Çilənay Nur Faiqdən yeni şeirlər

Sınmış ürəklərin çilik şüşəsi

Gedilən yollarda ayaqları dəlir.
Həsrətin çəkirəm o insanın ki,
Gedilə bilməyən yollardan gəlir.

Durub kənardan da seyr etmək olmur,
Qabağa getməyə hünərim yoxdur.
Ümidi, arzunu nəyə bağlayım?
Sabaha çıxacaq dünənim yoxdur.

21.08.2023


Getdiyin yollardan baxma geriyə,
Baxsan da, qayıtmaq şansını itirdin.
Sevgidən bir addım öndə gedəndən,
Bütün şanslarını tamam itirdin.

Seçdiyin həyatı get yaşa indi!
Amma ki, yoluma izin düşməsin.
Səni tapşırmışam öz vicdanına,
Peşmanlıq yoluna izin düşməsin.

Gözləmə ah edib, kin saxlayacam,
Mən o yaşlarımı çoxdan keçmişəm.
Sən mənim gözümü açandan bəri,
Doğrunun yolunu rahat seçmişəm.

01.02.2023


Göynəyir bağrımda sağalmaz yaram,
Sənin yoxluğunu unutmaq olmur.
Qurudu gözümdən tökülən yaşlar,
Qəlbə töküləni qurutmaq olmur.

Gedəndə baxmadın geriyə niyə?
Bilmədin, gözümün işığı sönər?
Nə ağır qanunu varmış dünyanın?
Sevdiyin insanlar torpağa dönər.

23.02.2023

Mənbə: https://edebiyyat.az/