Dünya

Gəl, bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya.

De görüm, nəyə talıbsan,
Dərsini kimdən alıbsan?
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya.

Xəstə Qasım, qalıb naçar,
Bu sirri bəs, kimlər açar?
Gələn qonar, qonan köçər,
Hey salarsan talan dünya.

Ay ariflər

Ay ariflər, bir tərlanım uçubdu,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.

Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mail oldum dilinə,
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca.

Alimdən dərs aldım əlif-bey üçün.
Sürahilər düzülübdü mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?
Qəmli günün şad günü var yanınca.

Xəstə Qasım vədə verdi yüz ilə,
Yaşılbaşlar göldən-gölə düzülə.
Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca.