İslamın açarı, sirri namazdır,
Uca yaradanla o bir təmasdır.
Sən sığın namaza, tək Allahı gör,
Aləmlərin rəbbi, ulu şahı gör.
Haqqa qovuşmağın şifrəsi namaz,
Allahın ən varlı süfrəsi namaz.
Burda turlu-türlü hər neməti var,
Rəhməti, rəğbəti, mərhəməti var.
Qapısı açıqdır hər zaman, hər an,
Əliboş qaytarmaz, olma nagüman.
Qəlbən istəyənin gülər arzusu,
Artar bərəkəti, daşar ruzusu.
Dinlə məhəbbətlə azan səsini,
Bəndənin Allaha eşq nəğməsini.
Sülhə, hürriyyətə çağrışdır azan,
Birlik, əminlikdir, barışdır azan.
Saflığa çağırır müsəlmanları,
Yoluna qaytarır yol azanları.
Səcdə qıl müqəddəs qibləgahına,
Allahın nur seli axsın ruhuna.
Iyul 2013.