
GÜNƏŞDƏN YUXARI
Yoxdur buğdanın qanadı;
Yük olmadan qarışqaya
Uçsun sünbüldən yuxarı,
Bitsin torpaqdan aşağı.
Sən də bir gün külək olsan,
Yağışın yolunu kəssən,
İslatdığı hər telinin
Dilini, boyunu kəssən,
Ağlar ürəkdən yuxarı,
Susar daraqdan aşağı.
Gözləginən yarasanı
Alatoran düşən vaxtı.
Gündüzləri haraylama,
Gecələrə düşər baxtı.
Qaçar gözündən yuxarı,
Enməz qulaqdan aşağı.
Yıxılmısan, əzilmisən,
Qanamısan zaman-zaman.
Dizlərinə vaxtın izi
Düşüb qapaqdan yuxarı,
Sızıb topuqdan aşağı.
Adını da unutmusan,
Gözünün rənginə kimi.
Eşqin yaman çaşbaş qalıb
Səni gözləyənə kimi;
Baxıb günəşdən yuxarı,
Görüb ocaqdan aşağı.
Hərdən vicdanın sızlayıb,
İçin-için göynəmisən.
Bir az Allahdan yuxarı,
Bir az dodaqdan aşağı…
Zülmətin Çırağı
Tək-tək asılıb yenə ,
Pəncərəmdən qorxular.
Səssizliyin gözünə
Səs qatıbdı yuxular.
Arzular xəstə düşüb,
Canı şərin əlində.
Ürəyimi tapıram
Tez -tez yerin dibindən.
Günahlarım boy verib,
Vicdanımın boyuna.
Zəhərləyib qanımı,
Alışmışam huyuna.
Nəyə həvəslənib ki,
Duaların ağrısı?
İtirmişəm içimdə
Mərhəmətin Tanrısın.
Sübhə kimi qəm tökdüm ,
Zülmətin çırağına.
Saçımdan kəsib verdim
Şeytanın darağına…
Yarı Kağız…
Son çiçəyin üst-başı,
Toza düşdü bu payız.
Harda qoruyum onu?
Kitabım yarı kağız .
Yarısı sözdü, qəmdi,
Yazısı cəhənnəmdi,
Sandıqda yeri nəmdi,
Olacaq sarı kağız .
Sarı ayrılıq dəmi,
Həsrətin tutdu gəmi,
İçimdə batan məni
Çıxartdı quru kağız .
Quru vərəq nə gözəl,
Bəxtə ,yazıya dözər.
Məktubla doldu Xəzər ,
Daşacaq geri kağız…
Qubernator Bağı
Yarpaqlar mövsümünü
yaşamışdı,
Gecikdim…
Şamın ömrü gənc idi
Boyumdan xeyli hündür,
Yaşımdan çox balaca…
Dəlisov xəzri yenə
Dağıdırdı saçlarımı sonacan;
Qubernator bağında,
Bizim evdən buracan…
Üşüyürdü əllərim,
Əlcəyi unutmuşdum,
Çətirimin yanında.
Külək niyə dolanır
Bu əsəbi qanımda?
Bürünmüşdüm fevralın
Soyuq rəngli donuna;
Havadan ətri gəldi,
Ən sevdiyim qəhvənin
Soyuqlamış burnuma…
Daşdı Xəzərin səsi
Ürəyimdə birə-bir.
Bu gün Qubernatora,
Dərdimi, kədərimi
Danışmışdım elə bil…
Aya Doğru
Bir iz qalıb yerdən uzaq,
Bir addım var göyə doğru.
Hansı ulduzun tozuyam
Üzüm baxır aya doğru?!
Sanma, zil muğam üstəyəm,
Şur dinləyən can üstəyəm.
Ömrü yenidən izləyən
Təqvim asdım saya doğru.
Çox işlədi buz dolabım,
Dondu içində inadım.
Gizlətməli yerdi sandım
Gün görmədi yaya doğru.
Mənbə: https://www.dergizan.com/