Əli TUDƏ.”Mən nə gətirdim” 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Bir şair könlünün arxalandığı…

Ləkəsiz, boyasız vicdan gətirdim.

Ucuz tutmasınlar bu sovqatımı,

Hissimi, duyğumu, ehsasatımı…

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

Ürək daş deyildir, bir parça ətdir,

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.