“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Onda payızdı havalar,- Qış da oldu, yaz da oldu. Bitdisə, nə fərqi günah Sizdə oldu, bizdə oldu.
Həsrətin yol yorğunudu, Ürəyimə dinc düşübdü. Dörd divarın içində Mənə bircə künc düşübdü.
Nədir ki, bu bəlirsizlik, Ya tut məni, ya at məni. Sənin dalınca göndərsəm, Yarıdarmı həyat məni?!
* * *
Bir addım irəli, bir addım geri, Yenə eyni çıxır yolların sonu. Mənə bu havada üşümək qalır, Bir də ki, bir də ki, düşünmək onu.
Təzədən doğulur bu ruh, bu bədən, İlahi, silinir yadım, yaddaşım. Əlim telefona gedir, qayıdır, Görən nə düşünür xəttin o başı?
Gecənin yarsına qurum saatı, Oyanım darıxım, yatım darıxım. Bu yaşda ərköyün ruhun başını Bilmirəm mən necə qatım… darıxım.
Ya bir də görməsəm, məni sevməsə? Əsən ürəyimdi, yel deyil əsən. Mən elə bilirəm səadət odu, O nə bilir, necə bilir, görəsən?
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü
Doğum günümə yazdığım şeir:
Yenə dolum başladı, yenə yaş üstünə yaş, Ömrüm qum saatında əriyir yavaş-yavaş. Ruhum inad eyləyən bir uşaq sayağıdır, Ürək ki var, dünənin sınıq oyuncağıdır…
Nə keçmişə əl çatar, nə gələcək bir liman, Bircə anlıq işığam, zülməti yırtan zaman. Öz içimə qonağam canımın süfrəsində, İçim içimi yeyir, bir köç ərəfəsində…
Nə gələn var, nə gedən, yol mənəm, yolçu mənəm, Yol da uzanıb gedir, yolun əlacı mənəm. Zaman kor bir dəyirman, üyüdür hər anımı, Mən bir toz zərrəsiyəm, bürüyür dörd yanımı.
Ulduzların dili lal, göy üzü bir dar qəfəs, Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs. Gözümdən sual yağır, mən hara, bu yer hara? Sirr mənəm, sirdaş mənəm, kim məni çəkir dara?
Məkan əbədiyyətin içində bir sancıdır , Varlığım yoxluğumun gecikmiş sevincidir. Yer üzü bir aynadır, məni də bağlayarmı? Mən sındım, ayna qaldı… Aynalar ağlayarmı?
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
– Sara! Qapını aç, Sara!
– Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı.
– Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi.
– Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən axı…
– Hə, mən hər gün gəlirdim… Dünən heç yaxşı deyildi… Telefona cavab vermir, indi də qapını açmır, – deyib barmaqlarını hirslə çeynəməyə başladı.
***
– Hara gedirik?
– Görmürsən?!
– Hə… amma…
Saranın ayağı balaca məzar daşına ilişdi. Niyə bu qədər balaca idi? Boz rəngli məzar daşı. Üstündə balaca bir insan şəkli sanki oyulmuşdu. Çox balaca idi. Qəbir də balaca idi – sanki yeni doğulmuş körpəyə aid idi.
– Gözlə! – deyə qarşıda gedən rəfiqəsinə çatmağa çalışdı.
Bu Fidanın səsi idimi? Yox… sanki öz səsi idi. Öz gülüşü. Qarşıda gedən Fidan idi, amma deyildi də. Özünün daha balacaboy, daha yüngül, daha qayğısız variantı. Fidan hündürboy idi axı…
Qəbiristanlıqda adamlar vardı, amma Sara onların üzlərini seçə bilmirdi. Hamısı sanki siluet idi. Qəbirləri tapdalamamaq üçün diqqətlə addımlayırdı.
“Atam da burda olmalıdır…” deyə düşündü. “Onun yanına da gedərəm. Amma… mənim məzarım hardadır?”
– Gəl, – dedi qarşıda gedənə. – Gedək mənim məzarıma. Bir az kənardadır…
Sara nəhayət ona çatdı. Digər özü gülürdü. Üzündə qəribə bir rahatlıq vardı.
– Çox kənardayam… Uzaqdayam. Gələ bilməyib heç kim ziyarətə. Baxımsız qalıb məzarım… yəqin…
Bu sözləri Sara dedi, yoxsa yanındakı “o”? Səsi öz qulağına yad gəldi sanki.
Ürəyi sürətlə döyünməyə başladı. Əlindəki fotoplyonkanı açıb yenidən burdu, yığdı. Sanki vaxtı geri qaytarmaq üçün mexaniki bir hərəkət edirdi.
Ayaqları ağırlaşmışdı. Addım ata bilmirdi.
Yanındakı “özünün” qorxusunu hiss etmiş kimi sakit səslə dedi:
– Kaş həyat da fotoplyonka kimi geri qaytarıla biləydi… Bu sözləri deyən kimi Sara kürəyindən, tam ürəyinin arxasından bir üşütmə hiss etdi və gözlərini açdı.
– Sara!
– Qapını sındıraq!
– Kənara çəkilin!
Qapının o biri tərəfindən səslər gəlirdi.
Sara qalxıb qapını açdı. Fidan onu görən kimi boynuna sarıldı.
– Çox qorxdum! Çox qorxutdun məni!
– Mən də… – Sara pıçıldadı və onu qucaqladı. Sanki dünyanın bütün yükü bir anlıq çiyinlərindən götürüldü.
– Uzun zamandır yata bilmirdim, düşündüm bəlkə dərmandan bir neçəsini içsəm… o da belə oldu…
– Bir neçəsini? Yəni nə qədərini? Qorxutma məni!
– Narahat olma, canıma qıyacaq qədər aciz deyiləm…
Fidan səhərdən qapını döydüyünü, qonşuları yığdığını, nə qədər nigaran qaldığını danışırdı. Sara dinləyirdi. Amma əslində hələ də yuxunun içində idi.
O, günlərlə yeməkdən-içməkdən kəsilən, evdən çıxmayan Sara deyildi sanki.
Asta-asta özünü topladı. Duşa girib çıxdı. Saçlarını qurudub səliqəyə saldı. Özünə yaşıl çay dəmlədi.
Fidan ona qəribə baxırdı.
– Sən yaxşısan?
– Hə. Yaxşıyam. Daha da yaxşı olacağam, – dedi Sara.
Sonra birdən ciddi bir ifadə aldı.
– Seminarım var.
– Nə seminar? Nə danışırsan sən? Bu halda?
– Halıma nə olub ki?
– Sara…
– Qalx! Çox işimiz var – etiraz etməsin deyə Fidanın sözünü kəsdi.
Yaşıl çayından son bir qurtum alıb fincanı masaya qoydu və qapıya doğru qətiyyətlə addımladı.
***
Sara auditoriyaya daxil olan kimi gecikdiyinə görə üzr istədi. Səsi sakit idi. Hətta həddindən artıq sakit.
Kürsüyə keçdi. Zal demək olar ki, dolu idi.
Seminar gedirdi. Sara auditoriya ilə diqqətlə danışır, suallara cavab verir, məsələlər üzərində düşüncələrini paylaşırdı. Səsi sakit, ritmi nizamlı, amma hər sözündə auditoriyanı düşündürən bir enerji vardı.
Seminarın sonuna yaxın Sara üzünü yenidən auditoriyaya tutdu. Bir anlıq dayandı, baxışları zalın hər küncünü süzdü, sonra sakitcə dedi:
– İndi isə bir nümunə ilə mövzunu bir az daha aydınlaşdırmaq istəyirəm… Bir yuxu haqqında danışacağam. Təbii ki, anonim bir nümunədir.
(Anonim.)
Özü bu sözə içində acı-acı gülümsədi. Sonra yuxunu gördüyü kimi danışdı.
– Qəbiristanlıq… Qəbiristanlıqda çox adam var, amma heç kimin üzü seçilmir. Sanki hamı var, amma heç kim yoxdur.
(İzdiham içində tənhalıq…)
– Bu çox tipik simvoldur. Üzlərin görünməməsi insanın öz emosiyalarından dissosiasiya etməsini göstərir. Yəni, hiss var, amma əlaqə yoxdur.
Əlləri masanın üstündə sakit dayanmışdı. Heç kim onun barmaqlarının titrədiyini görmürdü.
– Daha sonra yuxuda balaca bir məzar görünür. Ölçüsü uşaq məzarı kimidir.
Zalda bir neçə nəfər qeydlər apardı.
– Bu, əksər hallarda uşaqlıq travmasına işarədir. İçimizdə basdırdığımız “uşaq mən”. Biz böyüdükcə onu susdururuq. Güclü olmaq üçün. Tərk edilməmək üçün. Sevilmək üçün.
(Sevilmək üçün nə qədər dəyişdin, Sara?)
– Yuxudakı ata fiquru. Yuxunu görən şəxsin atası illər əvvəl dünyasını dəyişmişdi. Köhnə “mən” onun ölümünü tam qəbullanmayıb, bir hissəsi hələ itki ilə barışmamışdı. Yuxuda onun yoxluğu göstərir ki, qorunma və dəstək ehtiyacı artıq fiziki deyil, daxili prosesdir. Yeni “mən” bu yuxuda həm uşaqlıq travmasını, həm də atanı itirməyi qəbul etməyə başlayır. Bu, transformasiyanın bir hissəsidir – köhnə və yeni versiyalar arasında inteqrasiya.
(Bilirəm… qəbul etməliyəm… barışmalıyam… Səni çox sevirəm, ata!)
– Yuxudakı digər detal – insanın öz məzarını axtarmasıdır.
Bir anlıq susdu. Zalda qəribə bir sakitlik yarandı.
– Öz məzarını axtarmaq nə deməkdir? Bu, köhnə identikliyin artıq funksiyasını itirdiyini göstərir. Psixika deyir ki: “Bu versiya artıq yaşaya bilmir.”
(Köhnə Sara… sən hələ də burdasan.)
– Maraqlı məqam odur ki, yuxu görən şəxs o məzarın “kənarda” olduğunu deyir. Uzaqda. Ziyarət olunmayan. Baxımsız.
Səsi bir az yavaşladı.
– Bu, çox vaxt insanın öz ehtiyaclarını illərlə ikinci plana atmasının nəticəsidir. Özünü kənara qoymaq. Özünü tərk etmək.
(Səni yalnız o tərk etməyib. Sən özünü daha əvvəl tərk etmişdin.)
Sara nəfəsini dərindən aldı.
– Bir başqa simvol isə fotoplyonkadır. Həyatı geri qaytarmaq istəyi. Keçmişə müdaxilə etmək arzusu. Bu, kontrol ehtiyacıdır. Çünki dəyişiklik qorxuludur.
(Köhnə versiyanı buraxmaq daha qorxuludur.)
Zaldan bir tələbə əl qaldırdı:
– Bəs belə yuxu görən insan nə etməlidir?
Sara ona baxdı. Baxışları sakit idi. Amma içində bir şey qırıldı.
– Qəbrin üstünə torpaq atmaq yox – onun qarşısında dayanmaq lazımdır, – dedi. – Qorxmadan baxmaq. Üzləşmək. Yas tutmaq. Çünki transformasiya silmək deyil. Transformasiya qəbul etməkdir.
Bir neçə saniyəlik sükutdan sonra davam etdi:
– Hər dəyişimin içində kiçik bir ölüm var. Amma bu ölüm fiziki deyil. Bu, köhnə “mən”in ölümüdür.
(Köhnə Sara, sən həqiqətən ölməlisən?)
Səsi yenidən sabitləşdi.
– Əgər belə bir yuxu görsəniz, bilin ki, beyniniz sizi qorxutmur. Hazırlayır. Bəli, hazırlayır. Nəyə? Bəzən insanın tutmalı olduğu ən ağır yas – başqasına yox, öz köhnə versiyasına tutduğu yasdır.
Sara lövhəyə tərəf döndü.
Markerı yenidən əlinə aldı.
“TRANSFORMASİYA” sözünün altından xətt çəkdi və altına yazdı:
Qəbul.
Yas.
Buraxmaq.
Sonra bir anlıq dayandı və əlavə etdi:
– Yeni identiklik seçimi.
Arxaya çəkildi.
– Transformasiya bir seçimdir.
Zalda qəribə bir hərəkətlilik yarandı. Seminar bitmişdi, amma heç kim tələsmirdi. Bir neçə nəfər yaxınlaşıb sual verdi. Biri qeyd etdiyi fikri dəqiqləşdirmək istədi. Digəri şəxsi bir vəziyyətindən danışdı. Sanki hamının içində danışılmamış bir “məzar” var idi.
Sara hamısını dinlədi. Gülümsəyərək qısa, konkret cavablar verdi. Əvvəlki kimi emosional deyil, amma məsafəli də deyildi.
Zal tədricən boşaldı. Fidan ona yaxınlaşdı.
– Saram… başqa cür idin bu gün, – dedi.
Sara çantasını açıb kağızlarını səliqə ilə yerləşdirdi.
Telefon yenidən titrədi. Fidan baxışlarını ondan çəkmirdi.
– Odur? – deyə astadan soruşdu.
Sara cavab vermədi. Sakitcə ekrana baxırdı. Barmağı isə tam ortada idi – nə yaşıl, nə də qırmızı düymədə. Zəng susdu. Sara bir anlıq dayandı. “Sevgim” adını sildi. Sonra adsız nömrəni qara siyahıya əlavə etdi və telefonu çantasına qoydu.
– Gedək? – dedi.
Fidan nə deyəcəyini bilmədi. Sadəcə başını tərpətdi.
Onlar birlikdə auditoriyadan çıxdılar.
Lövhədə hələ də bir söz qalırdı: TRANSFORMASİYA. Və ilk dəfə idi ki, bu söz Sara üçün nəzəri termin deyildi.
“Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları…”
– “Şuşanın dağları, başı dumanlı…” – gizir Əlövsət asta səslə zümzümə etdi. – Görəsən, indi də o dağlarda duman gəzir?
– Şuşanın dağları çox vaxt dumanlı olur, – mayor Danyeri dilləndi. – Çünki o dağlar dumanı özünə saxlayır… Naxçıvan dağlarının dumanı gün çıxan kimi dağılır…
– Şuşada olmusunuz?
– Hə, olmuşam, – mayor yaylığını çıxarıb alnını sildi. – “Üzündə illərin yorğunluğu var”, – Əlövsət düşündü.
– Mənim başım hərlənir, – gənc əsgər Səid Atabəyli dilləndi. – Elə bil hava azlıq edir.
– Təyyarə qalxanda olur, – kapitan Nadir Hüsülü sakit səslə dedi. – Keçəcək.
Gənc əsgər yaxasının bir-iki düyməsini açıb dərindən nəfəs aldı.
– Sizdə də belə olur?
– Bizim təzyiqimiz döyüşdə qalxır, oğul, – kapitanın üzündə yarımçıq təbəssüm oynadı. – Təyyarə nədir ki…
– Bilmirəm, belələrini niyə müharibəyə göndərirlər, – çavuş İsa Cəyirli öz-özünə deyindi, – ağciyərlərin yeri deyil ora.
– Sən, deyəsən, əsgərliyini yeni çəkməyə gəlmisən, – Əlövsət üzünü gənc əsgərə tutdu.
– Hə, mən aran rayondanam. Naxçıvana düşmüşəm. Sonra da xahiş etdim, məni cəbhəyə yazdılar. Amma… evdəkilər bilmir. Onsuz da inanmazdılar. Anam həmişə deyir ki, “Səid tülküdən də qorxur.”
– Tülküdən bilmirəm, amma təyyarədən qorxursan, – Əlövsət güldü.
– Mən döyüşüb göstərəcəm ki, qorxaq deyiləm!
– Elə bil kinoya çəkilməyə gəlib, – İsa Cəyirli öz-özünə deyindi.
– Təcrübəsizlik qorxaqlıq deyil, – mayor Danyeri araya girdi. – Birinci müharibədə belə bir əsgər vardı. Uşaqlar sataşırdı ona. Döyüşdə yaralını çıxardı. Sonra silahını unutduğunu görüb geri qayıtdı. “Getmə” dedilər. Dayandı… dönüb əlini yellədi… və o anda tüstü içində yox oldu.
Sükut çökdü.
– O vaxt Xocalıda da belə hadisə olub, – leytenant Daşqın Qalalı dedi.
– Orada olmusunuz? – biri soruşdu.
– Leytenant Qalalı 33 yaşındadır. 1992-ci ildə Xocalıda necə ola bilərdi? – İsa Cəyirli əsəbiləşdi, – düşüncəsiz suallar verirsiniz.
– Siz hardansınız, leytenant?
– Bakıdanam, – leytenant Qalalı dedi və hiss edilmədən yumruğunu düyünlədi.
“Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə leytenant Daşqın Qalalı şəhid oldu. Yaralı əsgəri kürəyində çıxararkən snayper gülləsinə tuş gəldi”.
– Kapitan Hüsülü, siz Qarabağdansınız, eləmi? – əsgər Fərid soruşdu.
– Bəli… uşaqlığım Şuşada keçib. Dağların ətəyində, o köhnə döngələrdə.
– Sonra?
– Sonra duman bizi aldatdı. Elə bildik, çəkiləcək… çəkilmədi. Şuşanı da itirdim, qoxusunu da. İndi ora döyüşməyə yox, itirdiyim qoxunu tapmağa gedirəm.
Araya sükut çökdü. Yalnız mühərrikin uğultusu eşidilirdi.
– Səbrim çatmır, bir an öncə Qarabağa çatıb düşmənin başını əzmək istəyirəm, – gizir İsa Cəyirli dişlərini sıxaraq söylədi. – Tovuz döyüşlərində ən yaxın dostumu itirdim, qisas bu günəymiş.
Yanındakı əsgər onun titrək əllərinə baxıb: “Döyüşdə kontuziya alıb”, – deyə düşündü.
– Yadındadır, Qorqud, nəğmə dərsində necə oxuyurduq? – baş çavuş Aqilin dərdi təzələndi: – “Cənnətim Qarabağ… Nəğmələr gülüstanısan, sevgi dastanısan…”
– Sən canın, oxuma, qoy qarabağlı balası oxusun, – gizir Qorqud dilləndi və metal təkərləri şaqqıldayan servis arabasını sürən stüardessaya səsləndi, – Mənə qara çay verin.
Hərbi həkim Mərdanlı paket çayı açan Qorqudun soyulmuş qoluna baxıb qaşlarını çatdı:
– Qolların nə yaman yanıb. Ciddi yaradır.
– Keçib-gedib, – Qorqud laqeyd dilləndi. – Pis adama heç nə olmur.
– Şərurda evlərin birində yanğın olmuşdu, bu oğlan iki uşağı yanğından çıxarıb, – baş çavuş Aqil dedi. – Özü tüstüdən zəhərlənib, on gün komada qaldı…
– Uşaqlar ağlayırdı, ona görə çıxardım, – Qorqud çayını qurtumladı. – Elə də qeyri-adi iş deyil.
Peçenyedən bir dişlək alıb əlavə etdi:
– Aqil, danışma, oxu. Bəlkə son oxumağındır…
“…Füzuli istiqamətində gedən toqquşmalarda Qorqud Pirili və Aqil Dadaşlı şəhid oldu. Son güllələrini yaralı silahdaşlarına sipər edərək atdılar”.
– Hər şey Allahın əlindədir. Allah istəsə, bu təyyarə indi yerə çırpılar, – bir oturacaq qabaqda əyləşmiş Tanrıverdi dedi.
Təyyarə silkələndi. Səidin rəngi qaçdı.
– Dağın üstündən keçirik, hava oynadı, – bayaqdan kapitan ilə döyüş taktikasından danışan mayorun sanki söhbəti də ləngər vurub istiqamətini dəyişdi.
– Çətini dağlar bitənə qədərdir… – leytenant Daşqın Hüsülü pıçıldadı. – Dağlar bitəndə də dərd bitmir. Amma öyrəşirsən.
– Təhlükəsizlik kəmərlərinizi bağlayın, kəskin hava boşluğu zonasına daxil oluruq.
Pilotun sözü bitməmiş təyyarə qəfil aşağı endi. Səid ayağa qalxıb stülyara sarıldı.
– Mənim nəfəsim çatmır…
– Otur yerinə! – mayor Danyeri sərt səslə dedi. – Ayaqda qalmaq daha təhlükəlidir!
– Heç kim yerindən qalxmasın! Sol tərəfdə təzyiq kəskin dəyişir… – pilotun təlaşlı səsi gəldi.
Təyyarə yenə boşluğa düşdü. Bir neçə saniyə sonra pilot sakitləşdi:
– Təhlükə sovuşdu, kəmərlər bağlı qalsın.
Səid dərindən nəfəs aldı, Tanrıverdi əlini göyə qaldırdı.
– Müharibəyə gedirsiniz, təyyarə qəzasından qorxursunuz? – İsa Cəyirli ortaya söz atdı. – Ölümə gedirsiniz, kurorta yox.
– Məgər müharibədə hamı ölür? – Səid astadan soruşdu.
– Kapitan Hüsülü əvvəlki müharibədən sağ çıxıb, – Əlövsət kapitan tərəfə işarə etdi – Deməli, hamı ölmür.
– Sağ qaldıq deyə günahkarıq? – kapitanın səsi boğuldu.
– Mən belə demədim.
– Yox, düz dedin… Ölmədiyim üçün günahkaram. O torpaqda ölməliydim. Ölə bilmək də bir şərəfdir…
– Sakit ol, dostum… Ölmək üçün hələ vaxt var, – mayor Danyeri dedi. – Daşlı döyüşündə bizim sağ qalmağımız günah deyil.
– Daşlı döyüşü? O döyüşə ən cəsur döyüşçülər qatılmışdı… hamısı da könüllü. – Əlövsət dilləndi.
Mayor Danyerinin səsi ağırlaşmışdı:
– Biz Xanlıq tərəfdə gedirdik, mövqelər qarışmışdı. Duman çökürdü, bir adamı iki metr uzaqdan seçmək olmurdu.
Əllərini bir-birinə sıxdı.
– Bölüyümüzdən 18 nəfər idik. Axırıncı dəfə düzülüşdə gördüm hamısını. Sonra atəş başladı. Biz sağa sürüşdük, mövqeyimizi dəyişdik. Bu zaman mərmi düşdü – yadıma gəlir, torpaq da, göy də birdən-birə qapqara oldu. O toz-duman çəkiləndə bircə Nadiri gördüm. Yara almışdı. Sağ ayağı… tamam qan içindəydi.
Səsi titrədi.
– Onu çiynimə aldım. 50 metr sürüdüm. Birdən elə bir partlayış oldu ki, qulaqlarım kar oldu, heç nə eşitmirdim, amma hiss edirdim ki, torpaq üstümə yağır…
Mayor dodağını dişlədi.
– Gözümüzü hospitalda açdıq… – mayorun səsi bir anlıq boğuldu, elə bil sözlər boynuna dolandı. – Nadir ayağını itirmişdi… mənim isə qəlpə ürəyimin yanından bir millimetr aralı keçmişdi.
Mayor susdu. Təyyarənin mühərriklərinin uğultusu içində Əlövsət kapitanın əl ağacının səsini eşitdi – metalın yerə çox yüngül toxunuşunu.
– Mən elə demədim, kapitan, – Əlövsət aram-aram, sanki sözləri diqqətlə seçərək dedi. – Bu vəziyyətdə döyüşə qatılmaq özü qəhrəmanlıqdır.
Sol tərəfdə, pəncərə kənarında əyləşən əsgər asta-asta dirsəyi ilə yanındakına toxundu.
– Yadımdadır… – dedi. – O mayor var ha… gicgahında qəlpə qalmışdı. O partlayışdan sonra tez-tez huşunu itirirdi… Hətta özünə qəsd etmişdi…
“Ağır artilleriya atəşi zamanı mayor Danyeri və kapitan Hüsülü geri çəkilmə əmrinə baxmayaraq yaralı əsgərləri tərk etmədilər. Mövqe düşmənlə birlikdə partladıldı…”
Səid telefonunu çıxardı.
– Anam məndən nigaran qalacaq. Ona yazmalıyam ki…
– Bəsdir, ana uşağı, – İsa Cəyirli əsəbiləşdi. – Vuruşmağa gedirsən, yoxsa uşaq bağçasına?
– Yox, mən qorxmuram. Sadəcə anam nigaran qalmasın deyə…
– Ananı da özünlə aparsaydın…
– Mən qorxaq deyiləm. Sizə sübut edəcəyəm!
Səid çantasını yuxarıdan götürüb açdı, içindəki paltarları kənara atdı, köhnə bir şərf çıxardı.
– Bu, qardaşımın son yadigarıdır. Ağdərədən döyüş yoldaşı gətirmişdi. Qanlı şərfi… O ölən gün bu şərf boynunda olub. Onda anam onu yayda da, qışda da boynundan açmadı. Qan ləkəsini sığalladı, oxşadı. Qardaşım… anamın yeganə oğluydu…
– Bəs sən?
– Mən….
“On iki nəfərlik qrupdan beş nəfər də şəhidlik zirvəsinə yüksəlib. Sağ qalanlar geri çəkilmədən Şuşa istiqamətində irəliləyiblər”.
– Mən anamın doğma oğlu deyiləm… – Səid gözlərini yumdu, o gecənin qoxusu yenidən burnuna doldu. – Mən altı yaşında idim… həyətimizdə mina partladı. Bizim ev külə döndü, ailəmdən məndən başqa heç kim sağ qalmadı. Oğlu şəhid olan Nazilə xala özünü təhlükəyə atıb məni yanğının içindən çıxardı, evinə apardı. Mən dinib-danışmırdım. Həkimlər deyirdi ki, ağır travma alıb, bəlkə də heç danışa bilmədi. Nazilə anam gecələr işığı söndürmürdü. “Qorxma”, – deyirdi, – “Mən varam”. Bir də gördüm, danışa bilirəm. Dedi ki, Allah oğlumu aldı, amma qarşıma səni çıxardı…
İsa Cəyirli gicgahını ovuşdurdu. Mayorun baxışlarında dərin bir çat yaranmışdı.
– Şəhid anasının gözlərinə baxaraq böyüyən adamam mən, – Səid dodaqlarını sıxdı. – Mən qorxaq ola bilərəm?
– Yox, – Əlövsətin üzü ilk dəfə ciddiləşdi, – sən qorxaq deyilsən. Bu ağrının içindən doğulan adam heç vaxt qorxaq ola bilməz.
– Bu xalqın bağrında nə qədər faciələr yatır, – leytenant Qalalı üzünü pəncərəyə tutdu.
– Hə, ağrılı hadisədir, gözyaşardacaq qədər, – çavuş Babagil leytenantın gözünün yaşarmasına işarə etdi.
– Mənim gözlərim sulanır. Arvad deyilik ki, hər ölüm xəbərinə ağlayaq, – leytenant üzünü yana tutdu.
– Kişilər ağlamadığını deyən adam faciənin nə olduğunu bilmir, – Babagil israrla dedi.
– Demək, faciənin nə olduğunu bilmirəm… – leytenantın səsi titrədi. – Bayaq dediniz ki… 1992-də Xocalıda necə ola bilərdim…
Hamı ona tərəf çevrildi.
– Mən… orada olmuşam. O gecədən sağ qalan uşaqlardan biriyəm. Məni qarın altından çıxarmışdılar… Atam da… anam da… o gecə güllələndi.
Təyyarənin uğultusu ürək döyüntülərini səssizliyə boğmuşdu.
Leytenant davam etdi:
– Siz deyirsiniz, hər kəs öz torpağının qoxusunu tanıyır… Mən tanımıram. Mən yaddaşımı itirmişəm. Düşməndən bunun intiqamını almağa gedirəm. Bəlkə onda itirdiyim adamı – özümü taparam…
– Bu dəfə udmalıyıq, başqa yolu yoxdur. 20 ilin ağrılarını ancaq bu cür ovuda bilərik, – mayor Danyeri sükutu pozdu.
Təyyarə eniş edəndə Səid mayora yaxınlaşdı. Dərindən nəfəs aldı, elə bil özünü deyəcəyi sözə hazırlayırdı:
– Mayor, necə deyim, bilmirəm… Amma mən geri dönməliyəm. Anam üçün geri dönməliyəm. Əgər o məni də itirsə, yaşaya bilməz.
Mayorun dodaqlarında anlaşılmaz təbəssüm göründü, “kinayə edir”, deyə Səid ani düşündü.
– Biz hamımız intiqam almağa gəlmişik, oğul, – yurdlarımızın, dostlarımızın, gəncliyimizin, ağrılarımızın, xatirələrimizin intiqamını. Səni o, şüuraltı olaraq öz oğlunun intiqamı kimi böyüdüb. Bu sənin yükündür, sən geri qayıda bilməzsən.
“Naxçıvandan Qarabağa yola düşən qrupun qalan üç döyüşçüsü Şuşa uğrunda qəhrəmancasına vuruşub: ikisi şəhid olub, biri ağır yaralı xilas edilib. On iki nəfərin hamısı Vətən ordeni ilə təltif olunub”.
Jurnalist məqalənin son nöqtəsini qoyub qarşısındakı adama baxdı:
– Siz Naxçıvandan yola çıxan həmin qrupdan yeganə sağ qalan döyüşçüsünüz. Həm də ən gənc və ən təcrübəsiz. Bəs heç qorxmadınız?
Adam astaca köynəyinin altından qanı qurumuş şərfi çıxarıb masanın üstünə qoydu. Barmağı ilə qan ləkəsinə toxundu.
– Mən şəhid anasının böyütdüyü əsgərəm. Mən qorxa bilməzdim…
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminə toxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühütinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünki nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.
Akademik İsa Həbibbəyli bildirib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Diqqətə çatdırıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.
“Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoymuşdur. O, Vaqifin bütöv obrazını yaratmışdır. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarmışdır”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətinə də toxunaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olmuşdur. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçmiş və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərmişdir.
Sonra Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi”, filologiya üzrə fəlsəfə doktoru Fidan Əlizadə “Professor Araz Dadaşzadə Molla Pənah Vaqif yaradıcılığı haqqında” məruzələri ilə çıxış ediblər.
Vaqif Yusifli məruzəsində vurğulayıb ki, “Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər…
Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir…”
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxışında yubilayrın sənətşünaslıq sahəsində böyük nailiyyətlərə məxsus şəxs olduğunu vurğulayıb. Bununla yanaşı, elm aləminə Molla Pənah Vaqifin tədqiqatçısı kimi daxil olduğunu da xatırladıb. Vaqifşünaslıq sahəsində fundamental əsərin müəllifi olduğunu diqqətə çatdırıb.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edib ki, Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoymuşdur və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlər göstərmişdir.
Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki, fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alim Araz Dadaşzadənin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.
Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər, Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər, Bakı fəryad eləyir, gözdən axır sel bu səhər, Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər. Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax, Üstümə tank yeridən fitnəkarın şəstinə bax, Gözü qanımla xumar düşmənimin məstinə bax, Qara bayraqlarımın cərgəsinə, dəstinə bax, Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız, Ölmədi! Şanlı şəhid oldu necə yüzlərimiz Bu saat Kərbü bəla düzləridir düzlərimiz, Necə qan ağlamasın üzlərimiz-gözlərimiz, Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Kim görüb böylə mərasim ola milyonlar ilə, Bakı insan axınıyla dola miiyoniar ilə, Salına şanlı şəhidlər yola milyonlar ilə, Analarla bacılar saç yola miiyonlar ilə, Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Qəbrin üstündə də heç kukla olar çanta ilə, Ağ gəlinlik fatası… qırmızı al lenta ilə. Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?! Açınız tarixi, həm indi elə, onda elə… Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Düşdü dildən-dilə bu qətl, bu matemgahımız, Çatdı hər ölkəyə bu şəhri-bəyani ahımız, Gördü aləm ki, aman… cəlladımızmış şahımız, Yoxsa da bir şeyimiz, vardı fəqət allahımız, Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar! Əyilir üstünə göy qübbəsinin tağı, məzar. Hər məzar qanlı beşik – laylayı ağı, məzar! Dayanıb tam alacaq bizdən hələ yağı, məzar! Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını! Qan haçan yerdə qaiıb, təzələ öz yaddaşını! Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu, Görməyib ancaq hələ böylə cinayət işini… Yazmışıq təqvimə qan ilə bu yanvar qışını, Gecəni atəş ilə qırmızı dan eylədiiər, Xalqımı-millətimi gülləbaran eylədilər.
Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım, Gecə – gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə – süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!
Doğuldum 1939-da, 1937-də tutuldum. 48-də nənəm öldü, ömrümdə ilk dəfə ölüyə ağladım. Balıqlar saxladım akvariumda. Açıq qaldı pəncərəm bir qış gecəsi. Dondu balıqlar… İndi 1965-in yanvar gecəsidir. Deyəsən yaşamaq istəyirəm.
Uzaq yaşıl ada
Ürəyim yol çəkir bir gözə dönüb, Yollar da tərs kimi uzanır, gülüm. Yuxumdan hər gecə durnalar keçir, Bilmirəm nə olub, haradan bilim?! Belə getsə sınar quşların səsi, Dənizin də səsi günbəgün batar. Yubanma, əzizim, gəl qurtar məni, Arxadan dərd çapır, qorxuram çata…
Halıma yanan gərək səsin düşəndə yada, Ötən günləri qoru, yaxşı bax, vermə bada… Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…
Tez ol xəbər ver, görüm necəsən, Gözlərin necədi, yerişin necə? Yaman darıxmışam, mən səndən ötrü, Barı bir soraq ver özün gəlincə. Yerini bilmirəm, bilsəm gələrəm, Könlünü alaram, sevərəm yenə. Xəzərin köksündən qalxan dumana, Qara şanı büküb gətirrəm sənə…
Halıma yanan gərək səsin düşəndə yada, Ötən günləri qoru, yaxşı bax, vermə bada… Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…
Günaha batmağım gəlib, ay Allah
Günaha batmağım gəlib, ay Allah, Cəsarət dəmidir, saxlama məni, Sənə inamdan da gözəl bir qız var, Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda, Nə türklük uğrunda, boz qurd uğrunda, Sevdalı faciə, xoş dərd uğrunda Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş. Gör nələr olacaq, gör nələr olmuş, Yalanla, şərabla, qəmlə yoğrulmuş Həqiqət dəmidir, saxlama məni.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
… Bir başıpapaqlı Həsrətdi mənimki, Mən də mental düşüncədə – Sözündən çıxa bilmədim. Gecə bilmədim, Yuxu bilmədim. Bütün qaydaları pozdum, Bir addım qabağa çıxdım. Bu qadın canımla Bir damcı qorxu bilmədim. Bəs sən neylədin mənimçün?
Bacara bilmirəm özüm özümlə, Bilmirəm gen gəzim, ya çatım sənə. Əllərimin ucundaydı məsafə, Nə yaxşı ki, dünən yazmadım sənə.
Yazmadım, içimdə boğdum hissimi, Asan iş deyil ki, başıma gələn. Mənim ürəyimin xarabasında Bircə sən çatmırdın xoşuma gələn.
Toplanmışam qırıq-qırıq hamıdan, Gözüm səndə, eh, nə böyük işdi ki. Səni mənə çox gördüyün yerdəyəm, Səsin gəlir, ah, ürəyim düşdü ki.
Bu nə hissdi, bu nə sisdi gözümdə? Sən bilərsən, yoxsa özüm bilərəm? Elə zəifəm ki, sənin önündə, Birdən çaşıb gəl deyərsən, gələrəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
* * *
Nədir əllərimə dəyən bu boşluq? Nədir qollarımda dərin qaranlıq? Siyah gözlərimə necə vurulub Kuzə gözündəki alatoranlıq?!
Neçə dil danışsam çətindən çətin! Tərcümə edilmir belə duyğular. Nifrəti unudub qorunu sevən ürəyin işinə qarışmaq olar?!
Eşq elə atəş ki, inad edilməz! “Cəhənnəm oduna” nə ad verim mən?! Ölü sərçələrə cihad edilməz. Qucaqla,qoluna qanad verim mən.
Sən məni gözəl sev,çox sevmə qəti! Çox sevmək azalar, gözəllik qalar. Əlimin izləri əmanətindir- Sevgim nur içində artar,çoxalar.
Özünü bilməyən bir bəxtəvərsən Gözüm,gülüşlərim,izlərim səndə. Belə ədalətə nə deyəsən, hə?! Verdiyin tək dərddi- gizlədirəm də.
İçində çarəsiz suallar olan bədən bir qaranlıq quyudu,dibdi. Mənim yıxıldığım bu boşluq sanki dünyanın sonunun əlamətidi?
Böyüyür əlimdə, ovcumda yoxluq Çürüyür könlümə saldığın həsir. Sinəmə elə bir qəfəs qurmusan Düşün – ölənədək əsirsən! Əsir..
* * *
O küçə şahid oldu, bilmədim necə işdi. Nəmli yollar tanıdı addımımın səsini. Bir telefon zənginə xəyallarım dəyişdi, Azdım əzbərlədiyim küçənin sinəsini.
Bəlkə yuxu görürdüm. Sanki Allah bağırdı: -“Sən özünə yazdığın bu dərd sənə ağırdı”. Bu qarmaşa içində ona şeir yazırdım: -“Maşın yolunu gedir, təkərlərə ağırdı…”
“Dünya qəhətdi?” -deyə pıçıldadım özümdə. Zaman donub yıxıldı gözlərimin önündə. Məğrur idi tərsliyim -vədəsində ,sözündə ürəyim yalvarırdı: “gəl,gözümə görün də..”
Gözlərim dolaşırdı o küləkli havada, Ovuclarım səsinin mehini ələyirdi. Bitirmişdim içimdə qazandığım davanı Saçım o gedən yola əlini yelləyirdi.
Bilmədim hansı dərdin məlhəmidir,dadıdır. İstədim dərdə düşüm ,dedim: “dərmanım olar” İndi mənim düşdüyüm dərd də onun adıdır, Bilməzdim ki,məlhəmim ölüm fərmanım olar..
Dedi: “filan küçədən keçib çıxıb gedirəm” Dedi: “bilet almışam,içib,çıxıb gedirəm” Dedi:”hər bir sözünə diqqət elə misranın, mənə geri dön deyə, səni arzu edirəm”.
Qamətimi düzəltdim arzuların eşqinə. Bir təbəssüm yayıldı üzümə- “keçicidir” . Yollarımız bir imiş, istiqamət əksinə; Bilmədi onun yolu ürəyimin içidir.
Küçə də şahid oldu,mən göylərə baxırdım göylər mənə a’xırdı! Mən göylərə gülürdüm. Təkərlər ağrıyırdı, əllərim üşüyürdü, Göy gözümdən axırdı,yenə biraz ölürdüm.
Xanım Anela1983-cü ildə anadan olub. 2000-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində 4 saylı orta məktəbi, 2005-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır.
“Amarna günahkarları”, “Yuxuların oğrusu” və “Ürək notu: Vanil” romanlarının müəllifidir. Yazıçının bunlardan başqa “Anela” hekayələr toplusu, “Fürer”, “Mafiyalar”, “Tabe olmayanlar – həbsxanadan qaçışlar” və “Təyyarə qəzaları” adlı araşdırma kitabları işıq üzü görüb.
Uşaqlar üçün Azərbaycan dilində “Şirin və Düşüncənin yeni il macəraları”, “Cırtdan geri qayıdır və ya Cırtdan və dostlarının Novruz macəraları”, “Pıçıltı” (“İlin uşaq kitabı – 2024 mükafatının qalibi), “Hərflərin oyunu”; həmçinin rusca “Фа, ФаиГранатовоеКоролевство” və “Фа и Фа в поисках Деда мороза”, “Fərəh və əlfəcin Yumuş” nağıl kitabları çap edilib.
Müəllifin “Kalp notası: Vanilya” romanı Türkiyədə nəşr edilib.
Bədii yaradıcılıqla yanaşı Mehmet Niyazi “Mövcudluq mübarizəsi”, Qriqori Petrov “Bataqlıqlar ölkəsi”, “Bir Saatda Tarix” Maestro Niyazi, “Bir Saatda Tarix” Merilin Monro, “Bir Saatda Tarix” Abraam Linkoln, Tarık Buğra “Osmancıq”, Mariya Velho de Kosta “Mayra”, Maykl Hart “Yüz dahi şəxsiyyət” kitablarını, habelə dünya uşaq ədəbiyyatından seçilmiş nağılları tərcümə etmişdir.
Mətbu nəşrlərdə “Ustad”, “Proza”, “Mücrü”, “Ulduz” və “Güfte Edebiyat” dərgilərində əsərləri yayımlanmışdır.
Xanım Anela bədii yaradıcılıq və tərcümələrlə yanaşı qiraətlə də məşğul olur. Bir neçə audiokitab layihəsində iştirak edən yazıçı vaxtaşırı Azərbaycan və dünya ədəbiyyatından qiraətlər edir.
Hobbiləri və həm də yaxşı bacardığı məşğuliyyətlər rəssamlıq, musiqi, fotoqrafiya, ssenari yazmaq və güllər yetişdirməkdir.
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Paşanın şeirləri təqdim edilir.
HEÇ OLMASA DÜZÜNÜ DE
Yenə hardansa soyuq gəlir.
Bir az bu səs-küylü biganəlik titrədir,
Bir az boynuma sarılan əllər üşüdür.
Danışırıq atıb gedənlərdən…
Sonra susuruq
dünyanın ən qəddar adamlarında…
Sonra hərəmiz bir küncdən qaldırırıq əllərimizi,
Bir az Davudun səsindən
kövrəlirik,
bir az sonumuzu düşünürük,
danışırıq axşam-axşam.
Gələni gözləyirik.
Yenə susuruq dünyanın ən qəddar adamlarında,
hərə bir ad çəkir:
Yezid, Hitler, Səddam…
Bu dəfə hərəmiz eyni küncdən qaldırırıq əllərimizi.
Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr1905, İkinci Şıxlı, Qazax qəzası – 2 iyul1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.HəyatıOsman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonununİkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.YaradıcılığıOsman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.Təltif və mükafatları
Bilmirəm tale məni niyə tez-tez vurur dişinə? Düşmüşəm sms yağmuruna; nə daldalana bilirəm, nə düşünə… Qəlbində sevgi ocağı yanmırsa, başından çıxan bu tüstü nədi? Mən bir hüzn adasıyam, ancaq bilmirəm ki, Xoşbəxtlik gəmilərinin yanıma üzməkdə qəsdi nədi?
Mən dünyanı dərk eləyən Uşaq qəlbli bir qocayam. Təriflərdən çox ucayam, Təltiflərdən çox ucayam…
Nə versən gözü doymayan Çox çətin ki, duya məni… Dünya malında gözüm yox, Dəyişməyib dünya məni…
Qəlbimdə sevgi kükrəyir, Yoxdu həyatda bənzərim! Həmişə üstümdə olub, Ulu Tanrının nəzəri!
Ömrüm boyu dost olmuşam Çəmənlə, güllə, çiçəklə! Allah məni təltif edib Duyan, sevən, bir ürəklə! O adamlar bədbəxtdi ki, Gözündə sevgi sayrışmır… Allahın sevdiyi kəsə Bəndə təltifi yaraşmır…
“Firidun” poeması Cənubi Azərbaycanda milli azadlıq uğrunda gedən xalq hərəkatından bəhs edir. Əsərdə Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti məğlubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir.
Dünyada azadlıq uğrunda mübarizə edən bütün gənclərə ithaf edirəm…
Gün o gün olsun ki, qurtarsın dava, Dağılsın buludlar, açılsın hava! Alınsın düşməndən ömürlük qisas, Torpaq nəfəs alıb dincəlsin bir az! Silinsin ürəkdən, könüldən ağrı, Bir də tapdanmasın vətənin bağrı! Sağalsın yaralar, axmasın qanlar, Sevinsin insanlar, gülsün insanlar!
“Dünyanın xoş üzü, sərt üzü burda, Sevinc üzü burda, dərd üzü burda. Haqq şairi Rafiq Yusifoglunun Bərq vurur brilyant, dürr sözü burda…” Hafiz Rüstəm
“Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı ilə könüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir. Belə yaradıcı insanlarımız indi tək-təkdi.” Zülfüqar Şahsevənli
Mənə Haqq şairi deyən şairlərə salam olsun! Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun! Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər, İman nuru söz mülkündə topdağıtmaz qalam olsun!
Özgə cibə göz dikənlər hər an umur xalqdan gəlir, Onlar bunu unudur ki, bütün çaylar dağdan gəlir. Halal ilham mayasını götürür ilahi nurdan, – Gözəl sözlər ucalıqdan, gözəl sözlər Haqqdan gəlir…
Qovrulub həsrət odunda de, nə qədər göynəyim mən? Özgələrin ağrısını keçirdim ki, köynəyimdən Mənim əzizim, xələfim, mənim doğma balam olsun…
Sevgidi dərdlərə məlhəm, sevgidi ürəyə açar, Xalqın dılini bilməyən “xalq şairi” xalqdan qaçar, – Mənə Haqq şairi deyən şairlərə salam olsun!
”Sizinlə rastlaşdığım üçün Allahıma minnətdaram. Mən Sizi çox, lap çox sevirəm. Sözün bütün mənasında. Hərdən ağlımdan özümün də qorxduğum bir fikir keçir: ”Şair, nə gec görüşdük biz?” Bir məktubdan
Ürəyin yarpaq tək əsir, Eşqin bir kükrəyən dəniz. Qəlbindən bir nida qopdu: ”Şair, nə gec görüşdük biz?”
Dedin: – Naşükür deyiləm, Minnətdaram Allahıma, – Qarşıma Sizi çıxarıb, Son qoydu könül ahıma.
Qəlbimə düşən sevginin Hər damlası bir incidi. Istədim Sizdən gizləyim, Ürəyimdə sirr incidi.
Nə vaxtadək könlümüzdə Arzu arzu tək qalacaq? Eşqindən qəlbim əsirsə, Necə Arzu tək qalacaq?!
Sevgi hər şeyə qadirdi, İnsanın fağırı yoxdu. Taleyin əlində eşqin Əvvəli, axırı yoxdu…
Yolum kəndimizə düşdü bir səhər, O gün də məktəbi görməyə getdim. Açıb darvazanı çox ehtiramla O böyük binanı ziyarət etdim. Uşaqlıq çağımı saldım yadıma Şeir dəftərimə xatirə yazdım. Məcid müəllimin öz şagirditək Əyləşib dərsinə qulaq da asdım. Onu da deyim ki, Məcid müəllim İrəli qaçmağı heç xoşlamazdı… Əvvəl köhnə dərsi təkrar etdi o, Sonra da lövhədə bir kəlmə yazdı. Uşaqlar nə yazdım? Yaxşı kim deyər?
Oynadı havada balaca əllər: Müəllim mən deyim… deyim…deyim…lər Görən yormadımı o müəllimi? Yox, yox, hər səmimi sözü körpənin Yayılır ürəyə sarı yağ kimi… Uşaqlıq dövrünün öz aləmi var, Sadə görünsə də o, çox dərindir… Bizə əziz olan “müəllim” sözü Uşağın dilində daha şirindir. Dedi, bir də dedi “baba” sözünü, O xeyli dayandı “ata” sözündə… Balalar duydumu? Deyə bilmirəm, Mən qəhər duymadım onun üzündə… Bir kəlmə yüz dəfə yazıldı bəlkə, Səbrinə mat qaldım, o müəllimin! Sadəcə əlifba öyrətmək deyil, O, möhkəm özlünü qoyurdu elmin.
“Bünövrə daşları” düşdü yadıma, Bu gün durmayırsa qocanın özü Onun məqbərəsi qoy nurla dolsun! Dedim: bundan belə şeir yazanda Birinci misramın birinci sözü Əlifba öyrədən müəllim olsun!
Bir-iki kəlmə dua, beş-altı kələmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi.
İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi.
Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi.
Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi.
Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüd bizi.
Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki, mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi.
Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!
Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin!
Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin!
Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir, Könüllərin nıüqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən Azərbaycana gülsin.
Saysız qəhrəmanların Qurub yaradanların, Qocasında, gəncində, bu sadə insanların Şöhrət görmək istəyən Azərbaycana gəlsin!
Payızında, qışında, baharında, yazında Dinir dostluq nəğməsi konüllərin sazında. Sabaha addımlayan mərd oğlunda, qızında Qeyrət görmək istəyən Azərbaycana gəlsin!
Zavalsızdır ömürlük qoynundakı bağça, bağ, Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq, Al bayraqlar altında alnıaçıq, üzüağ, Millət görmək istəyən Azərbaycana gəlsin!
Vaxtın dəyirmanında daş əridi, qum oldu, Tarixə atdığıımız qayıtdı, lüzum oldu. Dünənin həqiqəti bu gün tərs yozum oldu, Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım, Aşıb-daşan arzumu mən artıq cilovladım. Mən atamı ötmüşəm, məni ötür övladım, Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram. Bəzən olur, özümdən özüm oğurlanıram. Hər il başqa arzunun başına fırlanıram, Niyə də fırlanmayım, axı, dünya fırlanır…
Çox əyilən görmüşəm, əyilməyən başları. Sular duruldu, gördük dibindəki daşları Ünvanmı dəyişdi dünənin alqışları; Niyə də dəyişməsin, axı, dünya fırlanır…
Necə dönür bu dövran, necə dönür bu gərdiş, Tazıların üstünə dovşanlar da gülərmiş. Dünya bina olandan hər şey dəyişilərmiş, Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım, Bir atəşə tutuşdum, min atəşə yanmadım, Bütlər gəldi və getdi, birinə inanmadım Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur, Quruyan çeşmələrdən sular yenə car olur. Bu dünyanm xeyri də, şəri də təkrar olur, Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da, Bir yuvanın bülbülü min budağa qonsa da, Aylar, illər, fəsillər bir-birini dansa da, Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana, Qarşıma gah şər çıxa, gah xeyir dığırlana. Çərxi-fələk istəyir lap dolana tərsinə, Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Mənə dedilər ki, sizdə yas düşüb, yuxuda ağladım səndən ötəri. Dedilər, torpağa bir almaz düşüb, gördüm göz yaşına çoxdu bənzəri, yuxuda ağladım səndən ötəri.
Sənlə gözəl dünya, sənsiz qorxulu! sənsənmiş dünyanın tarazlıq yeri. Mən yuxusuz qaldım, dünya yuxulu, yuxudan qaçdım mən səndən ötəri, sənsənmiş dünyanın tarazlıq yeri.
Ayrılıb dünyaya baxıram, belə, Yuxuda kim yaydı bu bəd xəbəri?! Sənlə az danışan, ağıram belə, Yuxuda dəliydim səndən ötəri.
Mən öz dediyimdən üzdə dönmədim, üzdə çəkdiyimi saldın içəri. Səni sevdiyimi sənə demədim, yuxuda ağladım səndən ötəri.
MİNNƏTDARAM MƏN
Yenə səsin gəldi qulaqlarıma, həyata, dünyaya minnətdaram mən. Sən orda pıçılda, eşidim səni, özgəsi çağırsa, ona karam mən.
Sən açdın bir qəlbin məhəbbətini, mən duydum bir ömrün səadətini. Sənsiz hər sözünü, hər söhbətini, sənsiz hər ədanı xatırlaram mən.
Mənim bu aləmdə öz aləmim var, sənlə sevincim var, sənsiz qəmim var. Dünyadan qazancım bir qələmim var, sənin xidmətində varam, varam mən.
Dünyanın heç kəsi yoxdu
Gülərüzlüm, çox ağlama! göz yaşı məlhəm olmayıb. İnsan göstər yer üzündə, üzündə bir qəm olmayıb?!
Mən səndə səni görmüşəm, saçında dəni görmüşəm. Mən bu naləni görmüşəm, mənim bu naləm olmayıb.
Yaxşı seç qaranı ağdan, can üzülər ağlamaqdan. Söz dilimə gəlib haqdan, əlimdə qələm olmayıb.
Gedən getdi, səsi yoxdu, təzəsi, köhnəsi yoxdu. Dünyanın heç kəsi yoxdu, heç kəsə məhrəm olmayıb.
Gözlərin bolluca qəmdi, bu səbəbdən hava nəmdi. Məndən ötrü cəhənnəmdi, başqa cəhənnəm olmayıb.
FİKİR ELƏMƏ
Sən fikir eləmə, gözəldi həyat, nə qədər mən sağam, fikir eləmə. Bu gün yanındayam, sabah hardasa, demə mən uzağam, fikir eləmə.
Sən fikir eləmə, yeri qar alsa, göyü bulud örtüb, dumanlar alsa. Mən odam-ocağam, fikir eləmə, yenə yanacağam, fikir eləmə.
Sən fikir eləmə heç vaxt dünyada, mən getsəm, sən qalsan… ayağın altda onda da torpağam, fikir eləmə, orda da dayağam, fikir eləmə.
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir: