Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Başımdan ayağıma damarımda qan donub
Gözlərimin kədəri siqaret dumanında
Ürəyimdən ayrılıb çiyinlərimə qonub

Dərdimə əyilmişəm bir gəmi limanında,
Gözlərimi dikmişəm buralardan uzağa
Həsrəti içimdədi hələ son baharında,
Saçlarım yarpaq kimi düşür dən – dən torpağa

Dərdimə əyilmişəm bir gəmi limanında,
Üstümə payız günü bir kədər çöküb ağır
Mən çəkdiyim kədəri, tək Tanrı çəkə bilər,
Kədərim göy üzündən yağışa dönüb yağır

Dərdimə əyilmişəm bir gəmi limanında,
Qağayılara burda ən son ümid yeriyəm
İstanbulun qoynunda tənhalıq limanında,
Ruhuna kədər çökmüş tənhalardan biriyəm

Dərdimə əyilmişəm bir gəmi limanında,
İçdiyim qədəhlərin sayısın itirmişəm
Ümidimin közündə siqar kimi alışıb,
Tüstülənib, sonunda kül qabında ölmüşəm.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Özümdəndə ucaya qaldırmışam qəmimi
Gecənin bir yarısı beynimin dumanında,
İtirmişəm o gündən axtarıram gəmimi.

Mənbə: https://edebiyyat.az/