVA.”Mən səni Şamxat kimi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mən səni Şamxat kimi-
    Min fitnəylə sevirəm…
    Sonra da
    Öpüşünlə
    Ruhuma qüsul tökürəm…

    Mən səni Lalə kimi-
    Düzlərdə gözləyirəm…
    Bağrıyanıq,
    Dilimdə “ah”…
    Ləçək-ləçək közərirəm…

    Mən…-ilan məkrinə vurğun,
    Yaradılışdan yorğun…
    Sən aldadılan Adəm,
    Hər günahıma həmdəm…
    Mən səni dua kimi
    Tanrı xətrinə sevirəm..

  • Gülnar SƏMA.Seçmə şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Var

    Sənsiz gecələrə vərdiş etmişəm
    Həsrətə, hicrana məndə dözüm var.
    Nazıyla oynadım ayrılıqların
    Vüsala tamarzı iki gözüm var.

    Mənli-mənsiz, onlu-onsuz arzular
    Qanıma susadı qansız arzular
    Qar üstə yazdığım sonsuz arzular
    Od üstə can verən neçə buzum var.

    Sən nədən biləsən, nədənlər nədən?
    Özün cavab çıxar “a”dan ya “be”dən
    Gözümdə kölgəli o nurlu didən
    Məni sınaq etmə, məndə əzim var.

    Bir qız

    Bir qız vardı bizim kənddə
    Mənim kimi gözü qara.
    Sənə olan sevgisindən
    Bənzəyirdi üzü qara.

    Bir qız vardı qarabəniz
    Üzündə xal düzümləri.
    Yetişməmiş kim dərmişdi
    Tənəkdə kal üzümləri?!

    O qız bircə addımıyla
    Ürəyini tərk elədi.
    Qovuşmağa gücü çatmaz,
    Ayrılığa ərk elədi.

    Sən gələndə həmin qızın
    Sevgisi sevgiyə döndü.
    O dinə gəlməyən qızın
    Dilində sən oldun andı.

    Bir qız vardı bizim kənddə
    Reyhan kimi gözü qara.
    Gülü, narı yığıb getdi
    Sizin kənddən səmalara.

    Yuxuda…

    Sən yuxuya gedəndə
    Mən yuxudan gəlirdim.
    Gözün məni güdəndə
    Özüm bunu bilirdim.

    Yuxu mənə gələndə
    Mən də səndən gedirdim.
    Sən mənimçün öləndə
    Mən də gendən gedirdim.

    Mənə o təsir edir
    Sən axı dan gəlirsən.
    Hamı yuxuya gedir
    Sən yuxudan gəlirsən.

    Hamı xeyrini güdür
    Sən də mənə zərərsən.
    Məni könlünə müdir
    Yat, yuxuda görərsən.

  • Xatirə FƏRƏCLİ.Seçmə şeirlər

    AĞ ÇİÇƏK

    Ay ağ çiçək, ağ çiçək,
    allar düşüb gözümdən.
    İçimdə bir qallıq var,
    gəl, al məni özümdən.

    Ürəyim ağ kəlağay,
    yer tapammıram sərim.
    Belə ürəklə bəlkə
    çiçək olub əzəlim.

    Götür, hara istəsən
    apar məni, at məni.
    O Bəy bəyazlığına
    bələ məni, qat məni.

    Gedim bir ağ yuxuya,
    gedim ağ mələk kimi.
    Qayıdıb bu dünyaya
    gəlim ağ çiçək kimi.

    BU NƏDİ?

    Sən niyə baxırsan yollara, niyə
    Kimi gözləyirsən, gözüm, bu nədi?
    Ürəyim, köksümü dağıtma, toxta
    Yoxsa tükənibdi dözüm, bu nədi?

    Nədir bu intizar, bu qüssə, ələm?
    Könlümü uçurur boğulan naləm
    Çökübdü çöhrəmə qəlbimdəki qəm
    Solub yanaqlarım, üzüm, bu nədi?

    Köçüm uzaqlarda … ömür də yarı,
    Yağır, çalın-çarpaz taleyin qarı.
    Yeriyir üstümə qəm karvanları,
    Bəs hanı təpərin, dizim, bu nədi?

    ***

    Bu darıxmaq, aman tanrım,
    Buraxmır yaxamı nədən?
    Darıxıram, darıxıram
    Dar gəlir ruhuma bədən.

    Qara qarışqalar kimi
    Yol gedirik yön fələyin
    Yolumuz bir mənzilədir
    Kimi asta, kimi yeyin.

    İçimizdən alışırıq
    Kül olub sönənə qədər
    Heçdən gələn darıxacaq
    Heçliyə dönənə qədər.

    QATAR GÖZLƏYİRƏM

    Bu qatar da ötüb getdi
    Ünüm yetmədi, yetmədi.
    Gedib, gedib gözdən itdi
    Güman itmədi, itmədi.

    Bir dəli inada qulam,
    Könlümdə dağıntı, savaş.
    Nagüman qatar gözləyib,
    Nə çəkirəm biləydin kaş.

    Söykənib tənha söyüdə
    Budaqdan bar gözləyirəm.
    Qatarlanıb illər gedir
    Mənsə qatar gözləyirəm.

    QALDI

    Gözümdən oxundu qəlbimin qəmi
    Bəxtəvər görünmək üzümə qaldı.
    Qismət deyə-deyə, bəxt deyə-deyə
    Gəzib dolanmağım özümə qaldı.

    Sığındım payıza, qışa gözlədim,
    Baxmadım ömürə, yaşa gözlədim
    Gözlədim hədərə, boşa gözlədim
    Yollara dikilmək gözümə qaldı.

    Həsrətin özüymüş sapsarı dünya,
    Qıymadı könlümə baharı dünya,
    Gülmədi üzümə bu qarı dünya
    Mənimki yenə də dözümə qaldı.

  • İradə AYTEL.Seçmə şeirlər

    Qadın
    İstəkdən yoğrulsan da,
    İstəklə doğulmadın.
    O qədər çox idi arzun
    Arzundaca boğuldun!
    Yum! Yum gözlərini, qadın!

    Sevdin!
    Ruhun uzaqda
    Cismin doğma yataqda,
    Ananın naxış-naxış,
    Həvəs-həvəs tikdiyi
    Yastığı cırmaqlayan
    Dırnaqların şişəmi?
    Məhrəminə satdığın
    Cismin dözür şişəmi?
    Bu dünya çox kiçikdir.
    Bir qadın içindəki
    Sevgini basdırmağa
    Yer acizdi torpaqda,
    Torpaq bəyaz bayraqdı!
    Sən azad olamadın!
    Yum! Yum gözlərini, qadın!

    Alisən!
    Ulusan!
    Anasan!
    Dözümün sinən üstə
    Dağ olsun kişilərə,
    Nə fərqi
    O dağın təkindəki
    Qaranlıqda inləyən
    Saçlarından asılan,
    Qara divə qısılan ürək
    Alimi?
    Ulumu?
    Anamı?!.
    Təki o dağ dağların
    Bağ olsun kişilərə…
    Əmsin dünya dərdini,
    Dönsün dünya dərdinə!

    Qapqara saçlarından
    Bir tel ayır…
    Dolaşdır bəmbəyaz buxağına…
    – Ana!
    Yenə…
    Bala səsinə çevril,
    Bala nəfəsinə səril…
    Səril!
    Səril!
    Təkcə öz ayağına sərilmə!
    Ayaqlama cənnəti!

    Anama
    Bir dəli sevdaya düşmüşəm, ana,
    İntihar sevdasına!
    Amma
    Qıymıram sənin ürəyinin bir parçasına,
    Qıymıram sənə!
    Bax, ana,
    Bircə canımnan başqa
    heç nəyim yoxdu.
    Onu da borcluyam Sən Tanrıma!
    Bilirəm, onsuz da qatiləm!
    Mənli arzularının,
    İstəklərinin,
    Sənə verəmədiyim nəvələrinin “qatili”!
    İndi də
    balanın qatili olmaqdan qorxuram!
    Ana!
    Sənin ölümünü gözləyirəm!
    Başımdakı bu sevdanın xatirinə!
    Bağışla!!!

    Yığış gedək
    Ay, köksümdə döyünənim,
    Mərdim, mərdim, yığış gedək.
    Səni, səni sevməyənə
    Verdim… verdim, yığış gedək.

    Gül açmadı yenə bu yaz,
    Ümid düşdü çənə bu yaz…
    Qara saçım, səni bəyaz
    Hördüm… hördüm, yığış gedək.

    Nədən saldın mənə meyil,
    Di içimdə söyül, döyül.
    Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!

  • “Bir dəstə kart, bir ovuc noxud, beş manat pul”la “Kirpi”ni özünə “aşiq” edən jurnalist – MÜSAHİBƏ

    https://c.radikal.ru/c11/1911/bf/108e29e7f83c.jpg

    “Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların da “rəsmini çəkməyi” düşünürəm. Adını çoxdan eşidib, imzasıyla daha əvvəldən tanış olsam da şəxsini son illərdə tanımışam. Və nədənsə ilk gördüyüm andan söhbətləri, həyatsevərliyi, müasir düşüncəsi və bir də içdənliyi onunla aramızda bir doğmalıq, yaxınlıq körpüsü salıb. Pafossuz Vətən sevgisi, əli- könlü açıq, sözü-özü bütöv bir qadındı qəhrəmanım. Bu qədər doğmalığa, sevgiyə rəğmən onu necə təqdim edəcəyimi bilmirəm. Adının önündə çəkə biləcəyim titullar öz yerində, gördüyü işlərin sıralanmasına nəzər yetirəndə… bax budu çətinliyim. Xeyriyyəçi deyim, işgüzar qadın deyim, jurnalist deyim… Yaxşısı budu mən onu sadə adıyla təqdim edim. Müsahibim zamanın ələyindən,dövranın kələyindən, qələm- söz döyüşündən üzüağ çıxmış jurnalist Zümrüd Baloğlanovadı.

    Manevr.az əməkdaşımızın jurnalist Zümrüd Baloğlanova ilə müsahibəsini təqdim edir:

    -Xoş gördük, Zümrüd xanım! Söhbətə hardan-necə başlamaq çətinliyim olmasa da, sizi təqdim etməkdə çətinlik çəkdim. Çoxşaxəli fəaliyyətinizi nəzərə alsaq necə, daha doğrusu, kim kimi təqdim olunmaq istərdiniz?

    – Hər halda gözümün nurunu, beynimin ziyasını, qolumun gücünü sərf etdiyim jurnalistlik peşəsii ömrümün qayəsidir.

    -Mən sizi “Aslanın erkəyi, dişisi olmaz” donunda görürəm və düşünürəm ki, sizi tanıyan hər kəs mənimlə razıdır. Siz nə düşünürsünüz?

    -İt ilində, Şir bürcündə doğulandan bundan artıq nə gözləmək olar ki?! Hər ikisi hücum mövqeyində dayanan canlılardır. Məndə də bu canlılardan güclü əsər-əlamət var, sona qədər düzgün bildiyimin yanındayam, müdafiəçisiyəm, istər insan, istər hadisə olsun. Heç nədən qorxmaz və çəkilməzəm.

    -Xarakterinizlə peşəniz arasındakı oxşarlıq və sıx bağlılıq bütövlüyünüzü gün işığı kimi aydın göstərir. O üzdənmi jurnalist olmağı seçmisiniz?

    -Düzünü söyləyim ki, yox. Yəqin canımda gendən gəlmə də nəsə var. Atam da, anam da məsul vəzifələrdə çalışmış, həmişə haqqın yanında olmuşlar. Sizə öz balacalıq həyatımdan bir nümunə gətirim…1-ci sinfdə oxuyurdum, tənəffüs vaxtı iki sinif yoldaşımın etdiyi bir söhbətin qulaq günahkarı oldum. Uşaqlar kəndimizin ən kriminal məhəlləsi olan Seyid məhləsindən idilər. Biri o birisinə deyirdi ki, atamgil əmimin işinə kömək eləmədiyinə görə bu gecə Baloglanovun həyətində pul basdıracaq və sonra onu tutduracaqlar. Axşam atam işdən qayıdan kimi yanını kəsdirib uşaqlardan eşitdiyimi bitdə-bitdə ona danışdım… atam başımı sığallayıb əyilib alnımdan öpdü və axşamla öz iş yerinə qayıtdı, elə gecəykən də əməliyyat plan qurulub həyətimizin o başında iki nəfər divardakı taxçada daşı qaldırıb altında pul gizlətdikləri anda həbsə alındılar… -Nisbətən yuxarı sinflərdə milis sistemində işləyən atamın yazı-pozu işlərində ona köməklik edir, cinayət hadisələrinin təsvirini, dəlillərin toplanmasını, şahidlərin izahatlarını maraqla oxuyurb üzünü köçürürdüm. Sonra da mütaliə dairəmə Konan Doyl kimi məşhur yazıçı – onun Şerlok Holms və doktor Vatsonukimi dedektivləri daxil oldular. Cinayət axtarışı sahəsindəki həvəsimə bir gün atam qəti olaraq “tabu” qoydu. – Bu iş qız-qadın işi deyil,- dedi. Sonradan da gələcək peşə istiqamətimin müəyyənləşməsində Mailə Muradxanlının güclü təsiri və təşviqi oldu.

    -Uzun illər ayrı-ayrı mətbuat orqanlarında müxtəlif vəzifələrdə işləmisiniz. Harda daha çox özünüz ola bildiniz?

    -İlk dəfə olaraq, 8-ci sinfdə ürəklənib “Azərbaycan Gəncləri” qəzetinə özümün maraqlı saydığım mövzuda müsabiqə yazısı göndərdim. Yazının makina variantı tələb olunurdu. Qəsəbə Soivetində Çimnaz adlı bir makinaçı xanım işləyirdi. Anamdan xahiş etdim ki, yazımın makinada yazılması üçün bu qadınla danışsın. İki gündən sonra anam cibimə 3 manat pul qoyub məni qəsəbə Sovetinin qapısından içəri salıb dedi, -mən xahiş etmişəm, qalanını da sən özün Çimnaz xalana izah edərsən. Yazımı utana-utana stolun üzərinə qoyub onun makinada yazılmasını bu yaşlı xanımdan xahiş etdim. – Get, iki gündən sonra gəlib apararsan, – dedi Çimnaz xanım. Deyilən vaxtda gələndə, bu xanım-xatın qadın ayağa qalxaraq alnımdan öpdü və dedi ki, səndən gələcəkdə ya yaxşı jurnalist çıxacaq, ya yaxşı yazıçı. Başımı sığallayaraq, pulu da qaytarıb özümə verdi…. həmin gün qanadım yox idi uçmağa, müsabiqədə yer tutmasam da, qadının bu uğur diləyi jurnalistlik kimi böyük həyat yolumda əsil xeyir-duam oldu..11-ci sinifdə Son zəngimiz şərəfinə hazırladığım və axşamla sinif qızlarımızla birlikdə sinif otağımızın yanına vurduğumuz “Arzular” divar qəzeti sərbəst buraxdığım ilk “mətbu orqanı” oldu, məhz bu qəzetdə gələcəkdə jurnalist olacağımı etiraf edirdim. Bu mətbuat orqanlarının hər birinin jurnalistlik həyatımda öz yeri, öz rolu olub. “Sosialist Sumqayıtı”nin sənaye-tikinti şöbəsində işləməyim məni şəhərin nəhəng tikinti və sənaye həyatının qaynar qoynuna atdı, Sumqayıt gözlərim qarşısında sürətlə böyüyürdü. Böyük kimyanın texnoloji proseslərini, idarıəetməsini öyrənmək üçün şox vaxt kimyaçılara qoşulub müəssisələrdə iş nöbbələrinə də çıxırdım. Kimya kombinatı adlandırılan üzvi sintez zavodunun hər sexinin, hər istehsalatının inşaat meydançalarında, istifadəyə verilməsində ayaq izlərim qalıb, qəzet səhifələrində yazılarım – reportajlarım, zarisovkalarım, oçerklərim, tənqidi yazılarım dərc olunub.

    P.S. Üzvi cintez zavodu benzol istehsalatının buraxılışına yığılmış şəhər və müəssisə rəhbərləri, mütəxəssislər, laborantlar, hamı, hamı spesfik iş geyimində idi. Təkcə mən onlar arasında gündəliik geyimimdə görünürdüm. Lap qabaq cərgədə əlimdə bloknot-qələm dayanmışdım. Bu da yəqin ki, Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevin nəzərindən qaçmadı. Birdən üzümə iti bir nəzər salıb soruşdu ki, mən bu istehsalatda nə peşənin sahibiyəm? Bu qəfil sualdan çaş-baş qalsam da, özümü tez ələ alıb – jurnalistəm- dedim,-buraxılışdan reportaj hazırlamağa gəlmişəm… yəqin ki, mən tək cılız, sısqa bir qıza ya yazığı gəldiyindən, ya da inamsızlığından çox həlim səslə soruşdu, – benzolun kimyəvi formulunu bilərsənmi? –Bəli, yoldaş birinci katıb,uzunsov altıguşə şəklində üçtərəfli qayıdışla CH2… başını məmnunluqla tərpədərək razılığını bildirdi…Həmin görüşdən və buraxılışdan “Sosialist Sumqayıtı” qəzetində “Altıbucaq labirintində” adlı geniş reportajım getdi….

    Hansı mətbuat orqanında özümü jurnalist kimi daha çox realizə etmişəm sualına isə belə cavab verə bilərəm: dediyim kimi oxuduğum məktəb bütün respublikada tanınmış məktəb idi. Böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyırdı və uşaq ağlımızla dərk edirdik ki, biz fərqli bir məkanda təhsil alırıq.

    ARAYIŞ : Məktəbimizin 1936-cı ildə tikilmiş binasının indi də böyük əzəmətli görkəmi ilə lap uzaqdan nəzər-diqqəti cəlb ediir. 5-ci mərtəbəsində geniş – hər cür avadanlıqla, hətta royalına qədər təchiz edilmiş geniş akt zalı var. Bu yaxınlarda onun dövlət tərəfindən əsaslı təmiri keçırılmiş və açılışında hörmətli prezidentimiz İlham Əliyev cənabları iştirak etmişdir.

    Hər il məktəbdə dekabrın 30-da Cəfər Cabbarlının xatirə gecəsi keçirilirdi. Bu gecələrdə yazıçının həyat yoldaşı Sona xanım, oğlu Aydın, respublikanın tanınmış yazıçı və şairləri- Seyfəddin Dağlı, Cabir Novruz, Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu və bir şoxları iştirak edirdilər.Və onların əksəriyyəti Mərkəzi Komitənin orqanı olan “Kirpi” siyasi satira jurnalının əməkdaşları idi. Ataların deyimidir, niyyətin hara, mənzilin ora. Özümü ən çox “Kirpi” jurnalında tapmış kimi hiss etmişəm jurnalistlik fəaliyyətimdə. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, o jurnalın tarixində yeganə yaradıcı qadın əməkdaş kimi mən çalışmışam və ora felyeton şöbəsinin redaktoru kimi dəvət olunmuşam. Şəhərimizdəki məşhur Falçı Məlahət barəsində yazdığım “Bir dəstə kart, bir ovuc noxud, beş manat pul” felyetonum mənim bu jurnalda debütüm oldu. Felyeton yaxşı qarşılandı, müsbət rəylər gəldi, məşhur falçıya dələduzluq maddəsi ilə cinayət işi açıldı. Sonra daha 5 aktual mövzuda yazdığım felyetonu özüm ortalıqda görünmədən poçtla redaksiyaya göndərdim. Arxamca, necə deyərlər, çox qədimi də olsa, bir ifadə işlədəcəyəm, o vaxtlar az bir müddət çaslışdığım “Kimyaçı” qəzeti redaksiyasına “atlı-kazaq”gəldi, ərizə və şikayətlər şöbəsinin redaktoru Adil Axundov mənimlə görüşərək bu məşhur və hörmətli jurnala işə dəvət edildiyimi bildirdi…Əsl jurnalistlik fəaliyyətim də elə o dövrdən- 1979-cu ilin sentyabrından başladı…Bu fəaliyyətimin bəzəyi, naxışı da elə o jurnalda işlədiyim 15 il oldu…

    -Liderlik, idarəçilik, işgüzarlıq. Hansı daha çox var sizdə?

    -Hər üçü qanımda, canımdadır. Perpettium mobile, yəni ki, daimi mühərrik kimi bir şeyəm. Heç nəyi öyrənməkdən, bilməkdən usanmıram, nəyə baş aparsam, onu axırında nöqtəsini qoymalıyam. Orta məktəbimiz eksperimental təhsil ocağı olduğundan 8-ci sinfdən başlayaraq hər dərs ilində bizə bir peşəni öyrədir və mən də həmin peşəni cani-dildən öyrənirdim. Beləliklə, orta məktəbi bitirəndə dərzi-tikişçinin 2-ci dərəcəli diplomunu aldım, foto, kinooperatorluq, tornaçı ( ən azından dəzgahda çəkic başlığı yonub hazırlaya bilirdim) peşələrinə yiyələnmişdim. Sonradan mətbəədə linotipistlik və mürəttibliyi də üstünə gətirdim. İndi keçdiyim həyat yoluna baxanda, mənə elə gəlir ki, bu həyatda bütün uğurlara məhz ağıl, həvəs və işgüzarlığın vəhdəti yol aça bilər.

    -İşgüzar xanım kimi fəaliyyətə hal-hazırda təsisçisi və direktoru olduğunuz “Möhür” nəşriyyat müəssisəsindən başlamısınız, ya ona qədər də fəaliyyətiniz vardı?

    -Çox vaxt belə bir sualla qarşılaşıram ki, niyə jurnaldakı ciddi işi-peşəni buraxıb təkrar Sumqayıta qayıtdın, oralarda da elə yer-yurd olub bilərdin, axı, sən zatən də bakılısan? Cavabında Analıq peşəsi bütün peşələrin fövqündə dayanır, -deyirəm. Bircə övladımı yaşıma görə çox gec tapmışdım. Həyat yoldaşım isə iş ilə bağlı ezamiyyətlərdə çox olurdu. Balacam 1-ci sinfə gedəndə, qız uşağıdır deyənə, onu heç kəsin ümidinə nəzarətsiz qoymaq istəmədim. Beləliklə, çox götür-qoydan sonra yenə öz doğma yer-yurduma- Sumqayıtıma qayıtdım və hər daşı-divarı mənə doğma olan bir şəhərdə kiçik sahibkarlıqla məşğul olmağı qərarlaşdırdım.

    ARAYIŞ: hələ 8-ci sinfdə oxuyanda, atam milis sistemində 35 il işlədiyinə görə Xruşşovun o dövrə görə verdiyi göstərişə əsasən sistemdən istefaya çıxdı. Ailədə 7 uşaq idik, böyüyü də mən. Maddi durumumuz bir qədər ağırlaşdı. Məişət çətinliklərimizi ürəyimə yaxın tutduğumdan oturub anamla məsləhətləşdim, dəriniə getmirəm, elə həyətdəcə öz kiçik biznesimi qurub, ailəmə gündəlik olaraq 3-5 manat qazanc gətirməyə başladım ki, bu da az vaxtda ailəmizin çətinlikdən çıxmasına böyük dəstək oldu.( Bu mövzuya toxunanda, həmişə İngiltərənin baş naziri – “dəmir ledi” E. Tetçeri xatırladıram ki , o da öz biznesinə peraşki satmaqdan başlayıb) Mətbəə işini yaxşı bildiyimdən və dost-tanışlarımın köməyi ilə özümə balaca bir sahə yaratdım. Həm də sahibkarlıqda əsas meyar sayılan zamanın nəbzini tuta bildim, Doğma şəhərimin doğma insanları mənə bu işdə böyük dəstək oldular. O vaxtlar şəhər mənzil- təsərrüfatı idarəsinin rəisi – bu gün şəhərimizin abadlaşdırılmasında və gözəlləşməsində misilsiz xidmətləri olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun mənə təmənnasız və minnətsiz verdiyi qazanxana yerində səliqə-sahman yaradaraq buranı özəlləşdirdim. Müasir tələblərə uyğun ofis və mətbəə yaratdım. Latın qrafikasına keçid, dövlət atributların dəyişən vaxtı idi. Və beləliklə, Bakıdan mütəxəssis və texnologiya gətirməklə möhür istehsalı sahəsini açdım, gərgin iş rejimində işləyərək, şəhərdə bu sahədə olan təlabatı tamamilə ödəyə bildik. Kiçik həcmli kitablar, blanklar, titul vərəqələr, vizitkalar və s. çapına başladıq. Şəhər əhalisinin get-gəl ayağını Bakıdan kəsdik, xeyli adama iş yeri açdıq, bir cəmiyyətdən başqa bir cəmiyyətə keçid dövrü idi. Ölkədə böyük büdcə kəsirləri vardı. Ağdərə müharibəsinin qızğın vaxtı idi. Əhaliyə dolanışıq, güzəran lazımdı. İşçilərin əmək haqlarını , əmək haqlarından ayırmaları, dövriyyə vergilərini və s. ödəməklə dövlət büdcəsinə milyonlarla manat xeyir verdik.

    -Bu sahədə nə kimi uğurlarınız var? Nəşriyyat evlərinin artdığı bir dövrdə işləmək çətin deyil ki?

    -Sahibkar kimi fəaliyyətimi genişləndirdikcə, tikintilər apardım, iki köhnə, uçuq-bərbad yeri özəlləşdirərək təmir edib müasir iş sahəsinə çevirdim. Bir sözlə, yorulmaq bilmədəın çalışdım, mühasibat asılılığıdan qurtarmaq üşün hesabat aparmağı dərindən-dərinə öyrəndim, kiçik biznesi bütün aspektlərdə idarə edə bilən sahibkara şevrildim. Xeyriyyə işlərimzin görünən və görünməyən tərəfləri var. Müəssisəmizin nəzdində qaçqın, köçkün və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərən qurum fəaliyyət göstərir. Əgər savab sayila biləcəksə, bir Qarabağ qazısini indi də himayədə saxlamağımı, bir müharibə veteranına əsaslı köməyimi, Oqtay adlı bir bomjun ayağını amputasiyadan qurtarmağımı, bir böyrək xəstəsi olmuş uşağın hazırda sağlam yaşamasını və neçə belə işləri də savaba yazmaq olar. Müəssisənin fəaliyyət tarixində belə xeyirxah əməllərimiz yetəri qədərdir. 1997-ci ildə Danimarka Qaçqınlar Şurasının BMT xətti ilə Nasoslu – indiki Hacı Zeynalabdin qəsəbəsindəki uşaq bağçasında qaçqınlara kömək məqsədli tədbir keçirilirdi. Şuranın xətti ilə qaçqınlara yardım məqsədli müxtəlif məişət yönümlü kursların təşkilindən ağız dolusu “pəh-pəhlə” danışılırdı. Ertəsi günü təsisçisi və rəhbəri olduğm “Möhür” kiçik müəssisənin adından rəsmi məktubla bu şuranın İçəri şəhərdə yerləşən ofisinə getdim. Müraciətdə qaçqın gənclərimizin müasir zəmanənin tələblərinə uyğun olaraq yeni texnika və texnologiyalar öyrədsilməsi məsələsini qaldırdım.. Bir neçə dəfə get-gəldən sonra şuradan 1 ədəd kompüter dəsti əldə edə bildim, ikincisini isə öz hesabımıza İsrailin “Link” fırmasından 999 USD alıb, ofisimizin bir hissəsində kompüter operatorluğu kursları təşkil etdik. Kurs rəhbəri olaraq respublika Tələbə qəbulu komnissiyasından ödənişli mütəxəssis dəvət etdik. Sarı-Qaya bağlar massivində yerləşən qaçqın düşərgəsindən 240 nəfər yeniyetmə və gəncə pulsuz kompüter kursları təşkil etdik. 6 aylıq kursarı 2 buraxılışa başa vuran bu gənclərə Danimarka Qaçqınlar Şurasının Sertifikatı və qiymətli hədiyyələri verildı. Məhz bizim bu təşəbbüsümüzdən sonra Sumqayıtda gənclərə kütlıəvi kompüter operatorluğu vərdişlərinə öyrədilməsi başlanıldı. Kurslarımızı bitirən çağrışçı gənclərin bir çoxu cəbhə bölgələrindəki qərargahlarda kompüter operatorları kimi xidmət etməyə başladı. Hətta bir qədər sonra həmin gənclərdən birinin xahişi ilə Ağdam cəbhə qərargahına bir ədəd kompüter və bir ədəd A3 formatlı printer də bağışladıq. Elşən Qurbanov adlı bir gəncimizi isə Ankarada 3 asylıq təlim kurslarına göndərməklə o vaxtlar hələ buralarda formalaşmamnış turizm və otel işinin idarə olunmaüsına yönəltdik. Hazırda həmin gənc bu sahədə tanınmış idarəçilərdən biridir.

    -İşləyirsinizsə deməli, qazancınız da var. Sözün hər iki mənasında…

    -Başqalarından fərqli olaraq, işim çətinə düşəndə, mən heç vaxt “ağlamadım”. İşləyirəmsə, deməli, qazancım da vardı, Müəssisədə çalışanlara hətta aylıq, rüblük, illik mükafat da verirdik.Sahibkarlığa keçdiyim . 25 il ərzində neşə-neşə işçini təqaüdə yola salmışam.. Ən başlıcası, xeyriyyəçilik məqsədilə xeyli vəsaitlər köçürə bilmişəm… 92-ci il sentyabrın 19- da şəxsi təşəbbüsümlə döyüşən orduya kömək məqsədilə keçirdiyim marafonda şəhər sakinlərimizin bir nəfər kimi iştirak etməsi də həyatıma yazdığın məmnunluq hərəkətlərimdən biridir. Ertəsi günü şəhər sosial bankına sumqayıtlılar adından 30 milyon rubldan çox pul, prezidentin ləl-cəvahirat fonduna 289 qram qızıl köçürdük. Şəhərimizin salnaməsinə yazılan bu böyük tədbirin afişasını, yığılan vəsaitin təhvil qəbzlərini bir xatırə kimi hələ də əzizləyib saxlayıram..

    -”Kirpi”nin küləyi hələ də başlar üstündə əsir… sosial şəbəkədə tez-tez “tikan”larınız görünür…

    Cavanlıqda ”Azərbaycan Gəncləri” “ Kommunist “ qəzetlərinin, “Azərbaycan qadını” jurnalının, Bolqarıstanda buraxılan “Drujba” jurnalının aktiv yazarlarından olmuşam. Hətta bir dəfə Ermənistanın mərkəzi qəzetlərindən olan “Sovet Ermənistanı” qəzetində “ Çiçəklənən Sumqayıt” adlı iki podvallıq yazım da dərc edilib. “Ulduz” jurnalında bədii yazılarım gedib. İndi də sosial şəbəkələr məni rahat buraxmadıqları kimi, mən də onları dinc buraxmıram. Az.Press.az-da, SİA-zda, birdə ki “Azad Azərbaycan” qəzetində müntəzəm yazılarım gedir. Sonuncu yazım 1918-ci ildə qaçhaqaç qaxtı Hindistana “fəraq” etmiş Şaumyanın Azərbaycanda ilişib qalmış və sonradan psixatrik dispanserdə saxlanılmış oğlu barəsindəki “O adam” tədqiqat yazımdır. Uşaqlıqda üzbəüz gördüyüm Sergeyi – tariximizin bu tutarlı faktını azadlıq dünyasınadək gətirib çıxardım və nəhayət ki, Az.Press.az-da buna dair əhatəli yazım dərc olundu..

    11.Özünəməxsus sarkazm, sətiraltılar, ciddi “zarafat”lar hələ də qığılcımlanan “Kirpi”ocağının şöləsidi, yoxsa, siz elə bu idiniz?

    -İnsan yaranışdan bu dünyaya hansı xasiyyətdə gəlibsə və bu xasiyyətin üstünə yaxşılığa doğru nəsə gətiribsə, bu onun ancaq şərəfləndirə bilər. Mən həmişə faktlarla danışmağı xoşlayıram. Körpəlik vaxtı anam malyariyaya tutulduğundan mənə süd verə bilmirmiş. Pirşagı kənd ibtidai sinfində müəllimə olan Ümbülbanu xanım anama bacılıq edərək körpə Fəridə qızının südünü mənə əmizdirirmiş. Fəridə əri ilə birlikdə Özbəkistanda Bayram-Əli şəhərinin tikintisinə köçüb getdikdən sonra Ümbülbanı müəllimə tək yaşadığından, artıq mən də böyüdüyümdən , atamın bacısı olmadığına görə ona həmişə bibi deyir, Pirşağıya gedib tez-tez ona baş çəkirdim. Üzürlü sayın, bir vaxtlar hətta elçilərimə “hə” cavabının verilməsini də anamdan ona həvalə olunmasını xahiş etmişdim, Çox sonralar həyat yoldaşımla Orta Asiyada səyahətdə olarkən Bayram-Əli şəhərinə gedərək beluc dostumuz Əyyubun köməkliyi ilə azərbaycanlılar yaşayan məhəllədə Fəridə ilə əri Hüseynağanı axtarıb tapmış, onların qonağı olmuşduq. Bu görüş səhnəsini dillə ifadə etməkdə bu gün də çətinlik çəkirəm. Yalnız daşıdığım ata famılıyam məni bu görüşdə bütün sorğu-suallardan qurtarmış, kimliyimi onlara tanıtdırmışdı. İki qızları vardı, biri həkim, biri müəllimə. Onların xoşbəxt,firavan yaşamalarını gözümlə görüb şad xəbərlərini Pirşağıya gedib bibimə çatdırdqda, ərini müharibədə itirmiş, yeganə övladından ayrı düşmüş bu yaşlı qadının gözləri yaşla dolaraq, mənə titrəyişli səslə,- halal olsun sənə verdiyim süd,-deyərək məni bağrına basmışdı.Onun bu titrək səsi indi də qulaqlarımdadır və mən bunu öz dünyamda ən savab işlərdən biri kimi sayıram.
    Sarkazm, hadısələrə rişxəndli və ayıq münasibət, karikatur bənzətməli əhvalatlar mənim indi də danışıq tərzimdir, istəsəm də- istəməsəm də bu mənim illərdən keçib gələrək canımda-qanımda formalaşan bu tövr davranışımdır.

    ARAYIŞ: 1961-ci ildə Lenin rayonunun C. Cabbarlı adına 187 nömrəli eksperimental məktəi Bakının say-seçmə məktəblərindən olduğuna görə iş təcrübəsini yaymaq məqsədilə “Gözəl ənənələr” adlı kitab buraxılmışdı. 7-ci sinfdə oxuyurdum onda, Füzuli, Cavid, Müşfiq pərəstişkarı idim. Cavidlə Müşfiq yenicə reablitasiya olub bəraət almışdılar. Məktəb direktorumuz – sonradan Əliağa Vahid yaradıcılığından dissertasiya müdafiə edib alimlik dərəcəsi almış Məmməd Məmmədov Cavid və Müşfiq yaradıcılığını ədəbiyyat dərnəyində bizə cani-dildən öyrədirdi. Başqa bir ədəbiyyat dərnəyinə isə Şərəf müəllimə rəhbərlik edirdi. Hər iki dərnəkdə iştirak edib öz aləmimdə müqayisəli nəticəyə gəlirdim. Şərəf müəllimənin məşğələlərinin birində kamali-ədəblə ayağa qalxıb bu dərnəyin işıni o ki var tənqid etdim.Və bir də onun məşğələləri məni qane etmədiyindən iştirakçısı olmadı. Həmin kitabda bu öz əksini tapdığından bir müddət məktəbdə utana-utana gəzdim. Bu kitabı indi də o illərdən əziz xatirə kimi saxlayıram.

    -Haralısan, hardansan sualı qarşımdakına qarşı bir ögeylik hissi oyadır məndə. Bu sualdan uzağam. Ancaq diqqətimi çəkən bir məsələ buna bənzər bir sualı qaçılmaz edir. Söhbətlərinizdən sizin Kəlbəcərdən, Laçından olduğunuzu yəqin etmişdim. O yerlərə bu qədər sevgi, bağlılıq… insan yurd yeri haqqında bu qədər içdən, kövrələ-kövrələ danışa bilər. Əslində doğum məkanınız haradı?

    -1946-cı il avqustun 23-də Abşeronun Pirşağı kıəndindəki dəniz ləpədöyənində balıqçı vətəgəsində anadan olmuşam. 1964-cü ildə Lenin rayonunun Maştağa qəsəbəsində C. Cabbarlı adına 187 nömrəli eksperimental orta məktəbi qızıl medalla bitirib atamın doğulub boya-başa çatdığı, gəncliyini yaşadığı, işləyib-püxtələşdiyi bu torpaqlara –Sumqayıt adlı gənclik şəhərinə gəlmişəm…
    Sumqayıtımizda illərlə “haralısan” sualına heç rast gəlmədim, ta ki, qaçqınlıq-köçkünlük dövrü baş verənə qədər. Mənim üçün ölkəmin şimalı-cənubu, şərqi-qərbi yoxdur. Heş vaxt da kimsəyə bu sualı vermirəm. Bunu aşağılayıcı bir hal kimi başa düşürəm. Amma özümə doğma bildiyim, təvbiətini, insanlarını əziz tutduğum, tez- tez yada saldığım məkanlar, ərazilər var. Oraların duz-çörəyini kəsmiş, buz bulaqlarının suyunu içmiş, insanları ilə dostlaşıb doğmalaşmışam. Kəlbəcər, Laçın Zəngilandan olan nə qədər dost-tanışım var.

    -1992-93- cü illərdə Qarabağ və ətraf rayonlarda baş verənlərə göz yuman məmur tayfasından fərqli olaraq sıravi adamlar bacardığı köməyi əsirgəmirdi. Siz də bir vətəndaş, bir jurnalist olaraq o acınacaqlı dövrdə işğalla üz-üzə qalan Kəlbəcər əhalisinə maddi-mənəvi dəstək köstərməkdən çəkinməmisiniz. Bu barədə özünüz danışsanız yaxşı olar.

    -Kəlbəcərin düşmən əhatəsində qaldığı vaxtlarda sumqayıtlılar öz kömək əllərini o rayonun üzərindən çəkmədilər. Böyük bir maşın kolonu ilə erməni kəndlərinin içərisindən- Sərsəngin kənarı ilə oranın əhalisinə benzin, şüşə, ərzaq və palpaltar göndərdik, Kolonun üstündə həyat yoldaşım, “Liftservis” İdarəsinin rəisi Cümşüd İsmiyev, ındiki Əşya bazarının sahibi Hacı Asif, çox hörmətli müəlliməmiz – Əsgər anası saydığımız Tirmə Qurbanova və başqa mərd insanlarımız bu yardımı sağ-salamat mənzil başına çatdırdılar. Allah rəhmət eləsin fotoqrafımız Məqsəd Quliyevi, bu səfəri qorxu altında olsa da video-lentə almışdır və bu çəkiliş Cümşüd İsmiyevdə o vaxtdan bu vaxta qiymətli bir xatırə kimi saxlanılır.

    -Xeyriyyəçilik, səxa, könül sevindirmək… şəxsinizdə cəm olmuş mənəvi keyfiyyətlər üzünüzə nur çiləyib sanki. Gen daşıyıcısı olaraq valideynlərinizdənmi örnək almısınız?

    -Nədə oxşamasam da, könül sevindirmək, əliaçıqlıq, səxavətdə dəqiqlikə valideynlərimə oxşamşam. 2-ci Dünya müharıbəsindən sonra çətinlik illəri idi. Çörək qıtlığı, pal-paltar çətinliyi, dəftər-qələm, kitab çatışmazlığıcamaatə çox sıxırdı.. İmkansız ailələrin uşaqları konfet, peçenya, hətta mandarin kimi yeməlilərə tamarzı idilər. Atamın təşviqi ilə anam hər il evimizdə böyük yolka ağaclı qurar, Yeni il şənliyi təşkil edər, qonşu uşlaqları bu yolkanın ətrafına toplayardı. Dayım Şaxta baba geyimində uşaqlara bayram hədiyyələri paylayardı. Bağlamaların içərisinə uşaqların arzu etdikləri yeməli şeylərdən başqa kiçik bir oyuncaq,bir dəst geyim dəa qoyulardı. Buna ata-anamın bəzən bir-neçə ayliq əmək haqqı qabaqcadan toplanıb sərf edilərdi.

    -Sumqayıtda doğulmasanız da demək olar ki, ömrünüzün, fəaliyyətinizin çox hissəsi bu şəhərlə bağlıdı. Sumqayıt nə dərəcədə doğmadı sizə?

    Azərbaycanın hər bölgəsini, hər dağıni-daşını, meşəsini gəzdim, hər bulağının suyundan içdim, gözəl insanlarını tanıdım, çoxlu dost-tanın qazandım. Laçının Zarında dağda qarın qurd salmasına, Kəlbəcərdə İstisuyun dolaylarına , Taxtı yaylasına və Səməd Vurğunun vəsf elədiyi Ceyran bulağına tamaışa etdim, alaçıqları, bu alaçıqlardan boylanan al-əlvan geyimli, su pərisinə oxşar qız-gəlnlərimizin, yaşıl çəmənliklərə yayılmış qoyun-quzu sürülərinin, laləli düzlərimizin seyriə daldım, Zəngilanda dünyaca məşhur Çinar meçəsinin kənarındakı, İbrahim bulağının üstündə çörək kəsdim, xalq mahnısında deyildiyi kimi yaxın-uzaq Şuşamızın İsa bulağına endim.. Amma bütün gördüyüm gözəlliklərə rəğmən öz doğma Sumqayıtımdan başqa heç bir yerdə qərar tuta bilmədim. Necə deyərlər, gəzdim İran-Turanı, cənnət bildim buranı – öz doğma Sumqayıtımı. “ Kommunist” nəşriyyatında ev növbəsinə dayananlara mənzillər paylanarkən mən Bakıdan deyil, dost-tanışlarımın, qohumlarımın, illərlə ünsiyyətə olduğum insanların yaşadığı, boya-başa çatdığım bir məkandan – öz şəhərimdən ayrı düşməyi bacarmadım, güzəştli mənzil öz şəhərimdə aldım…
    …Bir dəfə redaksiyanın səhər planyorkasinda əməkdaşlarımızdan birsi sözarası dedi ki, niyə Zümrüd xanım yasadığı şəhərdən bir dəfə də olsun tənqidi yazı vermir, niyə bu şəhəri qoltuğuna alıb saxlayır, bilmirik? Həmən kəsə- məşhur felyetonçumuz sayılan ağdamlı Mürşüd Dadaşova tərəf çevrilmədən dərhal cavabını belə veridim – Sizlərin Ucarından, Balakəninindən, Kürdəmirindən, Ağdamindan jurnalda tənqidi yazılar gedəndə, mən də öz Sumqayıtımdan yazacam,-dedim. Şünki o vaxtlar jurnalımızın yazılarının kəsdiyi başa söz yox idi. Tənqid obyekti barəsində çox ciddi cəza tədbiriləri görülürdü.

    -Bildiyimə görə atanızın Sumqayıtda “əl izləri” var. Bir az da atanızdan, şəhərimizin qurulmasında göstərdiyi əməkdən danışın.

    1940- 47-ci illərdə İES-Tikinti, Corat, Novxanı, Fatmayi, Goradil ərazisində milis sahə rəisi işləmiş atam Baloğlanov Nohbala Əkbər oglu sağlığında bu torpaqlarda çəkilən zəhmət, vüsət alan quruculuq işlərindən xatirələrə dalıb danışdiqca danışır, əzablı-əziyyətli günləri də unutmurdu.
    İES-tikinti idarəsinin baraklarında iş və yaşayış üçün ayrılmış otaqlarda yerləşən atam təzə-təzə iş təyinatı alanda, tikinti ərazisində oğru qanunları işləyirdi. Ev oğruları, cibgirlər, ortalıqda mənəm-mənəm deyib atamanlıq edənlər, ordudan fərariliklə yayınanlar…
    Ağır cinayətlərin kökü kəsüilməyən bir vaxtda, gecə-gündüz bilmədən quldur dəstəsinin aşkar edilib ləğv edilməsi sahəsində gərgin işlər apardıqlarını, bu yolda hansı əziyyətlərdən keçdiklərini danışardı atam. Böyük bir quldur dəstəsinin ələ keçirilməsi üçün qurduqları əməliyyat planı müsbət nəticə verir və cinayətkar dəstənin ləğvini gerçəkləşdirir. Bu hadisədən sonra atam Qırmızı Ulduz Ordeni ilə təltif olunur. Yaxşı əməliyyatçı olduğuna görə sonradan atamı bir illiyə Türkmənstan Respublikasına ezam edərək orada da təcrübəsindən səhra yollarında baş verən ağır cinayət hadisələrinin açılmasında yararlanıblar.

    -Hardasa oxumuşam ki, yüksək sivilizasiya dünyanı məhvə aparacaq. Dünyanı bilmirəm amma deyəsən insanlığın məhvinin astanasındayıq. Sizcə sivilizasiya, inkişaf insanların mənəvi bağlılığına soyuqluq, sünilik gətirən başlıca amildir?

    – Doğum səhadətnaməmə görə bakılı sayılsam da, Bakıda yaşamaq mənim bəzi həyat prinsiplərimlə zidiyyət təşkil edir. Döstluq, əl uzatmaq, kömək olmaq Bakıda çay suyunun alt qatı təkindir, isti-soyuqluğu dəyişilməz qalır. Kədərlı, çətin günlərində donuq üzlər, soyuq baxışlarla rastlaşırsan. Gecənin bir yarısı nəsə bir hadisə baş verdikdə, qonşu qapını döyməyə əlin gəlmir, cürətin yetmir. Sumqayıt… bura özgə, doğma bir məkandır., harayına yüzlərlə hay verilir, sənə arxa- dayaq olmaq istəyənlər özləri ayaqlaqrı ilə qapına gəlirlər. Biz bu şəhərdə belə görmüşük, belə də yaşayırıq. Kiməsə biz kömək olmuşuq, kimsə də bizə kömək olub.

    -Dost seçimində yanıldığınız olubmu? Ən çox insanlarla dostsunuz, yoxsa qələmlə?

    O ki, qaldı şəxsi dostluğuma, jurnalistika sahəsində mənə örnək olmuş Zərifə xanım Təhməzovanı, Sevil xanım Bayramovanı və Xasay Cahangirovu mənə xeyirxahlıqlarına görə həmişə əziz tutmuşam.

    -Ciddi görkəminizin, bəzən kəskin ifadələrinizin, sərt baxışlarınızın fonunda kövrək bir ürək, duyğu dolu bir ruh gzlətdiyinizin fərqinə varanda içinizdəki həyat eşqinin hardan qaynaqlandığını duymamaq mümkün deyil. Sizin üçün sevgi nədir?

    -Məncə, bu sualınıza əvvəlki cavablarımdan doğru-düzgün izahat vermişəm. Bu dünyanın enişlı-yoxuşlu həyat yolları mənə çox şeylər öyrədib. Həmişə haqqa haq olmağa, nahaqqa nahaq olmağa çalışmışam, Sərt göründüyüm qədər də xeyirxahlığa, insanlara ürək qızdırmaga, can yandırmaağa meyilliyəm. Və çoxları da bu xasiyyətimdən bəhrələnirlər. Çex kommunist-yazıçısı, məhbəsdə edam olunmuş Yulius Fuçikin bu sözlərini tez-tez həyat qayəm kimi işlədirəm: -İnsanlar, mən Sizi sevirdim…İnsanları sev ki, onlar da səni sevə bilsinlər.

    – Maraqlı, səmimi söhbət üçün təşəkkür edirəm, Zümrüd xanım!

    Söhbətləşdi: Sevinc Qərib
    Manevr.az

    Mənbə: http://manevr.az/

  • SUMQAYIT ELƏ GÖZƏL ŞƏHƏRDİR Kİ…

    Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edirəm.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Mavi gözlü Xəzərimin sahilində şahə qalxan dalğalara sinə gərən məğrur şəhərim. Bəzən də sakit, həlim dalğaların laylasıyla baş-başa verib uyuyan, dincini alan şəhərim. Geniş və səliqəli küçələr, tıxacsız yollar, ruha rahatlıq gətirən parklar, xiyabanlar, göz oxşayan yaşıllıqlar, gül-çiçəklər…

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Əlini cibinə qoyub piyada gəzmək istəsən bir də baxarsan ki, bircə saata şəhərin bu başından o biri başına gedib çatmısan. Və gəzməkdən yorulmamısan, əksinə, həm özün dinclik tapmısan, həm də ruhun. Avtobus lazımdırsa saatlarla gözləmirsən, hər marşrut öz intervalında gəlir. Mən hələ hər tərəfə az qala iki-üç alternativin olmasını demirəm. 7 nömrəli marşrut da ki, öz gözəlliyində. Şəhər turuna çıxmaq istəyirsən, buyur min, şəhəri dolan, gözəlliklərdən feyziyab ol, dolanıb gələndən sonra da elə mindiyin yerdəcə düş.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Başdan-başa çiçəklənən, gözəlləşən şəhərim mənim. Küçələrdən keçəndə hiss edirsən ki, ətrafa xoş bir ətir yayılıb. O saat bilirsən ki, hansısa dükana yenicə isti zavod çörəyi gətiriblər. Bu həm də şəhərimizin ekoloyi cəhətdən təmizliyindən xəbər verir. Onilliklər öncə şəhərə o qədər yad iy, qoxu buraxılırdı ki, başqa iyləri hiss etmək olmurdu. İndi isə şəhərimiz regionun ən təmiz və ən gözəl şəhərlərindən biridir. Zərərli və zəhərli zavodlar ləğv edilib. Yerində dünya standartlaarına cavab verən yeni müəssələr inşa olunub. Milyonlarca ağac, kol bitkiləri, gül-çiçək əkilib, şəhərim yaşıllıqlar diyarına çevrilib.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Yaradılan nümunəvi məhəllələr, abadlaşan küçələr, parklar, dünya gözəli bulvar kompleksi adamı heyran edir. Bulvar demişkən, dənizkənarı bulvarımız çox möhtəşəmdir. Möcüzədir, möcüzə. Uşaqlıq arzularımın gerçəkləşdiyi məkan. Ulu öndər Heydər Əliyevin, qüdrətli sənətkarımız İmadəddin Nəsiminin adlarını daşıyan parklar – gözəllikləri ilə adamı valeh edir. Körpə balaların sevdiyi məkanlardır bu yerlər. Gözəl və mənalı istirahət etmək istəyirsənsə buyur gəl. Gözəllikdən həzz ala-ala xəyallar, duyğular içərisində itirsən. Son illərin töhfələri olan Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, əsaslı təmir olunmuş Sumqayıt Dövlət Dram teatrı və “Kimyaçı” Mədəniyyət sarayı, Sumqayıt bulvar kompleksi, digər inzibati və sosial binalar. Hazırda bulvarın davamı kimi bir kilometrlik ərazidə yeni bulvarın salınması, Muğam Mərkəzinin tikintisi, “Nizami” kinoteatrının sökülüb müasir üslubda yenidən tikilməsi və sair və ilaxır. Bu gözəlliklərdən adam doymur ki… Bir dəfə gəzdinmi, hər gün gəzmək istəyəcəksən. Mən səninlə fəxr edirəm taleyimin şəhəri doğma Sumqayıt.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Sumqayıtım, gözəl diya­rım, hamı sənin dönməzliyinə, qüdrətinə, mətanətinə, qonaqpərvərliyinə, sülhsevər­liyinə, insanların əzminə, zəhmətə bağlılığına heyran qalıb. Bir vaxtlar susuz səhraya bənzəyən, qoynunda ilanlar mələşən, sahilinə insan ayağı dəyməyən şəhərim mənim. Artıq o vaxtdan 70 il ötür, düz 70 il. Bu illərin qayğılı günləri, hünər nəğmələri bizimlə qoşa addımladı. Hər gün bir buğda boyda böyüyən şəhərim mənim. Sənin gözəlliyinə baxdıqca qürurlanır, fərəhlənir, sevincim aşıb-daşır. Bir bilsən səni necə çox sevdiyimi?! Niyə də sevməyim?! Mən sənin qoynunda doğuldum, burada böyüdüm, təhsil aldım, sevdim-sevildim.

    Səhralar qoynunda bir əfsanəsən,

    Güllü-gülüstansan, şəhərim mənim.

    Artıq yetmiş yaşa qədəm qoymusan,

    Zəfərlə açılır səhərim mənim.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Gündən-günə böyüyən, gözəlləşən, çiçəklənən şəhərim mənim. Sumqayıtın gənclər şəhəri adlandırılması heç də təsadüfi deyildi. Bu gün də şəhər sakinlərinin böyük bir hissəsini gənclər təşkil edir. Son illər əhalinin yaşayış səviyyəsi və sosial rifah halı əhəmiyyətli dərəcədə yüksəlib. Şəhər bu gün elmin, təhsilin, mədəniyyətin inkişafına öz töhfələrini verir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın ən nüfuzlu təhsil ocaqlarından sayılır. Şəhərdə Dövlət Dram teatrı fəaliyyət göstərir. Sumqayıt idman sahəsindəki uğurları ilə də fərqlənir. Azərbaycanın əfsanəvi cüdoçusu, paralimpiyaçısı, fəxrimiz İlham Zəkiyev məhz bu şəhərdə böyüyüb boya-başa çatıb, bu şəhərin yetirməsidir.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Hər bir şəhərin özünün bir simvolu var. Sumqayıtın da simvolu göyər­çin abidəsidir. Bu abidənin müəllifi Azərbaycan Respublikasının Əməkdar rəssamı Vaqif Nəzirovdur. Şəhərimiz ölkənin ikinci böyük sənaye şəhəridir. Sumqayıta şəhər statusu 1949-cu il noyabrın 22-də verilib və biz bir neçə gündən sonra şəhərimizin 70 illik yubileyini təntənə ilə qeyd edəcəyik.

    Şəninə söz demək şərəfdi mənə,

    Adını adına ad eyləmişəm.

    Vətən, işığını, nurunu sənin,

    Sinəmdə gəzdirib od eyləmişəm.

    İllər yel atında, hökmündə zaman,

    Başıma gəlibdi qəlbimə daman.

    Yerin ürəyimin başında hər an,

    Mən səni həmişə yad eyləmişəm.

    Dünya neçə kərə oxundan çıxıb,

    Cahana sığmayan vətənə sığıb.

    Sənin dərd-sərini sinəmə yığıb,

    Dilimdə yanıqlı ud eyləmişəm.

    Sumqayıt elə gözəl şəhərdir ki…

    Bu gözəllikləri yaradan insan əlləridir. Qoy bu əllər yorulmasın və daim var olsun. Sumqayıtı həmişə diqqət mərkəzində saxlayan, qayğısını əsirgəməyən möhtərəm cənab Prezidentimiz İlham Əliyevə eşq olsun. Bu yolda gecəsini gündüzünə qatan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova bütün sumqayıtlılar adından dərin təşəkkürümüzü bildirirk.

    Sevinirəm ki, şəhərimizin gözəlləşməsində bizim kollektivin – 11 nömrəli MKS-nin də əməyi var. Kollektivimiz əzmlə çalışır, öhdəmizə düşən işi, verilən tapşırıqları vaxtlı-vaxtında, şəhərimizə sevgi ilə, vurğunluqla yerinə yetiririk. 11 nömrəli MKS-nin rəisi Quliyev İsgəndər Sultan oğlu da hamı kimi şəhərimizdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak edir. Biz də onun ətrafında sıx birləşərək şəhərin gözəlliyinə, təmizliyinə öz töhfəmizi veririk.

    70 yaşın mübarək, Sumqayıtım – doğma və əsrarəngiz şəhərim mənim!

    Yetmişə yetişdin, yetmiş nədir ki? –
    Adına minillik dastan bağlaram.
    Sənin torpağını, sənin daşını
    Öpüb, gözlərimin üstə saxlaram!

    Nailə Xudaş qızı MEHDİYEVA,
    Sumqayıt şəhər 11 saylı
    Mənzil-Kommunal Sahəsinin hesabdarı.

  • Ceyhunə MEHMAN.”Nə biləsən, ayrılığın səhəri”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Nə biləsən, ayrılığın səhəri,
    Gizli-gizli pıçıldaşır yağışlar.
    Nə biləsən,əgər geri qayıtsan,
    Tanrı səni göz yaşıma bağışlar.

    Nə biləsən,soyuyubdur göz yaşım
    Yanağıma kədər yağır,qar düşür.
    Gözlərimdə iki dünya qovuşur,
    Dodağımda ölüm necə öpüşür.

    Nə biləsən,səndən sonra hamının
    Mənim ilə davası var,dərdi var.
    Çoxdandir ki, taleyimin yükünü,
    Daşıyammır ömür adlı nərdivan.

    Nə biləsən, bu bitməyən əzablar
    Ürəyimi ac qurd kimi yeyirlər.
    Bənizimdə həsrətindi saralan,
    Həkimlərim “qanazlığı” deyirlər.

    Nə biləsən, mənəm səni unudan,
    Sənsən məni hər gün bir az itirən.
    Nə biləsən, gözlərimdən tökülüb,
    Yavaş-yavaş külə dönür xatirən.

  • Ceyhunə MEHMAN.”Niyə qayıtmısan, bilmirəm niyə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Niyə qayıtmısan, bilmirəm niyə,
    Yeni istəyin nə, yeni arzun nə?
    Niyə qarğıyırsan bu yerə, göyə,
    Söylə, bu dünyaya etirazın nə?

    Xaraba qoyduğun könül evimə,
    Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
    Mənə etdiklərin başqa surətdə,
    Qarşına çıxmışdı deyəmi gəldin?!

    Daha bir addım da yaxına gəlmə,
    Sənə milyon illik uzağam, yadam.
    Mən Tanrı deyiləm, Allah deyiləm,
    Seni bağışlaya bilmirəm, adam!

  • Kənan AYDINOĞLU.”Şair olmağıma bir ömür qalıb”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Bilmirəm,nə üçün doğulmuşam mən,
    Əldə kündə olub yoğrulmuşam mən.
    Çox çətin günlərdən yorulmuşam mən,
    Şair olmağıma bir ömür qalıb.

    Kədəri sevinclə görəndə birgə,
    Bəxtimin üstünə düşəndə kölgə,
    Gülüb şadlananda böyük bir ölkə,
    Şair olmağıma bir ömür qalıb

    Dünyanın sirrini aça bilmədim,
    Dərdlərin əlindən qaça bilmədim.
    Nə qol-qanad açıb uça bilmədim,
    Şair olmağıma bir ömür qalıb.

  • Kənan AYDINOĞLU.”Vurğun”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Xalq şairi Səməd Vurğuna

    Başın ağrısa da, durmadı əlin,
    Yazdığın hər sözün qalandı, Vurğun.
    Vətənə sən dedin həmişə ana,
    Vətənin şairi balandı, Vurğun.

    Xalqına həmişə hörmət bəslədin,
    Hamını sənətə, şerə səslədin.
    Bu elə-obaya sən nur çilədin,
    Sənsiz hər bir vətən yalandı, Vurğun.

    Dirçəltdin şeiri torpağın kimi,
    Qoruyub saxladın ocağın kimi.
    Qədrini bilimisən bayrağın kimi,
    Adına tonqallar qalandı, Vurğun.

  • Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib

    https://a.radikal.ru/a02/1911/56/a5111e5192af.jpg

    https://b.radikal.ru/b22/1911/7a/9397b43c27ef.jpg

    https://c.radikal.ru/c00/1911/0b/5ba8a6a1fe0c.jpg

    https://c.radikal.ru/c18/1911/47/f0687ea67fd7.jpg

    https://c.radikal.ru/c24/1911/2a/ca81b2460e8c.jpg

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabının təqdimat mərasimi keçirilib.
    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında 17 yanvar 2019-cu il Sərəncamı və bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər barəsində danışıb. Akademik kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib olunaraq nəşrə hazırlandığını söyləyib. Bu kitabı Abbas Zamanov kimi alimlərin böyük işinin davamı adlandırıb. Bildirib ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Həmçinin əlavə edib ki, Cəlil Məmmədquluzadənin ingilis dilinə tərcümə olunmuş əsərlərinin toplanıb nəşr edilməsi də nəzərdə tutulub. Bunlardan başqa yazıçının əsərlərinin yapon dilinə tərcümə olunaraq Yaponiyada da yayımlanmasının planlaşdırıldığını deyib.
    Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında məruzə ilə çıxış edib. O bildirib ki, kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb. 52 müəllifdən 78 məqalə Azərbaycan dilində, 14 məqalə isə xarici dillərdədir. Kitab Bakıdakı əsas kitabxanalarla yanaşı Naxçıvanda Nehrəm kəndində Cəlil Məmmədquluzadənin Ev və Xatirə muzeyinə də hədiyyə olunub. Kitab haqqında müxtəlif informasiya vasitələrində, eyni zamanda AzTV radio 105 FM-də “Kamil Məhərrəmoldu ilə həmsöhbət” verilişində söz açıldığını xatırladıb.
    Əlavə edib ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.
    Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Prezidentin Sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsindəki xüsusi roluna görə Ədəbiyyat İnstitutunun işlərini yüksək dəyərləndirib. Bildirib ki, mədəniyyət adamlarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif etmişdim ki, Bakıda Cəlil Məmmədquluzadəyə heykəl ucaldılsın. Heykəlin ucaldılması prosesində Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə yanaşı, AYB və AMEA-nın da yaxından iştirak etməli olduğunu vurğulayıb.
    Tədbirdə çıxış edənlərdən akademik Muxtar İmanov, Təyyar Salamoğlu, Tehran Mustafayev, Cahangir Məmmədli, Allahverdi Məmmədli, Mehman Qaraxanoğlu, Rüstəm Behrudi və Şəhla Əhmədova “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı və Mirzə Cəlilin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
    Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, Kamil Məhərrəmoğlu, yazıçı Pərvin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və digər ziyalılar da iştirak edirdilər.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    MƏNİ SƏSLƏYİN
    /”Vətənimdir” – silsiləsindən/

    Sorsalar ki, kiməm mən?
    Cavaba tələsməyin.
    Dost olsun, ya da düşmən.
    Həmən məni səsləyin.

    Səsim gələcək yerdən,
    Od olub püskürəcəm.
    Səsim gələcək Kürdən,
    Xəzərə töküləcəm.
    Qarsdan Bakıya kimi,
    Araz olub axacam.
    Olub dövrün hakimi,
    Təbrizəcən baxacam.

    Olacağam Çuxuryurd,
    Naxçıvanın qardaşı.
    Olacağam mən Boz Qurd,
    Titrədəcəm dağ, daşı.

    Olacağam mən Ağrı,
    Sancılacam göylərə.
    Düşmənlərə göz dağı,
    Yaşıl orman, gur dərə.

    Baxmayacam su dərin,
    Gərib qanadlarımı,
    Olacam Xudafərin,
    Qaytaracam varımı.

    Olacam Xoy, Ərdəbil,
    Əl edəcəm Dərbəndə.
    Nə söyləsəm gerçək bil,
    Bunu bilir hər bəndə.

    Qucacam İrəvanı,
    Tiflisəcən gedəcəm.
    Gözəl Borçalım hanı?
    Deyə:-sual edəcəm.

    Hönkürdükcə Qarabağ,
    Basacağam bağrıma.
    Sağalınca çarpaz dağ,
    Dözəcəyəm ağrıma.

    Qoymayacam qisası,
    Qalsın son qiyamətə.
    Həzrət Musa əsası ,
    Minəcəkdir hörmətə.

    Sorsalar ki, kiməm mən,
    Cavaba tələsməyin.
    Dost olsun ya da düşmən,
    Siz,- Dövranı səsləyin …

    İNGİLİS
    /”Düşüncələrim” – silsiləsindən/

    Dünya aləm qan ağlayır ingilisin əlindən,
    Heç fələk də baş açammaz fitnəsindən, felindən.
    Duyulmayıb bu kafirin haqlı kəlmə dilindən,
    Dəniz kimi çalxalayır millətləri bu iblis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Məmləkət yox toxunmasın ona qanlı barmağı,
    Beş qitənin təpəsində rəqs eyləyir çomağı.
    Lal vulkandır onun sakit, səs-səmirsiz durmağı,
    Lənətlənmiş kor şeytanın oxşarıdır o xalis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Bu boz qarğa bülbüllərə bəlağətdən dərs deyir,
    Məzlumları tora salır, fırıldaqla haqq yeyir.
    Atası da bu misterdən görməyibdir bir xeyir,
    Doldurmağa çalışsan da dolmayacaq boş təlis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Əməllərin görməyənlər söyləyər ki,- mələkdir,
    Qəbir üstə uzadılmış qan ağlayan çələngdir.
    Ölkələri tar mar edən fırtınadır, küləkdir,
    O-gözləri kor eyləyən tufan, çovğun, duman, sis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Qafqaza da dəfələrlə, hey batırıb caynağın,
    İstəyib ki, fəth eyləyə hiylə ilə Qaf dağın.
    Taladıqca od- alovun “Atəşgah”tək ocağın,
    Cəhd eyləyib bu torpağa sahib ola, ya varis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Təpəgöztək dadanıbdır insanların ətinə,
    Bəşəriyyət çox görübdür bu cəlladdan qan, fitnə.
    Tülkü təkin “Həccə gedər”- əgər düşsə çətinə,
    Mədaxilin, məxaricin hesablayar düz, səlis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Üzərində vəbalı var min dirinin, ölünün,
    Qarlı qışı, şaxtasıdır kürreyi-ərz çölünün.
    Törədəni, səbəbkarı xəyanətin, nisgilin,
    Bogulacaq öz tökdüyü qan gölündə bu həris-
    Açılmayan kilidlərin açarıdır ingilis.

  • Şairə-publisist Nəcibə İLKİN.”Vüsal nəğməsi”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bir gün məni alıb qolların üstə,
    Aparıb gedəydin lap uzaqlara.
    Bəxtimin qar basmış yolları üstə,
    Əyninə vüsaldan geyəydin xara.

    Nə yağış biləydik, nə qar, nə boran,
    Donaydıq vüsalın isti donunda.
    Eşqin havasına nə dağ, nə aran,
    Bir vüsal nəğməsi olsa sonunda.

  • Şairə-publisist Nəcibə İLKİN.”Bir məclisdə…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Birməclisdə salam verdim birinə,
    “Xoşuma gəlirsən, dost olaq”, dedi.
    Nə dərdin, nə qəmin olsa çəkinmə,
    “Dərdinə əlacı bir qılaq”, dedi.

    Zəng eləyib hal-əhvalımı sordu,
    Min cürə dil töküb özünü yordu,
    Könlündə bir sevgi yuvası qurdu,
    “Olma bu sevgidən gəl qıraq”, dedi.

    Çox dinlədim bu dostumun səsini,
    Könlümə tac olan xoş nəğməsini,
    Dedim qoy vaxt çatıb verim dərsini,
    “Vur sinəm üstünə bir oraq”, dedi.

    Tale çox oynadı, vaxt da fırlandı,
    Gördüm ki, hay çəkib göydə dayandı,
    Dedim düş aşağı, ölmə amandı,
    “Olum yollarına bir çıraq”, dedi.

    Çox keçdi sınaqdan, yüz imtahandan,
    Gördüm ki, canında qalmayıbdı can,
    Hər gün şərbət içib eşqin qanından,
    “Gəl bu məhəbbəti bir anaq”, dedi.

    Axır dilə gəlib dedim ki, bəsdi,
    Bu yalan vədlərin səbrimi kəsdi,
    Sənin dediklərin bir quru səsdi,
    “Qəflət yuxusundan oyanaq”, dedi.

    Gördüm öhdəsindən gələ bilmirəm,
    Bu eşqdən gəlibdir dilə, bilmirəm,
    Vur öldür, neylim ki, ölə bilmirəm,
    “Gəl eşqin oduna bir yanaq” –dedi.

    Bağışla, yuxuna gələ bilməyib,
    Yuxudan oyatdım səni bir təhər.
    Yuxuda könlünü ala bilməyib,
    Oxşamaq istədim səni bu səhər.

    Bəlkə də yuxuna gəlsəydim səni,
    Özünə ömürlük həsrət olardım.
    Könlümə ən uzaq bilsəydim səni,
    Özümə əbədi həsrət qalardım.

  • Gənc xanım yazar Şəfa Vəliyevanı şeirləri “Vatan Konulu Şiirler” antologiyasındaişıq üzü görüb

    https://b.radikal.ru/b42/1911/17/d1ce4cabb320.jpg

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri

    İLESAM və Azərbaycan Yazıçılar Birliyindən gözəl bir layihə. 50 Azərbaycan şairinin, 50 Türkiyə şairinin Vətən mövzusunda antologiyası. Kitabda 100 şeirin ingilis dilinə tərcüməsi də yer allıb. Kitab Türkiyədə işıq üzü görüb. Eyni zamanda yaxın günlərdə Azərbaycanda da çap ediləcək.

    Kitabda şeirləri yer almış Azərbaycan şairləri:
    Abbas Abdulla, Adil Cəmil, Afaq Şıxlı, Əlizadə Nuri, Anar, Barat Vüsal, Dayandur Sevgin, Əbülfət Mədətoğlu, Əjdər Ol, Elçin Mirzəbəyli, Ələmdar Cabbarlı, Əlir Rza Xələfli, Elnaz Eyvaz, Elxa Yurdoğlu, Emin Piri, Fərid Hüseyn, Fikrət Qoca, Firuzə Məmmədli, Gülşən Behbud, Hikmət Məmmədzadə,İbrahim İlyaslı, İntiqam Yaşar, Mina Rəşid, Musa Yaqub, Nazim Əhmədli, Nəriman Həsənzadə, Nəzakət Məmmədli, Oqtay Rza, Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Ramiz Qusarçaylı, Rəşad Məcid, Rizvan Nəsiboğlu, Ruslan Dost Əli, Rüstəm Behrudi, Sabir Rüstəmxanlı, Səyavuş Məmmədzadə, Sona Vəliyeva, Şahanə Müşfiq, Şahin Musaoğlu, Şəfa Vəli, Ülkər Dəniz, Vahid Əziz, Vaqif Bəhmənli, Vaqif Bayatlı Odər, Vüsal Nurur, Xanım Aydın, Xəyal Rza, Xosrov Natil

    Təşəkkürlər İLESAM, təşəkkürlər AYB
    P.S. Digər şairlərimizin şeirləri, qismət olsa, ikinci cilddə işıq üzü görərəcək inşaallah.

  • Şəfa EYVAZ.”Sevgi”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Sevgi elə belə olmur ki?!
    Sevginin gülən gözləri olur.
    Sevgi sən görən deyil ki?!
    Sevginin bapbalaca əlləri olur.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dadı var, şirin bal kimi.
    Sevgi sən görən deyil ki?!
    Sevginin qəlbi olur körpə quş kimi.

    Sevgi elə belə olmur ki?!
    Sevgi ayaq tutub evdə də gəzir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi hərdən şıltaqlıq edir.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dili var, danışa bilir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi ata deyir, ana söyləyir…
    Sevgi elə belə olmur ki!

    P.S bütün sevgilərə