Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs, ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini, ay ürək.

Hiss edirəm, içində bir boşluq var
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən, bilirəm ki, sözün var
Töküb, boşalt öz içini, ay ürək.

Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə, ay ürək.

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən, aman yoxdur, ay ürək.