
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Birinci addım: tərketmə
Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur.
Məsafə… Əvvəllər bu sözü önəmsəməzdim, lakin indi beynimdə ən çox gəzib-dolanan, məni incidən bir sözə çevrilib – məsafə. Önəmli olan onun yaşamasıdır, səndən uzaq olsa da yaşaması… Bu gün məsafəli sevgiyə bir tamaşaçı gözü ilə baxıb, olanları dərindən hiss edərək düşündüm, sanki özüm yaşayırmışam kimi qəbul edərək…
İki sevgili, lakin insan deyil, hər gün gördüyümüz, bəzən əhəmiyyət vermədiyimiz ağaclar… Həmin ucqar kəndin kənarındakı torpaq sahəsində bu iki ağacdan başqa ağac gözə dəymirdi. Bu ağacları sahənin yaxınlığındakı evin sahibi əkmişdi. Yay günlərində əkin-biçin işlərində günəşdən daldalanıb kölgəsində dincələcəkdi. Onları yanaşı deyil, aralı – məsafəli əkmişdi. Uzaqdan seyr edə, görə bilirdilər bir-birlərini bu iki kiçik ağac. Amma ümidlərini üzmədən gözləyirdilər. Hər il bir az daha böyüdükcə yaxınlaşırdılar, qol budaqları artdıqca sevinirdilər. Günbəgün, aybaay, ilbəil məsafələri geridə qoyurdular. Ümidlə yaşayaraq, qovuşacaqları günü gözləyərək böyük, yetkin ağac olmuşdular artıq.
Yaz gəldi, daha da uzadı budaqlar, lakin qovuşmalarına bir yaz daha gərəkdi sevgililərin. Bunun üçün qarlı şaxtalı daha bir qış keçirməli idilər. Ancaq eyni havadan qidalanmaq, bir-birlərinin hər il yaşıllaşıb çiçəkləməyini görmək yetərli idi sanki. Güclü hisslərə sahib olub dilə gətirmədikləri halda bunu hiss etdirə bilirdilər bir-birlərinə sevgililər.
Sərt qış özünü yetirmişdi. Vaxtilə bu ağacları torpağa qovuşduran evin həyətindən bu dəfə əlibaltalı, mişarlı gənclər peyda oldu hardansa. Tərəddüd eləmədən ağaclardan birini kökündən baltalayıb apardılar… Dilsiz-ağızsız sevgili heç nə deyə bilmədi… Yalnız həmin evin damından çıxan tüstüyə baxıb ağladı səhərə qədər. Çarəsiz və dərdli…
Zaman öz işini görürdü. Yenə yaz gəlmişdi. Ancaq tək qalan sevgili əvvəlki kimi yarpaqlayıb-çiçəkləməmişdi. Bir həftəyə yaxın idi ki, tənha ağacın kölgəsinə sevgili olan qız-oğlan da ayaq açmışdı. Ağacın üstünü cızıb öz adlarını yazsalar da, tənha ağac ağrı hiss etmirdi. Onu incidən bu iki sevgilini birlikdə xoşbəxt görmək idi. Budaqları yavaş-yavaş quruyurdu. Hər yoldan keçən qurumuş budaqlardan qırıb yerə-göyə tullayırdı. Və yenə qış və yenə o insanlar… Ancaq daha ağlamırdı tənha ağac. Həmin insanları görəndə bu dəfə sevindi. Hər gün ölüb-dirilib əzab çəkməkdənsə, birdəfəlik məhv olmaq, bu əzabdan qurtulmaq istəyirdi. Balta boynuna dayananda son dəfə sevgilisi ilə birlikdə keçirdiyi axırıncı baharı xatırladı və onun üçün də qaranlıq çökdü…
Bunları düşündükcə məncə insan bircə qənaətə gələ bilər: Ondan uzaqda olsan da, aranızda məsafələr olsa da, onunla eyni kainatı, eyni havanı, eyni hissi paylaşmaqdan xoşbəxtlik hissi duymalısan. O yaşadıqca sən də varsan.
İkinci addım: qovuşma
Bəzən təbiətin özü məsafələri yox etmək üçün bizə ikinci həyat, ya da ikinci şans verir…
…Torpaq sahələrindən birində, bir ailə taxıl səpir, balaca uşaqlarsa oyana bu yana qaçaraq oynayırlar. Gizlənpaç oynayan uşaqlardan biri – balaca qız otların içində gizlənməyə çalışarkən otlardan heç seçilməyən yenicə baş qaldırmış ağacın üstünə oturub onu qırdığının fərqinə varmır. Balaca qız təbiətən ağacları çox sevirdi, amma indi xəbər tutunca çox pis oldu bapbalaca ağacın qırılmağına. Cibindən dəsmalını çıxarıb qırılan budağı yerinə ilişdirib bağladı. Evdən gətirdiyi yer-yeməyin içindən su gətirib ağaccığazın dibinə tökdü.
Buğda artıq cücərməyə başlamışdı və atası hər dəfə buğdanı suvarmağa gələndə balaca qız da ona qoşulub gəlir, artıq böyümək üzrə olan ağaca qulluq edirdi. Hər qış gələndə donmasın deyə ağacı yaxşıca bükürdü. Aylar dönüb il olurdu. Balaca qız böyüdükcə ağaccığaz da onunla bərabər ilbəil boy atırdı. Artıq balaca deyildi, qollu-budaqlı söyüd olmuşdu. Amma çox tənha idi söyüd… Ətrafında başqa ağac yox idi, ancaq insanlar. Bircə tanıdığı vardı, bu da ona qulluq edən qız idi. Möhkəm dost olmuşdular. Qız günəşdən gizlənəndə onu meh vursun deyə ağac budaqlarını əsdirərdi, yağış yağanda budaqlarını sıxlaşdırıb qızı gizlədərdi. Qız olmayanda budaqlarını kefsiz-könülsüz sallayardı; onu görəndəsə sevincindən yarpaqlarının hamısı xışıldayardı.
Günlərin birində qız bəyaz gəlinlikdə gəldi ağacın yanına, bu dəfə tək deyildi sevgilisi ilə gəlmişdi. Sevgilisinə ağacını göstərdi, sonra vidalaşıb ağacı öpdü. Sevgilisinin əlindən tutdu və tərəddüd etmədən qayıdıb getdi. Ağac bu gedişin son olduğunu bilirdi və ağlayırdı. Hər budağından, hər yarpağından tökülən yaş damcıları öz köklərinə axırdı, sanki özünə təsəlli verməyə çalışırdı.
…Gələcəyini ümid edərək gözü yolda qalmışdı söyüdün, ancaq qızdan xəbər yox idi. Ağaca qulluq edəcək, bəlkə də onun varlığından xəbərdar olan başqa heç kim də yox idi. Tənhalığa qərq olmuş ağac günü-gündən qurumağa başladı. Günlərin bir günü bərk tufan qopdu və ağacı kökündən çıxartdı. Qız özünü yetirdi, ancaq artıq gec idi… Ağacının can verdiyini başa düşən qızın sanki ürəyi dağlandı, haldan-hala düşdü. Qəfildən ağacın kök tərəfindən balaca söyüdün cücərdiyini gördü. Gözlərinə sanki işıq gəldi. Bu ikinci həyat, ikinci şans demək idi… Gözünün yaşını silə-silə balaca söyüdü ana kökdən ayırıb özü ilə apardı. Yaşadığı evin həyətinə gətirib ən gözəl guşəsində torpağa basdırdı.
– İllər keçəcək, böyüyüb anandan da qollu-budaqlı olacaqsan. Biz həmişə birlikdə yaşayacağıq. Uşaqlarımız səninlə, balaca söyüdlərinlə dost olacaqlar, – qız balaca söyüdə pıçıldayıb sevgilisinə sarıldı.
2013, iyul