Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
“Ölmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş olur, onun üçün darıxırsan. Amma… xoş xatirələrim nə qədər az olsa da, mən sənin üçün də darıxıram…
Bu gün iki ay tamam olur – bir-birimizin həyatından “yox olmağa” qərar verdiyimiz gündən. Qərar verdiyimiz… Sən qərar verdin, əslində. Elə bildin sən “Nə edək? Gəl ayrılaq, madam yola gedə bilmirik…” dediyində razılaşmayacağam? Canımdan çox sevdiyim üçün yenə qürurumu çeynəyib, qorxaqlığını qəbul edib sevgi dilənəcəyəm səndən? Yox… Edə bilmərəm, bilmədim… O zaman bu sevgi zamanla dəyərsizləşəcəkdi. Paramparça etdiyin qəlbimin bir küncündə gözəl qal sən – yanımda olmasan da…
Məni görməyə zərrə qədər can atdığını bilsəydim, hiss etsəydim, nə olardı deyə düşünürəm hərdən. Yəqin ki, unudardım bütün ağrıları, bütün axıtdığım göz yaşlarımı. Elə bilirsən təkcə sən görə bilmirsən məni? Mən özümü itirdim səndən sonra… Ha toparlamağa çalışsam da, bacara bilmirəm.
Bəs sən? Necəsən mənsiz, ay… Ay… nə desəm, ürəyim soyuyar, bilmirəm ki… Pismi desəm, yaxşımı? Pisə dilim gəlmir, yaxşı desəm, özümə haqsızlıq olar. Bəlkə şeirdəki kimi deyim elə – “… zalım”…
Niyə yazıram bu məktubları, heç özüm də bilmirəm. Bəzən hiss edirəm ki, gücüm qalmayıb, çox yorğunam və duyğularımı – yaxşılarımı, pislərimi – bölüşəcək kimsəm yoxdur. Var, əslində… Ətrafımda çox insan var, amma mən hər şeyi bölüşəcək tək bir nəfəri istəyirəm – səni… Amma sən heç olmadın, heç bölüşə bilmədim nə kiçik kədərlərimi, nə qəlbimdə dolub qalmış bütün duyğuların cəmini.
Beynimdə uydurduğum adama yazıram indi, əslində. Çünki sən məni dinləməyi bacarmadın, məni hiss edə bilmədin. Çox yordun… Son dediklərin sanki valın ilişib qalmış, təkrarlanan mahnı sözləri kimidir beynimdə: “Tamamən yox olaq”… Mənsə heç düşünmədən “Əminsən?” deyə sual verdim. “Hə”… dedin. “Hə”…
Sənə verdiyim ürəyimi incitdin. Çox incitdin. O an… o an ürəyim sanki bir itin ağzında imiş kimi hiss etdim. Ürəyimi çeynədi, çeynədi… sonra tüpürdü…
Yenə də söküb ata bilmirəm səni içimdən. Səndən mənə qalan tək gözəl xatirə o ilk görüşümüzdür. Məni qucaqlamağın… möhkəm… Və bir tək o qucaqlamağına görə, səni mənə çəkdirdiyin hər şeyə görə bağışlayıram, bağışlamaq istəyirəm.
İndi bu məktubu da digərləri kimi yazıb, sonra bir dəfə oxuyub yandıracağam. Külə dönəcək bütün sözlərim, bütün duyğularım. Amma narahat olma, yaxşıyam mən. Həmişəki kimi, yenə nə olursa-olsun gülürəm. Ya da ki… narahat ol! Çox nigaran qal! Məni axtar, çox axtar. Tapınca da çox sevin, həm də çox kədərlən, əhvalın pozulsun. Tapdığın üçün sevin. “Gülümsəyir, yenə gülür. Demək xoşbəxtdir mənsiz”, – deyib içdən-içə ye, bitir özünü.
Amma yox… yenə də qıymıram sənə. Heç qıymıram…
Bu günlük bu qədər. Yenə gedim yandırım sənə heç vaxt deyə bilmədiklərimi.”
Leyla dəftərin ortasından iki vərəqi ehmalca qopardı. İri qəhvəyi gözləri yaşdan daha da böyümüş kimi görünürdü. Amma üzündə qəribə bir sakitlik var idi. Sanki hər şeydən bezmiş, yorulmuş, artıq heç nə ilə mübarizə aparmaq istəməyən bir sakitlik.
Məktubu sinəsinə sıxdı. Digər əli ilə çantasından alışqan çıxarıb maşının qapısını açdı və düşdü. Dənizdən gələn sərt külək saçlarını havaya sovurub üzünü tam örtmüşdü. Leyla qapını örtüb saçlarını üzündən aralamağa çalışaraq dənizə doğru addımladı. Külək elə güclü əsirdi ki, hər addımı sanki geri çəkilirdi. Uçub getməsin deyə məktubu əlində bərk-bərk tutub irəli uzatdı — yandırmaq üçün. Amma bu gün o gün deyildi. Bu gün yandıra bilməyəcəkdi göndərə bilmədiyi məktubu.
Elə bu anda, lap yaxınlıqdan eşidilən bərk it hürüşü onu diksindirdi. Əli boşaldı. Məktub hikkəli küləyin qoynuna düşüb bir anda göyə qalxdı və bir neçə saniyənin içində gözdən itdi. Leyla arxasınca baxıb qaldı. Üzündə acı bir təbəssüm yarandı. Başını yavaşca çevirib itin sahibinə baxdı. Gənc oğlan çaşqın halda üzr istəyirdi.
– Bağışlayın, qorxutdu…
– Heç nə olmaz… – dedi Leyla sakitcə və geri dönüb maşınına doğru addımladı.
***
– A bala, sevdiyin qızı belə başqasına vermələrinə göz yumacaqsan? – yaşlı balıqçı gözlərini qıyaraq Rəsula baxdı.
– Vermirlər ki… özü gedir.
– Sən özün ondan ayrılanda, onu tərk edəndə bilmirdin belə olacaq? – yanında oturan dostu sakit, amma sərt səslə dedi.
Rəsul gözlərini qaçıraraq yavaş səslə dedi: – Dalaşdıq… yola getmirdik. Mən də bir anlıq əsəblə “bitsin” dedim.
Balıqçı başını yavaşca yellədi:
– Rəsul, oğul… nə qədər əsəbi olsan da, “bitsin” demək qadının qürurunu sındırır. Qadın “bitsin” deyəndə, əslində nəyisə düzəltməyini gözləyir, səndən bir addım istəyir. Amma kişi “bitsin” deyəndə… o artıq bitirmək istəyir. Başa düşürsən?
Rəsul dərindən nəfəs aldı.
– Elə alındı… bitməsini istəmirdim… – deyə bir anlıq susdu, sonra davam etdi: – Amma o nə etdi? Atasının dostunun oğluna ərə getməyə razılıq verdi. Ayrılığımızdan heç bir il keçməmiş…
Dostu istehzalı şəkildə gülümsədi:
– Bir il azdır? İndiki qızlar bu gün ayrılır, sabah başqasını tapır.
Rəsul dərhal başını qaldırdı:
– O elə biri deyil… – deyib stulunu itələdi və ayağa qalxdı. – Mən bir az hava alım…
Balıqçı daxmasından çıxıb dənizə doğru addımladı. Gödəkcəsinin yaxasını qaldırıb köhnə, üzü üstə çevrilmiş qayığın yanında çöməlib oturdu. Külək üzünə çırpılırdı. Siqaretini yandırmaq istədi, amma alışqan alışmadı. Qayığın arxasına sığınıb küləkdən gizlənərək yenidən cəhd etdi. Elə bu anda gözü qayığın altına ilişmiş bir kağıza sataşdı. Əlini uzadıb kağızı ehtiyatla çəkdi. Məktub idi.
Oxumağa başladı. Sətirlər irəlilədikcə baxışları dəyişdi. Bir qadının bütün dünyası, bütün həyatı bu iki vərəqin içində idi. Rəsul məktubu qatladı. Əlləri bir az titrəyirdi. Cibinə qoydu və qəfil ayağa qalxıb maşınına doğru qaçmağa başladı.
Onun bu halını görən balıqçı ilə dostu da çölə çıxıb arxasınca səsləndilər:
– Rəsul! Hara gedirsən?
Rəsul dönmədən qışqırdı:
– Mən nə onun, nə də öz həyatımı boş qürura və qorxulara qurban verə bilmərəm!
Maşına minən kimi telefonu çıxarıb zəng etdi. Bir neçə saniyə sonra o tanış, doğma səs eşidildi:
Sahildə dayanan balıqqulağı, Yenə döyəcləyir qumun ayağın…
Tanrının əlində Musa əsası Suda tükənməkdə balıq nəfəsim…
Sahildə boğulur gözyaşım hədər, Tutub saçlarımı atıram lövbər.
Yenə köhnə qayıq, yenə tənha mən, Asıb dor ağacın sahillərimdən
Qalmışam həsrətin göyərtəsində…
* * *
Hər gün bir tel qopur ruhumun sevgi simlərindən… Yavaş-yavaş Xaric səslənirik Oxuduğumuz eşq nəğməsində. Do notu barmaqlarım arasında susqun, Re- ni üzgün görürəm. Bir həsrət çaları var Mi səsində… Fa- notu yolun ortasında peşman və üzgün, Sol səsi Sol açarından küskün, Lya- oktavada ayrılığa gedən yolun sonu, Si- bu sevgidəki ən yanıqlı nöqtə, Peşmanlıq Və yalnış həyatımdakı Son beyt, Məqtə… Budur, bizim musiqimiz səslənir, Bir günahsız sevgi ömrün son akkordlarında bəstələnir, Gözlərimdəki kədərdə Dəfn olur… Maestro, Götür bu şeiri İfa et, əlvida əvəzi Mavi gözlü göy adama, bulud əlçimlərində…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Göy üzündə, yer üzündə Gecəsində, gündüzündə.. Hər yeni gün aydınlıqdır. Sənin olmaq əminlikdir, -amanlıqdır. Sənə uzaq, səndən uzaq Sənsizliklər bizə tuzaq.. Ümidlər də bulanıqdır. Sənsiz olmaq sonsuzluqdur, -qaranlıqdır. Fırtınada ,qar -ayazda Dərinliyəm dayazlarda.. Dəli külək qərarsızdır. Həsrət,hicran nə arsızdır.. -amansızdır. Gül də açsa, quş da uçsa Bir ahıma dağlar uçsa, Mən sağ çıxsam-imkansızdır. Deməzlərmi: – “bu qansızdır?..” -imansızdır? Sənsiz olmaq sonsuzluqdur, -qaranlıqdır. Sənin olmaq əminlikdir, -amanlıqdır. Taxtım göydə samanlıqdır. Gedəcəyəm, zamanlıqdır ..
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Nəyim varıydı ki, guya?! Gecəm vardı, yuxum yoxdu. Mənim səni unutmağa Sehirli çubuğum yoxdu.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor
Həsrət alovunda şam tək əridim, Ürəyim bələndi çənə, əzizim. Sözün işığında bəxtəvər idim, Onu da çox gördün mənə, əzizim.
Eşqin öləziyən bir xırda közdü, Ayrılıq yelləri əsir deyəsən. Təkcə umacağım bir quru sözdü, Onu da sən məndən əsirgəyirsən…
Deyirsən əlini üz sarı simdən, – Ömür qısadı ha, tələsməliyik! Imtina eləsək biz sarı simdən, Sevgi nəğməsindən əl üzməliyik…
Baş aça bilmirəm özüm-özümdən, Yanılır, kim bizə ağıllı deyir! Mənə ağıl verib düşmə gözümdən, Mən dəli sevmişəm, ağıllı deyil…
Sevgini qorumaq deyilmiş asan, Çalış verməyəsən ayaza məni… Mən dərya dibində üzən qəvvasam, Sənsə hey çəkirsən dayaza məni.
Gözlərin nur saçır bəxt ulduzu tək, Həsrət at oynadır içində sənin. Mənim məhəbbətim yetim quzu tək Büzüşüb qəlbinin künsündə sənin…
Kösöv nə söyləsin sinə dağlıya? – Közdən bərk qorxursan, od arasan da! Nə qova bilirsən, nə də saxlaya, Qalmısan su ilə od arasında.
Elə düşünmə ki, məni unutsan Həyat yollarında xoşbəxt olarsan. Nur gələn yeganə deşiyi tutsan, Sən zülmət içində tənha qalarsan…
Bacar al həyatdan arzu-kamını, Bir gül tək vədəsiz solmaq istəmə. Sən öz taleyinin intiqamını Gizli sevgimizdən almaq istəmə…
Tale yazdığını poza bilməzsən, “Unutmaq” havayı söz-söhbət imiş… Sevgi dumanında aza bilməzsən, Sevgi burulğanı müsibət imiş…
Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Yolun kənarı ilə fikirli-fikirli gedən Bəxtiyar müəllim işıqfora çatanda nə düşündüsə, əlini cibinə atdı və telefonun evdə qaldığını görüb başını yelləyərək geri qayıtdı. Pilləkənlə yuxarı qalxarkən həyat yoldaşı Sənubərin telefonla yüksək səslə danışdığını eşitdi.
– Niyə telefonla danışanda qışqıra-qışqıra danışırsan axı?.. – deyə dodağının altında pıçıldadı.
– Hə də… O da ev almasın, kim alsın bəs?! Mən də vaxtında eşq-meşq arxasınca yox, imkan arxasınca düşsəydim, müəllim oğlu Bəxtiyarı yox, dörd evi, şəhərin hər yerində mağazaları olan Səmədin oğlu Rzanı seçsəydim, indi mən də qəşəng baseynli-maseynli ev alardım. Yayda gedib normal istirahət edərdim, ürəyim istəyəndə də xaricə çıxardım… – telefonda yüksək səslə danışan Sənubər dedi.
Bəxtiyar müəllim qapının kandarında bir anlıq dayandı. Ona görə yox ki, bu sözlər ona pis təsir etdi – ilk dəfə eşitmirdi. Sadəcə düşündü ki, bəlkə Sənubər dediklərindən utanar, ya özünü narahat hiss edər. Bir neçə saniyə sonra ayaqlarını bir az bərk yerə vurdu ki, həyat yoldaşı onun gəldiyini eşitsin.
– Dayan görüm, ay qız, gələn var, – deyib telefonu kənara qoydu Sənubər.
– Mənəm… Telefonu unutmuşam, – dedi Bəxtiyar müəllim, sanki heç nə eşitməmiş kimi.
Amma Sənubər onun gözlərinə baxmamağından anladı ki, hər şeyi eşidib. Eşitsə də, heç nə deməyəcəyini də bilirdi.
– Fikrin özündədir ki?! Adam nə qədər yazar, pozar, oxuyar… Gözlə, gətirirəm.
Bəxtiyar telefonu alıb heç nə demədən çıxdı. Sənubər onun arxasınca bir neçə saniyə baxdı, sonra qayıdıb işləri ilə məşğul olmağa davam etdi.
Bəxtiyar Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ömrünü müəllimliyə və ailəsinə həsr etmiş, vicdanlı, sakit, mərd bir adam idi. Uşaqlıqdan qonşu qızı Sənubəri sevmiş, onunla da ailə qurmuşdu. İki övladları var idi: oğlu yenicə evlənmiş, qızı isə dördüncü kursda oxuyurdu.
Sənubər də vaxtilə onu sevərək seçmişdi. Rza isə məhlələrində “imkanlı adam”ın oğlu idi, o da Sənubərə elçi göndərmişdi. Amma Sənubər sevdiyi adamla evlənmişdi.
Bəxtiyar nə kasıb idi, nə də varlı. Halal qazancı ilə evini dolandırır, əlində olanla kifayətlənməyi bacarırdı. Sənubər isə həmişə imkanlı ailələrə baxıb həsəd aparar, zaman-zaman bunu dilə gətirərdi. Bəxtiyar isə heç vaxt cavab verməzdi.
İşində-gücündə adam idi. Əsl müəllim. Dəfələrlə şəhər məktəblərində işləmək imkanı olsa da, şəhərdən kənarda işləməyi seçmişdi. Hər gün uzun yolu yorulmadan gedib-gəlirdi. Şagirdlərinin hər biri ilə ayrı-ayrılıqda maraqlanır, onlara vaxt ayırırdı. Onlardan biri ali məktəbə qəbul olanda isə öz övladı kimi sevinirdi.
Axşam evə qayıdanda səhər eşitdikləri ilə bağlı heç nə demədi. Amma Sənubər mövzunu özü açdı:
– Xalaqızı ilə danışırdıq səhər. Sinif yoldaşım Şəhlagil dəniz kənarından villa alıblar.
– Amin! Versin e… Amma kaş bizim də olardı, kaş zamanında buraxardın bu müəllimliyin başını…
– Mən sənətimi sevirəm, – dedi Bəxtiyar müəllim. Amma səsi yenə də mülayim və təmkinli idi.
– Hə də, sən sevirsən… Amma mən sevmirəm bu yaşadığım həyatı. Gəncliyim keçib getdi, heç olmasa bu yaşımda yaxşı həyat yaşayardım.
Həyat yoldaşının sakitliyini görüb sanki daha da özündən çıxdı Sənubər və sanki onu incitmək istəyirmiş kimi bir ağızdan dedi:
– Sənlə deyil, Rzayla evlənsəydim…
Bəxtiyar müəllim əlini bərkdən masaya çırpdı, nəsə demək istəyirdi, amma fikrini dəyişib mətbəxdən çıxdı. Bu neçə il ərzində o, bir dəfə olsun Sənubərə güldən ağır söz deməmişdi. Sənubər üçün onun əlini masaya çırpması artıq səbrinin tükənməsinin işarəsi idi.
Səhər tezdən, səhər yeməyi yemədən evdən çıxdı Bəxtiyar müəllim. Sənubər qapının səsini eşidib onun getdiyini anladı. Həyat yoldaşının qəlbini qırdığını bilirdi. Amma yenə də özünü haqlı çıxarmağa çalışırdı.
Yataq otağına keçəndə Bəxtiyarın telefonunun yenə evdə qaldığını gördü. Bir qədər gözlədi. Amma bu dəfə o, qayıtmadı.
Bir neçə saat sonra telefona zəng gəldi. Ekranda “Elnarə R.” yazılmışdı. Əvvəlcə zəngə cavab vermək istəməsə də, qadının israrla zəng etdiyini görüb marağına hakim olmayıb telefonu açdı.
– Alo! Bəxtiyar müəllim… – telefonun digər ucundan qadın səsi eşidildi.
– Buyurun, kimdir?
– Bəxtiyar müəllimin telefonu deyil?
– Onun telefonudur, mən həyat yoldaşıyam. Bəxtiyar müəllim telefonu evdə unudub. Kimdir?
– Sənubər? Sənsən?
– Bəli… Siz?
– Mənəm də, Elnarə. Sizin köhnə məhəllədən, Rzanın həyat yoldaşı.
Sənubər bir anlıq susdu, sonra özünü toplayıb nə baş verdiyini anlamağa çalışdı.
– Rzanın… Elnarə? Hə…
– Bəxtiyar müəllimdən bir neçə dəfə nömrəni istəsəm də, deyəsən unudurdu, sonra da utandım. Necəsən?
– Yaxşıyam. Bəxtiyar deməyib heç…
– Hə… Bizim uşağı təmənnasız hazırlaşdırırdı neçə ildir. Rza borc ucbatından bizi atıb ölkədən qaçdı… eeh, uzun söhbətdir, görüşəndə danışaram.
– Allah köməyiniz olsun… – deyə bildi sadəcə Sənubər.
Elnarə şad xəbər vermək üçün zəng vurduğunu, oğlunun buraxılış imtahanından yaxşı nəticə aldığını deyirdi, lakin Sənubərin fikri Bəxtiyarın yanında idi. Nə qədər incitmişdi həyat yoldaşını, necə utanırdı dediyi sözlərdən… Bəxtiyar Rzanın vəziyyətini bilsə də, ona heç nə deməmişdi, hətta Rzanın ailəsinə yardım etdiyini belə bir dəfə olsun evində dilə gətirməmişdi.
Telefonu söndürər-söndürməz Sənubər əynini tələm-tələsik dəyişib evdən çıxdı. Həyat yoldaşının yanına tələsirdi, telefonu ona çatdırmaq bəhanəsi ilə gedirdi, lakin məqsədi sadəcə onu görmək idi. İlk dəfə idi ki, illər sonra Bəxtiyar üçün bu qədər darıxdığını hiss edirdi. Tək istəyi onu görmək idi. Yolun yarısını metro ilə, tıxaca düşməmək üçün digər yarısını isə taksi ilə getdi.
Məktəbə daxil olanda girişdəkilər ona Bəxtiyar müəllimin təcili yardımla yaxındakı xəstəxanaya aparıldığını dedilər. Sənubərin sanki dünyası başına uçdu. Qəlbini incitmişdi… Ürəyini ağrıtmışdı həyat yoldaşının, ona görə olmuşdu… Özünü günahlandıraraq, dayanmadan ağlaya-ağlaya taksi ilə xəstəxanaya getdi.
Xəstəxanaya girəndə Bəxtiyar müəllimin dəhlizdə həkimlə danışdığını gördü. Dərindən nəfəs alaraq hönkürməyə başladı. Girişdəki tibb bacıları ona yaxınlaşıb yaxşı olub-olmadığını soruşdular. Səsə tərəf dönən Bəxtiyar həyat yoldaşını görüb təəccübləndi və ona doğru iti addımlarla gəldi. Sənubərə su verdilər. Bəxtiyarın epilepsiyası tutmuş bir şagirdlə birlikdə xəstəxanaya gətirildiyini dedilər.
Sənubər sakitləşib oturacaqlardan birində oturdu. Bəxtiyar əlini onun çiyninə qoyub təlaşla soruşdu:
– Nə işin var burada? Nə olub? Niyə ağlayırsan?
Sənubər çantadan onun telefonunu çıxarıb başını aşağı salaraq dedi:
– Elnarə zəng vurmuşdu… Rzanın… oğlu yaxşı yazıb…
Bəxtiyar müəllim sanki nə baş verdiyini anlamırmış kimi:
– Həə, nə gözəl. Şükür, – dedi.
– Sonrakı peşmançılıq fayda verməz, deyib atalar, amma…
– Nə danışırsan sən? – deyə gülümsədi Bəxtiyar müəllim.
– Yaxşı ki səni seçmişəm, Bəxtiyar. Bağışla məni.
– Qalx. Evimizə gedək, – deyə həyat yoldaşının qolundan tutub qalxmağına kömək etdi Bəxtiyar.
Aristotelin də işarə etdiyi kimi, “Peşmanlıq hissindən məhrum olan insan sağalma yolunu tapa bilməz”. Peşmanlıq insanın özünə baxa bildiyi, həqiqətlə üzləşdiyi andır.
Mən görüşə gedirəm, Məni bir qız gözləyir. Gün əyilir, yel əsir, Yarpaq yarpağa dəyir. Məni bir qız gözləyir. Tələsirəm… bilmirəm, Heç niyə tələsirəm… O qızın gülüşünü görməyə tələsirəm… Çənəsindən, üzündən öpməyə tələsirəm. Dəyişmərəm mən onu dünyada heç bir qıza. Gözü moruğa bənzər, ətri təzə yarpıza. Elə ki, axşam olur, yarpaq yarpağa dəyir; bir bağçada hər axşam o qız məni gözləyir. Mən görüşə gedirəm; Balam məni gözləyir, Qızım məni gözləyir.
Nə olar gül özünə məni əgər yar eləsə, gənc ikən- qocalmadan ömrü bəxtiyar eləsə, ya duyub sevdiyimi, qəlbinin hökmüylə edib, yada ki, heyran olub qeyri-ixtiyar eləsə?
Nə olar gözlərini- gözlərimə zilləyəyərək, dərdimi ya bilərək, yada bunu bilməyərək, bircə an rəhm eləyib göylər üzündən enərək dərdimnən öldüyünü yer üzünə car eləsə?
Nə olar çəxri-fələk dönsə yönü mən tərəfə, yönəlsə illərimi taleim gülən tərəfə, döndərsə yar yolunu bizlərə gələn tərəfə- Xəbislər gözlərini bu ülfətə kor eləsə?
Nə olar, Vahid ƏZİZ, yar görsə qəlbin çəkəni, görə bilsən ömrünün Dərgahda rəsmin çəkıni? Nə olar ki, röyada gördüyüm xoş günlərimi, qismətim rəhmə gəlib bir gün aşikar eləsə?
Bir-iki kəlmə dua, beş-altı kələmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi.
İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi.
Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi.
Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi.
Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüd bizi.
Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki, mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi.
Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!
Sənin baxışların yad baxışıdı. Biraz ötəridi, yaz yağışıdı. Buda bir taledi bir naxış idi Daha ürəyində yaşamaq olmur.
Qış olub ruhumu üşüdür hərdən Yaş olub qəlbimə süzülür bəzən Çox vaxt boğuluram mən bu qəhərdən Sənin ürəyində yaşamaq olmur.
Köçəri quş kimi uçub gedəcəm Gözündən yaş kimi düşüb gedəcəm Başqa bir ürəyə köçüb gedəcəm Sənin ürəyində yaşamaq olmur.
Mənə çox uzaqsan, heç çatmır əlim Ay mənim ağılı, gözəl sevgilim Gəl məni bağışla, bağışla gülüm Sənin ürəyində yaşamaq olmur. Daha ürəyində yaşamaq olmur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bahar nəfəsli sinən güllələrə tuş gəldi, Ağu dedi bülbülün, qaranquşun nəğməsi. Çiçəklərin, güllərin gözlərindən yaş gəldi, Daraldı hər bir yerdə təbiətin nəfəsi. Şəhid ayım, aprelim!
Qönçə-qönçə gül açan güllərin güllələndi, Şəhid ətrin yayıldı, qara geydi buludlar. Hər arzun, hər diləyin qəlbində düyünləndi, Torpağına, daşına başın əydi buludlar. Şəhid ayım, aprelim!
Dalğalandı dəniz tək, çaxdı ildırım kimi, İgidləri hayladı azadlığın işığı. Ölümə sinə gərən ərən oğullarına, Əbədiyyət yaratdı o bahar yaraşığın. Şəhid ayım, aprelim!
Nəfəsində igidlik toxumları səpildi, Şəhidlərin ruhunda açıldı danın gözü. Qönçələrin qan əmdi, küləklərin acıdı, Çiçək açdı dilində azadlıq adlı sözün. Şəhid ayım, aprelim!
Vətən adllı tarixin düşüb igid payına, Aprel şəhidlərimin qızıl səsli bu ünü. Şəhidlərim doğuldu dil açdı sinən üstdə, Apeliin ikisində yazıldı doğum günü. Şəhid ayım, aprelim!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
2 aprel gününə, Göy də matəm saxlıyır. Dünəndən dolub gözü, İçin-için ağlıyır…..
Ağla millətim, ağla, Yurdun qana boyanlb. Amma bir az sevin ki, Qeyrətimiz oyanıb.
Sən də qarşıla Vətən, Yenə şəhidin gəlir. Xidmətin vurub başa, Şəhid… igidin gəlir.
Gözaydınlığı verin, Hər şəhid atasına. Analar ağı desin , Şəhidlik butasına..
Dəvətnamələr yazın 2 aprel gününə. Subay şəhidlərimin Bu günkü toy düynünə.
Uğurunda öldüyü, Torpağından ev verin. Bəy libaslı bayrağı Gözləri üstdə sərin.
Şəhid Qarabağımız Allah, nağıla döndü. Hər daşı, hər qayası, Şəhid oğula döndü.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Sonra necə oldusa.. Dünən axşam qəribsədim bir qucaq. Bu şəhəri gizləməyə çalışdım gözlərimdə.Doluxsundu od-ocaq.
Sonra necə oldusa, Çərşənbələr yekunlaşdı o gecə. Dedilər ki: “elimizdə bayramdı” . Telefonlar təbrikləşdi eləcə. Hər bəhəsə şahid olduq- seyrandı.
Sonra necə oldusa, bağlı qapı arxasında böyüklər, bağlı qapı qarşısında kiçiklər gizləndilər,qapıları döydülər. Gözlədilər.. Gözlədilər.. Olmadı.. Papaqları əllərində qayıtdılar-içiboş. Ürək ilə qapı açan olmadı ki olmadı. Bizim yoxsul uşaqlığa baxanda bu xəsislik ürəkaçan olmadı ki… Olmadı!
Külək qəfil qəzəb ilə əsincə küçələrin ocaqları sönürdü. “Heç belə də bayram olar?” deyəndə uşaqların gözlərində neçə ümid ölürdü. Dünya mənim gözlərimdə dönürdü.
Sonra necə oldusa.. Qarışdırdım fikirləri birtəhər Yumurtalar toqquşdurduq o gecə. Küsüb-küsüb barışdılar uşaqlar. Bilmədi heç bu şəhərin özü də, Toz bətnində məyus neçə uşaq var.
Getmək kimi bir istəyə tutuldum. dünən axşam qəribsədim bir qucaq. Gecə yatdım anam gəldi yuxuma, dedi:” qızım, hərdən olan olur da.. Gerçək həyat budur da!
İşıq olur, Günəş olur yaradanın sevgisi. Dünya dönür, insan ölür, yol bitir. Son günədək qəribsəyir adamlar. Qapıların qarşısında qəfildən ümidləri qırılan o uşaq tək yetim qalmış bu şəhəri buraxma, nə qədər ki,açılmamış qapı var.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Ara-sıra yadıma da düşürsən, Ara-sıra darıxıram da sənsiz. Əvvəliydi, yarısıydı, sonuydu, Harasından qayıtmışdıq yolu biz?
Hər şey eyni- bilmədinsə, bilmə heç, Düzəldirəm dağıtdığın düzəni. Belə asan, belə sadə, belə tez Nə bilmişdin, unudarammı səni?
Ara-sıra gülürəm sözlərinə, Telefonda səsin qalıb, silmirəm… Ara-sıra düşürəmmi yadına? Məni necə unudursan, bilmirəm.
Yoxdur buğdanın qanadı; Yük olmadan qarışqaya Uçsun sünbüldən yuxarı, Bitsin torpaqdan aşağı. Sən də bir gün külək olsan, Yağışın yolunu kəssən, İslatdığı hər telinin Dilini, boyunu kəssən, Ağlar ürəkdən yuxarı, Susar daraqdan aşağı. Gözləginən yarasanı Alatoran düşən vaxtı. Gündüzləri haraylama, Gecələrə düşər baxtı. Qaçar gözündən yuxarı, Enməz qulaqdan aşağı. Yıxılmısan, əzilmisən, Qanamısan zaman-zaman. Dizlərinə vaxtın izi Düşüb qapaqdan yuxarı, Sızıb topuqdan aşağı. Adını da unutmusan, Gözünün rənginə kimi. Eşqin yaman çaşbaş qalıb Səni gözləyənə kimi; Baxıb günəşdən yuxarı, Görüb ocaqdan aşağı. Hərdən vicdanın sızlayıb, İçin-için göynəmisən. Bir az Allahdan yuxarı, Bir az dodaqdan aşağı…
Zülmətin Çırağı
Tək-tək asılıb yenə , Pəncərəmdən qorxular. Səssizliyin gözünə Səs qatıbdı yuxular. Arzular xəstə düşüb, Canı şərin əlində. Ürəyimi tapıram Tez -tez yerin dibindən. Günahlarım boy verib, Vicdanımın boyuna. Zəhərləyib qanımı, Alışmışam huyuna. Nəyə həvəslənib ki, Duaların ağrısı? İtirmişəm içimdə Mərhəmətin Tanrısın. Sübhə kimi qəm tökdüm , Zülmətin çırağına. Saçımdan kəsib verdim Şeytanın darağına…
Yarı Kağız…
Son çiçəyin üst-başı, Toza düşdü bu payız. Harda qoruyum onu? Kitabım yarı kağız . Yarısı sözdü, qəmdi, Yazısı cəhənnəmdi, Sandıqda yeri nəmdi, Olacaq sarı kağız .
Sarı ayrılıq dəmi, Həsrətin tutdu gəmi, İçimdə batan məni Çıxartdı quru kağız . Quru vərəq nə gözəl, Bəxtə ,yazıya dözər. Məktubla doldu Xəzər , Daşacaq geri kağız…
Qubernator Bağı
Yarpaqlar mövsümünü yaşamışdı, Gecikdim… Şamın ömrü gənc idi Boyumdan xeyli hündür, Yaşımdan çox balaca… Dəlisov xəzri yenə Dağıdırdı saçlarımı sonacan; Qubernator bağında, Bizim evdən buracan… Üşüyürdü əllərim, Əlcəyi unutmuşdum, Çətirimin yanında. Külək niyə dolanır Bu əsəbi qanımda? Bürünmüşdüm fevralın Soyuq rəngli donuna; Havadan ətri gəldi, Ən sevdiyim qəhvənin Soyuqlamış burnuma… Daşdı Xəzərin səsi Ürəyimdə birə-bir.
Bu gün Qubernatora, Dərdimi, kədərimi Danışmışdım elə bil…
Aya Doğru
Bir iz qalıb yerdən uzaq, Bir addım var göyə doğru. Hansı ulduzun tozuyam Üzüm baxır aya doğru?! Sanma, zil muğam üstəyəm, Şur dinləyən can üstəyəm. Ömrü yenidən izləyən Təqvim asdım saya doğru. Çox işlədi buz dolabım, Dondu içində inadım. Gizlətməli yerdi sandım Gün görmədi yaya doğru.
“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında sizlərə Fərqanə Səfərlinin şeirlərini təqdim edir.
GƏLİRƏM
Yerin pis əməlindən Üşüyürəm, İlahi – Göydə bir ocaq qala, Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər Mələklərə yol açıb – Dəftərimi bilməkçün Arınmağa gəlirəm.
Qaranlıq peşimandı, Qardaş bilib işığı – Kəfənin iç üzünə Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini Doğuluşdan itirdik – Bir kəpənək belində Barınmağa gəlirəm.
YENƏ
Yenə durna qatarı, Yenə sazaq bir hava. Yenə könlüm yön alır O isti uzaqlara…
Yenə gün batımını gözləyir qamış səsi, Bir də həsrət qoxuyan Kədərimin naləsi…
Yenə günəş gedəcək Öz doğma ocağına. Yenə düşər qaranlıq Yerin kor bucağına.
Yenə… Yenə burda mən, Bir də azğın ümidlər- Həm məni, həm özünü Xəyallara kilidlər.
SEVGİ VALSI
Gəl, rəqs edək səninlə, Mələklər savab yazsın Çiynimizdə ritmlə… Gəl, üzümüz ölümə Dözək hər bir zülmə. Zaman şərə qarışsın, Gecənin işıqları Gözümüzdən alışsın…
Tərləsin əllərimiz Valsın şən notlarında. Büdrəsin ayağımız Zər qırçınlı donumda. Cismim ağırlıq etsin, Sol qoluna əksimi – Oynayaq sənin ilə Ölümsüzlük rəqsini.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mark xatırladıqca mən də yada salıram…
(Kəlbəcər alınandan sonra bir anlıq özümü orda hiss etdim)
Qoynunda keçibdir uşaqlıq çağım, Necəsən a çiçək, gül Kəlbəcərim. Doyub həsrətindən cana gəlmişəm, Kösövdü ağzımda dil, Kəlbəcərim.
Gəzib dağlarının çəmən üzünü, Sinəmə tuş etdim bulaq gözünü, Sənli günlərimin həsrət izini, Apardı nə yaxşı yel, Kəlbəcərim.
Ana qucağıdı köksü hər daşın, Nə yaxşı qalmadı yerdə göz yaşın, Sənə zülm edəni tutdu qarğışın, Yudu həsrətini sel, Kəlbəcərim.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Burax əllərimi, qoy çıxım gedim, Nəyinə lazımdır sənin bu sevgi. Həsrəti gözümə qoy sıxım, gedim, Olsun üryəyimə qənim, bu sevgi.
Nə əlhəd daşıyam, nə ümid yeri, Yonulub, yoğrulan qəm ağacıyam. Burax əllərimi qoy çıxım gedim, Bəlkə bir ürəyin ehtiyacıyam..
Ağacdan yonulub, daşdan yonulub, Bəxtimin naxışlı oyuncağı tək. Qıfıl da asılıb könül taxtından, Nəzəri qaytaran göz muncuğu tək.
Burax əllərmi, a sevda yolçum, Kipriyim asılıb göz yaşlarımdan. Qurtara bildim ki, sevəm də səni, Taleyin atılan bəd daşlarından.
Burax əllərimi qoy çıxım gedim.. İsti baxışında əriyən buzam. Bu ömrün qışında axı nə edim? Mən sevgi bağına gec gələn yazam.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Ayağım yerdən kəsilir, Uçmağın dadın bilirem. Onu dayağım bilirəm, Onu qanadım bilirəm.
Yaşadımmı bundan əvvəl? Həyat varmış sondan əvvəl. Kimiydim ki, ondan əvvəl? Mən indi qadın bilirəm.
Bu nə təhər, bu necə sirr? Hayandan baxsan, bilinir. Yadım, yaddaşım silinir, Tək onun adın bilirəm.
Ayağım yerdən kəsilir, Uçmağın dadın bilirem. Onu dayağım bilirəm, Onu qanadım bilirəm.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən, Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən…
44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun, Zaman-zaman ürəklərdə bu zəfərin eşqi aşıb-daşar olsun!
Əli silah tətiyində, şirin candan keçənləri ehtiramla anmadayıq, Ana Vətən, qanım sənə halal deyib: Şəhadəti seçənləri ehtiramla anmadayıq!
Azərbaycan, gör nə gözəl məğrur-məğrur dalğalanır bayrağımız! 30 ildə görülməmiş çiçək açır, gül bitirir torpağımız!
“Dəmir yumruq” ətrafında birləşərək, güc göstərən millətin var, Bu millətin var olduqca, yaşadıqca sənin hər an qüdrətin var!
O millət ki, namusunu, qeyrətini qoruyaraq cihad etdi… Yağı düşmən viran qoymuş torpaqları qarış-qarış azad etdi!
O millət ki, uğurunda bir ölərsə min doğular, min yaşadar, Sənə əyri baxanları yox etməyə sinəsində kin yaşadar…
Sənə nankor çıxanlara havan, suyun haram olsun Azərbaycan! Gecə-gündüz keşiyində duranlara salam olsun Azərbaycan!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Səsi dönən haqq səsinə. Nursan “ODLAR ÖLKƏSİ”nə. Yağı düşmən həmləsinə, Sinəsi sipər olanım.
Dişə-diş, qana-qan dedin, Köməkdir YARADAN dedin. Öpüb bayrağı can dedin, Canında hünər olanım.
Dik tutanda sən qəddini, Bildi düşmən öz həddini. Qorudun yurd sərhəddini, Yurduna çəpər olanım.
İgidlik ruhun, canında, Namus, qeyrət var qanında. Zəfər, hünər meydanında, Biri, on nəfər olanım.
Ər tək, şir tək yarandın sən! Öz gücünə inandın sən! “ÖLMƏZLİYİ” qazandın sən! Amalı zəfər olanım.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Birinci addım: tərketmə
Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur.
Məsafə… Əvvəllər bu sözü önəmsəməzdim, lakin indi beynimdə ən çox gəzib-dolanan, məni incidən bir sözə çevrilib – məsafə. Önəmli olan onun yaşamasıdır, səndən uzaq olsa da yaşaması… Bu gün məsafəli sevgiyə bir tamaşaçı gözü ilə baxıb, olanları dərindən hiss edərək düşündüm, sanki özüm yaşayırmışam kimi qəbul edərək…
İki sevgili, lakin insan deyil, hər gün gördüyümüz, bəzən əhəmiyyət vermədiyimiz ağaclar… Həmin ucqar kəndin kənarındakı torpaq sahəsində bu iki ağacdan başqa ağac gözə dəymirdi. Bu ağacları sahənin yaxınlığındakı evin sahibi əkmişdi. Yay günlərində əkin-biçin işlərində günəşdən daldalanıb kölgəsində dincələcəkdi. Onları yanaşı deyil, aralı – məsafəli əkmişdi. Uzaqdan seyr edə, görə bilirdilər bir-birlərini bu iki kiçik ağac. Amma ümidlərini üzmədən gözləyirdilər. Hər il bir az daha böyüdükcə yaxınlaşırdılar, qol budaqları artdıqca sevinirdilər. Günbəgün, aybaay, ilbəil məsafələri geridə qoyurdular. Ümidlə yaşayaraq, qovuşacaqları günü gözləyərək böyük, yetkin ağac olmuşdular artıq.
Yaz gəldi, daha da uzadı budaqlar, lakin qovuşmalarına bir yaz daha gərəkdi sevgililərin. Bunun üçün qarlı şaxtalı daha bir qış keçirməli idilər. Ancaq eyni havadan qidalanmaq, bir-birlərinin hər il yaşıllaşıb çiçəkləməyini görmək yetərli idi sanki. Güclü hisslərə sahib olub dilə gətirmədikləri halda bunu hiss etdirə bilirdilər bir-birlərinə sevgililər.
Sərt qış özünü yetirmişdi. Vaxtilə bu ağacları torpağa qovuşduran evin həyətindən bu dəfə əlibaltalı, mişarlı gənclər peyda oldu hardansa. Tərəddüd eləmədən ağaclardan birini kökündən baltalayıb apardılar… Dilsiz-ağızsız sevgili heç nə deyə bilmədi… Yalnız həmin evin damından çıxan tüstüyə baxıb ağladı səhərə qədər. Çarəsiz və dərdli…
Zaman öz işini görürdü. Yenə yaz gəlmişdi. Ancaq tək qalan sevgili əvvəlki kimi yarpaqlayıb-çiçəkləməmişdi. Bir həftəyə yaxın idi ki, tənha ağacın kölgəsinə sevgili olan qız-oğlan da ayaq açmışdı. Ağacın üstünü cızıb öz adlarını yazsalar da, tənha ağac ağrı hiss etmirdi. Onu incidən bu iki sevgilini birlikdə xoşbəxt görmək idi. Budaqları yavaş-yavaş quruyurdu. Hər yoldan keçən qurumuş budaqlardan qırıb yerə-göyə tullayırdı. Və yenə qış və yenə o insanlar… Ancaq daha ağlamırdı tənha ağac. Həmin insanları görəndə bu dəfə sevindi. Hər gün ölüb-dirilib əzab çəkməkdənsə, birdəfəlik məhv olmaq, bu əzabdan qurtulmaq istəyirdi. Balta boynuna dayananda son dəfə sevgilisi ilə birlikdə keçirdiyi axırıncı baharı xatırladı və onun üçün də qaranlıq çökdü…
Bunları düşündükcə məncə insan bircə qənaətə gələ bilər: Ondan uzaqda olsan da, aranızda məsafələr olsa da, onunla eyni kainatı, eyni havanı, eyni hissi paylaşmaqdan xoşbəxtlik hissi duymalısan. O yaşadıqca sən də varsan.
İkinci addım: qovuşma
Bəzən təbiətin özü məsafələri yox etmək üçün bizə ikinci həyat, ya da ikinci şans verir…
…Torpaq sahələrindən birində, bir ailə taxıl səpir, balaca uşaqlarsa oyana bu yana qaçaraq oynayırlar. Gizlənpaç oynayan uşaqlardan biri – balaca qız otların içində gizlənməyə çalışarkən otlardan heç seçilməyən yenicə baş qaldırmış ağacın üstünə oturub onu qırdığının fərqinə varmır. Balaca qız təbiətən ağacları çox sevirdi, amma indi xəbər tutunca çox pis oldu bapbalaca ağacın qırılmağına. Cibindən dəsmalını çıxarıb qırılan budağı yerinə ilişdirib bağladı. Evdən gətirdiyi yer-yeməyin içindən su gətirib ağaccığazın dibinə tökdü.
Buğda artıq cücərməyə başlamışdı və atası hər dəfə buğdanı suvarmağa gələndə balaca qız da ona qoşulub gəlir, artıq böyümək üzrə olan ağaca qulluq edirdi. Hər qış gələndə donmasın deyə ağacı yaxşıca bükürdü. Aylar dönüb il olurdu. Balaca qız böyüdükcə ağaccığaz da onunla bərabər ilbəil boy atırdı. Artıq balaca deyildi, qollu-budaqlı söyüd olmuşdu. Amma çox tənha idi söyüd… Ətrafında başqa ağac yox idi, ancaq insanlar. Bircə tanıdığı vardı, bu da ona qulluq edən qız idi. Möhkəm dost olmuşdular. Qız günəşdən gizlənəndə onu meh vursun deyə ağac budaqlarını əsdirərdi, yağış yağanda budaqlarını sıxlaşdırıb qızı gizlədərdi. Qız olmayanda budaqlarını kefsiz-könülsüz sallayardı; onu görəndəsə sevincindən yarpaqlarının hamısı xışıldayardı.
Günlərin birində qız bəyaz gəlinlikdə gəldi ağacın yanına, bu dəfə tək deyildi sevgilisi ilə gəlmişdi. Sevgilisinə ağacını göstərdi, sonra vidalaşıb ağacı öpdü. Sevgilisinin əlindən tutdu və tərəddüd etmədən qayıdıb getdi. Ağac bu gedişin son olduğunu bilirdi və ağlayırdı. Hər budağından, hər yarpağından tökülən yaş damcıları öz köklərinə axırdı, sanki özünə təsəlli verməyə çalışırdı.
…Gələcəyini ümid edərək gözü yolda qalmışdı söyüdün, ancaq qızdan xəbər yox idi. Ağaca qulluq edəcək, bəlkə də onun varlığından xəbərdar olan başqa heç kim də yox idi. Tənhalığa qərq olmuş ağac günü-gündən qurumağa başladı. Günlərin bir günü bərk tufan qopdu və ağacı kökündən çıxartdı. Qız özünü yetirdi, ancaq artıq gec idi… Ağacının can verdiyini başa düşən qızın sanki ürəyi dağlandı, haldan-hala düşdü. Qəfildən ağacın kök tərəfindən balaca söyüdün cücərdiyini gördü. Gözlərinə sanki işıq gəldi. Bu ikinci həyat, ikinci şans demək idi… Gözünün yaşını silə-silə balaca söyüdü ana kökdən ayırıb özü ilə apardı. Yaşadığı evin həyətinə gətirib ən gözəl guşəsində torpağa basdırdı.
– İllər keçəcək, böyüyüb anandan da qollu-budaqlı olacaqsan. Biz həmişə birlikdə yaşayacağıq. Uşaqlarımız səninlə, balaca söyüdlərinlə dost olacaqlar, – qız balaca söyüdə pıçıldayıb sevgilisinə sarıldı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Nə qədər günah tapdım kipriyində, gözündə. Barmağının izini sildim, təmiz olmadı. Silah dodaqlarından ikicə kəlmə atdın. Güllələr mat qaldılar, bax gör ölən olmadı?
Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil. Sözlər intihar ipi,- intihar da iş deyil. Şeir adlı namələr bir növ bildiriş deyil? Mesajlar çoxaldılar ; görüb gülən olmadı.
Bəzi dərdlər qurumur,insanı dərd qurudur Xatırlayandı yaddaş, bir də gördün – unudur. İçimə bir qurd düşür,quduzlaşır qudurur- Səni o qurdla boğdum, amma, gömən olmadı.
Könüldən dərd almağı öyrənmədi insanlar. Arxada xatirələr dərdlərimə əl sallar. Bir sevgi yaşadım ki,şahid oldu nisanlar. O sevginin külündə məni görən olmadı?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Onda payızdı havalar,- Qış da oldu, yaz da oldu. Bitdisə, nə fərqi günah Sizdə oldu, bizdə oldu.
Həsrətin yol yorğunudu, Ürəyimə dinc düşübdü. Dörd divarın içində Mənə bircə künc düşübdü.
Nədir ki, bu bəlirsizlik, Ya tut məni, ya at məni. Sənin dalınca göndərsəm, Yarıdarmı həyat məni?!
* * *
Bir addım irəli, bir addım geri, Yenə eyni çıxır yolların sonu. Mənə bu havada üşümək qalır, Bir də ki, bir də ki, düşünmək onu.
Təzədən doğulur bu ruh, bu bədən, İlahi, silinir yadım, yaddaşım. Əlim telefona gedir, qayıdır, Görən nə düşünür xəttin o başı?
Gecənin yarsına qurum saatı, Oyanım darıxım, yatım darıxım. Bu yaşda ərköyün ruhun başını Bilmirəm mən necə qatım… darıxım.
Ya bir də görməsəm, məni sevməsə? Əsən ürəyimdi, yel deyil əsən. Mən elə bilirəm səadət odu, O nə bilir, necə bilir, görəsən?
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü
Doğum günümə yazdığım şeir:
Yenə dolum başladı, yenə yaş üstünə yaş, Ömrüm qum saatında əriyir yavaş-yavaş. Ruhum inad eyləyən bir uşaq sayağıdır, Ürək ki var, dünənin sınıq oyuncağıdır…
Nə keçmişə əl çatar, nə gələcək bir liman, Bircə anlıq işığam, zülməti yırtan zaman. Öz içimə qonağam canımın süfrəsində, İçim içimi yeyir, bir köç ərəfəsində…
Nə gələn var, nə gedən, yol mənəm, yolçu mənəm, Yol da uzanıb gedir, yolun əlacı mənəm. Zaman kor bir dəyirman, üyüdür hər anımı, Mən bir toz zərrəsiyəm, bürüyür dörd yanımı.
Ulduzların dili lal, göy üzü bir dar qəfəs, Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs. Gözümdən sual yağır, mən hara, bu yer hara? Sirr mənəm, sirdaş mənəm, kim məni çəkir dara?
Məkan əbədiyyətin içində bir sancıdır , Varlığım yoxluğumun gecikmiş sevincidir. Yer üzü bir aynadır, məni də bağlayarmı? Mən sındım, ayna qaldı… Aynalar ağlayarmı?