
VAQİF OSMANLI
Ədəbiyyatmızın təkcə bütöv Azərbaycan coğrafiyasında deyil, qədim Şərqdə, Türk-Turan dünyasında, beynəlxalq aləmdə tanınan elə azman şəcərələri var ki, onlar söz sənətinin müstəqil qolu kimi öyrənilir, öyrəniləcək və həmişə tədqiq olunacaq. Belə nəhəng ədəbi söz və düşüncə nəsil ağaclarından biri Rasizadələrdir. Bu nəslin görkəmli nümayəndəsi Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas siması, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Caviddir. Cavid Əfəndinin, Rasizadələr nəslinin zəngin irsinin öyrənilməsinə məşhur ədəbiyyatşünaslar Əli Sultanlı, Məmməd Cəfər, Hüseyn Həşimli, Qulam Məmmədli, Əjdər İsmayılov, Rafael Hüseynov böyük ədəbi töhfələr verərək, zəngin ədəbiyyatımızda, belə demək mümkünsə, Cavid ədəbi məktəbi yaratmışlar.
Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Lütviyyə xanım Əsgərzadənin də Cavid yaradıcılığını hərtərəfli, həssas ürəklə araşdıran “Hüseyn Cavid və Şərq”, “Hüseyn Cavid mühiti və müasirləri”, “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” monoqrafiyaları Cavidşünaslığa önəmli töhfələrdəndir.
Lütviyyə Əsgərzadənin növbəti “Şeyx Məhəmməd Rasizadə” monoqrafiyası (“Elm və təhsil” 2024) sənətkarlıqla yazılmış ədəbiyyatşünaslıq nümunəsidir. Alim Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş araşdırmasında ədəbiyyatımızda, ictimai fikir, pedaqogika tariximizdə öz yeri olan, irsi az öyrənilən Rasizadələr nəslinin nümayəndəsi Şeyx Məhəmməd Rasizadənin ədəbi yaradıcılığına, müəllimlik fəaliyyətinə işıq salır. Bu əsərdəki bir çox ictimai-siyasi hadisələr məni düşünməyə vadar etdiyindən ən çox həmin məqamları önə çıxarmağa çalışacağam.
Birinci növbədə onu vurğulayım ki, monoqrafiyadakı “Şeyx” titulu heç kimi çaşdırmasın. Çünki islamda şeyx təriqət, qəbilə başçısı olmaqla yanaşı, həm də ağsaqqal, lider, qocaman, öyrədən mənalarını da daşıyır. Şeyx Məhəmməd məhz ikinci (ağsaqqal, qocaman, lider, öyrədən) fəzilət sahibidir.
Bunu müəllif daha aydın açıqlayır: “Mükəmməl müəllimliyi ilə yanaşı, həm də mükəmməl bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməyib, onlara diqqət, qayğı və doğru yol göstərib”.
Lütviyyə xanım vurğulayır ki, Naxçıvanda müxtəlif orta məktəblərdə, “Ünas” və “Zükur” Pedaqoji texnikumlarında çalışan Şeyx Məhəmməd Ümummilli lider Heydər Əliyev, akademiklər Yusif Məmmədəliyev, Həsən Əliyev, Məmməd Cəfər Cəfərov və Abbas Zamanov, Lətif Hüseynov kimi alimlərə dil-ədəbiyyatdan dərs demişdir.
Məhz buna görə də Lütviyyə xanım Şeyx Məhəmməd Rasizadə kimi elmli, bilikli, vətənpərvər, xalqını, Vətənini sevən mənəvi zəngin insanları “fani ikən əbədi olanlar” kimi təqdim edir.
Daha bir dəhşətli faktı müəllif ürək ağrısı ilə yazır: “Təəssüf ki, rejim bu mükəmməl insanın, mükəmməl müəllimin üzünü heç güldürməyib. Hüseyn Cavid əfəndinin təbirincə desək: “İblisə uymuş” rejimin qorxusu Şeyx Məhəmmədin canına elə hopub ki, canı qədər sevdiyi “qardaşı və dostu” Cavidin xatirələrini və özünün arxivinin əksəriyyətini, evlərində axtarış aparılsa, şübhə doğura biləcək bütün yazılarını, kitablarını, şəkillərini yandırıb, məhv edib”.
Amansız, mənfur, mərhəmət hissini itirmiş, qana susamış rejim bütün işıqlı insanlara qənim kəsilmişdi. Hətta “Daim alqışlayırlar səni qabarlı əllər, Necə ki, alqışlamış Lenin, o böyük rəhbər”, “Mədəniyyət baqının baqbanıyıq, Sosyalist yurdunun qəhrəmanıyıq” misraları, “Yeni qadrolar”, “Traqtorçular”, “Pambıq nobarı”, “Qolxoz naxırı qayıdarkən” şeirləri Şeyx Məhəmmədi qırmızı imperiyanın quduz cəlladlarının pəncəsindən qurtara bilmədi. Axı o, fəlsəfi düşüncə nəhəngi, iblis xislətli qanlı rejimin qatı düşməni Hüseyn Cavidin qardaşıydı, Rasizadələr nəslinin ağsaqqalıydı. Bütün ömrünü Naxçıvanda yaşamış Şeyx Məhəmmədin məzarı belə məlum deyil.
“Məhəmməd Rasizadə “Şeyx paltarını dəyişib, sovet müəllimi paltarını geyinib, sovet şapkası qoysa da, heç nə onu bədxahların əməlindən uzaq tuta bilməyib” (Rəfail Hüseynov).
L.Əsgərzadə Rasizadələrin nəsil şəcərəsinə ekskurs edir, bu məşhur nəslin nümayəndələrinin Azərbaycanın ədəbi, ictimai-siyasi həyatında həmişə ön sırada olduğunu, onların mənəvi keyfiyyətlərini önə çəkir.
Siyasi durumu dayanıqlı və etibarlı olmayan, əsasən ziyalı ordusunun ovuna çıxan xalqlar həbsxanasında, əlbəttə, Rasizadələr kimi işıqlı insanlar həmişə hədəf olub, insanlığa dəyər verilməyən mühitdə Rasizadələrdən tiranlar, müstəbidlər, işığa allergiyalılar həmişə qorxublar. İşıq onların gözünü kor edə bilərdi, necə ki, etmişdi. Əslində belələri anadan kor doğulmuşdular.
Çoxumuzun yaxşı tanımadığı Şeyx Məhəmməd Rasizadə kim olduğunu və monoqrafiyanın tanıtımını, müəllifin məqsədini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba ön sözündə açıqlayır: “Şeyx Məhəmməd Rasizadə” monoqrafiyası Azərbaycan elmi, ədəbi-ictimai fikrinin inkişafında böyük xidmətləri olmuş Rasizadələr nəslinin tanınmış bir nümayəndəsinin çoxcəhətli fəaliyyəti haqqında ümumiləşdirilmiş təsəvvür yaradan qiymətli tədqiqat əsəridir. Bu, Cavidlər ailəsinin müəllim oğlu Şeyx Məhəmməd Rasizadənin keşməkeşli taleyini və ədəbi-pedaqoji fəaliyyətini yeni arxiv sənədləri, dövrü mətbuat materialları əsasında işıqlandıran bələdçi kitabdır”.
Şeyx Məhəmməd Rasizadə istedadlı şair kimi XX əsrin əvvəllərindən “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tazə həyat”, “Təkamül”, “Füyuzat”, “Açıq söz” kimi qəzet və jurnallarda, sonralar sovet mətbuatında, xüsusilə “Şərq qapısı” qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şeirlər dərc etdirib. Hüseyn Cavidin həbsindən sonra təzyiq və təqiblərə məruz qalan Şeyx Məhəmməd Rasizadə 1939-cu il dekabrın 24-də vəfat edib. Ədəbi irsi Hüseyn Cavidin Bakıda və Naxçıvandakı xatirə muzeylərində saxlanılır. O, Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin babasıdır.
“Mənbələrdə qatı dindar kimi xatırlanan Molla Abdullanı Hüseyn Cavid öz xatirələrində “başı əmmaməli ziyalı” adlandırıb, “o əmmaməli mollanın ayıq başı, böyük ürəyi var idi. O, başı əmmaməli ziyalı idi”, – deyə bəhs edirdi. Məhz maarif tərəfdarı olması ilə əlaqəli idi ki, Molla Abdullanın 4 oğlu Şeyx Məhəmməd, Hüseyn Cavid, Əlirza və Molla Əhməd təhsili və bilikləri ilə tanınıblar” (L.Əsgərzadə).
Lütviyyə Əsgərzadə Məhəmməd Rasizadənin ədəbi yaradıcılığını dərindən araşdıraraq, onun müəllimliyi ilə yanaşı, onun mühərrirliyinə, şairliyinə də əhatəli yanaşır. “Ot kökü üstə bitər” deyib babalarımız. Rasizadələr nəsil ağacı böyük söz, sənət dahiləri bitirib. Onların içərisində insan hisslərin tərənnüm edən Azərbaycan poeziyasının Cavid zirvəsi hələ də yetərincə fəth olunmayıb.
Monoqrafiyada təkcə əqidəsinə sadiqlər üçün yox, cəsarətsizlərə həyat dərsi olacaq bir məqam məni düşündürdü. Həcmi bir qədər böyük olsa da, həmin xatirəni yazıma köçürdüm. Bilirəm ki, dəyərli örnəyə, mənəvi meyara, insanlıq dərsinə çoxumuzun ehtiyacı var. Mənəvi bütövlük insanlığın zirvəsidir.
Lütviyyə xanım yazır: “Yaradıcılıq kredosunu “Mənim tanrım gözəllikdir, sevgidir!” şəklində bəyan edən və şeirində “traktor” olmadığı üçün tənqid olunan Hüseyn Cavid müasirlərindən birinə belə əhvalat danışır: – Bir dəfə Azərbaycanın o zamankı xalq maarif komissarı Mustafa Quliyev Hüseyn Cavidi evinə çay içməyə dəvət edir. Cavid bu dəvəti məmnuniyyətlə qəbul edib, axşamçağı onun mənzilinə gedir. Çay içdikdən sonra M.Quliyev onu özünün kabinetinə aparır. Cavidin diqqətini xalq maarif komissarının kabinetinin divarına vurulmuş şəkillər cəlb edir. Yağlı boyalarla çəkilmiş bu şəkillərin içərisində təbiət təsvirləri, gözəl qadın portretləri, natürmortlar və sair var imiş. Onlar kabinetdə oturub söhbət edərkən M.Quliyev Hüseyn Cavidə deyir: – Yoldaş Cavid! Siz çox böyük şairsiniz, xalq sizi çox sevir. Lakin sizin poeziyanız bizim yeni həyatımızdan çox geri qalır. Siz ancaq təbiət, məhəbbət, gözəl qadınlar və sair bu kimi apolitik mövzularda yazırsınız. Siz kəndlərimizdə yaranan dəyişikləri görmürsünüz? Kənddə həyat kökündən dəyişilib, kolxozlar təşkil olunur, çöllərdə traktorlar işləyir. Lakin təəssüflə deməliyəm ki, sizin şeirlərinizdə biz traktora təsadüf etmirik. Bəs siz nə vaxt traktor haqqında yazacaqsınız? Böyük sənətkar özünəməxsus müdrikliklə kabinetin divarlarından asılan tabloları göstərib kinayəli təbəssümlə belə cavab verir: – Yoldaş Quliyev! Sizin kabinetinizin divarlarında nələr görürəm? Təbiət, məhəbbət, gözəl qadın, alma, armud, qədəh, kuzə və sair. Bu divarlardan bir dənə də olsun traktor şəkli asılmayıb. Axı traktorlar bizim çöllərimizə səs salıb. Nə üçün bu qadın portretlərinin yanından bir dənə də olsun traktor şəkli asmayıbsınız? Cavidin gözlənilməz sualından sonra Quliyev deyir: – Siz nə danışırsınız, yoldaş Cavid! Bunlar bədii lövhələrdir. Traktorun bunların yanında nə işi var? Cavid yenə kinayə ilə cavab verir: – Yoldaş Quliyev! Siz nə fikirdəsiniz? Bəs mənim şeirlərim bədii lövhələr deyil? Siz niyə öz tırtıllı traktorlarınızı mənim şeirlərimin içinə salırsınız? Əgər sizin divarlarınızdan bircə traktor şəkli asılsa, o zaman siz traktorun səsini mənim şeirlərimdən də eşidərsiniz…” (“Cavidi xatırlarkən: Hüseyn Cavidə həsr olunmuş məqalələr və xatirələr”).
Bu xatirəni oxuyandan sonra əqidəsi qarşısında həmişə baş əydiyim Cavidi bir daha kəşf etdim, ürəyimdə Səməd Vurğunun “Əyilməz vicdanın böyük heykəli” misrasını vird etdim. Bəxtiyar Vahabzadənin təbirincə desək, “Vuruşuruq! Bizdən öndə dayanmışdır məramımız, məqsədimiz!”. Bu, şərəfli yoldur, ləyaqət yoludur, Cavidlərin yoludur!
“Cavidin birinci ustadı” (Mişkinaz Cavid), Cavidin himayəçisi, yol göstərəni, gələcəyini uzaqgörənliklə görəni, “könlünü din, fəlsəfə və elmi hikmətə bağlayan” (Naxçıvan ensiklopediyası, 2002) Məhəmməd Rasizadə Caviddən dörd yaş böyük olsa da, onun həyat yolunun isiqamətləndiricisi, mayakı olub. Əgər Rasizadələr nəsli olmasaydı, bilirsinizmi ədəbiyyat tariximizdə nə qədər boş səhifələr olardı? Cavidi Türkiyəyə oxumağa göndərən də Şeyx Məhəmməd olub. Bu, dörd yaş böyük qardaşın böyüklüyü, uzaqgörənliyi, kiçik qardaşının gələcəyinə inamı idi.
Nə yaxşı ki, bu dünyada zəngin mənəvi dünyasından, əxlaqi fəzilətindən, dünyagörüşündən örnək, dərs götürüləsi şəxsiyyətlər var. Belə insanlarsız ətrafımız necə görünərdi?!.
“Şeyx Məhəmməd iki bənd şeirində ondan qardaşı Cavidi ifşa etməsini istəyən, ifşa etmədiyi üçun onu işdən çıxaran məmurlara cavab verirdi” (L.Əsgərzadə).
Mən müxbirəm, doğru yoldan azmaram,
Əyrini düz, düzü əyri yazmaram.
Saf aynatək gördüyünü göstərib,
Həqiqəti xatir üçün pozmaram.
Haqq söz üçün min bir dəfə əzilsəm,
İşsiz qalıb, dildən düşüb üzülsəm,
Düşmənin üzünə namərdəm gülsəm,
Dostuma heç zaman quyu qazmaram.
Bu misralar “mürəkkəb və ziddiyyətli zamanda yaşamağa məhkum olan səhv zamanın doğru insanının” (L.Əsgərzadə) ömür kredosu, amalı, məsləkidir.
Lütviyyə xanımın yaradıcılıq yoluna bələd olanlar bilir ki, o, heç vaxt yazmaq xatirinə yazmır. Onun təxəyyül məhsullarındakı səmimilik, faktları dərindən araşdırmaq məsuliyyəti, araşdırma yolunun özünəməxsusluğu, müraciət etdiyi mövzuya yanaşma tərzi, istedadı, təxəyyülü, təhkiyəsi, ədəbi fantaziyası, alim bacarığı, dahilərin müdrik kəlamları ilə mülahizələrini mükəmməlləşdirməsi, ana dilimizə sayğısı bu qənaətimi təsdiq edir. O, oxucularına həmişə yeni bilik, informasiya ötürməyə çalışır, onları yormur. Bu, araşdırmaçı ədəbiyyatşünasın yaradıcılıq yolunun ana xəttidir. Deyilən kriteriyaları onun müəllifi olduğu kiçik həcmli məqalələrdən tutmuş, fundamental əsərlərə qədər bütün əqli məhsullarında aydın görmək mümkündür. “Şeyx Məhəmməd Rasizadə” də digər monoqrafiyalar kimi, məhz bu məziyyətlərin vəhdətindən yaranmış ədəbi nümunədir.
oktyabr 2026